İlham Əliyevdən YENİ VACİB QƏRAR
MƏŞĞULLUQ SAHƏSİNDƏ SOSİAL TƏMİNATLAR
VERGİLƏR
2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə funksiyalar Vergilər Nazirliyinə həvalə edildiyindən, Dövlət Sosial Müdafiə Fondunun əmək müqavilələri sahəsində yoxlamalar aparmaq səlahiyyəti ləğv olunub. Hazırda əmək müqavilələrinin bağlanılması vəziyyəti ilə bağlı yoxlamaları iki dövlət qurumu – Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi həyata keçirir. Əmək müqavilələrinin bağlanılması vəziyyətinə dövlət nəzarətini həyata keçirən hər iki qurumun qanunsuzluq faktları aşkara çıxarılan zaman tətbiq etdiyi məsuliyyət tədbirləri fərqlidir.
Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə – fiziki şəxslər min manatdan 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Göründüyü kimi, burada əmək müqaviləsiz işlədilən işçilərin sayının cərimənin məbləğinə təsiri yoxdur. Əmək müqaviləsiz işlədilən 1 işçi üçün də, 5 işçi üçün də eyni məbləğdə cərimə tətbiq olunur. Hüquqi şəxslərin cəriməsinin fiziki şəxslərlə müqayisədə təxminən 20 dəfə artıq olması diqqətçəkən məqamlardandır.
Eyni təqvim ilində 3-cü dəfə cərimə ödəyən işəgötürən bu halı yenə də təkrar edərsə,
bu zaman artıq ona 4-cü, 5-ci və sair dəfə etdiyi qanun pozuntusu zamanı
əmək müqaviləsiz işlədilən hər işçi üçün 6 min manat cərimə tətbiq olunacaq
Vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsiz işə cəlb edilməsi faktlarını aşkara çıxarmaq məqsədilə vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı qanun pozuntularına münasibətdə Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Qeyd edək ki, vergi orqanları tərəfindən tətbiq olunan sanksiyaların həm məbləğində, həm də tətbiq edilmə qaydasında 1 yanvar 2019-cu ildən əsaslı dəyişiklik olub. Vergi orqanlarının tətbiq etdiyi cərimələrin Dövlət Əmək Müfəttişliyi Xidmətinin cərimələrindən fərqli və nisbətən mürəkkəb olduğunu nəzərə alaraq, bu sanksiyanı misal üzərində nəzərdən keçirək.
Misal: Tutaq ki, vergi nəzarəti tədbirləri (operativ vergi nəzarəti və yaxud səyyar vergi yoxlaması) zamanı məlum olur ki, mağazada çalışan 2 işçi əmək müqaviləsi olmadan işə cəlb edilib. Bu zaman təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyini nəzərə alan vergi orqanları işəgötürənə 4 min manat (2.000 manat x 2 işçi) cərimə kəsir. Hesab edək ki, eyni təqvim ili ərzində ikinci dəfə işəgötürənin əmək müqaviləsiz işçi çalışdırması (yenə 2 işçi) aşkar olunub, bu zaman işəgötürən 8 min manat (4.000 x 2 işçi) cərimə ödəməli olacaq. Misalın davamı kimi, hesab edək ki, eyni təqvim ilində vergi orqanları üçüncü dəfə eyni işəgötürənin əmək müqaviləsiz işçi işlətməsini (yenə də 2 işçi) qeydə alır. Artıq bu zaman işəgötürən 12 min manat (6.000 x 2 işçi) ödəməli olacaq. Eyni təqvim ilində 3-cü dəfə cərimə ödəyən işəgötürən bu halı yenə də təkrar edərsə, bu zaman artıq ona 4-cü, 5-ci və sair dəfə etdiyi qanun pozuntusu zamanı əmək müqaviləsiz işlədilən hər işçi üçün 6 min manat cərimə tətbiq olunacaq.
Qeyd edək ki, Vergi Məcəlləsinə görə, ölkəmizdə vergi ili təqvim ilidir və təqvim ili 1 yanvar – 31 dekabr müddətini əhatə edir. 1 yanvar 2019-cu ilədək əmək müqaviləsi ilə bağlı cərimənin hesablanması qaydası və məbləği fərqli idi. Əvvəllər bir təqvim ilində işəgötürənin eyni qanun pozuntusunu (əmək müqaviləsiz işçi çalışdırma) neçə dəfə etməsindən asılı olmayaraq, ona hər dəfə hər müqaviləsiz işçiyə görə min manat maliyyə sanksiyası tətbiq edilirdi. Bir məsələni də vurğulayaq ki, 30 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasnın Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 1 yanvar – 31 dekabr 2019-cu il tarixində (bir il) əmək müqaviləsiz işçi çalışdırılmasına birinci dəfə yol verildikdə, vergi orqanı işəgötürənə cərimə kəsmir, ona yazılı formada rəsmi xəbərdarlıq edir. Sonrakı vergi nəzarəti tədbirləri zamanı isə cərimələr tətbiq olunur.
Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur
Əmək müqaviləsiz işçinin işlədilməsi ilə bağlı vacib məqamlardan biri də ondan ibarətdir ki, əgər dövlət orqanlarının yoxlamaları zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin fərqli maddələri tətbiq oluna bilər. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) əsasən, əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur. Burada bir vacib məsələni də qeyd edək ki, yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI
İlham Əliyevdən YENİ VACİB QƏRAR
5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Prezident İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
BAKU.WS dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. beş ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. həmin Qanunun 3.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.4. həmin Qanunun 3.2-ci maddəsinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin Qanunun 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.6. həmin Qanunun 3.6-cı maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 8.3-cü maddəsinə uyğun olaraq, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.8. həmin Qanunun 10.4-cü maddəsinə uyğun olaraq, dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.9. həmin Qanunun 10.5-ci maddəsinə uyğun olaraq, özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun 10.6-cı maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin abilitasiyası qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. həmin Qanunun 11.2-ci maddəsinə uyğun olaraq, Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.12. həmin Qanunun 14.2-ci maddəsinə uyğun olaraq, infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.13. həmin Qanunun 15.4-cü maddəsinə uyğun olaraq, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.14. həmin Qanunun 19.2-ci maddəsinə uyğun olaraq, stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində dərs məşğələlərinin təşkili qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.15. həmin Qanunun 23.2-ci maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin iş yerlərinin standartlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.16. həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.17. həmin Qanunun 30.1-ci maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.18. həmin Qanunun 30.2-ci maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.19. həmin Qanunun 31.2-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.20. həmin Qanunun 38.2-ci maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.21. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci (ikinci halda), 17-ci (ikinci halda) və 30.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirəcək icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 3.1-ci maddəsinin ikinci cümləsində, 3.2-ci, 3.4-cü, 3.6-cı, 8.3-cü (birinci halda), 10.4-cü, 10.5-ci, 10.6-cı (birinci halda), 11.2-ci, 14.2-ci, 15.4-cü, 17-ci (birinci halda), 19.2-ci, 22.4-cü, 23.2-ci, 29-cu, 30.1-ci, 30.2-ci, 31.2-ci və 38.2-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 1.0.16-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 3.1-ci maddəsinin birinci cümləsində, 3.3-cü, 3.5-ci (birinci halda),10.2-ci, 10.6-cı (ikinci halda), 11.3-cü maddələrində, 11.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü, 20.3-cü (hər iki halda), 22.3-cü, 22.5-ci, 23.1-ci, 32.3-cü və 38.2-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
2.5. həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirirlər;
2.6. həmin Qanunun 8.3-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;
2.7. həmin Qanunun 14.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.8. həmin Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirirlər;
2.9. həmin Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirirlər;
2.10. həmin Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
2.11. həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirirlər.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir:
“Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. əlillik — müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;
