Azərbaycan-Türkiyə iqtisadi əlaqələri – Təhlil
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın artıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın artıb
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın artıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
16 Dekabr , 2022 14:47
https://static.report.az/photo/181072d5-e710-3e83-9ab3-6e3b300d515f.jpg
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyin dövrünə nisbətən 62,9% çoxdur. 11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon dolları ixracın, 12 milyard 881 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 83,5 %, idxal isə 23,7 % artıb. Son nəticədə xarici ticarətdə 23 milyard 454 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,5 dəfə çoxdur.
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri – Təhlil
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ulu öndər Heydər Əliyevin vurğuladığı “bir millət, iki dövlət” devizinə və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə ilə iqtisadi münasibətlər müxtəlif sahələri əhatə edir.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Aminə Bayramovanın mövzu ilə bağlı şərhini təqdim edir.
İdxal-ixrac dinamikasının tərkibi
Türkiyə Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşı olmaqla ölkəmizin xarici ticarət dövriyyəsində və ixracında 2015-ci ildən, idxal əməliyyatlarında isə 2013-cü ildən etibarən 2-ci yerdədir.
Türkiyənin Azərbaycanın məhsul idxalında payı 2008-2019-cu illərdə 11,3-15,8 faiz arasında dəyişməklə orta hesabla 13,5 faiz təşkil edib. 2019-cu ildə bu ölkənin Azərbaycanın idxalındakı payı 1,6 milyard ABŞ dolları olmaqla 12 faiz təşkil edib. Türkiyədən idxalda əmtəə çeşidliliyi aydın müşahidə olunur. Ötən ildə Türkiyədən idxal olunan məhsul kateqoriyalarında əsas yeri 15 faizlə maşın və mexaniki alətlər (251 milyon dollar) tutub. İdxalda növbəti yerlərdə dəmir və polad (7 faiz, 120 milyon dollar), dəmir yolu və tramvay istisna olmaqla nəqliyyat vasitələri (7 faiz, 118 milyon dollar), elektrik avadanlıqları (7 faiz, 116 milyon dollar) qərarlaşıb.
Türkiyənin Azərbaycanın məhsul ixracında payı isə 2008-2019-cu illərdə 0,7-14,16 faiz arasında dəyişməklə, 2019-cu ildə 2,9 milyard dollara yüksəlib. Türkiyəyə ümumi ixracda əsas yeri neft-qaz əmtəə kateqoriyası tutur. Bu göstərici 2,5 milyard dollar olmaqla 2019-cu ildə Türkiyəyə məhsul ixracının 88 faizini təşkil edib. Türkiyəyə ixracda neft-qaz sektorunun payının kəskin artımı 2015-ci ildən müşahidə edilməyə başlayıb (2014-cü il 56 faiz, 2015-ci il 90 faiz). Məhz bu ildən etibarən idxal-ixrac balansı Azərbaycanın xeyrinə dəyişib. 2015-ci ildə Azərbaycanın Türkiyəyə neft-qaz ixracı 1,3 milyard dollar təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 4,72 dəfə çoxdur. Qeyri-neft sektorunda isə 2019-cu ildə əsas məhsul kateqoriyalarını pambıq (5 faiz, 129 milyon dollar), plastik və polimerlər (2 faiz, 64 milyon dollar), alüminium və məmulatları (2 faiz, 56 milyon dollar) təşkil edib.
Azərbaycanın ümumi ticarət dövriyyəsində Türkiyənin payı son illərdə getdikcə artır. Belə ki, 2012-2014-cü illər arasında bu göstərici sabit olaraq 6 faiz təşkil edib, 2015-ci ildə isə 12 faizə yüksəlib. Bu proses də 2015-ci ildən etibarən Türkiyəyə neft-qaz ixracının artması ilə əlaqəli olub. 2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4,5 milyard dollar təşkil etməklə 14 faiz yer tutub.
