Press "Enter" to skip to content

Azərbaycan ailəsinin adət ənənələri

Qadın hüquqları istiqamətində yalnış marifləndirmə ailələrdə münaqişəyə səbəb olur…

Dünyaya örnək ailə modelimiz və onun problemləri

Cəmiyyətin inkişafı ailədən “su içir” deyirlər. Ailəni cəmiyyətin təməl daşı adlandıran mütəfəkkirlərin fikrincə, ailədə münasibətlər necə formalaşırsa bu özünü ictimai münasibətlərdə əks etdirir. Odur ki, ailənin sağlam təməl üzərində qurulmasının, cəmiyyətin, dövlətin inkişadında rolu danılmazdır. Bu gün də ailə, vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən sayılır. Bu mənada Azərbaycan ailəsi hər zaman digər xalqlara nümunə göstərilib. Azərbaycanda ailə modeli, ailə ənənələrinə, milli-mənəvi dəyərlərə söykəndiyindən tarix boyu öz simasını itirməyib. Qərb dünyasında ailə institutu deformasiyaya uğradığı bir vaxtda, bizdə ailə dəyərlərinin hələdə qorunub saxlaması, Azərbaycan xalqına xas ən müqəddəs xüsusiyyətlərdən biridir. Bunun kökündə isə milli-mental dəyərlər, əxlaqi keyfiyyətlərimiz dayanır. Bir xalq olaraq, ailəyə hər zaman müqəddəs ocaq kimi baxmışıq. Zaman-zaman ailə institututunun dağılmaması üçün xalq kimi yeri gələndə mətanət, dözüm nümayiş etdirmişik. Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Bəlkədə elə buna görə də, Azərbaycan ailəsi bütün dünyada monolitliyi ilə örnək göstərilir. Amma əlbəttə ki, qloballaşma, inteqrasiya mədəniyyətlərin qovuşması və digər bu kimi tendensiyalar, ailələrə yeni keyfiyyətlər gətirməklə bərabər bəzi arzuolunmaz fəsadlara da yol açır. Nəticədə ailələrin dağılması prosesi baş verir. Bu isə bütövlükdə cəmiyyətdə tənəzzül hallarına və əvəzedici nəslin təlim-tərbiyəsinə mənfi təsir edir. Bu gün ailə institumuzla bağlı cəmiyyəti narahat edən əsas məsələlər qurulan ailələrin, rəsmiləşdirilən nikahların bəzən uğursuz nəticələnməsidirsə, digər problem ailələrdə məişət zorakılığı hallarının baş verməsidir. Elə məişət zorakılığı özü, ailələrin dağılmasına gətirib çıxaran əsas səbəblərdən biridir.

Azərbaycan ailələri… mövcud vəziyyət, problemlər…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov da deyir ki, bu gün boşanmaların əsas səbəbi məişət zorakılığıdır: “Ailə qurmaq kimi, boşanmaq da insanların şəxsi seçimidir. Komitə ailə qurduqdan bir müddət sonra ayrılmağa qərar verənlərə qarşı çıxıb onların bu seçimini əngəlləyə və qarşısını ala bilməz. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, boşanmalarla mübarizə aparmır. Ailələrin möhkəmləndirilməsi istiqamətində iş aparır. Bu istiqamətdə çoxsaylı layihələr həyata keçirilir. Komitə ailələrin dağılma səbəbini araşdırmaq üçün monitorinq aparır. Nikaha xitam verənlər əsasən xasiyyətlərinin uyğun gəlmədiyi üçün ayrıldıqlarını söyləyirlər. Amma bu reallıqda əsas səbəb deyil. Bu gün boşanmaların əsas səbəbi məişət zorakılığıdır. Bundan sonra narkotik aludəçiliyi, sonsuzluq, alkoqollu içkilərdən asılılıq,məşğulluq problemləri durur. Əlbəttə xasiyyət uyğunsuzluğu da bir səbəbdir. Əksər boşanma hallarında bu səbəb göstərilsə də, araşdırma təsdiqləyir ki, çox vaxt ayrılanlar ailədə zorakılığın olduğunu və digər səbəbləri açıb demirlər”.
Komitə səlahiyyətlisinin sözlərinə görə, araşdırmalar nəticəsində boşanma hallarının baş verməsində son illər qadınların məişət zorakılığı zamanı öz hüququnu müdafiə etməsi, zorakılıq halları ilə barışmamasının da əsas rol oynadığı üzə çıxıb: “ İndi qadınların əksəriyyəti zorakılıqsız, sərbəst həyat yaşamağa üstünlük verirlər. İllər öncə zorakılıq hadisəsi zamanı bununla razılaşan qadınlar bu gün, ailədə iqtisadi, fiziki, psixi zorakılıqlar zamanı öz hüquqlarını tələb edirlər. Bu da çox təəssüf ki, nəticədə ailələrin dağılmasına gətirib çıxardır. Bugünki, Azərbaycan qadınları, illər öncəki qadınlar kimi düşünmürlər. Əvvəllər ailədə münaqişə olduqda, zorakılıq hadisəsi zamanı qadın övladını, cəmiyyətin ona yanaşmasını, ailənin qorunmasını düşünürdü. Loru dildə desək, susub otururdu. Amma bugün isə qadınlar öz təhlükəsizliklərini düşünürlər”.
E. Səfərov deyir ki, boşanmaların qarşısının alınması üçün yalnız bir qurumun iş aparması problemin həllini təmin etmir: “Mən yuxarıda boşanmalara səbəb olan əsas amilləri sadaladım. Aidiyyatı qurumlar həmin məsələlərlə bağlı tədbir görməlidirlər. Ailədə sonsuzluq üzündən boşanmanın qarşısının alınması üçün sağlamlıqla bağlı tədbirlər görülməli, işsizlik üzündən münaqişə varsa məşğulluq problemi aradan qaldırılmalıdır”.
Şöbə müdiri boşanmaların qeydə alınmasında tələsik nikahların da payı olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, dağılan ailələr arasında tanış olduqdan qısa müddət sonra evlənmək qərarı verənlər də az deyil: “İnsanlar çox təəssüf ki, bəzən ailənin məsuliyyətini dərk etmirlər. Bu gün tanış olub, üstündən iki ay keçən kimi ailə qururlar. Biri-birinin xasiyyətini tam anlamamış qurulan ailələr uzunömürlü olmur”.

Ailə dəyərlərimiz necə təbliğ olunur?

Komitənin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova deyir ki, təmsil etdiyi qurum tərəfindən hər zaman cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, nümunəvi çoxuşaqlı ailələrin təbliği məqsədilə layihələr keçirilir. Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan ailəsi bu gün də, dünyada ən yaxşı ailə modellərindən hesab olunur: “Bu gün dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühim məsələlərdəndir. Hazırda Azərbaycanda 2 milyon 62 min 30 ailə var. Hər il orta hesabla ölkədə 80 mindən çox nikah qurulur. Ailənin inkişafı və sosial müdafiəsi, qadın və uşaq hüquqlarının müdafiəsi “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Bizim Komitə gənc nəsil arasında ailədaxili münasibətlərin,ailə dəyərlərinin, yaşlı nəsilə hörmət və məhəbbətin qorunub saxlanılması istiqamətində layihələr həyata keçirir. 15 may Beynəlxalq Ailə Gününün qeyd olunması artıq ölkəmizdə ənənəyə çevrilib. Ailə dəyərlərimizin qorunub saxlanılması sahəsində görülən marifləndirmə işlərinin mühim hissəsi kimi 2009-cu ildən başlayaraq “Azərbaycan ailəsi” qısametrajlı film festifvalı uğurla davam etdirilir. 2014-cü ildən isə bu festival çərçivəsində “Həyatdan şəkilə” adlı foto müsabiqə də həyata keçirilir”.

