Azərbaycan kinosu 120: Tarixi, bu günü və inkişaf perspektivləri”
Kinorejissor Rasim Ocaqov professional kinooperator kimi bir neçə filmdə işləmişdi. Kino tariximizdə rejissor kimi də onun xidmətləri böyükdür. “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “Bağlı qapı”, “Park”, “Özgə ömür”, “İstintaq”, “Ölsəm, bağışla”, “Qətldən yeddi gün sonra” , “Təhminə”, “Həm ticarət, həm ziyarət” filmləri müasir kinonun yeni nümunələri idi. Bu filmlərdə sadə insanların obrazları ilə imperiyanın eybəcərliyi kinematoqrafik dildə nümayiş olunub.
Sevda Sultanova “Azərbaycan kino sənəti tarixi” külliyyatı haqqında
Azərbaycan Kinematoqrafçılar İttifaqı kinomuzun tarixindən bəhs “Azərbaycan kino sənəti tarixi” adlı dörd cildlik əhəmiyyətli kitab nəşr edib. Kitab milli kinematoqrafiya yaranandan bəri günümüzədək böyük bir dövrü əhatə edir. Və deyim ki, kinomuz haqda belə hərtərəfli, fundamental, əhatəli təqdiqat ilk dəfədir ki, yayımlanır. Kitabın müəllifi, kinoaraşdırmaçısı Nəriman Əbdülrəhmanlı təkcə kinonun yaranma tarixini yox, istehsalat prosesini, sənətkar-məmur münasibətlərini, maddi-texniki baza, kinorpokatla bağlı məsələləri, həmçinin, yaradıcı prosesi bütünlüklə – rəssam işindən tutmuş musiqiyədək geniş spekteri əhatə edib.
İlk cilddə bu sənət növü haqda, xüsusən, Həsən bəy Zərdabinin dediyi fikirlər diqqəi cəlb edir: “İndi əlimizdə gözəl oyuncaq cihaz – kinematoqraf var, bu cihaz insan həyatını və heyvanların ən mürəkkəb həyat təzahürlərini tam təkmilləşdirilmiş və həqiqətə uyğun şəkildə hərəkətdə göstərir”.
Oxucunu bilgiləndirmək üçün bütün cildlərdə əks olunan bölümlər haqda qısaca məlumat verməyə çalışacağam. Beləliklə ilk cild – “Azərbaycan kinosunun doğuluşu və ilk dövrü”(1898-1920-ci illər) və “Azərbaycan sovet səssiz kinosu” (1920-35-ci illər) adlanan iki bölümdən ibarətdir.
Kinematorqafiyanın yaranması, onun ilk mənbəyini hardan götürməsi, daha sonra bu sənət növünün Azərbaycana gəlişinə dair konkret mənbələrə əsasanan geniş bilgilər verilir. Xüsusən, həmin dövrün məşhur qəzetlərində ölkədə kinoprosesin necə yaranması ilə bağlı mühüm ipucları verən informasiyalar, ölkəmizdə ilk çəkilişlər aparan Mişonun işləri, fəaliyyətdə olan kinoteatrlar, məktəb şagirdləri üçün film nümayişləri, Tağıyev teatrının sinematoqrafik mərkəzə çevrilməsi haqda qeydlər dövrün mədəni təsəvvürünü yaradır. Azərbaycanda iqtisadi tərəqqi, neft sənayesinin inkişafının kino sənayesinin yaranmasına, formalaşmasına təsiri də araşdırlır. Eyni zamanda görürük ki, dövrün yeni reallığına kino çevik reaksiya verir. İbrahim bəy Musabəyovun romanı əsasında ekranlaşdırılan, neft bumuna sosial-ictimai, mənəvi-etik baxış sərgiləyən eyniadlı filmi nəzərdə tuturam. Film günümüzədək gəlib çıxmasa da kitabda əsərin ekranlaşdırılması, ona dövründə verilən reaksiyalar əksini tapır və bununla oxucuda film haqda müəyyən təsəvvür yaranır.
Üzeyir Hacıbəylinin nəinki musiqi, həmçinin ədəbiyyatda, teatr və kino sənətində xidmətləri danılmazdır. Ona görə müəllifin Hacıbəyli faktoruna xüsusi diqqət ayırması təsadüfi deyil. Hacıbəylinin “Arşın mal alan” əsərinin ekranizasiyası haqda kitabda maraqlı bilgilər var.
Rza Təhmasibə və Tofiq Tağızadəyə qədər artıq bu operetta bir neçə dəfə ekranlaşdırılmışdı. Əsərə ilk müraciət edən rejissorlardan biri Boris Svetlov idi. N.Əbdülrəhmanlı nədən bu əsəri çəkməsinə aydınlıq gətirir və operattanı yanlış yozumlaması (bu film də arxivlərdə qalmayıb) səbəbindən Hacıbəylinin etirazı haqda yazıb. Operettanı həmçinin, Belyakov da ekranlaşdırıb. Kitabdan bilirik ki, buna görə Belyakov Hacıbəylidən icazə almayıb. Bu səbəbdən Hacıbəyli vəkili Əlimərdan bəy Topçubaşovla şəhər qradonaçalnikinə müraciət edərək müəllif haqlarını qoruyur və filmin nümayişini dayandırır.