1.0.2. əlilliyi olan şəxs — müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq;
1.0.3. əlilliyə görə ayrı-seçkilik — əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina;
1.0.4. ağlabatan uyğunlaşma — əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədi ilə zəruri və mümkün uyğunlaşma və düzəlişlər edilməsi;
1.0.5. əlilliyin qarşısının alınması — əlilliyin erkən diaqnostikası, həmçinin sağlamlığın qorunması tədbirləri, ətraf mühitin ekoloji vəziyyətinin yaxşılaşdırılması, sağlam həyat tərzinin və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, istehsalat zədələrinin, peşə xəstəliklərinin yayılmasının qarşısının alınmasını nəzərdə tutan tədbirlər sisteminin həyata keçirilməsi;
1.0.6. əlilliyi olan şəxslərin reabilitasiyası — əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası;
1.0.7. tibbi reabilitasiya — orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemi;
1.0.8. peşə-əmək reabilitasiyası — əlilliyi olan şəxsin peşə seçiminə, əvvəlki və ya yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının bərpa edilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemi;
1.0.9. sosial bacarıqların inkişafı — əlilliyi olan şəxsə sosial vərdişlərin mənimsənilməsini, onlara digər şəxslərlə bərabər cəmiyyətin həyatında müstəqil iştirak etmək üçün imkanların yaradılmasını təmin edən tədbirlər sistemi;
1.0.10. psixoloji-pedaqoji reabilitasiya — əlillik xüsusiyyətinə uyğun olaraq əlilliyi olan şəxsin müxtəlif tədris metodlarından istifadə olunmaqla inklüziv və ya inteqrasiyalı təhsil almasına, ünsiyyət, özünəxidmət və öz davranışına nəzarət qabiliyyətinin bərpasına yönəldilmiş tədbirlər sistemi;
1.0.11. abilitasiya — əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə, sərbəst yaşamaq imkanlarının artırılması;
1.0.12. əlilliyi olan şəxslərə müyəssərlik — iş, təhsil, səhiyyə və digər sosial mühitin, ictimai, nəqliyyat və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu;
1.0.13. ünsiyyət — dillərdən, mətndən, Brayl əlifbasından, toxunmaqla duyulan ünsiyyətdən, böyük şriftdən, mümkün multimedia vasitələrindən, eləcə də çap materiallarından, audio və video vasitələrdən, adi dildən, qiraətçilərdən, habelə mümkün informasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla, ünsiyyətin gücləndirici və alternativ üsullarından istifadə;
1.0.14. universal dizayn — əşyaların, şəraitin və xidmətlərin adaptasiya və ya xüsusi dizayn zərurəti olmadan bütün insanlar üçün istifadəyə maksimum dərəcədə yararlı dizaynı;
1.0.15. inklüziv təhsil — əlilliyi olan şəxslərin təhsil müəssisələrində digər şəxslərlə birgə təhsili;
1.0.16. əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatı — müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış və əsas fəaliyyəti əlilliyi olan şəxslərin hüquqlarına və maraqlarına xidmət etmək olan ictimai birliklər və fondlar;
1.0.17. əlilliyin müəyyən edilməsi — şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.
Maddə 2. Qanunun tətbiq edildiyi şəxslər
Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil edilir.
Maddə 3. Əlilliyin müəyyən edilməsi
3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
3.5. Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır.
3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları
4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.
4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir.
4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri
5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət — əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi;
5.0.2. inklüzivlik — əlilliyinin növündən, formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi;
5.0.3. inteqrasiya — əlilliyinin növündən, formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması;
5.0.4. bərabərlik — əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması;
5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi — əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları
6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir.
6.2. Dövlət əlilliyi olan şəxslərin təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şərait yaradılmasına, o cümlədən ünsiyyət formalarından istifadənin mənimsənilməsinə və əlilliyi olan şəxslərin təhsilinin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq, onlar üçün uyğun dildə və üsullarla həyata keçirilməsinə təminat verir.
6.3. Dövlət əlilliyi olan şəxslərin işgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalara məruz qalmamasına, onların yaşayış yerində və yaşayış yerindən kənarda istismarın, zorakılığın, təhqirin bütün formalarından müdafiəsinə, şəxsi həyatının toxunulmazlığına təminat verir.
6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.
Maddə 7. İctimai maarifləndirmə
7.0. Müvafiq icra hakimiyyəti orqanları əlilliklə bağlı məsələlərə dair cəmiyyətin ümumi maariflənmə səviyyəsini yüksəltmək, əlilliyi olan şəxslərin hüquq və ləyaqətinə hörmət olunmasını möhkəmləndirmək, onların potensial imkan və qabiliyyətlərini təbliğ etmək məqsədi ilə aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirirlər:
7.0.1. əlilliyi olan şəxslərə hörmətlə yanaşmanın tərbiyə olunması;
7.0.2. əlilliyi olan şəxslər haqqında müsbət təsəvvürlərin təşviqi;
7.0.3. əlilliyi olan şəxslərin peşə vərdişlərinin və qabiliyyətlərinin tanınmasına köməklik göstərilməsi;
7.0.4. təhsilin bütün pillələrində, o cümlədən erkən yaşlardan başlayaraq uşaqlarda əlilliyi olan şəxslərin hüquqlarına hörmət edilməsinin tərbiyə olunması;
7.0.5. əlilliyi olan şəxslərə və onların hüquqlarına həsr edilən tərbiyəvi-tanışlıq proqramlarının inkişaf etdirilməsi.
ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN REABİLİTASİYASI, ABİLİTASİYASI VƏ İNKİŞAFI
Maddə 8. Sağlam həyat tərzinin təmin edilməsi
8.1. Dövlət əlilliyin qarşısını almaq məqsədi ilə cəmiyyətin əsas nailiyyəti kimi sağlam həyat tərzinin təbliğini təmin edir.
8.2. İnsanların fiziki və ruhi sağlamlığının mühafizəsi, onların fəal uzunömürlüyünün artırılması, tibbi yardımla təminatı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
8.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi xidmət növləri istisna olmaqla, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanlarının göndərişi ilə tibbi xidmət dövlət büdcəsi hesabına həyata keçirilir.
8.4. Əlilliyi olan şəxslərin bədən tərbiyəsi və idman sahəsində təminatları “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Maddə 9. Uşaqlar arasında sağlamlıq üzrə profilaktik tədbirlər
9.1. Uşaqlarda əqli inkişafın gizli qüsurlarını, hiss üzvlərinin, hərəkət sisteminin pozulmalarını erkən aşkar etmək, onların sağlamlıq vəziyyətini dinamik müşahidə etmək və sağlamlıq imkanlarının məhdudluğu səviyyəsini azaltmaq məqsədi ilə “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada icbari dispanserizasiyası həyata keçirilir.
9.2. Səhhətində fiziki, yaxud əqli inkişafında hər hansı pozulma riski və ya halı olan uşaqlara dövlət tərəfindən lazımi tibbi, pedaqoji, psixoloji, hüquqi, sosial və digər yardım göstərilir. Bu cür yardımın metodları, forması, həcmi və müddəti bu Qanunun 11-ci maddəsinə uyğun olaraq tərtib edilmiş Fərdi Reabilitasiya Proqramı ilə müəyyən edilir.
Maddə 10. Əlilliyi olan şəxslərin reabilitasiyası və abilitasiyası
10.1. Dövlət əlilliyi olan şəxslərə maksimum müstəqilliyə, fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub saxlamaq imkanı verir.
10.2. Əlilliyi olan şəxslərin reabilitasiyası bu Qanunun 11-ci maddəsinə uyğun tərtib edilmiş Fərdi Reabilitasiya Proqramı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
10.3. Əlilliyi olan şəxslərin reabilitasiyası və inkişafı onların Fərdi Reabilitasiya Proqramına uyğun olaraq yaşayış yerində (Fərdi Reabilitasiya Proqramına uyğun olaraq reabilitasiya zərurəti olan digər ərazidə), iş yerində, təhsil aldıqları yerlərdə, reabilitasiya müəssisələrində və digər reabilitasiya subyektlərində həyata keçirilir.
