Press "Enter" to skip to content

YENİ AZƏRBAYCAN PARTİYASI

– Leyla xanım, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Siz həm bir təhsil işçisi, həm də millət vəkili olaraq, dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatları necə qiymətləndirirsiniz?
– Həqiqətən, ölkəmizdə təhsilin inkişafına böyük diqqət mövcuddur. “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” – bu sözlər Ulu öndər Heydər Əliyevə məxsusdur. Ümummilli liderimiz daim təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini vurğulayırdı. Məhz Ulu öndərin rəhbərliyi ilə təhsil sistemində islahatların əsasını təşkil edən mühüm sərəncamlar, fərmanlar imzalanmışdır. İnkişaf etmiş dövlətin qurulması üçün birinci amil yüksək təhsil səviyyəsinin olmasını hesab edən ölkə başçısı İlham Əliyev tərəfindən də Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ulu öndərin təhsil siyasəti uğurla davam etdirilir. Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf etmiş və hər bir sahədə olduğu kimi təhsil sahəsinin də inkişafı üçün təməl olmuşdur. Hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, o bütövlükdə kompleks şəkildə inkişaf edir.
Təhsil sahəsi daim möhtərəm Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Prezident qeyd edir ki, “Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik. Və görürük ki, o ölkələr sözün əsl mənasında inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın.
– Təhsilin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Sizcə, bu proqramların əhəmiyyəti nədən ibarətdir?
– Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramları: 2005-2009-cu illərdə məktəblərin avadanlıqlarla təmin olunması, 2008-2012-ci illərdə məktəb tikintisi, təhsil sisteminin informasiyalaşdırılması, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılması ilə yanaşı, təhsilə dövlət tərəfindən ayrılan xərclərin də miqdarı ölkədəki ümumi iqtisadi inkişafa paralel şəkildə dəfələrlə artırılmışdır. Belə ki, dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2003-cü ildə 243 milyon manat idisə, 2013-cü ildə bu rəqəm 1,5 milyard manata yüksəlmişdir. Deməli, 10 il ərzində cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin iqtisadi nəticələrindən biri kimi dövlət büdcəsindən təhsilə ayrılan xərclər 6 dəfə artmışdır.
Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi oldu. Qəbul olunmuş Dövlət Proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsini də əsas istiqamətlərdən biri kimi qeyd etmək lazımdır. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilb istifadəyə verilməsi Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramlarında öz əksini tapdı. Eyni zamanda “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı” bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Bölgələrin sosial-iqtisadi inkişafı sahəsində tədbirlərin davam etdirilməsini nəzərdə tutan “Azərbaycan Respublikası regionlarınnın 2009-2013-cü illərdə inkişafı Dövlət Proqramı”nda da bir sıra sahələrlə yanaşı, təhsil infrastrukturunun müasirləşdirilməsi məsələsinə xüsusi yer ayırdı.
Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi son 10 ildə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilmıəsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən olmuşdur. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam da imzalanmışdır.
Uğurla həyata keçirilən Dövlət Proqramı və eləcə də digər təhsil formaları üzrə demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və digər ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır. Xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azəıbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdır.
Xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın adı təhsilə aid çoxsaylı layihələrlə bağlıdır. Heydər Əliyev Fondu Azərbaycanın təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək üçün yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikdirib, təmir etdirib, bu müəssisələr yüksək standartlar səviyyəsində təchiz olunub. Fondun təşəbbüsü ilə təkcə Azərbaycanda deyil, dünyanın bir neçə ölkəsində məktəblər yaradılıb. “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı çərçivəsində istər daimi yaşayış yerlərinə malik uşaqlar, istərsə də qaçqın və məcburi köçkün ailələri, müxtəlif aztəminatlı sosial qruplar, habelə diaspor nümayəndələrinin övladları üçün inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Fondun gördüyü əzəmətli işin yalnız bir hissəsidir. Bütün bunlar bir daha onu göstərir ki, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir.
24 oktyabr 2013-cü il tarixdə ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq etmişdir. Bu sənədin əsas məqsədi keyfiyyət səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır. Güclü və dinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Bu cür kadrların hazırlanması üçün güclü təhsil olmalıdır və Dövlət Strategiyasında göstərildiyi kimi islahatların aparılması daha da yetkin vətəndaşların yetişdirilməsinə zəmin yaradacaqdır. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin yenidən qurulmasına imkan verəcək, davamlı inkişafı təmin edəcəkdir.
– Bəs bu sahədə qanunvericilik bazasını necə dəyərləndirmək olar?
– Təhsil sahəsində müvafiq qanunumuz vardır. Bildiyiniz kimi, 2010-cu ildə Azərbaycan Respublikasının «Təhsil haqqında» Qanunu qəbul edilmişdir. Hesab edirəm ki, bu qanun Avropanın əksər analoji qanunlarından daha mükəmməlidir. Bu qanuna günün tələblərinə uyğun olaraq çoxsaylı əlavə və dəyişiklik edilib və edilməkdədir. Bu da normaldır. Qanunvericilik fəaliyyətinin mahiyyəti də elə məhz bundan ibarətdir – hər sahədə günün tələblərinə uyğun olaraq ictimai münasibətləri tənzim edən hüquq normaları yaratmaq. Təhsil elə bir sahədir ki, orada daim dəyişikliklərin olması qaçılmazdır. Buna müvafiq olaraq da yeni normativ-hüquqi aktlar qəbul ediləcəkdir. Onu da qeyd edim ki, Milli Məclisin yaz sessiyasının iş planına “Elm haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsi salınmışdır. Yəqin ki, bu yaxınlarda bu layihə plenar iclasa çıxarılacaq və imkan verəcəkdir ki, elmin müasir, qloballaşan dünyada yeni çağırışlara cavab verən inkişafına nail olaq. Bildiyimiz kimi, bu sahəyə də cənab Prezidentin böyük qayğısı var. AMEA-da son dövrlərdə xeyli işlər görülür. Bu qanunun qəbulu da, şübhəsiz ki, bu proseslərə müsbət təsir edəcəkdir.
– Siz Milli Məclisin Mədəniyyət komitəsinin üzvüsünüz. Bu sahə ilə əlaqədar qanunvericilikdə hansı yeniliklər nəzərdə tutulur?
– Hesab edirəm ki, bizim komitə əsas işi artıq görmüşdür. Belə ki, “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu” bu yaxınlarda qəbul edildi. Qanun, belə demək mümkünsə, mədəniyyət sahəsinin konstitusiyasıdır. Qanunda bu sahəyə aid əsas müddəalar, prinsiplər yer almışdır. Bu sənəd Azərbaycan Respublikasında dövlət mədəniyyət siyasətinin məqsəd və prinsiplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, mədəniyyət sahəsində hüquqi, təşkilati, iqtisadi və sosial təminatları müəyyən edir, mədəni sərvətlərin yaradılması, toplanması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir. Qanunda ilk dəfə yeni sahələr, məsələn, kulinariya sahəsi də milli mədəniyyətimizin tərkib hissəsi kimi təsbit edilmişdir. Eyni zamanda restitusiya – xaricdə olan milli mədəni sərvət nümunələrimizin imkan daxilində qaytarılmasının nəzərdə tutulmasını da yenilik kimi qeyd edə bilərəm.
Digər yenilik isə yenə də milli mətbəx mədəniyyəti ilə bağlıdır. Bu sahə ilə əlaqədar biz qanun layihəsi hazırlamışıq. Bu da ilk belə layihədir. Mədəniyyət komitəsinin üzvləri bu layihəni mübət qarşılamışlar və indi bu layihə Milli Məclis Aparatındadır.
Azərbaycan mədəniyyəti haqqında danışarkən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin himayədarıdır. Azərbaycan mədəniyyətinin qorunması və dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər ölçüyəgəlməzdir.
– Leyla xanım, Siz Sumqayıt şəhərini təmsil edən millət vəkilisiniz. Son illər Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı fonunda Sumqayıt şəhərindəki quruculuq işləri haqqında da fikirlərinizi bilmək istərdik.
– Sumqayıtdan seçilən bir deputat kimi qeyd edim ki, şəhərimiz daim ölkə başçısının diqqət mərkəzindədir. Cənab Prezident dəfələrlə şəhərimizə səfərlər etmişdir, Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, Cümə məsçidində əsaslı təmir işləri və Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. Eyni zamanda, ölkə Prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin və “Gilan” Tekstil Parkının açılış mərasiminə qatılmışdır. Mərasimdə dövlət başçısı demişdir: “Sumqayıt doğrudan da gözəlləşir, müasirləşir. Gözəl parklar salınır, binalar təmir olunur, istirahət yerləri, bulvar salınır. Yəni doğrudan da müasir şəhərə çevrilir. Sumqayıt bir böyük sənaye mərkəzi kimi artıq inkişaf yolundadır. Burada həm ağır, həm yüngül sənaye, kimya sənayesi ənənəvi olaraq inkişaf edir. Belə gözəl müəssisələrin yaradılması ölkəmizin gücünü göstərir. Növbəti səfərində şəhərdə 1 nömrəli Sumqayıt şəhər xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş, Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi olmuş, Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” MMC-nin polad-boru zavodu açılmışdır. Eyni zamanda, “Sağlam qida” aqrar-sənaye kompleksi istifadəyə verilmişdir. Açılış mərasimlərində iştirak edən dövlət başçısı demişdir: “Sumqayıt şəhərinin yeni sənaye inkişafı dövrü bu gün başlayır. Kimya Sənaye Parkının yaradılması sənaye inkişafının yeni mərhələsi olacaqdır. Bu müəssisələr və Sumqayıt Kimya Sənaye Parkının yaradılması və inkişafı ölkəmizin sənaye potensialını gücləndirəcəkdir.”
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu il “Sənaye ili” elan edilmişdir. Sumqayıt isə Bakıdan sonra Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Prezident İlham Əliyev də dəfələrlə vurğulamışdır ki, Sumqayıt gələcəkdə dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır. Bu gün Sumqayıt əhalisi ölkədə gedən inkişafa, əhalinin rifah halının gündən-günə yüksəlməsinə görə cənab Prezidentə minnətdardırlar.