G.Məmmədova ailələrin uzunömürlü olması, ailələrdə məişət zorakılığının qarşısının alınması üçün mütəmadi gənc nəsillə, gənc ailələrlə görüşlər keçirildiyini söyləyir. Onun sözlərinə görə, yeni qurulacaq ailələrin möhkəmliyi, gənclərin zərərli vərdişlərdən uzaq durması üçün hərbi hissələrdə də əsgərlərlə görüşlər təşkil olunur, bu istiqamətdə marifləndirmə işləri aparılır: “Biz məktəblərdə də layihələr həyata keçiririk. Mən həyatı seçirəm” adlı layihə, yuxarı sinif şagirdləri və valideynlərlə birgə təşkil olunur. Layihə çərçivəsində valideyn-uşaq münasibətləri, müəllim və valideynlər arasında qarşılıqlı əlaqənin qurulması, ailədə baş verən konfliktlərdən necə qorunmalı, yeniyetmə dövrünün çətinlikləri və onların profilaktik həlli, reproduktiv sağlamlıq, zərərli vərdişlərə qarşı mübarizə, internet təhlükəsizliyi, hüquqi məsələlərlə bağlı marifləndirmə və müzakirələr aparılır. Komitə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir. Qadınlar və kişilər seçilərək hüquqi maarifləndirmə və seminarlara cəlb olunur”.
Komitə səlahiyyətlisi deyir ki, bu gün təmsil etdiyi qurumun tabeçiliyində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Həmin Mərkəzlər bölgələrdə ailə dəyərlərinin təbliği, məişət zorakılığının və erkən nikahların qarşısının alınması, eləcə də digər istiqamətlərdə işlər həyata keçirir”.

Görülən işlər səmərə verir, amma…

Elə ekspertlər də bu gün aidiyyatı qurumların, QHT-lərin əsas gücü ailə dəyərlərimizin təbliği, ailə institumuzun qorunması istiqamətində fəaliyyətə sərf etməli olduğunu söyləyirlər. Qadın Təşəbbüsü və Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zemfira Mustafayeva bizimlə söhbətində qloballaşma dövründə ailə dəyərlərinin illər öncə olduğu kimi qoruyub saxlamağın çətin olduğunu söyləyir. Onun sözlərinə görə, Avropaya inteqrasiya, İKT-nin inkişafı, ailələrə təsirsiz ötüşmür: “Mən hesab edirəm ki, bu gün ailələrin uzunömürlü olması, boşanmaların, məişət zorakılığının qarşısını alması üçün çıxış yolu maarifləndirmə və təbliğatın gücləndirilməsindədir. Azərbaycanda bu işlə məşğul olan bir dövlət qurumu fəaliyyət göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə əsas dövlət siyasətini həyata keçirir. Bu çox mühim addımdır. Biz yüksək dəyərlərin saxlanıldığı cəmiyyət, güclü dövlət qurmaq istəyiriksə, mütləq ailələr sağlam təməl üzərində qurulmalıdır. Bunun üçün isə ailə dəyərlərimiz təbliğ olunmalı, Azərbaycan ailə modeli qorunub-saxlanılmalıdır. İllər öncə erkən nikahlar cəmiyyət üçün ciddi problem idi. Amma Komitənin apardığı işlər, qanunvericiliyə dəyişikliklər sayəsində bu gün erkən nikahların sayında əhəmiyyətli dərəcədə azalma var. Mən hesab edirəm ki, Komitə bu problemin qarşısını almaq üçün tədbirləri davam etdirməlidir.

“Məktəb direktorları erkən nikah hallarını bilə-bilə gizlədirlərsə…”

Amma bir qurumun iş görməsi ilə də, vəziyyəti düzəltmək, problemi aradan qaldırmaq mümkün deyil. Bu gün bəzi məktəb direktorları erkən nikah hallarını bilə-bilə gizlədirlər. Halbuki, qız uşaqlarının təhsildən yayınması məktəb direktorları üçün SOS siqnalı olmalıdır. Nikaha daxil olmaq üçün yaş həddini artırdıq. Amma çox təəssüf ki, bu gün hələ də molla kəbininə üstünlük verən ailələr var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tövsiyyə yox, rəsmi nikah olmadan dini kəbin kəsməyin yasaq olduğunu qanuna salmalıdır. Bu cür problemlər aradan qalxsa Komitənin, bu istiqamətdə layihə həyata keçirən QHT-lərin gördüyü işlər səmərə verər. Mən Komitənin hərbi hissələrdə ailə dəyərlərimizin təbliği, digər marifləndirmə tədbirlərini dəstəkləyirəm. Amma iş bununla bitmir. Sabah həqiqi hərbi xidməti başa vuran gəncin zərərli dini sektalara qoşulmaması,digəq qanunsuz əməllərə qurşanmaması, əsl ailə başçısı olması üçün onların məşğulluğu istiqamətində də işlər görülməlidir”.
Həmsöhbətimiz deyir ki, məişət zorakılığı qurbanlarının reablitasiyası istiqamətində də görülən işlər təqdirəlayiqdir: “Nəzərə almaq lazımdır ki, bu cür tədbirlərə məişət zorakılığına məruz qalmış qurbanlar qatılır”.

Qadın hüquqları istiqamətində yalnış marifləndirmə ailələrdə münaqişəyə səbəb olur…

Birlik sədri bu gün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının müxtəlif layihə çərçivəsində marifləndirmə və təbliğat işlərinin çox vacib olduğunu söyləyir: “Çox təəssüf ki, bəzi yeni yaranan QHT-lərin təlimçiləri qadınlara onların hüquqlarını düzgün başa sala bilmir. Qadın hüquqları barədə marifləndirmə işi aparanda, elə təbliğat qurmaq olmaz ki, ailədə əsas söz sahibi qadın olmalıdır. Bəzi yeni yaranan QHT təlimçiləri bu işdə nöqsanlara yol verirlər. Nəticədə qadın hesab edir ki, ailədə onun dediyi olmalıdır. Bu zaman Azərbaycanda mental dəyərləri, adət-ənənələri, Azərbaycan kişisinin ailədə uzun illər tutduğu mövqeyi unutmaq olmaz. Bu cür səhv marifləndirmə ailələrdə ər-arvad arasında münaqişələrə, daha sonra boşanmalara qədər gətirib çıxardır. Ona görə də, qadın hüquqları ilə bağlı marifləndirməni də peşəkarlar aparmalıdır”.

Deputat: “Azərbaycan ailəsinə məxsus xüsusiyyətlərin təbliği səmərə verir”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Assambleyanın qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin siyasi əlaqələndiricisi, millət vəkili Sahibə Qafarova da cəmiyyətin sağlam münasibətlər üzərində inkişaf etməsi üçün ailə institumuzun qorunub saxlanılmasını, ailə dəyərlərimizin təbliğini vacib sayır. Həmsöhbətimiz deyir ki, bu istiqamətdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi böyük işlər görür: “Komitənin bu istiqamətdə həyata keçirdiyi layihə və treninqlərin məqsədi də, məhz cəmiyyətdə neqativ hallara yol açan boşanmaların, məişət zorakılığının qarşısını almaqdır. Bu gün Komitə regionlarda bununla bağlı ciddi marifləndirmə işləri aparır. Bütün bunlar cəmiyyətdə sağlam təməllər üzərində qurulan, uzunömürlü ailələrin sayının artmasına öz müsbət təsirini göstərir. Elə götürək Ailə Gününün bayram edilməsini… Bu bayram Azərbaycan ailəsinə məxsus xüsusiyyətləri ortaya qoyur, təbliğ edir. Bu cür tədbirlərin gənc nəslin o ruhda tərbiyə olunmasında rolu böyükdür. Azərbaycan ailəsinin xüsusiyyətlərinin, hansı dəyərlər üzərində qurulmasının təbliğinin müsbət əhəmiyyəti var. Bu gün Azərbaycan ailə modelinin xarici ölkələrdə təbliği istiqamətində də Komitə əhəmiyyətli işlərə imza atıb. Komitə bu gün gender bərabərliyinin təbliği ilə yanaşı, ailə dəyərlərimizi də vaxtaşırı təbliğ edir. Aparılan işlər, həyata keçirilən layihələr sözsüz ki, öz səmərəsini verir. Erkən nikahların sayının azalmasında Komitənin böyük rolu var. Düşünürəm ki, ailə institumuz, nümunəvi ailələrimiz hər zaman təbliğ olunmalıdır ki, ailələr də uzunömürlü olsun. Ailə “pis olarsa boşanaram” düşüncəsi ilə qurulmamalıdır. Bunun üçün isə ailə dəyərlərimizin, ailə modelimizin təbliği daim davam etdirilməlidir. Çünki qloballaşma və modernləşmə şəraitində ailə dəyərlərinin zəifləməsi müşahidə olunur. Bunun qarşısını almaq üçün təbliğat və marifləndirmə işləri aparılmalıdır ki, sağlam cəmiyyət qurmaq mümkün olsun”.

