Hər gün yeni bir kitab
– Niyə də getməyim?
Baskervillərin iti
Baskervillər iti (ing. The Hound of the Baskervilles ) — Artur Konan Doylun Şerlok Holms haqqında əsərləri seriyasından detektiv povest. Povestin məzmunu macəra xarakterlidir.
Romanın azərbaycanca 2007 nəşrinin üz qabığı
Povest ilk dəfə 1901-ci ilin avqust ayından 1902-ci ilin aprel ayına kimi “Standart Magazine” aylıq jurnalında çap olunmuşdur.
Mündəricat
- 1 Məzmun
- 2 Tərcümə və nəşr
- 3 İstinadlar
- 4 Həmçinin bax
- 5 Xarici keçidlər
Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.
Dünyada illər boyu dedektiv janrda mötəbər mövqe tutan Artur Konan Doylun “Baskervillərin iti” romanının süjet xəttini – varis Çarlz Baskervilin müəmmalı ölümü təşkil edir. Bu cinayət barədə, İngiltərənin Devonşir qraflığının Qrimpen kilsəsinin həkimi Ceyms Mortimer Şerlok Holmsa xəbər verir. Məşhur xəfiyyə Şerlok Holms və onun dostu, həm də köməkçisi, doktor Uotson bu qətl hadisəsini tədqiq edirlər. Hadisələr – 1889-cu ilin sentyabr-oktyabr aylarında baş verir… [1]
Xəbərdarlığın sonu.
Tərcümə və nəşr Redaktə
- Artur Konan Doyl, Baskervillərin iti; “Macəra kitabxanası” seriyası; V cild, tərc.: Beydulla Musayev; Bakı, “Uşaqgəncnəşr”, 1958, 320 səh.
- Artur Konan Doyl, Baskervillərin iti Povest və hekayələr.; tərc.: B. Musayev; Bakı, Gənclik, 1980
- Artur Konan Doyl, Baskervillərin iti; tərc.: B. Musayev; uşaqlar üçün işləyən. R.İsmayılov; red. P. Allahverdiyeva; rəs. E. Cabbarov. – Bakı : Altun kitab, 2007, 2010. – 128 s.
- Artur Konan Doyl, Baskervillərin iti; tərc: Samir Bulut; Bakı, Qanun Nəşriyyatı, 2014. 260 səh.
İstinadlar Redaktə
- ↑”Artur Konan Doyl – Şerlok Holmsun macəraları. BASKERVİLLƏRİN İTİ” ( (az.) ) . qanun.az. 2016-11-13 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2016-10-31 .
Baskervillərin İti – Şerlok Holms (Sherlock Holmes) macəraları
Dünyada illər boyu dedektiv janrda mötəbər mövqe tutan Artur Konan Doylun “Baskervillərin iti” romanının süjet xəttini – varis Çarlz Baskervilin müəmmalı ölümü təşkil edir. Bu cinayət barədə, İngiltərənin Devonşir qraflığının Qrimpen kilsəsinin həkimi Ceyms Mortimer Şerlok Holmsa xəbər verir. Məşhur xəfiyyə Şerlok Holms və onun dostu, həm də köməkçisi, doktor Uotson bu qətl hadisəsini tədqiq edirlər. Hadisələr – 1889-cu ilin sentyabr-oktyabr aylarında baş verir…Məşhur ingilis yazıçısı Artur Konan Doylun “Baskervillərin iti” romanı ilk dəfə 1901-ci ilin avqust ayından 1902-ci ilin aprel ayına kimi “Standart Magazine” aylıq jurnalında çap olunmuşdur.
Oxşar kitablar
Tor Körpüsünün Sirri – Şerlok Holms (Sherlock Holmes) macəraları
Artur Konan Doyl
Cild : Yumşaq
Ebbi-qreyncdə qətl –Şerlok Holms (Sherlock Holmes) macəraları
Artur Konan Doyl
Cild : Yumşaq
Visteriya – Locda Hadisə – Şerlok Holms (Sherlock Holmes) macəraları
Artur Konan Doyl
Cild : Yumşaq
Al-qırmızı etüd – Şerlok Holms (Sherlock Holmes) macəraları
Artur Konan Doyl
Cild : Yumşaq
Qozbel – Şerlok Holms (Sherlock Holmes) macəraları
Artur Konan Doyl
Cild : Yumşaq
Qorxu Vadisi – Şerlok Holmes (Sherlock Holmes) macəraları
Artur Konan Doyl
Cild : Yumşaq
Stokda yoxdur
Göy Yaqut – Şerlok Holms (Sherlock Holmes) macəraları
Artur Konan Doyl
Cild : Yumşaq
Baskervillərin İti – Şerlok Holms (Sherlock Holmes) macəraları
Artur Konan Doyl
Cild : Yumşaq
Şeytan Ayağı – Şerlok Holms (Sherlock Holmes) macəraları
Artur Konan Doyl
Cild : Yumşaq
Rəylər
nicat əliyev 10 December 2022
Rəy yaz
Ünvan: Bakı, Tbilisi prospekti, 76
Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.
Текст книги “Baskervillərin iti”
Mister Şerlok Holms, adəti üzrə, yuxudan gec durmuşdu, masa arxasında oturub səhər yeməyini yeyirdi. Mən buxarının qabağında dayanıb dünən bizə gələn adamın yadından çıxardığı əlağacını nəzərdən keçirirdim. Ağacın əl tutan yerindən bir az aşağıda kiçik bir gümüş lövhəcik vurulmuşdu:
Arxası mənə tərəf oturmuş Holms üzünü çevirmədən dilləndi:
– Hə, Uotson, bu əlağacı haqqında nə fikirdəsiniz? Dünən onun sahibi ilə söhbət etməyə vaxt olmadı.
