Press "Enter" to skip to content

Yaranma tarixi

Burda hər daşın altında bir tarix var. Hər bir abidə tarixin ayrı-ayrı səhifələrindən xəbər verir. Gəzdikcə, gördükcə, oxuduqca nə isə kəşf edirsən və hər dəfəsində də yenidən aşiq olursan. Bura Azərbaycandır.

Azərbaycan respublikasının tarixi

AZƏRBAYCAN TARİXİ

Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmaqla zəngin və qədim tarixə malikdir. Min illər ərzində onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Dünyada ən qədim insan məskənlərindən olan Azıx mağarasının, qədim daş dövrünə aid bir sıra insan məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antropogenez zonasına daxildir, bəşəriyyətin ilkin beşiklərindənidir. Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilmişdir. Eramızdan əvvəl III minillikdə burada qəbilələrin formalaşması prosesi getmiş, eramızdan əvvəl I minillikdə isə ilk siyasi qurumlar meydana gəlmişdir. Eramızdan əvvəl IX əsrdə Azərbaycan dövlətçiliyi təşəkkül tapır: yüksək iqtisadi və mədəni səviyyəyə malik Manna çarlığı yaranır. Allahlara məbədlər ucaldılır.
Azərbaycanı öz tə’sir dairəsinə salmaq uğrunda bəzi dövlətlərin rəqabəti XVIII əsrdə ölkədə daxili sabitliyin kəskin şəkildə pozulmasına gətirib çıxardı, nəticədə, bir neçə müstəqil və yarımüstəqil dövlət qurumları-xanlıqlar meydana gəldi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Iran, Türkiyə və Rusiya arasında ziddiyyətlər güclənməyə başlayır.
Mannalılar təbiət hadisələrinə, günəşə və aya inanırdılar. Eramızdan əvvəl VI əsrin əvvəllərində Manna Midiya dövləti tərəfindən fəth edilmişdir. Bu dövrdə Zərdüştilik rəsmi din idi və onun burada yayılmasının səbəbi öz – özünə yanan neft və qaz mənbələrinin mövcudluğu idi. Antik dövrdə Azərbaycan ərazisində müstəqil dövlətçiliyin bərqərar olmasında Atropatena və Albaniya dövlətləri böyük rol oynamışdılar. Ölkənin adı Atropatena çarı Atropatın adı ilə bağlıdır. Sonralar o dəyişikliklərə uğrayaraq “Azərbaycan” şəklinə düşmüşdür. Atropatenada Azərbaycan xalqının təşəkkülü prosesi başlamışdır. III-V əsrdə Azərbaycan dövləti möhkəmlənir. Azərbaycanda xristianlıq yayılmağa başlayır, Zaqafqaziyada ilk apostol və avtokefal xristian kilsələrindən hesab edilən kilsələr meydana gəlir, mə’nəvi və dünyəvi mədəniyyət inkişaf edir.
VIII əsrin əvvəllərində Azərbaycan ərəblər tərəfindən işğala mə’ruz qaldı və Arran vilayəti adı altında Ərəb Xilafətinin tərkibinə daxil oldu. İ slam Azərbaycanda hakim dinə çevrildi. Yeni ənənələr və mədəniyyət təşəkkül tapdı. İslamı qəbul etmiş digər xalqlar kimi, azərbaycanlılar da ümumi “müsəlman” adı altında müsəlman mədəniyyətinin inkişafında iştirak etmişlər. Azərbaycan dünyaya görkəmli alimlərin, şairlərin, memarların böyük bir şəcərəsini bəxş etmişdir. Orta əsrlərdə Azərbaycanın ərazisində dövlətçilikdə varislik saxlanmaqda idi: Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər. Azərbaycan xalqı dünya mədəniyyətində öz dəstxətti ilə seçilən xalqlardandır. Onun əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır.
