Azrbaycan tarixi mdniyyt qoruqları serbest
Böyük İpək Yolunun üzərində yerləşən Şəkidə Azərbaycan memarlığının nadir incisi, dünya əhəmiyyətli . ətraflı
Azrbaycan tarixi mdniyyt qoruqları serbest
Qədim Kiş kəndinin tarixi abidələri ilə tanış olun. ətraflı
“Yanardağ” – heç vaxt sönməyən alovun möcüzəsi. ətraflı
Əbədi alov məbədi – Atəşgah. ətraflı
Kəlağayıları, sənətkar emalatxanaları və tarixi hamamları ilə məşhur olan Basqalı tanıyaq. ətraflı
Qafqazın ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biri, gözəl təbii landşaftı ilə turistlərin se. ətraflı
Muzeyin fondunda 1200-ə yaxın eksponat var. ətraflı
Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri, bənzərsiz təbiəti, uzunömürlülər məskəni olan Xınal. ətraflı
Böyük İpək Yolunun üzərində yerləşən Şəkidə Azərbaycan memarlığının nadir incisi, dünya əhəmiyyətli . ətraflı
Bu muzey xalqımızın tarixi mədəniyyətinin qorunduğu, mühafizə olunduğu və təbliğ edildiyi məkandır. ətraflı
Rəssamlıq sənətinin təbliği və inkişafında böyük işlər görən qalereyanın fondunda 254 əsər var. ətraflı
“Dairəvi məbəd”də yerləşən muzeydə dekorativ və xalq sənət əsərləri, qədim Şəki evlərinin interyeri. ətraflı
Qoruqlar
Qısa məlumat:Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Burada əsasən bir meşə tipi—müxtəlif otlu çinar meşələri formalaşmışdır. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü—şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini,dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın «Qırmızı Kitabı»na yazılmışdır.
Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir.
Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s. məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir. Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbaycan təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və artırılması üçün diqqətəlayiq tədbirdir.
Qarayazı Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1978
Sahə (hektar):9,658
Olduğu yer: Qazax rayonunun ərazisində, Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində.
Qısa məlumat:Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və Kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir. Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə başlanmışdır.
Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərqə davamı Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı-Tbilisi dəmir yolu, cənubda Kür çayı ilə sərhədlənir. Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bunun da çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil edir. Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloji xüsusiyyətləri, Kür çayının təsiri, qrunt suyunun səthə yaxın olması, bitki örtüyünün müxtəlifliyi və s. burada allüvial-bataqlı, allüvial-çəmən, allüvial-çəmən-meşə və çəmən-şabalıdı torpaqların əmələ gəlməsinə şərait yaratmışdır. Kürün sahilindən uzaqlaşdıqca bitki örtüyünün dəyişməsi nəzərə çarpır: çay yatağının sahili boyunca söyüd, böyürtkən, iydə, zirinc kimi kollar inkişaf etmişdir. Sahildən uzaqlaşdıqda onları tipik tuqay meşələri əvəz edir. Burada tuqay meşələrinə xüsusi görkəm verən lianlara da rast gəlinir.
Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlinçik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. məməlilər məskunlaşmışdır. Ərazi daimi yaşayan və köçəri quşlarla da zəngindir. Quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın daha çox olub, sayı 500-dən 2000-ə qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir; burada, hətta həmişə sevilən bülbül də qorunur. Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər vardır. Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar Kürün daimi sakinləridir. Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır.
Qaragöl Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1987
Sahə (hektar):240
Olduğu yer: Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhəddində
Qısa məlumat:Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər. Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552m) yamacında 2650-2700 m hündürlükdə yerləşir. Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu – 30-dən aşağı, ən isti ayınkı 100 –dən yuxarıdır.
Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Cənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi, qırxbuğumu və qaymaqçiçəyi bitir. Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir.
Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir. Hal-hazırda Qaragöl qoruğunun işğal altında olması ilə əlaqədar hər iki respublika arasında yaranmış hazırki siyasi və milli münaqişənin qoruğun aqibətinə mənfi təsir göstərir.
Göy-göl Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1925
Sahə (hektar):6,732
Olduğu yer: Göygöl rayonunun ərazisində, Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində.
Qısa məlumat:Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli Qərarına əsasən qoruq yenidən təşkil edilmişdir. Qoruq içməli su mənbəyi kimi Göy-gölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır.
Göy-göl qoruğunun əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mylayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 4-100 arasında tərəddüd edir. Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göy-göl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir.
