Press "Enter" to skip to content

Səadət kamalla yetişir başa

Müəl­lif yazırdı ki, müəllim öz dərsini necə qurursa-qursun ye­nə də bir çox məsələlər, yeni nəşr olunan xeyli əsər dərsdən kə­narda qalır. Şa­gird­lərin oxuması zəruri olan belə əsərləri «müəllim kə­mali-cə­sa­rət­lə sin­fin xaricinə çıxara bilər.» Bu zaman şagirdlərin yaş xü­su­siy­yət­ləri və bilik səviyyələri nəzərə alınmalıdır.

Azrbaycan dbiyyatı tarixi 4 cu cild

Powered by Phoca Download

Saytimiz rivojiga hissa

Uzcard: 8600 5504 8563 9786

© 2004-2020 – Ziyo istagan qalblar uchun! Saytda taqdim etilgan elektron manbalardan faqatgina shaxsiy mutolaa maqsadida foydalanish mumkin. Tijoriy maqsadlarda foydalanish (sotish, chop etish, ko‘paytirish, tarqatish) qonunan taqiqlanadi. Saytdan materiallar olib chop etilganda manzilimiz koʻrsatilishi shart.

  • Bosh sahifa
  • Portal haqida
    • Portal tarixi
    • Sayt xaritasi
    • Muallif haqida
    • Tafakkur gulshani
    • Mumtoz faylasuflar hikmati
    • Ibratli hikoyatlar
    • Jahon xalqlari maqollari
    • Jadid matbuoti
    • Sovet davri matbuoti
    • Qayta qurish davri matbuoti
    • Mustaqillik matbuoti
    • Hozirgi davr matbuoti
    • Tarix
      • O‘zbekiston hukmdorlari
      • Temuriy malikalar
      • Yurt bo‘ynidagi qilich.
      • Qomusiy olimlar, sarkardalar
      • Reytinglar
      • O‘zbek xalq og‘zaki ijodi
        • O‘zbek xalq maqollari
        • O‘zbek xalq ertaklari
        • O‘zbek xalq topishmoqlari
        • O‘zbek mumtoz adabiyoti
        • Zamonaviy o‘zbek she’riyati
        • Muxlislar ijodidan
        • Barcha kitoblar
        • Ziyouz jurnalxonasi
        • Ziyouz audiokutubxonasi
        • Mobil kutubxona
        • Maktab darsliklari
        • Oliy va OMTM darsliklari
        • Durdona to‘plamlar
        • Android uchun kitoblar
        • Videogalereya
        • Узбекская библиотека
        • Islomiy sahifamiz
        • Forum
        • Kross-shou
        • Foydali sahifalar
        • Saytdan qidirsh
        • Ziyouz viktorinasi arxivi

        Azərbaycan ədəbiyyatı tədrisinin inkişaf mərhələləri

        Azərbaycanda ədəbiyyatın öyrənilməsi, gənc nəslin təlim-tər­biyəsində söz sənəti nümunələrindən istifadənin tarixi qədimdir. Ən qədim dövrlərdən xalq müdrikliyinin, çoxəsrlik həyat təcrübəsinin bədii ifadəsi olan folklor nümunələri yeni-yeni nəsillər üçün həyat dərsliyinə çevrilmiş, təlim-tərbiyə işində mühüm rol oynamışdır. Laylalar, oxşamalar, tapmacalar, əmək, mövsüm, mərasim nəğ­mə­ləri, bayatılar, nağıllar, dastanlar gənc nəslin dünyagörüşünə, mə­nə­vi aləminə ciddi təsir etmişdir.

        F.Köçərli «Balalara hədiyyə» kitabının «Mühərririn ifadeyi-məramı» başlıqlı müqəddiməsində yazırdı: “Keçmişdə şan və qüv­vət sahibi olan türk milləti öz məişətinə, ayin və adətinə dair yarat­dığı qısım-qısım nağıl və hekayələr, gözəl mənzumə və əbyatlar, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı müəmma və tap­macalar, balalar qəlbi açan düzgülər və yanıltmaclar, heyvanat qis­minə məxsus sayaçı sözləri mürur ilə xatirələrdən çıxıbdır və bu halda unudulmaqdadır. O millət ki, öz tarixini, dolanacağını, vətəni­ni və dilini sevir – bu qism əsərləri kəmali şövq və diqqətlə cəm edib ziqiymət sərmayə kimi saxlayır və balalarının ilk təlim və tər­biyəsi onları öyrətməklə başlayır.“ [1] Göründüyü kimi, ədib şifahi söz sənəti nümunələrinin öyrənilməsini, “məna cəhətcə balaların ruhuna gözəl təsirini“ yüksək qiymətləndirmişdir.

        Tədqiqatlar göstərir ki, hələ qədim və orta əsrlərdə bədii ədə­biyyat nümunələrindən tədris prosesində geniş istifadə olunmuş­dur. «X-XV əsrlərdə Şərqdə, o cümlədən Azərbaycanda Xaqaninin, Nizaminin, Tusinin, Əvhədinin, Sədinin, Hafizin və başqalarının tərbiyə mövzusuna müraciət edərək yazdıqları əsərlərindən tədris vəsaiti kimi istifadə edilmişdir.» [2]

        F.Köçərli yazılı ədəbiyyat nümunələrinin məktəblərdə tədrisi ilə əlaqədar yazır: «… Bu axır vaxtlara kimi onun (M.Füzulinin –B.H.) divani–qəzəliyyatı və «Leyli və Məcnun» hekayəsi məktəb­lərdə təlim kitabı olub uşaqlara ondan dərs verilirdi. İndi də köhnə məktəblərdə təhsil almış adamlardan hər birisini dindirsən «Leyli və Məcnun» hekayəsinin ibtidasını … başlayıb əzbərdən oxuya­caq­dır.» [3]

        Təhsil sistemində mühüm yer tutan məktəb və mədrəsələrin özünəməxsus tədris proqramları və təlim üsulları var idi. Orada əvvəlcə ərəb əlifbası öyrədilir, sonra 3-4 il ərzində «Quran» tədris edilirdi. Sonra farsca yazılmış «Gülüstan» keçilirdi. Axırda isə məzmununu atanın oğluna nəsihətləri təşkil edən «Nanü halva» («Çörək və halva») öyrədilir, «Leyli və Məcnun» tədris olunurdu. [4]

        Məktəb və mədrəsələrdə təlim ərəb dilində aparılsa da, IX əsr­dən etibarən tədris fars dilində də aparılmağa başlamışdır. Həmin dövrdən etibarən bu məktəblərdə Azərbaycan dilindən də köməkçi tədris vasitəsi kimi istifadə olunmuş, Azərbaycan ədəbiyyatı, Niza­mi və Füzuli kimi görkəmli sənətkarların əsərləri mütaliə edilmiş, öyrənilmişdir.

        Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və pedaqoji fikir tarixinə dair tədqiqatlar göstərir ki, mədrəsələrdə dilçilik, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, ritorika kimi humanitar elmlər də öyrənilirdi. Mədrəsələrdə dərs kitabı kimi “Quran”dan başqa, ən çox istifadə edilən Sədi Şirazinin əsərləri, C.Ruminin “Məsnəvi”si, M.Füzulinin “Divan”ı, “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi əx­laqi –mənəvi dəyərləri əks etdirən əsərlər olmuşdur. [5]

        Bununla yanaşı, Azərbaycan ərazisində – Gəncə, Təbriz, Şa­maxı və digər şəhərlərdə mükəmməl təhsil görmüş ziyalıların açdığı fərdi məktəblər də fəaliyyət göstərmişdir. Şamaxının Məlhəm kən­dində Afiəddin Ömər ibn Osman qardaşı oğlu Xaqaniyə fərdi yolla dərs demiş, onun təlim-tərbiyəsində, sənətkar kimi yetişməsində mühüm rol oynamışdır. O, Xaqaniyə fiqh, sərf-nəhv, hikmət, tibb və s. elmlərlə yanaşı, poetika qanunlarını, folkloru öyrətmiş, Fir­dovsinin «Şahnamə»sindən dərs demişdir.