Uzunömürlü ailələrimiz gənclərə nümunə olmalıdır

Ailə institumuz yad təsirlər üzündən bəzi mənfi dəyişikliklərə səbəb olsa da, uzunömürlüyü ilə gənclərə örnək sayılan ailələrimiz də çoxdur. Elə Şəki rayonunun Daşbulaq kəndinin sakinləri, Güllü nənə ilə Adil baba da belə nümunəvi ailələrdəndir. 6 övlad sahibi olan bu ər-arvadın 18 nəvəsi, 5 nəticəsi var. Ömürlərin 79-cu qışını yaşayan bu ixtiyarlarlarla söhbət zamanı uğurlu ailə resseptlərinin sirrini açmalarını xahiş etdik: Elə bir sirri yoxdur ay qızım, deyə sualımıza cavab verən Adil Hüseynov ailələrinin uzunömürlü olmasını ailə dəyərlərimizi yaşatmaları, bütün əziyyətlərə birgə qatlaşmaları ilə izah etdi: “Biz həmişə böyük-sözünə qulaq asıb hərəkət etmişik. Dədə-babadan ailəni hər söz-söhbətə görə dağıtmazlar deyiblər. Ailə kiçik dövlətdir. Hər ailədə söz-söhbət olur. Amma gərək hər kiçik sözü böyütməyəsən. Mən bir ailə başçısı kimi, həmişə rəhmətlik atam təki evi, ailəni idarə etməyə çalışmışam. Bizim ailədə heç kəs böyük məsləhəti olmadan iş tutmur. Güllü mənim 63 ildir ki, ömür-gün yoldaşımdır. Bütün çətinliyi birgə dəf etmişik. Ailənin uzunömürlü olması üçün yeri gələndə güzəştə getmək də lazımdır. Əgər indi ailə quran gənclər bu ənənələri yaşatsalar, öz balaları ilə birgə bizim kimi talehin yazdığı qədər biryerdə olalar”.

Beləcə, bir çox millətlərin qibtə hissi ilə baxdığı Azərbaycan ailələri hələ də öz çoxəsirlik dəyərlərini qoruyaraq saxlamağa müvəffəq olublar. Unutmayaq ki, normal cəmiyyət qurmaq üçün möhkəm, uzunömürlü ailələrin olması şərtdir.
Zülfiyyə QULİYEVA

Azərbaycan ailəsinin milli-mənəvi dəyərləri

Sual 1. Hər bir xalqın ən böyük sərvəti onun milli-mənəvi dəyərləri, bu dəyərlərdən formalaşan adət-ənənələr, mədəniyyət nümunələridir. Xoşbəxt o xalqdır ki, milli-mənəvi dəyərlər ümumbəşəri insani dəyərlərlə üst-üstə düşür.Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafına kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Xalqımızın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir.Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Azərbaycan xalqı meydana gəldiyi gündən inanc etiqadla yaşamış, yer üzünün əşrəfi səviyəsinə qaldırmış və tarixən daha da təkmilləşmişdir. Bu yolun zirvələrindən biri də məhz milli-mənəvi dəyərlərdir.Milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Xalqımızın soykökünə bağlı olan adət-ənənələrimiz yaşayaraq əsrimizə qədər gəlib çatmışdır.Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz bayramı, yas mərasimləri, İslam dini təmizlik, düzlük, insanlıq kimi bəşəri ali hisləri tərbiyə edən milli-mənəvi dəyərləri özündə birləşdirir.Müasir insanın formalaşması və özünü təsdiqi məhz bu dəyərlərin aşılanması prosesi ilə bağlıdır. Milli musiqi də milli-mənəvi dəyərlərin bir hissəsini təşkil edir. Milli-mənəvi dəyərlərin və milli şüurun inkişafında Azərbaycan xalqının qədim köklərə malik olan milli maarifçiliyinin də əsaslı təsiri olmuşdur. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini inkişaf etdirən onun dilidir. Hər bir insan öz ana dilini bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində dünyagörüşünün yenilənməsində mükəmməl təhsil almasında öz soydaşları ilə ünsiyyət qurmasında və s. mühüm rol oynayır.Ulu öndərimiz Heydər Əliyevin vaxtilə qeyd etdiyi kimi “Dilini unudan xırda-xırda mənəvi keyfiyyətlərini də unudur. Hər şey dilin arxasınca gəlir. Millətin milliliyini saxlayan onun dilidir. Dil mənəviyyatdır, mədəniyyətdir, ədəbiyyatdır, tarixdir. Dilsiz millət olmaz. Biz dilimizə ana dili deyirik.”

Sual 2. Hər bir dəyər itirilmiş və sərf olunmuş gücün ekvivalentidir. Ümumiyyətlə dəyər dedikdə, insan üçün qiymətli olan və xüsusi olan varlıqlar nəzərdə tutulur. Dəyərlər öz növbəsində maddi və mənəvi olaraq iki yerə bölünür. Həm maddi, həm də mənəvi dəyərlər ailə üzvləri tərəfindən qorunub, nəsildən-nəsilə ötürülürsə, bunlar ailə dəyərləri adlana bilər.Əsas ailə dəyərləri aşağıdakılardır:

Həyatın mənası, ölüm, etika, din və digər suallar haqqında eyni baxış bucağına malik olmaq və s.

Əslində isə bu ailənin mövcudluğunun başlıca səbəbidir. Əgər dəyərlər olmasa ailə də ola bilməz. Ailə dəyərləri yalnız ailə üzvlərinin eyni baxış bucağına sahib olması deyil, həmçinin onun qorunub saxlanılmasıdır. Ailə dəyərlərinin eyni olduğu ailələrdə emosional vəziyyət müsbət olur.Ailə dəyərlərinə həmçinin xalqın adət və ənənələr də daxildir. Ailədə ailə üzvlərinin (ər-arvad, uşaqlar, bacı-qardaş, nənə-baba və s.) rollarının qavranılması, onların hüquq və vəzifələri, məsuliyyət sərhədləri vəs. bunların hamısı birlikdə ailə dəyərləri adlanır.

Bununla belə ailə dəyərlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1.Ünsiyyət və ünsiyyətə açıq olmaq. Öz fikirlərini, düşüncələrini söyləmək, hər bir insan üçün vacibdir. Çox vaxt ailədə normal ünsiyyət qurulmur. Bu da ailə üzvlərinə öz mənfi təsirini göstərir. Buna görə də insanlar sevinc və kədərləri ilə ailə üzvləri ilə deyil, daha çox dostları və tanışları ilə bölüşürlər.Münasibət ilə ünsiyyət eyni deyildir. Eyni ailənin üzvləri qaçılmaz olaraq bu münasibət içindədirlər, ancaq bu münasibət halında olmaq onların ünsiyyət halında olmaqları mənasına gəlmir. Ailə üzvlərinin həqiqi mənada ünsiyyət qurmaqları çox önəmlidir. Gerçək ünsiyyətin təməlində “səmimiyyət”“başa düşülmə” dayanır. Ailədəki hər kəs bir-birinin danışma və özünü ifadə etmək haqqına hörmət etməlidir. Bir ailə üzvü danışdıqda digər ailə üzvləri onu həqiqətən anlamaq niyyəti ilə dinləməlidirlər.Hər ailə üzvü digər ailə üzvlərindən fərqli də olsa öz fikirlərini azad və sərbəst formada deyə bilməlidir. Bir problem yaşananda da onu dolayı yollarla deyil, ünsiyyət qururaraq həll yolu tapılmalıdır. Əgər ailədə normal ünsiyyət qurularsa, onda ailə üzvləri bir-birini daha yaxşı başa düşər və bu ailədə narazılıqlar və mübahisələr daha az olar və ya heç olmaz.

