Press "Enter" to skip to content

Azərbaycan Xalq Cümhuriyyəti dövründə altı tələbə tibbi təhsil almaq üçün Almaniya və Fransaya göndərilib

Ali təhsil almaq üçün xarici ölkələrə tələbə göndərilməsi xəbərini eşidəndə Bakıda 1-ci Paralel küçəsi, 10-cu evdə yaşayan Balağa Ağayev 1919-cu il avqustun 15-də xalq maarif nazirinə məktub yazaraq onun da xaricə göndərilən tələbələr siyahısına salınmasını xahiş edib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil islahatları

Xalq Cümhuriyyətinin geniş fəaliyyət istiqamətlərindən biri də təhsil siyasəti ilə bağlı olmuşdur. Azərbaycanın dövlətçilik tarixində birinci respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin həyata keçirdiyi təhsil siyasətinin araşdırılması ölkəmizdə təhsilin inkişafı tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni-maarif sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdi. AXC hökumətinin 1918-ci il 30 iyun tarixli qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edilmiş və müvafiq kadrlarla təmin edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk günlərindən təhsilin milli əsaslar üzərində qurulması və inkişaf etdirilməsi məsələlərini diqqət mərkəzində saxlayırdı. Təsadüfi deyil ki, hökumət hələ Gəncədə fəaliyyət göstərərkən 1918-ci il 30 iyun tarixli qərarla Xalq Maarifi Nazirliyinin ştat tərkibi təsdiqlənmişdi (Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA). Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond № 51, siyahı № 1, 1918-1920-ci illər, s.1, 3). Nazirliyin səlahiyyətinə xalq maarifinə aid qanun layihələri hazırlamaq, ölkədə maarifin və elmin inkişafı üzrə tədbirlər planı müəyyənləşdirmək, ümumiyyətlə, təhsillə bağlı məsələlərin icrası daxil idi. Nazirliyin nəzdində ali və orta ixtisas, xalq və peşə təhsilləri işləri üzrə üç şöbə yaradılmışdı. Gənc respublikada milli təhsil quruculuğu istiqamətində nazirlik tərəfindən sistemli, ardıcıl tədbirlər həyata keçirilirdi.

Hökumətin 1918-ci il 27 iyun tarixli qərarına əsasən, türk dili dövlət dili elan edilmişdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Ana dilinin tədrisi icbari surətdə həyata keçirilməli idi. Tədrisi dövlət dilində olmayan məktəblərin yuxarı siniflərində Azərbaycan dili həftədə 4 saatdan az olmamaqla məcburi fənn kimi tədris edilirdi. Azərbaycan hökuməti ölkədə yaşayan digər xalqların övladlarının öz dillərində təhsil almasına da müvafiq şərait yaradırdı. Maarif sisteminin milliləşdirilməsi sahəsində ən böyük çətinlik müəllim kadrların çatışmazlığı ilə bağlı idi. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edilmiş və bu kurslara 150 nəfər cəlb edilmişdi. Azərbaycan hökuməti 22 iyun 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycana köçürülməsi haqqında qərar qəbul etmişdir. Azərbaycanda hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində 1919-cu ilin əvvəllərində 637 ibtidai məktəb 23 orta ixtisas təhsili məktəblər var idi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası (Bakı, Gəncə və Qazax), 3 Müqəddəs Nina (Bakı, Gəncə və Şəki) qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. Bakı, Gəncə və Qazaxda müəllim seminariyaları, Bakı, Gəncə və Şəkidə “Müqəddəs Nina” qadın məktəbləri, Bakıda politexnik və ticarət məktəbləri fəaliyyət göstərirdi. 1919-cu ilin sentyabrında Lənkəranda kişi və qadın gimnaziyaları fəaliyyətə başlamışdı. 1919-cu il sentyabrın 11-də Azərbaycan hökumətinin qərarı ilə “Müqəddəs Nina” məktəblərinin adları dəyişdirilərək, Bakı birinci milli qadın gimnaziyası, Gəncə qadın gimnaziyası və Şəki qadın gimnaziyası adlandırıldı. 1919-cu ildə Maarif Nazirliyi Bakı, Şəki, Şuşa, Göyçayda realnı və müəllim hazırlayan məktəblər açılması haqqında parlamentə qanun layihəsi təqdim etmiş və layihə bəyənilmişdi. Həmin dövrdə tədris prosesinin təşkili üçün ən ümdə vəzifələrdən biri müəllim kadrlarına olan tələbatın ödənilməsini təmin etmək idi. O zaman Gəncədə seminariya fəaliyyət göstərirdi, Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi də müəllim hazırlığı baxımından atılmış məqsədyönlü addım idi. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində təhsil müəssisələrinin şəbəkəsi getdikcə genişləndi (ARDA. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond № 51, siyahı № 3, saxlanma vahidi 71).
1919-1920-ci dərs ilinin ilk yarısında müəllim seminariyaları istisna olunmaqla, digər məktəblərdə 9611 nəfər təhsil alırdı ki, onlardan 3115 nəfəri azərbaycanlı idi. Hökumətin qərarı ilə Bakı politexnik və kommersiya məktəbləri, 3-cü, 4-cü Bakı məktəbləri və 2-3-4-cü Bakı qadın gimnaziyaları istisna olunmaqla, ölkədəki bütün orta məktəblərdə tədris Azərbaycan dilində aparılırdı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da o dövrdə təhsilin inkişafı sahəsində bir sıra ciddi işlər görülmüşdü. Azərbaycan hökuməti ölkədə təhsil sistemini daha da genişləndirmək və dərinləşdirmək məqsədi ilə 1919-cu ilin yayında kişi və qadınlar üçün Bakı, Gəncə və Şəkidə, kişilər üçün Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada qısamüddətli pedaqoji kurslar açmışdı. 1918-ci il iyulun 23-də AXC hökumətinin qərarı ilə Türkiyədən 50 nəfər müəllim dəvət edilmişdi. Onlar 1919-cu ilin oktyabr ayının əvvəllərində Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdılar. Xalq Maarif Nazirliyi Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün komissiya təşkil etmişdi. Türkiyədən də dərs vəsaiti və dərsliklər alınmışdı. (ARDA. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond № 51, siyahı № 2, saxlanma vahidi 186)

Təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, fəaliyyətinin yaxşılaşdırılması, milliləşdirilməsi baxımından həyata keçirilən mühüm tədbirlərdən biri də 1919-cu ilin yayında məktəblərin aşağı siniflərində dərs keçmək üçün qısamüddətli pedaqoji kurslarda müəllim hazırlığına başlanılması idi. Hökumətin qərarına görə, bu məqsədlə Xalq Maarifi Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrılmışdı. Bakı, Gəncə və Şəki şəhərlərində kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açılmışdı. Bu kursların hər birində ən azı 50 nəfər müdavim təhsil alırdı. Kursları bitirənlər məktəblərdə müəllim kimi işlə təmin olunurdu. Ehtiyac nəzərə alınaraq o vaxt qardaş Türkiyədən 50 nəfərə yaxın müəllim dəvət edilmişdi. Onlar 1919-cu ilin oktyabr ayında Azərbaycana gəlib pedaqoji fəaliyyətə başlamışdılar.
Xalq Maarifi Nazirliyinin başqa planları da var idi. Məsələn, nazirliyin hazırladığı bir layihədə imkansız 650 şagirdə təqaüd təyin olunması, Bakıda qızlar üçün 25 nəfərlik pansionatın təşkili, xaricdən gətirilən tədris-çap məhsullarının gömrük rüsumundan azad olunması və sair təklif olunurdu. Bir məsələni də qeyd etmək lazımdır ki, o dövrdə yaşlı əhalinin təhsilə cəlb olunması sahəsində bir sıra işlər görülmüş, savadsızlığın ləğv edilməsi üçün mühüm addımlar atılmışdı. 1919-cu ildə Bakı, Gəncə, Şuşa, Şəki, Zaqatala və Qazaxda yaşlı əhali üçün Azərbaycan dili üzrə axşam kursları açılmışdı. Bu kurslarda təhsil müddəti, iki hissəli olmaqla 1919-cu ilin 15 sentyabrından 1920-ci il aprelin 1-nə qədər davam etmişdi. Maraqlıdır ki, həmin kurslar Azərbaycan dilini və yazmağı bilməyənlər, dili bilib yazmağı bacarmayanlar, dili və yazmağı bilib, elmi ifadələri, Azərbaycan dilində dərs keçmək üsullarını öyrənənlər olmaqla üç qrupa ayrılırdı. Bakıda birinci realnı məktəbin binasında açılmış kurslara Bakı Müəllimlər Seminariyasının direktoru, maarifçi yazıçı Rəşid bəy Əfəndiyev rəhbərlik edirdi. Sultanməcid Qənizadənin və parlamentin bir neçə digər üzvünün iştirakı ilə 17 sen­tyabr 1919-cu il tarixdə fəaliyyətə başlamış kursların 500 nəfərə qədər müdavimi var idi. Onların sırasında idarə və müəssisələrin əməkdaşları üstünlük təşkil edirdi.1919-cu ilin noyabrında Bakıda azərbaycanlı fəhlələr üçün mühəndis-texnik Əliheydər Babayevin rəhbərliyi ilə texniki bilikləri öyrədən axşam kursları da açılmışdı. İndiki anlayışla desək, o illərdə ixtisasartırma təhsili sahəsində də bəzi addımlar atılmışdı. Məsələn, Bakıda parlamentin üzvü, tanınmış maarif xadimi Abdulla bəy Əfəndizadənin rəhbərliyi ilə ibtidai məktəb müəllimləri üçün xüsusi kurslar təşkil edilmişdi (Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (II kitab, Stenoqrafik hesabatlar). Bakı: Azərbaycan, 1998, s.992). Həmin kurslarda müdavimlərə pedaqogika və Azərbaycan dilinin tədrisi metodikası tədris olunurdu ki, bu da müəllimlərin ixtisas biliklərinin, peşə hazırlığının təkmilləşməsinə xidmət göstərirdi.

