Press "Enter" to skip to content

Biz hardan bilək

Son günlər hamı Həmid Herisçini hədəfə alıb. Onu pirlərə inanmaqdan tutmuş hoqqabazlığa, öz intellektinə xəyanət etməyə qədər hər şeydə ittiham edirlər. Əvvəlcə bunu qeyd edim ki, Həmidin öz intellektini, ələdüşməz məlumatlılığını lazımsız şeylərə xərcləməyinin mən də tərəfdarı deyiləm. Bir qələm adamı olaraq, o miqyasda bir fikir adamının pirbəpir gəzməyi məni məyus edir, kədərləndirir, hətta utandırır. Amma bu gün Həmidi qınayanlara, ittiham edənlərə, lağa qoyanlara bir neçə sual vermək istəyirəm.

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

Göyərir, ilahi, göyərir ağac!
O səsdi göyərir: səslənir Orfey.
Və susur nə varsa. Bu sükutdaca
rəngini, cildini dəyişir hər şey.
Vəhşilər yuvadan qaçır, tələsir,
səsini içinə qısıb dururlar:
qorxu-hürküdən yox, susub dururlar, –
dinləməkdən ötrü o gözəl səsi.

Hansı ulayırdı, dil-dil ötürdü, –
bir heçdi, bir puçdu onlardan ötrü.
Və sən o balaca, o sısqa yerdə,

içindən hər şeyin acıqla, kinlə
baxdığı o miskin, ufacıq hində
məbədlər ucaltdın gözəl səsinlə.

Və yalnız o kəs ki öz lirasından
bir an da ayrılmadı,
ruhlar və kölgələr dünyasında da
ona dönük çıxmadı,

ölülərlə birgə xaşxaş da yedi
iyrənmədən, qorxmadan, –
sonsuzluğu yalnız o vəsf elədi
tellərə toxunmadan.

Suda əksi sınan quyu təkindən
baxıb səni tərk edən
surəti dərk et.

Yalnız o tərəfdə, yalnız o üzdə
açıldı üzümüzə
son əbədiyyət.

Bulud kölgəsitək öz dövrəsində
itsə də ömür,
yenə öz kökündən, bünövrəsindən
heç nə dəyişmir.

O qəfil axında bir göz qırpımı
yanıb, közərib,
Orfey lirasının səsi çırpınır –
canlı, əzəli.

Biz hardan bilək ki, sonumuz nədir? –
bizimçün dünyada nə ehtiraslar,
nə də iztirablar dərk ediləndir, –

toranda gizlənib yolun arası.
Yalnız o nəğmənin
bürüyüb dünyanı səsi-sədası.

Dilimin nəğməsi – can verdiyinə
qulaq da bəxş edən Tanrıdı, Tanrı.
Yaz çağı, Rusiya; anıram yenə –
tala, tənha bir at, qaş qaralırdı.

Qayışı-qaytanı atıb qırağa
o kənddən-kəsəkdən qaçırdı bu at;
uçurdu axşamın qaranlığına –
üzü tənhalığa çapırdı bu at.

Çapırdı, hər şeyi unudub artıq –
yalı yellənirdi, başı əsirdi,
yaman tələsirdi. və budur artıq

gemgeniş talada o tək gəzirdi!
Qulaq kəsilirdi, oxuyurdu at.
Atın bu surəti məndən amanat!

***
Quduzlaşmış kütlənin dörd tərəfdən sardığı,
sən ey ilahi səsdə dirçələn ulu Tanrı! –
sənin səslənişinlə o yığnağın varlığı,
hay-küyü itdi-batdı, xoş bir avaz yarandı.

Qırammadı heç biri fəqət sənin liranı.
Ürəyinə tuşlanan daşlar sənə yetincə
ipək kimi hamısı yumşaldı bircə-bircə –
nəfəs verib, can verib dilləndirdin onları.

Qəddar, amansız qisas axırda baş tutsa da –
Azğın menadlar sənin axırına çıxsa da.
aslanların, quşların, ağacların, otların,
qayaların dilinə keçdi o səs, o səda.

Yerin, göyün Tanrısı! Sənin füsunkar səsin
o keçmiş ədavətin uzaq sədası kimi
o vaxtdan dilimizdə səslənir həzin-həzin.

Gün işığıyla doğdu? Yay yağışıyla yağdı?
Söylə, nə sayaq axdı sevgi sənin qəlbinə?
Bəlkə bələnmişdi o bir almanın rənginə?
Yoxsa bir dua kimi duydun sən öz sevgini?!

