Azərbaycan xanlıqları
1725-ci ildə I Pyotrun ölümündən sonra Rusiyanın Xəzəryanı əyalətlərə marağı zəiflədi. 1747-ci ildə Nadir ali hakimiyyəti zəbt etdikdən sonra Bakı xanlığı Rusiyanın asılılığından tamamilə qurtuldu. Nadir şah 1747-ci ildə qətlə yetirildikdən sonra Mirzə Məhəmməd xan Bakı əhalisi içərisindəki nüfuzundan istifadə edərək şahın təyin etdiyi hakimi şəhərdən qovdu və özünü müstəqil hakim elan etdi. Bakı xanlığı uzunluğu 75, eni isə ən çoxu 30-40 verst olan çox da böyük olmayan bir ərazini – bütün Abşeron yarımadasını əhatə edirdi. Şimaldan, şərqdən və cənubdan Xəzər dənizi ilə əhatə olunan xanlıq şimal-qərbdə Quba, cənub-qərbdə isə Şamaxı xanlıqları ilə həmsərhəd idi. Xanlığın paytaxtı qədim Bakı ikiqat daş divar ilə əhatə olunmuşdu. Divarlarda 40-dan artıq mortir adlandırılan toplar qoyulmuşdu.
Azərbaycan xanlıqları
Azərbaycanın XVIII əsrin ikinci yarısındakı tarixi əslində müstəqil və yarımasılı dövlət qurumlarının-xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Onların bəziləri Nadir şah dövlətinin süqutundan sonra meydana gəlmişdisə, digərləri hələ Nadir şahın hökmranlığı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmışdı.
Şəki xanlığı
Şəki xanlığının əsasını Hacı Çələbi xan qoymuşdu (1743-1755). XVIII əsrin 40-cı illərinin sonlarına doğru güclü siyasi qüvvəyə çevrildi. Qəbələ və Qutqaşın sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi. 1768-ci ildə bir-birilə ittifaq bağlayan Şəki və Quba xanları Şamaxı xanlığına hücum edib, onu öz aralarında bölüşdürdülər. Şəki şəhəri xanlığın mədəni mərkəzi idi.
Qarabağ xanlığı
Qarabağ xanlığının əsasını Cavanşirlər tayfasından olan Pənahəli xan (1748-1763) qoymuşdur. Xanlıq İran hökmranlığı ilə mübarizədə yaranmış və möhkəmlənmişdir. Nadir şahın varisləri arasındakı çəkişmələrdən istifadə edən Pənahəli xan öz hakimiyyət və nüfuzunu Ərdəbilə qədər yaya bildi. Gəncənin də işlərinə müdaxilə edən Pənahəli xan burada hakimiyyətə öz adamını-Ziyadoğlu nəslinin nümayəndələrindən birini gətirə bilmişdi. Pənahəli xan öz mülklərini genişləndirərək Tatev, Sisian, Qafan, Meğri mahallarını özünə tabe etdi. Pənahəli xan uca sıldırımlı qayanın kənarında möhtəşəm Pənahabad qalasını inşa etdirdi və 1755-1756-cı illərdə paytaxtını bura köçürdü. Qala sonralar yaxınlıqdakı Şuşakəndin adı ilə Şuşa adını aldı. Pənahəli xandan sonra hakimiyyətə gəlmiş oğlu İbrahimxəlil xan Azərbaycan torpaqlarını birləşdirməyə çalışırdı. İbrahimxəlil xan müəyyən dövrlərdə öz nüfuzunu Naxçıvan, Gəncə və Təbriz xanlıqlarına yaya bilmişdi.
Quba xanlığı
Quba xanlığının banisi Hüseynəli xan (1726-1758) hələ 1726-cı ildə rus hakimiyyət orqanları tərəfindən bu vəzifəyə təqdim olunmuş, rus çarı onu Quba xanı təyin etmişdi. Onun dövründə Salyan və Rudbar Quba xanlığına tabe edildi. Quba xanlığının yüksəlişi Fətəli xanın hakimiyyətə gəlməsi ilə bağlıdır. Fətəli xan 1757-ci ildə Salyan, 1759-cu ildə Dərbənd, 1766-cı ildə Bakı, 1768-ci ildə Şamaxı və Cavad xanlıqlarını Quba xanlığına birləşdirməyə nail oldu. XVIII əsrin 60-cı illərində Quba xanlığı iqtisadi, hərbi-siyasi baxımdan Azərbaycanın bir çox xanlıqlarından üstün idi və ölkənin siyasi həyatında mühüm rol oynayırdı.
