Press "Enter" to skip to content

Beynəlxalq mühasibat uçotu standartları nədir

(e) hedcinq alətləri üzrə mənfəət və zərərin effektiv hissəsi pul vəsaitlərinin hərəkəti hedcinqində və MHBS 9-un 5.7.5 maddəsinə uyğun olaraq digər məcmu gəlirdə əks olunan ədalətli dəyərlə ölçülən kapital alətlərinə edilən investisiyaları hedc edən hedc alətlərindən yaranan qazanc və itkilər

Beynəlxalq Mühasibat Uçotu Standartlarının əsas anlayışları

Bu stаndаrtda istifadə edilmiş əsas anlayışlar аşаğıdakı mənaları ifadə еdir:

Ümumi təyinatlı maliyyə hesabatları

İstifadəçilərin xüsusi informasiya tələblərini yerinə yetirmək məqsədini daşımayan hesabatlardır.

Mümkünsüz

Müəssisə, bütün mümkün cəhdləri etməsinə baxmayaraq tələbi tətbiq edə bilmədikdə, belə tələbin tətbiq edilməsi qeyri-mümkün sayılır.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

Mühasibat Uçotu Beynəlxalq Standartları Şurası tərəfindən qəbul edilmiş standartlar və şərhlərdir. Onlar aşağıdakıları daxil edir:

(a) Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;

(b) Mühasibat Uçotunun Beynəlxalq Standartları;

(c) Maliyyə Hesabatlarının Beynəlxalq Şərhləri Komitəsi (MHBŞK); və

(d) Daimi Şərhlər Komitəsi (DŞK) tərəfindən hazırlanan şərhlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əhəmiyyətlilik

Maddənin ümumiyyətlə göstərilməməsi və ya səhv göstərilməsi fərdi olaraq və ya qrup şəklində istifadəçilərin maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bildikdə əhəmiyyətli hesab olunur. Əhəmiyyətlilik, mövcud olan şərtlər daxilində buraxılmış və ya səhv göstərilmiş maddənin həcmi və xarakterindən asılıdır. Maddənin həcmi və ya xarakteri və ya hər ikisi müəyyənləşdirici amil kimi çıxış edə bilər.

Buraxılışın və ya səhvin istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir etməsinin və beləliklə əhəmiyyətli hesab edilib-edilməməyinin qiymətləndirilməsi zamanı bu istifadəçilərin xüsusiyyətlərinin nəzərə alınması tələb olunur. Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi haqqında Konseptual əsasların 25-ci maddəsində “istifadəçilərin biznes, iqtisadi fəaliyyətlər və mühasibatlıq sahəsində müvafiq biliklərə malik olduğu və belə informasiyanın səylə öyrənilməsində istəkli olduğu” qeyd olunur.Buna görə də, qiymətləndirmə üçün iqtisadi qərarların qəbul edilməsi prosesində bu cür istifadəçilərin nə dərəcədə təsir altına düşə biləcəyinin nəzərə alınması tələb olunur.

Maliyyə hesabatlarına qeydlər maliyyə vəziyyəti haqqında hesabatı, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatda təqdim edilən məlumatlara əlavə olan informasiyanı daxil edir. Qeydlər bu hesabatlarda təqdim edilmiş maddələrin açıqlanmasını və ya təhlilini və bu hesabatlarda yer almayan maddələr haqqında informasiyanı təmin edir.

Sair məcmu gəlir digər MHBS-lar tərəfindən yol verilən və ya tələb olunan mənfəət və ya zərər haqqında hesabatda tanınmayan gəlir və xərc maddələrindən (yenidən təsnifləşdirmə düzəlişləri daxil olmaqla) ibarətdir.

