Press "Enter" to skip to content

Azrbaycanda iqtisadi fikir tarixi

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.

IX-XIII əsrin əvvəllərində Azərbaycanın iqtisadi dirçəlişi

Xilafətin dağılması ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpası, Səlcuq imperiyasının parçalanması ilə Eldənizlər (Atabəylər) sülaləsinin Azərbaycanda hakimiyyət sürməsi ölkəmizin təsərrüfat həyatının dirçəlişinə gətirib çıxartdı. O dövrün tarixi mənbələrində Azərbaycan Şərqin ən inkişaf etmiş ölkələrindən biri kimi təsvir olunur. X əsr ərəb müəllifi əl-İstəxri Vətənimiz Azərbaycan haqda belə yazır: “Burada o qədər bolluqdur ki, gözü ilə görməyənlər buna inanmazlar”. Başqa bir ərəb müəllifi lbn> Hövqəl qeyd edirdi ki, Azərbaycanda hər yer buğda zəmiləri ilə örtülmüşdür. hər cür nemətlə zəngindir və allahın xeyir-bərəkəi ilə doludur. Meyvələri çox ucuz, ərzaq məhsulları isə, demək olar ki, müftədir”. Xll-XIII əsrlərin müəllifi Yaqut əl-Həməvi yazırdı ki, Azərbaycan geniş ölkə və böyük dövlətdir.

Danışılan dövrdə Azərbaycanda kənd təsərrüfatının əsas sahəsi əkinçilik idi. Burada dənli bitkilərin bütün əsas növləri (buğda, arpa, çəltik, darı və s.), habelə müxtəlif texniki bitkilər (pambıq, kətan və s.) əkilib becərilirdi. Kür və Araz çayları boyunca yerləşən torpaqlarda, Şirvanda və Şəkidə əhali daha çox taxılçılıqla məşğul olurdu. Dərbənd ətrafında zəfəran və kətan. Şəki və Lənkəran bölgəsində isə qiymətli çəltik növləri becərilirdi. Azərbaycanda yetişdirilən zəfəran daxili təlabatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilirdi. Kənd təsərrüfatında bostan və tərəvəz bitkiləri yetişdirilməsi də mühüm yer tuturdu.

Azərbaycanda məhsuldar qüvvələrin inkişafı ilə bağlı əmək alətləri təkmilləşir, əkinçilik mədəniyyəti yüksəlirdi. Kəndlilər torpağı bir cüt öküz və ya kəl qoşulmuş xışla şumlayırdılar. Bəzi yerlərdə iki, üç, hətta Ərdəbildə dörd cüt öküz qoşulmuş xışlardan istifadə edilirdi. Quraqlığı nəzərə alan əkinçilər torpağı dərindən şumlayırdılar.

Azərbaycanda yüksək inkişaf etmiş təsərrüfat sahələrindən biri də bağçılıq idi. Ərəb müəlliflərinin yazılarına görə, Azərbaycanda olan gözəl və dadlı meyvələr dünyanın başqa yerlərində yox idi. Təbriz, Marağa, Xoy və b. bağ-bağat içərisində idi. Təbriz bağlarını sulamaq üçün şəhərdə qazılan 900-dən çox kəhrizin suyu kifayət etmirdi. Muğanda, Şirvanda bol üzüm yetişdirilirdi. İbn-Hövqələ görə Dərbənd yaxınlığındakı üzümlüklərdə 40 minədək tənək var idi.

IX-XIII əsrlərdə Azərbaycanda ən çox inkişaf etmiş təsərrüfat sahələrindən biri də ipəkçilik idi. Şəki, Şirvan, Bərdə və başqa bölgələrdə ipəkçilik əhalinin əsas məşğuliyyət sahəsinə çevrilmişdi.

Kənd təsərrüfatının əsas sahələrindən biri də maldarlıq idi. Azərbaycanda yaylaq-qışlaq maldarlığı əsas yer tuturdu. Maldarlar iribuynuzlu mal-qara, qoyun, dəvə və at saxlayırdılar.