Xalqımızın “Kitabi Dədə-Qorqud”, “Koroğlu” anları kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya tarixində silinməz iz qoymuş Nizami Gəncəvi, Əfzələddin Xəqani, Xətib Təbrizi, Qətran Təbrizi, Imadəddin Nəsimi, Məhəmməd Füzuli kimi korifeylərinin yaradıcılığı bəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət etmişdir. Səfiyəddin Ürməvinin, Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur. Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Nəsirəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Mirzə Fətəli Axundovun, Abbasqulu ağa Bakıxanovun və digər mütəfəkkirlərin adlan dünya elm aləminə yaxşı tanışdır.
Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah Ismayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti nəticəsində xalqın Vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir.
Azərbaycan uğrunda müharibələr şiddətlənir. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsi Azərbaycanı və onun xalqını iki yerə böldü: Azərbaycanın Şimal hissəsi Rusiya tərəfindən işğal edildi, Cənub hissəsi isə İran dövlətinin tərkibinə qatıldı. XX əsr Azərbaycan xalqının tarixinə sosial-iqtisadi, ictimai-siyasi və mədəni təbəddülatlar dövrü kimi olmuşdur. Azərbaycanda faydalı qazıntıların çıxarılması və emal edilməsi ilə bağlı sənayenin müxtəlif sahələri intensiv şəkildə inkişaf edir. Əsrin əvvəlində dünya neftinin yarıdan çoxunu və Rusiya neftinin 95 faizini verməklə Bakı dünyanın neft mərkəzlərindən birinə çevrilmişdi. Mədəni həyatda canlanma hiss edilirdi. Elmin müxtəlif sahələri inkişaf etməyə, qəzet və jurnallar çap olunmağa başladı.
Siyasi cəmiyyətlərin, təşkilatların, partiyaların yaradılması, mütərəqqi, demokratik ideyaların intişarı milli özünüdərkin bərqərar olmasına və inkişafına azadlıq mübarizəsinin yüksəlişinə zəmin yaradırdı. 1917-ci ildə Rusiyada monarxiyanın süqutu əyalətlərdə azadlıq hərəkatlarının inkişafına əlverişli şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və müstəqil Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. 23 ay yaşadıqdan sonra bu respublika 1920-ci il aprelin 28-də süqut etdi. XI rus ordusu Bakıya daxil oldu. 1922-ci il dekabrın ayından Azərbaycan dövlət atributlarına malik – konstitusiyalı, bayraqlı, himn və gerbli müttəfiq respublika kimi SSR İ -nin tərkibinə daxil edildi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və dövlət müstəqilliyi barədə konstitusiya aktı qəbul olundu.
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının bütün xalq tərəfindən bəyənilmiş Konstitusiyası qəbul edildi. Bu hadisə Azərbaycan xalqının tarixində yeni mərhələnin – tərəqqi və demokratiya əsrinin başlanması əlamətdardır. Müstəqil Azərbaycan dövlətinin qurulması bizim həyatımızda mühüm tarixi hadisədir. Doğrudur, müstəqillik yolu bizim üçün hamar olmayıb və biz ağır sınaqlara məruz qalmışıq. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, erməni qəsbkarlarının ərazimizin 20 faizini işğal etməsi bir milyondan çox həmvətənimizi doğma yurd-yuvasından didərgin salaraq qaçqın və köçkünə çevirmişdir.