Digər məcmu gəlir komponentlərinə daxildir:

(a) yenidən qiymətləndirilmə üzrə ehtiyatda baş verən dəyişikliklər ( “Torpaq, tikili və avadanlıqlar “ adlı 16 №-li MUBS və “Qeyri-maddi aktivlər” adlı 38 №-li MUBS);

(b) müəyyən edilmiş mənfəət planının yenidən qiymətləndirilməsi (“İşçilərin mükafatlandırılması” adlı 19 №-li MUBS);

(c) xarici əməliyyatın maliyyə hesabatlarının tərcüməsindən yaranan mənfəət və zərər (“Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri” adlı 21 №-li MUBS);

(d) kapital alətlərinin investisiyalarından alınan mənfəət və zərərlər “Maliyyə alətləri” adlı 9 №-li MHBS-nın 5.7.5 maddəsinə uyğun olaraq digər məcmu gəlir vasitəsilə ədalətli dəyərlə müəyyən edilir;

(da) MHBS 9-n 4.1.2A maddəsinə əsasən məcmu gəlirdə əks olunan ədalətli dəyərlə ölçülən maliyyə aktivləri üzrə yaranan qazanc və itkilər.

(e) hedcinq alətləri üzrə mənfəət və zərərin effektiv hissəsi pul vəsaitlərinin hərəkəti hedcinqində və MHBS 9-un 5.7.5 maddəsinə uyğun olaraq digər məcmu gəlirdə əks olunan ədalətli dəyərlə ölçülən kapital alətlərinə edilən investisiyaları hedc edən hedc alətlərindən yaranan qazanc və itkilər

(f) mənfəət və zərər vasitəsilə ədalətli dəyər kimi nəzərdə tutulan xüsusi öhdəliklər üçün həmin ədalətli dəyərdə dəyişikliyin məbləği öhdəliyin kredit riskində dəyişikliklərə aiddir (“Maliyyə alətləri” adlı 9 №-li MHBS-nın 5.7.7-ə maddəsinə bax).

(g) opsion müqavilənin həqiqi və vaxt dəyərini ayırarkən və yalnız həqiqi dəyərinin dəyişikliyini hedc aləti kimi müəyyən olunduğu təqdirdə opsionun vaxt dəyərinin dəyişiklikləri (bax MHBS 9, fəsil 6); və

(h) forvard müqavilələrin forvard elementini spot elementindən ayırarkən və yalnız spot elementinin dəyişikliyini hedc aləti kimi müəyyən olunduğu təqdirdə forvard müqavilənin forvard elementinin dəyərinin dəyişiklikləri və maliyyə alətinin xarici valyutada baza spredinin maliyyə alətinin hedc aləti kimi müəyyən olunmasında istisna edilərkən onun dəyərindəki dəyişikliklər (bax MHBS 9, fəsil 6).

Sahibkarlar

Kapital kimi təsnifləşdirilən alətlərin sahibidir.

Mənfəət və ya zərər

Digər məcmu gəlirin komponentləri istisna olmaqla, mənfəətdən xərcləri çıxmaqla alınan məbləğin cəmidir.

Yenidən təsnifləşdirmə düzəlişləri

Cari və ya əvvəlki dövrlərdə digər məcmu mənfəət kimi tanınan cari dövrün mənfəət və ya zərərinə yenidən təsnifləşdirilmiş məbləğlərdir.

Ümumi məcmu gəlir

Əməliyyatlar və digər hadisələr nəticəsində yaranan dövr ərzində kapitalda, sahibkar qismində sahibkarlarla olan əməliyyatların nəticəsində yaranan dəyişikliklər istisna olmaqla baş verən dəyişiklikdir.

Ümumi məcmu gəlir mənfəət və ya zərər və digər məcmu gəlirin bütün komponentlərindən ibarətdir.

Bu Standartda ‘sair məcmu gəlir’ ,” mənfəət və ya zərər ” və ” ümumi məcmu gəlir ” anlayışlarının istifadə edilməsinə baxmayaraq, müəssisə, fəaliyyət nəticələrini daha aydın təsvir etmək üçün digər anlayışlardan istifadə edə bilər. Məsələn, müəssisə mənfəət və ya zərəri açıqlamaq üçün ‘xalis gəlir’ anlayışını istifadə edə bilər.

