Press "Enter" to skip to content

Azərbaycan SSR

1952-ci ildən Sumqayıt boru-prokat zavodu fəaliyyət göstərir. Sumqayıt dünyada tanınan məşhur kimya sənaye şəhəridir. Buradakı zavodlar sənayenin inkişafında mühüm rol oynayır.

Azərbaycan ssr 1980-ci illərdə

AZƏRBAYCAN PARLAMENTARİZMİ SOVET DÖVRÜNDƏ ADR parlamenti Rusiyanın XI Qırmızı ordusunun mühasirəsi və Rusiyanın Xəzər donanmasının birbaşa hərbi təhdidi altında AK(b)P Mərkəzi Komitəsi və RK(b)P Qafqaz Diyar Komitəsinin ultimatumunu (tələbini) gərgin müzakirə etdikdən sonra “Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında” qərar qəbul etdi. Qərarda hakimiyyəti qəbul edən bolşeviklərin qarşısında müstəqilliyin saxlanılması, bolşeviklərin yaratdığı hökumətin müvəqqəti olması, Azərbaycanın gələcək idarə formasının tezliklə toplanılmalı olan yeni parlamenti tərəfindən müəyyən edilməsi kimi bir sıra şərtlər qoyulurdu. Formal müstəqillik Bolşeviklər qəbul etdikləri şərtlərə əməl etmədilər. Rusiyanın inqilab adı ilə pərdələdiyi işğalçı niyyətləri elə Aprel işğalının ertəsi günü – 1920-ci il aprelin 28-də məlum oldu: RK(b)P-nin qərarı ilə təşkil olunan Azərbaycan Müvəqqəti İnqilab Komitəsi (Azərbaycan Hərbi-İnqilab Komitəsi, Azərbaycan İnqilab Komitəsi) respublikanın ali dövlət hakimiyyəti orqanı elan edildi. Qanunvericilik funksiyalarını həyata keçirən Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə (AMİK-ə) yalnız azərbaycanlı kommunistlərin – Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Mirzə Davud Hüseynov, Həmid Sultanov, A.Alimov, Dadaş Bünyadzadənin daxil edilməsi isə gözdən pərdə asmaq niyyəti güdürdü. Çox keçmədi AMİK-in yerlərdə orqanları – qəza, nahiyə, kənd inqilab komitələri yaradıldı. Ali dövlət hakimiyyəti orqanı olmasına baxmayaraq, bu təşkilatın real səlahiyyəti yox idi və müstəqil deyildi. Real hakimiyyət əslində RK(b)P-nin yerli təşkilatı olan AK(b)P MK-ya, daha dəqiq desək, onun Bakı bürosuna məxsus idi. AMİK isə Moskvadakı ağaların əlində oyuncaq, xalqı diz çökdürmək vasitəsi idi.
AMİK fəhlə sinfinin maraqlarını qabardıb əldə bayraq edərək bir qrup bolşevik liderin iradəsi ilə kobud, zorakı metodlarla həyata keçirilən siyasi, iqtisadi islahatların və mədəni inqilabın hüquqi bazasını yaradan bir çox radikal qanunlar qəbul etdi. O, Azərbaycan milli ordusunu ləğv etdi (generallarını və zabitlərini güllələtdi), şəxsi torpaqları müsadirə edərək kəndlilərə payladı. Sənayeni milliləşdirdi. İstehsal üzərində fəhlə nəzarəti haqqında, silklərin və vətəndaş rütbələrinin ləğvi haqqında dekret verildi. İnzibati dəyişikliklər və məhkəmə islahatı keçirildi.
Azərbaycan SSR formal müstəqilliyə malik olsa da, Sovet Rusiyası ilk gündən Azərbaycana müstəmləkə kimi baxırdı və vicdansızcasına onun torpaqları ilə alver edirdi. 1920-ci il avqustun 10-da Rusiya Azərbaycana məxsus olan Şərur-Dərələyəz ərazisini qanunsuz olaraq Ermənistana verdi. Qarabağ, Zəngəzur və Naxçıvan isə “mübahisəli vilayətlər” elan olundu. Bununla Rusiya Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və onu sovetləşdirmək siyasəti güdürdü. Düzdür N.Nərimanov Moskvaya göndərdiyi teleqramlarda sovet hakimiyyəti qurulanadək mübahisəsiz Azərbaycan torpaqları sayılan ərazilərin indi nədənsə mübahisəli sayılmasına və respublikanın torpaqlarının hərraca qoyulmasına qarşı ciddi etirazını bildirirdi. Lakin onun sözünə baxan yox idi. Hər şey Moskvada həll olunurdu. Sonra Zəngəzur 2 yerə bölünərək zorla Ermənistana birləşdirildi. Bu əraziyə İran, Misir, Türkiyə və Rusiyadan ermənilər köçürüldü, azərbaycanlılar isə müxtəlif vasitələrlə bölgədən çıxarıldı. Beləliklə, Azərbaycan və Naxçıvan arasında dəhliz yarandı. Bu illərdə Qazax qəzasının dağlıq hissəsi – Dilican ərazisi də Azərbaycan xalqının iradəsinə zidd olaraq Ermənistana verildi.