Müstəqil dövlətçiliyimizə mane olmağa çalışan daxili və xarici qüvvələrin təxribatları, keçmiş iqtisadi əlaqələrin pozulması, keçid dövrünün sosial-iqtisadi çətinlikləri və sairə problemlər də bizim müstəqillik yolumuzu xeyli çətinləşdirmişdir. Lakin bütün bunlar xalqımızın öz müstəqil dövlətçiliyinə inamını, mübarizə əzmini və qətiyyətini nəinki sarsıtmamış, əksinə daha da möhkəmlətmişdir. Son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində ölkənin həyatında əldə edilmiş nailiyyətlər göz qabağındadır. Ermənistanla 1988-ci ildən bəri davam edən müharibə üç il yarımdan artıqdır ki dayandırılmış, atəşkəsə nail olunmuşdur. Ölkə daxilində qeyri-qanuni silahlı dəstələrin fəaliyyətinə birdəfəlik son qoyulmuş. siyasi hərc – mərcliyin qarşısı alınmışdır. Qətiyyətlə deyə bilərik ki, hal-hazırda Azərbaycan Respublikası tam siyasi sabitlik şəraitində yaşayır.
Bu da ölkə həyatının müxtəlif sahələrində köklü dəyişikliklərin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır. Azərbaycan Respublikası müstəqil bir ölkə kimi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə gedir. Cəmiyyətimiz dünyada sınaqdan çıxmış və xalqımızın milli xüsusiyyətlərinə uyğun gələn demokratik prinsiplər əsasında formalaşır. Xalqımızın tarixi arzusu olan müstəqil dövlətimizin ilk Konstitusiyası ümumxalq referendumu nəticəsində qəbul edilmişdir. Konstitusiya Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar edilməsini əsas qanun şəklində təsbit etdi. Konstitusiyanın müddəaları əsasında çoxpartiyalı, demokratik seçkilər yolu ilə parlament yaradılmış, siyasi plüralizmə nail olmaq, cəmiyyətimizdə demokratik prinsipləri inkişaf etdirmək üçün qanunlar qəbul edilmişdir.
Azərbaycan dilinin dövlət dili kimi həyatımızın bütün sahələrində yaşaması və inkişafına hərtərəfli şərait yaradılmış, onun zənginləşməsi və dünya dilləri arasında layiqli mövqe tutması üçün daha geniş per i spektivlər açılmışdır. İndi Azərbaycanda əikir müxtəli f liyi, söz, mətbuat, vicdan azadlığı, insan hüquqlarının qorunması cəmiyyətimizin əsas və dönməz prinsiplərini təşkil edir. Xalqımız öz həyatını qanunların aliliyi, tarixi, milli-mənəvi dəyərlərin qorunması və inkişafı şəraitində qurur və bundan sonra da bu yolla gedəcəkdir. Azərbaycan iqtisadiyyatı böyük dəyişikliklər və islahatlar dövrünü yaşayır. Bazar münasibətlərinə keçid və dünya iqtisadi sisteminə inteqrasiya olunmaq siyasətimizin əsas istiqamətlərini təşkil edir.
