Press "Enter" to skip to content

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu

Milli istiqlal hərəkatı, eləcə də, mövcud olduğu 23 ay ərzində Cümhuriyyəti ayaqda tutmaq, demokratik prinsipləri hakim mövqeyə qaldırmaq, xalq arasında elmi təbliğ etmək uğrunda bir çox tanınmış şəxsiyyətlər əzmlə çalışmışlar. Onların arasında ziyalı qadınlarımızın da öz töhfəsi olmuşdur.

Azrbaycan xalq cümhuriyyti

Dini maarifləndirmə / 20.12.2018

Azərbaycan Xalq Cümhuriyyətinədək Azərbaycan cəmiyyətində qadına münasibət

XX əsrin əvvəllərində savadsızlıq və fanatik ənənələr səbəbindən ictimai və siyasi həyatdan təcrid olunmuş şəraitdə yaşamaları qadınların şəxsi həyatı üçün bir sıra çətinliklər yaratmışdı.

Azərbaycanın ziyalı elitası xalqı maarifləndirməyə, hüquq və vəzifələrini anlatmağa çalışır, “qadın bir şəxsiyyət kimi azad olmayınca xalqın problemləri həllolunmaz qalacaq!” ideyasını irəli sürürdülər. Bu mövzuda daha çox H.Zərdabi, Ə.Ağayev, M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Nəzmi, M.Ə.Sabir, F.Köçərli, M.S.Ordubadi, C.Cabbarlı, M.Ə.Rəsulzadə və başqaları yazırdılar. Onlar fanatik dindarların hücumlarından çəkinməyərək diqqəti qadın problemlərinə də cəlb edə bilir, qızların zorla evləndirilməsini, kişilərin onlarla qul kimi rəftar etməsini tənqid edir, qadınlara kişilərlə bərabər təhsil verməyin zəruriliyini diqqətə çatdırırdılar.

XX əsrin başlanğıcında Azərbaycan qadınının azadlıq problemi ilk olaraq 1903-cü il martın 30-da Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzetində qaldırıldı. Onun təsisçisi, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtlı müsəlman aləmində qadın azadlığı məsələlərindən bəhs edən məqalələr yazıb çap edirdi. Onun bu mövzudakı yazıları əsasən qadının azadlığını məhdudlaşdıran və ətraf aləmdən, ictimai həyatdan təcrid edən problemlərə həsr olunurdu.

XX əsrin ilk illərində Azərbaycan qadınlarının təhsil almaq imkanının məhdudluğuna qarşı atılmış mühüm addımlardan biri H.Z.Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qız Məktəbini təsis etməsi oldu. Məktəbin təntənəli açılışı günü – 1901-ci il oktyabrın 7-də “Kaspi” qəzeti Qafqaz (Zaqafqaziya) müsəlmanlarının Şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin xeyir-duasını da dərc etmişdi. O, Məhəmməd peyğəmbərin “elm öyrənmək həm müsəlman kişiyə, həm də müsəlman qadınına vacibdir” sözlərini xüsusi vurğulamış, İslamın tarixindən, həkim, alim kimi şöhrət tapmış müsəlman qadınlarının həyatından misallar və sitatlar gətirmiş və demişdi: “Bu tarixi sitatlardan məqsədim budur ki, nə din, nə şəriət təhsil və tərbiyə sahəsində qadınların hüquqlarını məhdudlaşdırmır. Belə olsaydı, İslamda bu qədər şöhrətli müsəlman qadını yetişməzdi. Əgər bu vaxta qədər Zaqafqaziyada qızlara təhsil verilməyibsə, bunun səbəbi təkcə məktəbin yoxluğu deyil, həm də kök atmış ziyanlı adətlərdir”.

Bundan başqa, nədənsə XIX əsrin sonları və XX əsrin əvvəllərində yaşayıb-yaratmış Qafqaz Şeyxülislamı Axund Əhməd Hüseynzadə (Əli bəy Hüseynzadənin babası), Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbov (Nigar xanım Şıxlinskayanın atası), görkəmli Azərbaycan maarifçisi Mirzə Əbdürrəhim Talıbzadə, Mir Məhəmməd Kərim Mircəfərzadə, Mirzə Əbu Turab Axundzadə kimi onlarla ilahiyyat xadimi və din alimlərimizin qadın problemi ilə mübarizə yönündəki fəaliyyətlərindən, nəşr edilmiş əsərlərindən, əfsuslar olsun ki, geniş şəkildə bəhs edilmir.