Göründüyü kimi Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı və Rusiya onunla qətiyyən hesablaşmırdı. Bu formal müstəqilliyi də Rusiya ləğv etməyə çalışırdı. Azərbaycanı öz tərkibinə qatmaq və buna hüquqi don geyindirmək üçün tədbirlər görürdü. 1920-ci il sentyabrın 30-da Azərbaycan SSR Sovet Rusiyası ilə bağlamağa məcbur olduğu hərbi-iqtisadi ittifaq haqqında müqavilə ilə özünün hərbi və iqtisadi müstəqilliyini itirdi və təbii ki, respublikada bu sahəyə aid qanun yaradıcılığı fəaliyyəti dayandırıldı.
AMİK üçün xarakterik cəhətlərdən biri onun sağ və sol qüvvələrə parçalanmış üzvləri arasında kəskin mübarizə aparması idi. M.D.Hüseynov və Ə.Qarayevin başçılıq etdiyi sol qanad sosialist islahatlarının həyata keçirilməsində, milliləşdirmə, din, sinfi düşmən barəsində siyasətin reallaşdırılmasında sərt tədbirlərə, yakobinsayağı terrora üstünlük verirdisə, Nəriman Nərimanovun başçılıq etdiyi sağ qanad isə inqilabi islahatlar zamanı Sovet Rusiyasında yol verilmiş səhvlərin, xırda burjuaziyanın və ortabab kəndlilərin əmlaklarının müsadirə edilməsi, xırda sənaye sahələrinin və ticarətin milliləşdirilməsi təcrübəsinin Azərbaycanda təkrar olunmamasını, xalqın dininə, adət-ənənələrinə hörmətlə yanaşılmasını tələb edirdi. AMİK-də sağ və sollar arasında gedən münaqişəni bəhanə edən Moskva bu quruma öz canişinini göndərdi. Belə ki, 1920-ci ilin noyabrında Serqo Orconikidze AMİK-ə siyasi rəhbər təyin edildi. Yalançı sovetlər Artıq Azərbaycanın siyasi müstəqilliyi də tamamilə formal xarakter daşıyırdı. Xalqda hakimiyyətin ona məxsus olması illüziyasını yaratmaq üçün nümayəndəli hakimiyyət orqanları sisteminin təşkilinə başlanıldı. Azərbaycan Xalq Cümhuriyyətini devirən Rusiya Azərbaycanda sovet hakimiyyəti qurulduğunu elan etsə də, ilk əvvəl – 1920-ci ilin sentyabrında yoxsul komitələri yaradılmağa başlandı. Bu ölkədə sovetlərin yaranması üçün əlverişli şəraitin olmadığını göstərirdi. Sovetlərin “yuxarıdan” tətbiqi və qeyri-demokratik tədbirlərin (seçki hüququnun məhdudlaşdırılması və s.) həyata keçirilməsi nəticəsində 1921-ci ilin baharında yerlərdə fəhlə və kəndli deputatları sovetləri “seçilməyə” başladı. Respublikada 30 min deputatı olan 1400 yerli kənd soveti təşkil edildi. Şəhər sovetlərinə hər 1000 nəfərdən bir, kənd sovetlərinə isə hər 5000 nəfərdən bir deputat seçilirdi. Elə bu qayda ilə seçilən I Ümumazərbaycan Sovetlər qurultayı 1921-ci ilin mayında işə başladı. Deputatların əsasən yoxsul və təbii ki, hazırlıqsız, səbatsız fəhlə və kəndlilərdən, kommunistlərdən seçilməsi parlamentin yuxarıdan idarə edilməsini asanlaşdırırdı. I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbulu ilə Azərbaycanda sovetlərin hakimiyyətinə hüquqi status verildi. AMİK ləğv edildi, onun yerinə ali dövlət orqanı kimi adətən seçiləndən sonra bir neçə gün fəaliyyət göstərən Ümumazərbaycan Sovetlər qurultayı, qurultaylararası dövrdə isə qurultayın seçdiyi Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (MİK, ilk sədri Muxtar Hacıyev idi) təsdiq edildi. Qanunverici, sərəncamverici və nəzarətedici orqan kimi yeni formatda və tərkibdə fəaliyyət göstərən Azərbaycan MİK-ə seçkilər çoxpilləli idi. Əvvəl ali hakimiyyət orqanı olan Ümumazərbaycan Sovetlər qurultayına seçkilər keçirilir, sonra qurultay qanunvericilik orqanı olan Mərkəzi İcraiyyə Komitəsini, o isə özünün rəyasət heyətini seçirdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 75 üzvü və 25 namizədi var idi. Rəyasət heyəti isə 13 nəfərdən ibarət seçilirdi. Oraya demək olar ki, bütün partiya rəhbərləri daxil idi.
1921-1937-ci illərdə Ümumazərbaycan Sovetlərinin qurultayları aşağıdakı ardıcıllıqla keçirilib:
I Ümumazərbaycan Sovetlər qurultayı – 6-19 may 1921-ci il
II Ümumazərbaycan Sovetlər qurultayı – 28 aprel-03 may 1922-ci il
III Ümumazərbaycan Sovetlər qurultayı – 25 noyabr-01 dekabr 1923-cü il
IV Ümumazərbaycan Sovetlər qurultayı – 10-16 mart 1925-ci il
V Ümumazərbaycan Sovetlər qurultayı – 18 mart 1927-ci il
VI Ümumazərbaycan Sovetlər qurultayı – 1-9 aprel 1929-cu il
VII Ümumazərbaycan Sovetlər qurultayı – 19-25 yanvar 1931-ci il
VIII Ümumazərbaycan Sovetlər qurultayı – 11-17 yanvar 1935-ci il
IX Ümumazərbaycan (Fövqəladə) Sovetlər qurultayı – 17 noyabr 1936-cı il; 10-14 mart 1937-ci il
