Press "Enter" to skip to content

Bakir qəzəlləri

***
Əlağa Vahidin qəzəlinə təxmis

Bakir qəzəlləri

Xəyali-yarə dalandan xəyal olub getdim,

Cəfayi-hicr ilə aşüftə-hal olub getdim.

Bəsirət əhli görər surət içrə mənanı,

O surətindəki mənaya lal olub getdim.

Fənaya meylim itəndən bəqa yolun tapdım,

Camala göz yumub əhli-kamal olub getdim.

Verildi rütbə mənə asitani-yara gəda,

Nə yaxşı sahibi-izzi-cəlal olub getdim.

Qəbuli-yarda bir növbə vardı, gəl görəsən,

Ayaqlar altda qalıb payimal olub getdim.

Bağışla, əhdimi sındırdım, ey həbibi-əziz,

Üzüm qaraldı yanında Bilal olub getdim.

Vüqar, cavab gələndə dəhani-dilbərdən,

Əyildi qaməti-sərvim sual olub getdim.

Çatdırılma şərtləri

Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Köhnə bakılı ziyalılar

19-cu əsrin axırları və 20-ci əsrin əvvəllərində Bakı şəhərinin özündən görkəmli ziyalılar yetişmişdi. Bunlar köklü-əsilli bakılılar idi: burada doğulmuş, burada böyümüşdülər. Azərbaycan ziyalıları ilə əl-ələ verib, ölkənin ictimai həyatında xidmət göstərmişlər. Onlar kimlərdi?
ƏBDÜLXALİQ CƏNNƏTİ (1855-1931). Bakı şəhərində anadan olmuşdu. «Məcməə üş Şüəra» cəmiyyətinin fəal üzvlərindəndi. Klassik üslubda Azərbaycan və fars dillərində şer və qəzəllər yazmışdır. 1905-1907-ci illərdən sonra şerlərində ictimai motivlər meydana çıxmış və müasir həyat məsələləri şairi maraqlandırmağa başlamışdır. Onun yeni ruhda yazdığı şerlər o zaman «Təkamül» qəzeti səhifələrində dərc olunurdu. «Qız qalası», «Qılınc və qələm» poemaları maraqla oxunur.
ƏLİABBAS MÜZNİB MÜTƏLLİBZADƏ (1883-1938). Bakıda anadan olmuşdur. Yazıçı, jurnalist və ədəbiyyatşünas idi. Ədəbi yaradıcılığa «Molla Nəsrəddin» jurnalının təsiri altında başlamışdı. Çarizmin müstəmləkəçilik siyasəti, haqsızlıq, ictimai ətalət, dini fanatizm şerlərində tənqid olunurdu. Ə. Müznibin Azərbaycan mətbuatında xidməti xüsusilə böyük idi. «Babayi əmir», «Zənbur», “Şəhabi-saqi” satirik jurnallarının redaktoru olmuşdur. Elə bu ucbatdan polis məmurları tərəfindən həmişə təqiblərə məruz qalmışdı. Bir müddət hətta Sibirə sürgün edilmişdi. Ə. Müznib tərcüməçiliklə də məşğul olmuşdur. 1910-cu ildə «Min bir gecə» nağıllarından tərcümə etdiyi bir parçanı “Əlifleyla” adı ilə çap etdirmişdir. “Ürək yanğısı” və «Tikan kolu» əsərləri oxucularının çox sevdiyi kitablardandı. Öz fəaliyyəti boyu el ədəbiyyatını toplamaqla da məşğul olmuşdur. Uzun illər ərzində topladığı el aşıqlarının, xalq söz sənətkarlarının əsərlərini 1926- cı ildə «Aşıq Pəri və müasirləri» adı ilə kitab şəklində çap etdirmişdir.
MƏŞƏDİ ƏZİZBƏYOV (1876-1918). Bakıda anadan olmuşdur. Mühəndis və ictimai xadimdir. İnqilabçıdır. 1896-cı ildə Bakı realnı məktəbini bitirdikdən sonra Peterburq Texnologiya İnstitutuna daxil olmuş və 1908-ci ildə oranı bitirmişdir. Bakıya qayıtdıqdan sonra az müddət mühəndisliklə məşğul olmuşdur. Sonra inqilabi hərəkata qoşulmuş, peşəkar inqilabçı kimi fəaliyyət göstərmişdir. Bakı fəhlələrinin çarizmə qarşı çıxışlarında yaxından iştirak etmişdir. «Nicat» maarif cəmiyyətinin fəal üzvlərindən biri olub. «Dəvət-Qoç» qəzetinin yaranmasında yaxından iştirak edib. 1911-ci ildə Bakı Şəhər Dumasına üzv seçilir. 1918-ci ildə Bakı Xalq Komissarları Sovetində quberniya komissarı, sonra xalq daxili işlər komissarının müavini işləmişdir. 1918-ci il 20 sentyabrda Bakı komissarları sırasında güllələnmişdir.
MƏMMƏD ƏMİN RƏSULZADƏ — Axund Hacı Molla Ələkbər oğlu 1884-cü il yanvarın 31-də Novxana kəndində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, sonra təhsilini ikinci «Rus-müsəlman» məktəbində davam etdirmişdir. Daha sonralar Bakı Texniki məktəbini bitirmişdir. Məktəbdə oxuyarkən inqilabi hərəkata meyl göstərmişdir. Bu illərdə Azərbaycanın siyasi- iqtisadi həyatında böyük dəyişiklər əmələ gəlmişdi. Bakıda neft sənayesinin inkişafı onu bütün dünyada tanıtdırmışdı. Azərbaycanın milli burjuaziyası təşəkkül tapmışdı. Sinfi mübarizə qüvvətlənmiş, milli hərəkat qüvvətlənmişdi. Milli şüur, milli düşüncə qabaqcıl gəncləri vahid bir qüvvədə birləşdirirdi. 1904-cü ildə «Hümmət» demokratik təşkilatı yaradıldıqda Məmməd Əmin onun ən fəal üzvlərindən olur. «Hümmət» qəzeti səhifələrində iştirak edir. «Hümmət»in arxasınca «Təkamül», «Tərəqqi», “İrşad” qəzetləri də çap edilməyə başlayır. Bu qəzetlər Məmməd Əminin bir publisist və jurnalist kimi püxtələşməsinə kömək edir. Təbiidir ki, gənclər içərisındə demokratık, inqilabi əhvali-ruhiyyənin artması çarizmi narahat etməyə bilməzdi. Bu səbəbdən demokratik ruhlu ziyalılar polis tərəfindən təqib olunmağa başlayır. Məmməd Əmin daha Bakıda qala bilməyib, İrana gedir. Həmin illərdə, yəni 1909-1910-cu illərdə bütün İranda, o cümlədən Cənubi Azərbaycanda milli azadlıq uğrunda mübarizənin qızğın illəri idi. Səttarxanın başçılıq etdiyi hərəkat bütün ölkəni bürümüşdü. Məmməd Əmin də dərhal bu hərəkata qoşulur və hətta “İrani nou” adlı qəzet buraxır. 1910-cu ildə İran demokratik partiyasına daxil olur. Bu partiyanın rəhbəri Seyid Həsən Tağızadə ilə dostlaşır və birlikdə əməkdaşlıq edirlər. Tezliklə partiyanın Mərkəzi komitəsinə üzv seçilir.
Səttarxan hərəkatı yatırıldıqda Rəsulzadə daha İranda qala bilmir. Yaxın silahdaşı Tağızadə ilə birlikdə Türkiyəyə mühacirət edir. Onun Türkiyəyə gəlişi, burada da milli oyanış hərəkatına təsadüf edir. O zaman Türkiyədə təşkil edilmiş «Türk ocağı» Türkiyənin qabaqcıl ictimai xadimi Ziya Göyalpla birlikdə Azərbaycan ziyalılarından Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağayevi də öz ətrafına toplamışdı. Məmməd Əmin Rəsulzadə də onlara qoşulur. Həmin illərdə çap olunmağa başlayan «Türk yurdu» qəzetində Məmməd Əmin türkçülüyə aid bir sıra məqalələri ilə çıxış edir.
Həmin illərdə Məmməd Əminə xəbər çatır ki, Bakıda «Müsavat» adlı bir partiya yaradılmışdır. Bu xəbər onu çox sevindirir və 1913-cü ildə Rusiyada Romanovlar sulaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumi elan edildikdə Rəsulzadə dərhal Bakıya qayıdır. Burada qısa müddət içərisində partiyanın lideri olur, onun siyasi istiqamətinin düzgün ifadə edilməsində böyük rol oynayır. Partiyanın məqsəd və vəzifələri barədə məqalələrlə çıxış edir. O illərdə “İqbal” qəzeti və “Şəlalə”, «Dirilik» jurnalları səhifələrində onun məqaləlarinə tez-tez rast gəlmək olardı. 1915-ci ildə o «Açıq söz» adlı qəzet nəşr etdirir və onun redaktoru olur. Bu illərdə o Azərbaycanın gələcəyinə dərin inam və möhkəm ümidlə baxırdı. İnanırdı ki, Azərbaycan xalqı tezliklə öz istiqlaliyyətinə qovuşacaqdır. 1917-ci ildə fevral inqilabı baş verdikdə, bu inam onda daha da qüvvətləndi. Bununla belə məsləhət bilirdi ki, bu günü yaxınlaşdırmaq üçün bütün qüvvələri birləşdirmək lazımdır. Çox keçmir ki, Gəncə şəhərində Nəsib bəy Yusifbəylinin başçılığı ilə yaradılmış «Türk ədəmi mərkəziyyət partiyası» ilə Bakıda mövcud olan «Müsavat» partiyası, «Türk ədəmi mərkəziyyət partiyası Müsavat» adı altında birləşərək, vahid bir partiya şəklində fəaliyyət göstərməyə başlayır. Partiyanın sədri M. Ə. Rəsulzadə seçilir. Birləşmiş partiya əsas vəzifəsini milli-ərazi federasiyası üzrə demokratik respublikaların yaradılması məsələsində görürdü. Çar taxtdan salındıqdan sonra 1918-ci ildə Tiflis şəhərində yaradılmış Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət Seym Zaqafqaziyanın ali dövlət orqanı hesab edilirdi. Lakin Seym özünü doğrultmadı. 26 may 1918-ci ildə Seym buraxıldı. Gürcüstan özünü müstəqil respublika elan etdi. Bir gün sonra isə Seymin keçmiş müsəlman üzvlərinin yığıncağı çağırıldı. Bu yığıncaqda müxtəlif partiya nümayəndələrindən ibarət Milli Şura yaradıldı. M. Ə. Rəsulzadə Şuranın sədri seçildi. Eyni zamanda Nəsib bəy Yusifbəylinin başçılığı ilə Azərbaycan höküməti yaradıldı. Hökümətə Məmməd Yusif Cəfərov, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Məmməd Həsən Hacınski və başqaları daxildi. Bu müddətdə türklər artıq Gəncəyə daxil olmuşdular. Bakı isə hələ də bolşeviklərin əlində idi. Hökümət müvəqqəti olaraq, Gəncə şəhərində yerləşdi, ta 1918-ci ilin 16 iyunundan sentyabrın 15-nədək fəaliyyətini burada davam etdirdi.