Maarifçi ziyalıların gərgin səyləri nəticəsində XX əsrin ikinci onilliyindən etibarən Azərbaycan qadınları ictimai-siyasi həyatda da görünməyə başladılar. Hətta onlar artıq yetişmiş problemlərini qadınların özləri tərəfindən ictimai rəyə çatdıran “İşıq” kimi qadın qəzetinin meydana çıxmasına nail oldular. “İşıq” qəzetinin ilk nömrəsi 1911-ci il yanvarın 22-də çap edilmişdir. 1912-ci ilədək 68 nömrəsi işıq üzü görmüş nəşrin redaktoru Xədicə Əlibəyova, naşiri isə onun həyat yoldaşı Mustafa bəy Əlibəyov olmuşdur. “İşıq” qəzeti maarifçi ideyalarla gündəmə gələrək o dövrün ziyalı qadınlarını ətrafına toplamışdı.

Bu, artıq XX əsrin əvvəllərində Azərbaycan qadınının ciddi ictimai qüvvəyə çevrilməsini təsdiq edən əlamətlərdən biridir. Burada və digər mətbuat orqanlarının səhifələrində qadın müəlliflərinin çıxışlarının getdikcə intensivləşməsi, müxtəlif mövqeli müəlliflərlə fikir mübadiləsində onların öz mövqelərini daha inamla ortaya qoymaları və s. bir daha göstərdi ki, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının qadın azadlığı uğrunda apardığı çətin mübarizəsi nəticəsiz qalmadı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadın siyasəti

XX əsrin ilk illərindən etibarən ailə və qadın mövzusu ziyalılar tərəfindən geniş şəkildə müzakirə edilən ən aktual məsələlərdən olmuşdur. Bu problem fərqli əqidə sahibləri tərəfindən ən müxtəlif kontekstlərdə dəyərləndirilmişdir.

Tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişdir. Bununla belə, ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almış oldu.

Hələ 1918-ci il qurultayında M.Ə.Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirdi. M.Ə.Rəsulzadə deyirdi: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Bu fikirlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.

Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək – seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ Azərbaycanda verilmiş oldu. Bu Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunu bütün dünyaya nümayiş etdirdi.

Beləliklə, 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlamentinə seçkilərdə də azərbaycanlı qadınlar iştirak etmişdir. Lakin, təəssüflər olsun ki, parlamentdə qadınlar təmsil olunmamışdı, çünki onlar rəhbər vəzifələrə öz namizədlərini irəli sürməkdən imtina etmişdilər.

Azərbaycanlı qadınların seçki hüquqlarının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım bu hüquqların Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında Əsasnamədə təsbiti oldu. AXC-nin Müəssislər Məclisinə seçkilər çox vaxt və ciddi hazırlıq tələb edirdi, mürəkkəb siyasi vəziyyət isə hər gün yeni məsələlərin həllini irəli sürürdü. Buna baxmayaraq, parlament bir sıra hüquqi aktlar, o cümlədən “Müəssislər Məclisinə seçkilər haqqında” Qanun qəbul etdi. 1919-cu il iyulun 21-də qəbul edilən qanunda dövlətin hakimiyyət orqanlarına qadınların seçmək və seçilmək hüquqları bir daha öz təsdiqini tapdı. Əsasnamənin 1-ci fəslində deyilirdi: “Müəssislər Məclisi əhali tərəfindən cinsindən asılı olmayaraq və bərabər seçki hüququ əsasında, birbaşa və gizli səsvermə vasitəsilə, mütənasib nümayəndəlik əsasları təmin edilərək seçilən üzvlərdən ibarətdir”. 2-ci fəsildə qeyd olunurdu ki, Müəssislər Məclisinə seçkilərdə “səsvermə gününədək 20 yaşı tamam olmuş hər iki cinsdən olan respublika vətəndaşları iştirak hüququna malikdirlər”. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qadınlara aktiv seçki hüququ vermək niyyətini bir daha təsdiqlədi.

M.B.Məmmədzadə yazırdı ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və siyasi hüquq kəsb edirdilər ki, bu hal bütün Şərqdə deyil, Avropada belə tamamilə tətbiq edilmiş deyildi. Azərbaycan milli xartiyası bu qərar ilə nə qədər ülvi, bəşəri və mədəni qayələrlə doymuş olduğunu isbat etməkdədir”.

