Mobil telefonu Azərbaycanda qeydiyyatdan keçirməyin YOLLARI
edən 385,2 min istehsalçının 74,1 faizi 3 hektara qədər, 15,5 faizi
“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, kənd təsərrüfatında kooperasiyanın formalaşmasına və inkişafına dövlət dəstəyi məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
2.1. nazirliyin aparatında müəyyən olunmuş işçilərin say həddi daxilində kənd təsərrüfatı kooperasiyasının inkişafı məsələləri ilə məşğul olan struktur bölmənin yaradılmasını təmin etsin;
2.2. kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti sahəsində uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsini nəzərə almaqla sistemli və kompleks tədbirlər həyata keçirsin;
2.3. kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının nümunəvi nizamnamələrinin hazırlanmasını təmin etsin;
2.4. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
2.5. Dövlət Proqramının icrasının gedişi barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Dövlət Proqramının icrasına ümumi nəzarəti həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2017-ci il.
Azərbaycan Respublikası Prezidentinin
Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün
Dövlət Proqramı
90-cı illərin ortalarında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaqların xüsusi mülkiyyətə verilməsi ilə ölkədə fermer təsərrüfatları təşəkkül tapmış və kənddə yeni iqtisadi münasibətlərin əsası qoyulmuşdur.
1995-1996-cı illərdə qəbul edilmiş “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formalarını təsbit etmiş, müasir aqrobiznesin formalaşmasına, təsərrüfat fəaliyyətinin nəticələrinə marağın və məsuliyyətin artmasına, habelə kooperasiyanın perspektiv dövrdə inkişafına şərait yaratmışdır.
Əvvəllər formal olaraq “kooperativ” modelinə əsaslanan, reallıqda isə dövlət təsisatları kimi fəaliyyət göstərmiş kolxozların, habelə sovxozların mülkiyyətində olan torpaqların və əmlakın xüsusi mülkiyyətə verilməsi ilə tarixi ədalət bərpa olunmuş, fermerlərin könüllü surətdə kooperativlərdə birləşmələri üçün
institusional zəmin yaradılmışdır.
Qanunvericiliyə uyğun olaraq, sovxoz və kolxozların islahatı həm də torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatların yaradılmasını, onların istehsal kooperativlərinə çevrilməsini nəzərdə tutur, eyni zamanda təsərrüfatların kooperasiyasına təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində də kooperativlərin fəaliyyətini tənzimləyən müddəalar öz əksini tapmışdır. Müvafiq normativ hüquqi aktlarda kooperasiya ilə bağlı məsələlərin geniş yer alması bir tərəfdən, kooperativlərin ilkin hüquqi bazaya malik olduğunu, digər tərəfdən də dövlətin birgə təsərrüfatçılıq üsullarına önəm verdiyini göstərir.
Aqrar sektorun inkişafının indiki mərhələsi istehsalın effektiv təşkilini, torpaqdan səmərəli istifadəni, fermerlərin gəlirlərinin artırılmasını tələb edir. Bu vəzifələrin reallaşdırılmasında birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativləri xüsusi rol oynayır. Təcrübə göstərir ki, kənd təsərrüfatında xırda əmtəə istehsalından rəqabətqabiliyyətli məhsul istehsalına keçmək, yeni texnika və texnologiyalar tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazarlara çıxışı təmin etmək üçün ən optimal yol kooperasiyanın inkişaf etdirilməsidir.
Kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafına əlverişli şərait yaradılması məqsədi ilə son illərdə dövlət müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanunu qəbul edilmiş və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli 996 nömrəli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair
2017-2022-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.
2. Mövcud vəziyyət
Kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsa da, aqrar sahədə kooperasiya zəif inkişaf etmişdir. Fermerlərin fərdiyyətçiliyə üstünlük verməsi, kooperasiya hərəkatı üçün istehsalçıların təşəbbüskarlıq göstərməməsi, iqtisadi mexanizmlərin birgə təsərrüfatçılıq formasını yetərincə stimullaşdırmaması və bu sahədə xüsusi pilot layihələrin həyata keçirilməməsi, torpaqların xırda hissələrə bölünərək pərakəndə yerləşməsi, kooperasiya barədə biliklərin azlığı və onun üstünlüklərinin geniş təbliğ olunmaması, aqrar informasiya sisteminin zəif qurulması kənd təsərrüfatı kooperativlərinin inkişafını ləngitmişdir.
Kooperativlərin fəaliyyəti barədə göstəricilər də kooperasiya meyillərinin qənaətbəxş səviyyədə olmadığını göstərir. Rəsmi statistik məlumatlara görə, Azərbaycanda kooperativ əsaslarla yaradılmış kənd təsərrüfatı müəssisələrinin sayı 2000-ci ildə 250 olduğu halda, 2016-cı ildə 55-ə enmişdir. Eyni zamanda, mövcud kənd təsərrüfatı kooperativlərinin müvafiq fəaliyyət göstəriciləri də (istehsal həcmi, satış dövriyyəsi, işçi sayı) potensial imkanlardan xeyli aşağıdır.
Hazırda xırda təsərrüfatların üstünlük təşkil etməsi aqrar sahənin əsas problemlərindən biridir. Bu təsərrüfatların əksəriyyətində torpaq sahəsi 1,5-2 hektardan çox deyil. Fermerlərin sərəncamında torpaq sahəsi az olduqda onlar rentabelli
işləyə bilmirlər, müasir kənd təsərrüfatı texnikası tətbiq etmək, səmərəli meliorasiya və irriqasiya sistemləri qurmaq, əlverişli şərtlərlə kredit əldə etmək imkanları məhdudlaşır, istehsalçılar məhsulun satışı və ixracında ciddi çətinliklərlə üzləşirlər.
Təcrübə göstərir ki, xırda təsərrüfatlarda maliyyə imkanları məhdud olduğundan fermerlər istehsalı genişləndirə bilmirlər, növbəli əkin sisteminin tətbiqi mümkün olmur, torpaqlarda rekultivasiya və suvarma işlərinin aparılması çətinləşir. Buna görə də birgə təsərrüfatların yaradılması, o cümlədən kənd təsərrüfatı kooperasiyasının inkişaf etdirilməsi aqrar siyasətin aktual vəzifələrindən birinə çevrilir.
