Azərbaycanda ekoloji vəziyyətə dair son məlumatlar açıqlanıb
Professorun sözlərinə görə, digər əsas problem Bakıda ekoloji cinayətin baş verməsidir:
Azərbaycan daha böyük ekoloji problemlərlə üzləşə bilər — RƏYLƏR
Gündəmin dəyişməz mövzularından biri də ətraf mühitin çirkləndirilməsidir. Azərbaycanın ekologiya mühitində olan problemlər barədə zaman-zaman müzakirələr aparılsa da, həll yolları göstərilsə də, problem bir növ həll olunmamış qalır. Xüsusilə, ağacların kütləvi şəkildə qırılması, Xəzər sahillərinin çirkləndirilməsi, su çatışmazlığı, bölgələrdə ekoloji tarazlığın pozulması əsas problemlər kimi narahatlıq doğurur.
Məsələ ilə bağlı Demokrat.az-a danışan ekoloq, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov bildirib ki, dünyada müxtəlif ekoloji problemlər var, bunlar qlobal məsələlər hesab edilir, Azərbaycanda isə fərqli sahələrdə ciddi problemlər müşahidə olunmaqdadır:
“Azərbaycanın əsas ekoloji problemləri məişət sularının Xəzərə axıdılması, meşə ərazilərinin məhv edilməsi, Aran bölgələrində şoran torpaqların artmasıdır. Kənd təsərrüfatının inkişaf etdirilməsində, ekoloji cəhətdən təmiz qida məhsullarının əldə edilməsi əsas məsələlərdəndir. Bu istiqamətdə müəyyən işlər görülüb, lakin hələ görüləsi işlər də çoxdur. Torpaqların şoranlaşmasının qarşısının alınması, meliorativ tədbirlərlə yenidən əkin sahələrinə çevrilməsi hazırda Azərbaycanda görülməsi lazım olan işlərdir.
Digər vacib məqam isə içməli suya olan tələbatın ödənilməsidir. Azərbaycanda suların 2/3 hissəsi transsərhəd çayların hesabına formalaşır. Bu çayların miqdarı Azərbaycanın suya olan tələbatını tam ödəyə bilmir. Buna görə də, əlavə vasitələrdən istifadəni üstün tutmalıyıq ki, yay aylarında həm içməli suya olan tələbatın, həm də əkin sahələri üçün su ehtiyacının ödənilməsi mümkün olsun. Bu sahədəki vəziyyət göründüyündən daha pisdir. Gürcüstanda aqrar sahə inkişaf etsə, bu, Gürcüstan tərəfindən Kür suyunun 30-35 faizinin istifadə edilməsi demək olacaq. Bu halda, Azərbaycan daha böyük problemlə üzləşə bilər. Kənd təsərrüfatının suya olan tələbatını ödəmək üçün bizim imkanlarımız daha çoxdur və bu imkanlardan istifadə etməliyik”.
Professorun sözlərinə görə, digər əsas problem Bakıda ekoloji cinayətin baş verməsidir:
“Bakıda atmosferin çirkləndirilməsinin 60 faizi nəqliyyatın üzərinə düşür. Hazırda daha müasir texnologiyalardan istifadə olunur, zavod və fabriklərdən buraxılan zəhərli qazların miqdarı daha azdır. Lakin nəqliyyat vasitələri barədə eyni fikri demək olmur. Digər əsas məsələ isə bitki örtüyünün məhv edilməsi ilə bağlıdır. Xüsusilə, Bakı kimi sıx və nəqliyyatın çox olduğu şəhərdə meşələrin, yaşıllıqların məhv edilməsi böyük fəsadlara gətirib çıxarır. Otlar onun üzərinə düşən günəş enerjisinin 0,3 faizini mənimsəyir, onu yaşıl kütləyə çevirir, həm də fotosintez prosesində oksigen ifraz edir. Amma meşələr otlardan fərqli olaraq, üzərinə düşən enerjinin 10 dəfə daha çoxunu – 3 faizini istifadə edir. Ağaclar, otlar olmasa canlı mühit olmaz. Azərbaycanda quru ərazinin təxminən 12 faizi meşə örtüyünə sahibdir. Dünya üzrə bu rəqəm 30 faiz, Rusiyada isə 50 faizdir. Azərbaycan dünya ölkələri arasında ən az oksigen ifraz edən yaşıl kütləyə sahib olan ölkədir”.
