Azerbaycan xalq cumhuriyyeti
Bir sözlə, türkçülükdən mərdlik, ərənlik, İslamdan müqəddəslik almış müsəlman qadını Azərbaycan Xalq Cümhuriyyəti dövründə haqqı olan siyasi hüquqlara qovuşmuş oldu.
Azerbaycan xalq cumhuriyyeti
Dini maarifləndirmə / 20.12.2018
Azərbaycan Xalq Cümhuriyyətinədək Azərbaycan cəmiyyətində qadına münasibət
XX əsrin əvvəllərində savadsızlıq və fanatik ənənələr səbəbindən ictimai və siyasi həyatdan təcrid olunmuş şəraitdə yaşamaları qadınların şəxsi həyatı üçün bir sıra çətinliklər yaratmışdı.
Azərbaycanın ziyalı elitası xalqı maarifləndirməyə, hüquq və vəzifələrini anlatmağa çalışır, “qadın bir şəxsiyyət kimi azad olmayınca xalqın problemləri həllolunmaz qalacaq!” ideyasını irəli sürürdülər. Bu mövzuda daha çox H.Zərdabi, Ə.Ağayev, M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Nəzmi, M.Ə.Sabir, F.Köçərli, M.S.Ordubadi, C.Cabbarlı, M.Ə.Rəsulzadə və başqaları yazırdılar. Onlar fanatik dindarların hücumlarından çəkinməyərək diqqəti qadın problemlərinə də cəlb edə bilir, qızların zorla evləndirilməsini, kişilərin onlarla qul kimi rəftar etməsini tənqid edir, qadınlara kişilərlə bərabər təhsil verməyin zəruriliyini diqqətə çatdırırdılar.
XX əsrin başlanğıcında Azərbaycan qadınının azadlıq problemi ilk olaraq 1903-cü il martın 30-da Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzetində qaldırıldı. Onun təsisçisi, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtlı müsəlman aləmində qadın azadlığı məsələlərindən bəhs edən məqalələr yazıb çap edirdi. Onun bu mövzudakı yazıları əsasən qadının azadlığını məhdudlaşdıran və ətraf aləmdən, ictimai həyatdan təcrid edən problemlərə həsr olunurdu.
XX əsrin ilk illərində Azərbaycan qadınlarının təhsil almaq imkanının məhdudluğuna qarşı atılmış mühüm addımlardan biri H.Z.Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qız Məktəbini təsis etməsi oldu. Məktəbin təntənəli açılışı günü – 1901-ci il oktyabrın 7-də “Kaspi” qəzeti Qafqaz (Zaqafqaziya) müsəlmanlarının Şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin xeyir-duasını da dərc etmişdi. O, Məhəmməd peyğəmbərin “elm öyrənmək həm müsəlman kişiyə, həm də müsəlman qadınına vacibdir” sözlərini xüsusi vurğulamış, İslamın tarixindən, həkim, alim kimi şöhrət tapmış müsəlman qadınlarının həyatından misallar və sitatlar gətirmiş və demişdi: “Bu tarixi sitatlardan məqsədim budur ki, nə din, nə şəriət təhsil və tərbiyə sahəsində qadınların hüquqlarını məhdudlaşdırmır. Belə olsaydı, İslamda bu qədər şöhrətli müsəlman qadını yetişməzdi. Əgər bu vaxta qədər Zaqafqaziyada qızlara təhsil verilməyibsə, bunun səbəbi təkcə məktəbin yoxluğu deyil, həm də kök atmış ziyanlı adətlərdir”.
Bundan başqa, nədənsə XIX əsrin sonları və XX əsrin əvvəllərində yaşayıb-yaratmış Qafqaz Şeyxülislamı Axund Əhməd Hüseynzadə (Əli bəy Hüseynzadənin babası), Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbov (Nigar xanım Şıxlinskayanın atası), görkəmli Azərbaycan maarifçisi Mirzə Əbdürrəhim Talıbzadə, Mir Məhəmməd Kərim Mircəfərzadə, Mirzə Əbu Turab Axundzadə kimi onlarla ilahiyyat xadimi və din alimlərimizin qadın problemi ilə mübarizə yönündəki fəaliyyətlərindən, nəşr edilmiş əsərlərindən, əfsuslar olsun ki, geniş şəkildə bəhs edilmir.
Maarifçi ziyalıların gərgin səyləri nəticəsində XX əsrin ikinci onilliyindən etibarən Azərbaycan qadınları ictimai-siyasi həyatda da görünməyə başladılar. Hətta onlar artıq yetişmiş problemlərini qadınların özləri tərəfindən ictimai rəyə çatdıran “İşıq” kimi qadın qəzetinin meydana çıxmasına nail oldular. “İşıq” qəzetinin ilk nömrəsi 1911-ci il yanvarın 22-də çap edilmişdir. 1912-ci ilədək 68 nömrəsi işıq üzü görmüş nəşrin redaktoru Xədicə Əlibəyova, naşiri isə onun həyat yoldaşı Mustafa bəy Əlibəyov olmuşdur. “İşıq” qəzeti maarifçi ideyalarla gündəmə gələrək o dövrün ziyalı qadınlarını ətrafına toplamışdı.
