Azrbaycan tarixi xronologiya
Sentyabr – Ermənistan silahlı qüvvələri Goranboy rayonunun qərb hissəsinə hücum edərək bir sıra yaşayış məntəqələrini işğal etmişlər;
Azrbaycan tarixi xronologiya
Təcavüzün xronologiyası [1]
1987-ci ilin sonunda (noyabr-dekabr) Ermənistanda yaşayan azərbaycanlılara qarşı ilk sistematik hücumlar başlanmış və azərbaycanlı qaçqınların axını ilə nəticələnmişdir. Eyni zamanda, Ermənistanın təhriki ilə Azərbaycanın Xankəndi şəhərində azərbaycanlılara qarşı hücumlar törədilmişdir;
20 fevral – Ermənistan SSR hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) [2] Xalq Soveti deputatlarının sessiyasında erməni nümayəndələri tərəfindən DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə vəsatət vermək barədə qərar qəbul edilmişdir;
22 fevral – Xankəndi-Ağdam yolunda Əsgəran qəsəbəsinin yaxınlığında erməni millətçiləri DQMV-nin Xalq Sovetinin yuxarıda qeyd olunan qərarına etiraz edən azərbaycanlıların dinc nümayişini atəşə tutmuşlar. Nəticədə iki gənc azərbaycanlı həlak olmuşdur;
27-29 noyabr – Ermənistan SSR-in Quqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilmiş basqınlar nəticəsində 33 azərbaycanlı öldürülmüşdür. 1988-1989-cu illər ərzində Ermənistan hökuməti azərbaycanlıları Ermənistanı tərk etməyə məcbur etmişdir. Kütləvi deportasiya zamanı ən azı 216 azərbaycanlı öldürülmüş və 1154 nəfər yaralanmışdır. Ermənistandan sayı təxminən 250 000 nəfər təşkil edən qaçqınlar Azərbaycana gəlməyə başlamışlar;
7 iyul – Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi azərbaycanlı mülki şəxslərin ölümü ilə nəticələnmiş silahlı atəşə məruz qalması;
11 iyul – Xankəndidə azərbaycanlılara qarşı mülki şəxslər arasında itkilərlə nəticələnmiş silahlı hücumlar;
29 iyul – Azərbaycandan Ermənistana gedən qatarlar Ermənistan ərazisində basqınlara məruz qaldığına görə onların hərəkəti kəsilmişdir. Ermənistan Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı blokada tətbiq etməyə başlayır;
3-21 sentyabr – Azərbaycan SSR DQMV-də yaşayan azərbaycanlılara qarşı terror aktları silsiləsi, Xankəndidə azərbaycanlıların öldürülməsi və evlərinin yandırılması;
16 sentyabr – Tbilisi-Bakı marşrut avtobusunda törədilmiş terror aktı nəticəsində 5 nəfərin həlak olması, 25 nəfərin yaralanması;
1 dekabr – Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Azərbaycan SSR-in DQMV-ni birləşdirmək haqqında qeyri-qanuni qərar qəbul etmişdir;
Dekabrın birinci və ikinci ongünlüyü – Ermənistan SSR ilə sərhəddə yerləşən Azərbaycan SSR-in kəndlərinə qarşı çoxsaylı hücumlar törədilmiş, Ermənistandan silahlı döyüşçülər Azərbaycanın Goranboy və Göygöl rayonları ərazisinə daxil olmuşlar;
15 yanvar – Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin Ermənistan tərəfindən işğalı [3] ;
19 yanvar – Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinin hücuma məruz qalması;
13 fevral – Şuşa-Bakı sərnişin avtobusunun partladılması nəticəsində 13 azərbaycanlının yaralanması;
24 mart – Erməni silahlılar tərəfindən Qazax rayonunun sərhədyanı Bağanis Ayrım kəndinə dinc əhalinin öldürülməsi ilə nəticələnən silahlı hücum;
10 avqust – Xanlarda sərnişin avtobusunun partladılması nəticəsində 17 nəfərin həlak olması və 16 nəfərin yaralanması;
