Daş yuxular Azərbaycan dilində – TAM MƏTN
əlli dəfə zəng eləmişəm. Ağlıma yüz fikir gəlir, görəsən nə olub. Bura sənin bir yerlin gəlib, həmkəndlin. Uşqalıq dostun ,Camal!
Biz sadiqliyi hardan bilək
İSLAMDA DAŞQALAQ CƏZASI VARMI?
“Allah – Ondan başqa tanrı yoxdur – mütləq bir yerə toplar sizi qiyamət günü. Şübhəsiz, gələcək o gün. KIMIN HƏDISI ALLAHIN SÖZÜNDƏN DAHA DOĞRU OLA BILƏR?”
(Nisə surəsi 87)
Son illər istər xarici kütləvi informasiya vasitələrində, istərsə də ölkə mətbuatında bir sıra Şərq ölkələrində zinada suçlanan şəxslərin daşqalaq cəzasına məhkum edilməsi barədə yazılar gedir, bəzən bu cəzanın icrasını əks etdirən materiallar da yayımlanır. Bir sıra ərəb ölkələrində, Pakistanda, İranda daşqalaq hələ də qalır. Bu cəza ağlagəlməz üsullarla həyata keçirilir. Daşqalaq əməliyyatı edama məhkum olunan şəxslərin ağrı-acısını artırmaq üçün çox dəqiqliklə işlənib. Müqəssir öz doğmalarının, o cümlədən uşaqların gözü önündə daşqalaq olunur. Kişilər qurşağacan, qadınlar isə çiyninə qədər torpağa basdırılaraq canı çıxana qədər daşlanır. Bu ölkələrin əhalisinin əksəriyyəti müsəlman olduğundan və həmin ölkələr tamamən və ya bir qədər şəriət qanunları ilə idarə edildiyindən beynəlxalq aləmdə belə təsəvvür yaranır ki, bu tükürpədici edam aktları islam dininin tələbləridir. Beləlıklə, uca dinimiz haqda yanlış təsəvvürlərə daha birisi əlavə olunur. Doğrudanmı, Allah taala zinaya yol vermiş şəxsləri bu yolla cəzalandırmağı tövsiyə edir?
Ən böyük günahlardan biri
Zina bütün səmavi dinlərdə pislənilir. Tövrat da, İncil də, Quran da ailəni cəmiyyətin təməl daşı kimi götürür və vəfa, sədaqət, ismət və iffəti insanlığın vacib elementi sayır. Quranda deyilir ki, taylar (qadın üçün kişi, kişi üçün qadın) rahatlıq mənbəyi olmalıdır: “Sizin özünüzdən sizlər üçün taylar yaratmış ki, rahatlıq tapasız taylarınızla. Sevgiylə mərhəmət bərqərar eləmiş aranızda. Bunlar Onun qüdrətinin dəlilləridir. Şübhəsiz, bunlarda ayələr var düşünənlər üçün” (Rum 21). Zina isə ailə institutunun dağılmasına yönəlmiş bir hərəkətdir, iyrəncdir, zülmdür, qeyri-insani hərəkətdir. Zina olan yerdə rahatlıq, bərəkət olarmı? Ona görə belə bir suç üçün cəza nəzərdə tutulması təbiidir. Tövratda zina ən böyük günahlardan biri kimi verilir və bu suçu işləmiş adamların cəzasının daşqalaq olduğu deyilir: “Əgər bir nəfər ərdə olan bir qadınla yatarkən yaxalanarsa, həm qadınla yatan kişi, həm də qadın hər ikisi öldürülməli. Bu yolla şəri İsraildən uzaqlaşdırın” (Təsniyə 22-22). Qeyd edək ki, yəhudilikdə subayların qeyri-məşru əlaqəsinə görə daşqalaq cəzası nəzərdə tutulmayıb. Nişanlı olanlar istisnadır. Bundan başqa, əgər zina hadisəsi şəhərdə yox, çöldə baş veribsə, Tövrat qadını daşqalağa məhkum etmir, şəhərdə baş veribsə, hər iki günahkar daşqalaq olunur: “Əgər bir nəfər şəhərdə başqa birisinə nişanlı olan qızla qarşılaşıb onunla yatarsa, ikisini də şəhərin qapısının yanına gətirin və ölənə qədər daşqalaq edin. Çünki qız qışqırararq şəhər əhlini köməyə çağırmayıb. Kişi isə yaxın olanın nişanlısının namusunu ləkələyib. Bu yolla şəri ortadan qaldırın” (Təsniyə 23-24)”. Bu, Tövratın hökmüdür. Amma bu gün İsraildə daşqalaq cəzası yoxdur.
“Kim günahkar deyilsə, birinci daşı o atsın”
Zina İncildə də pislənilir. Yeni Əhddə deyilir ki, qadınlar zina etməyibsə, başqa səbəblə onları boşamaq olmaz. Çünki bu, qadının zina etməsinə yol aça bilər: “Mən sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəblə arvadını boşayan hər kəs onu zinaya düçar edir. ” (Mattanın müjdəsi 5:32). İncildə təkcə qeyri-məşru əlaqə yox, qadına şəhvətlə baxmaq da zina sayılır: “Qədim zamanların adamlarına “zina etmə” deyildiyini eşitmisiniz. Amma mən sizə deyirəm: Bir qadına şəhvətlə baxan hər adam artıq onunla ürəyində zina etmiş olur. Əgər sağ gözün səni pis yola çəksə, onu çıxar və özündən xaric et; çünki sənin üçün üzvlərindən birinin yox olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. Və əgər sağ əlin səni pis yola çəksə, onu kəs və özündən xaric et; çünki sənin üçün üzvlərindən birinin yox olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır” (Mattanın müjdəsi, 5/27-30). Zinaya qarşı belə sərt mövqeyə baxmayaraq, İncildə daşqalaq cəzası yoxdur. Əksinə, bu cəzaya etiraz olduğu görünür. Yəhyanın müjdəsində deyilir ki, bir gün din alimləri və fəriseylər zina üstündə tutulmuş bir adamı İsa peyğəmbərin yanına gətirir və daşqalaq olunmasını istəyirlər: “Müəllim, Musa Qanunda bizə əmr edib ki, bunun kimiləri daşlayaq. Bəs sən nə deyirsən?” (Yəhyanın müjdəsi 8:5) İsa peyğəmbər bu vaxt əyilib əli ilə yerə nəsə yazırmış. Onlara belə deyir: “İçinizdə kim günahsızdısa, ilk daşı o atsın”. Bunu eşidəndə ağsaqqaldan tutmuş ən kiçiyinə qədər hamı gedir. İsa peyğəmbər qadına deyir: “Mən səni mühakimə etmirəm. Get, bundan sonra günah işləmə” (Yəhyanın müjdəsi 8:6-11). İsa peyğəmbərin “kim günahkar deyilsə, birinci daşı o atsın” deməsi ona qədər mövcud olan daşqalağa etiraz idi.
“Allahın dininin buyurduğu bu cəzaya görə. ”
İslamda zina edənin evli, ya subay olmasından asılı olmayaraq kəbindənkənar əlaqə günah sayılır: “Zinaya yaxın durmayın, çirkin bir əməldir, pis bir yoldur bu”(İsra 32). Dinimizdə zina böyük günahlardan biri hesab olunur. Furqan surəsinin 68-ci ayəsində deyilir: “Başqa bir tanrını tay tutmazlar Allaha. Allahın yasağına əməl edərək öldürməzlər kimsəni haqsız yerə. Zinakarlıq eləməzlər. Günaha batmış olur bunları eləyən kəs”. Bu ayəyə, buradakı sıralamaya istinad edib bəzi alimlər deyirlər ki, böyük günahlar içində zinakarlıq Allaha şərik qoşmaq və haqsız yerə adam öldürməkdən sonra ən ağır günahdır. Amma başqa bir ayədə fitnəkarlığın adam öldürməkdən də betər olduğu deyilir: “Fitnəkarlıq adam öldürməkdən daha betərdir” (Bəqərə, 191). Hər halda zina çox ağır günahlar sırasında yer alır.
Quranda bu suçu işləmiş adamlar üçün konkret cəza da var.
Nisə surəsinin on beşinci və on altıncı ayələrində zinaya yol vermiş şəxslərə veriləcək cəzadan danışılır: “15. Qadınlarınızdan zinakarlıq edən varsa, bunu sübut üçün dörd nəfər şahid gətirin öz içinizdən. Şahidlik etsələr, beləsini evdə tutub saxlayın ölüncəyə qədər, yaxud bir yol açıncaya qədər Allah ona. 16.İçinizdən iki nəfər zinakarlıq edərsə, əziyyət verin onlara. Tövbə edib islah olunsalar, əl çəkin onlardan. Tövbələri qəbul edəndir, Rəhimdir Allah”. Göründüyü kimi, burada edamdan, daşqalaqdan söz getmir. Üstəlik, on beşinci ayədə “Allah bir qapı açıncaya qədər” sözləri hansısa güzəştin olmasını, yeni bir ayə endiriləcəyini nəzərdə tutur. Yəni zina edilməsi fərdin sonu deyil. Daha sonralar endirilən Nur surəsində (bu surə endirilmə ardıcllığına görə yüz ikincidir) çubuq vurma cəzasının tətbiqi iə ömürlük həbsin aradan qaldırıldığını görürük: “Zinaya yol vermiş qadına və kişiyə – hər birinə yüz sayda kötək vurun. Allaha və axirət gününə iman gətirmisizsə, Allahın dininin buyurduğu bu cəzaya görə nəbadə onlara rəhminiz gələ. Bir dəstə mö’min də şahidlik eləsin onların aldığı bu cəzaya” (Nur 2). Burada çubuq mənasında “cəldə” sözü işlənir. “Cəldə” dəriyə ağrı verən dəyənək mənasındadır. Bu cəzanın icrası zamanı şahidlik olmasının lazım gəlməsi haqda deyilənlər bunun daha çox cəmiyyət qarşısında tərbiyəvi əhəmiyyətinin əsas hədəf olduğunu göstərir. Quranda həmçinin o da deyilir ki, zinanın isbatı üçün dörd şahid tələb olunur. Əgər biri kimisə zinada suçlayır, amma dedikləri təsdiqlənmirsə, ona da cəza var – 80 kötək: “İsmətli qadınları zinada ittiham eləyən və sonra dörd şahid gətirə bilməyən kimsələrə səksən sayda kötək vurun. Onların şahidliyini heç vaxt qəbul eləməyin. Sapmışlardır belələri” (Nur 4). Amma zina vaxtı dörd şahidin kimisə yaxalaması çox çətindir. Çünki islamda insanların şəxsi mülkiyyəti toxunulmazdır. Araşdırıcılar deyir ki, bu ayə zinanın ümumxanalar şəklində həyata keçirilməsini əngəlləməyi hədəfə alır. Budur zina etmiş şəxslər barədə Quran hökmü.
Quranda “rəcm”
Amma əsrlər boyu zina üçün cəza deyiləndə ağıla daşqalaq gəlir. Bu mənada işlənən söz “rəcm”dir. Ərəb dilində bu söz daşlayıb öldürmək, daş atmaq, daşa tutmaq, söymək, qovmaq mənası verir. Quranda “rəcm” sözü daha çox şeytanla bağlı, qovulma mənasında işlədilir: «Elə isə çıx oradan, sən artıq qovulmuşsan» dedi Allah” (Hicr 34); Eyni zamanda şeytanla bağlı epitet olaraq da işlədilən “şeytanir-rəcim” (qovulmuş şeytan) ifadəsi çoxlarına tanışdır: “Hər qovulmuş şeytandan qorumuşuq onları alovlu şö’lələrlə” (Hicr 17) və s. Quranda bəzi peyğəmbərlərin qovulması, daşa basılması mənasında da “rəcm” işlənir. Və bütün hallarda bu, bütpərəstlərin üslubu, davranış tərzi, hədəsi kimi verilir: “Dedilər: «Ey Şuayb, dediklərinin bir çoxunu anlamırıq, biz səni zəif görürük. Qəbilən olmasaydı, səni daşa basardıq. Yoxdur sənin bizə görə bir dəyərin» (Hud 91); “Atası dedi: «Ey İbrahim, mənim tanrılarımdan dönməkmi istəyirsən? Düşündüyündən daşınmasan, səni daşa basacam. Uzun bir müddətliyə məndən uzaq ol» (Məryəm 46); «Gəlişinizlə siz bizə nəhs gətirdiniz. Bu işdən əl çəkməsəniz daşa basacağıq sizi, ağrılı bir əzab dəyəcək sizə» dedi şəhər əhli” (Yə-sin 18). “Elə ehtiyatla davranmalı ki, heç kim sizi tanımasın orada» dedilər. Əllərinə keçsəniz sizi daşqalaq edərlər, yaxud da döndərərlər öz dinlərinə. Bundan sonra bir daha qurtula bilməzsiniz» (Kəhf 19-20).
Bəs daşqalaq hardan gəlir?
Zina etmiş şəxslər üçün cəza növü olaraq Quranda “rəcm” sözü işlənmir! Bəs zina üçün daşqalaq cəzası haradan çıxdı? Təbii ki, uydurma hədislər, rəvayətlər, əfsanələr əsasında belə bir cəza əsrlərdir tətbiq olunur. Təəssüf doğuran odur ki, daşqalaq cəzasını bütün məzhəblər qəbul edib. Yalnız xaricilər və mötəzililər buna qarşı çıxıb. Bəs Quranda olmayan bu tükürpədici cəza növü hansı əsaslarla legitimləşdirilib? Nəyə görə şirk daha ağır cəza olduğu halda müşrik tövbə edərsə, onun tövbəsi qəbul edilir, amma zinaya yol vermiş şəxs öldürülür, özü də ağır işgəncələrlə. İşgəncə verməklə öldürmə Quranın ruhuna nə dərəcədə uyğundur? Qurani-Kərim əli nə qədər müsəlmanın qanına batmış, öldürdüyü kəslərə işgəncə vermiş adamları belə işgəncə ilə öldürməyi yasaqlamırmı?
Birinci uydurma: peyğəmbərimiz daşqalaq tətbiq edib. Deyilənə görə, peyğəmbərimizin zamanında Yəsribdə (Mədinə) yəhudilər arasında daşqalaq cəzası tətbiq olunurmuş. Bir dəfə Mədinə sözləşməsinə uyğun olaraq yəhudilər iki zina etmiş günahkarı cəzanın tətbiqi üçün peyğəmbərimizin yanına gətiriblər. Tanrı Elçisi onlardan Tövratda zinaya hansı cəzanın nəzərdə tutulduğunu soruşub. Tövratı gətiriblər və oradan rəcm barədə ayəni oxuyublar. Bundan sonra zinaya yol verən həmin yəhudilər peyğəmbərimizin əmri ilə daşqalaq edilib (Buxari, “Hüdud” 24, Müslim, “Hüdud” 27, Tirmizi, “Hüdud”, 10, Macə, “Hüdud” 10). Olsun. Amma bu, daşqalağın müsəlmanlara tətbiqi üçün əsas ola bilməz. Daşqalaq tərəfdarları bu cəzanın müsəlmanlara tətbiqi faktlarının olduğu da deyir, rəvayətlər söyləyirlər. Mümkündür. Bəllidir ki, müvafiq ayələr nazil olana qədər peyğəmbərimizin zamanında bu və ya digər məsələdə, əgər tövhidə zidd deyilsə, ərəblər arasında olan ənənələrə əməl edilirmiş. Amma aydın Quran ayəsi gələndən sonra daşqalağın icra olunması imkansız idi. Bir sıra araşdırıcılar deyirlər ki, ərəblər arasında islamdan əvvəl daşqalaq cəzası olub. Bu günaha görə cəldə (dəyənək) cəzasının tətbiqini tövsiyə edən ayə öz ənənələrinə dərindən bağlı olan ərəbləri qane etməyib və sonralar peyğəmbərimizin zamanında daşqalağın tətbiq olunması barədə rəvayətlər dövriyyəyə buraxılıb.
İkinci uydurma: Nur surəsinin ikinci ayəsində subay zinakarlar nəzərdə tutulur. Bir qisim müəlliflər bu fikirdədir. Mərhum Z.Bünyadovla V. Məmmədəliyevin 1992-ci ildə nəşr olunan Quran açıqlamasında da bu ayədə subayların nəzərdə tutulduğu iddia edilir. Bir qədər dəqiq desək, ayənin məalı bitəndən sonra oraya cümlə əlavə olunur: “Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun”. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir). (Qurani-Kərim. Ərəb dilindən tərcümə edənlər Z.Bünyadov və V.Məmmədəliyev. Məsləhətçi redaktor şeyxülislam hacı Allahşükür Paşazadə. Azərnəşr 1992).
Hansı əsasla iddia edilir ki, burada söhbət subaylardan gedir? Əgər Uca Tanrı burada subay zinakarları nəzərdə tuturdusa, bir sözlə bunu ayədə bildirmək yeri-göyü yaradan üçün çətin idimi? Yoxsa “yaratdığı hər şeyi gözəl yaradan” (Səcdə 7). Allah taala öz fikrini səlis və aydın ifadə edə bilməyib, nəticədə insanları çaşdıran durummu yaranıb? Bu cür əlavələr Quran mətninə müdaxilədir. Buna heç kəsin haqqı yoxdur. “Zina” sözünün ərəbcədə həm subaylar, həm də evlilər üçün işləndiyi isə heç kəsdə şübhə doğurmur. Quran təfsirçilərindən Məhəmməd Əsəd Nur surəsinin ikinci ayəsinin təfsirində bunları yazır: “Zina bir-biri ilə evli olmayan bir kişi ilə bir qadın arasında – BUNLARIN HƏR BIRI BIR BAŞQASIYLA EVLI OLSUN, YA OLMASIN – ixtiyari olaraq gerçəkləşdirilən cinsi münasibət deməkdir. Bu səbəblə Qərb dillərinin bir çoxundan fərqli olaraq ərəbcədə evli bir kişinin başqa bir qadınla, ya da evli bir qadının ərindən başqa bir kişi ilə cinsi münasibətdə olması ilə (adultery) subaylar arasındakı cinsi münasibətin (fornication) arasında adlandırmada bir fərq yoxdur; yəni hər iki suç zina adlandırılır”. İsra surəsində “Zinaya yaxın durmayın, çirkin bir əməldir, pis bir yoldur bu”(İsra 32) deyilir, bəs burada hansı zinadan söz gedir? Burada da subaylar nəzərdə tutulur? Furqan surəsinin 68-ci ayəsində deyilir: “Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.” Bəs burada necə? Məncə, hörmətli mütərcimlər üçün bunun fərqi yoxdur, ona görə mötərizə açıb heç nə yazmayıblar. Çünki əsas olan daşqalağı legitimləşdirmək idi.
Bundan başqa, Quranda zinaya yol verən cariyələr haqda belə deyilir: “Sizlərdən kimin mömin subay qadınla evlənməyə çatmırsa gücü, alsın mömin cariyələrdən birini. Çox yaxşı bilir Allah sizin imanınızı. Hamınız bir soydansınız, insansınız. Elə sə sahiblərinin izni ilə evlənin onlarla o şərtlə ki, ismət-abır gözləyələr, gizli bir dostu olmaya onların. Mehrlərini də insafla verin. EVLƏNDIKDƏN SONRA ƏXLAQSIZLIQ ETSƏLƏR, HÜRR QADINA VERILƏN IŞGƏNCƏNIN YARISI DÜŞÜR BUNLARA” (Nisə 25). Göründüyü kimi, evli olan zinakar cariyələrə (“evləndikdən sonra əxlaqsızlıq etsələr”) verilən cəza “hürr qadına verilən işgəncənin yarısı”dır. Təbii ki, burada Nur surəsində nəzərdə tutulan yüz çubuq cəzasının yarısı – əlli çubuq vurulması nəzərdə tutulur. Daşqalaq yolu ilə öldürmənin yarısı nəzərdə tutula bilərmi? Qurani-Kərimdə sanki belə yanlış izahların olacağı nəzərə alınaraq ayələrin çox aydın olduğu deyilir. “Nur surəsinin ikinci ayəsində subaylar nəzərdə tutulur” fikri də sanki önlənilib. Həmin surənin elə birinci ayəsində deyilir: : “Bu, bir surədir, onu nazil edərək FƏRZ BUYURMUŞUQ HÖKMLƏRINI. İbrət alasız deyə AYDIN AYƏLƏR nazil eləmişik bu surədə”
Üçüncü uydurma: daşqalaqla bağlı ayə varmış, bu ayəni keçi yeyib. Yuxarıda deyilənlər o qədər də əsaslı görünmədiyindən ortaya başqa “arqumentlər” çıxarılıb. Görün daşlayaraq öldürmək cəzasının tətbiqinə bəraət qazandırmaq üçün nə qədər böyük bir günaha əl atılır: Quran bitkin deyil, orada daşqalaqla bağlı ayə varmış. Guya Quran ayələri səhifələrə yazılı şəkildə hz Aişənin evində imiş. Peyğəmbərimizin vəfatından sonra evə girən ac bir keçi bu ayələr yazılan vərəqi yeyib (İbn Macə “Nikah” 36,1944; ibn Hənbəl 5/131,132,183; 6/269). Maraqlıdır ki, hədislər üzrə məşhur alim ibn Küteybə keçinin bu “təxribatından” danışmazdan öncə onun mübarək bir heyvan olmasından söz açır, fəzilətlərini sadalayır (İbn Kuteybe, Hadis Müdafaası, s. 408). Bəllidir ki, Quran ayələri hələ peyğəmbərimizin zamanında əzbər öyrənilmişdi. Bir keçi əzbər bilinən Quran ayəsini necə aradan qaldıra bilərdi? Zina belə bir böyük günah olduğu halda onun cəzası ilə bağlı ayənin “unudularaq” Quran kitab şəkildə yığılarkən keçinin müdaxiləsi üzündən diqqətdən kənarda qalması, Müqəddəs Kitaba daxil edilməməsi nə qədər məntiqə uyğundur?
Dördüncü uydurma: rəşidi xəlifə Ömər ibn Xəttab daşqalaqla bağlı ayə olduğunu və bu ayənin Qurandan kanarda qaldığını bilib, amma onu bərpa etməyə cəsarəti çatmayıb.
Hədis kitabları daşqalaq məsələsində rəşidi xəlifə Ömər ibn Xəttabdan da istifadə etməyə çalışıblar. Guya o deyib: “Gələcəkdə bəzi şəxslər peyda olacaq və “daşqalaq cəzasını Quranda tapa bilmirik” deyib onu inkar edəcəklər. Bu şəxslər oxun yaydan çıxdığı kimi dindən çıxacaqlar. Əgər xalqımın “Ömər Qurana əlavə edir” deməyindən qorxmasaydım, bu ayəni Qurana yazardım” (Buxari 93/21, Müslim “Hüdud” 8/1431, Əbu Davud 41/1). Bu hədisi də qəbul etmək olmaz. Ömər ibn Xəttab kimi peyğəmbərimizə yaxın olan bir şəxsin Allahdan yox, camaatdan qorxmasını düşünmək düzgün olmaz. Doğrudanmı o, “Zalımlardan qorxmayın, Məndən qorxun ki, tamamlayım sizə olan nemətimi” (Bəqərə, 150) ayəsindən xəbərsiz olub? Üstəlik, onun xarakteri də tarixdən çox yaxşı bəllidir. “Qurandan kənarda qalan” ayəni Qurana daxil etmək məsələsində onun kimlərdənsə qorxmasını, Quranın “natamamlığını” görüb, buna biganə qaldığını, haqqı bərpa etmək üçün ortaya iradə qoymadığını düşünmək son dərəcədə gülünc və məntiqsizdir.
Nəhayət, bu deyilənlərdən belə bir məna da çıxır ki, 1400 il Qurandan kənarda qalan bir ayənin öz yerinə qayıtmasını, haşa, Allah taala ya istəmir, ya da onu bərpa etmək Onun gücü xaricindədir. Rəvayətlərin birində deyilir ki, Əhzəb surəsi 73 ayə deyilmiş, Bəqərə surəsi qədər böyük imiş. Orada “Yaşlı kişi və qadın zina edərsə, Allahdan bir cəza olaraq mütləq onları rəcm edin. Allah əzizdir, Həkimdir” ayəsi varmış. Tutalım, Ömər ibn Xəttab xalqdan qorxub, ayəni bərpa etməyib, bəs Allah taala? Doğrudanmı, bütün bunlardan sonra, haşa, Uca Tanrı ən böyük günahlardan biri sayılan zina üçün tətbiq edilməsi nəzərdə tutulan bir ayəni keçi müdaxiləsindən qoruya bilməyib? Bu necə qorumaqdı ki, Quran elə başlanğıcdan bir surənin səksən faizindən aralı düşür? Doğrudanmı, Ulu Tanrı Əhzəb surəsinin səksən faizinin Quranda öz əksini tapmasına nail ola bilməyib, Quranı qoruya bilməyib və bu səbəbdən ilahi vəhylər – nə qədər öyüd, etik imperativ, hökm 1400 ildir Müqəddəs Kitabımızdan kənarda qalıb? Bəs “Quranı biz endirdik, Biz də onu qoruyacağıq” (Hicr 9) ayəsini necə başa düşək? Bu, o demək deyilmi ki, ilahi vəhylər peyğəmbərimizə necə endirilibsə, o şəkildə də qalacaq? Ona nəsə artırılmayacağının, nəsə əskildilməyəcəyinin, Quranın təhrif edilməyəcəyinin qarantı Allah taaladır demək deyilmi? Ənam surəsində Quranda hər şeyin aydın və anlaşıqlı yazıldığı, ona paralel və ya hansısa qisminə alternativ qaynağa ehtiyac olmadığı, onu heç kəsin dəyişdirə bilməyəcəyi çox aydın şəkildə yazılıb: “114.Allah sizə Kitabı içində hər şey incədən-incəyə açıqlanmış şəkildə göndərmişkən Allahdan başqasınımı hakim istəyəcəyəm? Kitab verdiyimiz o kəslər bilir ki, Quranı haqq olaraq sənin Rəbbin göndərib. Elə isə şübhələrə dalanlardan olmayasan. 115.Doğru və insaflı kəlam olaraq tamamlanıb sənin Rəbbinin sözü. Onun kəlmələrini dəyişdirə biləcək bir kimsə yoxdur. O eşidəndir hər şeyi, biləndir hər işi”.
Bütün səmavi dinlər insan müdaxiləsi ilə öz əslindən uzaqlaşdırılıb. Allahın göndərdiyi Kitablar müxtəlif zamanlarda iqtidar sahibləri və ruhanilərin əli ilə bir sıra təhriflərə məruz qalıb. Din adından hökm vermək səlahiyyəti yalnız Allahındır. İslamın çərçivəsi Quranda dəqiq müəyyənləşib. Başqa qaynaq arayanlar, hökmlər icad edənlər, yasaqlar qoyanlar, bu və ya digər ayənin Quranda olub, sonradan it-bata düşməsi haqda nağıllar uyduranlar, görəsən, necə böyük yanlışa yol verdiklərinin fərqindədirlərmi? Allah taala Qurani-Kərimi qoruyacağını vəd edərkən, “qorunmayıb, təhrif olunub” demək nə dərəcədə ağıllı işdir? Bunu iddia edən məntiq sahiblərinin din haqda danışmağa haqqı varmı? Fərz edək ki, danışa bilərlər, amma onların “dini mən dediyim kimi anlayın” deməyə nə dərəcədə haqları var? Zina çox ağır suçdur, qəbul edirik. Bəs Quranın bütövlüyünə şübhə eləmək, orada naqislik arayıb özündən ayə artırmaq necə? Görəsən, buna hansı cəza düşür?!
Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.
OXUMALI
“Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir” >>>
“Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol! “ >>>
“Daş yuxular” Azərbaycan dilində – TAM MƏTN
Əkrəm Əylislinin Rusiyanın populyar “Drujba Narodov” jurnalında çap olunmuş “Daş Yuxular” (Kamennıe Snı) romanı son aylar Azərbaycanın ictimai həyatında sözün əsl mənasında böyük narazılığa səbəb olmuşdur. Bu əsər özünün bədii keyfiyyətləri ilə deyil, avantürist ideyaları və xəstə sayıqlamaları ilə diqqəti cəlb edir. Romanı burada şərh etmək fikrimiz yoxdur. Qoy onun bütün keyfiyyətlərini oxucu özü dəyərləndirsin. Bu vaxta qədər əsərin Azərbaycanca variantı olmadığından Azərbaycan oxucusunun əksəriyyətinin bunu etmək imkanı məhdud idi. Bu boşluğu doldurmaq üçün biz həmin əsərin Azərbaycan dilinə tərcüməsini ictimaiyyətə təqdim edirik. Düzdür, müəllif bu romanın bütün hüquqlarının ona məxsus olmasını bildirərək, onu bu vaxta qədər oxucuya ana dilində təqdim etməmişdir. Amma o, bilməlidir ki, əsər nəşr olunana qədər yazıçıya məxsus ola bilər. Onun çap olunmasından sonra müəllifin öz xalqının müqəddəs dəyərlərinə, mənəviyyatına, düşüncə tərzinə və tarixinə dərindən zərbə vuran belə bir cızma-qaranı müəlliflik hüququ pərdəsi ilə ört-basdır etməyə mənəvi haqqı yoxdur. Beləliklə, əsəri sizin mühakimənizə təqdim edirik.
“Drujba narodov”. 2012, N12
Roman-rekviem. Azərbaycan dilində müəllif tərcüməsi.
M.Hüseynzadənin redaktəsi ilə.
Əkrəm Əylisli – Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimidir. Ölkəsinin ən ali “İstiqlal” (2002) və Azərbaycan ədəbiyyatına göstərdiyi böyük xidmətlərə görə “Şöhrət” ordeninə layiq görülüb. Ötən əsrin 60-cı illərindən jurnalın dost müəllifləri sırasındadır (bir müddət redaksiya heyətinin üzvü olub). Vaxtı ilə qələmə aldığı “Adamlar və ağaclar” trilogiyası Ümumittifaq şöhrəti qazanıb, əsərləri bütün SSRİ və Şərqi Avropa xalqlarının dillərində işıq üzü görüb. Eyni zamanda Əkrəm Əylislinin nəsri ingilis, fransız, alman, ispan dillərinə tərcümə edilib. O, Azərbaycanın bir çox teatrlarında səhnəyə qoyulan pyeslərin müəllifidir, ssenariləri əsasında kinofilmlər çəkilib. Turgenev, Korolenko, Çexov, Paustovski, Böll, Şukşin, Aytmatov, Markes, Rüşti kimi ədiblərin yaradıcılığından örnəkləri tərcümə edərək azərbaycanlı oxuculara çatdırıb. Hazırda Azərbaycanda yazıçının “Əylisdən Əylisə” memuarları çox oxunur. “Daş yuxular” roman-rekviyeminin nəşri ədibin 75 illik yubileyinə təsadüf edir. Ad günü münasibəti ilə Əkrəm Əylislini hərarətlə təbrik edirik. Əkrəm Əylislinin “Daş yuxular” roman-rekviyemi sadəcə bədi mətn deyil, bu, həqiqətən vətənini sevən bir yazıçının öz xalqının şərəf və ləyaqəti naminə ən acı həqiqətləri fövqəladə bir cəsarətlə demək cəhdidir. İnsanların vətən sevgisinə zərrə qədər şübhə olmasa da yazıçının həmvətənlərinə üz tutaraq dedikləri olduqca gərəkli və xeyirlidir. Ruslar, ermənilər, gürcülər, serblər, albanlar, ərəblər. bir sözlə ümumi dil tapmaq naminə məşəqqət çəkən hər kəs üçün xeyirlidir.