Lakin bolşeviklər öz siyasi məqsədlərinə çatmaq naminə Azərbaycanın olan-qalan müstəqilliyinin də ləğv edilməsi istiqamətində işə başladılar və 1922-ci ilin martın 12-də Cənubu Qafqazın 3 respublikası (Azərbaycan, Gürcüstan, Ermənistan) vahid dövlətdə – Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqında (ZSSRFİ) birləşdirildi. Buna baxmayaraq, Rusiya Azərbaycanın müstəqilliyinin az-çox saxlanıldığından narahat olub 9 ay keçməmiş 1922-ci il dekabrın 10-da keçirilən I Zaqafqaziya Sovetlər qurultayında ZSSRFİ-ni Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) ilə əvəz etdi. Vahid qanunvericilik və icra orqanları olan ZSFSR-nin yaradılması Azərbaycanın müstəqilliyinə növbəti sarsıdıcı zərbə endirdi. 1922-ci il dekabrın 10-13-də keçirilən I Zaqafqaziya Sovetləri qurultayında Azərbaycandan 175 deputat iştirak edirdi. Bu qurultayda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (150 üzv və 50 namizəd) seçildi. SSRİ-nin yaranması Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rusiya, Ukrayna və Belorusiya ilə birlikdə SSRİ-nin təşkil edilməsi haqqında qərar qəbul etdi. 1922-ci ilin dekabrın 30-da Moskvada keçirilən I Ümumittifaq Sovetlər qurultayı SSRİ-nin yaranması ilə bağlı qərar verdi. Bununla da Azərbaycanın müstəqilliyinə tamam son qoyuldu. Azərbaycan SSR SSRİ-nin atributlarına uyğunlaşdırılan bir sıra dövlət atributlarını – bayraq, gerb, himn və konstitusiyanı qoruyub saxlasa da, beynəlxalq hüququn subyekti olmaq statusunu itirdi və hüquqi cəhətdən bolşevik Rusiyasının müstəmləkəsinə çevrildi. SSRİ-də ali dövlət hakimiyyəti sovetlər qurultayı, qurultaylararası dövrlərdə isə qurultayın seçdiyi Mərkəzi İcraiyyə Komitəsi idi.
Azərbaycanın ZSFSR tərkibində SSRİ-yə qatılması Azərbaycan MİK-in mövcud formal müstəqilliyini itirməsi, birbaşa Zaqafqaziya və SSRİ MİK-lərindən asılı vəziyyətə düşməsi ilə nəticələndi.
Bütün bu qanunvericilik orqanlarında Azərbaycan nümayəndələrinin iştirak etməsinə, hətta yüksək vəzifə tutmasına baxmayaraq, mərkəzin əli ilə antiazərbaycan siyasəti yeridilirdi. Hətta vəziyyət o yerə çatmışdı ki, yüksək vəzifəli azərbaycanlı kommunistlər də narazılığını açıq-aşkar bildirirdilər. AK(b)P MK katibi Əyyub Xanbudaqov 1924-cü ildə Moskvanı Azərbaycanın sovet və partiya işinə hədsiz müdaxilədə, respublikanı simasızlaşdırmaqda, buraya rusları köçürmədə, milli kadrları sıxışdırmaqda ittiham etdi və bu siyasətə qarşı çıxdı. Elə həmin il o, rəhbər vəzifədən uzaqlaşdırıldı və partiyadan qovuldu. Azərbaycana qarşı aparılan ədalətsiz siyasəti SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri Nəriman Nərimanov RK(b)P MK-ya və Stalinə yazdığı «Ucqarlarda inqilabımızın tarixinə dair» adlı məşhur məktubunda cəsarətlə ifşa etdi. N.Nərimanov Azərbaycanın taleyinin daşnaklara tapşırıldığını bildirdi. 1927-ci ildə Zaqafqaziya MİK-in qərarı ilə Mehri-Cəbrayıl qəzalarından 24 kənd, Aşağı Zəngəzurdan 1065 desyatin torpaq sahəsi, 1929-cu ildə daha 13 min hektar Azərbaycan ərazisi – Nüvədi, Tuğut və Yernəzir kəndləri, habelə Naxçıvandan 9 kənd, Qaymaqlı ilə Kürumuzlu arasındakı sahələr (228,9 desyatin) Ermənistana verildi. Zaqafqaziyanın və SSRİ-nin qanunvericilik orqanlarında fəaliyyət göstərən Azərbaycan nümayəndələri isə respublikanın suveren hüquqlarının pozulmasına qarşı əməli bir iş görə bilmədilər.
İnzibati-amirlik üsuli-idarəsinin inkişaf etməsi qanunvericilik orqanının işinə də təsir edirdi. Mövcud siyasi və iqtisadi sistemin qorunması, məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində qanun yaradıcılığı prosesi xeyli sürətləndi. 1927-ci ilin martında V Ümumazərbaycan Sovetlər qurultayı Rusiya konstutusiyası nümunəsində hazırlanmış Azərbaycan SSR-nin II Konstitusiyasını qəbul etdi. Bu vaxta qədər respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər Konstitusiyaya salındı. 