Bu, artıq XX əsrin əvvəllərində Azərbaycan qadınının ciddi ictimai qüvvəyə çevrilməsini təsdiq edən əlamətlərdən biridir. Burada və digər mətbuat orqanlarının səhifələrində qadın müəlliflərinin çıxışlarının getdikcə intensivləşməsi, müxtəlif mövqeli müəlliflərlə fikir mübadiləsində onların öz mövqelərini daha inamla ortaya qoymaları və s. bir daha göstərdi ki, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının qadın azadlığı uğrunda apardığı çətin mübarizəsi nəticəsiz qalmadı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadın siyasəti
XX əsrin ilk illərindən etibarən ailə və qadın mövzusu ziyalılar tərəfindən geniş şəkildə müzakirə edilən ən aktual məsələlərdən olmuşdur. Bu problem fərqli əqidə sahibləri tərəfindən ən müxtəlif kontekstlərdə dəyərləndirilmişdir.
Tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişdir. Bununla belə, ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almış oldu.
Hələ 1918-ci il qurultayında M.Ə.Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirdi. M.Ə.Rəsulzadə deyirdi: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Bu fikirlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.
Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək – seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ Azərbaycanda verilmiş oldu. Bu Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunu bütün dünyaya nümayiş etdirdi.
Beləliklə, 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlamentinə seçkilərdə də azərbaycanlı qadınlar iştirak etmişdir. Lakin, təəssüflər olsun ki, parlamentdə qadınlar təmsil olunmamışdı, çünki onlar rəhbər vəzifələrə öz namizədlərini irəli sürməkdən imtina etmişdilər.
Azərbaycanlı qadınların seçki hüquqlarının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım bu hüquqların Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında Əsasnamədə təsbiti oldu. AXC-nin Müəssislər Məclisinə seçkilər çox vaxt və ciddi hazırlıq tələb edirdi, mürəkkəb siyasi vəziyyət isə hər gün yeni məsələlərin həllini irəli sürürdü. Buna baxmayaraq, parlament bir sıra hüquqi aktlar, o cümlədən “Müəssislər Məclisinə seçkilər haqqında” Qanun qəbul etdi. 1919-cu il iyulun 21-də qəbul edilən qanunda dövlətin hakimiyyət orqanlarına qadınların seçmək və seçilmək hüquqları bir daha öz təsdiqini tapdı. Əsasnamənin 1-ci fəslində deyilirdi: “Müəssislər Məclisi əhali tərəfindən cinsindən asılı olmayaraq və bərabər seçki hüququ əsasında, birbaşa və gizli səsvermə vasitəsilə, mütənasib nümayəndəlik əsasları təmin edilərək seçilən üzvlərdən ibarətdir”. 2-ci fəsildə qeyd olunurdu ki, Müəssislər Məclisinə seçkilərdə “səsvermə gününədək 20 yaşı tamam olmuş hər iki cinsdən olan respublika vətəndaşları iştirak hüququna malikdirlər”. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qadınlara aktiv seçki hüququ vermək niyyətini bir daha təsdiqlədi.
M.B.Məmmədzadə yazırdı ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və siyasi hüquq kəsb edirdilər ki, bu hal bütün Şərqdə deyil, Avropada belə tamamilə tətbiq edilmiş deyildi. Azərbaycan milli xartiyası bu qərar ilə nə qədər ülvi, bəşəri və mədəni qayələrlə doymuş olduğunu isbat etməkdədir”.
Qadınların sosial həyatda və ümumi ictimai fəaliyyətdə fəal iştirak etmələri və onların millətin işgüzar bir üzvü, məhsuldar və fayda verən bir zümrəsi olmaları uğrunda ziyalıların hələ bu vaxta qədər də çox təşəbbüsləri olmuşdu. Lakin ilk dəfə olaraq İstiqlal Bəyannaməsində bu mövzuya rəsmən toxunulması məsələsi həmin dövrün mətbuatında da müzakirə edilən aktual mövzulardan idi. Çünki, daha öncə bu yolda mübarizə aparmış Avropa mütəfəkkirləri də qadın məsələsini hər bir şeyin əsası, hətta cümhuriyyətin belə təməli hesab edirdilər.
Qadın problemi Cümhuriyyət parlamentinin də diqqətdə saxladığı aktual mövzulardan idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamеntinin 10 dеkabr 1918-ci il tarixində keçirilmiş ikinci iclasında Azərbaycan qadınlarına İslam aləmində ilk dəfə olaraq sеçilmək hüququ da rəsmi dövlət səviyyəsində vеrilmiş oldu.