Qoruğun heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər ularıqara kərkəs,kəklik və s. göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin – Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı Qırmızı kitablara düşmüşdür. Qırmızı kitablarda Göy-göldə yaşayan və qorunan forel balığının və bir çox quşların da adı vardır.
Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-a qədər ağac və kol növünə malikdir. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyasdığı, şırımlı topal, ağbığ, qırtıc və göstərmək olar.
Qoruğun filialı kimi fəaliyyət göstərən 392 hektarlıq Eldar Şamı sahəsinin ərazisi genişləndirilmiş və 2004-cü ildə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır.
Qızılağac Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1929
Sahə (hektar):88,360
Olduğu yer: Lənkəran rayonunun ərazisində, Böyük Qızılağac körfəzində
Qısa məlumat:Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin körfəzdə və onun ətrafındakı Lənkəran və Masallı rayonlarının bataqlıq sahələrində vaxtı ilə köçəri quşlar daha çox idi. Lakin illər boyu ekoloji şəraitin dəyişməsi və qanunsuz ov nəticəsində köçəri quşlar xeyli azalmışdır. Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci qoruqdur. Qoruğun yaradılmasında məqsəd Azərbaycanın müxtəlif ərazilərində quşları qorumaq, onların sayını artırmaq, onların məskunlaşması üçün əlverişli şəraiti daha da yaxşılaşdırmaqdır.
Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı ildən Beynəlxalq konvensiyanın ilk su-bataqlıq regionunun biri kimi siyahıya daxil olmuş, bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi təsdiq edilmişdir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tiplərinə hakimdir. Havanın orta illik temperaturu 14,40J-dir. Qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,20J, ən isti ayın orta temperaturu isə 25,50J olur. Böyük Qızılağac körfəzinin dərin sulu sahələrində kiçik dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş sahələri əhatə edir. Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari, ciyən və s. bitkilər bitir.
Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30 növdən artıq balıq qeydə alınmışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir. Ərazidə məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Qoruqda məməlilərin də bir çox növləri yaşayır. Burada canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır. Boyük Qızılağac körfəzində Xəzər suitisi vardır.
İlisu Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1987
Sahə (hektar):17381,5
Olduğu yer: Qax rayonunun ərazisində, Böyük Qafqazın cənub yamacında, Zaqatala və İsmayıllı qoruqlarının arasında
Qısa məlumat:Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı ilədir. Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir. Qoruğun ərazisində qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd edir. İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. İlisu qoruğunda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır. Qaraçöhrə, Radde ağcaqayını bitkilərinin adları Qırmızı kitablara daxil edilmişdir.
Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar ( nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər( dovşan, süleysinlər, siçanlar, sincablar və s.), cücüyeyənlər (ağdiş, qonurdiş, kirpilər, nalburunlar) və s. ibarətdir. Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır; onların 60 növə qədəri isə sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1-i isə koramallara aiddir. Qoruqdakı çaylarda çay forel balığı yaşayır. Burada suda-quruda yaşayanların 5 (qurbağalar) növü yayılmışdır.
İsmayıllı Dövlət Təbiət Qoruğu.
Yaradıldığı il: 1981
Sahə (hektar):16,740
Olduğu yer: İsmayıllı rayonunun ərazisində.
Qısa məlumat:İsmayıllı Dövlət Təbiət Qoruğu Böyük Qafqazın cənub yamacının şərq hissəsində yüksəklik istiqamətində meşə qurşağının təbii kompleksini, xüsusilə meşə bitkilərinin qiymətli nümunələrini, heyvanlar aləmini, onların nadir və qiymətli növlərini, torpaq örtüyünü qorumaq, artırmaq və zənginləşdirmək, həmçinin, təbii kompleksin sabitliyini tənzimləmək məqsədi ilə yaradılmışdır. Qoruq dəniz səviyyəsndən 600-2500 m hündürlüyündə yerləşir və iki hissədən ibarətdir.
Qoruğun əsas hissəsi dağlıq (800-2250 m) ərazidən ibarət olan Topçu meşələrini əhatə edir. Ərazi şimaldan subalp çəmənliyi, şərq və cənub-şərqdən Axoxçay boyunca Talıstan meşələri, cənubdan Topçu meşəsinin suayrıcı xətti və qərbdən isə Göyçay çayı ilə sərhədlənir. Qoruğun qalan ərazisini isə Qalıncaq meşəliyi əhatə edir (600 m). Qoruğun ərazisi meşə ilə örtülü olduğu üçün burada yalnız dağ-meşə torpaqları,subalp çəmənlikləri ilə sərhəddə isə dağ-meşə-çəmən torpaqları yayılmışdır. Meşələrdə əsasən fısdıq, vələs, palıd (şabalıdyarpaq, iberiya və şərq) qismən də göyrüş, cökə, qaraçöhrə, ağcaqayın və s. ağaclar yayılmışdır. Bunlardan şabalıdyarpaq palıd palıd və qaraçöhrə növləri Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmişdir.