1937-ci ildə Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbulu ilə qanunverici orqan yeni mərhələyə qədəm qoydu. Ali Sovet Yeni qəbul edilən Konstitusiyaya əsasən Azərbaycanın qanunvericilik orqanı yeni formatda – respublikanın Ali Soveti kimi təşkil olundu. Lakin bu, adi forma dəyişikliyi deyildi. Deputatların tərkibi, kimlərin seçilməsi, parlamentdə neçə nəfər fəhlə, kolxozçu, qulluqçu, qadın, gənc, bitərəf və s. olması yuxarıdan müəyyən edilirdi. I çağırış Azərbaycan SSR Ali Sovetinə birbaşa seçkilərdə (24 iyun 1938-ci il) seçilmiş 310 deputatdan 107-si fəhlə, 88-i kolxozçu, 115-i ziyalı-qulluqçu, bunlardan 72-si qadın idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi, hər hansı bir siyasi təşəbbüsün düşmənçiliklə qarşılandığı şəraitdə Ali Sovet səmərəli fəaliyyət göstərə bilmirdi. Buna görə də nümayəndəli qanunvericilik orqanlarına seçilmiş azərbaycanlılar 1937-1938-ci və sonrakı illərdə respublikanın elmi, mədəni, siyasi elitasının məhv edilməsinə, xalqın genofonduna zərbə vurulmasına, torpaqlarının dəfələrlə parça-parça qoparılıb Ermənistana verilməsinə qarşı etiraz səslərini qaldıra bilmədilər. Əksinə, yuxarının təzyiqi ilə Azərbaycan SSR Ali Soveti 1938-ci il mayın 7-də Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistana verilməsi haqqında protokolu təsdiq etdi. Lakin həmin qərara yerlərdə sadə insanlar, kənd camaatı müqavimət göstərdilər və torpaqlarını əldən vermədilər. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də 1938-ci ildə qəbul etdiyi bu bədnam qərarı yenidən təsdiq etdi. Lakin az sonra hakimiyyətə gəlmiş cənab Heydər Əliyev bu qərarın icrasına yol vermədi. Müdrik rəhbər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra məhdud imkanlardan xalqın xeyrinə istifadə etmək, diqqəti cəlb etmədən milli-mənəvi oyanışa kömək göstərmək üçün addımlar atmağa başladı. Müdrik rəhbər böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, parlamentin işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanışı siyasətinin reallaşmasına yönəltdi. Partiya lideri olmaqla bərabər o, həm də SSRİ Ali Sovetinin (VIII-IX çağırışlar) deputatı, onun yuxarı palatası olan İttifaq Sovetinin sədr müavini (IX çağırış), habelə Azərbaycan SSR Ali Sovetinin (VII-X çağırışlar) deputatı və rəyasət heyətinin üzvü kimi geniş dövlətçilik fəaliyyəti göstərirdi. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi – Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanın iqtisadi inkişafı üçün olduqca böyük əhəmiyyətə malik beş mühüm qərar qəbul etdi. Onların hər biri Azərbaycanın xalq təsərrüfatının inkişafına ittifaq fondundan külli miqdarda vəsait ayrılması ilə bağlı idi. Heydər Əliyevin həyata keçirdiyi kadr siyasəti bütün sahələrdə olduğu kimi, qanunvericilik orqanına da ən bacarıqlı və layiqli adamların seçilməsinə imkan yaratdı. Ali Sovetin işi xeyli fəallaşdı, yeni daimi komissiyalar yaradıldı, onların səmərəli işləməsi üçün tədbirlər görüldü. Azərbaycan parlamenti respublikanın iqtisadi, mədəni inkişafı üçün hüquqi baza yaradan onlarca qanun qəbul etdi. Heydər Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu.
1970-ci illərdə və 1980-ci illərin əvvəllərində qanun məcəllələrinə əlavə və dəyişikliklər edildi. Azərbaycanda məhkəmə quruluşu, səhiyyə, dövlət notariatı, xalq təhsili, tarix və mədəniyyət abidələrinin qorunması, Nazirlər Soveti, xalq deputatları sovetləri haqqında qanunlar, Torpaq, Əmək, İnzibati hüquq pozuntuları, Ailə və Nikah Məcəllələri qəbul edildi. Heydər Əliyev Azərbaycanın suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısını vaxtında, qətiyyətlə alırdı. SSRİ-nin 1977-ci ilin oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri xüsusən artmışdı və yalnız Heydər Əliyevin SSRİ rəhbərləri qarşısında qoyduğu qəti tələblər nəticəsində o vaxt Dağlıq Qarabağın statusu məsələsinə baxılmadı. Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Konstitusiya Komissiyasının hazırladığı və 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-nin yeni Konstitusiyası mövcud olan məhdud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Azərbaycan dili respublikada dövlət dili statusu aldı. “Qoy ədalət zəfər çalsın!” – o zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrildi.