Ölkədə makroiqtisadi sabitlik təmin olunmuş, 80-ci illərin sonundan iqtisadiyyatda baş verən geriləmə hallarının qarşısı alınmış, bəzi sahələrdə isə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir. Bu gün ölkədə aparılan iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. İqtisadiyyatın strukturunda köklü dəyişikliklər baş verir, yeni təsərrüfat sisteminin tələblərinə uyğun təsisatlar və iqtisadi münasibətlər formalaşır. Hazırda sənayenin, ticarətin, nəqliyyatın, məişət xidməti sahələrinin özəlləşdirilməsi, bank-maliyyə sisteminin, istehsalın yenidən qurulması, dünyanın ən böyük dövlət və özəl qurumları ilə müştərək layihələrin həyata keçirilməsi və sairə Azərbaycanın iqtisadiyyat sahəsində əldə etdiyi uğurlardandır.
Dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə neft müqavilələrinin bağlanması, bu müqavilələrin işə başlaması, ilkin neftin artıq Qərb bazarlarına nəql edilməsi ölkə iqtisadiyyatında böyük dəyişikliklərə zəmin yaratmışdır. İslahatlar iqtisadiyyatın diğər sahələrinə nisbətən aqrar sahədə daha sürətlə gedir.
Kənd təsərrüfatında aparılan radikal islahatlar – ictimai və dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi, torpaqların xüsusi mülkiyyətə verilməsi, mülkiyyət formalarının dəyişdirilməsi, kəndlidə həqiqi sahibkarlıq hisslərinin yaradılması öz müsbət nəticələrini vermiş və Azərbaycanda ərzaq problemi birdəfəlik aradan qaldırılmışdır. Ölkə iqtisadiyyatında həyata keçirilən dəyişikliklər və bunun nəticəsində nail olduğumuz inkişaf dövlətə əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, elmə, mədəniyyətə, təhsilə daha çox vəsait cəlb etmək imkanı yaradır.
Azərbaycan bu gün müstəqil bir dövlət kimi bütün dünyada tanınır və özünəməxsus nüfuza malikdir. İstiqlaliyyət əldə etdikdən sonra dövlətimiz qısa müddətdə Birləşmiş Millətlər Təşkilatının. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin. Türk Dövlətləri Birliyinin, Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Bərpa və İnkişaf Bankının, İslam İnkişaf Bankının üzvü olmus, Parlamentlərarası İ ttifaq, Avropa Şurası, Avropa Birliyi, Avropa Parlamenti, NATO və başqa beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələr yaratmışdır. Azərbaycan diplomatiyası dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, bütün ölkələrlə hərtərəfli, bərabər hüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmaq sahəsində mühüm uğurlar qazanm ı şdır.
Bu gün dövlətimizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın haqq səsi dünya dövlətləri, beynəlxalq və regional qurumlar tərəfindən dəstəklənir. İnanırıq ki, yaxın zamanlarda bu problem sülh yolu ilə özünün ədalətli həllini tapacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Biz dəfələrlə bəyan etmişik ki, Ermənistan-Azərbaycan münaqişəsi dinc yolla həll olunmalıdır. Biz müharibə istəmirik. Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur. Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla, ələlxüsus öz qonşuları ilə qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir.

