Hməd Cavad – yeni poetik yolun başlanğıcı – Bədirxan ƏHMƏDLİ
Ərmağan yolla sən yara, bayrağım!
Professor Bədirxan Əhmədli: Asiya xalqlarının ədəbiyyatı dünya bədii düşüncəsində mühüm yer tutur
Sovet dövründə Asiya xalqları ədəbiyyatı ilə tanış olmaq imkanlarımız çox məhdud idi. Olsa-olsa bu xalqların yazarlarının mövcud rejimi tərənnüm edən şeirləri, bəzi yazıları tərcümə edilir, lakin bu təqdimatlar xalqların gerçək ədəbiyyatını əks etdirmirdi. Bütün bunlar Asiya xalqları ədəbiyyatının araşdırmadan kənarda qalmasını şərtləndirirdi. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2016-cı ildə akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin yaradılması bu işlərin yeni müstəvidə davam etməsinə imkan yaratdı. Şöbənin yaradılması ilə uzun illər unudulmuş Çin, Yaponiya, Hindistan, Koreya, Əfqanıstan, Pakistan, İndoneziya, Vyetnam, Monqolustan ədəbiyyatlarının araşdırılması üçün qapılar açıldı. Son vaxtlar müxtəlif mətbuat orqanlarında şöbə əməkdaşlarının müntəzəm olaraq Asiya ədəbiyyatı ilə bağlı məqalə və araşdırmalarını izləyirik. Artıq Azərbaycan oxucuları Asya xalqlarının ədəbiyyatı ilə tanış olmağa başlayıblar. Xalqlar arasında mədəniyyət missiyasını həyata keçirən şöbənin əməkdaşları hazırda hansı araşdırmalar üzərində çalışırlar? Bu xalqların ədəbiyyatı ilə bağlı dissertasiya mövzuları işlənilirmi?
AZƏRTAC bütün bunlarla bağlı Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədlinın qeydlərini təqdim edir.
Səksən beş yaşlı Ədəbiyyat İnstitutunda zaman-zaman dünya ədəbiyyatının istiqamətləri öyrənilib, dünya bədii fikrinin görkəmli nümayəndələrinin yaradıcılığı ilə bağlı elmi əsərlər yazılıb, dissertasiyalar müdafiə edilib. Lakin uzun müddət dünya ədəbiyyatı çətiri altında Avropa, Amerika ədəbiyyatı öyrənilib və tədqiq edilib. Nəticədə dünya ədəbiyyatının böyük bir hissəsi öyrənilməyib, ali məktəblərdə belə dərsliklərə salınmayıb. Halbuki dünya ədəbiyyatında Asiya xalqlarının ədəbiyyatı önəmli yerlərdən birini tutur. Həm tarixi keçmişi, həm də sənətkarlıq baxımından Asiya xalqlarının ədəbiyyatı dünya bədii xəzinəsini mövzu, problematika, obrazlar, xarakterlər, bədii kompozisiya orijinallığı və s. cəhətdən zənginləşdirib. Təkcə onu demək lazımdır ki, hind şairi, dramaturq və nasiri Rabindranat Taqor Asiya xalqları arasında ilk Nobel mükafatı alanlardandır. Digər Asiya xalqları içərisində də bədii düşüncənin zirvəsini fəth edən şairlər, yazıçılar, dramaturqlar az deyil. Bütün bunlar Asiya xalqlarının ədəbiyyatının dünya bədii düşüncəsində mühüm yer tutduğunu göstərir.
İnstitutda Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin yaradılması Asiya xalqlarının ədəbiyyatını öyrənmək məqsədi daşıyır. Bu, həmin xalqların ədəbiyyatını öyrənməklə yanaşı, Azərbaycan ədəbiyyatını, mədəniyyətini də ədəbi əlaqələr kontekstində təbliğ etmək deməkdir. Doğrudur, bu xalqların ədəbiyyatını öyrənmək üçün müəyyən zaman lazımdır, lakin artıq bunun əsası qoyulub, milli ədəbiyyatşünaslığımızda yeni bir tədqiqat istiqaməti açılıb. Artıq şöbədə Asiya ədəbiyyatı üzrə araşdırmalar aparılır. Tədqiqatlara iki problem – “Asiya xalqları ədəbiyyatı və ədəbi əlaqələr”, “Asiya xalqları ədəbiyyatı: mərhələləri, problemləri, şəxsiyyətləri” və iki mövzu – “Asiya xalqları ədəbiyyatının inkişaf meyilləri”, “Azərbaycan-Asiya ədəbi əlaqələri” daxildir. Araşdırmalarımız həm Asiya xalqları ədəbiyyatının problemlərinə və mərhələlərinə, həm də ayrı-ayrı şəxsiyyətlərinin yaradıcılığına həsr olunub. Üzərində işlədiyim hind və benqal ədəbiyyatının görkəmli nümayəndəsi Rabindranat Taqorun həyat və yaradıcılığı ilə bağlı monoqrafiya bu il tamamlanacaq. Onun əsərləri haqqında bir neçə məqalə dərc etdirmişəm. Tədqiqat işləri ilə əlaqədar məqalələrimiz xaricdə nüfuzlu elmi dərgilərdə çap edilir. Bir neçə il əvvəl Hindistanın Quvahatı Universitetində təşkil olunmuş beynəlxalq konfransda məruzə ilə çıxış etmişəm. Filologiya üzrə elmlər doktoru Bəsirə Əzizəliyeva fərdi iş planına uyğun olaraq Pakistan mütəfəkkiri Məhəmməd İqbalın həyat və yaradıcılığı haqqında monoqrafiyanı tamamlamaq üzrədir. Tədqiqatçı “Məhəmməd İqbalın “Cavidnamə” əsərində türk, islam və Qərb görüşləri” mövzusunda məruzə ilə Türkiyədə beynəlxalq konfransda çıxış edib. Onun “M.İqbal və türklər” məqaləsi isə “Ədəbiyyat qəzeti”ndə dərc olunub. Elmi işçilər Gülnar Yunusova “Azərbaycan-yapon ədəbi əlaqələri”, Leyla Həsənzadə “Azərbaycan-Koreya ədəbi əlaqələri”, Leyla Ramazanlı İndoneziya yazıçısı “Ananta Turun yaradıcılığı”, Lamiyə Nəsirova “Azərbaycan-Monqolustan ədəbi əlaqələri”, Nərgiz Kərimova “Azərbaycan-Çin ədəbi əlaqələri”, Sübhan Məmmədov “Azərbaycan-Malay ədəbi əlaqələri”, Sevda Məmmədova “Azərbaycan-Vyetnam ədəbi əlaqələri” mövzularında tədqiqat üzərində işləyirlər. Şöbədə “Azərbaycan ədəbiyyatında Çin (şeirlər, hekayələr)” mövzusu ilə bağlı toplama işləri başa çatıb, hazırladığımız kitab çapa hazırdır.