“Həmçinin, keçmiş işğalda olan ərazilərdə ermənilər onminlərlə hektar ərazidə meşə sahələrini məhv ediblər. Həmin ərazilərdə meşələrin bərpa edilməsi prioritet məsələdir. Bu meşələri bərpa etmək üçün isə təxminən 40-50 il vaxt lazımdır” – deyə ekoloq bildirib.
“Rüzgar” Ekoloji Cəmiyyətinin sədri, professor İslam Mustafayev saytımıza açıqlamasında ətraf mühitin çirkləndirilməsinin günümüzün əsas problemlərindən olduğunu qeyd edib:
“Xüsusilə, Xəzər dənizi ilə bağlı regional problemlər, səhralaşma, iqlim dəyişiklikləri ilə bağlı su çatışmazlığının yaranması, suyun rasional istifadə edilməməsi ilə bağlı çaylarda və Xəzərdə duzlaşma əsas məsələlərdəndir. Bitki örtüyünün məhv edilməsi, ağacların qırılması ilə bağlı Abşeronda ciddi problemlər var”.
“Nəqliyyat sektorundan böyük miqdarda – 84 faizə qədər tullantılar atmosferə buraxılır. Bu məsələlərin həlli ilə bağlı müxtəlif dövlət proqramları nəzərdə tutulsa da, deqradasiya prosesi çox sürətlə baş verir. Ona görə də, təcili olaraq bu istiqamətdə tədbirlər görülməlidir” – deyə professor vurğulayıb.
İ.Mustafayevbildirib ki, işğaldan azad olunan ərazilərdə də ciddi relyef dəyişkənliyi olub:
“Bölgələrdə ekoloji tarazlığın pozulması hər zaman olub, indi də baş verməkdədir. Ayrı-ayrı bölgələrdə müxtəlif problemlər var. Məsələn, Kür çayında çirklənmə qonşu dövlətlərdə çayın çirkləndirilməsi ilə bağlıdır. Hazırda əsas problem işğaldan azad edilən ərazilərlə bağlıdır. Bu ərazilərdə meşələrin qırılması, döyüş əməliyyatlarının aparılması ilə nəticəsində həmin bölgələrdə relyef pozulub. Mərkəzi Aran bölgələrində, Kür-Araz ovalığında su çatışmazlığı səbəbilə səhralaşma prosesi davam edir. Bu məsələlərin həllinə ciddi yanaşmaq lazımdır”.