Vəziyyət çox gərgin bir şəkil almışdı. Yeni təşkil olunmuş hökümət təhlükə qarşısında idi. Bakı kommunası ordusu Gəncə üzərinə hücuma keçmişdi. Onun tərkibində daşnaklarda vardı. Belə şəraitdə bəzi səbəblərdən Milli Şura istefa verdi.
Xan Xoyski 12 nəfərdən ibarət yeni kabinetin tərkibini elan etdi və Milli Şura onu təsdiq etdikdən sonra öz fəaliyyətini dayandırdı. M. Ə. Rəsulzadə isə gənc Azərbaycan hökümətinin taleyini aydınlaşdırmaq məqsədilə İstanbula gedən nümayəndə heyətinə başçı təyin olundu. O İstanbulda olarkən Bakı türklər tərəfindən artıq azad edilmişdi. Hökümət də Gəncə şəhərindən Bakıya köçmüşdü. Lakin türklər gedəndən sonra onların yerinə gəlmiş ingilis komandanlığı Azərbaycan hökümətini tanımaq istəmədi. O bildirdi ki, respublika guya Azərbaycan xalqının ümumi istəyi ilə yaradılmamış, türk komandanlığı tərəfindən təşkil edilmişdir. Bununla əlaqədar olaraq, 7 dekabr 1918-ci ildə Azərbaycan parlamenti çağırıldı. Parlamenti M. Ə. Rəsulzadə açaraq, bildirdi ki, bir kərə yüksələn bayraq bir daha enməz. O bununla demək istəyirdi ki, Azərbaycan xalqını heç vaxt və heç nə həqiqi azadlıq yolundan döndərə bilməyəcəkdir. M.Ə. Rəsulzadə nə hökümətdə, nə də parlamentdə vəzifə tutmasa da parlamentdə milli rəhbər kimi böyük nüfuz və ehtirama malikd Parlamentdə müzakirə edilən məsələlərin düzgün va real həll edilməsində onun həmişə böyük rolu olmuşdur.
1920-ci ilin 27 aprelində Azərbaycan Demokratik Respublikası süquta uğradı. M. Ə. Rəsulzadə də parlamentin bir çox üzvləri kimi xarici ölkələrə getməyə məcbur oldu.
Uzun müddət Türkiyədə yaşadı. 1955-ci il mart ayının 6-da Ankarada vəfat etdi. Deyilənə görə son nəfəsində üç dəfə «Azərbaycan, Azərbaycan, Azərbaycan» deyərək, gözlərini əbədi yummuşdu.
SEYİD HÜSEYN SADİQ (1887-1937). Bakının İçərişəhər hissəsində dənizçi ailəsində doğulmuşdur. Atası Mir Kazım ticarət gəmilərindən birində kapitan işləmişdir. Seyid Hüseyn dörd yaşında ikən atasını itirir. Ailə ağır maddi ehtiyac içində qalır. Seyid Hüseyni babası böyüdür. Babası onu əvvəlcə mollaxanaya qoyur, sonra onu rus-tatar məktəbinə göndərir. Məktəbi bitirdikdən sonra ailənin maddi vəziyyəti onu işləməyə məcbur edir. Əvvəllər «Kaspi» mətbəəsində mürəttib işləyir. Bir müddətdən sonra korrektor olur. Seyid Hüseynin ədəbiyyata meyli də həmin illərdən başlayır. 1903-cü ildən tənqidi məqalələrlə dövrün qəzetlərində çıxış etməyə başlayır. Azərbaycanda Demokratik hökümət zamanı onun fəaliyyəti daha da genişlənir. Mahir bir jurnalist və ədib kimi tanınır. Keçirilən bütün ədəbi disputlarda fəal iştirak edir. Sovet hakimiyyəti illərində Bakı məktəblərində müəllimlik etməklə yanaşı jurnal və qəzetlərdə həm əməkdaşlıq edir, həm də məqalə, hekayələri ilə çıxış edir. Onun bu illərdə yazdığı «Yeni həyat yollarında» və “İki həyat arasında” romanları Azərbaycan oxucularının ən çox sevdikləri kitablardı. Məhz bu illərdə Seyid Hüseyn incə, lirik hekayələr ustası kimi şöhrət tapmışdı. 1937-ci ildə Seyid Hüseyn repressiya edilmiş və güllələnmişdir. Qəbri yoxdur.
HÜSEYN ƏRƏBLİNSKİ — Azərbaycanın görkəmli tragik aktyoru Hüseyn Ərəblinskinin əsl adı Hüseynbala, familiyası isə Xələfovdur. O 1881-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ərəblinski Azərbaycan professional teatr sənətinin banilərindəndir. Özünün gur səsi, böyük aktyorluq istedadı ilə bütün tamaşaçıların qəlbini ələ ala bilmişdi.Adı afişalarda elan edildiyi gün teatr salonları ağzınadək tamaşaçı ilə dolu olurdu. Tamaşanın axırında onun şərəfinə ucaldılan səslər susmaq bilməzdi. Onun səhnədən eşidilən hər bir sözü tez-tez alqışlarla qarşılanırdı. Ərəblinski ürək və zəka sənətkarı idi. Buna görə ta ölənədək teatr həvəskarlarının sevimlisi idi. Bəzən hələ səhnəyə daxil olmamışdan səhnə arxasından səsi eşidildikdə salonda elə gurultu qopardı ki, aktyor susub tamaşaçıların sakitləşməsini gözlərdi. Roldan çıxmadan başının hərəkəti ilə onlara öz təşəkkürünü çatdırardı.
Hüseyn də bakılıların çoxu kimi dənizçi ailəsində doğulmuşdu. İlk təhsilini mollaxanada aldıqdan sonra rus-müsəlman məktəbinə daxil olmuşdur. Hələ skamya arxasında ikən teatrla maraqlanmış, tez-tez Bakı həvəskarlarının və habelə başqa yerlərdən Bakıya qastrola gəlmiş tanınmış aktyorların oyunlarına tamaşa edər, onların oyunlarından böyük zövq alardı. Beləliklə, teatra olan marağı, nəhayət, onu səhnəyə gətirib çıxarır. 1897-ci ildə ilk dəfə səhnəyə qədəm basır. Dövrünün tanınmış aktyoru və rejissoru olan Cahangir Zeynalov M. F. Axundovun «Lənkəran xanının vəziri» komediyası əsasında hazırladığı tamaşada ona kiçik bir rol verir. Bu adicə bir mehtər rolu idi. Lakin Ərəblinski bu kiçik rolu elə məharətlə oynayır ki, Zeynalovun diqqətini cəlb edir. Sonralar Ərəblinskinin bu kiçik rolla səhnəyə açdığı yol, getdikcə genişlənir. Zeynalov artıq onun qüvvəsinə inandığı üçün ona daha mürəkkəb rollar tapşırır, hətta əsərlərdə qəhrəman rollarını da ona həvalə etməkdən çəkinmirdi.
1905-ci ildə Zeynalovun truppası Lənkəranda qastrolda olarkən Ərəblinski N. Vəzirovun «Müsibəti Fəxrəddin» pyesində ilk dəfə çıxış etd Bu, Ərəblinski üçün bir növ sınaq idi və o bu sınaqdan məharətlə çıxdı. Sanki bu oyunundan sonra Ərəblinski böyük tragik aktyor kimi parladı. Xeyriyyə cəmiyyətlərinin aktyor truppaları hər tərəfdən Ərəblinskini öz kollektivlərinə dəvət etməyə başladılar. Beləliklə o əvvəllər «Nicat», sonralar «Səfa» xeyriyyə cəmiyyətlərinin və habelə Ü. Hacıbəyov qardaşlarının truppalarında həm aktyor və həm də rejissor kimi çıxış etməyə başlayır. İndi o ölkədə yeganə tragik aktyor sayılırdı. Onun repertuarı getdikcə genişlənir və zənginləşirdi. O, Ə. B. Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» pyesində Qacar, Ş. Saminin «Gaveyi ahəngər» pyesində Gavə, F. Şillerin «Qaçaqlar» pyesində baş rolları böyük ustalıqla ifa edir. Tamaşaçıların haqlı məhəbbətini qazanırdı. Qəzetlər onun misilsiz oyunlarını ağız dolusu tərifləyirdilər.
1910-cu ildə Ərəblinski Şekspirin «Otello» faciəsində Otello rolunu oynaması ilə özünə yüksək şöhrət qazandı. Onun yüksək romantik bir pafosla ifa etdiyi Otello Ərəblinski yaradıcılığının yüksək zirvəsi oldu. Ərəblinski yuxarıda dediyimiz kimi eyni zamanda bacarıqlı rejissor idi. 1908-ci ildə «Leyli və Məcnun» operasının ilk quruluşçu rejissoru Ərəblinski olmuşdur.
Ərəblinski bir kino aktyoru kimi də sənətimizin tarixinə daxil olmuşdur. 1916-cı ildə Bakıda çəkilmiş «Neft və milyonlar səltənətində» filmində Lütfəli bəy rolunu məharətlə ifa etmişdir. Hüseyn Ərəblinski təxəllüsünü Azərbaycanın görkəmli generalı Ərəblinskinin familiyasından götürmüşdür.