Artıq şöbədə Asiya xalqları ədəbiyyatının müxtəlif problemləri ilə bağlı dissertasiya mövzuları da işlənilir. Belə ki, filologiya üzrə fəlsəfə doktoru Şəhla Qurbanova “Azərbaycan-hind ədəbi əlaqələri” mövzusunda elmlər doktorluğu, Gülnar Yunusova “Haruki Murakaminin yaradıcılığında postmodernizm”, Nərgiz Kərimova “Azərbaycan ədəbiyyatında Çin mənşəli arxetip və obrazlar” mövzuları üzrə fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyirlər.
Biz hər il həmin xalqların ədəbiyyatı ilə bağlı müxtəlif konfranslar və seminarlar da keçiririk. Həmin tədbirlərə əlaqəli ölkələrin səfirləri və mədəniyyət attaşeləri dəvət olunur. Asiya xalqlarının ədəbiyyatı ilə bağlı müxtəlif ölkələrdə elmi məruzələr edilir. “Azərbaycan ədəbiyyatında Çin mövzusu”, “Rabindranat Taqor Azərbaycan ədəbi mühitində”, “Məhəmməd İqbalın yaradıcılığı”, “Yapon ədəbiyyatının görkəmli nümayəndəsi Haruki Murakaminin həyatı və dövrü” mövzularında Çin, Hindistan, Pakistan və başqa ölkələrdə məruzələr edilib. Hind ədəbiyyatı, İndoneziya ədəbiyyatı, yapon ədəbiyyatı ilə bağlı konfranslarımız olub.
Şöbənin yaradılmasında məqsəd təkcə araşdırma aparmaqdan ibarət deyil, həm də xalqlararası mədəni missiyanı həyata keçirməkdir. Bu istiqamətdə də şöbədə müəyyən işlər görülür. Müvafiq ölkələrin səfirlikləri ilə əlaqə saxlanılır, onların müxtəlif bayramlarında, tədbirlərində iştirak edirik. Hind mütəfəkkiri Rabindranat Taqorun anadan olması ilə əlaqədar bu ölkənin səfirliyinin Bilik Fondu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil etdiyi tədbirdə məruzə söyləmişəm. Hindistanın, Çinin, İndoneziyanın müstəqillik günlərində səfirliyin keçirdiyi tədbirlərdə şöbə əməkdaşları da iştirak ediblər. Bütün bunlar həmin ölkələrin ədəbiyyatını araşdırmaqla yanaşı, Azərbaycan ədəbiyyatını və mədəniyyətini yaymağı şərtləndirir. Bu istiqamətdə müəyyən işlər görülüb, ayrı-ayrı ölkələrin müxtəlif təşkilatları ilə əməkdaşlıq müqaviləsi imzalanıb. 2015-ci ildə institutun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsünə əsasən Çinin Konfutsi İnstitutu arasında elmi-ədəbi əlaqələrin inkişafı ilə bağlı müqavilə imzalanıb. Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzi yaratmaqda əsas məqsəd qədim İpək Yolunda mədəniyyətin, ədəbiyyatın yenidən bərpası, qarşılıqlı tədqiqatların aparılması, birgə konfransların keçirilməsi olub. Mərkəzdə Çin dili tədris olunur. Hazırda həmin mərkəzdə institut əməkdaşlarından dörd nəfər Çin dilini öyrənir. Bu yaxınlarda isə şöbənin nəzdində Çin Tədqiqatları Mərkəzi yaradılıb. Xatırladım ki, 2017-ci ilin iyununda Çin İctimai Elmlər Akademiyasının Etnik Ədəbiyyatlar İnstitutunun professoru Huanq Zhongxianq institutumuzda birhəftəlik elmi ezamiyyətdə oldu. O, şöbəmizdə “Çində etnik ədəbiyyatların tədqiqi” mövzusunda məruzə oxuyub. 2017-ci ilin oktyabrında Bakıda keçirilən Azərbaycan-Çin birgə konfransında “Qədim Azərbaycan ədəbiyyatında Çin motivləri” mövzusunda məruzə ilə çıxış etdim.
