Press "Enter" to skip to content

Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

3.3. İnkişaf Konsepsiyası layihəsinin hazırlanması ilə bağlı aparılan işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uğurla icra edilir

Azərbaycanda son 10 ildə ÜDM 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə artıb, strateji valyuta ehtiyatlarının həcmi 50 milyard dolları ötüb, milli iqtisadiyyata 200 milyard dollara yaxın sərmayə qoyulub.

Bununla bağlı Bakı Biznes Mərkəzində keçirilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun ikinci iclasında məlumat verilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova son illər sosial-iqtisadi sahədə əldə edilən uğurlardan, İnkişaf Konsepsiyası çərçivəsində görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib, milli iqtisadiyyatımız yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə beynəlxalq sosial-iqtisadi çağırışlara cavab verən rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması sahəsində mühüm işlər görülüb. Dünyada və regionda müşahidə edilən mənfi iqtisadi meyllərə baxmayaraq, Azərbaycanda dövlət proqramları, layihələr tam həcmdə icra olunur.

Diqqətə çatdırılıb ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrasının bazis ili ilə müqayisədə 2013-cü ildə ÜDM 5,8 faiz, qeyri-neft sektoru 10 faiz, strateji valyuta ehtiyatları 8,7 faiz, qeyri-neft ixracı 5,9 faiz, orta aylıq əmək haqqı 6,8 faiz, əhalinin gəlirləri 8 faiz, o cümlədən minimum əmək haqqı 12,3 faiz artıb. Bu ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-də 2,2 faiz, qeyri-neft sektorunda 6,5 faiz, o cümlədən qeyri-neft sənayesində 6,6 faiz, rabitədə 14,2 faiz, tikintidə 8,6 faiz, turizmdə 16,8 faiz artım müşahidə edilib.

Qeyd olunub ki, Azərbaycan dünyada 38 ən rəqabət qabiliyyətli iqtisadiyyata malik ölkələr sırasına daxildir və son 6 ildə MDB dövlətləri arasında liderdir. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətinin artırılması və bu sahəyə investisiya qoyuluşlarının surətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması İnkişaf Konsepsiyasının hədəflərinə nail olmaq baxımından əhəmiyyətlidir. Yaradılmış əlverişli biznes və investisiya mühiti, sürətlə artan investisiyalar, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, xarici ticarət prosedurlarının sadələşdirilməsi orta müddətli dövrdə qeyri-neft ixracının daha böyük templərlə artmasını təmin edəcək.

Sevinc Həsənova Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsinin ölkəmizin sənaye potensialından səmərəli istifadə olunması üçün geniş imkanlar yaratdığını bildirib, yeni sənaye parklarının, müəssisə, komplekslərin və regionlarda sənaye məhəllələrinin, aqroparkların yaradılması işlərinin davam etdirildiyini vurğulayıb.

Sonra Milli Fəaliyyət Qrupu üzvlərinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində görülən tədbirlər, o cümlədən birinci iclasda qəbul edilmiş qərarların icrası barədə məlumatları dinlənilib.

İnkişaf Konsepsiyasının Milli Fəaliyyət Qrupunun II iclası çərçivəsində həyata keçirilən tədbirlərin və hazırlanan sənəd layihələrinin icra vəziyyəti ilə bağlı geniş müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır.

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın perspektiv inkişaf hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə qərara alıram:

1. 2020-ci ilədək dövrü əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması məqsədəuyğun hesab olunsun.

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş İnkişaf Konsepsiyasının layihəsinin hazırlanmasına ümumi rəhbərlik, təşkilati və əlaqələndirici səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki:

3.1. İnkişaf Konsepsiyasının layihəsini 2012-ci ilin sonunadək hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. İnkişaf Konsepsiyasının layihəsi hazırlanarkən:

3.2.1. Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasını təmin etsin;

3.2.2. bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi üçün zəruri tədbirlər görsün;

3.2.3. vətəndaş cəmiyyəti təsisatlarının iştirakını, habelə layihənin açıq müzakirəyə çıxarılması üçün müvafiq tədbirlərin görülməsini təmin etsin;

3.3. İnkişaf Konsepsiyası layihəsinin hazırlanması ilə bağlı aparılan işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş İnkişaf Konsepsiyasının layihəsi hazırlanarkən fəaliyyət istiqamətlərinə uyğun olaraq zəruri tədbirlər görsünlər.

Comments are closed, but trackbacks and pingbacks are open.