Azərbaycan respublikasında təhsilin inkişafı üzrə

Müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider dövlətimizi vətəndaş müharibəsindən, parçalanmadan, yox olmaq təhlükəsindən xilas etmiş, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumuş, ictimai-siyasi böhranı aradan qaldırmış və davamlı inkişafın təməlini qoymuşdur. Tariximizin şanlı səhifəsini təşkil edən 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur və xalqımız tərəfindən böyük ehtiramla qeyd edilir.

Bu dahi şəxsiyyət ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin etmiş, gələcək inkişaf üçün güclü təməl yaratmışdır. Ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilmiş, həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət başçısının müəllifi olduğu müasir idarəetmə modeli nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada lider dövlətlərdən birinə çevrilmiş, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırmış, “Doing Business-2019” hesabatına əsasən dünyanın ən islahatçı 10 ölkəsi sırasında yer almışdır.

Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir

Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən 5 ildən çox vaxt ötmüşdür. Ötən müddət ərzində strategiyanın icrası istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

Son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artmış, 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq, 1.4 milyard manatdan 2019-cu ildə 2.3 milyard manata çatdırılmışdır. 2003-cü ilə nisbətən isə təhsil xərcləri 9 dəfədən çox artmışdır.

Təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilir

Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilmiş, 2017-2018-ci illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilmişdir. Cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcəkdir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır.

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən bu günlərdə imzalanmış sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsi olmuşdur. Belə ki, həmin sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 5.7 milyon manat vəsait ayrılmışdır. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcəkdir.

Təhsil qanunvericiliyi əsaslı şəkildə yenilənib

2018-2019-cu tədris ilində əldə edilmiş ən mühüm nailiyyətlərlərdən biri təhsil qanunvericiliyinin əsaslı şəkildə yenilənməsi ilə bağlı olmuşdur. Təhsil Nazirliyinin Milli Məclislə birgə reallaşdırdığı bu təşəbbüslər təhsil islahatlarının daha çevik aparılmasına, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına əlverişli zəmin yaratmışdır. Belə ki, “Təhsil haqqında” Qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketi və “Peşə təhsili haqqında” Qanun qəbul edilmişdir. Dəyişikliklər təhsilin bütün pillələrini və səviyyələrini əhatə etmişdir.

Həmin qanunların və 2017-ci ildə qəbul edilmiş “Məktəbəqədər təhsil haqqında” Qanunun tətbiqi də nəzərə alınmaqla 25-dək normativ hüquqi sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuş, onların böyük əksəriyyəti təsdiq edilmişdir. Cari ildə isə “Ümumi təhsil haqqında” Qanun qəbul olunmuşdur.

Məktəbəhazırlığın əhatəliliyi genişlənir

Təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir. Beynəlxalq qiymətləndirmə tədqiqatları da məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi ilə şagird nailiyyətləri arasında birbaşa əlaqənin olduğunu sübut edir. Məhz bu səbəbdən son illərdə məktəbəhazırlıq Təhsil Nazirliyi üçün prioritet istiqamət olmuş, qısa müddət ərzində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2013-cü ildəki 24 faizdən 75%-ə çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilmişdir. Növbəti illərdə məktəbəhazırlığa cəlbedilmə göstəricisinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir. Təməl bacarıqların erkən yaş dövründən əldə edildiyi nəzərə alınaraq, digər yaş qrupları üzrə uşaqların təhsilə cəlbi istiqamətində də tədbirlər həyata keçirilmiş, UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə başlanmış, Bakı şəhərində və 10 rayonda 100 icmanı, 2 mindən çox uşağı əhatə etməklə həyata keçirilməkdədir.

Məktəbəqədər təhsilin əhatə səviyyəsinin yüksəldilməsi ilə bağlı özəl təhsil müəssisələrinin fəaliyyəti daim təşviq edilmiş, son 5 ildə onların sayı 3 dəfədən çox artaraq 41-dən 144-ə çatmışdır.