Pekində 2017-ci ildə keçirilmiş “Dəyişən dünya kontekstində Çinin inkişafı” adlı beynəlxalq konfransda akademik İsa Həbibbəyli və mən məruzə etdik. Çin İctimai Elmlər Akademiyasının təşkil etdiyi bu tədbir dünyanın müxtəlif ölkələrində Çin tədqiqatlar mərkəzlərinin yaradılması üçün müəyyən hazırlıq məqsədi daşıyırdı.
Şöbənin yaradılması ilə əsası qoyulmuş bu ədəbi-mədəni əlaqələr artıq öz bəhrəsini verməkdədir. Çin İctimai Elmlər Akademiyasında da Azərbaycanşünaslıq Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub. 2017-ci ildə “Kitabi-Dədə Qorqud” dastanı Çin Minzu Dillər Universiteti tərəfindən çap edilib. Dastanın başqa xalqların dillərinə tərcüməsinə Çinin də qoşulması abidənin yeni bir arenada tanınması deməkdir. “Kitabi-Dədə Qorqud”un Çin nəşrini sadəcə tərcümə adlandırmaq çətindir. Bu nəşri, həmçinin dastanın elmi-tənqidi mətni hesab etmək olar. Çünki dastanın tərcüməsi zamanı böyük və zəhmətli elmi-tənqidi mətn işi görülüb. Bu, kitabın nəşrinin əhəmiyyətini olduqca artırır.
Əhməd Cavad – yeni poetik yolun başlanğıcı – Bədirxan ƏHMƏDLİ
Əhməd Cavadın yaradıcılığa başlamasının üzərindən yüz ildən çox bir zaman keçir; lakin bu zamanın cəmi əlli ilə yaxın bir dövründə onun yaradıcılığı araşdırma obyekti olub. Geridə qalan zamanda şairin yaradıcılığını iki mərhələyə bölmək olar; şairin sağlığında yaradıcılığına siyasi proseslər kontekstində qiymət verilmiş və otuz illik bir dövrdə əsərlərinin nəşri qadağan olunmuş və yalnız bəraət aldıqdan çox sonralar ədəbi, elmi dövriyyəyə daxil olub. İndiyədək Əhməd Cavad yaradıcılığı müxtəlif aspektlərdən tədqiq edib və müəyyən elmi qənaətlərə gəlinib. Lakin şairin repressiya olunması onun yaradıcılığının yeni mərhələdə tədqiqinə mane olur. Onun əsərləri sovet dövründə olduğu kimi, indi də siyasi gözlüklə oxunduğundan bədii dəyərinə çox az fikir verilir. Nəticədə Əhməd Cavadın ədəbiyyat tarixindəki yeri və mövqeyi düzgün müəyyənləşdirilməmiş qalır, yaradıcılığı dərininə deyil, eninə araşdırılır. Yazılan tədqiqatların əksəriyyətində şairin həyatı, taleyi, şəxsiyyəti və repressiyası önə çəkildiyindən yaradıcılığının konseptual problemlər və bədii dəyəri onun kölgəsində qalır.
Əhməd Cavadın ədəbiyyat tariximizdəki yeri və mövqeyini iki ən böyük faktor bəlirləyir:
1. Azərbaycan poeziyasının millilik, məzmun və mövzu baxımından dəyişilməsi.
2. Azərbaycan şeirinin forma, poetik struktur, dil-üslub baxımından yenilənməsi və yeni ənənə yaratması.
Ədəbi düşüncədə Cümhuriyyət və istiqlal dediyimiz zaman öncə yada Əhməd Cavad düşür; bu birmənalı şəkildə belədir. Lakin Ə.Cavadın ədəbiyyatdakı xidmətləri bununla məhdudlaşmır, bu, üzdə olan faktordur, onu bu ideyaya gətirən və bağlayan amilləri ortaya çıxarmaq lazım gəlir. Əhməd Cavad yeni bir poetik ənənənin əsasını qoymuşdur; bu ənənə əvvəldə göstərdiyimiz hər iki istiqamətdə baş vermişdir. Birinci istiqamətdə şair Azərbaycan şeirinin mövzu və problematikasını mümkün olduğu qədər dəyişmişdir. Burada Ə.Cavad iki qaynaqdan yararlanr; Azərbaycan xalq şeiri və bayatılardan, ikincisi, türk şairi Məmməd Əmin Yurdaquldan.
Ə.Cavad yaradıcılığının ilk illərində klassik formalardan istifadə edir, ilk poetik nümunələrini əruzda ifadə etməyə çalışır. Bu dövrdə yazdığı rübailərində klassik formada yeni fikir deməyə çalışsa da, dil-üslub xüsusiyyətləri baxımından sələflərini təkrar edir. Onun xitab ünvanı da çağdaşlıqdan daha çox keçmişədir. Təsvir olunanın yaşadığı həyatla əlaqəsi yoxdur:
Saqiyə, rəhm qılıb badə gətir, nuş edəlim!
Pişi-çeşmi rüqabə yari-dər aquş edəlim!
Badə içmək bana əlzəm, sana qurban, ey Məhrəm,
Söhbəti-yar ilə əğyarı fərəmuş edəlim!
