Press "Enter" to skip to content

Azərbaycan iii-ix əsrlərdə

Azərbaycanın görkəmli şairi, dramaturqudur. Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda mollaxanada, orta təhsilini görkəmli ziyalı, müəllim M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-98). Klassik üslublu ilk şeirlərini “Gülçin” və “Salik” imzaları ilə burada yazmışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin Talibiyyə məktəbində təhsilini davam etdirmişdir. İstanbul universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Mədəniyyət

XII əsr Azərbaycan ədəbiyyatında yeni bir şeir məktəbinin, şeir sərgisinin təsisçilərindən biri olan Mənisə xatın Məhsəti Gəncəvi ədəbiyyatımızda humanizmin yaranması və inkişafında mühüm rolu olan sənətkarlardandır. Şairənin haqqında çeşidli fikirlər mövcuddur. Şairə həm də dünyada dövr nüsxəsi olan “Əmir Əhməd və Məhsəti” dastanının da qəhramanlarından biridir. Yaşadığı dövrdən Məhsətinin əsərlərinin üzü köçürülmüş, divanı yaradılmışdır. Şairənin divanı XV əsrin əvvəlinə kimi olmuş XV əsrin sonunda, deyilənə görə, Abdulla xan Özbək Herat şəhərini tutan zaman şairənin divanı itib batmışdır. Məhsətinin bir rübaisində dediyinə görə o qələmini təkcə gözəl rübailər yaratmaqla sınamamış, həm də qəzəllər və qitələr də yazmışdır. İndiki dövrdə şairənin divanı itmiş sayıldığından onun əsasən rübailərdən ibarət olan şerləri müxtəlif tarixi-ədəbi mənbələrdən, bir də “Əmir Əhməd və Məhsəti” dastanından toplanmışdır.

Məhsəti dövründən başlayaraq şairə haqqında mənbələrdə məlumatlar verilməsinə baxmayaraq böyük rus alimi Y.E.Bertels şairənin dastan qəhrəmanı olduğunu və belə bir şairənin tarixdə yaşamadığı qənaətinə gəlmişdir. Halbuki, şairənin tarixi şəxsiyyət kimi yaşaması böyük Nizaminin “Xosrov və Şirin”inin müqəddiməsində Səlcuq sultanı II Toğrulun mədhindən, həm də Məhsəti ilə həməsr olan böyük sufi şairi Fəridəddin Əttarın “İlahinamə” əsərində verilmiş bir hekayətdən məlum olur.

İlk dəfə XX əsrin 20-30-cu illərində Məhsətidən danışan Mir Abbas Mirbağırzadə şairənin anadan olma tarixini “Əmir Əhməd və Məhsəti” dastanında verilmiş Məhsətinin 20 yaşı olduqda sultan Mahmud Səlcuqi (1117-1132) sarayına yaxınlaşdığından belə nəticəyə gəlmişdir ki, şairə 491-ci ildə (1097-1098) doğulmuşdur. İran müəllifləri də Məhsətidən danışarkən bu tarixi əsas kimi vermişlər. Azərbaycan tədqiqatçıları 1984-cü ildə alman alimi Frits Meyerin “Gözəl Məhsəti” əsərində əksini tapmış, bir maddeyi tarixi verilmiş rübaini şərh edərək həmin tarixin (491 (1097-1098) düzgünlüyünü təsdiqləmişdilər. “Məhsətinin doğum və ölüm tarixləri” adlı məqalə AMEA-nın “Məruzələri” jurnalında çap edilmişdir. Bu vaxta qədər 200-dən artıq müəllif və tədqiqatçı Məhsətidən danışmışdır.

1) İranda Şəhab Tahiri ilk dəfə ayrı-ayrı mənbələrdə olan rübai, qitə və qəzəlləri toplayıb 1957-ci ildə 200-ə yaxın şeir parçasından şairənin ilk divanını tərtib etmişdir.

2) Alman alimi Frits Meyer 1963-cü ildə Almaniyada 20 illik zəhmətin nəticəsi olan “Gözəl Məhsəti” monoqrafiyasını yaratmış, burada 257 rübai və 30-a qədər şeir parçasını toplamışdır.

3) Azərbaycan alimi professor, filologiya elmlər doktoru Xəlil Yusifov “Məhsəti Gəncəvi” əsərini yaratmış, əsərinin sonunda 190-qədər Məhsəti rübaisini öz vəznində əruzla Azərbaycan dilinə tərcümə etmişdir.

4) Rəfail Hüseynov “Məhsəti necə varsa” elmi-publisistik monoqrafiyasını yazıb nəşr etdirmişdir.

Məhsəti o əsrdə dəbdə olan fars dilində yazmışdır. Bu vaxta kimi Məhsətinin “Əmir Əhməd və Məhsəti” dastanından alınmış rübailəri on bir dəfə heca vəzni ilə Azərbaycan dilinə tərcümə edilmişdir. Bundan başqa Məhsətinin rübailəri rus, ingilis, alman, fransız və italyan dillərinə də tərcümə edilmişdir.

Xaqani Şirvani

(1126-1199)

Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü,​ Əfzələddin ləqəbi, Əbu Bədil künyəsi və Şirvani mənsub olduğu yerin adıdır.

Xaqani 1126-cı ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin “Şairlər qəbiristanlığı”nda dəfn edilmişdir.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şerlər divanı, “Töhfətül-İraqeyn” poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətül-İraqeyn” poeması daxildir.

Xaqani əsərlərini fars və ərəb dillərində yazsa da şerə gətirdiyi bir sıra yeniliklərinə və ədəbi-bədii xüsusiyyətlərinə görə Azərbaycan məktəbini təmsil etmişdir.

Xaqaninin əsərlərinə Şərqin bir çox görkəmli şairləri nəzirələr yazmışlar. Şairin bədii irsinin öyrənilməsi ilə Azərbaycan, İran, Rusiya, Hindistan, Pakistan və Qərbi Avropa tədqiqatçıları məşğul olmuşlar. Azərbaycan alimləri akad. Həmid Araslı, Qafqaz Kəndli-Herisçi və Məmmədağa Sultanov şairin həyatını və yaradıcılığını öyrənməkdə dəyərli işlər görmüşlər.

Xaqaninin poetik əsərlərinin müəyyən hissəsinin Azərbaycan dilinə tərcüməsi M.Rahim, Ə.Vahid, M.Mübariz və başqalarına məxsusdur.

Nizami Gəncəvi
(1140-1209)

İlyas Yusif oğlu Nizami XII əsrdə Azərbaycan intibah mədəniyyətinin yetişdirdiyi dahi söz ustası, mütəfəkkir filosoflardandır. O, Şərq-Qərb mədəniyyətlərinin cərəyan etdiyi məşhur ipək yolu üzərində yerləşən qədim Gəncə şəhərində doğulmuş, təhsil və yaradıcılıq illəri bu şəhərdə keçmişdir. XI əsrdən Arranın mərkəzi şəhəri olmaq üzrə burada şəhər mədəniyyəti inkişaf etmiş, dövlət sarayı, mədrəsə, tibb, elm ocaqları fəaliyyət göstərmiş, ədəbiyyat, tarix, fəlsəfə, hücum, fiqh və dini elmlər tədris edilmişdir.

Nizaminin ədəbi şəxsiyyəti haqqında ilk bioqrafik məlumatlar şairin ölümündən üç yüz il sonra qeydə alındığı üçün onun yaşı, dəqiq ölüm tarixi, səfərləri, valideynləri, qohumları haqqında mötəbər fikir deyilməmişdir. Bu barədə nə deyilmişsə alimlərin təxmin etdiklərindən başqa bir şey deyildir. Nizami özü atası, babası və anasından ad çəkmişdir.

Nizami başqa sələf və çağdaşları kimi bədii yaradıcılığa qəzəl və qəsidə ilə başlamışdır. Ancaq bu yol onu təmin etməmiş, Firdovsidən sonra XI əsrdən intişar tapmağa başlayan epik roman-dastan yaradıcılığı janrına ciddi meyl göstərməyə başlamışdır. Onun bu yöndə ilk sınaq əsəri “40 yaşının intizarında” ikən yazdığı, “Məxzənül-əsrar” XII əsrdə yaradılmış epik məsnəvi janrının orijinal nümunələrindən biridir. Bu əsərdə hekayət və dastan süjetləri yanaşı və bədii formada işlənmişdir. Hekayə və dastanlar əsərdə epikliyin başlıca əlamətlərini — bədii dil, ifadə və məzmun xüsusiyyətlərini özündə əks etdirir. Məsnəvidə 13 dastan və yeddi hekayət verilmişdir. Bir qayda olaraq dastan və hekayətlər məqalətlərdən sonra gəlib onların irfani-fəlsəfi və əxlaqi məna və rəmzlərinin söz açımına və bədii şərhinə xidmət edir.

“Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) tovhi və minacaq, peyğəmbərin tərifi və meracı müqəddimələrilə başlanır. Burada Allahın zat və sifətləri, birliyi, yaradıcı olması ixtiraçı və başlanğıc olması, onu tanımaq və tanıtdırmaq üçün H.Məhəmmədi (s) peyğəmbər təyin etməsi, onunla müsəlmanlara hikmət kitabı Qurani-Kərimi göndərməsi və s. məsələlər izah olunur. Kitabın bədii hissələrilə bu müqəddimələr arasında məna-məzmunca sıx bağlılıqlar vardır və Quran ayələrinə işarələr edilmişdir. Nəticə etibarilə, “Sirlər xəzinəsi” dünya, kamil insan və kamil cəmiyyət haqqında dolğun islami bədii əsərdir.

Nizaminin ikinci əsəri “Xosrov və Şirin” 1180-ci ildə Azərbaycan hökmdarı Cahan Pəhləvanın adına yazılmışdır. Şair əsərin mövzusunu islamdan qabaqkı İran tarixindən almışsa da, Firdovsidən bir qədər fərqli nəzmə çəkmişdir. “Xəmsə”yə daxil olan başqa əsərlər kimi “Xosrov və Şirin”də minacat, peyğəmbərin tərif və meracı, padşaha xitab bölmələrilə başlayır. Kitabın tərtibi bəhsində əsərin əsasında duran eşqin fəlsəfi mənasını izah edən şair onu kosmik eşq adlandırır və yazır: “Fələyin eşqdən başqa mehrabı yoxdur. dünya (başdan-başa) eşqdir (eşq ilə doludur)”. Onun fikrincə “Əgər eşq daşın ürəyinə düşərsə, sevgidən içindəki cövhərə (cəvahirə) əl atar. Maqnitdə eşq olmasaydı dəmiri özünə necə çəkərdi?” – deyən Nizami bu dünyəvi, həqiqi eşqi Xosrov və Şirin surətində dolayısı ilə Turan və İran arasında görmək istəyirdi. Nizaminin Şirini Əfrasiyab nəslindən olan turanlı şahzadə kimi qələmə verməsi buna bir işarə idi. Şair bu istəyini Atabəylər dövlətinin mərasında aşılamaqla sırf siyasi məqsəd güdür.

Nizami bu əsərində eşq və mənəvi təkamül yolu ilə ictimai-siyasi məsələləri həll etmək istəyirsə, Xosrovun eyş-işrət və şöhrətpərəstliklə keçirməsi bu ideyanın həyata keçməsinə mane olur. “Odun oğlu kül olar” məsəlilə oğlu Şiruyənin xəyanətilə öldürülür. Şair bu hadisədən fəlsəfi nəticə çıxararaq təbiət həyatının dövranlarına işarə edir və deyir ki, “Özünü tanı ki, məna yolu ilə, həqqi tanıyarsan, əgər özünü bilsən, fələyin uzaqlığına baxma, o sənin qarşında bir aynadır. Sən iki aləmin toplususan”. Nizami bildirir ki, insan vücudu dörd ünsürdən kamala çatsa da, dörd ünsürün xasiyyət və ixtilaflarından uzaqlaşmalıdır. Bunun üçün o, təbiət hadisələrindən çoxlu misallar verir. İnsan cismani zövqlərə deyil, mənəvi-əqli təkamülə meyl etməlidir.

Nizami bu əsərində təbiətşünas alim kimi ictimai həyat məsələlərini təbiətin fəlsəfəsilə həll etməyə çalışır.

“Xosrov və Şirin” ədəbi-bədii quruluş, dil-üslub baxımından da orijinal məziyyətlərə malikdir. Əsərdə Xosrovla Şirinin deyişmələrini və onların adından Bərbət və Nəkisanın musiqi ahənglərinin müşayiətilə qəzəllər tərənnüm etmələri həyat fəlsəfəsinin musiqi və poeziyanın vəhdətində təcəssüm edildiyinə bir sübutdur.