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının əksəriyyəti xırda təsərrüfatlar formasında fəaliyyət göstərirlər. Belə ki, rəsmi statistik məlumatlara əsasən, 2005-ci ildə ölkədə ümumi kənd təsərrüfatı məhsulu istehsalının 96,3 faizi ailə kəndli, ev təsərrüfatları və fərdi sahibkarlar, 3,7 faizi isə nisbətən böyük torpaq sahələrinə malik kənd təsərrüfatı müəssisələri və digər təşkilatlar tərəfindən həyata keçirilirdisə, 2016-cı ildə bu göstəricilər müvafiq olaraq 92,0 faiz və 8,0 faiz olmuşdur. Eyni zamanda kənd təsərrüfatı müəssisələrinin və digər təşkilatların payı bitkiçilik məhsullarının istehsalında 1,4 faizdən 5,7 faizə, heyvandarlıq məhsullarının istehsalında isə 6,4 faizdən 9,9 faizə yüksəlmişdir. Az da olsa müsbət dinamikanın yaranmasına baxmayaraq, kənd təsərrüfatı məhsulları istehsalının əsas hissəsi hələ də xırda təsərrüfatların payına düşür.
2016-cı ildə 1,2 milyon hektar sahədə aparılan əkinlər üçün yanacaq və motor yağlarına görə dövlət yardımı almaq məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət
edən 385,2 min istehsalçının 74,1 faizi 3 hektara qədər, 15,5 faizi
3-4,9 hektar, 7,4 faizi 5-9,9 hektar, 1,9 faizi 10-19,9 hektar, 0,9 faizi 20-49,9 hektar, 0,4 faizi 50 hektar və daha çox torpaq sahəsinə malikdir. Orta hesabla bir istehsalçıya düşən əkin sahəsinin 3,1 hektar təşkil etməsinə baxmayaraq, əksər istehsalçılara məxsus əkin sahələri orta göstəricidən aşağıdır. Təsərrüfatların 5 hektara qədər torpağa malik olan 89,6 faizi ümumi subsidiya alan təsərrüfatların istifadəsində olan torpaqların 51,5 faizinə sahiblik edir. Bu təsərrüfatların bir hissəsinin birləşməsi həm investorlar üçün cəlbedici ola bilər, həm də həmin təsərrüfatların bazasında müəyyən istehsal və emal müəssisələrinin təşkili üçün imkan yarada bilər.
Heyvandarlıq təsərrüfatlarının fəaliyyətinin təhlili göstərir ki, analoji hal bu sahədə də mövcuddur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin keçirdiyi 2015-ci il kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə əsasən, ümumi sayı 452,4 min olan iribuynuzlu heyvandarlıq təsərrüfatlarından 57,2 faizi 1-4 baş, 29,5
faizi 5-9 baş, 10,3 faizi 10-19 baş, 2,6 faizi 20-49 baş, 0,5 faizi 50 baş və daha çox heyvan sayına malikdir. Ümumi sayı 188,288 min olan xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının isə 4,8 faizində 1-4 baş, 14,4 faizində 5-9 baş, 25,4 faizində 10-19 baş,
34,2 faizində 20-49 baş, 12,9 faizində 50-99 baş, 4,9
faizində 100-199 baş, 2,4 faizində 200-499 baş, 0,7 faizində 500 baş və daha çox heyvan saxlanılır.
“Müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı” sisteminin də ölkəmizdə tətbiqi qənaətbəxş səviyyədə deyildir. Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün bu modelin bir sıra üstünlükləri vardır. Belə ki, məhsul istehsalçısı tədarükçü ilə müqavilə
imzalayaraq, həm satış bazarı, həm də bu sövdələşmə çərçivəsində məhsul istehsalı üçün maddi və texniki dəstək əldə edir. Eyni zamanda, bu model tədarükçülər üçün də əlverişlidir. Çünki bu zaman alıcı uzunmüddətli bir dövr üçün stabil məhsul təminatçısı tapdığından, əlavə vaxt və maliyyə sərf etmədən satışın davamlılığını təmin edə bilir. Ənənəvi sahələr olan pambıqçılıq, tütünçülük və baramaçılığın, şəkər çuğunduru və çay istehsalının inkişafı istiqamətində görülən tədbirlər nəticəsində “müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı” sisteminin tətbiqi son dövrlərdə genişlənməyə başlamışdır.
Hazırda həyata keçirilən bir sıra tədbirlər kənd təsərrüfatı kooperasiyasının formalaşmasına müəyyən şərait yaradır. Xüsusilə də, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, istehsalçıların müvafiq istehsal vasitələri ilə təminatının gücləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, emal sənayesinin inkişaf etdirilməsi kooperasiya meyillərinin dərinləşməsinə təkan verməkdədir.
3. Kənd təsərrüfatı kooperasiyası sahəsində qlobal meyillər
Qlobal miqyasda kooperativlər fəaliyyət göstəricilərinə görə mühüm iqtisadi və sosial əhəmiyyətə malik təsərrüfat subyektləri kimi xarakterizə olunur. Kooperativlər və Sosial Müəssisələr üzrə Avropa Tədqiqat İnstitutunun Beynəlxalq Kooperativlər Alyansı ilə birgə hazırladığı “Dünya Kooperativ Monitoru” hesabatına əsasən, 76 ölkədə fəaliyyət göstərən 2800-dən çox kooperativ təşkilat və birlik arasında aparılmış sorğu nəticəsində bu qurumların 2013-cü
ildə ümumi dövriyyəsinin 2,9 trilyon ABŞ dollarından çox olduğu müəyyən edilmişdir. Kooperativlər dünya üzrə 250 milyon nəfərdən çox insanın məşğulluğunu təmin edir. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin birləşdiyi “Böyük İyirmilik” (G20) üzrə ümumi məşğulluğun 12 faizi kooperativ təşkilatların payına düşür.
Kooperativlərin 27 faizi kənd təsərrüfatı və qida məhsulları istehsalı, 21 faizi bank və maliyyə xidmətləri, 19 faizi sığorta xidmətləri, 16 faizi topdan və pərakəndə satış, 5 faizi sənaye, 4 faizi səhiyyə və sosial xidmətlər, 8 faizi isə digər xidmət sahələrində fəaliyyət göstərir. Bununla da kooperativ təşkilatlar milyonlarla insanın güzəranının təmin edilməsində böyük rol oynayır.
Dünya üzrə kənd təsərrüfatı və qida məhsulları istehsalı sahəsində fəaliyyət göstərən kooperativlərin illik dövriyyəsi təqribən 768 milyard ABŞ dolları həcmində qiymətləndirilir və bu, kooperativ təşkilatların ümumi dövriyyəsinin təqribən 26 faizini təşkil edir. 2011-2013-cü illər ərzində kənd təsərrüfatı və qida məhsulları kooperativlərinin ümumi dövriyyəsi təqribən 25 faiz artmışdır ki, bu da onların fəaliyyətinin səmərəliliyini bir daha təsdiq edir.
Kənd yerlərində fəaliyyət göstərən kooperativ təşkilatların 60 faizini kənd təsərrüfatı istehsal kooperativləri, 15 faizini kənd təsərrüfatı istehlak kooperativləri, 25 faizini isə qeyri-kənd təsərrüfatı kooperativləri təşkil edir.
