Press "Enter" to skip to content

Kateqoriya: Durğu işarələri

İstifadə olunmuş mənbələr:

Azərbaycan Milli Elmlər Akademiyası

Yazı mədəniyyətinin üç əsas şərti var: bunlardan birincisi cümlənin qrammatik baxımdan düzgün qurulması, ikincisi orfoqrafiya qaydalarına əməl olunması, üçüncüsü isə durğu işarələrindən yerli-yerində istifadədir. Yazı yazanın fərdi üslubi maneralarda təcəssüm edən məharəti, ustalığı məhz bu üç normativ şərti gözlədikdən sonra gəlir.

Azərbaycan yazısında durğu işarələrindən ardıcıl, elmi əsaslarla istifadənin tarixi keçən əsrin 20-ci illərindən başlayır ki, bu, bir tərəfdən, latın əlifbasına keçid, digər tərəfdən, elmi dilçilik təfəkkürünün inkişafı ilə bağlı idisə, üçüncü tərəfdən, yazı mədəniyyətinin kütləviləşməsi və ya ictimailəşməsi ilə əlaqədar olmuşdur.

Bir sıra cəhdləri nəzərə almasaq, Azərbaycan yazısının durğu işarələrilə “təminat”ını tənzimləyən ilk elmi-metodiki mənbə Bəkir Çobanzadə ilə Fərhad Ağazadənin 1930-cu ildə “Azərnəşr”də çıxmış “Türk qrameri” kitabıdır. Kitabda “Durğu işarələri” bəhsini Fərhad Ağazadə yazmış və ön sözündə göstərmişdi ki, “yeni törəmiş olan bu məsələnin üstündə hələ çox zamanlar düşünüb-daşınmaq lazım gələcək”.

Burada on durğu işarəsindən bəhs edilir: 1) nöqtə, 2) vergül, 3) nöqtəli vergül, 4) iki nöqtə, 5) sual işarəsi, 6) nida işarəsi, 7) kəşidə (tire), 8) mötərizə, 9) çox nöqtə, 10) dırnaq işarəsi.

Sonrakı illərdə həm yazı texnologiyasının, həm də dilçiliyin sürətlə inkişafı ilə əlaqədar olaraq durğu işarələrindən yerli-yerində istifadə mədəniyyəti kifayət qədər yüksəlmiş, birbaşa bu məsələ ilə bağlı bir sıra əsərlər nəşr olunmuşdur. Onlardan M.Ş.Şirəliyevlə M.H.Hüseynovun “Azərbaycan dilinin durğu işarələri” (Azərnəşr, 1945), Z.İ.Budaqova ilə R.Ə.Rüstəmovun “Azərbaycan dilində durğu işarələri” (Azərbaycan SSR EA nəş., 1965) və Z.İ.Budaqovanın “Azərbaycan dilində durğu işarələri” (“Elm” nəş., 1977)ni qeyd etmək lazımdır.

Z.İ.Budaqova qırx il bundan əvvəl yazırdı: “Təəssüflər olsun ki, bu qrafik vasitə (söhbət durğu işarələrindən gedir – N.C.) ancaq müəyyən məlum hallarda düzgün qoyulur. Çox zaman bunlar yazanın şəxsi zövqünü oxşayan ünsürlərə çevrilir: hər kəs cümlənin tələbinə yox, öz zövqünə görə bunlardan istifadə edir. Nəticədə yazılı nitqimiz ya müəyyən incəliklərdən məhrum olur, ya da hər hansı işarələrlə lüzumsuz şəkildə yüklənir”.

Təəssüf ki, bu gün də həmin sahədə vəziyyətin qənaətbəxş olduğunu demək çətindir…

Azərbaycan dilində (əslində, yazısında) durğu işarələrinə həsr olunmuş son “təlimat”da nöqtənin 13, vergülün 54, nöqtəli vergülün 6, iki nöqtənin 3, sual işarəsinin 3, nida işarəsinin 5, tirenin 12, üç nöqtənin 8, mötərizənin 5, dırnaqların isə 3 funksiyası qeyd olunur.

Beləliklə, Azərbaycan yazısında durğu işarələrinin işlədilməsi tarixi göstərir ki, a) bir neçə on il ərzində müəyyən sabit qaydalar yaradılmışdır; b) bu qaydalar yazı təcrübəsində kifayət qədər kütləvi şəkildə tətbiq edilərək yayılmışdır; c) həm qaydalardan, həm də onlara nə dərəcədə əməl edilməsindən irəli gələn problemlər vardır.

Ümumiyyətlə, yazıda durğu işarələri üç vəzifə və ya funksiya daşıyır: 1) orfoqrafik, 2) qrammatik və 3) üslubi.