1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan parlamenti respublikada həyata keçirilən böyük quruculuğun hüquqi bazasının yaradılmasında mühüm işlər gördü. Ölkədə, xüsusən qanunvericilik hakimiyyəti orqanının işində mühüm irəliləyişlər Heydər Əliyev şəxsiyyəti, onun çoxcəhətli idarəçilik istedadı, möhtəşəm siyasi-dövlətçilik fəaliyyəti ilə sıx bağlı idi. O, 1982-ci ilin sonlarında Moskvada SSRİ-nin yüksək partiya və dövlət vəzifələrinə irəli çəkildikdən sonra təəssüf ki, bu işləri davam etdirmək üçün respublikanın yeni rəhbərliyində, habelə parlament üzvlərində lazımi güc, iradə, təpər olmadı.
SSRİ-nin süqutu ərəfəsində – 1988-ci ildə Azərbaycanda baş qaldırmış erməni separatizmi və Ermənistanın faktiki təcavüzü qarşısında respublikanın o vaxtkı rəhbərliyi və parlamenti hadisələrə münasibətdə bağışlanmaz passivlik və laqeydlik nümayiş etdirdi. Hətta SSRİ-nin ali qanunvericilik orqanındakı azərbaycanlı deputatlar erməni separatizmini müdafiə edən SSRİ rəhbərliyinin Azərbaycanın suveren hüquqlarını açıq-aşkar pozan qərarlarına qarşı etiraz etmədilər. Azərbaycan parlamenti isə bu qərarları kor-koranə təqdir etdi.
1990-cı ilin sentyabrında fövqəladə vəziyyət şəraitində seçilən Azərbaycan Ali Soveti artıq süqut etməkdə olan SSRİ-ni saxlamağa çalışan qüvvələrin əlində oyuncağa çevrilmişdi. Azərbaycan torpaqları isə bir-birinin ardınca işğal edilir, azərbaycanlılar öz doğma yurd-yuvalarından qovulurdular. Dahi xilaskar Bu ağır günlərdə xalqın yanında olmaq üçün Naxçıvana qayıtmış Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MR Ali Sovetinə deputat seçildi. Bununla da Heydər Əliyevin dövlətçilik fəaliyyətində və Azərbaycan dövlətçiliyində, müstəqillik mübarizəsində yeni bir dövr başlandı. O, xalqı azadlıq uğrunda sonacan mübariz olmağa çağırırdı. Mühafizəkar Azərbaycan parlamenti SSRİ-nin saxlanılmasına münasibət bildirmək üçün keçirilən referenduma razılıq verərkən “Bizim ümumi ittifaqdan nicatımız yoxdur!” deyən deputat Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi muxtar respublikada referenduma yol vermədi. Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikada milli dövlətçilik ənənələri bərpa edilməyə başladı. Muxtar respublikanın adından “sovet sosialist” sözləri götürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü irəli sürüldü. Azərbaycan parlamenti də (5 fevral 1991-ci il) respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərarlar qəbul etdi. 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktının parlamentdə qəbul edilməsi ilə Azərbaycan müstəqilliyinə qovuşdu.
Bu dövrdə iqtidarla müxalifət arasında sövdələşmənin nəticəsi olaraq Azərbaycan Ali Soveti səlahiyyətlərini öz üzvləri arasından seçdiyi 50 nəfərlik Milli Şuraya verdi. Parlament Naxçıvan MR parlamenti sədrinin Azərbaycan parlamenti sədrinin müavini olması qaydasını ləğv etdi, Prezident üçün yaş senzi müəyyənləşdirildi və s. Bu qeyri demokratik tədbirlər birbaşa Naxçıvan MR Ali Məclisinin sədri seçilmiş və xalq arasında böyük nüfuza malik Heydər Əliyevə qarşı yönəldilmişdi. Bununla onlar Ulu öndərin siyasi fəaliyyətini məhdudlaşdıracaqlarına ümid edirdilər.
Siyasi qeyri-sabitlikdən, anarxiyadan, dövlət çevrilişlərindən zinhara gələn xalq öz layaqətli oğlunu – Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Böhranın getdikcə dərinləşməsi, az qala vətəndaş müharibəsinin başlanması, Ermənistanın təcavüzü qarşısında aciz qalan və öz yaratdıqları vəziyyətin girovuna çevrilən respublika rəhbərləri də Azərbaycan xalqının bu təkidli tələbinə qoşulmağa məcbur oldular. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlətçiliyini, siyasi varlığını məhv olmaq təhlükəsindən xilas etməklə bərabər, Azərbaycan parlamentinin tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bu artıq müstəqil Azərbaycanın müstəqil və xalqın mənafeyinə xidmət edən parlamenti idi.