Lənkəran (Talış) xanlığı
Müstəqilliyi yerli iri feodallardan biri olan Seyid Abbas bəy tərəfindən elan edilmiş bu xanlığın siyasi və iqtisadi mərkəzi qala divarları ilə əhatələnmiş Lənkəran şəhəri idi. Seyid Abbas xanın ölümündən sonra tarixdə talışlı Qara xan kimi tanınan Cəmaləddin Mirzə bəy taxta çıxdı. Onun dövründə xanlığın siyasi sabitliyinə və iqtisadi inkişafına yönəldilmiş xətt aydın hiss olunurdu.
Bakı xanlığı
1747-c ildə Nadir şah Əfşarın ölümündən sonra yerli feodallardan Mirzə Məhəmməd ağa şahın Bakıdakı əlaltısı Səlimi qovdu və özünü müstəqil xan elan etdi (1747-1786). Digər xanlıqlarla müqayisədə Bakı xanlığı hərbi-siyasi cəhətdən fərqlənmirdi. Onun ərazisi kişik olub, eni 60, uzunluğu 90 verst idi. Bütün Abşeron yarımadası ilə birlikdə Bakı şəhəri və 39 kənd onun tərkibinə daxil idi. Mirzə Məhəmməd xanın varisləri dövründə Bakı xanlığı qubalı Fətəli xandan vassal asılılığına düşdü. Fətəli xan 1766-cı ildə öz bacısı Xədicə Bikəni bakılı Məlik Məhəmməd xana ərə verdi və bununla Bakı xanlığının Quba xanlığından asılılığını təmin etdi.
Gəncə xanlığı
Gəncə bəylərbəyliyi əsasında yaranmışdı. Bu bəylərbəyilik irsi olaraq kiçik fasilələrlə XVII əsrdən 1804-cü ilə qədər Qacarlar tayfasının Ziyadlı oymağına məxsus Ziyadoğlular nəsli tərəfindən idarə olunmuşdur. Xanlığın banisi Şahverdi xan Ziyadoğlu idi. Gəncə həm hərbi-siyasi, həm də iqtisadi-təsərrüfat baxımından mühüm əhəmiyyət kəsb edirdi. Yarandığı vaxtdan bu xanlıq qonşu feodal hakimlərin hücum obyektinə çevrilmişdi. Gəncə xanları düşmənlə mübarizədə gah bu, gah da digər güclü düşmən arasında hiylə işlətməli olurdular.
Dərbənd xanlığı
Dərbənd xanlığının banisi Məhəmmədhüseyn xan özünün amansız daxili siyasəti ilə istər zəhmətkeş kütlələrin, istərsə də feodal təbəqənin bir çox nümayəndələrinin nifrətini qazanmışdı. 1759-cu ildə dərbəndlilərin xahişi ilə qubalı Fətəli xan Dərbəndə hərbi yürüş etdi. Dərbəndlilərin köməyi ilə şəhər Fətəli xanın əlinə keçdi. Bu hadisədən sonra, demək olar ki, Azərbaycanın şimal xanlıqlarının Rusiyaya birləşdirilməsinədək Dərbənd və Quba xanlıqları vahid bir dövlət oldular.
Şamaxı xanlığı
Şamaxı xanlığı yerli feodalların və şəhər əyanlarının xarici və ölkə daxilindəki düşmənlərə qarşı apardıqları inadlı mübarizənin gedişində yarandı. Bir neçə əsr Şirvanşahlar dövlətinin paytaxtı, sonralar isə Şirvan bəylərbəyliyinin mərkəzi olmuş Şamaxı şəhəri, XVIII əsrin sonlarınadək həm iqtisadi, həm də ticarət baxımından öz üstünlüyünü saxlamışdı. Nadir şah dövlətinin süqutundan sonra Şamaxının siyasi həyatında köklü dəyişikliklər baş verdi. Nisbətən kiçik ərazidə iki xanlıq yarandı: mərkəzi Ağsu olmaqla, Yeni Şamaxı və mərkəzi Şamaxı olmaqla, köhnə Şamaxı. Şamaxıda mövcud olan ikihakimiyyətlilik uzun müddət davam edə bilməzdi. 1763-cü ildə Köhnə Şamaxıda möhkəmlənən Məhəmməd Səid xan Yeni Şamaxını alıb, Köhnə Şamaxıya birləşdirdi. Köhnə Şamaxı isə yeni xanlığın mərkəzi oldu. Lakin hadisələrin gedişi göstərdi ki, Şamaxı qonşu feodalların hücumu üçün açıqdır. Tez-tez baş verən basqınlar onun iqtisadi inkişafına ziyan vurdu və 1768-ci ildə qubalı Fətəli xan tərəfindən işğal edildi.