        Əldə olan məlumatlardan təxmin etmək olar ki, Nizami də Gən­cədə mükəmməl mədrəsə təhsili almış, bir çox elmləri ədəbiyyat, məntiq, tibb, astronomiya, coğrafiya, fəlsəfə və s. mükəmməl mə­nimsəmişdir. «O, fiqh elmini mühazirələrdə öyrənir, tarix kitabları ilə maraqlanır, ərəb səyyahlarının əsərlərini oxuyur, ərəb, fars və Azərbaycan şairlərinin şeirlərini əzbərləyirdi.» [6]

        XIX əsrin ortalarına qədər Azərbaycanda mollaxana və məd­rəsə təhsili əsas yer tuturdu. Məktəb və mədrəsələrdə qabaqcıl müəllimlər klassik Şərq ədəbiyyatının, o cümlədən Azərbaycan ədə­biyyatının öyrənilməsinə müəyyən yer verirdi. Ədəbiyyatdan xüsusi dərslik olmadığı bir vəziyyətdə məktəb və mədrəsələrdə Nizaminin «Xəmsə»si, M.Füzulinin «Leyli və Məcnun» poeması, M.F.Axund­zadənin «Təmsilat»ı, M.Ə.Sabirin «Hophopnamə»sindən dərslik ki­mi istifadə olunması bir metodik ənənə kimi qeyd olunmalıdır.

        Artıq XIX əsrin ortalarında yeni tipli, dünyəvi təhsil verən mək­təblərə, pedaqoji təhsil görmüş ədəbiyyat müəllimlərinə, ədə­biy­yat dərsliklərinə böyük ehtiyac duyulmaqda idi. “Hər yerdə qəza məktəbləri açıldığı zaman hökumət başqa fənlərlə bərabər, həmin məktəblərdə tatar (Azərbaycan – B.H.) dilinin öyrədilməsini də la­zım bildi. Lakin bu dildə dərs kitabları olmadığına görə böyük çə­tin­liklər meydana çıxdı.” [7]

        Azərbaycan ədəbiyyatında maarifçi realizmin ilk nümayəndələ­rindən olan A. Bakıxanov diqqəti uşaqlar üçün mütaliə material­larının, dərsliklərin olmamasına cəlb edirdi: “Hərçənd uşaqlara tə­lim verməkdən ötrü axtardım, aralıqda bir nüsxə görmədim ki, ləfz­də və mənada asan olub, onların xülqlərinin göyçəkliyinə dəlalət etsin. Danışılmış və yazılmış nüsxələrin bəzisi ibarətdə və bəzisi mə­nada bir növ qarışıqdır ki, çox təlim edənlər özləri onları an­lamırlar və bir parasında dəxi mətləblər elə uzun və pərişandır ki, onu zəbt eləmək və anlamaq müşkül və pərişan görünür.»

        «Kitabi – Nəsihət»ində ədib mütaliənin gənc nəsil üçün əhə­miyyətini yüksək qiymətləndirərək yazırdı: «Elm və kamal əldə et­məyi hər şeydən əziz tut. Çünki hər şeyi onların vasitəsilə əldə edir­lər.» [8]

        M.Ş.Vazeh 1852-ci ildə Tiflis gimnaziyasının Şərq dilləri müəl­limi İ.Qriqoryevlə birlikdə «Kitabi – türki» dərsliyini yazmışdır. Üç fəsildən ibarət bu dərsliyə gənc oxucuların maraq və tələbatına uy­ğun məzhəkə və hekayələr, Şərq hikmətləri, nəsihətlər, “Qa­rabağnamə” və “Dərbəndnamə”dən parçalar, M.Füzulinin «Leyli və Məcnun» poemasından nümunələr, qəzəllər daxil edilmişdi. Dərslik üçün mətnlər seçilərkən dilin sadəliyi, şagirdlərin yaş və bilik səviyyəsi, zövqü, tərbiyəvi tələblər nəzərə alınmışdı.

        M.Ş.Vazeh istər fərdi yolla dediyi dərslərdə, istərsə də Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi işlərkən şagirdləri ədə­biyyatımızla tanış etmiş, söz sənətinə maraq oyatmışdır. Təsadüfi deyildir ki, onun təsiri və təhriki ilə şagirdi M.F.Axundzadə ruhani ol­maq niyyətindən birdəfəlik əl çəkmiş, bədii, elmi yaradıcılıq sa­həsində səmərəli fəaliyyətə başlamışdır.

        M.F.Axundzadənin pedaqoji fəaliyyəti dövründə dərslik ya­rat­maq təşəbbüsü, savad təlimini asanlaşdırmaq məqsədilə «Əlifba» dərsliyi tərtib etməyə başlaması, qəza məktəblərində Azərbaycan dili tədrisini təşkil etmək səyləri xüsusi qeyd edilməlidir.

        Maarifpərvər ədib «Əkinçi» qəzetində çap etdirdiyi məqalədə həmin qəzetin redaktoru H.Zərdabinin elm, bilik əldə etməyə çağırı­şını təqdir edir və diqqəti bu məsələnin həllinə maneçilik törədən problemlərə yönəldirdi: « …Elmi harada öyrənməliyik, kimdən öy­rənməliyik və hansı dildə öyrənməliyik?»

        Yaranmış vəziyyətdən çıxış yolu axtaran mütərəqqi maarifçilər, məktəbdarlar «üsuli – cədid» məktəbləri açmağa, yeni təlim-tədris üsullarından istifadə etməyə təşəbbüs göstərirdilər.

        S.Ə.Şirvani Şamaxıda 1869-cu ildən etibarən pedaqoji fəaliyyə­tə başlamış, dərsliklər tərtib etmiş, eyni zamanda bədii yaradıcılıqla, elmi fəaliyyətlə ciddi məşğul olmuşdur. O, şagirdlərin bədii ədəbiy­yatı mütaliə etməsi ilə kifayətlənməyərək dərs zamanı həmin nümunələrin müzakirəsini təşkil edir, uşaqların mütaliə material­la­rına olan ehtiyacını ödəmək üçün əsərlər yazırdı. “Təlimü tədris üçün və ətfalın təhzibü- əxlaqına səbəb olan kitablar türk lisanında bil­mərrə yox idi. Bu qüsuru rəf etmək üçün mərhum Seyid nəzmən və nəsrən türkcə xoşməzmun və ibrətamiz nəqlü hekayələr ana dilində tərtib edib öz şagirdlərinə oxudardı.» [9] .

        S.Ə.Şirvani öz dərslərində Şərq ədəbiyyatından nümunələrin, Sədinin “Gülüstan,” “Bustan” əsərlərinin oxusunu təkil etmişdir. Bu dərslər şagirdlərin ədəbiyyata həvəsinin artmasına, bədii zövqünün inkişafına ciddi təsir göstərmişdir. О, севимли şagirdi M.Ə.Sabirin mütaliəyə, bədii yaradıcılığa həvəsini təqdir edərək ona kitabxana­sındakı ən dəyərli əsəri – Nizaminin “Xəmsə”sini bağışlamışdır. Sabir müəlliminin təsiri və təşviqi ilə məktəbli ikən şeirlər yazmış, “Gülüstan” əsərindən bir parçanı Azərbaycan dilinə tərcümə etmişdir.

