Press "Enter" to skip to content

Azərbaycam tarixo

2003-cü ildən Ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İsmayıllı Şəhər 2 saylı tam orta məktəbi

Azərbaycan Respublikasının Dövlət Himni- 1992-ci il 27 mayda Azərbaycan Respublikasının Parlamenti ” Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Qanun qəbul etdi.Qanuna əsasən ,1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilən “Azərbaycan Marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq olunsun.

Azərbaycan Respublikasının Dövlət Bayrağı
Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Azərbaycan Respublikasında Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Demokratik Cümhuriyyətin süqutundan və Sovet Hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmək məcburiyyətində qalınmışdı.

Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Resbublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və bu bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.

Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.

Rəmzi Mənası:
Göy rəng Türkçülük;
Qırmızı rəng – Müasirlik və demokratiya;
Yaşıl rəng – İslam;
Aypara və ulduz – aya və günəşə işarə olub, əbədilik, dünyəvilik rəmzidir.
Azərbaycan Respublikasının Dövlət Gerbi-
Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Dövlətinin müstəqilliyinin rəmzidir.

Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında Azərbaycan Demokratik Cümhuriyyəti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Dövlət gerbi ilə bağlı yeni müsabiqə elan etmişdir. 1993-cü il fevral ayının 23-də Azərbaycan Respublikasının Milli Məclisi Dövlət gerbi haqqında qərar qəbul etmişdir.

Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəgləri fonunda səkkizguşəli ilduz, ulduzun mərkəzində alov təsviri vardır.

Azərbaycan Respublikasının Dövlət gerbinin rəngli təsvirində ulduz, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

Rəmzi mənası:
Qalxan müdafiə;
Üçrəngli dairəvi xətlər bayraq;
Dairəvi xətlərin üstündəki səkkizguşəli ulduz günəş;
Səkkizguşəli ulduzun ortasındakı alov dilləri Odlar Yurdu;
Sünbüllər bolluq;
Palıd budaqları uzunömürlülük rəmzidir.

Azərbaycan tarixində ilklər

Tarix boyu qadınlar həmişə öndə gedən ,aparıcı qüvvə olub .Azərbaycan qadınları nəinki Azərbaycanda ,eləcə də dünyada belə ilklərə imza atıb .Onlar əsl səlnamə yaradıblar.

BUNLARI BİLMƏK MARAQLI OLAR.

Milli mətbuat – “ƏKİNÇİ”-1875-ci il 22 iyundan 1877-ci il 29 sentyabra qədər nəşr olunub. Qəzetin 56 sayı işıq üzü görüb.Ayda 2 dəfə 300-400 tirajla nəşr olunub. Baş redaktoru H.B.Zərdabi olub.

Milli teatr -1873-cu il 10 martda M.F.Axundzadənin “Lənkəran Xanın Vəziri” əsərinin tamaşaya qoyulması ilə milli teatrın əsası qoyuldu. Milli teatrımızın yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun misilsiz xidmətləri var. İlk teatr binasını tikdirən də məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub.



Məktəb -Azərbaycanda qəza məktəbləri adlanan ilk dövlət məktəbləri 1829-1835-ci illərdə yaradılıb.Şuşa(1830),Bakı(1932),Nuxa(Şəki-1833),Gəncə(1837),Şamaxı-Naxçıvan(1838).

Qız məktəbi – 1901-ci il oktyabrın 7-də Bakıda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman Şərqində ilk dünyəvi qız məktəbi yaradılıb. Məhz bu məktəbin məzunları Azərbaycan xalqının həyatında, onun maarifçiliyində böyük rol oynayıblar. Qız Qız məktəbinin açılması 20-ci əsr müsəlman şərqində mühüm hadisəyə çevrildi. Qız məktəbinin açılması bütün müsəlman dünyasının təhsil tarixi üçün yüksək uğur idi. Bunun məntiqi davamı kimi 1918-ci ildə Şərqdə ilk dəfə zərif cinsin nümayəndələrinə seçmək və seçilmək hüququ məhz Azərbaycanda verildi.



Ali Təhsil Ocağı – Bakı Dövlər Universiteti Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 1919-cu il 01 sentyabr tarixli iclasında Bakı universitetinin təsis edilməsi qərara alındı.

Şərqdə ilk ali musiqi təhsil ocağı -Bakı Musiqi Akademiyası-Milli Konservatoriya 1922-ci ildə yaradılıb.Bu ali təhsil ocağının yaradılmasında Ü.Hacıbəyovun böyük rolu olub.

Hərbi Məktəb -1918-ci ildə iyun ayında Nuri Paşanın rəhbərliyi ilə Gəncədə ilk Hərbi Məktəb yaradıldı.Məktəb 2 ilə yaxın fəaliyyət göstərdi.1920-ci il may ayının sonunda Sovet Hakimiyyətinin yaradılması ilə fəaliyyəti dayandırıldı.1939-cu ilin noyabrında SSRİ Xalq Müdafiə Komissarlığının əmri ilə Qroznı şəhərində Qroznı Hərbi Piyada Məktəbi yaradıldı.Bugünki Azərbaycan Ali Hərbi Məktəbinin tarixi məhz həmin dövrdən götürülür.