Aşağıdakı şərtlər “Maliyyə Alətləri: Təqdimat” adlı 32 №-li MUBS-da təsvir edilir və hazırkı Standartda 32 №-li MUBS müəyyən edilmiş məna ilə istifadə edilir:

(a) maliyyə aləti kapital aləti kimi təsnifləşdirilmiş qaytarıla bilən maliyyə aləti (32 №-li MUBS 16A və 16B maddələrində təsvir olunub);

(b) alət müəssisənin başqa bir tərəfə, yalnız ləğv edilməsi üzrə müəssisənin xalis aktivlərinin proporsional payını çatdırmaq öhdəliyi qoyur ki, bu da kapital aləti (bax 32 №-li BMS 32 maddələr 16C və 16D ) kimi təsnif edilir.

MHBS-nın anlayışı 2010-cu ildə MHBS Fondunun Əsasnaməsində aparılmış dəyişiklərlə əlaqədar olaraq təkmilləşdirilmişdir.

2010-cu ilin sentyabr ayında MUBS Komətəsi tərəfindən Əsaslar “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi haqqında Konseptual Əsasları” ilə əvəz edilmişdir. Konseptual Əsasların 25-ci maddəsi Əsasların 3-cü hissəsini əvəz edir.

Beynəlxalq mühasibat uçotu standartları nədir?

Mühasibat ucotu üzrə normativ sənədləşməyə nəzərən “standart” – uçotun aparılma qaydalarının rəsmi sənədlər toplusudur.

Uçot standartları iki növ olur: daxili və beynəlxalq.

Daxili standartlar – ölkə daxilində istifadə üçün nəşr olunan mühasibat ucotu üzrə normativlərdir. Mühasibat ucotunun beynəlxalq standartları isə Beynəlxalq Uçot Standartları üzrə Komitə (BUSK) tərəfindən işlənib hazırlanmış və dünya praktikasında tətbiq edilmək üçün tövsiyə edilən standartlardır.

Daxili və beynəlxalq standartlar arasında sıx əlaqə vardır. Bir qayda olaraq, daxili standartlar ilkindir. Beynəlxalq standartlar işlənib hazırlanarkən daxili standartlar təhlil edilir, müxtəlif ölkələrdə bu və ya digər şeylərin ucotunun aparılması üzrə formalaşmış praktika öyrənilir, daha sonra beynəlxalq xarakter daşıyan uçot üzrə tövsiyələr yazılır. Eyni zamanda, uçotun daxili standartları beynəlxalq standartların bazasında hazırlanmalıdır.

Beynəlxalq standartlar ayrı-ayrı ölkələrdə uçotun aparılmasına və maliyyə hesabatlarının tərtib edilməsinə olan milli tələbləri təkzib etmir.

Beynəlxalq mühasibat uçotu

Mühasibat uçotu və audit müəssisələrin olmazsa olmazıdır. Müəssisələrin gələcəkdəki fəaliyyətlərini planlaması və indiki maliyyə vəziyyətlərinin müəyyən edilməsi mühasibat uçotunun verdiyi məlumatlara əsaslanır. Hər bir müəssisənin işlərin gedişatını, gələcəkdə onları nələrin gözlədiyini, görüləcək işlərin maliyyə hesabatlarının nəticələrinə dayanaraq proqnozlaşdırılması və digər hallar üçün vacib rol oynayır. Həmçinin şirkətin maliyyə durumu və ona nəzarətin nə yerdə olması idarəçiləri və digər istifadəçiləri maraqlandıran ən önəmli nüanslardandır. Maliyyə hesabatlarının hazırlanmasından sonra istifadəsi baxımından istifadəçilər iki yerə bölünür: daxili və kənar istifadəçilər. Anlaşılmazlıqlara yol verilməməsi və doğru qiymətləndirilməsi üçün Beynəlxalq Mühasibat Uçotu Standartları yaradılmışdır. Bu standartlar Avropada İFRS, Amerikada GAAP tərəfindən dəstəklənir. İFRS prinsiplərə dayanaraq geniş seçim imkanları verir, GAAP isə qayda və qanunlar əsasında yalnız nələri qəbul etməli olduqlarını göstərir.