10 avqust – Tbilisi-Ağdam sərnişin avtobusunun partladılması nəticəsində 20 nəfərin həlak olması və 30 nəfərin yaralanması;
30 noyabr – Şuşadan Xankəndiyə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarını daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 2 nəfərin yaralanması;
Sentyabr – Ermənistan silahlı qüvvələri Goranboy rayonunun qərb hissəsinə hücum edərək bir sıra yaşayış məntəqələrini işğal etmişlər;
Oktyabr-Noyabr – Ermənistan silahlı qüvvələri Xocavənd rayonu və Hadrut qəsəbəsindəki azərbaycanlı əhaliyə qarşı silahlı hücumlara başlamışdır. Təxminən 30 kənd işğal və viran edilmiş, sakinlər evlərindən qovulmuşdur;
20 Noyabr – Erməni terrorçular Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın yüksək səviyyəli rəsmilərini, habelə Rusiya və Qazaxıstandan bir qrup yüksək vəzifəli məmurlarını daşıyan “MI-8” mülki helikopterinə atəş açmışlar. Nəticədə 22 nəfərin öldürülməsi Jeleznovodskda (23 sentyabr 1991) Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məqsədilə edilən ilk səylərə zərbə vurmuş və zorakılığın daha da artmasına gətirib çıxarmışdır;
Dekabrın sonu – Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə və Xocalı rayonunun Meşəli kəndinə hücumlar və onların işğalı mülki şəxslərin kütləvi öldürülməsi ilə nəticələnmişdir;
Yanvar – Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindəki azərbaycanlıların məskunlaşdığı yaşayış məntəqələrinin işğalını davam etdirir;
10 fevral – Ermənistan silahlı qüvvələrinin Şuşa şəhərinin Quşçular və Malıbəyli kəndlərinə qarşı çox sayda itkilər ilə nəticələnən hücumu;
17 Fevral – Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndinin mülki əhalisinə qarşı qətliam törətməsi;
25-26 fevral – Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin mülki əhalisinə qarşı soyqırımı aktı törədilmişdir. Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının (Xankəndi şəhərində yerləşmiş) birbaşa dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən 613 azərbaycanlı, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə qətlə yetirilmiş və Xocalı şəhəri məhv edilmişdir. 76 uşaq daxil olmaqla 487 nəfər dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. 150 nəfərin taleyi hələ də məlum deyil.
Mart-İyun – Azərbaycanın Qazax rayonunun Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndlərinin işğalı;
8 aprel – Ermənistan silahlı qüvvələrinin dinc əhalinin kütləvi şəkildə öldürülməsi ilə nəticələnən Kəlbəcər rayonunun Ağdaban kəndinə hücumu;
8 May – Tehranda İranın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan dövlət başçıları görüşərkən Ermənistan Azərbaycanın Şuşa şəhərinə hücuma başlamış və işğal etmişdir;
18 May – Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Yüksək Vəzifəli Şəxslər Komitəsində münaqişənin sülh yolu ilə həllinə dair müzakirələrin aparıldığı bir vaxtda Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunu işğal edilmişdir;
28 Avqust – Ermənistan silahlı qüvvələrinin dinc əhalinin kütləvi şəkildə öldürülməsi ilə nəticələnən Goranboy rayonunun Ballıqaya kəndinə hücumu;
9-12 dekabr – Ermənistan Rusiyanın Soçi şəhərində razılaşdırılmış atəşkəsi pozaraq Azərbaycanın Zəngilan rayonunun səkkiz kəndini işğal etmişdir.
