Bir şey alsam, ƏDV-ni necə geri tələb edə bilərəm
Qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünənlər Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Bir şey alsam, ƏDV-ni necə geri tələb edə bilərəm?
Bu prosesin icrasında istehlakçıya hələ də süni problemlər yaradılır
Artıq bir ilə yaxındır ki, ölkədə istehlakçılar neft və qaz məhsulları istisna olmaqla, aldıqları digər mallara görə ödənilmiş Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən hissəsini geri ala bilərlər.
Vergi Məcəlləsinə görə, fiziki şəxslər supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini geri almaq hüququna malikdirlər.
Problemi kim və niyə yaradır?
Lakin görünən odur ki, istehlakçıların ƏDV-ni geri alması heç də asan başa gəlmir. Bir çox hallarda ƏDV çeki alıcıya alış üçün ödənilən qəbzlə birlikdə verilmir, alıcı ƏDV çekini özü istəməsə, qarşı tərəf onu istehlakçıya verməyə qətiyyən maraq göstərmir, onun bu istəyini hətta narazılıqla qarşılayır. Bəzən ƏDV-nin çekini istəyən istehlakçı bunu birbaşa kassirdən almalı olduğu halda, kassir tərəfindən müştəri xidmətlərinə yönəldilir. Bu, istehlakçının hüquqlarını pozmaqla yanaşı, onun üçün vaxt itkisinin yaranmasına da səbəb olur.
Çekin keyfiyyətsizliyi və oradakı məlumatların bilərəkdən yanlış göstərilməsi də istehlakçı üçün ƏDV-nin geri qaytarılmasına imkan vermir. Bəzi hallarda isə çeklərdə 12 simvollu fiskal ID nömrəsi və QR kod o qədər keyfiyyətsiz şəkildə qeyd edilir ki, alıcı bu məlumatları sistemə ya çox çətinliklə yükləyir, ya da yüklənməsi, ümumiyyətlə baş tutmur.
Digər problem odur ki, böyük ərzaq marketlərində ƏDV çekini az və ya çox dərəcədə almağa nail olsaq da, geyim mağazalarında bu, çox zaman qeyri-mümkün olur. Sadələşdirilmiş vergi ödəyicisi olduğunu əsas gətirən bir çox geyim mağazaları istehlakçıya ƏDV çeki verməkdən imtina edirlər. Maraqlıdır ki, vitrinlərinə qoyduğu geyimlərinin hər birinin qiymətinin minimum 100-150 manat olduğu, dövriyyəsi kifayət qədər yüksək olan belə hüquqi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olması nə dərəcədə düzgündür?!
Sistem uğurla fəaliyyət göstərirsə, onda problem nədədir?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddia edir ki, sistem uğurla fəaliyyət göstərir. Lakin buna baxmayaraq, rast gəlinən əsas narazılıqlardan biri odur ki, bəzən portala daxil edilmiş bir sıra müraciətlərə imtina cavabı verilir:
“Məsələ burasındadır ki, bəzən portala böyük məbləğlərdə çeklər daxil edilir. Belə çeklər vergi orqanlarının baza məlumatları üzrə yoxlanılır. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. ƏDV-ni geri almaq üçün sistemə daxil edilən kassa çekinin məlumatları Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bəzən kassa çekləri bu tələblərə cavab vermir. Bu tələblər nədir? Fiskal çeklərdə məhsulun adının qeyd olunmaması, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği), nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün müraciətə imtina cavabının verilməsinə səbəb ola bilər. Ona görə də bu məlumatlara vətəndaşlar tərəfindən də diqqət yetirilməlidir”.
Xidmət açıqlayır ki, imtinaya səbəb olan hallardan biri topdansatış əməliyyatlarının həyata keçirilməsi zamanı istifadə edilən çeklərin sistemə daxil edilməsidir. Qanunvericiliyə əsasən, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir: “İstehlakçılardan daxil olan bütün müraciətlər Dövlət Vergi Xidməti tərəfindən mütəmadi təhlil olunur və texniki xətalar baş verdikdə dərhal banklarla əlaqə saxlanılaraq onun həlli təmin edilir. Eyni zamanda informasiya sistemi və məlumat bazası daim optimizasiya edilir. Kassa çekinin verilməsindən imtina edildiyi hallarda istehlakçılar DVX-nin “Qaynar xətti”nə zəng edə bilərlər”.
