Press "Enter" to skip to content

Hukuk bloğu

Maddə 17. Təhsilin pillələri və səviyyələri
17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur:
17.1.1. Məktəbəqədər təhsil.
17.1.2. Ümumi təhsil:
17.1.2.1. ibtidai təhsil;
17.1.2.2. ümumi orta təhsil;
17.1.2.3. tam orta təhsil.
17.1.3. İlk peşə-ixtisas təhsili.
17.1.4. Orta ixtisas təhsili.
17.1.5. Ali təhsil:
17.1.5.1. bakalavriat;
17.1.5.2. magistratura;
17.1.5.3. doktorantura.
17.2. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır.
17.3. Təhsilin pillələri və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.

Azerbaycan təhsil qanunu kitabi

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik.

SƏNƏDLƏR Qanunlar 27 fevral 2023
14:54

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2021-ci il martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 14-cü Zirvə.

SƏNƏDLƏR Qanunlar 27 fevral 2023
14:52

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış “GUÖAM iştirakçısı olan.

SƏNƏDLƏR Qanunlar 20 fevral 2023
13:50

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 15-ci, 20-ci və 25-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının.

SƏNƏDLƏR Qanunlar 10 fevral 2023
18:11

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının.

SƏNƏDLƏR Qanunlar 10 fevral 2023
18:09

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”.

SƏNƏDLƏR Qanunlar 09 fevral 2023
15:13

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda.

SƏNƏDLƏR Qanunlar 09 fevral 2023
15:11

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan.

SƏNƏDLƏR Qanunlar 09 fevral 2023
15:09

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan.

SƏNƏDLƏR Qanunlar 09 fevral 2023
15:07

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa.

SƏNƏDLƏR Qanunlar 09 fevral 2023
15:05

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının.

SƏNƏDLƏR Qanunlar 09 fevral 2023
15:03

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan.

© 2010-2023 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.

  • FAQ
  • Sayt haqqında
  • 2007-2010-cu illərin materialları

Hukuk bloğu

Azərbaycan Respublikasının yeni Təhsil Qanunu

Posted on Eylül 15, 2009 by Everest1986

Təhsil haqqında Azərbaycan Respublikasının qanunu

Bu qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.

I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. abituriyent – ali təhsil və ya orta peşə-ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxs;
1.0.2. adlı təqaüd – təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanların həvəsləndirilməsi üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüd;
1.0.3. adyunktura – hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması forması;
1.0.4. akademiya – müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi;
1.0.5. akkreditasiya – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru;
1.0.6. attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru;
1.0.7. bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi;
1.0.8. bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi;
1.0.9. distant (məsafədən) təhsil – tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması;
1.0.10. dissertasiya – müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat işi;
1.0.11. dissertant – dissertasiya işini yerinə yetirən şəxs;
1.0.12. doktorant – doktoranturada təhsil alan şəxs;
1.0.13. doktorantura – ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqoji kadr hazırlığı forması;
1.0.14. dosent – ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə;
1.0.15. elmlər doktoru – elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə;
1.0.16. evdə təhsil – müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması;
1.0.17. əlavə təhsil – vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil;
1.0.18. fəlsəfə doktoru – elm sahələri üzrə doktoranturada verilən yüksək elmi dərəcə;
1.0.19. fərdi təhsil – müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması;
1.0.20. fəxri professor (doktor) – elmi-pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən professorlara və dosentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkə alimlərinə və ictimai xadimlərinə ali təhsil müəssisəsi tərəfindən verilən akademik ad (dərəcə);
1.0.21. formal təhsil – dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması;
1.0.22. gimnaziya – əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi;
1.0.23. informal təhsil – özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması;
1.0.24. innovasiya – müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;
1.0.25. institut (ali məktəb) – müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi;
1.0.26. ixtisas – müvafiq təhsil sənədində təsbit olunan peşə, bir peşə daxilində fəaliyyət növü;
1.0.27. ixtisaslaşma – müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası;
1.0.28. kampus – müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi (şəhərciyi);
1.0.29. kollec – orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi;
1.0.30. konservatoriya – musiqi sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi;
1.0.31. qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması;
1.0.32. lisenziya – təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsusi razılıq;
1.0.33. lisey – ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi;
1.0.34. magistratura – ali təhsilin ikinci səviyyəsi;
1.0.35. magistr – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi;
1.0.36. nostrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi proseduru;
1.0.37. professor – yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmlər doktorlarına verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifə;
1.0.38. rezidentura – tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması;
1.0.39. sərbəst (eksternat) təhsil – müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması;
1.0.40. subbakalavr – orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi;
1.0.41. təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi;
1.0.42. tədris planı – müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd;
1.0.43. təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi;
1.0.44. təhsil investisiyası – təhsilin inkişafına sərmayə qoyuluşu;
1.0.45. təhsil proqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;
1.0.46. təhsil məhsulu – təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri;
1.0.47. təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum;
1.0.48. təhsil müəssisəsinin muxtariyyəti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət təhsil müəssisəsinə verilən müstəqillik;
1.0.49. təhsil françayzinqi – təhsil məhsullarının müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saxlanılması, müəlliflik hüququnun qorunması və s.) daxili və ya beynəlxalq təhsil bazarında reallaşdırılması üzrə kompleks xidmətlər sistemi;
1.0.50. həkim – baza ali tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi;
1.0.51. həkim-mütəxəssis – müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi;
1.0.52. tyutor – ali təhsil müəssisəsində akademik məsləhətçi;
1.0.53. universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsi.

