Press "Enter" to skip to content

İqtisadi nəzəriyyənin inkişafının əsas mərhələləri

Tarix boyu toplanmış iqtisadi biliklərə yiyələnmədən iqtisadi şüuru formalaşdırmaq, inkişaf etdirmək və fəallaşdırmaq qeyri-mümkündür.

Azərbaycanın yeni iqtisadi rayonları – SİYAHI

Azərbaycanın yeni iqtisadi rayonları – SİYAHI Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü təsdiq edilib.

7 İyul , 2021 14:42

https://static.report.az/photo/da8b5bba-06d6-30fc-99d9-70f3328513e1.jpg

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. “Report” xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib: 1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri); 1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); 1.3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); 1.4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); 1.5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları); 1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); 1.7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları); 1.8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); 1.9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); 1.10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); 1.11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); 1.12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları); 1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); 1.14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

İqtisadi nəzəriyyənin inkişafının əsas mərhələləri

Tarix boyu toplanmış iqtisadi biliklərə yiyələnmədən iqtisadi şüuru formalaşdırmaq, inkişaf etdirmək və fəallaşdırmaq qeyri-mümkündür.

Qədim elmin ən yüksək nümunələrini antik yunanlar və romalılır yaratmışlar. Bir çox iqtisadi hadisələr: mübadilə, pul, qiymət, ticarət, mənfəət, borc faizi hələ qədim Misirdə, Babilistanda, Çində, Hindistanda. İranda məlum idi.

İqtisadi fikrin meydana gəlməsi ilk növbədə iqtisadiyyatın inkişafı ilə bağlı idi. Qədim dövrldərdə inkişaf etmiş iqtisadiyyat Şərq ölkələrində meydana gəlmişdir. İqtisadiyyatın əkinçilik, heyvandarlıq, sənətkarlıq, ticarət, suvarma sistemləri, şəhər mədəniyyəti də adı çəkilən ölkələrdə yüksək səviyyədə inkişaf etmişdi. İctimai əmək bölgüsü, əmtəə mübadiləsi və pul da qədim şərqdə meydana gəlmişdir. İqtisadiyyatın inkişafı iqtisadi fikirin də məhz Şərqdə meydana gəlməsinə səbəb olmuşdur. Qədim Şərq sivilizasiyası yunan və Avropa mədəniyyətlərinə , elmi fikrin inkişafına, elmi təlimlərin meydana gəlməsinə, o cümlədən də iqtisadi təlimin yaranmasına çox müsbət təsir göstərmişdir. Cəmiyyətin iqtisadi problemlərinin öyrənilməsi sahəsində yunan mütəfəkkirlərinin böyük xidmətləri olmuşdur. Quldarlıq cəmiyyətinin iqtisadi sisteminin, təsərrüfat fəaliyyətinin öyrənilməsində yunan filosofları Ksenofont, Platon və Aristotelin adı ilə bağlıdır, «İqtisadiyyat» («Ekonomiya») məfumunu da elmə onlar gətirmişdir.

Aristotel (b.e.ə. 364-322) və Platon (b.e.ə.428-348) iqtisadi həyata dair bilikləri sistemləşdirməyə səy göstərmişlər. Məhz Aristotel təsərrüfat fəaliyyəti ilə bağlı məsələləri öyrənməyə nail olur, iqtisadiyyatı xrematistikadan fərqləndirir. İlk dəfə olaraq iqtisadiyyatı ev təsərrüfatı haqqında elm, xrematistikanı isə ticarət, faiz əldə etməklə varlanmaq elmi adlandırır. O, dəyər, qiymət və pul haqqında nəzəriyyəni daha da inkişaf etdirir.

«Ekonomika» – «Ekonomiya» termini də yunan yazıcısı-tarixçisi Ksenofonta (b.e.ə.430-355) məxsusdur. «Eykonomiya»nın mənası isə ev təsərrüfatını idarə etmək, təşkil etmək bacarığı kimi izah olunur.

İqtisadi təlimin sistemli inkişafının sonrakı mərhələsi merkantilistlərin adı ilə bağlıdır. Merkantilizm (ital.merkante, ticarət, tacir) – iqtisadi nəzəriyyə məktəbi kimi İngiltərədə, Fransa və İtaliyada meydana gəlmişdir.