İsmayıllı Dövlət Təbiət Qoruğunda heyvanat aləmi də çox zəngindir. Burada cüyür, çöl donuzu, təkə, köpgər, nəcib Qafqaz maralı, ayı, canavar, vaşaq, meşə pişiyi, çaqqal, tülkü, yenot, dələ, dovşan, qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, ağacdələn, çobanaldadan və s. heyvan və quşlar vardır. Onlardan köpgər və vaşaq Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmişdir.
Pirqulu Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1968
Sahə (hektar):4,274
Olduğu yer: Şamaxı rayonunun ərazisində, Böyük Qafqaz sıra dağlarının şərq qurtaracağında
Qısa məlumat:Qoruğün təşkil edilməsində əsas məqsəd eroziya proseslərinin və astrofizika rəsədxanasının fəaliyyətinə mənfi təsir göstərən atmosferanın tozlanmasının qarşısını almaq, habelə bura üçün xas olan tipik dağ-meşə landşaftlarının, xüsusilə müxtəlif bitki örtüyünün, torpağın münbit qatının qorunub saxlanılması, meşə örtüyü sahəsinin təbii artımının təmin edilməsi, eləcə də qiymətli, nadir və sənaye əhəmiyyətli heyvan və quşların sayının artırılması, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması olmuşdur. Üstünlük təşkil edən cinslər vələs, palıd, fısdıq ağaclarıdır.
Pirqulu Dövlət Təbiət Qoruğunun ərazisi üç ayrı-ayrı hissədən ibarətdir: Araxçın sahəsi 1600-2000 m hündürlükdə yerləşir. Burada Avaxıl kəndindən şimal-qərbdə yuxarı dağ-meşə qurşağının, qismən də subalp çəmənliyi qurşağının landşaftı səciyyəvidir. Meşələr Qırxbulaq çayının dərəsində və Qart dağının şimal-şərq və qərb yamaclarında yayılmışdır. Pirqulu sahəsi 1000-1500 m hündürlükdə günbəzvari Pirqulu dağında yerləşir; bu sahə əsasən orta dağ-meşə yarımqurşağının, qismən də bozqırlaşmış dağ- çəmən landşaftının təbiəti üçün səciyyəvidir. 3. Cəngi sahəsi aşağı dağ-meşə yarımqurşağında, 800-1100 m hündürlükdə yerləşir.
Ərazisi əsasən Cəngi çayı hövzəsinin sol (Cəngi dağının şimal yamacı) və qismən də sağ hissəsini əhatə edir. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Bu meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə, ağ ağcaqayın, söyüd, qoz, gilas, alma, armud və s. ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc və s. kol bitkiləri yayılmışdır.
Heyvanat aləmi müxtəlif məməli və quşlardan ibarətdir. Burada məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, qarapaça, təkə, ayı, vaşaq, gəlincik, porsuq, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, kəklik və digər növlərə təsadüf olunur. Pirqulu Dövlət Təbiət Qoruğunda Qırmızı kitablara adı düşən məməlilərdən qonur ayı, köpgər, quşlardan turac, berkut, çöl qartalı və s. qorunur.
Türyançay Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1958
Sahə (hektar):22488
Olduğu yer: Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində, Turyançayın sağ kənarında.
Qısa məlumat:Türyançay Dövlət Təbiət Qoruğunun yaradılmasında məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə lanşaft kompleksini qorumaqdır. Ərazisi qərbdən və şimal-qərbdən şərqə və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Quru subtropik iqlim Turyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada yay isti, qış isə mülayim-isti keçir. Orta illik temperatur 140-dir. Burada ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf etmişdir.
Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar. İlanlardan gürzə daha çoxdur. Turyançayın sularında Xəzər tısbağasına tez-tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda Azərbaycanın «Qırmızı kitabı»na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf edilir.
Zaqatala Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1929
Sahə (hektar):23844
Olduğu yer: Zaqatala və Balakən rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında.