Orfoqrafik vəzifə dedikdə durğu işarələrinin sözün düzgün yazılmasında iştirakı nəzərdə tutulur. Məsələn, bəzi mürəkkəb sözlər defislə yazılır (künc-bucaq, irəli-geri, aşağı-yuxarı, üç-dörd və s.), yaxud bir sıra xüsusi adlar dırnaq içərisinə alınır (“Azərbaycan” qəzeti, “Vaqif” dramı, “Qurd qapısı” restoranı və s.), yaxud da müəyyən ixtisarlardan sonra nöqtə işarəsi qoyulur (S.Vurğun, və s., və b.).

Durğu işarələrinin qrammatik funksiyası isə kifayət qədər genişdir. Lakin ümumiləşdirməyə çalışsaq, həmin işarələri üç qrupa bölmək lazım gəlir:

1) nöqtə, sual və nida işarələri;

2) vergül işarəsi;

3) iki nöqtə, nöqtəli vergül və tire işarələri.

Nöqtə, sual və nida işarələri, bir qayda olaraq, cümlənin sonunda qoyulub həmin cümlənin nəqli, sual və ya nida cümləsi olduğunu göstərir; müqayisə edək:

1. İnsan həqiqət axtarır.

2. İnsan həqiqət axtarır?

3. İnsan həqiqət axtarır!

Əmr cümləsinin sonunda emosiya səviyyəsindən asılı olaraq ya nöqtə, ya da nida işarəsi qoyulur.

Ən çox mübahisə doğuran durğu işarəsinə – vergülə gəldikdə isə, burada da “şeytan” təsəvvür edildiyi qədər qorxulu deyil…

Vergüldən, əsasən, aşağıdakı hallarda istifadə olunur:

I. Mürəkkəb cümlənin tərkib hissələri (sadə cümlələr) bir-birindən vergüllə ayrılır; məsələn:

1. Hava işıqlaşır, bütün gecəni yağan qar yavaş-yavaş dayanırdı.

2. Elə ki hava işıqlaşdı, bütün gecəni yağan qar yavaş-yavaş dayandı, Həsən kişi yuxudan oyanıb əyin- başını geyinərək həyətə çıxdı.

3. Hava işıqlaşıb bütün gecəni yağan qar yavaş-yavaş dayanandan sonra Həsən kişi yuxudan oyanıb əyin-başını geyinərək ona görə həyətə çıxdı ki, görsün dünən axşamdan yaddan çıxıb qapısı açıq qalan mal- heyvana bir şey olmayıb ki və s.

II. Cümlənin həmcins üzvləri arasında vergül qoyulur; məsələn:

İlk dəfə şəhərə gələndə, küçələrdəki insan axınına, bir-birinin ardınca şütüyən maşınlara, hətta yanıb-sönən işıqforlara baxanda ona elə gəlirdi ki, tamamilə uzaq bir aləmə, heç vaxt adət edə bilməyəcəyi bir məkana düşüb.

III. Cümlə üzvləri ilə əlaqədar olmayan sözlər, söz birləşmələri və ya cümlələr cümlə üzvlərindən vergüllə ayrılır; məsələn:

1. Əmi oğlu, sən elə bilirdin ki, mənim dostlarım, xüsusilə bu Qafur ki hər yerdə şənimə təriflər yağdırırdı, düz-əməlli adamdır, xeyr, elə deyil.

2. Məncə, a bala, sən gərək, nə olursa-olsun, özü də belə bir xoş gündə, o adamın könlünə dəyib qanını qaraltmayaydın.

3. Birincisi, dövlət başçılarının növbəti görüşü, heç şübhəsiz, öz-özlüyündə mühüm hadisədir. İkincisi isə, bunu keçən görüşlərin təcrübəsi də göstərdi, əgər sona qədər hər iki tərəf iradə nümayiş etdirsə, müəyyən uğurlu nəticələrə nail olmaq mümkündür və s.

IV. Vergül o və bu əvəzliklərinin mübtəda, yoxsa təyin olduğunun fərqləndirilməsi üçün işlədilir; müqayisə edək:

1. O, evə getdi. Bu, kitabdır.

2. O evə getdi. Bu kitabdır.

Birinci halda o və bu əvəzlikləri mübtəda, ikinci halda isə təyindir.