(Cavad, 2005, s. 16).
Burada şairin dil və üslubu müasirləri M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət və b. dilindən belə seçilmir, bəlkə də onlardan daha çox ərəb-fars sözləri ilə yüklənir. “Mərhəmət etsən əgər varmı qüsuri bir gör,//Xaliqin əmr eyləyib bən deyürəm rəhm eylə!”,-beyti ilə başlayan qəzəlində yenə də klassik ədəbi ənənə davam etdirilir. Şairin hələ ilk qələm yaradıcılığı bu şəkildə başlamışdır. Görünür, şair mövcud klassik ədəbiyyatın təsirindən qurtula bilməmişdir. Lakin Gəncədəki milli ruh, ətrafında baş verən ictimai-siyasi hadisələr tezliklə gənc şairin yaradıcılığına təsirsiz qalmır. “Difai” təşkilatının burada yaranması, Türkiyədə təhsil alan Abdulla Surla tanışlığı, Qafqazda baş verən ictimai-siyasi hadisələr onun mövzu seçimi kimi, dil və üslubunu dəyişir. Şair real olmayan klassik bədii obrazlara deyil, çağdaş həyatı yazmağa başlayır. “Gəldim Gəncəyə”(1908) şeirində özünün bu şəhərə gəlişinin poetik təsvirini verir:
Gəldim Gəncəyə at ilində.
Qalxdım Dilbozun tərkinə mən,
Keçdim düzlərdən, boz çöllərdən;
Qotazlı atı sürdüm də gəldim,
Gəncəyə könül verdim də gəldim!
(Cavad, 2005, s. 13).
Burada şair heç bir hazır bədii formadan istifadə etmir, özü yeni bir poetik forma yaradır, qüsurlu olsa da özünü ifadə edir. Bu dövrdə Ə.Cavad bir neçə bayatı, sayaçı sözləri yazır. Hətta bayatıların özündə belə fikrini ifadə etmək üçün heca pozuntusuna yol verməkdən çəkinmir, bəzi misraların hecası 8 və ya 9 olurdu. Bu xüsusiyyət onun sonrakı şeirlərində də görünür. Bu dövrdə yazdığı bir çox xalq üslublu şeirlərində də bu cür sərbəst hərəkət edir. Şair bu şeirlərində formaya əsir olmur, fikrin ifadəsinə diqqət yetirir. Bu şeirlər ahəng etibarilə yenidir, axıcıdır, misralar içərisində daxili alliterasiya xüsusi yer tutur. Ən əsası isə ümimi mövzulardan yazmır, subyektiv hisslərini ifadə etməyə çalışır. “Yuxuma gəlmişdin”, “Sevgi candan ayrılmaz”, “Olmaz”, “Səhər-səhər” və s. şeirlərində aşıq şeir şəkillərinə müraciət etdiyi kimi, dil və üslubu da dəyişir, mümkün olduğu qədər fars-ərəb tərkiblərindən qaçır. Tədqiqatçı Qulam Məmmədli şairin dilindəki bu sadəliyi nəzərdə tutaraq yazırdı: “Necə ola bilər ki, onunla bir vaxtda yazıb-yaradan şairlər qəzəlçiliyə, klassik ədəbiyyat ruhunda yazmağa meyil etsinlər, o isə ilham mənbəyini dilimizin qaynaqlarından alsın”.
Ə.Cavadın çap olunan ilk poetik təcrübələrindən biri Abdulla Surun vəfatına həsr olunan “Mirzə Abdulla (Sur) Məmmədzadə” şeiridir. Bu şeir Gəncədə Ə.Cavadın da müəllimi olan H.Cavidin məqaləsində yer almışdır (“İqbal”, 1912). H.Cavidin bu şeir haqqında “Gənc və nəcib şairimiz Cavad əfəndi həzin və ahəngdar bir tövr ilə yazmış olduğu gözəl və yanıqlı şeirini söyləməyə başladı”, – qeydi müəlliminin onun haqqında çox ciddi fikirdə olduğunu təsdiq edir. Lakin bizim diqqətimzii çəkən şeirin formasıdır:
Allah belə qəbul etməz oldu bizim qurbanı,
Bizi o gün boğuyordu azğınlığın tufanı;
Quran nədir? Anlamazdıq.
Vətən nədir? Bilməzdik.
Qarşımızda yetimlərin göz yaşını silməzdik.