Həyata keçirilən tədbirlərdən biri də təhsilin təşkilində ən mühüm amillərdən olan dərsliklər məsələsinin diqqətdə saxlanılması idi. Bunun ifadəsidir ki, cümhuriyyət hökuməti məktəblərin dərsliklərlə və digər zəruri tədris avadanlıqları ilə təminatı məsələsinə ciddi önəm verir, çoxşaxəli, sistemli tədbirlər həyata keçirirdi. Bu məqsədlə maarif nazirliyinin xüsusi komissiyası fəaliyyət göstərirdi. Xatırlatmaq yerinə düşər ki, məktəblərin tələbatını ödəmək üçün 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “Rəhbər cəbr”, “Tarixi-təbii”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Milli qiraət” kimi dərsliklər nəşr olunmuşdu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarifinin tanınmış nümayəndələrindən Mahmud bəy Mahmud­bəyov, Abdulla Şaiq, Hüseyn Cavid, Fərhad Ağazadə, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər. Məsələn, tanınmış ədiblər Hüseyn Cavidlə Abdulla Şaiqin birlikdə hazırladıqları “Ədəbiyyat dərsləri” adlı dərslik ədəbiyyat nəzəriyyəsi üzrə bilikləri şagirdlərə sistemli şəkildə çatdırmaq məqsədi daşıyırdı. Abdulla Şaiqin hazırladığı “Müntəxəbat”, “Türk çələngi”, “Milli qiraət” kimi dərsliklər də elmi-­pedaqoji səviyyəsi ilə maraq doğururdu. Bununla yanaşı, Azərbaycan parlamentinin 18 sentyabr 1919-cu il tarixli qərarı ilə təhsil ocaqları üçün Türkiyədən də bir sıra yeni dərsliklərin və digər tədris vəsaitlərinin alınması məqsədilə Xalq Maarifi Nazirliyinə 1 milyon manat pul ayrılmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi. Azərbaycanda ali məktəb yaradılması sahəsində də ilk addım Cümhuriyyət dövründə atılmışdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti milli təhsil sisteminin formalaşması və inkişafı, ümumən, ölkənin hərtərəfli tərəqqisi üçün universitet yaradılması məsələsini vacib, təxirəsalınmaz vəzifələrdən biri sayırdı. Böyük maarifçi Məhəmməd ağa Şahtaxtlı “Azərbaycan” qəzetinin 28 iyul 1919-cu il tarixli sayında dərc etdirdiyi “Azərbaycanda darülfünun” məqaləsində universitetləri “mədəni həyatın mənbəyi” kimi yüksək qiymətləndirərək yazırdı: “Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdan olmaqdır”.
Azərbaycan parlamentinin qərarına əsasən 1919-cu il sentyabrın 1-dən Bakıda ali məktəblər təşkil edilməsi haqqında 10 maddəli qanun hazırlanmışdı. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan hökuməti başlanğıc mərhələdə ölkə­də üç ali məktəbin açılmasını nəzərdə tuturdu: Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyası. Lakin dövrün sosial-iqtisadi çətinlikləri və digər problemlər nəticəsində bunlardan yalnız birinin – Bakı Dövlət Universitetinin yaradılması reallaşdı. Hökumətin 8 aprel 1919-cu il tarixli iclasında Bakıda universitet təşkili məsələsi müzakirəyə çıxarılmış və müvafiq qərar qəbul edilmişdi. Qərara görə, 1919-1920-ci tədris ilinin əvvəlində Bakıda universitet açılması məqsədilə ümumi həcmi 10 milyon manatdan çox olmamaqla müvafiq smeta hazırlanıb hökumətə təqdim edilməli idi. 19 may 1919-cu il tarixdə Azərbaycan hökuməti Bakı Universitetinin yaradılması üçün müvafiq işlərin daha sistemli şəkildə görülməsini təmin etmək məqsədilə təşkilat komissiyası yaratdı. 1919-cu il 23 maydan 9 sentyabradək komissiyanın 35 iclası keçirilmiş, qəbul olunan qərarların icrası üçün ardıcıl tədbirlər reallaşdırılmışdı (Mirze Bala Mehmetzade, Gene maarif cephesinde, Kurtuluş degisi, No, 13-14, Kasım 1935 Berlin, s, 292-395).