V. Əgər kiminsə fikrinə və ya mövqeyinə istinad olunursa (məsələn: Hegelə görə, Hüseyn Cavidə görə, mənə görə, sənə görə, ona görə və s.) görə qoşmasından sonra vergülə ehtiyac var; məsələn:

1. Hegelə görə, Şərq ilə Qərbin dövlət idarəçiliyi texnologiyaları bir- birindən kəskin şəkildə fərqlənir.

2. Hüseyn Cavidə görə, gözəllik adi həyatın fövqündədir.

3. Qanunun keşiyində dayanmalı olan bir adamın belə hərəkətlərə yol verməsi, mənə görə, cinayətdir və s.

Lakin o halda ki görə qoşması üçün, ötrü qoşmalarının sinonimi kimi işlənir, ondan sonra vergülə ehtiyac yoxdur; məsələn:

1. Məni sənə görə yaman təriflədilər.

2. Verilən tapşırığı vaxtında yerinə yetirdiyinizə görə hamınıza təşəkkür elan edirəm və s.

1. Sən mənə görə narahat olmasan yaxşıdır.

2. Sən, mənə görə, narahat olmasan yaxşıdır.

Göründüyü kimi, məna fərqlərinin nəzərə çatdırılmasında vergül həlledici rol oynayır. Hər iki halda cümlənin leksik-qrammatik tərkibi eynidir. Amma birinci halda “sən”in “mən” tərəfdən narahat olmaması, ikinci halda isə “sən”in ümumi narahatlığına “mən”in münasibəti bildirilir.

Müşahidələr göstərir ki, vergüldən yazıda düzgün istifadə olunmamasının ən səciyyəvi əlaməti harada ki işlənirsə, ondan sonra həmişə vergül qoyulmasıdır. Halbuki, məsələn, Həsən sübut etməyə çalışırdı ki, o günahı ki onun boynuna qoymaq istəyirlər, qətiyyən düz eləmirlər cümləsində birinci ki dən sonra vergül qoyulur (bağlayıcı olduğuna görə), ikincidən sonra isə qoyulmur (ədat olduğuna görə).

Yaxud ona görə ki, ondan ötrü ki, onun üçün ki və s. bağlayıcılardan sonra vergül işarəsinə ehtiyac yoxdur. Məsələn: Firma öz məhsullarının qiymətini aşağı salmaq fikrində deyildi, ona görə ki (ondan ötrü ki, onun üçün ki) bu məhsullara tələbat get- gedə artırdı.

Bəzən şeirdə söz sırasının dəyişməsi ilə əlaqədar olaraq vergül işarəsinin işlədilməsində çətinliklər yarandığından yanlışlıqlara yol verilir. Məsələn, böyük şairimiz Sabirin aşağıdakı məşhur misrası nəşrlərdə həmişə

Şairəm, çünki vəzifəm budur əşar yazım, – şəklində gedir. Ancaq məlumdur ki, şair “vəzifəm budur ki, şeirlər yazım, çünki (mən) şairəm” deyir. Ona görə də vergül “şairəm” yox, “çünki” sözündən sonra qoyulmalıdır:

Şairəm çünki, vəzifəm budur, əşar yazım.

İki nöqtə, nöqtəli vergül və tire işarələri o qədər də geniş funksiya daşımır. Və get-gedə nöqtə, yaxud vergüllə əvəz edilir.

İki nöqtə ümumi fikirdən sonra onun izahı verilərkən, yaxud ondan sonra hər hansı sadalamaya ehtiyac olarkən (xüsusilə rəsmi və ya işgüzar sənədlərdə) işlənir; məsələn:

1. Vəziyyətdən iki çıxış yolu var: ya yaxşı oxuyub təhsili davam etdirmək, ya da universitetlə vidalaşmaq.

2. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. 2). 3). …

Nöqtəli vergüldən o zaman istifadə edilir ki, vergül öz funksiyasını davam etdirə bilmir; belə ki mürəkkəb cümlənin tərkib hissəsi olan cümlə və ya cümlələr özləri də mürəkkəb olur, yaxud həmin cümlələrdə həmcins üzvlər işlənir; məsələn:

Elə ki müşahidə komissiyası fabrikin ərazisinə daxil oldu, saat yeddini keçmiş, iş vaxtı qurtarmışdı; adamlar isə evə tələsmir, başladıqları işi sona çatdırmaq istəyirdilər.

Nöqtəli vergülün bir funksiyası da daha çox rəsmi və ya işgüzar sənədlərin dilində özünü göstərir; məsələn:

Komissiya sədrinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

1) iş icraçılarını təyin etmək, onların işinə nəzarət eləmək;

2) müvafiq qurumlarla əlaqə saxlamaq, təcrübə mübadilələrinin aparılması üçün şərait yaratmaq…

Nöqtəli vergülün ikinci funksiyası birincidən o qədər də fərqlənmir.

Tire işarəsi cümlədə ya hər hansı sözə əlavə izah verilərkən, ya da həmcins üzvlər “ümumiləşdirilərkən” işlənir; məsələn:

1. Bakı – qədim olduğu qədər də müasir bu şəhər, etiraf edim ki, məni öz gözəlliyi ilə valeh elədi.

2. Göz işlədikcə uzanan intəhasız çöllər, yalnız ayda-ildə bir dəfə yağış görən susuz torpaq, seyrək kol-kos – ətrafdakı hər şey darıxdırıcı, çox darıxdırıcı idi.

