Press "Enter" to skip to content

Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu güclənib”

Bu barədə “Sherg.az” a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Müasir Beynəlxalq Münasibətlər Sistemində “Yumşaq Güc” və Azərbaycan

“Qloballaşma” mövzusu son illər ərzində intellektual diskussiya meydanında aktuallığına görə əsas mövzudur. Bu, sadəcə gələcəyin nəzəri modeli haqqında diskussiyalar deyil, bütün dünyanı əhatə edən sivilizasiya prosesinin analizinə cəhdlərdir. Qloballaşma prosesi obyektivdir. Güc anlayışının insanlıq tarixi qədər qədim tarixi var. Beynəlxalq münasibətlərdə tez-tez rast gəlinən bu konsepsiya üçün fərqli təriflər verilir. Beynəlxalq sistemdəki aktyorlar haqqında hər hansı bir şey deyildikdə və ya müzakirə edildiyi zaman bu anlayışı istisnasız olaraq eşidirik və ya oxuyuruq. Güc, beynəlxalq münasibətlər sistemində ölkələrin fəaliyyətində və siyasət təhlilində tez-tez istifadə olunan açıqlayıcı bir anlayışdır. SARS-CoV-2 / COVID-19 pandemiyası ölkələrin “yumşaq güc” siyasətlərini tətbiq etmələri üçün çox vacib bir qapı açdı.
Beynəlxalq münasibətlərin həyata keçirilməsi istiqamətində dünyada qlobal inteqrasiya prosesi çərçivəsində iki mühüm yanaşma vardır : “sərt güc – hard power” və “yumşaq güc – soft power”. Josef Nay bu iki yanaşmanın bir – birindən necə fərqləndiyini bu cür izah edir : “Yumşaq güc mədəni dəyərlər və ideyalar vasitəsi ilə yola gətirə bilmək qabiliyyəti, sərt güc isə adətən hərbi qüvvə vasitəsi ilə məcbur etmək deməkdir.
Uzun müddət ərzində beynəlxalq əlaqələrdə sərt güc üstün vəziyyətə malik olmuşdur. Lakin soyuq müharibənin sonu, Sovet İttifaqının və o dövrdə mövcud olan kommunist rejimlərin süqutu yumşaq güc yanaşmasının da getdikcə öz mövqeyini möhkəmləndirməsinə təkan verdi.
Təhlükəsizlik, güc və müharibə məfhumları zamanla dəyişdi. Artıq güc dedikdə, təkcə təzyiq, silah və birinin digərindən üstünlüyü deyil, eyni zamanda razılıq anlayışı başa düşülməyə başladı. Məhz bundan sonra bu iki yanaşmanın fərqi daha bariz şəkildə özünü büruzə verdi.
“Yumşaq güc” ideyasını ədəbiyyata gətirən Josef Nay – a görə, qlobal sistemin çoxcəhətli quruluşu, beynəlxalq təşkilatlar və medianın da getdikcə artan təsiri ilə əlaqədar olaraq hərbi güc arxa planda qalmışdır. O yumşaq gücü “əgər istədiyim şeyin sənin də istəməni təmin edə bilirəmsə, onda səni mənim istədiyimi etməyə məcbur etmək qarşısında qalmıram” şəklində müəyyən etmişdir. Buradan aydın olur ki, yumşaq güc bir dövlətin maraqlarının digər dövlətlər tərəfindən də düşünülməsini vadar edə bilər.Yumşaq güc ünsürlərinə bölgənin qeyri – hökumət təşkilatları, mədəniyyəti və mədəni dəyərləri, siyasi liderləri və s. daxil edilir. Bu yanaşmada zorakı olmayan üsullar əsas sayılır, önəmli olan onları xoşagələn və cəlbedici etməkdir. Bu gün dünyanın böyük ölkələri öz mədəniyyətlərindən başqalarına təsir etmək, onları bu təsir altında saxlamaq və onların mədəniyyətlərinə həm müdaxilə, həm də nəzarət etməklə məqsədlərinə nail olmaq istəyirlər. Bu məqsədlər isə siyasi, hərbi və geosiyasi məqsədlər olmaqla üç yerə ayrılır. Əgər əvvəlki dövrlərdə ölkələr öz siyasi və ya iqtisadi gücləri hesabına dünyanı ələ keçirməyə çalışırdılarsa, bugün bunu mədəniyyət yolu ilə etməyə çalışırlar. Məhz Josef Nayın “yumşaq güc” anlayışı bunun ən aşkar nümunəsidir.
Josef Nay “yumşaq güc” dedikdə, dövlətlərin geosiyasi mövqelərini hərbi və iqtisadi güc ilə deyil, onların mədəniyyəti, siyasi idealı və proqramları ilə təmin etməyi nəzərdə tutur. Onun fikrinə əsasən, “sərt güc” bir mənada məcburiyyət deməkdirsə, “yumşaq güc” könüllü iştirak deməkdir. Lakin hətta “könüllü iştirak”da da axırıncı məsələ dövlətin mədəni prinsiplərini qəbul etməkdən ibarətdir. Nay “Yumşaq güc : dünya siyasətində uğur qazanmağın yolları” adlı əsərində belə yazır : “Güc hava kimidir, yəni ona bənzəyir. Baxmayaraq ki, onun haqqında danışılır və hamı ondan asılıdır, lakin heç də hamı onu birmənalı olaraq anlamır. Hava haqqında məlumat barəsində öncədən xəbərdarlıq edildiyi kimi, gücün tarazlıqda olması barədə də ölkələrin siyasi liderləri proqnozlar verir və balansda olan dəyişikliklərə də xüsusi diqqət yetirirlər.”