2 aprel – Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Azərbaycanın Kəlbəcər rayonunun işğalı;
30 aprel – BMT Təhlükəsizlik Şurası, digər məsələlərlə yanaşı, Azərbaycan Respublikasının Kəlbəcər və bir müddət öncə işğal olunmuş digər rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı qətnamə qəbul etmişdir;
7 iyul – Ermənistan silahlı qüvvələri tərəfindən Ağdərə şəhərinin işğalı;
23 İyul – ATƏM-in Minsk Konfransının sədri Mario M.Rafaellinin səfərindən dərhal sonra Ermənistan tərəfindən Ağdam rayonunun işğalı;
29 iyul – BMT Təhlükəsizlik Şurası, digər məsələlərlə yanaşı, Azərbaycanın Ağdam və bir müddət öncə işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd- şərtsiz çıxarılması tələbini özündə əks etdirən 853 saylı qətnamə qəbul etmişdir;
23 Avqust – Ermənistan təcavüzkarlığını davam etdirərək Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal etmişdir;
31 Avqust – Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Qubadlı rayonunun işğalı;
14 oktyabr – BMT Təhlükəsizlik Şurası, digər məsələlərlə yanaşı, ATƏM-in Minsk Qrupunun hazırladığı qrafikdə nəzərdə tutulmuş qarşılıqlı və təcili tədbirlərin dərhal yerinə yetirilməsinə, o cümlədən Azərbaycanın bir müddət öncə işğal edilmiş ərazilərdən işğalçı qüvvələrin çıxarılmasına çağıran 874 saylı qətnamə qəbul etmişdir;
29 oktyabr – Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Zəngilan rayonunun işğalı;
11 noyabr – BMT Təhlükəsizlik Şurası, digər məsələlərlə yanaşı, Zəngilan rayonunun və Horadiz şəhərinin işğalını, mülki əhaliyə hücumları, Azərbaycan Respublikasının ərazilərinin bombardman edilməsini pisləyən, eləcə də işğalçı qüvvələrin qeyd-şərtsiz Zəngilan və Horadizdən çıxarılmasını, Azərbaycan Respublikasının son vaxtlar işğal edilmiş digər rayonlarından çıxarılmasını tələb edən 884 saylı qətnamə qəbul etmişdir;
Dekabr – Ermənistan silahlı qüvvələri Azərbaycanın Beyləqan və Ağcabədi rayonları istiqamətində hücuma başlamışlar. Azərbaycan tərəfi silahlı hücumları dəf etmişdir;
1994-cü il aprel – Ermənistan silahlı qüvvələri Goranboy və Tərtər rayonları istiqamətində növbəti hücumlara başlamışlar. Hücumlar Azərbaycan silahlı qüvvələri tərəfindən dəf edilmişdir;
12 May 1994 – Atəşkəsin elan edilməsi;
Qeyd olunmalıdır ki, atəşkəs Azərbaycana qarşı hərbi təcavüzə son qoymadı. 1994-cü ildən etibarən 26 il ərzində Ermənistan Azərbaycan ərazilərinin beşdə birinin qanunsuz işğalını davam etdirir və 1 milyondan çox qovulmuş azərbaycanlının öz doğma yurduna qayıtmasının qarşısını alırdı. Bundan əlavə, atəşkəsdən sonra da Azərbaycanın hərbi qulluqçuları və mülki şəxslərinə qarşı dəfələrlə gücdən istifadə, habelə Azərbaycan mülki əhalisinə zərər vermək məqsədilə qış aylarında su anbarlarından qəsdən suyun buraxılması və ya ərazilərin yandırılması kimi digər qeyri-ənənəvi üsullardan istifadə halları baş vermişdir;
Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı əsas hücumlar 2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda və 2020-ci ilin sentyabrında baş vermişdir [4] .
[1] Bu, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı baş vermiş hadisələrin qeyri-müfəssəl xronologiyasıdır.
[2] 1991-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə “DQMV” inzibati ərazi vahidi kimi ləğv olunub.
[3] Azərbaycan ərazilərinin işğalı mülki əhalinin vəhşicəsinə öldürülməsi və yaralanması, işğal olunmuş ərazilərdən bütün azərbaycanlı əhalinin etnik təmizlənməsi ilə müşayiət olunurdu.
[4] Daha ətraflı məlumat internet saytının müvafiq bölmələrində yerləşdirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti – Tarixi hadisələrin xronologiyası
1813 – Rusiya İmperiyası ilə İran arasında Gülüstan sülh müqaviləsi imzalanır. İndiki Dağıstan, şərqi Gürcüstan, Azərbaycan Respublikasının böyük hissəsi və Şimali Ermənistanın bir qismi Rusiya İmperiyasına təslim edilir.
1828 – Rusiya İmperiyası ilə İran arasında Türkmənçay sülh müqaviləsi imzalanır. Bu sənəd Rusiyanın Cənubi Qafqazda mövcudiyyətini möhkəmləndirir. İndiki Ermənistan, Azərbaycan Respublikasının cənub bölgələri, Naxçıvan, İqdır vilayəti (indi Türkiyənin tərkibindədir) Rusiyaya təslim edilir.
