Press "Enter" to skip to content

Azərbaycan Ordusu

Türkiyənin İstanbul şəhərində keçirilən müdafiə sənayesi sərgisində (İDEF-2009) Azərbaycanda istehsal edilmiş 27 adda müdafiə təyinatlı məmulat nümayiş etdirildi. İordaniya Haşimilər Krallığının Əmman şəhərində təşkil olunan “SOFEX-2010” beynəlxalq sərgisində nümayiş etdirilən 55 adda Azərbaycan məhsulu beynəlxalq istehsalçı və alıcıların diqqətini cəlb edə bilib. Məlumat üçün bildirək ki, “SOFEX-2010” beynəlxalq sərgisində dünyanın inkişaf etmiş ölkələrindən 350-dən çox qabaqcıl şirkət iştirak edib. ABŞ, Malayziya, Livan şirkətləri ilə imzalanan niyyət protokollarına əsasən, Azərbaycandan 82 millimetrlik çaplı minaatanlar, PKM pulemyotları, müxtəlif çaplı patronlar və döyüş sursatları alınması ilə bağlı danışıqlar aparılıb.

“Türk ordusu yalnız bundan sonra Qarabağa göndəriləcək. ” – Müsahibə

“Türkiyə anlaşmada göstərilən ərazilərin tam azad olunmasını gözləyir. Söhbət üç rayondan gedir – Ağdam, Kəlbəcər və Laçın. İki rayon qaytarılıb, Laçın da sabah azad ediləcək. Türk ordusu üçün dislokasiya yerləri müəyyən edilməlidir. Mənim fikrimcə, Türkiyə qüvvələri Laçın, Şuşa və Kəlbəcərdə yerləşdirilməlidir və patrul xidməti həyata keçirilməlidir”.

Politoloq Elxan Şahinoğlunun Teleqraf.com -a müsahibəsini təqdim edirik.

– Ermənistan Prezidenti Armen Sərkisyan müharibə mesajı verdi, bildirdi ki, ordumuzu gücləndirib Azərbaycanla yenidən savaşacağıq. Sizcə, Armen Sərkisyanın bu mesajı nəyə hesablana bilər?

– Bu, nağıldan başqa bir şey deyil. Ermənistan Azərbaycanın gücünü gördü. Ermənistanın iki milyon əhalisi var, getdikcə azalır, bu müharibədə də minlərlə gəncini itirdi. Hansı resurslarla müharibə aparacaq? Otuz-qırx ildən sonra əhalisinin sayı beş dəfə artmalıdır ki, bundan sonra müharibə haqda danışsınlar. İndiki imkanlar, resurslarla nəinki müharibə aprmaq, heç müdafiə olunmağa gücləri yoxdur, hərbi texnikaların da çoxunu itiriblər. Bunlar cəmiyyəti pessimist əhval-ruhiyyədən çıxarmaq üçün deyilmiş sözlərdir.

Armen Sərkisyan deyir ki, intellektual gücümüzü artırıb, intellekt müharibəsinə hazırlaşmalıyıq. Birbaşa müharibədən danışmaqdan qorxur. Çünki başa düşür ki, bu vəziyyətdə müharibə aparmaq mümkün deyil. Üstəgəl, erməni cəmiyyyətini onunla qorxudurlar ki, Azərbaycanın arxasında Türkiyə dayanır. Yəni 10 milyonluq Azərbaycan, 83 milyonluq Türkiyə – bu dairədə nə edə bilərlər? Yəni bu xalqı pessimist əhval-ruhiyyədən çəkindirmək üçün verilmiş mesaj idi. Erməni xalqı da vəziyyətin necə acınacaqlı olduğunu yaxşı görür, heç vaxt Sərkisyanın sözünə inanmaz.

– Bəs Ermənistan rəhbəri Moskvaya hansı məqsədlərlə getmişdi?

– Armen Sərkisyan müharibə dövründə də müxtəlif ölkələrə getdi – NATO və Avropa İttifaqının qərargahlarında, Avropada, Brüsseldə oldu. Nikol Paşinyan gündə dəfələrlə müxtəlif ölkələrin liderlərinə zəng etdi, amma heç bir nəticə əldə olunmadı. Yenə də yalvarışlarla gedirlər.