Qısa məlumat:Zaqatala Dövlət Təbiət Qoruğu respublikamızın ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə təşkil edilmişdir. Zaqatala Dövlət Təbiət Qoruğunun yaradılmasında başlıca məqsəd bu meşələrin əvəzedilməz torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən yaşayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub yamacının təbii kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olmuşdur. Qoruğun ərazisi meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlardan ibarətdir.
Qoruğun ərazisi çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar və yüksəkliklər dərin dərələr və daşlı-qayalı çay sahilləri ilə kəsilir. Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. göstərmək olar. Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və 2000-ə yaxın çöl donuzu vardır. 1950-ci ildə qoruqda elmi- tədqiqat işlərinin aparılmasına rəhbərlik edən şöbə yaradılmışdır. Burada beynəlxalq bioloji problemlər üzrə tədqiqat işləri aparılır.
Qoruğun elmi təmayülü – Böyük Qafqazın şimali-şərq hissəsinin ayrı-ayrı zonalarında susaxlayıcı, torpaqqoruyucu və kurort-iqlim əhəmiyyətli dağ çəmənlikləri və meşələrin qorunub saxlanması və onlardan səmərəli istifadə olunmasına yönəldilmişdir. Çox qiymətli dərman bitkisi olan jenşenin Böyük Qafqazın dağətəyi şəraitində yetişdirilməsi imkanı, dağ çəmənlərini məhsuldarlığı, yüksək dağ palıdının ekologiyası və onun bərpası, Sosnovski baldırğanı timsalında dağ-çəmən və yem bitkilərinin məhsuldarlığı, dırnaqlıların, habelə həşəratyeyən və yırtıcı quşların biologiya və ekologiyası problemlərinin tədqiq edilməsi bu baxımdan əhəmiyyətlidir.
Eldar Şamı Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 2004
Sahə (hektar):1686
Olduğu yer: Samux rayonunun ərazisində
Qısa məlumat:Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc, saqqız ağacı və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm.
Onun adı Azərbaycan Respublikasının «Qırmızı kitab»ına daxil edilmişdir. Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir. Eldar Şamı dövlət təbiət qoruğunun zəruri infrastrukturu yaradılmışdır.
Şahbuz Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 2004
Sahə (hektar):–
Olduğu yer: Naxçıvan Muxtar Respublikasında, Batabat gölü və Biçənək aşırımı ərazilərində
Qısa məlumat:Müxtəlif torpaq tiplərinin inkişaf tapdığı ərazidə 2899 bitki növü yayılmışdır. Bu qədər geniş müxtəlifliyə malik bitki örtüyü olan ərazidə 285 növ faunanın məskunlaşmasına imkan yaranmışdır. Şahbuz Dövlət Təbiət Qoruğunun su ehtiyatları əsasən atmosfer çöküntüləri hesabına formalaşan Batabat mineral bulaqlarından ibarətdir: Bu mineral bulaqlar Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m yüksəklikdə yerləşirlər. Batabat su anbarı eyniadlı üç göldən ibarətdir. Batabat-1 (hövzəsinin sahəsi 0,18 km2), Batabat-2 (0,7 km2) və Batabat-3 (0,18 km2). Ümumi su tutumu təqribən 3 mln. m3-dir. Anbarın suyu əsasən Zorbulaq çayı və qismən atmosfer çöküntüləri hesabına formalaşır. Ərazi flora cəhətdən çox zəngindir.
Naxçıvan Muxtar Respublikasında bitən 2000-dən artıq ali bitki növlərinə burada rast gəlmək mümkündür. Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin 85%-i palıd, 5%-i ardıc, ağır iyli ardıc, Araz palıdı, 7%-i yemişan, qalan 3%-i isə alma, alça, şərq palıdı, vən, daş armud, acı badam və müxtəlif kollar təşkil edir. Quşlardan Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində Avropa Tüvüyü, kəklik, oxuyan silvi, adi kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və başqaları məskunlaşmışdır.
