Azərbaycan-Pakistan münasibətləri bu gün özünün ən yüksək inkişaf mərhələsindədir
İki ölkə arasındakı ticarət dövriyyəsi, iqtisadi-ticari əməkdaşlığın artırılması önəmini vurğulayan Ə.Əlizadə turizm əlaqələrində nəzərə çarpacaq artımın müşahidə olunduğunu, Azərbaycan Prezidentinin sərəncamı ilə Pakistan vətəndaşlarının da cari ilin yanvar ayından başlayaraq “Asan Viza” sisteminin imkanlarından yararlandığını və son səkkiz ay ərzində Azərbaycana səfər edən Pakistan vətəndaşlarının da sayının bir neçə dəfə artdığını vurğulayıb.
Səfir: “Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin dövlət televiziya kanalı olan “PTV News”un “Personality of the Week” proqramına müsahibə verib.
Day.Az report-a istinadən xəbər verir ki, diplomat tarix boyu olduğu kimi müasir zamanda da Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin ötən 25 il ərzində uğurla inkişaf etdiyini, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib, həyata keçirilən səmərəli layihələr haqqında tamaşaçılara məlumat verib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təxribatları haqqında məlumat verən səfir, işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı əhalinin öz doğma yurdlarından qaçqın və didərgin düşdüyünü diqqətə çatdırıb. Pakistanın Azərbaycanın haqlı mövqeyinin daim dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirən Ə.Əlizadə Dağlıq Qarabağ münaqişəsi və Kəşmir məsələsinin beynəlxalq huququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin zəruri olduğunu vurğulayıb.
Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyəti haqqında məlumat verən səfir, fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Pakistana xüsusi diqqətinin olduğunu və onun təşəbbüsu və dəstəyi ilə müxtəlif tipli humanitar və sosial yönümlü layihələrin burada həyata keçirildiyini, bu cür layihələrin hər iki xalqın daha da yaxınlaşmasına, dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələrə dair sualı cavablandıran səfir təşkilata ötən beş ildəki sədrliyi dövründə üzv dövlətlər arasında iqtisadi, ticari, elmi, mədəni, humanitar və bütün sahələrdə əlaqələrin möhkəmlənməsinə Azərbaycanın böyük səylər göstərdiyini, bu ildən sədrliyin Pakistana keçdiyini və Pakistanın sədrliyi dövründə də üzv dövlətlər arasında regional əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini ifadə edib.
İki ölkə arasındakı ticarət dövriyyəsi, iqtisadi-ticari əməkdaşlığın artırılması önəmini vurğulayan Ə.Əlizadə turizm əlaqələrində nəzərə çarpacaq artımın müşahidə olunduğunu, Azərbaycan Prezidentinin sərəncamı ilə Pakistan vətəndaşlarının da cari ilin yanvar ayından başlayaraq “Asan Viza” sisteminin imkanlarından yararlandığını və son səkkiz ay ərzində Azərbaycana səfər edən Pakistan vətəndaşlarının da sayının bir neçə dəfə artdığını vurğulayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Azərbaycan-Pakistan münasibətləri bu gün özünün ən yüksək inkişaf mərhələsindədir
Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib. Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan Azərbaycan Prezidenti İlham Əliyevi Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edib. Təbii ki, Pakistan rəhbərinin Prezident İlham Əliyevi Vətən müharibəsindəki Qələbə münasibətilə təbrik etməsi, həmçinin müharibə dövründə Pakistanın ölkəmizə verdiyi siyasi və mənəvi dəstək iki dost ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.
AZƏRTAC müstəqillik illərində Azərbaycan-Pakistan əlaqələrinin inkişafı, müxtəlif sahələrdə münasibətlərimizin genişləndirilməsi istiqamətində atılan addımlara nəzər salır.