Lev Anninski lbu əsər haqqında resenziyada yazır:
“Hər iki tərəf etiraf etməli, hər iki tərəfin adamları qəlblərindəki kin və nifrətin nədən qaynaqlandığına nəzər salmalıdırlar. Ə.Əylislinin sətrlərindən qan axan romanının əsas mövzusu budur. Bu bədbəxtliyin sonu varmı? Yerin yalnız bir əlcəsini cənnət bilərək, çaqqallar və ilanlar məskən salan dağlar arasında kimsəylə ünsiyyət saxlamadan, heç kəsə toxunmadan, bir kimsəyə qaynayıb qovuşmadan yaşamaq mümkünmü? Yox, əlbəttə, yox! Təmaslar qaçılmazdır. Ən azı yer üzündə sevgi deyilən bir qüdrət var. Elə bir qüdrət ki, hansı tərəfin haqlı, hansı tərəfin haqsız olduğunun fərqinə varmır. Ən azı qarışıq sevgilərdən doğulan insanlar var. Və nəhayət adamların bir-birindən ayrı yaşaya, bir-birindən qaçıb gizlənə bilmədiyi məhkumluq var. Bütün bunları bildiyinə görə susmağı bacarmayan, səsini içində boğmağa gücü çatmayan yazıçının həqiqəti deməkdən ayrı bir yolu varmı?
Əkrəm Əylisli ən doğru yolu tutaraq nifrəti yerində oturdub.”
Urvatsız ölən həmvətənlərimin xatirəsinə
Qarderobcu qarının müəmmalı ölümü, məşhur artistin
ölüm təhlükəli zarafatı və partbilet-pistolet.
Bakının böyük xəstəxanalarının birinin əzik-sınıq bölümünə indicə çatdırılan xəstənin halı ölümcül idi. Huşunu itirən xəstəni əl arabasına uzadıb xəstəxananın o biri başına qədər uzanan yarıqaranlıq koridorun tən ortasıyla ayrı bir korpusdakı əməliyyat otağına aparırdılar. Ağ xalatlı iki qadın idi, eynən onlar kimi ağ xalat geyinmiş iki kişi idi, bir də arıq, ota boylu, təmkini, ciddi üzü, xalatının təmizliyi və şaxlığı ilə digər dörd həmkarından seçilən cərrah idi ki, əl arabasının yanınca addımlayırdı.
Xəstəxana həyatı üçün adi sayılan bu mənzərəyə özəllik verən artıq bir şey vardısa, o, xəstəni klinikaya gətirən kişinin görünüş və davranışındakı faciəvi komizm idi. Əlli beş-altmış yaşında balacaboy, durduğu yerdə oynayan, əl boyda üzünün dəyirmisi şişman qarnına qətiyyən uyuşmayan bu kişi həkimlərin dörd bir yanında tullana-tullana eyni sözləri doğrayıb tökürdü:
– Doktor, başına dönüm, doktor. öldürdülər. Günün günorta çağı, belə bir adamı
basıb əzdilər, həlak elədilər. Onların hamısı yerazlardı, həkim! Beş-altı nadan yeraz. Bu qaçqın köpəkuşağı insana hörmət qoymurlar, qadan alım, ay həkim. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinin üstünə barmağını tuşla ki, bu ermənidi, deməli, onun işi bitdi. O saat vəhşiyə dönüb salırlar ayaq altına, tapdalayıb başını əzirlər. Tikə-tikə parçalayırlar, denən kişi olan bir kəs irəli durmağa hünər eləyir, eləmir. Onlara deyirəm: vurmayın, bu adam erməni deyil, özümüzünküdür, xalqın oğludur, millətimizin fəxridir, vicdanlı adamdı. Kimdir qulaq asan? Heç adını da soruşmadılar, a balam, sən kimsən, nəçisən, nə səbəbə bu işə qatışırsan. Böyrümdən elə bir təpik ilişdirdilər ki, az qaldı canım çıxa. Bax, burama vurdular, doktor, sağ böyrümə. İndi də ağrısına dözə bilmirəm.
Həkim xəstəni gətirən adamın nə üyüdüb tökdüyünü o qədər də aydın başa düşmürdü. Bəlkə də heç başa düşmək istəmirdi. Hətta ola bilsin həkim, cəhrayı rəngli, dama-dama köynəyin üstündən sarı qalstuk bağlamış bu cıbırıx və məzəli kişinin dediklərini ümumiyyətlə eşitmirdi. Amma bununla belə diqqətli adam həkimin hərdənbir bığaltı gülümsəməyini də nəzərdən qaçıra bilməzdi. Bəli, o, hərdənbir açıq-aşkar bığaltı gülümsəyirdi. Ona görə yox ki, xəstəni gətirən adamın hər sözü, hər hərəkəti gülməli idi. Əslində həkimin həmin o sayaq bığaltı gülümsəməyinin yeganə səbəbi yaxasını yırtan töşmərək “xəstə yiyəsi” ilə müqayisədə əl arabasına uzadılan ağbaş kişinin arıq və kifayət qədər uzundraz olması idi. Yəqin ki, bu iki adamın görünüşündə nəzərə çarpan kəskin fiziki fərq, həkimə Don Kixotla Sanço Pança əhvalatının kədərli mənzərəsini xatırladırdı.
Onlar əməliyyat otağının qapısına çatanda ağ xalatlı kişilərdən biri sarı qalstuklu ipləmənin qarşısını kəsib onu dayandırmaq istədi.
– Burax gəlsin, – həkim dedi, – nəsə deyiləsi sözü var. Qoy ürəyini boşaltsın.
Koridorun darısqallığına baxmayaraq əməliyyat otağı hündür tavanı, iri aynaları olan geniş tikili sahəsi idi. Tən ortada üstünə yalnız mələfə çəkilən xəstənin uzandığı əl arabasına bənzər əməliyyat stolu qoyulmuşdu. Xəstəni əl arabasında gətirən iki ağ xalatlı kişi onu əməliyyat stolunun üstünə qaldırdı, dinməzcə gözləri ilə həkimdən getmək izni aldılar və sakitcə əməliyyat otağından çıxıb getdilər.
– Həkim xalatının qolunu geri sivirib uca səslə tibb bacısına – Peroksid gətirin,sifətini təmizləyin, – dedi, üzünü qan bürüyən xəstəyə baxdı, kiminsə qarasına qəzəblə mırtdadı və artıq sizin də tanıdığınız “xəstə yiyəsi”ndən soruşdu – Bunu kim bu hala salıb?
– Axı mən sizə dedim, doktor, yerazlar. Ermənistandan gələn qaçqın köpək-
uşaqları. Heç veclərinə də deyil ki, sifətini darmadağın eləyiblər. Hələ bu harasıdı, vəhşilər onu yerə yıxıb qarnına-qarnına döydülər. Hə, doktor, yaxşı ki, mən vaxtında yetişdim. Allah qoymasa, səhərdən çıxmışdım ki, bir az havamı dəyişim. Xaraba qalmış Parapetə çatanda, gördüm ki, fəvvarənin o başında beş-altı alçaq bir nəfəri əzişdirir. Adamlar. adamlar bir qıraqda durub, mal kimi dinməzcə baxırlar. – Bu yerə çatanda o, qəfil susdu. Əslində dodaqları tərpənirdi, amma demək istədiyi sözlər xirtdəyindəcə ilişib qalır, eşidilmirdi.
– Perekis qurtarıb, həkim – Tibb bacılarından hansısa (onlardan biri yaşlı, o biri tamam gənc idi) az qala pıçıltıyla, üzür diləyən səslə bildirdi.
Cərrah ümidsiz halda:
– Deyəsən, spirt olmalıdır, – dedi.
– Yox, həkim, nə vardı, hamısı dünən işlənib.
– Yaxşı, suyla yuyun. Marqansını az eləyin. – Həkim otağın küncündəki
əlüzyuyanda əllərini sabunlayıb suya tutdu və sonra gəlib durdu əməliyyat stolunun qabağında. – Əynində nə var soyundurun. Bir dənə tursik qalsın.
Üzü, burnu, çənəsi, qəhvəyi köynəyinin boyunluğu, göyümtül pencəyi al qanın içində olan xəstə əməliyyat stolunda elə sakit uzanmışdı, deyirdin bəs Parapet xarabada bunu yox, əksinə onu bu hala salan o zalım düşmənləri əzişdiribilər. O, sanki dərin bir yuxuya dalmışdı, amma bununla belə ölüm-zülüm qalxıb-batan köksündən titrək, boğuq bir inilti ayrılırdı. Yatıb, amma elə bil heç yatmayıb, hələ üstəlik yuxu görür və qəribəsi o idi ki, təpədən-dırnağa qədər qana bələnmiş bu adam sanki gördüyü yuxudan ləzzət alır.
Qadın xəstənin sifətini bürüyən qanı sildi, həkim nəbzini yoxladı. Tibb bacıları onun pal-paltarını soyundurandan sonra o, diqqətlə xəstəni nəzərdən keçirib sanki özü-özünə hesabat verdi və yaxud kiməsə diqtə elədi:
– Alt dodağında iki çapıq müşahidə olunur. Çənə sümüyü salamatdı. Sağ
qolunun iki yerində çıxıq var – dirsəkdə və biləkdə. Sağ əlin baş və orta barmağı çıxıb. Sol ayağın əzələsi bərk əzilib. Sağ ayağın diz qapağı sınıb. Kürək nahiyəsində döş qəfəsinin ciddi fəsadı qeyd olunur. Kəllə sümüyündə əzik yoxdur. – Həkim susdu, ürəyində söydü. – Sotpjasenie mozqa! – Nədənsə o, son kəlməni rus dilində, həm də ucadan söylədi, sonra şalvarının cibindən dəsmal çıxarıb tələsmədən alnının tərini sildi və bu dəfə də rus dilində nitqini tamamladı: – İzbienie zverskoe!
Həkimin dilindən çıxan hər kəlmə xəstəni bura gətirən adamın sifətində həyəcan, ağrı və əzab şəklində yenidən təzahür eləyirdi. O, özünü hönkürüb ağlamaqdan güclə saxlayırdı. Həkim müayinəni bitirəndə, “xəstə sahibi”nin səbri də bitdi. İncidilmiş uşaq kimi hönkürərək ağladı.
Əməliyyat stolunun yanındakı qadınlardan birinin (gənc qadının) gözləri doluxsundu. Yaşlı tibb bacısı qəhərləndi və üzüntü içində başını buladı. Hönkürən “xəstə yiyəsi”nin halı həkimin ürəyinə od qoyurdu, həkim bu qəribə adamı sakitləşdirməyə çalışırdı:
– Sizin deməyinizdən belə çıxır ki, bu bədbəxt ermənidir.
Gülməli qəhrəmanımız heyrət içində gözünü bərəltdi.
– Nə təhər ola bilər ki, siz onu tanımayasınız? Siz bilmirsiniz ki, Saday Sadıqlı
kimdir? Azərbaycan teatrının fəxri, bir nömrəli aktyor! Siz doğrudanmı belə bir ustad sənətkarı tanımırsınız, doktor? Televiziyada da görməmisiniz? Yəni bircə dəfə məni də görməmisiniz televiziyada, doktor? Bəlkə də görmüsünüz, amma indi yadınıza düşmürəm. Nuvariş Qarabağlıyam mən – komik rollar ifaçısı. Məni tanımaya bilərsiniz. Buna görə incimirəm sizdən. Amma inanmıram ki, Saday Sadıqlını tanımayan olsun. Axı dünya səhnəsində heç kim Hamlet, Otella, Aydın, Kefli İsgəndəri onun qədər məharətlə oynamayıb.
– Mən sizi dərhal tanıdım – gənc tibb bacısı ürəyinin ən dərin guşəsindəki fərəh
hissini gizlətmədən dilləndi.
– Səni də, onu da televizorda çox görmüşəm. – Onun yaşlı tibb bacısı nə səbəb-
dənsə nazlana-nazlana söhbətə qoşuldu. – Amma xəstəni tanımamaqda Fərzani doktorun günahı yoxdu. Otuz il Moskvada yaşayıb. Bakıya qayıtdığı cəmi-cümlətanı üç ildir. Doktorun Saday Sadıqlını tanımamağının gerçək səbəbini bilən kimi artist qardaşımız sakitləşdi. Sonradan onları tanıdıqlarını etiraf edən tibb bacılarının əvvəl-əvvəl özlərini bilməzliyə vurmalarını Nuvariş Qarabağlı belə yozdu ki, onlar doktora görə ehtiyyat eləyiblər. Qorxublar ki, qabaqdangəlmişlik həkimin xətrinə dəyər. Nuvariş Qarabağlıya elə gəlirdi ki, bayaqdan bəri söylədikləri həkimə çatmayıb. Ya həkim çox-çox fikirli olub, ya da Nuvariş Qarabağlı əsəb gərginliyi səbəbindən lazım olan sözləri tapıb deyə bilməyib. Ona görə də nə qədər mümkündürsə fikrini cəmləmək, Parapetdə baş verən müsibəti daha sadə və aydın şəkildə çatdırmaq qərarına gəldi:
– Əhvalat belə oldu, doktor; mən səhər tezdən şəhərə çıxdım. İndi dəqiq
yadımda qalmayıb, saat on olardı, bəlkə də on bir olardı. Parapetdə Fəvvarələr deyilən yer var, görməmiş olmazsınız. Bax orda qəfil qışqır-bağır qopdu. Elə bil kiminsə ətini kəsirdilər. Heç demə, bir qoca erməniymiş ordakı. Bədbəxt çörək almaq üçün evdən çıxıb və elə həmin dəqiqə keçib yerazların əlinə. Ev paltarındaymış, çəkələkdə.
Mən ora çatanda bədbəxti öldürüb hovuza tullamışdılar. Gözləri açıq idi, doktor, dübbədüz mənə baxırdı. Açığı, mən onun necə qətlə yetirildiyini görmədim. Əvvəldən orda olanların söylədiklərinə görə, lap siftə ermənini hovuza tullayıblar, buzlu suyun içinə. Bu da qoca kişii, soyuğa dözməz, istəyər sürünüb sudan çıxsın. Həmən cavan oğlanlar hovuzun başında dayanıb yazıq kişini təpikləyə-təpikləyə təzədən salıblar hovuza, ta canı çıxana qədər. Allah saxlamış bu Saday Sadıqlının da ki, başından ömür-billah qada-bala əskik deyil. Yoxsa ki, heylə zıppıltıda sənin nə itin azıb. Sadəcə, arına gəlib, özün saxlaya bilməyib. Bu da nəticəsi. Axı o aktyordur, ürək adamıdır. Ürəyi çəkib aparıb onu ora, qabağa durub kömək eləsin. Yerazlar hardan bilir bu kimdir, nəçidi? Axı onlar gəlmədilər, yerli deyillər. Elə buna görə də bədbəxt Sadayı erməni bilib, vəşiləşiblər, tökülüşübər üstünə. Mən ora bircə dəqiqə yubansaydım onlar bunu da qoca erməninin getdiyi yerə göndərəcəkdilər. Allah üzünə baxdı, sağ qaldı. Başına dönüm, doktor, xilas elə onu. Bu böyük insanın həyatı sizin əlinizdədir, – dedi və artist nəhayət ki, indicə eşitdiyiniz gurultulu, həyacanlı nitqini başa vurdu.
Həkim əməliyyata tələsirdi. Amma bunun üçün elə bil nəsə çatışmırdı. Görünür, artistin nitqindən təsirlənmişdir. O, əməliyyat stolunda tirrənən Hamlet-Otello-Kefli İsgəndərin ayrı-ayrılıqda və hamısı bir yerdə qoca ermənini xilas eləmək istəyində qeyri-adi bir əlamət görmürdü. Həkimə görə bir tikə adamlığı olan hər kəs elə bu sayaq hərəkət edərdi, basqa sayaq yox. Amma bu şəhərin adamları elə bil əvvəlcədən sözləşib əlbir olublar ki, adamlıq deyilən o idbarı yaxın buraxmasınlar. Hətta yüz faiz əmin ola bilərsiniz ki, adam sifəti görmək bu məxluqlara sərf eləmir.
Cəmi on-onbeş gün bundan irəli doktor Fərzani bu otaqda hansısa möcüzə sayəsində kilinikaya çatdırılan on dörd-on beş yaşlı erməni qızcığazın üstündə olduqca ağır cərrahi əməliyyat aparmışdı.
Metronun basabas vaxtı bir neçə azərbaycanlı arvad üstünə cumub yüzlərlə məxluqun gözü qarşısında həmin qızcığaza divan tutmuşdu. Hələ bundan da bir neçə gün irəli bir başdanxarab şair xəstəxanaya basqın edib qırx ildən bəri kordologiya şöbəsində can qoyan həkimi təpəqapaz eyəyib halal-hünbət kobinetindən bayıra atmışdı, nədi-nədi erməninin qarnından çıxıb. Bu biabırçılıqdan sonra xəstəxanada dərmana bir nəfər erməni qalmadı, nə həkim, nə xidmətçi. Kimi evinə girib bayıra çıxmadı, kimi Bakıyla əbədilik vidalaşdı.
– Hər şey aydındı, Numayiş müəllim, fars demiş, məsələ məlum. – Həkim ovqatının açıq-aşkar pərtliyinə uyuşmayan gümrah səslə dedi və cərrah alətlərini əlinin altında yerbəyer etməyə başladı. Nuvariş Qarabağlı doktorun gül kimi adını təhrif eləməsindən incimədi (bu insan otuz il Moskvada yasayib, belə xırda-para yanlışlığa yol verməkdə tam səlahiyyətlidir), amma bu xırda yalnışlığa düzəliş verməyi də unutmadı.
– Deyimmi Nuvariş Qarabağlı kimdir, doktor – sözə başladı – Adi bir artist. Yüzlərlə Nuvariş Qarabağlı Saday Sadıqlinin çölə atılan bircə dırnağına dəyməz. Nadan uşaqları, kaş onun yerinə məni vuraydılar.
– Bu da Qarabağlıdır? – Həkim soruşdu və növbəti dəfə xəstənin nəbzini yoxladı.
– Yox ey, yox, doktor. Hec mən də Qarabağlı deyiləm, Kürdəmirdənəm. Qarabağlı mənim ləqəbimdir. Saday Sadıqlı Naxçıvandandı, Ordubadda Əylis deyilən bir kənd var, oralıdı. Düzdü, mən orda olmamışam, amma bilirəm ki, Nuh Nəbidən qalma bir kənddi. Vaxtilə , deyirlər, orda çoxlu erməni yaşayırmış. Onların deyəsən yeddi ya səkkiz kilsəsi indiyəcən durur. Görünür o ermənilər ağıllı, xeyirxah insanlar imiş. Bu Saday Sadıqlı da onlar kimi düz adamdır, doktor, istəyir lap dünya dağılsın, ağa qara deməz. Neçə ildir düz sözə görə başı bəla çəkir, yenə də özünə yığışmır. İki aydan sonra yaşı əlli olacaq, di gəl on yaşlı uşaq kimidi. Ürəyi dilindədi. Belə qarışıq zamanda da dilini dinc qoymur. Erməni yox ey, pis biz özümüzük, deyir. Qorxub çəkinmir. Hər yerdə deyir bunu – teatrda, çayxanada.
Doktor Fərzani gözlərini geniş açıb bu dəfə xəstənin sifətinə məxsusi bir nəzər yetirdi. Elə bil onu ilk dəfə görürdü. Bayaqdan başdaşı kimi tərpənməz dayanıb, susan tibb bacıları da tərpəşib xısınlaşdılar. Fərzani Nuvariş Qarabağlının əlindən möhkəm yapışıb onu qapıya sarı çəkərək dedi:
– Hə, di tərpən, cavan oğlan, burda daha sənlik bir iş qalmadı. Dəhlizdə əyləş, dincini al. Ya da get evə, necə ki, lazımdı dincəl, yüz vur bədənə, başını bastır yat. Əgər istəsən, sonra gələrsən. Bu sənin üçün apensit deyil ki, tezcənək kəsib atasan, kapitalnı remont teləb olunur burda, ən azından üç-dörd saat çəkəcək, fikir eləmə. Dostun yaşayacaq. Mən ondan elə Otello düzəldəcəyəm, Dezdomona hayıl-mayıl olacaq, bircə kərə görən kimi, ürəyi gedib yıxılacaq.
Elə belə, danışa-danışa həkim artisti dəhlizə ötürdü və ardınca qapını bağladı.
Həmin an, yəni əməliyyat otağının qapısı bağlananda, Nuvariş Qarabağlı dəşətli tənhalıq, təklik hiss elədi. Elə bil işıqlı dünya indicə üzünə örtülən qoşatay qapının o üzündə qalmışdı. Uzun, yarıqaranlıq koridoru qəbirstanlıq sıxıntısı bürümüşdü. İşıq yanmırdı. Ətrafda ins-cins gözə dəymirdi. Koridorun əks tərəfində, başdakı iki lay pəncərənin şüşələri kor gözlər kimi qaralırdı. Bu, iki səbəbdən ola bilərdi, ya aynaları bəs deyincə toz basıb, ya da bayırda şər vaxtıdır, qaranlıq qovuşub.
Tək bircə yerdə, aynəbəndin yaxınlığındakı qapı səmtdə oturacaq görunurdü. Bundan ayrı bu qüssəli koridorun harasındasa bir hovur əyləşmək imkanı sıfıra bərabər idi. Nuvariş Qarabağlı asta-asta oturacağa tərəf addımladı. Başgicələnmə və ürək bulanması nəfəsini kəsirdi. Bayaqdan siqaret tüstüsü üçün içi yanırdı, amma əlini cibinə salmağa və ordan siqaret, kibrit çıxarmağa belə heyi qalmamışdı. Oturacağa yaxınlaşdı, qapının lap böyründə alt-alta vurulmuş iki lövhə gördü. Üst lövhədə iri qara həriflərlə yazılmışdır: “Travmatologiya və cərrahiyyə” şöbəsi, aşağıda xırda həriflərlə “Şövbə müdiri Cərrah Fərzani Fərid Həsən oğlu.” Doktor Fərzaninin kabinetinin qapısı açıq idi.
Məşəqqətli gün Nuvariş Qarabağlını üzüb əldən salsa da, bircə hovur dizini qatlayib əyləşmək istəsə də, qapının yanındakı oturacaqda əyləşmədi.
Ona elə gəldi ki, əgər indi burda otursa bir də heç zaman ayağa qalxa bilməyəcək. Ehmalca açıq qapıdan kabinetə nəzər saldı: stol, iki köhnə stul, divan, seyf, soyuducu, köhnə televizor, elektirik çaydan, əlüzyuyan. O, cibin eşələyib siqaret tapdı çıxartdı, amma yenə də çəkmədi. Güclü ürək bulanmasının təsiri altında pəncərəyə sarı gəldi və heç ora çatmamış əməliyyat otağının yanından digər istiqamətə də eynən belə bir koridorun uzanıb getdiyini gördü. Doktor Fərzaninin kabineti yerləşən bu koridorun həmən o boş, kimsəsiz kolidordan fərqi bu idi ki, burda çoxlu pəncərələr vardı və dəhliz boyunca sıralanan göyümtül palata qapıları tutqun şüşəli, kül rəngli pəncərələrə baxırdı. Pəncərələrdən birinin önündə ayağı gipsə salınan oğlan qoltuq ağacına söykənib siqaret çəkirdi. Ona yaxın, qapısı açıq palatanın qarşısında qolu sarıqlı bir qadın durmuşdu. Koridorda o iki nəfərdən savayı ayrı bir inli-cinli yox idi.
Nuvariş Qarabağlı bayaqdan barmaqları arasında saxladığı siqareti yandırdı. Elə ilk qullabdaca gözlərinə qaranlıq çökdü. İndicə yerə yıxılacağından qorxdu. Divardan tutub, birtəhər özünü oturacağa çatdırdı. O vaxta qədər oturmalıydı ki, gözünün qabağını kəsən qara pərdə çəkilsin. Gözünün pərdələnməyi cəhənnəm, bu saat onu hər şeydən daha çox bütün bu olanları Saday Sadıqlının arvadı Azadə xanıma necə çatdıracağı qorxudurdu.
Nuvariş Saday Sadıqlının evinə tez-tez gəlirdi. Onun arvadının harada işlədiyini də bilirdi. İndi isə belə bir vəziyyətdə burdan qalxıb Azadə xanımın iş yerinə yollanmaq onun nəzərində demək olar ki, mümkünsüz iş idi. Hələ bilmir ki, kişinin başına gətirilənləri necə, nə təhər danışacaq. Yaxşısı budur, tərpənməsin burdan, əməliyyatın sonuna qədər gözləsin. Əməliyyat bitər, Sadayın yaraları sarınar, huşu üstünə gələr, ancaq bundan sonra baş verənləri Azadə xanıma çatdırmaq o qədər də çətin olmaz. ( Unudub ki, bu gün bazardır və təbii ki, Azadə xanım da işdə deyil.)
Nuvariş Qarabağlı üç dəfə evlənsə də, bu müdhiş gecədə bütün şəhərdə yolunu gözləyən bir kimsə yoxdur. Birinci dəfə ailə qurmaq qərarını verəndə 19-20 yaşı vardi: heç nə, gözü tutan qızı nişansız, toysuz, xeyir-duasız bir taksiyə basıb ata evinə gətirdi. Toy cəhənnəm, olur olsun, olmur olmasın. Məsələ burasında idi ki, Nuvarişin anası xeyir-duasız ər evində peyda olan gəlini heç cur bağışlaya bilmirdi. Ay yarımdan sonra qaynana ilə davadan sonra qız şey-şüyünü yığışdırıb evdən çıxdı, bir də heç zaman geri qayıtmadı. Onda cavan vaxtlarıydı, tamaşalarda epizodik rollara çıxırdı, o zaman teatırın qocaman bir işçisinin “mənzil şəraitini yaxşılaşdırdılar”, onun Montindəki rütubətli yarızirzəmi otağını Nuvarişə verdilər. O, bu mənzildə ciyəri xərçəngə tutulması səbəbindən rəhmətə gedən ikinci arvadı ilə cəmi doqquz ay yaşadı. Üçüncü arvadı Cülyetta teatrın tanınmış aktyorlarından birinin qarımış qızı idi, ona ərə gələndə bəlkə də 36 yaşı olardı. Beş il uşaqları olmadı. Sonra oğlan doğuldu. Bir dəfə, hələ heç uşaq üçaylıq da deyilmiş , başı daşlı ana körpəni əmizdirərkən bunu tərs yuxu basır, səhər oyananda görür ki, uşaq iki döşünün arasında boğulub ölüb. Dəhşətli burasıydı ki, anaya görə qucağında boğulan tifil guya heç ölməyib, diridi, amma kirimir, ağlayır, elə hey süd istəyir. Bundan sonra ana yeməkdən kəsildi, yuxu gözündən qaçaq düşdü. Uşaqdan sonra on gün qalmadi. Arıqlayıb çöpə döndü, şam kimi əriyib, kölgə kimi çəkilib getdi, elə bil heç bu dünyada o adda adam yox imiş.
İndi, on ildən çoxdu ki, şəhərin mərkəzində Nuvarişin iki gözlü mənzili vardı. Bu fevrala qədər, tək qalmağına baxmayaraq irəliki vaxtla müqayisədə dinc, hətta hədsiz dərəcədə xoşbəxt və düzgün həyat yaşayırdı. Fələyin işinə bax ki, Nuvariş Qarabağlı öz mənzilinə gecələr, həm də getməyə başqa bir yeri olmadığına görə dönürdü. Halal-hünbət mənzilində o, bir dəqiqə də olsun dinclik tapmır, yuxunun, istrahətin nə olduğun bilmirdi. Səbəb də bu idi ki, vəzifə baxımından əhəmiyyətsiz, amma gəlir baxımından çox mötəbər vəzifə tutan bir nəfər – Baksavetin yekəqarın, uzundraz əməkdaşı günlərin birində teatrın qocaman işçisi, qarderobçu Qreta Sərkisovna Minasovanın mənzilini ələ keçirmiş, axırıncı, onuncu mərtəbədə Nuvarişə qonşu olmuş və bu yaşayış sahəsini əsl əyyaş yuvasına çevirmişdi. Divarın o üzündəki mənzilin kəhilti və nırıltısı bütün gün əsib-səngimək bilmirdi. Qoca təcrübəli sürtük qəhbələrin çığırtıları köhnə sənətə yenicə qədəm basan xırda qızların həqiqi və ya yalançı kef iniltiləri ağılı başdan çıxarır, artisti gündüz rahatlığın, gecələr yuxunun uzunə həsrət qoyurdu. Deyilənə görə həmin uzundıraz heyvərə şuşalıdır. Bakıya sonradan təşrif buyurub. Baksovetde işə duzəlib. Nuvarişgilin evinin qonşuluğundakı koperativ binada dördotaqlı mənzil alıb. Bu adamın bədən quruluşu kvadrat şəkilindədir. Nataraz kürəyinin enini hər hansı bir ölçü stanrdartına uyğunlaşdırmaq, sadəcə mümkün deyil. Onun göyümtül, qara rəngli qalın saçları, bununla bahəm, qara və qalın qaşları, əhəmiyyətli dərəcədə uzun bığı, büsbütün boş və heç nə ifadə etməyən krokadil gözünə bənzər donuq gözləri vardı. Hətta onun adı və familyası da Nuvariş Qarabağlının qulaqlarında zalımlıq və allahsızlıq rəmzi kimi səslənirdi: Şahqacar Ərmağanov. Adam ona bu adı verənin yerinə xəcalət çəkir.
Səhər açılar-açılmaz, hələ heç hava tam işıqlanmamış həyətdə səs-küy qalxmış və dərhal çox güman ki, camaat eşitsin deyə, xəbər yayılmışdı ki, guya hansısa bir erməni qadın özünü eyvandan atıb. Qreta Sərkisovnanın parçalanmış vücudu hələ böyük qan gölməçəsində üzərkən şəhərə daha bir şaiyyə çıxdı ki, guya özünü eyvandan atan erməni qadın ölüm qabağı tövbə məktubu yazıb qoyub. “Mən ermənilərin törətdikləri bütün bu cinayyətlərə görə özümə nifrət edirəm. Mən öz xalqıma nifrət edirəm, ona gorə də bundan sonra bu dunyada yaşamaq istəmirəm. Qarabağ Azərbaycanındır. Yaşasın Azərbaycan”.
Nuvariş onda da, elə indi də zərrə qədər şübhə etmirdi ki, bu intihar başqa bir kəsin yox, həmin o şuşalı heyvərənin “əl işidir”. Tamamilə mümkündür ki, Şahqacar Ərmağanov şəxsən özü, şəxsən öz əli ilə Qreta Sərkisovnanı eyvandan tullayıb aşağı. İndiki zaman belə zamandır. İstəsən eyvandan gündə yüz erməni tullaya bilərsən. Fərq etməz, lap müsəlman at, bir kimsə gözün üstə qaşın var deməyəcək. Arxasi-köməyi olmayan hər hansı bır insanı bir göz qırpımında yer üzündən silmək heç nədi. Bəlkə bu duruma görə artist şuşalı heyvərədən hər gün bir az da artıq qorxub üşənməyə başlayırdı. Nə qanun var, nə məhkəmə, bir günlü-günəvərli göyçək gündə onu, Nuvarişi eyvandan tula kimi tullayarlar aşağı, adını da qoyarlar intihar, özünəqəsd! Kimdi onun əməlini araşdıran, kim sübut edəcək ki, Baksavetin soyuqqanlı, allahsız, insafsız məmuru əməlli başlı quldurdur.