Vasitəsiz nitqdə iki nöqtə ilə tire birlikdə işlənir; məsələn:

– Ata, dünyanın ən gözəl ölkəsi haradır?

Atası bildi ki, oğlu məktəbdə yenə nə isə xoşuna gələn bir şey öyrənib. Özünü bilməməzliyə vurdu:

– Necə bilmirsən? – dedi. – Hər kəsin öz vətəni.

Əlbəttə, yazı nə qədər mükəmməl olsa da, şifahi nitqin rəngarəng intonasiya çalarlarını sonacan əks etdirmək gücündə deyil. Ona görə də durğu işarələrindən bəzən üslubi məqsədlərlə də istifadə olunması tamamilə təbiidir. Məsələn, Mehman dolmuş gözləri ilə otağa göz gəzdirib arxasına baxmadan səssiz- səmirsiz bayıra çıxanda Dilarə bütün varlığı ilə hiss elədi ki, bu, onun son (!) səfəridir, ancaq bir söz demədi cümləsində “son” sözü qarşısında qoyulmuş nida işarəsi həmin sözün emosional təsirini gücləndirmək üçündür.

Bir neçə durğu işarəsindən eyni zamanda istifadə, adətən, üslubi səciyyə daşıyır. Məsələn, üç nöqtə, sual və nida, sual və nöqtələr, nida və nöqtələr və s.; məsələn:

1) Qatar hərəkətə gəldi. Onun ürəyi daha sürətlə döyünməyə başladı. Nə edəcəyini bilmədi.

2) Sən son sözünü deyəcəksən, ya yox?!

3) Gedirsən, ya getmirsən.

4) Aha. Aha. Deməli, belə. və s.

Azərbaycan yazı mədəniyyəti son on illərdə xeyli inkişaf edib zənginləşsə də, çox təəssüf ki, durğu işarələrinin işlədilməsi üzərində elmi-akademik nəzarət yox dərəcəsindədir. Və bu sahədə son peşəkar, nüfuzlu “təlimat”ın nəşrindən qırx ildən artıq bir zamanın keçməsi də göstərir ki, yazıda durğu işarələri məsələsi mətbu inersiyanın ümidinə buraxılmışdır. Halbuki nəinki mövcud vəziyyəti təhlil etməyə, eləcə də yeni – daha mukəmməl “yol xəritəsi” hazırlamağa çoxdandır ki ciddi ehtiyac duyulur.

Nizami Cəfərov, akademik

“Azərbaycan” qəzeti, 23 fevral 2018-ci il

Tire yoxsa defis ?

1. Durğu işarələri haqqında məlumat vermək, onların mahiyyətini, funksiyasını izah etmək.

2. Tire və defisin fərqlərini izah etmək.

3. Tirenin işlənmə yerləri haqqında məlumat vermək.

4. Defisin işlənmə yerləri haqqında məlumat vermək.

Professor Ə. Dəmirçizadənin xatirələrində Səməd Vurğunun vergül üstündə necə çıxılmaz vəziyyətdə qalması haqqında yazılır. Bu vəziyyət aşağıdakı sətirlərdə vergülün unudulması ilə bağlı yaranıb.

Mən and içdim rəhbərimin vicdanındakı,

Günəşdən də parlaq olan bir şeiriyyətə.

Burada şair rəhbərin vicdanındakı şeiriyyətdən danışır, hansı ki, günəşdən də parlaqdır. Lakin bir mətbuat orqanında vergül unudulmuş və şairi sevməyənlər dərhal bundan istifadə etmişlər.

Mən and içdim rəhbərimin vicdanındakı

Günəşdən də parlaq olan bir şeiriyyətə.

Burada isə şairin fikri “rəhbərin vicdanındakı günəşdən daha parlaq bir şeiriyyətə and içilməsi” kimi yozulmuşdur.

Qeyd edilmiş hadisə durğu işarələrinin yazılı niqtimizdəki əhəmiyyətlilik dərəcəsini göstərir. Şifahi nitqimiz qədər yazılı nitqimizin də düzgün, dəqiq olmasına çalışmalıyıq. Səslədirdiyimiz cümlənin avazını, intonasıyasını, vurğusunu, fasiləsini və başqa əlamətlərini yazıda durğu işarələri vasitəsilə göstəririk. Durğu işarələri yazılı nitqimizə müxtəlif məna, məqsəd və psixoloji məna çalarları verir. Mənalı səslənmənin fasilələr halında təzahür edən növünə durğu deyilir.