Universitetin dörd fakültədən: tarix-filologiya (Şərq şöbəsi də daxil olmaqla), fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olması nəzərdə tutulsa da, 1919-1920-ci tədris ilində yalnız iki fakültə – tibb və tarix-filologiya fakültələri fəaliyyətə başladı. 1919-cu il noyabrın 15-də universitetin auditoriyalarında ilk mühazirələr aparıldı. 1919-1920-ci tədris ilində universitetdə 1094 tələbə təhsil alırdı ki, onların da 217 nəfəri azad dinləyici idi. Universitetdə tədris prosesinə tanınmış alimlər cəlb olunmuşdular. Maddi-texniki avadanlıqlar və kitablar alınması üçün 1 milyon manat vəsait ayrılmışdı. Universitetin ilk rektoru tanınmış tibb alimi, cərrah Vasili İvanoviç Razumovski təyin edilmişdi. Məhəmməd ağa Şahtaxtlı, Əlicabbar Orucəliyev, Mirzə Rəhim Mirzəyev, Rəşid bəy Kaplanov və başqa ziyalılar universitetin yaradılması və fəaliyyətində yaxından iştirak etmişdilər.
Bu dövrdə elmi-tədqiqat işlərinin aparılmasına da diqqət xeyli artmışdı. Bakı Universitetinin nəzdində yaradılmış “Müsəlman Şərqini öyrənən cəmiyyət” Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətini araşdırmaq, təbliğ etmək istiqamətində səmərəli fəaliyyət göstərirdi.
1920-ci ilin əvvəllərində Xalq Maarifi Nazirliyində təşkil olunmuş Arxeologiya şöbəsi də bu baxımdan xatırladıla bilər. O da vurğulanmalıdır ki, cümhuriyyət dövründə azərbaycanlı gənclərin həm də xarici ölkələrin universitetlərində təhsil alması istiqamətində məqsədyönlü addımlar atılmışdı. Belə ki, gənc müstəqil dövlətin inkişafı üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının vacibliyi nəzərə alınaraq cümhuriyyət hökuməti 1919-1920-ci tədris ilində yüz nəfər azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərində müxtəlif ixtisaslar üzrə dövlət hesabına oxumağa göndərilməsi barədə qərar qəbul etmişdi. Bu məqsədlə dövlət büdcəsindən müvafiq vəsait də ayrılmışdı. Avropa universitetlərinə təhsil almağa göndəriləcək hər tələbə üçün 400 frank təqaüd və 1000 frank yol xərci nəzərdə tutulurdu. (Mekteb ve Muallim, Kurtuluş dergisi, No 15, Ocak 1936 Berlin, s, 433-434) Qərara görə, dövlət hesabına xaricdə təhsil alacaq tələbələr ali məktəbi başa vurduqdan sonra ən azı dörd il Azərbaycan hökumətinin göndərdiyi təyinat yerində çalışmalı idilər. Xaricə göndərilən gənclərin ən layiqlilər sırasından obyektiv şəkildə seçilməsini təmin etmək üçün respublikanın rəhbər vəzifəli şəxslərindən, tanınmış maarif xadimlərindən ibarət müsabiqə komissiyası da yaradılmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransaya, 23 nəfər İtaliyaya, 10 nəfər İngiltərəyə, 9 nəfər isə Türkiyəyə göndərilmişdi. 13 nəfər isə Rusiyada ali təhsil almaq üçün seçilmişdi. Lakin Rusiyadakı vətəndaş müharibəsinə görə həmin ölkəyə təhsil üçün göndəriş baş tutmamışdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə təhsilin milli əsaslar üzərində qurulması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdi. 1920-ci ilin 28 aprel işğalı digər sahələrdə olduğu kimi, təhsilin inkişafına yönəlmiş planların da bir çoxunu yarımçıq qoydu. 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi respublikamızda geniş şəkildə qeyd olundu. Bu tariximizə və tarixi mirasımıza sahib çıxmağın ən yüksək göstəricisi idi. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.

Müəllif: Əfqan Vəliyev Sosial Tədqiqatlar Mərkəzinin Baş Məsləhətçisi
Mənbə: azedu.az

  • Teqlər:
  • Azərbaycan Xalq Cümhuriyyəti dövrü
  • , AXC
  • , AXC dövründə elm
  • , elm və təhsil

Azərbaycan Xalq Cümhuriyyəti dövründə altı tələbə tibbi təhsil almaq üçün Almaniya və Fransaya göndərilib

İllərin o tayından boy göstərən bir tarix və o tarixi əks etdirən saralmış qəzet parçası var: 1918-ci il dekabrın 18-də “Azərbaycan” qəzetində dərc edilmiş xaricdə təhsil almağa göndərilən tələbələrin siyahısı. Həmin siyahıda olanlardan 6 nəfəri tibb təhsili almağa göndərilib.