J.Nay “Yumşaq güc” (“Soft Power”) adlı kitabında bu anlayışa belə tərif vermişdir : “bir ölkənin başqa ölkə üzərində hərbi və ya iqtisadi təzyiq tətbiq etmədən, cəlbedici yollarla istənilən nəticəyə nail olunması” – “yumşaq güc” üsuludur. Josef Nay qeyd edirdi ki, : “gücə sahib olmaq və onu qiymətləndirmək sevgi kimi asandır.” Onun bu sözləri ədəbiyyata gətirdiyi “yumşaq güc” haqqında daha doğrudur. O bu anlayışa “istədiyini məcbur etməklə və ya pulla yox, maraq oyatmaqla əldə etmək qabiliyyəti” tərifini vermişdir. Ölkələrin bu yolla xarici siyasətdə məqsədlərinə nail olması elə “yumşaq güc”ə sahib olmaqları deməkdir.
Uzun illər analitiklər beynəlxalq münasibətlərdə gücü ölçmək üçün formullar üzərində düşünmüşlər. 1997-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək səviyyəli rəsmisi Ray Klayn gücü hesablamaq üçün istifadə etdiyi düsturu çap etdirdi. Ray Klaynın öhdəliyi soyuq müharibə dövründə ABŞ və SSRİ arasında mövcud olan gücün tarazlığı barəsində ABŞ-dakı siyasi liderlərə məlumat vermək idi. Onun fikir olaraq irəli sürdüyü düstur belədir :
Güc = (əhali + ərazi + iqtisadiyyat + hərb) x (strategiya + iradə)
O bu düsturda lazımi rəqəmləri yerinə qoyub, hesablama apardıqdan sonra gördü ki, ABŞ güc baxımından SSRİ-dən zəifdi. Hətta göstəricilər bu zəifliyin ikiqat çox olduğunu müəyyən etdi. Lakin bu hal uzunmüddət davam etmədi, tezliklə SSRİ süqut etdi və ABŞ yenidən dünyanın ən güclü ölkəsinə çevrildi.
Nay “yumşaq güc”ə sahib olmaq üçün ölkənin dəyərlərini üç hissəyə ayırır :
1) bu ölkənin mədəniyyəti ;
2) siyasi dəyərləri ;
3) xarici siyasəti .
Onun fikrinə görə, hər hansısa bir ölkənin dəyərləri və maraqları başqa ölkələr üçün yararlı, ən əsası isə xoşagələn və cəzbedicidirsə, ölkə dünyada müvəffəqiyyət qazanmış hesab olunur. Bu uğura sahib olan ölkə digərlərini asanlıqla təsir altına sala bilər. Josep Nay ölkələrin siyasi dəyərləri baxımından,ümumilikdə, onları demokratik və avtoritar siyasi sistemlər olmaq üzrə bir – birindən ayırır, lakin daha çox üstünlüyü isə demokratik dəyərlərə verir. Onun sözlərindən belə aydın olur ki, demokratik dəyərlər üzərində qurulan siyasi sistemlər avtoritar siyasi sistemlərə nəzərən daha güclü cəlbedicilik potensialına sahibdirlər. Bu cür dəyərləri olan siyasi sistemlərin dünyadakı digər cəmiyyətləri təsir altına salmaları elə də çətin deyil.
Başqa sözlə desək, əgər bir ölkə öz daxilində demokratikdirsə, daima beynəlxalq təşkilatlar ilə birgə işləməyə can atır və xarici siyasətində sülhü, insan hüquqlarını müdafiə edirsə, onda bu ölkə başqaları üçün hər zaman cəlbedici rola malikdir. Avtoritar siyasi sistemlərdən fərqli olaraq, demokratik siyasi sistemlər öz maraqlarını daha asan şəkildə, uzun müddət ərzində və sabit formada həyata keçirə bilirlər.
“Yumşaq güc” konsepsiyası ötən əsr – 80-ci illərin sonlarından etibarən hazırlanmağa başlamışdır. Josep Nay hələ o vaxtı elmi ədəbiyyatda bu anlayışın təməlin qoyanda onun siyasi sahədə bu dərəcə istifadə olunacağı məlum deyildi. Bu konsepsiyaya birbaşa olaraq yumşaq güc və onun reallaşdırılması üçün lazım olan vasitələr daxildir. Adətən ölkənin “yumşaq güc” siyasətinə aid olan amillər dedikdə, onun dili, mədəniyyəti, elm və təhsil sahəsi, diplomatik aləmdə nüfuzu və xüsusilə də onun siyasi dəyərləri başa düşülür. Bu siyasətin həyata keçirilməsi üçün lazım olan vasitələrə isə müxtəlif dövlət və qeyri – dövlət qurumları, təşkilatlar, elm ocaqları, təhsil mərkəzləri, həmçinin kütləvi informasiya vasitələri də daxildir. Yumşaq gücü sərt gücdən fərqləndirən ən mühüm cəhət də budur. Sərt və yumşaq güc arasındakı fərqli xüsusiyyətlər asan şəkildə müəyyən edilə bilir. Bu iki yanaşma tərzi beynəlxalq aləmdə dövlətlər tərəfindən reallaşdırılan vacib siyasi idarəetmə forması olmaqlarına baxmayaraq, özlərinə məxsus xarakter və funksiyaları ilə çox fərqlənirlər. Sərt güc münasibətlərdə məcburiyyətə üstünlük verirsə, yumşaq güc bunun tam əksinə olaraq bunu cəlbedici yollarla etməyə üstünlük verir. Beynəlxalq münasibətlərdə bəzən ölkələr digərlərinə nisbətən istədiklərinə çatmaq üçün daha çox gücə sahib olduqlarını görürlər. Buna görə də onların bu gücdən istifadəsində müxtəlif məqsədlər ola bilir. Amma necə istifadə olunmasından aslı olmayaraq, bir mənada məqsəd eynidir: “ölkənin istədiyi istiqamətdə münasibəti dəyişdirmək”. Bu gün də daha güclü olanın öz istədiyinə hansı yollar ilə nail olacağı müzakirə mövzusudur. Mütləq bir yol olmadığı üçün müxtəlif üsullar vardır. Bu üsullara daxil olan iki yanaşma tərzi sərt güc (hərbi və iqtisadi) və yumşaq