Press "Enter" to skip to content

Azərbaycan Kinosu

O zamanki məşhur qəzetlər belə bir elan yazırdı:

AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda “Təyyarə”, “Edison”, “Milyon”, “Ladya”, “Mədənçi” və s.kinoteatrlar da var idi.

1924-cü ildə AFKİ ikiseriyalı “Qız Qalası əfsanəsi” (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.

Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.

AFKİ sonralar “Azdövlətkino” (1926-1930), “Azərkino” (1930-1933), “Azfilm” (1933), “Azdövlətsənayesi” (1934), “Azərfilm” (1935-1940), “Bakı kinostudiyası” (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına “Azərdaycanfilm” kinostudiyası adlanır.

Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. “Bismillah” (1925, rejissorlar A.M.Şərifzadə, A.Valovo), “Vulkan üzərində ev” (1929, rejissor A.İ.Bek-Nazarov, “Ermənikino” ilə birqə), “Hacı Qara” (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən “Sevil” (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.

XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə “Bakıda 9 qızıl Ordunun rəsmi keçidi” adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il “Şərq xalqlarının birinci qurultayı” xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: “Sovet Azərbaycanının 3-cü ildönümü” (1923), “Suraxanı neft mədənlərində yanğın” (1923) “Nəriman Nərimanovun dəfni” (1925), “M.Frunzenin Bakıya gəlməsi” (1925) və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.

1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən “Azərbaycana səyahət” filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən “Azərbaycan ekranı” kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir.

30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: “Lətif”, “İsmət” (1930, 1934, rejissor M.Mikayılov), “Almaz” və “Yeni horizont” (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), “Bakılılar” (1938, rejissor V.V.Turin), “Kəndlilər” (1940, rejissor S.Mərdanov) və s.

Azərbaycan Kinosu

Azərbaycanın kino tarixi 1898-ci ildən başlayır. 19-cu əsrin axırlarında Lumiere qardaşlarının ixtira etdiyi “Cinemantographe” maşını artıq Bakıya da gətirilmişdi.

Fransız fotoqraf və operator Alexandre Michonu Azərbaycan film sənayesinin banilərindən hesab etmək olar. Belə ki, 25 ildən artıq bir müddətdə Bakıda yaşamış Michon burada fotostudiya açmış və ilk foto dərnəyi yaratmışdı. Təsadüfi deyil ki, elə 1879-1905-ci illər arasında Bakının gözəl məkanları, neft çıxarılması və emalı, neft fontanları və yanğınlar haqqında o dövr üçün ciddi xronikal süjetlər çəkilmişdi. Onun çəkdiyi “Bibiheybətdə neft fontanı yanğını” xronikal süjetinin fraqmentləri Fransada, dünya kinomatoqrafiyasının yüz illik yubileyinə həsr olunmuş filmə daxil edilmişdi.

O zamanki məşhur qəzetlər belə bir elan yazırdı:

“1898-ci il 2 Avqust, bazar günü, A.Michon Lumiere kamerası ilə çəkilmiş və mühəndis Jules Carpentier tərəfindən işlənilmiş hərəkətli film nümayiş etdirəcək. Qafqazın və Mərkəzi Asiyanın bu filmləri Beynəlxalq Paris Sərgisi üçün hazırlanıb və ancaq Bakıda V.I Vasilyev-Vyatski Sirk Teatrında tədqim olunacaq.”

“Balaxanıda neft fontanı” filmi, Bakı,1898, rejissor Aleksandr Michon. 35mm kinolent üzərində, Lumiere cinematograph aparatı ilə çəkilmişdir. Film kino sənətində ilk nümunələrindən biri hesab edilir. “Balaxanıda neft fontanı” Parisdə Beynəlxalq Sərgidə də nümayiş edilmişdir.

20-ci əsrin əvvəlləri

Növbəti mərhələdə bütün dünyadakı kimi Bakıda da film sənayesi inkişafını davam etdirirdi. 1915-ci ildə Pirone qardaşları Bakıda film istehsalı labaratoriyasının əsasını qoydular. Onların dəvəti ilə Bakıya işləməyə gələn rejissor Boris Svetlov “Qadın”, “Ölümündən yarım saat qabaq”, “Yeni üslubda köhnə hekayə” filmlərini çəkdi. Onun çəkdiyi filmlərdən ən məşhuru, ilk Azərbaycan bədii kinosu hesab edilən “Neft və milyonlar səltənətində” filmi oldu. Film 1915-ci ildə, İbrahim bəy Musabəyovun eyni adlı romanı əsasında çəkilmişdi. Filmdə Lütfəli bəy rolunu Azərbaycanın görkəmli aktyoru Hüseyn Ərəblinski oynamışdı.