Kitabda Azərbaycan Demokratik Respublikası dövründə kinoproses haqda qiymətli məlumatlar, sovet kinosunun yaranması, idarə olunmasının təkmiləşdirilməsi, kinoprokatın təşkili, kinorepertuarın təyini də kitabda yer alır. Bu proseslər haqda daha dəqiq təsəvvür yaratmaq məqsədilə müəllif bolşeviklərin ümumən kino sənətinə yanaşmasından söz açır, məsələyə ideoloji-siyasi, qanunvericilik qatlarında toxunur.
1924-cü ildə SSRİ-də “Prokatın dövlət monopoliyası haqqında”, “Kinoteatrların və filmlərin çəkilişi və işlənməsi ilə bağlı əməliyyatların gəlir vergisindən azad olunması haqqında” və qəbul olunan digər qərarların siyasi hakimiyyətin kino üzərində totalitar nəzarətini, onu ideoloji məqsədlə kütləvi sənətə çevrilməsi yolunda atılan addımları ehtiva edir. Sosializm qurucluğunu tərənnüm edən, inqilabi fəaliyyəti ideallaşdıran və təbliğ edən sənədli və bədii filmlərin təfərrüatları da burda yer alır. Maraqlı məqamlardan biri Azərbaycan Foto-Kino İdarəsinin sədri Terequlovun qısa müddətdə çəkiləcək filmlərin siyahısına dövrün ideoloji tələblərinə cavab verməyən “Qız qalası” filminin salınmasıdır ki, müəllif məsələyə aydınlıq gətirməyə çalışır.
Azərbaycan kinosunun inkişafında, təşkilində əhəmiyyətli işlər görmüş Şamil Mahmudbəyova (rejissor Şamil Mahmudbəyovla səhv salmamalı) xüsusi yer verilməsi təsadüf deyil. O zaman yeni yaradılmış Azərkinoya rəhbər təyin olunan Mahmudbəyov ilk milli kino təşkilatçısı idi, milli kadrların yetşidirilməsində, maddi texniki bazanın möhkəmləndirilməsində böyük rol oynamışdı. Bu bölümdə kinomuzun önəmli isimləri Abbas Mirzə Şərifzadənin, Cəfər Cabbarlının yaradıcılığı, kinoprosesin formalaşmasında gördükləri işlər də qeyd edilib.
İkinci cild 1936-61 ci illəri əhatə edir. Bu bölüm kinomuzun formalaşması və milli xarakter axtarışları barədədir. İkinci Dünya Müharibəsinin başlanması ərəfəsində milli kinonun ictimai-siyasi-ideoloji müstəvidə vəziyyəti, müxtəlif bölgələrdə kinobazaların yaradılması haqda məlumatlarla tanış oluruq.
Görkəmli rejissorların yaradıcılığına və kinoquruculuğundakı roluna da nəzər salınır. Səməd Mərdanovun filmlərindəki canlı portretlər, müasirlik, tarixin əksi, kinematoqrafik özəlliklər qeyd edilir. Hüseyn Seyidzadənin yaradıcılığından bəhs edən araşdırmada maraqlı parçalardan biri məşhur rus rejissoru Vsevold Pudovkinin zəmanət məktubudur: … Seyidzadəyə üzərində çaışdığım iki müxtəlif dubllardan ibarət kiçik bir epizodun paralel montajını tapşırdım. O, həmin epizoda elə təhkiyə forması tapdı ki, öz tapıntımdan da artıq bəyənib filmə saldım”.
O cümlədən Əlisəttar Atakişiyevin rəssam, operator və rejissor işindəki özəlliklər, Lətif Səfərovun kinoda təşkilati işi, kinostudiyanın texniki keyfiyyəti və filmlər çəkməsi üçün məmurlarla apardığı mübarizə əks olunub.
Bundan başqa müharibə dövründə bədii və sənədli kino, ölkəmizin bütövlüyü mövzusunda çəkilən “Fətəli xan”, qiymətli sənədli material olan “Arazın o tayında” lentləri, Kinematorafiya naziri Rəsul Rzanın fəaliyyəti diqqətə çatdırlır.