        S.M.Qənizadənin xatirələrindən aydın olur ki, Seyid Əzim M.Ə.Sabirin ilk qələm təcrübələrini də sinifdə oxuyub müzakirə edər, ifadəli oxu nümunələri göstərərdi. Sabirin aşağıdakı misrala­rını oxuyan müəllim onun özünü firəng kimi qələmə verməsinin səbəbini soruşur:

        Babam sünni, nənəm şiə. dürəngəm.
        Nə farsam mən, nə hindəm mən. firəngəm?

        Sabirin həmin misrada sual verərək dinləyicidən türk olması cavabını almaq istədiyini söyləyir. Yoldaşları bu cavabla razılaşma­yanda Seyid Əzim onların diqqətini misradakı sual intonasiyasına cəlb edərək deyir: hər bir sualın cavabı həmin sualın ləhcəsinə (into­nasiyasına – B.H.) baxaraq, müsbət və ya mənfi ola bilər.

        Bu sözün isbatına möhtərəm müəllim Baba Tahirdən, Camidən və sair şairlərdən bir neçə beyt oxuyub Tahirovu (M.Ə.Sabiri- B.H.) doğrultdu, bununla belə misranın məntiq cəhətdən künd olduğunu nəzərə alıb islahı üçün rübaini sahibinə qaytardı.

        . Möhtərəm Seyyid ürəfadan bir neçəsinin şeirlərindən bizim üçün beytlər oxuyub, axırda Ömər Xəyyamın bir rübaisini dördüncü qrup şagirdlərinə yazdırıb əzbərlənməsini tapşırdı. [10]

        S.M.Qənizadənin də ədəbiyyata gəlişi Seyid Əzimin ədəbiyyat dərslərindən başlamışdır. “Sultan Məcid “Məclis” məktəbində oxu­duğu illər ərzində. Seyid Əzim Şirvaninin hədsiz zəhməti sayə­sində klassik Şərq şeirinin qanunlarına bələd oldu. Şair-müəllim onda ədəbiyyata elə maraq oyatmışdı ki, məktəbi bitirəndə Sə­dinin “Bustan”, “Gülüstan”ını, Hafizin, Füzulinin, Xəyyamın, Baba Tahirin və sevimli müəllimi Seyid Əzimin şeirlərinin böyük ək­səriyyətini əzbər bilirdi.” [11]

        S.Ə.Şirvani dərs dediyi məktəbdə tədris etmək üçün bir mün­təxəbat da tərtib etmişdi. “Məcmueyi asari – Hacı Seyid Əzim Şir­vani” adlanan bu əsər müəllifin sağlığında çap edilməsə də, müəl­limlər, ziyalılar arasında əlyazması şəklində geniş yayılmış, təlim pro­sesində istifadə edilmişdir. Həmin müntəxəbat şairin oğlu Seyid Cəfər tərəfindən nəşr etdirilmişdir. Bu əsər sonradan “Rəbiül-ətfal” (Uşaqların baharı) adı ilə ədibin “Seçilmiş əsərləri”nin II cildində çap olunmuşdur. Dərslikdə şairin öz əsərləri ilə yanaşı, Sədinin “Gülüstan” və “Bustan” əsərlərindən tərcümələr verilmişdir.

        Maarif tariximizdə hadisəyə çevrilmiş “Rəbiül-ətfal” A. Bakı­xanovun “Nəsihətnamə”sindən, M.Ş.Vazeh və İ.Qriqoryevin “Ki­tabi-türki”sindən, Mirzə Nəsrullah Didənin “Kitabül-nəsayeh”in­dən sonra məktəblilərin mütaliəsinin təşkili və ümumiyyətlə, milli uşaq ədəbiyyatı yaratmaq sahəsində uğurlu təşəbbüs idi.

        “Rəbiül-ətfal”ın müqəddiməsində müəllif yazırdı ki, yazıçılar fikirlərini elə qəliz ifadələrlə bəyan edirlər ki, məktəbli uşaqlar on­ların dərkində çətinlik çəkir. Bu problemi həll etmək üçün o, kitabı müstəqil hissələrə ayırmışdır. Klassik ədəbi ənənələrdən bəhrələnən S.Ə.Şirvani hər bölməni oğluna müraciətlə, etik məsələlərə dair ba­xışlarını ifadə edən öyüd və nəsihətlərlə başlayır. Öyüd və nəsihət­lər münasib hekayə və təmsillərlə müşayiət olunur, biri digərini ta­mamlayır. Bu mənzum hekayə və təmsillər öyüd və nəsihətlərdə irəli sürülmüş fikirlərin əyaniləşməsinə xidmət etsə də, əslində on­ların hər birinin müstəqil mövzusu və konkret məzmunu var.

        S.Ə.Şirvaninin didaktik əsərləri arasında özündə əlli miniatür hekayəni birləşdirən “Tacül-kütub” adlı məcmuəsi də var. Məc­muənin qarşısında duran başlıca vəzifə uşaqların şüuruna və əxlaqı­na təsir etməklə həyatda zəruri olan keyfiyyətləri aşılamaq və onları ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək olmuşdur. Kitabdakı hər bir hekayənin məzmunundan qüvvətli əxlaqi təsirə malik ideya doğur.

        1879-cu ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminari­yasının Azərbaycan şöbəsinin fəaliyyətə başlaması mühüm hadisə­yə çevrildi. Seminariyanın qabaqcıl müəllimləri tələbələrin bədii ədəbiyyatı mütaliəsini canalandırmağa, bu sahədə çatışmazlıqları aradan qaldırmağa çalışırdılar. Şöbənin müfəttişi, görkəmli pedaqoq A.O.Çernyayevski tələbələrin kitabxanadan aldıqları kitabları sis­temsiz oxuduqlarını, sistemsiz qiraətin isə lazımi fayda vermədiyini göstərirdi.

        Seminariyanın məzunlarından F.Ə.Köçərli, S.M.Qənizadə, F.Ağazadə, C.Məmmədquluzadə, S.S.Axundov, R.Əfəndiyev, N.Nərimanov öz müəllimlik fəaliyyətləri dövründə bədii ədəbiyya­tın tədrisinə xüsusi diqqət yetirmişlər.

        1887-ci ildə Bakıda azərbaycanlılara məxsus ilk müasir tipli təhsil ocağı – “Rus-müsəlman” məktəbi yarandı, bununla da Azər­baycan xalq maarifi tarixində yeni dövr başlandı. Bu, özünün quru­luşu, təşkilinin orijinallığı baxımından bütün Rusiyada müsəlman­lara məxsus yeganə təhsil ocağı idi.

        Həmin dövrdə dərslik, dərs vəsaitləri ilə yaranan vəziyyəti təhlil edən X.Məmmədov yazır ki, “İlk Rus-müsəlman” məktəbinin qarşılaşdığı ciddi çətinliklərin bir qismi dərslik və oxu kitabları ilə əlaqədar idi. Uzun əsrlər azərbaycanlılara məxsus məktəblərdə “Bustan”, “Gülüstan”, “Tarixi-Nadir”, “Tarixi-möcəm”, “Divani-Hafiz”, “Tərəssül”, “Hicab” və s. kimi müxtəlif səciyyəli fars ədə­biyyatı nümunələrinin oxunması və öyrənilməsi ana dilində və milli ruhda mütaliə vasitələrinin yaranması yolunda bir əngəl olmuşdu. Fars assimilyatorları bu kitabları uşaq mütaliəsinin ayrı-ayrı sahələ­rinə elə ustalıqla şamil eləmişdilər ki, azərbaycanlı qələm sahibləri və müdərrislər bunların müqabilində körpə həmvətənlərinin oxusun­dan ötrü kitab yaratmağa ehtiyac hiss etməmişdilər. Beləliklə, Azər­baycanda uşaq mütaliəsi sahəsində ciddi boşluq əmələ gəlmişdi. [12]

        XIX əsrdə Azərbaycanda qiraət dərsliklərinin yaradılması yo­lunda ilk addımlar atıldı. A.O.Çernyayevskinin “Vətən dili” (1883), R. Əfəndiyevin “Uşaq bağçası” (1889) dərslikləri əlifbanın, ana dilinin öyrənilməsi üçün nəzərdə tutulsa da, onlara daxil edilmiş folklor materialları, klassik və müasir ədəbiyyatımızdan nümunələr, tərcümələr məktəblilərin dünyagörüşünü, mühakimə yürütmək qabi­liyyətini, zehnini inkişaf etdirməyə imkan yaradırdı.