1870 – Bakıda neft sənayesi ətrafında neft bumu və sürətli iqtisadi inkişafa start verilir. Yerli iş adamları ilə yanaşı, Nobel qardaşları və Rothschild-lər kimi xarici investorlar Bakıya gələrək burada neft quyuları qazır, neftemalı zavodları tikir, limanlar inşa edir və dəmir yolları çəkirlər.
1904 – Azərbaycan ziyalı-demokratları müsəlman dünyasında ilk sosial-demokratik təşkilat olan “Hümmət” partiyasını yaradırlar. Partiyanı təsis edənlər arasında Məşədi Əzizbəyov, Əjdər Məlikov, Əsədulla Axundov və Məhəmməd Əmin Rəsulzadənin də adları var. “Hümmət” formal olaraq Rusiya Sosial-Demokrat Fəhlə partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində müstəqil fəaliyyət göstərib.
1905 – Birinci Rusiya İnqilabı nəticəsində Rusiya İmperiyasında konstitusiyalı monarxiya üsul-idarəsi təsbit olunur. Məhəmməd Əmin Rəsulzadə inqilabda fəal şəkildə iştirak edir. Əlimərdan bəy Topçubaşov, İsmayil xan Ziyadxanov kimi Bakı və Yelizavetpol quberniyalarının müsəlman nümayəndələri İmperiyanın qanunvericilik orqanı olan Dumada qısa müddətə də olsa, təcrübə qazandılar.
1905-1911 – İranda Məşrutə İnqilabı və İranın ilk parlamenti – Məclisinin – təsis edilməsi.
1908 – Gənc Türklər (Konstitusiya) İnqilabı Osmanlı İmperiyasında konstitusiyalı monarxiya üsul-idarəsi təsbit edir.
1911 – Məhəmməd Əmin Rəsulzadə və başqaları Müsavat Partiyasını təsis edirlər.
1913 – Məhəmməd Əmin Rəsulzadə İran və Türkiyədə dörd illik siyasi mühacirətdən sonra Rusiyaya qayıdır.
İyul, 1914 – Birinci Dünya müharibəsi başlayır.
1917
Mart, 1917 – fevral İnqilabı Rusiyada monarxiyaya və Romanovlar sülaləsinin 300 illik hökmranlığına son qoyur.
Rusiya respublika elan edilir, ölkəni Müvəqqəti Hökümət idarə edir.
Mart, 1917 – Nəsib bəy Yusifbəyli və digər siyasətçilər Gəncə şəhərində Türk Ədəmi-Mərkəziyyət partiyası təsis edirlər.
15-20 aprel, 1917 – Bakıda Qafqaz müsəlmanlarının Birinci Qurultayı keçirilir. Qurultayda eləcə də Müsavat və federalist partiyalarının müvafiq qaydada birləşməsinin bünövrəsi qoyulur.
İyun, 1917 – “Müsavat” və “Türk Ədəmi-Mərkəziyyət” partiyaları birləşərək fəaliyyətlərini “Türk Ədəmi-Mərkəziyyət firqəsi-Müsavat” partiyası kimi davam etdirirlər.
Oktyabr, 1917 – Rusiyada Oktyabr İnqilabı: Leninin Bolşevik partiyası Müvəqqəti Höküməti devirərək hakimiyyəti ələ alır. Bolşeviklər Sovet İttifaqının yaranmasına gətirib çıxaran dəyişiklərə başlayırlar.
Oktyabr, 1917 – Bakıda Türk Ədəmi-Mərkəziyyət Müsavat partiyasının ilk qurultayı toplaşır.
Noyabr, 1917 – Cənubi Qafqaz da daxil, Rusiyada Müəssislər Məclisinə seçki keçirilir. Cənubi Qafqazın müsəlman əhalisinin səs verdiyi partiyalar arasında Müsavat partiyası 616,000 səslə birincilik qazanır.
Noyabr, 1917 – Tbilisidə müstəqil Zaqafqaziyanın ilk höküməti kimi Zaqafqaziya Komissarlığı (Zavkom) yaradılır.