ƏDV-ni geri istəyənlərin sayı artır
Xidmətin məlumatına görə, 2020-ci ilin may ayından indiyədək www.edvgerial.az portalında 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin birinci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147.111.792 çek üzrə 60.192.462 manat ƏDV məbləği geri qaytarılıb.
2021-ci ilin birinci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Belə ki, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779.018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1.026.757 nəfərə çatıb. Bu da “ƏDV geri al” layihəsinə olan marağın sürətlə artdığını göstərir. Bütövlükdə, 2021-ci ilin birinci rübü ərzində 67.101.388 kassa çeki üzrə 26.770.074 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.
“Binə”, “Sədərək”, “Dərnəgül” ticarət mərkəzlərində vergidən yayınma üçün münbit şərait var
İqtisadçı ekspert Fikrət Yusifov bu fikirdədir ki, ƏDV-nin geri qaytarılması prosesinin başlanğıcında olduğumuz üçün hələlik yetərincə problemlər var. Ancaq o, hesab edir ki, bu cür çatışmazlıqların olması təbiidir və onlar zaman-zaman aradan qalxacaq: “Bəzi marketlərdə hətta alıcıdan ona çekin lazım olub-olmadığını soruşanlar da olur. Bu hallar yanlışdır. ƏDV çeki mütləq qəbzlə birlikdə alış üçün ödəniş edilən kassada kassir tərəfindən verilməlidir. Bu baxımdan vətəndaşın müştəri xidmətlərinə yönləndirilməsinin heç bir əsası yoxdur”.
İqtisadçının qənaətincə, ölkə miqyasında hesablaşmalarda sivil sistemin tam qurulub başa çatdırılması uzun prosesdir. Keçmişdən qalmış, bir çox iş adamlarının sərfəli, həm də rahat hesab etdikləri ödəniş qaydalarından birdən-birə imtina etmək bir o qədər də asan deyil: “Bugün bəzi ticarət obyektlərində post-terminallar işləmir və ya onların bəzilərində köhnə kassa-nəzarət aparatları işləyir. Bu kassalardan verilən çeklər ƏDV-ni geri qaytarmaq üçün tələb olunan formada olmur. Daha ciddi bir problem isə yetərincə böyük dövriyyəsi olan ticarət mərkəzlərində hələ də nağdsız hesablaşmaların aparılmasıdır. Məsələn, ölkədə hamının tanıdığı “Binə”, “Sədərək”, “Dərnəgül” və digər iri ticarət mərkəzlərində bütün hesblaşmalar bu gün də nağd şəkildə aparılır. Heç şübhəsiz ki, belə bir vəziyyət vergidən yayınmalar üçün münbit şərait yaradır”.
Mütəxəssis deyir ki, əgər ticarət müəssisəsi alıcıya çek vermirsə, deməli o, dövriyyəsini gizlətməklə vergidən yayınmağa çalışır. Buna görə də vətəndaşlar öz haqlarını tələb etməyi bacarmalıdırlar: “Ən azından ona görə ki, çeki almaqla vətəndaş ƏDV-ni geri qaytaracaq və eyni zamanda bir vətəndaş kimi dövlət büdcəsinə çatmalı olan verginin təmin olunmasında öz sözünü deyəcək”.
ƏDV ödənişində maraqlı olmayan sahibkarlar stimullaşdırılmalıdırmı?
F.Yusifovun qənaətincə, ƏDV ödənişində müştərilərin aldanılmaması üçün konkret nəzarət mexanizmi var. Bu mexanizm əsasında bütün proseslər şəffaf həyata keçirilir: “İstehlakçı www.edvgerial.az portalında qeydiyyatdan keçib çekdəki 12 saydan ibarət fiskal ID nömrəsini daxil etməklə onu sistemə yükləyir. Bundan əlavə, çekin üzərindəki QR kodu “BirBank” mobil tətbiqi vasitəsilə oxutmaqla bu xidmətdən daha rahat yararlanmaq mümkündür. Yəni burada prosesin özü yetərincə şəffafdır və vətəndaş özü prosesə tam nəzarət edə bilir”.