1961-91 ci illəri əhatə edən üçüncü cildə mülayimləşmə dövrü, 60-cı illərin sonunda partiya nəzarətinin güclənməsi kontekstində Azərbaycan kinosunun inkişaf ənənələri, janr müxtəlifliyinin, ayrı-ayrı rejissorların yaradıcılığı haqda təhlil daxildir. Müəllif “Ulduzlar sönmür” filmi ilə Nəriman Nərimanovun həyatını bədiiləşdirən Əjdər İbrahimovun, kinoda intellektual mühit yaradan, gənc yaşlarında faciəli şəkildə həlak olan Ramiz Əsgərovun, sosial-mənəvi məsələlərə yeni yanaşma, yeni obrazlar gətirən, fərqli janrlarda uğurlu kinoəsərlər çəkən Həsən Seyidbəylinin, “Arşın mal alan”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” kimi kult filmlərin müəllifi Tofiq Tağızadənin, “milli kinomuzun poetik hüdudlarını genişləndirən, uşaqlar və yeniyetmələr üçün müəyyən olunmuş janrın formalaşmasında rol oynayan” Şamil Mahmudbəyovun, lirik dramlar, sosial psixoloji xarakterlər yaradan, özünəməxsus poetikaya malik Arif Babayevin, ciddi mətləbləri rahat dillə anladan Rasim Ocaqovun, mürəkkəb insan, fərd cəmiyyət münasibətlərini araşdıran, özgələşmə motivinə toxunan və kinodramaturgiyamızı vizual, əsərlərlə zənginləşdirən Rüstəm İbrahimbəyovun yaradıcılığı və təşkilatçılıq fəaliyyəti araşdırılır.
Araşdırmada eyni zamanda Adil İsgəndərovun müstəsna xidmətlərinə, hakim rejimin kinoya təsirinə, əsərlərin yaranma prosesinə dair faktlar yer alır, resenziyalardan sitatlar gətirilir. Bu dövrdə ədəbiyyatla kinonun sıx əməkdaşlığı, əsərlərin ekranlaşdırılması məsələsi də vurğulanır.
Sözü gedən cilddə 70-ci illər SSRİ-də, ayrıca Azərbaycanda kino ilə bağlı mühüm qərarların qəbulunun istehsalata, yaradıcılığa təsirindən, animasiyanın problemlərindən, 1980-ci illər kinomuzda yenilikçi meyllərdən, mövzuya yanaşmada, üslubda edilən eksperimentlərdən, SSRİ-nin dağılması ərəfəsində kinonun vəziyyətində də danışılır.
Nəhayət, dördüncü cild 1991-2018 ci illəri təsvir edir. Kinomuzun müstəqillik dönəmindəki vəziyyəti, kino prosesindəki yeni tendensiyalar- müstəqil studiyaların, şirkət və prodakşnların, kastinq və prodüser sisteminin, müəllif və müstəqil kinonun yaranması, kommersiya kinosu, seriallar, kino təhsili, kinoşünaslığın mövcud durumu, kinoittifaqın hazırkı faəliyyəti, dövrün reallığından meydana gələn mövzulara, o cümlədən Qarabağ mövzusuna münasibət, yeni nəsil kinematoqrafçıları, ötən əsrin 50-60 və 70-80 ci illər nəslinin müstəqillik dövründə fəaliyyəti bu hissənin fokusunda olan əsas məsələlərdir. Adı çəkilən müəllif və kinematoqrafçılar barədə son səhifələrdə ayrıca məlumat verilir. Məzmuna uyğun fotolar həm vizual, həm sənədlilik baxımından kitabın sanbalını daha da artırır.
“Azərbaycan kinosu 120: Tarixi, bu günü və inkişaf perspektivləri”
Dünya kinosunun tarixi 1895-ci ildən başlayır. Fransız Lümer qardaşlarının dünya mədəniyyətinə bəxş etdiyi bu ecazkar sənət bəşər mədəniyyəti tarixinə çox qiymətli töhfə idi. Azərbaycan isə üç il sonra ilk filmlərin çəkildiyi məkan oldu. 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlər nümayiş etdirilməyə başladı. Amma uzun illər bu tarix milli kino sənətimizin yarandığı gün kimi qeyd olunmadı. Kinomuzun tarixi İbrahim bəy Musabəyovun əsəri əsasında rus rejissoru Boris Svetlovun ekranlaşdırdığı “Neft və milyonlar səltənətində” əsəri ilə başlayırdı. Bəs nədən 1898-ci il? Bu, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımovun uğurlu axtarışları nəticəsində meydana çıxdı. Aydın müəllim müsahibələrinin birində deyib ki, sənədli kino tədqiqatçısı Məsumə Rzayevanın kitablarının birində 1898-ci ildə Bakıda sənədli kino süjetlərinin göstərilməsi ilə bağlı məlumatla rastlaşmışam. Arxivdən o vaxtkı “Kaspi” qəzetini tapıb, əsl həqiqəti də oradan üzə çıxardım.
Müəyyən olundu ki, Bakıda göstərilən ilk kinosüjetlər fransız fotoqraf və nasiri A.M.Mişon tərəfindən çəkilmiş “Bibiheybətdə neft fontanı yanğını, Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” (sənədli), “İlişdin”(bədii) süjetləri olmuşdur. Aydın müəllim hətta həmin süjetlərin göstərilmə tarixini əks etdirən afişanı da əldə edə bilmişdi (2 avqust, 1898-ci il). Bununla da Azərbaycan kino tarixinin yaranması vaxtı dəqiq müəyyənləşdi və həmin gün ulu öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunmağa başladı.