Ağlanacaq bir hal idi, kəndimiz də görürdük,
Dilimizin, dinimizin getməsinə gülürdük
Əhməd Cavadın şeirin formasındakı, dil və üslubundakı yeniliklər ilk dəfə Xalid Xürrəm Səbribəyzadənin etirazı ilə qarşılanır. Onun ironiya ilə “Altun qələm” adı verdiyi məqaləsində şairin “Müdhiş düşüncələrim” şeiri kəskin tənqid edilir. Ə.Cavad bu şeirində yaşadığı siyasi, mənəvi reallıqlara münasibət bildirərək “Şeirim qığılcım saçaydı”,-deyə bir qədər də birbaşa etirazını bildirirdi. Şeir X.Səbribəyzadənin redaktoru olduğu “Şəlalə” jurnalında dərc edilmişdi:
Şimşəklərin qarşısına çıxardım,
Mən ölümlə pəncələşər, durardım,
Donmuş bir lav biçşimində olardım,
Daş ürəkli insanları bir addım,
Buraxmadan cəhənnəmlik edərdim
X.Səbribəyzadəni narazı salan şeirin forması, misraları, sözləri, ifadə vasitələri, qafiyə sistemi idi. X.Səbribəyzadə Ə.Cavadın bu şeirini söz, misra, beyt, ifadə vasitələri və mövzu baxımından indiyədək rast gəlinmədiyi üçün tənqid edərək fikrini belə tamamlayırdı: “Mənzumənizdə mütərdid bir qafiyə yürüşməmiş və bir vəzni təqib etməmişsiniz. “Üsul-tənqit”ə rəayətiniz isə bəzi yerlərdə rəayətsizlik dərəcəsini bulmuş. Hasili (müdhiş düşüncələr)inizdəki imladə, qaidə də, vəzn də, qafiyə də eynilə məna kimi müdhiş. “. X.Səbribəyzadə ilk dəfə idi ki, belə bir poetik forma ilə qarşılaşırdı, ona görə də bu yeni poetik mətnə klassik ədəbiyyat baxımından təhlil etməyə çalışır və səhv nəticə çıxarırdı. Ə.Cavad X.Səbribəyzadəyə “İqbal” qəzetində cavab verir. Olduqca böyük olan bu cavabdan aydın olur ki, Ə.Cavad mövcud türk ədəbiyyatını yaxşı bilir və getdiyi poetik yolun və formanın yeni olmasının fərqindədir. X.Səbribəyzadənin bütün iradlarına cavab verən şair yazır: “Bizim “müdhiş düşüncələr” sizə o qədər “müdhiş” görünmüş ki, sizi “ədəbi bir isitməyə” mübtəla etmiş, saçmalar söylətmiş, qəbahət bundadır. Hasili. Siz bunun mənasilə “Dil aristokratı”, bir “mühafizəkar”sınız. Arxanızı dayadığınız divar uçuqdur. Xidmət etmək istədiyiniz dili bərbad etməkdən bir şey çıxmaz.
Üzünüzü yenilik qibləsinə çevirməyinizi tövsiyə edirəm (Cavad, 1913).
Beləliklə, hər iki məqalədən aydın olur ki, burada mübahisə yeniliklə köhnəlik arasında gedir. X.Səbribəyzadə köhnəliyi, Ə.Cavad isə yeniliyi təmsil edir. Ə.Cavadın özünü müdafiə etdiyi məqaləsindən görünür ki, ilk şeirlərinin formasında, dil və üslubunda, bədii ifadə vasitələrində etdiyi bi yeniliklər şüurlu şəkildə edilir və yeni bir ənənə yaratmaq yolunda ilk addımlarını atır. Ə.Cavad şeirin dilini dəyişməyə çalışırdı. Elə bu ərəfədə yazdığı “Dilimiz” şerində də buna toxunur:
Baxaq dilimizə, nələr görünür?
Oxuyub anlamaq yazmaqdan gücdür.
Gün oldu şairlər göyə çıxdılar,
Bu yazıq millətə ordan baxdılar.
“Od” etmədi, yağdı “atəş” başına,
“Siyah” qondardılar “qara” başına.
Alınır “dil”ləri, “zəban” verilir,
İsmarlanıb “baran”, “yağmur” kəsilir.
I Dünya müharibəsinin başlanması ilə Əhməd Cavadın yaradıcılığındakı forma dəyişikliyinə onun məzmun dəyişikliyi də əlavə olunur. Onun “Cəmiyyəti-xeyriyyə” vasitəsilə Türkiyədə gedən hərbi proseslərdə iştirakı, yaralı və əsirlərə, yetim və dul qadınlara köməkliyi yaradıcılığında da əks olunur. “Dan ulduzu”, “Qafqazlısan, sev Qafqazı”, “Nədən yarandın”, “Şeirim”, “İmdad”, “Sən”, “Ümidimə”, “Heyhat. ” və s. şeirlərində ətrafında baş verən proseslərə poetik münasibətini bildirirdi. Demək lazımdır ki, Türklük və Turançılıq “Füyuzat”da qısa bir zaman kəsiyində epizodik şəkildə ədəbiyyatın problematikasına çevrilsə də, sonra yaddan çıxdı; bir də yalnız Əhməd Cavadın yaradıcılığı ilə yenidən ədəbi dövriyyəyə daxil oldu. “Şeirim”də şair Türklük və Turançılığın yeni proqramını bəlirləyir:
Şeirim sınıq bir türk sazı, ağlaradarq tellərini,
Adaq-adaq gəzmək istər könlüm Turan ellərini!
Ben bir Turan yolsçusuyam,
əlimdə bir sönük məşal,
Aman, şeirim, himmət eylə,
aman, təbim, bir qanad çal!
Açın qəlbim qubarını, baxın, nədir baş yazısı,
Əvvəl Allah göndərəndir,
sonra Türkün bayatısı!
Turan öylə bir müqəddəs Kəbədir ki, hər bir daşı
Kölgəsində düşər yerə Türkün əyilməyən başı!
(Cavad, 2005, s. 113).