1188-ci ildə Şirvanşah Axsitanın sifarişilə yazdığı “Leyli və Məcnun” əsərinin mövzusunu islamaqədərki ərəb folklorundan alan Nizami süjetin mərkəzində Ərəbistan təbiətini və bədəvi həyatını saxlamaqla üzri qəbilə həyatında platonik məhəbbətin islamiyyət dövründə keçirdiyi yeni istihalə prosesini qələmə almaq istəmişdir. VIII əsrdən Bağdad şəhərində təsis edilən tərcümə və tədqiq mərkəzi antik və qədim yunan ədəbi-fəlsəfi əsərlərilə tanış etdiyi çağlarda IX-X əsrlərdə rabilər Məcnun və Leylinin eşq məcaraları ilə maraqlanmış və onların hekayətlərini toplamağa başlamışlar. Rəvayətlərdə gedən islamlaşma prosesi də bu dövrlərdə baş vermişdir.

İslamiyyət dövründə ictimai əxlaq eşqin qəzəllər vasitəsilə xalq arasında faş edilməsini təhqir və yolverilməz saydığı halda, üzrilərin həyatında eşqin üluhiyyəti hər məhdudiyyəti rədd edir. İslamda isə bu hal sərsərilik və “dəlilik” kimi qəbul olunur. Nizami eşqi intibah fəlsəfəsi baxımından təbiətin başlıca qanunu kimi izah edir və deyir ki, bu eşqlə müxalifət mümkünsüzdür. Məcnun Kəbədə də, səhrada da, göylərdə də eşqin cari olduğunu görür, Kəbədən də, ulduzlardan da eşqinə himayəçi olmağa çağırır.

Məcnunun təbii eşqi qəbilə adət-ənənələrinin maneəsindən keçə bilmədiyi üçün nakamlığa uğrayır. Əsərdə yeniliklə, yeni intibah həyatı və təfəkkürü ilə köhnəliyin, cahiliyyətin arasındakı kəskin ziddiyyətlərə ciddi diqqət yetirilir və bu hal intibahın ilk dövrləri üçün çox səciyyəvidir.

Nizami bu poemasının müqəddimə hissələrində Axsitanın poemanı ərəb-farsın söz incilərilə əsəri zinətləndirmək, türksayağı deyim və xasiyyətləri kənara qoymaq haqqındakı fikirlərinə ciddi etiraz edir və Leyli ilə Məcnunu ərəblər içərisində yaşayan türk deyimli türklər adlandırır. Bu fikirlər şübhəsiz XII əsrdə Azərbaycan intibahının səciyyəvi xüsusiyyəti idi.

“Leyli və Məcnun” kimi Nizaminin Marağa hakimi Ağsunqur Körpə Arslanın adına 1197-ci ildə yazdığı “Həft peykər” (“Yeddi gözəl”) poeması süjeti Sasani hökmdarlar sülaləsi tarixindən alınmış intibah əsəridir. Əsərin məzmunu VIII-X əsrlərdə islam intibahı dövründə antik Midiya-Yunan bədii-fəlsəfi mədəniyyətlərinin sintezləşdiyi eşq, sosial həyat və dövlətçilik məsələləri üzərində qurulmuşdur. Burada da eşq “Xosrov və Şirin”də, “Leyli və Məcnun”dakı kimi irəli sürülən kosmik-dünyəvi eşqdir. Bu eşq hər yerdə öz təbiətinə görə ziddiyyətləri aradan götürüb tərəflər arasında sülh və bərabərlik yaradır.

Poemada kosmik aləm yeddi gümbəz modelində yerdə bərqərar olunur. Yeddi planeti təmsil edən bu gümbəzlərin hər biri öz rənginə və xasiyyətinə görə insanın daxili və xarici bədən üzvlərinin hər birinin xasiyyəti və əməlinə uyğunlaşdırılır. Bununla da insanın əxlaqi gözəllik və qüsurları üzə çıxarılır. Bu konsepsiyaya görə insan mənşəyinə görə hissi (maddi) və əqli (mənəvi-ruhi və ya əqli-nəfsi) aləmlərin vəhdəti kimi götürülür.

“Yeddi gözəl ” də Farabinin “Fəzilətli adamların şəhəri” adlı əsərinin güclü təsiri olmuşdur. Orada da bədən şəhərə, ölkəyə oxşadılmışdır. Bu əsərdə antik zərdüşti və yunan naturfəlsəfi fikrinin konsepsiyası öz bədii ifadəsini tapmışdır.

1200-1203-cü illərdə yazıldığı təxmin edilən “İsgəndərnamə” şairin arzusu ilə çox sevdiyi Nüsrətəddin Əbubəkrə ithaf edilmişdir. Bu əsərin də mövzusu İran-Yunan müharibələri tarixçəsindən alınmışdır. Bu da şərq intibahının başlıca xüsusiyyətidir.

Bu əsərdə Nizaminin məqsədi müharibələrin təfsilatı deyil, bəlkə yunanların şərq mədəniyyətlərilə tanışlığı və bu yol ilə iki mədəniyyətin sintezləşməsidir. İsgəndər İran təşkədərlərini yandırarkən yanındakı filosofların təkidləri ilə dəri üzərində yazılmış “Avesta” mətnlərini Yunanıstana göndərib tərcümə edilib öyrənilməsini tövsiyə edir. Antik yunan alimlərinin muğların naturfəlsəfi nəzəriyyələrinin öyrəndiklərini və onları iqtibal etdiklərini yunan alimləri özləri təsdiq etməkdədir. İsgəndər Nizaminin yazdığına görə öz Vətənində görmədiyi bir çox mədəniyyət və cəmiyyətlərilə bağlı real hadisələrə həyatın möcüzələri kimi baxır. O, yol boyu müxtəlif ölkə, xalq və mədəniyyətlərlə üzləşir, hind çarbaklarının təlimlərilə tanış olur, şimala doğru qayıdarkən almaz çölünə gəlib çıxır, əsgərlər almaz parçalarını yığıb torba-torba özlərilə daşıyırlar. Əsərdə ən əhəmiyyətli mədəni hadisə İsgəndərin “başçısızlar” ölkəsinə gəlib çıxmasıdır. O, buradakı adamların həyatı, düşüncəsi, bərabərliyə dayanan ictimai idarə üsulunu görüncə heyrət edir. Nəhayət İsgəndərin şimal zülmətində dirilik suyunun olması xəbərini eşitməsi və oraya yol tapmaq istəməsidir. Ədəbi dirilik vasitələrinin axtarışı ən qədim mədəniyyətlərə, bu sırada şumer dastanlarında mövcud olmuşdur. Şumer dastanında da ölümsüzlük çarəsi şərqdə, ehtimal ki, Xəzər, ya Urmu gölündəki adamların birində aranır. Onun çarəsini bu adada sakin olan Uminanitdin bilir. Zərdüşti ənənəyə görə ölümsüzlüyün dərmanı “Hoym” bitkisidir.

İsgəndər Xızır peyğəmbərlə zülmətə gedərkən yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu haqda İsgəndərə xəbər verir.

Beləliklə, İsgəndər Yunanıstanda deyil, şərqə səyahətləri dövründə görüb öyrəndiyi şərq mədəniyyətləri, şərq elmi-fəlsəfi dünyagörüşü nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik məqamına yüksəlir. Bu cəhətdən “İsgəndərnamə” Nizaminin bədii-fəlsəfi yaradıcılığında son kamil intibah əsəridir.

Mirzə Şəfi Vazeh
(1794-1852)

Mirzə Şəfi Vazeh XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.

Şəfi 1794-cü ildə Gəncə şəhərində kiçik sənətkar — bənna ailəsində anadan olmuşdur. O, burada mədrəsədə dini təhsil almış, ərəb və fars dillərini kamil öyrənmiş və klassik Şərq ədəbiyyatının məşhur şairlərinin əsərlərinə bələd olmuşdur. 30-cu illərin əvvəllərində Mirzə Şəfi Gəncə mədrəsəsində müəllimlik etmiş, əsasən uşaqlara nəstəliq dərsi öyrətmişdir. Gözəl bədii istedadı olan və klassik Şərq şairlərinin irsinin ideya-bədii məziyyətlərinə dərindən bələd olan Mİrzə Şəfi gənc yaşlarından bədii fəaliyyətə başlamış və Vazeh təxəllüsü ilə şerlər yazmışdır.

1840-cı ildə Mirzə Şəfi Tiflis şəhərinə gəlmiş və burada quberniya ibtidai məktəbində Azərbaycan dili üzrə müəllimlik vəzifəsində çalışmışdır. 1846-cı ildə o, Gəncəyə qayıtmış bu şəhərdə yeni açılmış məktəbdə müəllimlik etmişdir. Dörd ildən sonra Vazeh yenidən Tiflisə qayıtmış və Tiflis zadəgan gimnaziyasında Azərbaycan və fars dilləri üzrə müəllimlik vəzifəsini icra etmişdir.

Mirzə Şəfi 1852-ci ildə vəfat etmiş və Tiflisdə müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

Vazeh 1844-cü ildə Tiflisdə “Divani-hikmət” adlı ədəbi məclis təşkil etmişdi. Məclisdə bu illərdə Tiflisdə yaşayan və xidmət edən görkəmli Azərbaycan şairləri Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və başqa şairlər iştirak etmişdilər. Bu zaman Tiflis zadəgan gimnaziyasında müəllimlik edən alman şairi və tərcüməçisi Fridrix Bodenşted Mirzə Şəfi ilə yaxından tanış olmuş, ondan fars dilini öyrənmiş və məclisin fəal üzvlərindən bir olmuşdur. 1846-cı ildə Bodenşted Almaniyaya qayıdarkən Mirzə Şəfi Vazehin əlyazma şeirləri divanını da özü ilə aparmış və onun şeirlərini alman dilinə tərcümə edərək onların bir qismini 1848-ci ildə nəşr etdirdiyi “Min bir gecə” kitabında, 1851-ci ildə isə tam şəkildə “Mirzə Şəfinin şərqiləri” adı altında çap etdirmişdir. Tezliklə Vazehin şerləri Almaniyada geniş yayılmış və onlar alman oxucularını heyran etmişdir. Mirzə Şəfinin tezliklə fransız, ingilis, rus və başqa xarici dillərə tərcümə edilib, nəşr olunmuş və o, qüdrətli bir şair kimi dünya şöhrəti qazanmışdır.

Gənclik illərində ömrünün sonuna qədər ardıcıl bədii fəaliyyətlə məşğul olan Mirzə Şəfi Vazeh klassik şərq poeziyasının görkəmli nümayəndələrinin, xüsusən, Hafiz, Sədi, Rumi və Füzulinin təsiri altında qəzəl, müxəmməs, rübai, qitə, həcv janrlarında yüksək ideya-bədii məziyyətləri ilə seçilən şeirlər yazmış, qiymətli bir irs yaratmışdır. Lakin onun şeirlərinin az bir qismi bizə çatmışdır. Onların əksər hissəsini alman dilində tərcümələri təşkil edir.

Mirzə Şəfi Vazeh şeirləri mövzu və ideya məzmununa görə müxtəlif səciyyə daşıyır. Onların mühüm bir hissəsi məhəbbət mövzusuna həsr olunub. Onlardan zəngin mənəvi aləmlə seçilən aşiqin öz məhəbbəti ilə əlaqədar keçirdiyi hiss və həyəcanları, sevinc və iztirabları təsvir və tərənnüm olunmuşdur. Bu lirik şeirlərdə dünyəvilik, həyata optimist münasibət özünü bariz göstərir. Vazehin lirik şeirlərinin bir qismində isə ilahi məhəbbət, dini-mistik ideyalar, şərq pantizmi motivləri əks olunmuşdur.

Vazehin tənqid-satirik ruhda qələmə alınmış şeirləri vardır. Bu şeirlərində şair feodal cəmiyyətinin ictimai nöqsanları, ifrat dini fanatizm, dindən öz əksi mənafeyi üçün istifadə edən riyakar, nadan ruhanilər tənqid olunub.

Mirzə Fətəli Axundov
(1812-1878)

Mirzə Fətəli Axundov yeni dövr Azərbaycan ədəbiyyatı və ictimai, siyasi və fəlsəfi fikrinin inkişafında mühüm rol oynayan görkəmli yazıçı, mütəfəkkir və ictimai xadimdir.

Fətəli 1812-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. O, ilk təhsilini mollaxanada almışdır. 1818-ci ildə Fətəli anasının əmisi Axund Ələsgərin himayəsi altına keçibdir. Dövrünün görkəmli ruhanisi olan Axund Ələsgər kiçik Fətəlinin ağıllı, fərasətli bir uşaq olduğunu görüb, onun təhsil və tərbiyəsi ilə şəxsən məşğul olmuş, ona fars və ərəb dillərini, quranı, dini-fəlsəfi elmlərini öyrətmiş, klassik şərq ədəbiyyatının görkəmli nümayəndələrinin irsi ilə tanış etmişdir.