güc hal-hazırda ölkələrin xarici siyasətlərində istifadə olunmaqdadır. Sərt güc və yumşaq güc arasındakı ən vacib fərqliliklərdən biri də zamandır. Sərt güc vasitəsi ilə tez bir zamanda nəticə əldə etmək olar. Yumşaq güclə isə bunun tam tərsi olaraq, qısa müddət ərzində nəticə əldə etmək demək olar mümkünsüzdür. Yumşaq gücün nəticələri uzun müddət sonra özünü büruzə verir. Bu iki yanaşmanı siyasətdə müqayisə etdikdə isə, yumşaq gücün daha təhlükəli olduğunu demək olar. Çünki sərt gücün həyata keçirilməsi üçün görüləcək tədbirlərin qabaqcadan proqnozlaşdırıla bilmə ehtimalı olduqca yüksəkdir. Lakin yumşaq güc üçün bu qəbul edilə bilməz. Həmçinin istər kəmiyyət, istərsə də keyfiyyət baxımından sərt gücü tənzimləmək mümkündür. Yumşaq güc üçün isə bu fikir inandırıcı səslənmir. Dünyada hökmranlıq etmək istəyən iri dövlətlərin siyasətlərində “yumşaq güc”ün olduğunu açıq şəkildə görmək mümkündür. Belə dövlətlər dedikdə, ilk ağıla ABŞ, Rusiya və Çin gəlir. Bu dövlətlər BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-dür. Qədim zamandan bəri onlar arasında dünyada ağalıq etmək uğrunda gizli və ya açıq mübarizə olmuşdur. Baxmayaraq ki, II Dünya müharibəsi illərində Rusiya və ABŞ məcburi şəkildə müttəfiqlərə çevrilsələr də, müharibə bitdikdən dərhal sonra yenidən əvvəlki münasibətlərə qayıtdılar. Beləliklə, onların dünyaya hökm etmək uğrunda gedən mübarizəsi təkrar olaraq başlamış oldu.
C.Nayın Rusiya və Çinin “yumşaq güc” siyasəti ilə bağlı “Rusiya və Çin “yumşaq güc”də nəyi başa düşmürlər ?” adlı məqaləsi vardır. Bu məqalə 2013-cü ildə “Foreign Policy” jurnalında çap olunmuşdur. Bu məqalədə Nay Rusiya və Çini “yumşaq güc” siyasətindən öz dövlət maraqlarına görə istifadə etdikləri üçün qınayır. Onun fikrincə, ölkənin dəyərləri onu maraqlara görə deyil, cəmiyyətin ahənginə uyğun olaraq təbliğ edilməlidir.
Nay düşünür ki, Çin “sərt” və “yumşaq” güclərini tarazlaşdırmalıdır, çünki onun mədəni ənənəsi buna imkan verir. Çinli Ç.Desyun bu fikirlər ilə müəyyən qədər razılaşır. O, Çin mədəniyyətini altruist insana bənzədir. Yəni insan öz ailə maraqlarını şəxsi maraqlardan, dövlətin maraqlarını isə hər ikisindən üstün tutmalıdır. Məhz bu ənənə Çində cəmiyyətin özəyini müəyyən edib. Hər halda bu fikir əsasında həm Amerikanın, həm də Çinin müəyyən dərəcədə eyni düşüncələrə sahib olması müsbət qarşılanıb.
“Portland” media şirkətinin hazırladığı ” Soft Power 30″ adlı sıralamada dünyada “yumşaq güc” siyasətini daha uğurlu şəkildə yerinə yetirən ölkələr əks olunub. Bu sıralamaya əsasən, ilk üç yer ABŞ, İngiltərə və Almaniya olmuşdur. İlk onluqda isə Kanada, Fransa, Avstraliya, Yaponiya, İsveçrə, İsveç və Niderland olmuşdur. Siyahıda 30 ölkənin arasına Rusiya da daxil olmaqla 27-ci yeri tutmuşdur. Rusiya bu siyahıya daxil olan yeni ölkələrdəndir.
Son dövrlərdə isə sərt və yumşaq gücün qarşılıqlı əlaqəsi olan “ağıllı güc” üsulundan istifadə olunur. Josep Nay qeyd edir ki, “ağıllı güc” yanaşması sərt və yumşaq gücün birgə kombinasiyasını, lazım olan anda isə onlardan hansının daha təsirli olduğunu müəyyən edə bilir. Həmçinin o, “ağıllı güc”ün yayılmasının başqa halların məzmununda mövcud olan ən yaxşı strategiyaların birləşməsi üsulu olduğunu qeyd etmişdir. İndiki dövrdə ölkələr mövcud olmaq uğrunda daima mübarizə aparırlar. Təbiidir ki, bu baxımdan “güc” onlar üçün olduqca önəmlidir. Bir sıra ədəbiyyatlarda “güc” müxtəlif yollarla müəyyən edilmiş və şərh olunmuşdur.
Sərt gücdən fərqli olaraq yumşaq güc ölkənin cəlbedici yollar ilə öz məqsədlərinə çatmaq üsuludur. Bir baxımdan da yumşaq güc ənənəvi xarici siyasət vasitələrindən fərqli olaraq beynəlxalq münasibətlərdə daha xoşagələn vasitələr ilə ölkələr arasında mədəniyyət əlaqələrini inkişaf etdirir. Hər hansı bir ölkə öz “sərt güc”ü ilə başqa ölkələrə təzyiq göstərə və yaxud da o ölkəni idarə edə bilər. Lakin o “yumşaq güc” elementləri vasitəsi ilə başqalarına təsir göstərərsə, bu daha uzunmüddətli və qalıcı olmaqla yanaşı, həmçinin mövcud olan münasibətləri də öz xeyrinə dəyişə bilər.
Bu gün hər hansı problemin olmadığı bir mühitdə dövlətlərin başqalarına təsir etmək istəyi yönündə davranışları getdikcə artır. Məhz bu istiqamətdə güc amilindən müxtəlif məqsədlər üçün istifadə edilə bilər. Əsas olan bu məqsədlərin dəqiq olaraq müəyyənləşdirilməsidir.