Müharibədə iqtisadiyyatları da dağıldı. İndi də iqtisadiyyatı dirçəltmək lazımdır. Bunu kim dirçəldəcək, kim pul verəcək? Armen Sərkisyanın Moskva səfəri də qeyri-rəsmi idi. Əsas görüşü Rusiyadakı erməni iş adamları ilə oldu. Yəni pul dilənməyə gedib. Belə durumda zəngin ermənilər də Ermənistana pul verməz, çünki Paşinyandan xoşları gəlmir. İkinci, əmin deyillər ki, bu pullar doğru yolda xərclənəcək. Başqa sözlə, Sərkisyanın səfəri heç nəyi həll etməyəcək.

– Ermənistan Baş naziri Nikol Paşinyan isə Sərkisyandan fərqli olaraq, Azərbaycanla əlaqələrin bərpa edilməsindən danışır və bu yöndə tez-tez açıqlamalar verir. Sizcə, mövcud situasiya ikitərəfli əlaqələrin bərpa edilməsinə imkan verirmi?

– Ermənistan işğalçı siyasətçini dəyişərsə, Azərbaycana qarşı ərazi iddiasından imtina edərsə, Dağlıq Qarabağın “müstəqilliyinin” dünyada tanınması çalışmalarından əl çəkərsə, əlaqələrin bərpa edilməsi mümkündür. İndiyədək bu amillərə görə əlaqələrin bərpası mümkün deyildi. İndi işğalı böyük ölçüdə bitirmişik. Artıq Ermənistanda belə fikirlər dolaşır ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik ölkəni uçuruma aparır. Bunu ilk dəfə Ermənistanın keçmiş prezidenti Levin Ter-Petrosyan dilə gətirmişdi.

İndi Petrosyan kimi düşünənlərin sayı artır. Görünür, Ermənistan hökumətinin müşavirəsində bu məsələ müzakirə edilib. Əks halda, Paşinyan bu haqda təkbaşına danışmazdı.

Dünən Ermənistanın yeni iqtisadiyyat naziri də bu haqda fikirlər səsləndirib. Bildirib ki, Türkiyə və Azərbaycan bazarlarından, imkanlarından istifadə etmək olar, Türkiyənin limanlarından istifadə edib dənizlərə çıxa bilərik. Yəni artıq yeni fikirlər səsləndirməyə başlayıblar. Biz buna açığıq. Amma bunun üçün şərtlərimiz var: Azərbaycana ərazi iddialarından vaz keçməlidirlər, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar və Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması çalışmalarından əl çəkməlidirlər. Bu baş verərsə, gələcəkdə əlaqələrin bərpası məsələsi müzakirə oluna bilər.

Türkiyəyə gəldikdə, bu ölkəyə qarşı da ərazi və saxta soyqırım iddialarından vaz keçməlidirlər. Paşinyan və yeni iqtisadiyyat naziri (Vaqn Kerobyan) görürlər ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən, Ermənistanın iqtisadi vəziyyətini düzəltmək mümkün olmayacaq. Nə qədər Rusiyanın vassalı olsalar da, Rusiya onlara havayı pul verməyəcək.

– Hazırda insanları maraqlandıran, daha doğrusu qayğılandıran əsas məqamlardan biri də Xankəndi, Əsgəran, Xocavənd, Xocalı və Ağdərənin gələcək taleyidir.

– Bununla bağlı məsələlər açıq qalır. Yəni orada bizim qanunlar tətbiq olunmalıdır, manat işləməlidir, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan pasportu daşımalıdırlar. Şuşa şəhəri azad olunub, amma kəndləri hələlik bizim nəzarətimizdə deyil. Bütün bunlar açıq qalır. Sabah Laçın azad olunacaq. Məncə, türk qüvvələrinin bölgəyə gəlməsi məsələsi Laçının qaytarılmasından sonra müəyyən olunacaq.

Bundan sonra bu məsələlərə aydınlığın gətirilməsini istəyirik. Düzdür, böyük əraziləri azad etmişik, amma biz istəyirik ki, Dağlıq Qarabağın hər yerində Azərbaycan qanunları işləsin, bayrağımız dalğalansın, həmin bölgədəki erməni hərbi qüvvələri çıxarılsın.