Azərbaycan kinosu tarixi inkişaf yolu keçmişdir. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradıldı. 1915-ci ildə həmin cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov dəvət olundu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyon səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə isə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi.
1918-ci ildə Azərbaycanda yaşanan tarixi hadisələr kino istehsalına da təsirsiz ötüşmədi. Yeni yaranmış Xalq Cümhuriyyəti hökuməti incəsənət və xüsusən kino sahəsində layihələrin həyata keçirilməsində maraqlı idi. Məhz həmin marağın nəticəsi idi ki, kino işçiləri dövlətin himayəsinə götürülməyə başlandı.
Xalq Cümhuriyyəti illərində kinoteatrlarda Azərbaycan Milli Ordusunun yaranmasını və sərhədlərimizin necə qorunub saxlanmasını, erməni daşnaklarının özbaşınalığına son qoymaq üçün xilaskar türk ordusunun Azərbaycan xalqının köməyinə gəlişini, hökumətin dinc quruculuq işlərini əks etdirən xronikal-sənədli filmlər göstərilirdi.
1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətinin 1-ci ildönümü gününün təntənə ilə bayram edilməsi lentə alınaraq “Təntənə” adlı sənədli filmi çəkildi. Film iyunun 13-də Bakının “Ekspress” və “Rekord”, bir qədər sonra isə “Forum” kinoteatrlarında nümayiş etdirildi.
1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyasının XI ordusu tərəfindən işğal olundu. Beləliklə, Azərbaycanda sovet dövrü başladı. Bu hadisədən sonra kino istehsalı sovet ideologiyasının təbliğinə yönəldildi.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda “Təyyarə”, “Edison”, “Milyon”, “Ladya”, “Mədənçi” və s. kinoteatrlar var idi. 1924-cü ildə AFKİ-nin ikiseriyalı “Qız qalası əfsanəsi” (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxarıldı.
Azərbaycanda milli rejissor və aktyor kadrlarının hazırlanması üçün 1925-ci ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada təhsil almışdılar. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Şevçenko, N.M.Şengelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorlar, eləcə də, Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder kimi məşhur kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.
AFKİ sonralar “Azdövlətkino” (1926-1930), “Azərkino” (1930-1933), “Azfilm” (1933), “Azdövlətsənayesi” (1934), “Azərfilm” (1935-1940), “Bakı kinostudiyası” (1941-1959) kimi adlar daşımışdır. 1961-ci ildən isə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adlanır. Ümumiyyətlə, Azərbaycan kinosunun yaranmasında və təşkilatlanmasında C. Cabbarlının müstəsna rolu olmuşdur.
Azərbaycan SSR-də kinematoqrafın inkişafına təsir edən bir neçə amil mövcud idi. Kadr problemi yaşanan dövrlərdə Rusiyanın məşhur kinematoqrafçıları Azərbaycan filmlərinin çəkilişinə cəlb olundular. Bu proses milli kadrların yaranmasına təsirsiz ötüşmədi. Həmin dövrdə dünyada məşhur olan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna azərbaycanlı gənclər də təhsil almağa göndərilirdilər. Səməd Mərdanov, Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Muxtar Dadaşov, Mikayıl Mikayılov, Tofiq Tağızadə, Niyazi Bədəlov, Əjdər İbrahimov bu təhsil ocağının azərbaycanlı məzunları olmuşlar.
Kino çəkilişləri isə davam etməkdə idi. Ötən əsrin 20-30-cu illərində “Bismillah”, “Vulkan üzərində ev”, “Hacı Qara” kimi kino əsərləri, eləcə də, öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən “Sevil” həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir. Biz, əlbəttə, kino tariximizdən danışarkən sənədli filmlərin istehsalını da unutmamalıyıq. Bu filmlərdə bu gün də bizim canlı tariximiz yaşayır.
30-cu illərin əvvəllərində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də, tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: “Lətif”, “İsmət” (1930, 1934, rejissor M.Mikayılov), “Almaz” və “Yeni horizont” (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), “Bakılılar” (1938, rejissor V.V.Turin), “Kəndlilər” (1940, rejissor S.Mərdanov) və s. 1935-ci ildə Azərbaycanda ilk səsli film çəkildi. “Mavi dənizin sahilində” adlanan filmin rejissoru Boris Barnet, operatoru Mixail Kirillovdur. Onu da xatırladaq ki, 1930-cu ildə çəkilən “Qızıl kol” (rejissor Beybolat Askarov) filmində ilk azərbaycanlı qadın kinorejissoru Qəmər Salamzadə rejissor köməkçisi kimi işləmişdi. İlk cizgi filmimizin yaranması da bu dövrə təsadüf edir.
1939-cu ildə ekranlara “Kəndlilər” filmi çıxarıldı. Bu ilk ali kino təhsili almış kinorejissor Səməd Mərdanovun filmi idi. “Kəndlilər” həmin dövrdə Moskvanın peşəkar rejissorlarının filmləri ilə bir sırada dayanırdı.