Azərbaycan SSR

Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra 28 aprel 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulur. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (AK(b)P MK) məxsus idi.
1 may 1920 — Bakıda Xalq Cümhuriyyəti hökumətini devirən XI ordunun hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşdılar və qısa döyüşdən sonra şəhəri ələ keçirdilər.
3 may 1920 — Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başladı. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verdi. Bolşeviklərin Bakı buxtasındakı hərbi-dəniz qüvvələri cənuba doğru hərəkət edərək Lənkərana və Astaranı ələ keçirir. Xalq Cümhuriyyətinin azsaylı ordu hissələri yalnız Qarabağda qalmışdı və erməni qüvvələri ilə döyüşürdü.
5 may 1920 — Azərbaycan Müvəqqəti İnqilabi Komitəsi respublikada bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən kəndlilərin istifadəsinə verilməsi barədə qərar qəbul edir. Bir neçə ildən sonra həmin torpaqlar kəndlilərdən zorla geri alınaraq kolxoz təsərrüfatlarına veriləcəkdi.
7 may 1920 — Azərbaycanın bolşevik hökuməti ordunun və donanmanın yenidən təşkil edilməsi barədə dekret verdi. Qərarın icrası milli zabit kadrlarına qarşı repressiyalarla müşayiət olunurdu. Sovetləşmiş Azərbaycanın ordu və donanması isə formal olaraq 1922-ci ilədək mövcud oldu və həmin ilin dekabrında SSRİ-nin yaranması ilə Sovet Ordusunun Qafqaz hərbi dairəsinin tərkibinə qatıldı.
12 may 1920 — Azərbaycan Müvəqqəti İnqilab Komitəsi respublikada xalq məhkəmələrinin yaradılması haqqında dekret verdi. Əksinqilab və təxribatçılığa qarşı mübarizə üçün Fövqəladə Komissiya və Ali İnqilabi Tribunal təsis edildi, həmçinin silki və mülki rütbələrin ləğv edilməsi barədə dekret verildi.
15 may 1920 — Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verdi.
24 may 1920 — Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verdi. Əslində isə neft Rusiyanın nəzarətinə verilmişdi. Bu məqsədlə Azərbaycan Neft Komitəsi yaradılmış və komitəyə rəhbərlik Lenin tərəfindən Bakıya göndərilən Aleksandr Serebrovskiyə tapşırılmışdı. Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar milliləşdirildi.
3 iyun 1920 — Zəngəzur və Qarabağda bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılıq etdiyi Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini ələ keçirdilər. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndəridi. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də şəhəri yenidən işğal edirlər. Milli ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkilirlər. İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçir. Sovetləşməyə qarşı üsyanlar ilin sonunadək Şəmkir, Quba və digər bölgələrdə də baş verirdi.
6 may 1921 — I Ümumazərbaycan sovetlər qurultayı (6-19 may) işə başladı. Qurultayda Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul olundu. Müvəqqəti İnqilab Komitəsi və yerlərdəki inqilab və yoxsul komitələri ləğv edildi, ali qanunverici orqan olaraq Mərkəzi İcraiyyə Komitəsi (MİK, ilk sədri Muxtar Hacıyev) və yerli sovetlər yaradıldı. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (75 üzv və 25 namizəd) rəhbər orqanı isə respublika partiya (Azərbaycan KP) rəhbərliyinin də daxil olduğu Rəyasət Heyəti (13 nəfərdən ibarət) idi. Respublikada 30 min deputatı olan 1400 yerli kənd soveti təşkil edildi. 1921-1937-ci illərdə Ümumazərbaycan sovetlərinin 9 qurultayı keçirildi və 1938-ci ildə bu qurumu Ali Sovet əvəzlədi.
2 iyul 1921 — Azərbaycanda pedaqoji kadrlar hazırlayan ilk ali məktəb, hazırda Azərbaycan Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərən – Azərbaycan Kişi Pedaqoji İnstitutu (sonralar V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu) təsis edildi.
5 iyul 1921 — Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edildi. Bir gün öncə, iyulun 4-də RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərarın qəbuluna nail olmuşdular. Lakin N.Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Bununla belə, RK(b)P Qafqaz Bürosunun 5 iyul tarixli qərarında Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi qeyd olunmuşdu. Bununla da ermənilər əsas məqsədlərinə çatmasalar da, muxtariyyət qazanmış oldular. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi.
7 iyul 1923 — Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verir. Sənəddə bu qərarın azərbaycanlı və erməni xalqları arasında “beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə” xidmət edəcəyi vurğulanırdı. Dekretə əsasən, “Dağlıq Qarabağın erməni hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayətin yaradılması” nəzərdə tutulmuşdu. Bu barədə tövsiyə qərarı 1921-ci ildə RK(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunmuşdu. Həmin qərarda muxtariyyətin mərkəzi Şuşa göstərilsə də, Azərbaycan MİK-in dekretində vilayətin mərkəzi kimi Xankəndi seçilmişdi. Tezliklə ermənilərin təşəbbüsü ilə Xankəndi Stepanakert adlandırıldı Ərazi-inzibati bölgüsündən sonra DQMV-nin ərazisi 4,4 min kv.km olaraq müəyyənləşdi.
30 avqust 1930 — Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı ilə respublika ərazisi yeni inzibati vahidlərə – rayonlara bölündü. Qərara əsasən, 63 rayon yaradıldı. Bundan öncə respublikada ərazi-inzibati bölgü sistemi olaraq 10 dairə (Bakı, Gəncə, Qarabağ (Ağdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şirvan (Göycay), Nuxa, Zaqatala) və onların tərkibində qəzalar mövcud idi.