Naxçıvan xanlığı
Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdur. Xanlığı gücləndirmək və təcavüzlərdən qorumaq məqsədilə Heydərqulu xan (1747-1763/64) hakimiyyətinin ilk dövrlərində daha güclü olan Qarabağ xanlığına arxalanırdı. Heydərqulu xanın ölümündən sonar 1787-ci ilə qədər hakimiyyət uğrunda mübarizə nəticəsində Naxçıvan xanlığı zəifləyir, Xoy, Qarabağ, İrəvan xanlıqları, Kartli-Kaxeti çarlığı və İran arasında ardı-arası kəsilməyən mübarizənin obyektinə çevrilir.
İrəvan xanlığı
Çuxursəd bəylərbəyliyi əsasında təşəkkül tapmışdı. Nadir şah qətlə yetirildikdən sonra, İrəvanda İran ağalığına qarşı üsyana başçılıq edən yerli feodal Mir Mehdi xan özünü xan elan edərək, müstəqil İrəvan xanlığının əsasını qoydu. Lakin İrəvan xanlığı keçmiş bəylərbəyiliyin bütün ərazilərini əhatə edə bilmədi. Onun bir hissəsi Naxçıvan və digər xanlıqların tərkibinə daxil edildi. Xanlığın mərkəzi İrəvan şəhəri idi.
Qaradağ xanlığı
Azərbaycanın cənubunda yerləşən zəif xanlıqlardan biri idi. Onun əsasını qoyan köçəri tayfalardan birinin müdrik başçısı olan Kazım xan (1748-1752) qonşu feodal hakimlərə münasibətdə ehtiyatlı siyasət yeridir, ölkənin daxili işlərini qaydaya salaraq, abadlıq işləri ilə məşğul olur, xanlığın mərkəzi olan Əhərdə müxtəlif ictimai binalar tikdirirdi. Qaradağ xanlığı 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işğal edildi. Bundan sonra Qaradağ xanlığı, demək olar ki, öz müstəqilliyini itirdi.
Təbriz xanlığı
Banisi Dünbüli tayfasının görkəmli nümayəndəsi Nəcəfqulu xan (1745-1780) olmuşdur. O, Təbrizdə urmiyalı Fətəli xan Əfşarın fəal yardımı ilə möhkəmlənmişdi. Buna görə də müəyyən vaxt ərzində Təbriz xanlığı Urmiya xanlığından asılı vəziyyətdə olmuşdu. 1763-cü ildə Fətəli xan Əfşar Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra Təbriz xanlığı tam müstəqillik qazandı.
Marağa xanlığı
Marağa xanlığının əsasını Əliqulu xan Müqəddəm (1747-1750) qoymuşdur. Elə bir əhəmiyyət kəsb etməyən bu xanlıq Ağa Məhəmməd şah Qacar hakimiyyətə gələnə qədər müstəqil idi.
Ərdəbil xanlığı
Ərdəbil xanlığının banisi Şahsevən tayfasının başçısı Nəzərəli xan (1747-1783) olmuşdur. Onun hakimiyyəti dövründə xanlıq inkişaf etmişdi. Nəzərəli xan nikah diplomatiyası vasitəsi ilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmışdı və Lənkəran xanlığı ilə mehriban qonşuluq münasibətində idi.
Urmiya xanlığı
Urmiya xanlığının başçısı Əfşarlar tayfasından olan Fətəli xan Əfşar (1747-1763) idi. Öz sərhədlərini genişləndirmək məqsədi güdən Fətəli xan müəyyən vaxt ərzində Cənubi Azərbaycanda xeyli ərazi tuta bilmişdi. 1763-cü ildə Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra, Urmiya xanlığı özünün əvvəlki əhəmiyyətini itirdi.