Yaranma tarixi

1136-1225-ci illər ərzində Azərbaycan ərazisində göy rəngli üzərində ikibaşlı qartal təsviri olan Atabəylər dövlətinin (Eldəgəzlər dövləti) bayrağı ucalırdı. Atabəylər Dövlətinin banisi Atabəy Şəmsəddin Eldəgəzdir. Azərbaycan (Kürdən cənuba), Şimal-Qərbi İran vilayətləri (İsfəhan, Rey) və s. yerləri əhatə edirdi. Paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan və Təbriz olmuşdur. .

Qaraqoyunlu dövləti – 1410-1468-ci illər ərzində Şirvan istisna olmaqla bütün Azərbaycanı, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraqı əhatə edirdi. Qaraqoyunlular Oğuz türk əsilli tayfa ittifaqıdır. Bayraqlarında təsvir olunan qoyunun rənginə görə o Qaraqoyunlu adlanırdı.

1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur.

Səfəvilər dövləti – 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş bir dövlətdir. Səfəvilər tarixdə ilk dəfə Azərbaycan türkcəsini özünün rəsmi dili elan edib. Bayrağında İslam rəmzi olan yaşıl rəng üstünlük təşkil edir.

Bakı xanlığının bayrağı

Bakı xanlığının bayrağın dördkünc qumaşı (ölçüləri 220 x 122 sm) dörd parça açıq moruğu və bir parça açıq xaradan əl ilə tikilmişdir. Uzununa yerləşdirilmiş yaşıl parça (eni 31 sm) ona möhkəm tikilmiş qırmızı atlas köbə (eni 6 sm) vasitəsilə bayraq ağacına taxılmışdır. Yaşıl parçanın üstündə xırda nəbati naxışlı üç zolaq vardır. Birinci zolaqda yanyana baş-ayaq yerləşdirilmiş biri tünd, o biri açıq yaşıl rəngli zambağa oxşar butaların içində altıləçəkli güllər və şişuclu, dalğavari yarpağa oxşar naxışlar salınmışdır. Daha enli ikinci zolağın içində ucları birləşdirilmiş, biri tünd, o biri isə yaşıl rəngli iki aypara çəkilmiş, bu ayparaların və onların birləşməsindən yaranmış çevrənin içində altı və səkkizləçəkli güllər tikilmişdir. Ayparalarla zolağın arasında içərisində tünd yaşıl saplarla xallar vurulmuş butavari yarpaqlardan yaradılmış ornament salınmışdır. Bütün gül və naxışların üzərində artıq solmuş güləbətin saplarının izləri qalmışdır. Yaşıl parçaya yaxın yuxarı sol hissədə yerləşən parçanın üstündə tünd moruğu onturlu ucları birləşdirilmiş üç aypara təsvir edilmişdir. Birinci ən böyük ayparanın içində ortadan başlayaraq əks istiqamətlərdə tünd moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli orta ayparanın içində tünd moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli ayparanın içində tünd moruğu saplarla ərəb dilində “Ya Məhəmməd, möminləri müjdələ” və “Allahdan kömək və yaxın qələbə” sözləri yazılmışdır. Digər ayparanın uclarının birləşməsindən əmələ gələn çevrənin içində yaşıl fonda tünd moruğu saplarla ərəb dilində “Allah kömək edəndir və Allah qoruyandır” sözləri yazılmışdır. Uzunsov səkkizləçəkli gül formasında olan aşağı hissəsi ərəb qrafikası elementlərini (“bismillah” və ya “Bakuyə”) xatırladan mürəkkəb naxışlarla örtülmüşdür.

Gəncə xanlığının bayrağı

Bayrağın dördkünc qumaşı (uzunluğu 127 sm, eni 174 sm) məxsusi toxunmuş və əl ilə bir-birinə tikilmiş moruğu və yaşılrəngli xara parçalarından hazırlanmışdır. Yuxarı hissənin sol tərəfində üç qızılı rəngli gül dəstəsi, al qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilmişdir. Qızılı zanbaq gülləri ilə əhatələnən qırmızı dairənin içində ərəb əlifbası ilə zərlə yazılmış “Allah” sözü vardır. Təbii elementlərdən olan gümbəzlər qırmızı rəngli ay-ulduzla bitir. Ortadan iki hissəyə bölünmüş çərçivədə ərəbcə aşağıdakılar yazılmışdır: “Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır “. Mərkəz hissə ara xətləri ilə on qata bölünmüş və bu qatlarda qızılı saplarla ərəbcə aşağıdakı yazı beş dəfə təkrarlanmışdır: “Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir”.

Şəki xanlığının bayrağı

Şəki xanlığının ölçüsünə görə ən iri bayrağı (245 x 237 sm) beşbucaqlı formasındadır. Moruq rəngli orta hissəsi sarı ipək saplarla və güləbətinlə işlənmiş ornamentlərlə örtülmüşdür. Bayraq qumaşı xara (zərxara) parçadandır. Ortada, güləbətin saplarla işlənmiş şaquli istiqamətli xətlər arasında, sarı ipək saplarla cərgə-cərgə səkkizguşə və altıguşə ulduzlar, həndəsi qab fiqurları çəkilmiş, onların arasında isə, dəyirmi, rombvarı və üçbucağa oxşar kiçik fiqurlar salınmışdır.