– Məncə, bu adam həkimdir. Özü də kənd həkimidir. Yəqin ki, böyük hörmət sahibidir.
– Nədən belə düşünürsünüz?
– Bu cür əlağacından, adətən, həkimlər istifadə edirlər. Ağacın ucuna vurulan dəmir lap yeyilmişdir. Deməli, bu adam piyada çox gəzir. Kənd həkimləri piyada çox gəzməli olurlar. Bir də ki əgər dostları ona belə bir hədiyyə veriblərsə, deməli, ona hamı hörmət edir.
– Çox ağlabatan fikirdir. Uotson, siz xəfiyyəlikdə çox irəli getmisiniz!
Bunu deyən Holms əlağacını məndən alıb pəncərəyə yaxınlaşdı, ağacı lupa ilə gözdən keçirməyə başladı.
– Uotson, sizin dediklərinizə mən bunları əlavə edə bilərəm. Bu ağac mister Mortimerə Çarinq-kross xəstəxanasında işləyən həkim dostları tərəfindən verilib. Mortimer oradan beş il bundan əvvəl getmişdir. Bundan başqa, deyə bilərəm ki, Çeyms Mortimer şöhrətpərəst deyil, bir qədər dalğın adamdır və onun çox da böyük olmayan sevimli iti var.
Şerlok Holms özündənrazı halda divana söykəndi, qəlyandan bir-iki qullab vurub havaya kiçik tüstü həlqələri buraxmağa başladı. Mən şübhəli-şübhəli güldüm.
– Xəstəxananın adı və Mortimerin oradan getmə tarixi ilə bağlı dediklərinizlə razılaşmaya bilmərəm. Lövhəcikdəki ÇKX hərfləri buna işarə edir. Lakin söylədiyinizin son hissəsini yoxlamaq mümkün deyil.
– Əgər bu adam adlı-sanlı xəstəxananı atıb kəndə həkimlik etməyə gedirsə, deməli, şöhrətpərəst deyil. Dünən mister Mortimer qonaq otağında bir saatdan artıq gözlədikdən sonra vizit vərəqi əvəzinə əlağacını qoyub getmişdir. Bu isə onun dalğınlığına dəlalət edir.
– Əlağacının bəzi yerləri gəmirilib. İt dişlərinin yeri lap aydın görünür. O itə öz sahibinin ardınca şey gətirməyi öyrədiblərmiş. Mən hətta deyə bilərəm ki, bu it qıvrım tüklü spanieldir.
Onun son sözlərində elə bir inam ifadə olunurdu ki, mən təəccübdən donub-qaldım:
– Bu lap ağ oldu, dostum, axı nə üçün siz buna belə əminsiniz?
– Ona görə əminəm ki, mən o iti qapımızın qabağında görürəm; budur, bu da onun sahibinin zəngi. – Holms bic-bic gülümsədi. – Uotson, xahiş edirəm otaqda qalın! Siz axı onunla peşə yoldaşısınız. Sizin burada olmağınız mənə kömək edər. Maraqlıdır, Ceyms Mortimerin polis xəfiyyəsi Şerlok Holmsa nə işi düşə bilər. Buyurun!
Həkim Mortimer hündürboy, arıq, uzunburunlu bir adamdı; bir-birinə yaxın olan boz gözləri qızıl sağanaqlı gözlüyü arxasından par-par parıldayırdı. Yaşı az olsa da, kürəyi indidən donqarlaşmışdı. Bizim qonaq otağa girən kimi Holmsun əlindəki ağaca baxıb ona sarı gedərək sevinclə dedi:
– Ha fikirləşirdim, heç cür yadıma sala bilmirdim ki, bunu harada qoymuşam. Əgər səhv etmirəmsə, mən, deyəsən, mister Şerlok Holmsla söhbət etmək şərəfinə nail olmuşam. Bəs onda… – Mortimer mənə işarə etdi.
– Sizin qarşınızdakı doktor Uotsondur.
– Ser, sizinlə tanış olmağıma çox şadam. Sizin adınız çox tez-tez dostunuzun adı ilə bərabər çəkilir.
Şerlok Holms divanda yerini rahatlayıb dilləndi:
– Mister Mortimer, mən elə zənn edirəm ki, gəlişinizin məqsədini söyləməyin vaxtı çatıb.
İkinci fəsil
Baskervillər nəslinin bəlası
Doktor Ceyms Mortimer dedi:
– Mənim cibimdə qədim bir əlyazma var. Bu, çox qədim əlyazmadır, min yeddi yüz qırx ikinci ilə aiddir.
Doktor Mortimer pencəyinin yan cibindən əlyazmanı çıxartdı.
– Bu qiymətli ailə sənədini mənə saxlamaq üçün ser Çarlz Baskervil vermişdir. Onun üç ay bundan əvvəl qəfil, həm də faciəli surətdə ölümü bütün Devonşir vilayətini son dərəcə həyəcana gətirmişdi. Mən özümü ser Çarlzın sadəcə həkimi deyil, həm də şəxsi dostu hesab edirdim. O, zabitəli, ağıllı, çox işgüzar adamdı. Bu sənədə çox əhəmiyyət verirdi və taleyin onun üçün faciəli bir ölüm hazırladığına inanırdı.
Holms əlini uzadıb doktor Mortimerdən əlyazmanı aldı və dizləri üstünə qoyub açdı.
– Burda, yəqin ki, bir hadisə qələmə alınmışdır?