Xoy xanlığı
Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. O, Nadir şah dövründə Xoy vilayətinin hakimi təyin edilmişdi. Nadir şahın ölümündən sonra isə özünü Xoy xanlığının müstəqil hakimi elan etmişdi. Mülayim siyasət yeridən Şahbaz xan Fətəli xan Əfşarla dostluq münasibətləri saxlayırdı.
Maku xanlığı
Maku xanlığının banisi Bayat tayfasının başçısı, Nadir şahın sərkərdələrindən biri Əhməd Sultan (1747-1778) idi. Şahın ölümündən sonra vətənə qayıdan Əhməd Sultan Makunu müstəqil xanlıq, özünü isə xanlığın hakimi elan etmişdi. Xanlığın paytaxtı iki tərəfdən dağlarla əhatə olunmuş Maku şəhəri idi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi.
Sərab xanlığı
Sərab xanlığının əsasını Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) qoymuşdur. Nadir şahın ölümündən sonrakı qarışıqlıqdan istifadə edərək Əli xan özünü həmtayfaları arasında xan elan etmişdi. Adları çəkilən xanlıqlardan başqa, Kür ilə Araz çaylarının qovuşuğunda Cavad xanlığı və Kür çayının mənsəbində daha bir kiçik xanlıq-Salyan xanlığı mövcud idi. Rusiya və İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə uyğun olaraq Azərbaycan iki imperiya arasında bölündü: Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə daxil edildi.
«Tarixi Azərbaycan Dövlətləri»,
Bakı, 2012, s.136-141
Azərbaycan xanlıqları
XVIII əsrin ikinci yarısı Azərbaycan tarixinin mühüm dövrlərindən biridir. Azərbaycanda özünəməxsus xüsusiyyətləri olan bu dövrdə feodal pərakəndəliyi hökm sürürdü. Vahid iqtisadi və siyasi mərkəz yox idi. İqtisadi əlaqələri zəif olan ölkənin iqtisadiyyatında natural təsərrüfat inkişaf etmişdi. Ayrı – ayrı xan, sultan, məlik və bəylər öz müstəqilliyini qorumağa çalışır və məhdud feodal mənafeyini güdərək ölkəni pərakəndə vəziyyətdə saxlamaq istəyirdilər. Belə feodallar eyni zamanda xanlıqları birləşdirərək vahid bir dövlət yaratmaq siyasətini yürüdənlərə qarşı çıxış edirdilər.
Azərbaycan xanlıqları
XVIII əsrin İranda feodal ara müharibələri genişlənir, Azərbaycanda isə demək olar ki, hər bir şəhər ətrafında müstəqil və yarımmüstəqil feodal dövlətləri – xanlıqlar meydana gəlirdi.
Eyni zamanda xanlıqların yaranmasına yardım edən amillərdən biri də Nadir şahın qətli və ondan sonra onun varisləri arasında gərgin mübarizənin başlanması və bu mübarizənin gedişində mərkəzi hakimiyyətin zəifləməsi idi.
1747 – 1751 – ci illər arasında şah hakimiyyəti beş dəfə ələ ələ keçmişdi. Şah hakimiyyəti uğrunda belə gərgin mübarizənin qızışması və bu mübarizənin Azərbaycandan uzaqda – Xorasanda getməsi Cənubi Azərbaycan da bir sıra feodal hakimlərinə özlərini müstəqil aparmağa şərait yaradırdı. XVIII əsrin ortalarında Nadir Şah Əfşar dövlətinjn süqutundan sonra Azərbaycanın cənubunda yeni dövr başladı. Azərbaycanın cənub əraziləri də ayrı – ayrı bir müstəqil və yarımmüstəqil xanlıqlara parçalandı.
Araz çayı ilə Kür arasında Qarabağ xanlığı, Zəngəzur sıra dağlarındsn Araz vadisinə qədər uzanmış ərazidə Naxçıvan xanlığı, Murovdağ silsiləsindən Kür çayınadək Gəncə xanlığı, Şirvan düzənliyində isə Şamaxı xanlığı yaranmışdı. Azərbaycanın Şimal qərbində Şəki xanlığı öz varlığını saxlayırdı. Abşeron yarımadasında Bakı xanlığı, Azərbaycanın Şimal – şərqində, Xəzərin qərb sahilində Quba və Dərbənd xanlıqları, Bakı xanlıqlarından cənubda Salyan xanlığı, Kür ilə Arazın qovşağına bitişmoş torpaqlarda Cavad xanlığı,Xəzərin cənub – qərb sahillərində Talış,Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku xanlıqları yarandı. İlusu, Qəbələ, Ərəş, Qazax, Şəmşəddil sultanlıqları kimi kiçik dövlət birləşmələri meydana gəldi. Şəmşəddildən şimal – Şərqdə Car – Balakən camaatı yerləşirdi. Qarabağda xanlığı torpaqlarınds yerləşən və xanlığın tabeliyində olan Xaçın, Vətəndə, Dizaq,Gülüstan ( Talış), Çiləbörd məliklikləri mövcud idi.