Müəllim nüfuzu yüksəlir

Məlumdur ki, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bu səbəbdən son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmışdır.

Müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilmişdir. İlk dəfə olaraq ölkə üzrə müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilmişdir. Cari tədris ilinə ümumilikdə müddətsiz müqavilə əsasında 4053 nəfər, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilmişdir ki, bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olmuşdur. Bütün bu tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırmış, 2018-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artmış, müraciət edənlərin sayı 51 mini ötmüşdür. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşmış, 20 mindən çox gənc müəllim işə qəbul olunmuşdur.

2018-ci ildə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatmış, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılmış, orta aylıq əməkhaqqı 500 manat civarında olmaqla ölkə üzrə orta aylıq əməkhaqqına yaxınlaşmışdır. Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə maraq əhəmiyyətli şəkildə artmış, onlar arasında sağlam rəqabət və motivasiya güclənmiş, müəllimlik rəqabətli bir peşəyə çevrilmiş, təhsilin keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlmişdir. 2018-ci ildə 500 baldan yuxarı toplamış abituriyentlər arasında müəllimlik ixtisasını 2090 nəfər seçmişdir ki, bu da strategiyanın icrasına başladığımız ilin eyni göstəricisindən 2,3 dəfə çoxdur. İnanırıq ki, bu amil müəllim hazırlığı sistemində əsaslı dönüşün yaradılmasına və yüksək peşəkarlığa malik müəllimlərin hazırlanmasına və məktəblərə cəlbinə imkan verəcəkdir.

Müəllimlərin peşəkarlıq səviyyəsi artırılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illərdə müəllimlərlə bağlı həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirərək müəllimlərin XV qurultayının iştirakçılarına təbrik məktubunda demişdir: “Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda, Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir”.

Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində sistemli tədbirlər həyata keçirilmişdir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün modul-kredit və rəqabətəsaslı təlimlər sistemi tətbiq edilmiş, 2015-2018-ci illərdə ümumilikdə 55 min nəfər müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilmişdir ki, onların 25 mini 2018-ci ilin payına düşür. Bununla yanaşı, elektron resurslardan istifadə və rəqəmsal bacarıqların inkişafı üzrə ümumilikdə 4000 nəfər müəllim təlimlərdən keçirilmişdir.

Şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşır

Keyfiyyətin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlmişdir. Belə ki, 2013-cü ilə nisbətən qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artmışdır.

İstedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayı, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşmışdır. 2018-ci ildə respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak etmişdir ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. Beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri 1 qızıl, 8 gümüş, 20 bürünc medal, 7 həvəsləndirici sertifikat əldə etmiş, son illərdə isə 4 qızıl, 29 gümüş və 107 bürünc medal olmaqla ümumilikdə 140 medal qazanmışlar. 2019-cu ilin ilkin nəticələri də uğurlu olmuşdur. Bakı məktəblisi, 7-ci sinif şagirdi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında bürünc medal əldə edərək həmin olimpiadanın tarixində ən gənc qalib olmuşdur. 36-cı Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz 4 gümüş və 1 bürünc medal əldə etmiş, bu nəticə həmin olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə olmuşdur. Əminliklə demək olar ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbul hüququ əldə etməsi olimpiada hərəkatının daha da genişlənməsinə səbəb olacaqdır. Şübhəsiz, cari ildə informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsi də ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olacaqdır.

Yeni qiymətləndirmə modelləri tətbiq olunur

2018-2019-cu tədris ili ümumi təhsildə 11 il bundan əvvəl başlanmış məzmun islahatlarının bir mərhələ kimi başa çatması və beynəlxalq təcrübəyə əsaslanan yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi ilə yadda qalmışdır. Məktəbdaxili qiymətləndirmə sistemi əhəmiyyətli şəkildə təkmilləşdirilmiş, müəllimlərin və valideynlərin rəyi nəzərə alınaraq şagirdlərin tədris yükü optimallaşdırılmışdır.

Ümumi təhsil müəssisələrinin IX siniflərində buraxılış imtahanları sahəsində başlanmış islahatlar XI siniflərdə davam etdirilmişdir. Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olduğuna görə, onların buraxılış imtahanlarının yeni modelinə keçidlə bağlı Təhsil Nazirliyinin yaxından iştirakı ilə DİM tərəfindən yeni qaydalar tətbiq edilmiş, buraxılış imtahanı yeni məzmun və formada 2 mərhələdə təşkil edilmiş, ilk dəfə olaraq ali məktəbə qəbul həmin buraxılış və qəbul imtahanlarında toplanan ballar nəzərə alınmaqla aparılacaqdır. Əminik ki, yeni imtahan modeli təhsil alanların bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verməklə yanaşı, məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcək, cəmiyyətdə ümumtəhsil məktəbinə etibarlı inam formalaşdıracaqdir.

Təmayülləşmənin müsbət nəticələri

Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi genişləndirilmiş, 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilmişdir ki, bu da X-XI siniflərdə təhsil alan şagirdlərin təxminən 30 faizini təşkil etmişdir. Təmayül siniflər üçün tədris planları və proqramları hazırlanmış və tətbiq edilmişdir. İlkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr nümayiş etdirir və akademik nailiyyətləri ilə fərqlənirlər. Hər bir şagirdə təmayül istiqamətinə uyğun peşəkar bacarıqların aşılanması məqsədilə “Ümumi təhsil haqqında” Qanunda təmayül siniflərində şagird sayı əvvəlki 20 nəfərdən 15 nəfərə endirilmişdir. Qarşıda ölkə üzrə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, əhatə dairəsinin daha da genişləndirilməsi, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi vəzifəsi dayanmışdır.

Dərslik hazırlığı sahəsində yeniliklər

Məzmun islahatları çərçivəsində dərslik hazırlığında yeni reqlament və prosedurlar tətbiq edilmişdir. Hazırlanmış dərsliklər Dərslikləri Qiymətləndirmə Şurası, Dövlət İmtahan Mərkəzi, AMEA-nın müvafiq institutları, ali təhsil müəssisələri tərəfindən qiymətləndirilir, eyni zamanda, bu məqsədlə yaradılmış portalda yerləşdirilərək ictimai müzakirəyə çıxarılır, təkliflər təhlil edilərək nəşriyyatlara və müəlliflərə yönəldilir. Qeyd olunan prosedurlar gözlənilməklə cari tədris ilinə I-XI siniflər üçün 338 adda 7,2 milyon nüsxədən artıq dərslik və müəllimlər üçün metodik vəsait çap edilib məktəblərə paylanmışdır. Bu, təhsil tarixində dərslik çapı sahəsində ən yüksək göstərici olmuşdur. Cari tədris ilində yeni fənn kurikulumlarının tətbiq edildiyi XI siniflər üçün yeni dərsliklər hazırlanmış, beləliklə I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatmışdır.

Dərslik hazırlığı sahəsində daha bir yenilik ondan ibarətdir ki, Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradılmış və yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanmışdır. İlkin mərhələdə I siniflər üçün Ana dili və riyaziyyat dərslikləri hazırlanmışdır və hazırda 100-dən çox məktəbdə sınaqdan keçirilməkdədir. Növbəti addım həmin dərsliklərin pilot tətbiqi və II siniflər üçün dərsliklərin hazırlanması olacaqdır.