Yaşanan gərginlik, laqeydlik və zalımlıqdan aldığı zərbələr hələ ki, onun ürəyini üzüb bitirməmişdi, amma bununla belə artistin emosianal və zərif təbiəti sarsılmış, içi nifrət və ikrahla dolmuşdu. Axı gündə neçə dəfə milisioneri, sahə müvəkkilini dəng eləmək olar adam balasısan, vicdanın olsun bu bardeli yığışdır, yoxsa bir azdan bütün şəhər dönüb olacaq qəhbəxana. Bununla əlaqədar aktyor dəfələrlə milis rəisinin də qəbuluna getmişdi, raykoma, Mərkəzi Komitəyə, hətda Baksovetə məktublar yazıb yollamışdı. İşin ağır qaya kimi yerindən tərpənmədiyini görəndə isə əmin olmuşdu ki, ya bu ölkədə hakimiyyət yoxdur, ya da hakimiyyətdəkilərin hamısı ucdantutma Şahqacar Ərmağanov kimi cəlladdır. Son zamanlar Qreta Sərkisovnanın mənzilində nə Pəsgah açıldığını teatrda da qabağına çıxan hər kəsə danışırdı. Yalnız Saday Sadıqlıya bu biabırçılıq barədə bir kəlmə də deməmişdi. Düşünmüşdü ki, öz dünyasında yaşayan, öz göyüzündə qanad çalan bir adama bütün bunlaru açıb-ağartmaq günahdı. Elə bu səbəbdən də Nuvariş Qarabağlı dahiliyinə varlığı qədər inandığı bir insanı bütün bu çirkablara bulaşdırmaq istəməmişdi. İşə bax, yayın cırcıramasında, aləmin od tutub yandığı günlərdə belə artist qapı-pəncərəni bərk-bərk bağlayır, səhərin haçan açılacağının intizarlarını çəkə-çəkə Allah bilir necə milçəyi qanına qəltan eləyir. Bax elə həmin məşəqqətli gecələrin birində qərara gəldi ki, nə təhər olur olsun pistolet əldə etməlidir. Bu istəyini yerinə yetirmək üçün neçə-neçə tanış milisonerə, voyankomat işçisinə ağız açdı. Onsuz da vid-fasonu gülməli idi, onun pistolet tapmaq arzusu təbii ki, üz tutduğu tanışlarında gülüşdən başqa ayrı bir hissiyyat yaratmadı. Elə ki, artist silah əldə edə bilmədi, haçansa öz halal evində bir gecə rahat yatmağın mümkünlüyünə inamını büsbütün itirdi. Həmin vaxtlar artistin çalışdığı teatrda üç pyesi birdən səhnələşdirilən məhşur yazıçı ona vəziyyətdən çıxmağın ən sadə yolunu göstərdi ( cəmi iki gün irəli). Yazıçının dediyinə görə bu saat Xalq Cəbhəsinin üzvü olan hər kəsin bir, yaxud iki pistoleti var. Həmin cəbhəçi uşaqların əli ilə nəinki tapança, yaxut “Koloşnikov”, hətta gerçəkli plomyot almaq olar. Yenə bax elə o nüfuzlu yazıçının dediyinə görə Nuvariş Qarabağlı kimi bir artistin Xalq Cəbhəsinin qərərgahına gedib, Böyük Bəyin qulağına bir-iki söz pıçıldaması məsələni çox asanlıqla yoluna qoya bilər.
Bəyi çoxdan, həm də lap yaxından tanıyırdı. Yalan olmasın yüz dəfə Bakının çayxanalarında, Bulvarda, Malakan bağında, Azneft meydanında çay içmişdilər və cibində pulunun azlığına, çoxluğuna baxmayaraq həmişə can atmışdı ki, caypulunu şəxsən özü ödəsin.
Budur, bu gün günorta artist evdən çıxıb birbaşa Xalq Cəbhəsinin qərərgahına gəldi. Bəy hələ yox idi. Artist demək olar, bir saat ərzində qərərgahın qarşısında bitib onun yolunu gözlədi. Sonra gördü acıb, yaxınıqdakı “Araz” kafesinə girdi və iki pors sosiska, yüz qram araqla günün ilk yeməyini yedi. Kafedən çıxan kimi ora – həmən o lənətə gəlmiş fontanın bir addımlığında yerləşən Xalq Cəbhəsinin qərargahına tərəf getdi və sizə də məlum olan mənfur tarixçənin iştirakçısına çevrildi.
İndi xəstəxana koridorundakı yeganə oturacaqda əyləşən Nuvariş Qarabağlı Böyük Bəylə hələ ki, baş tutası görüş barədə irəlicədən düşünür və o görüşü təsəvvüründə belə canlandırırdı:
– Xoş gördük bəy! Səni gördüyümə görə xoşbəxtəm.
Ən əsası Bəy də ( artistin təsəvvürünə görə) qədim çayxana dostunu böyük ehtiram və nəzakətlə dindirir:
– İşlər necədir, əzizim? Təeatrda nə yenilik var? Kimin pyesini qoyurlar? Bax elə
uşaqlardan sizi xəbər aldım. Niyə o gəlmir, niyə onu görmürəm? Maraqlanın görün səhnəmizin ustad sənətkari haralardadır, bəlkə bir ehtiyacı var.
Artist “ehtiyac” kəlməsini eşidən kimi pistolet məsələsini ortaya atdı. O, hələ istəyirdi ki, Böyük Bəyə qonşu mənzildəki pozğunxananın aktiv fəaliyyəti barədə də məlumat versin, amma Bəy bütün böyük adamlara məxsus dəqiq hissiyyatla köhnə dostunu Xalq Cəbhəsinin qərərgahına çəkib gətirən əsas mətləbi anladı və onu artıq digər xırda-mırda təlaşlardan xilas etməyə tələsdi:
– Bu xırda məsələdir, bəy! – Böyük Bəy bu arada yüngülcə saqqalına sığal çəkdi.
Sonra ucadan və ilhamla bəyan elədi; – Bizim borcumuz xalqa gərək olan oğulları qorumaqdır. – Və bundan sonra o telefonun dəstəyini qaldırıb kiməsə göstəriş verdi: – Artistə bir dənə təzə pistolet gətirin. Mənim dostumdur. Böyuk artistimizdir. Hə, indi çətin vaxtdır, təhlükəli dövrandır. Biz hər cəhətdən sadiq adamlarımızı qorumalıyıq.
Böyük Bəy ( artistin xəyalına əsasən) məhz bu kəlmələri izhar elədi və Nuvaşirin üzünə nəzakətlə gülümsəyib, sakitcə demisinə tənbəki basdı:
– Patronu çox götür, – deyə sözünü tamamladı.
Nuvaşir Qarabağlı lap yaxınlarda şəxsən Böyük Bəyin sayəsində pistplet əldə edəcəyinə qəti əmin oldu və dərin bir qüssə icində il yarım qabaq o gözəl çayxanalarda üzbəsurat oturub qabırğa söhbəti eləmələrini yada saldı.
Və birdən 1979-cu ilin may ayını xatırladı, onda bütün Azərbaycanın birincisi qəflətən teatra təşrif buyurmuş və elə həmən o gözlənilməzliklə də ona şəhərin mərkəzində mənzil vermişdi. Hələ 60-cı illərin sonuydu, onda əməllicə mıxlamışdı, düppədüz olmuşdu və aşa-aşa, kef havasına avtobus dayanacağına doğru gedirdi. Zevin küçəsinin tinində camaatın Xozeyin adlandırdığı həmən o şəxsə ürcah oldu. Bu o zaman idi ki, Nuvariş Qarabağlı atasıyla birgə yaşayırdı, teatrda yenicə epizodik rollara çıxmağa başlamışdı. İşə bax, (həqiqətən də yer üzü möcüzələrdən xali deyil) heç demə o vaxtkı Xozeyin Nuvarişin cuppulu rolunu görüb, nəinki görüb, hətta yadında saxlayıb.
Həmən o axsam deyesen Xozeyin də hardansa yeyib-içməkdən qayıdırmış və keyfi yaxşıymış (onun böyründə iki qüvvəli adam, cangüdənlər varmış).
– Bu sənsən, əə, artist, gəl bura görüm, qardaş, – o deyib, – deyəsən sən də
babatsan. Harda vurmusan bu qədər? – o, böyründəki adamlardan birinə yüngülcə göz eləyib. Mən də vurmuşam, amma görürsən, ayaq üstə dura bilirəm, daha yeddi yana əsmirəm.
Təbii, o anda Nuvariş respublikanın birinci şəxsi ilə tanış deyildi, əgər ki, Birinci
ona əl uzadıb: – “Gəl tanış olaq” deməsəydi, o , heç zaman bilməyəcəkdi ki, həmən o kef havalı axşamda Zevin küçəsinin tinində təmasa bağladığı şəxs kim imiş.
– Tanış olaq. – O, adını söylədi – Səni isə mən tanıyıram, artistsən. Teatrda
yaxşı rollar oynayırsan. Hə, de görüm hara gedirsən?
Nuvariş dili topuq çala-çala güclə deyə bildi:
– Xı. xı. Xırdalana. Avtobusa minməyə gedirəm.
Uzunsifət adam bir müddət artisti ayaqdan-başa süzdü.
– Yaxşı, di yeri, – o, qorxuya düşmüş adama bir növ əmr elədi: – Gecdir,
tərpən, bir də belə nallama.
“Sən yenə də Xırdalanda yaşayırsan?” – sonralar onun Birincinin dilindən
eşitdiyi bu sözlər qulaqlarında o qədər diri, o qədər canlı səsləndi ki, indi sanki bu sözləri xəstəxananın dilsiz və kar divarları da eşitdi.
– İndi mən Montin qəsəbəsində yaşayıram, yerdən bir mərtəbə aşağıda – artist
köhnə tanışıyla cəsarətlə zarafatlaşdı.
– Sabahdan şəhərin mərkəzində, yerdən on mərtəbə yuxarıda yaşayacaqsan –
Birinci zarafata zarafatla cavab verdi.
Həmən axşam Axundovun “Müsyö Jordan” tamaşasının yekununda teatrın bütün
yaradıcı kollektivi direktor Mopassan Mirələmovun kabinetinə yığılmışdı. Nuvariş tamaşada dərviş Məstəli şah rolunu oynayırdı və Allahın böyüklüyündən oyun Birincinin xoşuna gəlmişdi. O, dedi “Sən “Ölülər”də Şeyx Əhmədi də yaxşı oynamısan. İki dəfə televizorda baxmışam. Belə rolların sayını çoxalt”.
Ehtimal ki, o gün teatr toplaşıb, Xozeyin əvvəlcədən bir neçə işçiyə, o cümlədən
xoşbəxtlər sırasında Qreta Minasova olmaq şərti ilə mənzil bölməyə qərar verib. “Burda bir yaşlı əməkdaş da olmalıdı Minasova. O, qadın yenə çalışırmı teatrda?” – formal olaraq Xozeyin direktordan soruşdu. Əslində əla bilir ki, Qreta Minasova heç zaman heç yerə getməyib, elə burada, teatrdadır. Nəyə çağırıldığını kəsdirə bilməyən, direktorun kabinetinə meyit sifətində girən Qreta Sərkisova oradan xoşbəxtcəsinə, sevincdən göz yaşları axıda-axıda çıxır və hey təkrarlayır “Sağ ol, oğlum, çox sağ ol” o vaxt Qreta Sərkisovanın sifətini bürüyən cizgilər indi də artistin gözünün qənşərindədir. Bəlkə də o zaman müşahidə elədiyindən daha canlı, daha aydın görür o sifəti.
Və bir də Saday Sadıqlının acıqlı üzü gəlir gözünün qanbağına, qızarmış gözlər,
kin, qəzəb dolu baxışlar.
Nədənsə elə ilk vaxtlardan Birinci ilə onunku alınmadı. Bütün hallarda, Nuvarişin
qənaətinə görə təqsiri Xozeyində deyil, Saday Sadıqlının dikbaşlığında, tərsliyində axtarmaq gərəkdir.
“Hamam suyuyla dost tutur. Hərəyə bir ənam verir, başa düşmür ki, insanın varı
ləyaqətdir. Xalqın içini dilənçi qutusuna döndərib ki, hamı dilini soxsun dinməz yerinə.” Saday Sadıqlı bu sayaq ağır ittihamları hətta direktorun kabinetində də dilə gətirir, çəkinmir heç nədən.
“Bəs sənin nəyə ehtiyacın var, cənab Sadıqlı?” O vaxt şəxsən Birinci məğlub və
inamsız səslə Sadaya üz tutanda o, heç özünü toparlaya bilmirdi, hətta elə bil səsi də bir qədər titrəyirdi. “Cənab” kəlməsində isə açıq-aşkar ironiya, bəlkə də lap kin vardı. Əlbəttə, Saday Sadıqlının dünyagörüşü Birinciyə bəlliydi. “Mənim heç nəyə ehtiyacım yoxdu” – Saday Sadıqlı ucadan və təkəbbürlü cavab verdi. Birinci gələn dəqiqə hamı ayağa qalxmışdı, o isə yerindən qımıldanmadı heç. Toplantı başa çatanada bir kimsədən qorxub çəkinmədən: “İşi-gücü qurtaranda camaatla məzələnməyə gəlir. Adamın haqqıdı, onnan belə dövlətin mənzilini elə minnətlə verir, deyirsən bəs dədəsinin malını verir.” Səhəri gün teatrda yana-yana danışırdılar ki, əgər Xozeyin təşrif buyuranda Saday Sadıqlı özünü adam balası kimi aparsaydı şəhərin elə bir yerində mənzil alardı ki, elə yerdə yaşamaq heç nazirlərə qismət olmur.
İndi belə yerdə dil insanın başına bəladır demə, görüm necə demirsən.
Oturacağın bir qırağında yumurulanıb yumağa dönən Nuvariş Qarabağlını yuxu
aparmışdı, bəlkə də o, həyatının ən dəhşətli yuxusunu görürdü.
Bozumtul, qəribə yer görürdü. Sümüklərini rütubət gəmirirdi. Yer üzündə nə tor-
paq, nə ağac vardı, heç kim, heç nə yox idi, qara qan gölməçəsindən savayı heç zad görünmürdü yer üzündə. Yumurtadan çıxan, çanağı bərkiməmiş tısbağa balasına bənzər Qreta Sərkisovna elə bil suya sarı dartınırdı, əvəzində qara qan dolu gölməçəyə qərq olurdu. Onun soyulub cıbrığı çıxarılmış ölü, eyni zamanda, dipdiri bədəni elə ikrah doğuran və qorxulu idi ki, dünya binnət olandan hələ heç bir bəni-adəm gözü belə iyrənc məxluq görməmişdi.
Yuxusundakı bu yer Nuvarişin indi yaşadığı binanın asfalt döşənmiş həyəti
deyildi, bu yer Xırdalandakı həyətin torpağına oxşayırdı. Və körpə, qığırdaq çanağı, hələ üstəlik daha bir qat dərisi soyulan, su yerinə qan gölməçəsinə sarı dartınan Qreta Sərkisovna sanki ayrı bir yerə yox, ölümə sürünürdü. Ölüm isə asanlıqla ələ keçmir, sanki kimsə onu oğurlayıb, qəsdən haradasa gizləyib. Və ona qovuşmaq mümkün deyil, heç bir vəchlə mümkün deyil. Hərdən o, qana bulaşmış başını qaldırır, donquldanır “Sağ ol, oğlum, çox sağ ol” – deyir və təzədən dözülməz ağrı və əzabla ölümə doğru sürünür. Birdən Nuvariş anladı ki, Qreta Sərkinovna ona tərəf sürünür. Sanki bu dünyanın ən əbədi nemətinə – ölümə qovuşmaq ixtiyarı Nuvarişin ovcundadır. Və Qreta Sərkisovna ölüm fürsətini onun ovcundan qapmaq istəyir ki, canı bu namərd dünyanın zülm-zillətindən biryolluq qurtarsın. Qreta Sərkisovna qan içində sürünə-sürünə yaxınlaşdıqca, Nuvarişi dəhşət və qorxu daha şiddətlə bürüyürdü. Nuvariş bütün gücü ilə ölmək istəyən və bəlkə də əslində ölmək istəməyən bu qarıdan qaçıb uzaqlaşmaq, canını qurtarmaq istəyirdi. Artist qarının meyitindən xilas olmağa çalışsa da, ayağını yerə basa bilmirdi, elə bil bütün bədəni qaldırmaq mümkün olmayan çirkabla dolmuşdu.
Artist elə o dəhşət içində də gözlərini açdı – sevindi – Allaha şükür ki, buradadır, soyuq, rütubətli koridorda. İşıqları da yandırmışdılar. Koridorun o biri başında əməliyyat otağının qapısı taybatay açılmışdı.
Nuvariş Qarabağlı o dəhşətli yuxudan qurtular-qurtulmaz, kabinetinə dönən Doktor Fərzani dərhal başa düşdü ki, o çox pis haldadır, dilini tərpədib söz deməyə də taqəti yoxdur.
Fərzani əməliyyatdan indicə çıxmışdı, əlüzyuyanın qənşərində üzü divara durub əlini sabunlayırdı.
– Keç içəri, əyləş, Mübariz müəllim – o, dedi: – Narahat olma, hər şey qayda-
sındadır. Dostun palatadadır. Yatır özüyçün. Canı möhkəmdir. Dəmir kimidir. Özaramızdı, qətiyyən alkaşa oxşamır.
Artist bu vəziyyətində heç fərqinə də varmadı doktor onun adına Nuvariş yox, Mübariz söylədi.
– Necə, doktor? Necə yəni yatır? Hüşü üstünə gəlib ki?
– Hələ yox, – Doktor əlini silə-silə, sakitcə dedi – Tələsmə, hər şeyin vaxtı var.
Bu gecə olmasa da, sabah səhər dəqiq özünə gələcək. Palatasına yaxşı tibb
bacısı göndərdim. Səhərəcən keşiyini çəkəcək. – Həkim məhrəbanı mismara keçirib, yerində əyləşdi. – Deyəsən möhkəm yuxulamısan, yaxşı yaddaşı olana oxşayırsan. Nədir, yuxunu qarışdırmısan?
– Yuxu görürdüm, doktor, siz hardan bildiniz? Ömrümdə heylə dəhşət görmə-
mişəm. – Artist susdu və qəfil hönkürməyə, göz yaşları içində, həkimə yalvarmağa başladı – Siz Allah, doktor, mənə bir az spirt verin, çox yox, onca qram. Allah haqqı boğuluram. Başım cırılır, elə bil beynimin içində siçan-siçovul qaçır.
– Yox, dostum, belə yaramaz, – artistin halına qəlbən yanan həkim nəzakətlə
dedi. Və stolun üstünə bir köhnə qəzet sərdi. Kabinetin qapısını bağladı. Soyuducudan şüşəsi tərləmiş balaca qrafin çıxardı. İçində göz yaşı kimi şəffaf maye olan qabı stolun üstünə qoydu. Qəzetin üstündəcə kolbasa doğradı. İki dənə xiyar şorabası qoydu, duzlu şor qoydu, sac lavaşı qoydu və lap axırda artdanıb yuyulmuş keşniş dəstəsi qoydu. İki armudu çay stəkanına zoğal arağı süzdü. Artistin gözləri parıldadı.
– Siz çox yaxşı adamsınız, doktor. Sizi gördüyüm andan bunu başa düşdüm.
Artist əlini stəkana sarı uzatdı, amma onu götürmədi, çünki hələ həkim də öz stəkanını götürməmişdi. Həkim əlüzyuyan səmtə baxdı. Artist bu sayaq baxmaqla onun nə demək istədiyini başa düşdü, qalxdı, əlini sabunlayıb yudu, qayıdıb oturdu.
– İçək? – Həkim gülümsəyərək dedi və arağı içdi. Bir əlcə lavaş götürdü, şora
batırıb ağzına apardı.
– Sizin sağlığınıza, doktor. – Nuvariş ayaq üstə içdi, üz-gözünü qırışdırıb,
– Kalbasa götür. Doyunca ye. – Həkim qonağa təklif elədi. Amma özü kolbasaya
əl vurmadı. İki qanad kişnişi ağzına qoyub asta-asta çeynəməyə başladı. – O, ailəlidir?
– Ailəlidir, doktor, qəşəng arvadı var, Azadə xanım. Kefin istəyən diş həkimi,
həm də insan adamdır. Məşhur psixiatır Abasəliyevin qızıdır. Bəlkə də tanıyırsınız?
Doktor Fərzani əməlli-başlı heyrətləndi.
– Abasəliyevi kim tanımır ki? – dedi – Durur o?
– Yaşayır, doktor. Sağlığına heç pis də yaşamır. – Araqdan sonra halı özünə
gələn Nuvariş həvəslə cavab verdi. – Maşallah, buz baltası kimidir. Bir il olar bağda qalır – Mərdəkanda. Deyir ki, axmaq-uxmaqdan nə qədər aralı olsam yaxşıdır. Hər tərəf elələri ilə doludur.
– Deməli, dostumuz doktor Abasəliyevin kürəkənidir? – O, təkrar soruşdu və
stəkanlara araq tökdü.
Nuvariş Qarabağlını heyrətləndirən o idi ki, doktor arağı süzəndə daha bayaqdan bəri olduğu kimi “dostun” yox, “dostumuz” söylədi.
– Hə, hə, kürəkənidir. Həm qohum, həm də yaxın dostdurlar. Pərəstiş eləyirlər
bir-birinə. Otuz ildir bir yerdədilər. Doktor Abasəliyevin ayrı kimi var axı? Arvadı rəhmətə gedib, qalan tək qızıdır. Saday Sadıqlını oğul gözündə görür.
– Belə-belə işlər – Doktor öz aləmində nəsə düşünə-düşünə dilləndi – Deyirsən
onlar həm də yerlidirlər, eləmi? Doktor Abasəliyev mən bilən Naxçıvandan olmalıdır. Hə, vur görək. – O, stəkanı başına çəkib, üstündən şor- lavaş yedi.
– Düzdü, naxçıvanlıdılar – Nuvariş təsdiqlədi, bir dilim kolbasa götürüb araq
stəkanını boşaltdı. – Bir kənddəndilər, Əylisdən. Kəndlərinin dəlisidirlər. Harda oldular, ancaq Əylisdən danışırlar. Deyirlər nə zamansa orada çoxlu erməni yaşayırmış. Belə çıxır bizim müsəlmanlarla aralarından su keçmirmiş. Doktor Abasəliyev o erməniləri çox tərifləyir. Onlar kimi mədəni, vicdanlı, zəhmətkeş insanlar dünyanın heç harasında ola bilməz, deyir. Mən onların belə söhbətlərini çox eşitmişəm. Kürəkən-qaynata Əylisdən danışanda adam həmən dəqiqə istəyir durub getsin ora, həmişəlik ölüb qalsın Əylisdə.
Doktor Fərzani düşüncədən ayrılmadan artisti dinləyirdi.
– Deməli belə, doktor Abasəliyev indi Mərdəkandadır, – o daha çox özü-özünə
deyirdi, cərrah, sonra bir qədər düşündü soruşdu: – Tək yaşayır orda?
– Əlbəttə tək, kimi var ki? Təkcə Azadə xanım tez-tez baş çəkir ona. Hər bazar
səhər tezdən yanına gedir. Gecəni qalır, o biri gün birbaşa işə qayıdır. Düz deyirsiniz, yaşlı adamın bağda tək yaşaması çətin məsələdi. Bu da var ki, boş vaxtı elə çox deyil darıxsın. Şəhərdəki evində otuz min kitabı var idi. Yazıq Azadə xanım il uzunu kitabları Bakıdan Mərdəkana daşıyıb. Abasəliyev oturub bağda, oxuyur o kitabları. Deyirlər özü də yazmağa başlayıb.
– Onların uşaqları yoxdur bəs?
– Yox, doktor. Bir tərəfdən baxanda Saday Sadıqlı kimi adamın övladının olma-
ması işin xeyrinədir. Sözün düzü, o bu dünyanın adamı deyil. Xəyalı buludlardadır. Xasiyyəti də uşaq kimidir. Uşaq olanda kənddə kimsə onun gözünün qabağında bir tulkünü güllələyib, hələ, indiyəcən o tülkünün halina yanır. Azından otuz dəfə bunu danışıb. Gözünün yaşı qurumur. Bax belə adamdır.
– Deyirsən, həm də yaxşı aktyordu, hə?
Söhbət bu yerə çatanda Nuvariş Qarabağlı kükrəyib daşdı:
– Allaha and olsun, doktor, o dahidir! O Abbas Mirzə, Ülvi Rəcəb qüdrətdə sənət-
kardır. Savadı alim savadıdır. Elə bir kitab qalmayıb oxumasın, amma xaraktercə düzgünlüyünün quludur, şeytan kimi. Bildiyini dədəsinə də verməz. O, hələ neçə il bundan qabaq Xalq artisti adını almalı idi. İndiyəcən əməkdar qalıb. 79-cu ildə onu, əlavə üç artisti “Xalq”a təqdim etmişdilər. Həmən ərəfədə hamı ona gözaydınlığı verirdi. Səhəri gün qazet təltif olunanların adını çap elədi, o birilər vardı, bu yox. Sən demə həmin axşam gedib kimnənsə oturub möhkəm vurub, dilinə yiyəlik eləməyib. Guya deyib: mənə lazım deyil sizin Xozeyinin sola-sağa səpələdiyi ad, mənə adı xalq verib.
Artist bir xeyli cibini eşələdi, sonra nə düşündusə elə cibindəcə qutudan bir ədəd siqaret çıxartdı, yalvarişlı gözlərlə Fərzaniyə baxdı.
– Üzürlü sayın siz Allah, siqaretdən ötrü ciyərim yanır.
Dolktor stolun siyirməsindən balaca şüşə külqabı çıxarıb artıstın qarşısında stola qoydu.
– Ürəyin nə qədər istəyir çək. Mən iyirmi yaşımdan başlayıb qırx il sərasər çəkdim. Beş il olar tərgitmişəm. – O, yenə qrafindən araq süzdü. – Hə, deyilən sağlığa içək və daha bəsdi. Əladı, təmiz şeydi, heç vaxt ziyan eləmir. Bir qazaxlı tanışım var. Adı da qəribədir, Avtandil. Maşını nə təhər aşırmışdısa, bütün qabırğaları əzilmişdi. Onu kefin istəyən təmir elədim, kapitalnı. Odu-budu nə zaman gəlir, iki letir gətirir. – Doktor pəncərəni açdı, stəkanı qaldıdı və zoğal arağını bir dəfəyə hortuldatdı. – Deməli deyirsən hakimiyyət paylayan mükafat mənə lazım deyil, söyləyir. Görəsən gecə vaxtı Xozeyinə kim danos verib?
– Hə, aydın görünür ki, onu satıblar, doktor. Üç nəfərin arasından məhz onun adının pozulmasının ayrı nə səbəbi ola bilər? – Artist siqareti yariya qədər çəkib, külqabında söndürdü. – Nədənsə Sovet hökuməti onu lap evvəldən qaralamışdı. İnanın, dözə bilmirdi. Deyəsən 68-ci ildə olub, teatrın bir tamaşasını dövlət mükafatına veriblər, beş namizəd aldı, Saday Sadıqlı yenə də qıraqda qaldı. Özü də baş rolu bu bədbəxt oynayırdı. O zaman da dilinin bəlasına düşmüşdü. Mərkəzi Komitənin üzvlərindən birinə söyləmişdi ki, cibinizdəki partbilet deyil, pistoletdi, siz tapançanızla xalqı qorxuda saxlayırsız ki, özünüz qorxusuz və təhlükəsiz yaşayasınız!
Nuvariş hələ ona məxsus olan üçüncü qədəhi ( armudu stəkanı) boşaltmamışdı, amma bununla belə elə yüngül, elə xoşbəxt idi, istəyirdi qol açıb oynasın. Bir tərəfdən içdiyi araq öz işini görürdü, o biri tərəfdən də belə bir böyük cərrahla, Fərzani ilə üzbəsurat oturub, söhbət eləyirdi. Gün ərzində onu dara çəkən əzablar, bir az əvvəl gördüyü dəhşətli yuxu da yaddan çıxmışdı. Hətta o it oğlu Şahqacar Ərmağanovdan da bayaqkı qədər qorxusu yoxdu. Doktor Fərzani artist qonağının halının düzəlməsindən, özünə gəlib gümrahlaşmasından razı idi.
– Hə di iç – doktor dostyana əmr elədi.
– Deməli partbilet – pistolet. Yaxşı deyib, sərrast deyib. Əgər birini qorxutmaq istəmirsə partbilet qardaşımızın nəyinə gərəkdir?
Nuvariş arağı içdi və bu dəfə qərara gəldi ki, arağın üstündən şor-lavaş yesin.
– Hə, pistolet, doktor. O, bəzən elə hərəkət eləyir desəm inanmazsınız. Bir dəfə sünnət toyuna çağırıblar, Nardarana, sirf təsadüfən salamat buraxıblar onu. Axı sünnət məclisinin qaydası var, əgər sənə söz veriblərsə durub danışmalısan. O məclislərin məxsusi söhbətləri olur. Lazımdır ki, sünnətin nə qədər savab iş olduğundan, gigena və sağlamlıq məsələsində əvəzsiz rolundan, müqəddəs imamlarımızdan, Peyğənərin hədislərindən söhbət açasan. Axı sünnət bütün müsəlmanlar üçün müqəddəs vacibatdır, dahiyanə müdriklikdir. Məclisin qaynayan vaxtı, necə bir hörmətli qonaq qismində sözü verirlər Saday Sadıqlıya. Bu da başlayır sünnəti ələ salmağa. Sonra tamam sarsaqlayır, bu dəfə də əstafurullah, Peyğənbərə sataşır. Nə təhər olur, deyir, Peyğənbər Allahdan ağıllıdır? Əvvələn insanı Allah öz mübarək əli ilə yaradıb, o biri yandan məgər Allah kordur, insanın bədənində nəyinsə artıq olduğunu görməyə? Burdan belə nəticə hasil olur ki, Allah nə yaradıbsa düz yaradıb. Heç ola bilməz ki, o haqlı olaraq, üzü, gözü, qulağı düppədüz yerinə qoya, durub sarsaq bir əzanı yaradanda məktəbli uşaq kimi səhv buraxa. Bizim peyğənbərə kim ixtiyar verib ki, Allah görən işin qüsurunu aradan qaldırsın.
Axı Nardaranlılar ömür-billah belə şey görməyiblər. Burda elə bir mərəkə qopur ki, sünnət-münnət yaddan çıxır. Ara qarışıb, məzhəb itir. Kənd ağsaqqalları Sadayın sifətinə o nalayiq söz qalmır, deməsinlər. Həttda adətə görə məclisdə iştirak hüququ olmayan arvadlar elə hasardanca qışqırıb “Allah cəzanı versin” – deyirlər.
Elə ki sünnət bitir Nardaran cavanları bunu tinə çəkib o ki var əzişdirirlər. Bədbəxti elə hala salırlar ki, üç ay səhnəyə çıxa bilmir. Deyilənə görə hətta bütün Qafqaz müsəlmanlarının Şeyxi Allah Şükür Paşazadə şəxsən xəstəxanaya, onun yanına təşrif buyurur ki, Saday camaatın qabağına çıxıb cəmi nardaranlılardan üzr istəsin. Çünki təhqir olunan nardaranlılar onu bir anın içində o dünyalıq edərlər.