Durğu işarələrini yerində işlətmədikdə ifadə edilən fikirdə dolaşıqlıq yaranır, şifahi nitqlə yazılı nitq arasında məzmun uyğunluğu pozulur. Yazı zamanı fikirlərimizin aydın başa düşülməsi, düzgün tələffüzü üçün durğu işarələrindən yerində istifadə etməyimiz əsas şərtlərdən biridir.

Dilçiliyin durğu işarələrindən bəhs edən bölməsi Punktuasiya adlanır. Punktuasiya latınca “punktum” sözündən olub, nöqtə deməkdir.

−Dilimizdə durğu işarələrinin tarixi haqqında nə bilirik?

−Azərbaycan dilində durğu işarələrinin işlədilməsi ideyasını ilk dəfə M.F.Axundov irəli sürmüş, işarələr təklif etmişdir. Durğu işarələri ilk dəfə “Əkinçi” qəzetində və “Vətən dili” (A.O.Çernayayevski) dərsliyində işlənmişdir.

Hazırda durğu işarələrinin işlədilməsi ilə bağlı əsas çətinliklərdən biri də tire ilə defisin işlənmə məqamları ilə bağlıdır. Əksər hallarda tire defislə qarışdırılır.

−Tire ilə defisin fərqi nədir?

−Tire durğu işarəsi olduğu halda, defis durğu işarəsi deyil. Tire həcmcə defisdən daha böyükdür. Tire sintaktik, defis isə morfoloji anlayışdır. Tiredən daha çox sintaktik kateqoriyalarla, defisdən isə mürəkkəb sözlərin yazılışı və bəzi texniki məqsədlərlə bağlı olaraq istifadə edilir. Buna görə də defis dilçilik ədəbiyyatında orfoqrafik işarə kimi verilir.

−Dilçiliyin punktuasiya bölməsi tədqiq edilməyini gözləyən bölmələrdəndir. Punktuasiya bölməsi ilə bağlı yeni tədqiqat əsərləri yazılmalıdır.

−Yazılı nitqimizdə tiredən hansı məqamlarda istifadə etməliyik?

−Tire (−) [fransızca] uzun üfiqi xətt şəklində durğu işarəsi. Morze əlifbasında da tiredən istifadə olunur. Tire işarəsinin işlənməsi ilə bağlı müxtəlif mənbələrdən topladığım məqamlarla tanış olaq.

1. Dilimizdə sıra saylarını ifadə etmək üçün bəzən ərəb rəqəmlərindən də istifadə olunur. Bu zaman rəqəmdən sonra tire qoyulur və ümumi isim gəldikdə kiçik hərflə yazılır.

Məsələn: 1 – sadə cümlə, 2 – mürəkkəb cümlə v ə s.

2. Ümumləşdirici sözlər və birləşmələr həmcins üzvlərdən sonra işləndikdə yazıda onlardan əvvəl tire (bəzən vergül) qoyulur və bu zaman həmcins üzvlərlə verilən təfərrüatı ümumiləşdirir.

Məsələn: Burda hər şeyçardağın altında qaralan ocaq daşları da, dirəkdən asılı qalmış yovşan süpürgələri də, tozlanmış pəncərənin dalında görünən mis dolça da mənə anamı xatırladırdı. (İ.Hüseynov)

3. Dialoqda hər adamın danışığı yeni sətirdən verilir və ondan əvvəl tire işarəsi qoyulur.

−Səncə, bu gövdəli, qollu-qanadlı palıd nəyə görə yerə yıxılıbdır?
−Yəqin ki, bu gecə güclənən küləyə görə.

4. V asitəsiz nitq dialoq şəklində verildikdə dırnaq lazım olmur, vasitəsiz nitqdən əvvəl tire, sonra vergül və tire qoyulur.

Məsələn: −Kaş o qayğısız günlərimi yenidən keçirəydim, yenidən yaşayaydım, −dedi. (Ə.Babayeva) (−V, −m.)

5. Müəllifin sözləri vasitəsiz nitqin arasında işləndikdə ondan əvvəl tire, müəllifin nitqindən sonra isə vergül və tire və yaxud nöqtə və tire qoyulur.

Məsələn: −Boy, allah eləməsin, −demişdi, −Niyə elə deyirsən, qızım. (Ə.Babayeva) (−V, −m, −V.)

6. Vasitəsiz nitq müəllifin sözlərinin arasında işləndikdə vasitəsiz nitqdən əvvəl qoşa nöqtə və tire, vasitəsiz nitqdən sonra onun intonasiyasına uyğun olaraq vergül, nida və ya sual işarəsi və tire qoyulur.