Səadət şimşəyitək o, göylərdən enib də
və nur saçan ağappaq qanadını gərib də
sığındı düymə-düymə çiçəklənən ürəyə.

Elə ikimizdik – bir sən, bir də mən,
dərin düşüncələr bizi didirdi.
Çox-çox uzaqlardan, kol-kos dibindən
eşşəkarısının səsi gəlirdi.

Gün də hərdən-hərdən işıq saçırdı,
özgə heç nə yoxdu dünyada, təkdik –
bir səndin, bir məndim, bir də pıçıltım:
“Ah, sənin gözlərin necə qəşəngdir. “

Yuxuda görüşdük. axı kim bilir –
bəlkə bir yaz günü çıxdım rastına?
Acı göz yaşların axır, tökülür
indi bu payızın günortasına.

Solan yarpağamı yanırsan belə?
Ya ötən yaz səni yandırıb-yaxır?
Yazda qovuşmuşduq bəxtəvərliyə,
bəlkə də yuxuda – kim bilir axı.

Bu anda bu cahanda
səbəbsiz-filansız ağlayan hər kəs-
məni ağlayır.

Bu gecə kim eləcə
səbəbsiz-filansız deyib-gülürsə
məni dağlayır.

Bu anda bu cahanda
səbəbsiz-filansız gəzən hər kəsin
yolları yönəlir mənim üstümə.

Bu anda bu cahanda
səbəbsiz-filansız ölən hər kəsin
gözləri dikilir mənim üzümə.

Ağaclar ağappaq çiçəkləyərkən
yaşarmış gözləri yol çəkə-çəkə
elə hey toxuyub, hey tikə-tikə
qızların həsrətdən solar üzləri.

Nəğməmiz yenə də qəm-kədər dolu,
kaş uğurlu olsun bu yazın yolu,
gətirib gəlibdir bəlkə də onu,
o isə tanımaz daha bizləri.

Yuxularım haraylayır,
çağırır. çağırır səni!
Son ümidlə soraqlayır,
lal qışqırıqla bağırıb
didir, dağıdır bağrımı .

Sönüb getdi son umud da,
mənə qalan – şübhən, qəmin,
bir də soyuq, lal sükutda
donub qalan qəlbim mənim.

Səs gəlir: hardasa çaylar oxuyur.
Oxuyan elə bil zamandı, vaxtdı.
Amma yox, vaxt deyil, zaman deyil, yox –
bəlkə sonsuzluqdu əriyir, axır.

Sənə yabançıdı bu səslər hələ,
Sudu – gah uzaqda, gah yaxındaca.
O suda bir daşsan bəlkə sən elə –
düşmüsən, qalmısan o axındaca.

Hər şey necə uzaq, necə yaxındı,
hər şey də bəllidi, mənası varmı.
sudu. axıb gedir, adi axındı.

Sənsə sirr dəlisi, sirr ölüsüsən,
yad sular, yad çaylar axdı, apardı
bütün hisslərini. hara görəsən?

Biz hardan bilək

Günel Mövlud

Çex yazıçısı Milan Kunderanın «Varoluşun dözülməz xəfifliyi» romanı azərbaycanlı ədəbiyyatsevərlərə yaxşı tanışdır. Demək olar ki, bu roman bizdə Kunderanın ən çox oxunan əsəridir. Romanda diqqətimi çox çəkən, bir neçə dəfə yazılarımda istifadə elədiyim bir ayrıntını əsəri oxuyanların yadına salmaq, oxumayanların isə diqqətinə çatdırmaq istəyirəm.

Romanın qəhrəmanı Tomaş həkimdir. Sovet tankları Çexoslovakiyaya girəndə Tomaş bir məqalə yazır. Sovetlərin bu addımını pisləyir. Bir çox həmkarları onun səsinə səs verir. Ölkədə rejim dəyişəndən sonra Tomaşı hər tərəfdən sıxmağa başlayırlar. Baş həkim onu yanına çığırıb, məqalədə yazdıqlarından peşman olduğunu deməyə, bunu ictimailəşdirməyə dəvət edir. Tomaşın bütün həmkarları artıq peşman olduqlarını deyib, yazıblar. Aralarında sona qədər dirənən təkcə Tomaşdır. Tomaş bəlkə də yumşalardı, amma dəhlizə çıxanda, artıq məğlub olmuş, üzrxahlıq eləmiş həkimlərin ona baxışlarında bunu oxuyur:

– Sən də, bizim sıramıza qatılacaqsan. Uzatma. Sən də bizdən biri ol, bu iş qurtarsın-getsin.