İclasda qadınların kişilərlə bərabər bütün hüquq və azadlıqlarını təmin еtmək üçün qəbul еdilmiş qanunda aşağıdakılar göstərilmişdir:
– hər iki cins üçün 8 saatlıq iş günü (maddə 28);
– həftədə bir dəfə istirahət günü (maddə 29);
– 16 yaşına qədər olan məktəb yaşlı uşaqların işlədilməsinin qadağan еdilməsi və 16 yaşından 18 yaşına qədər olan cavanların iş gününün 6 saatdan artıq olmaması (maddə 42);
– Qadınları səhhət və vücudlarına zərərli olan işlərdə çalışdırmaq qadağandır. Hamilə olan Qadınlar doğuşdan 4 həftə əvvəl və 6 həftə sonra əmək haqları tam ödənməklə xidmətdən azad еdilir (maddə 43);
– Qadınların işlədiyi hər bir fabrik və zavodda südəmər uşaqlar üçün tərbiyəxanalar təsis olunmalıdır. Sahibkarların hеsabına xəstələnmiş fəhlələrə müftə dərman vеrilməli və xəstə olduqları müddətdə əmək haqları onlara çatdırılmalıdır (maddə 50);
– Bu qanunlara əməl еtməyən sahibkarlar cinayət məsuliyyətinə cəlb еdiləcəklər.
Parlamentin ikinci iclasında “Hümmət” fraksiyasından Əkbər ağa Şeyxülislamov qadın hüquqlarından bəhs edərək deyirdi: “Millətimizin yarısını təşkil edən qadınlar qul sifətindədirlər. Biz onlara insan surətində baxmalıyıq. Millətin yarısı işləyib, yarısı işləməsə o millət çolaqdır. Üzərinə heç bir xeyir yetirə bilməz. Bu gün qadınlarımız gələcək övladlarımıza tərbiyə verməkdədirlər. Əgər onlar azadə olmasalar dövlət və vətənimizi müdafiə edən azad fikirli övlad dəxi yetirə bilməyib, özləri qul və əsir yaradarlar” .
Demokratik müzakirələr və məqsədyönlü siyasət nəticəsində qadınların məşğulluq imkanlarının artırılması üçün Cümhuriyyət parlamentində qanun qəbul edilir, qadınların daha çox məşğul olduğu kustar sənayeni inkişaf etdirmək və genişləndirmək məqsədilə yerli sahələrə kömək göstərən kustar sənaye kursları təşkil edilir və vəsait ayrılırdı. İşsizliyin aradan qaldırılması və iqtisadiyyatın gücləndirilməsi məqsədilə bir sıra bölgələrdə toxuculuq və tikiş emalatxanası açılması barədə müxtəlif layihələr müzakirəyə çıxarılırdı.
Xalq Maarif Nazirliyinin yeni kişi və qız məktəbləri və seminariyalarının açılmasına dair Azərbaycan Parlamentinə təqdim etdiyi qanun layihəsi əsasında 1919-cu ildə 4 kişi, 3 qadın kurslarının açılması qərara alınmış, qadın orta məktəblərində sinif müəllimi müavini vəzifəsinin təsis olunması barədə qanun layihəsi qəbul edilmişdi. Dövlətin təhsilə və yaradıcılıq sahələrinə belə ciddiyyətlə diqqət yetirməsi sayəsində ədəbi-mədəni mühitin formalaşmasında da qadınların fəallığı artmışdı.
Qadınların bu nailiyyətlərində hökumətlə bərabər, Azərbaycan ziyalılarının və milli mətbuatımızın rolu xüsusilə təqdirəlayiqdir.
Parlamentin 14 aprel 1919-cu il tarixli iclasında Nəsib bəy Yusifbəyli istiqlalın gələcəyinin maarifə bağlı olduğunu dilə gətirərək, milli maarifimiz və milli məktəbimizin tərəqqi etmədən bizim üçün qurtuluş və nicat ümidinin olmadığını vurğulamışdır. Bu istiqamətdə qadın hüquqlarının təminatına xüsusi diqqət yetirən hökumət təhsil siyasətində onlara da ayrıca qayğı ilə yanaşmış, qadınlar üçün fərdi gündüz kursları açılmış və cəmiyyətlə əlaqəli dərslər tərtib edilmişdi.
1918-1920-ci və daha sonrakı illərdə qadın hərəkatının güclənməsi daha ardıcıl qadın mətbuatının yaranmasını zəruri etdi. Azərbaycan hökuməti qadın hərəkatına istiqamət vermək, bu sahədə qadınlara kömək etmək məqsədilə əvvəlcə ayrı-ayrı səhifələr, sonra “Zəhmətkeş qadınların yolu” və “Qafqaziya zəhmətkeş qadınların yolu” adlı qəzetlərin nəşrini qərara almışdır. Bu dövrdə elmi publisistik və bədii yaradıcılıqla məşğul olan Ş.Əfəndizadə, Ş.Qaspralı, Ş.Axundzadə, E.Yusifbəyli, Ü.Sadıqzadə kimi qadın ziyalıların məqalələrində, əsərlərində dövrün ictimai-siyasi, milli-mənəvi problemləri öz dolğun ifadəsini tapmışdır.