1832-ci ildə Axundov Gəncə şəhərində mədrəsədə dini təhsilini davam etdirmiş və burada müəllimlik edən şair Mirzə Şəfi Vazehlə onun arasında sıx dostluq əlaqəsi yaranmışdır. İstedadlı, azad fikirli şair olan Mirzə Şəfi Vazeh gənc Fətəlinin dünyagörüşünə qüvvətli təsir göstərmişdir. Bu təsirin sayəsində Axundov ruhani olmaq niyyətindən əl çəkmiş və ömrünü dünyəvi işlərə həsr etmək qərarına gəlmişdir.

1833-cü ildə M.F.Axundov Şəkidə ibtidai rus məktəbində oxumuşdur. 1834-cü ildə o, Tiflisdə Rusiyanın Qafqaz baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi vəzifəsində xidmət etməyə başlayır. Bu ildən ta ömrünün sonuna qədər Qafqazın baş hakimləri yanında mülki işlər, eyni zamanda müəyyən bir müddətdə diplomatik və hərbi işlər üzrə tərcüməçi vəzifəsində çalışmışdır.

M.F.Axundov Tiflisdə çox mənalı və əlamətdar bir mühitə düşmüşdür. O, burada Şərq ədəbiyyatı, fəlsəfəsi, tarixi sahəsində biliklərini olduqca təkmilləşdirmişdir. O, eyni zamanda yeni dövr Qərbi Avropa və rus ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi, fəlsəfi fikrinin və dünyəvi elmlərinin nailiyyətlərinə yiyələnmişdir.

M.F.Axundov xidmət illərində bir şair, dramaturq, nasir, ədəbiyyat tənqidçisi, filosof və sosioloq kimi qızğın və səmərəli fəaliyyət göstərmiş, zəngin və rəngarəng bir irs yaratmışdır.

1857-ci ildən ta ömrünün sonuna qədər M.F.Axundov əvvəl islam əlifbasının islahı, 70-ci illərin əvvəllərindən isə onun latın əlifbası ilə əvəz olunması uğrunda fəal və cəsarətlə mübarizə aparmış və ərəb əlifbasının ilk “reformatoru” kimi Yaxın Şərq və Avropa ölkələrində tanınmışdır.

Böyük Azərbaycan yazıçısı mütəfəkkiri və ictimai xadimi M.F.Axundov 1878-ci il fevralın 26-da (yeni təqvimlə martın 10-da) vəfat etmiş və Tiflisdə dəfn olunmuşdur.

M.F.Axundov gənclik illərində şair kimi fəaliyyətə başlamış və ömrünün sonuna qədər vaxtaşırı poetik yaradıcılığını davam etdirərək həm klassik şeir, həm də xalq şeiri üslubunda Azərbaycan və fars dillərində Səbuhi təxəllüsü ilə qoşma, gəraylı, müxəmməs mənzum məktublar, satirik və əxlaqi-didaktik şeirlər, qəsidələr yazmışdır. Onun poetik irsində dahi rus şairi A.S.Puşkinin ölümünə həsr olunmuş “Şərq poeması”, öz yaxın sələfləri M.P.Vaqif və Q.Zakirin təsiri altında yazdığı qoşma və müxəmməsləri İran hökmdarı Nəsrəddin şahın vəzirlərini kəskin tənqid atəşinə tutan “Yeni əlifba haqqında” satirası və didaktik səciyyə daşıyan şeirləri xüsusi əhəmiyyət kəsb edir.

M.F.Axundov Azərbaycan ədəbiyyatında bir dramaturq kimi böyük, misilsiz xidmət göstərmiş, geniş şöhrət qazanmışdır. Yüksək komik istedada malik olan Mirzə Fətəli XIX əsrin 50-ci illərin əvvəllərində “Hekayəti-Molla İbrahimxəlil kimyagər” (1850), “Hekayəti müsyö Jordan və dərviş Məstəli şah”, “Cadügini-Məşhur” (1850), “Hekayəti-Xırs quldurbasan” (1851), “Sərgüşəti-vəziri-xani Lənkəran” (1852), “Hekayəti-mərdi xəsis” (1852), və “Mürafiə vəkilləri” adlı komediyalar yazmış, Azərbaycan ədəbiyyatında milli dramaturgiyanın mükəmməl əsaslarını qoymuşdur. Öz altı komediyası ilə o, Azərbaycan ədəbiyyatının real həyatla əlaqəsini olduqca qüvvətləndirmiş, onu öz dövrünün mühüm aktual ictimai, sosial və mənəvi məsələləri ilə əlaqəsini, xalqın zəruri tələb və ehtiyacları ilə bağlı olan yeni məzmun, yeni ideyalar gətirmiş və milli ədəbiyyatımızda yeni, realist ədəbiyyatın əsaslarını qoymuşdur. O, komediyalarında Azərbaycan xalqının 30-50-ci illər dövrü həyatı, ailə-məişət xüsusiyyətləri, sosial və mənəvi vəziyyəti təsvir etmiş, müxtəlif ictimai təbəqə və zümrələrin dolğun, parlaq, rəngarəng surət və tiplərini yaratmışdır.

M.F.Axundov bir komedioqraf kimi öz Vətəni və Yaxın Şərq müsəlman ölkələrində, eləcə də Rusiya və Qərbi Avropa ölkələrində tanınmış, şöhrət tapmışdır.

M.F.Axundov 1857-ci ildə “Aldanmış kəvakib” povestini yazmış və Azərbaycan ədəbiyyatında yeni tipli bədii nəsrin ilk əsaslarını qoymuşdur. Povestdə o, Avropa maarifçilərinin “dünyanı sağlam aqil idarə edir” konsepsiyasından çıxış edərək müasir olduğu İran feodal-despomik üsul-idarəsinin ictimai nöqsanlarının, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutmuş və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ etmişdir. Axundovun “Aldanmış kəvakib” povesti dünya maarifçi nəsrinin orijinal və parlaq nümunələrindən birini təşkil edir.

Keçən əsrin 50-70-ci illərində Azərbaycan və fars dillərində bir silsilə olduqca uğurlu ədəbi-tənqidi məqalələr yazmış və Azərbaycan ədəbiyyatında ədəbi-tənqidi təşəkkül sahəsində də misilsiz xidmət göstərmişdir.

Tənqidçi-formalist və dini-mistik ədəbiyyatının kəskin tənqidi və yeni, realist ədəbi prinsiplərin təbliği onun ədəbi-tənqidinin və estetik görüşlərinin əsas məzmun və problemlərini təkşil edir.

M.F.Axundov XIX əsrin 60-70-ci illərində filosof və sosioloq kimi də fəal, məhsuldar fəaliyyət göstərmiş, “Kəmalüddövə məktubları” fəlsəfi traktantını “Həkim ingilis Yuma cavab”, “Con Stuart milli azadlıq haqqında”, “Mollayi-Rumi və onun təskifi” və başqa fəlsəfi-sosioloji əsərlərini yazmışdır. O, bu əsərlər ilə Azərbaycan və Yaxın Şərq müsəlman ölkələrinin fəlsəfi, siyasi, ictimai və sosial fikrində də əsaslı bir dönüş yaratmış, maarifçilik ideologiyasının ilk mükəmməl əsaslarını qoymuşdur.

M.F.Axundovun fəlsəfi traktatında və başqa fəlsəfi əsərlərində dünya maarifçilik ideologiyasının əsas tipik xüsusiyyətləri geniş, dərin, parlaq əksini tapmışdır. XVIII əsrin Qərbi Avropa ölkələri maarifçiliyinin və XIX əsrin 40-60-cı illər rus maarifçiliyinin görkəmli nümayəndələri kimi Axundov da fəlsəfi-sosioloji əsərlərində feodal despotik üsulidarəsinə, feodal dövlət və idarə sisteminə, feodal ictimai, sosial münasibətləri və hüquqi təsisatlarına, feodalizm ideoloji və mənvi dayağı olan dinə və orta əsrlər dini-ideologi baxımlara, sosioloji təhsilə və təlim-tərbiyə üsullarına qarşı çıxmış və yeni dövlət qurumunun-parlament üsul-idarəsini, yeni iqtisadi, ictimai, sosial, münasibətləri və qayda-qanunlarını, yeni liberal-demokratik görüşləri, yeni mənəvi-əxlaqi görüşləri, Avropa ölkələrinin yeni dövr elmi-mədəni nailiyyətlərini qızğın təbliğ etmişdir.

M.F.Axundov Azərbaycan və Yaxın Şərq müsəlman xalqlarının yeni dövr ədəbi-fəlsəfi fikrinin inkişafı tarixində müstəsna yer tutan bir yazıçı və filosof kimi tanınmış və şöhrət qazanmışdır. O, eyni zamanda ümumən dünya maarifçilik ideoloji cərəyanı parlaq nümayəndələrindən biri hesab olunur.

Seyid Əzim Şirvani
(1835-1888)

XIX əsr Azərbaycan ədəbiyyatında istedadlı lirik və satirik şair kimi tanınır. O, həm də maarifçi şeirləri və mənzum hekayələri, təmsilləri ilə məşhurdur. Seyid Əzim 1835-ci il iyulun 10-da Şamaxıda doğulmuş, lakin 7-8 yaşında ikən atası Seyid Məhəmməd vəfat etdiyi üçün anası ilə birlikdə Dağıstanda yaşayan babası Molla Hüseynin yanına köçərək 10 il orada yaşamış, ilk təhsilini də Dağıstanda almışdır. 1835-ci ildə 18 yaşında ikən Şamaxıya qayıtmış və ömrünün sonunadək burada yaşayıb ədəbi və elmi-pedoqoji fəaliyyət göstərmişdir. Yəni həm özü məktəb açaraq dərs demiş, həm Şamaxı Ruhani məclisinin nəzdində Səid Əfəndi Ünsizadənin açdığı “Məclis” məktəbində əvvəl müəllim, S.Ünsizadə Tiflisə köçdükdən sonra ona rəhbərlik etmişdir. 1877-ci ildən isə eyni zamanda Şamaxı şəhər məktəbinə şəriət və ana dili müəllimi təyin olunmuşdur. Pedoqoji fəaliyyəti zamanı əldə etdiyi təcrübəyə əsasən iltisav məktəb şagirdləri üçün dərslik yazmış, lakin onun nəşri üçün göstərdiyi bütün cəhdlər puça çıxmışdır. Seyid Əzimin bu dərsliyinin nəşr edilməsinə o zamankı Çar hökuməti idarələri icazə verməmişlər.

S.Ə.Şirvani XIX əsrdə nəşr olunan milli mətbuat orqanlarının hamısında — “Əkinçi” (1875-1877), “Ziya (Ziyayi-Qafqasiyyə)” (1879-1884) və “Kəşkül” (188 -1891) maarifə çağırış, əxlaqi, didaktik ruhlu şeirləri və məqalələri ilə əməkdaşlıq etmişdir. Lakin şair “Əkinçi” qəzetinin nəşrini Azərbaycan ictimai-mədəni mühitində parlaq bir hadisə hesab edib şeirlə təbrik məktubu göndərsə də, qəzetin təbliğ etdiyi ictimai ədəbi və mədəni ideyaların mahiyyətini dərk edib mənimsəmək üçün ona təxminən bir il vaxt lazım olmuşdur; 1876-cı ilin ortalarından Seyid Əzimin dövrünə görə qabaqcıl, maarifçi ruhlu şeirləri “Əkinçi” qəzetində, sonra isə “Ziya (Ziyayi-Qafqasiyyə)” və “Kəşkül”də tez-tez çap edilmişdir. Beləliklə, o, ədəbiyyat tarixində həm də maarifçi şeirlər müəllifi kimi tanınmışdır.

Seyid Əzim Şamaxıda fəaliyyət göstərən “Beytüs-Şəfa” adlı ədəbi məktəbə rəhbərlik etmiş, eyni zamanda Bakı, Qarabağ, Lənkəran və digər mədəni mərkəzlərdəki ədəbi məclislərin üzvləri ilə yaradıcılıq əməkdaşlığı etmiş, onlarla şeirləşmişdir. S.Ə.Şirvani dərin məzmunlu, yüksək ideya-estetik keyfiyyətə, incə lirizmə malik qəzəlləri, habelə realist ruhlu əsərləri ilə müasirlərindən seçilir. Onun satirik şeirləri özünün ideya-bədii keyfiyyəti ilə Azərbaycan ədəbiyyatında satiranın formalaşaraq ictimai məzmun qazanmasına səbəb olmuşdur. Şirvani təzə bəyləri, “Qazı saqqalını yandırır”, “Müstəhidin təhsildən qayıtması” və s. satiraları yüksək qiymətləndirilir… Şairin “Şirvan xanlığının tarixi” adlı bir elmi əsəri də var.

S.Ə.Şirvani 1888-ci ildə Şamaxıda vəfat etmişdir. Onun əsərləri kitab halında dəfələrlə çap olunmuş, haqqında çoxlu məqalə, dissertasiya və monoqrafiyalar yazılmışdır. Şairin həyat və yaradıcılığı orta və ali məktəblərdə də öyrənilir.