Bu nöqteyi – nəzərdən “yumşaq güc” yanaşmasının siyasətdəki əhəmiyyəti böyükdür. Analitiklər tərəfindən “yumşaq güc”ə keçid müsbət bir hal kimi qiymətləndirilir. “Yumşaq güc” anlayışı özündə qarşılıqlı münasibətlərdə razılığa gəlməyi və ölkə mədəniyyətləri arasındakı əlaqələrin inkişafını nəzərdə tutur. Gələcəkdə də dünyanın beynəlxalq münasibətlərində “yumşaq güc”ün rolunun artması gözlənilir.
Azərbaycanda “yumşaq güc”ün necə həyata keçirilir. Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa etmiş, hərbi və iqtisadi cəhətdən zəif olan və Ermənistanın təzyiqlərinə məruz qalan Azərbaycan üçün siyasətdə “yumşaq güc” yanaşmasından istifadə etmək və dünya ictimaiyyətinin diqqətini məhz bu yolla cəlb etmək asan olmasa da, real idi.
1991-ci ildə respublikamız müstəqillik əldə etdikdən sonra öz dövlət siyasətində “yumşaq güc” amilindən istifadə etməyə başladı. Eyni zamanda Azərbaycan işğalçı Ermənistan ilə mübarizə aparmaq məqsədi ilə ölkədə hərbi qüvvəni getdikcə gücləndirirdi. Müstəqillik qazandıqdan sonra öz yerini tutmağa başlayan Azərbaycan “yumşaq güc”ün mövcud imkanlarını tam şəkildə tətbiq etməyə çalışırdı.
Ümumilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldi. Məhz bundan sonra göstərilən əsaslı səylər nəticəsində yeni yaradılmış dövlətin dünyada tanıdılması istiqamətində ciddi fəaliyyətə başlanıldı.
Heydər Əliyev bu istiqamət üzrə çoxlu siyasi görüşlər keçirmiş, ölkədə mövcud olan zəngin enerji mənbələrinin səmərəli şəkildə istifadəsi ilə qısa bir müddət ərzində milli iqtisadiyyatın bərpa olunmasına nail ola bilmişdir. Bütün bunlar yeni bir dövlət kimi Azərbaycanın tanınması yolunda mühüm addımlar olmuş və bu prosesi də olduqca sürətləndirmişdir. Heydər Əliyev siyasətdə “yumşaq güc” yanaşmasından məharətlə istifadə etmiş və buna görə də həmin dövrdə Azərbaycan dünya ölkələri ilə tərəf müqabilinə çevrilmişdir.
Heydər Əliyev özündən sonra da bu istiqamət üzrə bizlərə mühüm bir irs qoymuşdur. Belə ki, bugünki günümüzdə Prezident İlham Əliyev bu yolu uğurla davam etdirərək, dövlətçiliyi yeni və yüksək mərhələyə qaldırmışdır. Dövlət başçısının hər zaman dediyi kimi: ” Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir”. Məhz bu ideya Azərbaycanın uzunmüddətli inkişaf strategiyası hesab olunur və görülən bütün tədbirlər bu strategiyanın reallaşdırılması üçün planlaşdırılır. İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət Azərbaycanın iqtisadi potensialını daima artırmaqdadır. Bu iqtisadi potensial istər regional sahədə, istərsə də beynəlxalq sahədə ölkənin milli maraqlarını və mənafeyini qoruyub saxlamağa imkan verir.
Azərbaycanın zəngin mədəni irsinin dünyanın nəzərinə çatdırılması üçün mühüm işlər görülmüşdür. Bu yolda Heydər Əliyev Fondunun, xüsusilə birinci xanım Mehriban Əliyevanın rolu böyükdür. O, beynəlxalq muğam festivallarının təşkilatçısıdır və bununla yanaşı, dəyərli sərvətimiz olan muğamı bir daha dünyaya tanıtmışdır.
2012-ci ildə ölkəmizdə keçirilən “Avroviziya” musiqi yarışmasına ev sahibliyi etməyimiz mədəniyyətimizin tanıdılması istiqamətində atılan önəmli addım idi. “Avroviziya”nı təkcə musiqi yarışması kimi dəyərləndirmək yanlış olardı. Çünki bu yarışma ilə dəyərlərimizin dünya ölkələrinin diqqətinə çatdırılması ilə əlaqədar yüksək nəticə əldə edilmişdir. Bəlkə də bu nəticə hər hansı bir siyasi tədbir həyata keçirməklə mümkün olmayacaqdı, lakin “Avroviziya” yarışması ilə Azərbaycan buna nail oldu.
Bundan əlavə 2015-ci ildə ilk dəfə olaraq “Bakı – 2015” Avropa oyunlarının ölkəmizdə keçirilməsi dövlətin “yumşaq güc” amilinə nə dərəcədə önəm verdiyini bir daha sübut edir. 12-28 iyun tarixlərində davam edən birinci Avropa oyunları ərzində ev sahibi olan Azərbaycan 5 mindən artıq idmançıya və on mindən çox xarici qonağa öz qapılarını açmışdır. Ermənistan idmançılarının bu oyunlara dəvət edilməsi və ölkəmizdə onlara qarşı göstərilən münasibət Azərbaycanın həyata keçirdiyi “yumşaq güc” siyasətinin tərkibinə daxildir.