Artist bu ağlamalı-gülməli əhvalatı tam bir coşğuyla, həm də bir az bəzəyib danışdı və birdən susub həkimə göz qoydu, gördü ki, onun sifəti tamam dəyişib, qorxdu, işləri korlamayıb görəsən? Artistə elə gəldi ki, danışdıqları doktorun kefinə soğan doğrayıb. Ona görə də, tələsmədən, ehtiyatla əlavə etdi: – Nə bilim, bəlkə bunların hamısı boşboğazların çənə söhbətidir. Bəlkə məndən də betər axmağın zarafatıdır və o susdu, bərk dilxor oldu, görünür Sadayın dindar nardaranlılarla ölüm təhlükəli zarafatı insanların inamını təhqir deməkdir, elə doktor Fərzaninin də. Amma Fərid Fərzani qatı müsəlman deyildi. Oruc tutmurdu, namaz qılmırdı. Moskvada yaşasa da çalışırdı ki, imkan daxilində öz dininin və Peyğənbərinin qoyduğu qaydaları gözləsin. Əsilində Fərid Fərzaninin Moskvadan, Bakıya qəfil dönməsinin əsas səbəblərindən biri də dininə olan inamı az və ya çox dərəcədə qoruyub saxlamaqla bağlıdır. Əgər cəmi-cümlətani üç il əvvəl Moskvada indi huşsuz halda palatda yatan hansısa bir artistin Peyğənbər barədə dediklərindən agah olsaydı, Allah bilir nə hala düşərdi. Amma bu üç il ərzində Bakıda gördükləri onun dini görüşlərini, vətənə, peyğənbərinə olan münasibətini əməlli-başlı dəyişmişdi.
Doktor Fərzaninin dünyagörüşündəki dəyişikliyin əsası vardır. Bu əsas ondan ibarət idi ki, şəhərin müsəlman əhalisi ermənilərə qarşı misli görünməmiş qəddarlıq törətmişdilər, halbuki o, ermənilərin haçansa, kimə qarşısa belə qəddarcasına davrandıqlarını nə görmüş, nə də eşitmişdi.
– Şeyx də Naxçıvanlıdır? – Doktor dalğın halda soruşdu, açıq görünürdü iztirab çəkir, pərtdir. Sual artisti heyrətləndirdi.
– Yox, hardan Naxçıvanlı olub? Şeyx Lənkəranlıdır, talışdır, yaxşı adama oxşayır. – Artist bir qədər susdu, fikirini bitirmək üçün söz axtardı. – Soruşmaq ayıb olmasın, doktor, siz özünüz haralısınız? Soyadınızdan İran bilinir.
– Elədi, İranlıyam – Doktor dərindən nəfəs dərdi: – Atam nə vaxtsa ağılsızlıq eləyib, məni bura gətirib. Mənim ağılsızlığımın yanında onunku heç nədi, Moskvadan durub gəlmişəm. Orda on beş il Sklisof xəstəxanasında cərrah işləmişəm. – Sonuncu kəlmələri doktor məxsusi iftixarla dedi və yenə stəkanlara araq süzüb əlavə elədi: – Gəl içək bizim allahsızın sağlığına, arzu edək ki, bir də vəhşilərin girinə keçməsin, – və ilk dəfə doktor stakanıstakana toqquşdurdu. Artist ürəyində cərraha qarşı daha güclü ehtiram hissi keçdirdi və bu ehtiramı duyduğuna görə uşaq kimi sevindi.
– Hə, doktor, içək, arzu eləyək ki, o bir də heç vaxt vəhşilərin taptağı altına düşməsin, yaxası zalım yerazların əlinə keçməsin. Amma, doktor, işin bu yerə çatacağını arvadı çoxdan bilirdi. Bilirdi ki, nə vaxtsa ərinin başına bu müsibət gələcək. Çalışırdı əri ayağını evdən bayıra qoymasın. O da çıxmırdı. Dünən axşam ikicə saatlığa teatra gedib. Mən özüm direktorun kabinetindən zəng vurub zor-bəla boynuna qoydum gəlsin. Gəmək istəmirdi. Çünki teatrdan iyrənib. Hətta maaşını almağa gəlmir. Bir Allah bilir nəyə görə evdən çıxıb.
– Çək, rahat çək. – Doktor Fərzanı siqaret çəkməkdən yana cibini eşələyən artisti zülümdən xilax etmək qərarına gəldi. O, yarımaralı pəcərənın qabağına gəlıb onu geniş açdı. Titrəyən səslə: – İnanmıram ki, bu adam indən sonra bu şəhərdə duruş gətirsin, – dedi və dərin düşüncələrə daldı.
Artist düz başa düşmüşdü. Həqiqətən də doktor Fərzaninin halı dəyişdi. Ona görə yox ki, onu qəfil yorğunluq yaxaladı, yaxud artistin söylədiklərindən rəncidə oldu. İş bundaydı ki, artistin nağıl elədiyi sünnət əhvalatındakı dəhşətli sualı bir zamanlar arvadı ondan soruşmuşdu: “Bəlkə Allah sənin peyğənbərindən ağılsızdır?” Bu sual Fərid Fərzaninin həyatını yerlə yeksan eləmişdi. Həmin məsələyə görə Moskvada, dünyanın orta göbəyində qurduğu gözəl ailəsi dağılmışdı. Məhz o təhqiramiz, sağalmaz yara vuran kəlmələr sözün tam mənasında bu yad şəhərdə tənha, bədbəxt vəziyyətdə, ailəsiz qalmağına səbəb olmuşdu. Bəxtin nə zamansa adamın üzünə gülməsi olur: rusla evlənib, uzun illər Moskvada heç bir mənəvi sıxıntı çəkməyib. Yeganə qızının xoşbəxt atası – Fərid Fərzqani, Allahın hökmünə bax ki, oğlu doğulandan sonra heç nəyin üstündə daxili müvazinəti itirib. Körpə oğlunun sünnət məsələsi ata üçün böyük problemə çevrilib. Oğlu yekəldikcə problem də yekəlib. İş o yerə çatıb ki, o əvvəlki illərdən fərqli olaraq qatış-qutuş yuxular görməyə başlayıb.
Bir sabah oğlu on iki yaşına çatanda Fərid Fərzani arvadına qəti fikirini dedi: “Bu, qanundu, Peyğənbərin buyuruğudu. Mənim onu pozmağa ixtiyarım yoxdu”. “Məgər sizin peyğənbər Allahdan ağıllıdır?” – sevimli arvadından bu cavabı eşidəndə hirsindən başını divara çırpmaq həddinə çatdı.
Bax elə həmin günün səhəri arvadı işə, qızı məktəbə gedəndən sonra oğlundan iltimas elədi ki, Peyğənbər tərəfindən müsəlmanın Allah qarşısında ilk borcu kimi qeyd edilən sünnət ayinini yerinə yetirmək üçün atasına razılıq versin. Kimin ağlına gələr ki, belə bir təcrübəli cərrahın elədiyi sadə əməliyyat sonda fəsadla nəticələnəcək? Ancaq ya qorxudan, ya tamam ayrı səbəbdən axşama yaxın oğlunun qızdırması qırxa qalxdı. İşdən qayıdan, oğlunu bu halda görən ana taqətdən düşdü, dili batdı. O, ərinə bir kəlmə demədən, uşağın qızdırmasını salmaq üçün heç bir cəhd göstərmədən hamamxanaya girib qapını arxadan kilitlədi və uzun müddət bağlı qapı arxasından gələn hönkürtü və hıçqıraq səsi kəsilmək bilmədi.
Heç demə, rus qadınlarının məhəbbəti asanlıqla nifrətə dönə bilirmiş. Baxmayaraq ki, yaralı oğlan səhər tezdən yataqdan qalxıb evin içində heç nə olmamış kimi rahatca gəzişməyə başladı, bununla belə arvadı Fərzanidən ömürlük aralandı. O, tezliklə məhkəməyə gedib boşandı, şəhərin mərkəzindəki üçotaqlını müxtəlif rayonlarda iki dənə ikiotaqlıya çevirdi. Bir neçə il ailəsiz qalan Fərid Fərzani 1986-cı ildə mənzilini bakılı rusla dəyişib Bakıya köçdü və elə ilk gündəncə bağışlanılmaz səhvə yol verdiyini anladı. İndi Fərzaninin oğlu 20 yaşındadır. O, atasının yadında nə az, nə çox, eləcə on iki yaşında qalıb. Oğlunun günahsız, çaşqın gözlərini uzun müddət unuda bilmədi, ürəyini göynətdi. Ən dəhşətlisi də bu idi ki, əvvəldən axıra çınqırını çıxarmayan oğlan əməliyyat bitən anda atasına elə nifrətlə baxdı ki, o cürə baxmağı unutmaq mümkünsüz idi. O baxmaq ayrı bir baxmaq idi və Fərzaniyə deyirdi ki, sənin bu hərəkətin ömür billah bağışlanmayacaq. Doktor günahının nə olduğun çox-çox sonralar anladı. Anladı ki, o yaşda uşağın düşüncəsinə görə heç bir fərqi yox idi ki, onun şeyinin ucundan bir tikə pülük kəsilib, yoxsa əl barmaqlarından biri, Moskva kimi bir şəhərdə böyüyüb on iki yaşa çatan oğlan atanın hansı haqla doğma balasına qarşı belə vəhşilik elədiyini sadəcə ağlına yerləşdirə bilmirdi. O səhər doktor canı-qanı qədər istədiyi əziz və sevimli oğlunun gözlərindən oxudu ki, o bu uşaq üçün tamamilə yaddır. O, bu yadlığın, oğlunun gözündə əbədi yurd salan nifrətin nə zamansa əriyib itəcəyinə inamında, əlbəttə, yanılırdı. Bu nifrətin qarşısında duruş gərirmək, onu aradan qaldırmaq atanın gücündə deyildi, oğul tərəfdən isə iynənin ucu qədər bağışlama cəhdi yox idi. Doktor Fərzaninin Bakıda yaşadığı müddət ərzində qızı iki dəfə yanına gəlmişdi. İndi də heç olmasa həftədə bir yol telefon açırdı, səhhətiylə maraqlanır, necə yaşadığını soruşurdu.
Hə, oğlu doktor Fərzaninin zəif yeriydi. Artistin söhbəti, çox güman onun ürəyinin o zəif tellərinin tərpətmiş, yarasının qaysağını qoparmış, köhnə dərdini təzələmişdi. O xasiyyətinə yad olan sirli bədbinliyə qapılmışdı və indi də görünür bütün bu üzüntülərdən xilas olmağa can atırdı.
– Hə, o anadangəlmə Don Kixotdur! – Fərzani süni bir fərəhlə dedi. – Don Kixot – bax bu rol onun boyuna biçilib. Qoy sağalıb yataqdan qalxsın bunu ona deyecəyəm. Necə bilirsən, xətrinə deyməz,
Artist heyrət içində doktora baxdı, çünki “Don Kixot”un Saday Sadıqlının ən sevimli əsəri olduğunu bilirdi.
– Deyərsiniz, niyə də yox – həyacanlanmış artist siqaret çıxarmaq üçün yenidən
əlin cibinə dürtdü. – O, “Don Kixot”u yüz dəfə oxuyub. Servantes sevdiyi yazıçıdır. Bizimkilərdən ən çox Mirzə Fətəli Axundova dəyər verir. Həyatda isə pərəstiş elədiyi qayınatasıdı, doktor Abasəliyev, bir də həmkəndlisi erməni qızı Haykanuş, onun barəsində həmişə məhəbbətlə danışır. – Nuvariş Qarabağlı bütün bunları birnəfəsə üyüdüb tökəndən sonra əlini cibindən çıxarıb, bir anlıq doktora baxdı.
Doktor Fərzani “Don Kixot”u iki dəfə oxumuşdu, Mirzə Fətəli Axundov barədə nələrisə bilirdi, amma erməni Haykanuşu, şübhəsiz, yerli-dibli tanımırdı. Doktor Abasəliyevlə isə lap yaxın tanış idi. Onunla Moskvada, Lelinqradda, Praqada, Varşavada. keçirilən tibb simpoziumlarında dəfələrlə görüşmüşdü.
– Doktor Abasəliyevin qızı harda işləyir?
– Əvvəllər Leçkomissiyada idi. Təzəlikcə Neftçilər prospektində diş klinikası açılıb, Azadə xanım orada işləyir. – Artist saata baxdı, – İndi işdə olmaz, çox güman artıq evdədir.
– Axı sən deyirdin belə günlərdə Mərdəkana, atasının yanına gedir.
– Hə, gedir. – birdən artistin fikiri aydınlaşdı. – Deyən bu gün bazardı, hə, doktor? Məndə bayaqdan çək-çevir eləyirəm Azadə xanımı tapıb bütün bunların hamısını ona danışım. Bu əla oldu, doktor. Qoy Azadə xanım heç nədən şübhələnməsin. Allah qoysa sabah huşu üstünə gələr, Azadə xanım da ərini görəndə halı pis olmaz. Onlar biri-birilərini möhkəm sevirlər. Uşağın da əvəzinə bir-birinə mehr salıblar. – Danışa-danışa gözünün qrağıynan stola nəzər saldı. – İcazə verirsiniz buranı yığışdırım?
– Narahat olma, sənlik deyil. – Doktor yarımçıq qrafini soyuducuya qoydu.
Səndə Azadə xanımın nömrəsi var?
– İşininki yoxdur, ev telefonunu bilirəm.
– Yaz ver mənə. Yəqin doktor Abasəliyevin bağında da telefon var.
– Var, amma mən onun nömrəsini bilmirəm.
Doktor Fərzani əlini artistə uzatdı.
– Di get, gecəni necə lazımdır, dincəl. Mənim hələ innən belə xeyli işim var.
– Doktor! – Nuvariş Qarabağlı dilləndi və elə qəmli baxdı, sanki Fərzani onun
sonra nə deyəcəyini sözsüz də anlamağa borcluydu.
– Palataya gedə bilmərik, – bildirdi. – Mənası yoxdur. Sən nayran olma. Hər şey
qaydasındadır. Əla otaq ayırmışam, görəndə bəyənəcəksən. Televizoru, telefonu – palata deyil, xan sarayıdır. – Doktor artistin indicə verdiyi telefon nömrəsi yazılmış kağıza baxdı. – Ailəsi ilə əlaqə saxlayaram, – əlavə elədi. – Sən heç nədən narahat olma.
1989-cu ilin soyuq dekabr gecəsi idi. Nuvariş Qarabağlını evə getməyin dəhşətli qorxusu bürümüşdü. Bu qorxu içindəki köməksizlik və çıxılmazlıq duyğusundan qaynaqlanırdı. Kaş yenidən bir az əvvəl ayrıldığı xəstəxanaya qayıtmaq iqtidarında olaydı, yalvarıb-yaxaraydı, çox yox, tək bircə gecəliyinə xəstəxana çarpayısında, ən şəraitsiz palatada daldalana biləydi. Xəstəxanadan aralanandan dərhal sonra o, tənhalığı az qala fiziki ağrı qədər hiss eləyir, doktor Fərzani ilə birgə keçirdiyi gecə, daha əlinin heç zaman çatmayacağı unudulmaz təəssüratların təsiri altında yanıb yaxılırdı.
Doktor Fərzani Saday Sadıqlının yanında qalmağı əməliyyat zamanı ona assistentlik eləyən yetmiş yaşlı çoxillik iş təcrübəsinə malik Münəvvər xanıma həvalə eləmişdi. Uzun ömrünün əlli ildən çoxunu əhalinin can sağlığına həsr edən Münəvvər xanımı burada Mira xanımı kimi tanıyırdılar. Birinci Mira xanım deyirdi. O ki qaldı Fərzaniyə – öz işinin ustası olan təcrübəli tibb bacısını konkret məqamdakı ovqatına münasib tərzdə çağırırdı. Məsələn, əhvalının adi vaxtında ona eləcə Münəvvər, yaxud sestra deyirdi. Kefinin kök vaxtında isə travmatoloji cərrahiyyə bölümünün əvəzsiz əməkdaşı onun üçün Minaşa idi. Bu sayaq müraciət Münəvvər xanımı hər dəfə xoşbəxt eləyirdi.
Hər əməliyyatdan sonra kabinetinə qayıdıb iki qədəh araq içmək doktor Fərzaninin dəyişməz adəti idi. Əməliyyat var, yoxdur bunun fərqinə varmadan cərrah axşamüstləri öz kabinetinə çəkilir, müəyyən müddət xəstəxana həyatından tam təcrid olurdu. Sizə də məlum olan bu günü saymasaq həmişə tək içirdi. Elə buna görə də tibb bacısı bərk narahat olmuşdu: bir tərəfdən ona görə ki, doktor hər günkü normanı aşa bilər, digər tərəfdən də qısqanırdı, axı bu neçə il ərzində cərrah məhz bu kabinetdə sevincini də, kədərini də onunla bölüşürdü, bir yerdə dərdləşirdilər.
Onu ən çox qorxuya salan məsələlərdən biri də bu idi: doktor Fərzani xəstəni nomenklatura üçün nəzərdə tutulan palatada yerləşdirmişdi. Belə bir hal yalnız baş həkimin qərarı ilə ola bilərdi: bəlkə də heç lazımi göstəriş, razılıq olmayıb.
– Bu da mən, Minaşa! – Əyni ağ xalatlı doktor Fərzani palataya girib qocaman
tibb bacısını salamladı. Bu sayaq salamlama həmişə olduğu kimi Münəvvər xanımın ürəyinə sarı yağ kimi yayıldı. Görünür, Moskvadan Maşa zəng çalıb, – belə düşünməyə qadının haqqı vardı, axı çox vədə qızının zəngindən sonra doktor Fərzaninin çiçəyi çırtlayır, kefi kökəlirdi.
– Hə, bizim artistimizin hələ də bu işıqlı dünyaya qayıtmaq fikri yoxdur? –
Doktor xəstənin nəbzini yoxlayıb soruşdu. – Onun ürəyi, Minaşa, ürəyi. bədənində sağ-islahat qalmayıb, di gəl ürəyi saat kimi işləyir.
– Eh, Fərid Qasanoviç, siz bilirsiniz, mən onun necə vaxtlarını görmüşəm?! –
– Tibb bacısı həyəcan və qəm içində dilləndi. – Vaxt var idi onu səhnədə görmək
üçün camaat dəstə-dəstə axışırdı. Siz Aydını oynayanda görsəydiniz. O qədər qəşəng oynayırdı, hətta kişilər dözməyib ağlayırdılar. – Doluxsunmuş tibb bacısı göz yaşlarını zorla saxlayırdı. – Görürsünüz, sifəti nur saçır, elə-belə işıq deyil, çəkdiyi əzabların odudu, üzünə çıxıb. Oturmuşam yanında, baxmaq istəyirəm üzünə, baxa bilmirəm.
– Hə, möhkəm kişidi, – doktor razılaşdı, xəstənin yatağından aralandı, bir müddət
pəncərənin qabağında dayandı. Sonra qayıdıb Münəvvər xanımın böyründəki kresloda əyləşdi.
– Ancaq, doktor, – tibb bacısı asta səslə dedi, – gərək siz baş həkimə heç olmasa
nəzakət xatirinə təzə xəstəni bu palataya yerləşdirməyinizi deyəydiniz.
– Dedim bu barədə – doktor həvəssiz cavab verdi, kreslodan qalxdı, yenə pəncə-
Elə bil tibb bacısının üstündən dağ götürüldü. O, ayağa qalxıb qapıya tərəf tələsdi.
– Mən getdim kabinetinizi yığışdırmağa – dedi, qapıdan çıxarkən bir də palata-
ya sarı boylandı, – sizə çayı bura gətirim?
– Gətir. Amma baş həkimdən icazə almağı unutma.
Tibb bacısı gedəndən sonra doktor təkrarən pəncərənin qarşısına keçdi. Bu adət – gecələr pəncərə önündə dayanıb bomboş küçəyə baxmaq şakəri son macallarda peyda olmuşdu. Qəribədir, gör neçə aydır, Bakı küçələrində nəinki gecə, hətta gündüzlər də tək, yaxud qoşa gedən adamlar gözə dəymir. İndi adamlar sürü olublar, kütlə olublar. Ağzına gələni danışmaq hakimiyyəti, qışqırmaq, mədh etmək ixtiyarı kütləyə məxsusdur. Ən qəribəsi də bu idi ki, bu qışqıran, mədh eləyən adamların dilindən qopan sözün sayı yarımvəhşi insanların ov mərasimlərində işlətdikləri sözün sayından çox deyildi.
Son vaxtlar bu adamlar bəsit lüğət tərkibini daha üç kəlmə ilə zənginləşdirmişdilər.
– Vəssalam! Vəssalam! – Doktor Fərzani öz-özünə danışıb pəncərədən aralandı.
Və bu vaxt o, bir damla göz yaşının işıldaq iz sala-sala xəstənin saralmış sifətindən boğazına tərəf süzüldüyünü gördü.
Ey yerin-göyün hakimi, mərhəmətini əsirgəmə,mənə düzünü de,
Əylis məni yaradıb, yoxsa mən Əylisi yaratmışam.
İlahi, bu yer nə yerdi belə!
Yəni doğrudanmi dünya deyilən şey çayların əyri qırağından baş alıb sıldırımlı dağların təpəsinə dikələn nərdivandı? Əylisdimi bura ? Necə olur görəsən ensiz dar dərə bircə göz qırpımında qəfil genişlənir, genişlənir, dünya boyda olur. Doğrudanmı Əylis bu qədər böyüyüb? Yoxsa burdakı bütün daşları toplayaraq ucalara gedən bir nərdivan qurub ki, oradan baxanda balaca, əl içi boyda Əylis dərəsi yox, göz işlədikcə genələn bütün dünya görünsün. Bu necə məkandı, İlahi !
Bəlkə bu dağlar vavilion Allahının Mesapotomiyadakı Daş darvazasıdır. Bəlkə Akropoldur? Bəlkə bu batıq-çıxıqlar, pilləkənlar göy üzündəki Parfenona açılır? Və nədən, nə üçün onun qövüsvari pilləkənləri Dionis teatrının daş oturacaqlarını xatırladır? Bəlkə də Əylisin yuxarı hissəsindəki Vuraqırd adlanan daş dünyaya Ahəng demək daha düz olardı. (Vuraqird ermənicə Vardakert toponiminin təhrif olunmuş şəkilidir. Vardakert kilsəsi ( Müqəddəs Xristofor kilsəsi) Əylisin ən qəlbi yerindədir). Amma hələ belə demək tezdir. Çünki Saday Sadıqlının durduğu daş pilləkəndən Vuraqirdın daş kilsələrinin bircəsi də görünmürdü. Axı o, bu ecazkar, İlahi məkanına məhz ahəng dalınca gəlmişdi, artist onu görürdü, əgər o ilahi ahəngdarlıq olmasaydı bundan sonra gediləsi yol da mənasını itirərdi.
Artist can atdığı o uzaq məkana qovuşmaq üçün bu daş pillələrlə üzüyuxarı hələ çox dırmaşmalıydı : di gəl, ayaqlarının heyi azalmışdı, əlləri sözünə baxmırdı, başındakı ağırlıq vucudunu çəkib aparmağa imkan vermirdi. Artist heç olmasa bircə pilləkəni də qalxmağa can atırdı, amma dərhal qüvvəsini itirirdi. Bax onda Saday soyuq kələkötür daş çıxıntının üstünə uzandı, bir az özünə gəldi, yenidən qırmızı bişmiş kərpicdən hörülən, hələ də görünməyən kilsəyə doğru hərəkət etməyə başladı. Elə ki, o bir qədər irəliləyirdi, qəribədir həmən an arxada qoyduğu dikdir yeni başdan irəli sürüşürdü. Dərə boyunca axan çay qırağından başlayıb göyün üzünə qədər yüksələn pilləkənlərin daş dünyası zəlzələdən titrəyir, o titrəyən, yellənən daş dünyanın müsafiri Saday Sadıqlı yadına sala bilmirdi ki, haradadır, nə axtarır? Yoxluğun və məkansızlığın dəhşətli qorxusu içində batıb boğulurdu.
Artist belə dünyaya huşunu itirəndən sonra düşmüşdü.
Həmin gün səhər saat on bir, on iki radələrində evdən çıxıb Parapet tərəfə gedirdi. Hansısa sirli bir qüvvə yenə də Saday Sadıqlının düşüncəsinə hakim kəsilmişdi mübhəm bir qüvvə onu Eçmiədzinə dartırdı. Saday Sadıqlı heç vaxt Eçmidzində olmamışdı. Ancaq axır macallar, az qala hər gecə yuxuda nahamar daşların, qayaların arası ilə ona tərəf gedirdi və yuxusundakı bu çətin yol Vuraqırda aparan, kitablarda oxuduğu, videolarda gördüyü daş pilləkənlərə dirənir, ilişib qalırdı. Eçmiədzinə yollanmaq, törətdikləri əmələ görə müsəlmanların bağışlanılmasını diləmək niyyəti Saday Sadıqlının ürəyində Sumqayıt hadisələrindən sonra, gecələrin birində baş qaldırmışdı. Sonralar Saday Sadıqlı ayırd eləyə bilmirdi: bu fikir onun ağlına yuxuda yoxsa gerçəkli həyatda gəlib. Ancaq həmin səhər o, yuxudan qıvraq oyandı, yuyundu, iştahla səhər yeməyi yedi, ləzzətlə çay içdi və hətta bu səmavi ideyanın məğzini sevimli arvadına danışmaqdan özünü saxlaya bilmədi. Son zamanlar ərinin pisxoloji durumundan rəndicə düşən Azadə xanım həmən gün işdə canını qoymağa yer tapmadı, axşam isə Mərdəkana zəng çalıb baş verənlərin hamısını atasına nağıl elədi.
İndi tibblə vidalaşan doktor Abasəliyev az qala tələbəlik illərindən müxtəlif mənbələrdən Əylisin tarixi ilə əlaqədar qarışıq məlumatlarla dərindən tanış idi. Elə bu səbəbdən də çətinlik çəkmədən diaqnoz qoydu: “Depressiv-maniyak sindiromu” – dedi, sözünün həqiqiliyinə özü də inanan kimi oldu və dərhal da sonrasını zarafata saldı: – Nədi, bəlkə Katalikosu sünnət eləməyə gedir? Qoy getsin, mane olma. Uzaq başı Vuraqırdacan gedə biləcək. – Sonra isə mövzunu tamam dəyişdi, gənclik şövqü ilə yeni əyləncəsi barədə söz açdı. – Aza, dünən axsam o vaxtlarda yaşamış erməni tacirinin gündəliklər kitabını tapmışam. Həmin erməni savadsız imiş, amma yaxşı tacir olub. Kitabı yazmaqda məqsədi də bu olub ki, ondan sora gələnlər ticarət eləməyin əsas qaydalarını bilsinlər. Aza, bu adam Əylisin dəhşət vurğunu imiş. Məəttəl qalıram, Əylis niyə erməniyə bu qədər doğmadı? Onun nəyinə lazım idi çaqqalların və ilanların yaşadığı, daşı, qayası tarlasından və suyundan milyon dəfə çox olan bu yerdə cənnət xülyasına düşmək? Məgər dünyada erməniyə yer azlığıdır? Heç bilmirəm nəyə görə Eçmiədzin bu qədər məşhurlaşıb. Bir-iki dəfə olmuşam orda. Amma indi qoca vaxtımda başa düşürəm ki, Allahın evi Əylisdir! Eçmiədzin Əylisin yanında ağzından süd iyi gələn uşaqdır. Eçmiədzin katalikosundan Sadaya müəllim çıxmaz. Qoy ora getsin, həqiqi müəllimin hüzuruna: – Abasəliyev zarafatla əlavə elədi.
– Eh, sən də, papa! Hər şeyi zarafata salırsan, – Azadə xanım bir az incik səslə
dedi. – O, hər bir Bakı ermənisinin halına elə yanır, guya onları qorumaq təkcə bunun borcudur. Erməni onun üçün canından əzizdir. Guya onlar mələkdirlər, göydən uçub gəliblər, biz isə cəlladıq, onların qanını içirik. Məəttəl qalmalı işdi, təkcə o zamanın Əylis ermənilərini deyil, burdakıların da ucdantutma hamısını bizim taxtabaş qara-qışqırıqçılardan üstün tutur. Öz gözü ilə heç vaxt görməsə də Əylisdə türklərin ermənilərə qarşı törətdiyi qətliamı unuda bilmir. Papa, onun belə olmağının baiskarı sənsən.
– Elə deyil, qızım, bu məsələyə mənim heç bir qarışacağım yoxdur. O, anadan-
gəlmə düzgün, vicdanlı, insaflı adamdır. İş onda deyil, indiki ermənilər necədir, əsas məsələ budur ki, biz necəyik. Sadayın keçmişdəki və ya indiki erməniylə nə işi. Onu düşündürən bizim millətimizdir. Sən ki bilirsən o, yağışdan sonra çıxan göbələk kimi dünyanın harasına desən səpələnmiş millətini necə sevir, elə buna görə də taxtabaş qara-qışqırıqçılardan fərqlənir. – Doktor uzun müddət susdu. Sonra hər ağrısını öz ağrısı bildiyi qızıyla isti, mehriban səslə danışmağa başladı. – Sən “Leyli və Məcnun”u oxumusan. Yadındadı, Məcnunun ata tərəfinin qoşunu qəti qələbə üçün Leylinin qohum-əqrabasının üstünə cumanda o nə oyun durquzur? Dava nəyin üstündə idi? Dava onun üstündə idi ki, valideynləri öz qızlarını ayrı qəbilədən olan dəliyə vermək istəmirdilər. Leylinin dərdindən dəli-divanə olan Məcnun neynədi, həlledici məqamda düşmən tərəfə adlayıb özününkülərə qarşı vuruşdu. Çünki ortada həqiqi sevgi vardı. Həqiqi sevgi sərhəd tanımır. Bu sayaq yalnız qadını və vətəni sevmək olar. Sevgi təmiz güzgü kimidi, qızım, orada yalnız xeyirxahlıq və mərhəmət əks olunur. Əsl sevgi həyatda qazanılmır, onu Allah əta edir. Bizim Məcnunun da dərdi bax bu idi. Yaxşı ki, qızım, belə xəstəliyin əlacı hələ tapılmayıb, – doktor Abasəliyev indiki vəziyyətdə çarəsizliyini ifadə edən qəhər dolu səslə susdu.
Elə onda da doktor Abasəliyev telefondaca qızına Əylis haqqında bir saatacan uzun nitq irad elədi. Amma o telefon söhbəti Azadə xanımı nəinki toxtatdı, əskinə daha bərk təlaşlandırdı, ona elə gəldi ki, bütün kişilər tədricən olan ağıllarını da itirirlər.
“Bu bizim Vəng kilsəsidir – eynən Eçmiədzindəkinin oxşarı”. Bu sözləri bir zaman Abasəliyev Vəng kilsəsinin həyətində kürəkəninə demişdi (Vəng – kilsənin azərbaycanca adıdır. Məbəd bizim eranın I əsrində apostol Varfolomey tərəfindən tikilib. Kilsənin inşa olunduğu məhəllə Vəng adlanır). Məsələnin qəribəliyi var, artist haradan bilərdi və nə təhər olur ki, Eçmiədzinə gedən saysız-hesabsız yollardan biri Vəng kilsəsindən keçir? Kim nə deyir desin, artıq o, Vuraqırda oxşayan, əzablı pilləkənlərdən, eniş-yoxuşdan ibarət daş dünyadan addımbaaddım, bitdə-bitdə keçmişdi. Aman Allah, bu ki, Vəng kilsəsinin eynidir.
Günəşin sarımtıl, bənövşəyi şəfəqləri qollu-budaqlı ağcaqovaq, gilas ağaclarının çətirləri arasından süzülərək kilsənin daşdan yonulmuş günbəzinin tən ortasına düşür, oradan isə əks olunaraq, rəngini dəyişmədən, gurluğunu azaltmadan dağların ən uca nöqtələrinə ələnirdi.
Saday Sadıqlı bir dəfə günəşin gah yanlardan saçaraq ağac çətirləri arasından keçən, gah kilsə günbəzində, gah da dağların ən uca zirvəsində hava kimi, ruh kimi dolaşan şəfəqlərini Allahın təbəssümü, böyük yaradanın nəzərləri adlandırmışdı. Bunu Allah özü də çoxdan bilirdi. Axı başqa necə ola bilər ki, Saday Sadıqlı huşsuz halda Bakı xəstəxanalarından birində döşəli qala və həm də elə o huşsuz, can hayında ikən Əylisdə Vəng kilsəsini görə, o kilsənin günbəzində od tutub yanan gün işığını, həyəti, bağları, gilas ağaclarının qalxıb göylərə meydan oxumağını görə.