Artıq kinomuzda peşəkar rejissor, operator, səs rejissoru, rəssam və bəstəkarlar işləməyə başlamışdılar. Azərbaycan kinosuna şöhrət qazandıran, “bütün xalqların və bütün dövrlərin filmləri” adını qazanmış “Arşın mal alan” (rejissorlar Nikolay Leşşenko, Rza Təhmasib, 1945) və “O olmasın, bu olsun” (rejissor Hüseyn Seyidzadə, 1956) filmləri milli kinomuzun dünyada tanınmasında mühüm rol oynadılar. Qeyd edək ki, sonralar “Arşın mal alan” SSRİ Dövlət mükafatına layiq görüldü.
1950-80-ci illər kino sənətimizin tarixinə intibah dövrü kimi düşdü. “Bəxtiyar”, “Görüş” , “Uzaq sahillərdə” kimi filmlərimizdə kinomuza yeni aktyor nəslinin gəldiyi təsdiqləndi. “Bir cənub şəhərində” filmində kinorejissor Eldar Quliyev öz debütünü yaratdı.
Həsən Seyidbəyli (“Bizim Cəbiş müəllim”, “Nəsimi”), Arif Babayev (“Gün keçdi”, “Uşaqlığın son gecəsi”), Şamil Mahmudbəyov (“Şərikli çörək”), Hüseyn Seyidzadə (“O olmasın, bu olsun”, “Dəli Kür”), Tofiq Tağızadə (“Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”), Eldar Quliyev (“Babək”), Kamil Rüstəmbəyov (“Axırıncı aşırım”), Rasim İsmayılov “Sizi dünyalar qədər sevirdim”), Teymur Bəkirzadə (“Yol əhvalatı”) kimi rejissorlar milli kinomuzun inkişafında mühüm rol oynamışlar. Azərbaycan kinosunda uşaq filmlərinin ən yaxşı nümunələrini kinorejissor Əlisəttar Atakişiyev yaratdı. “Bir qalanın sirri”, “Sehrli xalat” kinolentləri bu gün də uşaqlarımızın sevə-sevə baxdıqları kino əsərlərindəndir.
Kinorejissor Rasim Ocaqov professional kinooperator kimi bir neçə filmdə işləmişdi. Kino tariximizdə rejissor kimi də onun xidmətləri böyükdür. “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “Bağlı qapı”, “Park”, “Özgə ömür”, “İstintaq”, “Ölsəm, bağışla”, “Qətldən yeddi gün sonra” , “Təhminə”, “Həm ticarət, həm ziyarət” filmləri müasir kinonun yeni nümunələri idi. Bu filmlərdə sadə insanların obrazları ilə imperiyanın eybəcərliyi kinematoqrafik dildə nümayiş olunub.
Bizim kino tarixində qiymətli cizgi filmləri, müxtəlif kinojurnallar da çəkilirdi. “Mozalan” satirik kinojurnalının bədii və sənədli süjetləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanırdı.
80-ci illərin sonlarından başlayaraq milli kinomuzda çox ciddi problemlər yarandı. Xüsusilə SSRİ-nin dağılmasından sonra, digər respublikalarda olduğu kimi, Azərbaycan kinosu da ciddi böhranla üzləşdi. Vahid mərkəzdən maliyyələşmənin dayandırılması nəticəsində respublikalar kinostudiyalarını iflic vəziyyətə düşmüşdü.
Milli kinematoqrafiyanın inkişafında ümummilli lider Heydər Əliyevin böyük rolu olduğunu xüsusi olaraq vurğulamaq lazımdır. Ulu öndər incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirirdi. Heydər Əliyev çıxışlarında Azərbaycan kino xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını diqqətə çatdırırdı.
Bu illər ərzində ulu öndərin genişmiqyaslı titanik fəaliyyətinin kinoya gətirilməsi ilə, təkcə Azərbaycan rejissorları deyil, mərkəzi studiyaların kinorejissorları da filmlər çəkmişlər. Kinorejissor Vaqif Mustafayevin Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmləri onlar arasında daha diapozonlu, daha əhatəlidir. Xüsusilə, “Həqiqət anı” filmi tamaşaçıların marağına səbəb olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş və 12 seriyada nəzərdə tutulmuş “Heydər Əliyev” (onlardan 9-u çəkilmişdir – “General”, “Birinci”, “Moskva. Kreml”, “Lider”, “Tale”, “Əsl məhəbbət haqqında” , “Bir həsədin tarixi”, “Professional”, “Patriot”) filmi ümumxalq marağına səbəb oldu. Bu filmlərda dahi siyasət xadimi, ulu öndər Heydər Əliyevin canlı obrazı dayanır. Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayevin “Əsrin sazişi” filmində öz əksini tapmışdır.
Müstəqillik dövrü Azərbaycan kinosunun “Yarasa”, “Güllələnmə təxirə salınır”, “Sonuncu dərviş”, “Ovsunçu”, “Qisas almadan ölmə”, “Haray”, “Yaddaş”, “Fəryad”, “Hər şey yaxşılığa doğru”, “Yalan”, “Əlvida, cənub şəhəri”, “Arxada qalmış gələcək”, “Dolu”, “Nabat” və daha neçə-neçə nümunələri müasir kinonun yeni nümunələridir.