Ümid edirəm ki, şifahi razılaşmalar var. Bu razılaşmalar əsasında o yerlərdə də, biz öz qanunlarımızın tətbiqinə çalışmalıyıq. Bunu etmədən işimiz yarımçıq qalacaq.

– Türkiyənin bu prosesdəki roluna diqqət çəkdiniz, türk ordusu bölgədə hansı formada təmsil olunacaq?

– Dediyim kimi, Türkiyə anlaşmada göstərilən ərazilərin tam azad olunmasını gözləyir. Söhbət üç rayondan gedir – Ağdam, Kəlbəcər və Laçın. İki rayon qaytarılıb, Laçın da sabah azad ediləcək. Türk ordusu üçün dislokasiya yerləri müəyyən edilməlidir. Mənim fikrimcə, Türkiyə qüvvələri Laçın, Şuşa və Kəlbəcərdə yerləşdirilməlidir və patrul xidməti həyata keçirilməlidir. Buna görə də düşünürəm ki, Laçının qaytarılmasından sonra bu məsələnin həlli sürətlənəcək.

– Yəni türk sülhməramlıları rus qüvvələri ilə birlikdə bölgədə patrul xidməti həyata keçirə bilərmi? Müdafiə naziri Akarın son açıqlaması da belə idi ki, türk sülməramlıları Qarabağda patrul xidməti həyata keçirəcək.

– Bu mümkündür. Necə ki, Rusiya ilə birlikdə Suriyada patrul xidməti həyata keçirirlər, eynilə burada da həmin addımı ata bilərlər. Məsələn, özlərinin də dediyi kimi, Rusiya sülhməramlıları ermənilərin təhlükəsizliyinə cavabdehdilərsə, Azərbaycan-Türkiyə patrulları da Dağlıq Qarabağda yaşayacaq azərbaycanlıların təhlükəsizliyindən məsul olmalıdırlar.

Biz rahat şəkildə Xocavəndə, Xankəndiyə, Ağdərəyə gedə bilməliyik, bunu kimsə bizə qadağan edə bilməz. Çünki ora bizim torpaqlardır. Buna görə də, ortaq patrul xidməti olmalıdır ki, təhlükəsizlik məsələləri həllini tapsın.

– Ukraynadan da ara-sıra savaş mesajları gəlir. Yaxında işğal altındakı Donbasda hərbi əməliyyatların bərpa olunacağı ehtimalı varmı?

– Ukraynanın hərbi-siyasi çevrələrində müəyyən hərəkətlənmə var. Bir az da Azərbaycandakı olaylardan həvəsləniblər, Azərbaycanın öz məsələsini necə həll etdiklərini gördülər. Ukrayanda da belə fikirlər səslənməyə başlayıb ki, biz də öz məsələmizi həll edə bilərik. Amma bu bir az çətindir, çünki biz ermənilərlə savaşırıq, Ukrayna isə Rusiya ilə üz-üzədir. Rusiya böyük dövlətdir. Bununla belə, Ukrayna müəyyən həmlələr edə, neytral zonadakı əraziləri geri qaytara bilir. Kəşfiyyat işlərində “Bayraktar” dronlarından istifadə edirlər. Hətta “Bayraktar” Krım səmasında da göründü.

Amma düşünmürəm ki, Ukrayna savaş qərarı verib, Azərbaycan kimi öz ərazilərini hərbi əməliyyatlarla qaytarmaq üçün “yaşıl işıq” yandıracaq. Bu zaman Ukrayna qarşısında Rusiyanı görəcək. İndiki halda isə bunun üçün Ukrayna iqtisadiyyatının durumu qənaətbəxş deyil. Buna görə də Ukraynanın hərbi əməliyyatlara başlayacağını düşünmürəm.

Amma neytral zonadakı əraziləri ələ keçirə bilər. Məsələn, Mariupol strateji şəhər sayılır, Azov dənizinin sahilindədir. 2014-cü ildə separatçılar Mariupol şəhərini ələ keçirmək istəyirdilər. Amma dağılmış Ukrayna ordusu özünə gələrək, Mariupolu qoruya bildi. Son əməliyyatlar da bu şəhər ətrafında aparılıb. Amma yenə deyirəm, bu əməliyyatların genişlənəcəyini zənn etmirəm. Çünki bu, Ukrayna üçün böyük risk olardı.