10.4. Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
10.5. Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
10.6. Əlilliyi olan şəxslərin abilitasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 11. Fərdi Reabilitasiya Proqramı
11.1. Əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədi ilə Fərdi Reabilitasiya Proqramı tərtib olunur.
11.2. Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
11.3. Fərdi Reabilitasiya Proqramı əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.4. Uşaqların erkən, habelə sonrakı yaş dövrlərində sosial-psixoloji qiymətləndirilməsinin aparılması, inkişaf xüsusiyyətlərini aşkarlamaqla, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və onların qanuni nümayəndələrinə zəruri məsləhətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının işində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qanuni nümayəndəsinin iştirakı təmin edilir.
11.5. Dövlət müəssisələri, idarələri və təşkilatları Fərdi Reabilitasiya Proqramının icrasını təmin etməlidirlər.
ƏLİLLİYİ OLAN ŞƏXSLƏR ÜÇÜN MÜYƏSSƏRLİK
Maddə 12. Müyəssərlik üçün şərait yaradılması
Dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür.
Maddə 13. İnfrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınması
13.1. Azərbaycan Respublikasının ərazisində və yaşayış məntəqələrində infrastruktur obyektlərinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq layihələndirilməsi və tikintisi zamanı universal dizayn əsasında bu obyektlərin əlilliyi olan şəxslərə maneəsiz müyəssər olması, onların infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilir.
13.2. Universal dizaynla bağlı tikinti texniki normaları Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hazırlanan şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulur.
13.3. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 13.2-ci maddəsində göstərilən universal dizaynla bağlı tikinti texniki normalarının hazırlanmasında “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq iştirak edir.
13.4. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər.
Maddə 14. İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması
14.1. Müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və təşkilatlar tabeliklərində olan yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial infrastruktur obyektlərini əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırırlar.
14.2. Bu Qanunun 14.1-ci maddəsində göstərilən infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 15. Yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması
15.1. Yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılır.
15.2. Bu Qanunun 15.1-ci maddəsində göstərilən obyektlərin əlilliyi olan şəxslər üçün ağlabatan uyğunlaşdırılması həmin obyektlərin sifarişçisi tərəfindən həyata keçirilir.
15.3. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər istisna olmaqla, əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərin onlar üçün uyğunlaşdırılması onların vəsaiti hesabına təmin edilir.
15.4. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclər təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilir. Həmin xərclərin minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 16. Mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsi
16.1. Müvafiq icra hakimiyyəti orqanları mədəniyyət müəssisələrinin və idman qurğularının əlilliyi olan şəxslərə müyəssər olması üçün lazımi şəraiti təmin edirlər.
16.2. Əlilliyi olan şəxslərin “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mədəniyyət müəssisələri tərəfindən göstərilən xidmətlərdən güzəştli istifadəsi təmin edilir.
16.3. Əlilliyi olan şəxslər “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarının bədən tərbiyəsi-idman xidmətlərindən pulsuz və güzəştli şərtlərlə istifadə edirlər.
Maddə 17. İnfrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərə müyəssər olmasına dövlət nəzarəti
İnfrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.
ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN TƏHSİLİ
Maddə 18. Sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər və məktəbdənkənar təlim və tərbiyəsi
18.1. Sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların təlim və tərbiyəsi bu Qanunun 11-ci maddəsinə əsasən təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlar üçün dövlət, bələdiyyə və özəl xüsusi məktəbəqədər təhsil müəssisələrində və ya inklüzivlik prinsiplərinə əsasən digər məktəbəqədər təhsil müəssisələrində həyata keçirilir.
18.2. Məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təlim və tərbiyəsi “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
18.3. Müvafiq icra hakimiyyəti orqanları sağlamlıq imkanları məhdud uşaqları hərtərəfli və ahəngdar inkişaf etdirmək, əməyə, elmə, texnikaya, incəsənətə və idmana cəlb etmək, onlarda ictimai fəallıq oyatmaq məqsədi ilə onların məktəbdənkənar tərbiyəsi üçün lazımi şəraitin yaradılmasını təmin edirlər.
Maddə 19. Sağlamlıq imkanları məhdud uşaqların stasionar müəssisələrdə olduqları dövrdə təlim və tərbiyəsi
19.1. Stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində müalicə kursu keçən sağlamlıq imkanları məhdud uşaqların həmin müəssisələrdə olduqları dövrdə fasiləsiz təhsilini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərs məşğələləri təşkil olunur.
19.2. Stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində dərs məşğələlərinin təşkili qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 20. Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı
20.1. Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunları ilə tənzimlənir.
20.2. Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı xüsusi və (və ya) inklüziv təhsil formasında, xüsusi təhsil proqramları və fərdi təhsil planı əsasında həyata keçirilir. Xüsusi şərait yaradılmadan əlilliyi olan şəxslərin təhsil almasında çətinliklər yaranan hallarda onların təhsili evdə təhsil, fərdi təhsil və distant təhsil formasında həyata keçirilir.
20.3. Müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınmış və 18 yaşı tamam olmuş əlilliyi olan şəxslərin peşə hazırlığı və əlavə təhsili həmin orqanın göndərişi əsasında bu Qanunun 11-ci maddəsinə əsasən təsdiq olunmuş Fərdi Reabilitasiya Proqramına uyğun olaraq təhsil müəssisələrində, o cümlədən müvafiq icra hakimiyyəti orqanının tədris mərkəzlərində təmin edilir.
20.4. Əlilliyi olan şəxslər dövlət təhsil müəssisələrində təhsil və peşə hazırlığı üçün zəruri olan tədris vəsaiti və texniki ləvazimatla, o cümlədən fərdi tələbatı nəzərə alan vasitələrlə dövlət hesabına təmin edilirlər.
20.5. Dövlət əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı üçün pedaqoji kadrların, psixoloqların, sosial işçilərin və digər mütəxəssislərin hazırlanmasını təmin edir.
20.6. Dövlət əlilliyi olan şəxslərin təhsilini və peşə hazırlığını təmin etmək üçün pedaqoji işçilərin bu işə cəlb olunması və ünsiyyətin gücləndirici və alternativ üsullarından, tədris metodikası və materiallardan istifadəsi üçün lazımi tədbirlər görür.
ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN MƏŞĞULLUĞU
Maddə 21. Əlilliyi olan şəxslərin əmək hüququnun həyata keçirilməsi
21.1. Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır.
21.2. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır.
21.3. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir.
21.4. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
Maddə 22. Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi
22.1. Dövlət əmək bazarında əlavə iş yerləri və əlilliyi olan şəxslər üçün uyğun şəraitə malik müəssisə və təşkilatlar yaratmaq yolu ilə, eləcə də xüsusi proqramlar üzrə təlim təşkil etməklə, əlilliyi olan şəxslərin məşğulluğunu təmin edir.
22.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir.
22.3. Bu Qanunun 22.2-ci maddəsinə əsasən kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul edilirlər.
22.4. Bu Qanunun 22.3-cü maddəsinə əsasən işə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir.
22.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Maddə 23. İş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün ağlabatan uyğunlaşdırılması
23.1. Bu Qanunun 22.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş, habelə işəgötürənlər tərəfindən işə qəbul edilmiş əlilliyi olan şəxslər bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramı və bu Qanunun 23.2-ci maddəsində müəyyən olunmuş əlilliyi olan şəxslərin iş yerlərinin standartları nəzərə alınaraq iş yerləri ilə təmin olunurlar.
23.2. Əlilliyi olan şəxslərin iş yerlərinin standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 24. İşəgötürənlərin istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxsləri işə düzəltmək vəzifəsi
24.1. İşəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.