IX-XI əsrlərdə Azərbaycanda Xilafət dövründə təşəkkül tapmış torpaq sahibliyi formaları davam edirdi. Feodallara məxsus torpaq sahibliyi formalarından mülk daha geniş yayılmışdı. Azərbaycan hökmdarları ərəb dövründə olduğu kimi, ayrı-ayrı qulluq adamlarına iqta torpaqları paylayırdılar. Səlcuqlar və Atabəylər dövründə də (XI əsrin II yarısı-XIII əsrin əvvəlləri) iqta torpaqları bağışlanması geniş miqyas almışdı. Müəyyən zaman kəsiyində iqta torpaqları təkamülə uğrayaraq xüsusi mülklərə çevrilmişdi.

IX-XI əsrlərdə Azərbaycanda kəndlilər başlıca olaraq iki qrupa bölünürdülər: dövlət (xəzinə) və sahibkar kəndliləri. Kəndlilərin ödədiyi əsas vergi xərac idi. X-XI əsrlərdə kəndlilər xəracın bir hissəsini pulla ödəyirdilər ki, bu da əmtəə-pul münasibətlərinin inkişafına imkan yaradırdı. Müstəqillik qazanıldıqdan sonra Azərbaycanda xərac vergisi bir qədər yüngülləşmişdi. Sacilər və Salarilər dövründə Azərbaycandan 2 milyon dirhəm miqdarında xərac toplanırdı.

Böyük Səlcuq imperiyasının yaranması ilə Azərbaycanın torpaq sahibliyi və vergi sistemində bir sıra dəyişikliklər baş vermişdi. Bəzən Aran, Şirvan, Dərbənd kimi böyük ərazilər ayrı-ayrı əmirlərə iqta kimi bağışlanırdı. Sultan Məsudun 1136-cı ildə atabəy Şəmsəddin Eldənizə iqta olaraq bağışladığı Aran torpaqları Eldənizlər xanədanının özəyini təşkil etmişdi.

Səlcuqlar dövründə imperiyanın sərhədlərini qoruyan sərkərdələrə paylanmış torpaqlar uc adlanırdı.

Səlcuqlar dövründə Azərbaycan əhalisindən ənənəvi vergilərlə yanaşı, səlcuq döyüşçüləri üçün mal-üs-silah, şərab bahası, nal bahası kimi vergilər, şəhər sənətkarlarından isə natural vergi alınırdı. Ümumiyyətlə, əhalinin dövlət xəzinəsinə xərac, üşr, cizyə, haqq, alaf, avarizat və sair kimi vergi və mükəlləfiyyətlər ödədiyi məlumdur.

Ərəb ağalığına son qoyulduqdan sonra Azərbaycanda başlayan iqtisadi dirçəliş sənətkarlığın kənd təsərrüfatından ayrılmasını sürətləndirmişdi. Ölkə daxilində iqtisadi əlaqələr genişlənmiş və xarici ölkələrlə ticarət əlaqələri canlanmışdı. Sənətkarlıq və ticarət mərkəzləri kimi yeni şəhərlər meydana gəlmiş, Azərbaycan dünyanın çoxlu şəhərləri olan ölkələrindən birinə çevrilmişdi. Ərəb müəllifləri Azərbaycanda Bərdə, Gəncə, Ərdəbil, Təbriz, Şamaxı, Beyləqan, Marağa, Dərbənd və başqaları da daxil olmaqla, 50-dək şəhər və iri yaşayış məntəqəsinin adını çəkmişlər. Azərbaycanın qiymətli kənd təsərrüfatı bitkiləri və zəngin yeraltı sərvətləri bir çox sənət sahələrini xammalla təmin edirdi. Əbu Duləfin yazdığına görə, Azərbaycanın cənubunda olan Şiz şəhəri ətrafındakı dağlarda 3 növ qızıl, arsen və civə çıxanlırdı. Şizin civəsi o dövrdə məşhur olan Xorasan civəsindən daha keyfiyyətli, ağır və təmiz idi. Şizdən bir qədər aralıda yerləşən Arran şəhərində qızılla yanaşı, gümüş çıxarılan mədənlər var idi. Azərbaycanın şimalında Gəncə, cənubunda isə Savalan ətrafında dəmir və mis çıxarılırdı. Təbriz və Naxçıvanda daş duz, Bakıda neft çıxanlan zəngin mədənlər var idi.