  1. Hörmət.Ailə içində ən başlıca dəyərlərdən biri hörmətdir. Sağlam münasibətlərdə hörmət əsasdır. Qarşımızdakı insanının varlığını qəbul etmək, onun dəyərinin fərqində olmaq, onunla təsadüfi davranmamaq hörmətin əsasını yaradır.Hörmət əsas etibarı ilə insanın yaradılışından gələn dəyərdir. Hər bir ailə üzvləri bir-birinə lazım olan hörməti göstərməlidirlər.Valideynlər ailə daxilində hörməti açıq-aydın bir dəyər olaraq yaşayar və yaşatdırarsa uşaq şəxsiyyətinin inkişafına ən böyük təsir etmiş olarlar. Əgər ailə üzvləri bir-birinə hörmət etmirsə, bir-biri ilə maraqlanmırsa bu zaman ailədə normal ünsiyyət də olmaz. Əsas odur ki, “hörmət” və “qorxu” anlayışları qarışdırılmasın. Ailə üzvləri bir-birindən qorxmalı deyil, bir-birinə hörmət etməlidir.
  2. Ailə üçün önəmli olmaq hissi.Hər bir insan evinə qayıdarkən öz doğmalarının gözlərində sevinc görmək, onların sevgisini hiss etmək və bu sevginin onun yüksəliş və enişlərindən asılı olmadığını bilmək istəyir. Onların problemi ilə maraqlanmalıdır… Ev bir qaladır. Ailə isə kiçik bir ordu və hər bir insan evində özünü rahat hiss etmək istər.
  3. Bağışlamaq bacarığı.Bizlərdən heç birimiz ideal deyil və hər birimiz səhv edə bilərik. Ailə və insanın doğmalarından ibarət olduğundan burada kin və ədavətə yer olmamalıdır. Məhz buna görə də bir-birimizi bağışlamağı bacarmalı və özümüzdə çalışmalıyıq ki səhv etməyək.

5.Adət-ənənələr.Hər il yeni ili, Novruz bayramını və s. bayramları qeyd etmək- əlbəttə bu da bir adət-ənənədir. Hər bir xalqın, millətin özünəməxsus adət-ənənələri olduğu kimi hər bir ailənin də öz adət-ənənələri mövcuddur.Bəziləri intisnasız olaraq hər hansı günü hər həftə eyni yeməyi bişirir və s. Bu dəyərin əsas mahiyyəti ondan ibarətdir ki, ailənin hər bir üzvü ona inanır və əməl edir.

  1. Məsuliyyət.İnsana xoş olan ən önəmli xüsusiyyətlərdən biri də məsuliyyət hissidir. Unutmaq olmaz ki, işdə, rəislə danışanda və digər iş görəndə məsuliyyətli olduğumuz kimi ailəmizdə də məsuliyyətli olmalıyıq. Nə qədər məsuliyyətli olarıqsa, ailəmizin bizə olan güvəni də bir o qədər çox olar.Hər bir ailə üzvü öz roluna uyğun olaraq bəzi məsuliyyətləri yerinə yetirmək məcburiyətindədir. Hər gün yemək bişirmək, ailəyə gəlir gətirmək, məktəbə getmək və ev təmizliyi etmək kimi işlərlə qarşı-qarşıya oluruq. Ortaq bir yaşayış vəziyyəti yaratmaq və birlikdə yaşaya bilmək üçün bu məsuliyyətlərin yerinə yetirilməsi vacibdir.Bu məsuliyyətlərin nə olacağı və sərhədləri hər ailəyə görə də dəyişə bilər. Önəmli olan hər bir ailə üzvünün məsuliyyətinin (üzərinə düşən) fərqində olmasıdır.
  2. Qərarlara qatılmaq.Hər bir ailə üzvü ailənin ortaq qərar vermə və qərarlara qatılma haqqınа sahib olmalıdır. Hansı yemək bişiriləcək, hansı televiziya proqramına baxılacaq və nə geyiləcək kimi bir çox mövzularda qərar verməkdə çətinlik çəkilir. Əgər söhbət ailənin ortaq fəaliyyətlərindən gedirsə, hər kəs fikrini söyləməlidir.
  3. Davamlı sevgi. Ailənin bütövlüyü sevgidən keçir. Ananın ataya və atanının anaya, valideynlərin uşağa, uşağın valideynlərə göstərdiyi sevgi ailənin emosional atmosferini yaradır.

Ana və atanın həm bir-birinə həm də övladına sevgi mövzusunda comərd davranması vacibdir. Bir uşaq doğulduğu andan etibarən ana-atasından ona qarşı sevgi görərsə ruhən də sağlam olur. Lakin ana uşaqla sərt davranarsa uşaq daim neqativ emosiya içərisində olar ki,bu da uşağın psixi sağlamlığına mənfi təsir göstərər. Ana-ata uşaqlarına “Küsdüm”, “Belə etsən səni sevən deyiləm”, “Sənlə danışmıram” kimi lazımsız cümlələr deməsi doğru deyil. Bu kimi cümlələr emosional güvənlik sahəsini təhdid edər. Əgər bu qeyd etdiyimiz dəyərlərə bütün ailələrdə əməl edilərsə o ailənin bünövrəsi möhkəm və uzunömürlü olar. Ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük.Azərbaycan ailəsində övlada olan sevgi bəlkə də dünyanın heç bir xalqı ilə müqayisə olunmayacaq qədər güclüdür. Zənnimizcə, Azərbaycan ailəsinin üzunömürlüyünün əsas səbəblərindən biri də budur. Ailənin yaşaması üçün iqtisadi dayaq önəmli olsa da, təkcə pul, mövqe, gözəllik, şöhrət kimi amillər onun varlığı üçün kifayət etməz. Çünki maddi elementlərin heç biri daimi deyil, ailənin gerçək bir ailə olması üçün burada mənəvi dəyərlərin hakim olması mütləqdir.

Qeyd etdiyim kimi, ailə birgə yaşayışın ilk modeli olaraq xoşbəxtlik qaynağı, millətin həyati baxımından müqəddəs bir dəyər və təməldir. Bu təməlin düzgün qurulması, bu dəyərin yaşadılması üçün müasir Azərbaycan ailəsi həm novator, həm də konservator olmalıdır.O, zamanın sınaqlarından keçib bu gün də mövcud olan ailə dəyərlərimizi mühafizə etməli, yaşatmalı, böyüyə hörmət, kiçiyə diqqət, mərhəmət kimi amilləri üstün tutmalıdır. Eyni zamanda, demokratik prinsipləri qavramalı, zamanın, dövrün nəbzini tutub müsbət ənənələrimizə zərbə vurmayacaq yenilikləri qəbul etməli, fərdlərin müstəqil düşüncə tərzinə, seçiminə qadağalar qoyulmamalıdır. Xalqımızın yaşaması üçün öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzzolunmaz rol oynamışdır. (İLHAM Əliyev) Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Ana-atalar uşaqlara bu dəyərləri qazandırmaq üçün nə etməlidirlər?

  1. Öz ailə fəlsəfələrini və dəyərlərini açıqlıqda etməli və bunu uşaqları ilə paylaşmalıdırlar.
  2. Ana və ata öz münasibətlərində də ailə dəyərlərinə uyğun hərəkət etməlidirlər.
  3. Uşaqlarla qurulacaq münasibətlərdə bu dəyərlər əsas olmalıdır.
  4. Ailə toplantılarında zaman zaman bu dəyərlərdən danışılmalı və ailə dəyərləri haqqında söhbət edilməlidir.