2020-ci ildə Azərbaycan və Türkiyə liderlərinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasındakı çıxışında bu rəqəmin 15 milyard dollara çatdırılmasının hədəfləndiyi qeyd edilib. Ölkələr bu hədəfə nail olmaq üçün bir sıra sazişlər imzalayıb. Bunlardan biri 2020-ci il iyulun 1-də təsdiq edilən iki hökumət arasında Preferensial Ticarət Sazişidir. Sazişdən əvvəl Türkiyə Azərbaycan bazarında yüksək tariflər və kvotalar nəticəsində azad ticarət sazişinin üstünlüklərindən yararlanan MDB ölkələri ilə qiymət rəqabətində uduzur və Azərbaycanla xarici ticarətində mövcud potensialından daha aşağı nəticə göstərirdi. Bu saziş 15 məhsul qrupunda tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasında xarici ticarət dövriyyəsini artıracaq və ölkələrin qoyduqları xarici ticarət dövriyyəsi hədəfinə çatmaqlarını sürətləndirəcək. Ticarət həcminin artması iqtisadi əlaqələrin inkişafını və ədalətli rəqabət üçün əlverişli mühitin yaradılmasını təmin etməklə, hər iki ölkəyə investisiya qoyuluşlarını da artıra bilər.
Birbaşa xarici investisiyalar
Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Azərbaycan şirkətləri isə Türkiyədə əsasən energetika və kimya sahələrinə kapital axını yaradır. 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşları 11 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edib.
2020-ci ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiya (BXİ) qoyuluşuna görə, Türkiyə 259 milyon dollar investisiya məbləği və 12,3 faiz xüsusi çəki ilə Birləşmiş Krallıqdan sonra 2-ci yerdə qərarlaşıb. Eyni dövrdə Türkiyə Azərbaycan tərəfindən xarici iqtisadiyyata yönəldilən BXİ həcmində 39,2 milyon dollar investisiya məbləği və 6 faiz xüsusi çəki ilə 8-ci yeri tutub.
Azərbaycanın Türkiyəyə yönəltdiyi ən böyük birbaşa xarici investisiya “SOCAR Turkey”in icra etdiyi layihələrlə bağlıdır. “SOCAR Turkey” ilk olaraq 2008-ci ildə “Petkim”in səhmlərinin satın alınması ilə Türkiyənin energetika bazarına daxil olub. Bu investisiya ilə hazırda tərəfdaş ölkənin neft-kimya xammalı tələbatının 18 faizi qarşılanır. “SOCAR Turkey”, həmçinin Türkiyənin və regionun enerji təhlükəsizliyinin təminatında mühüm əhəmiyyəti olan bir çox işlərə imza atıb. Bu investisiyalar əsasən neft-kimya emalı və təbii qaz sektorlarını əhatə edir. Belə layihələrə 6,3 milyard dollar investisiya məbləği ilə qurulan, 2019-cu ildə İzmirin Əliağa limanında fəaliyyətə başlayan və hazırda Türkiyənin ilkin emal olunan neft ehtiyacının 25 faizini qarşılayan “Star” neft emalı zavodu misal göstərilə bilər. Bu neftayırma zavodu Türkiyənin enerji kəsirinin ən mühüm komponenti olan mayeləşdirilmiş neft qazı, təyyarə yanacağı istehsal etməklə, qardaş respublikaya illik təxmini 1,5 milyard dollar qənaət vəd edir. Azərbaycan Türkiyənin alternativ enerji sektoruna da investisiya qoyur. Bu sahədə enerji xərclərinə qənaəti və ətraf mühitin qorunmasını hədəfləyən “Petkim” külək enerjisi stansiyası (“Petkim” RES) xüsusi vurğulanmalıdır. “Petkim” RES-in istifadəyə verilməsi ilə İzmirin Əliağa ərazisində buraxılan karbon emissiyaları 120 min ton azalıb və elektrik enerjisi istehsal gücü 22 faiz artıb. Energetika sahəsində istehsal və emaldan başqa, enerjinin paylanması, daşınması və kommunikasiya sistemlərinin inkişafı ilə bağlı SOCAR-ın Türkiyədə əhəmiyyətli investisiyaları var. Bu investisiyalara “SOCAR Terminal”, “SOCAR Dağıtım”, “SOCAR Depolama” və bundan başqa bir sıra əhəmiyyətli satınalmalar misal göstərilə bilər.