7 avqust 1932 — Sovet hökumətinin “Dövlət müəssisələri, kolxoz və kooperativlərin əmlakının qorunması haqqında” qərarı ilə xalq təsərrüfatında sərt cəza tədbirlərinin əsası qoyuldu. Qərara görə, dövlət əmlakından hətta xırda oğurluq güllələnmə, ən yaxşı halda 10 il həbslə cəzalandırılırdı. Sovet tarixinə “Beş sünbül haqqında qanun” adı ilə düşən sənəd Azərbaycanda da kənd təsərrüfatında repressiyalara zəmin yaratdı.
24 iyun 1938 — I çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirildi. 310 nəfərlik parlamentə 107 fəhlə, 88 kolxozçu və 115 ziyalı-qulluqçu seçilmişdi. Xalq deputatlarının 72-si qadınlar idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi şəraitdə Ali Sovet formal fəaliyyət göstərirdi.
1938 — Azərbaycan SSR Ali Soveti yerli əhalinin etirazına baxmayaraq Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul etdi. Bununla belə, qərar həyata keçməmiş qaldı. 31 il sonra, 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti onu yenidən təsdiq etsə də, tezliklə respublika rəhbərliyinə gələn Heydər Əliyev qərarın icrasının qarşısını aldı.
2 iyun 1938 — Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olundu. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmışdı. 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilmiş, 1938-ci ildə isə ilk mülki aviasiya dəstəsi uçuşlara başlamışdı.
25 iyun 1987 — SovİKP MK-nın plenumu “yenidənqurma” (“perestroyka”) haqqında qərar qəbul edir. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə etdi. Sovet İttifaqında (o cümlədən, Azərbaycanda) söz azadlığı, aşkarlıq, milli hərəkatlar prosesi başlandı. “Yenidənqurma” siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələndi.
21 may 1988 — SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan arasında münaqişəni sahmanlamaq üçün hər iki müttəfiq respublikanın rəhbərlərini dəyişdirir. Ermənistan KP MK-nın plenumunda 1-ci katib Karen Dəmirçyan, Azərbaycan KP MK-nın plenumunda isə Kamran Bağırov vəzifələrindən kənarlaşdırıldılar. Azərbaycan KP MK-nın 1-ci katibi postunaƏbdürrəhman Vəzirov seçildi.
18 iyul 1988 — SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş iclası keçirildi. M.Qorbaçovun sədrlik etdiyi iclasda Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi, hər iki respublikanın SSRİ Ali Sovetindəki deputatları iştirak edirdilər. Gərgin mübahisələrlə keçən iclasda “Dağlıq Qarabağ barəsində məsələyə dair” SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı qəbul olunur. Sənəddə Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağı ilhaq etmək barədə qərarının yolverilməz olduğu və onun ləğv edilməsinin zəruriliyi vurğulansa da, Ermənsitan SSR rəhbərliyi bu çağırışı cavabsız qoydu.
16 iyul 1989 — Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirildi. Bu, Azərbaycanda Qarabağ hadisələri ilə başlanan milli xalq hərəkatının qismən təşkilatlanması idi. Əbülfəz Elçibəy AXC-nin sədri seçildi. AXC-nin 16 nəfərdən ibarət İdarə Heyətinə isə kifayət qədər fərqli baxışlı şəxslər seçilmişdi və tezliklə təşkilatda parçalanmalar başlandı.
19 may 1990 — Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının prezidenti vəzifəsi təsis edildi. Sessiyada Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçildi. SovİKP MK-nın baş katibi M.Qorbaçovun SSRİ prezidenti seçilməsindən sonra müttəfiq respublikaların rəhbərləri də eynilə hərəkət etməyə başlamışdılar.
21 may 1990-cı il tarixində 28 mayın “Azərbaycan dövlətçiliyinin bərpası günü” elan edilməsi barədə prezident fərmanı elan edildi.
27 iyun 1991 — Ali Sovet Azərbaycanın “Suveren Dövlətlər İttifaqı haqqında” müqavilədə iştirak etməsi barədə qərar qəbul etdi. Yeni ittifaq müqaviləsinin imzalanması Moskvadakı “Avqust qiyamı” nəticəsində baş tutmadı.
30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi.
8 sentyabr 1991 — Azərbaycanda ilk prezident seçkiləri keçirildi. Ölkədəki əksər siyasi qüvvələrin, o cümlədən Xalq Cəbhəsinin boykot etdiyi və alternativsizlik şəraitində keçirilən seçkilərdə Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçildi.
18 oktyabr 1991-ci il Azərbaycan Respublikasının Ali Soveti Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktı qəbul edildikdən Azərbaycan SSR süqut etmiş, müstəqil Azərbaycan Respublikası yaranmışdır.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibləri:
1. Sergey Kirov – 24 iyul 1921 — yanvar 1925
2. Ruhulla Axundov – 1925 — 1926
3. Levon Mirzoyan – 21 yanvar 1926 — 5 avqust 1929
4. Nikolay Gikalo- 5 avqust 1929 — 5 avqust 1930
5. Vladimir Polonski-5 avqust 1930 — yanvar 1933
6. Ruben Rubenov-7 fevral 1933 — 10 dekabr 1933
7. Mircəfər Bağırov-15 dekabr 1933 — 6 aprel 1953
8. Mirteymur Yaqubov-6 aprel 1953 — 12 fevral 1954
9. İmam Mustafayev-16 fevral 1954 — 8 iyul 1959
10. Vəli Axundov- 10 iyul 1959 — 14 iyul 1969
11. Heydər Əliyev-14 iyul 1969 — 3 dekabr 1982
12. Kamran Bağırov-3 dekabr 1982 — 21 may 1988
13. Əbdürrəhman Vəzirov-21 may 1988 — 20 yanvar 1990
14. Ayaz Mütəllibov-25 yanvar 1990 — 14 sentyabr 1990