Sual 3. Müasir ailənin ümumi psixoloji portretinin yaradılmasında qadının rolu xüsusilə əhəmiyyətlidir. Qadın haqlı olaraq ailə ocağının qoruyucusudur, möhkəm ailə isə cəmiyyətin çox mühüm dayaqlarından biridir. Yüksək savad və mədəniyyət, həssaslıq və ana müdrikliyi işdə və ev işlərində mənəvi iqlimə mühüm təsir göstərir, həyatımızı zinətləndirir, onu qorumağa kömək edir. Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə təsdiq etmiş ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi:«Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir». Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Hər bir ailədə cəmiyyətə vətəndaş yetişdirilir. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Qadının kişiyə tamamilə müyəssər olmayan xüsusi bir məsuliyyəti “analıq” məsuliyyətidir. Çəkinmədən demək olar ki, ananın məsuliyyəti atadan daha ağırdır. Nəsili davam etdirmək qabiliyyətini qadına təbiət vermişdir. Bu yolla təbiət Anaya həm də təkrarolunmaz sosial rol da bəxş etmişdir.Həmin rolun məzmunu və ifadə qaydaları isə cəmiyyət tərəfindən müəyyən olunur. Buna görə də onlar həmişə sosial – tarixi xarakter daşıyır, cəmiyyət dəyişdikcə mahiyyətcə yeni xüsusiyyətlər əmələ gəlir.Psixoloqların fikrincə böyüməkdə olan nəslin tərbiyəsində qadının rolu daha böyükdür. Uşağın ana ilə emosional ünsiyyəti onun nəinki psixi, habelə fiziki inkişafının əsas şərtidir.Qadın ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Kişi və qadın ailənin sütunudur və ailənin davam etməsi üçün hər ikisinin özünəməxsus məsuliyyətləri vardır. Burada qadının rolunu inkar etmək mümkün deyil və sağlam ailə həyatı üçün qadın lazımi biliklərə yiyələnməlidir. Burada qadın üçün nəzərdə tutulan savad və təhsil, ilk növbədə günün tələblərini və zəmanənin yeniliklərini bilməkdir. İkinci növbədə isə qadının orta və ya ali məktəb təhsili nəzərdə tutulur. Məlumatlar genişləndikcə və təcrübə artıqca insanda düzü əyridən ayırd etmək məharəti yaranır və bu da müqabildəki şəxsi yaxından tanımağa imkan yaradır.Ailə də başqa qurumlar kimi dəqiq hədəf və düşünülmüş siyasət üzrə hərəkət etməlidir. Başqa sözlə desək onu düzgün idarə etmək və mənzil başına çatdırmaq üçün lazımi tədbirlər görülməlidir. Bu dəqiq məsuliyyətin öhdəsindən gəlmək üçün lazımi biliklərə yiyələnmək zəruridir. Belə həlledici məqamda savadlı qadın bir ailə başçısı kimi öz dəyərli təkliflərini irəli sürmək qabiliyyətinə malikdir. Aydındır ki, ali məktəblərdə hakim olan elmi-mədəni fəza tələbələrə həm qarşıya konkret məqsəd qoymağı və həm də bu məqsədə doğru nizam-intizamla hərəkət etməyi öyrədir.

Bu cəhətdən ali təhsil, daha dəqiqliklə desək bilik qadına ailədə onun üzərinə düşən məsuliyyətləri daha məharətlə icra etməyə imkan yaradır. Bir məsələyə də diqqət yetirək ki, qadının təhsilli olması onun mütləq işləməsi demək deyildir. Təhsil — həyatı, insanları tanımaq, sosial bacarıqlar qazanmaq üçün çox önəmlidir. Qadının oxuyub təhsil alması, ancaq analığı da kiçiltməməsi ən ideal seçimdir.Qadın bu gün özünə təkcə qadın kimi deyil, ana kimi deyil, həm də vətəndaş kimi yanaşır. O, kişidən də özünə qarşı məhz belə bir münasibət tələb edir. Müasir dövrdə nikah – ailə münasibətlərinin inkişafında qadının şəxsiyyəti ilə bağlı olan cəhətlər daha mühüm rol oynamağa başlamışdır. Həyatda xaraktercə bir- birinə tam uyğun gələn iki şəxs yoxdur. Ona görə də təbii ki, hər hansı bir qadında bu və ya digər cəhət üstünlük təşkil edə bilər.Lakin hər halda şəxsiyyət kimi müasir qadının inkişafında bir ümumi ənənə mövcuddur: onun ictimai şüurunun, cəmiyyətdə öz mövqeyini və rolunu düşünmək qabiliyyətinin surətli inkişafı. Ona görə də qadın daim özünü təkmilləşdirməlidir. Hazırda kişilər öz həyat yoldaşlarının timsalında təkcə mətbəxdə vurnuxan qadını deyil, təbii ki, həm də idealın başlıca məziyyətlərinə, nəcib əxlaqi sifətlərinə yiyələnmiş qadını görmək istəyirlər.Müasir ailədə qadın statusunun köklü surətdə dəyişilməsi özlüyündə böyük sosial nailiyyət olsa da, onun gözləmədiyimiz əlavə nəticələri də olub. Onlardan biri bizim günlərimizdə bəzi qadınların ərini uşaq yerinə qoyub danlaması, məzəmmət və tənqid etməsi ilə bağlıdır.Məhz onların böyük əksəriyyəti kişini danlamağı, məzəmmət etməyi adi hal hesab edir, hətta bəzən təəccüblə çiyinlərini də çəkir: “kişini danlayanda nə olar ki, zəri tökülər?”-deyirlər. Belə çıxır ki, əri danlamaq bu və ya digər dərəcədə təhsillə bağlıdır.Lakin məsələyə sosial-psixoloji baxımdan yanaşsaq bu izahatla razılaşa bilmərik. Ali təhsilli qadınların böyük əksəriyyəti həyat yoldaşına hörmətlə yanaşır, onun kişi ləyaqətini uca tutur. Məsələnin kökü ali təhsil almış bəzi qadınların öz hüquq və vəzifələrini düzgün başa düşməmələri ilə bağlıdır.