24.2. Bu Qanunun 24.1-ci maddəsində göstərilən əlilliyi olan şəxslərin iş yerlərinin onların istifadəsi üçün uyğunlaşdırılması məqsədi ilə işəgötürən əlilliyi olan şəxslərin iş yerlərindən istifadə imkanlarını asanlaşdıran texniki avadanlıq və qurğuların alınması, mövcud olan texniki avadanlıq və qurğuların əlilliyi olan şəxslərin tələbatına uyğunlaşdırılması, ixtisaslaşmış vasitəçilərin xidmətləri ilə təmin edilməsi kimi ağlabatan tədbirlər həyata keçirir.
24.3. İşçilərin sayı və ya ştatları ixtisar edilərkən, müvafiq peşələr (vəzifələr) üzrə işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxsin işdə saxlanılmaq üçün üstünlük hüququ vardır.
24.4. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, bu Qanunun 24.1-ci maddəsində göstərilən işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
24.5. İstehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlilliyi olan şəxslərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət onların sığorta stajına daxil edilir.
Maddə 25. Əlilliyi olan şəxslərin əmək şəraiti
25.1. İşəgötürənlər əlilliyi olan şəxsləri sağlam, təhlükəsiz və bu Qanunun 11-ci maddəsində göstərilən Fərdi Reabilitasiya Proqramına uyğun əmək şəraiti ilə təmin edir, əmək qabiliyyətinin bərpa olunması, iş yerində əlilliyin qarşısının alınması üçün tədbirlər həyata keçirirlər.
25.2. Əlilliyi olan işçilərin əməyinin tətbiqi, əmək şəraitinin xüsusiyyətləri, əməkhaqqı, iş və istirahət vaxtı, məzuniyyət müddəti və əmək münasibətlərinin bu Qanunda tənzimlənməyən digər məsələləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Maddə 26. Əlilliyi olan şəxslərin fərdi əməyi və sahibkarlıq fəaliyyəti
Dövlət əlilliyi olan şəxslərin fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olması, evdə əməyin təşkili üçün lazımi şərait yaradır, iqtisadi fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə stimullaşdırıcı tədbirlər həyata keçirir, ədalətli və əlverişli əmək şəraitinə dair hüquqlarının digər şəxslərlə bərabər qorunmasına zəmanət verir.
ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN SOSİAL MÜDAFİƏSİ
Maddə 27. Layiqli həyat səviyyəsi və sosial müdafiə
27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir:
27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir;
27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir.
Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı
28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.
Maddə 29. Əlilliyi olan şəxslərin tibbi təminatı
Əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları, tibbi xidmət, ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi, həmçinin protez-ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunurlar.
Maddə 30. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi
30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir.
30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı
31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
Maddə 32. Əlilliyi olan şəxslərə sosial xidmət göstərilməsi
32.1. Əlilliyi olan şəxslərə sosial xidmət göstərilməsi qaydası və şərtləri “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
32.2. Əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrində olması onların öz hüquqlarını və azadlıqlarını həyata keçirmək imkanını təmin edir və şəxsiyyətin tələbatının maksimum ödənilməsinə kömək göstərir.
32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş sağlamlıq imkanları məhdud uşaqlar yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər.
7-ci fəsil
ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN SİYASİ HƏYATDA VƏ ƏDALƏT
MÜHAKİMƏSINDƏ İŞTİRAKI
Maddə 33. Siyasi və ictimai həyatda iştirak
33.1. Əlilliyi olan şəxslərin Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
33.2. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, seçkilərin (referendumun) təşkili və keçirilməsi zamanı səs vermək üçün xüsusi şəraitin yaradılması tələb olunan əlilliyi olan şəxslərin seçkilərdə (referendumda) iştirakı üçün bütün imkanlar yaradılır.
33.3. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.
33.4. Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır.
Maddə 34. Əlilliyi olan şəxslərin ədalət mühakiməsində təminatı
İnzibati icraatda və məhkəmə icraatında iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçiləri) xidmətləri ilə təmin edilirlər.
Maddə 35. Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi
35.1. Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi ilə bağlı tədbirlər dövlət, yerli özünüidarəetmə orqanları və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
35.2. Dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarına ayrılan büdcə təxsisatları daxilində həyata keçirilir.
Maddə 36. Statistika və məlumatların toplanılması
36.1. Əlilliklə bağlı məlumatların, o cümlədən ilkin statistik məlumatların toplanılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
36.2. Əlilliklə bağlı məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması zamanı insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsinə dair qəbul edilmiş beynəlxalq normalara, “Fərdi məlumatlar haqqında”, “Rəsmi statistika haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməlidir.
36.3. Bu Qanunun 36-cı maddəsinə uyğun olaraq toplanılmış məlumatlardan əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı qarşılaşdıqları maneələrin müəyyən edilməsi və aradan qaldırılması üçün istifadə edilir.
36.4. Əlilliklə bağlı fərdi məlumatların mühafizəsinin təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Maddə 37. Beynəlxalq əməkdaşlıq
Dövlət beynəlxalq əməkdaşlığın, o cümlədən beynəlxalq inkişaf proqramlarının əlilliyi olan şəxsləri əhatə etməsi və onlar üçün müyəssər olması, beynəlxalq əməkdaşlıq çərçivəsində informasiya, təcrübə və qabaqcıl layihələrin mübadiləsi yolu ilə mövcud imkanların genişləndirilməsi, tədqiqat sahəsində əməkdaşlığa yardım göstərilməsi istiqamətində zəruri və effektiv tədbirlər həyata keçirir.
Maddə 38. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi
38.1. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin məqsədi bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi, çatışmazlıqların və həyata keçiriləcək dövlət siyasəti istiqamətlərinin və tədbirlərin müəyyən edilməsidir.
38.2. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
38.3. Əlilliyi olan şəxslər və onları təmsil edən ixtisaslaşmış qeyri-hökumət təşkilatları əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi prosesində iştirak edə bilərlər.
Maddə 39. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
Maddə 40. Qanunun qüvvəyə minməsi
Bu Qanun qüvvəyə mindiyi gündən “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 16, maddə 697; 1994, № 15, maddə 176; 1995, № 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 81, № 4, maddə 305, № 5, maddələr 356, 378, № 6, maddə 452; 1998, № 1, maddə 16; 1999, № 4, maddə 217, № 7, maddə 395; 2001, № 3, maddə 145, № 12, maddələr 731, 736; 2002, № 5, maddələr 244, 246, № 12, maddə 706; 2004, № 4, maddə 202, № 7, maddə 507, № 8, maddə 596; 2005, № 8, maddə 684; 2007, № 5, maddə 401; 2008, № 7, maddə 602; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 11, maddə 949; 2011, № 2, maddə 71, № 4, maddə 260, № 10, maddə 882) ləğv edilir”.
Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.