Müasir dövrdə kooperativ təsərrüfatçılıq formasının genişləndirilməsi və dəstəklənməsi qlobal çağırışlardan biri kimi qəbul olunur. Təsadüfi deyildir ki, BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının Beynəlxalq İnkişaf Fondu (IFAD) və Dünya Ərzaq Proqramı (WFP) kimi təşkilatlar tərəfindən kənd təsərrüfatı kooperativlərinin aqrar sahənin inkişafındakı rolu yüksək qiymətləndirilir. BMT Baş Assambleyasının 31 oktyabr 2011-ci il tarixli 66-cı sessiyasının qətnaməsinə uyğun olaraq 2012-ci il “Beynəlxalq kooperativlər ili” elan edilmişdi.
Ümumiyyətlə, aqrar sektorun geniş potensiala malik olduğu inkişaf etmiş Avropa ölkələrində 100 illik inkişaf tarixi olan kənd təsərrüfatı kooperativləri istehsalçıların mütərəqqi inteqrasiya forması kimi təşəkkül tapmışdır. Bu ölkələrdə kiçik fermer təsərrüfatları zaman keçdikcə dövrün tələblərinə uyğun olaraq birləşmiş, iri təsərrüfatlar yaranmışdır və kooperativlərin inkişafına davamlı dövlət dəstəyi nəticəsində ümumi istehsalda iri təsərrüfatların payı getdikcə artır. Hazırda Avropa ölkələrinin əksəriyyətində fermerlərin təxminən 80 faizi kooperativlərdə birləşməklə kənd təsərrüfatı məhsullarının 70-90 faizini, bəzi ölkələrdə isə 100 faizini istehsal və emal edirlər.
Danimarka məhz son 100 ildə aqrar sektorda tam kooperativləşmə sayəsində kənd təsərrüfatı məhsulları ixracatçısı olan əsas ölkələrdən birinə çevrilmişdir. Bu ölkədə mövcud olan 40 mindən çox fermer təsərrüfatı sahələr üzrə ixtisaslaşmış kooperativlərdə birləşir.
Türkiyə son onillikdə təqribən 4 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kooperasiya əsasında birləşdirilməsinə nail olmuşdur. Qarşıdakı illərdə əlavə 10 milyon hektar sahədə də kooperativlərin yaradılması nəzərdə tutulur.
Almaniyada hazırda 2675 kənd təsərrüfatı kooperativi fəaliyyət göstərir. Həmin kooperativlər kənd təsərrüfatının istehsal
vasitələri ilə təmin edilməsində mühüm rol oynayır və ərzaq məhsullarının 2/3 hissəsini realizə edirlər.
İsveçdə ixrac olunan süd və süd məhsullarının 100 faizi, yumurtanın isə 75 faizi kooperativlərin payına düşür. Burada bütün istehsalçılar kooperativlərlə əhatə olunmuşdur. İsveçrədə fermerlərin 90 faizi, ABŞ-da isə 50 faizi kənd təsərrüfatı kooperativlərinin üzvüdürlər.
Kənd təsərrüfatı kooperativlərinin süd istehsalı və satışında payı İsveçdə 100 faiz, Almaniyada 96 faiz, Hollandiyada 88 faizdir. Onların ət istehsalı və satışında payı isə Danimarkada 93 faiz, Fransada 90 faiz, İsveçdə 87 faiz, Almaniyada 65 faizdir.
Şəbəkələşmə prosesi kooperativlər üzrə çoxpilləli təşkilati quruluşun formalaşmasına səbəb olmuşdur. Məsələn, ABŞ-da yerli, regional və sahələr üzrə ixtisaslaşmış kooperativlər fəaliyyət göstərir. Bu ölkədə kənd təsərrüfatı kooperativlərinin çoxu səhmdar cəmiyyətləri kimi formalaşsa da, onların səhmləri alqı-satqı obyekti deyil və fond birjalarına çıxarılmır.
4. Kənd təsərrüfatı kooperasiyasının mahiyyəti və əsas xüsusiyyətləri
- Təsərrüfatçılığın kooperativ forması dünyada geniş yayılmışdır. Onun formalaşması uzunmüddətli proses olsa da, kooperasiya aqrar sektorda iqtisadi effektivliyə nail olmağın başlıca şərti sayılır.
- İnkişaf etmiş ölkələrdə məhsul istehsalçıları təsərrüfatın gəlirliliyini artırmaq, xərcləri minimuma endirmək üçün özlərinə məxsus aqrar mülkiyyəti (torpaq, kənd təsərrüfatı texnikası və
digər resursları) könüllülük prinsipi əsasında kooperativlərdə birləşdirməklə səmərəli fəaliyyət göstərmək imkanı əldə edirlər. Kooperativlər fermerlərə təchizat, tədarük və satış məsələlərində kömək göstərirlər.
- İstehsal edilmiş məhsulun satışını, emalını, kreditlərin əldə edilməsini, toxum, cins mal-qara və texnikanın satın alınmasını kooperativ əsasda bir neçə təsərrüfat həyata keçirə bilər. Kooperativlər təsərrüfat fəaliyyətinin təşkilinin mütərəqqi və ədalətli forması kimi iştirakçıların mülkiyyət hüquqlarına toxunmur və yalnız birgə təsərrüfatçılığa şərait yaradır.
- Kənd təsərrüfatında kooperasiya məsələsi ciddiliyi və ictimai əhəmiyyəti ilə səciyyələnir. Təsərrüfatçılıq forması kimi kooperativlərin xüsusi rolu olsa da, onların təbliğində hər hansı yanlışlığa və təhrifə yol verilməməlidir, çünki bu, torpaq mülkiyyətçiləri arasında müəyyən çaşqınlıq yarada bilər.
- Bəzən kooperativlər yanlış olaraq kollektiv təsərrüfatlarla (kolxozlarla) eyniləşdirilir. Halbuki, bu iki təsərrüfat subyekti arasında prinsipial fərqlər vardır. Kolxozdan fərqli olaraq kooperativlər mülkiyyətçilərin müstəqil sahibkarlığına əsaslanır. Burada da torpaq və əmlakdan birgə istifadə nəzərdə tutulsa da, fermer istənilən vaxt öz daşınar və daşınmaz əmlakı ilə kooperativin tərkibindən çıxa bilər. Kolxozların vahid təsərrüfat sistemi, öz suvarma şəbəkəsi, kənd təsərrüfatı texnikası parkı, kadr ehtiyatı, anbar və avadanlığı, vahid əkin dövriyyəsi sistemi olsa da, torpaq üzərində sahiblik hissi və təşəbbüskarlıq yox idi. Kooperasiyanın əsasını fermer təsərrüfatları təşkil edir. Bu baxımdan kooperativlərin kollektiv təsərrüfatlarla eyniləşdirilməsi və ya kənd təsərrüfatı kooperasiyasının inkişaf etdirilməsi
təşəbbüsünün kolxozların bərpası kimi qəbul edilməsi yolverilməzdir.