SƏMƏD MƏNSUR KAZIMOV — 1879-cu ildə Bakıda anadan olmuşdur. Şair, jurnalist və mədəniyyət işçisi idi. Bakı xeyriyyə cəmiyyətlərinin ən fəal üzvlərindən olub. «Bəsirət», «Tuti», «Molla Nəsrəddin» jurnal və qəzetlərində şair kimi çıxış edirdi. Kəskin siyasi qələmə malik idi. Şerlərinin əksəriyyəti ictimai haqsızlığa, ədalətsizliyə, yalana, riyaya qarşı yonəldilmişdi. Eyni zamanda “Şeypur” adlı satirik bir jurnal da çap etdirirdi. «Rəngdir» şeri onun yaradıcılığında bir növ proqram bir şeirdir. Şeir başdan-ayağa bədbin və həyatdan küsgün bir əhvali-ruhiyyə ilə dolu olsa da şair həyatda təsadüf etdiyi xəyanət və riyakarlığı, mədəniyyətsizlik və yalanı güclü satirik qələmi ilə ifşa etmişdir. Yuxarı dairələrə, yüksək vəzifəli adamlara yaxın olduğundan onların iç üzünü dərindən duymuş, əməllərinə bələd olmuşdu. «Rəngdir» şeirinin gücü də buradan əmələ gəlirdi. Səməd Mənsur 1927-ci ildə vəfat etmiş və Bakıda dəfn edilmişdir.
ƏZİM ƏZİMZADƏ — Azərbaycanın görkəmli rəssamıdır. 1880-ci ildə Bakının Novxana kəndində dünyaya gəlmişdir. Heç bir rəssamlıq məktəbi qurtarmayıb. Azərbaycanda satirik qrafika və siyasi plakat janrları sahəsində ölməz əsərləri ilə tanınmışdır. 1906-cı ildən «Molla Nəsrəddin» jurnalında öz satirik rəsmləri ilə çıxış etməyə başlamışdır. Onun özünə məxsus yaradıcılıq üslubu, təsvir tərzi vardı. Bu cəhətdən o heç kimə oxşamırdı.
1910-cu ildən Bakının bir sıra məktəblərində rəsm müəllimi kimi çalışmışdır. Pedaqoji fəaliyyəti ilə yanaşı o zamanlar Bakıda çap olunan «Zənbur», «Tuti», «Babayi əmir», «Məzəli», «Kəlniyət» satirik jırnallarda öz karikaturaları, yumoristik şəkilləri ilə çıxış edirdi. Onun üslubunda mövcud olan xalq yaradıcılığına xas obrazlılıq, yığcamlıq Əzimzadəni öz oxucularına sevdirmişdi.
Yaratdığı bütün satirik və yumoristik əsərləri xalq həyatından gəlirdi. Bu əsərlərdə satirik fikirlə yanaşı xalq həyatının, xalq məişətinin gözəl, zəngin təsvirləri də vardı. Çünki onun fırçasından çıxan həyatda tez-tez təsadüf olunan insanların həyatındandı. Həyatda və məişətdə gördüyü eybəcərlik, dözülməz hallar, qırmızı saqqallı hampalar, zalım hökmdarlar, müftəxor bəylər, yalançı mollalar, bütün xürufat əhli Əzimzadə satirasının hədəfinə çevrilmişdi. Əzimzadə karikatura sahəsində, demək olar ki, M. Ə. Sabir idi. Sabir «Hophopnamə»sinə çəkdiyi karikaturalar Sabirin satirik şerləri ilə birləşib, çox təsirli bir harmoniya təşkil edirdi.
Əzimzadə teatr tamaşaları sahəsində də fəaliyyət göstərirdi. Ayrı-ayrı dram və opera əsərlərinə verdiyi quruluş, bədii tərtibat və geyim eskizləri ilə tamaşaların bədii və estetik təsirini xeyli artırırdı.
1920-ci ildən sonra, Sovet hakimiyyəti illərində Əzimzadə yaradıcılığı üçün daha geniş imkanlar açılmışdı. Əvvəla o Bakıda ilk dəfə olaraq, Rəssamlıq məktəbi təşkil etmiş və uzun müddət onun direktoru olmuşdur. İndiki rəssamların yaşlı nəsli əsas etibarilə Əzimzadənin yetirmələridir.
Sovet hakimiyyəti illərində Əzimzadə ictimai və pedaqoji fəaliyyəti ilə yanaşı olaraq, satirik karikatura sahəsində də fəaliyyətini davam etdirirdi. İstər «Molla Nəsrəddin» məcmuəsinin və istərsə də respublikanın başqa mətbuat orqanlarının səhifələrindən onun çəkdiyi şəkillər əskik olmurdu. O, Azərbaycan Respublikasının xalq rəssamı adına layiq görülmüşdü.
Əzim Əzimzadə 1943-cü ilin 15 iyununda 63 yaşında vəfat etmişdir.
ƏLİİSKƏNDƏR CƏFƏRZADƏ (1875-1941). Bakı şəhərində doğulmuşdur. Görkəmli maarifpərvər, publisist, tərcüməçi olmuşdur. İbtidai təhsilini rus-müsəlman məktəbində, sonra Mixaylov sənət məktəbində almışdır. Sonralar N. Nərimanovun təşkil etdiyi və o vaxtlar üçün böyük mədəni bir hadisə olan kitabxanada işləmişdir. 1906-1908-ci illərdə çap olunan «Dəbistan» jurnalının redaktoru olmuşdur. O zaman dövrün qabaqcıl ziyalılarından H. B. Zərdabini, N. Nərimanovu, M. Ə. Sabiri, M. Hadini, A. Şaiqi, S. M. Qənizadə və başqa maarif xadimlərini jurnalın ətrafında toplamışdı. «Dəbistan» demokratik istiqamətli jurnal idi.
Əliiskəndər Azərbaycanda ilk dəfə olaraq, divar təqviminin əsasını qoyanlardandır. O Sovet hakimiyyəti illərində də bu nəcib işi davam etdirmişdir. Sovet hakimiyyəti illərində Azərbaycan Maarif Komissarlığında Nəşriyyat İdarəsinin müdiri olmuşdur. «Füqəra füyuzatı» və «Maarif» jurnallarında da əməkdaşlıq etmişdir.
MİRZƏAĞA ƏLİYEV — Azərbaycanın görkəmli komik artisti 1883-cü ildə Bakının Hövsan kəndində kəndli ailəsində dünyaya gəlmişdir. İbtidai təhsilini mollaxanada almış, sonra Bakı rus-müsəlman məktəbini bitirmişdir. Hələ ilk gəncliyindən teatrla maraqlanmağa başlayır, həvəskar teatr truppalarında iştirak edir. Səhnəyə ilk addımını 1902-ci ildə N. B. Vəzirovun «Müsibəti Fəxrəddin» pyesinin tamaşasında atmışdır. O Şahmar bəy rolunda çıxış etmişdi. Tamaşada gənc aktyorun gözəl oyununu görən o dövrün görkəmli aktyor və rejissoru Cahangir Zeynalov və dramaturq N. B. Vəzirov sonralar onun bir aktyor kimi yetişməsinə böyük təsir göstərmişlər. Xüsusilə komik aktyor olan C. Zeynalov onun istedadını yüksək qiymətləndirərək, tamaşalarda komik rolları cəsarətlə ona tapşırırdı.
Əvvəllər, yəni 1906-1907-ci illərdə həvəskar «Həmiyyət» truppasının həm rəhbəri olmuşdu, həm də baş rollarda çıxış edirdi. 1907-1912-ci illərdə isə M. A. Əliyev artıq yetgin bir aktyor kimi «Nicat» cəmiyyətinin aktyor truppasında öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirirdi. Bu illərdə o eyni zamanda ölkənin ictimai həyatında da yaxından iştirak edirdi. Məhz bu fəaliyyətinə görə M. A. Əliyev 1912-ci ildə Həştərxana sürgün edilmişdi. Sürgün şəraitində də o səhnədən ayrılmamışdı. Bu müddətdə o bütün Volqaboyu şəhərlərində, sürgündən qayıtdıqdan sonra da Tiflisdə, Yerevanda, habelə Türkiyə və İranın bir sıra iri şəhərlərində tamaşalar vermişdir.
O artıq bir çox şəhər və ölkələrdə görkəmli aktyor kimi tanınmışdı. Ü. Hacıbəyovun «O olmasın, bu olsun», «Arşın mal alan», “Ərlə arvad”, Zülfüqar bəy Hacıbəyovun “Əlli yaşında cavan”, «Evli ikən subay» musiqili komediyalarında yadda qalan parlaq obrazlar yaratmışdı.
1920-ci illərədək M. A. Əliyevin, oynadığı rollar içərisində C. Məmmədquluzadənin “Ölülər” komediyasında oynadığı İskəndər obrazı uzun müddət xatirələrdən silinməmişdi. M. A. Əliyev bu obraza sanki elə möhür basmışdı ki, ondan sonra çoxları bu rolda çıxış etməyə cəsarət etməmişdilər. İskəndər obrazı ilə M. A. Əliyev Azərbaycan teatrı tarixində ölməz bir obraz yaratmışdı.
Sovet hakimiyyəti illərində M. A. Əliyevin fəaliyyəti daha da genişlənmişdi. M. Əzizbəyov adına Akademik Dram Teatrında bir-birinin arxasınca bir silsilə parlaq obrazlar yaratmışdı, İstər klassik və istərsə də müasir yazıçıların əsərlərində yaratdığı obrazlar silsiləsi Azərbaycan teatr sənətinin qızıl fonduna daxil olmuş birər incilərdi. A. Əliyev kino sənəti sahəsində də həmişə uğurla çıxış etmiş İlk çəkildiyi «Bismillah» filmindən sonra «Hacı Qara», «Almas», «Bakının işıqları» və başqa filmlərdə M. A. Əliyev öz oyun orijinallığı ilə həmişə fərqlənmişdir. O sözün əsl mənasında böyük gülüş ustası idi.
SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı M. A. Əliyev 1954-cü ildə 71 yaşında vəfat etmişdir.
SÜLEYMAN RÜSTƏM — Azərbaycan SSR-in xalq şairi. Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatıdır.
1906-cı ildə Bakıda dəmirçi ailəsində anadan olmuşdu. N. Nərimanov adına Sənaye Texnikumunda, sonra Bakı darülmüəllimində oxumuşdur. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olmuşdur. 1929-cu ildə Moskvada 1-ci Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir.