Maddə 1.Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. aktiv məşğulluq tədbirləri – işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədi ilə onlar üçün xüsusi proqramların tətbiqinə yönəldilən tədbirlər;
1.1.2. əmək bazarı – işçi qüvvəsinə olan tələb və təklifin məcmusu;
1.1.3. fərdi məşğulluq proqramı – işsiz şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəd;
1.1.4. fərdi məşğulluq vərəqi – işaxtaran və işsiz şəxsə dair fərdi məlumatlardan, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə məlumatlardan, məşğulluq tarixçəsi, habelə təklif olunan münasib iş və aktiv məşğulluq tədbirləri, onların icra vəziyyətinə dair məlumatlardan ibarət sənəd;
1.1.5. Haqqı ödənilən ictimai işlər – işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə bu Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləri;
1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs;
1.1.7. işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs;
1.1.8. kvota – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən işəgötürənlər üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayı;
1.1.9. qeyri-formal məşğulluq – Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsi;
1.1.10. məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti;
1.1.11. məşğul şəxslərin reyestri – bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan məşğul şəxslər barəsində fərdi məlumatlardan, onların təhsili, iş yeri, vəzifəsi (peşəsi) və ya yerinə yetirdiyi iş (xidmət) barədə məlumatların məcmusu;
1.1.12. qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar – qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində nəzarət tədbirlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar);
1.1.13. nəzarət tədbirləri – “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində nəzərdə tutulan tədbirlər;
1.1.14. müvəqqəti məşğulluq – şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mövsümi işlərə, bu Qanunla müəyyən edilmiş qaydada haqqı ödənilən ictimai işlərə cəlb edilməsi və ya əmək birjaları vasitəsilə müəyyən müddət ərzində ictimai faydalı fəaliyyəti;
1.1.15. özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi;
1.1.16. peşə standartları – konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum tələblərin məcmusu;
1.1.17. peşə hazırlığı – işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil alması;
1.1.18. sığorta ödənişi – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta hadisəsi baş verdikdə, sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti;
1.1.19. sərbəstləşdirilən işçilər – dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslər;
1.1.20. sosial müəssisə – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün yaradılan ixtisaslaşdırılmış hüquqi şəxs;
1.1.21. sosial iş yeri – işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənin ən azı 3 (üç) ay əvvəl vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının bir hissəsinin bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilən iş yeri;
1.1.22. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər – əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər;
1.1.23. ştat vahidlərinə dair cədvəl – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – elektron informasiya sistemi) tərəfindən işəgötürənlərin bu Qanunun 7.2-ci maddəsinə uyğun olaraq daxil etdikləri məlumatlar əsasında yaradılan cədvəl;
1.1.24. vakansiya – işəgötürənin boş olan və işçi tələb edilən iş yeri;
1.1.25. vakansiya bankı – işəgötürənin boş olan və işçi tələb edilən iş yerlərinin, habelə yeni yaradılan iş yerlərinin elektron informasiya ehtiyatı;
1.1.26. yeni iş yeri – işəgötürən tərəfindən mövcud ştat vahidlərinə əlavə olaraq yaradılmış iş yeri.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və başqa normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları verir.
Maddə 2. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə məşğulluq sahəsində bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq olunur.
Maddə 3.Bu Qanunun əhatə dairəsi
Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.
Maddə 4. Məşğul şəxslər
4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir:
4.1.1. muzdla işləyənlər – Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;
4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
4.1.4. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
4.1.5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
4.1.6. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;
4.1.7. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
4.1.8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.
4.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məşğul şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə məşğul şəxslərin reyestrini elektron formada aparır.
4.3. Məşğul şəxslərin reyestrində bu Qanunun 4.1-ci maddəsində göstərilən məşğul şəxslər barəsində məlumatların əldə edilməsi və reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
4.4. Bu Qanunun 4.1-ci maddəsində göstərilən məşğul şəxslərə dair məlumatlar məşğul şəxslərin reyestrinə “Fərdi məlumatlar”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarına uyğun olaraq, aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:
4.4.1. bu Qanunun 4.1.1-ci maddəsində göstərilən məşğul şəxslər barədə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə – həmin orqanlar tərəfindən onları işə qəbul etdikləri (götürdükləri) gündən ən geci 1 (bir) ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında;
4.4.3. bu Qanunun 4.1.2-ci maddəsində göstərilən məşğul şəxslər və 4.1.3-cü maddəsində göstərilən sahibkarlar barədə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.4. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən bu Qanunun 4.5-ci maddəsinə uyğun olaraq əldə edilən məlumatları əldə etdikləri tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında;
4.4.5. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən ailə kəndli təsərrüfatının üzvləri barədə – onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən uçota aldıqları gündən ən geci 1 (bir) ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında;
4.4.6. bu Qanunun 4.1.4-cü maddəsində göstərilən məşğul şəxslər barədə – onların seçilməsi, təyin və ya təsdiq edilməsinə dair hüquqi aktları qəbul etmiş orqanların həmin hüquqi aktların qəbul edildiyi tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında;
4.4.7. bu Qanunun 4.1.5-ci maddəsində göstərilən məşğul şəxslər barədə – onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən onların işə (xidmətə) qəbul edildikləri gündən ən geci 1 (bir) ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla;
4.4.8. bu Qanunun 4.1.6-cı maddəsində göstərilən məşğul şəxslər barədə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan qurumun apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.9. bu Qanunun 4.1.7-ci maddəsində göstərilən məşğul şəxslər barədə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.10. bu Qanunun 4.1.8-ci maddəsinə göstərilən məşğul şəxslər barədə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq əldə edilən məlumatları əldə etdikləri tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında.
4.5. Bu Qanunun 4.1.3-cü maddəsində göstərilən, bu Qanun qüvvəyə minənədək mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar məşğul şəxslərin reyestrinin fəaliyyətə başladığı tarixdən, bu Qanun qüvvəyə mindikdən sonra kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər isə daşınmaz əmlakın dövlət reyestrindən bu barədə müvafiq sənədləri əldə etdikdən sonra 1 (bir) ay müddətində mülkiyyətlərində olan kənd təsərrüfatına yararlı torpaq paylarına dair bütün məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlara (qurumlara) təqdim etməlidirlər.
4.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məşğul şəxslər barəsində bu Qanunun 4.4.2-ci, 4.4.4-cü, 4.4.5-ci, 4.4.6-cı, 4.4.7-ci və 4.4.10-cu maddələrinə uyğun olaraq təqdim edilmiş məlumatları həmin məlumatlar təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində məşğul şəxslərin reyestrinə daxil etməlidir.
4.7. Bu Qanunun 4.4.2-ci, 4.4.4-cü, 4.4.6-cı, 4.4.7-ci və 4.4.10-cu maddələrində nəzərdə tutulmuş dövlət orqanları və 4.4.5-ci maddəsində nəzərdə tutulmuş yerli özünüidarəetmə orqanları məşğul şəxslərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), habelə bu Qanunun 4.5-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər həmin torpaq paylarına dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlara (qurumlara) həmin maddələrdə göstərilən müddətdə təqdim olunmasını təmin etməlidirlər.
4.8. Bu Qanunun 4.4.1-ci, 4.4.3-cü, 4.4.8-ci və 4.4.9-cu maddələrində nəzərdə tutulmuş məlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə ən geci 1 (bir) ay müddətində daxil edilir.
4.9. Bu Qanunun 4.6 – 4.8-ci maddələrinin tələblərini pozan dövlət və yerli özünüidarəetmə orqanları, habelə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 5.İşaxtaran və işsiz şəxslərin qeydiyyatına dair ümumi müddəalar
5.1. İşaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
5.2. Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar.
5.3. İşaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
5.4. Şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir.
5.5. Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır.
5.6. İşaxtaran və işsiz şəxslər fərdi məşğulluq vərəqindən çıxarışı elektron informasiya sistemindən real vaxt rejimində əldə etmək hüququna malikdirlər.
5.7. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin ixtisası, peşəsi, sağlamlıq imkanlarının məhdudluğu və yaşayış ünvanı üzrə məlumatlar dəyişdiyi halda onlar elektron informasiya sistemində bu barədə məlumatları yeniləməlidirlər.
5.8. Aşağıdakı hallarda şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılır:
5.8.1. hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
5.8.2. barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
5.8.3. işaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 (iki) il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il müddətində.
5.9. Aşağıdakı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir:
5.9.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında münasib işlə təmin olunduqda;
5.9.2. vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
5.9.3. təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə;
5.9.4. işaxtaran kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə.
5.10. Aşağıdakı hallarda şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır:
5.10.1. hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
5.10.2. barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
5.10.3. ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində;
5.10.4. fərdi məşğulluq proqramının tərtib olunmasından və (və ya) icrasından imtina etdikdə və yaxud fərdi məşğulluq proqramının icrasına dair hesabatı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.7-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə.
5.11. Aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir:
5.11.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;
5.11.2. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda;
5.11.3. vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
5.11.4. təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda;
5.11.5. işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə;
5.11.6. ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda.