Yayın əvvəlləri idi. 1952-ci ilin iyun ayı. Pişpişə ağacları gül açmışdı. İydənin, yasəmənin, akasiyanın çiçəkləri salxım-salxım olub budaqlardan sallanırdı. Üstəlik, Əylisdə Anıx adlandırılan, əsilində Aniko kilsəsinin qarşısındakı da müxtəlif növ topa-topa əlvan gül-çiçəklər əkmişdi. Kilsənin qonşuluğunda, Allahın evini odun, ot-ələf ambarına çevirən Mirəli kişinin həyətində sarı ləçəklərini təzə-təzə açmağa başlayan günabaxanlar bu cənnət məkanın axar-baxarını bir az da artırırdı. Danışırlar , guya, bir vaxtlar yuxarıda sarımtıl-narıncı nur içində alışıb yanan günbəz qarlı dağlar qədər, dünyanın hüdudsuzluğu və gözəlliyi qədər möhtəşəm imiş. Rəssam Lüsi, Haykanuşun on üç-on dord yaşlı nəvəsi yenə də məbədin – Vəng kilsəsinin həyətində idi. O yay Lüsi ilk dəfə Yerevandan Əylisə tətilə gəlmişdi, ilk gündən başalayaraq səhərdən axşamacan kilsənin həyətindən aralanmamışdı. Eyni kilsənin rəsmini neçə dəfə çəkmək olar, İlahi? Bəlkə kilsə məsələnin gözə görünən tərəfidi? Bəlkə o səhərlər və axşam üstü yuxarıda, günbəzdə nur saçan Allah təbəssümünü görür və inanır ki, onu fırça ilə kağıza köçürmək olar? Yoxsa daha hansı səbəbə görə səhərdən axşama eyni mənzərəni çəkir, çəkir. Bəlkə də o, məbədin Ezmiədzindəkinin tam oxşarı olduğunu həmən vaxtlar bilirmiş? Sadayın bütün bunları başa düşməyi sonranın işi idi. Hələ onda Saday gələcək qayınatasının adını da bilmirdi.
Doktor Abasəliyevin uzun illərdən sonra qızı ilə birlikdə orada peyda olması Əylisin həyatında böyük hadisə sayılmışdı : 60-cı illərin əvəlləri idi, Saday inistitutda oxuyurdu. Nə zamansa Zülfünün atası Hacı Həsən İranda, İraqda, Anadoluda tacirlik eləmişdi, Əylisdə isə onun şəxsi torpağı, təsərrüftı, mal-qarası və digər mülkiyyəti vardı. Erməni-azərbaycanlı davasının başlamasından İsfahanda xəbər tutan Hacı Həsən geri dönüb topdağıtmaz əmlakından çəkidə yüngül, vəzində ağır nəyi vardısa toplayıb ömürlük Bakıya üz tutdu. Uzun illərdən sonra doktor Abasəliyev Əylisə gələndə onların müsəlman məhəlləsindəki ikimərtəbəli evi demək olar ki, dağılmışdı. Xoşbəxtlikdən istisna hal kimi birinci mərtəbədə iki otaq salamat qalmışdı. Doktor Abasəliyev həmən otaqlardan birinə əl gəzdirib qızıyla orada yaşamağa başladı, eyni zamanda həyətin başında özü üçün qabağı dəhlizili balaca bir otaq da düzüb-qoşdu. Həmkəndlilərinin aktiv köməyi bəhrə verdi, heç bir ay ötməmiş inşaat işləri başa çatdı, hətta hələ o vaxtacan əylislilərdən bir kimsəyə qismət olmayan əlçatmaz arzu da yerinə yetdi: evin damını şiferlə örtdülər. Doktor Abasəliyev yeni mənzilin tikintisi ilə bahəm istirahətindən də qalmırdı. O, hər səhər xeyli aralıdakı Vəng kilsəsində başa çatan gəzintiyə çıxırdı. Uzun ziyarət yolunun axır başında, kilsənin həyətində qaynayıb axan bulağın göz yaşı kimi təmiz suyun üz-gözünə vurdu, ovcunu qoşa açıb, doyunca içir, sonra da o saf sudan evə aparmaq üçün Bakıdan gətirdiyi termusa doldururdu. Abasəliyev soyadına Əylisdə böyük ehtiram vardı. Bu hörmət-izzəti Abasəliyev hər adımbaşı hiss edirdi və təbii ki, buna görə çox məmnun olurdu. Ona bəslənən ehtiram və hörmət kənddə keçirdiyi həmən yay günlərində də doktora ləzzət verir, canına sarı yağ kimi yayılır, Əylis camaatı ilə doğma kəndin yetirib bitirdiyi məşhur, qənimət adam arasında sıx ünsiyyət yaranırdı.
Doktor Abasəliyevin səlahiyyəti var idi ki, istədiyi evin qapısını döysün və o evin yiyəsinə lazım olan sözü desin. O, özünəməxsus tərzdə qapısını vaxtlı-vaxtında süpürüb təmizləməyən, yaxud zir-zibilini çayın qırağına tökən arvadları danlayırdı. Xəstələrin imdadına çatır, əlindən gələn yardımı əsirgəmirdi. O, cəmi bircə dəfə kilsəni şəxsi anbara çevirən Mirəli kişi ilə elə tərzdə danışdı ki, erməni Ankanın uzun müddətdən bəri apardığı davaya nöktə qoyuldu. Mirəli kişi həmən gün nəinki kilsədən əlini çəkdi, üstəlik oranı təmizlədi, gülə-gümüşə döndərib kilsənin açarını şəxsən öz əli ilə Ankaya təslim elədi.
Doktor Abasəliyevin dediyinə görə bir vaxtlar Əylisdə on iki kilsə olub. Saday Sadıqlıya həmin kilsələrdən səkkizinin yeri məlumdur. Yerdə qalanların xarabalığı hardadı, bunu heç doktor Abasəliyev də bilmir. Əslində movcud olan səkkiz kilsəni də kilsə adlandırmaq olmaz, yeri bilinir, uçuq-söküklərdi. Onlardan ən qədiminə əylislilər İstazın deyirlər. İndinin özündə heç bir əylislini inandıra bilməzsən ki, həqiqətdə İstazın deyilən bir söz yoxdu. Bunun gerçək ifadəsi Astvasadundu, söz erməni dilindədi. Allah evi deməkdi. İndi onun zirzəmiyə dirənən ikicə divarı qalıb. Nə zamansa bura ermənilərin Məkkəsi, Mədinəsi olub. Yalnız zirzəmisi salamat qalan bu “erməni Məkkəsi” kənddən xeyli aralıda, çılpaq dağların dibində, dərmana bir ağac bitməyən, bir əlcə kölgə üzünə həsrət qalan, yayın cırcırama istisində daşı, qayası təndir kimi alışıb yanan yerdə idi və indi zirzəmidə çobanlar və mal-heyvan daldalanırdı. Sanki salamat divarlar da Allahın evinin nişanəsi kimi qalmış və zaman-zaman insanlara xatırladır ki, Allahın evi bir özgə yerdə deyil elə burdadır, budur.
Digər üç məbəddən biri ( Əylisdə kimsə xatirlamır ki, onları nə zaman dağıdıblar) Ağ kilsə, o biriləri Yetim kilsə və Meydan kilsə imiş. Ümumiyyətlə salamat qalanlar Vuraqırdda – Vəngdə Daş kilsə və Dop idi – keçmişdəki möhtəşəmliyi qoruyub saxlayan abidələr baxımsız və Allahsız qalmışdılar. Kilsələrin dördünü elə tikmişdilər ki, hərəsinin arxasında bir dağ dayanırdı. Təbii ki, Əylisin müsəlman əhalisi bunun fərqinə vara bilməzdilər. Ancaq bu, belə idi və kilsənin belə tikildiyini, hər kilsənin arxasından bir dağ yüksəldiyini, belə bir ahəngdar düzülüşü, anlam üçün erməni olub tarixin əlifbasın bilməyə ehtiyac yoxdu. Hər kilsə arxasında dayanan dağın rəngindədir, sanki onu tikməmişdilər, eləcə dağdan kəsib elə o dağın qucağına qoymuşdular ki, Allah ətrafı seyr eləyəndə əziyyət çəkməsin, rahat-rahat baxa bilsin. Ayrı-ayrılıqda hər kilsə yaxasında tikildiyi dağın doğmaca balasıydı elə bil. Saday Sadıqlı doktor Abasəliyevin özündəncə həmən yay eşitmşdi ki, Vəng ermənicə ” monastr” deməkdir. Saday ilk dəfə bax elə orda Vəng kilsəsinin həyətində gələcək qayınatasına rast gəldi. İlk kəlmədən söhbətləri tutdu, söhbətləşdilər, o vaxtlar bir-birinə qarşılıqlı ehtiyac hiss etdilər və xoş münasibətlər sonradan dostluğa çevrildi. Həmin yay onlar (adətən ikilikdə, hərdənbir Azadə də onlara qoşulurdu) bağ-baxçadan keçib, bulaqdan içib, kilsələrə baş çəkib doyunca gəzib dolaşdılar. Hava sərin olan vaxtlarda hətta dağın o üzünə aşıb qonşu kəndlərə gəzməyə gedirdilər. Çox vaxt axsamlar danışır, səhərlər qərarlaşdırdıqları yerdə görüşürdülər. Bəzən Abasəliyev lap ertədən qalxıb Sadaygilə gəlir, onu tələsdirirdi, ” tələs, cavan oğlan, bir azdan gün qalxacaq “. O zamanlar Abasəliyev Sadaya cavan oğlan deyirdi.
O yay günlərin hər biri, Əylisdə Abasəliyevlə birgə keçən vaxtlar yalnız Əylis haqda olan maraqlı əhvalatlarla deyil, həm də havasındakı səfalı quru istisiyilə uzun illər bir bayram təəssüratı kimi Sadayın yaddaşından silinmədi. Bir də təzə-tər yaşıllığıyla, bir də neçə-neçə çeşmələrinin dadıyla və təbii ki, ən çox da adamlarının mehribanlığıyla yaddaşına həkk olundu.
Axşamlar danışdılar ki, sabah görüşüb, ikilikdə Vuraqırddan xeyli aralıda yerləşən Əylisin çoban yataqlarına baş çəksinlər. Bundan irəli də yay tətillərində Saday istəmişdi, gedib çoban yataqlarını görsün. Sadayın uşaqlıq dostu, yeddi il onunla bir sinifdə oxuyan Camal elə yedinci sinifdə məkdəbdən aralanıb qoca çobana qoşularaq kolxozun mal-qarasını, qoyun-danasını otarmağa getmişdi. O vaxtdan bu vaxta Camalın yay aylarında kəndə gəlməyə imkanı olmurdu. Təkbaşına dağlar aşıb uşaqlıq dostu ilə görüşmək Sadaya da çətin idi. Vəng kilsəsinə qədər olan yol dümdüz idi, həmin o dümdüz yolun sonunda çayın qırağına düşüb yoxuş cığıra çıxdılar. Dağlardan sızan balaca Əylis cayının suyu adi bir bulaq axarı qədər olar, ya olmazdı. Həm də onun suyu ürək yanğısını biran da söndürən bulaq suyu qədər soyuq deyildi. Amma uzun yolun istiliyi canlarını bürüyəndə elə bu çayın suyu da kara gəlirdi. Birtəhər dəhnənin yanına çatdılar. Elə orada anladılar ki, bələdçi və at, yaxud eşşək olmasa ora gedib çıxa bilməyəcəklər. Elə buna görə də çobanların açdığı dar cığırla geri dönüb günortaya yaxın Əylisin ən uca nöqtəsində qərar tutan Vəng kilsəsinə yetişdilər.
Saday kilsəyə uşaqlıqdan bələd idi. Orada saysız-hesabsız göyərçinlər məskən salmışdı. Ona görə də cammat arasında bu yerin ikinci adı ” Göyərçin bazarı ” idi. Onlar kilsənin həyətinə girəndə göyərçinlərdən əsər-əlamət qalmamışdı. Görünür, quşlar su və dən dalınca bağlara, tarlalara uçub getmişdilər. Elə buna görə də kilsənin qalın divarlarının arasında mövcud dünya və atmosferlə heç bir əlaqəsi olmayan sakitlik və səsizlik, insansızlıq və zamansızlıq hakim idi. Hətta kilsənin içini dolduran hava da bu dünyanın havası deyildi, yad hava idi. Düz xətlə boyunca uzanıb künbəzin dörd pəncərəsini yarıb keçən gün işığı həmişəki Əylis işığına bənzəmirdi, sanki çox uzaq və gözəgörünməz bir məkandan axıb gəlirdi. Künbəzin aşağı hissəsində axır macallarda əmələ gəlmiş, yarıqdan sızan gün işığı nəsə yad dünyanın sirli-sehirli ovqatını yaradırdı. Çayın qırağından başlayıb yuxarı, kilsəyə aparan daş pilləkənlər Sadayın uşaqlıq yuxularına çox girmişdi.
Uşaq vaxtlarında Saday çayın qırağından başlayıb yuxarıya, addım-addım kilsəyə tərəf dikələn daş pilləkənləri görmüşdü, o pilləkənlərə dayaq olan dayanan meydançanı görmüşdü. Və bununla yanaşı o yüksəklikdən geriyə, çayın qırağına yenən, möhkəm daşlardan hörülü daracıq yol da yadındaydı. Amma doktor Abasəliyevlə uğursuz səfərdən geri döndükləri gün Sadaya elə gəldi ki, ömründə heç zaman bu kilsəni, ona qalxan daş yolu, daş divarları, bu qəribə, qədim Vuraqırdda olan yeganə yolu görməyib.
Qulu elə həmin Qulu idi, dəyişməmişdi. Nə zaman ki, tutması tuturdu, dərhal evdən çıxır, səhərdən axşamacan bir hovur toxtamadan darvazanın qabağında fırlanır, ağzı köpüklənə-köpüklənə öz-özüylə danışırdı. Onu danışdıran səbəb isə guya bu idi ki, kimsə hər gün su arxına zəhər tökür və o zəhər də onun həyətinə axır. Qulu həmən “mərdimazarları” ağlı kəsən dərəcədə, beləcə zərərsizləşdirirdi. O, evinin üstünə daş atan, damına dırmaşan uşaqlara nifrin yağdırırdı. Ayrı yerlərdən gələn, qozbel arvadı və evdə qalıb qarımış naxoş qızı ilə yaxınlıq eləmək istəyən hansısa cavan oğlanları hədələyirdi.
Doktor Abasəliyev pul çıxarıb Qulunun cibinə basdı. O, susdu və təəccüblə uzun-uzadı doktor Abasəliyevə baxdı.
– Nədir, Qulu. Tanımadın məni? – doktor soruşdu. Pessimis Qulu bir qədər
fikirləşdi və birdən doktorun çiyninə vurub dedi:
– Zülfü deyilsən? Böyründəki yoldaşını isə o saat tanıdım, uşaq olanda bütün
günü boş-boşuna aralıqda veyillənirdi. – Bu dəfə Qulu doktorun çiynini bir az da bərk dürtmələdi – Bəri bax, Zülfü, sən hara, bura hara?
– Gəldim, baxım görüm sən öz cinlərinlə necə yola gedirsən – deyə doktor
Abasəliyev cavab verdi və ehmalca Sadaya göz vurdu. Hə, Pessimis, yenə onlar sənə nə pıçıldayırlar? Gecə gəlirlər, yoxsa gündüzlər də qır-saqqız olub yaxandan əl çəkmirlər?
– Söz tapdı danışmağa, – Qulu rəncidə oldu – adını da doxtur qoyub.
– Deməli cinlərlə dostluğu pozmusan? De görüm bu il həyətdə bir şey əkə
– Əlbəttə əkmişəm, elə şey olar? – Pessimis Qulu uca səslə dilləndi və tez də
söhbəti dəyişdi. – Heç denən bu alçaqlar qoyurlar ki, əkdiyimizdən bir şey ələ gələ?
– Deyirsən, cinləri yanından qovmusan, hə?
– Belə yerdə cin durmaz! Buranın adamları cindən dəhşətlidir. – Pessimis Qulu
darvazanı təpiklə itələyib açdı – Budur, özün bax, əclaflar həyətə gələn suyu zəhərlədilər, nə ki ağac var quruyub.
Saday həyətə göz gəzdirdi: əsasən ərik, orda-burda gilənar, armud, fındıq, şaftalı ağaclarıydı. Gilas ağacına məmələri dizinəcən sallanan keçi bağlanmışdı. Divarın dibində əkilən zirinc kollarının dibində bir neçə toyuq və cücə eşənək atırdı. Həyətə heç nə əkilməmişdi. Heç bir ağac-zad da qurumamışdı.
Onlar Qulunun darvazasından çıxanda:
– Sən ki bilirsən, cavan oğlan, bu çoxdanın dəlisidi – Abasəliyev dedi. Onlar daş
döşənmiş dar yolla üzü aşağı gedəndə yan-yörədəki evlərə nəzər sala-sala Sadaya gözlənilməz, qorxulu və qəribə əhvalat danışdı.
– Cavan oğlan, sənə bir söhbət eləmək istəyirəm, amma qorxuram mənim özümü
də dəli sayasan. Həqiqətən də Əylisdə çoxlu cin var. Cin deyəndə mən ruhları nəzərdə tuturam. Heç bilirsən Qulunun evində hansı ruh yaşayır? Bir vaxt burada Minas adında çəpgöz daşyonan yaşayırdı. Çox kilsənin daşını bu nəslin ustaları yonub hazırlayıblar. Minas ömrü boyu daşla əlləşib: məzar daşı, dəyirman daşı yonub, yola döşənən daş çəkicləyib, belə-belə işlərdən çox görüb. Dəli Qulunun babası Abdulla da eynən nəvəsi kimi tənbəlin, yekəbaşın biriydi. Bazarda araba dartırdı,daha doğrusu, çaydan çayxanaya su daşıyır, qazandığı qəpik-quruşun başına elə oradaca daş salırdı. Gərək ki, belə bir hadisə baş verib: elə ki, Ədif bəy Əylisdəki erməniləri qırmaq əmri verir, bu çaqqal Abdulla qorxusuz-hürküsüz şirə dönür. Özünü salır məhləyə, balta götürüb cumur Minasın evinə. Minas həyətdə sakitcə oturub daş yonurmuş. Hiyləgər Abdulla əvvəl Minasın başını kəsir, sonra onun arvadına, yazıq tifillərinə də aman vermir. İndi, əzizim, ədalət naminə özün de, bu Qulu Minasın evində aydan-arı, sudan duru yaşaya bilərmi? Allah haqqı, yaşaya bilməz! Minasın əzablı ruhu heç vaxt ona dinclik verməz. Allah o qədər unutqan deyil ki, belə alçaqlığı bağışlasın.
Görünür Vuraqırdın mistik mənzərəsi doktor Abasəliyevi də bərk təsirləndirmişdi. O tez-tez addımlarına ara verir, ayaqları altında küçəyə döşənən, min illərin sürtüb hamarladığı çay daşlarına nəzər salırdı. Dağıdılmış qədim evlərə sonsuz heyrət içində baxır, gözünü həyətlərdən, ağaclardan ayıra bilmirdi. Ola bilsin ki, məhz həmin gün, Pessimis Qulu ilə söhbətdən sonra, məhz çoxillik qənaətləri pisxoloqu təhrik eləmişdi ki, beynində közərən çək-çevirlərinin səbəbini aydınlaşdıra bilsin. O əsəbi halda, həm də anlaşılmaz qəribə bir səslə dedi,- Erməni evi zəbt eləyən hər bir əylisli ailəsində pisxi xəstə var – dedi. – Mən bunu sənə həkim kimi deyirəm. O evlərdə dinclik görən kimsə varmi? Əgər tərəddüd eləyirsən, Vuraqurddan aşağıdakı evləri bircə-bircə sayaq. Götürək Daş kilsənin yanında Mırıq Müzəffərin evini. Heç kim deyə bilməz ki, özünün, yaxud arvadının başı yerində deyil, normal adamdılar. Çünki onların doğulduğu və böyüdüyü ev basqınlar zamanı ələ keçirilməyib. Amma onların uşaqlarına fikir ver, hamısı pisixi xəstədir. Kəmağıllılığın klassik forması göz qabağındadır. Bir vaxtlar xəstəxanamızda Müzəffərin iki qızını müalicə eləmişəm. Necə lazımdır elə, kefin isləyən kimi müalicə eləmişəm. Ola bilsin, sən o qızları elə indicə küçədə, bulaq başında görəsən. Elə bil xəstə quzudular. Bir adama salam verməzlər, kimsə ilə kəlmə kəsməzlər. Çünki tutulduqları azar sağalmazdır. Məncə, bu xəstəlik deyil, cəzadır. Günaha görə Allahın insanlara verdiyi cəzadır. Mırıq Müzəffərdən azca aşağıda Qaban Qurbanın evidir. Görürsənmi, nəvəsi nə kökdədir? Dırmaşır hasara, ordan gəlib gedənin başına daş yağdırır. Bax hələ talanlar zamanı zəbt edilən evlərin günü-güzaranı necədir? Götür Bəyaz qocanın oğlu Qafili – üzdən ağıllı-başlı adamdır. Əslində isə başdan xarabdır. Ona ayrı nə ad verim ki, qarşılaşanda məni yalan olmasın bir saat çənəsinin altına salıb qara atın belinə qalxan Məhəmmədin Sina dağına – Allahla görüşə yollanmasından danışır. Yaxşı, xəstə-xüstəni qoyaq bir qırağa. Sağlam, ya qeyri sağlam olsun, bu boyda Əylisdə bir nəfər tapmazsan ki, o zaman erməniyə nahaq qan uddurub, indi isə qulağı dincdir. Özün qulağınla eşidirsən – Məxsəti Aleksin (erməni, Yerusəlimdə İsus məbədinin nümayəndəsi) evinə soxulan Qəzənfər hər axşam balalarıyla döyüşdədir, qışqırır onların üstünə, hədələyir, söyür. O qardaşlar isə hər an bir-birinin boğazını quş boğazı kimi üzməyə hazırdı. Budur bax, valideyinlərin günahı ucbatından övladlar hansı zülümü ayaqlayırlar. Ayaq altına salıb tapdaladığımız ruhlar imkan vermirlər ki, bu fani dünyada rahat yaşayaq. Qəssab Məhəmməd küçənin tam ortasında Keşiş Mkrtçın qızını xançalla doğradı. Məhəmmədin ahıl vaxtını görmədim,amma Bakıya gəlib-gedənlər deyirdi ki, o it olub hürürmüş, gözləri tutulub, sonra da iflic olub, ağzı əyilib durub qulağının dibində. Hələ bu nədir ki, oğraşın qarnını ishal doğrayıb, deyirlər ayaq yoluna girib gücənəndə dalından çıxan gurultu Zəngəzura çatırmış. İndi hamı onun adı gələndə burnunu tutub qəbrinə tüpürür. Bir sözlə, cavan oğlan, inanmıram ki, bu yerlərə bir də xoş gün qismət ola. Görürəm ki, heç indiki əylislilər də buna inanmırlar. Qulunun evindən azca arallanandan dərhal sonra doktor Abasəliyev ilk alaqapını araladı, həyətə girdilər. Ev sahibi Nubar eyvanda oturub yun didir, dodağının altında öz-özüylə nəsə mırtdanırdı.
– Keçin içəri, keçin – deyə onları salamladı – xoş gəlmisiniz. Gün hardan çıxdı, doktor, biz də yada düşdük. Deyirlər bir aydır burdasan, üzünü ilk dəfə görürəm.
– Taxsır kimdədir? Heç ayağını evdən bayıra qoyursan ki, camaat da səni görə bilsin – dedi və həyətə göz gəzdirdi. – Göz dəyməsin, həyət-bacan gülür. Deyəsən, sudan korluğun yoxdur.
– Allah hər kəsə ürəyincə versin, Zülfü qardaş. Hələ ki, qapı-bacaya baxmağa taqətim var. Mudaramız sudur, şükür bu il kəsildiyi olmayıb, irəlikindən də bol gəlib. Bu saat samavarı alışdırım, bir qəsəng çay verim sizə.
– Zəhmət çəkmə, indi gedirik. İki-üç dəqiqəliyə gəldik, görək necəsən. Olmaya hələ də tək qalırsan.
– Tək qalıram, doktor, tək, – Nubar arvad göynədi. Qızın biri körpə-körpə qəhr oldu, alçağın birinə vuruldu, sonra da başına nöyüt əmdərib cavan canını yandırdı. İki qızı yetim qaldı. Oğlum da gedib bir rusla evləndi, bir əlcə əppəyə döndü, onu da it apardı, odu -budu buralara üzükməyib.
– Bu evdə yaşayan ermənilər yadına gəlir, ay Nubar?
– Arakel idi də, sən mənnən də yaxşı bilirsən. Arvadı Esxinin qayadan atılmağı elə bil dünən olub. Mən ömrümdə heylə qəsəng qadın görməmişəm. Nə təhər yanıqlı oxuyurdu, ay Allah?! Həm öz dilində, həm də müsəlmanca. Səbəbkar Allah lənət eləmiş Ədif bəy idi. Onun dəstəsi Əylisə girən kimi, bədbəxt ağlını itirdi. Yadındadır də gün işaracaq çıxırdı Xişkeşenin ortasına, qayaların başına qalxıb oxuyurdu:
Allaha bax, qızışıb baş aparma,
Dəymə bizə, döymə bizi, Ədif bəy.
Biz Əylisin gülləriyik, qoparma,
Əymə bizi, qıyma bizə, Ədif bəy.
– Bəs bu həyətdə Arakeli kim öldürdü? – doktor Abasəliyev inamsız-inamsız soruşdu.
– Arakeli evdə öldürmədilər axı, doktor, – Nubar arvad məəttəl-məəttəl cavab verdi. – Arakeli əkinlikdə gürzə güdaza verdi – Əbdulalı. Bilirəm nəyə işarə eləyirsən, amma bil, bu həyətdə bir damcı da qan axıdılmayıb.
Doktor dərin düşüncəyə daldı.
– Ola bilər – dedi – yəqin səhv salıram. Biz həyətə girəndə sən kiminlə danışırdın?
– Burda kim var ki, kimlə danışım? – Nubar arvadın gözləri yaşardı: – Bir əlimdir, bir yaxam, özüm-özümlə danışırdım.
– Nubar, ruhların varlığına inanırsan? – o, titrəyən səslə soruşdu.
– İnanıram, doktor, Allaha, Peyğənbərə inandığım qədər inanıram. Elə o ruhlardır bizi bu kökə salan, Zülfü, bilirəm hansı sarı simə vurursan. Yadına düşür o vaxtların Marağa iranlıları? Yadındadır, erməni qırğınından xeyli irəli həftə səkkiz, mən doqquz bizə ədviyyat, xurma , saqqız, zəncəfil, darçın gətirən həmin marağalı tacir, sonuncu kərə gələndə nə dedi? “Nə qədər gec deyil tərk eləyin buraları, – dedi-bu qədər məzarları olan yerdə insan xoş gün görə bilməz” – Nubar arvad birdən göz yaşları arasından gülümsündü, uzun və dərindən elə bir nəfəs dərdi ki, sinəsindən qopan xışıltı bir müddət kəsilmək bilmirdi: – amma, Zülfü qardaş, Əylis müsəlmanları qədim qonşularıyla Nuh Nəbiyə qədər bir yerdə yaşasaydılar da araya bu boyda düşmənçilik düşməzdi. Ədif bəyin əmirindən sonra bizimkilər zalımlığa əl atdılar. Əgər sənin atan Hacı Həsən müsibət baş verəndə burda olsaydı, bəlkə adamlar utanıb-çəkinər, erməniləri qırmazdılar. Ermənilərin mal-mülkünə çoxdan göz dikən qatillər tamah ucbatından əllərini qana batırdılar.
Doktor Abasəliyev Nubar arvadın söhbətinə elə qulaq asırdı ki, bütün bunları guya ömründə birinci dəfə eşidirdi. Halbuki, bir neçə gün öncə o özü hər seyi ən xırda detallarına qədər Sadaya söyləmişdi.
Nubar arvad Əylisin ahıl sakinlərindən idi. Eyni zamanda Əylis ermənilərinin doğranıb qətlə yetirilməyini görən orta yaşlı insanlar da az deyildi. O qətliyamı öz insanlığına və insanlara münasibətinə görə hərə bir şəkildə danışırdı. Amma şahidlərin heç biri həqiqəti gizləmək fikirində deyildi. Müxtəlif adamların dedikləri sonda eyni faktı təkrar təsdiqləyirdi. İş nə təhər olub, nə təhər başlayıb, necə sona çatıb, bu məsələdə demək olar ki, bütün adamların fikirləri üst-üstə düşürdü.
Əhvalat belə olub: Əylisin erməni əhalisinin nəinki gözləmədiyi, ümumiyyətlə ağıllarına belə gəlmədiyi halda, Ədif bəy başda olmaqla 30-40 türk atlısı bütün evlərin qapısını döyür, erməniyə də, müsəlmana da bildirir ki, bəs, barışıq olacaq, bu səbəbdən hamı yığışsın filan erməninin həyətinə. Camaat deyilən yerə yığışır, türk əsgərləri müsəlman və erməniləri ayırıb hər topanı həyətin ayrı tərəfində sıraya düzür. Qəfil hardansa əmr eşidilir: “Atəş”. Dörd bir tərəfdən həyətə cuman türk əsgərləri erməniləri gülləboran eləyirlər. Çoxu yerindəcə qətlə yetirilir, yaralananların, nəfəsi üstündə olanların başını ya xəncərlə başını üzürlər, ya da birbəbir süngüdən keçirirlər. Qırdıqların elə həyətdə, bağçada xəndək qazıb üstünü torpaqlayırlar. Tövlədə, evdə gizlənən erməniləri isə elə oradaca od vurub diri-diri yandırırlar. Həmin dəhşətli gün evdən bayıra çıxmağa ürək eləməyən müsəlman arvadları sonralar xatırlayırdılar: “Bir həftə arxlardan qırmızı qan axdı”. “Ədif bəy qarğa kimi qara atın üstündə oturmuşdu, “Atəş” deyib bağırdı, atını qamçılaya-qamçılaya çapıb getdi. Elə o dəqiqə də güllə yağış kimi yağdı. Elə bil göy guruldadı, havanı bomboz toz-duman bürüdü. Elə dəhşətli hay-həşir qalxdı ki, dünya yaranandan elə bir şey görülməyib. Həyətlərdə itlər hürüşməyə başladı, ağaclardan sığırçınlar çığırışıb uçdu. Perikmiş qarğalar, göyərçinlər bir göz qırpımında kənddən qeybə çəkilib dağlara sığındı. Sanki cəhənnəmin ağzı aralanmışdı. Günəş göy üzündən yerə düşüb çilik-çilik olmuşdu.
Saday Sadıqlı, indiyəcən Əylisdə baş verən qətliyam barədə sakit, dəhşətə gəlmədən danışan adam görməmişdi. Sadayın yaddaşı balaca vətənində baş verən qanlı tarixçənin bir parçasıydı.
Doktor Abasəliyevlə tanışlıqdan sonra artist, abadlığı, heyrətamiz təmizliyi, sahmanlı küçələri ilə “balaca Paris”, yaxud “balaca İstanbul” adlanan Əylisin – bu yığcam coğrafi ərazinin əsil qiymətini sözün tam mənasında anladı. Yalnız bundan sonra Allaha bütün varlığı ilə inanan insanların ağılı və zəhməti sayəsində yaranan zəngin mədəniyyətin, əvəzsiz irsin mahiyyətini də anlamağa başladı.