- Sovet dövründə kollektiv təsərrüfatlar məcburi və inzibati qaydada yaradılırdısa, indi kooperativlərin formalaşması könüllülük prinsipinə əsaslanır. Azad bazar iqtisadiyyatının bərqərar olduğu indiki şəraitdə xüsusi mülkiyyət sahibi olan fermeri məcburi şəkildə kooperativləşməyə cəlb etmək qeyri-mümkündür. Kooperativlərin inkişafı yalnız iqtisadi alətlərlə – güzəştli vergiqoyma və kreditləşmə mexanizmi, xüsusi subsidiyaların tətbiqi və digər vasitələrlə təşviq edilə bilər.
- Postsovet məkanının aparıcı aqrar ölkələrinin kənd təsərrüfatı kooperasiyası sahəsində təcrübəsinə istinad edilməsi də məqsədəuyğun sayılmır. Ölkəmizdə aqrar sektorda mülkiyyət münasibətləri və onun strukturu MDB üzvü olan digər ölkələrdən əsaslı şəkildə fərqlənir. Bu ölkələrin bir çoxunda kəndlinin torpaq üzərində xüsusi mülkiyyət hüququ təsbit edilməyib və hazırda torpaq-mülkiyyət münasibətlərinə yenidən baxılması onların aqrar siyasətinin ən aktual məsələsi kimi gündəmdədir. Təcrübə göstərir ki, kosmetik dəyişikliklərə məruz qalan kolxoz və sovxozlarda gerçək kooperasiya prinsiplərinin reallaşması praktiki olaraq mümkün deyildir.
- Son illərdə ölkə ərazisində iri təsərrüfatların yaradılması aqrar istehsalın səmərəli təşkil edilməsi baxımından mühümdür. Lakin iri təsərrüfatların fəaliyyəti də birgə təsərrüfatçılıq formasına əsaslanmadığına görə onlar kooperativlərlə eyniləşdirilməməlidir. Bununla belə, yaxın perspektivdə iri təsərrüfatların kooperasiya prinsipləri əsasında formalaşması məqsədəuyğun hesab edilir.
- Kooperasiyanın əsas xüsusiyyəti iştirakçıların öz müstəqilliyini saxlamasında, demokratik idarəetmə formasında, mənfəətin birgə bölüşdürülməsindədir. Kooperativlər birgə fəaliyyət forması kimi əsasən yüksək mənfəət qazanmağa yox, öz üzvlərini dəstəkləməklə onlara müəyyən xidmətlər göstərməyə üstünlük verirlər.
5. Kənd təsərrüfatında kooperasiyanın rolu və üstünlükləri
- Fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsullarının rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcəkdir. Bu baxımdan, kənd təsərrüfatında kooperasiyanın təşəkkül tapması həm dövlətin, həm də fermerlərin marağına uyğundur.
- Təsərrüfatçılığın kooperasiya formasında iştirakçılar iqtisadi münasibətlərin keyfiyyətcə yeni subyektinə çevrilir. Kooperativlər kənd təsərrüfatı istehsalçıları arasında üfüqi inteqrasiyanın effektiv forması kimi maliyyə resurslarına çıxışı da xeyli asanlaşdırır.
- Kooperasiya məhsulun istehsalı, emalı, saxlanması və satışı mərhələlərini əhatə edən səmərəli təsərrüfatçılıq sistemidir. Məlum olduğu kimi, aqrar sənaye kompleksində mənfəət və ya əlavə dəyərin əsas hissəsi kənd təsərrüfatı xammalının emalı və məhsulun satışı həlqəsində yaranır. Kooperativlər isə gəlirlərin “istehsal-emal-satış” həlqələri üzrə ədalətli bölgüsünə imkan verir.
- Torpaq və digər əmlakın birləşdirilməsi ilə kooperativ təsərrüfatın yaranması fermerlərə öz aralarında fəaliyyət bölgüsü aparmağa imkan verir. Belə təsərrüfatlar, həmçinin iri investisiya layihələrinin tətbiqinə, mövcud texnikadan qarşılıqlı istifadə edilməsinə, yeni texnikanın alınmasına, bank ödənişlərinin vaxtında həyata keçirilməsinə imkan verir.
- Kənd təsərrüfatında kooperasiya sisteminin əsas məqsədi həm də kooperativ üzvlərinin təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Məhsul istehsalı ilə məşğul olan fermer istehsal etdiyi məhsulu satmaqda və məhsul istehsalı üçün lazım olan toxum, gübrə, texnika və digər vasitələri almaqda çətinlik çəkdiyinə görə bu vəzifələri fermerlərin özlərinin yaratdıqları kooperativlərə həvalə edir.
- Aqrar sektorun inkişafının indiki mərhələsi istehsalın effektiv təşkilini və rəqabətədavamlılığını, fermerlərin gəlirlərinin artırılmasını tələb edir. Bu vəzifələrin reallaşdırılmasında birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativləri xüsusi rol oynaya bilər.
- Kənd təsərrüfatında mövcud resurslardan səmərəli istifadə edilməsi, eyni zamanda, kooperativ təsərrüfatlarda becərilən bitkilərin məhsuldarlığının yüksəldilməsinə, məhsul vahidinin maya dəyərinin azaldılmasına, istehsalın genişləndirilməsi və daxili investisiya qoyuluşu üçün sərbəst maliyyə ehtiyatının yaranmasına və təsərrüfatın rentabelliyinin artmasına imkan verəcək. Buna görə də xırda təsərrüfatların birləşməsi, aqrar istehsalat kooperativlərinin, birliklərin və ittifaqların yaradılması əsas məsələlərdən biridir. Dünya təcrübəsi göstərir ki, kooperasiyanın, fermer ittifaqlarının (assosiasiyalarının) yaranması
yalnız könüllülük prinsipinə əsaslanan uzunmüddətli prosesdir. Bu işdə maarifləndirmə, təbliğat və s. formalardan istifadənin böyük əhəmiyyəti vardır.
- Müasir təsərrüfatçılıq istehsalçılar arasında inteqrasiyanın və kooperasiyanın inkişaf etdirilməsini tələb edir. Kooperativlər kənd təsərrüfatı istehsalında texnoloji yeniləşmənin aparıcı qüvvəsinə çevrilə bilər. Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçıdan istehlakçıya çatdırılmasında, başqa sözlə, fermerlərin bazarla əlaqəsinin təmin edilməsində kooperativlərin rolu əhəmiyyətli dərəcədə artacaqdır.