AZƏRTAC həmin tələbələrin hər biri haqqında məlumat verir.

Parisə təhsil almağa göndərilən Bakı Realnı Məktəbinin tələbəsi

Balağa Məmmədhənifə oğlu Ağayev 1899-cu ildə Bakının Fatmayi kəndində anadan olub. Əvvəlcə Bakı Realnı Məktəbində oxuyub, 1915-ci ildə Bakı kommersiya məktəbinə daxil olub və 1919-cu ilin iyununda təhsilini başa vurub. Fəal tələbə kimi 1917-ci ildə mayın 10-da Bakı şəhərində Qafqaz müsəlman şagirdlərinin I qurultayında iştirak edib.

Ali təhsil almaq üçün xarici ölkələrə tələbə göndərilməsi xəbərini eşidəndə Bakıda 1-ci Paralel küçəsi, 10-cu evdə yaşayan Balağa Ağayev 1919-cu il avqustun 15-də xalq maarif nazirinə məktub yazaraq onun da xaricə göndərilən tələbələr siyahısına salınmasını xahiş edib.

1919-cu il oktyabrın 20-də Azərbaycan Cümhuriyyəti xalq maarif naziri Rəşid xan Qaplanovun 456 nömrəli əmri ilə Bakı Kommersiya Məktəbinə türk dili müəllimi təyin edilib. Müəllim işləyə-işləyə 1919-cu il noyabrın 24-də Müsəlman Tələbələri Bürosuna ərizə ilə müraciət edib: “Bununla nəzərinizə çatdırıram ki, təhsilimi Paris şəhərində başa çatdırmaq istəyirəm. Tibb fakültəsinin olmasını arzu edərdim”.

Dekabrda qəzetdə dərc olunan 100 nəfərlik siyahıda onun adı olmur. Lakin yanvarda adı həmin siyahıda dərc olunanlardan 5 nəfərinin xaricə getməyəcəyi məlum olandan sonra onların əvəzinə başqa tələbələr dövlət təqaüdü təyin edilməklə təhsil almağa göndərilib. Onlardan biri də Balağa Ağayev olub.

Xalq maarif naziri əvəzi Ş.Şahsuvarov və dəftərxana müdiri F.Rzabəyovun imzası ilə 1920-ci il yanvarın 13-də ona bu barədə 548 nömrəli təsdiqnamə verilib.

O, Parisdə tibb təhsili alıb və tələbə yoldaşları ilə birgə həmin illərin yadigarı olan fotoşəkli də var. Lakin təhsilini başa vurandan sonra geri dönməyərək Fransada yaşayıb. Bundan sonrakı həyatı haqqında məlumat yoxdur və 1974-cü ildə Fransanın Qrenobl şəhərində vəfat edib.

Mart qırğının şahidi olan və nənə himayəsində böyüyən gənc

Məhəmməd bəy Fərhad bəy oğlu Muradov 1900-cü ildə Şuşada anadan olub.

Bakıda orta təhsil alıb, 1918-ci ildə 3-cü kişi gimnaziyasında səkkizilllik kursu tam bitirib. 1918-ci ilin martında Şaumyanın bandasının Bakıda törətdiyi qırğınların canlı şahidi olan kimi həmin il “Mart hadiseyi-əliməsi” adlı əsər yazıb.

Məhəmməd anasını vaxtsız itirib, atası isə onu taleyin ixtiyarına buraxıb. Şuşa qəzasının Muradbəyli kəndində nənəsi Gülsüm Nurubəyovun himayəsində böyüyüb . Təhsilə yüksək qiymət verən nənəsi Qafqaz Tədris Dairəsinə məktub yazaraq Məhəmmədin dövlət hesabına oxumasını xahiş edib. Gimnaziyada dövlət hesabına oxuyan Məhəmməd bəy Ağdam rayonundan maarif nazirinə İsveçrə universitetlərindən birinin tibb fakültəsində oxuması xahişi ilə məktub yazıb.

Gimnaziyanı yaxşı və əla qiymətlərlə bitirəndən sonra Gülsüm xanım 1919-cu ilin avqustunda maarif nazirinə məktub yazıb göndərir: “İndi nəvəmin sonrakı ali təhsili haqqında düşünməliyəm. Mən istəyirəm ki, onu yalnız savadlı bir həkim kimi deyil, ən başlıcası, gələcəkdə öz xalqının və gənc Azərbaycan dövlətinin rifahı uğrunda yorulmadan mübarizə aparan hərtərəfli savadlı və şərəfli bir adam görüm”.

Orta təhsilini başa vurandan sonra Ümuri-Xeyriyyə Nəzarəti İdarəsində işləyən Məhəmməd bəy Muradov 1920-ci ilin yanvarında tibbi təhsil almaq üçün xaricə göndərilir. O, Azərbaycan Cümhuriyyəti hökumətinin göndərdiyi yerdə 4 il işləyəcəyi və oxuyacağı dövlətin ərazisində heç bir siyasi və partiya işinə qoşulmayacağı haqqında dilkağızı verib.