5.12. Aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir:
5.12.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aid edilənlər;
5.12.2. 15 yaşına çatmayanlar;
5.12.3. ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alanlar;
5.12.4. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər;
5.12.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində.
5.13. İşsiz kimi qeydiyyata alınmayan və ya bu Qanunun 5.11.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatı ləğv olunan şəxs, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir.
5.14. Bu Qanunun 5.9.3-cü maddəsinə əsasən işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Maddə 6.Münasib iş
6.1. İşaxtaran üçün onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır.
6.2. Münasib iş yerinin işaxtaranın yaşayış yerindən maksimum uzaqlığı həmin ərazidə nəqliyyat şəbəkəsinin imkanları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən müəyyən edilir.
6.3. İşsizlikdən sığorta ödənişinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ödənilmə müddəti qurtardıqdan sonra, münasib iş təklif edilməsi mümkün olmayan işsiz şəxslər üçün, onların təhsilini, ixtisasını, səhhətini, iş təcrübəsini nəzərə almaqla, yeni peşəyə (ixtisasa) yiyələnməsini tələb etməyən iş də münasib iş sayılır.
6.4. Təhsilinə, ixtisasına və əvvəlki peşəsi üzrə təcrübəsinə uyğun gəlməyən, qabaqcadan peşə hazırlığı keçməsini tələb etməyən müvəqqəti iş yerləri də daxil olmaqla, əmək qanunvericiliyinin tələblərinə uyğun gələn, haqqı ödənilən işlər aşağıdakı şəxslər üçün münasib iş sayılır:
6.4.1. 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar;
6.4.2. malik olduğu peşə üzrə əlavə təhsildən, ikinci uyğun peşəyə yiyələnməkdən, yaxud işsizlikdən sığorta ödənişinin ödənilməsi müddəti qurtardıqdan sonra yeni peşə öyrənməkdən imtina edənlər;
6.4.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) 24 aydan çox qeydiyyatda olanlar.
6.5. İşaxtaranın razılığı olmadan yeni işlə əlaqədar onun yaşayış yerinin dəyişməsi tələb olunduqda, eləcə də əmək şəraiti əməyin mühafizəsi normalarına uyğun gəlmədikdə ona təklif olunan iş münasib iş sayıla bilməz.
6.6. İşaxtaran və işsiz şəxslərə eyni münasib işin təkrar təklif edilməsinə yol verilmir.
Maddə 7. Vakansiya bankının yaradılması
7.1. Vakansiya bankı elektron informasiya sistemində işəgötürənlərin yeni yaradılan iş yerləri və vakansiyalar barədə bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır.
7.2. Elektron informasiya sistemi işəgötürənlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə və bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.
7.3. Vakansiya bankının yaradılmasında fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi fəaliyyətinə lisenziyası olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada informasiya mübadiləsinə dair razılaşması olan hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarından istifadə edilə bilər.
7.4. Bu Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə elektron informasiya sisteminə daxil etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 8.Məşğulluq sahəsində dövlətin vəzifələri
8.0. Məşğulluq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
8.0.1. məşğulluq sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi;
8.0.2. istehsal qüvvələrinin səmərəli yerləşdirilməsinə, yeni texnologiyaların yaradılmasına, peşə bacarıqlarının inkişaf etdirilməsinə, fərdi qaydada sahibkarlığın və əmək fəaliyyətinin təşkilinə və inkişafına, çevik iş rejiminin tətbiqinin həvəsləndirilməsinə yönəldilən maliyyə-kredit, sığorta, investisiya və vergi siyasəti tədbirlərinin hazırlanması;
8.0.3. işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanması;
8.0.4. irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sağlamlıq imkanlarının məhdudluğu (onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hallardan başqa) və ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərə əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsi;
8.0.5. şəxslərin qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi, sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi məqsədi ilə onlara köməklik göstərilməsi;
8.0.6. əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində şəxslərin öz iradəsini sərbəst ifadə etməsinə şərait yaradılması;
8.0.7. işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərən tədbirlərin görülməsi;
8.0.8. məşğulluq sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə əlaqələndirilməsi;
8.0.9. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri yaradan işəgötürənlərin həvəsləndirilməsi;
8.0.10. məşğulluğun təmin edilməsinə yönəldilmiş tədbirlərin hazırlanmasında və həyata keçirilməsində, onların yerinə yetirilməsinə nəzarət sahəsində dövlət orqanlarının, həmkarlar ittifaqlarının, işəgötürənlərin birliklərinin fəaliyyətinin əlaqələndirilməsi;
8.0.11. Azərbaycan Respublikası vətəndaşlarının ölkə hüdudlarından kənarda, habelə daxili əmək bazarının qorunması şərti ilə vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması;
8.0.12. beynəlxalq əmək normalarına riayət olunması;
8.0.13. qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;
8.0.14. təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması;
8.0.15. işsizlikdən icbari sığortanın tətbiqi.
MƏŞĞULLUQ SAHƏSİNDƏ ŞƏXSLƏRİN HÜQUQLARI VƏ DÖVLƏT TƏMİNATLARI
Maddə 9.Məşğulluq sahəsində şəxslərin hüquqları
9.1. Məşğulluq sahəsində şəxslər aşağıdakı hüquqlara malikdirlər:
9.1.1. fəaliyyət növü, peşə, məşğuliyyət və iş yerini sərbəst seçmək;
9.1.2. işəgötürənlərə bilavasitə müraciət etmək yolu ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) pulsuz vasitəçiliyi ilə və ya əmək yarmarkaları, əmək birjaları, kütləvi informasiya vasitələrində və internet resurslarında elanlar verilməsi yolu ilə və qanunla qadağan edilməyən digər vasitələrlə iş yerini sərbəst seçmək;
9.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədi ilə pulsuz peşəyönümü məsləhətləri almaq, peşə hazırlığına və əlavə təhsilə cəlb olunmaq, habelə əmək bazarına dair məlumat əldə etmək;
9.1.4. əmək bazarında həyata keçirilən aktiv məşğulluq tədbirlərində iştirak etmək;
9.1.5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta olunmaq və sığorta ödənişi almaq;
9.1.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və yaxud onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən inzibati və ya məhkəmə qaydasında şikayət etmək.
9.2. Aşağıdakı hallar istisna olmaqla şəxslərin məcburi əməyə cəlb edilməsinə yol verilmir:
9.2.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
9.2.2. hərbi xidmət zamanı;
9.2.3. hərbi və fövqəladə vəziyyət zamanı.
Maddə 10.Əmək hüququnun həyata keçirilməsində dövlət təminatları
10.1. Dövlət hər bir şəxsə əmək hüququnun həyata keçirilməsində aşağıdakı təminatları verir:
10.1.1. məşğulluq növünün, o cümlədən müxtəlif rejimli işin sərbəst seçilməsinə;
10.1.2. işdən əsassız çıxarılanların və ya işə qəbuldan əsassız imtina olunanların Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq hüquqi müdafiəsinə;
10.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta olunmasına.
10.2. Dövlət işaxtaranlara və işsiz şəxslərə aşağıdakı təminatları verir:
10.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsinə;
10.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşəyönümünə və peşə hazırlığına;
10.2.3. şəxsin yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla haqqı ödənilən ictimai işlərdə iştirakına;
10.2.4. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta ödənişinin ödənilməsinə;
10.2.5. özünüməşğulluğa köməklik göstərilməsinə;
10.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilən digər aktiv məşğulluq tədbirlərində iştirakına;
10.2.7. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə işə qəbul olunarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallarda pulsuz tibbi müayinədən keçməsinə.
Maddə 11.Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğu üçün əlavə təminatlar
11.1. Dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə əlavə iş yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə hazırlığı kursları təşkil etmək, habelə kvota müəyyən etmək yolu ilə əlavə təminatlar verir.