Tədrisdə İKT-dən istifadə imkanları genişləndirilir

İnformasiya cəmiyyətinin yarandığı, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı indiki şəraitdə İKT-nin inkişafı ölkənin rəqabətqabiliyyətliliyinin, intellektual və elmi potensialının vacib göstəricilərindən birinə çevrilmişdir. Məhz bu tendensiyalar nəzərə alınaraq, Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq Sazişi çərçivəsində 2018-ci ildə ümumi təhsil müəssisələrinə 20880 ədəd noutbuk, 789 ədəd elektron lövhə, 789 ədəd proyektor verilmiş, İKT əsaslı infrastrukturun yaradılması işi davam etdirilmişdir. Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi baxımından ölkə üzrə internetə və Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş məktəblərin sayı 2746-ya (62%) çatdırılmış, şəbəkəyə qoşulmuş təhsil müəssisələri bütün şagirdlərin 85%-ni, pedaqoji heyətin isə 73%-ni əhatə etmişdir.

Şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqları formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, onların yüksək texnoloji ixtisaslara marağını artırmaq məqsədi ilə Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən tədris ilindən Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb edilməklə “Rəqəmsal bacarıqlar” layihəsinə başlanmışdır. Uğurlu nəticələr nəzərə alınaraq növbəti tədris ilində layihə 100-dən çox məktəbi və 100 mindən çox şagirdi əhatə edəcəkdir. Layihə müxtəlif beynəlxalq sərgilərdə, o cümlədən Parisdə Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində təqdim edilmiş və böyük maraqla qarşılanmışdır.

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil hüququ təmin olunur

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsili və inkişafı fəaliyyətimizin əsas prioritetlərindən birini təşkil edir. Həmin kateqoriyadan olan uşaqların təhsil hüququnun təmin edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və təsdiq edilmiş, 2018-ci ildən həyata keçirilməsinə başlanmışdır.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və inkişafı sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Belə ki, fond tərəfindən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, ölkənin bütün internat və xüsusi məktəbləri əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş, əlilliyi olan şəxslər üçün əlverişli təhsil mühiti yaradılmışdır.

Cari tədris ilində sağlamlıq imkanları məhdud 10 minədək uşaq xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimli təhsil müəssisələrində və ümumi təhsil müəssisələrinin nəzdindəki xüsusi siniflərdə təhsil almaqdadır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili, inkişafı və cəmiyyətə inteqrasiyası bundan sonra da ölkəmizin təhsil siyasətində prioritet olaraq nəzərə alınacaqdır.

Peşə təhsilinin inkişafı

Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir. Peşə təhsilinin inkişafı işsizliyin və yoxsuluğun aradan qaldırılmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə əhəmiyyətli təsir göstərir. Ölkənin iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınaraq, 2016-cı ildə ölkə Prezidentinin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış, peşə təhsili və təliminin inkişafı üzrə strateji yol xəritəsi təsdiq edilmiş və icrasına başlanmışdır.

Peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 2018-ci ildə 21 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılmış, beləliklə, mərkəzlərin sayı 24-ə çatmışdır. Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanmış, 60 peşə təhsili müəssisəsində çalışan 2 minədək müəllim və istehsalat təlimi ustasının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılmışdır. Bu istiqamətdə tədbirlər cari ildə də davam etdirilməkdədir.

Məzmunun əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla peşə təhsilinin yeni dövlət standartları təsdiq edilmiş, 81 ixtisas üzrə nəticəyönümlü, modul strukturlu təhsil proqramları (kurikulumlar), 51 modul tədris vəsaiti, 55 yeni dərslik hazırlanmışdır, 78 modul dərslik isə hazırlanmaqdadır. Peşə təhsili ixtisaslarının siyahısına 20-dən çox yeni ixtisas əlavə edilmiş və kadr hazırlığına başlanmışdır. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış Kredit Sazişinə əsasən Bakı şəhərində müasir peşə təhsili mərkəzinin tikintisi başa çatmaq üzrədir. Artıq Koreyadan ən müasir avadanlıqlar gətirilib quraşdırılmışdır. Sənaye və innovasiyalar üzrə ixtisaslaşmış həmin mərkəzdə 8 istiqamət üzrə kadr hazırlanacaq. Mərkəzdə fəaliyyət göstərəcək 26 ixtisaslı mütəxəssis seçilərək Koreyada 3 aylıq təlim keçməsi təmin edilmişdir.

İşəgötürənlərlə sıx əməkdaşlıq nəticəsində həyata keçirilən pilot layihələr çərçivəsində turizm-xidmət sektoru üzrə məzunların 62.3 faizi, informasiya texnologiyaları sektoru üzrə 73 faizi, xidmət sahəsi üzrə 68.4 faizi işlə təmin edilmişdir.

Strateji Yol Xəritəsinə uyğun olaraq peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, daha çox məzunun bu təhsil pilləsinə cəlb edilməsi, qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması, məzmunun yenilənməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, peşəkarlığının artırılması istiqamətində tədbirlər növbəti illərdə də davam etdiriləcəkdir.

Orta ixtisas təhsilinin inkişafına yeni yanaşmalar

Son illərdə orta ixtisas təhsilinin inkişafı ilə bağlı Təhsil Nazirliyi tərəfindən yeni yanaşmalar tətbiq edilmişdir. Nazirlər Kabinetinin qərarlarına əsasən, 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılmış, 6 kollec profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilmişdir. Bununla əlaqədar, həmin kollec və ali təhsil müəssisələrinin ixtisasları unifikasiya olunmuşdur.

Cari ildə “Təhsil haqqında” Qanuna dəyişikliklər əsasında orta ixtisas təhsilinin inkişafına təkan verəcək yeni qərarlar qəbul edilmiş, bakalavrlar orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul hüququ, subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququ qazanmışlar. Bunlarla yanaşı, bakalavriat səviyyəsini başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququ əldə etmişlər. Yeni qayda vətəndaşların əmək bazarına çevik uyğunlaşmasına, məşğulluğun və təhsilin əlçatanlığının təmin edilməsinə, eyni zamanda, kollec təhsilinin nüfuzunun artırılmasına öz töhfəsini verəcəkdir.

Növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.

Ali təhsilin əlçatanlığı artırılır

İqtisadiyyatın dayanıqlı inkişafında ali təhsilin müstəsna rolu vardır. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil iqtisadiyyatda davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bununla əlaqədar, dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur.

Həmin qərarlardan biri ölkədə təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Ölkə prezidentinin sərəncamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılmış, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılmış, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə etmişdir. Eyni zamanda, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılmış, ümumi qəbul planının 42 faizini təşkil etmişdir. Ötən il bu göstərici 27 faiz təşkil edirdi. Həmin tədbirlərin davamı kimi, I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ölkə prezidentinin sərəncamı imzalanmışdır. Dövlət başçısının təhsilin davamlı inkişafına xidmət edən bu təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Qəbul edilən mühüm qərarlardan biri də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsidir. Proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Proqramda iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Birinci istiqamət ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini, ikinci istiqamət isə xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsini nəzərdə tutur. Aidiyyəti dövlət qurumları ilə birlikdə proqramın icrası istiqamətində tədbirlərə başlanmışdır.