Mirzə Ələkbər Sabir
(1862-1911)

Azərbaycan ədəbiyyatı tarixində sözün həqiqi mənasında milli şair kimi şöhrət tapan M.Ə.Sabir 1862-ci il may ayının 30-da Şamaxı şəhərində anadan olmuşdur. İbtidai təhsilini əvvəlcə mollaxanada, sonra S.Ə.Şirvaninin açdığı məktəbdə alan Ələkbər yaradıcılığa erkən yaşlarından başlamışdır. Onun ilk qələm təcrübələrini də elə müəllimi, məşhur şair Seyid Əzim təqdir və redaktə etmiş, ona özünün ustad məsləhətlərini vermişdir. Ələkbər “Sabir” təxəllüsü ilə şeirlər yazmışdır. Ancaq şairin XX əsrin ruhundan və tələbindən doğan çağırış ruhlu ilk mətbu şeirləri 1903-cü ildə “Şərqi-Rus” qəzetində çıxmışdır.

1905 və 1906-cı illərdə “Həyat” qəzetində ictimai məzmunlu və “Bir məclisdə on iki kişinin söhbəti” adlı satirik şeirlərini çap etdirmişdir. Ancaq Sabirin şairlik qüdrəti və şöhrəti “Molla Nəsrəddin” jurnalının səhifələrində kamala çatmışdır. Jurnalda “Millət tarac olur, olsun, nə işim var?!” satirası ilə iştiraka başlayan Sabir öz yaradıcılığı ilə inqilabi satirik ədəbi məktəbinin əsasını qoymuş, bu məktəbə başçılıq etmişdir. “Molla Nəsrəddin” jurnalının geniş şöhrət tapmasında da Sabir poeziyasının xüsusi rolu olmuşdur. O, həm “Molla Nəsrəddin” jurnalında, həm də “Bəhlul”, “Zənbur”, “Həyat”, “İrşad”, “Təzə həyat”, “Səda”, Həqiqət”, “Günəş”, “Yeni həqiqət” kimi mətbuat orqanlarında “Hop-hop”, “Güləyən”, “Ağlar güləyən”, “Çayda çapan”, “Qabaqda gedən zəncirli”, “Məczub”, “Nizədar”, “Yetim qızcıq” “Qoca iranlı” və s. satirik gizli şeirlər çap etdirmişdir.

Sabirin əsərləri (uşaq şeirləri) “Dəbistan”, “Rəhbər” jurnallarında, “Birinci il”, “İkinci il”, “Yeni məktəb” dərsliklərində də dərc edilmişdir. Sabirin “Fəxriyyə”, “Satıram!”, “Bura say. “, “Oxutmuram, əl çəkin. “, “Pula təvəccöh”, “Xəsisin heyfi, varisin keyfi”, “Nəfsin qəzəti, əqlim mərəzi”, “İstiqbalımız lağlağıdır”, “İstiqbal bizimdir”, “Şəkibai”, “Ruhum!” və s. şeirləri də məşhurdur. O, satirik şeirlərlə yanaşı, dövri mətbuat orqanlarında (“Həyat”, “İrşad”, “Təzə həyat” və s. qəzetlərdə) publisistik məqalələr və müxtəlif yazıları ilə də çıxış etmiş, dövrünün mühüm ictimai-milli problemlərini qaldırmışdır. Buraya “Qeyrət”, “İslamiyyətin insaniyyətpərvərliyi”, “Cümə”, “Zaman nə istəyir?! Amma biz…” və s. məqalələr daxildir. Sabir həmçinin yüksək sənətkarlıqla yazılmış felyetonların da müəllifidir.

M.Ə.Sabir bədii yaradıcılıqla yanaşı, 1908-ci ildə imtahan verərək müəllimlik hüququ aldıqdan sonra Şamaxıda “Ümid” adlı məktəb açıb orada, sonra isə Bakının Balaxanı kəndindəki camaat məktəbində müəllim işləmişdir. O, Şamaxıda kitabxana-qiraətxana təşkilində, teatr tamaşalarının hazırlanması və s. mədəni-kütləvi tədbirlərdə də fəal iştirak etmiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın vurduğu yaraların aradan qaldırılması üçün həm bədii yaradıcılığı, həm də əməli fəaliyyəti ilə əsl vətəndaş kimi çalışmışdır.

M.Ə.Sabir 1911-ci il iyun ayının 12-də qaraciyər xəstəliyindən vəfat etmişdir. Onun əsərləri “Hophopnamə” adı ilə kitab halında dəfələrlə nəşr olunmuş, haqqında çoxlu elmi məqalə, monoqrafiya və dissertasiya yazılmışdır.

Cəlil Məmmədquluzadə
(1866-1932)

Adı dünya ədəbiyyatı klassikləri ilə yanaşı çəkilən Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə XX əsrin əvvəllərində Azərbaycanda tənqidi realizm ədəbi məktəbinin, inqilabi demokratik və satirik istiqamətli “Molla Nəsrəddin” jurnalının yaradıcısı olmuş, milli ədəbiyyatda yeni bir yol açmış, novator yazıçı, dramaturq, jurnalist, ədəbiyyat və mədəniyyət xadimi kimi şöhrətlənmişdir. Humanizm, demokratizm və azadlıq ideyalarının carçısına çevrilmişdir.

C.Məmmədquluzadə Azərbaycanın qədim Naxçıvan şəhərində andan olmuş, oxumuş, ərəb, fars dillərini öyrənmiş, Gürcüstanın Qori şəhərində Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdir (1882-1887). Burada Şərq və Avropa mədəniyyətini, V.Şekspir, M.Volter, V.Hüqo, A.S.Puşkin, L.Tolstoy, N.Qoqol və başqa sənətkarların yaradıcılığını öyrənmiş, özü də görkəmli yazıçı, dramaturq kimi tanınmışdır.

Kiçik hekayəçiliyin böyük ustası, kamil komediyalar müəllifi, görkəmli jurnalist, vətəndaş, ziyalı olan C.Məmmədquluzadə Güney, Quzey Azərbaycanın taleyini düşünür, xalqın azadlıq arzularını, ağır həyat tərzini əks etdirir, onu müstəmləkə halına salan qonşu ölkələri, istismar edən qüvvələri, ictimai geriliyi, ətaləti, fanatizmi tənqid atəşinə tuturdu.

1905-ci ildən Tiflisdə “Şərqi-Rus” qəzetində çalışması, yaratdığı “Qeyrət” mətbəəsində inqilab və azadlıq mövzularında əsərlər, şüarlar buraxması, xalq həyatını, ictimai-siyasi hadisələri dərindən öyrənməsi onu yeni görüşlü sənətkar kimi yetişdirdi. 1905-ci il hadisələrinin təsiri ilə yeni-yeni, çeşidli əsərlər yaratdı. “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Rus qızı”, “Konsulun arvadı”, “Qurbanəlibəy” və onlarca başqa hekayələri Azərbaycan və Yaxın Şərq xalqları ədəbiyyatında yeni bir hadisəyə çevrildi. “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı”, “Kamança” kimi komediyaları ədəbiyyatda yeni bir səhifə açdı, uzun zaman Azərbaycan səhnəsində oynanıldı. “Ölülər” Türkiyə, Rusiya və İranda, Orta Asiya, Volqaboyu, Şimali Qafqaz türk xalqları teatralında da uğur qazandı, yeni ədəbiyyat və sənət adamlarının yetişməsinə kömək etdi.

Azərbaycanın ictimai fikrində, ədəbiyyat və mədəniyyət tarixində C.Məmmədquluzadəyə şöhrət gətirən bir cəhət də onun O.F.Hemanzadə, Ə.Qəmküsar və başqa amal, əməl dostları ilə birlikdə 1906-cı ildən başlayaraq 30 il Tiflis, Təbriz, Bakı kimi böyük şəhərlərdə inqilabi, satirik “Molla Nəsrəddin” jurnalını nəşr etməsidir. Bu jurnal xalqın milli-mənəvi, ədəbi-mədəni inkişafında, intibahında böyük rol oynadı. Yaxın Şərq xalqlarının inkişafına da müsbət təsir göstərdi.

Onun əsərləri yüz min tirajla çap olunub. 1966-cı ildə ədibin doğum gününün 100 illik yubileyi UNESCO-nun qərarı ilə dünya miqyasında keçirildi. C.Məmmədquluzadə bu gün Azərbaycanın müstəqilliyi dövründə də bizimlədir.

Hüseyn Cavid
(1882-1941)

Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətində sürgündə vəfat etmişdir.

Azərbaycanın görkəmli şairi, dramaturqudur. Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda mollaxanada, orta təhsilini görkəmli ziyalı, müəllim M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-98). Klassik üslublu ilk şeirlərini “Gülçin” və “Salik” imzaları ilə burada yazmışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin Talibiyyə məktəbində təhsilini davam etdirmişdir. İstanbul universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Şərq mədəniyyəti, Azərbaycan klassik poeziyası, dərin mənəvi-fəlsəfi örnəklər Cavid yaradıcılığını qidalandıran tələblərdir. O, XX əsr Azərbaycan romantizminin banilərindən biridir.

Cavid sənəti bədii növ, janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Yaradıcılığının ilk dövrlərində ictimai-fəlsəfi-əxlaqi mövzulu lirik əsərlər üstünlük təşkil edir. (“Öksüz Ənvər”, “Çoban türküsü”, “Kiçik sərsəri”, “Dün və bu gün”, “Qadın”, “Görmədim”, “Vərəmli qız” və s.) Bu əsərlərdə insanın ailədə, məişətdə yaşadığı müxtəlif çətinliklər, zəmanənin zülm və haqsızlığı, ədalətsiz, zorakı quruluşun əzabları təsvir olunur. “Məzlumlar üçün”, (1914) “Qüruba qarşı”, “Hərb və fəlakət” (1916) “Hərb allahı qarşısında” (1917) əsərlərində bəşəriyyətə fəlakətlər gətirən müharibələrə, imperiya siyasətinə nifrət əks olunur.

Hüseyn daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı manerası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmış, milli teatr mədəniyyətini yeni məzmunla zənginləşdirmişdir. Dramaturgiyasında bütün dövrlər üçün keçilməz olan ümumbəşəri, ictimai-siyasi və mədəni problemləri yüksək bədii səviyyədə işıqlandırmışdır. İlk mənzum “Ana” pyesində (1910) nəciblik, sədaqət, mərdlik, “Maral” (1912) faciəsində şəxsiyyət və qadın azadlığı, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan”da (1914) insanları ayıran dini və milli təəssübkeşlik əleyhinə üsyankar etiraz ruhu tərənnüm olunur.

Bu ideyalar “Şeyda” (1917) dramında, “Haqqını sən mübarizə ilə ala bilərsən” (1918) poemalarında da davam etdirilir.

Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) faciəsində dövrün bütün mürtəce-əzici qüvvələri, “iyirminci əsrin mədəni vəhşiləri olan imperialist dairələri İblis obrazında ümumiləşdirilmişdir”.

20-30-cu illərdə yazdığı “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramlarında tarixi şəxsiyyətlərin rolunu, hökmdar və xalq, azad fikir və irtica məsələlərini qoyur və özünəməxsus yüksək poeziya dili ilə əks etdirir.

Cavidin poeziyası yüksək bədii sənətkarlığı, dərin emosionallığı, səmimiliyi ilə seçilir.

9-13 əsrlərin əvvəllərində Azərbaycan mədəniyyəti

Babəkin başçılığı ilə xalqımızın azadlıq savaşı nəticəsində Xilafətin Azərbaycandan çəkilməsi, dövlətçiliyimizin yenidən bərpası Səlcuq dönəmi və Eldənizlərin hakimiyyəti dövründə ölkəmizdə baş vermiş siyasi və iqtisadi yüksəliş mədəni sahədə də böyük inkişafa səbəb olmuşdur. VII əsrdə meydana çıxmış və Oğuz yurdu olan Azərbaycanda-Xəzər dənizindən Diyarbəkirə və Qara dənizədək geniş yayılmış “Kitabi Dədəm Qorqud” dastam bütövlükdə türklüyün tərcümeyi-halı olub, möhtəşəm bir abidə hesab edilir. Ana abidəmiz sayılan bu dastanda bizim-Oğuz türklərinin Bizansın başçılıq etdiyi xristian blokuna qarşı mücadiləsi, tarixi torpaqlanmızı ələ keçirib yağmalamaq istəyən, xüsusilə qərb sərhədlərimizi tez-tez pozan «qara donlu kafir» düşməndən qorumaq üçün apardığımız qəhrəmanlıq mücadiləsi öz əksini tapmışdır.