11.2. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası və kvota şamil edilməyən müəssisələrin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
11.3. Kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən edilir.
11.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 12.Respublika və ərazi məşğulluq proqramları
12.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) və yerli özünüidarəetmə orqanları, işəgötürənlər birlikləri və həmkarlar ittifaqları bu Qanuna uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərini nəzərdə tutan respublika və ərazi məşğulluq proqramları hazırlayırlar.
12.2. Respublika və ərazi məşğulluq proqramları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən hazırlanan iqtisadi və sosial inkişaf proqnozlarının göstəriciləri əsasında hazırlanır.
12.3. Respublika və ərazi məşğulluq proqramlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) təsdiq edir və onların həyata keçirilməsini təmin edir.
Maddə 13. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında məşğulluğu
Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə bağlı məsələlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə, bu Qanuna, məşğulluq sahəsində Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tənzimlənir.
Maddə 14. İşədüzəltmədə vasitəçilik fəaliyyəti
14.1. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti (bundan sonra – işədüzəltmədə vasitəçilik fəaliyyəti) yalnız hüquqi şəxslər tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
14.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini elektron formada aparır.
14.3. İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
14.4. İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edirlər.
14.5. İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər toplanılmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin edirlər.
14.6. Bu Qanunun 14-cü maddəsinin tələblərini pozmaqla işədüzəltmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 15.Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri
15.1. Məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanması məqsədi ilə həmkarlar ittifaqının, işəgötürənlərin birliklərinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin mənafeyini təmsil edən ictimai birliklərin bərabər sayda nümayəndələrindən ibarət məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri (bundan sonra – əlaqələndirmə komitələri) yaradılır.
15.2. Əlaqələndirmə komitələrinin səlahiyyətləri, fəaliyyət qaydası və tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.
Maddə 16. Məşğulluğun təmin edilməsində yerli özünüidarəetmə orqanlarının iştirakı
16.1. Yerli özünüidarəetmə orqanlarının məşğulluq sahəsində aşağıdakı hüquqları vardır:
16.1.1. öz vəsaiti hesabına işaxtaran və işsiz şəxslər üçün haqqı ödənilən ictimai işlər təşkil etmək;
16.1.2. məşğulluğa kömək göstərilməsi məqsədi ilə bu Qanunun 12-ci maddəsinə uyğun olaraq məşğulluq proqramlarının hazırlanmasında iştirak etmək;
16.1.3. məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin işində iştirak etmək;
16.1.4. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə uyğun olaraq yerli sosial müdafiə və sosial inkişaf proqramlarında əhalinin məşğulluğuna kömək göstərilməsi ilə bağlı əlavə təminatlar nəzərdə tutmaq.
16.2. Yerli özünüidarəetmə orqanları “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ailə kəndli təsərrüfatlarını uçota alır və uçota aldığı gündən 1 (bir) ay ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verirlər.
Maddə 17.Məşğulluğun təmin edilməsində həmkarlar ittifaqlarının iştirakı
17.1. Həmkarlar ittifaqlarının, onların seçkili orqanlarının məşğulluq sahəsində aşağıdakı hüquqları vardır:
17.1.1. işçilərin kütləvi surətdə sərbəstləşdirilməsi ilə əlaqədar tədbirlərin başqa vaxta keçirilməsi və ya müvəqqəti dayandırılması haqqında işəgötürənlərə və ya onların yuxarı orqanlarına təkliflər vermək;
17.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğun təmin edilməsi, işə (xidmətə) qəbul, işdənçıxarma, sosial güzəştlərin və təminatların verilməsi məsələlərində şəxslərin müdafiəsini təmin etmək;
17.1.3. peşə standartlarının hazırlanması, qəbulu və tətbiqi, işçilərin təlimi, bacarıqlarının artırılması və qiymətləndirilməsi işinin həyata keçirilməsi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək.
17.2. İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.
17.3. İşəgötürənlər (onların birlikləri) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar), həmkarlar ittifaqlarının təklifi ilə məşğulluq məsələlərinə dair birgə məsləhətləşmələr aparırlar. Məsləhətləşmələrin yekunlarına görə məşğulluğa kömək göstərilməsinə dair tədbirlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutula bilər.
Maddə 18. Məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı
18.1. İşəgötürənlər dövlət məşğulluq siyasətinin həyata keçirilməsinə aşağıdakı əsaslarla kömək göstərirlər:
18.1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək münasibətlərini tənzimləyən əmək müqavilələrinin (kontraktların), kollektiv müqavilələrin və ya sazişlərin şərtlərinə əməl edilməsi;
18.1.2. istehsalatın dayandırılması və ya işçilərin sərbəstləşdirilməsi təqdirində onların müdafiəsi üçün kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi;
18.1.3. əlavə təhsil üçün şəraitin yaradılması və əlavə təhsilin təşkili;
18.1.4. sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin bu Qanunla müəyyən olunmuş qaydada işə düzəldilməsi;
18.1.5. peşə standartlarının hazırlanması və tətbiqi, həmçinin peşə bacarıqlarının artırılması və qiymətləndirilməsi işinin həyata keçirilməsində iştirak edilməsi.
18.2. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər.
18.3. İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər.
18.4. İşəgötürənlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməlidirlər.
18.5. Bu Qanunun 18.4-cü maddəsində nəzərdə tutulan hesabatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil edilir.
18.6. İşəgötürənlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə gəlmiş şəxsləri onlara bilavasitə müraciət etmiş şəxslərlə bərabər əsaslarla işə qəbul edirlər.
18.7. İşəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.
18.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilən və Azərbaycan Respublikasının Mülki, Əmək, Miqrasiya və Vergi məcəllələrinə uyğun olaraq fəaliyyət göstərən işəgötürənlər özlərinin işçi qüvvəsinə olan tələbatını (rəhbər və mütəxəssis vəzifələri də daxil olmaqla), ilk növbədə, yerli kadrlardan istifadə etməklə və onların hazırlanması vasitəsilə ödəməlidirlər.
Maddə 19. İşaxtaranların və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə əlaqədar tədbirlər “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir.
Maddə 20. İşaxtaran və işsiz şəxslərin peşə hazırlığı
20.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınmış işaxtaran və işsiz şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə aşağıdakı hallarda həyata keçirilir:
20.1.1. işaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda;
20.1.2. işaxtaran və işsiz şəxs əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə.
20.2. İşsiz şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənişsiz təşkil olunur. İşaxtaran şəxslər peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurlar.
20.3. Peşə hazırlığının təşkili zamanı bu Qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər üstün hüquqa malikdirlər.
20.4. İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 21.Haqqı ödənilən ictimai işlərin təşkili
21.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edirlər.
21.2. Haqqı ödənilən ictimai işlərdə iştirak etmək istəyən işsiz şəxslərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanır. İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər.
21.3. Haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslər faktiki yerinə yetirilən işə görə, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum əməkhaqqı məbləğindən az olmamaq şərti ilə əməkhaqqı alırlar.
21.4. Haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi haqqı ödənilən ictimai işləri təşkil edən müəssisələrin vəsaiti hesabına və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti hesabına həyata keçirilir.
21.5. Haqqı ödənilən ictimai işlərin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 22.Peşəyönümünə dair məsləhət xidmətləri
22.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) gənclərin (təhsil müəssisələrinin tələbə və şagirdlərinin), işaxtaran və işsiz şəxslərin peşəyönümünün təşkili üçün onlarla müsahibələr və testlər keçirilməklə, təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş məsləhət xidmətləri göstərir.