Maddə 2. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.
2.3. Bu qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması;
3.0.2. demokratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması;
3.0.3. bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması;
3.0.4. millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
3.0.5. keyfiyyətlilik – təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
3.0.6. səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili;
3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi;
3.0.8. varislik – təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi;
3.0.9. liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
3.0.10. inteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.

Maddə 4. Təhsilin əsas məqsədi
4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:
4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Maddə 5. Təhsil hüququna dövlət təminatı
5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.
5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.
5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
5.5. Dövlət əmək bazarının tələblərinə uyğun olaraq təhsil müəssisələrinə ixtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin olunmasına şərait yaradır.
5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır.
5.7. Dövlət milli təhsil ənənələrinin qorunmasına, inkişafına və innovasiyaların tətbiqinə təminat verir.
5.8. Dövlət xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və proqramlar həyata keçirir.

Maddə 6. Təhsil sahəsində dövlət standartları
6.1. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.
6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir.
6.3. Dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6.4. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
6.5. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur.
6.6. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür.
6.7. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün xüsusi dövlət standartları müəyyən edilir.

Maddə 7. Tədris dili
7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.
7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, xüsusi hallarda (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri tədris olunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.
7.3. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur.

II fəsil
Azərbaycan Respublikasının təhsil sistemi
Maddə 8. Təhsil sisteminin quruluşu
8.0. Təhsil sisteminə aşağıdakılar daxildir:
8.0.1. bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi tədqiqat institutları və informasiya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabxanalar, yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri;
8.0.2. təhsili idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar;
8.0.3. təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assosiasiyalar, cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar.

Maddə 9. Təhsilin keyfiyyət səviyyəsi
9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir.
9.2. Təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sosial və iqtisadi inkişafında rolu ilə müəyyən edilir.
9.3. Təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və akkreditasiya xidməti tərəfindən müvafiq qaydada qiymətləndirilir.

Maddə 10. Təhsil proqramı (kurikulum)
10.1. Təhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.
10.2. Təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları daxildir.
10.3. Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən təhsil proqramları həyata keçirilir.
10.4. Təhsil proqramlarının yerinə yetirilməsi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10.5. Əlavə təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir.
10.6. Sağlamlıq imkanları məhdud olan, uzun müddət müalicəyə ehtiyacı olan təhsilalanların təhsilini, müalicəsini, sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi ümumtəhsil proqramları müəyyən edilir və həyata keçirilir.
10.7. Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da həyata keçirilir. Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı müvafiq qanunvericiliyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir.

Maddə 11. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər
11.1. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır:
11.1.1. təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;
11.1.2. öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;
11.1.3. təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək;
11.1.4. yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;
11.1.5. cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;
11.1.6. təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək.
11.2. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər bu qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.

Maddə 12. Təhsilin formaları
12.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları tətbiq olunur:
12.1.1. formal;
12.1.2. qeyri-formal;
12.1.3. informal.
12.2. Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 13. Təhsilalma formaları
13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:
13.1.1. əyani;
13.1.2. qiyabi;
13.1.3. distant (məsafədən);
13.1.4. sərbəst (eksternat).
13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər.
13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.