– Bəli, bu qısa əlyazma deyəcəyim məsələ ilə bilavasitə əlaqədardır. İcazənizlə mən bunu sizə oxuyum.
Holms kresloda yerini rahatlayıb gözlərini yumdu. Doktor Mortimer işığa sarı çevrildi, nazik, cırıltılı səslə qədim zamanlara aid olan maraqlı bir əhvalatı oxumağa başladı:
– «Baskervillər itinin varlığı haqqında bir çox dəlillər vardır. Mən bu it haqqında öz atamdan, atam da babamdan eşitmişdir.
Mənim övladlarım, bir vaxtlar Baskervil malikanəsinin sahibi Hüqo Baskervil imiş. Bu Hüqo azğın, dinsiz və allahsız bir adam olub.
Elə olur ki, Hüqo bir fermerin qızını sevir. Bu fermerin torpağı Baskervil malikanəsinə yaxın bir yerdə imiş. Lakin təvazökar və abırlı qız Hüqonun adını eşidəndə dəhşətə gələr, ondan uzaq qaçarmış. Bir gün qız evdə tək olanda Hüqo bir neçə yoldaşı ilə bərabər gizlicə fermaya soxulur, qızı götürüb qaçır. Baskervil-holla qayıtdıqdan sonra öz əsirini yuxarı mərtəbədəki otaqlardan birində gizlədir, özü isə, adəti üzrə, yoldaşları ilə kefə başlayır. Yazıq qız onların aşağı mərtəbədən gələn oxumasını, çığırtısını və pis-pis sözlərini eşidərək az qalır ki, dəli olsun. Axırda qorxu qızı o yerə gətirir ki, o, çox cürətli bir işə əl atır: otağın pəncərəsini açır, qəsrin divarına sarılan qara sarmaşıqla aşağı enir, bataqlıqla öz evlərinə doğru qaçır.
Bir müddətdən sonra Hüqo qonaqlarını qoyub yuxarıya qalxır. Lakin görür ki, qəfəsdəki quş uçub getmişdir. Bu zaman cin başına vurur, pilləkənlə aşağı yüyürərək qonaqlıq edilən zala girir, atılıb stolun üstünə çıxır, şüşələri, boşqabları vurub dağıdır, hamının qabağında and içir ki, ölsəm də, gərək gedib o qızı tutam. Bu zaman dostlarından biri çığıraraq deyir ki, itləri qızın izinə buraxmaq lazımdır. Hüqo cəld qəsrdən bayıra çıxır, qızın yerə düşmüş ləçəyini itlərə iylədir, özü isə ata minib itlərin ardınca bataqlığa doğru çapır.
Onun yoldaşları bir qədər özlərinə gəldikdən sonra atlanıb onun ardınca gedirlər. Çox keçmir ki, onlar Hüqo Baskervilin qara madyan atını görürlər. Ancaq atın sahibi onun üstündə deyildi. At, cilovu sallana-sallana, köpüklənə-köpüklənə onların yanından sürətlə keçib-gedir. Əxlaqsız dəstə yenə də bataqlığın içərilərinə getməkdə davam edir. Nəhayət, onlar Baskervilin itlərini görürlər. Bu itlər çox cins və sərt itlərdi, lakin indi onlar bir-birinə sıxılaraq yazıq-yazıq zingildəyirdi.
Atlılar dayanırlar, qabağa getməyə cürət etmirlər, lakin onlardan üç nəfəri atlarını dərənin içərilərinə sürür. Orada geniş bir çəmən görürlər, bu çəməndə lap qədim zamanlarda qoyulmuş iki böyük daş sütun var. Çəmən ay işığı ilə aydınca işıqlanıbmış. Bədbəxt qız çəmənin ortasında yıxılıb qalmışdı, onun yanında isə Hüqo Baskervilin cəsədi görünürdü. Azğın atlıların tükləri biz-biz olur, lakin onları qorxudan cəsədlər deyildi. Yox! Hüqonun başı üstündə qara, iyrənc və çox yekə bir yırtıcı heyvan durubmuş; o, zahirən itə oxşayırmış, lakin bu it insanların gördüyü bütün itlərdən ən hündürü və irisi imiş. Bu yırtıcı heyvan onların gözü qabağında Hüqo Baskervilin boğazını gəmirirmiş. Sonra o, qanlı ağzını atlılara sarı çevirir: onun gözləri od kimi parıldayırmış. Atlılar bunu görüb qorxudan çığırırlar və atlarını var qüvvələriylə bataqlığın içi ilə qovurlar. Deyilənə görə, onlardan biri şahidi olduğu bu mənzərədən elə qorxur ki, elə o gecə ölür, qalan iki nəfəri isə ömürlərinin axırına kimi bu ağır sarsıntıdan özlərinə gələ bilmir.
Bəli, övladlarım, o vaxtdan bəri bizim nəslə bu qədər bədbəxtliklər gətirən o it haqqındakı rəvayət budur! Siz bilirsiniz ki, bizim nəsildən olan adamların çoxu qəfildən, həm də sirli, dəhşətli şəkildə həyatdan köçmüşlər. Qoy Tanrı öz mərhəmətini bizim üstümüzdən əskik eləməsin. Mənim övladlarım, mən sizi Tanrıya tapşırır və sizə vəsiyyət edirəm: gecə vaxtı şər qüvvələrin hökmranlıq etdiyi bataqlığa getməkdən çəkinin!»
Doktor Mortimer bu qəribə əhvalatı oxuduqdan sonra gözlüyünü alnına qaldırıb gözlərini mister Şerlok Holmsa dikdi. Şerlok Holms isə əsnəyərək çəkdiyi papirosun kötüyünü buxarıya atdı. Qonaq dilləndi:
– Sizcə, bu, maraqlı deyilmi?