İctimai əmək bölgüsünün və mübadilənin inkişafı qapalı natural təsərrüfatın hüdudlarını aşmağa və iqtisadiyyatın müəyyən bir dövlətin hüdudları çərçivəsində vahid halda formalaşmasına gətirib çıxartdı. Bütün ölkənin xalq təsərrüfatı haqqında biliklərin yaradılmasına ehtiyac duyuldu.

1615-ci ildə Fransız iqtisadçısı Antuan de Monkretyen (1575-1621) özünün «Siyasi iqtisad traktatı»nı nəşr etdirir. Onun iddiasına görə istehsalın başlıca məqsədi ticarəti genişləndirməkdən ibarətdir. Monkretyen «Ekonomiya» adını «Siyasi iqtisad»la əvəz edir ki, elmin bu adı indiyə kimi saxlanılır. Elmin adındakı «politeya» sözü də qədim yunan mənşəlidir. O, «polis» (şəhər, dövlət) sözündən götürülmüş və geniş məna yükünə malikdir – dövlət təsərrüfatını, ictimai təsərrüfatı idarə etmək mədəniyyəti deməkdır. Bu dövrün siyasi iqtisadı empirik xarakterdə olub dövlətin istifadə edəcəyi faktları, tövsiyələri verirdi ki, bunlar da dövlətin və monarxların gəlirinin artmasına xidmət edirdi.

Merkantilistlər qızıl və gümüşü sərvətin əsas forması hesab edir, daxili və xarici ticarət vasitəsilə bu sərvətin artırılması yollarını göstərməyə çalışırdılar. Merkantilizm xarici ticarətdə dövlət tərəfindən himayəçilik siyasətinin həyata keçirilməsini tövsiyə edirdi. Dövlət öz iqtisadi siyasəti ilə daxili və xarici ticarətin genişlənməsinə, daxili bazarın xarici müdaxilədən qorunmasına yönəldilmiş tədbirlər həyata keçirməli idi. Hansı ölkədə olmasından asılı olmayaraq bütün merkantilistlər dövlətin iqtisadi proseslərə fəal müdaxiləsinə tərəfdar idilər.

Merkantilizmin görkəmli nümayəndələri: İngiltərədə Tomas Man (1571-1641), Fransada A.Monkretyen (1575-1621), Jan Batista Kolber (1619-1683), Rusiyada İvan Pasaşkov (1652-1726) və b. hesab olunur.

İqtisadiyyatda hökmran mövqelərin ticarət kapitalından sənaye kapitalına keçməsilə merkantilizm dövrü də başa çatır. İstehsalın sənaye inkişaf mərhələsinə keçidlə bağlı olaraq klassik siyasi iqtisad meydana gəlir və siyasi iqtisadın inkişafı üçün zəmin yaranır.

Əvvəlcə klassik iqtisad məktəbinin daxilində spesifik cərəyan hesab olunan fiziokratlar məktəbi meydana gəlmişdir.

Fiziokratlar (yunanca təbiətin hökmranlığı deməkdir) – siyasi iqtisad məktəbi, XVIII əsrin ortalarında Fransada meydana gəlmiş, sonralar İtaliyada, İngiltərədə və Almaniyada yayılmışdır. Fransada bu məktəbin yaradıcıları Fransua Kene (1694-1774) və A.Tyurqodur (1727-1781). Fiziokratiya təliminə görə yalnız əkinçilik ictimai sərvəti artırır. Yalnız kənd təsərrüfatı əməyi məhsuldardır və «xalis gəlir» yaradır. Sənaye və ticarətdə «xalis məhsul» yaranmır və qeyri-məhsuldar sahələrdir. Sənaye kənd təsərrüfatının verdiyi xammalı emal edir, ticarət isə hazır əmtəələri satır. Onların gəlirləri «ikinci əldən» asılıdır.

F.Kene ilk dəfə olaraq ictimai məhsulun təkrar istehsalı prosesini və xalis məhsulun cəmiyyətdə bölgüsü məsələsini öyrənməyə səy göstərir. Cəmiyyətin üç sinifdən ibarət olduğunu və xalis məhsulun bu siniflər arasındakı bölgüsünü özünün «İqtisadi cədvəl»ində şərh edir.