Azərbaycan Ordusu

Azərbaycan xalqı həmişə sülhün, əmin-amanlığın qədir-qiymətini bilib, qonşuları ilə mehriban, isti münasibətlərə üstünlük verib. Biz davakar olmamışıq, döyüşkən olmuşuq. Hücüm etməmişik, ancaq müdafiəni də unutmamışıq. Lakin son dərəcə əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları olan bu məmləkətin qapısından düşmən əskik olmayıb. Ona görə də bir əlimizdə duz-çörək olubsa, o biri ilə isə sivri qılıncın qəbzəsindən yapışmışıq. Bu gün rejim adlandırdığımız 70 illik sovet üsul-idarəsinin müsbət sayıla biləcək mirası içərisində Vətənə intəhasız məhəbbət, beynəlmiləl tərbiyə, vətənpərvərlik, əsgəri borc kimi məziyyətləri xüsusilə fərqləndirmək olardı. İkinci Dünya müharibəsi Azərbaycan əsgərinin misilsiz şücaət və solmaz rəşadətinə şahid oldu.

Respublika əhalisindən səfərbər olunmuş 600 minədək döyüşçü cəbhədə qəhrəmanlıqla vuruşaraq Azərbaycan oğlunun hansı yüksək mənəvi, fiziki keyfiyyətlərə və vətənpərvərlik hisslərinə malik olduğunu sübut etdi. Onlardan 300 mini geriyə qayıtmadı. O vaxt əsas heyəti azərbaycanlılardan ibarət olan dörd milli diviziya yaradılmışdı. Əfsuslar olsun ki, müharibədən sonra mərkəzi hakimiyyətin göstərişi ilə həmin hərbi birləşmələr ləğv edildi. Çünki milli ruhun, cəngavərlik ənənələrinin, şəxsi nümunənin yüksək olduğu milli diviziyalar Kremlin sahiblərinə qorxu və xof təlqin edirdi. Rusiya, Ukrayna və Belarusiya istisna olmaqla, milli respublikalarda hərb sənətinin, milli hərbi kadrların və onları yetişdirəcək müvafiq təhsil müəssisələrinin yaradılmasına qısqanc və ikili münasibət sonralar da özünü göstərdi.

Belə bir dövrdə – milli fərdilik nümunəsinin mücərrəd sovet ailəsi konsepsiyası kontekstində əridilməsinə cəhdlərin məqsədyönlü siyasət şəkli aldığı ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycanın rəhbəri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasını qoyması öz ideyasına və miqyaslarına görə inqilabi səciyyə daşıyırdı. Belə ki, milli ruhlu hərbi kadrların yetişdirilməsi, bu prosesin zəruri vəsilələrini təşkil edən təhsil bazası və tədris korpusunun yaradılması heç vaxt mərkəzi hakimiyyətin “velikorus” millətçiliyi və strateji maraqlarının çərçivəsinə daxil olmamışdı. Ancaq Heydər Əliyevin tarixi xidməti və heç nə ilə müqayisəyə gəlməyəcək tarixi nailiyyəti ondan ibarət oldu ki, böyük bir sovet imperiyasının, onun ideoloji maşınının qurub keşiyində durduğu stereotipi yerindən tərpətməyə müvəffəq oldu, şəxsi münasibəti, nüfuzu, əlaqələri, nəhayət, iradəsi və qətiyyəti sayəsində respublikada milli hərbi kadr hazırlığı üçün baza rolunu oynaya biləcək ilk hərbi məktəbin təməlini qoya bildi.

Əlbəttə, acınacaqlı fakt idi ki, Zığda yerləşən və əhəmiyyətinə görə SSRİ məkanında ikinci yeri tutan Ali Hərbi Dənizçilik Məktəbində hətta xarici ölkələrdən gəlmiş 150-200 əcnəbi vətəndaş təhsil aldığı halda, azərbaycanlılar yox səviyyəsində idilər. Ali Ümumqoşun Komandirləri Məktəbində vur-tut 20-yə yaxın azərbaycanlı müdavim vardı. Professor-müəllim heyətinin milli tərkibi isə ümumiyyətlə, bizim xeyrimizə deyildi.