– Nağıl xoşlayanlar üçün maraqlıdır.
Doktor Mortimer cibindən dördqat bükülmüş bir qəzet çıxartdı.
– Yaxşı, mister Holms, indi mən sizi daha bir materialla tanış edim. Bu, «Devonşir xəbərləri» qəzetinin builki on dörd iyun tarixli nömrəsidir. Burada ser Çarlz Baskervilin ölümü ilə əlaqədar olaraq qısaca məlumat dərc edilmişdir.
Holms özünü bir az qabağa verdi və onun baxışları dərhal diqqətli oldu. Doktor Mortimer gözlüyünü düzəldərək qəzeti oxumağa başladı:
– «Qarşıdakı seçkilərdə liberal partiyası tərəfindən namizəd göstərilməsi nəzərdə tutulan ser Çarlz Baskervilin qəfil ölümü bütün Devonşirə çox ağır təsir bağışladı. Ser Çarlz nisbətən yaxın vaxtlarda gəlib Baskervil-holda yaşasa da, bu az vaxtda öz mehribanlığı və səxavəti ilə adamların məhəbbət və hörmətini qazanmışdı. Məlum olduğu kimi, ser Çarlz Cənubi Afrikada böyük qazanc əldə etdikdən sonra İngiltərəyə qayıtmış, şəxsi malikanəsi Baskervil-holda məskən salmışdı. Onun öz malikanəsini yenidən qurmaq və inkişaf etdirmək planına ancaq ölüm mane oldu. Ser Çarlzın övladı yox idi. Hələ sağlığında o öz yerlilərinə xeyirxahlıq edirdi, buna görə də buradakı əhalinin onun vaxtsız ölümünə təəssüflənməsi səbəbsiz deyil.
Demək olmaz ki, təhqiqat ser Çarlz Baskervilin ölümü haqqında olan bütün vəziyyəti tamamilə aydınlaşdırmışdır. Lakin o, yerli mövhumatçılar tərəfindən söylənilən şayiələrə son qoymuşdu. Bu ölümün təbii bir səbəb nəticəsində baş verdiyinə şübhələnməyə bizim heç bir əsasımız yoxdur. Ser Çarlz dul idi, böyük bir sərvət sahibi olsa da, çox sadə yaşayırdı; onun Baskervil-holda olan ev qulluqçuları – ər-arvad Berrimorlar öz ifadələrində göstərirlər ki, ser Çarlzın səhhəti son vaxtlar pisləşmişdi; mərhumun yaxın dostu və ev həkimi olan doktor Ceyms Mortimer də öz ifadələrində bunu təsdiq etmişdir.
İş zahiri cəhətdən çox adi bir işdir. İyunun dördündə ser Çarlz hamıya bildirir ki, səhər Londona gedəcək və Berrimora tapşırır ki, yol hazırlığı görsün, axşam isə, adəti üzrə, xiyabana gəzməyə gedir. Berrimor gecəyarısı görür ki, evin qapısı hələ də açıqdır. Təşvişə düşür, fənəri yandırıb öz ağasını axtarmağa gedir. Xiyabanın orta tərəfində bir qapı var; buradan yol torf bataqlığına aparır. Bəzi dəlillər göstərir ki, ser Çarlz bir neçə dəqiqə bu qapının qabağında durmuş, sonra irəli getmişdir… Xiyabanın lap qurtaracağında onun cəsədi tapılmışdır.
Burada bir şey aydınlaşdırılmamış qalır. Berrimor deyir ki, ser Çarlz xiyaban qapısından uzaqlaşan kimi onun ləpiri dəyişir, görünür, o, pəncəsi üstündə getmişdir. Ser Çarlzın bədənində heç bir zorakılıq izi tapılmayıb. Doğrudur, tibbi ekspertiza mərhumun üzünün son dərəcə dəyişmiş olduğunu qeyd edir. Həkimlərin dediyinə görə, təngnəfəslikdən və ürək fəaliyyətinin azlığından ölən adamlarda tez-tez belə hallar olur. Meyit yarılanda bunun doğru olduğu təsdiq edildi. Ser Çarlzın çoxdan bəri ürək xəstəliyinə tutulduğu tamamilə aydın göründü.
Bizdə olan son məlumata görə, Baskervillərin yeganə varisi, ser Çarlzın qardaşı oğlu Henri Baskervil Amerikadadır. İndi onu tapmaq və ona böyük bir irsin çatmasını xəbər vermək üçün tədbir görülür».
Doktor Mortimer qəzeti qatlayıb cibinə qoydu.
– Mister Holms, ser Çarlzın ölümü haqqında verilən məlumat budur.
Şerlok Holms dedi:
– Siz məni, şübhəsiz ki, maraqlı bir hadisə ilə tanış etdiniz, bunun üçün sizə çox minnətdaram. İndi isə xahiş edərdim ki, mətbuata düşməyən faktlar haqqında danışasınız.