- Kooperasiya aqrar sahə üzrə risklərin azaldılmasına, kənd təsərrüfatı istehsalında səmərəliliyin təmin edilməsinə, istehsal, emal və xidmət arasında çevik əlaqə qurulmasına, aqrar sektorda investisiya fəallığının artmasına, daxili bazarda yerli istehsalçıların mövqeyinin güclənməsinə, aqrotexniki qaydaların effektiv həyata keçirilməsinə, növbəli əkin sisteminin tətbiqinə, kənd təsərrüfatında uçot, hesabat və nəzarət işinin qurulmasına, rəqabətədavamlı məhsul istehsalına, torpaqdan səmərəli istifadəyə, əmək məhsuldarlığının yüksəlməsinə, aqrar sahəyə dövlət dəstəyinin daha rasional təşkilinə, fermerlərin gəlirlərinin artmasına əlverişli şərait yaradacaqdır.
6. Kənd təsərrüfatında kooperasiyanın inkişafının şərtləri
- Kənd təsərrüfatı kooperativlərinin daha sağlam əsaslar üzərində formalaşması aqrar sektorda struktur dəyişikliklərinin həyata keçirilməsindən, kənd təsərrüfatında özəl sektorun formalaşmasından, fermerlər təbəqəsinin yaranmasından asılı idi.
Kooperasiya, bir qayda olaraq, torpaq üzərində xüsusi mülkiyyətə əsaslanan təsərrüfatları əhatə etdiyi halda müsbət nəticələr əldə edilir. Bu baxımdan 90-cı illərin ortalarında həyata keçirilmiş aqrar islahatlar effektiv kooperasiya üçün daha real əsaslar yaratmışdır. Yeni mərhələdə isə kənd təsərrüfatı kooperasiyasının dövrün tələblərinə uyğun olaraq inkişaf etdirilməsi bir sıra şərtlərdən asılıdır.
- Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatında kooperasiya torpaq üzərində xüsusi mülkiyyətə əsaslanmaqla, dövlətin praktiki dəstəyi ilə və aqrobiznes üçün əlverişli şərait yaratmaqla inkişaf etdirilə bilər.
- Kooperativlərin təşkilində könüllülük prinsipinə riayət edilməsi, təsərrüfatlararası, sahələrarası və rayonlararası kooperasiyanın bir-birini tamamlaması, kooperativlərin inkişafının aqrar siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən edilməsi, uğurlu fəaliyyət göstərmiş kooperativlərin müsbət təcrübəsinin geniş yayılması, müvafiq stimullaşdırıcı mexanizmlərin tətbiqi kənd təsərrüfatı kooperasiyasının inkişafı üçün vacib şərtlərdir.
- Bir çox ölkələrdə kooperativlərin yaradılmasını stimullaşdırmaq məqsədi ilə dövlət tərəfindən kooperasiya iştirakçıları üçün müəyyən imtiyazlar, dəstəkləyici tədbirlər nəzərdə tutulur.
- Kooperativlərin özləri də kooperativlər ittifaqlarında (assosiasiyalarında) birləşə və beynəlxalq kooperativlər təşkilatlarının fəaliyyətində iştirak edə bilər. Kooperativlər mütərəqqi təsərrüfatçılıq forması olsa da, təşkilati və struktur baxımından daim təkmilləşməli, öz fəaliyyətlərində innovativ yanaşma nümayiş etdirməlidirlər.
- Kooperasiyanın mahiyyət, prinsip, məqsəd və vəzifələrinin konseptual baxımdan düzgün izah edilməsinin zəruriliyini nəzərə alaraq, onun ictimaiyyət tərəfindən geniş müzakirə edilməsi, xüsusi teledebatların təşkili, bu prosesə alim və mütəxəssislərin, qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların yaxından cəlb edilməsi istiqamətində tədbirlər görülməlidir. Belə bir yanaşma problemin müzakirəsinin elmi- konseptual səviyyəsini də artırmış olar.
- Kooperasiya sahəsində konkret nəticələr əldə edilməsi üçün beynəlxalq təşkilatların iştirakı ilə texniki dəstək proqramlarının, pilot layihələrin həyata keçirilməsinə və qazanılmış müsbət təcrübənin ümumiləşdirilməsinə ehtiyac vardır.
- Aqrar siyasəti həyata keçirən dövlət orqanlarının maarifləndirmə və məlumatlandırma işini düzgün qurması, təsərrüfatlarla əməkdaşlığı dərinləşdirməsi kooperasiyanın geniş vüsət almasına şərait yarada bilər. Azərbaycanda fermerlərin kooperativlər şəklində fəaliyyəti təsərrüfat vərdişlərinin tədricən dəyişməsini, onlarda yeni düşüncə tərzinin formalaşmasını, birgə təsərrüfatların təşkili sahəsində zəruri biliklərin mənimsənilməsini tələb edir. Bu baxımdan kooperativlərin təşəkkülü uzunmüddətli proses kimi qəbul edilməlidir.
7. Dövlət Proqramının məqsədi və vəzifələri
- Dövlət Proqramının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin
etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir.
- Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
- kooperativlərin fəaliyyəti ilə bağlı maarifləndirmənin və təbliğat-izahat işinin gücləndirilməsi;
- kooperativlərin dövlət tərəfindən dəstəklənməsi;
- aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi;
- torpaqdan səmərəli istifadə edilməsi;
- kənd təsərrüfatı kooperasiyası sisteminin inkişaf etdirilməsi;
- kənd təsərrüfatı istehsalında səmərəliliyin təmin edilməsi;
- kənd təsərrüfatında innovasiyaların tətbiqinə şərait yaradılması;
- kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışı, habelə maddi-texniki təchizat və digər xidmət sahələri üzrə kooperasiya infrastrukturunun formalaşdırılmasına dəstək verilməsi;
- kooperativlər üçün sığorta mexanizminin təkmilləşdirilməsi, onlara göstərilən maliyyə xidmətlərinin genişləndirilməsi;
- kooperativlərin güzəştli şərtlərlə kreditləşdirilməsinin təmin edilməsi;
- kənd təsərrüfatı kooperasiyası ilə bağlı informasiya- məsləhət xidmətlərinin gücləndirilməsi;
- kənd təsərrüfatı kooperasiyası üzrə orta ixtisas və ali
təhsilli mütəxəssislərin hazırlanması, müvafiq kursların təşkili, bu sahədə elmi tədqiqat işlərinin genişləndirilməsi;
- kənd təsərrüfatı kooperativlərinin inkişaf və fəaliyyət göstəriciləri üzrə statistik məlumat bazasının yaradılması;
- kənd yerlərində məşğulluğun və həyat səviyyəsinin yüksəldilməsi, kəndin dayanıqlı inkişafının təmin edilməsi.