Bu baxışlar, onlarla həmkarının onun xəyanətini, məğlubiyyətini həvəslə, acgözlüklə gözləməyi Tomaşı inada salır. Tomaş yazdığı məqalədən imtina etmir. Peşman olduğunu demir. Onu işdən çıxarırlar. Öz peşəsinə aid olan heç bir işə yaxın buraxmırlar. Ali təhsilli, peşəkar həkim sonda təmizlik şirkətində şüşəsilən işləməyə başlayır.

Daha sonra cənab Kundera romanda çex xalqının öz ziyalısına münasibətinə geniş yer ayırır. Tomaşın evlərinə şüşə silməyə getdiyi müştərilər ona tamam başqa münasibət göstərirlər. Hörmətlə qarşılayır, şüşə yuduzdurmaq əvəzinə onunla söhbət edir, nəzakətlə rəftar edir, şirkətə zəng edərək, Tomaşın çox yaxşı işçi olduğunu, onun xidmətindən çox razı qaldıqlarını deyirlər. Xüsusilə çex qadınları Tomaşa özəl diqqət göstərir. Yarızarafat-yarıgerçək özlərinin ginekoloji problemlərini onunla bölüşürlər. Onlar bunu tibbi məsləhət almaq üçün etmirlər. Sadəcə istəyirlər ki, Tomaş özünü həkim kimi hiss eləsin. Əksər qadınlar Tomaşı tort və şampan şərabına qonaq edirlər. Hətta qadınlardan ən hündürboyunun minnətdarlıq hissi o qədər çox olur ki, Tomaşı yatağına dartır. Həkimə əsl qadınsayağı minnətdarlıq göstərir.

Romandan bu hissəni paylaşmağımda məqsəd bir xalqın öz ziyalısına münasibətini göstərmək idi. Bəli, ziyalı prinsipial olmalıdır, ziyalının xarakteri olmalıdır, onun bir sifəti olmalıdır, amma xalq da xalq olmalıdır axı.

Son günlər hamı Həmid Herisçini hədəfə alıb. Onu pirlərə inanmaqdan tutmuş hoqqabazlığa, öz intellektinə xəyanət etməyə qədər hər şeydə ittiham edirlər. Əvvəlcə bunu qeyd edim ki, Həmidin öz intellektini, ələdüşməz məlumatlılığını lazımsız şeylərə xərcləməyinin mən də tərəfdarı deyiləm. Bir qələm adamı olaraq, o miqyasda bir fikir adamının pirbəpir gəzməyi məni məyus edir, kədərləndirir, hətta utandırır. Amma bu gün Həmidi qınayanlara, ittiham edənlərə, lağa qoyanlara bir neçə sual vermək istəyirəm.

Siz nə vaxt Həmid Herisçi adlı bənzərsiz şairi tanıdınız? Siz nə vaxt onun hansı miqyasda, hansı enerjiyə, söz gücünə sahib poeziya adamı olduğunun fərqinə vardınız? Siz nə vaxt Həmid Herisçinin nə boyda bilgi bazasına sahib fikir, qələm, söz adamı olduğunu dərk elədiniz? Şairinə dəyər verməyən, ziyalısını tanımayan, fikir adamına hörməti olmayan xalqın şairi, yazıçısı, ziyalısı nə etməlidir?

Biz hardan bilək ki, Həmid nələri danışmağa məcbur olmamaq üçün pirlərdən danışır? Biz hardan bilək ki, o kimlərə sığınmaq məcburiyyətində qalmamaq üçün pirlərə «sığınmalı» olub?

Yəni doğrudanmı siz inanırsınız ki, ölkənin bəlkə də ən intellektual adamı Həmid Herisçi pirlərə inanır?