Məsələn: Zöhrə qışqıraraq: −Səni çağırdım ki, yetimlərin yanında qalasan. Çağırmadım ki, mənə dərs deyəsən, −deyərək qapını çırpıb getmişdi. (Ə.Babayeva) (M: −V, −m.)

8. Vasitəsiz nitq ilə müəllifin sözləri bir-birini ardıcıl şəkildə əvəz edə bilir. Bu zaman dialoq nitqində yuxarıda qeyd edilən durğu işarəsi qaydalarından istifadə edilir.

Məsələn: Əhməd bunu gördü və Səlimə gözünü ağartdı: −İşin olmasın, −dedi, −bu saat özü tapacaq. (İ.Şıxlı) ( M: −V, −m, −v.)

9. Mətn arasına girən cümlələr mətndən ya mötərizə ilə ayrılır, ya da onun hər iki tərəfinə tire qoyulur.

10. Mübtəda qrupu ilə xəbər qrupu həcm etibarilə bir-birinə bərabər gələrsə. Onların arasına tire işarəsi qoyulur.

Məsələn: Məhsul yığımında gecikmək –çoxlu itkiyə yol vermək deməkdir.

11. Xüsusiləşən əlavələr əsas üzvdən tire ilə ayrılır (vergüllə də ayrıla bilər).

12. Dram əsərlərinin iştirakçıları barədə məlumat verərkən, addan sonra tire qoyulur.

Məsələn: Məşədi İbad –50 yaşında qoca kişi.

13. Məkan və zaman başlanğıc və bitmə nöqtələrini ifadə edərkən, arada tire qoyulur.

Məsələn: Bakı–Şamaxı yolu, Bakı–Moskva qatarı, 29–30-cu illər, XIII–XVI əsrlər.

Mötərizədə tire ilə ayrılan illər adamın anadan olma və vəfat etmə tarixlərini bildirir.

Məsələn: M.Ə. Sabir (1862–1911).

Bu, hadisələrə də aid olub, onun başlanğıcı və bitmə zamanını bildirə bilər.

Məsələn: Böyük Vətən müharibəsi (1941–1945).

İki isim arasında qoyulan tire ortaqlılıq da bildirir:

Məsələn: Coul–Lens qanunu, İran–İraq müharibəsi, Polşa–Azərbaycan Dostluğu Cəmiyyəti və s.

–Defisdən harada istifadə etməliyik?

Defis ( – ) [latınca] Yazıda istifadə olunan ən qısa üfüqi xətdir. Azərbaycan dilinin qrammatik qaydalarına görə defis işarəsi aşağıdakı hallarda qoyulur:

1. Mürəkkəbləşmiş sözlərin və ifadələrin yazılışında:

ala-bəzək, az-az, ad-san, qeyri-rəsmi, əks-hücum və s.

2. Söz hissələri arasında:

Sətirdən-sətrə keçərkən: işlə-yir, dola-yır, dinlənmiş-dir və s.;

3. Ayrıca yazılan şəkilçinin əvvəlində: -dan, -çı, -lar, -mı, -dı və s.;

4. Rəqəmlə yazılan saylara bitişən şəkilçilərlə rəqəm arasında: 9-cu, 3-cü və s.

–Hansı sözlər defislə yazılır?

1. Tərkibindəki sözlərdən biri, bəzən də hər ikisi ayrılıqda məna verməyən və ya başqa məna verən isim, sifət və zərflər:

dedi-qodu, iş-güc, yara-xora, kol-kos, geyim-keçim, nəm-mün, pal-paltar, sir-sifət, sür-sümük, çör-çöp, adda-budda, qarma-qarışıq, kələ-kötür və s.

2. Hər iki tərəfi -maz, -məz şəkilçisi qəbul etmiş fellərdən əmələ gələn sifət və zərflər:

bitməz-tükənməz, dinməz-söyləməz, və s.

4. Tərkibində qeyri sözü olan sifət və zərflər:

qeyri-adi, qeyri-qanuni, qeyri-iradi, qeyri-kafi, qeyri-müəyyən, qeyri-mümkün, qeyri-rəsmi, qeyri-səmimi, qeyri-təbii, qeyri-üzvi və s.

5. İki sözdən əmələ gəlib birincisi -i (-yi) şəkilçisi qəbul edən isimlər:

vəsfi-hal, nöqteyi-nəzər, tərzi-hərəkət, tərcümeyi-hal və s.

6. Eyni sözün təkrarı ilə əmələ gələn isimlər:

aşıq-aşıq, qoz-qoz, daş-daş, pıç-pıç, top-top, cəh-cəh, civ-civ, cik-cik və s.