Qadınların sosial həyatda və ümumi ictimai fəaliyyətdə fəal iştirak etmələri və onların millətin işgüzar bir üzvü, məhsuldar və fayda verən bir zümrəsi olmaları uğrunda ziyalıların hələ bu vaxta qədər də çox təşəbbüsləri olmuşdu. Lakin ilk dəfə olaraq İstiqlal Bəyannaməsində bu mövzuya rəsmən toxunulması məsələsi həmin dövrün mətbuatında da müzakirə edilən aktual mövzulardan idi. Çünki, daha öncə bu yolda mübarizə aparmış Avropa mütəfəkkirləri də qadın məsələsini hər bir şeyin əsası, hətta cümhuriyyətin belə təməli hesab edirdilər.

Qadın problemi Cümhuriyyət parlamentinin də diqqətdə saxladığı aktual mövzulardan idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamеntinin 10 dеkabr 1918-ci il tarixində keçirilmiş ikinci iclasında Azərbaycan qadınlarına İslam aləmində ilk dəfə olaraq sеçilmək hüququ da rəsmi dövlət səviyyəsində vеrilmiş oldu.

İclasda qadınların kişilərlə bərabər bütün hüquq və azadlıqlarını təmin еtmək üçün qəbul еdilmiş qanunda aşağıdakılar göstərilmişdir:

– hər iki cins üçün 8 saatlıq iş günü (maddə 28);

– həftədə bir dəfə istirahət günü (maddə 29);

– 16 yaşına qədər olan məktəb yaşlı uşaqların işlədilməsinin qadağan еdilməsi və 16 yaşından 18 yaşına qədər olan cavanların iş gününün 6 saatdan artıq olmaması (maddə 42);

– Qadınları səhhət və vücudlarına zərərli olan işlərdə çalışdırmaq qadağandır. Hamilə olan Qadınlar doğuşdan 4 həftə əvvəl və 6 həftə sonra əmək haqları tam ödənməklə xidmətdən azad еdilir (maddə 43);

– Qadınların işlədiyi hər bir fabrik və zavodda südəmər uşaqlar üçün tərbiyəxanalar təsis olunmalıdır. Sahibkarların hеsabına xəstələnmiş fəhlələrə müftə dərman vеrilməli və xəstə olduqları müddətdə əmək haqları onlara çatdırılmalıdır (maddə 50);

– Bu qanunlara əməl еtməyən sahibkarlar cinayət məsuliyyətinə cəlb еdiləcəklər.

Parlamentin ikinci iclasında “Hümmət” fraksiyasından Əkbər ağa Şeyxülislamov qadın hüquqlarından bəhs edərək deyirdi: “Millətimizin yarısını təşkil edən qadınlar qul sifətindədirlər. Biz onlara insan surətində baxmalıyıq. Millətin yarısı işləyib, yarısı işləməsə o millət çolaqdır. Üzərinə heç bir xeyir yetirə bilməz. Bu gün qadınlarımız gələcək övladlarımıza tərbiyə verməkdədirlər. Əgər onlar azadə olmasalar dövlət və vətənimizi müdafiə edən azad fikirli övlad dəxi yetirə bilməyib, özləri qul və əsir yaradarlar” .

Demokratik müzakirələr və məqsədyönlü siyasət nəticəsində qadınların məşğulluq imkanlarının artırılması üçün Cümhuriyyət parlamentində qanun qəbul edilir, qadınların daha çox məşğul olduğu kustar sənayeni inkişaf etdirmək və genişləndirmək məqsədilə yerli sahələrə kömək göstərən kustar sənaye kursları təşkil edilir və vəsait ayrılırdı. İşsizliyin aradan qaldırılması və iqtisadiyyatın gücləndirilməsi məqsədilə bir sıra bölgələrdə toxuculuq və tikiş emalatxanası açılması barədə müxtəlif layihələr müzakirəyə çıxarılırdı.