Doktor Mortimer həyəcanla dedi:
– Mən hələ heç kəslə bu barədə danışmamışam. İstintaq zamanı bir çox şeyləri söyləmədim, çünki elm ilə məşğul olan bir adam mövhumatçıların şayiələrini müdafiə edə bilməz. Lakin sizinlə açıq danışa bilərəm. Mən ser Çarlz Baskervillə bir yerdə çox vaxt keçirirdim. Mister Frenklend və təbiətşünas mister Stepltonu nəzərə almasaq, bizim yerlərdə bir neçə mil məsafədə bir nəfər oxumuş adama rast gəlməzsən. Ser Çarlz təkliyi xoşlasa da, onun xəstəliyi bizi bir-birimizə yaxınlaşdırdı. Son vaxtlar ser Çarlzın əsəbləri həddindən artıq gərilmişdi. O, indi sizə oxuduğum əfsanəyə inanırdı; öz mülkündə gəzərkən gecələr bataqlığa getməyə cürət etmirdi. Ser Çarlz əməlli-başlı inanırdı ki, onun mənsub olduğu nəsil dəhşətli bir bəlaya düçar olmuşdur, bu bataqlıqda qorxunc bir varlığın olması fikri ona dinclik vermirdi. O, tez-tez məndən soruşurdu: siz xəstələrin yanına gedəndə belə bir qəribə şey görmüsünüzmü, bataqlıqda it səsi eşitmisinizmi? Bunu soruşarkən həyəcandan səsi titrəyərdi. O öz qorxusunun səbəbini mənə izah etdi və məndən xahiş elədi ki, bu əlyazmanı götürüb saxlayım. O zaman bütün bunlar mənə əhəmiyyətsiz bir şey kimi görünürdü. Onun ürəyi xəstə idi; qorxu isə səhhətini daha da xarablaşdırırdı. Nəhayət, bu dəhşətli fəlakət üz verdi. Lakey Berrimor gecə ser Çarlzın meyitini tapdıqdan sonra dərhal mehtər Perkinsi mənim dalımca göndərmişdi. Mən meyiti diqqətlə yoxladım. Ser Çarlz qollarını açaraq üzüüstə yerə sərilib qalmışdı, barmaqları yerə sancılmışdı; ölüm onun üzünü elə dəyişmişdi ki, mən əvvəl bunun kim olduğunu tanıya bilmədim. Onun bədənində heç bir zədə yox idi. Lakin Berrimor istintaq zamanı yanlış məlumat vermişdi. Onun dediyinə görə, meyitin ətrafında heç bir iz yox imiş. Bu izləri o görməmişdi, amma mən gördüm. Ser Çarlzdan bir qədər kənarda lap təzə və aydın…
– Bu izlər qadın izləri idi, ya kişi?
Doktor Mortimer qəribə bir nəzərlə bizə baxıb lap yavaşca dedi:
– Mister Holms, bu izlər çox yekə bir itin izləri idi.
Üçüncü fəsil
Ehtimallar
Doktorun səsi titrəyirdi, görünür, onun söylədiyi bu sözlər özünü də bərk həyəcanlandırmışdı.
– Bu izlər meyitdən otuz addım kənarda idi, görünür, heç kəs ona fikir verməmişdi. O əfsanə yadıma düşməsəydi, mən də fikir verməzdim.
– Bataqlıqda, yəqin, çobaniti çoxdur?
– Əlbəttə, çoxdur. Ancaq bu, çobaniti deyildi.
– Bu izlər otun üstündə idi, ya yolun üstündə?
– Otun üstündə iz, adətən, görünmür.
– Bu izlər yolun qapı olan tərəfində idimi?
– Bəli, yolun lap qırağında, qapıya yaxın yerdə idi.
– Son dərəcə maraqlı bir məsələ! Bir sual da verim: xiyabanın qapısı bağlı idimi?
– Nəinki bağlı idi, hətta qıfıl da vurulmuşdu.
– Qapının hündürlüyü nə qədər olar?
– Dörd futa qədər. Yəqin, ser Çarlz qapının qabağında beş-on dəqiqə dayanmışdır.
– Bunu nədən bilirsiniz?
– Çünki çəkdiyi siqarın külü iki dəfə yerə düşmüşdü.
– Çox gözəl! Bax belə köməkçi bizim işimizə yaraya bilər! Elə deyilmi, Uotson?
– Bundan başqa, bundan başqa…
– Siz niyə tərəddüd edirdiniz?
– Elə bir sahə var ki, orada ən dəhşətli, ən təcrübəli xəfiyyə belə acizdir. Mister Holms, ser Çarlzın ölümündən qabaq yerli əhalidən bir neçəsi bataqlıqda qəribə bir şey görmüşlər. Onların dedikləri əlyazmada təsvir edilən Baskervillər kabusunun təsviri ilə üst-üstə düşür. Onu görənlər bir ağızdan deyirlər ki, bu, işıqsaçan, çox iri, qorxunc bir məxluqdur. Mister Holms, inanın ki, bütün bizim mahal dəhşət içindədir, gecələr ən cəsarətli adamlar belə cürət edib bataqlığa gedə bilmir.
– Siz də elmli bir adam olduğunuz halda, inanırsınız ki, bu, mistik bir qüvvədir?
– Mən heç özüm də bilmirəm nəyə inanım.
Holms çiyinlərini qısaraq dedi:
– Bu vaxta qədər mənim xəfiyyəçilik fəaliyyətim bu dünyadan kənara çıxmamışdır. Mən öz gücüm və imkanlarım dairəsində şərlə mübarizə edirəm; lakin şəri yaradanın özünə qarşı çıxmaq, yəqin ki, mənim tərəfimdən həddindən artıq böyük bir cəsarət olardı. Doktor Mortimer, əgər mistikaya inanırsınızsa, onda nə üçün mən sizə lazım olmuşam? Sözlərinizdən belə çıxır ki, ser Çarlzın ölümünün səbəbini təhqiq etmək faydasız bir işdir, eyni zamanda bu işə girişməyi məndən xahiş edirsiniz.