Azərbaycan xanlıqlarından dördü – Qarabağ, Quba, Şəki və Urmiya xanlıqları birləşdirmə siyasəti aparmış, Azərbaycan torpaqlarını vahid halda birləşdirməyə çalışmışdır. Amma uğur əldə edə bilməmişdi.
Azərbaycan tarixi xanliqlar
Bakı xanlığı XVIII əsrin 40-cı illərində Abşeron yarımadasında yaranan feodal dövlətlərdən biri idi. Səfəvilərin son hakimiyyət dövrlərində Bakı və onun ətrafı “ölkə” kimi, sultan titulu daşıyan irsi hakimlər tərəfindən idarə olunurdu. XVIII əsrin 20-ci illərinin əvvəllərində Bakı sultanı Məhəmmədhüseyn bəy idi. 1722-ci ildə rus çarı I Pyotr böyük ordu ilə Azərbaycana hücum edərkən Məhəmmədhüseyn bəy şəhəri ruslara təslim etməkdən imtina edərək müqavimət göstərmişdi. 1723-cü ilin iyulun sonlarında general Matyuşkinin başçılıq etdiyi rus qoşunları gəmilərlə şəhərə yaxınlaşıb onu top atəşinə tutdular və 4 günlük mübarizədən sonra qala təslim edildi. Şəhər ruslar tərəfindən zəbt edildikdən sonra sultan Məhəmmədhüseyn bəy və dörd qardaşı həbs olunub, əvvəlcə Həştərxana, oradan da Roqaçevskə sürgün edildilər. Şəhərin idarəsi komendant vəzifəsinə təyin olunan rus zabiti briqadir Baryatinskiyə həvalə edildi. Bakının alınması münasibətilə Peterburqda atəşfəşanlıq təşkil edildi.
1725-ci ildə I Pyotrun ölümündən sonra Rusiyanın Xəzəryanı əyalətlərə marağı zəiflədi. 1747-ci ildə Nadir ali hakimiyyəti zəbt etdikdən sonra Bakı xanlığı Rusiyanın asılılığından tamamilə qurtuldu. Nadir şah 1747-ci ildə qətlə yetirildikdən sonra Mirzə Məhəmməd xan Bakı əhalisi içərisindəki nüfuzundan istifadə edərək şahın təyin etdiyi hakimi şəhərdən qovdu və özünü müstəqil hakim elan etdi. Bakı xanlığı uzunluğu 75, eni isə ən çoxu 30-40 verst olan çox da böyük olmayan bir ərazini – bütün Abşeron yarımadasını əhatə edirdi. Şimaldan, şərqdən və cənubdan Xəzər dənizi ilə əhatə olunan xanlıq şimal-qərbdə Quba, cənub-qərbdə isə Şamaxı xanlıqları ilə həmsərhəd idi. Xanlığın paytaxtı qədim Bakı ikiqat daş divar ilə əhatə olunmuşdu. Divarlarda 40-dan artıq mortir adlandırılan toplar qoyulmuşdu.
