Press "Enter" to skip to content

Bədən dili ilə insan haqqında informasiya almaq olar

İnsanlar heç də həmişə düşündüyünü demirlər. Lakin bədən dili, jest və mimikalar insanın özündən asılı olmadan təbii hərəkət edir və danışanın, hətta susanın da həqiqi fikir və həmin an yaşadıqlarını büruzə verir. Belə ki, hər bir jestin və mimikanın öz mənası var və onların mənalarını bilənləri aldatmaq çox çətindir.

Bədən dili və natiqlik sənəti

23 oktaybr 2014-cü il tarixdə İsmayıllı Tarix Diyarşünaslıq Muzeyində “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin Sosial Fəallığını artıraq” adlı layihəsi çərçivəsində seminar keçirmişdir.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov gənclər arasında natiqlik qabiliyyətinin inkişaf etdirilməsi üçün belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmışdır.
Layihə koordinatoru İsmət Əmrahov İsmayıllı RİH-nə tədbirin təşkilatçılığına görə minnətdarlığını bildirmiş və layihənin mahiyyəti haqqında məlumat vermişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, təlimçi Radil Fətullayev yeniyetmə və gənclərdə sosial fobiyanın aradan qaldırılması, kütlə qarşısında nitq mədəniyyətinin formalaşması və düzgün ünsiyyət vasitələrindən, o cümlədən bədən dillərindən doğru istifadə edərək cəmiyyətdə öz laiqli yerlərini tutmaları haqqında ətraflı danışmış, gəncləri maraqlandıran suallara cavab vermişdir.
Sonda tədbir iştiraçılarına “Bədən Dili və Natiqlik Sənəti” adlı kitab hədiyyə edilmişdir.

Bədən dili ilə insan haqqında informasiya almaq olar

İnsanlar heç də həmişə düşündüyünü demirlər. Lakin bədən dili, jest və mimikalar insanın özündən asılı olmadan təbii hərəkət edir və danışanın, hətta susanın da həqiqi fikir və həmin an yaşadıqlarını büruzə verir. Belə ki, hər bir jestin və mimikanın öz mənası var və onların mənalarını bilənləri aldatmaq çox çətindir.

Ünsiyyət zamanı insan haqqına informasiyanın yalnız 7 faizini sözlərlə, 38 faizini danışanın səsi və intonasiyası ilə, 55 faizini isə bədən dili, jest və mimikalarla anlayırıq. Söhbət zamanı insan haqqında ilk təəssürat isə 40 saniyə ərzində formalaşır.

Psixoloq Aygün Ağayevanın sözlərinə görə, bir çox insanlarda ünsiyyət zamanı jest və mimikalar bilinmir. Lakin onları müşahidə etdikdə danışanın həqiqi hisslərini, həmin zaman əslində nə barədə düşündüyünü, onun narahatlıqlarını da bilmək olar. Məsələn, insan qəzəblənərkən və ya kiməsə nifrət hissi ilə yanaşarkən üzünü dartır, başını isə yuxarı qaldırır: “Fikir versəniz, qaşlardan biri yuxarı qalxsa da, biri aşağıda qalır. Gözlər aşağı baxır və daralır, ağız isə kip bağlanır. Qəzəblənən vaxt insanın burun dəlikləri də genişlənir. Sevindikə isə gözlər parıldayır və göz qırağında xırda qırışlar yaranır. Təəccüblənən insanın isə qaşları yuxarı qalxır və alında qırışlar görünür. Bu zaman gözlər iri açılır, ağız isə yumru forma alır”.

A.Ağayeva qeyd edib ki, ünsiyyət zamanı insanlar yalnız baxışlarla da danışa bilərlər: “Tam açılmış gözlər insanın cəld və fəal olmağını, yarı örtülmüş gözlər yorğun, passiv və ya laqeyd olmağını göstərir. Gözlərin qıyılması isə hiyləgərliyə, insanın pis niyyətli olmasına, pis fikirlərə işarə edir. Həmsöhbətinə düz baxış isə ona qarşı maraq və etibarı göstərir. Yandan, gözlərin ucu ilə baxmaq isə “sənə inanmıram” və ya “əhvalım pisdir” deməkdir”.

Başı aşağı halda yuxarıya doğru baxmaq isə aqressiyadan xəbər verir. Bu baxış aqressiyanın reallıqda da həmin an tətbiq olunacağını bildirir. Belini büküb aşağıdan baxan insanlar isə tabe olan, sözə qulaq asan olurlar. Yuxarıdan aşağıya baxmaq adəti isə lovğalığı, qarşıdakı insana olan pis münasibəti göstərir: “Baxışını qarşıdaki insandan qaçıran adamlar isə utancaq olur və özünə inanmırlar. Bəzən özünü günahkar hiss edənlər də bu cür baxır. Dodağının uclarının aşağıya enməsi isə insanın pessimistliyindən xəbər verir. Ağızın kənarlarının yuxarıya qalxması isə insanın şən və optimist olmağını göstərir”.