        R.Əfəndiyevin Şimali Qafqaz və Orta Asiya məktəblərində istifadə olunan “Uşaq bağçası” (1898) dərsliyinə maraqlı folklor nümunələri, şeir, hekayə və təmsillər, tərcümələr daxil edilmişdi.

        R.Əfəndiyevin “Bəsirətül-ətfal” dərsliyi 1901-cu ildə Bakıda çap etdirilərək məktəblərdə yayılmış, müəllif özü də Qori Müəl­limlər Seminariyasında bu kitabla dərslər keçmişdir. Kitab bir il təcrübədən keçirildikdən sonra, 1903-cü ildə Qafqaz Maarif Dairəsi tərəfindən dərs vəsaiti kimi təsdiq edilərək Qafqazdakı müsəlman məktəblərində istifadəsinə icazə verilmişdir. “Uşaq bağçası” kimi bu dərsliyə də məktəblilərin yaş xüsusiyyətlərinə və marağına uy­ğun təmsil, hekayə, nağıl, rəvayət, şeirlər, rus və Şərq klassiklərinin əsərlərindən nümunələr daxil edilmişdir. Dərsliyin “Azərbaycan türklərinə məxsus ədəbiyyat” sərlövhəli fəslində müəllif Azərbay­can ədəbiyyatı tarixi, ədəbi dil və janrlar, ədəbiyyatın vəzifələri haqqında danışır, şeirin bədii xüsusiyyətlərini izah edir. Kitabda “Azərbaycan türklərinin ədəbiyyatı – məxsusəsi axırıncı əsrlərə kimi olmayıb”, “türk dili ümumi islam arasında işlənən dillərdən ən fəqiridir” kimi yanlış fikirlər də vardı. [13] Kitabın son hissəsində Şərq klassikləri haqqında məlumatlar, ədəbi terminlərin izahı verilmişdir.

        R.Əfəndiyevin “Təbii üsuli-təlim” metodik məqaləsi, “Müəl­limlər üçün üsuli-cədid üzrə ən əvvəl dərsə şüru etmənin qəvaididir” kitabçasında ədəbiyyat təliminin təşkili ilə bağlı metodik tövsiyələr verilirdi.

        XX əsrin əvvəllərində Azərbaycanda mədəni-maarif və məktəb işi canlanmağa başlamışdı. Bakı, Gəncə, Şuşa, Şəki, Şamaxı, Salyan və başqa şəhərlərdə ibtidai məktəblərin sayı artır, dərslik nəşrində irəliləyiş yaranmağa başlayırdı. Bu dövrdə maarifpərvər ədiblər, mütərəqqi pedaqoqlar şagirdlərin ədəbi təhsilini təşkil etmək məq­sədilə klassik və müasir ədiblərin əsərlərinin nəşri ilə yanaşı, Şərq, rus, Avropa ədəbiyyatından tərcümələr, təbdil və iqtibaslar edir­dilər.

        F.Ağazadənin “Ədəbiyyat məcmuəsi”, M.Mahmudbəyov və A.Səhhətin “Yeni məktəb”, A.Şaiqin «Uşaq gözlüyü», «İkinci il», «Gülşəni – ədəbiyyat», «Gülzar», «Milli qiraət», «Qiraət kitabı», «Dördüncü il», «Türk çələngi», «Müntəxəbat», H.Cavidlə şərikli yazdığı «Ədəbiyyat dərsləri» dərslikləri gənc nəslin təlim – tərbiyə­sində böyük rol oynamışdır.

        Müasirləri əsrin əvvəllərində nəşr olunmuş həmin dərslikləri yüksək qiymətləndirməklə bərabər, diqqəti onların məzmununda, metodik quruluşunda, nəzəri məsələlərin izahında yol verilən nöq­sanlara, ərəb-fars sözlərinin çoxluğuna cəlb edirdilər.

        Bu dövrdə maarif xadimləri sırasında F.Köçərlinin səmərəli elmi-pedaqoji fəaliyyəti xüsusi qeyd olunmalıdır. F.Köçərlininin pedaqoji fəaliyyətini və görüşlərini tədqiq edən B.Nəbiyev yazır ki, o, təlim-tərbiyə işində böyük əhəmiyyəti olan dərslik və proq­ramların tərtibinə ciddi əhəmiyyət verirdi. Xüsusilə dərsliklərə, xal­qın gələcəyi olan minlərlə balaların istifadə edəcəyi qiraət kitab­larına qarşı o, daha tələbkar idi. [14]

        Ədibin «Balalara hədiyyə» (1912) kitabı məzmun, metodik sis­tem baxımından diqqəti cəlb edir. Кitaba gənc nəslin təlim-tərbiyəsi baxımından dəyərli bədii nümunələr – nağıllar, uşaq oyun nəğmələri, məsəllər, tapmacalar, sayaçı sözləri, yanıltmaclar və s. bədii nümunələr daxil edilmişdi.

        Ədəbiyyat tədrisi məsələlərinə daim diqqət yetirən F.Köçərli A.Şaiqin «Gülzar», R.Əfəndiyevin «Bəsirətül- ətfal”, F.Ağazadənin «Ədəbiyyat məcmuəsi» dərsliklərinin elmi-metodik məziyyətlərini təhlil etmişdir.

        Qısa müddət ərzində gənc oxucuların rəğbətini qazanmış «Də­bistan» (1906-1908), «Rəhbər» (1906-1907), «Məktəb» (1911-1920) jurnallarının nəşri ilə şagirdlərin ədəbiyyatdan sinifdənxaric oxu materiallarına olan tələbatının ödənilməsi yolunda ciddi addım atıldı. «Dəbistan» jurnalında çap edilmiş «İfadeyi-məram” adlı mə­qalədə qeyd edilirdi: «… Öz halımıza dair gülməli və ibrətamiz he­kayələr və mənzumələr qeyrəti ilə uşaqlarımız zəif və bivüsət əql və dərrakələrini gücləndirib gözəl hislər və təcrübələr əxz edirlər. Belə bir mühüm və əhəmiyyətli mətləbə yetişməkdə ancaq məktəb­lərimizə ümidvar olmayırıq, çünki uşaqlarımızın məktəblərdə keçir­dikləri üç, ya dörd saat vaxt yazıb oxumaq və dərs kitablarını öyrən­məyə ancaq kifayət edir.» [15]

        S.M.Qənizadə gənc nəslin ədəbi təhsili ilə bağlı problemlərin aradan qaldırılması üçün səylə çalışmış, bu sahədə səmərəli təşəb­büslər göstərmişdir. O, Bakı –Dağıstan milli məktəbinin inspektoru işlərkən «ana dilində həm təlim üçün və həm də dərsdənqıraq vaxt­larda oxumaq üçün kitablar» nəşri ilə əlaqədar məktəb komitəsi qarşısında məsələ qaldırmışdı. [16]

        1911-ci il fevral ayının 14-dən 17-dək Bakı şəhərində «İbtidai məktəblərdə Azərbaycan dili tədrisi, sinifdənxaric oxu və Azərbay­can dilində ilk qiraət kitabları haqqında pedaqoji kurs» keçirildi. Pe­daqoji kursun işində S.M.Qənizadə, S.S.Axundov, A.Şaiq, M.Mah­mudbəyov kimi görkəmli pedaqoqlar iştirak edirdi. Müzakirələrdə ədəbi təhsilin vəziyyəti, bədii ədəbiyyatın sinifdənxaric oxusu və s. mə­sələlər müzakirə edilmişdi.