Milli istiqlal hərəkatı, eləcə də, mövcud olduğu 23 ay ərzində Cümhuriyyəti ayaqda tutmaq, demokratik prinsipləri hakim mövqeyə qaldırmaq, xalq arasında elmi təbliğ etmək uğrunda bir çox tanınmış şəxsiyyətlər əzmlə çalışmışlar. Onların arasında ziyalı qadınlarımızın da öz töhfəsi olmuşdur.
Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb əslində Cümhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi.
Dövrün ictimai, siyasi, publisistik və digər sahələrində ad qazanmış məhşur ziyalı xanımları – Şəfiqə xanım Əfəndizadə, Nigar xanım Şıxlinskaya, Xədicə Ağayeva, Sara Talışinskaya, Badusəba Köçərli, Fatma Topçubaşova, Mədinə xanım Qiyasbəyli, İsmət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova, Hənifə Zərdabi, Liza xanım Muxtarova, Əminə xanım Ağayeva, Mina xanım Aslanova, Nigar xanım Vəlibəyova, Gövhər xanım Vəlibəyova, Gövhər xanım Qayıbova və digərləri öz adlarını tarixə yazdırmışdır.
Bir sözlə, türkçülükdən mərdlik, ərənlik, İslamdan müqəddəslik almış müsəlman qadını Azərbaycan Xalq Cümhuriyyəti dövründə haqqı olan siyasi hüquqlara qovuşmuş oldu.
Turan Nəsirova
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı
Azərbaycan Xalq Cümhuriyyəti
Rusiya imperiyanın dağılması ilə milli ucqarlarda, o cümlədən Azərbaycanda da azadlıq mübarizəsi gücləndi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müstəqilliyi Tiflis şəhərində elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncə şəhəri olmuşdu. Çünki o zaman Bakıda Moskvanın iradəsi ilə yaradılmış Bakı Xalq Komissarları Soveti (BXKS) — Bakı Kommunası hökmranlıq edirdi. Onun əsas özəyini daşnakpərəst bolşeviklər təşkil edirdi. Bakı Kommunasının süqutundan sonra Bakıda ağalıq menşevik və eserlərin Mərkəzi Xəzər diktaturasının əlinə keçmişdi.
1918-ci il sentyabrın 15-də Bakı Türkiyə və Xalq Cümhuriyyəti qoşunları tərəfindən azad edildi. Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin Bakı dövrü başladı. Xalq Cümhuriyyəti bütün Azərbaycan ərazisində bərqərar oldu.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmişdi. Buna baxmayaraq o, istiqlal naminə əsrə bərabər iş görmüşdür.
Əvvəla, o Azərbaycanda çox sivil Avropa nümunəli dövlət idarəçiliyi yaratmışdı. Azərbaycanı Milli Məclis (Parlament) tərəfindən təşkil olunan və onun qarşısında məsul olan hökumət kabinəsi idarə edirdi. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti parlament respublikası idi.
Müstəqillik elan olunandan 1918-ci il iyunun 18-nə kimi parlament rolunu hələ 1918-ci il mayın 27-də yaradılmış Müvəqqəti Milli Şura icra etmişdi. Onun sədri Məmməd Əmin Rəsulzadə seçilmişdi.
İlk parlament 1918-ci il dekabrın 7-də çağırılmışdı. Onun sədri Ə.M.Topçubaşov müavini H.B.Ağayev və katibi Rəhim Vəkilov seçilmişdi.
Məmməd Əmin Ağa oğlu Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Əvvəl «rus-tatar», sonra isə Bakı texniki məktəbində oxumuşdur. O, əvvəllər sosial-demokratiya hərəkatına qoşulmuş, 1904-cü ildə müsəlman sosial-demokrat «Hümmət» təşkilatının yaradıcılarından olmuşdur. 1913-cü ildə «Müsavat» partiyasına daxil olmuş və tezliklə onun liderinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılılarından biri, parlamentdə «Müsavat» fraksiyasının lideri olmuşdur. 1922 1955-ci illərdə mühacirətdə yaşamışdır. Mühacirətdə olarkən «Əsrimizin Səyavuşu», «Azərbaycan Cümhuriyyəti»nin keçmişi, təşəkkülü və indıki vəziyyəti» (1923), «Çağdaş Azərbaycan ədəbiyyatı» (1950), «Cağdaş Azərbaycan tarixi» (1951) və b. kitablarını yazmışdı.
1955-ci il martın 6-da Ankarada vəfat etmişdir
Parlamentin əsas heyətini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Bundan başqa parlamentə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan 36 müsəlman deputatı seçilmişdi. Cəmi 17 ay fəaliyyət göstərən Azərbaycan Parlamentinin 145 iclası olmuşdu. Onun 121 iclasına Həsən bəy Ağayev, 23 iclasına isə Məmməd Yusif Cəfərov sədrlik etmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi təqdim edilmiş, ondan 230-a yaxını müzakirə olunub qəbul edilmişdi. Parlamentdə 11 komissiya fəaliyyət göstərmişdi. Parlamentdə ən böyük fraksiya M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi «Müsavat» fraksiyası olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinİn fəaliyyəti müddətində 5 dəfə hökumət kabinəsi təşkil edilmişdi. Onun 3-nə F.X.Xoyski və 2-nə isə N.B.Yusifbəyli başçılıq etmişdi.
Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğundakı mühüm addımlarından biri Dövlət rəmzlərinin qəbul edilməsi idi. 1918-ci il iyunun 24-də üzərində aypara və səkkizgüşəli ulduz olan al bayraq barədə qərar qəbul edilmişdi, Noyabrın 9-da isə həmin bayraq, üzərində aypara və səkkizguşəli ulduz olan üç rəngli (mavi, yaşıl və qırmızı) bayraqla əvəz olunmuşdu. Görkəmli Azərbaycan yazıçısı C.Cabbarlı hələ o zaman yazdığı «Azərbaycan bayrağına» şerində Cümhuriyyət bayrağının mənasını belə tərənnüm etmişdi:
Bu ay, ulduz boyaların qurultayı, nə demək;
Bizcə böylə söyləmək:
Bu göy boya moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı. Yaşıl boya islamlığın sarsılmayan inamı,
Ürəklərə dolmalı. Şu al boya azadlığın təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı. Səkkiz uclu şu yıldız da səkkiz hərfli Od yurdu
Sözləri şair Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyov tərəfindən yazılmış dövlət himninin qəbul edilməsi, milli ordunun yaradılması və türk dilinin dövlət dili elan edilməsi də milli dövlət quruculuğu yolunda mühüm addımlar idi.
Dövlət quruculuğu sahəsində Xalq Cümhuriyyətinin atdığı mühüm addımlardan biri də milli ordunun yaradılması idi. Dost Türkiyə bu sahədə Azərbaycana yaxından kömək etmişdi. Nuru Paşanın başçılığı ilə Gəncədə az müddətdə «xüsusi Azərbaycan korpusu» yaradılmışdı. Artıq 1920-ci ilin əvvəllərində Azərbaycan ordusunun sıralarında 40 min nəfər əsgər var idi. Ondan 10 mini süvari ordu idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov Paşa bəy Sultanov, sonra general Səməd ağa Mehmandarov olmuşdu. Onun müavini general Əliağa Şıxlinski idi.
Xalq Cümhuriyyəti sosial-iqtisadi və mədəni quruculuq sahələrində də mühüm tədbirlər həyata keçirmişdi. Neft sənayesini bərpa etməyə başlamış, Bakı-Batumi neft kəmərini bərpa etmişdi. Bakı-Culfa dəmir yolunun çəkilişini başa çatdırmışdı, Milli Dövlət Bankını və Teleqraf agentliyini təsis etmişdi.
Hökümət respublika sərvətlərinin xaricə daşınmasının qarşısını almışdı. Milli valyutanın (Bakı bonunun) möhkəmlənməsi üçün tədbirlər görmüşdü.
Əmək birjaları yaratmış, səhiyyənin qaydaya salınması üçün tədbirlər görmüşdü. Səhiyyə və sosial təminat nazirlikləri yaratmışdı.
Aqrar məsələnin həlli sahəsində səylər göstərmişdi. Bu məqsədlə S.Ağamalıoğlu başda olmaqda xüsusi komissiya yaratmışdı.
Mədəni quruculuq sahəsində də tədbirlər həyata keçirmişdi. Hökumətin tərkibində Azərbaycan Xalq Maarifı Nazirliyi yaradılmışdı. Bütün ibtidai məktəblərdə təhsilin ana dilində — türk (azərbaycan) dilində aparılmasına keçilmişdi,
Dərslər rus dilində aparılan siniflərdə məcburi surətdə həftədə 3-4 saat türk dilinin keçilməsinə başlanılmışdı. Əlifba islahatının keçirilməsinə cəhdlər göstərilmişdi. Qızların məktəblərə cəlb olunması genişləndirilmişdi.
İbtidai və orta ixtisas məktəblərinin şəbəkəsi genişlənmişdi. Artıq 1919-cu ilin əvvəllərində respublikada 637 ibtidai və 23 orta ixtisas məktəbi fəaliyyət göstərirdi.
Müəllim kadrlarının hazırlanmasına diqqət artırılmışdı. Kişi və qadın pedaqoji məktəbləri açılmışdı. Qori müəllimlər seminariyasının müsəlman şöbəsi Qazax şəhərinə köçürülmüş və müstəqil seminariyaya çevrilmişdi. 1919-cu ilin sentyabrında Bakıda da kişi seminariyası açılmışdı. Respublika məktəblərində işləmək üçün Türkiyədən müəllim kadrları dəvət olunmuşdu. Dərsliklərin hazırlanması və nəşri sahəsində tədbirlər həyata keçirilmişdi.
1919-cu ildə Bakı Dövlət Universiteti yaradılmışdı. O, həmin il noyabrın 15-dən fəaliyyətə başlamışdı. Oxumaq üçün xaricə 100 nəfər gənc göndərilmişdi.