– Mən belə bir şeyi sizdən xahiş etməmişəm. Əslində, mən sizin yanınıza məsləhətə gəlmişəm. Məsələ burasındadır ki, Baskervillərin yeganə varisi olan ser Henri Baskervil düz bir saat on beş dəqiqədən sonra Vaterloo vağzalına gələcək. Mən ona nə deməliyəm? Ser Çarlzın ölümündən sonra biz yoxlayıb bildik ki, Henri Baskervil Kanadada, öz fermasının təsərrüfatı ilə məşğuldur. Aldığımız məlumata görə, o, çox gözəl, çox ləyaqətli, cavan bir adamdır. Mən indi bir həkim kimi deyil, ser Çarlz tərəfindən vəkil edilmiş bir adam kimi danışıram.
– Varislik iddiasında olan bir başqası yoxdur ki?
– Xeyr, yoxdur. Biz bu ailə barəsində bəzi şeylər öyrənə bildik. Onlar üç qardaşmış. Ortancıl qardaş cavan yaşlarında ölmüşdür. Henri onun oğludur. Kiçik qardaş Rocer isə ailədə fərsiz övlad hesab edilirmiş. O, bir neçə il əvvəl Mərkəzi Amerikada qaraqızdırmadan ölmüşdür. Henri – Baskervil nəslinin axırıncı nümayəndəsidir. İndi, mister Holms, siz mənə məsləhət verin görüm, mən onunla nə edim?
Holms fikrə getdi. Nəhayət, o belə dedi:
– Ser, məsləhət görürəm ki, təkatlı ekipaj çağırasınız, qapının ağzında atılıb-düşən spanieli götürüb ser Henri Baskervili qarşılamaq üçün vağzala gedəsiniz.
– Sonra siz mənim gələcək işlər üçün nə kimi plan tökəcəyimi gözləyəcəksiniz. Bu vaxta qədər də varisə heç bir şey söyləməyəcəksiniz. Doktor Mortimer, siz sabah səhər saat onda bura gəlsəniz, ser Henri Baskervili də özünüzlə bərabər gətirsəniz, mən sizə çox minnətdar olaram. Mən gərək onunla tanış olam.
– Yaxşı, mister Holms.
Doktor Mortimer otaqdan çıxdıqdan sonra Holms divanın küncündə oturub gülümsədi; həmişə onun qarşısına ona layiq olan bir məsələ çıxanda onun üzündə razılıq ifadə edən sakit bir təbəssüm görünərdi.
– Bəli, gedirəm, onsuz da mənim sizə bir köməyim dəyməyəcək.
– Yox, dostum, işə başlayanda mən sizə kömək üçün müraciət edəcəyəm. İndi isə gedin, axşam görüşəndə bu məsələ ilə bağlı fikirlərimi sizə söyləyəcəm.
Mən bilirdim ki, belə məqamlarda Holmsu təkbaşına buraxmaq lazımdır. Buna görə də bütün günümü klubda keçirtdim, ancaq axşam saat doq-quza yaxın Beyker-stritə qayıtdım.
Qonaq otağının qapısını açanda qorxudan duruxub dayandım. «Olmaya içəridə yanğın var?» – deyə düşündüm. Otağa o qədər tüstü dolmuşdu ki, lampa işığı bu tüstünün arasından güclə görünürdü. Elə o saat çox bərk və ucuz tütünün acı tüstüsü burnuma doldu, boğazım o saat göynədi. Tüstü arasından, kresloda rahatca oturan Holmsu güclə gördüm. O, xalat geymişdi, qara, saxsı çubuğu ağzında tutmuşdu. Holms məni görüb dilləndi:
– Uotson, bu, çox qəribə əhvalatdır. Xüsusilə onun bəzi xırda cəhətləri; məsələn, ayaq izlərinin dəyişməsi! Mortimer deyirdi ki, ser Çarlz xiyabanın bu hissəsini pəncəsi üstə getmişdir. Siz bunu necə izah edirsiniz?
– Bilmirəm… Adam axı öz bağında niyə pəncəsi üstə gəzsin?
– Uotson, o yüyürmüşdür. Canını qurtarmaq üçün var gücü ilə qaçmışdır! Burda başqa bir dolaşıq məsələ var: ser Çarlz həmin axşam kimi gözləyirmiş və nə üçün bu görüş onun evində deyil, xiyabanda olmalı imiş?
– Siz elə zənn edirsiniz ki, o kimi isə gözləyirmiş?
– Bir özünüz fikirləşin: niyə xəstə adam rütubətli havada xiyabanın qapısı qabağında boş-boşuna beş dəqiqə, ya bəlkə, on dəqiqə durmuşdur? Uotson, görürsünüzmü, məsələ necə dolaşıqdır… İndi, xahiş edirəm, skripkanı mənə verin, gəlin daha bu məsələ barədə fikir çəkməyək, ümid edək ki, sabah doktor Mortimerin və ser Henri Baskervilin gəlişi bizə düşünmək üçün yeni qida verəcəkdir.
Dördüncü fəsil
Ser Henri Baskervil
Biz səhər yeməyini erkən yedik. Holms xalatını geyib qonaqları qəbul etməyə hazırlaşdı. Saat onu vuran kimi gənc baronetin müşayiəti ilə doktor Mortimer otağa girdi.
Henri Baskervilin otuz yaşı olardı. O, ortaboylu, enlikürəkli, möhkəm bədənli idi. Onun sıx, qara qaşları, qonur gözləri cəsarətlə bizə baxırdı. İdman biçimli qəhvəyi kostyumu, günəşdən, havadan qaralmış qarayanız dərisi göstərirdi ki, bu adam evdə oturan kişilərdən deyil. Eyni zamanda sakitlik və inam ifadə olunan duruşu onun həqiqi bir centlmen olduğunu göstərirdi.