Maddə 14. Təhsil müəssisəsi
14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir.
14.2. Azərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir:
14.2.1. dövlət;
14.2.2. bələdiyyə;
14.2.3. özəl.
14.3. Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.
14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir.
14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir:
14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası);
14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr);
14.5.3. məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq mərkəzləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri, ekoloji tərbiyə və təcrübə mərkəzləri, texniki yaradıcılıq mərkəzləri, turizm və diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş mərkəzləri, estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri və s.);
14.5.4. ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri);
14.5.5. orta ixtisas təhsili müəssisələri (kolleclər);
14.5.6. ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.);
14.5.7. əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.);
14.5.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr.
14.6. Müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər.
14.7. İbtidai və ümumi orta təhsil müəssisələri azkomplektli formada da fəaliyyət göstərə bilər.
14.8. Təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, milli təhlükəsizlik və digər) müvafiq təhsil müəssisələrində, bu qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir.
14.9. Təhsil müəssisəsində, təhsili idarəetmə və digər təhsil orqanlarında siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
14.10. Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsilalanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
14.11. Dövlət ali təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səlahiyyətlər çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstdir.
14.12. Təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.
14.13. Dövlət bütün təhsil müəssisələrinin, o cümlədən özəl təhsil müəssisələrinin inkişafını qanunvericiliyə uyğun kreditlər vermək, qrantlar ayırmaq və dövlət təhsil müəssisələrinə güzəştlər tətbiq etməklə təmin edir.
14.14. Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərdən aşağı olmamalıdır.
14.15. Təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.
14.16. Təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq ölkənin və xarici dövlətlərin ərazisində filiallar açmaq (dövlət təhsil müəssisəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaq şərti ilə), habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq hüququna malikdir.
14.17. Təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.
14.18. Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə uyğun olaraq “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır.

Maddə 15. Təhsil müəssisəsinin təsisçisi
15.1. Təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
15.2. Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin professor-müəllim heyətinin azı 80 faizini Azərbaycan Respublikasının vətəndaşları təşkil etməlidir.
15.3. Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları və onların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.4. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Maddə 16. Təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası
16.1. Azərbaycan Respublikasında hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir.
16.2. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir.
16.3. Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır.
16.4. Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin – sertifikatın verilməsi ilə başa çatır.
16.5. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir.

Maddə 17. Təhsilin pillələri və səviyyələri
17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur:
17.1.1. Məktəbəqədər təhsil.
17.1.2. Ümumi təhsil:
17.1.2.1. ibtidai təhsil;
17.1.2.2. ümumi orta təhsil;
17.1.2.3. tam orta təhsil.
17.1.3. İlk peşə-ixtisas təhsili.
17.1.4. Orta ixtisas təhsili.
17.1.5. Ali təhsil:
17.1.5.1. bakalavriat;
17.1.5.2. magistratura;
17.1.5.3. doktorantura.
17.2. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır.
17.3. Təhsilin pillələri və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.

Maddə 18. Məktəbəqədər təhsil
18.1. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.
18.2. Məktəbəqədər təhsil müvafiq təhsil proqramı əsasında həyata keçirilir.
18.3. Azərbaycan Respublikasında məktəbəqədər təhsil üç yaşdan başlayır.
18.4. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbə hazırlığın təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.5. Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər.
18.6. Məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qaydada metodiki və diaqnostik məsləhət və əlaqələndirmə xidməti təşkil edilir.

Maddə 19. Ümumi təhsil
19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.
19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
19.3. Ümumi təhsil müvafiq təhsil proqramları əsasında həyata keçirilir.
19.4. Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir.
19.5. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19.6. Ümumi təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziyalarda, liseylərdə, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilə bilər.
19.7. Ümumi təhsil sistemində təhsilalanların fiziki inkişafını təmin etmək və müxtəlif yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur.
19.8. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif olunurlar.
19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.
19.10. İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir.
19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır.
19.12. Valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.
19.13. Ümumi orta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.
19.14. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.
19.15. Ümumi orta təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir.
19.16. Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət sənədi verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır.
19.17. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya texnologiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.
19.18. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur.
19.19. Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur.
19.20. Tam orta təhsil ümumi təhsilin sonuncu səviyyəsini təşkil edir və bu səviyyədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – attestat verilir.
19.21. Tam orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.

Maddə 20. İlk peşə-ixtisas təhsili
20.1. İlk peşə-ixtisas təhsili əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edir.
20.2. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq peşə-ixtisas təhsili müəssisələrində və təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan ayrı-ayrı təşkilatların, müəssisələrin, əmək birjalarının, məşğulluq idarələrinin və digər müvafiq qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır.
20.3. İlk peşə-ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur.
20.4. İlk peşə-ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında qəbul olunanlar peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququna malikdirlər.