Əhməd Cavadın poeziyasının forma və məzmun cəhətdən dəyişməsinin bir qaynağı müasir həyat hadisələri idisə (bu milli hərəkat dövrünün xüsusiyyətlərindən biri idi!), digəri türk şeirinin görkəmli nümayəndəsi Məmməd Əmin Yurdaqulun (1869-1944) yaradıcılığı idi. Azərbaycan ədəbiyyatının milli və heca yönündə inkişafının açarı da məhz M.Ə.Yurdqul yaradıcılığındadır. XX əsrin əvvəlləri milli hərəkat dövrünün ideyaverici və formayaradıcı amillərindən biri bu görkəmli türk şairinin şeirləridir. Bunu ilk dəfə müşahidə edən professor Şamil Qurbanov yazırdı: “Birinci dünya müharibəsi ərəfəsində və gedişində son dərəcə təmiz şeir dilinə, coşğun ilhama malik olan istedadlı cavan bir şair poeziyamızın fəzalarında pərvaz etməyə başladı. Bu Əhməd Cavad idi. Onun dağ çayı kimi coşqun, şimşək kimi parlaq, su kimi saf şeiri şahə qalxmış dalğa kimi çırpınır, məcrasına sığmır, bəzən qəmli, bəzən fərəhli, bəzən də müəmmalı, sirli-soraqlı nəğmələr oxuyurdu”. Şamil Qurbanovun son dərəcə obrazlı şəkildə ifadə etdiyi bu fikirdə Ə.Cavadın ədəbiyyat tarixindəki yeri və mövqeyi dəqiqliklə olunur. Onun poeziyası, hər şeydən öncə, forması, ahəngi, intonasiyası, mövzu və məzmunu baxımından yeni poetik yolun başlanğıcı idi. Başqa sözlə, M.Ə.Yurdaqulun Türkiyə ədəbiyyatı üçün etdiyini Ə.Cavad Azərbaycan ədəbiyyatı üçün etmişdir.
Məlumdur ki, M.Ə.Yurdaqul 1993-cü ildə dərc etdirdiyi “Türkcə şeirlər” kitabı ilə yalnız türk şeirinin dilini və intonasiyasını dəyişməmiş, həm də mövzu və problematikasını əsaslı şəkildə dəyişir. “Türkcə şeirlər” kitabında M.Ə.Yurdaqul yeni poetik vətən anlayışını yaratdığı kimi, indiyədək mövcud olmuş coğrafi vətəndən fərqli yeni bir vətən sınırını da cızmış olur. Bu vətən anlayışının əsasını Turançılıq təşkil edir. M.Ə.Yurdaqul “Ey türk, oyan” şeirində üzünü bütün türk dünyasına tutur, çuvaşı, azərisi, sartı, kalmıkı, fini və başqa türk tayfalarının eyni qandan yoğrulduğunu dilə gətirirdi:
Milyonlarca o esir, o ateşli kalplerin
Hepsi ütrklük aşkıyla tek kalp kimi çarpacak.
Yüz milyon türk, eski, yeni Türküstan,
Bütün dünya ve istikbal hep senin.
M.Ə.Yurdaqulun şeirlərinin həm dil sadəliyi, həm türk toplumuna müraciəti, həm də “islam birliyi”nin baş memarı isə Cəmaləddin Əfqani idi. XIX yüzilin 90-cı illərində Cəmaləddin Əfqani ilə M.Ə.Yurdaqul arasındakı münasibətlər ikincinin yaradıcılığında qabarıq şəkildə üzə çıxmış və təkcə Türkiyə ilə məhdudlaşmamış, Azərbaycan ədəbiyyatına da öz etkisini göstərmişdir. XX yüzilin əvvəllərində şairin “Anadoludan bir səs, yaxud cəngə gedərkən” şeiri həm Türkiyədə, həm də Azərbaycanda olduqca məşhur idi. Yunan müharibəsi zamanı böyük qəhrəmanlıq göstərən şairin bu şeiri ideya, forma, məzmun, ifadə vasitələri baxımından böyük bir çevriliş idi:
Ben bir türküm, dinim , cinsim uludur:
Sinem, özüm ateş ile doludur:
İnsan olan vatanımın kuludur,
Türk evladı evde durmaz, giderim.
Mühammedin kitabını kaldırtmam,
Osmancığın bayrağını aldırtmam,
Düşmanımı vatanıma saldırtmam.
Tanrı evi viran olmaz, giderim.
M.Ə.Yurdaqulun sadə dillə yazılmış marş üslublu şeirləri milli ruhu ifadə edirdi. 1908-ci ildə Gəncədə Rza Zaki tərəfindən nəşr edilmiş “Mənzumeyi-hicarn” adlı kitabında yer alan bu şeirdən ola bilməz ki, Əhməd Cavadın xəbəri olmamış olsun. Bununla bağlı professor Hüseyn Həşimli belə bir qənaətə gəlir: “Rza Zaki bu kitaba kendi şiirleri ile birlikte aralarında M.E.Yurdakulun “Anadoludan Bir Ses Yahut Cenge Giderken” şiirinin de bulunduğu, bazi milli ruhlu şairlərin çeşitli eserlerini de eklemiştir”.1909-cu ildə həmin şeiri Əli bəy Hüseynzadə “Türklük, əsgərlik və İstanbulda” yazısında Azərbaycanda ikinci dəfə iki bəndini nəşr edir. Ə.Hüseynzadə bu şeir haqqında “bu savaş türküsü türkün ruhundan, ruhunun ən dərin köşəsindən xəbər verir” qənaətinə gəlirdi. Özünün satirik şeirlərində türk şairlərinə sıx-sıx müraciət edən M.Ə.Sabir də bu məşhur şeirə münasibət bildirir. H.Cavid dörd pərdəli “Maral” pyesində Bayramın dili ilə “Mən bir türkəm, dinim, cinsim uludur,//Sinəm, özüm atəş ilə doludur,//Doludur, doludur//Dur, Dur, dur. “,-deyir.