        F.Ağazadənin 1912-ci ildə nəşr edilmiş “Ədəbiyyat məcmuəsi” dər­slik-müntəxəbatı “məktəb və mədrəsələrdə təlim üçün, dör­dün­cü, beşinci, altıncı illərə məxsus, həmçinin axşam kursları və ailə­lər­də oxunmağa yarar bir qiraət kitabı” kimi nəzərdə tutulmuşdu. Müəl­lif kitabın girişində yazırdı ki, nazik hisləri qaba sözlərlə oyan­dır­maq mümkün deyil. Biləks, rəqiq və zərif kəlamın nazik və lətif də təsiri olur.

        “Məcmuəni tərtib edərkən müəllif pedaqoji-didaktik qaydaları göz­ləmiş, sistematikliyə, ardıcıllığa xüsusi diqqət yetirmişdir. Məc­muə tədris üçün nəzərdə tutulduğundan mətnlər arasında rabitə göz­lənilmiş, əvvəlcə məktəbə, təlimə, elmə, anaya, ataya, vətənə mə­həbbət ruhlu kiçik şeir və hekayələr, daha sonra isə irihəcmli, daha dərin məzmunlu materiallar verilmişdir. Kitaba toplanmış bədii əsərlərdə bir çox ərəb və fars kəlmələri olduğuna görə hər mətnin sonunda lüğət vardır.” [17]

        Maarifpərvər ədib Seyid Hüseyn 1914-1915-ci illərdə “Dirilik” jurnalında tədris kitabları ilə bağlı açdığı müzakirədə “Ədəbiyyat məcmuəsi”ni “cocuqlarımıza türk dili və ədəbiyyatını öyrədən ki­tab” kimi dəyərləndirir, sonrakı nəşrlərdə bədii mətnlərin məzmunu, dili ilə bağlı bir sıra nöqsanları aradan qaldırmağın zəruriliyini qeyd edirdi. [18]

        Ədəbiyyat müəllimi və dərslik müəllifi kimi uğurlu fəaliyyəti ilə seçilən böyük sənətkarımız A.Şaiq yazırdı ki, hər işdə istedad tə­ləb olunduğu kimi, müəllimlikdə də istedad olmalıdır. O, müəllim iş­lədiyi dövrdə köhnə təlim üsullarına qarşı mübarizə aparır, öz dərs­lərində Sabirin, Səhhətin şeirlərini, tərcümə etdiyi əsərləri müx­təlif metodik üsullardan istifadə etməklə öyrədirdi. Otuz ilə qədər orta və ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olan A.Şaiq on bir dərsliyin müəllifi idi.

        Mirzə İbrahimov ədibin pedaqoji fəaliyyətini yüksək qiymət­ləndirərək yazırdı ki, Abdulla Şaiqi müəllimliyə sövq edən yalnız təbiətindəki böyük pedaqoqluq qabiliyyəti, uşağa, uşaq tərbiyəsinə meyil, deyil, hər şeydən əvvəl dərin vətənpərvərlik duyğuları, böyük ictimai ideal olmuşdur. Demək lazımdır ki, onu ədəbiyyata, ədəbi yaradıcılığa, sövq edən də fitri istedadla yanaşı, bu ideal idi – xal­qın, vətənin cəhalətdən, qaranlıqdan qurtarmasına, azadlıq yoluna, geniş inkişaf yoluna çıxmasına kömək etmək.” [19]

        A.Şaiqin “Gülzar” dərsliyi məzmunu, elmi-metodik strukturu ba­xımından ən yaxşı dərsliklərdən biri kimi dəyərləndirilməlidir. Dörd bölmədən ibarət dərslikdə təbiət, məişət, ictimai həyat, ya­şa­yış­la bağlı mövzular, tarixi xülasələr, tərcümeyi-hal materialları öz ək­sini tapmışdı.

        N.Nərimanov dilin öyrənilməsinə dair əsərlər yazmaqla yanaşı, ədəbiyyat tədrisi problemləri ilə də ciddi məşğul olmuşdur. O, özü­nün «Müxtəsər sərf-nəhv» kitabına şagirdlərin mənəvi-estetik tər­bi­yə­sinə xidmət edən bədii nümunələr («Bahadır və Sona» romanından təbiət təsviri və s.) daxil etmiş­di.

        Ədib qrammatik qaydaların öyrədilməsinin məktəblilərin mə­n­ə­vi-estetik tərbiyəsi ilə üzvi vəhdətdə aparılmasını qarşıya məqsəd qoy­­muşdu. Bu məqsədlə dərslikdə şifahi xalq ədəbiyyatı material­la­rı, bədii ədəbiyyatdan nümunələr, klassiklərin tərcümeyi-halı haq­qın­­da məlumatlar verilmişdi.

        Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ədəbiyyat tədrisi məsələlərinə ifrat ideoloji mövqedən yanaşılmağa başladı. Artıq sovet hakimiyyətinin ilk illərindən ədəbiyyata ümumproletar işinin bir hissəsi kimi yanaşılır, ona siyasi mübarizənin, yeni insan tərbiyəsinin mühüm amili kimi xüsusi diqqət yetirilirdi. Təlim pro­sesində bədii ədəbiyyatın mahiy­yə­tindən doğan ilkin vəzifələr, insa­ni duyğuların formalaşması arxa planda qalır, gənc nəslin kom­mu­nist ideologiyası ruhunda tərbiyəsi ön plana çəkilir, şüarçılıq, ideo­loji qəliblər, eh­kam­lar ədəbiyyat tədrisinda aparıcı mövqe tuturdu.

        Bir çox gənc sənətkarlar sovet hakimiyyətinin həyata keçirdiyi mədəni-maarif tədbirlərinə ümidlə baxır, ölkədə savadsızlığın ləğvi, qadın azadlığı, mövhumatın, fanatizmin tənqidi, məktəblərin, mədə­niyyət ocaqlarının açılması, yeni mətbu orqanların nəşrə başlaması kimi dövrün tələbinə uyğun atılan addımlar onların qəlbində yeni quruluşun gələcəyinə inam oyadırdı.Onların bolşevik rejiminin xalqa zidd olan əsl mahiyyətini dərk etməsi üçün zaman lazım idi.

        Keçən əsrin 20-ci illərindən etibarən bir sıra gənc yazarlar kom­munist rejiminin ədəbiyyat sahə ­ sində siyasətini həyata keçirmək üçün yaradılmış ədəbi dərnək ­ lərdə birləşir , onların rejimin tələb­lərinə uyğun yazılmış , « formaca milli , məzmunca sosialist olan » sovet ədəbiyyatının ilk nümunələri sayılan əsərləri « Maarif və mədəniyyət » jurnalında , « Kommu ­ nist », « Gənc işçi » qəzetlərində , ədəbi almanaxlarda , məcmuələrdə çap olunurdu . Həmin əsərlərdə proletar beynəl ­ miləlçiliyi , sosialist inqilabı , « böyük qardaş » rus xalqı , « dahi rəhbər » Lenin tərənnüm olunurdu .

        Məktəblilərə kommunizmə inam aşılamaq, “sovet adamı” tərbiyə etmək məqsədilə ideoloji qəlibləri əks etdirən şüar səciyyəli əsərlərin təbliğinə geniş yer verilirdi:

        Artıq Əli yoxdu, onu qırmızı qan basmışdı,
        Ancaq vardı onun candan sevdiyi bir doğru yol.
        Uzandığı yaş torpağın üzərində yazmışdı
        Barmağını öz qanına batıraraq: komsomol.