Azərbaycanda ipək, yun, pambıq və kətandan növbənöv parçalar istehsal edilir, xalça və palazlar toxunur, kələğayılar və digər toxuculuq məmulatları hazırlanırdı. Toxuculuq məhsullarının boy anması üçün yerli xammal ehtiyatlarından istifadə edilirdi. Məsələn: Bəzz qalası yaxınlığındakı dağlarda qırmızı kvars çıxanlırdı. Qırmızı kvars yerli təlabatı ödəməklə yanaşı, Yəmənə və İraqa ixrac olunur, orada yun sapların boyadılmasında istifadə edilirdi. Urmiya gölü yaxınlığında yaşayan sənətkarların hazırladıqları qırmızı və sarı mineral boyaqlar İraq, Suriya və Misirə ixrac olunur və bundan böyük gəlir əldə edilirdi. Bərdədə geniş yayılmış və qırmızı rəng almaqdan ötrü çox nadir xammal olan boyaq böcəkləri (qırmız) əl-İstəxrinin yazdığına görə Hindistana ixrac edilirdi.

Bir tərəfdən Volqaboyu və Şərqi Avropanı Yaxın və Orta Şərqlə, Hindistanla, digər tərəfdən Orta Asiya, Çin, Hindistan və İran körfəzi bölgələrini Aralıq dənizi və Qara dəniz sahillərindəki iri ticarət mərkəzləri ilə birləşdirən beynəlxalq karvan yollarının Azərbaycandan keçməsi sənətkarlığın, ticarətin və şəhərlərin inkişafı üçün əlverişli iqtisadi şəraiti təmin edirdi. X əsr ərəb müəllifləri Azərbaycan şəhərlərindən danışarkən Bərdəni xüsusi qeyd edirlər. Əl-İstəxri 930-933-cü illərdə qələmə aldığı kitabında yazırdı: “İraqda və Xorasanda Reydən və İsfahandan sonra Bərdə qədər böyük, çiçəklənən və gözəl şəhər yoxdur”. İbn-Hövqəl 951-ci ildə yazdığı kitabında Bərdədə ipəkdən çox məhsullar hazırlandığını və xaricə ipək ixrac olunduğunu göstərmişdir. Ərəb müəlliflərindən Əl-İstəxri, İbn-Hövqəl və Əl- Müqəddəsi Azərbaycanın Arazdan cənubdakı torpaqlarından danışarkən Ərdəbili bütün bu yerlərin “ən böyük şəhəri”, “ən mühüm vilayəti və böyük şəhəri”, “bütün iqlimin əsas şəhəri” hesab etmişlər.

Əl-İstəxrinin “Ərdəbildən daha böyük” şəhər hesab etdiyi Dərbənd ölkənin ən iri liman şəhəri idi. Bu liman vasitəsilə Azərbaycan Xəzər sahili ölkələr, müsəlman ölkələri və bu dənizə çıxışı olan “kafir torpaqları” (qeyri-müsəlman ölkələri-Red.) ilə geniş ticarət əlaqələri saxlayırdı. Cənubi Qafqazda ən yaxşı kətan parçalar burada toxunurdu. Dərbənd kətan istehsalı üzrə Cənubi Qafqazda yeganə toxuculuq mərkəzi idi. Dərbənd sənətkarlarının kətan parçadan hazırladıqları müxtəlif paltarlar satış üçün xarici ölkələrə göndərilirdi. Dərbənd bazan bütün Şərqdə məşhur idi. Şəhər həm də təmizliyi və məişət mədəniyyəti ilə başqalarından seçilirdi. Əl-Müqəddəsinin məlumatına görə, çirkli suları kənara axıtmaq üçün hələ X əsrdə Dərbənddə kanalizasiya sistemi yaradılmışdı.

X əsrdə ölkənin cənubunda Ərdəbildən sonra böyüklüyünə görə Marağa və Urmiya şəhərləri gəlirdi. Təbriz isə Rəvvadilərin dövründə dövlətimizin paytaxtı olduqdan sonra, X əsrin sonlarında Azərbaycanın ən böyük şəhərlərindən birinə çevrilmişdi. Təbriz Azərbaycanın daxili ticarət və beynəlxalq karvan yollarının qovşağında yerləşirdi. Əl-Müqəddəsi Təbrizin Bağdaddan daha üstün şəhər olduğunu qeyd etmişdir. Ərəb səyyahı “gözəlliyinin bənzəri olmayan”, qiymətlərin ucuz olduğu və hər cür meyvə ilə bol olan Təbriz şəhərini “saf qızıla” bənzədir və “ağlasığmayan bir möcüzə” hesab edirdi.