Hələ 2020-ci il sentyabrın 27-dən – müharibə başlandığı dövrdən Pakistan dost və qardaş Türkiyə Respublikasından sonra Azərbaycana ən çox siyasi və mənəvi dəstəyini ifadə edən dövlətlərdən olub. Vətən müharibəsinin ilk günündə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi: “Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”. Bundan əlavə sentyabrın 30-da Pakistan Senatının rəsmi “Twitter” səhifəsində Azərbaycana dəstək bəyanatı paylaşılıb. 2020-ci il oktyabrın 18-də Pakistan İslam Respublikasının Baş naziri İmran Xan rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərini çatdırıb. Ölkəmizin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə ehtiramını bildirib. Pakistanın Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllində Azərbaycanı dəstəklədiyini qeyd edib. Oktyabrın 28-də Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti şəkildə pisləyən qətnamə qəbul edib. Noyabrın 11-də Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasını alqışlayan açıqlama yayıb. Noyabrın 16-da Pakistanın Baş naziri İmran Xan bu ölkənin yerli televiziya kanallarından birinə müsahibəsində deyib: “Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar”. 2020-ci il dekabrın 30-da Pakistanın Prezidenti və birinci xanımı Heydər Əliyev Fondunun dəstəyi ilə İslamabadda fiziki qüsurlu şəxslər üçün əlil arabalarının təqdim olunması mərasimində iştirakı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və təcavüzkar Ermənistan üzərində Qələbə qazanması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib, xüsusi təbriklərinin Azərbaycan Prezidentinə də çatdırılmasını xahiş edib. Göründüyü kimi Vətən müharibəsinin ilk günlərindən Pakistan dövləti Azərbaycana ardıcıl olaraq öz siyasi, mənəvi dəstəyini ifadə edib.
Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi, Ermənistanın 30 il davam edən işğal siyasətinə son qoyulması və ərazilərin azad edilməsi Cənubi Qafqazın geosiyasətində yeni siyasi konfiqurasiya formalaşdırıb. Vətən müharibəsindən dərhal sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpasına başlaması Qarabağ bölgəsini bir çox dövlətlər üçün iqtisadi maraq məkanına çevirib. Bununla belə Azərbaycan Qarabağın dirçəldilməsində özünün daxili resursları ilə yanaşı, Vətən müharibəsində ona siyasi və mənəvi dəstəyini ifadə edən dost dövlətlərlə əməkdaşlıq etməkdə və həmin ölkələri işğaldan azad etdiyi ərazilərdə müxtəlif iqtisadi layihələrin təşviqinə, bir sözlə sərmayələrin cəlb edilməsində maraqlı olduğunu bəyan edib. Bu baxımdan Azərbaycanın dost Pakistan dövləti ilə münasibətləri daha böyük diqqətə və xüsusi əhəmiyyətə malikdir. Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələri yaranmış və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkə Pakistandır. Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bu ölkə həm də dünya siyasətində önəmli rol oynamaqdadır. Pakistan dünyada kütləvi qırğın silahına və raket texnologiyasına malik olan yeganə müsəlman dövlətidir.
Bu gün Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib, Kəşmir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemlərinə eyni mövqedən yanaşıb və bu münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.
Türkiyə ilə yanaşı, Pakistan da ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib. Bundan başqa, Pakistanın Azərbaycan hərbçilərinin hazırlığında oynadığı rol və ölkəmizin maraqları naminə, İslam dövlətlərinə təsir imkanları da vacib amildir.
Ümumiyyətlə, Azərbaycan müstəqilliyini qazandıqdan sonra Pakistanla möhkəm təməllər üzərində qurulan siyasi əlaqələr daim inkişaf etdirilib və həmin münasibətlər bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəldilib.
Bu baxımdan Azərbaycan-Pakistan tarixi əlaqələri xüsusi əhəmiyyətə malikdir.
Belə ki, Pakistan ölkəmizin müstəqilliyini tanıyan (12 dekabr 1991-ci il), onunla diplomatik əlaqələr yaradan (9 iyun 1992-ci il) və Azərbaycanda səfirliyini açan (12 mart 1993-cü il) ilk müsəlman dövlətlərindən biridir. Ümumiyyətlə, Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.
Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari rəsmi səfərlə Bakıda olub, 1996-cı ilin aprelində isə ulu öndər Heydər Əliyev dost ölkəyə səfər edib. Səfərlər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, habelə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün bir neçə saziş imzalanıb. 1997-ci ildə Azərbaycan Pakistanda öz səfirliyini açmış və rəsmi İslamabad ilə münasibətləri bir qədər də genişləndirmişdir. Bütün bunlar iki dost ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində atılan önəmli addımlar kimi qiymətləndirilir. Pakistan Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqq işini müdafiə etdiyi kimi, Azərbaycan Respublikası da Kəşmir probleminin həlli ilə bağlı bu ölkənin atdığı addımları dəstəklədiyini dəfələrlə bəyan edib.
Pakistan Prezidenti Pərviz Müşərrəf 2004-cü il iyulun 8-dən 10-dək Azərbaycanda rəsmi səfərdə olub, bir sıra mühüm görüşlər keçirib. P.Müşərrəflə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan–Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyinin rəsmi İslamabad tərəfindən daim dəstəklənməsi faktını xüsusi vurğulayıb. Pakistan Prezidenti müdafiə sahəsində ümumi maraqlarımızın olduğunu qeyd edərək, Azərbaycana bu sahədə işbirliyi təklif etmək niyyətində olduğunu bildirib. Səfərin yekunu kimi, Azərbaycan və Pakistan hökumətləri arasında turizm və gömrük işi sahəsində əməkdaşlıq haqqında sazişlər, habelə digər sənədlər imzalanıb.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə Azərbaycan-Pakistan münasibətləri müasir inkişaf mərhələsinə yüksəldi.
2004-cü il avqustun 10-da Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Məhəmməd Əziz Xanı qəbul edib. Söhbət zamanı hərbi sahədə əməkdaşlığın vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Pakistan Prezidentinin dəvəti ilə Prezident İlham Əliyev 2005-ci il aprelin 12-13-də bu ölkəyə rəsmi səfərə gedib. Dövlətimizin başçısı Prezident Pərviz Müşərrəf, Baş nazir Şövkət Əziz, Milli Assambleyanın spikeri Çoudri Əmir Hüseyn, xarici işlər naziri Xurşud Mahmud Kasuri ilə görüşlər keçirib, Hərbi İxraca Yardım təşkilatının sərgisi ilə tanış olub, ölkənin ən böyük dini ocaqlarından sayılan Faysal məscidini ziyarət edib, Azərbaycanın bu ölkədəki səfirliyinə baş çəkib, Pakistan televiziyasına geniş müsahibə veribdir. Nümayəndə heyətlərinin görüşündə iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu təsdiq edilməklə yanaşı, ticarət dövriyyəsinin 2004-cü ildə cəmi 2 milyon ABŞ dolları təşkil etdiyi və bu rəqəmin qeyri-qənaətbəxş olduğu bildirilib, iqtisadi əlaqələrin siyasi münasibətlər səviyyəsinə qaldırılması üçün hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsinin zəruriliyi, iş adamlarının qarşılıqlı səfərlərinin və biznes-forumların təşkilinin vacibliyi vurğulanıb. Kəşmir məsələsində Azərbaycanın verdiyi daimi dəstəyi yüksək dəyərləndirən Pakistan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində istənilən təşkilat çərçivəsində hər zaman ölkəmizin tərəfində olacaqlarını bir daha bəyan edibdir. Səfər zamanı təhsil, mədəniyyət, nəqliyyat, rabitə və informasiya texnologiyaları, aviasiya sahəsində və iki ölkənin maliyyə nazirlikləri arasında əməkdaşlığa dair 6 saziş imzalanıb. Pakistan Televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev səfərinin yekunlarını yüksək qiymətləndirib və ölkələrimiz arasındakı münasibətlərin digər ölkələr üçün nümunə ola biləcəyini qeyd edib.
Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət başçıları səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsini yaşayır.
Göründüyü kimi son vaxtlar iki ölkə arasındakı hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün öz səylərini əsirgəmirlər. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.
Rauf Hacıyev
AZƏRTAC-ın bölmə müdiri
Comments are closed, but trackbacks and pingbacks are open.