Prezident İlham Əliyevin “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı kino sənətinin sürətli inkişafına böyük təkan oldu: Çətin dövr yaşamasına, bir sıra itkilərə məruz qalmasına baxmayaraq, Azərbaycan kinosu sınmadı, dövlət qayğısı nəticəsində yenidən həyata qayıda bildi.
Son dövrlərdə dövlət sifarişi ilə ildə 5-6 tammetrajlı bədii film çəkilir. Bu filmlərin rejissorları arasında təcrübəli kinematoqrafçılarla yanaşı, gənclər, yeni imzalar da var.
Azərbaycanın kino sənətini davam etdirən müasir rejissorlardan Hüseyn Mehdiyevin, Yavər Rzayevin, Nicat Feyzullayevin, Ayaz Salayevin, Eldar Quliyevin, Rasim Ocaqovun, Oktay Mirqasımovun filmləri mövzu baxımından maraqlıdır. Rejissor Gülbəniz Əzimzadənin çəkdiyi filmlər də bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür.
Son illər yaradılan filmlərimiz beynəlxaq festivallarda uğurla nümayiş etdirilir, yüksək mükafatlara layiq görülür. “Nar bağı” (rejissor İlqar Nəcəf), “Qırmızı bağ” (Mirbala Səlimli), “İçərişəhər” (İlqar Safat), “Çölçü” (Şamil Əliyev), “Dərs” (Rafiq Əliyev, Cavid Təvəkkül), “Üçüncü günün adamı” (Babək Şirinsifət), “Qara bağ” (Amil Məmiyev) və başqa filmlər dünyanın nüfuzlu festivallarında nümayiş olunmuş və mükafatlar qazanmışdır. Bunlar, əsasən dövlət sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən lentlərdir.
Bu gün milli kinomuz yeni inkişaf mərhələsini yaşayır. Yeni filmlər çəkilir, kadr problemi qismən həll olunur, filmlərimiz beynəlxalq festivallara göndərilir. Amma problemlər hələ də qalmaqdadır. İlk növbədə ssenari problemi həll olunmalıdır. İdeyaca zəif, məzmunca aktual olmayan ssenarilərin qəbuluna yol vermək olmaz. Nazirlik bu istiqamətdə bir neçə layihə reallaşdırır. Belə ki, vaxtilə Bakıda və regiolarda fəaliyyət göstərən kinoteatrların əksəriyyəti fəaliyyətini dayandırıb. Regional kinoprokat idarələri məhv edilib. Ümumiyyətlə, bu gün kinonun ən ciddi problemlərindən biri prokat məsələsidir. Dövlət Film Fondunda filmlərimiz mühafizə olunub saxlanılır. Lakin bu da məsələnin tam həlli demək deyil. Yeni prokat sistemi yaradılması, regionlararası kinoprokat idarələrinin bərpa olunması vacib məsələdir. Uşaqlar üçün məxsusi ssenarilər yazılmalıdır.
Regionlarda yeni Azərbaycan filmlərinin yüksək səviyyədə premyerasını təşkil etmək vacib məsələdir. Ümumiyyətlə, repertuar siyasəti hələ də düzgün qurulmur. Mətbuatda həftə ərzində göstəriləcək filmlərin repertuarının dərc olunması çox vacibdir.
Bir sözlə, kino sənəti incəsənətin ən əhəmiyyətlisidir. O da xüsusi qayğı və diqqət tələb edir. Dövlətimiz isə bu qayğını əsirgəmir.
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən “Xalq qəzeti”nə istinad olunmalıdır.
Azərbaycan kino tarixi oçerkləri
2000-ci ildən etibarən, 2 avqust tarixi Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət olub.
Modern.az saytı 119 yaşı tamam olan Azərbaycan film tarixinin “Ən”lərini təqdim edir. Burada “ən çox” təşbehinə cavab verəcək kino və kino xadimlərimizdən bəhs olunacaq:
1. Dünya üçün ən yaxşı Azərbaycan filmi
(Dünya kinematoqrafçılarının ötən əsrin birinci yarısı üçün hazırladığı siyahıya əsasən) – Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən, Azərbaycanın “Mavi dənizin sahilində” filmi (1937) dünya kinosunun ən yaxşı 10 əsəri siyahısına daxil edilib. Bu fakt Moskvanın “Kinovedçeskiye zametki” jurnalının 1995-ci il, 27-ci nömrəsində işıq üzü görüb. Həmçinin, araşdırmaçı Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixindən” adlı monoqrafiyasında da bu məqam öz təsdiqini tapıb. Film həmçinin keçirilən sorğular nəticəsində dünyaca məşhur kino xadimləri Berner Ayzenşits və Naum Kleymanın hazırladığı siyahıda ən yaxşı ekran əsəri kimi dəyərləndirilib.