7. Mənaca bir-birinə yaxın, ya uzaq, ya da zidd olan ayrı-ayrı sözlərdən əmələ gələn isimlər:

ab-hava, abır-həya, ağız-burun, ad-san, alğı-satqı, alış-veriş, arvad-uşaq, ah-fəğan, bağça-bağ, baş-ayaq, var-yox, qəpik-quruş, qohum-qardaş, dava-dərman, dərə-təpə, əl-ayaq, gecə-gündüz, naz-qəmzə, nəvə-nəticə, od-alov, səs-küy, səs-səda, təhvil-təslim və s.

8. Ölçü vahidlərini bildirən isimlər:

qram-kalori, qram-ekvivalent, kilovat-saat, kiloqram-metr, ton-kilometr və s.

9. Cəhətlər arasını bildirən isimlər:

cənub-qərb, cənub-şərq, şimal-qərb, şimal-şərq və s.

10. Müxtəlif mənada işlənib, tərkib daxilində bir məfhum ifadə edən isimlərdən əmələ gətirilən tərkiblər:

alim-geoloq, inqilabçı-yazıçı, kapitan-leytenant, kafe-restoran, general-qubernator, general-leytenant, general-mayor, suvarma-meliorasiya və s.

11. Klassik muğam adlarını bildirən isimlər:

bayatı-qacar, bayatı-əcəm, bayatı-isfahan, bayatı-kürd, bayatı-türk, bayatı-şiraz, mahur-hindi və s.

12. Eyni sadə və ya düzəltmə sifətin təkrarı ilə əmələ gələn sifətlər:

balaca-balaca, dadlı-dadlı, yumru-yumru, yüklü-yüklü, lopa-lopa, pis-pis, yaxşı-yaxşı və s.

13. Mənaca bir-birinə yaxın, ya uzaq və ya zidd olan sifətlərdən düzələn mürəkkəb sifətlər:

adlı-sanlı, almalı-armudlu, allı-güllü, bağlı-bağatlı, daşlı-kəsəkli, evli-eşikli, əməlli-başlı, ətli-qanlı, otlu-sulu, pis-yaxşı, saysız-hesabsız, ucsuz-bucaqsız və s.

14. İki kökdən əmələ gəlib, əlavə əlamət və ya rəng bildirən sifətlər:

ala-babat, ala-bəzək, ala-çiy, ala-qara, al-əlvan, ala-yarımçıq, ala-tala, tünd-qırmızı və s.

15. İki və daha artıq isimdən əmələ gəlib, bütöv bir anlayış bildirən, arasında “və” bağlayıcısı qoymaq mümkün olan sifətlər:

dil-ədəbiyyat (fakültəsi), ticarət-sənaye (mərkəzi), fabrik-zavod (məktəbi), fəhlə-zavod ( məktəbi), fəhlə-kəndli (birliyi) və s.

16. Hər iki tərəfi –i (və ya –vi) şəkilçisi qəbul etmiş sifətdən əmələ gələn sifətlər:

elmi-kütləvi (məqalə), ədəbi-bədii (məcmuə), tarixi-ictimai ( hadisə), ictimai-iqtisadi (vəziyyət), ictimai-siyasi (məsələ), mədəni-kütləvi (iş), siyasi-kütləvi (iş) və s.

17. Qarşılıqlı əlaqə, münasibət bildirən sifətlər:

Azərbaycan-rusca (lüğət), rusca-azərbaycanca (lüğət), farsca-rusca (lüğət) və s.

18. Siyasi cərəyanların, ictimai formasiya, quruluş və s. adlarını bildirən sifətlər:

burjua-demokratik (inqilabı), icma-qəbilə (quruluşu), materialist-dialektik (nəzəriyyə), sosial-demokratik (nəzəriyyə) və s.

19. Qeyri-müəyyənlik bildirən miqdar sayları:

iki-üç, on-on beş, əlli-altmış və s.

20. -i şəkilçisi qəbul edib düzəlmiş sifətlə isim birləşməsindən yaranan mürəkkəb sifətlər:

elmi-tədqiqat (institutu), hərbi-dəniz (qüvvələri) və s.

21. Tərkibində -ıb,-ib, ub, -üb şəkilçili feli bağlama olan fellər:

bəzənib-düzənmək, itib-batmaq, yazıb-yaratmaq, gedib-gəlmək, oturub-durmaq, çalışıb-çapalamaq və s.

22. Tərkibindəki birinci sözü -ar, -ər, (-r), ikinci sözü isə -maz, -məz şəkilçili feli bağlama birləşməsi: başlar-başlamaz, istər-istəməz, işlər-işləməz, yazar-yazmaz, gələr-gəlməz, görər-görməz və s.