2017-ci ildə ölkəmizdə baş tutan tədbirlərin hər biri isə siyasətdə “yumşaq güc” yanaşmasının möhkəmləndirilməsi istiqamətində uğurla həyata keçirilmişdir. Belə ki, ilk olaraq IV İslam Həmrəyliyi oyunları yüksək səviyyədə və böyük məharətlə təşkil olunması ilə bugun də nümunəvi sayılır. Azərbaycanın həm belə potensiala sahib olması, həm də təşkilatçılıq qabiliyyəti misal olaraq göstərilir. Daha sonra 2017-ci ilin may ayında Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu baş tutdu. Bu Forumda dünya miqyasında əhəmiyyətli olan məsələlər müzakirə olundu. “Formula – 1” Azərbaycan Qran Prisi eynilə 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də maraqlı tədbirlərdən biri olmuşdur. Ölkəmizdə uğurlа həyаtа kеçiriln iqtisadi islahatlar sürətli iqtisadi inkişafla yanaşı, əhalinin həyat səviyyəsi və yаşаyış tərzinin yüksəlməsinə də əsаslı təsir göstərmişdir. Əslində bu, məntiqi nəticə kimi bаşqа cür də bilməzdi. Çünki iqtisadi amillə sıх bağlı оlan sоsial siyasət – birinci növbədə müvafiq vəsaitlərin tоplanması və оnun iqtisadiyyatın ümumi inkişafına sərf еdilməsi, sоnra isə bu vəsaitlərdən əhalinin tələbat strukturu nəzərə alınmaqla istifadə оlunması ilə əlаqədаrdır . Bu prinsipə ölkənin iqtisadi və sоsial inkişaf siyasətində хüsusi diqqət yеtirilir, əhalinin rifah halının yaхşılaşdırılmasının kоnkrеt istiqamətləri müəyyən еdilir. Dövlət bаşçısı cənаb Ilhаm Əliyеv аşаğıdаkılаrı söyləmişdir: «…Аzərbаycаn sərf еtməyən təşəbbüslərə qоşulmur, çirkli оyunlаrа qоşulmur, öz хаlqının mənаfеyini hər şеydən üstün tutur, öz хаlqının mili mаrаqlаrını hеç kimə güzəştə gеtmir. Bilirəm ki, bəzi хаrici dаirələr bundаn о qədər də rаzı dеyillər. Аmmа, bu bizim prоblеmimiz dеyildir. Bizim prоblеmimiz öz mili mаrаqlаrımızı müdаfiə еtmək, Аzərbаycаn хаlqının təhlükəsizliyini, sоsiаl rifаhını təmin еtmək,ölkəmizi uğurlа inkişаf еtdirmək, gücləndirmək, müstəqilliyimizi əbədi, dönməz еtmək, bölgədə imkаnlаrımızı gеnişləndirməkdir. Iqtisаdiyytın mоdеrnləşməsi, sənаyе sаhələrinin işə sаlınmаsı, Аzərbаycаndа yеni bir şərаitin yаrаnmаsınа gətirib çıхаrаcаqdır. Biz mаksimum çаlışmаlıyıq ki, istənilən sаhə ölkəmizin inkişаfını təmin еdə bilsin. Kənd təsərrüfаtı nəinki kəndliləri işlə təmin еtməli, еyni zаmаndа ümumi iqtisаdi pоtеnsiаlımızа böyük töhfə vеrməlidir.
Bu nöqtədə, güc ölçüsü olan yumşaq gücün bu gün və gələcəkdə ölkənin diplomatiya fəaliyyətində əvəzedilməz bir element olduğu aşkardır.
Bütün bunlar Azərbaycan Respublikasının siyasətdə “yumşaq güc” amilindən necə möhtəşəm şəkildə istifadə etdiyini göstərir. Bu gün də xalqımızın özünəməxsus milli-mənəvi dəyərləri bir baxımdan “yumşaq güc”ə çevrilərək, dövlətimizin dünyadakı nüfuzunu artırmağa davam edir.
Qloballaşmanın yaratdığı imkan və fürsətlərdən millətin və dövlətin uzun müddətlə inkişaf strategiyalarına uyğun olaraq istifadə etmək lazımdır.Burada da nümunə götürmək mümkündür.İnkişaf etmiş güclü dövlətlərin dayatdıqları siyasətlərdən çox onların inkişaf etmələrinə kömək edən siyasətlərin nələrdən ibarət olduğunu,ölkələrin inkişaf xətlərini zamanı,məkanı və ölkənin vəziyyətini nəzərə alaraq analiz etmək və inkişaf prosesində həyata keçirmək daha məqsədəuygun olar. Ancaq bu o demək deyil ki,inkişaf etmiş ölkələri geridən təqib etmək lazımdır. Qloballaşmanın gətirdiyi bəlkə də ən önəmli dəyəri: elmi-informasiyanı asan və ucuz əldə etmək,ölkəyə və cəmiyyətə faydalı olanlarını işləyib müxtəlif sahələrdə tədbiq etmək və nəhayət ən sonunda bu dəyərləri istehsal etmək, yaratmaq günümüzdə inkişafın əsil göstəricisi sayılmaqdadır.
Qloballaşma sadəcə xarici,obyektiv fenomen,təslim olunması ya da laqeyd qalınması mümkün olan bir durum deyildir.
İstər qlobal, istər regional və istərsə də milli ölçülərdə, siyasi, ictimai, diplomatik, iqtisadi, sosial-mədəni dəyişikliklər olmaqdadır. Cəmiyyətlərə və cəmiyyətlər arasında əlaqələrə köklü təsir göstərən bu inkişafa meyl ölkələrin siyasətinə də təsir göstərir.
Bu dəyişmə və çevrilmələr, ölkələrin daxili tarazlıqlarına təsir edərək istiqamətləndirdiyi kimi ölkələr arasındakı əlaqələrə də birbaşa təsir edir.
Hökumət və onun strukturları baxımından bu dəyişməyə paralel olaraq, daxili və xarici dinamiklərin yaxşı idarə olunması, ölkələrin sahib olduqları “milli güc ünsürləri” nın millətlərin rifahına, daxili və xarici sülhə, milli təhlükəsizliyinə xidmət göstərəcək şəkildə istifadə edilməsi, informasyaya söykənən idarəetmə anlayışını ön plana çıxartmışdır.
Dövlətlər baxımından, regional və qlobal mənada fəal, aktiv və müəyyənedici bir güc olmanın ən əsas şərtlərindən biri, milli güc ünsürlərinin yaxşı analiz edilməsi və onların düzgün idarə olunmasıdır. Bu isə regional və qlobal dəyişikliklərə paralel olaraq güc ünsürlərinin yaxşı analiz edilməsinə və dinamik proseslərdə idarə olunmasıyla sıx bağlıdır.