Muxtar Respublika ərazisində məskunlaşmış quş növlərindən 15-i «Qırmızı Kitab»a daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasında 12 növ yırtıcı heyvan yayılmışdır. Bu heyvanlardan Qafqaz qonur ayısı, canavar, tülkü, çöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaq və bir çox heyvanlara qoruğun ərazisində rast gəlinir. Ərazidə gəmirici məməlilərə də təsadüf olunur. Bunlardan meşə sülsəni, kiçik ərəb dovşanı, siçovullar və siçanların bir neçə növünə rast gəlinir. Şahbuz Dövlət Təbiət Qoruğunda Biçənək meşəsindəki bataqlıqlarda və s. sahələrdə Selkovnikov ağac qurbağasına rast gəlinir. Bundan başqa ərazidə Suriya sarımsaqiyli qurbağası, adi ağac qurbağası, yaşıl quru qurbağası, cənubi qafqaz qurbağası və Kiçik Asiya qurbağası qeydə alınmışdır. 2004-cü il 18 sentyabr tarixində Şahbuz Dövlət Təbiət Qoruğunun rəsmi açılışı keçirilmişdir.
Şirvan dövlət təbiət qoruğu
Yaradıldığı il: 1969
Sahə (hektar):-17745
Olduğu yer: Salyan və Neftçala rayonlarınının ərazisində
Qısa məlumat:Qoruq Bəndovan dövlət təbiət yasaqlığının bir hissəsində ceyranların, su quşlarının qorunması və artırılması məqsədilə yaradılmışdır. 1982-ci ildə qoruğun ərazisi genişləndirilərək 25,8 min hektara çatdırılmışdır. Ərazinin 3.5 hektarını su hövzəsi təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli köçəri quşlar qışlayır və yuvalayır. 2003-ci ildə qoruğun əsas hissəsi Şirvan Milli Parkının ərazisinə verilmiş, hal-hazırda qoruğun ümumi sahəsi 6232 hektardır. Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində Şirvan Milli Parkı yaradılarkən Şirvan dövlət təbiət qoruğunun ərazisi 6232 hektar qalmışdır.
Dövlət təbiət yasaqlıqları
Bərdə Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1966
Sahə(hektar):7,500
Olduğu yer: Bərdə və Ağdaş
Qısa məlumat: Yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir. Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s. məskunlaşmışdır.
Şəki Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1964
Sahə(hektar):10,350
Olduğu yer: Şəki rayonu Əyriçayın hövzəsində Yevlax-Şəki və Şəki-Oğuz şosse yollarının arasında
Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrinə meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, alça, və s. kollar keçilməz cəngəlliklər əmələ gətirir. Şəki yasaqlığında qonur ayı, çöl donuzu, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, Samur, meşə dələsi, sincab, və s. məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək və s. quşlar məskunlaşmışlar.
Gil adası Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1964
Sahə(hektar):400
Olduğu yer: Bakı şəhərinin Qaradağ rayonunun ərazisində
Qısa məlumat: Burada əsasən adadakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur. Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır.
Bəndovan Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1961
Sahə(hektar):4,930
Olduğu yer: Salyan və Qaradağ rayonlarının ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoyuyub artırmaqdır. Yasaqlığın ərazisi heyvanlar aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran (Gazella sulgutturosa), dovşan, tülkü, çaqqal, canavar, porsuq və s. məməli heyvanlar yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək (Otis tetrax), turac, bildirçin və s. yayılmışdır.
Korçay Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1961
Sahə(hektar):15,000
Olduğu yer: Göygöl və Goranboy
Qısa məlumat: Yaradılmasının əsas məqsədi ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Bitki örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Burada məməlilərdən ceyran (Gazella sulgutturosa), dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.
Laçın Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1961
Sahə(hektar): 21,370
Olduğu yer: Laçın rayonunun ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı məməliləri (cüyüukbyr, qayakeçisi, çöl donuzu və s.) və quşları ( turac, kəklik və s.) qoruyub artırmaqdır. Ərazi əsasən vələs, cökə, ağcaqayın və s. qarışığından ibarət palıd meşələrindən ibarətdir. Burada bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait vardır. Yasaqlıqda bezoar keçisi (Capra aegagrus), cüyür, çöl donuzu, dovşan, canavar, porsuq, dələ, ayı kimi məməlilərə; kəklik, tetra quşu, bildirçin, alabaxta və s. quşlara rast gəlinir. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.
Qusar Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1964
Sahə(hektar):15,000
Olduğu yer: Qusar rayonunun ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında başlıca məqsəd buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub saxlamaqdır. Meşə sahəsində fısdıq, vələs, palıd yayılmışdır. Kol bitkilərindən yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən, qaratikan və s. təsadüf edilir. Yasaqlıqda çöl donuzu, cüyür, canavar, meşə pişiyi, qamış pişiyi, çaqqal, yenot, dovşan və s. kimi məməlilər, turac, kəklik , bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi cürə və s. kimi quşlar yayılmışdır.