Aygül Qarayeva
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Demokrat.az
Azərbaycanda ekoloji vəziyyətə dair son məlumatlar açıqlanıb
Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazovanın “Report”a müsahibəsi: – Ətraf mühitin radiasiya fonunun gündəlik müşahidələri necə aparılır? – Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə (saat 09:00, 15:00, 18:00 radələrində) 42 məntəqədə aparılır. Aparılan ölçmələrin nəticələrinə əsasən gündəlik bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına çatdırılır və məlumatlar gündəlik olaraq Nazirliyin İnternet saytında yerləşdirilir. Atmosfer aerozollarının b-radioaktivliyi üzərində müşahidələr Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Quba, Naxçıvan, Ağcabədi, Ağstafa və Neft Daşlarından götürülmüş planşet nümunələrində analizlər aparılır. Təbii fonda kiçik amplitudalarla kənaraçıxmalar olsa belə, radiasiya fonu norma daxilində qeydə alınıb. – Ölkə ərazisində radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinqin nəzarət sistemi hansı vəziyyətdədir, nə kimi nəticələr var? – Transsərhəd ərazilərdə (Qazax, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonları və Pirallahı adası) fəaliyyət göstərən radiasiya fonu üzrə avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi normal fəaliyyət göstərir. Hazırda monitorinq məlumatları hər yarım saatdan bir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür. – Mütəmadi şəkildə monitorinqlər aparılır. Atmosfer havasının çirklənməsi monitorinqləri əsas hansı şəhər və müşahidə məntəqələrində aparılır? – Atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində – Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılır. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 90853 nümunə götürülüb və həmin nümunələr üzərində 18 adda çirkləndirici üzrə 92466 analiz aparılıb. Atmosfer havasının çirklənmə səviyyəsinə dair “Atmosfer havasının çirklənmə səviyyəsi və təbii mühitin radiasiya şəraiti haqqında” gündəlik bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına çatdırılır və məlumatlar mütəmadi şəkildə Nazirliyin internet saytında yerləşdirilir. Bakı şəhərində əsas çirkləndiricilərdən tozun orta aylıq qatılığı 1,3 dəfə, azot 4-oksid 1,2 dəfə, hidrogen flüorid isə 1,6 dəfə YVQH-ni (yol verilən qatılıq həddi) keçib. Sumqayıt şəhərində azot 4-oksidin orta aylıq qatılığı 2 dəfə, xlorun 2,7 dəfə, hidrogen flüoridin isə 1,7 dəfə YVQH-ni keçib. Mingəçevir şəhərində atmosfer havasının tərkibindəki tozun orta aylıq qatılığı 1,3 dəfə, fenolun 1,7 dəfə, Gəncədə hidrogen flüoridin orta aylıq qatılığı 1,2 dəfə, Şirvanda azot 4-oksid isə 1,5 dəfə YVQH-ni keçib. Şəki, Naxçıvan və Lənkəran şəhərlərində atmosfer havasının çirklənməsi norma daxilində olub. – Atmosfer yağıntıların kimyəvi tərkibinin monitorinqində hansı işlər görülüb? – Atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində – Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacı və Lənkəran zonasında 23 məntəqədə 11 göstərici üzrə (sulfat, nitrat, fosfat, ammonium, xlorid, hidrokarbonat, maqnezium, kalsium ionları, elektirik keçiriciliyi, codluq, və pH) aparılır. Analizlərin nəticələrinə görə yağıntılarda təhlil olunan inqrediyentlərin ən az miqdarı Xızıda (30,6 mq/l), ən çox miqdarı isə Neftçalada (496,1 mq/l) müəyyən edilib. Yağıntılardakı mineral ionların əsas hissəsini sulfat (902,4 mq/l), kalsium (580,9 mq/l), xlorid (566,2 mq/l), hidrokarbonat (419,8 mq/l), maqnezium (207,8 mq/l), nitrat (84,6 mq/l) ionları təşkil edib. – Səth suları və torpaq çirklənməsinin monitorinqində vəziyyət necədir? – Səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 4 sututarı, 