Ədəbiyyat siyahısı:
Məmmədov Novruz Xarici siyasət: reallıqlar və gələcəyə baxış. Qanun. Nəşr yeri, Bakı. Nəşr ili, 2013.

İnternet saytları :
1. http://atv.az/news/politics/95137-azerbaycanda-kecirilen-tedbirler
2. https://az.bccrwp.org/compare/difference-between-hard-power-and-soft-power/
3. https://news.milli.az/politics/336120.html
4. https://sesqazeti.az/news/analytics/387710.html

Murtəza HƏSƏNOĞLU
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu
kadr siyasəti kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

“Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu güclənib”

“COVİD-19 bəşəriyyət üçün bəla olmaqla bərabər, həm də ayrıca hər bir ölkə və hər bir lider üçün sınaqdır. Bu sınaqdan üzüağ çıxanlarla yanaşı, çıxmayanlar da var”.

Bu barədə “Sherg.az” a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri bildirib ki, bu sınağın nəticəsində dövlət başçılarının özlərini qlobal miqyaslı siyasi xadimlər kimi təsdiqləmələrinə zəmin yarandı:

“Azərbaycan Prezidenti İlham Əliyev də həmin siyasi xadimlərin sırasında yer alır. Dövlət başçısı koronavirus pandemiyasına qarşı mübarizənin ilk günündən yalnız ölkə daxilində deyil, həm də regional və qlobal çərçivədə birliyə, həmrəyliyə xidmət edən tədbirlərin gücləndirilməsinə çağırış etdi. Azərbaycanın dövlət başçısı ölkə daxilində zəruri tədbirlərlə yanaşı, dünya miqyasında birliyə, həmrəyliyə xidmət edən təşəbbüslərlə çıxış edərək diqqətləri üzərinə çəkdi.

Ölkə rəhbərinin təşəbbüsü ilə əvvəlcə Türk Şurasının, sonra isə 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. Pandemiya şəraitinin diktəsi ilə yeni formatda, videokonfrans şəklində keçirilən bu kimi mötəbər tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən ilk növbədə Azərbaycana qarşı, İlham Əliyevə qarşı böyük inamın və hörmətin göstəricisi kimi dəyərləndirildi”.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev eyni vaxtda iki nüfuzlu beynəlxalq təşkilatın rəhbəridir:

“Bu, həqiqətən böyük bir hadisədir. İlham Əliyev bütün ölkələrin pandemiya ilə üz-üzə qaldığı bu ağır, böhranlı şəraitdə yeni performans sərgiləyir. Sözün əsl mənasında dünya lideri kimi çıxış edir. Dövlət başçısının beynəlxalq müstəvidə davamlı təşəbbüsləri və bu təşəbbüslərin reallıqda öz əksini tapması da bu həqiqəti bir daha təsdiqləyir. Prezidentin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsi xüsusi uğurdur. Bu təşəbbüs beynəlxalq dairələrdə geniş əks-sədaya səbəb oldu. Əlbəttə, bunun da kifayət qədər ciddi səbəbləri var. Çünki pandemiya təkcə ayrı-ayrı ölkələrin səhiyyə strukturlarını deyil, həm də beynəlxalq münasibətlər sistemini iflic vəziyyətinə salıb”.

Ə.Hüseynovun sözlərinə görə, nüfuzlu beynəlxalq təşkilatların demək olar ki, heç biri koronavirusun yaratdığı reallıqlara və çağırışlara adekvat reaksiya verə bilmir:

“Beynəlxalq təşkilatlar özlərini toparlamağa, təşəbbüskarlıq göstərməyə çətinlik çəkir. Onların fəaliyyətində hərəkətlilik yoxdur, süstlük müşahidə olunur. BMT və onun əsas qurumları olan Baş Məclis və Təhlükəsizlik Şurasının beynəlxalq münasibətlər sistemində rolu demək olar ki, görünmür. Həmçinin, dünyanın aparıcı ölkələri, supergücləri qlobal liderlik əvəzinə ya özünütəcridə kökləniblər, yadaki geosiyasi çəkişmələrə meyl göstərirlər. Odur ki, bu arada böyük dövlətlər və beynəlxalq təşkilatlardan gözlədiyimiz qlobal liderlik nümunəsi baş vermədi. Bir növ, hamı özünə qapandı. Lokallıq və milli eqoizm meydan sulamağa başladı.

Bir tərəfdən, BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. Digər tərəfdən isə BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, lakin onların da əksəriyyəti uğurla nəticələnmədi. Dövlət başçısı İlham Əliyev məhz belə bir kritik məqamda xüsusi sessiyanın keçirilməsi təklifi ilə çıxış etdi. Bu təşəbbüs tam zamanında edilmiş təşəbbüs effekti ilə qarşılandı. Dövlətlərin özünəqapanması onların heç birinə uğur gətirə bilməz.