Bakıya qayıdandan sonra «Gənc işçi», «Komsomol», «Gənc bolşevik», «Maarif və mədəniyyət» qəzet və jurnallarında çalışmışdır. 1937-1938-ci illərdə Azərbaycan Dövlət Dram Teatrının direktoru olmuşdur. 1955-1956-cı illərdə “Ədəbiyyat qəzeti«nin redaktoru olmuşdur.
Süleyman Rüstəm respublikanın böyük, görkəmli şair və dramaturqudur.
Ədəbi fəaliyyətə sənaye texnikumunda oxuduğu illərdə başlamışdır. İlk şeiri 1925- ci ildə „Maarif və mədəniyyət“ jurnalında dərc edilmişdir. Bundan sonra o respublikanın ədəbi qəzet və jurnallarında bir-birinin ardınca gözəl lirik şeirlər yazmağa başlamışdır. Cəsarətlə demək olar ki, 20-ci illərdən sonra yeni Azərbaycan şerinin banilərindən biridir. O Azərbaycan şeirinə yeni nəfəs, yeni mövzu gətirmişdi. Həmin vaxtdan respublikanın ədəbi-ictimai həyatında fəal iştirak etmiş və mübariz bir şair kimi tanınmışdır. Şeirlərində yeni həyatı coşğun bir həvəslə tərənnüm edir, köhnə cəmiyyətin qalıqlarına qarşı kəskin qələmlə çıxış edirdi. Şeirlərindən birində deyirdi ki, „İnqilab oğlu inqilabam mən“. Bu doğrudan belə idi. Köhnə cəmiyyətə qarşı nifrət yağdıran, yeni həyatın xoş duyğularını ürək dolusu ilə tərənnüm edən şair yeni şairlər nəslinə bir örnək olmuşdu. Şerə dövrün ictimai-siyasi hadisələrini gətirmək Süleyman Rüstəm poeziyasının səciyyəvi cəhəti idi.
Süleyman Rüstəm 1925-ci ildə təşkil edilmiş „Gənc Qızıl Qələmlər“ İttifaqının əsas qurucularından biri idi. Sonra, yəni 1928-ci ildə Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi vəzifəsində işləmişdir. 1927-ci ildə çap edilmiş „Ələmdən nəşəyə“ şerlər kitabı köhnə cəmiyyətdən yeni azad cəmiyyətə keçidin ən parlaq inikası idi. O yeni cəmiyyətdən kənarda qalan, onun qaynar həyatına qatılmayan bədbin şairlərə həmişə ikrah hissi ilə yanaşırdı. Adamları böyük həvəslə qurub-yaratmağa səsləyirdi.
1930-cu ildə dərc etdirdiyi „Addımlar“ kitabı, 1932-ci ildə çapdan çıxmış „Səs“ və „Atəş“ kitabları onun mübariz bir şair kimi püxtələşdiyini sübut edirdi. Daha sonralar yazdığı „Gecənin romantikası“, „Çapayev“, „Ulduzlar“ şeirləri ilə Azərbaycan poeziyasına yeni çalarlar əlavə etmişdi.
1941-ci ildə Böyük Vətən müharibəsi başladığı zaman Süleyman Rüstəm əyninə şinel geyərək, komissar kimi cəbhəyə getmişdi. Onun vətənpərvərlik hissləri ilə qaynayan şeirləri müharibə illərində döyüşçüləri düşmən üzərində qələbəyə, cəbhə arxasındakı adamları daha fədakarcasına işləməyə səsləyirdi. Xalqların faşizmə qarşı ölüm-dirim mübarizəsi S. Rüstəm üçün tükənməz bir mövzuya çevrilmişdi. Müharibə illərində yazdığı „And“, „Gün o gün olsun ki“, „Qafqaz ordusu“, „Ana və poçtalyon“ şeirləri elə bil şairin odlu ürəyinin parçaları idi.
O müharibə illərində Cənubi Azərbaycanda da olmuşdur. Bu illərdə Cənubi Azərbaycandan yazdığı şeirlərində şairin ürəyində çoxdan köz bağlamış yaraları sanki təzələnmişdi. O rus çarizmi tərəfindən ikiyə bölünmüş hər iki Azərbaycanın yanıqlı sinələrindən qopan fəryadları bağıra-bağıra dünyaya səs salmışdı. Bir millətin iki doğma övladının bir-birindən ayrı düşməsi şairi ədalətsizliyə qarşı üsyana qaldırmışdı.
Cənubda olarkən Süleyman Rüstəmə elə bil ikinci nəfəs gəlmişdi. Bu illərdə heç bir şair Cənubun dərdini belə ürək ağrısı ilə tərənnüm edə bilməmişdi. Cənubluların Şimal həsrəti şair üçün böyük dərd olmuşdu. Həmin illərdə şairin sinəsindən qopan odlu misralar sonralar onun „Təbrizim“ kitabında toplanmışdı.
Süleyman Rüstəm eyni zamanda böyük dövlət xadimi idi. O VIII — XI çağırış Azərbaycan Ali Sovetinin sədri olmuşdur. Süleyman Rüstəm 1992-ci ildə Bakıda vəfat etmişdir. Qəbri Fəxri xiyabandadır. Süleyman Rüstəmi hər iki Azərbaycan özlərinin şair oğlu kimi həmişə yad edəcəkdir.
HƏNƏFİ ZEYNALLI — Görkəmli ədəbiyyatşünas, folklorşünas və ədəbi tənqidçi olan Hənəfi Baba oğlu Zeynallı əsl-nəsəbli bakılıdır. 1896-cı ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini Bakıda aldıqdan sonra 1916-cı ildə Moskva Ali Texniki İnstitutuna daxil olmuş, lakin təhsilini başa vura bilməmişdir. O inqilabi fəaliyyəti üstündə tezliklə institutdan xaric edilmişdi. Bakıya qayıtdıqdan sonra bir müddət müəllimlik etmişdir. Bununla yanaşı inqilabi fəaliyyətini davam etdirərək, 1917-ci ildə Bakıda inqilabi proletar gənclər təşkilatının yaradılmasında yaxından iştirak etmişdir. Bu illərdə eyni zamanda folklorşünaslıqla məşğul olmağa başlayır, ədəbi-tənqidi məqalələr yazır.
1924-cü ildə Hənəfi Zeynallı Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor işləyir. 1929-cu ildən SSRİ EA Azərbaycan filialında dil, ədəbiyyat və folklor şöbələrinin müdiri olmuşdur. O Azərbaycanı Tədqiq və Tətəbbə Cəmiyyətinin folklor komissiyasına da başçılıq etmişdir. Həmin illərdə Azərbaycan folklor nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində xidmətləri ilə Azərbaycanda görkəmli folklorçu kimi tanınmışdır. „Azərbaycan atalar sözü və məsəlləri“, „Azərbaycan tapmacaları“, „Ağız ədəbiyyatı“, „Azərbaycan folkloru“ kitablarının müəllifidir. Onun görkəmli bir ədəbiyyatşünas kimi klassik və müasir Azərbaycan ədəbiyyatına həsr edilmiş əsərləri də diqqətə şayandır. Zeynallının yarım əsr bundan qabaq yazdığı „20 əsr Azərbaycan ədəbiyyatı“, „Oktyabr və ədəbiyyatımız“, „Oktyabr və gənc qələmlər“, „M. F. Axundovun ədəbi və ictimai fəaliyyəti“ adlı məqalələri bu gün üçün də öz əhəmiyyətini itirməmişdir. Hənəfi Zeynallı Hüseyn Cavid yaradıcılığını da diqqətlə izləmişdir. Böyük dramaturq barədə yazdığı „Şeyx Sənan“, „Peyğəmbər“, „Maral“ məqalələri buna sübutdur.
Zeynallı da bir çox ziyalılarımız kimi repressiya dövrünün qurbanı olmuşdur. 1937-ci ildə həbs edilib, güllələnmişdir. Qəbri yoxdur.
AXUNDOV RUHULLA ƏLİ OĞLU (1897-1938). Görkəmli ictimai, dövlət xadimi, publisist olmuşdur. Bakının Şüvəlan kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini mədrəsədə almışdır. Sonra realnı məktəbdə oxumuş və daha sonra ticarət məktəbini bitirmişdir. İngilis, fransız, rus və fars dillərini mükəmməl bilirdi.
1916-cı ildən Bakı qəzetlərində korrektor və tərcüməçi işləmişdir. Tərcüməçilik sahəsində xüsusilə fəaliyyət göstərmişdir. Müstəsna hafizəyə malikdi. 1919-cu ildən jurnalistika və publisistika sahəsində çalışmışdır. Kəskin siyasi məqalələrlə çıxış edirdi. „Kommunist“, „Hürriyyət“ qəzetlərinin redaktoru olmuşdur. 1928-ci ildən sonra bir sıra partiya və dövlət işlərində çalışmışdır. Azərbaycan Kommunist Partiyası MK katibi, Azərbaycan SSR maarif naziri, Azərnəşrin direktoru olmuşdur. Sonralar SSRİ EA Azərbaycan filialında, partiya tarixi institutunda işləmiş, Azərbaycanın XKS yanında İncəsənət İşləri İdarəsinin rəisi olmuşdur. K. Marks, F. Engels, V. İ. Leninin əsərlərinin Azərbaycan dilinə tərcüməsinə rəhbərlik etmişdir. İlk Rus-Azərbaycan lüğətinin yaradıcısıdır. Tarix, ədəbiyyat və incəsənətə aid bir sıra ciddi məqalələrin müəllifidir.
ƏMİN ABİD GÜLTƏKİN (1898-1937). Bakıda anadan olmuşdur. Ədəbiyyatşünas və tənqidçidir. Azərbaycan klassikləri barədə bir sıra dərin elmi- tədqiqat əsərləri vardır. Milli şüurun oyanmasında onun əsər və çıxışlarının böyük rolu olmuşdur. 1919 — 1925-ci illərdə İstanbul universitetində oxumuşdur. 1926-cı ildə Bakıya qayıtdıqdan sonra müəllimlik və elmi-tədqiqat işləri ilə məşğul olmuşdur. Türkiyədə təhsil alarkən arxivlərdən Füzulinin „Söhbətül əsmar“ əsərini tapıb, ilk dəfə aşkara çıxarmışdır. Əmin Abid eyni zamanda şer də yazmışdır. O da başqa görkəmli sənətkarlarımız kimi 1937-ci ildə repressiyanın qurbanı olmuşdur.