Bakı. Qravür. 1770
Şəhərdən 40 verst aralıda gözətçi qüllələri və istehkamlar vardı. Şəhərin cənub hissəsində yerləşən Qız qalası gözətçi postu olmaqla yanaşı, həm də gəmilər üçün mayak rolunu oynayırdı. Siyasi və mühüm iqtisadi mərkəz olmasına baxmayaraq Bakı şəhərində əhali az idi. 1796-cı il məlumatına görə Bakı şəhərində və xanlığa daxil olan kəndlərdə cəmi 1820 ev var idi, hər evdə 5 nəfər yaşadığını əsas götürülsə, xanlıqda təqribən 9 min nəfərdən bir qədər çox əhalinin yaşadığı məlum olur. Şəhər inzibati cəhətdən 4 hissəyə bölünmüşdü və hər hissə öz kəndxudası tərəfindən idarə olunurdu. Xanlıqda 39 kənd və oba var idi: Güzdək, Qobu, Hökmalı, Xırdalan, Hacı Həsən, Biləcəri, Saray, Masazır, Novxanı, Corat, Fatmayi, Binəqədi, Göradil, Kürdəxana, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Buzovna, Şağan, Mərdəkan, Qala, Zirə, Türkan, Digah, Əmircan, Suraxanı, Bülbülə, Ramana, Sabunçu, Zabrat, Balaxanı, Əhmədli, Keşlə, Kürkənd kənləri və dörd oba – Pirəkəşkül, Hovsan, Şığ və Məhəmmədi obaları vardı. Kəndlərdən ən irisi Maştağa idi. Sonrakı yerləri Qala, Balaxanı, Novxanı və Buzovna tuturdu.
Bakı xanlığı əhalisinin böyük hissəsini Azərbaycan türkləri təşkil edirdi. Burada həmçinin vaxtilə sasanilər və daha sonralar I Şah Abbas tərəfindən köçürülmüş irandilli tatlar da yaşayırdı. Şəhərdə XVIII əsrin I yarısında Bakı rus hakimiyyəti altında olarkən ruslar tərəfindən bura köçürülmüş 40 erməni ailəsi və çox cüzi miqdarda yəhudi yaşayırdı. Bakı xanlığı irsi monarxiya idi. Mirzə Məhəmməd xandan (1747- 1768) sonra hakimiyyətə oğlu Məlik Məhəmməd xan (1768-1784), onun yerinə oğlu II Mirzə Məhəmməd xan (1784-1791) gəlmişdir. Daha sonra xanlığı Mirzə Məhəmməd xanın oğlanları Məhəmmədqulu xan (1791-1792) və Hüseynqulu xan (1792-1806) idarə etmişdir.
Bakı. Rəssam Qavril Sergeyev. 1796
Bütün inzibati, maliyyə, hərbi və məhkəmə hakimiyyəti xanın əlində cəmlənmişdi. Digər Azərbaycan xanlıqlarında olduğu kimi, Bakı xanlığında da divan vardı. Bakı xanlığında dövlət aparatı da çox kiçik idi. Xanın yaxın köməkçisi vəzir idi. Naib vəzifəsi də vardı. Naiblərin tabeçiliyində kəndxudalar və yüzbaşılar var idi. Bakı şəhərində qalabəyi, darğa və başqa vəzifələr də var idi. Qalabəyi şəhərin komendantı olmaqla yanaşı, həm də polis funksiyasını yerinə yetirərək şəhərdəki asayişə nəzarət edirdi.
Xanlıqda münbit torpaqlar yox dərəcəsində idi, ancaq faydalı qazıntılarla zəngin idi. Bakı hələ qədimdən öz nefti ilə məşhur idi. Əsas neft quyuları Balaxanı, Suraxanı kəndlərində və Bibi-Heybətdə idi. Pirallahı adasında da neftin olması haqqında məlumat var idi. Qaynaqların məlumatına görə XVIII əsrin sonunda Abşeronda 100-dən artıq qara neft və 15 ağ neft quyusu vardı. Abşeronda ildə təqribən 240 min pud qara və 8 min pud ağ neft çıxarırdılar. Bakı xanlığında digər mühüm gəlir sahəsi duz hasilatı idi. Masazır, Zığ, Qala və Balaxanı göllərindən duz toplanırdı. Duzu digər xanlıqlara, hətta Rusiya və İrana ixrac edirdilər. Yalnız Masazır gölündən ildə 150 min pud keyfiyyətli duz əldə edilirdi. Xanlığın bir çox kəndlərində dünyada nadir bitki olan zəfəran yetişdirilirdi. İldə 100-dən 400-500 puda qədər zəfəran istehsal olunurdu. Xanlığın demək olar ki, bütün kəndlərində üzümlüklər və bağlar vardı. Xanlığın dəniz sahilində yerləşən kəndlərində balıqçılıq mühüm məşğuliyyət sahəsi idi. Bakı və onun ətrafındakı kəndlərdə sənətkarlıq inkişaf etmişdi. Əhali dəmirçilik, boyaqçılıq, dərziçilik, başmaqçılıq. papaqçılıq, çəkməçilik, çilingərlik, malakeşlik, daşyonan və bir çox başqa sənət növləri ilə məşğul olurdu. Toxuculuq, xüsusən də xalçaçılıq daha çox inkişaf etmişdi. Bülbülə, Əmircan və Suraxanı xalçaları daha çox məşhur idi. Bakıda pul zərrəbxanası da var idi. Zərgərlik, saxsı qablar istehsalı da inkişaf etmişdi.