Klassik siyasi iqtisad məktəbi İngiltərədə yaranmış (XVII-XVIII) və inkişaf etmişdir. Bu nəzəri məktəbin baniləri Ulyam Petti (1623-1687), Adam Smit (1723-1790), David Rikardo (1772-1823), C.Styuart Mil (1806-1873), Fransa iqtisadçısı Jan-Batist Sey (1762-1832) və başqaları hesab olunurlar.

Klassik siyasi iqtisadın bu nümayəndələrinin görüşlərində müəyyən fərqlərin olmasına baxmayaraq onlar kapitalizm iqtisadiyyatını, bazar münasibətlərinin dərindən tədqiq edərək milli gəlirin artırılması haqqında öz təlimlərini yaratdılar və sərvətin mənbəyinin əmək olduğunu göstərdilər. «Əmək sərvətin atası və fəal prinsipi, torpaq isə anasıdır» kəlamı da U. Pettiyə məxsusdur.

Klassiklər azad iqtisadiyyat, tam iqtisadi azadlıq, azad rəqabətin olmasını və dövlətin iqtisadiyyata müdaxiləsinin məhdudlaşdırılmasını nəzəri olaraq əsaslandırmağa çalışırdılar.

Klassik məktəb insana öz marağı, mənafeyi olan «iqtisadi insan» kimi baxırdı. Smitə görə «görünməyən əl» iqtisadiyyatı avtomatik olaraq tənzimləyir və sistem uzun müddətli tarazlı vəziyyətdə olur. İşsizlik, ifrat istehsal, yaxud əmtəə çatışmazlığı olmur. A.Smit və D.Rikardoya görə sərvətin ən ümumi forması əmtəə və pulda maddiləşmiş dəyərdir. Dəyərin özü isə əmtəəni istehsal edən işçilərin əməyi ilə yaradılır. A.Smitə görə yalnız əkinçi əməyi deyil, digər sahələrdəki əməklər də sərvət, nemət yaradıcısıdır. Bu məktəb əmək-dəyər nəzəriyyəsi əsasında öz təlimlərini qurmuş və kapitalizm iqtisadi sistemini hərtərəfli təhlil edərək, onun inkişafının qanunauyğunluqlarını açıb göstərmişlər. Onlar əslində bazar iqtisadi sisteminin mahiyyətini, qanunlarını və fəaliyyət mexanizmi haqqında mükəmməl nəzəriyyə yaratmışlar.

K.Marksın iqtisadi təlimi. K.Marks (1818-1883) özünün başlıca iqtisadi əsəri olan «Kapital»da dəyərin əməklə yaradılması nəzəriyyəsini və izafi dəyər nəzəriyyəsini yeni yanaşma ilə tədqiq və şərh etmişdir. K.Marks bazar iqtisadiyyatını – kapitalizm iqtisadi sistemini dərindən təhlil etmiş, Kapital, mənfəət haqqında dolğun nəzəriyyə yaratmışdır. ABŞ iqtisadçısı V.Leontyev yazır ki, kim həqiqətən bilmək istəyirsə ki, mənfəət, əmək haqqı, kapitalist müəssisəsi nədir, o, «Kapital»ın cildlərində bu haqda real cavab tapa bilər. (Borisov. S.48).

K.Marksa görə sahibkarın əldə etdiyi mənfəət də fəhlənin əməyilə yaradılır.

K.Marksa görə cəmiyyətin kapitalist forması öz daxili ziddiyyətlərinin dərinləşməsi nəticəsində məhv olacaq və öz yerini daha mütərəqqi quruluş olan sosializm (kommunizm) cəmiyyətinə verəcəkdir.

Neoklassik nəzəriyyələr. Bu nəzəriyyələr XIX əsrin sonlarında İngiltərədə yaranmışdır. Kembric universitetinin professoru A.Marşall (1842-1924) «Ekonomiksin prinsipləri» (1890) əsərində «Ekonomiks»i siyasi iqtisada qarşı qoyur və onu elmi dövriyyəyə buraxır. O «Ekonomiks»i məhdud resurslar şəraitində nadir (az) olan nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi prosesində iqtisadi subyektlərin davranışları haqqında elm hesab edir.