Doktor Abasəliyev, onun öz ifadəsi ilə desək, sadəcə Əylisin “fanatı” deyil, eyni zamanda bu yerlərin tarixçisi, pisxoloqu, yeri gəlsə lap filosofu idi. Saday Sadıqlı ilk dəfə doktor Abasəliyevdən eşitmişdi ki, möhtəşəm rahib Mosop Maştos bax elə bu Əylisdə erməni əlifbası tərtib eləyib, görkəmli yazıçı Ratfi vaxtilə kənd məktəbində balalara dərs verib. “
Cavan oğlan, Əylis İlahi yerdir! – doktor Abasəliyev dəfələrlə Saday Sadıqlıya təntənəli şəkildə bəyan eləmişdi – Biz onun başına açdığımız oyunlar ucbatından qiyamət günü Allah qarşısında cavab verməli olacağıq.
Doktor Abasəliyevin dediyinə görə 1919 – cu ildə qırğınından canını qurtaran bir erməni qadın Fransada Aqulis, yəni Əylis adlı yenigül növü görüb. Tiblisidə yaşayan qadın rəssam Qayana Xaçaturyan ömrünün sərasər 9-10 ilini yalnız Əylis kilsələrinin rəsmini çəkməyə sərf eləyib. Bir sözlə, doktor Abasəliyevin dediyindən belə çıxır ki, “Əylis” Allahın min bir adından biridir. Ola bilsin, onun Əylis sevgisində erməni, yaxud müsəlmanın elə bir rolu yoxdur. Əksinə, bu inanan bir insanın böyük həqiqətə özünəməxsus və xeyirxah yanaşmasıdır. “Bu Nubar var ha , qız vaxtı çox ağıllı olub. Həmin vaxtlarda İstanbul təhsilli Mirzə Vahabın yanına gedirmiş ki, oxuyub – yazmağı öyrəsnin” – Doktor Abasəliyev bu sözləri deyəndə onlar Nubar arvadın evindən xeyli aralanmışdılar. Deyəsən, Nubar arvadın həyətindən çıxandan sonra həyacanlı idi. – Bəlkə qarının səmimiyyətindən, yaxud ayrı bir səbəbdən heyrətlənmişdi. Əgər bir qədər sonra Zöhrə arvadla görüşməsəydilər, yəqin ki, onlar evə eləcə fikri dağınıq, dilxor halda qayıdacaqdılar.
Çox güman, küçədən ötüb keçənləri görmək üçün darvazanın bir tayını açıq qoyan Zöhrə arvad artirmaya qalxan pilləkənin başında oturub buğlanan çay içirdi. Əl qapısından başlamış həmin artırmaya qalxan pilləkənə qədər hət tərəf tərtəmiz süpürülmüşdü və həyətə su səpilmişdi. Növ-növ güllər-çikəklər bitən uzunsov lək salınmışdı. Həyətin ortasında dayaz arxla çay axıb gedirdi. Belə qapı saxladığına görə sözün bütün mənalarında Zöhrə arvada sağol düşür. Məxsusi iri qablarda əkilən, sırayla artırmanın qabağına düzülmüş limon ağaclarına söz ola bilməzdi.
Dəqiq, bu dibçək limonlarının əvvəllər Haykanuşa məxsus olduğu Sadaya irəlicədən məlum idi. Qəribəsi bu idi ki, doktor Abasəliyev də Haykanuşun Limonlarını o saat tanıdı.
– Bura bax, sən niyə Haykanuşun limonlarını dartıb gətirmisən bura? – O, əl qapısından tam içəri adlamamış soruşdu.
– Nədi? Limonu görən kimi yaran təzələndi? Hələ də mənim kimi gözələ göz yumursan?
– Nə qalıb ki, sənin gözəlliyindən? Nəyin vardı tələf eləmisən çıxıb gedib, ay mənim ürəyim Zöhrə!
Açıq-aydın görünürdü ki, onlar çoxdanın ülfət bağlayıblar və aralarında zarafat var.
– Amma sən, maşallah, konfet kimisən, – dedi və artırmadan üç köhnə kətili gətirib arxın qırağında limon dibçəklərinin yanına qoydu. Keçin əyləşin. Bu saat sizə əla çay verəcəm, indeyski. Bu istidə hardan belə? – Zöhrə arvad əlindəki iki stəkanı kətilinin birinin üstünə qoyub, elə ağacdanca qopardığı limonu doğraya-doğraya soruşdu:
– Nə əcəb arvadını gətirməmisən?
– İstəmədi. – Doktor Abasəliyev stakana süzdüyü çayın qoxusunu ləzzətlə sinəsinə çəkdi. – Bir balaca ürəyi qaydasında deyil, Zöhrə. Uzaq yola çıxmağa ehtiyat eləyir.
– Qızın necədi? Deyirlər diş həkimi olacaq? Olsun, olsun. Allah qorusun onu. Sənin kimi doktorun mənə nə xeyiri? Bəlkə qızına deyəsən ağzıma diş sala – Zöhrə arvad dişsiz, batıq ağzını sığallayıb dedi.
Doktor Abasəliyevin əhvalı yavaş-yavaş düzəlirdi. Soruşdu:
– Bəs yazıq Xankişinin başına harda daş saldın? O dünyaya göndərmisən deyəsən?
– Xankişini görüm yazıq ilan vursun, Zülfü! Köpək oğlu mənnən yaşadı ki? Üç il sığalladı, gecə-gündüz kefini çəkdi. Sonra da oğru pişik kimi sivişib çıxdı aradan. Görün nə deyirdi: mənə qısır arvad lazım deyil. Çaqqal oğlu məndən aralanandan sonra, iki kərə evləndi – hanı, züryəti olmadı. Axırı başa düşdü ki, təqsir məndə deyil, özü törədə bilmir. – Zöhrə arvad yumşaqca doktor Abasəliyevin çiyninə toxundu. -Tifağın dağılmasın, neyləyək, sən də məni saymadın, gedib şəhərli qızı tapdın.
Hazırcavablığı ilə tanınan doktor Abasəliyev nəsə bu dəfə özünü itirən kimi oldu, möhkəm qızardı, düşdüyü vəziyyətdən tez çıxmaq üçün dərhal söhbəti dəyişdi:
– Deyəsən, göyçək bacılığın da səndən aralaşıb. Bu limonlar mənə dəhşətli dərəcədə tanış gəlir.
– Əlbətdə, onun limonlarıdı. Haykanuşdan savayı bu kənddə kimin belə limonları ola bilər? – Zöhrə arvad stakanlara çay süzə-süzə dedi. – Hə doktor, Haykanuş ötən payız yıryığış eləyib getdi. Erevana, oğlu Joranın yanına getdi. Bəlkə də özündən olsaydı, qalardı. Jora təkid elədi. Çıxıb gedəndə nə hala düşdüyünü gərək özün görəydin. Həyətdən, evdən heç cür qopmaq istəmirdi. Ağacların başına dəli kimi dolanırdı. Artırmanın surahısını qucaqlayıb öpürdü. Lap çıxa-çıxda gəlib durdu burda, limon ağaclarının önündə, hönkürdü, elə bil qoyub getdiyi yeddi limon ağacı deyildi, yeddi körpə balasıydı. Belə, o vaxtdan bəri yeddi ildi qapı-bacaya mən baxıram. Bu il limon yaxşı gətirib, bir iri vedrə yığıb özünə göndərdim. Bizimkilər il boyu Erevana mal dalınca gedib-gəlirlər, verdim onlar apardılar – Zöhrə arvad işıldayan yarpaqlar arasından bir cüt limon üzüb kətilin üstünə qoydu.
– Götürün, bu da sizin payınız, hərənizə biri düşür. Evdə çayla içərsiz. Sizin kimi əziz qonaqlar üçün hər ağacın üstündə üç-dörd dənə saxlayıram.
Çayın səbəbinə yorğunluğu canından çıxan doktor Abasəliyev limon ağaclarını süzüb qəmli halda gülümsündü. Sonra isə söhbəti davam etdirmək xatirinə sual verdi:
– Nə yaxşı Haykanuş səni Erevana qonaq çağırmır?
– Çağırır, niyə çağırmır. Dəfələrlə Erevan bazarında alver eləyən əylislilərdən xəbər göndərib ki, bacıma deyin, gəlsin, on-on beş gün qonağım olsun. – Zöhrə arvad gülüb doktora göz vurdu. – Hə, necə bilirsən? Bəlkə gedim olan müsəlmanlığımı da qoca yaşımda erməninin xarabasında qoyub gəlim?
– Nə təhər belə deyirsən ey, onsuz da içində olduğun ev erməni evidi də.
– Sən bu qoca dəcəlxataya fikir ver. – Zöhrə arvad ucadan Sadaya səsləndi. – Dəli həkimində ağıl hardan olsun? – dedi və doktora yarıciddi, yarızarafat barmaq silkələdi. – Bu evi atam Məşədiəli on beş qızıl tümənə Samveldən – Arutyun dayıdan alıb. Guya bilmirsən.
– Bilirəm. Mən o mənada demədim.
– Atamın qarasına danışsan, mən səndən incimərəm. Səni and verirəm Allaha, Zülfü, o cəllad Məmmədağanın adını bir də heç harda dilinə gətirmə. Onun becins törəmələri özündən də betərdi. Cingöz Şabanı deyirəm, Zülfü. Deyirlər, səni də incidib. Ondan aralı dur, bu tayfadan nə əməl desən gözləmək olar.
– Sən hardan eşitmisən məni incitdiyini? – O, sonsuz heyrətlə soruşdu, hiss olunurdu ki, əsəbləşib.
– Bu kəntdə heç nəyi ört-basdır eləmək olmaz. O gün bulağın başında arvadlar xısınlaşırdılar. Deyir, hardansa qoca-qaltax tısbağa tapıb, hasardan tulayıb sizin həyətə, deyir tısbağanın çanağına yazıb yağışdırıblar ki, “Bu mənəm, keşiş Mıkrtç, erməni casusu Zülfü Abasəliyevin doğmaca qardaşı”.
Zəhra arvad doktorun hirsdən bozardığını görüb susdu. Saday qəssab Məmmədağanın oğlu, keşiş Mıkrtçın qızını öldürən, heç bir əclafla müqayisə olunmayacaq dərəcədə alçaq adam olan Cingöz Şabanı çoxdan tanısa da tısbağa əhvalatını birinci dəfə eşidirdi. Sadaydan beş-altı yaş böyük olan Cingöz Şaban, o Şaban idi ki, bir vaxtlar on-on bir yaşı vardı, cibində qəssab bıçağı, çiynində ov tüfəngi gəzdirirdi. Bax elə o tüfənglə Şaban o yaz, Allah bilir hardan Əylisə – Daş kilsənin həyətinə təzib gələn babbalaca, qara, qəşəng tülkü balasına atəş açıb onu qanına qəltan eləmişdi. O vədə Sadayın dörd, ya beş yaşı var idi. Bununla belə, o gecə baş verən həmən hadisəni ömrü boyu unutmadı, hətta dəfələrlə yuxusunda təkrar səslənən güllə səsinə diksinib ayıldı. Qətlə yetirilən tülkü balasının hasara bulaşan qanını qar-yağış çoxdan yuyub aparmışdı, amma Sadayın yaddaşında qıpqırmızı qan ləkəsi o hasarın üstündə qiyamətəcən qızarıb qaldı, heç zaman pozulmadı.
İndi də, şübhəsiz, davakar Şaban hasardan atılan üstü yazılı tısbağa barədə Əylisə şəxsən özü xəbər buraxmışdı.
Haykanuş Sadayın tez-tez rastlaşdığı, az-çox yaxından tanıdığı iki qadın ermənidən biri idi. Əylisdə başqa ermənilər də vardı. Ancaq onlar azərbaycanlılardan heç fərqlənmirdilər, elə buna görə də Sadayın yadında qalmayıblar.
Sadayın Bakıdan tətilə getdiyi ilk yayda Haykanuş hələ Əylisdə yaşayırdı. Dərddən və daim torpaqda işləmədən yumaq kimi bükülsə də hələ ki, təsərrüfatını idarə eləmək gücündə idi.
Həyətinin arxın yanındakı balaca əkin yerini öz əlləri ilə qazır, kərkiləyib yumuşaldır, özü üçün lobya, kartof, xiyar, pomidor, göy-göyərti əkirdi. Əylisdə hər evə pay çatan limon ağaclarına da özü baxırdı. Qadın Erevana, doğma oğlu Joraya armud, şaftalı, qax (meyvə qrusu), sucuq ( içinə qoz doldurulmuş meyvə lüləsi) göndərirdi. Digər ermənilər kimi o da müqəddəs günlərdə bütün vaxtını Vəng kilsəsində keçirir, saatlarla xaçın altında dayanıb dua edirdi. İşdən-gücdən yorulanda darvazanın ağzında oturub yaxın qonşularla, təbii ki, həm də Zəhra arvadla dərdləşirdi.
Haykanuşun evi Vəng kilsəsindən xeyli aralıda, çayın çökəyində, kəndin müsəlmanlar yaşayan hissəsində idi. Yolun uzaqlığına baxmayaraq kilsəni qeyd-şərtsiz Haykanuşun ikinci evi saymaq daha doğru olardı. Hər gün möhtəşəm, topdağıtmaz darvazadan çıxıb kilsənin həyətinə gəlir və sanki durduğu yerdə ağlını itirir, məbədin başına dəli kimi dolanmaqdan yorulmur, daşı-divarı öpüb xaç çevirirdi. Nəhayət, qoca Haykanuş qarı yaxınlaşıb qapının önündə dayanır, divardakı Əylis müsəlmanlarının “başı çalmalı, əli uşaqlı” dediyi qadın və uşaq divar rəsminin önündə bir neçə dəfə xaç çəkirdi.
Saday Haykanuşun Erevanda yaşayan oğlu Joranı bir neçə dəfə Əylisdə görmüşdü. Joranın qızı Lüsik Erevandan Əylisə gələndə Sadayın on bir-on iki yaşı olardı.
Onlar eyni sinifdə oxuyan, biri – birindən aralanmayan üç dost idilər – Sarı Saday, Bomba Babaş və Cambul Camal. Biçilmiş zəmi yerindən başaq topalamağa birgə gedirdilər. Dağlara dırmaşıb qayalar, daşlar arasından quş yumurtası yığırdılar. Məktəbdə dərs olmayanda, başağa getməyəndə, küçədə aşıq-aşıq oynamaqdan bezib yorulanda, özlərini kilsənin həyətinə salırdılar. Və su çəkib ağırlaşmış çay daşları ilə Daş kilsənin həyətindəki abidələrin qulağını qoparmaq, burnunu sındırmaq üçün dəridən – qabıqdan çıxırdılar. Divarlara yapışdırılan xaçları qopardırdılar. Vuqarıdın hündür damına qalxıb oradan kəndi fitə basırdılar. Vəng kilsəsinin həyətinə təpilib Mirəli kişinin əkdiyi lobya, noxud, qarğıdalı və rəngbərəng gülləri heyvan kimi yoluşdurur, əzib tökürdülər. Çay yatağından tapıb həmişə ciblərində gəzdirdikləri bıçaq kimi iti tinli çalpara daşlarla kilsənin divarlarına ad yazırdılar: “Sarı Saday, Bomba Balaş, Cambul Camal”.
Sarışın saçlar Sadaygildə nəsillikcədi. Balaş, Bonba ləqəbini təkəbbürlü xasiyyətinə, diribaşlığına, sağlamlığına və güclü olmağına görə qazanmışdı. Camalın Cambul adı almağının isə məxsusi, olduqca kədərli tarixçəsi vardı.
O, müharibədən irəli doğulub, iki yaşına çatanda onları atalarından ayrı salan dava düşüb ortalığa. Ancaq dava bitəndən üç-dörd il sonra xəbər çıxıb ki, bəs Camalın atası Sümük Səfi sağdı. Arvadı Dilruba Səfidən belə məzmunda bir məktub alıb, bəs o ölməyib sağ-salamatdır və hal-hazırda Qazaxstanın Cambul vilayətində yaşayır. Yazıb ki, orda ikinci dəfə evlənib, hətta bir oğlu da dünyaya gəlib. Sonra yazıb, bir daha Əylisə ayaq basmayacaq, əgər oğlu Camalın meyli çəkirsə atasının yanına – Cambul şəhərinə gələ bilər.
Belə dəhşətli məktubdan sonra günlərin birində Camalın nənəsi Əzranın qışqırığı bütün kəndi yuxudan durğuzdu. Səbəb də bu idi ki, qızı Dilruba bir şüşə nefti təpəsinə əmdərib özünü odlamaq istəmişdi.
Bu hadisədən sonra Camalın anası heç cür özünə gələ bilmədi. Yemədi, içmədi, gecələr yuxusu ərşə çəkildi, əli işə – gücə yatmadı, ev-eşik tamam yadından çıxdı. Sonda başına hava gəldi, gecələr dişi canavar kimi dağların, təpələrin arasında dolaşıb ərini axtardı ki, onu tapıb cəzalandırsın. Amma Cambulun yolunu tanımır, ora nə təhər getməyi dərk edə bilmirdi.
Camalın anasının cəsədini Əylisdən otuz-qırx kilometr aralıda daş yola sərilmiş tapdılar. Bu sarsaq adın Camala qoşulmağının tarixcəsi belədir. Saday Bakıya gedəndən sonra Camal demək olar ki, hər gün onun yadına düşürdü və hər dəfə də Camal gözünün qabağına gələndə Vəng kilsəsini, onun hündür gilənar ağacları sıralanan həyətini, beli daim şalla sarınmış Haykanuş qarını xatırlayırdı, həmən o Haykanuşun paltarının qolunu dirsəkdən yuxarı çirmələyib ağlamaqdan özünü zorla saxlayan Camalın başını yaxşı-yaxşı sabunlayıb yuduğunu gözünün qabağına gətirirdi.
O səhər ikisi də kilsə həyətindəki uca gilas ağacına dırmaşmışdı. Havalar çoxdan istilənmişdi. Amma Camal bütün qışı sinifində arxa partada başı kepkalı oturmuşdu və o bütün qışı başına keçirdiyi o kepkanı hələ də soyunmamışdı. Sinif rəhbəri Muleyli müəllimə dərs ili başlanandan ta yay tətilinin axır günlərinə qədər dərs saatlarının əsas hissəsini məhz bu kepkanın müzakirə və təhlilinə həsr edirdi. Heç elə bil ötən qış Əzra nənənin gözlərinin tutulduğunundan, anasının ölümündən sonra bir Allah bəndəsinin eyninə gəlməyib ki, Camalın başı nə müdddətdən bəri yuyulmayıb. Heç demə, bu kənddə ən yaxşı insan Haykanuş qarı imiş. Heç demə, Haykanuş Cambul Camalın həmən səhər kilsənin həyətinə gələcəyindən xəbər tutubmuş. Uşaqlar hələ ağacın başında olanda, o gilasın altında ocaq çatır, yekə mis tiyanda su qızdırır, evdən məhrəba, sabun, dolça ( su tökmək üçün ) bir də lap axırda Camalın başına sürtmək üçün yarımletirlik bankada qır rəngində qara məhlul tədarükü görür.
Haykanuş qəfil Camalın kepkasını dartıb çıxaranda Babaş nə təhər iyrənirsə, bayaqdan qarnına doldurduğu gilasın elliyini qusur, Saday baxa bilmir, gözünü yumub üzünü o yana çevirir. Haykanuş vaysına-vaysına “Vay” deyib başını tutur. Camalın Başında bit qarışqa yuvasının ağzı kimi qaynaşırmış. Haykanuş Camalı ocaq başında, hamar çay daşının üstündə otuzdurur. Saday dolçanı isti su ilə doldurub Camalın başına tökür, qarı bitli başı sabunlayıb dəridən qan çıxanacan tükün dibini dırnaqlayır, kir-pasağı tökür, sonra dönə-dönə sabunlayıb asta, yanıqlı səslə: – Əziz balam. Yazıq uşaq. Yetim balam! – deyir.
İndi, Bakının xəstəxana çarpayısında huşsuz halda döşənib qalan Saday Sadıqlı bu səsi o qədər qəqiq, o qədər yaxından eşidirdi ki, o səs nə yuxuydu, nə xəyal, sanki Haykanuş indinin indisində palatada, onun lap böyründəydi. Haykanuş qarı Camalın başını dönə-dönə yuyandan, dərman sürtüb üstündən cuna ilə sarıyandan sonra evlərindən çıxıb kilsənin həyətində dolaşan qadınların səsini də Saday Sadıqlı apaydın, olduğu kimi eşidirdi.
– Özümüzü müsəlman bilirik, amma uşağın başını yumaq ağlımıza gəlməyib.
– Nə olsun müsəlman deyil, amma uşağın başını yudu, adam balasıdı də, göydən düşməyib ha, o da bizim kənddəndi.
– Allah sənə yaman gün göstərməsin, Haykanuş bacı. Sən müsəlmandan yaxşısan.
– Kim yetimin başını yumaq istəməz? Amma biz hardan bilək ki, uşağı bit basıb?
– Biz də deyirik niyə bu gədə papağı başından çıxarmır. Yazıq bitə görə yayın istisində papağını çıxarmağa xəcalət çəkirmiş.
– Allah sənin Erevandakı o bir balanı saxlasın, Haykanuş. Sən bizim Əylisdə ən ifallı qadınsan.
– Nə olsun ki, ermənisən, Haykanuş, sən Allah adamısan.
Hər ağızdan bir avaz gəlirdi, Haykanuş isə sabunlu əlini belinə sarıdığı şala sürtüb qurulamaq və eyni vəziyyətdə durmaqdan əyilmiş qamətini birtəhər düzəltmək hayında idi. Haya gələn arvadlar yavaş-yavaş dağılışırdılar. Onların qar-quru uzaqlaşıb eşidilməz olan kimi Haykanuş qollarını elə geniş açıb kilsəyə tərəf şığıdı ki, elə bil bu heysiz qadın bu möhtəşəm tikilini qucağına alıb qaldıracaq. Qoca Haykanuş özünü əylislilər demişkən “Başı çalmalı, əli uşaqlı” arvadın önündəki xaça yetirəndə başı ağ cunayla sarıqlı Camal dinməzcə kilsənin girişində, divarın dibində oturmuşdu. Bayaqdan darvazanın küncünə qısılan, qorxu və dəhşət içində nənəsinin Camalın başını yumağına tamaşa eləyən Lüsik, indi gilas ağacının dibində tərpənməz qalmışdı və deyəsən, dinməzcə ağlayırdı. Camalın da gözündə yaş parlayırdı. O, elə heyrətlə baxırdı, sanki dünyanı ilk dəfə görür, Babaş bir qıraqda dayanaraq başını aşağı salmışdı, bayaq özünü saxlaya bilməyib qusduğuna görə xəcalət çəkirdi.
Haykanuş, həmişə olduğu kimi kilisənin girişində dayanıb varlığını unudaraq dua eləyirdi. Bax elə bu anda yer üzündə hələ indiyəcən görünməmiş möcüzə baş verdi, erməni dilində bircə kəlmə bilməyən Saday Haykanuşun lap astadan, az qala özü-özünə pıçıldadığı hər kəlməsinin mənasını ana dilindəki kimi eşitdi. Bəlkə o yuxu görürdü? Bəlkə bu yuxu deyildi, böyük yaradanın göy üzündən göndərdiyi ilahi qüdrət idi ki, hər bir yaradılan bəndə heç olmasa ömründə bir dəfə belə bir qismətə ürcah olur. Maraqlıdır, görəsən, həmişə dünyaya daş gözlərlə baxan qadın həqiqətənmi daşdandır və yaxud o daş olduğunu, daşdan düzəldiyini unudub və qəfil xoş bir təbəssümlə Sadayın üzünə gülümsəyir. Hələ bu harasıdır. Bir anda o başı çalmalı arvadın qucağındakı uşaq da canlanır, boynunu ora-bura əyir bapbalaca əllərini, xırda ayaqlarını hərəkətə gətirir. Saday gözləri ilə açıq-aydın görürdü ki, körpə göz qapaqlarını qaldırır və hətta kiminsə üzünə gülüb göz vurur. Bu nə deməkdi, ey böyük yaradan, axı onun gözləri elə həmən anda həm də Camalın gözləri deyildimi? Yaxşı deyək qarabasmadır, yuxudur, görkəzmədir. Bəs yaxşı onda kilsənin yaxınlığında yaşayan Taytax Çimnazın, ortancıl və əcaz qızı Cinni Səkinənin “Baxın, ay camaat! Sarı Saday erməni kimi xaç çevirir”- deyən səsi hardan gəlirdi? Bu Çimnazın həmən başdanxarab qızı idi ki, Allah qoymasa haqq aşığı olmuşdu, özü kimi çirkin bir bayatı qoşub boğazı cırıla-cırıla oxuyurdu:
Erməni, ay erməni.
Dalından buynuz çıxıb
Yox əlacı, dərmanı.
Hələ o qeyri-adi İlahi işıq!
Haykanuş erməni dilində oxuyan duaların Sadaya əyan olduğu, ömründə ilk dəfə qeyri-ixtiyarı xaç çevirdiyi gün həmişəki kimi kilsənin günbəzinə, dağların dikinə sarımtıl-narıncı işıq səpələnmişdi – Sanki o işıq Allahın nəzəri idi, məbədin içini nurlandırırdı. Necə olur axı bu? Saday Sadıqlı kilsəni, eyni zamanda onun özünün qəlbini dolduran qeyri-adi dərəcədə parlaq işığı bir daha heç zaman, heç harda görmədi. Amma bununla belə heç vəchlə inanmaq istəmirdi ki, Əylisin işığı bambaşqadı, dünyanın işığı bambaşqa. Onun Əylisdə gördüyü nur, o işıq yalnız Əylisdədir, Əylisə məxsusdur, daha heç yerdə yoxdur. Axı bu ola bilməz. Axı Əylisin yuxarı başının eni nədir, uzunu nədir: altı-yeddi kilometr ola, ya olmaya. Bəs bu bir əlcə yerin işıq hikməti nədir görəsən? Amma yox, əgər haçansa insanlar bu bir əlcə torpaqda on iki kilisə tikiblərsə, o kilisələrin yan – yörəsində cənnət bağı salıblarsa, ola bilməz ki, onların işığından buralarda ilişib qalmasın, əks halda Allah insanın nəyinə lazımdı?
Görəsən həmin gün bütün Əylisi bürüyən sarımtıl-narıncı işığı Sadaydan başqa bir kimsə də görübmü? Necə olub ki, elə o gün kilsənin həyətindəcə ilahi işıq barədə kimdənsə nəsə soruşmaq ağlına gəlməyib. İndi, Bakıda bu barədə uzaqbaşı Babaşdan soruşa bilər. Amma necə? Amma hansı Babaşdan? İndi günü bu gün də Babaş Ziyadovdan o nur, o işiq barədə soruşmaq “jek” müdirindən Allahın ünvanını soruşmaq qədər mənasız bir işdir.
Həmin yay Bomba Babaş Haykanuşun Erevandan təşrif buyuran nəvəsi – Lüsikin dərdindən Məcnuna dönüb çöllərə düşdü. Elə miskin foks qalmadı icad eləməsin. Ən uca ağacların təpəsinə çıxıb ordan özünü yerə tulladı, xoruz kimi banladı, qarğa təki qarıldadı, ya da kolluqda gizlənib kəklik səsi çıxartdı. Gah quzuya, gah qurda döndü. Elə olurdu gün ərzində bir neçə dəfə əlləri üstündə təpəsi aşağı kilsənin başına dolanırdı. “Es kes surumen! Es kes Surumem!” – deyə gah hasarın üstündən, gah da kilisənin damından qışqırır, öz sonsuz sevgisini Lüsikə erməni dilində çatdırdığına görə çox xoşbəxt olurdu. Di gəl, arıq və nənəsi kimi əsmər bənizli Lüsik onun bütün bu oyunbazlığına səbirlə dözürdü: O, nəinki Babaşa az da olsa diqqət göstərmir, əslinə qalanda heç onu görmürdü. Ətrafda heç nəyi, heç kimi hiss etməyən Lüsikin bütün vaxtı gün ərzində kilsənin həyətində rənglərə və fırçaya sərf olunurdu.
Təbii ki, Haykanuş qarı yay günlərini kənddə keçirən nəvəsini gözdən qoymur, ən azı gündə bir yol kilsəyə baş çəkəndə termosda nəvəsinə çay, qazanda isti yemək gətirirdi. Lüsik ona Babaşın əməlləri barədə heç nə demirdi. Amma Haykanuş özü hardansa eşidib-duydu, məsələdən agah olanda Ziyadovların evinə gəlib oğlanın babasına şikayət elədi. Bundan sonra Babaş guya özünü yığışdırdı. Heç demə həngamə irəlidə imiş. Bu məsələ də həmin yay tətili zamanı ortalığa çıxdı. Günlərin birində kəndə xəbər yayıldı ki, bəs kimsə gecə Haykanuşun hasarından aşıb hər limon ağacından bir dənə limon qopardıb. Əlbəttə, bu gerçəkli oğurluq sayıla bilməz, sadəcə kimsə hansı səbəbdənsə ev sahibəsinə işarə verirmiş. Haykanuş hamıdan çox Babaşdan sübhələnsə də heç kimə şikayətlənmədi. Bundan iki gün sonra yenə kimsə Haykanuşun həyətinə keçib paltar ipinin üstündən Lüsikin tursikini aparar. Birisi gün səhəri onların çoxillik və sarsılmaz dostluğunun sonu yetişdi və onların hamısının parlaq işıqlı uşaqlığına yekə bir nöqtə qoyuldu. Məscidin qarşısında, adətən Əylis uşaqlarının oynadığı meydançada Saday heç özü də dərk edə bilmədi ki, hansı ürəklə kəndin ən güclü oğlanlarından sayılan Babaşa möhtəşəm bir zərbə endirdi və bir zərbədən Babaşın yerə sərələnməyinə əməlli-başlı heyrət elədi. Sonra tursiki Babaşın əlindən dartıb aldı, yuxarı qaldırıb havada yellədə-yellədə uşaqlara göstərdi, var səsi ilə qışqırdı:
– Uşaqlar, ay uşaqlar, bu tursik Lüsikin deyil, Babaşın bacısı Rasimənindir! Rasimənin tursiyini kimə verim? Satıram, gəlin, alın!
Bu əhvalatdan sonra bir sinifdə oxusalar da danışmadılar, heç salamlaşmadılar da. Sonra guya ki, barışdılar. Amma aralarındakı soyuqluq həmişəlik qaldı. Hətta Bakıya oxumağa gələndən sonra da biri-birini axtarıb aramadılar. Sonralar Saday kimdənsə eşitdi ki, Babaş Komsomolun Mərkəzi Komitəsinə düzəlib, işləri də xod gedir. Hər dəfə onun yeni təyinatı barəsində eşidəndə Saday istər-istəməz kilsəni, Lüsiki, Haykanuşun limonlarını, məscidin qarşısındakı meydançanı, Babaşı, Lüsikin havada yellənən tursiyini xatırlayırdı.
O biri gün Haykanuş Lüsiki Ordubad vağzalından qatara əyləşdirib Erevana göndərdi. Lüsik həmin vaxtdan sonra bir də heç vaxt Əylisə gəlmədi.