“Kitabi Dədəm Qorqud” dastanı Oğuz türklərinin Azərbaycanda köklü və oturaq əhali olduğunu, əkinçilik, maldarlıq və müxtəlif sənətkarlıq sahələri ilə məşğul olduğunu göstərir. Oğuz türklərinin əsas peşəsi taxıl əkib-biçmək idi, bərəkət rəmzi olan un və ələyin nə olduğunu çoxdan bilirdilər. O dövrün çox böyük yeniliyi olan su dəyirmanına malik idilər. Oğuz türkləri üçün ən müqəddəs anlayış ‘Torpaq, Vətən və Yurd” idi. Boş qalmış yurd yeri, sahibsiz qalmış Vətən torpağı oğuzların dünyagörüşündə “ən dəhşətli mənzərə” hesab edilirdi. Oğuzların “qatar-qatar dəvələri”, “tövlə-tövlə şahanə atları” və saysız-hesabsız qoyun sürüləri var idi. Bayandur xan Oğuz bəylərinin Ali Məclisini keçirəndə “min yerdə ipək xalça döşətdirirdi”.

Oğuzlarda heç bir digər xalqlarda rast gəlinməyən Ana sevgisi və qadına dərin hörmət hissi var idi. Ana haqqı Tanrı haqqına bərabər tutulurdu. “Salur Qazanın evinin yağmalandığı boy” da bütün varidatı Şöklü Məlik tərəfindən talan olunub aparılan Salur Qazan düşmənlə qarşılaşarkən hər şeyindən-“qızıl tağlı uca evlərindən”, “qiymətli xəzinəsindən, bol gümüşündən”, hətta “qırx igidlə birlikdə oğlu Uruzdan” və “qırx incəbelli qızla qarısı Burla Xatundan” da keçir, amma anasından keçmir. Dünyada öz qoca anasına heyrət doğuracaq dərəcədə dəyər verən ikinci bir xalqa indiyədək rast gəlinməmişdir.

Müqəddəs İslam dininin qəbul edilməsi Azərbaycan türklərinin qaynayıb-qarışaraq vahid xalq kimi formalaşmasında mühüm rol oynamışdır. Dastana görə Oğuz türkləri “ucalardan uca” və “əbədi hökmran olan Allah -təala ilə xəbərləşir”, çətinə düşəndə Tanrıya sığınır, ümidlərini “dünyam yoxdan var edən” Allaha bağlayır, ağır sınaq anlarında “müqəddəs kitabımız olan Quranı araya gətirir”, “ona əl basıb and içir”, “adı gözəl Məhəmmədin dini yolunda döyüşlərə” başlayırdılar.

Oğuzlar Vətənimizin sərhədlərini dönə-dönə pozmuş qarı düşmənlə dost olmazdılar, kafirlər üzərində qələbə qazananda Oğuz elində şənliklər keçirilir, təbil, nağara, qızıl-tunc borular çalınardı.

Maarif və elm

IX əsrin II yarısında dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan hökmdarları maarif və elmin inkişafına qayğı göstərir, qabaqcıl elm adamlarını saraya toplayır, möhtəşəm saraylar, məscidlər, körpülər ucaldır və mədrəsələr açırdılar. Azərbaycanın bütün Şərqdə məşhur olan Gəncə, Bərdə, Marağa, Şamaxı, Dərbənd, Təbriz, Ərdəbil və digər şəhərlərində mükəmməl təhsil verən çoxlu məktəb və mədrəsələr fəaliyyət göstərirdi. Məscidlərdə yerləşən ibtidai məktəblərdə-“Qurani-Kərim” öyrədilir və müxtəlif elm sahələrinə dair ilkin məlumatlar verilirdi. Mədrəsələrdə dini biliklər və şəriətlə yanaşı, məntiq, Şərq dilləri və müxtəlif təbiət elmlərinin öyrənilməsinə xüsusi diqqət yetirilirdi.

IX-XII əsrlərdə nəinki Şərqdə, bütün Firəngistanda (Avropa-Red.) məşhur olan türk və müsəlman mütəfəkkirləri Cabir ibn Həyyan, Biruni, İbn Sina, əl-Fərabi, Təbəri, Xarəzmi və başqaları Azərbaycanda yaxşı tanımrdılar.

Azərbaycan mədəniyyəti və elmi VIII-XI əsrlərdə Ərəb xilafətinin ərazisində ərəb, türk və digər xalqların görkəmli alim və mütəfəkkirlərinin yaratdıqları ortaq İslam mədəniyyəti və elmindən bəhrələnmişdir. İslam mədəniyyəti yaradıcılarından biri, VIII-IX əsrlərin böyük ərəb astronomu, təbibi, böyük kimyaçısı Cabir ibn Həyyan (721-815) İmam Cəfər Sadiqin şagirdi olmuş, elmi nailiyyətlərinə və kəşflərinə görə sağlığında “Ustadların ustadı” ləqəbini almışdı. Bu görkəmli kimyaçı alim öz dövründə bütün maddələrin, xüsusilə metalların sirlərinə yaxından bələd olub, nəinki öz ölkəsində, bütün Şərqdə və Avropada çox məşhur idi. Əsərləri latın dilinə tərcümə olunaraq Avropa alimlərinin stolüstü kitabına çevrilmişdi. Onun dünya və İslam elminə gətirdiyi yeniliklərin bir hissəsi hətta müasir insanı belə heyrətə gətirir. Bu görkəmli alim:

  1. Dünyada ilk dəfə suyu saflaşdırmaq üçün distillə üsulunu tətbiq etmişdir.
  2. Antik yunan alimlərinin atomun bölünməzliyi fikrini inkar etmiş, atomun bölünməsinin mümkünlüyünü əsaslandıraraq bu bölünmənin böyük fəlakətlərə gətirib çıxaracağını heyrətamiz şəkildə qabaqcadan söyləmişdi. Alimin fikrinə görə atomun bölünməsi baş tutarsa, o dövrdə dünyanın ən böyük şəhəri olan Bağdad böyüklüyündəki şəhəri bir göz qırpımında məhv etmək mümkündür. Maraqlıdır ki, onun bu ideyası on bir-on iki əsrdən sonra XX yüzillikdə dünya alimləri tərəfindən sübuta yetirilərək həyata keçirilmişdir.
  3. Alim heyrətamiz şəkildə laboratoriya şəraitində süni üsulla canlı orqanizmin yaratmağın mümkünlüyü ideyasını irəli sürmüşdür. Bu ideya da yaşadığımız dövrün alimləri tərəfindən həyata keçirilmişdir.

İslam mədəniyyətinin yaradıcılarından biri də X-XI əsrlərdə yaşaımş Mərkəzi Asiyanın türk köklü alimi İbn Sinadır. İbn Sina 980-ci ildə Buxarada doğulmuş, 1037-ci ildə Azərbaycanın Həmədan şəhərində vəfat etmişdir. Onun yaradıcılığının ən məhsuldar dövrü Azərbaycanda keçmişdir. İbn Sina ona dünya şöhrəti qazandıran beş hissəli “Tibb qanunu əsəri”ni Azərbaycanda yazmış, Həmədan şəhərində müalicəxana və əczaxana (aptek) açmışdır. “Elmin şeyxi” adını almış İbn Sina təbabətə aid yazdığı fundamental əsərləri ilə tibb elminin əsasını qoymuşdur. Onun “Tibb elminin qanunu” əsəri, hətta XVII əsrdə belə Avropa həkimlərinin stolüstü kitabı idi. Görkəmli Azərbaycan alimi Əbülhəsən Bəhmənyar Azərbaycani onun tələbəsi olmuşdur.

Azərbaycan alimləri fəlsəfə, astronomiya, dilçilik, ədəbiyyatşünaslıq, təbabət, tarix və coğrafiya sahələrində dünya elminin önündə gedirdilər.

XI-XII əsrlərdə Şərqdə, o cümlədən Azərbaycanda bütün elmi biliklərə yiyələnmiş şəxsə alim adı verilirdi. Bu adı olan şəxslər içərisində dahi Nizami Gəncəvi öndə gedirdi. Nizami öz dövründə fəlsəfədən tutmuş astronomiyaya, coğrafiyadan tutmuş riyaziyyata və təbabətədək bütün biliklərin məcmusuna sahib idi.

Ömrünün 30 ilini astronomiya elminə həsr etmiş Fazil Fəriddin Şirvani XII yüzillikdə bir neçə qiymətli ulduz cədvəli tərtib etmişdi. İbn Sinanın tələbəsi olmuş böyük Azərbaycan filosofu Bəhmənyar Şərq-İslam və qədim yunan fəlsəfəsini dərindən öyrənməklə dünya fəlsəfə fikrinin inkişafına böyük töhvə verən fikirlər irəli sürmüşdür. Azərbaycanda XI-XII əsrlərdə fəlsəfi fikir fiqhdən (hüquqşünaslıq), kəlam (sxolastika) və təsəv-vüfdən (mistika) ibarət olan üç qol əsasında formalaşmışdı. Təsəvvüf anlayışının əsasında yüksək əxlaqi fikirlər dayanır. Təsəvvüf yüksək xasiyyətə və əxlaqa yiyələnməyi, hər cür alçaq xasiyyətlərdən uzaqlaşmağı tələb edir. Sufi olan kəs özünü kamilləşdirmə prossesində hər şeydən əvvəl öz nəfsini paklaşdırmalıdır. Mötədil sufi cərəyanının nümayəndəsi olub, Azərbaycanın Zəncan şəhərində anadan olmuş Əbuhəfs Sührəvərd (1063-1137) bununla bağlı yazırdı ki, insan kin, həsəd və riyadan armdıqda təmizlik nuru onun batilinə süzülür və o bütün rəzilliklərdən xilas olur, Allaha qovuşmaq arzusu onu sidq və səmimiyyət zirvəsinə ucaldır. Əbuhəfsin qardaşı oğlu Əbun- nəcib Şührəvərd Yaqub əl-Həməviyə görə gəncliyində Bağdadda su daşıyar və öz qazancını yeyərdi. Çox keçmədən görkəmli alim sufi şeyxi zirvəsinə çataraq məşhur Nizamiyyə mədrəsəsində dərs demiş və dövrünün ən böyük universitetlərindən biri olan bu təhsil ocağına, hətta rəhbərlik etmişdir. Maraqlıdır ki, onun hüququ, hətta hakim dairələr tərəfindən toxunulmaz idi və mütəfəkkir sultandan, xəlifələrdən qorxub ona pənah gətirənlərə sığınacaq verir və onları təhlükədən qoruyurdu. Əbunnəcibin sufi təliminə görə təsəvvüf şəriətdən başlayır, təriqətdən (mənəvi kamillik yolu) keçərək həqiqətdə başa çatır. Təsəvvüfün əvvəli elm, ortası əməl, axırı isə ilahi vergidir. Bu nəsildən olan Şəhabəddin Əbuhəfs Sührəvərd (1145-1234) görkəmli alim və sufi mütəfəkkiri kimi tanınmışdı. Tarixi qaynaqlarda onun haqqında belə yazılmışdı: “o, fəzilətli hüquqşünas, sufi, başçı, mömin, zahid, arif, həqiqət elmində dövrünün şeyxi” idi. Xəlifə ən-Nasir onu Bağdadın baş şeyxi təyin etmişdi. O, xəlifənin elçisi kimi diplomatik danışıqlar aparmışdır.

Panteist görüşlərinə görə 32 yaşında ruhanilərin fitvası ilə öldürülən Eynəlqüzzat Miyanəçi (1099-1131) çox qiymətli fəlsəfi əsərlər qoyub getmişdir.

Bu dövrün parlaq şəxsiyyətlərindən olan Xətib Təbrizi (1030-1109) ilk təhsilini Təbrizdə almış, sonra Suriyanın Numan məscidində dövrün böyük alimi Əbü-l-əla Məərridən bilik aldıqdan sonra Nizamülmülk tərəfindən 1067-ci ildə Bağdadda açılmış “Nizamiyyə” mədrəsəsində 40 ildən çox müddət ərzində dərs demişdir. O dövrdə dünyanın ən böyük elm və təhsil ocağı və ilk Universiteti sayılan həmin mədrəsədə Xətib Təbrizi akademik İ.Kraçkovskinin sözləri ilə deyilsə, “ədəbiyyat kafedrasının professoru” olmuşdu. O, fəlsəfə, məntiq, dil və ədəbiyyat sahəsində çox qiymətli araşdırmalar aparmışdır. Xətib Təbrizi bütün İslam dünyasında dilçilik və ədəbiyyatşünaslıq sahəsində ensiklopedik biliyə malik ən görkəmli alimlərdən biri idi. Qürbətdə yaşasa da, öz doğma türk dilini də unutmamışdı.

Bağdadın Nizamiyyə mədrəsəsində təhsil almış böyük alim və şair Ömər Gəncəvi dilçilik və ədəbiyyatşünaslığa dair qiymətli araşdırmaların müəllifidir.