Ölkədə ali təhsilalma imkanları genişləndirilmiş, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olmuş, bu göstərici ötən il 41 mini ötmüşdür. Artım tendensiyası cari ildə təsdiq edilmiş qəbul planında da davam etdirilmiş, bakalavriat səviyyəsinə qəbul planı 48506 nəfərə yüksəlmiş, yəni 6.4% artmışdır.

Əmək bazarında dəyişikliklər və ölkəmizin iqtisadi inkişaf strategiyası nəzərə alınaraq cari ildə bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş, ixtisasların sayı 175-dən 148-ə qədər azaldılmış, 70-ə yaxın ixtisas birləşdirilmiş və ya çıxarılmış, təsnifata 46 yeni ixtisas əlavə edilmişdir.

Ali təhsil müəssisələri yeni idarəetmə modelinə keçir

Ali təhsil müəssisələrində idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılmışdır. Ölkə prezidentinin sərəncamlarına əsasən, əvvəlki illərdə bəzi ali təhsil müəssisələrinə publik hüquqi şəxs statusunun verilməsi həmin universitetlərdə hesabatlılığın və yeni idarəetmə prinsiplərinin tətbiqinə, akademik və maliyyə muxtariyyətinə əlverişli imkan yaratmışdır. Cari ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni Nümunəvi Nizamnaməyə əsasən, bütün dövlət ali təhsil müəssisələri publik hüquqi şəxs statusu əldə etməklə qeyd edilən imkanlardan faydalana biləcəklər.

Ali təhsilalma imkanlarının genişləndirilməsi istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı şəhərində yerləşən ali məktəblərdə təhsil alan tələbələr üçün dövlət-özəl partnyorluğu əsasında 100 faiz özəl sektorun vəsaiti hesabına 800 yerlik müasir yataqxana kompleksinin tikintisi başa çatdırılmışdır və istifadəyə hazırdır. Bu istiqamətdə təşəbbüslər növbəti illərdə də davam etdiriləcəkdir. Bununla yanaşı, dövlət xətti ilə cari ildə Gəncə, Lənkəran və Sumqayıt Dövlət universitetlərinin yataqxana binalarının əsaslı təmiri ilə bağlı tədbirlər həyata keçirilir.

Elmin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər öz bəhrəsini verməkdədir. Dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan Clarivate Analytics şirkəti ilə səmərəli əməkdaşlıq nəticəsində “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlmiş, son məlumata əsasən, “Web of Science®” elmi bazasında Azərbaycan üzrə 1450 elmi tədqiqat işi qeydə alınmışdır. Son 5 ildə isə alimlərimizin “Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 96 faiz, ali təhsil müəssisələri üzrə 2.6 dəfə artmışdır. Əminliklə deyə bilərik ki, bu nəticələr ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşmasına ciddi təkan verəcəkdir. Əldə olunan uğurlu nəticələr nəzərə alınaraq, 2018-ci ilin dekabrında Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Yeni təşəbbüslər, yeni hədəflər

Əldə edilmiş nailiyyətlərlə yanaşı, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş hədəflər baxımından təhsil sistemi qarşısında bir sıra vəzifələr də durur. Onlardan bəzilərini diqqətə çatdırmaq istərdim.

Təcrübə göstərir ki, elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə, orta ixtisas və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq, maraqlı tərəfə çevrilməlidir.

Gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir. Bununla əlaqədar növbəti illərdə bütün təhsil pillələri üzrə məzmunun təkmilləşdirilməsi, əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcəkdir. Məhz bu yanaşmadan çıxış edərək uşaqların erkən yaşdan inkişafının səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumtəhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi ilə bağlı işlər davam etdirilməlidir.

Ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən innovasiyaların tətbiqi qarşıda duran başlıca vəzifələrdəndir. Yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara və ixtisaslara ehtiyac yaranacağı ilə əlaqədar təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nanotexnologiyalar və bu kimi innovativ məzmunun tətbiqi prioritet hesab olunmalıdır.

Ümumi təhsildə təmayülləşmə istiqamətlərinin artırılması, bu istiqamətdə növbəti tədris ilində 20 məktəbdə tam orta təhsil səviyyəsində peşəyönümü təmayüllü siniflərin açılması hədəf kimi müəyyən edilmişdir. İnanırıq ki, bu yenilik şagirdlərin təhsilə cəlbini artırmaqla yanaşı, gələcəkdə onların peşə seçiminə və əmək bazarına daha asan inteqrasiyasına kömək edəcəkdir.

Daha bir prioritet ümumi təhsildə STEM yanaşmasının tətbiqidir. Bu yanaşma təbiət, texnologiya, mühəndislik və riyaziyyat fənlərinin tədrisinin ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə öyrədilməsini və şagirdlərdə “XXI əsr bacarıqları”nın formalaşdırılmasını nəzərdə tutur. Bu istiqamətdə növbəti tədris ilindən məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tətbiqi planlaşdırılır.

Yeni məzmunun tətbiqi, ilk növbədə, yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedaqoji kadrlar tələb edir. Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz. Bu fikir son illərdə Təhsil Nazirliyi tərəfindən dəfələrlə vurğulanmışdır. Məhz bu səbəbdən müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması və internatura modelinə keçid, təhsil sistemi üçün vacib olan kurikulum, qiymətləndirmə, məktəb psixologiyası, təhsili idarəetmə sahəsində magistratura proqramlarının hazırlanması və tətbiqi əsas hədəflər kimi müəyyən edilmişdir.

Peşə təhsili sahəsində son illərdə əldə edilən nailiyyətlərin davamı olaraq yeni məzmunun hazırlanması, əmək bazarının tələblərinin nəzərə alınması baxımından biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi də bu sahədə əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir.

Keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi də başlıca hədəflərdəndir.

Elm sahəsində növbəti illərdə həyata keçirəcəyimiz əhəmiyyətli təşəbbüslərdən biri ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi olacaqdır. Bu baxımdan bəzi ixtisaslaşdırılmış universitetlərdə klasterlər yaradılmalı, elmi nəticələrin istehsala tətbiqi stimullaşdırılmalı, “təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyi yüksəldilməli, innovasiyaların kommersiyalaşdırılması, tədqiqat universitetinin yaradılması ilə bağlı hədəflərə nail olunmalıdır.

