Press "Enter" to skip to content

Azrbaycan respublikasının konstitusiyası 12 noyabr 1995-ci il

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.

12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir.

Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I ÜmumAzərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.

2002-ci ilin avqustunda referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

Xatırladaq ki, Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

Qeyd: Konstitusiya – dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasları təsbit edir. Konstitusiyalar iki əsas növə bölünür: yazılı və yazılmamış.

Yazılı konstitusiyalar ya vahid normativ akt, ya da bir neçə konstitusiya qanununun məcmusudur.

Yazılmamış konstitusiyalarda isə ali qanun normalar, çoxlu sayda akt, həmçinin adətlərdə təsbit olunub.

Dünyada Konstitusiya ilk dəfə 1215-ci ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan Azadlıqlarının Böyük Toplusu ilk konstitusiya aktı sayılır. İlk yazılı ali qanun isə ABŞ Konstitusiyadır.

siyasielmler

12 NOYABR 1995-ci il KONSTİTUSİYASI MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN, HÜQUQİ DÖVLƏT QURUCULUĞUNUN ƏSASIDIR

Posted on Yanvar 11, 2011 by siyasielmler

Bildiyimiz kimi, 90-ci illərin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında əsaslı dəyişikliklər baş verdi. Ölkəmiz müstəqil olduqdan sonra Respublikamızın dünya dövlətləri arasında layiqli yer tutması üçün daxili və xarici siyasətimizdə mövcud olan çətinlikləri həll etmək lazım idi. Bu çətinliklərin əksəriyyəti Ermənistanın Azərbaycan Respublikasına qarşı torpaq iddiasından irəli gəlirdi. Siyasi vəziyyətin gərgin, torpaqlarımızın döyüşsüz verildiyi qeyri-sabit şəraitdə sovet düşüncə tərzinin hələ güclü olduğu zaman idi. Belə bir dövrdə 1995-ci ilin ortalarından Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yaradılmış Komissiyanın Azərbaycanın yeni Konstitusiyası layihəsi ətrafında apardığı müzakirələr heç vaxt unudulmayıb. Sənədin hər maddəsinə, hər sözünə mütəxəssislər münasibət bildirdikdən sonra dövlət başçısı fikirləri ümumiləşdirir, yalnız bundan sonra həmin maddə qəbul olunurdu. Dövlət dilinin türk, yaxud Azərbaycan dili adlanması ilə bağlı müzakirələr daha uzun çəkmiş və fikir ayrılığına səbəb olmuşdur. Belə bir şəraitdə müasir Azərbaycan dövlətinin qurucusu dilçi alimlərin fikirlərinə müdaxilə etmədən əksəriyyətinin gəldiyi nəticəni dəstəkləyərək, dövlət dilimizin Azərbaycan dili olması təklifini müdafiə etdi. Bununla da təkcə ölkəmizin və dilimizin deyil, həm də Azərbaycançılığın əsasını qoymuş oldu.

Ümummilli Lider Heydər Əliyev Konstitusiya Komissiyasının Sədri kimi Əsas Qanunun hazırlanmasına böyük əhəmiyyət verərək demişdi: «Biz demokratik, hüquqi, sivilizasiyalı dövlət qururuq. Bu prosesin bütün şərtləri, müddəaları Konstitusiyada əksini tapmalıdır».

Xalqımız 1995-ci il noyabr ayının 12-də özünün çoxəsrlik, dövlətçilik ənənələrini davam etdirərək, cəmiyyətin və hər kəsin firavan və təhlükəsiz yaşamaq arzusunu və nəhayət suveren hüququndan istifadə edərək müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını ümumxalq səsverməsi-referendum yolu ilə qəbul etdi.

İnsan hüquqları və azadlıqları, dövlətin və hər bir vətəndaşın hüquq vəzifələri Azərbaycan Konstitusiyasında mühüm yer tutur. Belə ki, dövlət insanlara bərabərlik hüququ, azadlıq, təhlükəsiz yaşamaq, mülkiyyət, əmək, mənzil toxunulmazlığı, istirahət, sosial təminat, təhsil, söz azadlığı, seçib-seçilmək və digər hüquqlar verir. Eyni zamanda, dövlət vətəndaşların da vəzifələrini qanunla müəyyən etmişdir.

Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq ölkənin əsas Qanununun mahiyyətini müəyyən edən amillərdir.

Azərbaycan Konstitusiyası demokratik dəyərlərin bərqərar olunmasına təminat verən bir sənət olaraq ölkə ilə paralel şəkildə daim inkişafdadır. Bu mənada 2002-ci il avqustun 24-də Konstitusiyanın 24 maddəsinə əlavələr və dəyişikliklərin edilməsi beynəlxalq aləmdə razılıqla qarşılanmışdır.

Bundan əlavə, 18 mart 2009-cu ildə «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə uyğun olaraq Konstitusiyanın 29 maddəsinə əlavələr və dəyişikliklər edilməklə referendum keçirilmişdir.

28 aprel 2009-cu ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk iş günündə qurumun bürosunun və daimi komissiyasının «Tərəqqi hesabatı»na dair müzakirələr aparılmışdır. Çıxış edən parlamentarlar referendumun prosedur baxımından öncəki seçkilərdən müqayisədə daha yaxşı təşkil edildiyini, seçki prosesinə məsul heyətin daha hazırlıqlı olmasını və səsvermədə iştirakın yüksək olduğu qeyd olunmuşdur. Bu bir daha beynəlxalq təşkilatlar tərəfindən müstəqil Azərbaycan dövlətinin Əsas Konstitusiyasının nə qədər mütərəqqi olduğunun göstəricisidir.

Yuxarıda qeyd etdiyimiz kimi, iqtisadi və sosial qaydalara uyğun olaraq hər bir vətəndaşın layiqli həyat səviyyəsini təmin etmək dövlətin əsas konstitusiya vəzifəsidir. Bu gün dövlətimiz bu vəzifələri layiqincə yerinə yetirir. Xalqımız bunları görür, öz müstəqil hüquqi dövləti və milli mənafeyimizə xidmət edən Konstitusiyası ilə qürur duyduğunu ifadə edir. Odur ki, Azərbaycan Konstitusiyasına və qanunlara əməl etmək, vətənə sədaqət, vətəni müdafiə, dövlət rəmzlərinə hörmət, qanuna zidd hərəkətlərə yol verməmək hər birimizin borcudur.

Ədəbiyyat:

  1. 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyası.
  2. 24 avqust 2002-ci il tarixli əlavələr və dəyişikliklərlə Azərbaycan Respublikasının Konstitusiyası.
  3. 18 mart 2009-cu il tarixli əlavələr və dəyişikliklərlə Azərbaycan Respublikasının Konstitusiyası.
  4. APA-nın məlumatları

Qeyd: İqtisadiyat qəzeti 12 noyabr 2010-cu il səh.12 dərc olunmuşdur.

Rüfət Əhmədzadə, politologiya fakültəsinin 118A saylı qrupunun II kurs tələbəsi

Comments are closed, but trackbacks and pingbacks are open.