Auditor fəaliyyəti sahibkarlıq fəaliyyətinin növlərindən biridir. O, iqtisadi subyektlərin mühasibat və maliyyə hesabatlarının müstəqil şəkildə yoxlanılması ilə məşğuldur.

Hər bir sahədə olduğu kimi mühasibatlıqda da uğurlu kariyera qurmaq mümkündür. Mühasib öz işinin öhdəsindən nəzəriyyə və praktikanın birlikdə tətbiqi vasitəsilə gələ bilər. Çoxlu mütaliələr etməklə mühasib özünü təkcə ixtisas yönümlü deyil, həm də sosial cəhətdən inkişaf etdirə bilər. Başqa yollara nəzər yetirsək, ixtisasın peşəkarları ilə güclü əlaqələr yaratmaq, ünsiyyət saxlamaqla müzakirələr aparmaq da inkişafa təkan verir. Deyək ki, bir mühasib özünü işinin mütəxəssisi olaraq yetişdirmək istəyir, lakin nə etməli olduğunu, hardan necə başlayacağını bilmir. Belə olduğu halda artıq bu yolu keçmiş şəxslərdən bu mövzuda məsləhət ala bilər. Uyğun təlim və seminarlarda da mümkün qədər çox iştirak etmək də inkişafda pay sahibi ola bilir.

Sadəcə 10 il geriyə dönüb baxsaq , mühasibatlığın elə də inkişaf etmədiyini, kiçik və orta şirkətlər tərəfindən önəmsənmədiyini görmək mümkündür. Lakin hazırda bazarda ən rəqabətcil sahələrdən birinə çevrilməkdə, bu sahəyə tələbat artmaqda davam edir. Bununla əlaqədar mühasibatlığın tədrisiylə bağlı onlarla tədris mərkəzləri fəaliyyət göstərir. Mühasibatlıq dünya standartlarına dayalı olduğu üçün ilk başlarda yüksək faiz yer tutan milli mühasibatlığı artıq sıxışdırıb çıxarmağa istiqamətlidir. Bu mövqedən çıxış edərək kurslar həm də beynəlxalq sertifikat təkliflərini də verirlər. ACCA , CİMA , CFA , DipİFR kimi beynəlxalq serifikatlara sahib olan şəxs digər mühasiblərdən çox daha üstdədir. Nümunə üçün deyə bilərəm ki, orta rəqabətli hər hansı bir şirkətə iş üçün müraciət etdiyiniz zaman dil biliyinin yanında bir də ACCA sertifikatlarınız varsa, HR-ların diqqətindən kənarda qalmayacağınıza əmin ola bilərsiniz. ACCA özü Fundamental və Performance olaraq iki mərhələdə qruplaşır. Fundamental ilkin səviyyə olmaqla 9, Performance yüksək səviyyə olmaqla 7 imtahandan ibarətdir.

Bununla bərabər bir mühasib üçün beynəlxalq sertifikatlar nə qədər önəmlidirsə, Excell, 1C proqramlarını və vergi uçotunu da mükəmməl bilmək bir o qədər vacibdir. Təbii ki bunları bilməklə iş bitmir.

Azərbaycanda mühasibat ixtisası üzrə təhsil alan tələbə iş tapmaq və təcrübə qazanmaq üçün universiteti bitirməyi gözləməməlidir. Nəinki mühasibatlıq, eləcə də digər bütün ixtisaslarda da bu belədir. Tələbə özünü tələbəlik illərindən yetişdirməyə başlamalıdır. Düşünürəm ki, Azərbaycan təhsili və iş həyatı arasındakı əlaqədə ən böyük problemlərdən biri və birincisi budur. Həm ölkəmizin təhsil səviyyəsi hələ o səviyyəyə gəlib çata bilməyib. Bu səbəblə Amerika, İngiltərə, Kanada, Finlandiya, Norveç, Yaponiya, Çin kimi bir sıra xarici ölkələrin top universitetlərində təhsili davam etdirərək daha geniş imkanlar əldə etmək mümkündür. Saydığım ölkələrin ən qabaqcıl universitetlərində təhsil almaq bir çoxlarımızın xəyalıdır. Həmçinin bugünün trendi olan Big4 şirkətləri (Deloitte, PwC, KPMG, EY) də bu xəyallar sırasına daxildir.