Sual 4. Qadının üzərinə müəyyən vəzifələr düşdüyü kimi, ailə qurduqdan sonra kişinin üzərinə yerinə yetirməsi zəruri olan bəzi maddi və mənəvi vəzifələr də düşür. Azərbaycan ailələrində kişi adətən ailənin başçısı hesab olunur. Yalnız istisna hallarda ailədə ər – arvad arasında qarşılıqlı münasibətlərin ahəngi pozulduğu təqdirdə onlardan hər biri lider olmağa can atır.Ata, kişi nüfuzunun olmadığı ailələr üçün deyirlər: “Ailədə biri kişi, biri qadın olmalıdır, bir ailədə iki yarım kişi nəyə gərəkdir?”. Həmin sözlərin mənası aydındır. Kişinin kişi, qadının qadın yeri var. Əlbəttə, ata müəyyən məsələlərin həllində öyrənməli, nəzərə almalıdır.Uşaqların tərbiyəsində ana ilə yanaşı atanın da xüsusi rolu vardır. Oğlan uşaqları üçün ata ağıl, iradə qüvvəsi, kişi əzəməti nümunəsidir. Ata oğlunu tərbiyə etməklə, həm də özünü tərbiyə edir və dəyişir. Öz oğlunun simasında gələcək kişinin formalaşmasını görmək və ona bu sahədə ən yaxşı davranış nümunəsi göstərmək o deməkdir ki, ata özünün kişi ləyaqətini qoruyur, daha da inkişaf etdirir. Oğlan uşaqları özlərini ata ilə eyniləşdirirlər, onun bir çox hərəkətlərini təqlid yolu ilə mənimsəyirlər. Bu mənada bir ailədə oğlan uşaqlarının tərbiyəsində atanın xüsusi məsuliyyət daşımasından danışırıq.Qızların mənəvi inkişafını da atasız təsəvvürə gətirmək olmaz. Oğlan uşağının həyatında ana nə qədər böyük rol oynayırsa, qız uşağının həyatında da ata bir o qədər böyük rol oynayır.Psixoloqlar əsaslı sürətdə müəyyənləşdirmişdilər ki, atasız böyüyən qız uşaqlarında kişi haqqında dolğun təsəvvürlər formalaşmır. Bu əsasda da onun gələcəkdə öz həyat yoldaşı ilə münasibətlərində xeyli çətinliklər qarşıya çıxacaq. Biz bura başqa faktları da əlavə edə bilərik. Lakin onların hamısını bir məna birləşdirir: ailəin mənəvi inkişafı, həm ata, həm də ana ilə bilavasitə bağlıdır. Onlar ailə həyatının vəhdət təşkil edən qoşa qanadıdır.Bu cəhəti düzgün başa düşən ana həmişə ailədə atanın hörmət və nüfuzunun qorunub saxlanmasına xüsusi diqqət yetirir. “Ata yatıb səs salma”, “Atan gəlir özünün yaxşı apar” və s. ifadələrə adi iradlar kimi baxmamalıdır. Onları yüksək qiymətləndirməlidir. Bir mühüm cəhəti də xüsusi qeyd etmək istərdik ki, ana atanın hörmət və nüfuzunu möhkəmləndirərkən, həm də öz nüfuz və hörmətini artırır. Uşaqların yanında atanı təhqir edən ana, şübhəsiz ki, özünü də hörmətdən salır. Bu ataya da aiddir. Ailədə ananın hörmət və nüfuzunun möhkəmləndirilməsi onun başlıca qayəsi olmalıdır.Müasir dövrdə atanın rolu köklü sürətdə dəyişmişdir. Bir çox ailələrdə atanın nüfuzu xeyli azalmışdır. Fəlsəfə elmləri namizədi R.D.Əzimova Bakının bir rayonunda apardığı sosioloji tədqiqat nəticəsində müəyyənləşdirmişdir ki, uşaqların 45%-i özünün sevinc və kədərini anası ilə, yalnız 16%-i atası ilə bölüşür.Ataların az bir qismi uşaqları ilə gəzintidə, idman oyunlarının təşkilinddə iştirak edir, tapşırıqlarını yoxlayır, müəllimlərlə əlaqə saxlayır, uşaqların tərbiyəsində Anaya kömək edir. Uşaqlar çox vaxt peşə seçəndə ata ilə deyil, məhz ana ilə məsləhətləşirlər. Ailə tərbiyəsi bir növ qadın işinə çevrilmişdir. Uşaqların təhsili və tərbiyəsi məsələlərini daha çox qadınlar həll edir. Cinslər arasında, ailədə ər və arvad münasibətləri mahiyyətt etibarilə cəmiyyətin iqtisadi quruluşu ilə müəyyən olunur. Matriarxatın və partiarxatın öz iqtisadi əsasları vardır. Lakin hər iki halda ailə avtoritar xarakter daşıyır, kor – koranə tabeçilik prinsipinə əsaslanırdı. Bir cinsin başqa cins üzərində hakimiyyəti bütün ailə həyatına nüfuz etmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasında göstərilir ki, “ailə dövlət tərəfindən müdafiə olunur. Nikah qadın və kişinin könüllü razılığına əsaslanır: ər və arvad ailə müasibətlərində hüquqca tamamilə bərabərdirlər”. Lakin ailədə baş verən müxtəlif sosial – demoqrafik və psixoloji proseslərlə əlaqədar atanın ailədə rolu tədricən dəyişməyə başlayır.Birincisi, uşaq vaxtı ilə səhərdən axşamadək atanın evdə işlədiyini, məsələn, dərzilik, misgərlik və ya dulusçuluqla məşğul olduğunu görürdü. Hazırda peşə əməyi ailədən ayırmışdır. Bu günkü uşaq atanın, məsələn, Neft daşlarında, maşınqayırma zavodunda, kənd təsərrüfatında və s. göstərdiyi əmək rəşadətini çox vaxt bilavasitə görmür.İkincisi, şəhər həyatı tərzinin inkişafı, kütləvi sürətdə çoxmərtəbəli abad mənzillərin tikilməsi, məktəbəqədər uşaq müəssisələri şəbəkəsinin genişləndirilməsi və s. atanın ailə əməyinə tövhəsi də azalmışdır. Bir vaxt kişi odun doğrayır, kömür gətirir, soba qalayır, su daşıyırdı və s. Müasir mənzillərin heç birində bunların heç birinə ehtiyac qalmır.Bu baxımdan uşaqlar çox vaxt evdə də atanın əmək nümunəsini görmürlər. Belə şəraitdə uşaqlarda o cür təəssürat yaranır ki, ailənin həyatı bilavasitə anadan asılıdır. Əlbəttə, bütün söhbətlərin məzmununu şəhər həyatı ilə məhdudlaşdırmaq olmaz. Kənd mühitində də ailə təsərrüfatında da ananın rolunun artdığı sosioloqlar qeyd edirlər. Sosioloqlar, psixoloqlar, pedaqoqlar və s. hesab edirlər ki, ailənin gələcək inkişafı atanın nüfuzunun artırlması ilə bilavasitə bağlıdır. Onlar haqlıdırlar. Ailədə atanın rolunun azalması nəinki uşaqların mənəvi və fiziki inkişafına mənfi təsir göstərir, həm də onların ailə həyatına hazırlanması prosesini çətinləşdirir. Ailə həyatında çox şey kişidən asılıdır. Müasir qadınlar nə qədər də güclü, “kişi” xasiyyətli olsalar da, onlardan hər biri kişidə özünə dayaq, müdafiə, stabillik axtarır. Qadının da möhkəm bünövrəli ailənin yaradılmasında böyük rolu vardır. Çünki ailədə psixoji iqlimin səviyyəsi məhz qadının sayəsində müəyyənləşir.

Sual 4. Hər bir ailənin öz qayda-qanunları, əxlaqi dəyərləri olur. Ailədə məsuliyyətli və əxlaqlı övladların yetişməsində əxlaqi dəyərlərin düzgün təbliğ olunmasının çox böyük təsiri var. Ailənin yaranma tarixi çox qədimdir. Ailə ilk yarandığı vaxtdan əxlaqi dəyərlərlə qarşılıqlı təsirdə olmuşdur. Zaman keçdikcə əxlaqi dəyərlər ailədə hər şeydən önə keçmiş, onun təbliğ olunması əsas məsələyə çevrilmişdir. Əxlaqi dəyərlər dedikdə, insanların bir-birinə sevgisini, hörmətini, şəfqətini, mərhəmətini, qarşılıqlı qayğı duyğusunu, qarşılıqlı yardımlaşma hissini və s. başa düşmək olar. İnsanın böyüyüb boya-başa çatdığı ailənin onun tərbiyəsində, əxlaqlı insan kimi yetişməsində rolu əvəzsizdir. Ailənin elə ən əsas funksiyası da gələcək üçün öz məsuliyyətini dərk edən, əxlaqi dəyərləri mənimsəyən insan yetişdirməkdir.

Ailə kiçik bir dövlətdir. Bir dövlətin öz mövcudluğunu qoruyub saxlaması üçün nizam-intizam əsas olduğu kimi, bir ailənin də öz mövcudluğunu qoruyub saxlaması üçün əxlaqi dəyərlər əsasdır.

Cəmiyyət üçün sağlam düşüncəli, sağlam əxlaqlı insanların yetişdirilməsi ailədən başlayır. Ailədə ata və ana üzərinə düşən bu vəzifəni layiqincə yerinə yetirməyə çalışmalıdır. Əks halda, cəmiyyət çökməyə məhkumdur. Ailədə əxlaqi dəyərlər düzgün təbliğ olunsa, onda gələcəkdə sağlam əxlaqlı cəmiyyətin qurulması asan olar.Hər bir ata-ana övladına mükəmməl tərbiyə verməyə, onu əxlaqlı insan kimi yetişdirməyə çalışmalıdır. Bunun üçün, ilk növbədə, onlar övladlarına nümunə olmalıdırlar. Ata-ana öz sevgisi, hörməti, şəfqəti, mərhəməti ilə övladlarına nümunə olmağa çalışmalıdır. Ailədə əxlaqi dəyərlərin təbliğ olunmasında qarşılıqlı yardımlaşma hissinin aşılanması da çox böyük əhəmiyyətə malikdir. Uşaqlarla birlikdə ehtiyacı olan ailələrə yardım etməyin, onların problemlərini həll etməyə çalışmağın onlarda bu hissin formalaşmasında rolu böyükdür.