2. Ən çox mükafat alan bədii film
Bu, rejissor Şamil Əliyevin ekranlaşdırdığı “Çölçü” filmidir. 2012-ci ildə çəkilən film hələlik, Azərbaycan kino tarixinin ən çox mükafat qazanan ekran əsəri kimi rekord müəyyənləşdirib. Dünyanın beş qitəsini gəzən, 40-a yaxın ölkədə keçirilən festivalda iştirak edən “Çölçü” ümumilikdə 30 beynəlxalq mükafatın sahibidir.
3. Ən çox beynəlxalq nümayişi olan Azərbaycan filmi
Dahi Üzeyir Hacıbəylinin qələm məhsulu olan “Arşın mal alan” iki dəfə 1945 və 1965-ci illərdə ekranlaşdırılıb. Xarici ölkələrdə ən çox nümayiş etdirilən Azərbaycan filmidir. “Arşın mal alan” 136 ölkədə nümayiş etdirilib, 86 dilə tərcümə edilib.
4. Son illərin ən iddialı sənədli filmi
Rejissor Rüfət Əsədovun çəkdiyi “Kənddə sonuncu yəhudi” filmi son illərin ən iddialı sənədli ekran əsəri sayılır. Film hələlik cəmi iki ölkədə – İsrail və ABŞ-da nümayiş etdirilsə də, hər ikisində əsas mükafatın sahibi olub. Sənədli filmin bundan sonra da qatılacağı festivallardan uğur qazanacağına şübhə yoxdur.
5. Ən faciəli Azərbaycan filmi
Bu, müharibə mövzusunda çəkilən “Mən ki gözəl deyildim” filmidir. Texnikanın zəif inkişafı və ondan istifadənin səriştəsizliyi səbəbindən film çəkilişlərinin birinci etapında faciə yaşanıb. II Dünya Müharibəsindən bəhs edən filmdə döyüş səhnəsi çəkilən zaman pirotexniklərin səhvi üzündən çəkiliş heyətinin olduğu qayıq partlayır. 4 nəfər həlak olur, bir neçə nəfər isə ağır yaralanır. Həlak olanların arasında filmin rejissorlarından biri Ramiz Əsgərov, rejissor köməkçisi və başqa iki texniki işçi də olub. Ağır yaralananlardan biri isə sonradan çox tanınmış rejissora çevriləcək Rasim Ocaqov idi. Rasim Ocaqov həmin filmdə operator kimi çalışıb. Amma partlayışdan sonra birmənalı olaraq filmdən imtina edib.
Partlayışdan sonra filmin çəkilişləri dayandırılır. Bəzi aktyorlar və yaradıcı heyət üzvləri filmdən imtina edir.
6. Ən şanssız Azərbaycan filmi
Bu, ilk versiyası 1929-cu ildə lentə alınan “Sevil” filmidir. Dahi Cəfər Cabbarlının ssenari müəllifi olduğu və rejissorluq etdiyi film əslində, Azərbaycan kino tarixinin məhək daşı olmalı idi. Lakin olmadı. İlk azərbaycanlı aktrisanın – İzzət Orucovanın çəkildiyi film həqiqətən də böyük tarixdir. Təsəvvür edin, elm xadimi olan Sevil xanımı (o, həm də Azərbaycanın ilk qadın akademiklərindən olub) şəxsən Cəfər Cabbarlının özü bu rol üçün seçib, zor-bəla ilə onu razı salıb. Çünki ona qədər kinoda heç bir müsəlman aktrisası çəkilməmişdi. Çəkilişlərdə təcrübəsiz xanımla çox zəhmət çəkib, onu çox danlayıb. Lakin heyhat, film sonradan kimsənin yadında düşmədi. Repressiyadan sonra Cəfər Cabbarlıya da münasibət dəyişmişdi. Yalnız 1963-cü ildə, nisbi yumşalma dövründə filmi ikinci dəfə ekranlaşdırmaq üçün plana saldılar. Yenə də baş tutmadı. Sən demə, köhnə xatirələr unudulmurdu. Plan Komissiyasının üzvləri əvvəlcə filmi qəbul etsələr də, ən son anda siyahıdan çıxarmağa nail olurlar. İzzət Orucova, Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov kimi aktyorların əmanəti olan film təxirə salınır.
Amma bu da hələ son deyildi. Filmin üçüncü uğursuzluğu qarşıda idi. 1970-ci ildə Leninin ölümünün 40-cı ildönümü münasibətilə film plana salınır. Lakin bütün diktə mərkəzdən edilir. Peşəkar aktyorların əvəzinə Fikrət Əmirovun “Sevil” operasında çıxış edən opera müğənniləri filmə dəvət alır. Bircə Həsən Məmmədov Balaşı canlandırır. Təkcə bu fakt filmin nə dərəcədə uğursuz olmasına kifayət idi. Nəticədə, “üçüncü Sevil” də uğur qazana bilmir. Dahi Cəfər Cabbarlının böyük arzusu- “Sevil”i ölkə xaricindən o tərəfdə tanıtmaq istəyi- bu dəfə də baş tutmur.