IX-XI əsrlərdə Bakı şəhərinin də iqtisadi əhəmiyyəti yüksəlirdi. Ərəb səyyahı əl-Məsudi Bakını “Şirvan məmləkətinin neft çıxan torpağı və sahil şəhəri” adlandırmışdı. Bakının ağ neft mədənlərindən danışan əl- Məsudi “dünyada buradan savayı ağ neft çıxan başqa bir yerin olduğuna” şübhə ilə yanaşırdı.

Azərbaycanda şəhər əhalisinin əsas məşğuliyyət sahəsi sənətkarlıq və ticarət idi. Əhali kənd təsərrüfatı məhsullarına təlabatını ödəmək üçün əkinçilik, bağçılıq, qismən də maldarlıqla məşğul olurdu. Şəhərlərdə eyni peşədən olan sənətkarlar Avropada olduğu kimi, sənətkar birlikləri (qardaşlıqlar) yaradırdılar. Dulusçular, dabbaqlar, boyaqçılar, dəmirçilər, silah- qayıranlar və başqaları ayrı-ayrı qardaşlıqlarda birləşmişdilər. Sənətkar emalatxanasında əmək bölgüsü yox idi: sənətkar hər hansı bir məmulatı əvvəldən axıradək özü hazırlayırdı. Sənətkar emalatxanasında usta ilə birlikdə usta köməkçisi və şagird çalışırdı. Sənətkar birlikləri tərəfindən məhsulım keyfiyyəti və qiyməti üzərinə ciddi nəzarət qoyulurdu və məhsul qabaqcadan müəyyən olunmuş qiymətə satılmalı idi. Normadan artıq məhsul istehsalı qadağan edilmişdi. Çünki bu, qiymətlərin aşağı düşməsinə və sənətkarların müflisləşməsinə səbəb ola bilərdi. Azərbaycanda sənətkar qardaşlıqlan orta əsrlər Avropasındakı sənətkar birlikləri olan sexlərə oxşayırdı. Avropada olduğu kimi, Azərbaycanda da sənətkar qardaşlıqları müəyyən bir dövrdə sənətlərin inkişafında böyük rol oynamışdı. Yüksək keyfiyyətli sənətkarlıq məhsulları Şərq ölkələrindən tutmuş uzaq Avropanın iri ticarət mərkəzlərinə qədər alımb-satılır və tacirlərə böyük qazanc gətirirdi. Ancaq vaxt keçdikcə sənətkar qardaşlıqları əvvəlki mütərəqqi rolunu itirir, qapalı, mühafizəkar təşkilat kimi çıxış edirdilər. Bu və ya digər sənət sahəsini öz inhisarı altında saxlamağa çalışan qardaşlıqlar sənətkarlığın inkişafı yolunda əngələ çevrilirdilər.

Azərbaycanda Eldənizlər sülaləsinin hakimiyyətə gəlməsi və Şirvanşahlığın güclənməsi ilə XII-XIII əsrlərin əvvəllərində ölkədə kənd təsərrüfatı, sənətkarlıq və ticarət öz yüksəliş dövrünü yaşayırdı. XIII əsrin əvvəllarində iki dəfə Azərbaycanda olmuş ərəb səyyahı Yaqut əl-Həməvi yazırdı: “Azərbaycan geniş bir ölkə və böyük bir dövlətdir”. Eldənizlərin hakimiyyəti dövründə Gəncə, Naxçıvan, Beyləqan, Təbriz, Şamaxı şəhərlərinin Azərbaycanın iqtisadi həyatında rolu xeyli artmışdı. Bu şəhərlərin hər birində on minlərlə, hətta bəzilərində 100 min nəfərdən çox əhali yaşayırdı. Eldənizlər dövründə dövlətimizin paytaxtlarından biri olan Gəncədə bir neçə yüz min nəfər əhalinin yaşaması haqqında mənbələrdə məlumatlar vardır. Gəncə Azərbaycanın böyük ipəkçilik və mühüm dulusçuluq mərkəzlərindən biri idi. Gəncədən dünyanın bir çox ölkələrinə xam ipək, ipək və pambıq parçalar və s. ixrac olunurdu. Dövlətimizin pa)tot şəhərlərindən biri olmuş Naxçıvan böyük sənətkarlıq və ticarət mərkəzi idi.