1916-cı ildə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. Hələ o zamanlar qadınların səhnəyə çıxmasına icazə verilmədiyindən Gülçöhrə Əhmən Ağdamski, Cahan rolu isə Y.Nərimanov tərəfindən canlandırıldı.

Sonralar Cümhuriyyət dövründə 1919-cu ildə çəkilmiş və Azərbaycanın müsəqilliyinin ildönümünə həsr olunmuş “Təntənə” filmini qeyd etmək olar.

Bakıda ilk kinostudiya, 1920-ci il. Hökumət Binasının arxasında yerləşən studiya artıq mövcud deyil.

Sovet dövrü

Azərbaycan kino sənətinin yeni mərhələsi ölkədə Sovetlər rejiminin ilk illərinə təsadüf edir. Film sənayesi Sovetlər birliyinin əlində cəmləşdiyi üçün çəkilən filmlərin ideya və məzmununa ciddi nəzarət qoyulurdu. Sovet ideologiyası mövzusu filmlərin əsas qayəsini təşkil edirdi. Xalq Təhsili Kommissarlığının tərkibində yaradılmış İncəsənət şöbəsinin film bölməsi bu sahəyə nəzarət edən ciddi bir dövlət qurumu idi. 1922-ci ildə Azərbaycanfilm kinostudiyasının sələfi sayılan ilk film istehsalı şirkəti yaradıldı. 1923-cü ildə yaradılmış Azərbaycan Foto-Kino İdarəsi bütün özəl foto, kinoteatr və prokat idarələrinin milliləşdirilməsi və birləşmiş nəzarətini həyata keçirirdi. Elə bu dövrlərdə ilk Azərbaycan Sovet filmi sayılan “Qız qalası” filmi çəkildi.

Sovet Birliyi dövründə bütün bu sıxıntılara və nəzarətə baxmayaraq Azərbaycan kinosunun inciəri sayılan bir çox filmlər xalqa təqdim olundu. “Bakılılar”, “O olmasın bu olsun”, “Arşın mal alan”, “Qızmar günəş altında”, “Bir məhəlləli iki oğlan”, “Sən niyə susursan”, “İstintaq davam edir”, “Onu bağışlamaq olarmı” “Ulduz”, “Görüş”, “Nəsimi”, “Yeddi oğul istərəm”, “Dəli Kür”, “Axırıncı aşırım”, “Mən ki gözəl deyildim”, “Bəxtiyar”, “Əhməd haradadır”, “Şərikli çörək” , “Bəyin oğurlanması”, “Papaq”, “Gün keçdi”, “Təhminə” və s. filmlər hətta indi də müasir tamaşaçı tərəfindən diqqətlə izlənilən əsərlər sırasına düşmüşdür.

“Arşın mal alan” Azərbaycan kinosunun ən gözəl və sevilən nümunələrindəndir.”

Müasir dövrdə kino

1991-ci il 18 oktyabrda Azərbaycan müstəqilliyini bərpa etdi. Bununla da Azərbaycan mədəniyyəti də yeni mərhələyə qədəm qoydu. Çəkilən filmlərin ideya və mövzularında da dəyişiklik müşahidə olunur. Bu dövrlərdə I Şərq-Qərb Bakı Beynəlxalq Film Festivalı keçirildi. Film sahəsinə qayğının nümunəsi kimi 2 Avqust kino sənətçilərinin peşə bayramı elan edildi. 20 ildən çox davam edən müharibə vəziyyəti, ölkədəki siyasi-sosial və iqtisadi çətinliklər kino sənətinə də mənfi təsirini göstərsə də son illərdə kino sənətində yeni inkişaf dövrü başlamışdır.

Müasir dördə vətənpərvərlik filmlərdə başlıca mövzulardan birinə çevrilmişdir. Bu illərdə “Ağ atlı oğlan”, “Ümid”, “Fəryad”, “Arxada qalmış gələcək”, “Yalan” və s. filmlər çəkilmişdir. Bu filmlərdə müharibənin çətinlikləri, vətənpərvərlik, mübarizə, qələbəyə ümid ifadə olunmuşdur.

90-cı illərdən başlayaraq müasir Azərbaycan kinosu beynəlxalq film festivallarında təmsil olunur. 1996-cı ildə Hüseyn Mehdizadənin “Özgə vaxt” filmi Beynəlxalq Madrid Film Festivalında “Ən yaxşı rejissor” və “Ən yaxşı gənc aktrisa” nominasiyalarında qalib olmuşdur. Bundan başqa, Oqtay Mirqasımovun “Ovsunçu”, Yavər Rzayevin “Sarı gəlin”, Eldar Quliyevin “Girov” filmləri də müxtəlif beynəlxalq festivallarda mükafata layiq görülüb.

Comments are closed, but trackbacks and pingbacks are open.