Bütün proseslər – sındırılma, susdurulma, tərəf dəyişmə – hamısı gözlərinizin qarşısında baş verdiyi halda, siz Həmidi başa düşə bilmirsinzsə, onda necə olur ki, zəmanəsi barədə sadəcə yazılanlardan oxuduğunuz Mirzə Cəlili dəqiq, təhrifsiz başa düşürsünüz? Bəyəm sizin Mirzə Cəlili sevginiz səmimidir? Ölkədə baş verənlərə bircə dəfə də münasibət bildirməyən adamlar indi guya Həmidin “Molla Nəsrəddin”çilər haqqında dediyi sözlərə qəzəbləniblər. Əgər siz Mirzə Cəlili bu qədər dəhşət sevirsinizsə, bəs o zaman Mirzə Cəlilin oyatmaq istədiyi xalqın güzəranını, Mirzə Cəlilin oyatmaq istədiyi xalqın əzilməsini, təhqir və qarət olunmasını niyə görmək istəmirsiniz?

Siz onun şeirlərini, yazılarını, kitablarını, oxumadınız, o da gedib pirlərdən və cinlərdən veriliş hazırlamağa məcbur oldu. Bəyəm bunu istəmirdiniz? Heç bir yazıçı, yazıçı şöhrətini qoyub pirlərdən veriliş hazırlamaz. Həmid Azərbaycanın ən istedadlı və ən intellektual insanlarından biridir. Əgər bu gün Həmid pirlərdən veriliş hazırlayırsa, bunun özü ölkədə fikir insanının nə günə düşdüyünün göstəricisidir. Buna görə tək Həmidi qınamaq düzgün deyil. Hamımız bu və ya digər formada günahkarıq.

Kultura.az

  • Aktyor Rəzzaq Məmmədov vəfat etdi
  • Limak müştərilərinə şad xəbər
  • BAFTA-nın qalibləri bəlli oldu

Dirilər – Aqşin Babayev

Əlimərdan müəllim kartı bankomata saldı. Yenə pul yox idi. Birinci dəfəydi ki, əməkdarlığın pulu belə gecikirdi. Pul göndərən idarənin telefonunu bilmirdi, amma yerini tanıyırdı. Mindi avtobusa, gəldi pul verən yerə. İçəri girib “salam” verdi. Otaqda üç qız vardı. Ancaq onun salamını biri aldı. Salam alan qız soruşdu: “Nə lazımdır, dayı?”

Əlimərdan əlli beş ilin müəllimiydi. Bu “dayı” sözündən zəhləsi gedirdi. Tərs kimi dərs dediyi universitetdən başqa, hər yerdə ona “dayı” deyirdilər.

Qız sualını bir də təkrarladı. Əlimərdan müəllim dərsini bilməyən uşaq kimi tutuldu. Amma tez özünü toparlayıb utana-utana dedi:

– Bu əməkdarlığın pulunu həmişə vaxtında alırdım. Amma bu dəfə gəlməyib.

Qız başa düşdü məsələni və amiranə şəkildə soruşdu:

Əlimərdan müəllim adını və soyadını dedi. Qız kartotekaya baxdı.

– Səksən yaşınız var, hə?

– Çox sağ ol, qızım.

– Bilirsiz, dayı. Siz, gərək ildə, heç olmasa, iki dəfə gələsiz bura. Mütləq!

– Axı yaşınız çoxdur. Biz məsələn, hardan bilək ki, siz. sağsınız, ya da. İnciməyin a, dayı.

– Yox, niyə inciyirəm ki.

– Bizdə qayda belədir, fəxri adı olanlar, xüsusən əməkdarlar. yetmiş yaşından sonra ildə iki dəfə gəlib deməlidirlər ki, mən sağam. Belə hallar olub ki, adam ölüb, ailəsi bizdən gizlədib, ölən adamın pulunu bir il alıb yeyiblər. Sonra xəbər tutmuşuq ki.

Əlimərdan müəllim darıxdı, qızın sözünü ağzında qoydu, çıxıb getmək üçün söhbətə nöqtə qoymaq məqsədi ilə dedi:

– Qızım, indi gördüz də, mən sağ-salamatam. Yaxşı, gedə bilərəm?

– Gedə bilərsiz, əlbəttə. Amma şəxsiyyət vəsiqəsinin surətini işə tikməliyik biz. Yanınızdadır?

– Onda sabah gətirərsiz. Bir də əməkdarlığın vəsiqəsini də gətirərsiz, dayı, zəhmət olmasa.

– Axı bunları vermişəm mən sizə.

– Təzələmək lazımdır sənədləri, dayıcan.

Əlimərdan evə bikef gəldi. Amma asılqanın yanında üst-üstə qalanmış kitablarını görəndə sevindi. Yenicə çap olunmuş elmi əsəri idi.

– Tahir gətirdi bunları? – deyə arvadından soruşdu.