Eldənizlər dövründə daha da tərəqqi etmiş Beyləqan şəhərində 40 min nəfərə yaxın əhali yaşayırdı. Şəhərdə toxuculuq, boyaqçılıq, silahqayır- ma, dulusçuluq və s. kimi otuzdan çox sənət və peşə növü inkişaf etmişdi. Şəhərdə bir neçə bazar var idi. Eldənizlərin pul zərbxanalarından biri Bey- ləqanda yerləşirdi. Eldənizlər dövründə dövlətimizin paytaxtı Təbriz şəhəri Asiya və Avropa arasında çox mühüm beynəlxalq ticarət mərkəzi idi. Təbriz sənətkarlarının toxuduğu xalçalar, atlas, xətayi, tafta və başqa ipək parçalar dünya bazarlarında əlbəəl gəzirdi. Eldənizlərin əsas pul zərbxanalarından biri Təbrizdə yerləşirdi. Yuxanda adı çəkilən Yaqut əl-Həməvi Təbrizi “ölkənin ən məşhur şəhəri” adlandırmışdır.

XI-XIII əsrin əvvəllərində Azərbaycanın mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri də Şamaxı şəhəri idi. Şamaxıda 100 minə yaxın əhali yaşayırdı. Şamaxı Azərbaycanın ipəkçilik mərkəzlərindən biri idi. Dərbənddən Gəncəyə və Bərdəyə, həmçinin Azərbaycanın cənub bölgələrinə gedən karvan yolları Şamaxıdan keçirdi. Şirvanın xam ipəyini, növbənöv zərif ipək parçalarını almaq üçün dünyanın hər yerindən buraya tacirlər gəlirdi. Xam ipək Şimali İtaliya şəhərlərinə və Fransaya ixrac olunurdu.

XI-XIII əsrlərdə Azərbaycanın daxili və xarici ticarət əlaqələrində Dərbənd və Bakı limanlarının rolu daha da artmışdı. Bakıdan Azərbaycan şəhərlərinə və qonşu ölkələrə neft ixracı xeyli genişlənmişdi.

Bu dövrdə daxili iqtisadi əlaqələrin genişlənməsində gəmiçilik böyük rol oynayırdı. Urmiya gölünün qərb və şərq sahilləri arasında daim gəmilər üzürdü. Mənbələrin verdiyi məlumata görə, Kür çayının Bərdədən Xəzər dənizinə qədər olan hissəsində gəmilər gedib-gəlirdi. Azərbaycanın xarici dəniz ticarəti isə Xəzər dənizi vasitəsilə həyata keçirilirdi.

Bu dövrdə Azərbaycanda iki böyük beynəlxalq bazar var idi. Avropada belə bazarlar yarmarka adlanırdı. İlin müəyyən vaxtlarında belə bazarlara dünyanın bir çox yerlərindən tacirlər axışıb gəlirdi. Azərbaycanın birinci beynəlxalq bazarı «Aranın ana şəhəri» Bərdədəki Əl-Kürki bazarı idi. Əl-İstəxri, İbn-Hövqəl və Əl-Müqəddəsinin məlumatlarına görə, təxminən 1 kvadrat fərsəx (6-7 kvadrat kilometr) böyüklüyündə olan Əl-Kürki bazarında dünyanın müxtəlif ölkələrinin tacirləri qızğın alver edirdilər. Bu bazar xalq arasında o qədər məşhur idi ki, həftənin bazar gününü “Əl-Kürki günü” adlandırırdılar. Azərbaycanın ikinci böyük beynəlxalq bazarı Ərdəbil-Marağa ticarət yolunun üstündə yerləşən Gülsəra bazarı idi. İlin müəyyən vaxtmda, bir qayda olaraq, təzə ayın əvvəlində açılan Gülsəra bazarına gələn xarici tacirlər buradan Azəraycanda, Hindistanda və başqa ölkələrdə toxunmuş ipək parçalar, qızıl-gümüş, misgərlik məlumatları, ətir, mal-qara, qoyun-quzu və sair alıb aparırdılar. İbn-Hövqəlin yazdığına görə, bu bazarda bir dəfəyə on minlərlə baş qoyun-quzu satılırdı. Qeyd etmək lazımdır ki, Əl-Kürki və Gülsəra bazarlarına bənzəyən beynəlxalq yarmarkalar Avropa ölkələrində Azərbaycandan gec meydana çıxmışdı. Məsələn, Fransanın məşhur Şampan yarmarkası XIII əsrdə yaranmışdı.