XI-XII yüzilliklərdə təbabət sahəsində məşhur olan Kafiəddin Ömər Osman oğlu Şamaxının Məlhəm kəndində Tibb mədrəsəsi və müali- cəxana açaraq insanlara xidmət etmiş və çoxlu təbib yetişdirmişdir. Kafiəddin Ömər Osmanoğlu (dahi şairimiz Xaqaninin əmisi idi-Red.) 1080-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. O, ensiklopedik biliyə malik olan həkim-cərrah, əczaçı və istedadlı musiqiçi idi. Şirvanşah II Mənüçöhrün hakimiyyəti dövründə Şamaxı yaxınlığındakı Məlhəm kəndində tibb mədrəsəsi və Azərbaycan tarixində ilk dəfə stasionar müalicə müəssisəsi-müalicəxana açmışdı. Ətraf mühitin və havanın insan orqanizminə şəfaverici təsiri ilə bağlı fikrini sübuta yetirmək üçün Kafiəddin müalicəxana açmazdan əvvəl şagirdlərinə tapşırmışdı ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında müxtəlif yerlərdə assınlar. Bir həftədən sonra o, həmin yerləri atla gəzib görür ki, hər yerdə asılmış qoyunlar iylənib xarab olub, təkcə bir yerdə asılan ət elə qalıb ki, sanki indicə kəsilmişdir. Buna görə də Kafiəddin özünün Məlhəm müalicəxanasmı burada təşkil etmişdi.

Tarixi qaynaqlara görə Eldəniz hökmdarı Özbəyin şəxsi həkimi Cəlaləddin təbib xəstəliyin gizli çağında onun diaqnozunu təyin edə bilir və çox az dərmanla xəstəyə möcüzəli şəkildə şəfa verirdi. Mənbə Cəlaləddin təbib haqqında yazırdı: “Ondan sonra dünyaya onun kimisi gəlməmişdir.”

Məşhur Mövlanə Cəlaləddin Ruminin dostu və həkimi Əkmələddin Naxçıvani öz dövründə “həkimlərin ağası” və “dünya həkimlərinin başçısı” adını almışdı.

XII yüzildə başqa bir təbib Mahmud ibn İlyas xəstəliklərin müalicəsi və əczaçılıq haqqında yazdığı əsərdə müalicəvi dərmanların adını əlifba sırası ilə düzmüşdür.

Dövrün tarixçisi Fəxrəddin Əbül Fəzlin yazdığı iri həcmli “Azərbaycan tarixi” adlı əsəri təəsüf ki, bizə gəlib çatmamışdır. Bağdaddakı Ni- zamiyyə mədrəsəsində mühazirələr oxumuş bu görkəmli alim haqqında mənbədə yazılmışdır: “Təbrizdə hansısa bir görkəmli şəxsin olub-olmaması haqqında soruşduqda, dərhal, onu nişan yerdilər… ikinci belə bir adam varmı?-sorusuna belə cavab verildi ki, o bircə dənədir və ikincisi yoxdur.”

XII-XIII əsrin əvvəllərində Alban mədəniyyətinin görkəmli nümayəndəsi Gəncə sakini Mxitar Qoş (1130-1213) Bizans və Alban kilsə qanunları əsasında “Qanunnamə”, “Alban səlnaməsi” əsərlərini qələmə almışdı.

Ədəbiyyat

XI-XII əsrlərdə yazıb-yaratmış şair və mütəfəkkirlərin Azərbaycan-türk dilində heç bir əsəri bizə gəlib çatmasa da, mənbələrdəki məlumatlar bu dildə əsərlər yazıldığını sübuta yetirir. XI əsrdə Məsud ibn Namdarın ərəb və əcəm (fars) dilləri ilə yanaşı, türkcə şeirlər yazması haqqında mənbələrdə məlumatlar vardır. Şirvanşah Axsitanın böyük şairimiz Nizamiyə “Leyli və Məcnun” əsərini türkcə deyil, farsca və ya ərəbcə yazmağı sifariş verməsi bu dövrdə türk dilində şeirlər yazıldığım və şairin milliyyətcə Azərbaycan türkü olduğunu bir daha sübuta yetirir. Maraqlıdır ki, kökcə oğuz türkü olan Səlcuqluların və Eldənizlilərin dövründə türk dili nə rəsmi dövlət dilinə, nə də ədəbi dilə çevrilmədi. Tədqiqatçılar bu dövrdə fars ədəbi dilinin hökmranlıq etməsinin səbəbini daha çox savaşlar aparmaq və vergi toplamaq qayğısına qalan Səlcuq sultanlarının “savadsızlığı və dövlətin maliyyə işlərində fars məmurlarına arxalanması ilə” izah edirlər. Belə vəziyyət həm də Səlcuqların baş vəziri fars köklü Nizamülmülkün yeritdiyi daxili siyasət nəticəsində yaranmışdı. Buna baxmayaraq xalqımızın ana abidəsi “Kitabi Dədəm Qorqud” un erkən orta əsrlərdə bir müəllif tərəfindən yazıya alınması Azərbaycan-türk dilinin qədim yazılı ədəbiyyat ənənələrinə malik olduğunu sübut edir. Ancaq XI-XII əsrlərdə peşəkar ədiblərin qələmindən çıxan klassik ədəbi nümunələr bizə yabançı olan ərəb və fars dillərində gəlib çatmışdir. Nəticədə tarixi şərait və ədəbi mühitdə bir dəb halını almış xüsusi vəziyyət XIV əsrədək fars dilinin bir çox türk xalqlarının ortaq ədəbi dili kimi işlənməsini şərtləndirmişdir. XI-XII əsrlərdə Azərbaycan əhalisinin çox böyük hissəsinin və hakim dairələrin danışıq dili və ünsiyyət vasitəsi doğma türk dili idi. Buna baxmayaraq Azərbaycan ədəbi məktəbinin fars dilində yazan şairləri çıxdıqları türk mühitini qətiyyən unutmurdular. Məsələn, məşhur Qətran Təbrizi fars dilində yazdığı əsərlərdə doğma Azərbaycan-türk dilində çoxlu atalar sözləri, zərbi məsəllər, söz və ifadələr: qar, sürmə, muncuq, tapança, ayaq (qədəh), dağ, xıl (çox) və s. işlətmişdir.

XII yüzillikdə şair və mütəfəkkirlərimiz Təbriz, Şirvan və Gəncədə fəaliyyət göstərən Azərbaycan ədəbi məktəblərinin əsasını qoymuşdular.

Dövrün tanınmış dilçisi, ədəbiyyatşünası və istedadlı şairi Ömər Gəncəvi doğma Azərbaycanla yanaşı, bütün Yaxın və Orta Şərqdə məşhur idi.

XII yüzilliyin görkəmli filosof-şairi Eynəlqüzzat Miyanəçi gözəl şeir nümunələri qoyub getmişdir.

Qətran Təbrizinin yetirməsi, böyük istedad və yüksək əxlaq sahibi olan Əbülüla Gəncəvi (1096-1159) Şirvanşahlar sarayına gəldikdən sonra burada böyük nüfuz qazanmış və “Məlük-üş-şüara”-“şairlərin hökmdarı” adını almışdır.

Şirvan ədəbi məktəbini Əbülüladan sonra onun istedadlı şagirdi Əfzələddin Xaqani idarə etməyə başlamışdı. Ədəbiyyatımızın ən görkəmli şairlərindən biri olan Xaqani (1121-1199) şeir sənət ocağı Şamaxıda dünyaya göz açmışdır. Kiçik yaşlarından Quranı, dilçilik, ədəbiyyat, fəlsəfə, riyaziyyat və başqa elmləri dərindən öyrənmiş, Şirvanşahların sarayına dəvət almış, ancaq saray həyatına uyğunlaşa bilmədiyindən İraqa və Məkkəyə getmişdir. Kəbə ziyarətindən döndüyü vaxtdan-1176-cı ildən Təbrizdə yaşamışdır. O, burada müxtəlif hökmdarların saraya dəvət təklifini rədd etmişdir. Farsdilli Azərbaycan ədəbiyyatına yeni üslub, təmtəraqlı obrazlar və bədii təsvir vasitələri gətirmiş Xaqani nəinki Azərbaycanda, bütün Şərqdə qəsidə janrı üzrə ədəbiyyatın ən uca zirvəsini fəth etmişdir. Xaqani Azərbaycan ədəbiyyatında ilk poema yazan şair kimi məşhurdur. Ondan bizə 17 min beytlik lirik şeirlər divanı və “Töhvətül-İraqeyn” (“İki İraqın töhfəsi”) poeması qalmışdır. Xaqani yaradıcılığının mərkəzində insan, onu əhatə edən həyat həqiqətləri, xeyirlə şərin mübarizəsi və humanizm dayanır. Haqqı və Ədaləti tərənnüm edən Xaqani əsərlərində zülmə və zalıma qarşı çıxmışdır. Xaqaninin ədəbiyyatımız qarşısında ən böyük xidmətlərindən biri də farscanın hökmranlıq etdiyi poeziya dilinə doğma Azərbaycan-türk sözlərini gətirməsidir. Şair yazırdı: “farsca mənə söyüş söysələr, çərxı fələk onlara deyər ki, sənsən”. Onun divanında su, Tanrı, uşaq, çuxa, xatun, xan, dağ və s. kimi onlarla türk sözünə rast gəlinir. Xaqani poeziyasına və şairin şəxsiyyətinə ehtiramla yanaşan dahi Nizami Gəncəvi onun haqqında təəssüf hissi ilə aşağıdakı beyti yazmışdır:
Hey deyirdim ki, mənə mərsiyə Xaqani yazar.
Heyf, Xaqaniyə mən mərsiyə yazdım axır.

XII əsr ədəbiyyatımızda öz yeri olan Mücirəddin Beyləqani Eldənizlər sarayında xidmət etmiş. Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslana şeirlər həsr etmişdir.

XII yüzillikdə yaşamış görkəmli şairlərimizdən biri Qivami Gəncəvi humanist insan idealı yolunda əngələ çevrilən cahilliyə, riyakarlığa, ədalətsizliyə və natəmizliyə qarşı üsyan edərək yazırdı:

Əcəb zəmanədir türfə xəlayiq.
Cəhalət meyindən yoxdur bir ayıq.

Nə dindar zahid var, nə təmiz alim,
Nə adil şah var, nə doğru hakim.

Alıcı tək qaçar biri-birindən.
Məhşərdən qorxmazlar bilmirəm nədən.

İşlər belə getsə, çəkməz o qədər
Göylər alt-üst olar, dünya çevrilər.

Şirvanşah III Mənüçöhrün sarayında Əbülüladan şeir-sənət dərsi almış Fələki Şirvani (1107-1147) qısa ömrünü nücum (astrologiya), riyaziyyat elmlərinin inkişafına həsr etmişdir. Onun dövrümüzə qədər gəlib çatmış şeirlər toplusu olan Divanı təkcə bədii keyfiyyətləri ilə deyil, dövrün tarixi hadisələrini real şəkildə işıqlandırmaq baxımından da seçilir. Onun əsərlərində Şirvanşah III Mənüçöhrün (1120- 1160) qıpçaqlar və alanlar üzərində qələbəsi, gürcülərlə münasibətlər, Şirvanın şəhərləri və görkəmli şəxsiyyətləri haqqında, hətta dövrün tarixi mənbələrində olmayan məlumatlardan tarixçilərimiz yetərincə yararlanmışlar.

XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri və Nizaminin böyük müasiri, yüksək poetik istedad sahibi Məhsəti Gəncəvi (1089 -1183) idi. Bu görkəmli qadın sənətkarımızın yaradıcılığının mərkəzində real insan və onun arzuları dayanırdı. Şair öz rübailərinin bir çoxunu sadə peşə adamlarına (papaqçı, çörəkçi, dülgər, başmaqçı, dərzi və s.) həsr etmişdir. Onun rübailəri konkret olaraq orta əsr Gəncəsinin qaynar sənətkarlıq və ticarət həyatını real şəkildə əks etdirir. Məhsəti Gəncəvinin əməyə məhəbbət tərənnüm edən poeziyası Nizami yaradıcılığında özünün zirvəsinə çatmışdır.

Azərbaycan ədəbiyyatı Nizami Gəncəvi (1141-1209) yaradıcılığı ilə özünün ən yüksək zirvəsinə ucaldı. Ümumdünya mədəniyyətinin ən nadir simaları sırasında öz əzəməti ilə ucalan Böyük Nizami Şərq və dünya poeziyasının inkişafına güclü təkan vermişdir. Yaxın və Orta Şərqin ən böyük sənətkarları belə yüzillər boyu dahi Nizaminin tükənməz poeziyasının təsirindən çıxa bilməmiş, onun poeziya xəzinəsindən bəhrələnmiş və ən yaxşı əsərlərini böyük ustada ithaf etmişlər. Nizamini Azərbaycan mühiti yetişdirmişdir və doğulduğu Gəncə şəhəri böyük sənətkarlıq və mədəniyyət mərkəzi idi. Bütün türk və islam hökmdarları müsəlman dünyasının xristian sərhədlərinə yaxın ərazisində yerləşən ən böyük istehkamlarından biri olan Gəncənin inkişafına xüsusi diqqət yetirirdilər. Gəncə həm də bütün Şərqin ən böyük elm və təhsil ocaqlarından biri idi, dünyanın hər yerindən ən nadir sənət inciləri və əlyazmaları burada toplanmışdı. Azərbaycanın dahi şairi Nizami yaradıcılığının mayası insandır. Nizami özünün humanist məhəbbət fəlsəfəsinə və təkrarsız lirikasına görə müasirlərini, hətta özündən sonrakı dövrlərdə yaşayıb-yaratmış bir çox görkəmli humanistləri də geridə buraxmışdı.