Xalq Maarif Nazirliyinin yeni kişi və qız məktəbləri və seminariyalarının açılmasına dair Azərbaycan Parlamentinə təqdim etdiyi qanun layihəsi əsasında 1919-cu ildə 4 kişi, 3 qadın kurslarının açılması qərara alınmış, qadın orta məktəblərində sinif müəllimi müavini vəzifəsinin təsis olunması barədə qanun layihəsi qəbul edilmişdi. Dövlətin təhsilə və yaradıcılıq sahələrinə belə ciddiyyətlə diqqət yetirməsi sayəsində ədəbi-mədəni mühitin formalaşmasında da qadınların fəallığı artmışdı.

Qadınların bu nailiyyətlərində hökumətlə bərabər, Azərbaycan ziyalılarının və milli mətbuatımızın rolu xüsusilə təqdirəlayiqdir.

Parlamentin 14 aprel 1919-cu il tarixli iclasında Nəsib bəy Yusifbəyli istiqlalın gələcəyinin maarifə bağlı olduğunu dilə gətirərək, milli maarifimiz və milli məktəbimizin tərəqqi etmədən bizim üçün qurtuluş və nicat ümidinin olmadığını vurğulamışdır. Bu istiqamətdə qadın hüquqlarının təminatına xüsusi diqqət yetirən hökumət təhsil siyasətində onlara da ayrıca qayğı ilə yanaşmış, qadınlar üçün fərdi gündüz kursları açılmış və cəmiyyətlə əlaqəli dərslər tərtib edilmişdi.

1918-1920-ci və daha sonrakı illərdə qadın hərəkatının güclənməsi daha ardıcıl qadın mətbuatının yaranmasını zəruri etdi. Azərbaycan hökuməti qadın hərəkatına istiqamət vermək, bu sahədə qadınlara kömək etmək məqsədilə əvvəlcə ayrı-ayrı səhifələr, sonra “Zəhmətkeş qadınların yolu”“Qafqaziya zəhmətkeş qadınların yolu” adlı qəzetlərin nəşrini qərara almışdır. Bu dövrdə elmi publisistik və bədii yaradıcılıqla məşğul olan Ş.Əfəndizadə, Ş.Qaspralı, Ş.Axundzadə, E.Yusifbəyli, Ü.Sadıqzadə kimi qadın ziyalıların məqalələrində, əsərlərində dövrün ictimai-siyasi, milli-mənəvi problemləri öz dolğun ifadəsini tapmışdır.

Milli istiqlal hərəkatı, eləcə də, mövcud olduğu 23 ay ərzində Cümhuriyyəti ayaqda tutmaq, demokratik prinsipləri hakim mövqeyə qaldırmaq, xalq arasında elmi təbliğ etmək uğrunda bir çox tanınmış şəxsiyyətlər əzmlə çalışmışlar. Onların arasında ziyalı qadınlarımızın da öz töhfəsi olmuşdur.

Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb əslində Cümhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi.

Dövrün ictimai, siyasi, publisistik və digər sahələrində ad qazanmış məhşur ziyalı xanımları – Şəfiqə xanım Əfəndizadə, Nigar xanım Şıxlinskaya, Xədicə Ağayeva, Sara Talışinskaya, Badusəba Köçərli, Fatma Topçubaşova, Mədinə xanım Qiyasbəyli, İsmət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova, Hənifə Zərdabi, Liza xanım Muxtarova, Əminə xanım Ağayeva, Mina xanım Aslanova, Nigar xanım Vəlibəyova, Gövhər xanım Vəlibəyova, Gövhər xanım Qayıbova və digərləri öz adlarını tarixə yazdırmışdır.

Bir sözlə, türkçülükdən mərdlik, ərənlik, İslamdan müqəddəslik almış müsəlman qadını Azərbaycan Xalq Cümhuriyyəti dövründə haqqı olan siyasi hüquqlara qovuşmuş oldu.

Turan Nəsirova

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu

Azərbaycan Xalq Cümhuriyyətinin demokratik daxili siyasətindən sui-istifadə edən bolşeviklər milli Azərbaycan dövlətçiliyini məhv etməyə çalışırdılar. “Azərbaycan tarixi” kitabında A.H.Balayev yazır ki, bolşeviklər Azərbaycanın daxilində də təxribatçılıq fəaliyyətlərini gücləndirirdilər. ADR-in mövcud olduğu bütün dövr ərzində Azərbaycanın istiqlaliyyətinə qarşı düşmənçilik mövqeyindən əl çəkməyən bolşeviklər iki dəfə 1918-ci ilin dekabrında və 1919-cu ilin mayında Bakıda siyasi tətillər təşkil etməyə cəhd göstərdilər. Bu tətillər siyasi xarakter daşıyıb, Azərbaycanın dövlət müstəqilliyi əleyhinə yönəldilmişdi. Lakin azərbaycanlı fəhlələrin həmin tətilləri boykot etməsi nəticəsində onlar tam iflasa uğradılar. Yalnız bu uğursuzluqlardan sonra bolşeviklər tələm-tələsik Azərbaycanda yeritdikləri siyasətdə dəyişikliklər etməyə başladılar.