Bakı o zaman Azərbaycanda yeganə gəmiqayırma mərkəzi idi. Lazım olan ağac məmulatı əsasən Quba və Talışdan gətirilirdi. Başlıca olaraq kiçik gəmilər – kirjimlər və sandallar inşa olunurdu. Xanlığın xarici ticarəti iki yolla – quru və dəniz yolu ilə aparılırdı. Digər Azərbaycan xanlıqları ilə, eləcə də Türkiyə və Gürcüstanla ticarət başlıca olaraq karvan yolları ilə aparılırdı. Rusiya ilə və qismən Şimali İranla ticarət isə dəniz yolu ilə həyata keçirilirdi. Bakı xanlığında əsas mübadilə vasitəsi yerli abbası idi. Lakin xarici pullar da işlənirdi. Bakı xanları ilə rus tacirləri və hakimiyyət orqanları arasında gömrük məsələlərində tez-tez ixtilaflar yaranırdı.
Hakimiyyət uğrunda çəkişmələr Bakı xanlığını getdikcə zəiflədirdi. Fürsətdən istifadə edən II Yekaterina hökuməti 1795-ci ilin payızında Bakı xanlığını himayəyə qəbul etmək haqqında qərar qəbul etdi. Lakin bu zaman Ağa Məhəmməd xan Qacar artıq Şimali Azərbaycanda olduğundan Bakı xanlığının Rusiya himayəsinə alınması baş tutmadı. Buna baxmayaraq Rusiyanın yardım edəcəyinə arxalanan Hüseynqulu xan Ağa Məhəmməd xan Qacara tabe olmaqdan imtina etdi.
General Valerian Zubov
1796-cı ilin iyun ayında rus qoşunları Bakıya yaxınlaşdığı zaman Hüseynqulu xan əvvəlcə müdafiə olunmaq istədi, lakin sonra müqavimətin əbəs olduğunu anlayıb general Zubovun Gilgilçaydakı qərargahına getdi və qala qapılarının açarlarını təqdim etdi. Hüseynqulu xanı qəbul edən Zubov ona bahalı xəncər bağışladı. Rus qoşunları Bakı şəhərinə daxil oldular. Rus hökuməti Bakını öz ordusunun təchizat bazasına çevirmək niyyətində idi. Dərhal Bakı limanının möhkəmləndirilməsinə başlanıldı. 1796-cı ilin noyabrında II Yekaterinanın vəfatı ilə əlaqədar rus qoşunları Azərbaycanı, o cümlədən Bakını tərk edərkən bir sıra qarətçi xarakterli hərəkətlərə yol verdilər. Belə ki, cavan oğlanlar və qızlar əsir kimi aparılmış, Bakının neft anbarlarında saxlanan 1500 xalvar neft yandırılmış, əhalidən müvəqqəti istifadəyə götürülmüş mis və digər məişət əşyaları geri qaytarılmamış, bir sözlə şəhər sakinlərinə böyük zərər yetirilmişdi.
1803-cü ildə rus hökuməti general Pavel Sisianovun şəxsində Azərbaycanı işğal etməyə başladıqda ən önəmli yerlərdən biri də Bakı xanlığı idi. Dinc yolla Bakı xanlığını itaətə gətirməyə nail olmayan Sisianov hərbi qüvvədən istifadə etmək qərarına gəldi. 1805-ci il avqustun 12-də rus eskadrası Bakı buxtasına daxil oldu. İki gündən sonra dənizdən, sonra isə qurudan Bakı top atəşinə tutuldu. Lakin bakılılar mərdliklə müdafiə olunurdular. 1805-ci il noyabrın sonunda Sisianov özü 1663 nəfər və 10 topdan ibarət qüvvə ilə Gəncədən Bakı istiqamətində hərəkət etdi. Sisianov 1806-cı il yanvarın 30-da Bakıya yaxınlaşdı. Rus qüvvələrinə qarşı açıq mübarizədə duruş gətirməyin mümkünsüzlüyünü anlayan Hüseynqulu xan hiylə işlətmək qərarına gəldi. O, məktub göndərərək Rusiya hakimiyyətini qəbul etməyə hazır olduğunu bildirdi. Sisianov xana inanıb şəhəri təslim şərtlərini podpolkovnik Elizbar Eristovla xanın yanına göndərdi və Hüseynqulu xan qala açarlarını hörmətli şəhər ağsaqqallarının vasitəsilə ona verəcəyini bildirdi.