Məktəblərdə mənəvi-psixoloji mühitin yaxşılaşdırılması, tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün qurulması ən vacib iş istiqamətlərindəndir. Müasir dövrdə şagirdlərin zərərli informasiyaya çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır. Bu baxımdan təhsil sahəsində işləyən rəhbər şəxslərin və təhsilverənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir. Məktəb rəhbərləri üçün məktəb-aliə münasibətləri ilə bağlı təlimlərin və maarifləndirmə işinin təşkili, o cümlədən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də fövqəladə hallar zamanı davranış kodeksinin müəyyənləşdirilməsi həyata keçiriləcək əsas tədbirlərdəndir. “Məktəblinin dostu” layihəsinin əhatəliliyinin növbəti tədris ilindən təxminən 5 dəfə artırılaraq 150 məktəbə çatdırılması, psixoloji xidmətin təkmilləşdirilməsi, məktəblərdə psixoloji-öyrənmə mühitinin ölçülməsi və yaxşılaşdırılması ilə bağlı tədbirlərin təşkili də qarşıda duran hədəflərdəndir.

Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda süni intellekt həyatımızın və məişətimizin bütün sahələrinə nüfuz etməkdədir. Cəmiyyət yeni sənaye və texnoloji inqilab ərəfəsindədir və təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə nail olmaq olar.

İnanıram ki, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

YENİ AZƏRBAYCAN PARTİYASI

– Leyla xanım, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Siz həm bir təhsil işçisi, həm də millət vəkili olaraq, dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatları necə qiymətləndirirsiniz?
– Həqiqətən, ölkəmizdə təhsilin inkişafına böyük diqqət mövcuddur. “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” – bu sözlər Ulu öndər Heydər Əliyevə məxsusdur. Ümummilli liderimiz daim təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini vurğulayırdı. Məhz Ulu öndərin rəhbərliyi ilə təhsil sistemində islahatların əsasını təşkil edən mühüm sərəncamlar, fərmanlar imzalanmışdır. İnkişaf etmiş dövlətin qurulması üçün birinci amil yüksək təhsil səviyyəsinin olmasını hesab edən ölkə başçısı İlham Əliyev tərəfindən də Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ulu öndərin təhsil siyasəti uğurla davam etdirilir. Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf etmiş və hər bir sahədə olduğu kimi təhsil sahəsinin də inkişafı üçün təməl olmuşdur. Hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, o bütövlükdə kompleks şəkildə inkişaf edir.
Təhsil sahəsi daim möhtərəm Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Prezident qeyd edir ki, “Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik. Və görürük ki, o ölkələr sözün əsl mənasında inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın.
– Təhsilin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Sizcə, bu proqramların əhəmiyyəti nədən ibarətdir?
– Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramları: 2005-2009-cu illərdə məktəblərin avadanlıqlarla təmin olunması, 2008-2012-ci illərdə məktəb tikintisi, təhsil sisteminin informasiyalaşdırılması, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılması ilə yanaşı, təhsilə dövlət tərəfindən ayrılan xərclərin də miqdarı ölkədəki ümumi iqtisadi inkişafa paralel şəkildə dəfələrlə artırılmışdır. Belə ki, dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2003-cü ildə 243 milyon manat idisə, 2013-cü ildə bu rəqəm 1,5 milyard manata yüksəlmişdir. Deməli, 10 il ərzində cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin iqtisadi nəticələrindən biri kimi dövlət büdcəsindən təhsilə ayrılan xərclər 6 dəfə artmışdır.
Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi oldu. Qəbul olunmuş Dövlət Proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsini də əsas istiqamətlərdən biri kimi qeyd etmək lazımdır. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilb istifadəyə verilməsi Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramlarında öz əksini tapdı. Eyni zamanda “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı” bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Bölgələrin sosial-iqtisadi inkişafı sahəsində tədbirlərin davam etdirilməsini nəzərdə tutan “Azərbaycan Respublikası regionlarınnın 2009-2013-cü illərdə inkişafı Dövlət Proqramı”nda da bir sıra sahələrlə yanaşı, təhsil infrastrukturunun müasirləşdirilməsi məsələsinə xüsusi yer ayırdı.
Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi son 10 ildə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilmıəsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən olmuşdur. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam da imzalanmışdır.
Uğurla həyata keçirilən Dövlət Proqramı və eləcə də digər təhsil formaları üzrə demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və digər ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır. Xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azəıbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdır.
Xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın adı təhsilə aid çoxsaylı layihələrlə bağlıdır. Heydər Əliyev Fondu Azərbaycanın təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək üçün yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikdirib, təmir etdirib, bu müəssisələr yüksək standartlar səviyyəsində təchiz olunub. Fondun təşəbbüsü ilə təkcə Azərbaycanda deyil, dünyanın bir neçə ölkəsində məktəblər yaradılıb. “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı çərçivəsində istər daimi yaşayış yerlərinə malik uşaqlar, istərsə də qaçqın və məcburi köçkün ailələri, müxtəlif aztəminatlı sosial qruplar, habelə diaspor nümayəndələrinin övladları üçün inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Fondun gördüyü əzəmətli işin yalnız bir hissəsidir. Bütün bunlar bir daha onu göstərir ki, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir.
24 oktyabr 2013-cü il tarixdə ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq etmişdir. Bu sənədin əsas məqsədi keyfiyyət səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır. Güclü və dinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Bu cür kadrların hazırlanması üçün güclü təhsil olmalıdır və Dövlət Strategiyasında göstərildiyi kimi islahatların aparılması daha da yetkin vətəndaşların yetişdirilməsinə zəmin yaradacaqdır. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin yenidən qurulmasına imkan verəcək, davamlı inkişafı təmin edəcəkdir.
– Bəs bu sahədə qanunvericilik bazasını necə dəyərləndirmək olar?
– Təhsil sahəsində müvafiq qanunumuz vardır. Bildiyiniz kimi, 2010-cu ildə Azərbaycan Respublikasının «Təhsil haqqında» Qanunu qəbul edilmişdir. Hesab edirəm ki, bu qanun Avropanın əksər analoji qanunlarından daha mükəmməlidir. Bu qanuna günün tələblərinə uyğun olaraq çoxsaylı əlavə və dəyişiklik edilib və edilməkdədir. Bu da normaldır. Qanunvericilik fəaliyyətinin mahiyyəti də elə məhz bundan ibarətdir – hər sahədə günün tələblərinə uyğun olaraq ictimai münasibətləri tənzim edən hüquq normaları yaratmaq. Təhsil elə bir sahədir ki, orada daim dəyişikliklərin olması qaçılmazdır. Buna müvafiq olaraq da yeni normativ-hüquqi aktlar qəbul ediləcəkdir. Onu da qeyd edim ki, Milli Məclisin yaz sessiyasının iş planına “Elm haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsi salınmışdır. Yəqin ki, bu yaxınlarda bu layihə plenar iclasa çıxarılacaq və imkan verəcəkdir ki, elmin müasir, qloballaşan dünyada yeni çağırışlara cavab verən inkişafına nail olaq. Bildiyimiz kimi, bu sahəyə də cənab Prezidentin böyük qayğısı var. AMEA-da son dövrlərdə xeyli işlər görülür. Bu qanunun qəbulu da, şübhəsiz ki, bu proseslərə müsbət təsir edəcəkdir.
– Siz Milli Məclisin Mədəniyyət komitəsinin üzvüsünüz. Bu sahə ilə əlaqədar qanunvericilikdə hansı yeniliklər nəzərdə tutulur?
– Hesab edirəm ki, bizim komitə əsas işi artıq görmüşdür. Belə ki, “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu” bu yaxınlarda qəbul edildi. Qanun, belə demək mümkünsə, mədəniyyət sahəsinin konstitusiyasıdır. Qanunda bu sahəyə aid əsas müddəalar, prinsiplər yer almışdır. Bu sənəd Azərbaycan Respublikasında dövlət mədəniyyət siyasətinin məqsəd və prinsiplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, mədəniyyət sahəsində hüquqi, təşkilati, iqtisadi və sosial təminatları müəyyən edir, mədəni sərvətlərin yaradılması, toplanması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir. Qanunda ilk dəfə yeni sahələr, məsələn, kulinariya sahəsi də milli mədəniyyətimizin tərkib hissəsi kimi təsbit edilmişdir. Eyni zamanda restitusiya – xaricdə olan milli mədəni sərvət nümunələrimizin imkan daxilində qaytarılmasının nəzərdə tutulmasını da yenilik kimi qeyd edə bilərəm.
Digər yenilik isə yenə də milli mətbəx mədəniyyəti ilə bağlıdır. Bu sahə ilə əlaqədar biz qanun layihəsi hazırlamışıq. Bu da ilk belə layihədir. Mədəniyyət komitəsinin üzvləri bu layihəni mübət qarşılamışlar və indi bu layihə Milli Məclis Aparatındadır.
Azərbaycan mədəniyyəti haqqında danışarkən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin himayədarıdır. Azərbaycan mədəniyyətinin qorunması və dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər ölçüyəgəlməzdir.
– Leyla xanım, Siz Sumqayıt şəhərini təmsil edən millət vəkilisiniz. Son illər Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı fonunda Sumqayıt şəhərindəki quruculuq işləri haqqında da fikirlərinizi bilmək istərdik.
– Sumqayıtdan seçilən bir deputat kimi qeyd edim ki, şəhərimiz daim ölkə başçısının diqqət mərkəzindədir. Cənab Prezident dəfələrlə şəhərimizə səfərlər etmişdir, Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, Cümə məsçidində əsaslı təmir işləri və Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. Eyni zamanda, ölkə Prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin və “Gilan” Tekstil Parkının açılış mərasiminə qatılmışdır. Mərasimdə dövlət başçısı demişdir: “Sumqayıt doğrudan da gözəlləşir, müasirləşir. Gözəl parklar salınır, binalar təmir olunur, istirahət yerləri, bulvar salınır. Yəni doğrudan da müasir şəhərə çevrilir. Sumqayıt bir böyük sənaye mərkəzi kimi artıq inkişaf yolundadır. Burada həm ağır, həm yüngül sənaye, kimya sənayesi ənənəvi olaraq inkişaf edir. Belə gözəl müəssisələrin yaradılması ölkəmizin gücünü göstərir. Növbəti səfərində şəhərdə 1 nömrəli Sumqayıt şəhər xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş, Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi olmuş, Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” MMC-nin polad-boru zavodu açılmışdır. Eyni zamanda, “Sağlam qida” aqrar-sənaye kompleksi istifadəyə verilmişdir. Açılış mərasimlərində iştirak edən dövlət başçısı demişdir: “Sumqayıt şəhərinin yeni sənaye inkişafı dövrü bu gün başlayır. Kimya Sənaye Parkının yaradılması sənaye inkişafının yeni mərhələsi olacaqdır. Bu müəssisələr və Sumqayıt Kimya Sənaye Parkının yaradılması və inkişafı ölkəmizin sənaye potensialını gücləndirəcəkdir.”
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu il “Sənaye ili” elan edilmişdir. Sumqayıt isə Bakıdan sonra Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Prezident İlham Əliyev də dəfələrlə vurğulamışdır ki, Sumqayıt gələcəkdə dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır. Bu gün Sumqayıt əhalisi ölkədə gedən inkişafa, əhalinin rifah halının gündən-günə yüksəlməsinə görə cənab Prezidentə minnətdardırlar.