Azərbaycanın neft-kimya sahəsi başda olmaqla neft-emalı, energetika, logistika sektorlarını əhatə edən strateji investisiyalarının qardaş ölkə üçün enerji təhlükəsizliyində, ətraf mühitin qorunmasında, əhalinin rifah səviyyəsinin yüksəldilməsində əhəmiyyətli payının olduğu açıq şəkildə görünür.
Türkiyədən Azərbaycana investisiya qoyuluşlarında əsas sahələr qeyri-neft sektorudur. Türk şirkətlərinin Azərbaycanda əsas fəaliyyət sahələri inşaat, informasiya-rabitə, maliyyə və sığorta, qida istehsalı, nəqliyyat, tekstil sektorlarıdır. Maliyyə-sığorta sahəsində Türkiyə mənşəli investisiyalara “Azərbaycan Sənaye Bankı”, “Ziraat Bank Azərbaycan”, “Azər-Türk Bank” nümunə göstərilə bilər. Neft-qaz sektorunda isə Türkiyənin Azərbaycanda “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Kürdaşı” və “Alov” kimi layihələrdə tərəfdaşlığı misal göstərilə bilər.
Azərbaycan-Türkiyə arasındakı investisiya qoyuluşlarının həcmini artırmaq üçün geniş potensial mövcuddur. Bu amillərdən biri Naxçıvanla quru yollarının açılmasıdır. Belə ki, Naxçıvanla nəqliyyat dəhlizinin, tarixi “Ələt-Culfa” dəmir yolu xəttinin bərpası və bu dəmir yolunun Azərbaycan və Türkiyə arasında imzalanan memorandumda nəzərdə tutulan “Qars-İğdır-Culfa” dəmir yolu xəttinə inteqrasiyası ilə gələcəkdə vahid nəqliyyat-logistika şəbəkəsi qurula bilər. Bu nəhəng layihə ilə Azərbaycan və Türkiyə Avropa ilə Asiya arasında fasiləsiz daşımaların həyata keçirilməsinin əsas tərəfdaşları olacaq ki, bu da hər iki ölkəyə investisiya qoyuluşlarını artıra bilər.
Regional layihələr
Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu, özünü daha çox enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələrlə büruzə verir. Bu layihələr 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan ilə Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşımalarda məsafə və daşıma müddətinin qısaldılmasında, strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı, digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.
Bakı-Tbilisi Ceyhan
2005-ci ildə açılışı olan Heydər Əliyev adına Bakı-Tbilisi Ceyhan (BTC) əsas ixrac boru kəməri beynəlxalq enerji dəhlizlərinə çıxışda və Qərb ölkələrinin enerji təhlükəsizliyində Azərbaycan ilə Türkiyənin əhəmiyyətini artırır. BTC tranzit keçid rüsumları, neftin satışı və saxlanmasından əldə edilən gəlirlə yanaşı, layihənin həyata keçirilməsində iştirak edən milli korporasiyaların inkişafında və nəticədə hər iki dövlətin ümummilli məhsul həcmində artım yaradır. BTC-nin Türkiyə üçün digər faydalı tərəfi Ceyhan limanından neft tankerlərinin və anbarlarının istismarı və kirayəsindən əldə edilən gəlirdir. Ceyhan limanının strateji önəminin artması buraya investisiya cəlbini təmin edir. Layihənin uzunmüddətli olması (müqavilənin müddəti 2050-ci ilə qədər uzadılıb) əhalinin məşğulluğunun təminatında davamlılığı vəd edir.