Nizaminin ölməz beş kitabı-“Xəmsə”si (‘‘Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndəmamə”) onu dünya mədəniyyətinin dahiləri sırasına çıxardığı kimi, şairi yetirən xalqa da dünya şöhrəti gətirmişdir.

Nizaminin 1175-ci ildə tamamladığı ilk böyük əsəri olan “Sirlər xəzinəsi” ndə şairin həll etməyə çalışdığı başlıca məsələ xalq və hökmdar problemidir. Böyük şair bu əsərində hökmdarları haqqa, ədalətə çağırmaqla kifayətlənmir, “şahlıq üçün əsas şərtin zülm və haqsızlıq deyil, ədalət olduğunu onlara başa salmağa çalışır”.

Dahi şairin 1181-ci ildə tamamladığı və dünya poeziyasının nadir incilərindən sayılan “Xosrov və Şirin” poemasında doğma Vətəni Azərbaycanın tarixi keçmişini və onun qonşu ölkələrlə qarşılıqlı əlaqələrini tərənnüm edərək Vətənimizin əvvəlki tarixini gələcək nəsillərə yadigar qoyub getmişdir.

Nizami 1188-ci ildə Şirvanşah Axsitanın sifarişi ilə üçüncü poeması olan “Leyli və Məcnun” əsərini bitirmişdir. Ərəb və fars mənbələri üzərində dərin araşdırmalar aparan şair bu əsəri ilə orta əsrlər cəhalətinə, nadanlığa və zülmə tab gətirə bilməyən iki gəncin ilahi məhəbbət faciəsini yaratmışdı.

Dahi şairin 1197-ci ildə tamamladığı “Yeddi gözəl” poeması bu dövr üçün səciyyəvi olan yeni insan axtarışında çox böyük uğur kimi qiymətləndirilə bilər. Doğma yurduna və xalqına bağlı olan və onun qayğısına qalan, Vətənin, hətta bir övladının acından ölməsində özünü gü nahkar bilib, ona yas saxlayan, quşların və heyvanların da qədrini bilən Bəhram Gur Nizaminin arzuladığı yeni insan və ədalətli hökmdar obrazıdır.

Nizaminin “Xəmsə”si “İsgəndərnamə” ilə tamamlanır. Nizami yaradıcılığı orta çağ mədəniyyətimizin zirvəsidirsə, “İsgəndərnamə” də Nizami yaradıcılığının zirvəsi, onun əzəmətli və layiqli yekunudur. “Şərəfnamə” və “İqbalnamə” adlı iki kitabdan ibarət olan bu əsər dövrün qiymətli tarix səlnaməsidir. Böyük mütəfəkkir əsəri yazmazdan əvvəl qədim Azərbaycanın, bütövlükdə Müsəlman dünyasının, Yunanıstan və başqa ölkələrin tarixini, elmi -fəlsəfi irsini, görkəmli filosofların, sərkərdələrin həyat və fəaliyyətini öyrənmiş və müxtəlif dillərdə olan mənbələri dərindən araşdırmışdır. Doğma Vətəni olan Azərbaycana bağlılıq böyük sənətkarın bu əsəri üçün də səciyyəvidir. Ölkələr fəth edən, adlı-sanlı sərkərdələri məğlubiyyətə uğradan və ən qanlı savaşlardan zəfərlə çıxan İsgəndər Bərdə hakimi Nüşabə qarşısında məğlub vəziyyətinə düşür. Nizami poeziyasının və onun elmi-fəlsəfi dünyagörüşünün ən böyük qələbəsi ondan ibarət idi ki, onun yaratdığı adil hökmdar olan İsgəndər yalnız qılıncla və şəxsi şücaəti ilə deyil, elmlə, zəka ilə qalib gəlir, elmə qiymət verir, alimi hamıdan uca tutur:

Əmr etdi, verildi belə bir fərman:
Alimdir gözümdə ən əziz insan!**

Elmlə, hünərlə! Başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!

Rütbələr içində seçilir biri –
Hamıdan ucadır alimin yeri!

Əsərin sonunda Nizami öz qəhrəmanını ideal cəmiyyətə-Xoşbəxtlər məmləkətinə aparıb çıxarır. Düzlük və bərabərliyin hökm sürdüyü bu ölkədə heç kəs yalan danışmır, acizlərə və dara düşənlərə kömək göstərilir, burada başqalarının bədbəxtliyinə sevinən, arxadan danışan, oğru, darğa, gözətçi yoxdur, naxırlar, sürülər çobansız otlayır, qapılara qıfıl vurulmur. Hamı əməklə məşğul olur, halallıqla yaşayır. Zorakılıq yoxdur. Nahaq qan tökülmür. Qızıl -gümüşün heç bir qiyməti yoxdur. Qarınqulular yoxdur. Xoşbəxtlər məmləkətinin sakinləri dünyanı dərindən dərk edirlər. Ölümə çarə olmadığını bildiklərindən ölən üçün ürəklərini sıxmırlar. Göründüyü kimi, ilk növbədə qədim Azərbaycanın, habelə başqa xalqların elmi-fəlsəfi irsindən bəhrələnən böyük mütəfəkkir insanların min illər boyunca arzuladıqları ədalətli cəmiyyət ideallarını ümumiləşdirərək Tomas Mor, Tomazo Kampanella və bir çox başqa Qərbi Avropa utopistlərindən nə qədər əvvəl-hələ XII-XIII yüzilliklərin qovşağında özünün ideal cəmiyyət və dövlət modelini yaratmışdır.

Onu da qeyd etməyi vacib bilirik ki, türk xalqlarının, o cümlədən Azərbaycan xalqının bilik adamlarının yaranışında və formalaşmasında yaxından iştirak etdiyi İslam intibahı mühitində “Türk aydını”-ziyalısı (dahi Nizamidə “Kalem Türkü”) artıq bir sosial zümrəyə çevrilə bilmişdi. Ancaq sosial zümrə bütöv deyildi və üç qola ayrılırdı. Böyük alimimiz Süleyman Əliyarinin qənaətinə görə ilk öncə Türk mənəvi varlığını, Türk kimliyini qoruyub saxlayanlar gəlirdi. Bu qolu təmsil edən ziyalılar üçün Yusif Ba-lasaqunlu 1069-cu ildə yazdığı ölməz “Kitabğu bilik” (“Xöşbəxtlik elmi”) mənzum əsəri ilə zirvə sayıla bilər. İkinci yerdə Türk kimliyini itirmiş və İslam mənəviyyatına tamamilə qovuşmuş olan ziyalılar gəlir ki, onlar ərəb, fars ədəbi və elmi mühitində türk olduqlarını bildikləri halda, öz doğma türkcəsinə həqarətlə yanaşırdılar. Dünyada ilk qlobusu düzəltmiş və yerin günəş ətrafında fırlanmasını Kopemikdən 500 il əvvəl söyləmiş böyük türk alimi Əbu Reyhan əl-Biruni (973-1048) yazırdı: “Təbiət məni bir ayrı dil dünyasında yaratmışdır, ancaq elmlərdən hər hansı birini bu dildə (türkcədə) səsləndirmək istəsən, elə bir dəvə yağış selində hərəkət etməkdədir və ya zürafə xəndəyə düşüb qalmışdır. Sonralar mən ana dilindən ərəb və fars dillərinə keçdim; onların hər birində özümü onları zorla mənimsəmiş bir yabançı (müsafir) sanıram. Fəqət mənim üçün ərəbcə söyüş farsca söylənilən hər cür tərifdən üstündür”.

Türk ziyalısı sosial zümrəsinin üçüncü qolunu təşkil edən bilik adamları isə ərəbcə və ya farsca yazsalar da, öz Türk varlığını və Türk mənəvi dəyərlərini tarixdə yaşatmaq istəyində idilər. Bu haqda tariximizdə ilk dəfə çox dəyərli fikir söyləmiş Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Əsərlərini ərəbcə yazan, ancaq türklük duyğuları ilə Türk mədəniyyəti və milliyyətçiliyi tarixində müstəsna yer tutan Kaşğarlı Mahmudlar, Yurlu Fəxrəddin Mübarəkbaşlar… nə qədər türkdürlərsə, Nizami də onlar qədər türkdür”.

Məhəmməd Əminə görə 60 min beytlik “Şahnamə” yazmaqla İranı (Fars) uca tutan Firdovsidən fərqli olaraq Nizamidə irq təəssübkeşliyi yoxdur. Onun üçün önəmli olan şey imandır, təkallahlılıq əqidəsi ilə ədalətdir. Bununla belə. Nizami mənsub olduğu türk kimliyini heç vaxt unutmamış və farsca yazmış olduğu əsərlərində 80-dən çox türk sözü işlətmişdir. Nizami yazırdı:
Türkcəmi bu Həbəşlikdə alan yox.
Dovğanı bir yemək-deyə sayan yox.

M.Ə.Rəsulzadə bu beytdə ifadə olunan şikayəti şairin yaşadığı zamanda Türkcə yazmağın adət olmaması səbəbindən duyduğu təəsüf hissi kimi izah etmişdir. Məhəmməd Əminə görə Həbəşlik burada coğrafi anlayış deyil, “Qara cəhalət” mənasında işlənmişdir. Təsadüfi deyil ki, Səlcuq sultanı Səncərdən zülm görmüş ixtiyar qoca ona belə söyləmişdi:
Madam ki, sən zülmə vəsilə olursan.
Türk deyil, çopovulçu Hindussan.

Məhəmməd Əminə görə Türk anlayışına əsərlərində bu şəkildə yüksək yer verən bir Azərbaycan övladına, “Gözəl və böyüyə-Türk, gözəllik və böyüklüyə-Türklük, gözəl və böyük ifadəyə-Türkcə, gözəllik və böyüklük diyarına -Türküstan deyən bir şairə farsca yazdığına görə Türk deməmək qəbulmudur? Əsla!.”

M.Ə.Rəsulzadənin qavrayışına görə Nizami türklük anlayışına o qədər böyük önəm vermişdir ki, hətta bir qəsidəsində Peyğəmbərimiz Həzrəti -Məhəmmədi ərəb vücudlu Türk, “Şərəfnamə”də Makedoniyalı İsgəndəri “Rum külahlı” (geyimli) Türk adlandırmışdır.

Memarlıq və şəhərsalma

IX-XIII əsrin əvvəllərində Azərbaycan memarlığının dörd əsas məktəbi formalaşmışdı:

  1. Şirvan-Abşeron
  2. Naxçıvan-Marağa
  3. Aran və İraqi-Əcəm
  4. Qəzvin-Həmədan

Ərəb mənbələrinə görə X əsrdən Azərbaycanın bütün böyük şəhərlərində əzəmətli və gözəl camelər və məscidlər tikilmişdir. Bunlardan dövrümüzədək gəlib çatmış Bakıda indi “Smıqqala” adı ilə məşhur olan, 1078/1079-cu ildə şəhər rəisi Məhəmmədin əmri ilə tikilmiş məscidi və klassik memarlıq nümunəsi olan Ərdəbilin Came məscidini göstərmək olar. IX-XIII əsrin əvvəllərində Azərbaycan memarları şəhərsalmanın inkişafı ilə bağlı əzəmətli saraylar və qəsrlər, karvansaralar, körpülər və türbələr ucaldırdılar. Azərbaycan ərazisində ucaldılmış Bakıdakı Qız qalası, Şamaxıdakı Gülüstan qalası, Ağsu çayı sahilindəki Buğurd qalası. Naxçıvandakı Əlincəqala, Lerikdəki Oğlanqala, Abşerondakı Mərdəkan qalası və digər tikililərin hər biri dünya memarlığının nadir inciləri sayılır.

Müdafiə qurğuları içərisində Abşeronda 1187-ci ildə kvadrat planda tikilmiş Mərdəkan qəsrini və 1204-cü ildə inşa edilmiş dairəvi baş bürclü Mərdəkan qalasını xüsusilə qeyd etmək olar. Abşeron abidələri içərisində möhtəşəmliyi ilə seçilən Bakıdakı Qız qalasını memar Məsud Davudoğlu Xəzər sahilində böyük bir qaya üzərində ucaltmışdır. Orijinal quruluşa malik olan bu qala 28 metr hündürlüyündədir.