Neoklassik istiqamət marjinal (fr. Marjinal – hədd) inqilabın nəticəsində meydana gəlmişdir. Bu inqilab: 1. faydalılıq həddi nəzəriyyəsini; 2. əməyin və kapitalın məhsuldarlıq həddi nəzəriyylərini meydana gətirdi.

Neoklassik məktəb əmtəə və xidmətlərin istehlakçılarının bazar davranışlarını öyrənirdi, lakin bu məktəb bazar strukturlarını idarə etməyin sistemli nəzəriyyəsini yarada bilmədi. Bu boşluğu siyasi iqtisadın Avstriya məktəbi doldurdu. Məktəbin nümayəndələri K.Menger (1840-1921), Oyken Bem-Baverk (1851-1914) və F.Vizer (1851-1926) əmək-dəyər nəzəriyyəsinin əksinə olan subyektiv-psixoloji konsepsiyanı irəli sürdülər. Bu konsekpsiyaya görə hər bir şəxs nemətin faydalılığına uyğun olaraq nemətin qiymətlitliyini (dəyərini) özü müəyyən edir. Nəzəriyyəyə hədd kəmiyyətlərinin gətirilməsi iqtisadiyaatda riyazi məktəbin yaranmasına səbəb oldu. Bu məktəbin əsas nümayəndələri – ingilis U.Cevons, isveçrəli L.Valras, italiyalı V.Pareto ali riyaziyyatdan istifadə edərək son kəmiyyətləri müəyyən edirlər. Riyazi metodun köməyi ilə istehsalda, bazarda və istehlakda bir çox funksional asılılıqları müəyyən etmək mümkün olmuşdur.

J.B.Seyin «bazar qanunu» (bu qanuna görə təklif həmişə tələbi doğurur – «əmtəə əmtəəyə mübadilə olunur») – əsas götürərək, neoklassiklər bazar iqtisadiyyatının avtomatik olaraq özünü tənzimləməsini, dinamik və böhransız inkişafını əsaslandırırlar.

İqtisad elmində azad bazar tərəfdarları olub, dövlətin iqtisadi proseslərə müdaxiləsinin təhlükəli olduğunu iddia edən avstriya-amerikan iqtisadçısı Fridrix Hayek (1899-1992) və avstriya iqtisadçısı Lyudviq Mizes (1891-1973) kimi iqtisadçıların adları xüsusi olaraq çəkilir.

1929-1933-cü illər dünya iqtisadi böhranı ilə mikroiqtisadi neoliberal nəzəriyyələrində böhran baş verdi. İqtisadi nəzəriyyədə Keynsçilik bir istiqamət kimi meydana gəldi. Bu məktəb makroiqtisadi problemləri ön plana çəkir və dövlətin iqtisadi proseslərə müdaxiləsini zəruri sayır. C.M.Keynsin (1883-1946) 1936-ci ildə çapdan çıxmış «Məşğulluq, faiz və pul haqqında ümumi nəzəriyyə» əsəri iqtisadi nəzəriyyədə həqiqi inqilab yaratdı və mikroiqtisadi səviyyədə həlli çətin olan bir çox problemlərin cavabını verdi.

C.Keyns Seyin «bazar qanunu»ndan imtina etdi və bazarın avtomatik tənzimlənməsi sisteminin olmasına istinad edən neoklassik nəzəriyyəyə qarşı çıxdı. Keynsə görə iqtisadiyyatın «mühərriki» təklif deyil, tələbdir. «Tələb istehsalın və təklifin inkişafına səbəb olur». Keyns dövlətin vergi-büdcə və pul-kredit siyasətindən istifadə etməyi məsləhət görür.

C.Keynsin nəzəri sisteminin daha da inkişaf etdirilməsində amerika alimləri E.Hansen və P.Samuelsonun xidmətləri xüsusi olaraq qeyd edilir. İqtisad elmində «Ekonomiks»in mövcud olduğu vaxtdan keçən bir dövr ərzində onun məzmununda əhəmiyyətli dəyişiklik baş vermişdir. Bu dəyişikliklər Keynsçi inqilabın, idarəetmə inqilabının, C.Robinsonun «natamam rəqabət», E.Çemberlinin «inhisarçı rəqabət», P.Samuelsonun «qarışıq iqtisadiyyat» və s. sayəsində baş vermişdir.