Azərbaycandan xaricə aparılan mallardan gömrük rüsumu alımrdı. İbn-Hövqəlin verdiyi məlumata görə, Azərbaycandan Reyə gedən ticarət yolu üzərində yerləşən Xunəc gömrükxanası ildə dövlət xəzinəsinə 100 min dirhəmdən 1 milyon dirhəmə qədər gəlir gətirirdi. Bu qədər böyük gəlirə təəccüblənən ərəb səyyahı dünyanın başqa heç bir ölkəsində buna bənzər bir şey olmadığını qeyd etmişdir.

XI-XIII əsrin əvvəllərində kənd təsərrüfatı, sənətkarlıq və ticarətin inkişafı əmtəə-pul münasibətlərinin geniş miqyas almasına əlverişli şərait yaratmışdı. Bu dövrdə ayrı-ayrı Azərbaycan hökmdarları öz adlarından pullar kəsdirirdilər. Tədavülə əsasən qızıl və gümüş pullar buraxılırdı.

Beləliklə, IX-XIII əsrin əvvəllərində Azərbaycanın iqtisadiyyatı, təsərrüfat və şəhər həyatı böyük yüksəliş və çiçəklənmə dövrünü yaşamışdır.

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

  • Teqlər:
  • Azərbaycan tarixi

İqtisadiyyat

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar: birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü; ikincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli — Azərbaycan modeli yaranmışdır.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ümummilli liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.

İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 83%-ə çatmışdır.

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir. Strateji Yol Xəritəsi iqtisadi inkişafa töhfə verən bütün faktorları, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edir. Yol xəritəsinə əsasən, dövlət investisiyaları katalizator rolunu oynayır, iqtisadi inkişafın lokomotivi isə özəl sektorlardır. Xüsusi olaraq qeyd edilməlidir ki, Strateji Yol Xəritəsinin qəbulundan sonra onun həyata keçirilməsi üçün müvafiq dövlət qurumları öz fəaliyyətlərini daha müfəssəl proqramlar əsasında qurublar. Sənəddə nəzərdə tutulan layihələrin həyata keçirilməsindən əvvəl texniki-iqtisadi əsaslandırılma aparılır və hər bir təşəbbüs üzrə müvafiq dövlət qurumları cavabdehlik daşıyır.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2018-ci illər ərzində 3 beşillik proqram həyata keçirmişdir.

Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Hazırda ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla davam etdirilir.

Bu gün Azərbaycan özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirib, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayır. Son illərdə Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələrin reallaşması nəticəsində ölkəmiz beynəlxalq nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilib. Ölkəmizdə böyük gəmiqayırma zavodu inşa edilib. Xəzər hövzəsində olan ən böyük beynəlxalq Ələt Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzalamışdır. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 9 fərqli mexanizmi — dəstək tədbirini əhatə edir. Hazırda “Made in Azerbaijan” brendi ilə 3 mindən artıq çeşiddə məhsul ixrac edilir.

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə xaricdəki Ticarət Evlərinin sayı artır. Hazırda onların fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkilati işlər aparılır.

Son illərdə Azərbaycan enerji sektorunun mühüm uğurlardan biri də TANAP layihəsinin Avropa sərhədinə çatdırılması olmuşdur. Uzunluğu 3500 kilometr olan, bir neçə ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP və TAP layihəsi uğurlu başa çatmışdır.

Enerji sahəsində digər bir mühüm hadisə Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması olmuşdur. Anlaşma Memorandumu ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Bu tarixi hadisə ölkəmizin tranzit ölkə kimi rolunun artmasına öz müsbət təsirini göstərəcək Transxəzər enerji kəmərinin reallaşmasına töhfəsini verəcək.

Uzun illər Azərbaycanın 20 faizə yaxın ərazisinin işğal altında qalması həmin torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbədən sonra azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirmişdir. Bu məqsədlə Prezident İlham Əliyevin 07 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən, işğaldan azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.