8. Kənd təsərrüfatı kooperasiyasının inkişafının əsas istiqamətləri
- Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və inkişafının dəstəklənməsi;
- kooperativlərin yaradılması və inkişafı üçün əlverişli sosial-iqtisadi və hüquqi mühitin formalaşdırılması;
- kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsi;
- kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılması;
- kənd təsərrüfatı kooperativlərinin istehsal bazasının modernləşdirilməsi;
- kooperativlərin istehsal vasitələrinə tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi;
- kooperativ bazarların fəaliyyəti üçün şərait yaradılması;
- dövlət ehtiyacları üçün kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükünə dair sifarişlərin hər il müəyyənləşdirilməsi və satınalma əməliyyatlarının həyata keçirilməsi;
- qeydiyyatdan keçən və fəaliyyət göstərən kooperativlərin fəaliyyətinin təhlili;
- vergi və kredit siyasəti vasitəsilə kooperasiyanın stimullaşdırılması;
- kooperasiyanın stimullaşdırılmasında subsidiyalardan istifadə edilməsi;
- müxtəlif istiqamətlər üzrə pilot kooperativlərin yaradılması;
- kooperasiyanın mütərəqqi birgə təsərrüfatçılıq forması kimi təbliğ edilməsi;
- kooperativlərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi məqsədi ilə müvafiq uçot sisteminin yaradılması.
9. Dövlət Proqramının maliyyələşmə mənbələri
- Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
- Azərbaycan Respublikasının dövlət büdcəsi;
- büdcədənkənar dövlət fondları;
- yerli və xarici investisiyalar;
- beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə
Mobil telefonu Azərbaycanda qeydiyyatdan keçirməyin YOLLARI
Texnoloji baxımdan inkişaf etmiş ölkələrə səfər edənlərin bir çoxunun satın aldığı məhsullar arasında texniki avadanlıqlar, xüsusən də, mobil telefonlar üstünlük təşkil edir. Büdcəyə uyğun gələn telefonların bəzən orjinal, keyfiyyətli və standartlara uyğun olması narahatlıq doğurur. Lakin bunun da çarəsi var. Belə ki, digər ölkələrdən respublikamıza idxal olunan mobil cihazların qeydiyyatı elektron qaydada asan və rahat şəkildə aparılır. Bu elektron xidmətdən istifadə üçün “Elektron hökumət” portalına müraciət edə bilərsiniz. Bunun üçün portalda qeydiyyatdan keçməyə də ehtiyac yoxdur.
Day.Az ICTnews-a istinadən bildirir ki, xidmətdən yararlanmaq istəyən hər bir vətəndaş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Elektron hökumət” portalında təqdim edilən e-xidmətləri arasından “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidmətini seçməlidir.Yeri gəlmişkən qeyd edək ki, “Mobil cihazların qeydiyyatdan keçirilməsi” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanvar ayında ən çox istifadə edilən elektron xidməti olub. Sözügedən xidmətə “Elektron hökumət” portalı üzərindən bir ayda 48745 dəfə müraciət edilib.
Mobil cihazların qeydiyyatdan keçirilməsini aparan zaman sistem vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, FİN (fərdi identifikasiya nömrəsi) kodu, təhlükəsizlik kodu və qeydiyyatdan keçirilməsi tələb olunan mobil cihazın IMEI kodunu tələb edir.Lakin portalda qeydiyyatlı olaraq xidmətdən istifadə zamanı sistem vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN kodunu avtomatik olaraq təyin edir.
Qeyd edək ki, FİN kod dedikdə şəxsiyyət vəsiqəsinin sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərfdən ibarət kod nəzərdə tutulur.
Bundan sonra “Məlumatları yoxla” düyməsini seçmək lazım gəlir.
Daha sonra istifadəçi mobil telefon nömrəsini ərizəyə daxil edir. Ərizədə göstərilən xidmətin istifadəsi üçün ödəniləcək məbləği vətəndaş onlayn şəkildə həyata keçirmək üçün kartın növünü qeyd edərək “Təsdiqlə və ödəniş et” düyməsini seçməlidir. Qeyd edək ki, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı 5 manata başa gəlir.
Növbəti mərhələdə ödənişin həyata keçirilməsi üçün onlayn ödəmə sisteminin səhifəsi açılır. İstifadəçi onlayn ödəniş edəcəyi kartın nömrəsini, bitmə tarixini və CVV kodu daxil edərək ödəməni həyata keçirmiş olacaq.
Ödəniş uğurla həyata keçirildikdən sonra formalaşan elektron ərizə portal tərəfindən avtomatik olaraq Mobil Cihazların Qeydiyyatı Sisteminə (MCQS) göndərilir və sistem tərəfindən avtomatik olaraq ödəniş qəbzi yaradılır. Qəbzdə bildirişin kodu, mobil cihazın qeydiyyatını aparan vətəndaş haqqında ümumi məlumat, ödəmə növu, mobil cihazın IMEI kodu, ödənilən məbləğ və tarix barədə məlumatlar əksini tapır.
Bu mərhələlərdən sonra 24 saat ərzində mobil cihaz MCQS tərəfindən qeydiyyata alınır.Qeyd edək ki, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı fərqli formada aparılır. Belə ki, sahibkar gətirdiyi mobil cihazların qeydiyyatdan keçirilməsi xahişi ilə RYTN-nə rəsmi qaydada müraciət etməlidir.
Məlumat üçün bildirək ki, IMEI kodu telefonunuzun ekranında *#06# kombinasiyasını yığmaqla əldə edə bilərsiniz. Mobil cihazın qeydiyyatda olub-olmadığını isə mobil telefondan 15 rəqəmli IMEI nömrəsini yazaraq 1677-yə SMS göndərməklə və ya “1677” çağrı mərkəzinə zəng etməklə müəyyən etmək olar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Prezident X Qlobal Bakı Forumunda çıxış edib – TAM MƏTN – VİDEO – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə xatirə fotosu çəkdirildi.
X Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dedi:
– Sabahınız xeyir, Zati-aliləri.
Xanımlar və cənablar.
Mən böyük şərəf hissi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin adından həmsədr kimi Qlobal Bakı Forumunun açılışını elan edirəm.
Biz ağır bir zəmanədə yaşayırıq. Bu gün görürük ki, müharibələr daha da artır və burada müxtəlif siyasətlər, siyasi həllər zəruri xarakter daşıyır. Buna görə də lazımdır ki, insanlar bir araya gəlsin, icmalar bu işdə iştirak etsin və əslində tarixdən götürülmüş dərslər bundan sonra da bir daha nəzərdən keçirilsin. Biz bir-birimizi ayıran xətləri aşaraq, etnik, irqi və digər cəhətlərə baxmayaraq, ümumbəşəri məqsədlər üçün çalışmalı, mübarizə aparmalıyıq. Çünki hamımız bu fikirdəyik. Bildiyiniz kimi, BMT 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərini, 2015-ci ildə isə Dayanıqlı İnkişaf Məqsədlərini qəbul edərək hamımız üçün, bütün bəşəriyyət üçün ümumi bir gündəlik müəyyənləşdirmişdir.