İqtisadi fikir tarixində xüsusi seçilən nəzəriyyələrdən biri də monetarizmdir. Monetaristlər milli iqtisadiyyatın inkişafını tədavüldə olan pulun miqdarı ilə bağlayırlar. Bu nəzəriyyə iqtisadiyyatı tənzim edən dövlətin pul-kredit siyasətinin əsasını təşkil etmişdir. İqtisadiyyatın dövlət tənzimi, müasir monetaristlərin fikrincə, pul emissiyası və pul kütləsi üzərində nəzarətdən, dövlət büdcəsinin tarazlığına nail olmaqdan, kreditlər üçün yüksək bank faizi qoymaqdan ibarət olmalıdır ki, inflyasiyanın qarşısı alınsın. Monetarizmin müasir konsepsiyası Nobel mükafatı laureatı (1976) Milton Fridmenin əsərlərində aydın şərh olunmuşdur. Fridmenə görə təsərrüfat həyatındakı dəyişikliklər pul emissiyası, pul impulsu ilə bağlıdır. «Təsərrüfat dollar tütəyinin təsiri altında oynayır, onun rəqsini təkrar edir» (M.Fridmen).

Neo klassik makroiqtisadi nəzəriyyə. Bu nəzəriyyə 1970-ci illərdə mikroiqtisadi təhlil prinsiplərinin makroiqtisadiyyata tətbiqi nəticəsində formalaşmışdır. Neo klassiklər «rasional gözləmə» hipotezini irəli sürdülər. Onun müəllifi Nobel mükafatı laureatı (1995), Çikaqo universitetinin professoru Robert Lukas (1937-ci il) olmuşdur. Bu ideyaya görə gələcəkdə gözlənilən qiymətlər iqtisadi qərarlar qəbul edənlərin hamısının davranışlarına təsir göstərən çox mühüm motivdir (kompaniyalar, təşkilatlar və ayrıca ailə üçün). Rasional gözləmə hipotezi daim irəliyə baxmağa və baş verəcək dəyişikliyə uyğun hərəkət etməyi lazım bilir.

Müasir, mühüm iqtisadi nəzəriyyələrdən biri də «təklif iqtisadiyyatı» nəzəriyyəsidir. Onun müəllifi amerika iqtisadçısı Artur Lafferdir. 1970-ci illərdə Keynsçi model əsasında, dövlət tənzimi uğursuzluğa düçar olur.

Bu nəzəriyyə tələb əsasında iqtisadiyyatın dövlət tənziminə, yəni tələbin tənzimlənməsi əleyhinə yönəlmişdir. Laffer və onun tərəfdarlarına görə iqtisadi inkişafın əsas amili tələb deyil, təklifdir. «Təklif iqtisadiyyatı» tərəfdarlarına görə dövlətin iqtisadi proseslərə müdaxiləsi məhdudlaşdırılmalı və şəxsi təşəbbüs stimullaşdırılmalıdır. Bunun üçün: vergilər azaldılmalı, dövlət məsrəfləri ixtisar edilməli, tədavüldə olan pulun miqdarı dövlət krediti siyasəti vasitəsilə azaldılmalıdır. Bu nəzəriyyə 80-ci illərdə «Reyqonomika» siyasətinin mühüm ünsürü olmuşdur.

İnstitusional-sosioloji istiqamət – onun nümayəndələri T.Veblen, C.Kommon, S.U.Mitçell, C.Helbreytdir. Bu istiqamət öz başlanğıcını C.Kommonsun 1924-cü ildə Nyu-Yorkda çıxmış «İnstitusional iqtisadiyyat» kitabından götürmüşdür. Ancaq bu istiqamətin banisi T.Veblen (1857-1929) sayılır. «İnstitusionalizm» (adət, qayda yaratmaq) və «institut» (qayda, qanunla yaxud idarə tərəfindən müəyyən edilmiş) kimi mənaları verir.

Bu istiqamət «iqtisadi insanı» ayrılıqda deyil, onun olduğu mühitlə bağlı öyrənməyi təklif edir. Buna görə də təsərrüfat üçün «iqtisadi insan» «sosial insan» anlayışı ilə əvəz edilir, yəni ictimai münasibətlərin toplusunda olan insanı yaxud «konkret situasiyada olan insanı» başlanğıc götürülür. Dövlət, ailə, mənəvi və hüquqi normalar, korporasiya, həmkarlar, müxtəlif iqtisadi mexanizm, xüsusi mülkiyyət, kredit və s. insanı əhatə edən mühitə aid edilir və bu mühitin iqtisadi proseslərə təsiri öyrənilir.