Odur ki, səylərin birləşdirilməsi, kollektiv surətdə tədbirlərin görülməsi və təcrübə mübadiləsinin aparılması çox vacibdir. Məhz belə sağlam mövqeyimizə, qlobal məsuliyyətimizə görə Azərbaycanın pandemiyaya qarşı mübarizə sahəsində nümunəvi ölkə kimi təşəbbüsləri təqdir olunur, həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artması göz qabağındadır”.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın dünyada artan nüfuzunu və rolunu həzm edə bilməyən və bunu qısqanclıqla qarşılayan yeganə ölkə Ermənistandır:

“İşğalçı ölkənin Azərbaycanın bu qlobal miqyaslı təşəbbüsünə qarşı çıxması Ermənistan hakimiyyətinin gerçək simasını bir daha əyani surətdə göstərir. Hazırda pandemiyanın ən ağır nəticələri ilə üzləşən bir ölkə olmasına baxmayaraq Ermənistan bu təşəbbüsə qarşı çıxmaqla özünü dünya birliyi qarşısında rüsvayçı vəziyyətə salır. Ermənistan üçün bundan daha pis “qara piar” ola bilməzdi. Ermənilər bu hərəkəti ilə necə deyərlər, özləri öz əlləriylə beynəlxalq imiclərinə ağır zərbə vudular. Azərbaycan dünyanı birləşdirir, bu yeni dünyada isə Ermənistana yer yoxdur”.

“Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” kitabı çap edilib

“Biz dünya siyasətinin bütün sirlərini açırıq”. Bu şüar altında iki ildən artıqdır fəaliyyət göstərən Newtimes.az analitik-informasiya portalının “Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” adlı növbəti nəşri çapdan çıxıb. Kitab Newtimes.az analitik-informasiya portalının məqalələr toplusu əsasında tərtib olunub.

AzərTAc xəbər verir ki, nəşrin layihə rəhbəri və baş redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur.

Əsas məqsədi dünya siyasətini, beynəlxalq və dövlətlərarası münasibətlər sahələrində baş verən hadisələri, prosesləri, atılan addımları təhlil edərək onların mahiyyəti haqqında oxuculara tərəfsiz, obyektiv, əsaslandırılmış mövqe bildirmək olan Newtimes.az analitik-informasiya portalı özünə böyük oxucu marağı cəlb edə bilib. Təkcə onu demək kifayətdir ki, gün ərzində nəinki Azərbaycandan, həm də digər ölkələrdən portala daxil olan izləyicilərin sayı 20 min nəfərdən artıqdır. Portalın 4 dildə – Azərbaycan, rus, türk və ingilis dillərində fəaliyyət göstərməsində məqsəd də məhz baxışları fərqli cəmiyyətləri təmsil edən oxucularla paylaşmaqdır.

Newtimes.az-ın beynəlxalq nüfuzu da gündən-günə artır. Ötən dövr ərzində dünyanın bir sıra “beyin mərkəzləri” və analitik-informasiya qurumları ilə əməkdaşlıq əlaqələri yaradılıb. Onların sırasında Türkiyənin Beynəlxalq Siyasət Akademiyası (UPA), Avrasiya İncələmələri Mərkəzi (AVİM), ABŞ-ın “İrs” Fondu, Strateji Düşüncə İnstitutu, Rusiyanın Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzi, Beynəlxalq Tədqiqatlar İnstitutu və Hərbi-Siyasi Araşdırmalar Mərkəzi, Xəzər Əməkdaşlığı İnstitutu, Ukraynanın Qlobal Transformasiyalar İnstitutu, Litvanın Geosiyasi Tədqiqatlar Mərkəzi, Birləşmiş Ərəb Əmirliklərinin Orta Şərq və Körfəz Hərbi Təhlil İnstitutu var. ABŞ-ın “Jamestown” Fondu, Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəzi, Amerika Neft İnstitutu, Mərkəzi Asiya və Qafqaz İnstitutu, Geosiyasi Təhlil və Monitorinq Mərkəzi kimi analitik qurumların nəşrləri, “Foreign Policy Magazine”, “Central Asia and the Caucasus”, “Uluslararası Hukuk ve Politika”, “Akademik Perspektif”, “Forbes”, “Newsweek”, “Международные процессы” jurnalları, həmçinin “Wikipedia” beynəlxalq elektron ensiklopediyası, “History of Truth” (ABŞ), İnosmi.ru, Russia.Post.su, Politobzor.net, Oilru.com (Rusiya), Centrasia.ru, Respublika-kz.info (Qazaxıstan), Fergananews.com (Özbəkistan), Kyrgyztoday.kg (Qırğızıstan) kimi saytlar portalın materiallarına müraciət edirlər.

2013-cü ildə portalın məqalələri kitab halında Azərbaycan dilində “Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər” və rus dilində “Кто прав тот и силнее?” adı ilə çap edilib. Bu da Azərbaycan media məkanında elektron kütləvi informasiya vasitələri arasında özünəməxsusluğun göstəricisidir.

Son bir il ərzində dünyada baş verən geosiyasi proseslərin intensivliyinin xeyli artması, böyük dövlətlər arasındakı ziddiyyətlərin daha da kəskinləşməsi, ikili standartların tətbiqinin isə geniş miqyas alması fonunda ictimai rəyə məqsədyönlü şəkildə ötürülən informasiyalar baş verən proseslərin obyektiv və real mənzərəsini təsvir etməyi əngəlləyir. Bütün bunları nəzərə alaraq, Newtimes.az analitik-informasiya portalı onunla əməkdaşlıq edən azərbaycanlı və xarici mütəxəssislərin dünya siyasətinin müvafiq aspektlərini araşdıran məqalələrindən ibarət yeni toplunu çap etdirib. Ön söz və beş fəsildən ibarət olan “Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” adlı kitab əvvəlki nəşrdəki ideyaları daha da inkişaf etdirməklə yanaşı, qlobal geosiyasətin bir sıra yeni meyillərini də üzə çıxarır.