Ata-ana övladlarına təkcə əxlaqi dəyərləri aşılamaqla kifayətlənməli deyil. Onların cəmiyyət tərəfindən qəbul edilməyən qeyri-əxlaqi davranışlardan uzaq durmalarına da çalışmalıdır.Cəmiyyət tərəfindən qəbul olunmayan bu davranışlara qeybət etməyi, riyakarlığı, yalan danışmağı, paxıllığı və s. misal göstərmək olar. Ailədə əxlaqi dəyərlərin təbliğ olunmasında böyüklərə hörmət, kiçiklərə qayğı hissinin formalaşdırılması da əsas rol oynayır. Hər bir ata-ana övladına bu hissləri öz davranışları ilə göstərməlidir. Çünki uşaqlar gələcəyin ailə başçılarıdır.

Sual 5. Ailədə əxlaqi dəyərlərin düzgün təbliğ olunmasında ən mükəmməl din olan İslam dininin dəyərlərindən istifadə etməklə yüksək nəticə əldə etmək olar. İslam dinində ailədə əxlaqi dəyərlər dini dəyərlərlə birlikdə qarşılıqlı əlaqədə öyrədilir. Ona görə də əxlaq anlayışının dinimizdə yeri çox böyükdür. Burada əxlaqi dəyərlərə, normalara da böyük yer verilir. Əxlaq haqqında çoxlu hədislər var. Məsələn: “İnsanlara gözəl əxlaqla davranın”. Başqa bir hədisdə isə ailədə atanın bu işdə böyük rolu olduğu göstərilir: «Heç bir ata övladına gözəl əxlaq və tərbiyədən daha dəyərli bir hədiyyə verməmişdir». Buradan görünür ki, dinimizdə ailədə əxlaqi dəyərlərin öyrədilməsinə, əxlaqlı və tərbiyəli nəsillərin yetişdirilməsinə böyük yer verilir. İslam ailəyə çox böyük dəyər verir. Bu baxımdan, İslam işə nikah kimi ülvi bir əhdləşmə ilə başlayır. Ailənin təşkilində ən əsas və ilk mərhələ düzgün niyyət və məqsədli addım atmaqdır. Buna görə də, müqəddəs ailə təməli qoymaq istəyənlər səmimiyyət və sədaqət yolunu seçməlidirlər.Bundan da vacibi onların öz ilahi bağlılıqlarında, həmçinin ailə həyatının bütün mərhələlərində Allah razılığından başqa umacaqları olmamalıdır. Digər tərəfdən, qurulacaq ailə milli-mənəvi, dini-əxlaqi faktorlara söykənməlidir. Bəli, bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməli və necə bir insanla ailə həyatı quracağını müəyyənləşdirməlidir.Bəziləri isə bu faktorları nəzərə almadan həyat yoldaşı seçir və ya ailə həyatı qururlar. Bir müddətdən sonra da anlayırlar ki, onlar arasında ciddi şəkildə fərqlər var. Ailədə baş verən bir çox problemlərin səbəbi də həmin mərhələdəki yanlış addımların nəticəsidir. Bu gün xalqımızın ailə dəyərlərini təhlükə altında qoyan ən mühüm məsələ bəzi gənclərin ailə içində öz vəzifə və məsuliyyətlərini dərk etməmələridir. Səbəb isə bu gənclərin nəinki ailə dəyərlərindən, İslamın bu mövzuda olan əxlaqi-tərbiyəvi qanunlarından bixəbər olmalarıdır. Çünki İslamda ailə müqəddəsdir. Müqəddəs kitabımız Qurani-Kərimdə və Peyğəmbər Əfəndimizin (s.ə.s.) hədislərində ailə qayda-qanunları, ailədə böyüyə-kiçiyə hörmət, ata-anaya itaət və məsuliyyət mükəmməl bir şəkildə göstərilmişdir. Təəssüf ki, dini dəyərlərimiz də bu gün istənilən səviyyədə yaşanmır. Din əxlaqının yaşanmadığı bir toplumda isə əxlaqi-ailəvi dəyərlər vaxt keçdikcə öz qüvvəsini itirir. Çünki belə toplumda insanların yaxşını və pisi ayrıd etmə anlayışları ortadan qalxır. Bir milləti bir arada tutan, dövləti güclü edən əsas üsullardan biri mənəvi dəyərlər, din əxlaqıdır. Keçmişi və mədəniyyəti nə qədər qədim olursa olsun, mənəvi və dini dəyərlərin zəifləməsi bir toplumda anarxiyanın ortaya çıxmasına səbəb olur. Bu dəyərlərin ortadan qalxdığı bir toplumda əxlaq, ailə, millət, dövlət məfhumları qavramları da aradan qalxır. Digər tərəfdən, tarixi bir faktdır ki, dini və milli bağları zəif olan millətlər tarix səhnəsindən çox tez silinib gedirlər.