1989-1993-cü illər Azərbaycan tarixinə ən mənhus dövr kimi daxil olmuşdur. Həmin illərdə dövlətçilik təcrübəsi və ənənələri, iqtisadiyyat və idarəetmə, ordu quruculuğu, aqrar sahə, mənəvi sfera və digər fəaliyyət sahələrində əldə edilmiş nailiyyətlərin hamısı iflasa uğradı, xaos və anarxiya vəziyyətində olan ölkə Ermənistanın başladığı şərəfsiz müharibədə torpaqlarının 20 faizini itirdi. Şübhəsiz, bu faciələrin konkret baiskarları, xəyanətlərin konkret ünvanları vardı. Məhz Heydər Əliyevin sərkərdə səriştəsi, siyasi müdrikliyi və fitri idarəetmə istedadı sayəsində 1993-cü ilin ikinci yarısından etibarən son dərəcə mürəkkəb bir vəziyyətdə olan Azərbaycanda Milli Ordu quruculuğu, Silahlı Qüvvələrin təşkili prosesi yeni vüsət almağa başladı.

1994-cü ilin mayında ulu öndərin sayəsində əldə edilmiş atəşkəs rejimini bu günədək sabitqədəm saxlayan amillərdən biri də elə məhz son illər Azərbaycanın getdikcə artan müdafiə qüdrətidir.

2003-cü ildə xalqın mütləq əksəriyyətinin istəyi ilə Prezident seçilmiş cənab İlham Əliyev işğal altında olan torpaqlarımızın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, sülh yolu ilə azad edilməsi xəttini Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biri, Azərbaycan dövlətinin birmənalı mövqeyi olaraq bəyan etmişdir: “Biz danışıqlar prosesində öz prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin mövqeyin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıbdır və olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar”.

Belə bir sülhpərvər siyasətə rəğmən dövlət başçısı hər il müdafiə xərclərinin artırılmasına, Silahlı Qüvvələrin müasir cəbbəxana və modern texnika ilə təchiz edilməsinə xüsusi diqqət yetirir. Çünki söhbət müstəqil dövlətin ərazi bütövlüyünün bərpasından, yurd-yuvasından didərgin düşən Azərbaycan vətəndaşının öz doğma torpaqlarında yaşamaq istəyi kimi təbii hüquqlarının təmin olunmasından gedir.

Sirr deyil ki, Azərbaycan bu gün regionun aparıcı siyasi-iqtisadi nüfuz və güc sahibi olmaqla yanaşı, hərbi müstəvidə də əsas söz sahibidir. Tək silahlanma sahəsində deyil, mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz erməni işğalına məruz qalmış əraziləri qısa müddət ərzində qaytarmaq gücünə qadirdir. Belə bir reallıq nəinki rəsmi Yerevan, eləcə də münaqişəyə bu və ya digər dərəcədə dəxli olan beynəlxalq güclər tərəfindən də etiraf olunmaqdadır. Hamı dərk edir və separatçılıq əhval-ruhiyyəsi gözlərini örtmüş zavallı Ermənistanın da dərk etməsinə çalışır ki, problemin hərbi yolla həlli variantı bu ölkəni fəlakətlərin girdabına sürükləyəcək, onun sonunun başlanğıcına çevriləcəkdir.

Ölkəmizdə ordu quruculuğu prosesində əldə edilən nailiyyətlər fonunda indi erməniləri qorxudan əsas məsələ Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlaya biləcəyini və bu zaman Azərbaycan ordusunun qarşısında tab gətirməyəcəklərini yaxşı başa düşmələridir. Azərbaycan isə beynəlxalq hüquq normaları əsasında ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamaq hüququna malik olduğunu dəfələrlə bəyan edib.

Respublikanın malik olduğu iqtisadi qüdrət, müdafiə potensialı, beynəlxalq siyasi dəstək, eləcə də güclü insan resursları hər hansı bir müharibə perspektivinin işğalçı Ermənistan rejimi üçün fiasko ilə nəticələnəcəyini ortaya qoyur. Müharibəni silahla edirlər. Faktdır ki, Silahlı Qüvvələrin maddi-texniki təchizatı ölkənin iqtisadi inkişaf dinamikası ilə paralel şəkildə yüksələn xətt üzrə inkişaf edir. Müharibəni Vətən yolunda canını fəda etməyə hazır olan əsgərlərlə edirlər. Azərbaycan torpağı Mübariz İbrahimov kimi çox qəhrəmanlar yetirməyə qadirdir.