ƏDV ödənişində maraqlı olmayan sahibkarların stimullaşdırılmasına ehtiyacın olub-olmadığına gəldikdə, ekspert hesab edir ki, dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri olan ƏDV-nin ödənilməsi mütləqdir. Sahibkar bu vergini vaxtında və tam həcmdə ödəməyə borcludur: “ƏDV-nin ödənilməsini təmin etmək üçün xüsusi həvəsləndirmə üsullarının müəyyən edilməsinə ehtiyac görmürəm. Bu gün dövlət sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün müxtəlif səviyyəli güzəştlər təqdm edir, ixrac və investisiyaları təşviq edir. Hesab edirəm ki, sahibkarlar da bunların qarşılığında dövlət qarşısında olan vergi öhdəliklərini tələb olunan qaydada yerinə yetirməlidirlər”.
ƏDV-ni geri almaya da bilərik
Maliyyə üzrə ekspert Mahmud Abasquliyev bildirir ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına yüklənmədiyi halda, sistemə yüklənmə zamanı müvafiq xəta mətni əks olunur.
Sistemdə “Bu çek üzrə alınan mallara görə ƏDV ödənilməyib” xətası alınmış mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda görünür. ƏDV ödəyicisi olmayan satıcılar tərəfindən satılan mal və xidmətlərə ƏDV hesablanmadığı zaman “Satıcı ƏDV ödəyicisi deyil” xətası qeyd edilir və bu halda ƏDV-nin qaytarılması mümkün olmur.
M.Abasquliyev deyir ki, çek məlumatları elektron kabinetə daxil edildikdən sonra nəticə barədə məlumat əks olunmursa, çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini “e-kassa.gov.az” internet səhifəsi üzərindən “Çeki yoxla” bölməsi vasitəsilə yoxlamaq olar. Çekin tapılmaması səbəblərindən biri də əməliyyat zamanı nəzarət qurğusunun internetə çıxışının olmamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-si təkrar portala daxil edilməlidir.
M.Abasquliyev nəzərə çatdırır ki, hədiyyə kartı alınarkən ƏDV ödənildiyindən bu kartlarla alışlar həyata keçirilərkən ƏDV ödənilmir. Onun sözlərinə görə, hədiyyə kartının satışına və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.
Malın pulu hissə-hissə ödənilərsə.
Malların dəyərinin hissə-hissə ödənilməklə (beh və ya avans) satışı həyata keçirildikdə malın tam dəyəri ödənildikdən sonra ƏDV məbləği geri qaytarılır.
Alıcı hər hansı malı qaytardıqda ƏDV məbləğinin necə qaytarıldığını açıqlayan ekspert deyir ki, çek üzrə ƏDV hələ qaytarılmadıqda ödənilmiş tam məbləğ, ƏDV qaytarıldıqda isə qaytarılmış ƏDV məbləğ çıxılmaqla formalaşan məbləğ alıcıya qaytarılır.
Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür. Bank 10 gün müddətində qaytarılmalı ƏDV məbləğini istehlakçının bank hesabına köçürür.
Problemlər varsa…
M.Abasquliyev əlavə edir ki, fiskal ID tam olaraq çap olunmadıqda, QR kod oxunmadıqda çekin dublikatını əldə etmək üçün onun verildiyi satış nöqtəsinə yaxınlaşmaq lazımdır.
Qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünənlər Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Mütəxəssis istehlakçılar üçün ƏDV-nin düzgün hesablanma qaydasını da açıqlayıb: “Tutaq ki, vətəndaş 236 (200 manat + 36 manat (ƏDV 18%)) manatlıq Pos-terminal, 59 (50 manat + 9 manat (ƏDV-18 faiz) isə nağd qaydada ödəniş edərək mallar alır. Vergi Məcəlləsinin tələblərinə əsasən, vətəndaşa qaytarılacaq ƏDV-nin məbləği POS-terminalla aldığı mala görə 5.40 manat (36 manat x 15 faiz) təşkil edirsə, nağd qaydada aldığı mala görə 0,90 (9 manat x 10 faiz) manat təşkil edəcək. Vətəndaşın müraciətinə əsasən, aldığı 295 (118+59) manat mala görə 6.30 (5.40 + 0.90) manat geri qaytarılacaq”.