“Geosiyasətdə dəyişiklik – “güc mərkəzinin” Qərbdən Şərqə doğru hərəkəti” adlı birinci fəsildə XXI əsrdə dəyişikliyə uğramış geosiyasi mühitdə yeni “güc mərkəzləri” kimi çıxış etməkdə iddialı olan Rusiya və Çinin, həmçinin mühüm regional aktorlar olan Türkiyə və İranın xarici siyasətinin təhlilinə geniş yer verilir, ABŞ-ın bu dəyişiklik prosesini əngəlləmək cəhdlərinin əsas məqamları araşdırılır. Xəzər regionu, Mərkəzi Asiya və Yaxın Şərq qlobal liderlik uğrunda mübarizənin həlledici regionları kimi təqdim olunur.

Hazırda müasir geosiyasətdə baş verən proseslər əsasən ABŞ, Rusiya və Çinin həmin proseslərdə oynadığı rolla müəyyənləşir. Bu baxımdan, “Müasir dünya nizamı – böyük dövlətlərin siyasi xətləri” adlı II fəsil müasir dünya nizamı çərçivəsində böyük dövlətlərin həyata keçirdiyi siyasətlərin əsas xətlərinin təhlilinə həsr edilib. Burada xüsusən ABŞ-ın qeyd olunan böhranlara münasibətdə atdığı addımların xarakteri, həmçinin onun öz xarici siyasətində nümayiş etdirdiyi ikili standart və ədalətsizlik hallarının mahiyyəti araşdırılır.

Eyni zamanda, bu fəsildə müasir dövrümüzdə olduqca aktual olan bir sıra məsələlərə – beynəlxalq böhranlar, ərzaq problemi, nüvə silahı, ayrı-ayrı dövlətlərə tətbiq edilən iqtisadi sanksiyalar kimi mövzulara xüsusi diqqət yetirilir, bu problemlərin arxasında dayanan real səbəb və məqsədlər, ümumi qanunauyğunluqlar tədqiq olunur.

Müasir dövrümüzdə qlobal və regional səviyyədə cərəyan edən hadisələri sivilizasiyalar və dinlərarası münasibətlərin mahiyyətinə varmadan izah etmək çətindir. Mövcud reallıq bir çox proseslərin əsasında dayanan bu münasibətlərin obyektiv şəkildə təhlil olunmasını tələb edir. “Sivilizasiyalar və dinlərarası münasibətlər: dialoq, yoxsa qarşıdurma?” adlı III fəsildə bu məsələyə xüsusi diqqət yetirilir.

“Avropa geosiyasi seçim qarşısında” adlanan IV fəsildə bütövlükdə Avropa İttifaqı ilə bağlı məsələlər təhlil olunur. Burada problemə iki aspektdən – Avropa İttifaqı daxilində baş verən proseslər və onun xarici siyasəti və qonşuları ilə münasibətləri aspektindən nəzər salınır, təşkilatın qlobal gücə çevrilmək ambisiyaları təhlil olunur.

Kitabın sonuncu – V fəslində Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslər tədqiq olunur və “Cənubi Qafqaz: dönmə nöqtəsinə doğru” adlanır. Bu çərçivədə Cənubi Qafqazda dönüş yarada biləcək yeni geosiyasi balansın əlamətləri, həmçinin region dövlətləri tərəfindən irəli sürülən yeni əməkdaşlıq modelləri nəzərdən keçirilir və regiondakı geosiyasi tendensiyalar üçün həlledici xarakter daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə xüsusi yer verilir. Ukraynada baş vermiş proseslər fonunda Dağlıq Qarabağ münaqişəsinə münasibətin hələ də ikili standartlardan kənara çıxa bilməməsi, bu münaqişəyə fərqli münasibətin göstərilməsi, həmçinin müəyyən dairələrin Ermənistana havadarlıq etməsi konkret faktlarla əsaslandırılır və tənqid olunur.

Newtimes.az analitik-informasiya portalı yarandığı dövrdən etibarən müasir beynəlxalq münasibətlər sistemində mövcud olan bir sıra meyillərə qarşı mübarizə aparmağı özü üçün prioritet müəyyən edib. Bunlardan birincisi dünyada baş verən proseslərdə ədalət prinsipinin pozulması və ikili standartların tətbiqidir. Digər problem isə dünyada informasiya təminatında mövcud olan və konkret maraqların təmin olunmasına xidmət edən monopoliya ilə əlaqəlidir. Bu mənada, beynəlxalq münasibətlər sistemində başlıca dəyərlərdən biri olan ədalət prinsipinin qorunub saxlanması, ikili standartlardan imtina edilməsi, baş verən proseslərə münasibətdə ədalətli mövqe formalaşdırılması, bu proseslərin əsl mahiyyətinin oxucuya çatdırılması, həmçinin qeyd edilən məsələlərə münasibətdə yerli media məkanında vahid mövqenin təmin olunması Newtimes.az analitik-informasiya portalının xüsusi diqqət yetirdiyi məsələdir. Təqdirəlayiqdir ki, Qərb mətbuatının özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanı “İslam Dövləti” kimi qələmə vermək cəhdlərinə portalın etirazı bir sıra yerli KİV-lər tərəfindən fəal şəkildə dəstəklənib.

Newtimes.az analitik-informasiya portalının hazırkı məqalələr toplusu onun elmi-siyasi müzakirələrə növbəti töhfəsidir. Düşünmək olar ki, məqalələr toplusu müvafiq sahənin tədqiqatçıları və oxucular üçün həm elmi-nəzəri, həm də siyasi-praktiki baxımdan əhəmiyyətli mənbə rolunu oynayacaq.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.