        Həmin dövrdə ədəbiyyatın mahiyyətinə, məram və ideallarına zidd olan “Tutaq Lenin ətəyindən, ona pənah aparaq, Zəmanəmizin həllali-müşkülatı odur,” “İşıqlıdır lampaları kolxozun”tipli şeirlər məhz ideoloji ehkamların nəticəsi kimi meydana çıxırdı.

        Ümumtəhsil məktəbləri üçün proqramlara şagirdlərə ateist baxışlar aşılayan əsərlər daxil edilir, “Ədəbiyyat” dərsliklərinə salınan bədii mətnlərə də bu istiqamətdə əl gəzdirilirdi. A.Səhhətin məşhur “Vətən” şeirində bu məqsədlə ixtisarlar aparılmış, əsər gənc oxuculara təhrif olunmuş şəkildə təqdim olunmuşdu. Senzura şairin “Vətən” şeirindəki aşağıdakı misraları dini məzmun daşıdığına görə dərsliyə daxil etməyə icazə verməmişdi:

        Məni xəlq eyləmiş əvvəlcə xuda,
        Sonra vermiş vətənim nəşvi-nüma.

        Dinə qarşı deyil, bütün həyatı boyu dini fanatizmə, mövhumata, avamlıq və cəhalətə qarşı çıxan, öz xalqının tərəqqisinə çalışan M.Füzuli, S.Ə.Şirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə kimi qüd­rətli sənətkarlar oxuculara ateist kimi təqdim olunur, dini-mənəvi dəyərlər tənqid obyektinə çevrilirdi. Bu məqsədlə M.Füzulinin “Könül, səccadəyə basma ayaq” qəzəli, S.Ə.Şirvaninin “Allaha rüşvət” satirası, C.Məmmdquluzadənin “Ölülər” tragikomediyası məktəblərdə geniş tədris olunurdu.

        Bu axına qoşulmayan H . Cavid , Y . V . Çəmənzəminli , Ö . F . Neman­zadə , S . Mümtaz , S . Hüseyn , Ə . Müznib , Qantəmir , S . Qəni ­ zadə , T . Şahbazi ( Simurq ), M . Müşfiq kimi sənətkarlar aman ­ sız rejimin repressiyasının qurbanlarına çev ­ rildilər .

        1923-cü ildə birinci və ikinci dərəcəli məsai (əmək) məktəbləri üçün proqramlar nəşr edildi. Həmin proqramlarda şagirdlərin sinif­dən­xaric oxusu üçün tövsiyə olunan əsərlərin siyahısının verilməsi ilk təşəbbüs kimi təqdir olunmalıdır. Lakin bu siyahıları tam qə­naət­­bəxş hesab etmək çətindir. Proqramlarda Azərbaycan ədə­biy­ya­tına az yer verilir, materialların əksəriyyəti qeyri- bədii, məzmun, tə­lim-tərbiyə baxımından maraqsız olub şagirdlərin yaş xü­su­siy­yət­lə­rinə uyğun gəlmirdi.

        Proqramlarda ədəbiyyatın dövrləşməsində tarixilik prinsipi po­zul­muş, metodoloji qüsurlara yol verilmişdi. “İkinci dərəcəli mək­­təb­lərin üçüncü və dördüncü qruplarında (VIII-IX siniflər) proq­ram ma­terialları dövrlər üzrə ümumiləşdirilir. Dövrlər belə ad­landırılır: pa­dərşahlıq dövrü (IX əsrə qədər), dərəbəyi cəmiyyət döv­rü (IX əsr­dən XI əsrə qədər), kapitalist cəmiyyəti dövrü-ticarət kapitalizmi (XIX əsr), kapitalist cəmiyyəti dövrü-sənaye kapitalizmi (1905-1917-ci illər). [20]

        Proqramın 1926-cı il nəşrində bədii əsərlərin sosioloji təhlili metodik tələb kimi irəli sürülür, əsərə müəyyən tarixi dövrün məh­sulu kimi yanaşmağın, şagirdləri dövrün iqtisadi, siyasi faktları ilə tanış etməyin zəruriliyi göstərilirdi.

        B.Çobanzadənin «Türk dili və ədəbiyyatının tədris üsulu» ki­tabında bədii əsərlərin tədrisinə verilən metodik tələblər müəyyən­ləş­dirilir, ədəbiyyat müəllimlərinə tövsiyələr verilirdi: “Ədəbi-bədii hadisələr də elmə mövzu olan başqa hadisələr kibi təhlil edilmək lazımdır. Təhlil süzgəcindən keçirilmədikcə ədəbi və bədii əsərləri tamamilə anlamaq, bilxassə onun doğuşunda rol oynayan amilləri qavramaq qabil olamaz. Biz ədəbi əsəri, eyni sürətlə bir dövrü, yaxud cərəyan və məktəbi başlıca ideoloji, sinif, üslub, şəkil, mün­dəricə, təşkil (kompozision), dil cəhətindən təhlil etmək müm­kün­dür”. [21]

        Müəl­lif yazırdı ki, müəllim öz dərsini necə qurursa-qursun ye­nə də bir çox məsələlər, yeni nəşr olunan xeyli əsər dərsdən kə­narda qalır. Şa­gird­lərin oxuması zəruri olan belə əsərləri «müəllim kə­mali-cə­sa­rət­lə sin­fin xaricinə çıxara bilər.» Bu zaman şagirdlərin yaş xü­su­siy­yət­ləri və bilik səviyyələri nəzərə alınmalıdır.

        F.Qasımzadə «Kommunist tərbiyəsi uğrunda» jurnalında nəşr olunmuş «Məktəbdənxaric bədii qiraət haqqında” məqaləsində qeyd edirdi ki, ədəbiyyatdan sinifdənxaric oxu vasitəsilə şagirdlərin si­nifdə qazandığı biliklər dərinləşdirilir, onların müstəqil mütaliə mə­dəniyyəti inkişaf etdirilir. Məqalədə şagirdlərin sinifdənxaric oxu­sunun təşkili sahəsində müsbət işlərlə yanaşı, nöqsanların da olduğu göstərilirdi.

        Bu illərdə məktəblərdə, əsasən, “Qiraət kitabı”, “Milli qiraət kitabı”, “Uşaq çeşməyi”, “Qiraət dərsləri” dərsliklərindən istifadə olunmuşdur. Hə­min dərsliklərdə verilən materialların hamısını təlim baxımından müvəf­fəqiyyətli hesab etmək mümkün olmasa da, Q.Za­kir, S.Ə.Şir­vani, İ.A.Krılov, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq kimi sənətkarların əsər­lərindən nümunələr verilməsi bu dərs kitablarının uğuru sayıl­malıdır. [22]

        Həmin dövrün dərslikləri içərisində R.Axundov, H.Əminbəyli, V.Xuluflunun redaktorluğu ilə nəşr olunan “Ədəbiyyat dərsləri” müəl­limlər tərəfindən daha rəğbətlə qarşılanmışdı.

        1933-1934-cü illərdə ədəbiyyatdan yeni proqram və dərsliklərin tərtib olunması qərara alınmış, hazırlanan proqramlarda «Məktəb­dən­xaric oxunacaq əsərlər» başlığı altında şagirdlərə tövsiyə olunan əsər­lərin siyahısı genişləndirilmişdi.