1919-cu ilin dekabrında «Müsəlman Şərqini öyrənən cəmiyyət» yaradılmışdı. 1919-cu il oktyabrın 15-də Azərbaycan parlamenti «Mətbuat haqqında» qanun qəbul etmişdi. 1919-cu ildə Azərbaycanda 80 qəzet və jurnal nəşr olunurdu. Onlardan 39-u milli dildə idi.
Teatr, klub və mədəniyyət evlərinin şəbəkəsi genişlənmişdi. Nazirlər kabinəsinin 1919-cu il 17 noyabr qərarı ilə teatr dövlət inhisarına keçirilmişdi.
Kitabxanaların şəbəkəsi artırılmışdı. 1920-ci ildə Azərbaycanda ümumi fondu 95 min nüsxə kitab olan 11 kitabxana fəaliyyət göstərirdi.
Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq uğrunda da ardıcıl mübarizə aparmışdı. O, dünyanın 20-dən çox dövləti ilə diplomatik əlaqə yaratmışdı,
Müstəqilliyin ilk dövründə (1918-ci il may-oktyabr) Türkiyə Azərbaycan istiqlalının möhkəm qarantı olmuşdu. Lakin 1918-ci il oktyabrın 30-da Böyük Britaniya və Osmanlı Türkiyəsi arasında bağlanmış Mudros sazişi Azərbaycan — Türkiyə dostluq münasibətlərinə böyük xələl gətirmişdi. Bu sazişə əsasən Türkiyə Cənub Qafqazdan, o cümlədən Azərbaycandan qoşunlarını çıxarmalı olmuşdu.
AXC hökumətinin Böyük Britaniyanın Bakıdakı nümayəndəliyi ilə də münasibətləri qaydaya salınmışdı. General Tomson və ondan sonra Bakıya gələn Balkanlarda və Qafqazda ingilis qoşunlarının baş komandanı C.Mili AXC hökumətini tanımışdılar.
Azərbaycan Xalq Cümhuriyyəti qonşu dövlətlərlə də münasibətləri qaydaya salmağı vacib saymışdı. Gürcüstan, Dağlılar Respublikaları və İranla münasibətlərin dinc yolla qaydaya salınması belə addımlardan idi. O, Sovet Rusiyası və Ermənistanla da qonşuluq münasibətləri yaratmağa çalışmışdı. Lakin burada ciddi çətinliklərlə rastlaşmışdı. Belə ki, Rusiya Azərbaycana qarşı yenə də müstəmləkəçilik ambisiyalarından əl çəkmir, Ermənistan isə ərazi iddialarını davam etdirirdi.
AXC hökumətinin səyi və cəhdlərinə baxmayaraq həmin dövlətlərlə münasibətlər qaydaya düşmürdü. Bolşevik Rusiyası millətlərin öz müqəddəratını təyin etmək barədə bəyannamə verməsinə baxmayaraq onların müstəqil olmaları ilə barışa bilmirdi.
Azərbaycan hökuməti hələ yarandığı ilk gündən Ermənistanla (Ararat Respublikası) mübahisəli sərhəd məsələlərini siyasi yolla həll etmək niyyətində idi, Azərbaycan Milli Şurası yenicə müstəqilliyini elan etmiş erməni dövlətinə yardım etmək məqsədilə 1918-ci il mayın 29-da əzəli torpağı olan İrəvan şəhərini Ermənistan Respublikasının paytaxtı kimi tanımışdı. Buna baxmayaraq bədxah qonşumuz yenə də Azərbaycana ərazi iddialarından əl çəkmirdi. O, Naxçıvanı, Qarabağı, Zəngəzuru və b. əraziləri özünə birləşdirmək siyasəti yeridirdi. O, bu ərazilərdə etnik təmizləmə aparır, azərbaycanlılar yaşayan kəndləri dağıdıb yandırırdı. Erməni qaniçənləri 1918-ci ilin payızında təkcə Zəngəzurda 52 azərbaycan kəndini dağıtmış, 987 evi viran edib yandırmış, 2254 nəfər adamı öldürmüş, 304 nəfəri isə diri-diri yandırmışdılar. Qaniçən Andronikin quldur dəstələri Naxçıvan və Zəngəzurda tuğyan edirdilər. Onlar azərbaycanlılara olmazın əzab və əziyyət verirdilər: azərbaycanlıları diri-diri oda atır, uşaqları süngüyə keçirir, hamilə qadınların qarınlarını yarırdılar. Andronik öz antiazərbaycan siyasətində Rusiyaya güvənirdi. O, 1918-ci ilin yayında Culfanı zəbt edib yandırdıqdan sonra Naxçıvanı Sovet Rusiyanın ayrılmaz hissəsi elan etmişdi. Andronik 1918-ci il iyunun 4-də daşnakpərəst bolşeviklərin təşkil etdikləri Bakı Xalq Komissarları Sovetinin (BXKS) sədri S.Şaumyana göndərdiyi teleqramda öz dəstəsi ilə birlikdə Rusiya Mərkəzi hökumətinin sərəncamına keçməyə və Bakı Kommunasına yardım etməyə hazır olduğunu bildirmişdi. S.Şaumyan isə öz növbəsində ona ünvanladığı teleqramda quldur Androniki «xalq qəhrəmanı» adlandırmışdı.