Adları çəkilən bakılı ziyalılardan əlavə şəhər və kəndlərdə yaşayan bir sıra ziyalılarımız və şairlərimiz də olmuşdur ki, onların barəsində C. Rəmzi „Deyilən söz yadigardır“ adlı tərtib etdiyi kitabında daha geniş məlumat verir.
FEYZULLA QASIMZADƏ. Azərbaycan EA-nın akademiki (həqiqi üzvü), filologiya elmləri doktoru, professor, respublikanın əməkdar elm xadimi və əməkdar müəllimi idi. 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsl onun dərslikləri ilə təlim-tərbiyə, təhsil almışdır. O uzun müddət M. Ə. Rəsulzadə adına BDU-da və N.Tusi adına Pedaqoji universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olmuşdu Şəxsən 30 elmlər doktoru və 120 elmlər namizədi yetişdirmişdir. Keçmiş Sovet orden və medalları ilə, o cümlədən üç dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. 600-dək çap edilmiş elmi əsərlərin, onlarla dərslik və monoqrafiyaların müəllifidir.
Feyzulla Qasımzdə 1976-cı ilin 29 martında vəfat etmiş və doğma Mərdəkan kəndində dəfn edilmişdir.
ATABABA DAŞDƏMİR OĞLU MUSAXANLI — 1905-ci il, dekabrın 20-də Bakıda sənətkar ailəsində anadan olmuşdur. İbtidai təhsilini rus-tatar məktəbində almışdır. 1920-ci ildə Sovet hakimiyyəti dövründə təhsilini davam etdirərək, şəhər orta məktəbini bitirmişdir. 1921-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur. İnstitut tələbələri içərisində öz ağıl və fərasəti ilə fərqlənən Atababa 1924-cü ildə institutu fərqlənmə diplomu ilə qurtarmışdır. Həmin ildən Bakı Pedaqoji Texnikumunda dil və ədəbiyyat müəllimi işləmişdir. O eyni zamanda dil və ədəbiyyat fənləri üzrə tədqiqat işləri ilə də məşğul olmuşdur. Məktəblər üçün dərsliklər yazmış və proqramlar hazırlamışdır. Ədəbi fəaliyyətə şeir və hekayələr yazmaqla başlamışdır. Lakin sonralar ədəbi tənqid sahəsinə keçmiş və bu sahədə bir-sıra yüksək səviyyəli məqalələr çap etdirmişdir. Sonralar ədəbi tənqidi özünə daimi peşə seçmişdir. 1930-1940-cı illər onun ədəbi fəaliyyətinin ən məhsuldar dövrləri idi. Ədəbi mövzular üzrə keçirilən mübahisə və disputlarda, həmçinin ayrı-ayrı ədəbi əsərlərin müzakirəsində fikir və mülahizələrini təmkin və ardıcıllıqla izah edərdi. Astadan danışardı, onun hündürdən danışdığını heç kəs eşitməmişdi. O zamanlar ədəbi disputlar adətən Müəllimlər evində keçirilərdi. Elə vaxt olmazdı ki, Atababa ədəbi əsərlərin müzakirəsində iştirak etməmiş olsun. Onun ədəbi-tənqidi fəaliyyətində „Ədəbiyyatımızın tarixində Sabir“, „Mirzə Fətəlinin ictimai-tərbiyəvi mülahizələri“, „Şaiq sair və müəllim“, „Aran köçü və müəllifi“ və sair ədəbi problemlərə həsr olunmuş məqalələri o dövrdəki ədəbi tənqidin ən gözəl nümunələri idi.Xüsusilə H. K.S anılının „Aran köçü“ kitabı barədəki çıxış və məqaləsi ədəbi ictimaiyyət tərəfindəi rəğbətlə qarşılanmışdı.
Musaxanlının „Kitabi-Dədə Qorqud“ və başqa klassik əsərlərə aid məqalələri də ədəbi tənqid tariximizi zənginləşdirmişdir. Atababa Musaxanlı 1941- ci il avqustun 14-də, yaradıcılığının ən bəhrəli dövründə 36 yaşında vəfat etmişdir.
ƏLİAĞA VAHİD — 1895-ci il oktyabrın 15-də Bakıda xarrat ailəsində doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almışdır. Ailəsinin ağır maddi vəziyyəti ilə əlaqədar kiçik yaşlarından fəhləliyə başlamışdır. Sonralar atası ilə birlikdə xarratlıq etmişdir. 18-19 yaşlarında ikən onda şerə həvəs oyanır. Füzulinin, Seyid Əzimin, M. Ə. Sabirin təsiri altında xırda-xırda şeirlər yazır və bir müddətdən sonra onları Bakının qəzet və jurnallarında çap etdirir. Beləliklə orta təhsili belə olmayan Ə. Vahid öz şeirləri ilə Bakıda çap olunan „İqbad“, „Bəsirət“, „Babayi əmir“ qəzet və jurnallarının səhifələrində çıxış etməyə başlayır. Onda fitri bir istedad vardı. Sinədən şeir demək qabiliyyətinə malik idi. Buna görə də yaradıçılığının ilk illərində meyxanalarda da iştirak edirdi. Lakin Vahid tezliklə öz yolunu tapır. Özünü bütünlüklə qəzəl janrına həsr edir. Bu sahədə çox keçmir ki, müasirləri tərəfindən qiymətləndirilir. „Tuti“, „Məzəli“ jurnallarının səhifələrində öz fəaliyyətini davam etdirir.
Sovet hakimiyyəti illərində bir qəzəl şairi, qəzəlxan kimi tanınır. Qəzəl janrı sahəsində getdikcə püxtələşir. Füzuli və Seyid Əzim ondan ötrü əsl məktəbə çevrilir. Qəzəllərindəki rəvanlıq və axıcılıqla oxucularının ona rəğbət və məhəbbətini artırır. Onun qəzəlləri xanəndələrin ağzından düşmürdü. Vahid qəzəlini oxumaq xanəndələr üçün bir növ sınaq olmuşdu. O, ədəbiyyatda Füzulinin məktəbini davam etdirən yeganə şair hesab olunurdu. Vahidi həmişə xalqın içərisində görərdin. Pərəstişkarları onun qəzəllərini əzbərdən bilirdilər.
Ə. Vahid Böyük Vətən müharibəsi illərində öz kəskin satirik qələmi ilə düşməni ifşa edir, döyüşçüləri yeni qələbələrə ruhlandırırdı.
Vahid Azərbaycan klassiklərindən Nizaminin, Xaqaninin, Fələki və başqalarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. O, demək olar ki, bütün Bakı kəndlilərinin sevimlisi idi. O 1965-ci il sentyabrın 30-da Bakıda vəfat etmişdir. Xalq öz sevimli şairini böyük ehtiram və hörmətlə Fəxri xiyabanda torpağa tapşırmışdır. Hazırda İnqilab bağında ona abidə ucaldılmışdır.
İKİ BAKILI ADMİRAL. Bakı liman şəhəri olduğu üçün burada gəmiçilik çox inkişaf etmişdi. Nadir şahın öldürülməsindən sonra özünü Bakı xanı elan etmiş Dərgahqulu oğlu Mirzə Məhəmməd əyalətin bərbad hala düşmüş iqtisadiyyatını qaydaya salıb, inkişaf etdirmək üçün birinci növbədə Xəzərdə gəmiçiliyin inkişaf etdirilməsi qayğısına qaldı. Bu məqsədlə Avropa dənizçilik ölkələrinə səyahətə gedir və orada gəmi inşası ilə yaxından tanış olurdu. Həmin illərdə Bakıda olmuş səyyah Lerx yazırdı ki, admiral Bakı xanı Mirzə Məhəmməd tez-tez Langertə gedərək orada sifariş verdiyi gəmilərin inşasına rəhbərlik edirdi. Beləliklə o Bakıda admiral kimi tanınmağa başlamışdı. Özü şəxsən zəhmli olduğu üçün camaat onu Atmaral adlandırırdı. Bu söz indiyədək işlənir. Zəhmli və iş bacaran bazburudlu adamlara atmaral deyirdilər.
İkinci bakılı admiral İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovdur. O sözün həqiqi mənasında ali dənizçilik təhsili almış admiral idi. Aslanbəyov 1822-ci il sentyabrın 10-da Bakıda anadan olmuşdur. 1837-ci ildə Peterburqda dənizçilik məktəbini bitirmişdir. Məktəbi qurtarandan sonra əvvəllər „Aleksandr Nevski“, „Prozergin“ freqatlarında miçman işləmişdir. Sonralar dənizçilik məktəbinin zabitlər sinfinə daxil olur. 1842-ci ildə oranı bitirdikdən sonra Qara dəniz hərbi nəzarət gəmilərində işləməyə başlayır. O öz vəzifəsində getdikcə yüksəlir və 1854- cü ildə „Elbrus“ hərb gəmisinə komandirlik etməyə başlayır. Komandanlığın diqqətini cəlb edən Aslanbəyov həmin ilin avqust ayında desant gəmisinin döyüşən batareyasına komandir təyin olunur. Burada göstərdiyi xidmətlərə görə ona kapitan-leytenant rütbəsi verilir. 1854-cü ilin sentyabrında döyüşən Sevastopol qarnizonunda olmuş və döyüşlərdən birində kontuziya almışdı.
1860-cı illərdə Aslanbəyov Aralıq dənizində üzən „Sokol“ hərb gəmisinə komandanlıq etmişdir. Sonralar həmin gəmini Kronştadta gətirmişdi. 1878-ci ildə Aslanbəyova kontr-admiral rütbəsi verilərkən o 8-ci donanma ekipajının rəisi idi.Aslanbəyov eyni zamanda dənizçiliyə aid bir sıra əsərlərin müəllifi idi. O rus dənizçilik elminə çox şeylər əlavə etmişdir.1887-ci ildə ona misilsiz xidmətlərinə görə vitse-admiral rütbəsi verilmişdir.Aslanbəyov 1900-cü il 7 dekabrda Peterburqda vəfat etmişdir. Ölümündən sonra Saxalində bir yarımada onun adı ilə adlandırılmışdır. Oxot dənizində də bir boğaz onun adınadır.

Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7

Şeirlər, qəzəllər

Uzun illərdir ki, məmləkətimizdə şeir yazanların sayı günü-gündən çoxalır. Əlbəttə, bu yazarların hamısı şair deyil və illər keçəndən sonra onlardan yalnız 10-15 nəfəri gələcək nəsillər üçün tarixdə şair kimi qalsa, bu da böyük işdir. Bəs onda şeir yazmağa adamlarda bu həvəs hardandır? Məgər şeir yazanların çoxu bunu bilmirlərmi ki, onların yazdığı şeir yox, sadəcə sözü sözə calamaqdır. Əlbəttə, onlardan bir hissəsi bunu bilir. Amma bilə-bilə elə-belə “müşqulat üçün” yazırlar. Bir hissəsi şənbazlıqdan, təki onlara da “şair” desinlər deyə yazırlar. Bir hissəsi də bekarşılıqdan yazırlar.

Amma bu qədər şeir yazanlar arasında istedadlı adamlar və gələcəkdə şair kimi tarixdə qalacaq insanlar doğrudan da çox azdır. Bəs bu çoxluğun içərisində həmin istedadlı adamları axtarıb tapmaq, onlara kömək etmək asandırmı? Əlbəttə, çətindir. Bununla əslində ədəbi tənqidçilər məşğul olmalıdır. Əfsus ki, bu gün yaxşı, peşəkar ədəbi tənqidçiləri də demək olar ki, barmaqla saymaq olar. Amma onların da bir qismi ona görə tənqidi yazılar yazmırlar ki, həmin yazıları çap etdirsələr də həmin yazıya görə qonarar ala bilmirlər. Bir hissəsi isə kiminsə yanında “pis adam” olmaq istəmirlər.

Beləliklə, çoxlu şeir yazanlar da, özlərini “dahi” şairlər adlandırırlar və günü-gündən də göbələk kimi çoxalırlar. Bu, təkcə poeziyada yox, nəsrdə də, dramaturgiyada da belədir. Məhz ona görə də əsl istedadlıları bu gün ortaya çıxarmaq çox çətinləşib.

Yaman çətinləşib. Ən çətini və dəhşətlisi isə odur ki, istedadsız adamlar pulları olduğuna görə cild-cild kitabalarını çap etdirir, amma istedadlı adamların pulu olmadığına görə yazdıqları elə vərəqlərdə qalır. Bax bu da, poeziya və ümumiyyətlə ədəbiyyatımızda gələcəyin böyük probleminə çevriləcək.