Dediyinə görə, insanın yalan danışmağını bilmək üçün onun mimika və jestlərinə nəzər salmaq vacibdir. Tək-tük adam tapılır ki, bunu bilir və düzgün istifadə edir: “Burnuna qeyri-iradi olaraq əl vuran, burnunu əli ilə sürtən insan yalan danışır. Yalan danışan zaman insan çənəsinə də toxuna və ya əli ilə burun və çənə nahiyələrini bağlamaq istəyər. Çox vaxt da yalan danışan və ya nəyisə gizlətmək istəyən insanlar özləri də ya baxışlarını qaçırmaq, ya da əllərini üzünə çəkmək hesabına gizlənmək istəyirlər”.

Psixoloqun sözlərinə görə, ünsiyyət zamanı həmsöhbətlər arasındakı məsafə də böyük rol oynayır: “Bir-birinə yaxın dayanan insanlar arasında məsafə çox azdır. Və əgər qarşıdakı insan sizə çox yaxın dayanırsa, deməli o, sizə qarşı rəğbət bəsləyir və ya sizə çox inanır. Bu məsafə isə təxminən 35-40 sm. olur. Adi ünsiyyət zamanı isə məsafə 50-125 sm.-ə yaxındır. Ünsiyyət zamanı aralarında bu məsafəni saxlayan adamlar adətən tanış, qonşu və ya iş yoldaşı ola bilər” deyən həmsöhbətimiz hesab edir ki, danışıq zamanı əllərin vəziyyəti də önəmlidir. Əgər müsahib və qollarını bir-birə toxundurmadan kənarlara qoyulmuş vəziyyətdə saxlayırsa, demək o, çox səmimidir və açıq danışmaq niyyətindədir. Bu zaman ovucların görünməsi və açıq vəziyyətdə saxlanılması da müsahibin sakit olduğunu və sizə inandığını göstərir. “Qolları çarpazlayıb dayanan adamlar isə müdafiə olunmaq istəyir. Onlar söhbət zamanı qarşısındakını özünə yaxın buraxmamaq üçün bunu edir. O, açıq və səmimi ünsiyyət istəmir, utanır və ya qarşıdakı insandan qorxur. Çarpazlanmış əllər insanın qorxu, həyacan, təhlükə hiss etdiyini də göstərir. Əllərin yumruq vəziyyətdə qalması isə onun qarşıdakı isana rəqib kimi yanaşmasını göstərir”.

Ünsiyyətdə əl və qollar qədər bədənin digər üzvlərinin də vəziyyətinin önəmli olduğunu deyən psixoloq bildirib ki, başını dik saxlayanlar özünə əmin, ünsiyyət etməyə hazır olan adamlardır. Başın hədsiz dərəcədə yuxarı qalxması isə insanın özündən razı, lovğa olduğunu göstərir. Başın yana əyilməsi insanın güzəştə getməyə hazır olduğundan xəbər verir: “Belə adamlar birinci olmaqdansa, tabe olmağı üstün tutur. Başın aşağıya sallanması isə insanın iradəsiz və zəif olduğuna işarədir”.

Əllərin beldə çarpazlanması utancaqlığa, insanın şübhələrlə yaşamasına, qətiyyətsiz olmasına işarə edir. Əllərin cibdə gizlədilməsi isə insanın qapalı, özünə qarşı inamsız olduğunu göstərir. Əllərini bir-birə sürtən insan isə həmin an müsbət hisslər keçirir və həyatından razıdır.

Çiyinlərini yuxarı qaldıran, belini isə bükən insanlar komplekslərdən əziyyət çəkirlər. Bu, qətiyyətsizliyə, zəifliyə də işarədir. Çiyinlərini qabağa tərəf bükən, bir növ çiyinləri ilə aypara forması yaradan, eyni zamanda da belini bükən insanlar bir qayda olaraq həyatdan küsmüş, dərd içində boğulan və intihara meylli insanlar olur. Çiyinlərini sərbəst hərəkət etdirən insanlar isə özlərinə əmin, sərbəst olurlar. Çiyinlərin arxaya istiqamətlənməsi, çox düz dayanmaq isə insanın enerjili olduğunu göstərir. Belə ki, döş qəfəsinin qabarıq şəkildə durması fəallığa və həyatsevərliyə, çökük halda saxlanılması isə passivliyə və bədbinliyə işarədir.

Ekspress.az

Comments are closed, but trackbacks and pingbacks are open.