23. Eyni sözün (isim, sifət, say və ya zərfin) təkrarı ilə düzələn zərflər:

addım-addım, az-az, asta-asta, acı-acı, beş-beş, qarış-qarış, qəmgin-qəmgin, damcı-damcı, dəstə-dəstə, ehmal-ehmal, iki-iki, yazıq-yazıq, gec-gec, parça-parça, sabah-sabah, səhər-səhər, tez-tez və s.

24. -a, -ə, (-ya, -yə,) şəkilçili eyni felin təkrarından əmələ gələn zərflər:

qaça-qaça, bilə-bilə, gülə-gülə, ağlaya-ağlaya, oxuya-oxuya, işləyə-işləyə, sürüyə-sürüyə və s.

25. Müəyyən mənaya malik olan söz ilə ayrılıqda başqa məna verən və ya heç bir mənası olmayan sözün yanaşmasından əmələ gələn zərflər:

ac-acına, sayır-bayır, uzun-uzadı, xəbər-ətərsiz, dava-dalaş və s.

26. Təkrar olunan sözün, yəni ikinci sözün -a, -ə (-ya, -yə) şəkilçisi qəbul etməsi ilə düzələn zərflər:

baş-başa, qabaq-qabağa, qarşı-qarşıya, daban-dabana, diz-dizə, yan-yana, heç-heçə, çiyin-çiyinə və s.

27. Birincisi -dan, -dən, ikincisi -a, -ə şəkilçisi qəbul etmiş eyni sözün təkrarından və ya müxtəlif sözün yanaşmasından əmələ gələn zərflər:

axşamdan-axşama, açıqdan-açığa, başdan-başa, ildən-ilə, gizlindən-gizlinə, gündən-günə, haçandan-haçana və s.

28. Eyni nitq hissəsinə aid olan müxtəfif mənanlı sözlərin yanaşmasından əmələ gələn zərflər:

az-çox, açıq-aydın, açıq-aşkar, elə-belə, zor-güc, kor-peşman, ora-bura və s.

29. -dan şəkilçisi ilə iki eyni nitq hissəsindən əmələ gələn zərflər:

azdan-çoxdan, altdan-altdan, ordan-burdan və s.

30. Eyni sadə nidaların təkrarından düzələn mürəkkəb nidalar:

hay-hay, bəh-bəh, pəh-pəy, uy-uy, ha-ha-ha və s.

31. Qısaltma sözələrə qoşulan şəkilçilər ya qısaltmadakı sonuncu saitlə, ya da samit hərfin adındakı saitlə ahəng qanunu əsasında uyuşdurulur və şəkilçilərdən əvvəl defis qoyulur:

BMT-də, BDU-ya, ADA-ya və s.

32. Qısaltmanı təşkil edən hərflər yanında konkretləşdirici rəqəm olduqda hərflərlə rəqəm arasında defis qoyulur:

İL-18, QAZ-51, TU-144, və s.

33. Saylar ərəb rəqəmləri ilə yazıldıqda saylara qoşulan şəkilçilərdən əvvəl defis qoyulur:

saat 5-ə qədər, ayın 11-də, 3-cü və s.

34. Ayrıca yazılan şəkilçilərin əvvəlinə defis qoyulur:

-acaq, -əcək, -yacaq, -yəcək, -dır, -dir, -dur, -dür və s.

QEYD: Durğu işarələrinin yazıda səhv işlədilməsi və ya qoyulmaması orfoqrafik normanın pozulması hesab olunur.

Durğu işarələrinin oxunması ideoqrafik yazıya əsaslanır.

İstifadə olunmuş mənbələr:

1. Ə. Dəmirçizadə “Müasir Azərbaycan dili” I hissə. Fonetika, orfoepiya, orfoqrafiya. Bakı. “Şərq-Qərb”, 2007

2. Z. İ. Budaqova “Azərbaycan dilində durğu işarələri” Bakı, 2007

3. Əlövsət Abdullayev, Yusif Seyidov, Ağamalı Həsənov. “Müasir Azərbaycan dili” IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2017

4. Q. Ş. Kazımov “Müasir Azərbaycan dili”. Sintaksis. Bakı, “Təhsil”, 2007

Mütəmadi olaraq dilimiz haqqında yazılar paylaşacağam, sizə də maraqlı olan dilimizlə bağlı mövzular varsa, şərhlər bölümündə qeyd edə bilərsiniz.

Fariz QULİYEV Durğu işarələri 4 Şərh 26 Dekabr 2017 27 Dekabr 2017 12 Minutes

Son Yazılar

  • Yazıçı yazarmı? 28 Dekabr 2017
  • Tire yoxsa defis ? 26 Dekabr 2017
  • Huzur, Hüzur və Hüzr 20 Dekabr 2017
  • Dr. Səid “Bir milyonluq xəyanət” 06 Noyabr 2017
  • Dairəvi yanaşma 28 Oktyabr 2017

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.