Poçt -Dövlət səviyyəsində poçtun əsasını 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Ş.İ.Xətayi qoyub.1818 ci ildə indiki Gəncə şəhərində il poçt kontoru yaradıldı.1918-ci il may ayının 25-də Müstəqil Hökumətin tərkibində Yollar,Poçt və Teleqraf Nazirliyi yaradıldı.2004-cü il 20 fevralda Azərbaycan Respublikasının Rabitə və İnformasiya Nazirliyi yaradıldı.

Televiziya -ilk televiziya verilişi 1956-cı il 14 fevralda efirə çıxıb.İlk radioqurğu 1924-cü ildə quraşdırılıb,1926-cı ildə radiostansiya fəaliyyətə başlayıb.

Neft quyusu Bütün dünyada neft səltənəti kimi tanınan Azerbaycanda qara qızıl qedim zamanlardan çıxarılmağa başlanmışdır. Tarixçılərin araşdırmaları nəticəsində məlum olub ki, hələ bizim eradan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında neft çıxarılırmış. Azərbaycanın təbii neft qazını isə dünyada ilk dəfə olaraq 1836-cı ildə akademik Q.İ. Qessi elmi surətdə təhlil etmiş ve onun tərkibini müəyyən etmişdir. Tarixi sənədlərə istinadən mexaniki üsulla dünyada ilk neft quyusu 1847-ci ilde Bibiheybətdə qazılmışdır. Sübut olunmuşdur ki, dənizdə də ilk neft quyusu XVIII əsrdə Abşeron yarımadasında qazılmışdır. Sonralar Xəzər dənizinin qalxması nəticəsində həmin neft kəhrizləri suyun altında qalmışdır. 1844-cü ilde F.N. Semyonovun səyi ilə qazma üsulu ilə Bakı mədənlərində dünyada ilk dərin quyu qazılıb. Bu hadisə əllə qazmanın sonu olub. 1884-cü ildə ilk dəfə vurma üsulu ilə qazmadan istifadə olunub. Bu, sonralar Bakı üsulu adı ilə məşhurlaşıb. 1905-ci ildə Balaxanıda dünya neft sənayesi tarixində ilk dəfə olaraq kompressor istismarı tətbiq edilmişdir. 1916-cı ildə Ramanada ilk dəfə qazlift texnologiyasından istifadə olunmuşdur. 1941-ci ildə dünyada ilk dəfə olaraq Bayılda 2000 metr dərinlikdə Ağa Nematulla turbin üsulu ilə maili quyu qazılıb istifadəyə verilib. 1949-cu ildə əfsanəvi Neft daşları yatağı kəşf olundu. Bu hadisə dənizdə neft hasilatının inkişafının əsasını qoydu.

Azərbaycam tarixo

AZƏRBAYCAN TARİXİ

Azərbaycan dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biridir. Ölkəmizin ərazisində Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa yaşayış məskənlərində aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış qədim insanın – Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.

Təqribən 5 min illik dövlətçilik tarixinə malik Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə sahib olan xalqlarındandır. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl yaranmağa başlamışdır.

Eramızdan əvvəl I minillikdə – eramızın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Atropatena və Albaniya kimi güclü dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

Həmin dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş – Tanrıçılıqla yanaşı zərdüştlük, atəşpərəstlik, günəşə, aya, ulduzlara, torpağa, suya sitayiş olunurdu. Ölkənin şimalında – Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində xristianlıq yayılmışdır.

Orta əsrlər

Eramızın əvvəllərində – III əsrdə Azərbaycan Sasani imperiyasının, VII əsrdə isə Ərəb xilafətinin tərkibinə daxil edilmişdir.

VII əsrdə islam dininin qəbul olunması Azərbaycanın tarixi müqəddəratında və xalqımızın taleyində əsaslı hadisə oldu. İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və digər etnoslar arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.

IX əsrin ortalarından Azərbaycanda yeni siyasi dirçəliş başlandı: Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Eldənizlər dövlətləri yarandı. Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı. 600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.

XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.

Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu dövləti bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. XV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti – Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycan dili dövlət dili elan olundu. Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli dövlətlərindən birinə çevrildi.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi dövlətinin sərhədlərini daha da genişləndirdi. Nadir şah 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.

Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili dövlət süquta uğradı. XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə – xanlıqlara parçalandı. Həmin dövrü dövlətçilik tariximizdə tənəzzül dövrü kimi qiymətləndirirlər.

XVIII əsrin sonunda türk sülaləsi olan Qacarlar İranda hakimiyyətə gəldilər. Qacarlar Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Çar Rusiyası arasında uzun sürən müharibələr dövrü başlandı. Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.

Gülüstan və Türkmənçay müqavilələrindən sonrakı dövr

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Çar Rusiyasına, Cənubi Azərbaycan isə Qacarların idarə etdiyi İrana daxil edildi.