RK(b)P-nin yerli təşkilatı kimi azərbaycanlılar arasında nüfuz qazanmağın qeyri-mümkünlüyünü dərk edən Bakı bolşevikləri gözdən pərdə asmaq məqsədilə “müstəqil” Azərbaycan Kommunist Partiyasının yaradılması ideyasını irəli sürdülər. Əslində, bu dəyişiklik kosmetik xarakter daşıyırdı. Ə.Qarayevin etiraf etdiyi kimi, söhbət yalnız formal “partiya”dan gedirdi, çünki bu “partiya” RK(b)P-nin yerli təşkilatı olaraq qalmaqla, bolşeviklər partiyası rəhbər orqanlarının və RK(b)P Qafqaz Ölkə Komitəsinin bütün qərarlarını yerinə yetirməyə borclu idi. Lakin Azərbaycan bolşeviklərinin bu cəsarətsiz təşəbbüsünü belə RK(b)P Qafqaz Ölkə Komitəsi millətçilik təzahürü hesab edərək, 1919-cu ilin avqustunda keçirilmiş plenumunda rədd etdi. Yalnız uzun sürən mübahisələrdən sonra RK(b)P Siyasi Bürosu 1920-ci il yanvarın 3-də “müstəqil” Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının yaradılmasına icazə verdi və fevralın 11-12-də AK(b)P-nin təsis qurultayı keçirildi. M.D.Hüseynov AK(b)P Rəyasət Heyətinin sədri seçilsə də, “partiya”nın faktiki rəhbəri A.İ.Mikoyan idi. Ümumiyyətlə, AK(b)P-nin yaradılması üçün icazənin Moskvadan alınması bu “partiya”nın “müstəqillik” dərəcəsini gözəl nümayiş etdirir.

Heç kimə gizli deyildir ki, AK(b)P Sovet Rusiyasının Azərbaycandakı “beşinci kolonnası” idi. AK(b)P Azərbaycan istiqlaliyyətinin məhv edilməsinə yönəldilmiş Kreml siyasətinin ölkədəki əsas daşıyıcısı idi. Qeyd etmək lazımdır ki, hətta “müstəqil” AK(b)P belə kütləvi partiyaya çevrilə bilmədi.

Təəssüflər olsun ki, Azərbaycan tarixinin belə məsuliyyətli dövründə hökumət daxilində birliyi qoruyub saxlamaq mümkün olmadı. Sovet Rusiyasına münasibət məsələsində hökumətin iki üzvü – F.X.Xoyski ilə M.H.Hacınski arasında qızğın mübarizə başladı. F.X.Xoyski Rusiyaya münasibətdə sərt xətt tərəfdarı idi. O, Azərbaycanda güclü hakimiyyətin yaradılmasını, daxili işlər naziri M.H.Hacınskinin istefa verməsini, parlamentin buraxılmasını, hökumətə ölkənin müdafiəsi üçün fövqəladə səlahiyyətlər verilməsini və yaxın altı ay ərzində Ümumazərbaycan Müəssislər Məclisinə seçkilərin keçirilməsini tələb edirdi. F.X.Xoyski və tərəfdarları M.H.Hacınskinin daxili işlər naziri vəzifəsindən istefasına nail olsalar da, o, ticarət naziri kimi hökumətin tərkibində qala bildi və cavab zərbəsi üçün əlverişli imkan gözləməyə başladı. Belə bir imkan tezliklə ələ düşdü. Qarabağdakı daşnak qiyamından istifadə edən Rusiya təmayüllü qüvvələr N.Usubbəyov hökumətini ölkədə qayda-qanun yaratmaq iqtidarında olmamaqda günahlandıraraq, onu istefa verməyə məcbur etdilər. Yeni hökumət kabinetinin təşkili M.H.Hacınskiyə tapşırıldı. Dərhal bolşeviklərlə əlaqəyə girən M.H.Hacınski onlara öz hökumətində nazir vəzifələri təklif etdi və hətta bolşeviklər partiyasına daxil olmağa hazır olduğunu bildirdi. Ən acınacaqlısı isə bu idi ki, M.H.Hacınski bütün bunları ölkəni dərin siyasi böhrandan çıxarmaq üçün deyil, getdikcə reallaşan bolşevik təhlükəsi qarşısında öz şəxsi təhlükəsizliyini təmin etmək üçün edirdi. Bolşeviklər M.H.Hacınskinin təşkil etdiyi hökumətə daxil olmaqdan imtina etsələr də, ona bildirdilər ki, əgər Azərbaycandakı kommunist təşkilatlarına loyal münasibət bəsləsəniz, yaxın müddətdə sizin kabinetə qarşı çıxış etməyəcəyik.