Bu yazımda sizə təqdim eləcəyim insanın yaradıcılığını mən artıq dörd ildir ki, izləyirəm. Onun həm şeirlərini, həm qəzəllərini oxuyuram. Özünün həm öz şeirlərini və həm də başqa şairlərin şeirlərini yüksək peşəkarlıqla söyləməsini eşidirəm. Və bu xanımın təkcə maraqlı şairə olduğuna yox, həm də gözəl qiraətçi olduğuna çox inanıram. Çünki onun həzin, çox melodik səslə, aydın diksiya ilə, sözaltı mənaları dəqiq tapmaqla, dediyi şeiri yüksək səviyyədə yaşamaqla, ona qulaq asan hər bir tamaşaçını yüksək peşəkarlıqla öz ardınca aparmağı bacarır.

Təsəvvür eləyin ki, ömrünün 50 ilini yazıçılığa, rejissuraya, aktyorluğa həsr eləyən və bu sahələrdə peşəkar təhsil alan məni də həmin xanım, çox asanlıqla tamaşaçıya çevirə bilir. Bu xanım çox istedadlı şairə və bədii qiraətçi Fatimə Əlihüseyndir. Fatimə xanımın başqa yazarlardan fərqi ondadır ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini yüksək qiymətlərlə bitirib. Deməli, ədəbiyyat sahəsində əsl mütəxəssisdir. Təkcə Azərbaycan poeziyasını yox, həm də dünya poeziyasını, ədəbiyyatını mükəmməl səviyyədə bilir. Lap gənc yaşlarından şeirləri və məqalələri dövrü mətbuatda çap olunmağa başlayıb. O, internet və radio kanallarında aparıcı kimi fəaliyyət göstərib. Müsahibələr aparıb. Klassik şairlərdən tutmuş müasirlərə kimi çoxlu şairlərin şeirlərini bədii qiraətçi kimi yüksək peşəkarlıqla radio dalğalarında səsləndirib. “Söz dəsgahı” adlı klassik musiqi və ədəbiyyat nümunələrindən ibarət konsert proqramının bir müddət layihə rəhbəri olub. Bu layihə də həmişə tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Çünki burada olan musiqilər və şeir nümunələri yüksək peşəkar səviyyədə olub. Onun şeirləri çox axıcı və melodik olduğuna görə bir neçə şeirinə hətta mahnılar da bəstələnib və bu gün də müğənnilər həmin mahnıları həvəslə ifa edirlər.
Bu gün mən də sizə Fatimə Əlihüseynin artıq yaşıl, uca çinar olan poeziya ağacından bir neçə yarpaq təqdim eləyirəm. İnanıram ki, onun bu poeziya nümunələri sizin də xoşunuza gələcək.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

FATİMƏ ƏLİHÜSEYN

Sevdiyim, hicrin ilən dərdü məlal eyləmişəm.
Sənin eşqinlə nahaq zənni-xəyal eyləmişəm.

Bəs edər, bir bu qədər qəhrinə tab etdi könül,
İncimə, gör nə qədər zəhrini bal eyləmişəm?!

Mən ki, qəlb əhdini sərvətdə ilantək qorudum,
Gözü kor, nəfsi bütöv, nitqimi lal eyləmişəm.

Dərdim ittək qaparaq könlümü qəltan eləyib,
Gözümün yaşını öz dərdimə yal eyləmişəm!

Nə təsadüf, nə zərurət, “olan olmuş” deyəlim,
Qəmi “kəffarə” verib haqqı həlal eyləmişəm.

İstəməz Fatimə gəlmə, buna vardır səbəbi,
Şəmsə dostum demişəm , yarı hilal eyləmişəm.

***
Əlağa Vahidin qəzəlinə təxmis

Gəlmə sən, üstümə yarım, mən öləndən sonra!
Duya bilməzsən azarım mən öləndən sonra!

Su olub, ovcuna axdıqca itirdim izimi,
Sığınar torpağa arım, mən öləndən sonra!

Xəstəhal oldu qürur, saxta təkəbbürlər ilə,
Nəmə lazım bu vüqarım , mən öləndən sonra ?!

Azuqəm , kirli günahlardır alıb xurcunuma,
Yığmışam, vardı naharım , mən öləndən sonra.

Baş alıb, dəhri unutsam, tapacam ruhə şəfa,
Bəlkə, xoş oldu güzarım mən öləndən sonra ?!

Fatimə qəm eləməz, ömrünü nakəm yaşayıb.
Qalacaqdır qoşa barım, mən öləndən sonra!

Gizlənir künci-bucaq indi əlimdən tərəzi,
Bilmirəm neyləmişəm vardı mənimlə qərəzi.
İştahımla bacara bilmirəm Allah,nə edim?
Tərgidə bilsə idim, görməmiş oğlu, mərəzi!
Sübhü yağ-bal ilə açdımmı, günortayə gərək,
Bol çığırdım toyuğu, üstü yumurta giləzi.
Təzyiqim var(ı) deyə, dəmli çayı, tünd edirəm,
Məcburam indi yeyəm, şirni-noğulla, çərəzi.
Tirnajor da edəcəm, makyajımı qoy bitirim,
Gözlərim yolda qalıb, gəlməlidir indi Məzi.
Razı saldım Məzini, evliliyi qeyd edirik,
Restoran ünvanı da, metromuz Aslanov Həzi.
Şadlığım göz çıxarır, bax, çəkə bilmir nə edim?
Bir əyağ üstünə çıxsam, öləcəkdir tərəzi!
Fatimə hər nə görüb, yazmağa istəkli olub,
Bir də ilhamı deyir: “bax, əruzun yox əvəzi!”.

Heyf olub aqibəti , təhsilimiz zaydı bu gün .
Kəsb edən elm ilə məntiqi, çox az saydı bu gün !

Satılan qiymətin üstündə müəllim şərəfi,
Alınan diplomun əlaçısı, daydaydı bu gün !

Həkimin yanlışını, hakimi ört-basdır edən ,
Kasıbın zümsüməsi ağıdı,lay-laydı bu gün .

Hələ Quran buyurub , “tədris ibadətdən əzəl”,
Ki, təmənnasız edən, cənnət üçün paydı bu gün !

Yetimin qismətini gizli bölənlər ucalır,
Haqqı kim söyləsə, gər caniyə həmtaydı bu gün !

Nə deyim, bilmirəm artıq bu məarif növünə ,
Bu gedişlə görünür, halımıza vaydı bu gün !

Fatimə ,sözsüz aşıq ,burda na-nay-nay oxuyar,
Televizorda da zatən ,”na-na-nay-nay”dı bu gün!

Bayaqdan,baxıram mavi dənizə,
Xəyalımda durulursan, sulartək.
Bu varlıqda mənlə yoxsan, üz-üzə,
Dənizdənmi küsüm,yoxsa ki, səndən?

Sənindi köksümdə döyünən eşqim,
Bir zaman sevginlə öyünən eşqim,
Dənizin suyuyla yuyunan eşqim,
Dənizdənmi küsüm,yoxsa ki, səndən?

Yalan sevgiləri dəniz həzz alır ,
Coşğun dalğalarla alqışlamaqdan .
Daha səbrim daşıb danışmamaqdan,
Həm dənizdən küsdüm, həm də ki səndən .

Bölürəm bu mehrin hesabatını.
Ağı sənin olsun, qarası mənim.
Rahat ol, ziyanı özüm ödərəm,
Ahı sənin olsun, bəlası mənim.

Bir də ayağına qayıtmaz geri.
Qoymam o ümiddən birin də diri!
Canın ağrımasın, qoparsa biri,
Qaysaq sənin olsun, yarası mənim.

Gedirsən, arxana dönmə, dayanma!
Min dəfə yandığın alovda yanma!
Deyirdin: “Sənindir bu ömrüm” amma,
Bilmədim “o ömrün ” harası mənim.

Bütün insanların üzünü gəzib,
Düşürəm anamın dizinə yenə.
Deyirəm: “Bağışla,sən haqlı idin”,
Gəlmişəm, kor-peşman sözünə yenə.
Böcəyəm, qurumlu tora düşmüşəm,
Şərab tiyanına qora düşmüşəm,
Bilmirəm, gözündən hara düşmüşəm,
Yer ve , yuxu olum gözünə yenə.

Əlimin duzunu gölə satmışam,
Sözümün düzünü yelə satmışam,
Yolumun izini çölə satmışam,
İzn ver yol alım, izinə yenə.

