Azərbaycan Respublikasının Konstitusiyası
– ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Azərbaycanın siyasi sistemi
Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir.
Ümumiyyətlə, Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu.
Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.
Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur.
Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir.
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.
Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır.
Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.
Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir.
Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.
Azərbaycan dövlətinin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Azərbaycan Respublikasının qanunları Azərbaycan Respublikasının bütün ərazisində qüvvədədir.
Azərbaycanda ilk respublika Azərbaycan Xalq Cümhuriyyəti adı ilə 1918-ci il mayın 28-də yaradılmış və 23 ay fəaliyyət göstərmişdir.
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmuş və 1991-ci ildə SSRİ dağılanadək davam etmişdir.
1991-ci il oktyabrın 18-də Ali Sovetdə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuş və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir.
Azərbaycan dövlətinin başçısı
Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Prezident Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.
2003-cü il oktyabrın 15-də İlham Heydər oğlu Əliyev səsvermədə iştirak edənlərin 76,84% səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2008-ci il oktyabr 15-də keçirilən növbəti prezident seçkilərində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ikinci müddətə prezident seçilib. Seçkinin rəsmi nəticələrinə əsasən, ölkə üzrə seçicilərin 75,64 faizi (3,7 mln. nəfər) səsvermədə iştirak edib və seçicilərin 88,73 faizi İlham Əliyevə səs verib.
İnsan hüquqları və dövlətin ali məqsədi
- hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır;
- hamı qanun və məhkəmə qarşısında bərabərdir;
- kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır;
- insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir;
- insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır;
- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
Qanunvericilik hakimiyyəti
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti bir palatadan ibarət olan Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.
Ölkə əhalisi tərəfindən seçki yolu ilə formalaşdırılan parlament qanunvericilik hakimiyyətini təmsil edən demokratik dövlət quruluşunun ayrılmaz institutu, dövlət hakimiyyətinin mühüm qollarından biridir.
Onun fəaliyyəti və səlahiyyəti statusu iki əsas istiqamətdə reallaşır: birincisi Milli Məclis geniş məsələlər kompleksi üzrə ümumi qaydalar müəyyənləşdirir. Həmin qaydalar çərçivəsində icra hakimiyyəti konkret idarəçilik funksiyasını həyata keçirir.İkincisi Milli Məclisin bilavasitə həll etdiyi məsələlər. Bura Milli Məclisin impiçment yolu ilə prezidenti vəzifədən kənarlaşdırmaq səlahiyyətlərinə malik olması və digər məsələlər daxildir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.
Azərbaycan Respublikasının Milli Məclisi ümumi və birbaşa seçkilər əsasında 5 il müddətinə seçilmiş, 125 millət vəkilinin daxil olduğu təkpalatalı parlamentdir. Qanunvericilik fəaliyyətindən əlavə Milli Məclis dövlət büdcəsini təsdiq və ona nəzarət edir.
Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.
Azərbaycan Respublikasının Milli Məclisi Baş nazirin təyin edilməsinə razılıq verir və Nazirlər Kabinetinə etimad gostərilməsi məsələsinə baxır. Azərbaycan Milli Məclisi Prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri hakimlərini təyin edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması Milli Məclisin səlahiyyətlərinə aiddir.
Milli Məclis bütün bunlarla yanaşı dövlətlərarası müqavilələrin təsdiqi və ləğv edilməsi, referendum təyin edilməsi, Hesablama Palatasının yaradılması məsələlərini həll edir. Azərbaycan Respublikasının Milli Məclisi öz işini ildə iki dəfə çağırılan (yay və payız) sesiyaları vasitəsi ilə həyata keçirir.
İcra hakimiyyəti
Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq icra hakimiyyətinin vahid sistemini yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları təşkil edir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır.
Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçkilər əsasında 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının siyasi sisteminə görə Prezident dövlətin başçısıdır.
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Prezidentə geniş səlahiyyətlər verilmişdir. O, Milli Məclisin razılığı ilə Baş Naziri təyin və azad edir, Nazirlər Kabinetini istefaya göndərir, Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir. Azərbaycan Respublikasının Prezidenti Hökümətin fəaliyyətinə birbaşa nəzarət edir.
Prezident Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
Bütün bunlarla yanaşı Prezident Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququna malikdir. Prezident ona təqdim olununmuş qanunları 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.
Prezident hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır
Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasını yaradır və ona rəhbərlik edir. Dövlət başçısı fövqaladə və hərbi vəziyyət elan olunması barədə fərman verərək 24 saat ərzində Milli Məclisin təsdiqinə verir. Azərbaycan Respublikasının Prezidenti Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
Azərbaycan Respublikasının siyasi sistemində Prezidentin xarici siyasət fəaliyyətndə səlahiyyətləri genişdir. Prezident rəsmi səfərlərdə, beynəlxalq danışıqlarda ölkənin ən səlahiyyətli təmsilçisi kimi çıxış edir.
Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamələrini qəbul edir, dövlətin xarici ölkələrdə, beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin edir və geri çağırır.
Məhkəmə hakimiyyəti
Azərbaycan Respublikasının Məhkəmə sistemi Azərbaycan konstitusiyasına uyğun olaraq, Respublikada fəaliyyət göstərən, məhkəmə hakimiyyətinin vahid vəzifələri, təşkilati və fəaliyyət prinsipləri altında birləşmiş bütün məhkəmələrin məcmusundan ibarətdir.
Azərbaycan Respublikası məhkəmə sisteminin quruluşu “Məhkəmələr və hakimlər haqqında” 1997-ci il 10 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmişdir.
Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.
Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir.
Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Prezidentin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilən 9 hakimdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Milli Məclisin qərarlarının, İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunu müəyyən etmək səlahiyyətlidir.
Konstitusiya Məhkəməsi qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisəli məsələləri həll edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Ali Məhkəmə mülki, cinayət və digər işlər üzrə, İqtisad Məhkəməsi isə iqtisadi mübahisələrlə baxılması üzrə məhkəmə icraatını həyata keçirirlər.
- Teqlər:
- siyasi sistem
- , qanunvericilik
- , icra hakimiyyəti
- , məhkəmə hakimiyyəti
Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib.
Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
– Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
– Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
– vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
– xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
– ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
– ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi – referendum yolu ilə bu Konstitusiya qəbul edilir.
Azərbaycan respubli kasinin konsti tusi yasi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunan 9 hakimdən ibarətdir. Yeddi hakim təyin olunduqda Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar və səlahiyyət müddəti başa çatdıqdan sonra təkrar eyni vəzifəyə təyin edilə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimləri heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin I hissəsinə görə Konstitusiya Məhkəməsinin hakimləri öz səlahiyyətlərini həyata keçirərkən müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa tabedirlər və səlahiyyətlərinin müddətində dəyişilməzdirlər. Konstitusiya Məhkəməsinin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.
Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.
Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində əlavə və dəyişikliklər edilmişdir), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü il tarixli “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.
Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsi, 88-ci maddəsinin I hissəsi, 102-ci maddəsi, 103-cü maddəsinin I hissəsi, 104-cü maddəsinin II və III hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin III-VII hissələri, 153-cü və 154-cü maddələri ilə müəyyən edilir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu;
3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu;
4) Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
5) bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;
6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
7) Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğu;
8) qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.
Konstitusiyaya müvafiq olaraq aşağıdakı subyektlər Konstitusiya Məhkəməsinə sorğu, müraciət və ya şikayət verə bilərlər:
Azərbaycan Respublikasının Prezidenti;
Azərbaycan Respublikasının Milli Məclisi;
Azərbaycan Respublikasının Nazirlər Kabineti;
Azərbaycan Respublikasının Ali Məhkəməsi;
Azərbaycan Respublikası Prokurorluğu;
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi;
məhkəmələr;
ayrı-ayrı (fiziki və hüquqi) şəxslər;
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
Qüvvədə olan qanunvericilik aktları, icra orqanlarının normativ aktları, bələdiyyə və ya məhkəmə aktları insan hüquq və azadlıqlarını pozduqda İnsan hüquqları üzrə müvəkkil qanunvericilikdə nəzərdə tutulmuş qaydada Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
Konstitusiya Məhkəməsi işlərə palataların və Plenumun iclaslarında baxır. Konstitusiya Məhkəməsi Plenumunun tərkibinə Konstitusiya Məhkəməsinin bütün hakimləri daxildir. Konstitusiya Məhkəməsi Plenumunun iclasları, bir qayda olaraq, Konstitusiya Məhkəməsinin sədri tərəfindən çağırılır.
Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsi qərarının təsviri-əsaslandırıcı və ya nəticə hissəsi ilə razı olmadıqda yazılı şəkildə xüsusi rəy tərtib edə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz. Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc olunur.
Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir.
Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla konstitusiya icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.
Konstitusiya Məhkəməsinin tarixi
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası “Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” 14 iyul 1998-ci il tarixli, 522-IQR saylı Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ilk 7 hakimini təyin etmişdir.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli Fərmanı ilə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması üçün zəruri məsələlər öz həllini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasında yaradılmış ali konstitusiya mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəqilliyini və Konstitusiya Məhkəməsi hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi iki ay müddətində onun yüksək statusuna uyğun olan bina, məhkəmə hakimiyyəti rəmzləri, hakimlərin xüsusi geyimləri, xüsusi avadanlıq, rabitə (o cümlədən hökumət rabitəsinin bütün növləri), nəqliyyat, digər zəruri təşkilati-texniki vasitələrlə təmin etsin; “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 92-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminə hər ay öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün 210 min manat məbləğində vergilərdən azad olunan pul təminatının verilməsi üçün vəsait ayırsın; hər il Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca maddə ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin maliyyə və maddi-texniki təminatı üçün müvafiq maliyyə vəsaitinin ayrılması nəzərdə tutulsun; öz səlahiyyətləri daxilində “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bakı şəhəri icra hakimiyyətinə tapşırılsın ki, mənzili olmayan və ya mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Bakı şəhərində mənzillə təmin etsin.