Maddə 21. Orta ixtisas təhsili
21.1. Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.
21.2. Orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq strukturlarda həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə daxil olanlar həm də tam orta təhsil alırlar.
21.3. Orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplom verilir.
21.4. Orta ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
21.5. Orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini yüksək nəticələrlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır.

Maddə 22. Ali təhsil
22.1. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir.
22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqoji kadrlar hazırlığı üç səviyyəlidir:
22.2.1. bakalavriat (tibb təhsili istisna olmaqla);
22.2.2. magistratura (tibb təhsili istisna olmaqla);
22.2.3. doktorantura.
22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.5. Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradıla bilər.
22.6. Tibb təhsili təhsil proqramlarına və dövlət təhsil standartlarına uyğun olaraq, əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.7. Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. Bu ixtisasların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 23. Doktorantura
23.1. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.
23.2. Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.
23.3. Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:
23.3.1. Fəlsəfə doktoru – elm sahələri göstərilməklə;
23.3.2. Elmlər doktoru – elm sahələri göstərilməklə.
23.4. Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23.5. Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir.
23.6. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
23.7. Ali təhsil müəssisəsində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına və elmi tədqiqat müəssisələrinə dissertantların təhkim olunması və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23.8. Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir:
23.8.1. dosent;
23.8.2. professor.
23.9. Dosent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23.10. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin fəxri professor (doktor) adı vermək hüququ vardır. Fəxri professor (doktor) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Maddə 24. Əlavə təhsil
24.1. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.
24.2. Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
24.2.1. ixtisasartırma;
24.2.2. kadrların yenidən hazırlanması;
24.2.3. stajkeçmə və kadrların təkmilləşdirilməsi;
24.2.4. təkrar ali təhsil və orta ixtisas təhsili;
24.2.5. dərəcələrin yüksəldilməsi;
24.2.6. yaşlıların təhsili.
24.3. Əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24.4. Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.
24.5. Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq sənəd verilir. İxtisasartırma kurslarını bitirmiş şəxslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.

Maddə 25. Təhsil sistemində elmi araşdırmalar
25.1. Təhsil sistemində elmi araşdırmalar təhsili idarəetmə orqanları tabeliyində fəaliyyət göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və onların müvafiq qurumlarında və ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər, kafedralar, laboratoriyalar və s.) aparılır.
25.2. Təhsil sistemində aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.
25.3. Təhsil sistemində elmi araşdırmalar dövlət büdcəsinin vəsaitləri, qrantlar, müxtəlif fondların vəsaitləri, təhsil müəssisəsinin büdcədənkənar vəsaitləri, habelə sifarişlər əsasında daxil olan vəsaitlər hesabına həyata keçirilir.
25.4. Təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri daşımaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir.

Maddə 26. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları
26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.
26.2. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
26.3. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali və orta ixtisas təhsili müəssisəsində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:
26.3.1. təhsil müəssisəsinin nizamnaməsi;
26.3.2. təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya);
26.3.3. təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd.
26.4. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır.
26.5. Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.6. Ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 27. Təhsil haqqında dövlət sənədi
27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir.
27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada arayış verilir.
27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 28. Təhsil müəssisəsində iaşə və tibb xidməti
28.1. Təhsil müəssisəsində iaşə və tibb xidməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və normalara uyğun təşkil olunur.
28.2. Təhsil müəssisəsində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.
28.3. Təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət göstərilir.