ƏDV-nin faizi artırılsın?
F.Yusifov hesab edir ki, ƏDV-nin nağdsız ödəmələr üzrə 15, nağd ödənişlər üzrə 10% geri qaytarılması sistemində nağdsız ödənişlərin xeyrinə addım atmaq olar: “Daha yaxşı olardı ki, vətəndaşa nağdsız ödəniş üçün ƏDV 18, nağd ödəniş üçün 7% geri qaytarılsın. Bu nağdsız hesablaşmaların daha geniş tətbiqini sürətləndirərdi”.
Sistemin təkmilləşirilməsi barədə digər təkliflərini də açıqlayan iqtisadçı deyir ki, ƏDV-nin qaytarılması üzrə edvgerial.az portalından Kapital Bank və Beynəlxalq Bankdan başqa digər banklara da ƏDV üzrə geri qaytarmalar üçün imkanların yaradılması yaxşı olar. Müştərinin ƏDV hesabında yığılmış vəsaitin onun digər banklarda olan hesablarına köçürülməsi üçün ödənişlərin aradan qaldırılması da məqsədə müvafiq olardı.
F.Yusifov bəzi məsələlərə nəzarətin gücləndirilməsini də vacib sayır: “Digər problem vətəndaşlara verilən çeklərin keyfiyyətinin aşağı olmasıdır ki, bəzən onlar belə çekləri sistemə daxil etməkdə çətinlik çəkirlər. Başqa məsələ odur ki, vətəndaş ƏDV-nin geri qaytarılmasını 30 gün gözlədiyi halda, onun çeki ödəniş həyata keçirildikdən 10-15 gün ərzində hansısa səbəbdən ləğv edilir. Bu məsələlərə aidiyyəti qurumlar nəzarəti gücləndirməlidirlər”.
Sistem istifadəçilərinin sayının və qaytarılan ƏDV məbləğinin artması onu göstərir ki, ölkədə bu layihəyə maraq getdikcə artır. ƏDV-nin geri qaytarılması prosesində yalnız vətəndaşlar deyil, biznes ictimaiyyəti də aktiv iştirak edir. Lakin bu aktivliyi bütün biznes nümayəndələrinə şamil etmək olarmı?!
Ölkədə hələ də vergidən yayınmaq üçün səylərini əsirgəməyən, istehlakçıya ƏDV-ni ödəməkdə maraqlı olmayan kifayət qədər iş adamı var. Ümid edək ki, iqtisadiyyatımızın şəffaflaşmasına yönələn bu mexanizmin uğurla tətbiq olunmasında vətəndaşlar qədər sahibkarlıq subyektləri də fəal iştirak edəcəklər, dövlətin müvafiq qurumları isə bu prosesə nəzarəti daha da gücləndirəcəklər.
VERGİLƏR
Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
İqtisadçı ekspert Mahmud Abasquliyev qanunvericiliyin bu tələbini şərh edərək bildirib ki, Vergi Məcəlləsinə əlavə edilən bu dəyişiklik nağdsız dövriyyənin stimullaşdırılması məqsədilə aparılan islahatların tərkib hissəsidir. Artıq istehlakçılar tərəfindən pərakəndə ticarət və ictimai iaşə müəssisələrində nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizinin geri qaytarılması üçün mexanizm işləyir. Bu məsələdə iki məqamı diqqətdə saxlamaq lazımdır. Birincisi, ödənişlər yeni nəsil, yəni real rejimdə vergi orqanlarının məlumat bazasına inteqarsiya olunan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. İkincisi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Misal: Tutaq ki, vətəndaş POS-terminal vasitəsilə 118 (100 manat +18 manat (ƏDV 18%)) manat, nağd qaydada isə 59 (50 manat + 9 manat (ƏDV 18%)) manat isə nağd qaydada ödəniş edərək mal alır. Vergi Məcəlləsinin tələblərinə əsasən, vətəndaşa qaytarılacaq ƏDV-nin məbləği POS-terminalla aldığı mala görə 2,70 manat (18 manat x 15 faiz) təşkil edirsə, nağd qaydada aldığı mala görə bu məbləğ 90 (9 manat x 10 faiz) qəpik olacaq. Vətəndaşın müraciəti əsasında 177 (118+59) manatlıq mala görə 3,60 (2,70 + 0,90) manat məbləği geri qaytarılacaq.