22.2. Peşəyönümünə dair məsləhət xidmətləri aşağıdakı istiqamətlərdə göstərilir:
22.2.1. əmək bazarının cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar barədə məlumatlandırma;
22.2.2. mövcud peşə və ixtisas üzrə işlə təmin edilmə və ya peşə hazırlığı və əlavə təhsilə cəlb olunma imkanları barədə məlumatlandırma;
22.2.3. işsiz şəxsin sosial-psixoloji xüsusiyyətləri, peşə, bilik, bacarıq və səriştələri, sağlamlıq vəziyyəti nəzərə alınaraq, əmək bazarının tələbatı əsasında ona iş yerinin və peşənin seçimində köməkliyin göstərilməsi.
22.3. Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Maddə 23.Əmək birjalarının və əmək yarmarkalarının təşkili
23.1. Əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən əmək birjaları vasitəsilə həyata keçirilir.
23.2. İşaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə işəgötürənlərin qısa müddət ərzində zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən əmək yarmarkaları təşkil edilir.
23.3. Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Maddə 24. Özünüməşğulluğa kömək göstərilməsi
24.1. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir:
24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi;
24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi;
24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi;
24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra – əmlak) 2 (iki) il müddətinə müqavilə əsasında verilməsi;
24.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi.
24.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.
24.3. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır.
24.4. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir.
24.5. Bu Qanunun 24.3-cü maddəsində göstərilən bazar qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.
24.6. Bu Qanunun 24.3-cü maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həmin əmlak açıq hərracların keçirilməsi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən satılır.
24.7. Özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.
24.8. Bu Qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 1 (bir) il ərzində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərti ilə özünüməşğulluğa cəlb edilirlər.
24.9. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.
24.10. İşsizlikdən sığorta ödənişini alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilmirlər.
24.11. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 25. İşəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının maliyyələşdirilməsi
25.1. Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
25.2. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.
25.3. Sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşdirilir.
25.4. Əməkhaqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.
25.5. Sosial iş yerlərinin təşkili zamanı əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.
25.6. Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 5 faizindən çox olmamalıdır.
25.7. Sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin digər iş yerləri üzrə əməkhaqqının məbləğinin 10 faizdən çox fərqlənə bilməz.
Maddə 26. Sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi
26.1. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədi ilə işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən kvotadan əlavə iş yerləri, sosial müəssisələr yaradıla və məqsədli proqramlar həyata keçirilə bilər. Bu halda müəssisədə mövcud olan daimi vakansiyalar əlavə iş yerləri hesab edilmir.
26.2. Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin standartları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 27. Fərdi məşğulluq proqramı
27.1. İşsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən fərdi məşğulluq proqramı tərtib olunur.
27.2. İşsiz şəxs hər ay həmin ayın sonuncu iş günü bitənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) fərdi məşğulluq proqramında nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində iştirakını müəyyənləşdirən fərdi məşğulluq proqramının icrası barədə elektron qaydada hesabat təqdim edir.
27.3. Fərdi məşğulluq proqramının icrası barədə hesabat işsiz şəxs tərəfindən təqdim edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta ödənişinin verilib-verilməməsi, işsiz kimi qeydiyyatın saxlanılıb-saxlanılmaması barədə qərar qəbul edir və ya fərdi məşğulluq proqramında dəyişiklik edilməsinə dair tədbir görür.
MƏŞĞULLUQ SAHƏSİNDƏ SOSİAL TƏMİNATLAR
Maddə 28.İşaxtaran və işsiz şəxslərin sosial təminatları
28.1. İşaxtaran və işsiz şəxslərə dövlət aşağıdakı təminatları verir:
28.1.1. müəssisədən sərbəstləşdirilmiş işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq təminatların verilməsi;
28.1.2. peşə hazırlığına cəlb olunduğu dövrdə təqaüdün ödənilməsi;
28.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə uyğun olaraq işsizlikdən sığorta ödənişi almaq hüququ olanlara sığorta ödənişinin verilməsi;
28.1.4. Haqqı ödənilən ictimai işlərə cəlb olunması;
28.1.5. özünüməşğulluğa kömək göstərilməsi;
28.1.6. işəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının maliyyələşdirilməsi;
28.1.7. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi;
28.1.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərclərin (taksi xərcləri istisna olmaqla) kompensasiya edilməsi.
28.2. Qanunla müəyyən edilmiş qaydada şəxsin işsizlikdən sığorta ödənişi aldığı və aktiv məşğulluq tədbirlərinə cəlb olunduğu müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət ümumi əmək stajına daxil edilir.
28.3. Bu Qanunun 28.1-ci maddəsi ilə müəyyən edilən təminatlar üzrə ödənişlər nağdsız qaydada həyata keçirilir.
Maddə 29. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüd
29.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.
29.2. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.
29.3. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 30. Qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi
30.1. Bu Qanunun 1.1.9-cu maddəsində göstərilən hallarda bu Qanunun 4.4-4.8-ci maddələrinə əsasən şəxsin məşğulluğuna dair məlumatlar məşğul şəxslərin reyestrinə daxil edilmədikdə, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə nəzarət tədbirləri həyata keçirilir.
30.2. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanların bu Qanunun 30.1-ci maddəsində nəzərdə tutulan fəaliyyətinin əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
30.3. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
30.4. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı qeyri-formal məşğulluq halları ilə bağlı aşkar edilmiş məlumatları qanunla müəyyən edilmiş tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına, həmin məlumatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada hesabatı isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidirlər.
30.5. Qeyri-formal məşğulluq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Maddə 31. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı
31.1. Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədi ilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı yaradılır.
31.2. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
31.3. Bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş nəzarət tədbirlərinin həyata keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq risk qruplarının müəyyən edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilməsi sisteminin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən tətbiqi “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir.
Maddə 32. Qeyri-formal məşğulluq sahəsində maarifləndirmə
Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədi ilə qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri), habelə ictimai birliklər birgə maarifləndirmə, məlumatlandırma və təbliğat işini həyata keçirirlər, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar sifariş edirlər, xüsusi bülletenlər və digər nəşrlər buraxırlar.
Maddə 33. Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli
33.1. Bu Qanunun tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
33.2. Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
33.3. Məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.
Maddə 34.Məşğulluq sahəsində beynəlxalq əməkdaşlıq
Məşğulluq sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.
Maddə 35. Məşğulluq sahəsində nəzarət
35.1. Bu Qanunun tələblərinə əməl olunmasına nəzarət həmkarlar ittifaqlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
35.2. Bu Qanunun 35.1-ci maddəsində göstərilən nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Maddə 36. Keçid müddəa
Bu Qanun qüvvəyə mindiyi günədək işsiz kimi qeydiyyata alınmış şəxslərin qeydiyyatı bu Qanun qüvvəyə mindikdən sonra da saxlanılır.
Maddə 37. Qanunun qüvvəyə minməsi
Bu Qanun qüvvəyə mindiyi gündən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2001-ci il 2 iyul tarixli 170-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 522, № 12, maddə 731; 2003, № 1, maddə 16; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 341, № 7, maddə 602; 2010, № 11, maddə 949; 2011, № 2, maddə 71, № 10, maddə 884; 2014, № 11, maddə 1344, № 12, maddə 1528; 2017, № 7, maddə 1280) ləğv edilir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2018-ci il.
Похожие статьи
-
Azərbaycan respublikasının miqrasiya məcəlləsi
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi 31.3. Humanitar səfər vizasının rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər…
-
Azərbaycan respublikasının ailə məcəlləsi
Ailə kəndli təsərrüfatı haqqında Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər Azərbaycan respublikasının ailə məcəlləsi…
-
Azərbaycan respublikasının təhsil qanunu 2019 yukle
Hukuk bloğu 21.1. Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında ayrı-ayrı…
-
Azərbaycan respublikasının gömrük məcəlləsi 2018
Azərbaycan respublikasının gömrük məcəlləsi 2018 Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük…
-
Azərbaycan respublikasının təhsil qanunu yukle
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu – DAVAMI Cavab: Bütün tipdən olan məktəblərdə hər bir şagirdin məktəbə daxil olduğu andan onu bitirənə…
Comments are closed, but trackbacks and pingbacks are open.