Bütün bunlar onu təsdiq edir ki, Gəncədə də milli ruh olduqca güclü idi. “Difai” təşkilatının burada yaradılması bu mühitin ən böyük hadisələrindən idi. Gəncə klassik kişi gimnaziyasının bir çox müdavimləri də bu mühitin mlli yöndə formalaşmasında əsas rol oynayır. Nəsib bəy Yusifbəyli, Nağı bəy Şeyxzamanlı, Məmməd bəy Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov, Fətəli xan Xoyski, Əmiraslan bəy Xoyski, Adil xan və İsmayıl xan Ziyadxanlı qardaşları, Mirzə Məhəmməd Axundzadə, Həsən bəy Ağayev, Aslan bəy Səfikürdski və başqa onlarla Cümhuriyyət funksioneri bu mühitdən çıxmış və formalaşmışdır. Nəsib bəy Yusifbəylinin sədri olduğu “Tür ədəmi mərkəziyyət” partiyası da Gəncədə qurulmuşdu. Burada milli yöndə bir çox hərəkatlar baş vermişdi ki, bunlar Cümhuriyyətin qurulmasında önəmli rol oynamışdı. Görünür, buna görə Ə.Cavad 1929-cu ildə mühacirətdə dərc olunan şeirlərinə görə tənqid edilərkən yazdığı “İzah”ında gəncliyində milli mühitdə tərbiyə aldığını təsadüfi qeyd etmirdi: “Doğrudur, həm milli ehtirasların müvəqqəti də olsa üstün gəldiyi bir mühitdə böyüdüm, bu yolda təşviq edildim, irəli çəkildim, əməlli-başlı bir siyasi tərbiyə görə bilmədim. Milli şair olmağa çalışdım, bir çox milli parçalar yazdım”.
Ümumiyyətlə, bu dövrdə M.Ə.Yurdaqul yaradıcılığı Ə.Hamid, Namiq Kamal, M.Ə.Rəcaizadə, M.A.Ərsoy ilə yanaşı Azərbaycan ədəbi mətbuatının ən çox müraciət etdiyi türk şairlərindəndir. Bu barədə istnilən qədər faktlar var və bu ayrıca bir tədqiqatın mövzusudur. Ə.Cavad bu barədə özünün “Cavad” imzası ilə dərc etdirdiyi “Rövşən Əşrəf bəy” məqaləsində yazırdı: “Gənclər ordakı milli ədəbiyyat cərəyanına – QIZIL ALMAYA dörd gözlə baxmaqda millətə doğru atılan hər bir doğru addımı ürəkdən alqışlamaqdadır. Hələ tarın tellərinə sorunuz. İlk əvvəl sizə ALTUN DASTANDAN bəhs edəcəkdir. Əmin bəyi (Məmməd Əmin Yardaqul nəzərdə tutulur-B.Ə.) bilməyən bir məktəbli cocuq belə yoxdur”.
Beləliklə, XX yüzilin əvvəllərində M.Ə.Yurdaqulun şeirləri məktəb dərsliklərində çox yer almışdı və Azərbaycan ədəbiyyatına böyük təsiri var idi; onun davamçısı kimi Əhməd Cavadın adı çəkilirdi. M.Ə.Rəsulzadə bunu nəzərdə tutaraq yazırdı: “Azərbaycan gəncliyi saf və səmimi bir niyyətlə türk müəllimlərinin tələbəsi oldular. Çox keçmədi ki, Namik Kamal Məhəmməd Hadini, Əbdülhaq Hamid Hüseyn Cavidi, Məmməd Əmin də Əhməd Cavadı oğulluğa qəbul etdilər”. Aydındır ki, burada mənəvi oğulluqdan söhbət gedir və M.Ə.Rəsulzadə “Məmməd Əmin Cavadı oğulluğa qəbul etdi” dedikdə heç də özünü nəzərdə tutmurdu. Lakin bir çox tədqiqatçılar bundan yanlış nəticə çıxardılar. Ə.Cavadın tədqiqatçılarından biri Əli Saləddin M.Ə.Rəsulzadənin bu fikirlərini onun özünə aid edərək yazır: “Əhməd Cavadın əsərlərinin nəşr edilməsinə o zamanlar “Açıq söz” qəzetinin mühərriri Məmməd Əmin Rəsulzadə qayğı göstərirdi. Dünyada hər bir nəticənin bir səbəbi, hər səbəbin də bir nəticəsi olur”. Ə.Saləddin buradan çıxış edərək belə bir qənaətə gəlir: “Ona görə də Ə.Cavadın şeirlərinin daha çox “Açıq söz”də, eləcə də onunla yanaşı digər yerli qəzetlərdə tez-tezünməsi təsadüfi deyildi. Bunlara Məmməd Əmin hamilik edirdi”. Əslində isə, burada M.Ə.Rəsulzadə özündən deyil, türk şairi Məmməd Əmin Yurdaquldan bəhs edir və “oğulluğa qəbul etdilər” dedikdə türk şairlərinin poetik yolunu davam etdirdiklərini nəzərdə tuturdu.