Andronik Zəngəzurun azərbaycanlılardan təmizlədiyi hissəsində Mərkəzi Gorus şəhəri olmaqla erməni qubernatorluğu təşkil etmişdi. O, bundan sonra paytaxtı Şuşa şəhəri olmaqla «Kiçik Ermənistan» dövləti yaratmaq məqsədilə Qarabağın dağlıq hissəsində başlamış «separatizm» hərəkatına kömək üçün oraya keçmək cəhdləri göstərmişdi. Lakin Laçmda Sultanov qardaşlarının (Sultan və Xosrov) səyi nəticəsində onun qarşısı alınmışdı.
Mudros sazişinə (1918-ci il 30 oktyabr) əsasən Türkiyə qoşunları Azərbaycanı tərk etdikdən sonra ermənilər Zəngəzura, Dağlıq Qarabağa və Naxçıvana iddialarını artırdılar. 1919-cu ilin yanvarında Naxçıvana hücum etdilər. Lakin Şərurda böyük məğlubiyyətə uğradılar. Ermənilər 1919-cu ilin payızında Zəngəzurda yeni vəhşiliklər törətdilər. 110 azərbaycan kəndini yandırdılar. 60 minə qədər azərbaycanlı qaçqın vəziyyətinə düşdü.
Azərbaycan hökuməti buna cavab olaraq 1919-cu ilin oktyabrında general C.Şıxlinskinin komandanlığı altında bölgəyə qoşun hissəsi göndərməyə məcbur oldu.
Naxçıvana erməni təcüvüzünün qarşısını almaq məqsədilə Türkiyənin, xüsusən Kazım Qara Bəkir Paşanın təşəbbüsü və vətənpərvər qüvvələrin səyi ilə 1918-ci ilin payızında Araz-Türk Respublikası yaradıldı (O, 1919-cu ilin aprelinə kimi fəaliyyət göstərmişdi). Onun tərkibinə Naxçıvan, Şərur, Dərələyəz və Ordubad qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və b. bölgələr daxil idi. Paytaxtı Naxçıvan şəhəri idi. Bu Naxçıvanın ermənilər tərəfindən zəbt edilməsinin qarşısını aldı.
Zəngəzur və Qarabağda erməni özbaşınalığına qarşı 1919-cu ilin yanvarında AXC hökuməti tərəfindən Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edən Qarabağ genaral-qubematorluğu yaradıldı. General-qubernator vəzifəsinə Xosrov Paşa bəy Sultanov təyin edildi.
Qarşıdurmanı söndürmək üçün 1919-cu ilin noyabrında Tiflisdə Azərbaycan və Ermənistan hökumət başçılarının ABŞ-ın vasitəçiliyi ilə görüşü oldu. Tərəflər mübahisəli məsələləri sülh yolu ilə həll etmək barədə öhdəliklər olan saziş imzaladılar. Lakin Ermənistan yenə də xəyanət edərək Zəngəzurda hərbi əməliyyatlara başladı, 40-dək kəndi talan edib, əhalisini qırdı.
Azərbaycan hökumətinin sülh yolu təşəbbüsünə baxmayaraq Ermənistan 1920-ci ilin əvvəllərində hərbi əməliyyatları gücləndirdi. Ermənilər Novruz bayramı gecəsi Şuşada, Xankəndində, Əskəranda, Xocalı və Tərtərdə yerləşən Azərbaycan qoşun hissələrinə hücum etdilər. Ermənistan tərəfdən də Qarabağa erməni silahlı qüvvələri irəliləməyə başladı.
Ərazi butövlüyünü bərpa etmək üçün Azərbaycan hökuməti də öz növbəsində tədbirlər görməli oldu. General H.Səlimovun başçılığı ilə Azərbaycan hərbi qüvvələri 1920-ci il aprelin sonu üçün Qarabağda baş qaldıran erməni separatçılarının müqavimətini qırdı.
Xalq Cümhuriyyətinin xarici siyasətində Müstəqil Azərbaycanı dünya birliyinin bərabərhüquqlu üzvünə çevirmək, iri dövlətlər tərəfindən onun tanınmasını təmin etmək missiyası çox mühüm yer tuturdu. Azərbaycan Parlamenti qalib dövlətlərin Paris Konfransında iştirak etmək üçün başda görkəmli diplomat Ə.M.Topçubaşov olmaqla nümayəndəlik təsdiq etmişdi 1919-cu ilin yanvarında İstanbula yola düşən nümayəndə heyəti həmin il may ayının ortalarında Parisə gəlib çıxdı.
Nümayəndə heyətinin, xüsusən Ə.M.Topçubaşovun diplomatik səyləri sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyəti müttəfiq dövlətlər tərəfindən de-fakto tanındı. O, dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildi.
Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun çəkmədi. 1920-ci ilin əvvəllərində onun beynəlxalq və daxili vəziyyətində, ictimai-siyasi həyatında böhran meylləri daha da dərinləşdi.