Həmin dövrdən etibarən Azərbaycan torpaqlarına, xüsusən Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürülməyə başlandı. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürüldü. Təsadüfi deyil ki, 1978-ci ildə indiki Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən İranın Marağa bölgəsindən Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar “Marağa-150” abidəsi inşa edilib.

1988-ci ildə bu abidə ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin tarixi Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi.

Çar Rusiyası 1836-cı ildə müstəqil Alban xristian kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyəti

1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşmüşdür. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.

Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlaliyyət Bəyannaməsində deyilirdi: Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tam hüquqlu müstəqil bir dövlətdir. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. Qısa bir vaxt ərzində Azərbaycanın dövlət bayrağı, himni və gerbi qəbul olundu, Azərbaycan dili dövlət dili elan edildi. Dövlət və ordu quruculuğu, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində bir çox önəmli, taleyüklü addımlar atıldı. Şərqdə ilk dəfə və əksər Avropa ölkələrindən əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilmişdir.

1920-ci il yanvarın 11-də Paris sülh konfransında Azərbaycan müstəqil dövlət kimi tanındı. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min km2 (mübahisəli ərazilər nəzərə alınmadan), əhalisi 2,8 milyon nəfərdən çox idi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dən Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu zamanı 5 Hökumət fəaliyyət göstərmişdir. Bunlardan ilk ikisində Fətəli Xan Xoyski (1875-1920), sonrakı üçündə isə Nəsib bəy Yusifbəyli (1881-1920) Nazirlər Şurasının sədri (Baş nazir) olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1918-ci il 7 dekabr 1920-ci il 27 aprel tarixlərində fəaliyyət göstərmiş və bu müddətdə 145 iclas keçirilmişdir. Əlimərdan bəy Topçubaşov (1863-1934) Parlamentin Sədri olmuşdur.

Azərbaycan Sovet hakimiyyəti illərində

1920-ci ilin aprelin 28-də bolşevik hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Həmin gün Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Sovet İttifaqı dövründə Zəngəzurun, Göyçənin, Naxçıvanın bir hissəsinin və digər rayonların Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 114 min kv.km-ə bərabər olan ərazimizin 86,6 min kv.km-ə qədər azaldılması ilə nəticələndi. Bundan başqa, 1923-cü il iyulun 7-də bolşevik liderlərin təşəbbüsü ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

Azərbaycanda Sovet hakimiyyətinə qarşı müqavimət və etirazlar qanlı repressiyalarla cavablandırıldı.

Təkcə 1937-ci ildə 29 min adam repressiyaya məruz qaldı. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini itirdi.

İkinci Dünya Müharibəsi illərində (1939-1945) Bakı nefti Sovet İttifaqının faşizm üzərində qələbəsinin təmin olunmasında mühüm rol oynadı. Azərbaycanlılardan ibarət diviziyaların Qafqazdan Berlinədək şanlı döyüş yolu keçməsi Azərbaycan xalqının igidliyini və fədakarlığını bir daha sübut etdi.

1948-1953-cü illərdə azərbaycanlıların öz ulu vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarı əsasında Ermənistanın 24 rayonundan və İrəvan şəhərindən 100 min nəfərdən çox azərbaycanlı deportasya edilmişdir.

Sovet hakimiyyəti illərində Azərbaycanın sürətli inkişafının və İttifaq miqyasında qabaqcıl respublikaya çevrilməsinin təməli 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə qoyuldu.

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın bütün sahələrində mühüm irəliləyişlər əldə edildi, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldı, minlərlə azərbaycanlı təhsil müəssisələrinə ali təhsil almağa göndərildi. 1970-1985-ci illərdə ölkədə 213 iri sənaye müəssisəsi işə salındı, Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmağa başladı. Görülən böyük işlər nəticəsində Azərbaycan SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi.

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini yenidən qazanaraq, özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa edildi. Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başladı. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi, hakimiyyət uğrunda daxili çəkişmələr, iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətdi. AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi hətta Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoydu. Dərin siyasi, iqtisadi, hərbi böhran keçirən Azərbaycanda xalqın təkidli tələbi əsasında 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin qurtuluşunda həlledici dönüş baş verdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu tarix o zamandan Milli Qurtuluş günü kimi qeyd olunur. 1993-cü il oktyabrın 3-də isə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və Ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycan tarixinə dərin islahatlar dövrü kimi daxil oldu.

2003-cü ildən Ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, respublikamızda irimiqyaslı, transmilli layihələr, iqtisadi islahatlar ardıcıl olaraq həyata keçirilir, ölkənin dinamik inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür, mürəkkəb tarixi şəraitdə dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı hörmətə əsaslanan əlaqələr uğurla inkişaf etdirilir, dövlətimizin beynəlxalq münasibətlər sistemində yeri və rolu güclənir. Keçirilən bütün seçkilərdə Prezident İlham Əliyevin seçicilərinin böyük əksəriyyətinin etimadını qazanması Azərbaycanda xalq-iqtidar birliyinin bariz nümunəsidir.

Comments are closed, but trackbacks and pingbacks are open.