İrəvan xanlığının bayrağı

Bayrağın qumaş hissəsi (ölçüləri:156 x 156 sm) zoğalı rəngli dördkünc ipək qanovuz parçadandır. Onun üstündə təbii boyalarla Şir və Günəş (şirixurşid) təsvirləri çəkilmişdir. Yan tərəfdən təsvir edilən Şir başını arxaya döndərmiş , qabaq sol pəncəsində qılınc tutmuş, quyruğunu belinə tərəf yuxarı qaldırmış şəkildə təqdim edilmişdir. Şirin arxasında doğan sarı Günəş və onun qızılı şüaları görünür. Şirin başı üstündə damcıvari sarı kartuşda “Əs-sultan ben əs-sultan Şah Fətəli Qacar, 1239” sözləri yazılmışdır. Bayraq qumaşının zoğalı hissəsində əmələ gəlmiş üçbucaqların hər birində yerləşdirilmiş yerliyi qara olan dörd kartuşun içərisində sarı rəngli hərflərlə aşağıdakı Quran ayələri yazılmışdır: aşağıda sağda – “Möminləri müjdələ “, solda – “Kömək allahdandır və yaxın qələbə”, yuxarıda sağda – “Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik”, solda – “Mərhəmətli, rəhimli allahın adı ilə “. Bayrağın üz və astar üzlərindəki təsvirlər biri digərini təkrarlayır.

Qarabağ xanlığının bayrağı

İmperator I Aleksandr tərəfindən vəd edilən bayraq bir il sonra – 1807-ci ildə Mehdiqulu xana təqdim edildi. 1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlarının bu bayraqdan hakimiyyət rəmzi kimi istifadə etmək hüququnu təsdiq etdi. Bayraq qumaşı (ölçüləri 115 x 100 sm) zamanın təsirindən saralmış dördkünc ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunmuşdur. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və başlarının üstündə, ortada təsvir edilmiş iki kiçik və bir böyük tac qızılı rəngdədir. Tacların üstü göy və qırmızı daşlarla bəzənmişdir. Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilmişdir. Qalxanın üzərində ağ, qırmızı və boz rənglərlə Moskva şəhərinin gerbi – Müqəddəs Müzəffər Georginin əksi verilmişdir. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilmiş, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınmışdır. Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülmüşdür.

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərarda Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilirdi. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr – şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. İlk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 9 noyabr 1918-ci ilə qədər mövcud olub.

Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (böyük mesenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin, indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır. Sovet Rusiyasının XI Qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrildi, süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi.

1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti quruldu və Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan Sovet Sosialist Respublikası) elan olundu. İlk dövrlərdə inqilabi al bayraqlarla yanaşı, bayrağın sapına yönəlmiş yuxarı sol küncündə ağ beşguşəli ulduz və ağ aypara təsvirli al bayraqlardan da istifadə olunurdu. 1921-ci ildə Bakıda buraxılmış plakatda belə bayraq təsvir olunmuşdu.

1920-1921-ci illər ərzində Azərbaycan Sovet Sosialist Respublikasının ilk bayrağı.

1921-ci ilin may ayında Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin ticarət, dəniz və hərbi bayrağı al qumaş parçadan ibarət idi, onun sol küncündə, bayraq sapı tərəfdə yaşıl fon üzərində qızılı “AİŞC” və ya “Azərbaycan İctimai Şuralar Cümhuriyyəti” yazısı yerləşdirilmişdir. Azərbaycan SSR-in bayrağının RSFSR-in (Rusiya Sovet Sosialist Federativ Sosialist Respublikası) bayrağından fərqi onda idi ki, RSFSR bayrağında yazılı sahə qırmızı idi, Azərbaycan SSR-ində isə yaşıl verilmişdi. 1921-ci Azərbaycan SSR-in dövlət dili əsasında türk dili, əlifbası isə ərəb əlifbası idi, odur ki, “AİŞC.” abreviaturası da ərəb əlifbası ilə türk dilində verilirdi.

Azərbaycan SSR-in 1921-1922-ci illərdəki bayrağı.

1922-c i ilin dekabrın 30-da SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyini de fakto itirən Azərbaycan SSR MİK (Mərkəzi İcraiyyə Komitəsi) yeni latın qrafikalı əlifbanın (yeni əlifba adlanan) ərəb əlifbası əsasında olan köhnə əlifbası ilə eyni hüquqa malik olması barədə dekret qəbul etdi. Bu amil bayrağın təsvirinə də öz təsirini göstərmiş oldu, yəni “A.S.S.R” abreviaturası, həm latın, həm ərəb əlifbası ilə verildi.