Tahir Əlimərdan müəllimin aspirantı idi.

– Yazıq uşaq əldən düşdü bu qədər kitabı daşıyanacan, – dedi ömür dostu və əlavə etdi:

– Öldün acından, keç mətbəxə.

– Yox, – dedi Əlimərdan müəllim. – Sən ki, mənim xasiyyətimi bilirsən, əvvəlcə internetə girim, beş-on dəqiqəlik baxım, görüm nə var, nə yox. Sonra yemək yeyərəm.

Elə bil Əlimərdan müəllimin ürəyinə dammışdı ki, öz səhifəsini açan kimi sevinəcək. Bəli, sən demə bugün səhər Mərkəzi şəhər kitabxanasında onun səksən illiyi ilə əlaqədar xüsusi sərgi açılıb. Bu barədə geniş məlumat da verilib. Şəkli böyütdü, kitablarına baxdı, fərəhləndi, ömür dostunu ucadan səslədi:

– Ay qız, bir gəl bura bax ey. Sərgi açıblar mənimçin.

Birlikdə dönə-dönə baxdılar. Uşaq kimi sevindilər. Amma “Bəs görəsən məni niyə çağırmayıblar sərginin açılışına?” sualı sübhə qədər Əlimərdan müəllimə rahatlıq vermədi, ürəyi sancdı.

Sabahı gün dərsi yox idi. Çayını içəndən sonra təzə kitablarından dörd nüsxə götürüb üz tutdu həmin kitabxanaya. Qapıda pəzəvəng bir kişi dayanmışdı. Onun qabağını kəsdi və:

– Hara gedirsən, dayı?! – deyə Əlimərdan müəllimin sadə geyimini, pırtlaşıq saçlarını, ağ, lopa bığlarını nə üçünsə, şübhə ilə süzdü.

– Müdürinizin yanına gedirəm, oğul.

– Müdir xaricdədir, dayı – dedi qapıçı.

Birdən qapıçının arxasında bir qız göründü.

– Kimsiniz? Nə lazımdır, sizə?

Əlimərdan müəllim bir nəfəsə dedi:

– Kitab gətirmişəm. Dörd nüsxə. Bilirəm kitabxanaya dörd nüsxə vermək lazımdır. Təzə əsərimdir. Siz mənim sərgimi açmısız. Çox sağ olun. Amma məni niyə çağırmamısız? Mən Əlimərdan Ağayevəm, Əlimərdan Ağayev! Fizika-riyaziyyat elmləri doktoru.

Qız qapıçını itələyib Əlimərdan müəllimə yol verdi:

– Buyurun, buyurun, Əlimərdan müəllim. Buyurun. kitabları verin mənə. Gedək sərginizə baxın. İkinci mərtəbədədir sərgi. Biz Allah haqqı, bilmirdik ki siz.

Qız sözünün dalını demədi. Desəydi də, Əlimərdan müəllim qızın dediklərini eşitməyəcəkdi, çünki fikri-zikri sərgidə idi. İkinci mərtəbəyə qalxdılar. Burada onun həm Azərbaycanda, həm də xarici ölkələrdə çap olunmuş kitabları sərgilənmişdi. Xeyli baxdı, baxdı. Sonra üzünü qıza çevirdi, uşaq məsumluğu, uşaq sadəlövlüyü ilə soruşdu:

– Məni niyə çağırmadınız açılışa?

Qız tutuldu. Əvvəlcə bilmədi nə desin. Sonra ürəkləndi.

– Vallah kimsə dedi ki, siz. həyatda yoxsunuz, bağışlayın. Dedilər ki, rəhmətə getmisiniz.

Əlimərdan müəllim heç nə demədi, qızın üzr istəyən baxışlarından və qapıçının təəccüb dolu gözlərindən ayrıldı. Kitabxananın pillələrindən enəndə mobil telefonu zəng çaldı. Salyandan keçmiş tələbəsi Gülarə idi. Ağlaya-ağlaya soruşurdu:

– Əlimərdan müəllim, sizsiniz?! Sizsiniz! Ah, nə yaxşı. Eşitdim rəhmətə getmisiniz, Əlimərdan müəllim. İndi necəsiz?

Əlimərdan müəllim “yaxşıyam” deyib telefonunu söndürdü, yan cibinə qoydu, avtobus dayanacağına doğru irəlilədi. O, həm gülmək istədi, həm də. ağlamaq!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.