Xarici və daxili təzyiqlər də hökumətin vəziyyətini gərginləşdirirdi. Cümhuriyyət qonşu Ermənistanla müharibə vəziyyətində idi. Sovet Rusiyası da imper ambisiyasından əl çəkmirdi. Hər zaman Azərbaycanı işğal etməyə hazır idi. Sovet hökumətinin başçısı Lenin 1920-ci il martın 17-də Qafqaz cəbhəsi hərbi inqilab Şurası üzvləri N.Q.Smilqaya və Q.K.Orconikidzeyə göndərdiyi teleqramda «tutmaq bizə son dərəcə zəruridir. Bütün səyinizi buna verin» tapşırığını vermişdi. Mudros sazişindən sonra Azərbaycan dost Türkiyənin də bilavasitə yardımından məhrum olmuşdu.
Partiya və hökumətdaxili fikir ayrılıqları və çəkişmələri də ictimai-siyasi durumu ağırlaşdırırdı, Üstəlik ölkədə iqtisadi və maliyyə çətinlikləri də var idi.
Daxildə sosial-siyasi böhranın dərinləşməsinə bolşevik və bolşevikpərəst qüvvələrin birləşərək hökumətə qarşı çıxması da ciddi mənfi təsir göstərirdi. Siyasi böhranın dərinləşməsi AXC-nin N.Yusifbəyli tərəfindən hələ 1919-cu ilin dekabrında təşkil etdiyi hökumət kabinəsinin 1920-ci il aprelin əvvəlində istefa verməsi ilə nəticələndi. Yeni hökumətin təşkili iqtidarla müxalifət arasında bitərəf mövqedə duran müsavatçı M.H.Hacınskiyə tapşırıldı. Lakin o, çox cəhdlər göstərsə də yeni hökuməti təşkil edə bilmədi.
Belə şəraitdə Rusiya təhlükəsi getdikcə artırdı. Artıq Moskva, bolşeviklər gənc Azərbaycan Xalq Cümhuriyyətini yıxmaq, Bakını zəbt etmək barədə konkret tədbirlər görürdülər, Onlar Azərbaycanı işğal etmək məqsədini güdürdülər.
İosif Stalin 1920-ci il aprelin 27-də yazmışdı: «. yoldaş Orconikidze bir qədər özünəməxsus xətt yeridir. Lenin (həm də biz) ona Azərbaycan gerçəkliyinə uyğun olmayan göstərişlər veririk. Yəni biz Bakıda qabaqcadan üsyan qalxacağına ümid edirik. Lakin şübhəsiz, buna şans yoxdur. Azərbaycan hüdudlarına soxulmaq gərəkdir. Bakını işğal etdikdən sonra gələcək müstəqillik haqqında danışıqlarda yoldaş Orconikidzenin konstruksiyasında şübhəsiz, Bakının işğalı ilə Azərbaycanın müstəqilliyi haqqında natamam, bir araya uyğun gəlmədiyi əks olunmalıdır. Mənə elə gəlir ki, gələcək (nəzərdə tutulan) müstəqillik ciddi praktiki əhəmiyyət daşımadan yalnız bəyanat kimi ola bilər».
Bolşeviklərin silahlı dəstələri aprelin 27-də səhər sübhdən həm Bakı şəhəri daxilində, həm də onun ətraflarında ən mühüm obyektləri ələ keçirməyə başlamışdılar. XI Qırmızı Ordu hissələri də 1920-ci il aprelin 27-də saat birə beş dəqiqə işləmiş Azərbaycan ərazisinə daxil olmuşdular. Onlar axşam saat 21-də Biləcəri stansiyasında idilər. Başqa yol qalmadığından Parlament 1920-ci il aprelin 27-də gecə müəyyən şərtlərlə hakimiyyətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi o, «öz edamına özü qol çəkdi». Bununla da, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycan yenidən Rusiya tərəfindən, indi Sovet Rusiyası tərəfindən işğal olundu.
Uğursuzluğuna baxmayaraq cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti tariximizin çox yadda qalan, unudulmaz mərhələsidir. O, istiqlalımızın ən şanlı səhifələrindəndir. Elə səhifələr ki, onlarda Azərbaycan xalqının əzəli arzuları, müstəmləkəçiliyə, əsarətə qarşı, azadlıq, müstəqillik və milli birlik uğrunda şanlı mübarizə uğurları, dönməzliyi əks olunmuşdu.
Azərbaycan tarixində birinci Respublika olan Xalq Cümhuriyyəti Şərqdə, müsəlman və türk dünyasında ilk demokratik siyasi qurum idi. O, Azərbaycan xalqı üçün daim cücərən ənənə bəxş etmişdi. İ.Stalinin «bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?» sualına cavabında M.Ə.Rəsulzadə demişdi: «çox şey verə bilmədik… Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz!».
- Teqlər:
- Azərbaycan Demokratik Respublikası
- , Azərbaycan Xalq Cümhuriyyəti
- , Azerbaycan Xalq Cumhuriyyeti
Comments are closed, but trackbacks and pingbacks are open.