Bəs Mühasibat Uçotu və Audit yolunda uğur qazanmaq üçün necə addımlamaq lazımdır? Universitetler illərinə nəzər salaq. Yuxarıda da qeyd etdiyim kimi, tələbələr elə sanırlar ki, iş tapmaq üçün ilk öncə universiteti bitirmək lazımdır və 4 ilin bitməsini gözləyirlər. 4 il bitəndən sonra da müəssisələrə müraciət edəndə müəssisələrin təcrübə tələbinə verəcək cavabları olmur. Beləcə ömürlərinin 4 ilini heç etmiş olurlar. Valideynlər də dönə-dönə vurğulayırlar ki, ölkədə iş yoxdur. 3-cü kurs tələbəsi kimi deyə bilərəm ki, 1- ci və 2- ci kursları boş-boşuna keçirmək əvəzinə, tapa bildiyiniz bütün təlim və seminarlarda iştirak etmək, ingilis və rus dillərini sərbəst mənimsəmək, MC Office programlarını öyrənmək lazımdır. Bu siyahıya proqramların sayını artırmaq olar. Könüllülük proqramlarında üzv yaxud könüllü olaraq da böyük təcrübələr qazanmış olacaqsınız. 3- cü kursa keçdikdə artıq ixtisasla bağlı minimum səviyyədə olsa da məlumat olmuş olur. Bu o deməkdir ki, artıq şirkətlərin açıq elan etdiyi ödənişsiz təcrübə proqramlarına könül rahatlığı ilə müraciət edə bilərsiniz. Tələbəlik dövründən kimlərəsə pulsuz işləməyə çəkinməyin. Önəmli olan pul deyil, nə dərəcədə təcrübə qazanmağınızdır. Təcrübə proqramlarının müddəti 2-3 ay, bəzən də 6 ay olur. 3- cü kursda 2, 3 təcrübə proqramından yararlana bildinizsə, digər tələbələrdən 1-0 öndə olmaq deməkdir. Bəzən təcrübə proqramını elan edən şirkətlər dolayısıyla özlərinə işçi axtarışında olurlar. Bu da sizin aktivliyinizdən asılı olaraq təcrübənin bitdikdən sonra da işinizə davam edə biləcəyinizə əsas verir. Beləcə qurduğunuz bu plan əsasında 3-cü və 4-cü kurslardan artıq iş sahibi də olmuş olacaqsınız. Gələk işin CV tərəfinə. Əldə etdiyiniz ilk uğurunuz təbii ki, ali təhsil almağınızdır. Daha sonra dil bilikləriniz var, hansı ki 1- ci, 2- ci kurs dönəmində öhdəsindən gəlmişdiniz. Kompüter bilgiləriniz var, könüllülüyünüz var, artıq təcrübəniz də olmuş oldu. Sertifikatlar mövzusunda boşluq görülür. Ola bilər ki, istəyiniz sizi ya ACCA-ya, ya CİMA-ya, yaxud da maliyyə tərəfinə yönəlir (CFA). Bu da sizi onların beynəlxalq sertifikatlarını almağa sövq edir. Bütün bunlarla bərabər paralel şəkildə hərgün mütaliəni unutmamaq lazımdır, həm ixtisasla əlaqəli, həm də zövqə görə bədii, yaxud elmi.

Bütün bu 4 il ərzində bu zəhmətli yoldan keçə bildinizsə, əmin olun ki, siz işi yox, iş sizi axtaracaq, siz uğuru yox, uğur sizi tapacaq. Hər birimizə uğurlar!

Hüriyyət Allahverdiyeva
Bakı Mühəndislik Universiteti
Mühasibat Uçotu Və Audit – Az3

Comments are closed, but trackbacks and pingbacks are open.