General Pavel Sisianov
1806-cı il fevralın 8-i səhər çağı Sisianov 200 nəfərin müşayiəti ilə qala divarlarından yarım verst məsafədə olan su quyusuna yaxınlaşdı. Bura gələn Bakı ağsaqqalları qala qapılarının açarlarını və duz-çörəyi Sisianova təqdim edib göstərdiyi müqavimətə görə xanı bağışlamasını xahiş etdilər. Duz-çörəyi qəbul edən Sisianov açarları qaytarıb onları Hüseynqulu xanın özünün ona təqdim etməsini tələb etdi. Hüseynqulu xan öz əyanlarının müşayiəti ilə qaladan çıxdı və açarları generala təqdim etdi. Açarlar təqdim olunarkən qəflətən Sisianov və onu müşayiət edən Eristov xanın yanındakı iki şəxs tərəfindən tapançadan açılan atəşlə qətlə yetirildilər. Xanın əmisi oğlu İbrahim bəy Sisianovu, Seyid bəy və Əmir Həmzə isə Eristovu qətlə yetirdi. Komandanın öldürülməsi rus qoşunları içərisində çaşqınlıq və vahimə yaratdı. Rus qoşunu əvvəlcə Sarı adasına çəkildi, oradan da Qızlara getdi. Bakıya ilk ekspedisiya uğur gətirməsə də, rus hökuməti sakitləşmək niyyətində deyildi. Hökumət 1806-cı ilin yayında Bakını tutmaq üçün yeni ekspedisiya təşkil etmək əmrini verdi. Yolüstü Dərbəndi və Qubanı alan rus qoşunu 1806-cı il oktyabrın 3-də Bakıya yaxınlaşdı. Xeyli üstün düşmən qüvvələrinə müqavimətin mümkünsüzlüyünü anlayan Hüseynqulu xan şəhəri tərk edib ailəsi ilə birlikdə Qacarlar dövlətinə sığındı. Bakı bu dəfə döyüşsüz alındı, xanlıq ləğv edildi və komendant tərəfindən idarə olunan əyalətə çevrildi. 1813-cü il Gülüstan müqaviləsinə əsasən Bakı xanlığının Rusiya tərəfindən ilhaqı rəsmiləşdirildi. Sonralar Bakı xanlığını bərpa etmək cəhdləri uğursuzluqla nəticələndi. 1918-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini əldə edənədək Bakı şəhəri Rusiyanın tabeçiliyində qaldı.
İstifadə edilmiş ədəbiyyat:
Tofiq Mustafazadə. Azərbaycan xanlıqlarının qısa tarixi. Bakı: Victori NPM, 2011, s. 154-166.
Похожие статьи
-
Azerbaycan tarixi xanliqlar Azərbaycanın cənub-şərqində Talış dağları, Xəzər dənizi və Muğan düzü arasında Talış xanlığı yerləşirdi. Xanlığın banisi…
-
Azərbaycan tarixi xanlıqları yüklə
Azərbaycan xanlıqları XVII yüzilin gedişində, Nadirin ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Yerli feodallar mövcud vəziyyətdən…
-
Azərbaycan tarixi 7 cilddə 5-ci cild
TƏSDİq ediRƏM” azərbaycan tariXİ Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi….
-
Azərbaycan Dilinin İzahlı Luğəti 4 Cild A) Sərab xanlığı Azarbaycan tarixi. Yeddi cildda. I-VII cild. Цитата: Yeddi cildlik “Azərbaycan tarixi”nin II…
-
Azərbaycan tarixi kurikulumla 6-11
Azərbaycan tarixi kurikulumla 6-11 9. 1863-cü il Zaqatala üsyanına aid deyil: Azərbaycan tarixi. XI sinif. KSQ №2 1.Rusiyada təhkimçilik hüququ ləğv…
Comments are closed, but trackbacks and pingbacks are open.