Bu səhifəni göndər

Adınız
E-poçt
Mesajınız

Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çoxşaxəli fəaliyyət və inkişaf proqramıdır

Prezident İlham Əliyev yanvarın 19-da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu mühüm dövlət sənədi ölkənin təhsil ictimaiyyəti tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb. Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çoxşaxəli fəaliyyət və inkişaf proqramıdır” sərlövhəli yazısında bu barədə fikirlərini bölüşüb. AZƏRTAC yazını oxuculara təqdim edir.

Çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modernləşdirmə, müasirləşdirmə mərhələsinə qədəm qoymuş Azərbaycanın başlıca hədəflərindəndir. Sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur. Bu baxımdan Prezidentİlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiqlənməsi barədə 2013-cü il 24 oktyabr tarixli Sərəncamı böyük əhəmiyyətə malikdir.

Respublikamızın inkişaf konsepsiyasına uyğun olaraq, Dövlət Strategiyasında davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarəedilməsini reallaşdıran müasir təhsil sisteminin yaradılması ön plana çəkilir. Bu konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyənləşdirilib, təhsil işçiləri qarşısında yeni, məsul vəzifələr qoyulub. Müstəsna əhəmiyyət kəsb edən Dövlət Strategiyası ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.

Dövlətimizin təhsil siyasətinin həyata keçirilməsində, o cümlədən müəyyənləşdirilmiş strateji istiqamətlərin məqsədlərinə nail olunmasında pedaqoji kadrlar mühüm rol oynayır. Bu baxımdan ali təhsil sisteminə yeni yanaşma, beynəlxalq təcrübəyə uyğun, müasir tələblərə cavab verən müəllim hazırlığı sisteminin formalaşması və inkişafı, yeni təlim texnologiyaları və informasiya vasitələrindən professional səviyyədə istifadə yolları və prinsiplərinin müəyyənləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, pedaqoji kadr təminatı (yeni ixtisaslar üzrə kadrların hazırlanması, ixtisasartırma, yenidənhazırlanma, distant təhsil, inklüzivlik və s.) məsələlərinin həlli böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi əksini tapıb. Hazırda başlıca vəzifə bütün fəaliyyətimizi nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə yönəltməkdən ibarətdir.

Bu məqsədlə Dövlət Strategiyası AMİ-nin elmi şurasında, bütün struktur bölmələrində müzakirə edilib, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün institutun görəcəyi işlər müəyyənləşdirilib, Fəaliyyət Planındaəksini tapan, təhsilin keyfiyyətinin artırılmasına xidmət edən uzunmüddətli tədbirlərin həyata keçirilməsi üçün zəmin yaradılıb. Belə ki, son illərdə institutumuzun infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-pedaqoji kadr potensialının gücləndirilməsi sahəsində çox iş görülüb.