7. Ən çox xəyal qırıqlığı yaradan Azərbaycan filmi
Mirzə Cəlilin “Ölülər” pyesinin motivləri əsasında çəkilən “O dünyadan salam” filmi müəllifinə ən çox xəyal qırıqlığı yaşadan film kimi tarixə düşdü. Tofiq Tağızadə xeyli film çəksə də, nədənsə bu filmin beynəlxalq uğur qazancağına çox inanırdı. O, hətta ekran əsərindən gəlir qazanmaq üçün onu televiziyalara verməyəcəyini, birbaşa kinoteatrlara kommersiya məqsədilə təklif edəcəyini də demişdi. Təəssüf ki, film heç Azərbaycanda da uğur qazanmadı. Kino fədaisi olan rejissor bu filmdən sonra sənətdən küsdü. Filmin televiziyada nümayişinə icazə vermədi. Ondan sonra daha heç bir film də çəkmədi.
8. Ən “bəxtli” Azərbaycan filmi
“Güllələnmə təxirə salınır” filmi yalnız möcüzə nəticəsində “sağ qalıb”. Maddi çatışmazlıq səbəbindən çəkilişləri on il müddətinə təxirə salınan filmin rejissoru Ələkbər Muradov onu yenidən diriltmək istədikdə əvvəllər çəkilən lentləri tapa bilmir. Uzun çək-çevirdən sonra filmin yazıldığı lentlər Moskvada tapılır. Lakin necə? – Rejissor kinostudiyanın zirzəmisindən min bir çətinlik hesabına tapdığı lentlərin yararsız hala düşdüyünü görür. Artıq kimsə inanmırdı ki, onlar nəyəsə yaraya biləcək. Amma rejissor inamını itirmir. Lentləri uzun fasilədən sonra yararlı hala gətirir. Nəticədə bu gün də maraqla izlınilən əmircanlı Xan haqqında filmi bizə qaytarır.
9. Oskarın qısa siyahısına ən real namizəd olmuş Azərbaycan filmi
Bu, yuxarıda haqqında danışdığımız “Çölçü” filmidir. Filmin əsas uğuru ilk dəfə olaraq nüfuzlu “Oskar” mükafatının “Ən yaxşı xarici film” nominassiyasına təqdim edilərək, uzun siyahıya düşməsidir. Filmin rejissoru Şamil Əliyevin vaxtilə bu sətirlərin müəllifinə verdiyi müsahibədə “Çölçü”nün “Oskar”ın qısa siyahısının bir addımlığında olduğunu, lakin müəyyən səbəbdən ora düşə bilmədiyini vurğulayıb.
10. Ən çox filmə çəkilən 3 Azərbaycan aktyoru
Xalq artisti Şahmar Ələkbərovun adıyla bağlı 148 ekran işi var. Təbii ki, bunların hamısı onun çəkildiyi bədii filmlər deyil. Bu rəqəmə aktyorun çəkildiyi bədii və sənədli filmlər, ondan bəhs edən sənədli proqramlar, rejissor kimi çəkdiyi bədii və sənədli filmlər, ən nəhayət səsləndirdiyi filmlər daxildir.
Rasim Balayevdə bu rəqəm 113, Həsən Məmmədovda isə 73-dür.
11. Xarici ölkələrdə ən çox filmə çəkilən aktyor
Bu aktyorumuz, Xalq artisti Tariyel Qasımovdur. O, Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında aşağıdakı filmlərə çəkilib:
“Rüstəm və Söhrab”(Tacikistan), “Qızıl rəngi” (Türkmənfilm), “Çilidə gecə” Mosfilm), “Əlvida, yaşıl yay” ( Özbəkfilm), “Həyatın mənası” (Özbəkfilm, 2 seriyalı), “Odlu yollarla” (Özbəkfilm, 17 seriyalı), “Sahib” (Özbəkfilm), “Sonya raport verir” (DEFA, 2 seriyalı).
12. Filmlərə ən çox mahnı bəstələyən bəstəkarlarımız
İlk yerin sahibi böyük bəstəkar Emin Sabitoğludur. O, bədii film, televiziya filmləri və sənədli film – proqramlara ümumilikdə 91 musiqi bəstələyib. Tofiq Quliyevdə bu rəqəm 71-ə, Polad Bülbüloğluda isə 50-ə çatır.
N.Nihad
Похожие статьи
-
Azərbaycan tarixi filmləri “Bakı kinostudiyası”nda müxtəlif mövzularda filmlər yaradılmışdır. 1957-ci ildə çəkilmiş “Bir məhəlləli iki oğlan”…
-
Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…
-
Azərbaycan tarixi və coğrafiyası
Azərbaycan tarixi və coğrafiyası Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. Bellinshauzen və M. Lazarev tərəfindən kəşf edilmişdir….
-
Azərbaycan tarixi 7 cilddə 1-ci cild
AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların…
-
V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…
Comments are closed, but trackbacks and pingbacks are open.