        Keçən əsrin 40-cı illərində nəşr olunmuş yeni dərslik və proq­ram­larla müəllimlərin səmərəli işləməsini təmin etmək üçün me­to­dik vəsaitlərə ehtiyac duyulurdu. Bu baxımdan 1940-cı ildə F.Qa­sım­zadənin redaktorluğu ilə nəşr olunan «Ədəbiyyat metodikası» me­todik vəsaiti həmin sahədə boşluğu doldurmağa xidmət edirdi. Vəsait V.V.Qolubkovun “Ədəbiyyatın tədrisi metodikası” ki­tabı əsasında işlənilsə də, burada metodik tövsiyələr Azərbaycan ədə­biyyatı materialları əsasında verilmiş, məktəb təcrübəsi nəzərə alın­mışdı.

        Bu kitab, eləcə də M.Quluzadənin “Natamam orta məktəblərdə lirik əsərlərin öyrədilməsi” (1940), M.Ələkbərovun “Orta məktəbdə ədəbi oxu haqqında” (1940) kitabları o dövrdə ədəbiyyat tədrisi me­todikasında irəliyə doğru atılmış addım kimi qiymətləndirilməlidir.

        İkinci dünya müharibəsi illərində ədəbiyyat tədrisi sahəsində qarşıya qoyulan vəzifələr o dövrün ab-havası ilə şərtlənir, təlim prosesində vətənə məhəbbət, düşmənə nifrət hissinin aşılanması ön plana çəkilirdi.

        Müharibədən sonrakı illərdə «Azərbaycan məktəbi» jurnalında, «Azərbaycan dili və ədəbiyyat tədrisi» metodik məqalələr məc­muəsin­də ədəbiyyat tədrisi ilə bağlı məqalələr dərc olunur, qabaqcıl iş təcrübəsi işıqlandırılırdı.

        Bu dövrdə görkəmli metodist alim Ə.Qarabağlının məhsuldar elmi fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun S.Əfəndiyev, M.Qu­lu­zadə ilə birlikdə yazdığı “Ədəbiyyat metodikası” (1952) ki­ta­bın­da ədəbiyyat dərslərinin təşkilinin bir sıra nəzəri və praktik mə­sə­lə­lə­ri şərh edilmiş, müəllimlərə konkret metodik tövsiyələr verilmişdi. Ə.Qarabağlının “Məktəbdə bədii mətnlərin təhlili” kitabında ədə­biy­yat tədrisinin məzmunu, predmeti, məqsəd və və­zi­fə­ləri, bədii əsərlərin təhlili metodikası məktəb təcrübəsinə əsas­lan­maq­la şərh olunmuşdur.

        Ə.Qarabağlının ədəbiyyat tədrisi sahəsində ardıcıl təd­qi­qat­larının nəticəsi olaraq meydana gəlmiş “Azərbaycan ədəbiyyatının təd­risi metodikası” dərs vəsaiti ali və orta məktəblərdə ədəbiyyat təd­risinin səviyyəsinin yüksəlməsi üçün zəmin yaratdı.

        Keçən əsrin 70-ci illərindən etibarən ədəbiyyat tədrisi sahəsində təd­qiqatların miqyası genişlənməyə, yeni metodik vəsaitlər, dərslik­lər nəşr olunmağa başladı. Bu illərdə Şəmistan Mikayılov, Ağadadaş Babayev, Aydın Hacıyev, Camal Əhmədov, Dursun Məmmədov, Bilal Muradov, Soltan Hüseynoğlu, Abbas Səmədov kimi tanınmış metodist alimlərin apardığı sanballı tədqiqatlarla ədəbiyyat tədrisi metodikası yeni inkişaf mərhələsinə da­xil oldu.

        Hazırda ədəbiyyatın tədrisi metodikası sahəsində Piralı Əliyev, Fəxrəddin Yusifov, Asya Bəkirova, Yusif Aslanov, Bibixanım İbadova kimi orta nəsli təmsil edən tədqiqatçılar səmərəli fəaliyyət göstərirlər.

        Azərbaycan ədəbiyyatının orta məktəbdə səmərəli öyrədilməsi üçün pedaqoji-metodik işin elmi təşkili, tədris vəsaitləri və proq­ramlarının hazırlanması sahəsində pedaqoji elmlər doktoru, profes­sor Ş.Mikayılov səmərəli fəaliyyəti qeyd edilməlidir. Alimin ədə­biy­yat nəzəriyyəsinin şagirdlərə öyrədilməsi yolları probleminə həsr olunmuş tədqiqatlarının nəticələri “Ədəbiyyat nəzəriyyəsi” dərs vəsaitində ümumiləşdirilmişdir.

        Bu dərs vəsaitini əvvəlki “Ədəbiyyat nəzəriyyəsi”ndən fərqlən­dirən məziyyətlərdən biri də bədii dil, xüsusilə bədii təsvir və ifadə vasitələri haqqqında biliklərin müəyyən sistemə salınması idi. Sələflərindən fərqli olaraq, müəllif bədii təsvir vasitələri ilə bədii ifadə vasitələrini bir-birindən ayırır, beləliklə, həmin anlayışların təkcə şagirdlər tərəfindən deyil, bu anlayışları öyrədən müəllimlər tərəfindən də asan qavranılmasına şərait yaradırdı. Bədii süjet və kompozisiya, ədəbi məktəb və cərəyanlar, yaradıcılıq metodları və üslub haqqında deyilənlər də konkretliyi və aydınlığlı diqqəti cəlb edirdi.

        Hazırda məktəb təcrübəsi əhəmiyyətli şəkildə dəyişmiş, me­to­di­­ka­nın nəzəriyyə və təcrübəsində ədəbiyyat təlimi prosesinə təsir göstərən yeniliklər yaranmışdır. Nəticədə metodika elminin müasir tələblərinə cavab verən yeni dərs vəsaitlərinə ciddi ehtiyac ya­ran­mış­dır. Bu baxımdan pedaqoji elmlər doktoru, professor Ş.Mi­ka­yı­lo­vun pedaqoji elmlər namizədi, dosent A. Bəkirova ilə birlikdə apar­dığı tədqiqatların nəticəsi olan “Ümumtəhsil məktəblərinin V-XI siniflərində ədəbiyyatın tədrisi metodikası” dərs vəsaitinin nəşri çox əhəmiyyətlidir.

        Yeni dərs vəsaitini müəlliflər əvvəlki metodik təcrübədən bəh­rələnməklə, ədəbiyyatın tədrisi metodikasındakı müsbət ənənələri qo­ruyub saxlamaqla və həyatın tələbi ilə məktəb təcrübəsinə, me­todik fikrə gəlmiş yenilikləri nəzərə almaqla yazmışlar. Beləliklə, gər­gin tədqiqatçı əməyinin nəticəsində müsbət metodik ənənələri və yeni metodik təfəkkürü üzvi şəkildə birləşdirən orijinal dərs vəsait-yaranmışdır.

        Ş.Mikayılovun elmi-metodik fəaliyyətinin mühüm bir istiqamə­ti­ni orta ümumtəhsil məktəblərinin IV-X sinifləri üçün ədəbiyyat proq­ramlarının tərtibi təşkil etmişdir. Keçən əsrin 70-80-ci illərində ədə­biyyat müəllimlərinin təlim prosesində böyük həvəslə istifadə et­diyi həmin proqramlarda tərtibçinin metodik səriştəsi, gənc nəslə soy­kökünə bağlılıq, xalqa, xalq işinə sədaqət, fəal mənəvi mövqe aşı­layan əsərlərə geniş yer verməsi, şagirdlərin yaş və bilik sə­viy­yə­sini, maraq dairəsini nəzərə alması xüsusi qeyd edilməlidir.