O, Parisdə tibb təhsili alsa da, SSRİ-yə qayıtmağı haqqında heç bir məlumat yoxdur, arxivlərdə də onun barəsində cinayət işinə rast gəlinmir. Təəssüf ki, onun sonrakı fəaliyyəti və ölüm tarixi barədə heç bir bilgi əldə etmək mümkün deyil.

Maddi çətinliklərə baxmayaraq Almaniyada tibb ixtisasına yiyələnib

Nüsrət Rza oğlu Babayev 1899-cu ildə Lənkəran şəhərində anadan olub. 1919-cu ildə orada kişi gimnaziyasını bitirəndən sonra İstanbulda tibb fakültəsində təhsil almaq arzusu ilə nazirə məktub yazıb. Məktubunda Lənkəranda baş verən hadisələr nəticəsində bir neçə dəfə axtarışlara məruz qaldığı və maddi imkansızlıqla üzləşdiyinə görə xahişini geri götürüb. Həmin ilin noyabrında isə Almaniyada Berlin universitetinin tarix-filologiya fakültəsinə göndərilməsini xahiş edib.

1920-ci il yanvarın 14-də Nüsrət Rzayev dövlət hesabına Almaniyaya oxumağa göndərilib və Berlində tibb ixtisası üzrə təhsil alıb. Təhsilini bitirəndən sonra geri qayıtmayıb.

Salyanda doğulub, Lənkəranda orta, Berlində ali təhsil alıb

Əlihüseyn Ağahüseyn oğlu Hüseynov 1898-ci ildə Salyanda anadan olub. Lənkəranda orta təhsil alıb və 1919-cu ildə Şəhərdəki kişi gimnaziyasını bitirib. Həmin ilin avqustunda xalq maarif nazirinə ərizə yazaraq ali təhsilini Türkiyədə tibb fakültəsində davam etdirmək istədiyini xahiş edərkən ağır maddi durumda olduğunu, atasından ona yaşayış üçün heç bir miras qalmadığını da göstərib. Yazdığı ərizədə hədsiz maddi çətinlik içərisində olduğuna görə Salyan Realnı Məktəbində ona riyaziyyat müəllimi yeri verilməsini də xahiş edib.

Sentyabrın 24-də yazılan ərizəyə elə ertəsi gün nazir Nəsib bəy Yusifli dərkənar qoyaraq onu Salyan Realnı Məktəbində işə götürməyi tapşırıb. Əlihüseyn Hüseynov işə qəbul edilib və 1919-cu il noyabrın 8-də xalq maarif nazirinə Berlin Universitetində oxumaq arzusunu bildirib. Noyabrın 20-də daha bir ərizə yazaraq tibb fakültəsinə qəbul edilməsini xahiş etməsinə baxmayaraq, təbiyyat fakültəsinə yazıldığını bildirib və imkan daxilində tibb fakültəsinə göndərilməyini xahiş edib.

1920-ci il yanvarın 14-də Azərbaycan Cümhuriyyət Hökuməti dövlət hesabına təhsil almaq və həmin müddətdə heç bir siyasi və partiya işinə qoşulmamaq şərtilə onu xaricə göndərir. Təəssüf ki, Əlihüseynin sonrakı taleyi və nə vaxt vəfat etdiyi barədə heç bir məlumat yoxdur.

Təhsil alsa da, geri qayıtmayıb

Mirməhəmmədrza Mirabutalıb oğlu Seyidəliyev 1090-ci ildə Şamaxı şəhərinin Axçilər məhəlləsində doğulub. 1919-cu ildə Bakıda 2-ci kişi gimnaziyasını bitirib və ərizə ilə müraciət edərək Berlində təhsil almağa göndərilməsini xahiş edib. Arxiv sənədlərindən məlum olur ki, o, Parisdə tibbi təhsil alıb. Lakin təhsilini başa vurduqdan sonra geri qayıtmayıb.