Diqqətəlayiq faktdır ki, Milli Ordu quruculuğu, Silahlı Qüvvələrin modernləşməsi prosesləri beynəlxalq təcrübəyə istinad və inteqrasiya çətiri altında aparılır. Azərbaycan ordusu NATO standartlarına keçidi, döyüş qabiliyyətinin qabaqcıl təcrübəyə müvafiq olaraq yüksəldilməsi sahəsində də mühüm uğurlara imza atıb. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsində öz töhfəsini verməkdədir. Ölkənin müdafiə sənayesinin istehsalı olan və xaricdən idxal olunan müasir silah-sursat və hərbi texnika hesabına Azərbaycan Ordusunun maddi-texniki bazası daim güclənməkdədir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduya ayrılan vəsait 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Son illər ərzində çoxlu texnika, silah-sursat alınmışdır. Bu proses davam edir və bu bizim təbii haqqımızdır”.

Ordu quruculuğu prosesində xeyrimizə işləyən həm maddi, həm də sırf psixoloji məqamlardan biri də Ermənistandan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrinin maddi təminatını öz potensialı hesabına ödəməsidir. 2004-cü ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyi ildən-ilə hərbi təyinatlı məhsulların istehsalını artırır. Düşmənlərimiz bu sahədə də tamamilə əcnəbi “donorlardan” asılıdırlar. Əlamətdardır ki, Azərbaycan hərbi sursat istehsalını təmin etmək məqsədilə bu sahədə məşhur dünya şirkətləri ilə əməkdaşlıq etməklə yanaşı, müəyyən sursat növlərinin satışı və yeni bazarların axtarışı ilə də fəal məşğul olur.

Yaxın perspektivdə isə ölkənin müdafiə sənayesinin buraxdığı məhsulların çeşidinin daha da artacağı gözlənilir. Bu da Silahlı Qüvvələrin texniki ehtiyacının əsas etibarilə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir. Qeyd olunmalıdır ki, son iki-üç il ərzində Silahlı Qüvvələrimizi müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla, eləcə də xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün Müdafiə Sənayesi Nazirliyinin tabelyində olan müəssisələrdə yeni istehsal sahələri yaradılıb. Nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 3 dəfə, mülki məhsulların həcmi isə 20 faiz artıb. Ümumilikdə Müdafiə Sənayesi Nazirliyi tərəfindən ötən il 586 adda məmulat istehsal edilib ki, bunun da 350-si müdafiə təyinatlıdır.

Açılışında Prezident İlham Əliyevin iştirakı etdiyi “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsində “Zəfər”, “Zəfər-K”, “İnam” tapançalarının, “İstiqlal-1” snayper tüfənglərinin və digər məhsulların istehsalı həyata keçirilir. Belə məhsullar sırasına “Boran” artilleriya qurğusu, piyada əleyhinə minaları da aid etmək olar.

Zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti ilə razılaşma əldə olunub və artıq ölkəmizdə bu tip maşınların istehsalı həyata keçirilir. “Matador” və “Maradeur” adlanan bu zirehli maşınların taktiki-texniki göstəriciləri olduqca yüksəkdir. Məsələn, 14 nəfərlik tutumu olan “Matador” maşınları texniki göstəricilərinə görə dünya standartlarına cavab verir və Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. Bundan başqa, ölkəmizdə PDM (piyadaların döyüş maşını) və ZTR -lərin (zirehli transportyor) modernizasiyası da həyata keçirilir.

Azərbaycanda istehsal edilən müdafiə təyinatlı məhsulların yüksək keyfiyyəti beynəlxalq miyqasda həmin məmulatlara maraq göstərilməsini təmin edir. Hazırda bir çox dövlətlər ölkəmizdə müdafiə sənayesi müəssisələri tərəfindən istehsal olunan məhsullarla maraqlanmaqla yanaşı, bu sahədə Azərbaycanla əməkdaşlıq qurulmasına və ya mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi maraq göstərirlər.