TARİX İNSTİTUTU

1930-cu ildə Azərbaycan SSR-də 10 dairə – Bakı, Gəncə, Zaqatala, Qarabağ (mərkəzi Ağdam), Quba, Kürdüstan (mərkəzi Laçın), Lənkəran, Muğan (mərkəzi Salyan), Nuxa, Şirvan (mərkəzi Göyçay) mövcud idi. SSRİ MİK XKS-nin qərarına müvafiq olaraq, 1930-cu il avqustun 8-də Azərbaycan SSR MİK və XKS “Dairələri ləğv etmək haqqında” qərar qəbul etdi. Respublikada (Naxçıvan MSSR və DMQV-dəki rayonlar da daxil olmaqla) 63 rayon təşkil edildi.

1931-ci il iyunun 26-da Azərbaycan SSR MİK Rəyasət Heyəti “Rayonların möhkəmləndirilməsi haqqında” qərar qəbul etdi. Yeni rayonlaşma nəticəsində bir sıra rayonlar birləşdirildi. Rayonların sayı 63-dən 52-yə endi.

Bakı istisna olmaqla, rayonlar 4 qrupa: pambıqçılıq, tarlaçılıq, maldarlıq, bağ-bostançılıq rayonlarına bölündü. Rayonlar 1937 və 1978-ci illərdə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyalarında təsbit olundu.

Beləliklə nəticə etibarilə Azərbaycan SSR ittifaq miqyasında yüksək göstəricilər əldə etməklə ön cərgələrdə gedirdi. Neft sənayesi Azərbaycanın ən qədim sənaye sahəsidir. Ona görə də Azərbaycanı “Neft Akademiyası” adlandırırlar. Bununla əlaqədar neft-mədən avadanlığı istiehsal edən Səttərxan zavodu, Keşlə maşınqayırma zavodu fəaliyyət göstərir.

Azərbaycanda ilk kimya zavodu 1879-cu ildə Bakıda tikilmişdir.

1952-ci ildən Sumqayıt boru-prokat zavodu fəaliyyət göstərir. Sumqayıt dünyada tanınan məşhur kimya sənaye şəhəridir. Buradakı zavodlar sənayenin inkişafında mühüm rol oynayır.

1954-cü ildə Daşkəsəndə filiz saflaşdırma zavodu işə başlamışdır.

1955-ci ildə Daşkəsəndə filiz saflaşdırma zavodu işə başlamışdır.

1955-ci ildə 360 min kvt. gücündə Mingəçevir SES istifadəyə verilmişdir. Enerji sənayenin inkişafında mühüm rol oynayır. Mədəni inkişafda yeni mərhələyə qədəm qoyan Azərbaycan elm və təhsil sahəsində böyük nailiyyətlərə malik olmuşdur.

1976-1986-cı illərdə ilk dəfə olaraq milli dildə Azərbaycan ensiklopediyası nəşr olunmuşdur.

1990-cı il mayın 18-də Ağstafa, Qobustan, Xızı, Hacıqabul, avqustun 28-də Naxçıvan MSSR-də Sədərək rayonu yaradıldı.

17 noyabr 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyasının qərarı ilə “Sovet”, “Sosialist” sözləri çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

1991-ci il 18 oktyabrda müstəqillik əldə edən Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdiyini bəyan etdi.

1991-ci il 26 noyabrda Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilmişdir.

Похожие статьи

  • Azərbaycan çekistləri.

    Azərbaycan çekistləri Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi…

  • Azərbaycan xalq cümhuriyyəti dövrünün iqtisadiyyatı

    Azərbaycan Xalq Cümhuriyyəti Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və…

  • Azərbaycan tarixi derslik

    Dərslik Azərbaycan tarixi 1922-27-ci illər Azərbaycanda əsasən, xalq təsərrüfatının bərpası, yerlərdə kənd sovetlərinin yaradılması və sosializm…

  • Azərbaycan xalq cümhuriyyəti 1 cild

    Azərbaycan Demokratik Respublikası Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial infrastrukturun inkişafı ilə bağlı…

  • Azərbaycan xalq cümhuri yyəti

    Azərbaycan Xalq Cümhuriyyəti – DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN DAVAMI KİMİ 27 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib….

Comments are closed, but trackbacks and pingbacks are open.