İndi bizim qarşımızda ümumi çağırışlar var. Biz bilirik ki, pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün isə iqlim dəyişikliyi ilə yanaşı, su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Görürük ki, bu gün dünyada nə qədər insan aclıqdan əziyyət çəkir. Bu cür çağırışların həlli yolları tapılmalıdır.
Qlobal Bakı Forumunun məqsədindən danışan İsmail Serageldin bildirdi: Biz düşünməliyik və necə etməliyik ki, yeni ümidlər yaradaq və gələcəyə – sabaha baxaq. Biz bu yolda addımlayaraq bilməliyik ki, səhv və doğru addımlar nədən ibarətdir və necə etməliyik ki, daha müqavimətli şəkildə irəliyə gedək. Biz belə bir ümidlə yola çıxaraq müzakirələr aparmaq üçün buraya toplaşmışıq.
Mən böyük məmnuniyyətlə, hörmətli cənab Prezident, Zati-aliləri, sözü Sizə vermək istəyirəm.
x x x
Dövlətimizin başçısı Forumun açılış mərasimində çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı– Sabahınız xeyir xanımlar və cənablar.
Sizin hər birinizi Bakıda salamlayıram, X Qlobal Bakı Forumunda iştirakınıza görə təşəkkür edirəm. Əvvəlcə mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) İdarə Heyətinin üzvlərini nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqa və cənab Serageldinə liderlik keyfiyyətlərinə, Mərkəzin inkişafına töhfələrinə və Qlobal Bakı Forumunun aparıcı beynəlxalq forumlardan birinə çevrilməsi ilə bağlı mühüm nailiyyətlərinə görə xüsusi minnətdarlığımı bildirirəm. Mən bu ilin yanvar ayında Davos Dünya İqtisadi Forumunda, fevralda Münxen Təhlükəsizlik Konfransında iştirak etmişəm, indi isə mart ayında Bakıda Qlobal Forumda iştirak edirəm.
Onu deyə bilərəm ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir. Mən Forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır.
Eyni zamanda, mən Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir.
Mən burada müzakirə ediləcək bəzi mövzularla bağlı öz fikirlərimi və bəzi məlumatlarla bölüşmək istərdim. Panellərdən birinin multilateralizmə həsr olunması məni məmnun etdi. Xüsusilə ona görə ki, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il – 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Biz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində təəssüf ki, bir az passiv Qoşulmama Hərəkatını, – əgər belə demək olarsa, – canlandırmağa çalışdıq. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik.
Eyni zamanda, biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə biz təşəbbüsümüzlə Parlament Şəbəkəsini yaratdıq. Onun ilk iclası Bakıda təşkil edildi. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir. Biz bu ilin sonunda sədrliyimiz başa çatdıqdan sonra da səylərimizi davam etdirəcəyik. Çünki biz bugünkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu görürük.
Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.
Münaqişələrin həllinə gəldikdə, bu mövzu Forum çərçivəsində geniş şəkildə müzakirə ediləcəkdir. Mən isə öz təcrübəmizlə bağlı fikirlərimi bölüşə bilərəm. Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir.
Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib. Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. 1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT Minsk qrupunu təsis etdi. Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Danışıqlar prosesinin sonunda bizə belə görünürdü ki, onlar, sadəcə, vəziyyəti dondurmaq istəyirlər. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Lakin biz bununla razılaşmadıq. Biz özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi.
Beləliklə, çalışdıq ki, dinc yolla həll edək. Bizdə alınmadı, ona görə ki, erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Biz isə güc tətbiq etdik və öz ərazimizi azad etdik. Hazırda, təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazini yenidən tikirik. Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Şuşaya səfər ediblər və orada panel müzakirələr aparıblar. Onlar Füzulidə və Şuşada dağıntıları görüblər və bu, həqiqətən də barbarlıq, urbisid, kultursid, ekosid əlamətidir. Bunu edən bizim qonşularımız olub. Azərbaycan xalqının qisas almaq üçün mənəvi hüququ var və mən bunu anlayıram. Lakin mənim mesajım döyüş meydanında qisası almaqla həyata keçdi.
Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik. Biz döyüş meydanında qisas aldıq. Beləliklə, hazırda sülh üçün vaxt yetişib. Bununla belə, 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik. Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar.
Beləliklə, hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur.
Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir. Biz bu mövqeyi açıq şəkildə bəyan edirik.
Panel müzakirələrdən biri enerji və daşımalar dəhlizlərinə, enerji keçidinə həsr olunub. Sonuncu görüşümüzdən sonra mən qonaqlarımızı məlumatlandırmaq istərdim. Ötən ilin iyunundan etibarən xeyli hadisələr baş verib. Əvvəlcə, Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Memorandum Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen və mənim tərəfimdən imzalandı. Bu Memorandum hazırda icra olunur. Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər biz 2019-cu ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdiksə, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək.
Bu, hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq, Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində onlara birmənalı olaraq yardım etdi və yardım etməkdə davam edəcək. Biz qaz yataqlarımıza sərmayələrimizi artırmışıq. Hazırda isə görürük və nəinki görürük, biz hətta ixrac boru kəmərlərinin genişləndirilməsi üzərində işləyirik. Cənub Qaz Dəhlizi istismara verildi. Boru kəmərinin sonuncu hissəsi 2020-ci il dekabrın 31-də istismara verildi. Hazırda iki ildən bir az çox vaxt keçir və biz sistemi genişləndirməliyik – TANAP-ı 16-dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə. Bu, sırf Avropada artan tələbatla bağlıdır. Belə olmasaydı, biz sərmayə qoymazdıq. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almışıq və onun üzərində işləyirik. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Bu, elə bir haldır ki, biz hər zaman etibarlı tərəfdaş olmuşuq.
Biz nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edirik. Ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Biz onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Hazırda biz texniki əsaslandırma prosesini aparırıq.
Həmin layihə ilə bağlı rəhbər komitənin ilk iclası fevral ayında Bakıda təşkil edilib və bu, Avropanın enerji xəritəsində mühüm dəyişiklik olacaq. Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir. Məlumat vermək istəyirəm ki, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar.
Bu, dünya enerjisinin gələcəyidir və Azərbaycanın gələcəyidir. Enerji sahəsində keçid olduqca sürətli gedir. Qeyd etdiyim kimi, iyun ayında sonuncu görüşümüzdən sonra bütün sadaladıqlarımı həyata keçirdik. Burada nəqliyyat dəhlizləri ilə bağlı müzakirələr olacaq.