Torpaq, yuxu vaxtındı.
Ay bəxtəvər başına.
Bəm-bəyaz yorğan-döşək,
Sarılarsan qışına.
Nə üçdə alacağın,
Beşdə verəcəyin var.
Bircə ağ balıncında,
Röya görəcəyin var.
Mənsə dincə həsrətəm,
Üstüm unlu, qarnım ac,
Yuxu gözümdən incik,
Gözüm yuxuya möhtac.
Elə sənin dərdin də,
Ürəyimə bir yükdü.
Səninsə maşə Allah,
Səbrin necə böyükdü.
Pisləri yedizdirib,
Yaxşıları yeyirsən.
Hər fəsil bir təzə don,
Soyunur, geyinirsən.
Necə qınayım səni ?!
Ölənlə ölünməz ki.
Sinəndən qəlb çalınıb.
Can belə bölünməz ki .
“Soyuqdur!”- demişdilər,
Axı torpağın üzü.
Harayına yetişir,
Bu soyuqluğun düzü.
Sancısını bağrına,
Basıb yatan torpağım!
Arzusu lal dilində,
Susub yatan torpağım!
Şəhid qanın köksünə,
Qısıb yatan torpağım!
Qara yellər aparsın,
Səni bir qara bağa.
Barı yuxunda qovuş,
Ürəyin Qarabağa.

İnsan ləpirləri çox olsun deyə,
Təbiət evinə ləpir gələn var.
Dünya boş olanda, gözəl görünmür,
Yeriyə-yüyürə, qəbir gələn var.

Gündüzlər günəşdən şən gülüşənlər,
Gecələr ay kimi çənə boğulur.
Bətndən taleyi düyün düşənlər,
Atalı-analı yetim doğulur.

Ürək süfrə deyil, nemət düzəsən.
Hər cana yanandan rəhm gəzəsən.
Yazıda nə varsa, çəkib dözəsən,
Təqvimə hər saat , səbr gələn var.

Bütün vədlərinin şəklini çəkib,
Asmışam qəlbimin divarlarından.
Mənə çiçəklərdən göl verəcəkdin.
Göl gözləyirəm.
Yox,gözləmirəm. Tək həvəsimsən.
Ömrünü mənimlə tən böləcəkdin.
Böl, gözləyirəm.
Yox, gözləmirəm. Bütöv bəsimsən.
Mənsiz oralarda bəs öləcəkdin?!
Öl, gözləyirəm.
Yoox, gözləmirəm. Sən nəfəsimsən.
Yenə deyinmə ki, dəcəlləşirəm.
Sənsiz əcəlimlə mən əlləşirəm.
Demişdin “darıxma”, tez gələcəkdin.
Gəl, gözləyirəm.
Çox. Gözləyirəm.

Ömür, külək kimi əs, get!
Yellən, yellənə bildikcə.
Belə, üzü cəhənnəmə,
Çöllən, çöllənə bildikcə!
Alovsuz , əjdaha olmaz!
Yalan sevgi , düha olmaz!
Toyuq ağlı baha olmaz.
Küllən, küllənə bildikcə!
Qazanarsan, itirərsən,
Üç qoyub, bir götürərsən,
Damla-damla gətirərsən,
Göllən, göllənə bildikcə!
Oğul-qızdan mürvət gözlə!
Qocalıqdan urvat gözlə!
Torpaqsansa, sərvət gözlə!
Bellən, bellənə bildikcə!
Fələk, yıxılmasın evin!
Sən, evlər yıxdıqca sevin!
Gizlən şüşəsində divin,
Şellən, şellənə bildikcə!
Qəminə qısılıb küsmə!
Xatiri, hörməti kəsmə!
Fatimə, arada susma.
Dillən, dillənə bildikcə.
———-

Eşqini şabah et, başıma yağdır.
Qoy, ellər toplayıb, yığa bilməsin!
Sinəmin altını təsxiri-kam et,
Qeyrisi oraya sığa bilməsin!

Tanrı məhəbbətə səsləyir bizi,
Zirvəyə aparır bu səsin izi.
Elə ucalaq ki, sevincimizi,
İblis də cəhd etsə boğa bilməsin.

Gəl, qəmi-kədəri, suya ötürək.
Vüsalı şip-şirin, kamə yetirək.
Gəl,elə bir əsər ruhə gətirək,
Analar beləsin doğa bilməsin!

Dərd etmə könül, qoy bu nağıl,
Gerçəyə qalsın.
Dildən qaba düşmüşsə noğul,
Milçəyə qalsın.
Gəl qəm yemə heç, dəhr aparır,
Gül camalından,
Müdrik görünüş, mərd oğul
Ağbirçəyə qalsın.
Rəbbin sənə ət’a eləmiş
Gör nə qədər şövq,
Şövqünlə alış, hər sabahın
Görcəyə qalsın.
Sən Allahı yar tut ki, o da,
təkdir əzəldən,
“Qismət budu!”de, yaz adını,
Bircəyə qalsın !

Yanıb, yelə sovrulmuşam.
Tapa bilsən, külümü tap.
Ruhum çəmənliyə mehman,
Tapa bilsən, gülümü tap.

Təbəssümüm qəmə əsir,
Fitnə taleyimə qəsr.
Əl uzatsam, əlim kəsir.
Tapa bilsən, əlimi tap.

Tanrı ətəyini çəkib,
Döyüb, kötəyini çəkib.
Vücudum dəryaya çöküb,
Tapa bilsən, ölümü tap.

Sadədən sadə.

İnsan, insana dərman.
İnsan insana dərddir.
Artıq olanda zəhər,
Az-az olanda qənddir.
Uyub köhnə tasına*,
Şənliyinə, yasına,
Oyna “zər ” havasına,
Həyatın özü nərddir.
Tüstü bacadan uca,
Cavan qocadan uca,
Alçaq ucadan uca,
Tapmaca dolu fənddir.
Ağlayanda kirimək,
Qəmi-dərdi kürümək,
Asan deyil yerimək.
Hər tərəf bərə-bənddir.
Arayıb yetiyini,
Sayıq tut tətiyini.
Taparsan itiyini,
Dünya balaca kənddir.

Tanrı , çağır yanına.
Bir gəlim. İstəyirəm!
Ağrı-acımı alan ,
Bir zülm istəyirəm!

Əzrailin şişində,
Fələyin tərs işində,
Vəhşi köpək dişində,
Bir ölüm istəyirəm.

Dəyib əhləd daşına,
Ruh qayıdar huşuna.
Kim yığılar başıma ?
Bir bilim istəyirəm.

Himindən laxlayana,
Kinimi saxlayana.
O gizli ağlayana,
Bir gülüm istəyirəm!

Tanrı, çağır yanına.
Bir gəlim. İstəyirəm.

Bu otaq nə soyuqdur.
Sanki, hörülüb buzdan.
Nəyi vardı,soyunub,
Libas geyinib tozdan.
Lampası yetim qalıb.
Çilçırağı sökülü,
Qanı qara adamtək,
Qaş-qabağı tökülü..
Tavanından asılıb,
Xatirələr köndələn,
Ordan intihar edən,
Arzulardı. köhnələn.
Çırpılaraq yerlərə,
Öləziyən diləklər,
Sürüm-sürüm,sürünüb,
Divarlarda iməklər.
Ayın nurunu içir,
Burda solan pərdələr,
Pərdələr də tarixi,
Səhnə-səhnə pərdələr.
Bir-birinə qarışır,
Burda hər gecə səslər,
Səslər xatirələrin ,
Ruhunu bura səslər..
Vağzalının sədası,
Ağ gəlinlik ədası,
Qoşa vuran ürəklər,
Doğulacaq mələklər.
Küləyin uğultusu,
Körpənin qığıltısı,
Sevincin qəhqəhəsi,
Ehtirasın həvəsi.
Onda günəş qədərdi,
Burda sevgi nəfəsi.
Sonra, sonra soyutdu,
Aralığa girənlər.
Pəncərədən, qapıdan,
Xoşbəxtliyə hürənlər.
Hopubdur hər küncünə ,
Ölü vicdan qoxusu
.
Bu otağı ağrıdır,
Gördüyü qan yuxusu .
Bu otaq nə soyuqdur ?
Duaları üşüdər.
Üşüyən duaları,
Görən, Allah eşidər?!
***

Və indi nəfəsimi duyur qələmim,
Toxunur, sevgili barmaqlarına.
Yağdıqca köksünə yaşlar, dəftərin,
Can gəlir, boş qalmış varaqlarına.
Necə də qayğıkeş, rəhmliymişsən.
Sayəndə bir ürək olsa da viran,
Bir qələm, bir dəftər, etdin firavan .
Deyirəm,sağ ol .
Təklik ölüm deyil, qəribsəməsəm.
Hər doğan sabahda,qürubsamasam .
İnan, milyon dəfə yazardım sənə,
Belə yerli-yersiz qürursamasam.
Yadıma həyatın sınağı düşür.
Bir elin, obanın qınağı düşür,
Deyirəm,sağ ol.
Yenə içimdəki qadını gömər,
Çölümdə daş olar, odun olaram .
Mən sahib çıxaram xatirələrə,
Düşünmə,sənintək yadın olaram .
O yollar, o izlər özümə qalsın.
Qovurduğun közlər, özümə qalsın .
Zatən əzəl gündən şeir sevmirdin,
Deyəcəyim sözlər ,özümə qalsın.
Deyirəm, sağ ol.

Comments are closed, but trackbacks and pingbacks are open.