Dekabr, 1917 – Rusiya ilə Osmanlı nümayəndə heyəti arasında Qafqaz cəbhəsində hərbi münaqişəni bitirmək məqsədilə Erzincan Barışığı imzalanır.
1918
18-19 yanvar, 1918 – Rusiya tarixində ilk dəfə olaraq demokratik yolla seçilmiş təmsilçilik orqanı – Müəssislər Məclisi toplanır. Bolşevikllər toplantının səhərisi günü Məclisin işini qapadırlar, Müəssislər Məclisi buraxılır və ləğv olunur. Cənubi Qafqaz təmsilçilərinin əksəriyyəti toplantının açılışına özünü çatdıra bilmir.
Yanvar, 1918 – Müəssislər Məclisinin ləğv olunması ilə Rusiyada Bolşeviklərlə onların opponentləri arasında Vətəndaş Müharibəsi başlayır. Dörd il çəkən Vətəndaş müharibəsi Rusiyaya ağır zərbə vurur.
Yanvar, 1918 – Tbilisidə Zaqafqaziya Kommissarlığı Azərbaycan, Ermənistan və Gürcüstandan Rusiya Müəssislər Məclisinə seçilmiş nümayəndələrdən Seym təşkil edir.
Yanvar – fevral, 1918 – Bolşeviklərin üstünlük təşkil etdiyi Bakı Soveti şəhər üzərində nəzarəti ələ keçirir.
Mart, 1918 – Martın 3-də Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan, Osmanlı dövlətləri ilə Bolşevik Rusiyası arasında Brest-Litovsk müqaviləsi imzalanır. Bu sənədlə Rusiyanın Birinci Dünya Müharibəsində iştirakına son qoyulur. Osmanlı İmperiyası Batum, Qars və Ərdahanı geri alır. Osmanlı Ordusu şərq istiqamətində irəliləməyə başlayır.
Mart, 1918 – Bakıda erməni silahlı dəstələri müsəlman əhalisinə qarşı qətliam törədir. Daşnakların köməyilə Bolşeviklər şəhəri avqusta qədər idarə edərək Bakı quberniyasını da nəzarət altına alırlar.
Aprel, 1918 – Seym Zaqafqaziya Demokratik Federativ Respublikasının təsis olunduğunu elan edir.
28 may 1918 – Qafqaz Seyminin müsəlman nümayəndələri Milli Şura təsis edərək Azərbaycanın müstəqilliyini elan edirlər. Baş nazir F. Xoyskinin ilk kabinetinin üzvləri təyin olunur. Nuru Paşa Gəncəyə gəlir.
4 iyun 1918 – Azərbaycan və Osmanlı hökumətləri arasında dostluq və sülh sazişi imzalanır. Osmanlı qüvvələri Gəncəyə daxil olur. Qafqaz islam Ordusunun təşkilinə start verilir.
16 iyun 1918 – Azərbaycan hökuməti və Milli Şura Tbilisidən Gəncəyə köçür. Səhərisi gün Milli Şura buraxılır və qanunvericilik səlahiyyəti müvəqqəti olaraq hökumətə verilir. Xoyskinin ikinci kabineti formalaşdırılır.
27 iyun 1918 – Qafqaz İslam Ordusu şərqə doğru irəliləməyə başlayır və Göyçayda Bakı Soveti qoşunlarını məğlub edir. Həmin gün türk dili (Azərbaycan dili) yeni dövlətin rəsmi dili elan olunur.
10 iyul 1918 – Qafqaz İslam Ordusu şərq istiqamətində daha dərinə irəliləyərək Kürdəmir və Şamaxını Bakı Sovetinin qüvvələrindən azad edir.
31 iyul 1918 – Hərbi məğlubiyyətlər Bolşeviklərin rəhbərlik etdiyi Bakı Sovetinin hakimiyyətinə son qoyur. Yerdə qalan digər siyasi qüvvələr Britaniyanın dəstəyilə Bakıda Sentrokaspi Diktaturası elan edir və İranda general Dunsterville-in komandanlığı altında olan Britaniya qüvvələrini Bakıya dəvət edir.