III fəsil
Təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi
Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri
29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
29.0.1. təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək;
29.0.2. milli təhsil sisteminin inkişaf konsepsiyasını və əsas prioritetlərini müəyyən etmək;
29.0.3. milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək;
29.0.4. kadr hazırlığının prioritetlərini və istiqamətlərini, yüksək dərəcəli elmi-pedaqoji kadr hazırlığı proqramlarını müəyyən etmək;
29.0.5. təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini aparmaq;
29.0.6. milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, beynəlxalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin yaradılmasını təmin etmək;
29.0.7. təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini və dövlət təhsil qrantlarının məbləğini müəyyən etmək və dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;
29.0.8. hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilməsi məqsədilə hər bir təhsilalana (şagirdə, tələbəyə, doktoranta və s.) düşən təhsil xərclərinin miqdarını və maliyyə normativlərini müəyyən etmək;
29.0.9. ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planını müəyyənləşdirmək;
29.0.10. müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirmək;
29.0.11. “Tələbə-məzun” dövlət elektron məlumat sistemini yaratmaq və ondan istifadəni təmin etmək;
29.0.12. təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək;
29.0.13. dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin etmək və vəzifədən azad etmək;
29.0.14. dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etmək;
29.0.15. təhsil səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq etmək;
29.0.16. dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;
29.0.17. təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən etmək;
29.0.18. təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarının həyata keçirilməsini təmin etmək;
29.0.19. təhsil sahəsində vahid statistik məlumat sisteminin yaradılmasını təmin etmək;
29.0.20. təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydalarını təsdiq etmək;
29.0.21. xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək;
29.0.22. təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etmək;
29.0.23. təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirmək;
29.0.24. təhsil müəssisəsinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) vermək və onu ləğv etmək;
29.0.25. ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil üzrə ixtisasların təsnifatını təsdiq etmək;
29.0.26. təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti həyata keçirmək;
29.0.27. təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
29.0.28. təhsil müəssisələrinin akkreditasiyası qaydalarını müəyyən etmək və akkreditasiyanı həyata keçirmək;
29.0.29. təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarını müəyyən etmək və attestasiyanı həyata keçirmək;
29.0.30. təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin, təhsillə bağlı ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;
29.0.31. təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək;
29.0.32. təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək;
29.0.33. təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək;
29.0.34. elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərtlərini müəyyən etmək;
29.0.35. dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasını, o cümlədən mükafatlandırılmasını həyata keçirmək, xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis etmək;
29.0.36. dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya texnologiyaları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;
29.0.37. baza tədris planlarını və proqramlarını təsdiq etmək;
29.0.38. mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tənzimləmək;
29.0.39. icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;
29.0.40. dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək;
29.0.41. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) götürülməsini, internat tipli dövlət müəssisələrinə göndərilməsini təşkil etmək, qəyyumların və himayəçilərin öz funksiyalarını yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud uşaqların müvafiq olaraq xüsusi təhsil və sosial müdafiə müəssisələrinə göndərilməsini təmin etmək;
29.0.42. təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni təmin etmək.

Maddə 30. Təhsil müəssisəsinin idarə olunması
30.1. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.
30.2. Dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Elmi və pedaqoji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir.
30.3. Bələdiyyə təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən təyin edilmiş bələdiyyə təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir.
30.4. Özəl təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər (himayəçilər, qəyyumlar) şurası tərəfindən təyin edilmiş özəl təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir.
30.5. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Göstərilən təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.
30.6. Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi, elmi-metodiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər. Bu qurumların yaradılması qaydaları və səlahiyyətləri təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
30.7. Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir.
30.8. Dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir.
30.9. Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir.

Maddə 31. Təhsil prosesinin iştirakçıları
31.0. Təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
31.0.1. təhsilalanlar – uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, doktorantlar və başqaları;
31.0.2. təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin kitabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial müdafiə, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;
31.0.3. valideynlər və ya digər qanuni nümayəndələr;
31.0.4. təhsili idarəetmə orqanları və bələdiyyələr;
31.0.5. təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər.

Maddə 32. Təhsilalanların hüquq və vəzifələri
32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.
32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.
32.3. Təhsilalanların hüquqları aşağıdakılardır:
32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq;
32.3.2. təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;
32.3.3. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
32.3.4. müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti seçmək;
32.3.5. ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;
32.3.6. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək;
32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;
32.3.8. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
32.3.9. fasiləsiz təhsil almaq;
32.3.10. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
32.3.11. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
32.3.13. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
32.3.14. dövlət orta peşə-ixtisas təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
32.3.15. dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;
32.3.16. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
32.3.17. təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;
32.3.18. elmi-praktik konfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;
32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
32.4. Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
32.5. Təhsilalanların vəzifələri aşağıdakılardır:
32.5.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
32.5.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
32.5.5. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;
32.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 33. Təhsilverənlərin hüquq və vəzifələri
33.1. Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.
33.2. Təhsilverənlərin hüquqları aşağıdakılardır:
33.2.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
33.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;
33.2.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;
33.2.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
33.2.5. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;
33.2.6. ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;
33.2.7. müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;
33.2.8. təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq;
33.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
33.3.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
33.3.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
33.3.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
33.3.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
33.3.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
33.3.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;
33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;
33.3.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 34. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri
34.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır:
34.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;
34.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
34.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;
34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
34.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
34.2. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri aşağıdakılardır:
34.2.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;
34.2.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
34.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 35. Təhsilalanların sosial müdafiəsi
35.1. Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin olunurlar.
35.2. Dövlət ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər, o cümlədən adlı təqaüdlər verilir və yardımlar göstərilir.
35.3. Təhsilalanlar üçün qanunvericiliyə uyğun olaraq digər sosial müdafiə tədbirləri də tətbiq edilə bilər.
35.4. Özəl təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi müəssisənin nizamnaməsi ilə tənzimlənir.