M.Ə.Yurdaqulun şeirləri Cümhuriyyət dönəmində də müxtəlif mətbuat orqanlarında və məcmuələrdə (“Ordu marşları” və s.) geniş yer alır. Artıq bu dövrdə təkcə Ə.Cavad deyil, Əlabbas Müznib, Əli Yusif, Cəfər Cabbarlı, Əmin Abid, Zülfüqar bəy, Davud, Umgülsüm kimi şairlərin şeirlərində də milli ideya başlıca yer tuturdu.
Aydın məsələdir ki, Azərbaycan poeziyasında vətən, vətənçiliyin poetik düşüncəsi romantizm cərəyanı ilə qoyulur. Ə.Cavada qədər Abdulla Şaiq, Abbas Səhhət, Məhəmməd Hadi, Ə.Müznib kimi şairlərin yaradıcılığında bu mövzu romantik mövqedən tərənnüm olunurdu. Lakin Ə.Cavad yaradıcılığında bu mövzu milli formada tərənnümünü tapdı və cümhuriyyət dövründə yeni bir mərhələ təşkil etdi. Təkcə yeni bir mərhələ təşkil etmədi, həm də ümumən poeziyaya yeni bir istiqamət verdi. Şairin bu illərdə yazdığı “Bismillah”, “Röyasını görmüşdüm”, “Milli bayrağımıza”, “Ey əsgər”, “Bakı deyir ki: bir yıl əvvəl”, “İstanbul”, “Qalxa” və s. şeirləri məzmun, poetik ifadə vasitələri, məzmunca dəyişir, yeni obrazlar daxil olur. Onun bu şeirlərində azərbaycançılıq, türkçülük, turançılıq, islamçılıq yeni poetik düşüncədə ifadə olunur. Bu ideoloji formullar Ə.Cavad şeirində hiss olunmadan bir-birinə bağlı şəkildə təsvir edilir:
Türküstan elləri öpüb alnını,
Söyləyir dərdini sana, bayrağım!
Üç rəngin əksini quzğun dənizdən
Ərmağan yolla sən yara, bayrağım!
Gedərkən Turana, çıxdın qarşıma
Kölgən dövlət quşu, qondu başıma
İzin ver gözümdə axan yaşıma,
Dinlətsin dərdimi aha, bayrağım!
Ə.Cavad bu illərdə yazdığı şeirlərdə bütövlükdə Azərbaycanın obrazını yaradır; onun bayrağını, əsgərini, ordusunu tərənnüm edir, yaradıcılığında xalqçılıq, azadlıq, istiqlal, xalq, millət məfhumları önə çıxır. Azərbaycan şeiri Ə.Cavadın yaradıcılığında yeni bir funksionallıq qazanır, ritm, intonasiya, ahəng baxımından dəyişir və yeniləşir.
Yeni məzmun həm də yeni forma tələb edirdi. Ə.Cavadın şeirlərində məzmun yeniliyi forma yeniliyini də şərtləndirir. Bu şeirlərdə misralar vəzn və ritm pozğunluğuna səbəb olmur, yazılan şeirlərin heca ölçülərində vəhdət yaradır. Bu yenilik onun şeirlərinin fonetik quruluşunda, qafiyə sistemində, misraları təşkil edən bölgülərdə də özünü göstərir. Ə.Cavadın şeir dilinin yeniliyini onun qrammatik quruluşunda, fonetik xüsusiyyətlərində, canlı xalq dilinə yaxınlığında, ritm və melodiyasında axtarmaq lazım gəlir.
Əhməd Cavadın Azərbaycan poeziyası yolunda ən böyük xidməti dilin qrammatik quruluşuna uyğun olan poeziya, şeir dili meydana gətirməsində, ona qədər mövcud olan bu poetik yolu bir qədər də cilalamasındadır. Onun şeir dili xalq dilinə daha yaxın, onun arzu və istəklərini ifadə edən ahəngdar, cazibədar və yeni intonasiyalı ifadəsindədir. Onun şeirlərində dilin fonetik quruluşu poeziya dili ilə daha da yaxınlaşdı və genişləndi, emosionallıq qazandı, şeirə yeni bölgülər, şeir vahidləri gətirdi. Yəni Əhməd Cavad öz dövrünün novator poeziyasını yaratmış oldu. Dövrün novator poeziyası həm də gələcək poetik yolun ənənəsini qoymuş olur. Bu mənada, Əhməd Cavadın şeirləri xalq şeirindən gələn ənənəni yeni bir biçimdə formalaşdırdı. Sovet tənqidçilərinin Əhməd Cavadın davamçıları kimi daim Mikayıl Müşfiqi, Məmməd Rahimi və Almas İldırımı göstərmələri daha çox onların münasibətinin yaxınlıqlarından irəli gəlirdi. Əslində isə Əhməd Cavadın yeni dövrdə formalaşdırdığı bu poetik yolun davamçısı Səməd Vurğun olmuşdur. Başqa sözlə, qətiyyətlə demək olar ki, Səməd Vurğun ədəbi məktəbinin yaranmasında Əhməd Cavad yaradıcılığının mühüm rolu olmuşdur. Bütün bunlar Əhməd Cavad yaradıcılığının yeni istiqamətdə araşdırılmasını şərtləndirən amillərdəndir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Comments are closed, but trackbacks and pingbacks are open.