BTC Qara dənizdə mövcud boğazların həddən artıq yüklənməsinin də qarşısını alır. Mövcud boru kəməri şərqdən gələn neftin daşınma yükünü Ceyhan limanı ilə paylaşmaqla Türkiyənin Dardanel və Bosfor boğazlarındakı ekoloji gərginliyi azaldır.
Bakı-Tbilisi-Ərzurum boru kəməri
2007-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum boru kəməri Azərbaycan qazının Gürcüstan və Türkiyəyə ixracının həyata keçirilməsini təmin edir. Bu layihənin Azərbaycan və Türkiyə üçün əhəmiyyəti, ilk növbədə, bu ölkələrin təbii qazın Asiyadan Avropaya daşınmasında əsas tranzit ölkələrə çevrilməsidir. Bununla da ölkələr həm strateji mövqelərini, həm də iqtisadi rifah səviyyəsi və ölkə gəlirlərini yüksəldir. Bu, həm Türkiyə-Azərbaycan, həm də bu iki ölkənin hasilatçı və istehlakçı ölkələrlə iqtisadi münasibətlərinin möhkəmlənməsi ilə nəticələnir.
Bu boru xəttinin Türkiyə ərazisində çoxşaxəli boru sistemilə dəstəklənməsi Türkiyənin qaz istehlakının və enerji təhlükəsizliyinin təminatına şərait yaradır. BTC kimi bu layihə də qaz ixracatçısı və idxalçısı olan ölkələrə nəqliyyat alternativi yaradıb. Bu kəmər Türkiyənin şərq regionlarının inkişafında, buraya investisiya axınında və məşğulluğun təminatında mühüm rol oynayır.
Cənub Qaz Dəhlizi, TANAP və TAP
Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Cənubi Qafqazı, Anadolunu və Cənubi Avropanı əhatə edən əhəmiyyətli şərq-qərb qaz nəqli xətti şəbəkəsidir. Layihənin ilkin fazası 2014-cü, ikinci fazası 2018-ci, üçüncü mərhələsi isə 2020-ci ildə həyata keçirilib.
Bu layihə Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi kimi 3 mühüm iqtisadi əhəmiyyətli ərazini əhatə edir. Bu bölgələrdəki ölkələrin iqtisadi inteqrasiyanın təmin edilməsi və bu inteqrasiyada Azərbaycan ilə Türkiyənin açar mövqeyində olmasına şərait yaradır.
Azərbaycan TANAP layihəsi ilə öz qazını dünya bazarına çıxara biləcək, Türkiyə isə etibarlı enerji koridoru olmaqla Avropa Birliyi üçün iqtisadi dəyərini artıracaq.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti
2017-ci ildən istismarda olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan ilə Türkiyənin, daha geniş miqyasda isə Avropa və Asiyanın birləşdirilməsini nəzərdə tutan layihədir. Layihə sərnişin və yük daşınmasının marağında olan İpək Yolu üzərində yerləşən ölkələr üçün, nəqliyyat və daşınma xərclərinin və müddətinin aşağı salınması, eləcə də iqtisadi ticarət əlaqələrinin miqyasının artırılması baxımından önəm daşıyır.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Türkiyə və Azərbaycanın iqtisadiyyata inteqrasiyasını sürətləndirəcək, nəqliyyat xərclərinin aşağı olması səbəbi ilə bu iki ölkənin ixrac və idxalını stimullaşdıracaq və bu ölkələrə strateji üstünlüklər qazandıracaq. Bundan başqa, gələcəkdə Rusiya və İran arasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə inteqrasiyası, region ölkələri başda olmaqla Çindən Avropaya İpək Yolu üzərindəki bütün ölkələrə öz iqtisadi töhfəsini verəcək.
Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investisiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərir. Mövcud potensialın dəyərləndirilməsi hər iki ölkədə əhalinin rifah halının yüksəldilməsi, rəqabət sisteminin inkişafı, işsizliyin həlli, enerji təhlükəsizliyinin təminatı və ölkələrin makroiqtisadi dayanıqlılığı kimi məsələlərdə böyük səmərə qazandıra bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.