Sual 6. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Ailə dəyərlərin uşaqlara köçürüldüyü əhəmiyyətli bir müəssisə, fərdin ilk təhsil və tərbiyəsini aldığı nüvə təşkilat, şəxsiyyətin və xarakterin formalaşdığı başlanğıc mühitdir.Sağlam ailə sağlam cəmiyyət deməkdir. Başqa sözlə, toplumun, dövlətin əsasını sağlam ailələr təşkil edir. Ailə cəmiyyətin bir nüvəsi isə, deməli, əvvəlcə təmiz cəmiyyətin toxumları da burada atılacaq. Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin bu xüsusda üzərinə çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişafın, xüsusilə qloballaşmanın gətirdiyi problemlərlə qarşı-qarşıyadır. Bu gün Qərb cəmiyyətində müşahidə olunan mənfi dəyişikliklər əxlaqi fəzilətlərdə böyük dəyərlərin itirilməsinə səbəb olur. Bu zərərin nəticəsində yox olan dəyərlərin kompensasiyası adına dünya millətlərinin bəziləri artıq ailə institutunu bir variant olaraq deyil, bir investisiya vasitəsi kimi qəbul etməyə başlamışlar.Qlobal ölçüdə ailə həyatı zamanla ortaya çıxan innovasiyaların təhdidi altına girməkdədir: texnologiyanın inkişafı, millətlərin rifah səviyyəsinin yüksəlməsi, fərdiliyin artması, mənəvi dəyərlərin zəifləməsi kimi bir qisim faktlar ailə həyatının təməlini təsir altına almışdır. Demoqrafik problemin Qərbdə ümumi bir problem olduğu, elmin isə ailə quruluşunun cəmiyyətdə mövqeyi mövzusunda məlumat verə bilmədiyi danılmaz faktdır.Bu gün uzunömürlu, sağlam ailə modulu hazırlaya bilməyən, gender məsələsini “ çözərək” qadınlarını kariyerist edən Avropa, indi onları ailəyə bağlamaqda çətinlik çəkir.Qloballaşma şəraitində, inkişaf etməkdə olan dövlətlərin Avropaya adaptasiyası kimi, Avropanın da Şərqə, xüsusilə müsəlıman-türk dövlətlərinə inteqrasiyası zəruridir. Qərbin sağlam ailə sistemi yaratması üçün Şərq xalqlarının, türkdilli millətlərin, müsəlman cəmiyyətlərinin ənənələrini, milli-mənəvi dəyərlərini, əxlaqi normalarını mənimsəməsi və tətbiq etməsi labüddür. Çünki müsəlman-türk cəmiyyətinin ən önəmli dəyəri başqasını xoşbəxt etməyə əsaslanır. Şəxsi azadlıqdan, individuallıqdan imtina edib başqasının xoşbəxtliyini hədəfləməyə yönəlir. Ailə təməlinin xilası da budur: başqalarını özündən çox sevmək və sevdiklərini özündən çox düşünmək. Əgər ailənin təməli düzgün qurularsa, onun “xəstələnmək” və dağılmaq təhlükəsi də az olar. Bəs ailə qurarkən hansı şərtlər önəmlidir?Ailə sevgi üzərində qurulmalıdır. Fərdi xoşbəxtlik ümumi mənafedən üstün olmamalıdır. Nikaha daxil olan tərəflərin intellekt və dünyagörüşlərində ümumilik olmalı, mədəni səviyyələri üst-üstə düşməlidir. Sosial statusları, iqtisadi durumları uyğun olmalıdır və s. İki şəxs ayrı-ayrı yaşaya bilmədiklərini dərk etdikdə nikaha girməli, birgə yaşamalıdırlar. Sevgi zamansız və plansız olduğu üçün hər kəsin ailə həyatı sevgi üzərində qurulmur. Lakin birgəyaşayış dövründə rəğbət və böyük hörmət hissi bütünləşərək sevgiyə çevrilir. Uzunömürlü, sağlam ailənin qurulması üçün kişinin və qadının həyata baxışları, mədəni səviyyələri bir-birini tamamlamaqla yanaşı, tərəflər arasında məsuliyyət və sayğının mövcud olması mütləqdir! Bəzən sevgi ilə cazibə, ehtiras hisslərini ayırd edə bilməyən gənclərin nikahının ömrü qısa olur. Ailə qurmaq da, dağıtmaq da asandır, lakin onu həyatın sınaqlarından keçirib yaşatmaq çətin və şərəfli vəzifədir. İnsan həyatının mühüm mərhələlərindən olan evlilik mahiyyət və keyfiyyət etibarilə həm də ciddi məsuliyyət tələb edir. Ailənin parçalanması mənəvi və ictimai dəyişikliklərə səbəb olur. Bu vəziyyətdə ən böyük acını uşaqlar çəkir. Eqoizm və fərdi xoşbəxtlik hissinin ümumi mənafedən üstün tutulması boşanmaya səbəb olan mənəvi xəstəliklərdən biridir. Başqalarının fikirini heçə saymaq, hər zaman “mən” demək “biz” anlayışını pozar.Qarşısındakını xoşbəxt edən şeylərə qadağa qoymaq, inamsızlıq insanı yalqızlaşdırar. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində bəzən müasir görünüşlü, lakin “Məşədi İbad təfəkkürlü” gənclər nikaha girdikdən sonra (ailənin məhəbbət üzərində qurulmasına baxmayaraq) qadına qadağalar qoyur, onun özünü qəbul etdiyi halda sənətini, peşəsini qəbul etmir. Onu “tükəzban”lığa məhkum edir. Ailə qurduqdan sonra gənclərdə belə simptomların yaranmaması üçün tərəflərin dünyagörüşündə ümumilik, demokratik düşüncə tərzi, mədəni səviyyə, hörmət və qayğı kimi mənəvi keyfiyyətlər yüksək olmalıdır. Qloballaşma dövründə beyinlərinə Qərb tendensiyasının yeridiyi şəxslər bir şeyi unutmamalıdırlar ki, insan həm də sosial varlıqdır. Onun dünyaya gəlməsi, fərd kimi yetişməsi üçün isti bir ailənin mövcudluğu mütləqdir. Fərdin şəxsiyyətə çevrilməsi üçün də ailə ilkin mərhələdir. İnsan yaşadığı cəmiyyətin dəyərlərinə hörmət etməlidir. Azərbaycan ailəsində də kişi başçı, ailənin iqtisadi dayağıdır. O, qərarverici, idarəedici, nəzarətedici kimi funksiyaları yerinə yetirir. Lakin məsuliyyətin ağırlığı əsasən qadının çiyinlərinə düşür. “Yuvanı dişi quş qurur” fikri də buradan qaynaqlana bilər. Qadının dözümü və müdrikliyi ailəni qoruyur. Azərbaycan qadını bu milli xüsusiyyəti — güzəştə getmək bacarığı, fədakarlığı ilə Avropa qadınından çox fərqlənir. Ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük. Azərbaycan ailəsində övlada olan sevgi bəlkə də dünyanın heç bir xalqı ilə müqayisə olunmayacaq qədər güclüdür. Azərbaycan ailəsinin üzunömürlüyünün əsas səbəblərindən biri də budur.Ailənin yaşaması üçün iqtisadi dayaq önəmli olsa da, təkcə pul, mövqe, gözəllik, şöhrət kimi amillər onun varlığı üçün kifayət etməz. Çünki maddi elementlərin heç biri daimi deyil, ailənin gerçək bir ailə olması üçün burada mənəvi dəyərlərin hakim olması mütləqdir. Ailə birgə yaşayışın ilk modeli olaraq xoşbəxtlik qaynağı, millətin həyati baxımından müqəddəs bir dəyər və təməldir. Bu təməlin düzgün qurulması, bu dəyərin yaşadılması üçün müasir Azərbaycan ailəsi həm novator, həm də konservator olmalıdır. O, zamanın sınaqlarından keçib bu gün də mövcud olan ailə dəyərlərimizi mühafizə etməli, yaşatmalı, böyüyə hörmət, kiçiyə diqqət, mərhəmət kimi amilləri üstün tutmalıdır. Eyni zamanda, demokratik prinsipləri qavramalı, zamanın, dövrün nəbzini tutub müsbət ənənələrimizə zərbə vurmayacaq yenilikləri qəbul etməli, fərdlərin müstəqil düşüncə tərzinə, seçiminə qadağalar qoyulmamalıdır. Ailə dəyərlərimizin təbliğində ictimai rəyi formalaşdıran KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Milli-mənəvi dəyərlərin təbliği ictimai və dövlət televiziyalarının başlıca fəaliyyət prinsiplərinə daxil olduğundan bunu görmək olar. Lakin özəl telekanallarda ailə dəyərlərimiz demək olar ki, təbliğ olunmur. Şou və reklam dalınca qaçan TV kanallar sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsini nümayiş etdirirlər.Halbuki Azərbaycan cəmiyyətinin nümunəvi ailələri müqayisə olunmayacaq dərəcədə üstünlük təşkil edir və bu nisbətdə qat-qat çoxdur. Düzdür, ailələrin problemlərini işıqlandırmaqla cəmiyyətin qüsurlarını göstərmək olar, lakin burada balans pozulmamalıdır. KİV-in dünyaya inteqrasiyası, əhatə dairəsi nəzərə alınaraq xalqı təmsil edən ailələrin həmin xalq haqqında rəy formalaşdırması unudulmamalıdır.Media həm də müxtəlif sosial təbəqələrdən olan sağlam fikirli, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaşadan nümunəvi ailələri göstərməli, təbliğ etməlidir. Beləliklə, o, bu tip ailələrin mükəmməlliyinin, uzunömürlüyünün sirlərini açmaqla yeni həyat quracaq gəncləri maarifləndirmiş ola bilər.

Ədəbiyyat siyahısı

  1. Ə.S.Bayramov Etnik psixologiya Bakı-2001
  2. Ə.S.Bayramov. Etnik psixologiya. Bakı, 2001.
  3. A.Həbilov. Azərbaycan etnopsixologiyası. Bakı, 1991.
  4. Ə.Əlizadə. Qadınpsixologiyası. Bakı,2015 .
  5. Ə.Əlizadə. Məhəbbətaləmi.Bakı, 1995.
  6. Алешина Ю.Е, Гозман Л.Я Дубовская Е.М Социально-психологические методы исследования супружеских отношений: М. 1987
  7. K.Kazımova, Ş.Babayeva, Muradova. MüsbətiradikeyfiyyətlərAzərbaycanqadınınınhəyatrəmzikimi. İSARC (İnternational Science and Art Research Center) “Beynəlxalq qadın çalışmaları” adlı beynəlxalq konfransının materialları, 8-9 mart 2021 Ankara, Türkiyə
  8. Kazımova, Y.Vəliyeva,U.Qəzvini. Azərbaycan ailəsinin milli-mənəvi dəyərləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi. ADU-nun Elmi xəbərləri. Cild 2, №-3, Bakı-2017, s.182-192

Müəllif: Səxavət Əliyeva — Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent.

Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq-konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

  • Teqlər:
  • ailə psixologiyası
  • , ailə
  • , psixologiya
  • , azərbaycan ailəsi
  • , ailə dəyərləri
  • , müasir ailə

Comments are closed, but trackbacks and pingbacks are open.