Türkiyənin İstanbul şəhərində keçirilən müdafiə sənayesi sərgisində (İDEF-2009) Azərbaycanda istehsal edilmiş 27 adda müdafiə təyinatlı məmulat nümayiş etdirildi. İordaniya Haşimilər Krallığının Əmman şəhərində təşkil olunan “SOFEX-2010” beynəlxalq sərgisində nümayiş etdirilən 55 adda Azərbaycan məhsulu beynəlxalq istehsalçı və alıcıların diqqətini cəlb edə bilib. Məlumat üçün bildirək ki, “SOFEX-2010” beynəlxalq sərgisində dünyanın inkişaf etmiş ölkələrindən 350-dən çox qabaqcıl şirkət iştirak edib. ABŞ, Malayziya, Livan şirkətləri ilə imzalanan niyyət protokollarına əsasən, Azərbaycandan 82 millimetrlik çaplı minaatanlar, PKM pulemyotları, müxtəlif çaplı patronlar və döyüş sursatları alınması ilə bağlı danışıqlar aparılıb.

Perspektivdə Azərbaycan istehsalı olan hərbi helikopterlərin istifadəyə verilməsi də planlaşdırılır ki, bu, Silahlı Qüvvələrin maddi-texniki imkanlarının daha da böyüməsi deməkdir. Daha bir vacib fakt isə ondan ibarətdir ki, ölkəmizədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən müəssisələr Müdafiə Nazirliyi və digər hərbi qurumları istənilən sayda döyüş sursatı və silahla təmin etmək imkanına malikdir. Bütün bunlar Azərbaycanın hərbi-sənaye kompleksi sahəsində həyata keçirilən siyasətin artıq öz müsbət bəhrəsini verdiyini və ölkəmizin müdafiə qabiliyyətinin daha da yüksəldiyini göstərir.

Silahlı Qüvvələrin texniki təchizatı baxımından bu gün ölkəmiz Ermənistanı bütün parametrlərdə çox üstələyir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, iki il əvvəl ordunun istifadəsinə 1 milyard ABŞ dollarından artıq silah və texnika verilmişdir. Bu isə Emənistanın ümumi hərbi xərclərindən üç dəfə çoxdur. Verilən məlumatlara görə, son illər təcavüzkar erməni ordusu müasir hərbi texnika ilə təmin edilməyib. Orduda ruh düşkünlüyü və qənimətçilik əhval-ruhiyyəsi hökm sürür. Ermənistan silahlı qüvvələrinə tabe olan motoatıcı, əlahiddə rabitə, mühəndis-istehkam, radio-texniki alaylarında, artilleriya və təlim motoatıcı briqadalarında, artilleriya və əlahiddə özüyeriyən divizionlarda, çoxsaylı hərbi hissələrdə xidmət rəisləri və hərbi hissə komandirləri tərəfindən ərzaq, əşya, yanacaq-sürtgü materiallarını, avtomobil və döyüş texnikalarının ehtiyat hissələrinin satılması halları davam edir.

Azərbaycan ordusu isə bu gün ən müasir standartalara cavab verən texnika ilə təmin edilməkdədir. Ötən illər ərzində ordunun ehtiyacları üçün pilotsuz uçuş təyyarələri, radio-kəşfiyyat və radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli müşahidə, o cümlədən qoşun və xüsusi təyinatlı bölmələrdə kəşfiyyatçıların fərdi gecəgörmə vasitələri, əlahiddə kəşfiyyat taborları üçün xeyli yeni və müasir texnika alınıb. Eləcə də Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti müasir silah və texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən müasir yaylım atəşli reaktiv sistemlərlə komplektləşdirilib. Bu isə yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsinə imkan verir. Daha sonra istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə kompleksləşdirilib. Zirehli texnika üzərində modernləşdirmə işlərinin aparılması, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işlərinin başa çatdırılması nəticəsində isə maksimal uzaqlıqda yerləşən düşmən hədəflərinin hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv edilməsi imkanı əldə edilib. Ümumiyyətlə, artıq heç kimə sirr deyil ki, yeni silah sistemlərinin alınması və quraşdırılması sayəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, hazırda Azərbaycan Ordusunun ixtiyarında elə silah növləri, hərbi texnikalar, aviasiya parkı mövcuddur ki, Ermənistanın yaxın gələcəkdə analoji texnikaya yiyələnmək ehtimalı belə görünmür. Bu fakt işğalçı dövlətin özü tərəfindən də etiraf olunur. Azərbaycan təkcə son 5 ildə MDB məkanının ən böyük silah istehsalçılarından olan Ukraynadan 39 helikopter almışdır. Azərbaycanın müasir pilotsuz uçuş aparatı olduğu halda Ermənistanda belə cihazlar yalnız hərbi dərsliklərdə mövcuddur. 1989-cu ildə sovet ordusunun istifadəsinə verilən və kifayət qədər güclü artilleriya silahı sayılan “Smerç” tipli raket qurğuları barəsində də eyni sözləri söyləmək mümkündür. Daha bir vacib məqam ondan ibarətdir ki, Azərbaycan həm də Hərbi Dəniz Qüvvələrinə malikdir. Bu, ölkəmizin Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısında üstünlüyünü bir daha artırır.