Maddə 36. Təhsilverənlərin sosial müdafiəsi
36.1. Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir.
36.2. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
36.3. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
36.4. Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr olunur.
36.5. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
36.6. Təhsilverənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri verilir.

IV fəsil
Təhsilin iqtisadiyyatı
Maddə 37. Təhsil sistemində mülkiyyət münasibətləri
37.1. Təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.
37.2. Təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki baza və digər əmlakla təmin edilir.
37.3. Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.
37.4. Dövlət təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.
37.5. Təhsil müəssisəsi göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məsləhət-konsaltinq, müalicə-profilaktik və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.
37.6. Dövlət mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna olunmaqla) özəlləşdirilməsi qadağandır.
37.7. Dövlət təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.
37.8. Dövlət təhsil müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir.
37.9. Təhsil müəssisəsinin müflis elan edilməsi müvafiq qanunvericiliyə uyğun həyata keçirilir.

Maddə 38. Təhsil müəssisəsinin maliyyələşdirilməsi
38.1. Dövlət təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən vəsaitlər ayırır.
38.2. Təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.
38.3. Dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.
38.4. Dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil müəssisəsinin tipinə, növünə və kateqoriyasına uyğun olaraq hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.
38.5. Zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə azkomplektli dövlət ümumi təhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.
38.6. Dövlət təhsil müəssisəsi nizamnaməsinə uyğun olaraq, ödənişli təhsildən əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.
38.7. Dövlət təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqlarının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Dövlət təhsil və elmi tədqiqat qrantları təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz.
38.8. Dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verilir.
38.9. Təhsil sisteminə xarici investisiya qoyuluşu qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 39. Dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi mənbələri
39.0. Dövlət və bələdiyyə təhsil müəssisələri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
39.0.1. qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;
39.0.2. ödənişli təhsildən daxil olan vəsaitlər;
39.0.3. hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları;
39.0.4. müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları;
39.0.5. təhsil müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlər;
39.0.6. hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;
39.0.7. dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;
39.0.8. təhsil müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;
39.0.9. təhsil müəssisəsinin beynəxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə etdiyi qrantlar və vəsaitlər;
39.0.10. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.

Maddə 40. Özəl təhsil müəssisəsinin maliyyələşdirilməsi
40.1. Özəl təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
40.1.1. təhsil xidmətlərinə görə əldə etdiyi vəsaitlər;
40.1.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;
40.1.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kreditlərin məbləğləri;
40.1.4. hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;
40.1.5. təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdikləri vəsaitlər;
40.1.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər.
40.2. Özəl təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.
40.3. Özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir.
40.4. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

Maddə 41. Təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti
41.1. Təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.
41.2. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir. Dövlət təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.
41.3. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə bilər.

Maddə 42. Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi
42.1. Təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər.
42.2. Bu qanunun 42.1-ci maddəsinə uyğun olaraq iddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsi barədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla bilər.

V fəsil
Təhsil sahəsində beynəlxalq əlaqələr
Maddə 43. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq və xarici əlaqələr
43.1. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
43.2. Təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, birliklər, assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə bilər.
43.3. Təhsil müəssisəsi beynəlxalq səviyyəli birgə elm və təhsil layihələrinin hazırlanması, fundamental elmi tədqiqat və layihə-konstruktor işlərinin, elmi-praktik konfransların, simpoziumların keçirilməsi, tələbələrin, magistrlərin, doktorantların, müəllimlərin və elmi işçilərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətlə müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir.
43.4. Təhsil müəssisəsinin (xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarının tələblərini gözləməklə müstəqil olaraq xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar, laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququ vardır.
43.5. Təhsil müəssisəsinin birbaşa beynəlxalq əməkdaşlıq müqavilələrinə dövlət tərəfindən zəmanət verilmir.

Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ
44.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
44.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.

VI fəsil
Keçid və yekun müddəaları
Maddə 45. Qanunun pozulmasına görə məsuliyyət
Bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 46. Keçid müddəaları
46.1. Bu qanun qüvvəyə minənədək verilmiş elmlər namizədi alimlik dərəcəsi müvafiq sahə üzrə fəlsəfə doktoru dərəcəsinə bərabər tutulur.
46.2. Bu qanun qüvvəyə minənədək aspiranturada təhsil alan şəxs doktorant statusu əldə edir.

Maddə 47. Qanunun qüvvəyə minməsi
47.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
47.2. Bu qanunun qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 24, maddə 1031; 1994-cü il, № 16, maddə 216; 1995-ci il, № 7, maddə 123; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226, № 4, maddələr 287, 294, № 6, maddə 450; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 5, maddələr 285, 286; 2001-ci il, № 3, maddə 138, № 11, maddə 672, № 12, maddələr 731, 736; 2003-cü il, № 1, maddə 1; 2004-cü il, № 4, maddə 202, № 6, maddə 415; 2007-ci il, № 11, maddə 1049) qüvvədən düşmüş hesab edilir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2009-cu il

“TƏHSİL HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 833-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması, o cümlədən bu fərmanın 2.3-2.8-ci bəndlərinə uyğun olaraq həmin qanunda nəzərdə tutulmuş vəzifələrlə bağlı müvafiq dövlət orqanlarının əsasnamələrinə əlavələrin edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin qanunun 6.3-cü və 29.0.12-ci maddələrində nəzərdə tutulmuş qüvvədə olma müddəti müəyyən edilməklə təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanunun 10.4-cü maddəsində nəzərdə tutulmuş təhsil proqramlarının yerinə yetirilməsi müddətini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş formal təhsilin təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin qanunun 14.14-cü maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. həmin qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları və onların siyahısı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.8. həmin qanunun 18.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş məktəbə hazırlığın təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.9. həmin qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.10. həmin qanunun 19.8-ci maddəsində nəzərdə tutulmuş ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.11. həmin qanunun 21.5-ci maddəsində nəzərdə tutulmuş orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) qiymətlərinin müvafiq olaraq uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.12. həmin qanunun 22.3-cü maddəsinin beşinci cümləsində nəzərdə tutulmuş bakalavriat təhsilinin məzmunu və təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.13. həmin qanunun 22.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.14. həmin qanunun 22.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş rezidentura təhsilinin məzmunu və təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.15. həmin qanunun 23.4-cü maddəsində nəzərdə tutulmuş doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.16. həmin qanunun 24.3-cü maddəsində və 24.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.17. həmin qanunun 26.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.18. həmin qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.19. həmin qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili qaydası və normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.20. həmin qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.21. həmin qanunun 29.0.14-cü maddəsində və 30.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.22. həmin qanunun 29.0.15-ci maddəsində nəzərdə tutulmuş təhsil səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.23. həmin qanunun 29.0.21-ci maddəsində nəzərdə tutulmuş təhsil haqqında dövlət sənədlərinin dünyada ümumiliklə qəbul edilmiş müvafiq standartlar nəzərə alınmaqla nümunələrini və onların verilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.24. həmin qanunun 29.0.23-cü maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.25. həmin qanunun 29.0.24-cü maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.26. həmin qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.27. həmin qanunun 36.5-ci maddəsində nəzərdə tutulmuş pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştləri və stimullaşdırıcı tədbirləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.28. həmin qanunun 41.