Almaniyada təhsil alan ölkəmizin ilk epidemioloq alimi

İsmayıl Əbdülxaliq oğlu Axundov 1897-ci ildə Şamaxıda çoxuşaqlı ailədə anadan olub. Bakıdakı 2-ci kişi gimnaziyasını bitirib. 1917-ci il mayın 10-da Bakıda keçirilən Qafqaz müsəlman şagirdlərinin I qurultayında iştirak edib.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə dövlət hesabına xaricdə təhsil alan 100 tələbədən biri olub. Cərrahlığa böyük həvəs göstərsə də, sonradan məşhur cərrah, akademik Mustafa Topçubaşovun təklifi ilə ixtisasını epidemiologiya üzrə davam etdirən İsmayıl təhsilini əla qiymətlərlə başa vurduğuna görə onu assistent kimi həmin universitetdə saxlayıblar. Hamburq Tropik Xəstəliklər İnstitutunda məşhur epidemioloq alim, professor Erik Martininin rəhbərliyi altında çalışıb. Həmin illərdə onu yoluxucu xəstəliklərin tüğyan etdiyi Konqo, Əlcəzair, Tunis, Nigeriya kimi Afrika ölkələrində epidemiyaya qarşı mübarizə aparmağa göndəriblər. 1927-ci ildə Bernard Nohth adına Hamburq Tropik Xəstəliklər İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək ilk azərbaycanlı epidemioloq olub.

1929-cu ildə Azərbaycandan dəvət alan İsmayıl Axundov Hamburq İnstitutundakı işini, oradakı ev-eşiyini qoyub Bakıya qayıdaraq Epidemiologiya və Mikrobiologiya İnstitutunda entomoloji şöbəyə rəhbərlik edib. Sonralar o, Bakı tropik stansiyasının direktoru, Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri, Səhiyyə Nazirliyinin malyariya ilə mübarizə şöbəsinin rəisi vəzifələrində işləyib. Epidemiologiya və parazitologiya sahəsində ölkənin ən yaxşı mütəxəssislərindən biri olan professor İsmayıl Axundov bilik, bacarıq və təcrübəsini o vaxt az qala bütün ölkəni bürüyən malyariyaya qarşı mübarizəyə həsr edib.

Məhsuldar elmi-pedaqoji fəaliyyətinə və böyük təşkilatçılıq bacarığına görə bir sıra orden və medallarla, o cümlədən “Səhiyyə əlaçısı” medalı ilə təltif edilib. 1952-ci ildə elmi konfransda iştirak etmək üçün Moskvada olarkən Tropik Xəstəliklər İnstitutunda baş verən yanğın hadisəsi 55 yaşında ikən İsmayıl Axundovun həyatına son qoyub.

Azərbaycan xalqının cümhuriyyəti dövründə elm və təhsil

Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif dillərdə çoxsaylı qəzet və jurnallar işıq üzü görmüşdür. Dövlətin mətbuat sahəsində siyasəti söz və vicdan azadlığı, vətəndaş hüquqları prinsiplərinə əsaslanırdı. Onun hüquqi normaları parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarı ilə qəbul etdiyi «Mətbuat haqqında Nizamnamədə» öz əksini tapmışdı.

Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olunmuşdu. Cümhuriyyət hökuməti mətbuat azadlığını milli şüurun, milli mədəniyyətin inkişafı üçün mühüm şərtlərdən biri hesab edirdi.

1918-1920-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarla qəzet və jurnal nəşr olunurdu. 1918-1920-ci illər mətbuatı ideya istiqaməti baxımından çox rəngarəng idi: Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cümhuriyyət hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan qəzetlər, jurnallar. Lakin onların içərisində geniş oxucu auditoriyasına malik olan Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat əsas yer tuturdu.

Azərbaycan hökumətinin rəsmi orqanı türk (Azərbaycan) və rus dillərində əvvəlcə Gəncədə, sonra isə Bakıda nəşr olunan «Azərbaycan» qəzeti idi. İctimai-siyasi, ədəbi, iqtisadi xarakterli bu gündəlik qəzetin türkcəsinin redaktoru Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, ruscasının redaktoru isə Şəfi bəy Rüstəmbəyli idi. Türk və rus dillərində çıxan «Azərbaycan hökumətinin əxbarı» qəzeti də hökumətin yarırəsmi orqanı idi.

“Azərbaycan”ın ilk 4 sayı Gəncədə çıxmış, sonralar isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur. Dörd səhifəlik qəzetin iki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində buraxılmışdır. Qəzetin ilk nömrəsində Bakının azad edilməsi (1918, 15 sentyabr) ilə bağlı xəbərlər dərc edilmişdi. “Azərbaycan” qəzetinin səhifələrində dərc olunan məqalələr Azərbaycan tarixinin, mədəniyyətinin, maarifinin inkişafına, milli şüurun oyanmasına, milli özünüdərkin təşəkkülünə yardım etmiş, azərbaycançılıq, istiqlalçılıq, türkçülük, islamçılıq, müasirlik məfkurəsinin təbliğində mühüm rol oynamışdır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə “İstiqlal” (1918-20), “Azərbaycan” (1918-20), “Övraqi-nəfisə” (1919), “Müsəlmanlıq” (1917-19), “Qurtuluş” (1920), “Mədəniyyət” (1920), “Gənclər yurdu” (1918), “Şeypur” (1918-19), “Zənbur” (1919) kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur. «Müsavat» partiyasının orqanları «İstiqlal», «Açıq söz», rus dilində «Naş put» qəzetləri idi. «Əhrar» partiyası «El», hümmətçi menşeviklər «Doğru yol», eserlər «Xalqçı», «Fəhlə və əkinçi» qəzetlərini nəşr edirdilər. İttihadçılar «Müsəlmanlıq» qəzeti ilə təmsil olunmuşdu. Yaradıcı ziyalılar «Məktəb» və «Bəsirət» məcmuələrini, bolşeviklər «Füqəra sədası», «Haqq sədası», «Yoldaş», «Məşəl», «Gənc işçi», iranlı demokratlar «Bayrağı-ədalət», «Hürriyyət», «Sədayi-İran» qəzetlərini nəşr edirdilər. Belə rəngarəng mətbuat dövrün ümumi mənzərəsini, müxtəlif siyasi, ədəbi-mədəni qüvvələrin əhvali-ruhiyyəsini, baxışlarını və siyasi istiqamətlərini özündə əks etdirirdi.