M.H.Hacınskinin yeni hökumət kabinetinin təşkilini yubatması Azərbaycanda onsuz da gərgin olan vəziyyəti bir qədər də gücləndirərək, parlamentdə müxtəlif partiyalar arasında gedən siyasi mübarizəni son həddə çatdırdı. Belə bir çətin məqamda ayrı-ayrı partiyaların məsuliyyətsiz siyasi oyunları xalqın qüvvələrini parçalayır və onun potensial qüvvəsini azaldırdı. Bununla əlaqədar, “İttihad” partiyasının xəyanətkar mövqeyindən danışmamaq mümkün deyildir.

“İttihad”ın liderləri açıq-açığına AXC hökuməti devirməyə çağırır və dövlət çevrilişi etmək üçün öz xidmətlərini bolşeviklərə təklif edirdilər. Azərbaycana qarşı müdaxilə ərəfəsində sovet hökuməti öz hərəkətlərini daşnak Ermənistanı ilə sıx əlaqələndirirdi. Məhz Moskvanın təhriki ilə daşnaklar 1920-ci il martın sonunda Qarabağ və Gəncəbasarda qiyam qaldırdılar. Bu qiyam iki məqsədə xidmət edirdi. Birincisi, Azərbaycan hökuməti özünün bütün qüvvələrini qiyamçılara qarşı göndərməli oldu ki, bununla da XI qırmızı ordunun bilavasitə hücumu ərəfəsində Azərbaycanın şimal sərhədləri, demək olar ki, müdafiəsiz qaldı. Digər tərəfdən isə, bolşeviklər daşnak qiyamından istifadə edərək ölkənin daxilində Azərbaycan hökumətinə qarşı düşmənçilik təbliğatını daha da gücləndirir və hökuməti Qarabağda milli münaqişəni həll etməkdə acizlikdə günahlandırırdılar. Azərbaycan Milli Dövlət Arxivində göstərilir ki, bolşeviklər guya ölkədə qayda-qanun yaratmaq məqsədi ilə Rusiyaya hərbi yardım üçün müraciət etməyə və XI qırmızı ordunu Azərbaycana dəvət etməyə çağırırdılar. Bu cəhətdən Ə.Qarayevin 1920-ci il aprelin 1-də Azərbaycan parlamentindəki çıxışı daha xarakterik idi. O demişdi: “qırmızı ordu artıq “Yalama” stansiyasında dayanmışdır və mən sizə təklif edirəm ki, onu köməyə çağırıb hakimiyyəti bolşeviklərə təhvil verəsiniz. Çünki bolşevik hakimiyyəti milli məsələni həll etməyə qadir olan yeganə hakimiyyət, XI qırmızı ordu isə milli qırğına son qoyacaq yeganə ordudur”.

1920-ci ilin aprelində Denikin qoşunlarının tör-töküntülərini darmadağın edən XI qırmızı ordu hissələri bilavasitə Azərbaycan sərhədlərinə çıxdılar. 1920-ci il aprelin 15-də F.X.Xoyskinin Çiçerinə göndərdiyi notada göstərilirdi ki, “hal-hazırda Sovet Rusiyası qoşunlarının Dərbənd rayonunda Azərbaycan sərhədi boyunca cəmləşməsi müşahidə olunur. Azərbaycan hökuməti sovet hökumətinin məqsədlərindən xəbərsiz olduğu üçün xahiş edir ki, ordunun göstərilən rayonda toplanmasının səbəbləri və məqsədi barədə məlumat verəsiniz”.