        Azərbaycanın müstəqil dövlət quruculuğu yoluna qədəm qoy­ması digər fənlərdə olduğu kimi, ədəbiyyat tədrisi sahəsində də cid­di dönüş yaratdı. Ədəbiyyat tədrisi sovet sisteminin ideoloji ehkam və qəliblərindən azad oldu. Respublikada həyata keçirilən təhsil is­la­hatının tələblərinə uyğun olaraq, orta ümumtəhsil məktəblərində mütərəqqi ənənələrimizi dünya təhsil sistemində faydalı olanlarla əlaqələndirən, milli zəminə əsaslanan və bəşəri dəyərləri özündə əks etdirən yeni proqramların və dərsliklərin hazırlanması vəzifəsi qar­şıya qoyuldu.

        Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən elmi-metodik şura­nın işləyib hazırladığı ədəbiyyat proqramları nəşr olundu, ədəbiyyat dərs­likləri tərtib edildi. Müstəqillik dövrünün ilk proqram və dər­sik­ləri bir sıra qüsurlarına baxmayaraq, əvvəlkilərdən mahiyyət eti­ba­rilə, bir çox parametrlərinə görə köklü surətdə fərqlənirdi.

        2003-cü ildə ədəbiyyatdan yeni proqram və dərsliklər hazır­la­nar­kən belə bir əsas götürüldü ki, ədəbiyyat tədrisinin ali məqsədi yük­sək ideya-bədii dəyərə malik əsərlərin öyrədilməsi əsasında şa­gird­lərin dünyagörüşünü genişləndirmək, milli və ümumbəşəri mə­nəvi dəyərləri mənitmsətmək, nəticə etibarilə gənc nəslin və­tən­pər­vərlik ruhunda tərbiyə olunmasına kömək etməkdir.

        2012/13-cü tədris ilindən etibarən Azərbaycan məktəblərində ədəbiyyat fənni üzrə kurikulumun tətbiqinə başlanıldı. Bu məqsədlə V-VII siniflər üçün yeni tipli “Ədəbiyyat” dərslikləri və müəllim üçün metodik vəsaitlər nəşr olundu.

        Ədəbiyyat
        1. Abdullayev A.S. Azərbaycan dilinin tədrisi tarixindən. Bakı: Ma­arif, 1966.

        2. Ağayev Ə.Ə. XIX əsrin sonu XX əsrin əvvəllərində Azər­bay­can pedaqoji fikrinin başlıca problemlərinə dair. Azər­bay­can məktəbi, 1975 N1.

        3. Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu. Bakı, 2006.
        4. Çobanzadə B. Türk dili və ədəbiyyatının tədris üsulu. Bakı, 1927.
        5. Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Bakı Uni­­versiteti, 1991.
        6. Əhmədov C.M. Azərbaycan ədəbiyyatının tədrisi ta­ri­xin­dən. Bakı: Maarif, 1971.
        7. Əhmədov H.M. XIX əsr Azərbaycan məktəbi. Bakı: Maarif, 1985.

        8. Həsənli B., Hüseynoğlu S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Müəllim üçün metodik vəsait.Bakı: Bakı nəşriyyatı, 2012.

        9. Hüseynoğlu S. Ədəbiyyat dərslərində yeni texnologiyalar: Fəal/ interaktiv təlim.Bakı, 2009.

        10. Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2012.

        11. Hüseynoğlu S., Həsənli B., Məmmədova S., Mustafayeva A. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2014.

        12. Hüseynzadə R.L. Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və pedaqoji fikir. Bakı: MBM, 2005.

        13. Köçərli F.Ə. Azərbaycan ədəbiyyatı. II cild. Bakı: Elm, 1981.
        14. Qarabağlı Ə.M. Azərbaycan ədəbiyyatının tədrisi metodi­ka­sı. Bakı: Maarif, 1968.

        15. Mikayılov Ş.A., Bəkirova A.M. Ümumtəhsil məktəb­lə­ri­nin V-XI siniflərində ədəbiyyatın tədrisi metodikası. Bakı: Nak­suana, 2008.

        16. Mollayev İ. Orta əsrlərdə Azərbaycanda məktəb və təlim mə­sələlərinə dair. “Azərbaycan məktəbi», 1977 N 1.

        17. Orta məktəbdə ədəbiyyat tədrisi. I hissə. A.M.Babayevin re­dak­təsi ilə. Bakı: Maarif,1976.
        18. Seyidov F.Ə. Qori seminariyası və onun məzunları. Bakı: Maarif, 1988.

        19. Seyidov Y. Azərbaycan Demokratik Cümhuriyyəti döv­rün­də dil, məktəb, tədris problemləri. Azərbaycan dili və ədəbiyyat təd­risi, 2000 N 1, s.3-9.

        20. Səmədov A.A. Azərbaycan məktəblərində ədəbiyyat təd­ri­si­nin inkişaf problemləri. Gəncə: Gəncə poliqrafiya, 2006.

        21. Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ədəbiyyat proq­­­ramı. Bakı, 2003.
        Şagird bədii ədəbiyyatın oxucusu kimi
        [1] Köçərli F.Ə. Balalara hədiyyə. Bakı, 1987, səh.3.

        [2] Mollayev İ. Orta əsrlərdə Azərbaycanda məktəb və təlim məsələrinə dair. Azərbaycan məktəbi, 1977 N 1, səh.68.

        [3] Köçərli F. Ə. Azərbaycan ədəbiyyatı. I cild. Bakı, 1978, səh.90.
        [4] Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası. Bakı, 1991, s.62.

        [5] Hüseynzadə R.L. Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və pedaqoji fikir. Bakı: MBM, 2005, s. 58.

        [6] Araslı H. Şairin həyatı. Bakı, 1967, səh.28.
        [7] Axundov M.F. Əsərləri. II cild. Bakı, 1962. s.70.
        [8] Bakıxanov A.M. Bədii əsərləri. Bakı, 1973, s. 353.
        [9] Кöçərli F. Azərbaycan ədəbiyyatı. II cild. Bakı, 1981, s.33.

        [10] Qənizadə S.M. Sabir haqqında kiçik bir xatirə. “Sabir xatirələrdə” ki­ta­bın­da. Bakı, Gənclik, 1982. s. 26-38.

        [11] Məmmədov X. Sultan Məcid Qənizadə. Bakı: Yazıçı, 1983. s.18.
        [12] Məmmədov X. Sultan Məcid Qənizadə. Bakı: Yazıçı, 1983. s.49.
        [13] Bax: Talıbzadə K.A. XX əsr Azərbaycan tənqidi. I hissə. Bakı: EA-nın nəşri, 1966, s.50.
        [14] Nəbiyev B. F.Köçərli. Bakı: Gənclik, 1984. c. 67. üm səh. 228.
        [15] «Dəbistan» 1906 N 1.

        [16] Ağayev Ə.Ə. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikrinin başlıca problemlərinə dair. «Azərbaycan məktəbi» jurnalı, 1975 N 1, s. 55.

        [17] Ağayev Ə.Ə.Fərhad Ağasadənin pedaqoji görüşləri. Bakı: Maarif, 1987. s.74.

        [18] Hüseynzadə A. Seyid Hüseynin pedaqoji fəaliyyəti və maarifçilik gö­rüş­ləri. Bakı: Maarif, 1971, s.50-61.

        [19] İbrahimov M. Niyəsiz, necəsiz bir yazısan sən. Bakı, 1985, s.365.

        [20] Səmədov A.A. Azərbaycan məktəblərində ədəbiyyat tədrisinin inkişaf problemləri. Gəncə: Gəncə poliqrafiya, 2006, s. 60.

        [21] Çobanzadə B. Türk dili və ədəbiyyatının tədris üsulu. Seçilmiş əsərləri. III cild. Bakı: Şərq-Qərb, 2007, s.300

        [22] Səmədov A.A. Azərbaycan məktəblərində ədəbiyyat tədrisinin in­ki­şaf problemlər i. Gəncə: Gəncə poliqrafiya, 2006, s. 64.

Comments are closed, but trackbacks and pingbacks are open.