Azərbaycan SSR-in 1922-24-cü illər ərzində dalğalanan bayrağı.

1924-cü il dekabrın 8-də Azərbaycan SSR MİK-in dördüncü çağırış üçüncü sessiyası Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) yeni redaksiyasını qəbul etdi. Azərbaycan SSR Sovetlər Qurultayı 1925-ci il martın 14-də onu təsdiq etdi. “AİŞC-nin dövlət bayrağı 2:1 nisbətdə olan al (qırmızı) qumaşdan ibarətdir. Yuxarı sol küncündə, bayraq sapı tərəfdə radiusu bayraq eninin 1/6-nə bərabər olan ölçüdə qızılı oraq və çəkic yerləşdirilib; onun üzərində şiş ucları sağ tərəfə yönəlmiş qızıl aypara və qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib; ayparanın diametri bayraq eninin 1/10-nə bərabərdir, oraq və çəkicdən sağda yeni və əski türk əlifbası ilə “A.İ.Ş.C” yazısı verilib.

Azərbaycan Sovet Sosialist Respublikası nın 1924-1930-cu illər bayrağı.

20-ci illərin axırında rus dilindəki “социалистическая” sözü əvvəlki tək “ictimai” kimi deyil, “sosialist” kimi tərcümə edilməyə başlanıldı. Bununla bağlı bayraq üzərindəki abreviatura yazısında da düzəlişlər edildi. 1930-cu ildən başlayaraq, Azərbaycan SSR-in bayrağı üzərində “ASSR” abreviaturası yalnız latın əlifbası ilə verilməyə başladı.

Azərbaycan Sovet Sosialist Respublikası nın 1930-1937-ci illər bayrağı.

1937-c i il Konstitusiyasının 152-ci maddəsində isə dövlət bayrağının təsviri belə ifadə edilmişdi: Azərbaycan Sovet Sosialist Respublikasının dövlət bayrağı, sol bucağında, bayraq ağacı yanında yuxarıda qızılla oraq və çəkic çəkilmiş və üstündə Azərbaycan dilində “Az SSR” sözləri yazılmış qırmızı qumaşdan ibarətdir.

Azərbaycan SSR -in 1937-1940-cı illər ərzindəki bayrağı. Bayraqdakı təsvirlər latın qrafikası ilə göstərilib.

1939-cu il 11 iyul tarixdə qəbul edilmiş “Azərbaycan əlifbasının latın əlifbasından rus əlifbasına keçməsi” haqqında Azərbaycan SSR-in Qanununa uyğun olaraq 1940-cı il yanvarın 1-dən Azərbaycan əlifbası latın əlifbasından rus əlifbasına keçirildi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1940-cı il 20 mart tarixli fərmanı ilə Azərbaycan SSR Dövlət bayrağı üzərində “Az. SSR” abreviaturası yeni əlifba ilə təsvir edildi.

Azərbaycan SSR- in 1940-1952-ci illər ərzindəki bayrağı.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 7 oktyabr tarixli Fərmanı ilə Azərbaycan SSR xalq rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru K.M. Kazımzadənin layihəsi əsasında Azərbaycan SSR-in yeni Dövlət bayrağı təsdiq olundu və onun təsviri Azərbaycan SSR-in 1953-cü il 18 avqust tarixli Qanunu ilə Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) 152-ci maddəsinə daxil edildi: “Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağı iki üfüqi yerləşən rəngli zolaqlardan ibarətdir: qırmızı rəngli üst zolaq bayrağın eninin ¾-nə bərabər ölçüdədir, göy rəngli alt zolaq bayrağın eninin ¼-nə bərabər ölçüdədir, qırmızı zolağın yuxarı sol küncündə bayraq sapı tərəfdə qızılı oraq və çəkic, onlardan yuxarıda qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib. Eninin uzununa nisbəti 1:2-dir.