ƏDV-nin geri qaytarılması ilə bağlı qaydalar işə düşdükdən sonra bir məsələ də gündəmə gəlib. Bilirik ki, istehlakçıların aldıqları malı hər hansı səbəbdən geri qaytarmaq haqqı vardır. Bəs ƏDV qaytarıldıqdan sonra istehlakçının malı geri qaytarması proseduru necə olacaq?
1. İstehlakçı alınmış mallara görə ona ƏDV qaytarıldıqdan sonra malın qaytarılması və ya dəyişdirilməsi ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq satıcıya müraciət edə bilər. Satıcı istehlakçıdan malın alışı zamanı əldə edilmiş nəzarət-kassa aparatı çekini tələb edir və həmin nəzarət-kassa aparatı çekinə əsasən istehlakçıya ƏDV-nin qaytarıldığı portalda yoxlanılır.
2. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən, ƏDV-nin qaytarıldığını müəyyən etdiyi təqdirdə, ödədiyi məbləğdən istehlakçıya qaytarılmış ƏDV məbləğini çıxmaqla, pulu istehlakçıya geri qaytarır. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən, ƏDV-nin qaytarılmasını müəyyən etmədiyi təqdirdə, istehlakçının ödədiyi məbləğdə tam şəkildə istehlakçıya geri qaytarır.
3. İstehlakçının aldığı mal daha aşağı qiymətli mal ilə dəyişdirildikdə satıcı istehlakçıya qaytarılmalı məbləğdən ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasındakı qiymət fərqinə mütənasib olaraq geri qaytarılmış ƏDV məbləğini çıxmaqla pulu istehlakçıya geri qaytarır.
4. İstehlakçının aldığı mal daha yüksək qiymətli mal ilə dəyişdirildikdə, ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasındakı qiymət fərqi üzrə ƏDV məbləği bu qaydaya uyğun olaraq istehlakçıya geri qaytarılır.
5. Satıcı Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatında geri qaytarılan mala dair çeki ləğv edir və müvafiq dövr üzrə Dövlət Vergi Xidmətinə (istehlakçıya qaytarılan vəsaitindən çıxılmış ƏDV məbləği nəzərə alınmaqla) bəyannamə təqdim edir.
İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Qaytarılmalı olan ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən beş gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank isə on gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır.
Qeyd edək ki, çekləri “Kaptalbank”ın “BirBank” əlavəsi ilə də oxutmaq mümkündür.
Fərqanə ALLAHVERDİQIZI
Vətəndaşlar ƏDV-ni necə geri ala bilər? – Qaydalar açıqlandı – VİDEO
Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Elçin Məmmədov açıqlama verib.
BAKU.WS müsahibəni təqdim edir:
– ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib?
– Bu sahədə görülən işlər çərçivəsində texniki və hüquqi məsələlərin həlli tamamlanmaq üzrədir.
Artıq müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla ƏDV-nin müəyyən hissəsinin qaytarılması ilə bağlı prosesə cəlb ediləcək müvəkkil bank müəyyən edilib – bu, “Kapital Bank”dır.
Həmçinin alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalın (www.edvgerial.az) hazırlanması ilə bağlı işlər başa çatdırılıb və ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib.
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır.
Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.
– ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaş nə etməlidir?
– ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir.
Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir.
Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.
BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
– Geri ödənilən vəsaitlər nə zaman qaytarılacaq?
– İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır.
Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.
Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.
İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.
Layihənin maliyyə partnyoru olaraq “Kapital Bank” ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir.
Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).
Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.
Comments are closed, but trackbacks and pingbacks are open.