Bütün bunların fonunda Azərbaycan əsgərinin yüksək mənəvi hazırlığı, döyüş ruhu, zəbt olunmuş ərazilərdən düşməni hər an geriyə atmaq üçün qisas hissi ilə alışıb yanması işğalçı Ermənistanı getdikcə daha çox qorxudur. Ermənilər artıq yaxşı bilirlər ki, bu gün Ermənistan ilə Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm də bütün başqa sahələrdə fərq çox böyükdür. Azərbaycanın Silahlı Qüvvələri durmadan inkişaf etdiyi halda Ermənistanda bunun tam əksi müşahidə olunur. Başqa sözlə, Azərbaycan öz ordusunu durmadan gücləndirdiyi halda, Ermənistanda bu proses tamamilə əks istiqamətdə cərəyan etməkdədir. Bu səbəbdən Ermənistanda işğal edilmiş Azərbaycan ərazilərini müharibə olmadan azad etməyin zəruriliyini bəyan edənlərin sayı artmaqdadır. Əks halda, istər Dağlıq Qarabağ, istərsə də onun ətrafında yerləşən və işğal altında saxlanan ərazilərdə cəmləşmiş Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusu tərəfindən qısa zaman ərzində qovulub çıxarılacağı həm dünyaya, həm də ermənilərə yaxşı məlum olan reallıqdır.

Bir ovuc macar ordusu türk ordusunu necə məğlub edə bildi

“6 dövlət – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan birgə ordu yarada bilər, Macarıstan da bu prosesə qoşula bilər. Gələcəkdə hətta xeyli azərbaycanlı əhalisi olan Gürcüstanı da bu prosesə cəlb etmək olar”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Azərbaycan və Türkiyə birgə ordsunun yaradılması ilə bağlı müzakirələri şərh edərkən deyib. Onun fikrincə, Birgə ordu yaradıla bilər:

“Bu ordunun nümünələri var. NATO, əvvəl Varşava İttifaqı vardı, indi Kollektiv Müqavilə Təşkilatı var. Bunun əsas məqsədi türk dövlətlərinin süverenliyini, müstəqilliyini, regionda iqtisadi layihələri qorumaq, dünyada sülhə və təhlükəsizliyə dəstək verməkdir. Ümid edirik ki, yaxınlarda belə bir ordu yaradılacaq. Bu ordu dünyanın bir çox yerlərində sülhü və təhlükəsizliyi qoruya bilər. Dünyanın bir çox ölkələri istəmir ki, ora nə NATO, nə də Rusiya ordusu getsin. Amma türk ordusu gedib orada barış əldə edə bilər. Keçən müddət onu göstərdi ki, həm Əfqanıstanda, həm İraqda Azərbaycan sülhməramlıları çox nümunəvi iştirak edib. Eləcə də Türkiyə sülhməramlılarının Əfqanıstanda nümünəvi sorağı yayılıb”.

Emin Həsənli hesab edir ki, gələcəkdə böyük bir birləşmə ola bilər:

“Birgə təhsil və təlim sisteminə keçilə, birgə silah istehsal edilə bilər. Vahid ordu ştatına isə mərhələ-mərhələ keçirilə bilər. Hər dövlətin özünün ordusu olacaq, amma ordunun hissələrindən ibarət bir ordu yaratmaq olar – Türk ordusu. Digər ordu qoşun növləri də müharibə olarsa, bu prosesə qoşula bilər”.

Bəs, Azərbaycan NATO üzvü olmadan belə bir şey mümkündürmü, sualına hərbi ekspertin cavabı belə olub:

Comments are closed, but trackbacks and pingbacks are open.