Azərbaycan SSR -in 1952-1991-ci ilə kimi mövcud olmuş bayraq.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud olan üçrəngli bayraq Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi yenidən dalğalanmağa başlayıb.

Azərbaycan respublikasının tarixi

Burda hər daşın altında bir tarix var. Hər bir abidə tarixin ayrı-ayrı səhifələrindən xəbər verir. Gəzdikcə, gördükcə, oxuduqca nə isə kəşf edirsən və hər dəfəsində də yenidən aşiq olursan. Bura Azərbaycandır.

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələri olan xalqlarındandır və təqribən 5 min illik dövlətçilik tarixinə sahibdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanla Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Eramızdan əvvəl I minillikdə və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəlməsində, ölkənin iqtisadi-mədəni, etnik-siyasi tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayıblar.

Azərbaycanın bütün tarixi torpaqları Atropatena və Albaniya adlı iki yerli dövlətin tərkibində cəmləşmişdi. Ölkənin şimalında qurulan Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu da (Dərbənd və ətraf ərazilərlə birlikdə) daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda–Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şərqə doğru Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə şəhərləri olub.

Atropatena dövləti isə indiki İran İslam Respublikasının Azərbaycanla sərhəd şimal əraziləri və Azərbaycan Respublikasının cənub ərazilərini əhatə edirdi. Albaniyaya nisbətdə Atropatena daha tez süqut etdi və Sasanilərin təsiri altına düşdü. Eramızın əvvəllərində III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi.

Xilafət dağıldıqdan sonra–IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı. İslam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.

XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm dönüş dövrü başlandı. Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Azərbaycan növbəti Oğuz-Türk dövlətinin-Səlcuq imperatorluğunun tərkibinə daxil edildi.

Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar.

XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.

XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə-xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də, bu, arzuolunan nəticəni vermədi.

XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı. Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı.

Azərbaycanın bundan sonrakı tarixində “Şimali Azərbaycan” və ya “Rusiya Azərbaycanı”, “Cənubi Azərbaycan” və ya “İran Azərbaycanı” siyasi-coğrafi anlayışları meydana gəldi.

Çox çəkmədən, müstəqil yaşamaq ənənələrinə malik olan Azərbaycan xalqının həm şimalda, həm də cənubda azadlıq mübarizəsi gücləndi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika–Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cənubi Azərbaycanda isə müstəqil və demokratik Azadıstan dövləti (“Azadıstan məmləkəti”) quruldu (1920). Şeyx Məhəmməd Xiyabani Azadıstan Milli hökumətinin başçısı oldu. Hər iki Azərbaycan dövlətinin ərazisində geniş milli-demokratik islahatlar keçirilməsinə başlandı. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın 20 dövləti, o cümlədən Paris Sülh Konfransının Ali Şurası tərəfindən müstəqil dövlət kimi tanındı.

Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Azərbaycanda bolşevik rejimi 70 il hökm sürdü.

1991-ci ildə Sovetlər İmperiyasının dağılması ilə Azərbaycan növbəti dəfə müstəqilliyinə qovuşdu. Hazırda 86.6 min km2 ərazisi olan Azərbaycan Respublikasının torpaqlarının 20%-i işğal altındadır. Müstəqil Respublikamız 1992-ci ildə Azərbaycan BMT-yə üzv qəbul olundu. 1995-ci il noyabrın 12-də isə müstəqil Azərbaycan Respublikasının ilk demokratik konstitusiyası qəbul edildi. Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq təşkilatların üzvü olan Azərbaycan hazırda Avropa Birliyi, NATO, eləcə də digər beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlıq edir və regionin aparıcı dövlətinə çevrilib.

  • 454 Portalda olan xidmətlərin sayı

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.