Başqa bir istiqamət «ictimai seçim nəzəriyyəsi»dir. Burada siyasi və iqtisadi hadisələr qarşılıqlı əlaqə halında tədqiq edilir. Şəxsi maraq (mənafe) nəinki fərdin və firmanın, habelə cəmiyyətin, ictimai həyatın hərəkətverici amili hesab edilir. Həqiqətdə isə ictimai həyatda şəxsi maraqların ümumi marağa uyğun gəlmədiyi hallar çox olur.

İqtisadi nəzəriyyənin inkişafının göstərilən bütün bu istiqamətləri başlıca olaraq Qərb dünyasına məxsusdur. Ancaq bilmək lazımdır ki, iqtisadi fikir şərq ölkələrində, o cümlədən Azərbaycanda da inkişaf etmişdir. Xüsusilə orta əsr şərqində iqtisadi fikirin inkişafı sahəsində nəzərə çarpacaq dərəcədə irəliləyişlər olmuşdur. Bu sahədə Fərabi (870- 950), İbn Sina (980-1037), Burini (973-1048), Bəhməniyar (993-1066), Nizami Gəncəvi (1141-1209), Nəsrəddin Tusi (1201-1274), İbn Xəldun (1332-1406) kimi mütəfəkkirlərin xidmətləri, elmi fikirləri diqqəti daha çox cəlb edir. Bu dahi şəxsiyyətlərin əsərlərində iqtisadi hadisə, proseslər və onların qanunauyğunluqları haqqında qiymətli fikirlər öz əksini tapmışdır. Onların əsərlərində əmək bölgüsü, mübadilə, sərvət və onun yaradılması, əmtəə, pul, bazar, maliyyə, vergi, sərvətin bölgüsü, əməyin ictimai olması və s. kimi iqtisadi məsələlərə geniş yer verilmişdir.

İslam dininin Azərbaycanda yayılması xalqımızın mədəniyyətinə, sosial-iqtisadi həyatına, dünya görüşünə güclü təsir göstərmişdir. Müqəddəs kitabımız olan «Qurani-Kərim»də və Məhəmməd Peyğəmbərin Kəlam və hədislərində mülkiyyət, sərvət, mübadilə, ticarət, pul, sələm, əmək, bölgü və vergi kimi iqtisadi məsələlərə lazımi qədər yer ayrılmış və onların şərhi verilmişdir.

Azərbaycanda iqtisadi fikirin inkişafında Nizami Gəncəvinin xüsusi yeri vardır. Onun «Xəmsə»sində əmək, sərvət onun mənbəi məsələlərinə xüsusi əhmiyyət verilir, maddi və mənəvi nemətlərin yaradıcısı olan əməkçi insanların fəaliyyətinə yüksək qiymət verir, əmək və peşə bölgüsünün sərvətin artırılmasındakı əvəzsiz rolundan danışır. O əmtəə mübadiləsi, bazar, pul, qiymət, sələmçilik, faiz haqqında və ədalətli cəmiyyətə dair öz düşüncələrini ustalıqla ifadə etmişdir.

Azərbaycan iqtisadi fikrinin inkişafında XIII əsrdə yaşamış Nəsrəddin Tusinin çox böyük xidmətləri olmuşdur. Onun «Əxlaqi-Nasir» və «Maliyyə haqqında tədqiqat» əsərləri iqtisadi fikirlərlə zəngindir və onların öyrənilməsi çox faydalıdır.

XX əsr Azərbaycan iqtisadi fikirinin inkişafı Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) hökumətin iqtisadi proqramlarında və Sovet dövründə isə fəaliyyət göstərmiş iqtisadçı alimlərin əsərlərində öz əksini tapmışdır.

Müəllif, İbadov Sabir Adil oğlu. Nəşriyyat, Şərq-Qərb. Nəşr yeri, bakı. Nəşr ili, 2009.

Comments are closed, but trackbacks and pingbacks are open.