1918-1920-ci illərdə Bakıda yerli bolşeviklərlə bir mövqedə dayanan və Azərbaycanda Milli Hökumətlə müxalifətdə olan “Bakinets” (1907-1920), “Bakinskaya jizn”, “Bakinskiy raboçiy”, “Bakinskoye slovo”, “Bakinskoye utro”, “İskra”, “Nabat” (1919), “Naşa jizn” (1919), “Proletariy” və s. rus-dilli qəzet və jurnallar da çıxırdı. 1918-1920-ci illərdə Azərbaycanda erməni dilində çıxan qəzet və jurnallar içərisində milli Hökumətə qarşı qatı düşmənçilik mövqeyindən çıxış edən “Artsax”, “Aparaj” və s. qəzet və jurnallar xüsusilə fəallıq göstərirdi. Rus dilində çıxan daşnakyönlü “Znamya truda”, “Yedinaya Rossiya”, “Naşe vremya”, “Vperyod” kimi qəzetlər Xalq Cümhuriyyəti hökumətinin əleyhinə təbliğatda heç də onlardan geri qalmırdı.

1918-1920-ci illərdə Bakıda gürcü, yəhudi, polyak, fars və başqa dillərdə də bir sıra dövri mətbuat orqanları nəşr edilirdi.

Azərbaycan Milli Şurasının, Azərbaycan Parlamentinin fəaliyyəti “Azərbaycan” qəzetinin səhifələrində geniş əks olunmuşdur. Azərbaycan Parlamenti 1918-ci il dekabrın 7-də işə fəaliyyətə başladıqdan sonra isə qəzet onun işini daha geniş işıqlandırmış, Parlamentin mühüm iclaslarından stenoqrafik hesabatları “Azərbaycan Məclisi-Məbusanında” rubrikası altında dərc etmişdir.

1919-cu ilin martında Azərbaycan teleqraf Agentliyinin yaradılması haqqında Nazirlər Şurası qərar qəbul etmişdir. Bu qərarın həyata keçirilməsin 1920-ci ilin martında başlanılmışdı.

Azərbaycan haqqında həqiqəti dünyaya yaymaq üçün Avropa ölkələrində mətbuat orqanı yaradılmasına böyük diqqət yetirilirdi. 1919-cu ilin payızında Paris sülh konfransında iştirak edən nümayəndə heyətimizin sayəsində «Azərbaycan haqqında İnformasiya bülleteni» buraxılması ilk uğurlu addım idi. Fransa, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, İsveçrə və digər ölkələrdə yayılan informasiya bülletenində rəsmi materiallar, diplomatik yazışmalar, notalar, Azərbaycanın siyasi və iqtisadi həyatının xronikası verilirdi.

1919-cu ilin sentyabrından 1920-ci ilin aprelinə qədər bülletenin 11 nömrəsi çıxmışdı. Bundan başqa, Azərbaycan nümayəndələri Cenevrədə çıxan «L» Europe Orientale» jurnalı ilə müqavilə bağlanmışdılar ki, 20 min nüsxəyə abunə yazılmaq müqabilində jurnal hər nömrəsində Azərbaycan haqqında material versin. Avropa ölkələrində geniş yayılan «Limace» jurnalı bir nömrəsini bütövlükdə Azərbaycana həsr etmişdi. Fransanın teleqraf və telefon kampaniyası Azərbaycan Respublikasının poçt-teleqraf işlərini dünya standartlarına uyğunlaşdırmaq və Gəncə radiostansiyasında Eyfel qülləsindəki Avropa radiostansiyalarına qoşmaq üçün yeni qurğular qurmuşdular. 1919-cu ilin noyabrında Parisdə olan Ə.Topçubaşovun Eyfel radiostansiyası ilə çıxışı Azərbaycanda eşidilmişdi.

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatını həmin illərin salnaməsi hesab etmək olar.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.