4 avqust 1918 – Britaniya qüvvələri Bakıya girir. Britaniya zabitləri şəhəri yaxınlaşmaqda olan Qafqaz İslam Ordusundan müdafiə etmək üçün yerli erməni və rus könüllülərini silahlandırır və onlara təlim keçir.
15 sentyabr 1918 – Qafqaz İslam Ordusu Bakını azad edir. Britaniya qüvvələrinin evakuasiyası.
17 sentyabr 1918 – Azərbaycan höküməti Gəncədən Bakıya köçür.
30 oktyabr 1918 – Osmanlı İmperiyası ilə Müttəfiqlər arasında Mudros sülh müqaviləsi imzalanır. Bununla da Osmanlı hərbiyyəsinin Birinci Dünya Müharibəsində iştirakı sona çatır.
Noyabr, 1918 – Birinci Dünya Müharibəsi başa çatır.
16 noyabr 1918 – Azərbaycan Milli Şurasının iclası keçirilir.
17 noyabr 1918 – Bakıya general Tomson-un başçılıq etdiyi Britaniya qüvvələri gəlir.
7 dekabr 1918 – Azərbaycan Respublikasının parlamentinin təntənəli açılışı keçirilir.
26 dekabr 1918 – Baş nazir Xoyskinin sayca 3-cü kabineti təşkil edilir. Gürcüstanla Azərbaycan arasında tranzit daşımalar barədə saziş imzalanır.
1919
14 aprel 1919 – Nəsib bəy Yusifbəyli respublikanın 4-cü Nazirlər Kabinetini təşkil edir.
28 may 1919 – Paris Sülh Konfransında Azərbaycan nümayəndələrinin ABŞ prezidenti Wilson ilə görüşü keçirilir.
16 iyun 1919 – Azərbaycan ilə Gürcüstan arasında hərbi müdafiə aktı imzalanır.
6 avqust 1919 – General Tomson-un Xəzər Hərbi Donanmasının Denikinin könüllülər ordusuna verilməsi barədə sərəncam imzalanır.
24 avqust 1919 – Britaniya qüvvələri Bakıdan evakuasiya olunur. Azərbaycanın Dövlət Bankı təsis olunur.
1 sentyabr 1919 – Baku Dövlət Universiteti təsis olunur.
23 noyabr 1919 – Tbilisidə Azərbaycan və Ermənistan tərəfləri arasında baş verən bütün münaqişələrə son qoyulması və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilə imzalanır.
2-11 dekabr 1919 – Türk Ədəmi-Mərkəziyyət Müsavat partiyasının 2-ci qurultayı Bakıda toplanır.
22 dekabr 1919 – Nəsib bəy Yusifbəyli sayca 5-ci höküməti təsis edir.
1920
2 yanvar 1920 – Sovet Rusiyası Denikinə qarşı birgə mübarizə aparmaq təklifi haqqında Azərbaycan Cümhuriyyətinə birinci dəfə nota verir.
11 yanvar 1920 – Azərbaycanın müstəqilliyi Paris Sülh Konfransında Antanta Ali Şurası tərəfindən de-fakto tanınır.
14 yanvar 1920 – F. Xoyski Rusiyanın Denikinlə mübarizəsinin onun daxili işi olması haqqında Çiçerinə cavab notası verir.
23 yanvar 1920 – Çiçerin Azərbaycan hökumətini Sovet Rusiyasının Denikinə qarşı mübarizəsindən imtina etməkdə ittiham edən ikinci notasını göndərir.
20 mart 1920 – Azərbaycan-İran müqaviləsi bağlanır; Bu müqaviləyə əsasən, Azərbaycan İran tərəfindən de-yure tanınır.
23 mart 1920 – Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsi imzalanır.
15 aprel 1920 – Xoyski Çiçerinə Rusiya qoşun hissələrinin Azərbaycan sərhədlərində cəmləşməsi ilə bağlı Azərbaycan dövlətinin narahatlığını ifadə edən nota göndərir.
27 aprel 1920 – XI Qızıl Ordu Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə daxil olur.
28 aprel 1920 – Azərbaycan Cümhuriyyətinin parlamenti Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti ona təhvil verməsi haqqında ultimatumunu qəbul edir.
Comments are closed, but trackbacks and pingbacks are open.