Doktor Mortimer onu bizə təqdim etdi.
– Ser Henri Baskervil.
– Mister Holms, əgər mənim dostum sizin yanınıza gəlməyi mənə təklif etməsəydi, mən özüm gələcəkdim. Deyirlər ki, siz cürbəcür dolaşıq məsələləri açmağı bacarırsınız; bu gün səhər mən elə bir şeyə rast gəlmişəm ki, bunu açıb həll etməyə mənim gücüm çatmaz.
– Ser Henri, əyləşin. Əgər mən sizi düz başa düşmüşəmsə, görünür, Londonda sizin başınıza çox da adi olmayan bir hadisə gəlmişdir, eləmi?
– Mister Holms, mən buna çox da əhəmiyyət vermirəm. Yəqin, kimsə mənimlə zarafat edib. Bu gün səhər mənə belə bir məktub gəlib – əgər buna məktub demək mümkündürsə…
O, stolun üstünə bir zərf qoydu. Zərfin üzərində – «Norsamberlend» mehmanxanası, ser Henri Baskervilə» sözləri yazılmışdı.
Holms sınayıcı bir nəzərlə qonağa baxaraq soruşdu:
– Sizin «Norsamberlend»ə düşəcəyinizi bilən vardımı?
– Bunu heç kəs bilmirdi. Mən ancaq doktor Mortimerlə görüşdükdən sonra harada qalacağımı qət etdim.
Holms konvertin içindən dörd qatlanmış bir vərəq çıxartdı, açıb stolun üstünə qoydu. Vərəqin ortasında tək bircə cümlə vardı: «Əgər həyatınız sizin üçün qiymətlidirsə, torf bataqlığından uzaq olun».
Şerlok Holms dedi:
– Uotson, bizdə dünənki «Tayms» qəzeti varmı?
Mən otağın küncündən «Tayms»ın sonuncu nömrəsini götürüb dostuma uzatdım. O, qəzetə baxıb sevinclə qışqırdı:
– Özüdür ki var! Eyni şriftlərdir.
Biz onun dediklərindən heç nə başa düşmədik.
– Baxın, məktubu göndərən «Əgər həyatınız sizin üçün qiymətlidirsə… uzaq olun» sözlərini qəzetdən kəsib yapışdırmışdır; «torf bataqlığından» sözləri qəzetdə az rast gəlindiyindən onları tapa bilməmiş və əllə yazmışdır, özü də, görünür, xəttini dəyişdirmişdir. Bu adam kimliyini gizlətmək üçün əlindən gələni edir. Sözlər düz sıra ilə yapışdırılmamışdır; onlardan bəzisi sətirdən yuxarı çıxır. Bu isə məktubu yazan adamın səliqəsizliyini, ya bəlkə, onun həyəcanlı olduğunu, ya da tələsdiyini göstərir. Ser Henri, deyin görək: Londona gələndən bəri sizin başınıza başqa qeyri-adi bir hadisə gəlməyib ki?
– Xeyr, mister Holms, elə bir hadisə gəlməyib. Ancaq yox, bir dəqiqə… Mən ayaqqabımın bir tayını müəmmalı şəkildə itirmişəm.
Doktor Mortimer ucadan dedi:
– Əzizim, görünür, sizin ayaqqabınızı harasa qoyublar. Tapılar. Belə bir boş şeydən ötrü mister Holmsu niyə narahat edək!
– Yox, yox, – Holms etiraz etdi. – Məni hər bir xırda şey maraqlandırır. Deməli, sizin ayaqqabınızın bir tayı itib?
– Bəli, itib, bəlkə də, onu, doğrudan da, harasa qoyublar. Dünən axşam mən ayaqqabılarımı otaqdan çıxarıb bayıra qoydum, səhər durub gördüm ki, ayaqqabının bir tayı yoxdur. Bu ayaqqabını mən mağazadan yenicə almışdım, heç ayağıma da geyməmişdim. Açıq-qəhvəyi rəngdə ayaqqabı idi.
Şerlok Holms dedi:
– Əgər bu oğurluqdursa, çox mənasız oğurluqdur.
Ser Henri qəti bir ifadə ilə:
– Centlmenlər, – dedi, – indi siz gərək verdiyiniz sözü yerinə yetirəsiniz: məni başa salasınız görüm burada nələr baş verir.
Şerlok Holms bu fikrə şərik oldu:
– Doktor Mortimer, məncə, siz gərək olanları bizə danışdığınız kimi, ser Henriyə də danışasınız.
Alim dostumuz bu sözdən həvəslənərək əlyazmanı və qəzeti cibindən çıxarıb dünənki söhbətini eynən təkrar etdi. Ser Henri diqqətlə qulaq asırdı, arabir təəccüb ifadə olunan bir səslə doktorun sözünü kəsirdi.
Bu uzun hekayə qurtardıqdan sonra ser Henri dedi:
– Bəli də, mənə yaxşı irs düşüb! O itin barəsində mən hələ uşaqkən eşitmişəm. Bizim ailədə bu əfsanəni söyləməyi xoşlayardılar, halbuki hələ indiyə kimi mən buna heç bir əhəmiyyət verməmişəm. O ki qaldı əmimin ölməsi, mən heç bir şey anlaya bilmirəm. Məncə, heç siz özünüz də bilmirsiniz ki, bu məsələdə kimə müraciət etmək lazımdır: falçıya, yoxsa polis idarəsinə?
– Lap doğru deyirsiniz.
– Bir tərəfdən də mənim aldığım bu məktub! Görünür, bu da eyni hadisə ilə bağlıdır.