3. Müəyyən olunsun ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası ərazisi hüdudlarında dəmir yolu, hava və avtomobil nəqliyyatı vasitələrindən (taksi istisna olmaqla), habelə dəmir yolu vağzalı və hava limanlarındakı rəsmi nümayəndə zallarından pulsuz istifadə edirlər.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul 1998-ci il.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yarandığı gündən beynəlxalq əlaqələrə, o cümlədən xarici ölkələrin Konstitusiya Məhkəmələri ilə, Avropa Şurası, ATƏT, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA-CEELİ), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və başqa beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük diqqət yetirir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin dəvəti ilə Bakı şəhərinə Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Belçika Krallığı, Çexiya Respublikası, Slovakiya Respublikası, Macarıstan Respublikası, Sloveniya Respublikası, Türkiyə Respublikası, Norveç Krallığı, İspaniya Krallığı, Ukrayna Respublikası, Gürcüstan Respublikası, Moldova Respublikası, Litva Respublikası, Latviya Respublikası, Qırğızıstan Respublikası və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri və əməkdaşları rəsmi səfər etmişlər.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində mütəmadi olaraq konstitusiya mühakiməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik cəmiyyət quruculuğu və digər müasir hüquqi məsələlərə həsr olunmuş birgə beynəlxalq seminarlar və konfranslar təşkil olunur. Xarici ölkələrin Konstitusiya Məhkəmələrinin, həmçinin beynəlxalq təşkilatların dəvəti ilə son dövür ərzində Konstitusiya Məhkəməsinin sədri, hakimləri və əməkdaşları ABŞ, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Slovakiya, Çexiya, Polşa, İspaniya, Belçika, Rumıniya, Albaniya, Moldova, Ukrayna, Kipr, Hindistan və Cənubi Koreyaya rəsmi səfərlər etmişlər. Konstitusiya Məhkəməsinin fəaliyyətində beynəlxalq hüquqa və xarici məhkəmə praktikasına böyük diqqət yetirilir, Azərbaycan Republikasının tərəfdar çıxdığı beynəlxaq müqavilələr, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa konstitusiya nəzarəti orqanlarının qərarları mütəmadi olaraq öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinadlar edilir. Bundan əlavə hər-hansı hüquqi məsələyə aydınlıq gətirilməsi üçün xarici ölkələrin təcrübəsinin nəzərdən keçirilməsinə ehtiyac yarandıqda, Konstitusiya Məhkəməsinin Aparatı Avropa Şurasının Venesiya Komissiyasının Avropa Konstitusiya Məhkəmələri üçün yaratdığı operativ əlaqə vasitəsilə qısa müddət ərzində lazımi məlumat və rəyləri almaq imkanına malikdir. Venesiya Komissiyasının bütün Avropa Konstitusiya Məhkəmələri üçün ildə üç dəfə nəşr etdiyi bülletenlərdə Avropa Konstitusiya Məhkəmələrinin, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları ingilis və fransız dillərində dərc olunur. Bundan əlavə, Komissiyanın ekspertləri “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun və Məhkəmənin Daxili Nizamnaməsinin layihələrinə dair öz rəylərini vermişlər. Qeyd edilməlidir ki, Venesiya Komissiyası, ATƏT, GTZ-nin Bakıdakı nümayəndəliyinin dəstəyi və Avropa ekspetlərinin iştirakı ilə Konstitusiya Məhkəməsinin əməkdaşları üçün təlim kursları keçirilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2000-ci ildə Avropa Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatına tamhüqüqlu üzv seçilmişdir.
Похожие статьи
-
Azərbaycan respublikasının konstitusiyası
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür I. Hər kəsin yaradıcılıq azadlığı vardır. Azərbaycan respublikasinin konstitusiyasi…
-
Azərbaycan respublikasinin konstitusiya ve huququnun esaslari
Azərbaycan respublikasinin konstitusiya ve huququnun esaslari Maddə 150. Bələdiyyə aktları I. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və…
-
Azərbaycanda Konstitusiya Günüdür Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam…
-
Azərbaycan demokratik respublikasının müstəqillik bəyannaməsi 1991
Müstəqillik aktı 18 oktyabr 1991 Ulu Öndər həqiqi dövlət müstəqilliyinin bünövrəsini Naxçıvanda qoyub 18 oktyabr 1991-ci il – Naxçıvandan başlanan…
-
Azərbaycan konstitusiyası 201 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; Azərbaycan konstitusiyası 201 (+994 12) 493 30 77 Fəlsəfə Tarix…
Comments are closed, but trackbacks and pingbacks are open.