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.29. həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.30. öz səlahiyyətləri daxilində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.48-ci maddəsində, 14.11-ci maddəsinin birinci cümləsində, 15.3-cü maddəsində, 23.7-ci maddəsinin ikinci cümləsində, 23.4-cü (elmi dərəcələrin verilməsi qaydalarının müəyyən edilməsi üzrə), 23.9-cu maddələrində və 30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməsi üzrə), 29.0.2-ci, 29.0.3-cü (milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının təsdiq edilməsi üzrə), 29.0.7-ci (təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcminin müəyyən edilməsi üzrə), 29.0.13-cü (dövlət ali təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə), 29.0.34-cü, 29.0.35-ci (dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasının, o cümlədən mükafatlandırılmasının həyata keçirilməsi, xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı təqaüdlərin təsis edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin qanunun 6.3-cü, 10.4-cü, 12.2-ci, 14.14-cü, 14.16-cı maddələrində, 18.4-cü maddəsinin ikinci cümləsində, 19.5-ci, 19.8-ci, 21.5-ci maddələrində, 22.3-cü maddəsinin beşinci cümləsində, 22.4-cü, 22.6-cı və 22.7-ci maddələrinin ikinci cümlələrində, 23.4-cü (doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarının müəyyən edilməsi üzrə), 24.3-cü maddələrində, 24.5-ci maddəsinin birinci cümləsində, 26.5-ci maddəsinin ikinci cümləsində, 27.3-cü, 27.4-cü, 28.1-ci, 28.3-cü maddələrində, 30.8-ci maddəsinin birinci cümləsində, 36.3-cü, 36.5-ci, 41.1-ci və 44.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi üzrə), 29.0.4-cü, 29.0.7-ci (dövlət təhsil qrantlarının məbləğinin müəyyən edilməsi üzrə), 29.0.8-ci, 29.0.9-cu, 29.0.12-ci (təhsil pillələri üzrə dövlət təhsil standartlarının və proqramlarının (kurikulumların) təsdiq edilməsi üzrə), 29.0.14-cü, 29.0.15-ci, 29.0.20-ci, 29.0.21-ci (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə), 29.0.22-ci, 29.0.23-cü, 29.0.25-ci, 29.0.28-ci (təhsil müəssisələrinin akkreditasiyası qaydalarının müəyyən edilməsi üzrə), 29.0.29-cu (təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarının müəyyən edilməsi üzrə) və 29.0.32-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin qanunun 7.2-ci, 7.3-cü və 13.3-cü maddələrində, 16.1-ci və 16.4-cü maddələrinin birinci cümlələrində, 18.6-cı, 19.12-ci maddələrində, 30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə), 30.2-ci maddəsinin ücüncü cümləsində, 30.5-ci maddəsinin ikinci cümləsində, 32.3.13-cü, 38.5-ci və 42.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi üzrə), 29.0.3-cü (milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının icrasına nəzarətin həyata keçirilməsi üzrə), 29.0.5-ci, 29.0.6-cı, 29.0.12-ci (təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi üzrə), 29.0.13-cü (dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə), 29.0.16-cı (bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəyin verilməsi üzrə), 29.0.17-ci, 29.0.18-ci, 29.0.21-ci (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasının və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyasının) həyata keçirilməsi üzrə), 29.0.24-cü, 29.0.26-cı, 29.0.27-ci, 29.0.28-ci (təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üzrə), 29.0.29-cu (ümumi təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasının həyata keçirilməsi üzrə), 29.0.30-cu, 29.0.31-ci, 29.0.32-ci, 29.0.33-cü, 29.0.36-cı, 29.0.37-ci, 29.0.38-ci, 29.0.39-cu, 29.0.42-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
2.4. həmin qanunun 26.2-ci, 26.4-cü və 26.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin qanunun 29.0.10-cu və 29.0.11-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirir;
2.5. həmin qanunun 29.0.19-cu maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir;
2.6. həmin qanunun 29.0.40-cı maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
2.7. həmin qanunun 29.0.41-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.8. həmin qanunun 29.0.7-ci (özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsinin həyata keçirilməsi üzrə), 29.0.16-cı (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən dövlət təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi üzrə) və 29.0.35-ci (xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün məqsədli təqaüdlərin təsis edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 sentyabar 2009-cu il

Похожие статьи

  • Azərbaycan respublikasının təhsil qanunu yukle

    Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu – DAVAMI Cavab: Bütün tipdən olan məktəblərdə hər bir şagirdin məktəbə daxil olduğu andan onu bitirənə…

  • Azerbaycan thsil qanunu kitabi

    Azerbaycan thsil qanunu kitabi 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: Azerbaycan thsil qanunu kitabi You are using an…

  • Azerbaycan tehsil qanunu kitabi

    Təhsil qanunu Maddə 32. Yerli təhsil orqanları Azərbaycan Respublikasının Təhsil Qanunu Təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla…

  • Azərbaycan respublikasının təhsil qanunu 2019 yukle

    Hukuk bloğu 21.1. Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında ayrı-ayrı…

  • Azərbaycan respublikası təhsil haqqında qanunu

    Azərbaycan Respublikasının Təhsil Qanunu 22.3. Məktəbəqədər təhsil müəssisələri işçilərinin əmək haqqı (vəzifə maaşı) işçilərin funksional öhdəlikləri,…

Comments are closed, but trackbacks and pingbacks are open.