Bolonya sisteminin elektron təhsil ilə bağlı tələblərinin reallaşdırılması, auditoriyaların kompyuterləşdirilməsi, elektron lövhələrlə təchizi, internet şəbəkəsi sisteminə qoşulması, müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə proqramları üzrə treninqlərə cəlb olunması interaktiv mühazirə və seminar məşğələlərinin keyfiyyətinə müsbət təsir göstərib. Bununla yanaşı, İKT-nin müəllim hazırlığı sistemində tətbiqi ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, rəqabət qabiliyyətli, dövlətin təhsil islahatlarını həyata keçirməyə qabil olan pedaqoji kadrların yetişdirilməsində yeni yanaşmalar tələb edir. İnstitutda, xüsusən filiallarımızda müəllim hazırlığının səviyyəsinin yüksəldilməsində İKT-dən istifadə ilə bağlı qarşıya qoyulan məqsədlərə tam nail olmaq üçün görüləcək işlər çoxdur. AMİ-nin əməkdaşlarının Dövlət Strategiyasının tələbləri baxımından mərkəzdə və regionlarda pedaqoji kollektivlərə göstərdiyi metodiki xidmət təhsilverənlərin maraq və tələbatları nəzərə alınmaqla yeni keyfiyyət səviyyəsinə qaldırılmalıdır.

Müasir müəllim təhsil sistemimizdə tətbiq olunan kurikulumun standartlarının reallaşdırılmasına, şəxsiyyətyönümlü, nəticəyönümlü təlimə, təhsilalanların yüksək mənəviyyata, müasir bilik və bacarıqlara, yeni texnologiyalara çevik yiyələnməsinin təmin edilməsinə hazır olmalıdır. Hazırda institutumuz respublikada pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması sahəsində mərkəz rolunu oynayır və internatura sisteminin tətbiqi, eləcə də Fəaliyyət Proqramında əksini tapan ömür boyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsi layihəsinin hazırlanması ilə əlaqədar bu istiqamətin gələcəkdə daha da gücləndirilməsinə ehtiyac var. Eyni zamanda, fikrimizcə, müəllim hazırlığında yeniləşmənin bir istiqaməti kimi pedaqoji ali məktəblər arasında bakalavriat və magistratura səviyyəsində müəyyən ixtisaslaşma aparılması faydalı olardı. Müəllimlərin ixtisasartırma sistemində tətbiq edilməsi nəzərdə tutulan müasir yanaşmalar nəticə etibarilə Dövlət Strategiyasında əksini tapan yeni təhsil fəlsəfəsinin tələblərinə cavab verən səriştəli müəllimin formalaşmasına gətirib çıxarmalıdır.

Dövlət Strategiyasında qarşıya qoyulan hədəflərdən biri də distant təhsil, təlim- tərbiyə işinin differensiallaşdırılması, inklüziv təhsilə yeni münasibətlə bağlıdır. Differensiallaşdırmanın tərkib hissəsi olan inklüziv təhsilin təşkili sahəsində institutumuzun fəaliyyəti tədbirlər planına uyğun olaraq daha da genişləndiriləcəkdir. “World Vision İnternational” Beynəlxalq Humanitar Təşkilatının ayırdığı maliyyə vəsaiti əsasında “Sosial hüquqların araşdırılması” İctimai Birliyi və Azərbaycan Müəllimlər İnstitutunun birgə həyata keçirdiyi “AMİ-nin İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı” layihəsi hazırda uğurla davam etdirilir.

Həmin layihə çərçivəsində istər Bakıda, istərsə də respublikanın müxtəlif bölgələrində sağlamlıq imkanları məhdud olan uşaqların təhsili sahəsində həyata keçirdiyimiz tədbir və treninqlərin nəticələri bu istiqamətin əhəmiyyətini və perspektivlərini göstərir. İnklüziv təhsil ilə bağlı mövcud vəziyyətin öyrənilməsi, maarifləndirmə işi aparılması, fəaliyyət perspektivlərinin müəyyənləşdirilməsi sahəsində planlaşdırdığımız işlər Dövlət Strategiyasının həyata keçirilməsi baxımından yeni ideyaların meydana çıxmasına imkan verəcək.

Dövlət Strategiyasında ali məktəblərin təhsil – tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, ali təhsil pilləsinin hər bir səviyyəsi üçün ixtisaslar üzrə standartların hazırlanması və tətbiqi nəzərdə tutulur. Elm kimi təhsilin də qloballaşması, elmlə təhsilin vəhdətinin ön plana çıxması yaşadığımız dünyanın reallıqlarındandır. Bu baxımdan xarici ölkələrin qabaqcıl təhsil ocaqları ilə elm-təhsil əlaqələri, təhsil sistemləri arasında inteqrasiya, qabaqcıl təcrübənin, innovasiyaların öyrənilməsi, tətbiqi zəruri vəzifə kimi qarşıda dayanır. Azərbaycan Müəllimlər İnstitutunun bir sıra xarici dövlətlərin – Türkiyə, Fransa, Avstriya, Hindistan, Rusiya, Ukrayna, Gürcüstanın pedaqoji yönümlü ali təhsil müəssisələri, nüfuzlu alimləri ilə əməkdaşlığı, təcrübə mübadiləsi, müəllim hazırlığının aktual problemlərinə həsr olunan beynəlxalq və respublika konfranslarının təşkili strategiyadakı qabaqcıl elmi mühitin yaradılması ideyasının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Dövlət Strategiyasında yeni kurikulumlara və İKT-yə əsaslanan metodiki vəsaitlərin, didaktik materialların, təlim vasitələrinin hazırlanmasının əhəmiyyəti xüsusi vurğulanır. İnstitutumuzun əməkdaşları Dövlət Strategiyasının reallaşdırılmasının elmi-pedaqoji təminatının yaradılmasında, təhsilin məzmununun təkmilləşdirilməsində, ali məktəblər üçün dərslik, dərs vəsaiti, metodik vəsaitlərin, ümumtəhsil məktəbləri üçün fənn kurikulumları üzrə dərslik və metodik vəsaitlərin hazırlanmasında fəal iştirak edirlər.

Təhsil sahəsində maliyyələşdirmənin dayanıqlı və adekvat olmasını təmin edən, səmərəli və nəticəyönümlü yeni modelinin qurulması da Dövlət Strategiyasında nəzərdə tutulan ümdə məsələlərdən biridir. Hazırda institutumuzda müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılması, əməkhaqqı və maddi həvəsləndirmə sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır. Şübhə yoxdur ki, stimullaşdırıcı mexanizmlərin tətbiqi müəllimlərin peşəkarlığının, səriştəlilik səviyyəsinin yüksəldilməsinə, sağlam rəqabətin formalaşmasına müsbət təsir edəcək, hər bir təhsilverənə öz işinə tənqidi yanaşmaq imkanı yaratmaqla inkişaf perspektivlərini göstərəcək və nəticə etibarilə müəllim əməyinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.

Müasir dövrün, qloballaşan dünyanın çağırışlarına cavab verən təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu məsul və şərəfli vəzifələrin yerinə yetirilməsi təhsil sisteminin yeniləşməsinə, müəllim nüfuzunun artmasına, cəmiyyətdə kreativ təhsil düşüncəsinin formalaşmasına, insan kapitalının inkişafına təkan verəcək, ölkəmizin iqtisadi inkişafının davamlı və dayanıqlı olmasını təmin edəcək.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.