1 liman, 10 göl) 50 müşahidə məntəqəsində aparılıb. Belə ki, bu istiqamətdə detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, xlorüzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə götürülmüş su nümunəsi üzərində analiz aparılır. Su nümunələri üzərində aparılan analizlərin nəticələrinə əsasən məlum olub ki, əksər su obyektlərində bəzi göstəricilər üzrə konsentrasiyalar YVQH-ni keçib. Belə ki, Kür çayının Şıxlı-2 məntəqəsində fenollar 3 dəfə, Araz çayının Bəhmənli məntəqəsində fenollar 2 dəfə YVQH-ni keçib. Buna səbəb əsasən Gürcüstan və Ermənistan tərəfindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət və sənaye çirkab sularıdır. Su obyektlərində ekstremal və yüksək çirklənmə halları qeydə alınmayıb. Monitorinqin nəticələri əsasında “Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyəti haqqında 10 günlük hidrokimyəvi”, “Yerüstü su obyektləri haqqında aylıq hidrokimyəvi” bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına çatdırılır və məlumatlar mütəmadi olaraq Nazirliyin İnternet saytında yerləşdirilir. Ölkə ərazisində torpaqların fon tərkibinin, neft məhsulları, pestisidlər və ağır metallarla çirklənməsinin öyrənilməsi məqsədi ilə monitorinqlər də davam etdirilir. Torpaqların çirklənməsinin monitorinqi zamanı götürülən torpaq nümunəsi üzərində kimyəvi analiz yerinə yetirilir. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin ərazi və ətraf torpaqlarının texnogen (ağır metallarla) çirklənməsinin tədqiqi məqsədi zavodun ərazisindən nümunələr götürülərək analiz edilib və ağır metallardan nikel 5-8 dəfə, xrom 1,2-6,6 dəfə, mis 2-10 dəfə və kadmium 1,2-9,3 dəfə yol verilən qatılıq həddindən artıq olması qeydə alınıb. Bir sözlə, ümumilikdə götürsək ekoloji vəziyyət qənaətbəxşdir.
Bakıda ekoloji vəziyyət
“Bakıda ekoloji vəziyyət dəhşətli vəziyyətdədir. Bu gün Bakı sakinlərinin mütləq əksəriyyəti bronxitdir. Digər ciyər xəstəliklərinin daşıyıcısıdır. Bu dəhşətli vəziyyət aradan qaldırmalıdır”.
“Ölkə.Az” xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, bu gün Bakıda fəaliyyət göstərən şadlıq sarayları, restoranlar, kustar sexlər Bakını ciddi surətdə tüstüləndirməklə ekoloji vəziyətini pozurlar:
“Bununla bağlı nə qədər yazılsa da, cərimələr tətbiq olunsa da, nəticəsi olmur ki, olmur. Bu bardəd ciddi tədbirlər görülməlidir. Nazirlik daha ciddi cərimələr tətbiq etməklə və ya başqa layihələr həyata keçirməklə bunun qarşısını almalıdır”.
O, əlavə edib ki, mənim xaricdən qonağım gəlmişdi:
“ Bakı onun xoşuna gəlsə də, ekoloji vəziyyətindən şikayətləndi. Dedi ki, ekoloji vəziyyət dəhşətli vəziyyətdə olduğundan hamı bronxit və digər xəstəliklərin daşıyıcılarıdır.
Bu gün Bakı Bulvarı nə gündədir. Oradan ancaq mazut iyi gəlir. Mən özüm Ağ şəhər yaxınlığında yaşayıram orada benzin və digər tüstü iyləri gəlir. Yaxşı ki, Bakıda arada külək əsir və havası bir az təmizlənir. Mən özüm əvvəllər küləyi sevməzdim, amma indi Bakıda daha tez-tez küləyin əsməsini arzulayıram. Odur ki,problem nə formadasa həllini tapmalıdır. İstər ciddi cərimə sanksiyaları olsun və yaxud da digər proqramların icrası ilə problem aradan qaldırılmalıdır”.
Komitə sədri Hadı Rəcəbli deyib ki, bu istiqamətdə davamlı iş gedir: “Bildiyiniz kimi daş karxanaları və digər müəssisələrin fəaliyyəti dayandırıldı. Bu istiqamətdə də tədricən addımlar atılacaq. Bunların hamısını birdən etmək və ya onları bağlamaq digər problemlərə yol açır. Hesab edirəm ki, həmin obyektləri yoxlamaya gələnlər sahibkarlkarı incidib, obyektlərini bağlamaq yox, vəziyyətdən çıxış yolunu göstərib, problemi həll etməyə çalışmalıdır”.
Comments are closed, but trackbacks and pingbacks are open.