Şəmkir Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1964
Sahə(hektar):10,000
Olduğu yer: Şəmkir rayonunun ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı quşları və məməli heyvan növlərini, xüsusilə də çöl donuzu, kəklik, turac, qırqovul və ördəkləri qorumaqdır. Yasaqlıqda tuqay və yarımsəhra bitki formasiyaları yayılmışdır. Tuqay meşə və kolluqları Kür çayı yatağının ətrafında yerləşir, onlar söyüd, ağyarpaq qovaq, qaratikan, böyürtkən, yulğun və s. ibarətdir. Ərazinin təbii landşaft sahələri müxtəlif olub, heyvanların məskunlaşması üçün əlverişli mövqeyə malikdir. Burada məməlilərdən çöl donuzu, canavar, dovşan, meşə pişiyi, çaqqal, tülkü, turac, qırqovul (Phasianus), kəklik, turac və müxtəlif su quşları vardır.
Zuvand Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1969
Sahə(hektar):15,000
Olduğu yer: Lerik və Yardımlı rayonlarının ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanların qorunmasıdır. Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir. Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox zəngin deyildir. Burada qayakeçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.
İsmayıllı Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1969
Sahə(hektar):23,438
Olduğu yer: Əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır. Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahələr əsasən vələs, fısdıq, və palıd meşələrindən ibarətdir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say etibarilə çox zəngindir. Burada quşlardan kəklik, bildirçin, turac, alabaxta, ular və s., məməlilərdən canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ, dovşan və s. məskunlaşmışdır.
Qubadlı Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1969
Sahə(hektar): 20,000
Olduğu yer: Qubadlı və Laçın rayonlarının ərazisində
Qısa məlumat: Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ-bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu və. s.) və quşları (qırqovul və s.) qorumaqdır. Ərazidə yayılmış seyrək meşəliklər və kolluqlar palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkən və s. ibarətdir. Ərazinin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaratmışdır. Çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac, bildirçin və s. yayılmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.
Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1978
Sahə(hektar): 10,700
Olduğu yer: Lənkəran rayonunun ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində
Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını qorumaqdır. Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir. Yasaqlıqda quşlardan turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s., məməlilərdən canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, və s. növlərə təsadüf edilir.
Qızılca Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1984
Sahə(hektar): 5,135
Olduğu yer: Gədəbəy rayonda Gədəbəy meşə təsərrüfatının Qızılca meşəçiliyi sahəsində
Qısa məlumat: Onun yaradılmasında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki nümunələrini qorumaqdır. Ərazidə meşə və meşə altından çıxmış dağ- bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fısdıq və vələsdir. Yasaqlıqda cüyür, qonur ayı, çöl donuzu, dovşan və s. heyvanlar qorunur.
Daşaltı Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1981
Sahə(hektar): 450
Olduğu yer: Şuşa rayonunun ərazisində Şuşa şəhərinin ətrafında
Qısa məlumat: Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir. Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü məskunlaşmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.
Arazboyu Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1993
Sahə(hektar): 2,200
Olduğu yer: Zəngilan rayonunun ərazisində
Qısa məlumat: Tuqay meşələrinin qorunması və bərpası məqsədilə yaradılmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.
Qəbələ Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1993
Sahə(hektar): 39,700
Olduğu yer: Qəbələ rayonunun ərazisində
Qısa məlumat: Qəbələ rayonunun ərazisində təşkil edilmişdir. Yaradılmasının əsas məqsədi Böyük Qafqaz dağlarının cənub yamaclarının landşaftını qorumaqdır.
Qax Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 2003
Sahə(hektar): 36,836
Olduğu yer: Qax rayonu İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd
Qısa məlumat: Yasaqlığın yaradılmasının başlıca məqsədi yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilməkdə olan heyvan növlərinin bərpa edilməsidir.
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1964
Sahə(hektar): 11,970
Olduğu yer: Ağstafa rayonu, Qarayazı meşələri sahəsində
Qısa məlumat: Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay meşələrindən, palıd meşəsi, cavan qarışıq meşələr və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, cınqıllıqlardan, su sahəsindən və s. ibarətdir. Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin və s. quşlar vardır.
Qeyd etmək lazımdır ki, erməni təcavüzü nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərindən 2 DTQ (Bəsitçay və Qara göl) və 4 DTY (Laçın, Qubadlı, Daşaltı, Arazboyu) əraziləri (44 min hektar) işğal edilmiş, onların fəaliyyəti tamamilə dayandırılmışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.