Əylisdə ikinci məşhur və görkəmli erməni qadın hamının Anıx deyə çağırdığı Aniko idi. O, qoçaq qadındı, qürurlu və hökmlü. Allah saxlamış hər şeydən xəbərdar idi. Arıçıya arıçılıqdan, ipəkçiyə ipəkçilikdən məsləhətlər verirdi, tibbi təhsili olmasa da kəndin canı ağrıyanlarını, naxoşlarını sağaldırdı. İlahi, görəsən, qadında bu boyda həvəs və güc hardandı? Aniko 1919-cu ilin dəhşətli payız günü türk əsgərlərinin kəndin erməni əhalisini güllənin qabağına verib qırdığı, qılıncdan keçirib doğradığı, hər tərəfdə qanın su yerinə axıb gölləndiyi fəlakətin canlı şahidlərindən biriydi və onun valideynləri, qardaşaları, bacıları həmin basqında milçək kimi qırılmışdılar. Bütün Əylis camaatı bilirdi ki, qaçıb təndirdə gizlənən Aniko o vaxt təsadüfən salamat qalmışdı. Üç-dörd gün orada ac-susuz girələnən qızı Mirzə Vahabın anası Zöhrə arvad tapıb təndirdən çıxarmışdı. İstanbulda təhsil alan, o zamankı Əylisin ən savadlı müsəlmanı sayılan Mirzə Vahab, doktor Abasəliyevin dediyinə görə, təqribən otuz yaşlarında imiş. Mirzə Vahab uşağı evində gizləyib, böyüdüb və sonra əlbəttə, zor gücünə özünə arvad eləyib. Bunun əvəzi olaraq Anikonun özündən iyirmi yaş böyük ərinə göstərdiyi ehtiram, qayğıkeşlik Allahın möcüzəsi deyil, bəs nədir? O, əri haqqında hər zaman fəxrlə danışır, savadlı, xeyirxah, düzgün insan olduğunu söyləyirdi. Adı dilindən düşməyən Mirzə Vahabdan Aniko iki oğlan, iki qız doğdu.
Hər yerdə danışırdılar ki, qadın ailəsinə görə müsəlmanlığı qəbul edib. Qəribdir, o, qorxub çəkinmədən nə zamansa ermənilərin bir də bu yerlərə dönəcəklərini, Əylisi cənnətin bir parçasına çevirəcəklərini söyləyirdi.
Özünü müsəlman sayan Aniko imamların matəmində o biri arvadlarla bikir kiminsə evində oturub Məhəmməd Peyğənbərin nəvələrinin müsibətinə acı-acı ağlamaqla bahəm, demək olar, hər gün səhər ertədən Vəng kilsəsinə baş çəkməyi də unutmurdu. O, gələn kimi kilsənin həyətini süpürüb təmizləyir, öz əlləri ilə əkdiyi rəngbərəng, qəşəng güllərə qulluq eləyir və istisnasız olaraq hər dəfə kilsəni anbara çevirib qapısına kilid bağlayan Mirəli kişinin ölüsünə də, dirisinə də dişinin dibindən çıxanı deyirdi. Anikonun öz həyəti isə Əylisdə bir başqasında təsadüf olunmayan güllərlə bəzədilmiş bayram sərgisinə oxşayırdı. Mirzə Vahab bu evə 1919-cu il erməni qırğınından sonra yerləşmişdi. Hətta danışırdılar ki, Əylis evlərinin ən yaxşılarından sayılan bu evi İstanbulda təhsil almış Mirzə Vahaba Türk sərkərdəsinin şəxsən özü – Ədif bəy peşkəş eləmişdi. Necə ki, o dəhşətli basqından Anikonun sağ-salamat xilas olmağına inanmaq olmur, eləcə qadının əlləri ilə gülüstana dönən bu həyətin nə vaxtsa Ədif bəyin dəstəsi tərəfindən qanla suvarıldığına da inanmaq çətindir. Əlbəttə, Aniko bunun fərqində olmaya bilməzdi. Bəlkə elə onun əlvan güllərə bu qədər bağlılığı da səbəbsiz deyildi, bu yolla o, məhv edilmiş qohum-əqrabasının xatirəsini əziz tutur, onların nakam ömrünü bu işıqlı dünyada bir az da uzatmaq istəyirdi. Bəlkə, qətlə yetirilən hər bir erməninin ölmədiyini, bu yer üzünün gözəl güllərinə döndüyünü sübut eləmək istəyirdi? Və bəlkə istəyirdi bu Allahdan gizli olmayan mətləbi hər bir əylisli müsəlman bəndəsi də yadında saxlasın? Çox gümün, o vaxtlar bu həyətə tökülən nahaq qan arvadın yaddaşında cövlan edirmiş. Qanlı yaddaşın əzabından xilas olmaq üçün yeganə əlac ona qalırmış ki, həyətinə gül-çüçək əksin, Vəng kilsəsində güllərdən ibarət böyük bir xiyaban salsın!
Sadayın yaddaşında Aniko həm gözəl insan və qadın kimi, həm də başqalarından fərqlənən şən və cingiltili səsi ilə qalmışdı. Onun səsi bütün Əylisi – onun evlərini, kilsələrini, dağlarını, yollarını, çaylarını, bulaqlarını dolaşır, səhərin açıldığını xəbər verən zəng kimi səslənirdi. Çünki həmişə sübh tezdən yuxudan oyanır, hündür artırmaya çıxıb uca səslə nəsə deyir, elə bil bununla Əylis müsəlmanlarını xəbərdar eləmək istəyirdi ki, hələ Əylisdə erməni səsi yaşayır.
Haykanuşdan fərqli olaraq o, Vəng kilsəsinə hay-küylə gedirdi: köhnə fayton yoluyla şəstlə addımlayır və ucadan danışırdı. Hamı eşidə-eşidə xatırlayıb Esxinin özünü qayadan atmasına görə Ədif bəyə lənət yağdırır, Əylisin ən gözəl kilsəsini miskin anbara döndərən Mirəli kişini uzaqdan-uzağa hədələyirdi. Anikonun səsi müsəlmanlığı qəbul edən, Mirzə Vahab kimi xoşxasiyyət, savadlı şəxsə ərə gedən erməni qızın, türk süngüsündən möcüzə nəticəsində yayına bilən yetimin səsi deyildi. O, sözün həqiqi mənasında Əylisin əsl sahibəsinin əsrlərin ən dərin qatlarından gələn səsi idi. Başqa sözlə bu Əylisin itirilmiş səsi idi!
Bakıda yaşayarkən, Saday Sadıqlı yuxularında o səsi çox eşitmişdi, dəfələrlə Bakı sabahlarını o səslə açmışdı.
Saday Sadıqlı qəribə bir kilsədə yuxu görürdü: elə ki, qoca qəhbələrin ədəbsiz bazarlaşmağı başlayır, bax onda ermənilərlə müsəlmanların namərd və qaçılmaz toqquşması çıxır meydana. Qəribəsi bu idi ki, o, yuxuda gördüyü kilsə Əylis kilsələrinin heç birinə bənzəmirdi, amma bununla belə vahiməsinə, mistik təsirinə görə burada o kilsələrin hərəsindən nəsə bir əlamət vardı. O yuxuda ilin vaxtlarını müəyyən etmək olmazdı. Əylisdə sübh tezdəndi, hava təzə-təzə işıqlaşır, kənd zülmətin pəncəsindən çətinliklə qopur. Dağların quzey tərəfində qalın qar əriməyib. Onun tuşunda əlçim-əlçim qeyri-adi düzümlü buludlar göy üzünü tutub. Və bir də səmavi, mistik işıq: yad və həm də hədsiz dərəcədə doğma, tanış işıq!
Saday yuxu görürdü: kilsənin ağ boyanmış hündür divarlarını görürdü, görürdü ki, küləklər həmən o çat verən divarı ovub, yekə bir deşik açıb. O deşikdən kilsənin içinə işıq süzülür və o işıq pətək üstündə qaynaşan arılardan çıxan səsə oxşar bir qıjıltıyla axır, axdıqca da şeytani bir ehtirasla göndərilən mühüm bir xəbəri yer üzünün hər bir məkanına çatdırmağa tələsir.
Elə o vaxtdan bu dünyaya aid olmayan o qəribə səs Sadayı qarabaqara izləyirdi. O səs hər yerdə idi. Və Saday radio dalğalarında, televizor ekranında, inqilabi, dini, vətənpərvərlikdən bəhs edən vərəqlərdə, giriş qapılarında, küçə dirəklərində qəzet və jurnalların iri qara şiriftlərlə yazılmış məqalə başlıqlarında həmin xışıltı və şırıltıyla axıb tökülən səsli işığı görür, eşidirdi. Bu səsli işıq hələ indiyəcən görünməmiş fəlakət haqqında dünyanın hər yerinə xəbər aparırdı. Və o heç vəchlə qəbul edə bilməzdi ki, heç kimin heç nədən qorxub çəkinmədiyi bir zamanda daim qorxu hissinin altında sıxılıb əzilməlidir. Nə üçün hər söhbət, qəzetdən oxuduqları, radiodan, televizordan eşitdikləri, meydanlarda natiqlərin nitqləri, küçədə arvadaların qar-quru ona faciə kimi görünürdü? Nəyə görə hamilə qadınlara, bulvarda, parkda qoşa addımlayan cavanlara baxdıqca qanı qaralır? Yəni o, insanları gələcəkdə gözləyən qorxu əzabını təkbaşınamı çəkməlidir? Doğrudanmı, əvvəllər də, elə indi də onu qorxuya salan məsələ baş verəcək, onun gördüyü bu küçələr, bu meydanlar istərsə də, istəməzsə də hakimiyyət başına yeni bir Xozeyin gətirəcək? Nə üçün qarşısıalınmaz qan davasının ağrı və əzabını məhz o, Saday Sadıqlı çəkməlidir?
Qəlbini sıxıb əzən suallara cavab tapa bilməyən Saday Sadıqlı hər gecə yuxuda Əylisi görürdü. Çünki Əylis ürəyinin sağalmaz yarası idi. Vaxt ötdükcə daha əsəslı şəkildə depressiv-melenxolik ovqata düçar olan Saday dünyadan və adamlardan hər gün bir az da uzaqlaşırdı. Tez-tez yuxuda sayıqlayıb inildəyirdi. Rabitəsiz monoloqlarında Haykanuşun, Anikonun, Camalın, Lüsikin, Babaşın, eyni zamanda Azadə xanıma məlum və məlum olmayan adamların adlarını çəkirdi. Amma bir dəfə gecənin yarısı Azadə xanım Sadayın yuxulu-yuxulu xaç çevirdiyini görəndə xeyli müddət özünü əla ala bilmədi.
Eləcə dəhşətli gecələrin birində ərinin anlaşılmaz nitqlərində hamının çoxdan unutduğu tülkü balası peyda oldu. Çox vaxt baş verənləri atasından gizlədən Azadə xanım Sadayın gecəki iniltilərinə dözməyib səhəri gün keçirdiyi iztirabları doktor Abasəliyevə bildirdi.
– Papa, bəlkə onunla sən danışasan? Niyə əzab çəkdiyini aydınlaşdırasan?
Doktor Abasəliyev meydana çıxan psixoloji drum qarşısında tibbin çarəsizliyini yaxşı bilirdi, ona görə də qızını sakitləşdirməyə çalışdı.
– Bu kriptomneziyadı, – dedi. Bütün həssas adamlarda müşahidə olunur: –
yaşlandıqca “uşaqlığa qayıdırlar”, narahat olma. Onsuz da hər kəs öz həyatını yaşayır.
Bəla burasında idi ki, Saday məhz indi öz həyatını yaşamırdı. Qəribədir, Saday Sadıqlının nəsil-kökündə bircə damla da erməni qanı olmadığı halda (bir babası Kərbəlanı, o birisi Məkkəni ziyarət eləmişdi) nə qədər müddətdi sanki o, canında hansısa adsız bir ermənini daşıyırdı. Lap dəqiqi, daşımır, gizlədirdi. Sanki bu böyük şəhərdə incidilən, alçaldılan, qətlə yetirilən hansısa bir erməni deyildi, onun özünü incidir, təhqir edir, öldürürdülər. Payızın lap əvvəlindən bu vaxta qədər onun üzü bircə dəfə də gülməmişdi, sıxıntı və kədər içində hərlənmişdi daima. Əvvəllər həftədə iki dəfə baş çəkdiyi teatra daha ayağını da qoymurdu. Hətta bir vaxt həvəslə qoşulduğu mitinqlər məna və məzmununu itirib gözündən düşmüşdü. Şəhərdə özünə yer tapa bilmirdi, evdə də qərarı tutmurdu.
Küləkli, yağışlı bir axşam o, evə elə bir halda gəldi ki, Azadə xanımı dəhşət bürüdü, qışqırmaqdan özünü zorla saxladı, kişini elə bil gölə basmışdılar – təpədən dırnağa cumculuq suyun içində idi. Əyninin paltarı, saçı, çənəsi bəs deyincə islanmışdı. Plaşının ciblərindən su süzülürdü. Şalvarı çamura, palçığa bulaşmışdı, pencəyinin düymələrini, köynəyinin boyunluğunu dartıb qoparmışdılar.
Azadə xanım ağlaya-ağlaya ərini soyundurdu, hamama aparıb isti suyun altına saldı. Sonra bir qədəh konyak verdi, çay gətirdi. Saday bir qədər özünə gələndən sonra sorğu-suala başladı:
– Bəs onda səni kim bu kökə salıb?
Saday cavab vermədi. Uzun sükutdan sonra elə hönkürdü ki, Azadə xanım soruşmağına peşman oldu.
– Aza, vağzalda cavan bir qadına od vurub yandırdılar! Üstünə benzin töküb diri- diri yandırdılar!
– Kim yandırdı? – Azadə xanım gözünün yaşını silə-silə soruşdu.
– Arvadlar, Aza, küçədə alver eləyən qadınlar. Elə bil adam deyildilər, cin yığınıydı.
– Səni də onlar bu hala saldılar?
Artist heyrətləndi, həqiqətən də o, evə nə vəziyyətdə gəldiyindən xəbərsiz idi.
– Bilmirəm. Heç nə yadıma gəlmir. O əcinnələr erməni qadını yandıran dəqiqə
yoxa çıxdılar. Bir də gördüm vağzalda təmtək qalmışam.
Əhvalatın məğzini öyrənəndə Azadə xanımın halı xarablaşdı.
– Gecə yuxuda görürəm ki, bizimkilər məni aradan götürmək üçün bir erməniyə
– Kim? Kimdir səni öldürtmək istəyən? – Az qala başını itirən Azadə xanım
öz səsinə bənzəməyən tamamilə yad səslə qışqırdı.
– Erməniyə pulu bizim hakimiyyətdə olan adamlar verirdilər.
– Bəsdi! Bu ölkədə çoxdan hakimiyyət yoxdur. Olanlar da düşmən dəyirmanına su tökürlər. Səncə, Sumqayıtı cəhənnəm oduna qalayan xalqdı? Yox, əzizim, yox! Bu ya KQB-nin, ya da hakimiyyəti zəbt edən bir qrup mafiozun əməlidir. Dünya dağıla, Saday, inanmaram, kimlərsə azərbaycanlıları belə ağılsız vəhşiliyə təhrik eləsinlər.
– Hansı haqla belə deyirsən? Axı sən Əylisdə olmusan, – artist dərdli gözlərini
arvadına zilləyib belə dedi və dərhal da başını uşaq kimi sinəsinə əydi.
– Hə, Əylisdə olmuşam, bilirəm ki, türklər günahsız insanların üstünə vəhşi kimi cumub, onlara divan tutublar. Amma sən elə yerdə olmusan ki, orada ermənilər minlərlə bədbəxt azərbaycanlını yerindən-yurdundan qovublar. Ömründə bir dəfə sən, evsiz-eşiksiz qalan, bu gündən sabaha ümidi olmayan o bədbəxtlərin halına yanmısanmı? Məgər aranı qızışdırıb bu qanı tökənlər onlar haqqında düşünürmü? İndi fərqi yox, qarabağlı, yaxud bakılı ermənilər olsun, ona görə azərbaycanlıya tüpürürlər ki, bizi türk hesab eləyirlər. Bir deyən yoxdur ki, əgər sizi türk qırıbsa, gedin davanızı da türklə eləyin. Erməni boşboğazların harası bizim primitivlərdən artıqdır. Sən niyə bu barədə düşünmürsən, əzizim? Elə bir hala düşmüsən, özün özünü tanımırsan. Bilirsən necə sınıxmısan, əzizim. Özünə yazığın gəlmir, heç olmasa mənə yazığın gəlsin.
– Mən istəyirdim. istəyirdim. Mən ölmək istəyirdim, Aza, – dedi və zorla ud-
Azadə xanım anladı ki, əri söz eşidəsi halda deyil, susdu. Saday Sadıqlı tamamilə özünə qapandı. İndi o, nəinki arvadını, həm də dünyanı hiss etmirdi. Azadə xanım ərinin vağzala getməyinin səbəbini indi başa düşdü. Saday bütün gün vağzalda ona görə hərlənib-fırlanıb ki, uşaqlığının “Bakı-Erevan” qatarının qabağında kimisə qarşılasın və yaxud kimisə yola salsın. Eçmiədzinə gedib xristianlığı qəbul eləmək xəyalı ilə dolaşan Saday, doğma Ordubaddan ötüb keçən bu qatarla demək olar ki, hər gün səfərə çıxırdı.
Gənc müəllifin pyesində heç vaxt rol almayan Saday Sadıqlı ölkənin
keçmiş Xozeyinini öz xalqına qarşı törətmiş olduğu mənəvi-əxlaqi
soyqrımda ittiham edir.
Bəlkə də Saday Sadıqlı yenə də yuxusunda doktor Abasəliyevlə Əylisdə keçirdiyi o gözəl yay günlərindən birini görürdü. Ola bilər ki, aktyorun qulağında qayınatasının Mərdəkandan telefondaca dediyi sözlər səslənirdi. Hər halda yuxudan oyandığı həmin səhər Sadaya elə gəldi ki, bütün dünya professor Abasəliyevin cingiltili, gümrah səsiylə dolub. O gümrah, cingiltili səsi yenidən dinləyir, özünü həmişəkindən daha gümrah və sakit hiss edirdi. Sanki doktor Abasəliyevin səsi ona güc verirdi ki, ağrılara dözə bilsin.
1989-cu ilin axırıncı şənbəsi idi. Təqribən saat birdə Azadə xanım işə getdi. O, evdən çıxandan azca sonra telefon zəng çaldı. Təqribən on dəqiqəlik fasilələrlə beş saata yaxın zəng-zəngə calandı, amma Saday dəstəyi qaldırmadı. Telefonun susduğu dəqiqələrdə artistin qulağına süni, şirin dilini işə salan birisinin danışığı gəlir və o anda da Mopassan Mirələmovun siması gözünün qabağında canlanırdı. Teatrın drektoru məşhur Xalq şairinin misralarını deyirdi:
Böyük sənətkara salamlar olsun,
Bu dünya durduqca o da var olsun!
Bir həftədən artıq idi ki, direktor hər gün zəng çalıb salamlaşmağın əvəzinə bu murdar misraları təkrarlayırdı və hər dəfə də Saday Sadıqlı o murdar misraları eşidəndə az qalırdı bütün içalatını qussun.
Nəhayət Sadayın telefonun dəstəyini qaldırmaqdan ayrı bir çarəsi qalmadı. Bu dəfə zəng eləyən Mopassan Mirələmov deyildi, Nuvariş Qarabağlı idi.
– Qardaş, telefonu niyə götürmürsən? – o, sakit, xışıltılı səsiylə soruşdu. – Azı
əlli dəfə zəng eləmişəm. Ağlıma yüz fikir gəlir, görəsən nə olub. Bura sənin bir yerlin gəlib, həmkəndlin. Uşqalıq dostun ,Camal!
– Hara gəlib? – Saday elə heyrətlə soruşdu ki, özü öz səsindən diksindi.
– O, burdadı, teatrda. Tez gəl, səni gözləyir. – Nuvariş Qarabağlı azca fasilə verib əlavə elədi: – Mopassan müəllimin kabinetindədi.
Əgər Nuvariş Qarabağlı “Mopassan müəllim” deyirsə, deməli, yüz faiz drektorun kabinetindən zəng çalır. Əks halda başqa cür deməliydi: direktorun özü olmayanda hamı ona Mopoş dayı deyirdi.
– İndi gəlirəm, – Saday Sadıqlı dedi. Di gəl ki, yerindən qalxmağa heyi yox idi. Camal yeddinci sinifdən çobanlara qoşulandan bəri Saday onu bircə dəfə də olsun görməmişdi. Amma həmişə xatırlamışdı. Hələ bu heç, son zamanlar onun başına belə bir fikir gəlmişdi ki, kəndə getsin, gedib çıxa bilmədiyi dağlara qalxsın, Camalı axtarıb tapsın, axır ondan soruşsun ki, həmən gün Haykanuş kilsənin həyətində Camalın başını sabunlayıb yuyanda həqiqətənmi dünya hansısa məxmər kimi yumşaq sarımtıl-narıncı rəngdəydi, yoxsa yalnız Sadaya elə görünüb. Amma indi Camalla görüşmək üçün gerçək imkan yarandığı bir vaxtda ondan belə bir sözü soruşmaq əməlli-başlı ağır bir yük idi. Nəhayət, o, evdən çıxıb taksiyə minəndən sonra qəfil ağlına belə bir fikir gəldi ki, Camalın Bakıya gəlmək məsələsi, sadəcə, uydurmadır, diribaş Mopassan Mirələmovun növbəti kələyidir. Axı nə vaxtdan bəri direktor hansı yolla olur-olsun onu aldadıb teatra gətirmək, günlərlə telefonda təriflədiyi pyesi Sadaya oxutmaq istəyirdi. Ola bilər ki, Mopoş əsərdəki baş rolun məhz Saday üçün yazıldığını uydurmurdu. Başqa bir ehtimal həqiqətə daha yaxındı: bəlkə də heç zaman ruhdan düşməyən, işgüzar, uzaqgörən direktor baş rolu Saday Sadıqlı oynayacağı təqdirdə meyit kimi döşəli qalan teatrın ayağa duracağını hədəfə alırdı. Onun xasiyyəti belə idi: kəsməsə yapışdığını buraxmazdı. Əgər o, bilsəydi ki, Sadayın haçansa Camal adında uşaqlıq dostu olub, heç bir çətinlik çəkmədən bunu hətta artistin özündən öyrənər və ömürlük yadında saxlayardı. İndi isə ortada olan həqiqət belə idi: O, taksidəydi və o uzaq illərdən, o uzaq yerdən təşrif buyuran Camalla görüşmək indiki halda onun üçün elə də böyük əhəmiyyət kəsb eləmirdi.
Camal isə həqiqətən gəlmişdi. O, ucuz, amma təzə kostyum geyinmişdi, başında bahalı buxara papaq vardı, tam ciddi görkəmlə alaraq Mopassan Mirələmovun isti, rahat otağında oturub gözləyirdi. Bəlkə də öyrəşmədiyi mühitə düşdüyünə görə onun həyəcanlı, qaynayan gözləri dağlarda mis kimi yanıb qaralmış sifətində qəribə bir parıltı verirdi.
Nuvariş Qarabağlı Sadayın gözünə dəymədi, o, kabinetdə yox idi. Belə başa düşdü, ya məşqdədir, ya da hardasa televiziya çəkilişində. (Saday hardan biləydi ki, Nuvariş haçandandı pistolet əldə etmək üçün böyük-büyük adamların qapısı ağzında N qədər vaxt itirir.)
Mopassan Mirələmov Sadayı görən dəqiqə yaşına uyuşmayan bir qıvraqlıqla kreslodan sıçrayıb artistə sarı şığıdı, onuqapının ağzındaca qucaqlayıb bağrına basdı. Hətta bu görüşdən nə qədər mütəəssir olduğunu anlatmaq naminə ağlamsındı. Camal sinif yoldaşını öpmək niyyəti ilə dodağını uşaq kimi dodağını büzüb irəli uzatdı. Saday dostunun başını bahalı papağıyla bir yerdə sinəsinə sıxdı. Onlar bir neçə dəqiqə dinib-danışmadan biri-birinə baxdılar. O qısa zaman kəsiyi Camalın özünü ələ almasına, nə söyləmək istədiyini kəsdirməyinə kifayət elədi. Lap əvvəl bir qədər həyəcanlandı, sonda isə doluxsunub hıçqırdı.
– Zibilə düşmüşəm, qardaş, – sözə başladı. – Köməyin lazımdı. Oğlumu tutub
salıblar türməyə. Rayonda döymədiyim qapı qalmayıb. Sözümə baxan yoxdu. Durub gəldim, bəlkə burda kimsə kömək eləyə.
– Nə üstündə tutublar oğlunu? – Artist əsəbi halda soruşdu. – Camalın belə
ağlamsınmağını heç istəmirdi.
Camal cavab vermədi. Cibindən dəsmal çıxarıb aramla gözündən, burnundan axıb ağzına dolan seli-suyu sildi. Yalnız bundan sonra özünü ələ alıb artıq sakit, arxayın səslə dərdini açdı.
– Eşit, Sarı, başımın boşluğuna görə Allah cəzalandırıb məni. Adam nə qədər səfeh olar ki, gedib qəssab Məmmədağanın nəvəsin gəlin deyib gətirər ocağının başına, qanını it qanına calayar. Bu da axırı. Məni adam saymır, qayınanasını it kimi tutur. Qandığı döyməkdi, söyməkdi, lənət yağdırmaqdı. Bizi bütün kənddə biabır eliyib. Tutması tutanda bir əli olr, bir başı – özünü döyüb qana qəltan eləyir. Sonra da atası Cingöz Şabanın öyrətməsi ilə qaçır şəhərə, xəstəxanaya, ay camaat, baxın deyir, ərim məni öldürmək istəyir. Bax belə, uşağı şərləyib basdılar içəri. İyirmi gündü onun-bunun qapısında yatıram. Rayonda kimin yanına gedirəm heç üzümə də baxmır. Gümanım kəsilib. Ümidim bircə sənə qalıb, Saday. Sən kömək eləyə bilərsən mənə. Hörmətli adamsan, hamı səni tanıyır. – Camal diqqətlə Sadayın üzünə baxaraq susdu. Sadayın Camala yazığı gəldi. O, eyni zamanda özünün, Əylisin, Cingöz Şabanın kəmağıl qızının halına yandı. Saralıb solan Əylisin, bozarıb dərd çəkən dağların, üşüyən, soyuqdan nəfəsi buz bağlayan, baharın gəlişinə həsrət qalan daşların, küçələrin, evlərin halına yandı. Daş kilsə. Onun altından çağlayıb axan çeşmə, indi buz bağlayan, o çeşmənin axıb töküldüyü çayın rəngi bir az qaramtıldı, elə bil nədənsə qorxub və qəfil, haradansa peyda olan, bəlkə də əcəlin dartıb buralara gətirdiyi möcüzəli dərəcədə qara tülkü – Allahın yaratdığı xırda canlı. və bir də o bulağın yanında qədimlərdə tikilən, üstündəki qıpqırmızı qan ləkəsi pozulmayan daş hasar. Cingöz Şaban bu hasarın dibində güllələmişdi o yazıq məxluqu. Artist Əylisin beləcə, boz və yazıq sifətini gözü önünə gətirir və Camaldan həmən o sarımtıl - narıncı işıq barədə soruşmaq xəyalına görə utanıb xəcalət çəkirdi.
– Baxaq görək. Nəsə fikirləşərik, – Saday Sadıqlı inmasız, heç bir ümid yeri qoymadan cavab verdi və bir qədər ucadan əlavə etdi: – Hə, danış görüm Əylisdə nə var, nə yox?
– Nə olasıdı Əylisdə? Necə görmüsən, elə – köhnə hamam, köhnə tas, – Camal
tam könülsüz dilini sürüdü.
– Bilirsən axırıncı dəfə Əylisdən çıxdığım neçə ildir?
– Lap olsun yüz il. Lap yüz il də olmasan, Əylisdə heç zad dəyişən deyil, – Camal cavab verdi və nədənsə təəssüflə Mopassanın üzünə gülümsündü. – Amma sonra nə düşündüsə Sadaya Əylis barədə azdan-çoxdan danışmaq qərarına gəlib, könülsüz-könülsüz dilləndi. – Bu il yaz girəndə Mirəli kişi öldü, mən bilən xəbərin var bundan. Təzəlikcə Anıx da canını Əzrailə tapşırdı. Qoca qarı nə təhər hikkəliymiş, son nəfəsi üzülənəcən erməniliyini danmadı. Bizim arvadlar vidalaşmağa gedəndə, hamıya üz tutub nə desə yaxşıdı? Deyib, eşidin, mən dinimi dəyişə, inandığım Allaha dönük çıxa bilmərəm. İndiyə qədər mən sizin, mədəni dildə desəm, başınızı təlləyirdim. Hə, ermənilər belə alçaqdılar! – Camal məzəli bir tərzdə üz-gözünü əyişdirib, bu dəfə də ani və ehtiyatla Mopassan Mirələmova baxdı. Sonra isə çaşqın halda Sadaya nəzər yetirib hansı səbəbdənsə başını aşağı saldı.
– Hədi, hələ də Əylisdə ermənilər barədə hədyan söyləmək dəbdərir? – Saday
güclə eşidilən səslə soruşdu və özünü əylisli müsəlman arvadlar dövrələyən, ölüm yatağında can verən sonuncu Əylis ermənisi Anikonun yerində təsəvvür eləməyə çalışdı. Onun ölüm səhnəsini təsəvvürünə gətirə bilmirdi. Əvəzinə gözləri önünə Əylisdəki ən gözəl, böyük, ikimərtəbəli ev gəlirdi. Hündür artırmasınada ələ gətirmək mümkün olan hər növ güllər düzülmüşdü. Təmizlik və səliqə-sahman evə tərəf uzanan daş döşənmiş cığırla gedən adamın gözlərini dincəldirdi. Anikonun Vəng kilsəsində əkdiyi və həvəslə qulluq etdiyi güllər Sadayın ruhunu çox oxşamış, ona zövq vermişdi. Artist Camalın başındakı bahalı papağa baxır və xatırlayırdı ki, neçə müddətdən bəri çıxarmadığı kirli, qartmax bağlamış kepkanı onun başından Haykanuş ölüm-zülüm dartıb qopara bilmişdi.
– Əgər Allahın olsaydı, sən də ona qarşı satqınçılıq eləməzdin. – Artist heç nədən ehtiyatlanmadan uca səslə dedi. Və dərhal (dediyi sözlərə görə təəssüf hissi keçirdiyinə görəmi, yaxud hansısa başqa bir səbəbdən) içində uçurum kimi boşluq duydu, elə qaranlıq, nəhayətsiz boşluq ki, nə başlanğıcı vardı, nə də sonu, həyatsız və havasız bir boşluq idi. Onun sözlərindən sonra ortaya çökmüş ani sükut arasında o, Mopassan Mirələmovun gözlərindəki şübhəli-hiyləgər və soyuq təbəssümü tuta bildi. Amma direktorun tərtəmiz təraş edilən kök sifəti bir anda ciddiləşdi. İşə bax ki, Sadayın tikanlı sözləri Camalın halına təvavüd eləmirdi.
– Düz deyirsən, – cavab verdi, ermənilər öz Allahlarından heç vaxt üz döndərmirlər.
Saday bu sözü elə bil əvvəllər də eşitmişdi. Artistə görə, eşitdiyi sadəcə söz deyildi, bu sözlər həm də nə zamansa bu dünyada var olan, sonra izsiz-tozsuz yoxa çıxan, unudulan səs, yumşaq, xeyirxah işıq idi. Saday Sadıqlı bu sözləri eşidəndə sakitlik tapmış, özünü ələ almışdı. O, bu saat bütün yaddaşını geri çevirib ələk-vələk eləməyə hazır idi ki, o sözü ilk dəfə kimdən, nə zaman, harada eşitdiyini xatırlasın. O, bütün Əylisi hamıya məxsus olan tək bircə ev kimi qucaqlayıb bağrına basmaq, cavan ağac kimi silkələmək, bir ovuc su kimi başına çəkib içmək istəyirdi, təki bilsin, xatırlasın ki, Camalın indicə dediyi sadə, amma inanılmaz dərəcədə dərin mənaya malik cümlənin ilk əylisli müəllifi kim olub. Ey ucalardan uca Allah! Məgər bu sözlər deyiləndə Əylis o ulu, əlçatmaz yaradanın yanında deyildimi? Əylis də məgər böyük yaradan qədər əlçatmaz olanda deyilməyibmi bu sözlər: “Allahın nəzəri həmişə ermənilərin üstündədir.”