Lakin Çiçerin Azərbaycan hökumətinə cavab verməyi belə lazım bilmədi. Bu da onunla izah edilirdi ki, Azərbaycana qarşı hərbi müdaxiləyə hazırlıq kampaniyası yekun mərhələsinə qədəm qoymuşdu. A.İ.Mikoyanın başçılıq etdiyi Bakı bolşevikləri Azərbaycan xalqı adından XI qırmızı ordunu Azərbaycana dəvət etmişdi. XI qırmızı ordunun komandanlığı ilə razılaşdırılmış plana görə rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından bir-iki gün sonra Azərbaycana soxulmalı idi. Bunda məqsəd dünya ictimaiyyətində belə fikir yaratmaq idi ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlamamış, aprelin 27-də XI qırmızı ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar.

XI qırmızı ordunun hücumu ilə eyni vaxtda, aprelin 27-si gündüz saat 12-də Azərbaycan parlamentinə AK(b)P MK və PK(b)P-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi. Dinc əhali arasında qurbanlara və qan tökülməsinə yol verməmək üçün Azərbaycan parlamenti həmin gün axşam saat 11-də hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxardı. Bu şərtlə ki:

1) rus ordusu Bakıya daxil olmadan dəmiryolu ilə birbaşa Anadolunun köməyinə gedəcək;

2) Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq;

3) Azərbaycan ordusu olduğu kimi saxlanacaq;

4) Azərbaycan siyasi partiyaları üçün fəaliyyət sərbəstliyi təmin olunacaq;

5) keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanılacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;

6) azad şəraitdə toplanacaq Azərbaycan şuraları hakimiyyətin idarə şəklini təyin edəcək.

Yalnız aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərmək xahişi ilə sovet hökumətinə rəsmi surətdə müraciət etdi. Halbuki bu xahişə ehtiyac yox idi, çünki artıq iki gün idi ki, rus ordusu Azərbaycanın hüdudları daxilində idi. Bu, bir daha sübut edir ki, Azərbaycan Demokratik Respublikasının qanuni hökuməti Rusiyanın hərbi təcavüzü nəticəsində devrilmişdir. Digər tərəfdən, beynəlxalq hüquq normalarına görə xaricdən hərbi kömək göstərilməsi xahişi ilə yalnız ölkənin qanuni hökuməti çıxış edə bilər. Nə Azərbaycan parlamenti, nə də Azərbaycan hökuməti belə bir xahişlə müraciət etməmişdi.

AXC-nin yaranması XX əsrdə Azərbaycan xalqının dövlətçilik tarixində şərəfli yer tutan bir dövlət qurumu idi. T.B.Qafarov 1999-cu ildə yazdığı “Azərbaycan tarixi” (1920-1991) kitabında qeyd edir ki, XX əsr qədim tarixi olan Azərbaycanın taleyində silinməz izlər buraxmışdır. Bütün bunlar dünyada gedən qlobal siyasi, iqtisadi və mənəvi proseslərlə bağlı olmuşdur. Birinci Dünya müharibəsi nəticəsində yaranmış siyasi mühit Azərbaycan xalqının da tarixi taleyində mühüm rol oynadı. Sovet Rusiyasının nüfuz dairəsinə keçən Şimali Azərbaycanda Şərqdə ilk respublika olan Azərbaycan Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdi. Burada rus ordusunun köməyi ilə Azərbaycan Sovet Sosialist Respublikası yarandı.

Tarixçi-alim Musa Qasımlı Azərbaycan tarixinin öyrənilməsində obyektiv həqiqətə söykənməyin zərurətindən bəhs edərək yazır: “Azərbaycan tarix elmi sovet dövründə ideoloji basqılar və ölkədə yeridilən ümumi siyasi ucbatından xalqımızın müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında dövlətini qurduğu 1918-1920-ci illər tariximizi qaralamaqla bu baxımdan xeyli əziyyət çəkib. İndiki şəraitdə isə Cümhuriyyət dövrü tarixinin yersiz ideallaşdırılması nə qədər ziyanlıdırsa, onun əks tərəfdən eyni qayda ilə qaralanması, üstündən xətt çəkilməsi də bir o qədər zərərlidir”.

fəlsəfə üzrə fəlsəfə doktoru

Comments are closed, but trackbacks and pingbacks are open.