Fəxr etməliyik ki, bütün Qafqazda İslam memarlığının yaradılması və inkişafında əvəzsiz rolu olan Azərbaycan memarlarının şöhrəti bütün dünyaya yayılmışdı. Azərbaycan memarları Mərkəzi Asiya, Əcəm İraqı, Ərəb İraqı və başqa ölkələrdə, o cümlədən Bağdad, Səmərqənd, İsfahan və bir çox başqa şəhərlərdə nadir memarlıq incilərinin yeıradılmasında yaxından iştirak etmişdilər.

Həmin dövrdə Azərbaycan memarlığının ən görkəmli nümayəndəsi XII əsrdə yaşamış Əcəmi Əbubəkr oğlu idi. Sağlığında “Mühəndislər şeyxi” adını almış Əcəmi Naxçıvan memarlıq məktəbinin əsasını qoymuşdu. Böyük sənətkar özündən əvvəlki ənənələrimizi daha da zənginləşdirərək riyazi hesablamalar əsasında mürəkkəb memarlıq kompleksləri yaratmışdır. “Yusif ibn Küseyr” və “Möminə Xatın” türbələrində kufi xətlə yazılmış kitabələrlə mürəkkəb həndəsi naxışlar əsasında yaradılmış misilsiz bəzək ahəngdarlığının yaradılması memarlıq sənətimizin çox böyük nailiyyətidir. Memar Əcəminin 1162-ci ildə “Şeyxlərin başçısı” Yusif ibn Küseyrin şərəfinə ucaltdığı türbə ikiqatlı olub, keyfiyyətli bişmiş kərpicdən inşa edilmişdir.

Təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının ən uca, zərif və kompozisiyalı türbələrindən biri Əcəminin 1186-cı ildə Naxçıvan şəhərində ucaltdığı, indi də öz gözəlliyi və əzəməti ilə diqqəti cəlb edən və xalqın yaddaşında “Atabəy gümbəzi” kimi qalan “Möminə Xatın” türbəsidir. Əcəmi Eldənizlərin dövründə Azərbaycan dövlətinin paytaxtı olan Naxçıvanda Qoşaminarə (1187), Cümə məscidi, Darülmülk (Eldənizlər sarayı) və başqa nadir memarlıq abidələrini də ucaltmışdır. Onun memarlıq incilərinin bir çoxu dövrümüzədək gəlib çatmamışdır. Əcəminin memarlıq sənəti bütün Şərq memarlığına güclü təkan vermişdir. XII əsrin sonlarında Naxçıvan məktəbi üçün səciyyəvi olan memarlıq üslubunda Marağada Göygümbəz, Urmiyada Üçgümbəz məscidləri ucaldılmışdır.

Memarlığın ən möhtəşəm abidələrindən biri Şəddadi nəslindən olan Azərbaycan hökmdarı Fəzl ibn Məhəmmədin 1027-ci ildə Araz çayı üzərində saldırdığı məşhur Xudafərin körpüsüdür. On beş aşırımlı bu nadir sənət abidəsi əsrlər boyunca Azərbaycanın şimalı ilə cənubu arasında iqtisadi və hərbi-siyasi əlaqələrin qurulmasında mühüm rol oynamışdı.

Araz çayı üzərində salınan körpülərdən biri də on bir aşırımlı Xudafərin körpüsüdür. Azərbaycanda intibah dövrünə aid olub, öz ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Vətənimizin Qazax bölgəsindəki Qırmızı körpüdür. Uzunluğu 175 metr olan bu möhtəşəm abidə el arasında “Sınıq körpü” adlanır.

IX-XIII əsrin əvvəllərində Azərbaycanda memarlıq və şəhərsalma işi özünün yüksəliş dövrünü yaşayırdı. Maraqlıdır ki, hələ bu dövrdə Azərbaycanın bütün böyük yaşayış məskənləri yeraltı saxsı borularla su ilə təchiz olunur, çirkab suları isə borularla yaşayış məntəqələrindən kənara atılırdı.

Bu dövrdə yaşayıb-yaradan Azərbaycan ustaları metal məmulatları hazırlamaqda çox mahir idilər. Metaldan hazırlanıb, üzərinə müxtəlif, təkrarolunmaz bəzəklər vurulmuş, müxtəlif növ qablar və silah nümunələri bir incəsənət nümunəsi kimi dəyərlidir. Belə sənət nümunələrindən biri də Gəncənin məşhur qala qapılarıdır. Gəncə qapılarını Şəddadi nəslindən olan Azərbaycan hökmdarı Əbuləsvar Şavurun göstərişi ilə məşhur usta İbrahim Osmanoğlu 1063-cü ildə düzəltmişdi. Bu nadir sənət incisi dəhşətli 1139-cu il zəlzələsindən istifadə edib Gəncə şəhərinə hücum edən gürcü işğalçıları tərəfindən qənimət kimi aparılmışdır.

Dekorativ tətbiqi sənət

XI-XIII əsrin əvvəllərində Azərbaycanda tətbiqi incəsənətin əsas növünü bədii tərtibatlı dulusçuluq (keramika) təşkil edirdi. Beyləqan, Şamaxı, Qəbələ, Gəncə, Naxçıvan, Təbriz bu dövrün əsas dulusçuluq mərkəzləri idi. Heyvan, quş və insan təsvirlərindən dulusçuluqda geniş şəkildə istifadə olunması bu sahəni bədii sənət səviyyəsinə çatdırmışdı. Beyləqan şəhərində düzəldilən XII əsrə aid boşqabın üzərində yaşıl paltarda, başında qızılı rəngdə, şişuclu tac olan ova çıxmış atlı təsvir olunmuşdur. Şamaxı şəhərində tapılmış dulus məmulatının üzərində isə yüksək sənətkarlıqla Şirvanşahın döyüşçüsü təsvir edilmişdi. Beyləqanlı usta Nəsir tərəfindən fincan üzərində çəkilmiş rəsmdə iri miqyasda çovkan oynayan atlının təsviri bədii sənət nümunəsi kimi qiymətləndirilmişdir. Maraqlıdır ki, dekorativ incəsənətin inkişafında Azərbaycan çox irəli getmişdi və qonşu ölkələrin heç birində dulusçuluq sənətində rəsmlərin, xüsusilə süjetli təsvirlərin bu cür genişliyinə və rəngarəngliyinə rast gəlinməmişdir. Azərbaycanın cənubunda bədii keramika məmulatlarında quş təsvirləri üstünlük təşkil edir. XI əsr Ağkənd keramikasının gözəl nümunəsi olub, Londonun “Viktoriya və Albert” muzeyində saxlanılan boşqab üzərində qartal gerb formasında yüksək sənətkarlıqla təsvir olunmuşdur.

XI-XII əsrlərdə Bakı və Abşeron yarımadasında daş tikililər üzərində (1078-1079-cu illərə aid Məhəmməd məscidinin minarəsi, bir sıra qəbirüstü abidələr) oyma üsulu ilə müxtəlif çoxbucaqh fiqurlardan, altıbucaqlı ulduzlardan, həndəsi naxışlardan yüksək ustalıqla istifadə olunmuşdur.

Azərbaycanın Şirvan bölgəsində müxtəlif metallar, o cümlədən bürüncdən hazırlanmış qablar üzərində bədii sənət nümunələri yaradılırdı. 1190-cı ildə Naxçıvanlı usta Osman tərəfindən hazırlanmış və Fransanın Luvr muzeyində saxlanılan bürünc qabın naxışlan “Möminə Xatın” türbəsinin naxışları ilə demək olar ki, eyni idi.

Xalçaçılıq və bədii üsulla parçaların hazırlanması bu dövrdə Azərbaycanın dekorativ tətbiqi incəsənətində özünəməxsus yer tuturdu. Mingəçevir, Beyləqan, Gəncə və Bakı ərazilərində arxeoloji qazıntılar nəticəsində tapılmış rəngli pambıq, yun və ipək parçalar keyfiyyətinə və naxışlarına görə bədii sənət nümunəsi kimi diqqəti cəlb edir. O dövrdə parçaların bədii tərtibatı zamanı daha çox qırmızı, yaşıl və qızılı rənglərdən istifadə olunurdu. XI-XII əsrlərə aid mənbələrdə ipək və yun saplardan toxunulmuş və zəngin naxışlarla bəzədilmiş Azərbaycan xalçalarının dünyanın müxtəlif ölkələrinə ixrac olunması haqqında məlumatlar vardır.

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

  • Teqlər:
  • Azərbaycan mədəniyyəti
  • , Azərbaycan tarixi
  • , orta əsrlər

Azərbaycan tarixi/Orta əsr Azərbaycan şəhərləri

AZƏRBAYCANIN ORTA ƏSR ŞƏHƏRLƏRİ.
IX-XI əsrlərdə Azərbaycanın ticarət və sənətkarlıq mərkəzləri olan inkişaf etmiş şəhərləri var idi. Azərbaycan şəhərləri haqqında Ərəb coğrafiyaşünas və səyyahları maraqlı məlumat vermişdilər.Beləki:
Bərdə
1) Müqəddəsi Bərdə haqqında yazırdı:”Bərdə Azərbaycanın da daxil olduğu iqlimin başlıca şəhəri, həmin iqlimin Bağdadıdır”
2) İbn Havqəl isə Bərdəni “Arranın anası”adlandırıdı.
Dərbənd.
1) Dərbənd IX-XI əsrlərdə Azərbaycanın ən böyük liman şəhəri idi.
2) Təkcə Azərbaycanda deyil bütün Cənubi Qafqazda ən yaxşı kətan parçalar Dərbənddə toxunurdu.
3) Dərbənd həm də Cənubi Qafqazda yegan toxuculuq mərkəzi idi.
4) X əsrdə Dərbənndə kanalizasiya sistemi yaradılmışdı.
Bakı.
1) Abşeronun zəngin” neft bulaqları”Bakını qonşu ölkələrdə məşhurlaşdırmışdı.
Şamaxı – IX-X əsrlərdə Şamaxı Azərbaycanın zəngin paytaxt şəhərlərindən biri idi.
Tiflis. Ərəb səyyahları Azərbaycandan bəhs edərkən ilk növbədə Tiflisdən də söhbət açırdılar. Beləki:
1) Gürcüstanın Azərbaycan hökmdarları tərəfindən idarə etdiyi “Dağlıq ölkə”olduğunu bidirirdilər.
2) Əl-İstəxri qeyd edir ki: “Arranda Bərdə, Əl-Əbvab və Tiflisdən böyük şəhər yoxdur”
3) Tiflis “suyu odsuz qızdırılan müalicə hamamları ilə məşhur idi.”.
Təbriz. Əl-Müqəddəsi:
1) Təbrizin Bağdadla müqayisədə böyük olduğunu yazırdı.
2) Azərbaycanın bu şəhərini – Təbrizi -“Saf qızıla”bənzədirdi.
Ərdəbil. Ərəb coğrafiyaşünas və səyyahları Əl-İstəxri, Əl-Müqəddəsi və İbn Havqəl və.s Azərbaycanın cənub torpaqlarından bəhs edərkən Ərdəbilin də adını çəkirdilər.
1) Ərdəbilə bu yerlərin “ən böyük şəhəri və vilayəti “deyir
2) Ərdəbili “Bütün iqlimin əsas şəhəri kimi qiymətləndirirdilər”.

AZƏRBAYCANDA MƏDƏNİ OYANIŞ

Memarlıq.920-ci ildə Şamaxının Sündü kəndində tikilmiş mərkəzi günbəzli məscid memarlıq baxımından diqqətə laiyq əsər idi.
IX-X əsrlərə aid memarlıq abidələri içərisində qalalar, bürclər və müxtəlif müdafiə qurğuları xüsusi yer tutur. Əlincə qalası- öz əzəməti ilə daha çox fərqlənir X əsrə aid bu abidə Naxçıvanda tikilmişdir. IX əsrə aid memarlıq abidələrindən biri də Ağoğlan çayı sahilində tikilmiş Amaras monastrıdır. Azərbaycanın ən gözəl memaarlıq abidələrindən biri Xudafərin körpüsüdür 1027-ci ildə inşa olunmuşdur.
Beləliklə: Ərəb xilafətinin süqutu nəticəsində Azərbycanda baş vermiş siyasi dirçəliş, qədim dövlət ənənələrinin bərpa edilməsi mədəniyyətimizin inkişafı üçün şərait yaratmış oldu.

Похожие статьи

  • Azərbaycan tarixi formatda

    Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…

  • Azərbaycan mədəniyyəti

    Azərbaycan mədəniyyəti Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu…

  • Azərbaycan tarixi 7 cilddə 1-ci cild

    AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların…

  • Azərbaycan tarixi üzrə qaynaqları

    Kollektiv. Azərbaycan tarixi üzrə qaynaqlar (1989) Kökləri miladdan qabaq III-II minilliklərdən gələn Dədə Qorqud boylarında türkçülük, azərbaycançılıq…

  • Azərbaycan tarixi ziya bunyadov

    Azərbaycan tarixi ziya bunyadov Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron…

Comments are closed, but trackbacks and pingbacks are open.