Məlumat üçün bildirim ki, ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artıb. Bizim müasir daşımalar infrastrukturumuza tələbat heç vaxt olmadığı qədər böyükdür – dəmir yolları və avtomobil yolları mövcuddur, Xəzər dənizində ən böyük donanma və regionda ən geniş yük aviaparklarından biri yaradılıb. Biz daşımaların təhlükəsizliyinə həqiqətən də böyük töhfə vermişik. Çünki bu gün bir çox ölkənin daşımaların təhlükəsizliyinə ehtiyacı var. Onlar yeni marşrutlar axtarışındadır və həmin yeni marşrutlardan biri Azərbaycandan keçir. Əminəm ki, proqrama daxil olan bu və ya digər mövzularla bağlı kifayət qədər maraqlı müzakirələr olacaq, hər zaman olduğu kimi, qonaqlarımız gələcəyimizi planlaşdırmaq üçün dəyərli ideyalarını və tövsiyələrini verəcəklər. Habelə dünya liderləri üçün də yaxşı tövsiyələr olacaq.
Beləliklə, biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq. Sizə maraqlı müzakirələr arzulayıram. Diqqətinizə görə sağ olun.
x x x
Sonra Latviya Respublikasının Prezidenti Egils Levits çıxış edərək Forumun mövzusunun müzakirə baxımından əhəmiyyətli olduğunu bildirdi. Latviya ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışan Egils Levits ölkəmizin son illər ərzində beynəlxalq münasibətlərdə oynadığı mühüm rolu vurğulayaraq dedi:
– Prezident Əliyevin məhz burada çıxışından sonra qeyd etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatında aparıcı rol oynayır. Bu, sözün əsl mənasında, 120 üzv dövlətdən ibarət olan yaxşı bir platformadır və onların əksəriyyəti BMT-nin üzvləridir. Azərbaycanın son illər ərzində oynadığı mühüm rol əslində beynəlxalq münasibətlərdə etiraf olunub. Əslində Azərbaycan siyasi baxımdan, yəni, sülhün necə qorunması, qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb.
Azərbaycan COVID-19 pandemiyasından sonrakı qlobal diskussiyalara aparıcılıq edir. Xüsusən, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun bu yaxınlarda keçirilən Zirvə görüşünü qeyd edərdim.
Azərbaycan ilə əməkdaşlığa, xüsusən də onun BMT ilə işbirliyinə gəldikdə, bu, həmçinin Latviya üçün vacibdir. Çünki burada beynəlxalq hüquqa hörmətlə yanaşılması və ərazi bütövlüyünə riayət edilməsi çox mühüm məsələdir. Əslində bu, bizim Latviyanın da xarici siyasətinin mühüm bir hissəsidir. Bu, ümumiyyətlə, Azərbaycanın ümumi siyasətinin vacib bir hissəsidir. Təbii ki, bu da ölkələrimiz arasında yaxşı münasibətlərdən irəli gəlir.
Latviya Prezidenti Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında da fikirlərini bildirərək dedi:
– Dahi Azərbaycan şairi Nizami Gəncəvi Azərbaycanın hazırkı hüdudlarından xeyli kənarda insanları şövqləndirirdi. Onun söylədiyi fikirlər məhz həmin qədim dövrdən bu günə qədər dünyadakı xalqlar arasında qarşılıqlı anlaşmanı və həmrəyliyi təşviq edirdi.
x x x
Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlərdən, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlərdən danışmağın vacibliyini vurğulayaraq dedi:
– Biz bu gün dünyamızın üzləşdiyi çağırışların müzakirəsi üçün X Qlobal Bakı Forumunda bir araya gəlmişik. Forumun təşkilinə və burada iştirak etməyə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.
x x x
Forumda iştirak etmək üçün dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ənənəyə çevirdiyi bu tədbirdə iştirak etməkdən məmnunluğunu bildirərək vurğuladı:
– Əvvəlcə, icazə verin, məni bu tədbirə dəvət etdiyinə, Bakıda keçirilən X Qlobal Bakı Forumunda yaratdığı şəraitə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürümü bildirim.
Zati-aliləri Prezident İlham Əliyev, bildirmək istəyirəm ki, gözəl Bakı şəhərində, Azərbaycanda, Odlar Yurdunda, – necə ki siz adlandırırsınız, – olmaqdan çox şadam. Çünki bu ölkə bizə enerji verir, bizi ilhamlandırır. Necə ki, biz bunu dahi şair və filosof Nizami Gəncəvinin yaradıcılığında görmüşük. Təbii ki, Sizinlə keçirilmiş dünənki görüş bizdə böyük təəssürat yaratdı. Bundan sonra da Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın genişləndirilməsini səmimiyyətlə arzulayıram. Hörmətli dostlar, belə bir mötəbər auditoriyada olmaqdan çox şadam. Burada dünyanın ən təcrübəli insanları toplaşıblar.
x x x
BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima pandemiyadan sonrakı dövrdə beynəlxalq səviyyədə inteqrasiyanı gücləndirməyin və əməkdaşlığı genişləndirməyin vacibliyini vurğuladı. Belə bir platformada və müzakirələrdə iştirakdan şad olduğunu ifadə edən Vinni Byanyima dedi:
– X Qlobal Bakı Forumunun açılış mərasimində sizə qoşulmaqdan olduqca məmnunam. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzini “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunu təşkil etdiyinə görə səmimi-qəlbdən təbrik edirəm.
x x x
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun videomüraciəti dinlənildi, həmçinin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubları oxundu.
x x x
Sonda Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edərək, dünyada hazırkı geosiyasi vəziyyət haqqında danışdı, müharibə və təhdidlərin beynəlxalq səviyyədə bir sıra ciddi problemlər doğurduğunu bildirdi. Həmsədr bir çox münaqişələrin həlli yollarının tapılması baxımından Forumun işini yüksək qiymətləndirərək dedi:
– Artıq onuncu dəfədir Bakı Forumu toplaşır və ilbəil biz məmnunluqla görürük ki, onun inandırıcı qüvvəsi, onun müxtəlifliyi və müstəsna keyfiyyətli təcrübəsi, intellektual potensialı baxımından əhəmiyyəti artır. Biz sizin hamınızı burada görməkdən çox şadıq.
Bakı Forumu, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi. Prezident lap ilk günlərdən bizə öz dəstəyini verdi. Qlobal Bakı Forumunu dünyanı narahat edən çağırışların həlli yollarının tapılması ilə bağlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli hesab edirik.
x x x
Forum işini panel iclaslarla davam etdirdi.
x x x
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.