Doktor Mortimer dedi:
– Bəli, bu məktubdan belə görünür ki, kim isə torf bataqlıqlarında olan işləri bizdən çox-çox yaxşı bilir.
– Bu «kim isə», görünür, sizin tərəfinizi saxlayır, – dedi, – çünki o, təhlükə olduğunu sizə xəbər verir.
– Bəlkə də, əksinədir: məni qorxudub Baskervil-holdan uzaqlaşdırmaq kimin isə xeyrinədir.
– Bu da ola bilər. Ser Henri, indi gərək biz bir məsələni həll edək: siz Baskervil-holla gedə bilərsiniz, ya yox?
– Niyə də getməyim?
– Görünür, sizin ora getməyiniz təhlükəlidir.
– Hər nə olur-olsun, nə dəhşətli qüvvələr, nə də insan hiylələri məni burada saxlaya bilməz. Mən dədə-babadan qalma evimizə gedəcəyəm. Mister Holms, bilirsiniz nə var? İndi saat on ikinin yarısıdır, mən buradan birbaş mehmanxanaya gedirəm. Siz və sizin dostunuz Uotson saat ikidə nahara mənim yanıma gəlsəniz, minnətdar olaram. O vaxta qədər mən, hər halda, fikirləşib bir nəticəyə gələ bilərəm.
– Biz gələrik. Sizə keb çağırımmı?
– Yox, yaxşısı budur, mən doktor Mortimerlə gəzə-gəzə piyada gedim. Bu söhbətdən sonra bir az özümə gələrəm.
Biz onların pilləkənlə aşağı endiyini və bayır qapını bərkdən örtdüklərini eşitdik. Holms bir anda dəyişdi, xalatını çıxara-çıxara tez öz otağına getdi və iki-üç dəqiqədən sonra əynində pencək geri qayıtdı. Biz pilləkəndən enib küçəyə çıxdıq. Doktor Mortimerlə Baskervil bizdən iki yüz addım qabaqda görünürdülər. Onlar Oksford-stritə sarı gedirdilər.
Holms addımlarını yeyinlətdi. Qonaqlarla bizim aramızda olan məsafə get-gedə azalaraq yarıya endi. Biz bu məsafəni saxlayaraq onların ardınca gedirdik. Ser Henri ilə doktor Mortimer mağazalardan birinin qabağında dayanıb vitrinə baxmağa başladılar. Biz də ayaq saxladıq. Elə bu an Holms mənə işarə edib küçənin o biri tərəfində dayanan kebi göstərdi. Kebin içində kimsə vardı.
– Uotson, bizə bax o adam lazımdır! Onun üzünü görməliyik.
Elə bu anda kebin yan pəncərəsindən qarasaqqallı bir adam göründü. O bizi görən kimi çığıraraq sürücüyə nəsə dedi, sürücü də kebi küçə ilə sürətlə sürdü. Holms dönüb ətrafına baxdı ki, görsün boş ekipaj varmı, lakin ekipaj yox idi.
– Ax, məlun! – Acığından Holmsun rəngi ağarmışdı. – Gör bizimki necə gətirmədi! Uotson, siz o adamın üzünü gördünüzmü?
– Üzünü yox, saqqalını gördüm.
– Mən də… Çox güman ki, onun saqqalı qondarma saqqaldır.
Holms bu rayonun poçt kontorlarından birinə girdi; kontorun rəisi qollarını açaraq onu sevinclə qarşıladı.
– Hə, Vilson, mən görürəm ki, xırdaca işdə sizə necə kömək etdiyimi yadınızdan çıxarmamısınız!
– Ser, siz nə danışırsınız, bunu heç yaddan çıxartmaq olar?! Mən sizə öz təmiz adımla, hətta, bəlkə, həyatımla minnətdaram!
– Dostum, siz bunu şişirdirsiniz. Vilson, mənim yadımdadır, sizin yanınızda Kartrayq adlı bir oğlan vardı; zirək uşağa oxşayırdı.
– Bəli, ser, o, indi də yanımda işləyir.
Rəisin çağırışına on dörd yaşlı bir oğlan gəldi: onun üzündən cəldlik və ağıllılıq yağırdı. O gəlib bizim qabağımızda dayandı və Holmsa böyük bir hörmətlə baxmağa başladı.
– «Mehmanxanalar üzrə məlumat» kitabını mənə verin. Təşəkkür edirəm. Kartrayt, bura baxın: bax bu, Çerinq-kross rayonunda olan iyirmi üç mehmanxananın adıdır. Siz bu mehmanxanaların hamısını bir-bir gəzməlisiniz. Hər qapıçıya bir şillinq verərsiniz. Alın, bu da iyirmi üç şillinq. Deyərsiniz ki, mən dünən səbətlərdən atılan zibilə baxmaq istəyirəm. Səbəbini belə izah edərsiniz ki, çox mühüm bir teleqramı səhvən başqa bir ünvana veriblər, mənə əmr olunub, onu tapım. Başa düşdünüz?
– Bəli, ser, başa düşdüm.
– Amma əslində, siz «Tayms» qəzetinin bir neçə yerdən qayçı ilə kəsilmiş səhifəsini axtaracaqsınız. Bax «Tayms» qəzetinin həmin nömrəsi budur, bizə bax bu səhifə lazımdır. Axşamüstü, işin nə yerdə olması haqqında mənə, Beyker-stritə teleqram vurun… İndi isə, Uotson, biz gərək iki min yeddi yüz dörd nömrəli sürücünü tapaq. Ancaq əvvəlcə qonaqlarımızla görüşməliyik.
Comments are closed, but trackbacks and pingbacks are open.