Ürəkdən sevinən Saday Camalın boynunu qucaqladı.
– Ay Cambul, elə Cambulsan ki, durmusan. Nə qədər təmiz ürəklisən, xətrinə dəysəm də incimədin.
– Təmiz adam təmiz sözdən inciməz. – Camal müdrik sözləri muncuq kimi ipə-sapa düzdü. – Yalanın ağası olmaqdansa, doğrunun qulu olmaq yaxşıdı.
– Sən Bakıya birinci dəfə gəlirsən?
– Yox, ikinci dəfədi, bir dəfə də qızımı ərə verəndə gəlmişəm.
– Səfərə çıxanda dağları kimə tapşırırsan? – Saday zarafat elədi.
– Dağların yiyəsinə kim yaxın düşə bilər – Camal ehtimal ki, Allahı nəzərdə tutub cavab verdi.
– Qoyun otarmırsan daha?
– Niyə otarmıram, otarıram. Əylisdə bir sürü nəvəm var. Onlar mənsiz də hər işi yoluna qoyurlar.
Saday ayağa durub kabinetdə gəzişməyə başladı.
– Hə, indi biz neyləyək?
– Türmə barədə, nətəhər yoluna qoyaq bu işi?
Mopassan Mirələmov sanki bayaqdan söhbətin bu yerini gözləyirmiş kimi ayağa durdu.
– Burda çətin nə iş var ki? Sən rayon prokrorunun adına məktub yazırsan, qardaşınız da aparıb verir ona. Prokror sənin sözünü yerə salmaz. Oğlanı açıb buraxar, bununla da iş bitər. – Direktor xəlvətcə Saday Sadıqlıya göz vurdu və əvvəlcədən hazır elədiyi qələm-kağızı ona uzatdı. – Prokurorun nə həddi var ki, sənin kimi qüdrətli xalq artistinin sözünə qulaq asmasın? ( qeyri-rəsmi görüşlərdə direktor Saday Sadıqlıya həmişə “xalq artisti” deyirdi) Üstəlik ortada ölüm yox, itim yox. Hadisədir, baş verib, söz-sözə gəliblər, dalaşıblar. İndi də barışırlar, vəssalam. – Direktor yenə xəlvətcə Sadaya göz basdı və yalnız bundan sonra artist anladı ki, Mopoşun fikri mümkün qədər tez bir zamanda Camaldan yaxa qurtarmaqdır.
– Yox, heylə olmaz. Prokuror pulu qoyub mənim sözümü tutmaz. Artist qətiyyətlə kağızı geri itələməklə, direktoru başa salmaq istədi ki, onun fırıldaq oyununa şərik ola bilməz. Sonra o, Camalın dərd yağan sifətinə baxdı, bu dəfə də qəlbinin dərinliklərində zülmətə bürünən, gün işığı qəhətə çıxan, üzü gülməyən, ölü, kədərli Əylisi gördü. O Əylisi ki, dağlarını itirmişdi, məbədlərini itirmişdi, o sayaq möhtəşəmliyini itirmişdi. İnsansız bomboz küçələr. Həyətlərdə son payızın ölü sükutu. Nəfəsi dayanmış ağacların üstündə bircə yarpaq da qalmayıb, yiyəsiz dağların nə sürüsü var, nə çobanı. Yalnız ala qarğalar bomboz müsəlman qəbristanlığının üstündə dövrə vurur. Bütün düşüncələri çıxılmazlığa dirənən Saday uzun düşüncələrdən sonra dedi:
– Bəlkə Babaşı tapaq?
Camal sevindi və sanki bu sözə bənd imiş kimi dirilib özünə gəldi.
– Hə! – Həyəcanla dilləndi. – Onu tapaq! Mütləq kömək edər. Vəzifəsi, adı-sanı, hörməti. – Güclü adamdı Babaş. – O, stolun arxasından qalxdı. Məni apar onun yanına. Qalanı mənlikdi.
Saday Sadıqlı Babaşın vəzifə yüksəlişindən kifayət qədər xəbərdar idi. Az müddət komsomolun Mərkəzi Komitəsində işləyəndən sonra onu Bakının böyük rayonlarından birinə icraiyyə komitəsinin sədri qoymuşdular. Rayon partiya komitəsinin birinci katibi olmuşdu, xeyli müddət nazir kürsüsündə əyləşmişdi. Axır macallarda Mərkəzi Komitənin şöbə müdiri idi. Cəmi iki ay əvvəl “Xalqsevərlər Cəmiyyəti” yaranmışdı və Babaş Ziyadov indi orda sədr vəzifəsini tuturdu.
Saday illər boyu Babaşla görüşməkdən qaçmışdı, amma indi Camalın xətrinə hər şeyə hazır idi. Ancaq o, Babaşın rəhbərlik elədiyi təşkilatın harada yerləşdiyini bilmirdi. Buna baxmayaraq tərəddüd etmədən onu axtarmağa qərar verdi. Sadayın qəti qərarı direktoru təlaşa saldı, o, stoldan aralandı, onların qabağına yeriyib, kabinetdən çıxmalarına mane olmaq istədi.
– Hara?! – Mopoş qapının ağzını kəsdirib bağırdı. – Yerliniz Babaş Ziyadovun yanına getmək fikrindəsiniz? Hövsələnizi basın. Hələ bir qoyun zəng çalaq, soruşaq. Bəlkə heç yerində deyil.
Direktorun masasının üstündə görünüşünə görə bir-birinin eyni olan üç telefon aparatı vardı – daxili, şəhər və hökumət telefonu. O, telefonlardan ən mötəbərinin dəstəyini qaldırdı. Həmən dəqiqə sifəti ciddiləşdi. Aparatın əhəmiyyətini nəzərə çarpdırmaq üçün nümayişkaranə tərzdə üç dənə rəqəm yığdı. Babaş Ziyadovun səsini eşidəndə isə karıxdığını ört-basdır eləyə bilmədi.
– Salam, Babaş Bilaloviç! Mirələmovdu. Hə, teatrdan. Allah köməyiniz olsun. Yerdən göyə razıyam sizdən. Olacaq. Əla pyes gəlib. Özü. Əlbəttə, bilir. Bəli, bəli, məlumat verilib. Pyeslə şəxsən tanış olub. Bəyənib. Çox xoşuna gəlib. Bəli mövzu olduqca aktualdı. Onun obrazı. Var, var. Pyes on üç il ərzində onun burda törətdiyi biabrçılıqdan bəhs eləyir. Baş rolda kimdiii? Bəli, bəli odu. Sizin yerliniz, o, bizim fəxrimizdi. Əslinə qalanda müəllif bu rolu yazanda Saday müəllimi nəzərdə tutub, o, özü də deyib ki, bu rolda Saday Sadıqlını görmək istəyir. Bəli, bəli, özü!
Saday Sadıqlı bilirdi ki, hakimiyyət başına gələn təzə Birinci bütün diqqəti keçmiş Rəhbərin ifşasına yönəldib və indi o, tamam gözdən salınıb. İndi direktor qəfil yerindən sıçrayıb artistə dil tökəndə o, anlayırdı ki, Babaş Ziyadov şübhəsiz, teatra nəsə vəd eləyir. Sadayın bu saat direktorun kabinetində olmağı Babaşa da gün kimi aydın idi. Direktor isə hələlik bu barədə susur, Ziyadovun artistlə danışmaq təklifini bir məmur təmkini ilə ləngidirdi. Nəhayət, bayaqdan davam edən gözlənti sona yetdi.
– Bəli, o buradadı, mənim yanımda, sizə minnətdarlıq eləmək istəyir. – Mopoş az qala sevincindən oynaya-oynaya dəstəyi Sadaya uzatdı.
Artist Babaşla salamlaşıb birbaşa mətləbə keçdi.
– Camal gəlib, – quru danışdı, – sənə işi düşüb.
– Yəni elə çətin işdi? – Babaş zarafat eləmək istədi.
– Sənin əlində heç nədi.
– Tanınmış artistsən, sənin üçün də çətin olmaz. İnanmıram ki, camaat səni bizdən az istəyir.
– Əgər gücüm çatsaydı sənə zəng eləməzdim.- Saday xoş danışmağa çalışdı. Yaxşı, onu qəbul eləməyə imkanın var, ya yox?
Görünür, Babaş Ziyadov artistlə zarafat eləməyin səmərəsiz olduğunu anlayıb ciddiləşdi:
– Noolar, qoy gəlsin, qəbul eləyərəm – deyib bir müddət susdu, incikliyini birtəhər boğub əlavə elədi: – Mən də elə bilirəm təbrik üçün zəng çalmısan.
Bu sözdən sonra Babaş o başda telefonu qapadı, bu başda telefonun dəstəyi əlində qalan artist gözlərini Mopassan Mirələmova dikdi:
– Eşitdin? Deyir, məni təbrik eləməmisən. Nəyə görə onu təbrik eləməliyəm?
– Bilmirəm. – Direktor gözünü telefon aparatından ayırmadan mızıldandı.
– Dünənki “Kommunist” qəzetində yekə bir məqaləsi çıxıb. Yəqin onu deyir.
– O da yazıçı olub? – Artist deyinə-deyinə kabinetdən çıxmaq üçün qapıya yönəldi.
– Hara? – Mopassan cod səslə soruşdu.
– Bunu aparın, özü yolu çətin yolu tapa.
– Otur. Sürücüm aparar.
Camalı kabinetdən qovub çıxarmadan özünü güclə saxlayan Mirələmov Sadayın əlini qamarlayıb özünə sarı dartdı və onu kresloya oturtdu. – Qulaq as, sənə nə olub? – açıq-aşkar artistin halına acıyan Mopassan kədərlə dedi.
– Bilmirəm nə olub?
– Nə olacaq bir aydır ki, səni evdən çıxara bilmirəm.
– Şişirtmə, ay yoxdu – Saday Sadıqlı etiraz elədi.
– Axırıncı səfər nə vaxt burda olmusan? Əgər dəqiq desən, bir xaş qonaqlığı məndə.
– Sözün düzü, Mopoş, yorulmuşam, hər şeyə nifrət eləyirəm. – Artist səmimiyyətlə etiraf elədi.
– Nədən yorulmusan axı? Kimdi səni yoran? Burda sənə güldən ağır söz deyən var? Özünə qapanıb evdən bayıra çıxmırsan. Başa düşmürəm bütün günü evin içində necə boş-bekar oturmaq olar?
Mirələmov cibindən açar çıxarıb açılıb örtülən şkafın arxasındakı gizli, köhnə seyfi açdı – teatrda kabinetin bu həssas nöqtəsinə “Mopoşun sirri dağarcığı” deyirdilər. Oradan ən hörmətli qonaqlar üçün saxladığı bir şüşə fransız konyakı, “moskovski” şkolad qutusu, iki bullür qədəh çıxarıb stolun üstünə qoydu.
– Yaxşı, gəl oturaq, – qədəhlərə konyak süzərək dedi. – Bir az qırışığımız açılsın.
Neçə ay idi Saday Sadıqlı dilinə sipirtli içki vurmurdu. Tam əmin olmuşdu ki, nəsə dilinə dəysə, mütləq bir zibil çıxardacaq. Ona görə də içməkdən qorxurdu. Amma indicə içdiyi konyak onun canındakı qorxunu bir anda silib apardı. Bədənində xoş və ətirli hərarət bədəninə yayıldı, ürəyi sakitləşdi, qanı duruldu. Bir anın içində dörd tərəf geniş azad və çox rahat oldu.
Ey mənim Allahım, səbəb nəydi? Birdən-birə necə oldu ki, çoxdan unudulmuş Əylisində dağlar, daşlar dirilib cana gəldi. Ay Allah, nə təhər oldu ki, Anikonun boğulan, qəhr olan səsi durduğu yerdə, lap elə heç nədən Əylis səhərinin yaxasında gül kimi açılıb yenidən parladı, dirildi. Nə üçün, İlahi, Saday bütün varlığı ilə istədi ki, Mopossanın qarşısında Anikonu əzizləsin, Əylisin vicdanlı, zəhmətsevər erməni əhalisi haqqında danışsın, onları tərifləsin.
O, coşğun bir istəklə Əylis ermənilərinin möcüzə yaratmağa qadir əməksevərliyi və Allaha bəslədikləri nəhayətsiz sevgi barəsində teatrın drektoruna təkrar-təkrar danışmaq istəyirdi. Ancaq, o, belə eləmədi. Başa düşdü ki, Əylis erməniləri barəsində Əylisdə doğulmayan, on iki Əylis kilsəsinin eyni anda yüksələn zəng səslərini dinləməyən, Ədif bəyin qara atından, qəssab Məmmədağanın xançalından xəbərsiz, kilsənin günbəzində sirli bir parıltıyla əks olunub hansısa bir əylisli oğlan uşağının qəlbinə axan o sarımtıl-narıncı işığı ömründə bircə yol görməyən bir adama Əylis erməniləri barədə nəsə deməyin heç bir mənası yoxdur.
– Yox, Mapossan Mirələmova ümumiyyətlə Əylis barədə bircə kəlmə də demədi,
bunun əvəzinə konyakı təriflədi. Mopoşa xoş sözlər söylədi və ürəyində insanlardan aralı qaçdığına görə özünü qınadı. Təklik, indi belə düşünürdü, ölümün özüdür, bəlkə ölümdən dəbetərdir. Yaxşı ki, hərdənbir içmək var, yoxsa adam gəbərər, üstünə tökülən dərdin əlindən yaxa qurtara bilməz.
Elə birinci qədəhdən sonra Mopassan Mirələmovun keyfi duruldu, üzü təravətləndi, gözlərinə işıq gəldi. Yeni pyesdən danışmaqdan üçün hövsələsi daralıb bir tikə olsa da “Mopoş dayı” əsas mətləbə keçməyə tələsmirdi. Görünür işin əvvəlində o ( razılaşdırılmış plan üzrə) artistin əhvalını yüksəltmək istəyirdi ki, sonra onun başını bişirmək asan olsun. Ola bilər, xasiyyətinə yaxşı bələd olduğu Saday Sadıqlının rədd cavabı verə biləcəyindən ehtiyatlandığı üçün vaxtı uzadırdı. Yaxud da direktor teatra Mərkəzi Komitədən göndərilən əsərin bədii cəhətdən heç bir dəyərə malik olmadığını anlayır, amma dəfələrlə telefonda tərifləməyinin əksinə olaraq indi, dostyana şəraitdə pyesin yaxşılığına danışmağı özünə sığışdıra bilmirdi. Mopassan Mirələmov yenə qədəhlərə konyak süzdü. Bir-iki qurtum içib xoşbəxtcəsinə gülümsündü.
– Fikir verirsen, ustad, necə gözəl alındı. Ən yaxın dostum Saday Sadıqlı qədər təmiz adam olmasam da, heç demə, qardaş, mənim də üstümdə Allahın nəzəri varmış. Bunun hamısı Allahın hökmüdür. Sənin o çobanını da bura Allah hərləyib gətirib. Əgər o peyda olmasaydı, hələ bundan sonra sərasər bir ay səni evdən dartıb çıxara bilməyəcəkdim. Ziyadovla danışmağımız da əla oldu. Uşaqlıq dostun öz ayaqıyla durub bura gəlməsəydi, hansı səbəbə görə Ziyadova zəng eləyərdim. Eşitdin də, təzə Rəhbərin adını çəkməklə onu nə təhər umsuğa saldım? İndi Ziyadov teatrın üç-dörd təzə tamaşasına maya buraxmağa hazırdı. Yüz faiz əminəm ki, maliyyələşdirəcək. Bəxti gətirib, yenə köhlən belindədi. İndiki Birinci ilə komsomoldan dostluq eləyirlər.
– Yaxşı, bəs Babaş keçmiş Rəhbərin adamı deyildi? – Fikri-zikri Camalın yanında qalan Saday Sadıqlı laqeyd halda soruşdu.
– İç – direktor əlində qədəh Saday Sadıqlının qarşısında dayanıb bir növ tələb elədi. Əla çayım da var, indi dəmləyərik. – O, elektrik somavarını su ilə doldurub cərəyana qoşdu.
– Boşla getsin. Heç indiyə qədər keçmiş Rəhbər, yanında bircə nəfər də olsun diri adam saxlayıb ki? Onun qabağında kimin hünəri çatırdı desin, mən də adamam, atam filankəsdi, anam filankəsdi? Az-maz adamlığı olan bir paralarını isə məxsusi jandarm metodunu işə salıb dinməzcə xidmət eləyən idbar məxluqlara çevirib, istinasız olaraq hamısını maskalanmağa məcbur edib. İndi biz nə təhər deyə bilərik ki, kim onun adamı olub, kim olmayıb.
Bax elə bu kabinetdə on il əvvəl Rəhbərin qabağında Mopoşun necə yaltaqlanıb dörd qat büküldüyünü xatırlayır və yağlı ana söyüşü söyməkdən özünü güclə saxlayırdı. O, konyakı birnəfəsə başına çəkib qədəhi stolun üstünə qoydu.
– Dayan, dayan , vicdanın olsun! – O, qışqırdı. – Bunu mənə sən deyirsən? –
Artist beləcə qəfil qızışanda yekə-yekə danışan Mopassan özünü yığışdırıb, quzu balasına döndü.
– Yaxşı, indi bəs mən neyləyim, dərdimi səndən başqa kimə deyim? – O, gileyli-gileyli dedi. – Bəlkə yalan deyirəm. Əgər bu əclafların biri olun adamı olsaydı, yanına gedib baş çəkərdi. Hanı, bir köpək oğlu qapısını açmır. Odu ey, oturub bağ evində yalquzaq kimi ulayır.
– Əlbəttə ulayar, sən də baş çəkməmisən? – Artist yerindən durub otaqda gəzişməyə başladı. – Dünən onun üzünə tüpürdüyü adamlar üzünün tüpürcəyi qurumamış yeni Rəhbərin qapısında növbəyə durublar. İndi buna nə ad verirsən, nədəndi bu, sevgidən, yoxsa qorxudan?
Mopassanın sarsıntısı hələ də ötüb keçməmişidi, bununla belə cavab vermək üçün özünü ələ almağa çalışırdı.
– Bəli, belədi. Sən tam haqlısan. Biz beləyik də, mən də, Babaş Ziyadov da. Amma, qardaş, bu onun yetirib bitirdiyidi də! Kim eləyib? O eləyib də, Rəhbər olduğu on üç il ərzində bütün ölkəni qula çevirib. Zibil eləyib həyatımızı. İndi yeni rəhbər neyləsin, iki ilin içində nəyisə dəyişə bilərmi? – Mopassan həyacandan qızarmışdı, – tələsmək lazım deyi, görəcəksən hər şey tədricən düzələcək.
– Yox, heç nə düzəlməyəcək. – Saday Sadıqlı təlaş içində dedi. – Siz xalqın arasında böyük nüfuzunu qoruyub saxlayan Rəhbəri bundan sonra daha bərkdən söysəniz belə, yenə ona heç nə eləyə bilməyəcəksiniz. İndi siz birləşib onun bütün günahlarını, özünün yetişdirdiyi itaətkar kölələrin çiyninə yükləmək istəyirsiniz ki, yenə də bu zibili təmizə çıxarasınız. İki daşın arasında qırğın salmaq istəyirsiniz, deyirsiniz heç bir enerji, ağıl sərf etmədən her şey sizin olsun. O isə ayağının altındakı yüsəkliyə ağıl hesabına qalxıb. Anadangəlmə hakimiyyət hərisliyindən enerji alıb. Qulların himnini o düzüb-qoşub, siz isə onu xorla oxumusunuz. İndi adamlarda bir damcı vicdanın, həyanın qalamdığı, hamının nifrət və zalımlıqla nəfəs aldığı, yalanın ayaq tutub yeridiyi çaşqın bir vaxtda, lənətə gəlmiş bu alverxanada siz cəsarətlənmisiniz, gözdən düşmüş Xozeyini üzə çıxartmaq istəyirsiniz. – Sinəsini boşaldıb bir qədər susdu, sonra isə əvvəlki qaydada sərt və qətiyyətlə danışmağa davam etdi. – Zora arxalansa da onun aydın məqsədi var. Lap pis halda elə buna görə hörmətə laiqdir. Dərin ağılı, ayıq başı var, inanılmaz dərəcədə fərasətlidir. Bu adam ona nə lazım olduğunu dəqiq bilir. Şeytan onun əlinə su tökməyə yaramaz. – Artist ucadan danışırdı və hirsi sovuşub getmişdi, hətta kefi kökəlmişdi.
Mopassan Mirələmov dinib-tərpənmirdi. Artisti çoxdan və dərindən tanıyan bir adam kimi çox güman, elə indidən ona aydın idi ki, Saday Sadıqlı gözdən düşmüş köhnə Rəhbərin əlehinə getməyəcək, ona düşmən kəsilən yeni rəhbərliyin xoruna da qoşulmayacaq . Artistin təbiəti beləydi. Onun söylədikləri direktoru əməlli-başlı təlaşa salırdı.
– Deməli belə. – O çaşqın halda deyindi. – Sözün düzü, mən də bu fikirdəydim. Bilirdim ki, axına qarşı durmaq mümkün deyil. – Mopassan həlim, dostyana danışır, özünü necə lazımdı elə aparmağa çalışırdı. – Sən ondan çox pislik görmüsən, amma yamanlığa yamanlıq eləmək istəmirsən. Əslində işin qənbərqulusu sənin vicdanlı olmağındı. Əgər söhbət adi adamdan getsəydi, dilxor olmağa dəyməzdi. Biz dövlət xadimi barəsində danışırıq. Ona görə də şübhələnirəm, hislərin səni aldatmır ki? Axı sən həftədə bir dəfə teatra gəlib-gedəndə, iki-üç ay bundan qabaqkı görüşlərimizdə belə düşünmürdün.
– Saday Sadıqlı dərd çəkən, qızarmış gözünü qıyıb cavab verdi.
– Hə, iki-üç ay əvvəl görüşəndə. o iki-üç ay mənə artıqlaması ilə bəs elədi ki, bu yenidənqurma deyib hürüşənlərin, siyasi qışqırıqçıların ölkəni uçuruma sürüyürlərin məqsədindən xəbərdar olum. Əmin oldum ki, yalnız nadan adamlar olkəni belə biabırçı şəkildə dağıda bilərlər. Yəni sən görmürsən ki, bunların heç bir hərəkətində aydın fikir yoxdu? Yenidənqurma hakimiyyətə can atanların əlində bir növ yeni silahdır. Xalq təlaş içindədir. Heç kim bilmir ki, sabah başına nə gələcək. Hər şey çat verir, dağılır. Ölkə üfunət iyi verən bataqlığa dönüb. Aradan nə qədər sular axmalıdır ki, bu acgöz çərənçilər heç olmasa bir-birlərini dinləməyə həvəs göztərsinlər.
Artist ehtirasla danışırdı. Elə bil səhnədəydi və sözünü ən axır sırada oturan tamaşaçıya çatdırmaq istəyirdi.
– Sənin yeni Rəhbərin və onun gənclik vaxtından komsomolda dostluq elədiyi şəxslər cəmiyyətdə nələrin baş verdiyini yaxşı bilir, dərk edirlər. Amma bununla belə keçmiş Rəhbərin caynağına hər hansı bir bayağı, mənasız bəhanə vermirlər. Çünki onlar o Rəhbərin vaxtında hakimiyyətin quyruğunda əsir olublar, üstəlik dövləti onun əlindən qəbul ediblər. – Artist yenə qəzəbləndi, həyacan hirs yığıldı. – Hə, o, ətrafına yaltaqları yığmışdı və camaatın gözü qabağında həmən yaltaqları ələ salıb dolayırdı. Anlayırdı ki, hər yaltaqın içində gələcəyin bir tiranı yatır və həmin o balaca tiranlarda özünün kədərli oxşarını görürdü. Bunlar dünəndə qalıb. Guya bu gün vəziyyət yaxşıdı, hər şey bitib? Ölkə nəhəng dəlixanaya dönüb. Hətta Kreml gərəksiz kontor kimi nəzarətsizdi, əldəqayırma siyasət vunderkindləri öz xeyirləri üçün ölkəni dalana dirəyiblər. Xalqa yalançı yenidənqurma möcüzəsi vəd ediblər, amma əsl həqiqət başqadır. Hamı vəhşiləşib, yabanı olub insanlar. Aləm od tutub yanır, bu yandan da bir topa pisniyyət gədələr məhsulyyətsizcəsinə adamları daha fəal olmağa çağrışırlar. Belə siyasətbazlarla müqayisədə keçmiş Rəhbərin adını dahilərin cərgəsinə qoymağa hazıram.
Saday Sadıqlı səhnədə sürəkli alqışlara bürünən onlarla monoloqu əzbər bilirdi, Mopassan Mirələmov isə vaxtında təcrübəli teatr adamı olaraq bu monoloqlara heyrət içində qulaq asmışdı. O, əvvələr də bilirdi ki, Saday Sadıqlı çoxdan artisliyin fövqündədir. İndi isə içini qorxu bürüdü. Sadaya etiraz eləmək fikri yox idi, amma elə bil birdən onu arı sancdı. Qəzəblə əlini ovuşdurub, aktyorun sözünü kəsdi:
– Dayan, dayan! Sözündən belə çıxır, Sumqayıt hadisələrini də o törədib ki, Kremldən qisas alsın.
– Yox, mən bu fikirdə deyiləm, – Saday tərəddüd eləmədən bildirdi. – Əslində tam əminəm, başıboş adamlar sarsaq başçıların təhriki ilə Sumqayıt faciyəsini törədəndə, o, bağda televizorun qarşısında oturub acı göz yaşları tökürdü. Sovet Sosialist Respublikalarının heç birində baş verməyən bu hadisəyə görə dəhşətə gəlirdi ki, gör nadan siyasətçilər məsələni nə yerə çatdırdılar.
– Bəsdi sən Allah! Onun necə əlçatmaz olduğu, guya, yadından çıxıb. Əslində öz yerlilərinin əlindən qəzəblənmisən, indi hamısı, dil boğaza qoymadan erməniləri söyürlər. Axı sən bilirsən ki, ermənilər onun hiyləgər və qanlı siyasəti nəticəsində bizdən üz döndəriblər. Özünü elə aparırsan, guya bu boyda həngamə baş verib, sən də bütün bunlardan xəbərsizsən. Tərifləyirsən onu, nədi-nədi vəzifə borcu və qaydalar belə tələb edirmiş. Axı onun səni görməyə gözü yox idi, bunu hamı bilir.
Artist Mopassanın saxta və gecikmiş cəsarətindən təngə gəldi.
– Özün kömək ol, Allah, özün kömək ol! – Demək olar bağırdı. – Yenə də yalan deyirsən, Mopoş , o, hərdən mənə rəğbət göstərirdi. Etiraf edirəm, amma hər zaman öz maraqlarını güdüb. O da var ki, xalqın dəyər verdiyi adamları bir kənara tullamayıb. Bu mənada keçmiş Rəhbər mənə diqqət yetirib, işin belə alınmağında isə bizim təqsirimiz eyni dərəcədədir. Kiflənmiş sistemə nifrət hissi mənim canımdadır. İndi ağlıma gəlir, o hansısa bir hissiyatla donkixotluğumu duyubmuş. Çünki o, istedadlı idi, Mopoş! – Artist çılğınlığını boğub bir qədər düşündü, sonra özünü ələ aldı: – O, dövlət təltiflərini və ucuz söhrəti mənə vermədi. O, məni öz üstünə gələn tufanın qarşısına itələdi. Bu qərəzsiz faciə və komediyada mənim rolumu öz əli ilə bölmüşdü. Həmişə o fikirdə olmuşam ki, içimdəki azadlığı qoruyub saxlamaq üçün davamlı olaraq dövlətlə münasibətləri korlamaq gərəkdi. Bu mənada mən onu özümə xaç atası sayıram.
– Əzizim, sənə elə gəlmir ki, davamlı olaraq özün-özünü təkzib edirsən?
Hirsindən od tutub yanan Saday Sadıqlı onun son atmacasını ya eşitmədi, ya da qəsdən qulaq ardına vurdu.
– Elə o vaxtdan güc topladım ki, istənilən zərbədən sonra ayağa dura bilim. Daha indi, gücüm yoxdu, qalmayıb. Mopoş, anamın qəbrinə and olsun, heç nəyi başa düşə bilmirəm. Boynuma alıram, Mapoş, qorxuram. Canım biri bitməmiş o biri başlayan dəhşətli yuxuların caynağına keçib. Nə vaxtan bəri çalışıram ətrafla bütün əlaqələri üzüm. Dünya ilə təmasın hər anı məni zibilə salır, başıma bəla gəlir. Adamlar tanınmaz dərəcədə dəyişiblər. Mopoş, səncə bu dəhşətli deyilmi, ölkədə bircə nəfər Allah adamı yoxdur ki, öz dərisindən qorxmayıb xalqa həqiqəti desin. Hanı bizim mərhəmətli millətimiz? Hanı bizim nur saçan ziyalımız? Çoxdan hiss etmişəm, Mopoş, bu barədə əvvəllər də fikirləşmişəm: bizim keçmiş “millət atası”nın mənim kimi tək-tək asilərin boğazına bağladığı zəncir, o bu dünyada yaşasa da, yaşamasa da bədbəxt ziyalıları boğub öldürəcək, məhv edəcək. – Artist susub dediyi sözlərdən sonra boşalmış içinin dərinliyinə çökdü.
Mopassan təlaş içində kreslodan sıçrayıb qışqırdı.
– Qardaş, sən dahisən, Allah haqqı, dahisən! Necə möhtəşəm monoloq söylədin. Bəs axı mən nə deyirəm? Mən də sən dediyini deyirəm də.
– Yox, sən ölkədə yeni bir, Xozeyin yaratmağımı istəyirsən. elə bir Xozeyin ki, işi-gücü qurtaranda gəlib burda bizimlə məzələnsin. Axı keçmiş Xozeyinin yerinin boş qalmağı gözümün qabağındadır. Bu gün xalq o boş qalan yerdən gözünü çəkmir və şeytan xisləti ilə xəlvətcə o yerin yiyəsinin – keçmiş xozeyinin xiffətini eləyir. Onun qüdrəti bax bundadır. Öləndən sonra elə bir boşluq qoyub ki, həmən boşluğu özündən sonra heç kim doldura bilməz.
– Bu dəfə özü titrəyən əlləri ilə qədəhinə konyak süzdü, dərhal içdi. Başının hansı hissəsindəsə əmələ gələn dəyişikliyin nədən ibarət olduğunu anlamağa çalışdı.
– Nəsə soruşmaq istəyirəm, yadımdan çıxır. Dedin ki, Babaş Ziyadov məqalə yazıb. Nə yazıb? Yoxsa o şeytan da Köhnənin bostanına daş atır? – istehza ilə soruşdu.
– Yox, mən bilən orda Köhnədən söhbət getmir. Həmyerlin əsasən ermənilərdən danışır. – Mopassan gülümsüməyə çalışdı. – İndi taparam, harasa qoymuşam. – Ayağa qalxıb qalın qovluğun arasındakı qəzeti çıxartdı.
Məqalə “Kommunist” qəzetinin tam bir səhifəsini tuturdu. Tən ortada qara həriflərlə başlıq yazılmışdı: “Ermənilərin alçaq hərəkətləri” sonda müəllifin imzası qoyulmuşdu: “Babaxan Ziyadxanlı”.
Saday Sadıqlı mətnin içində qara şiriflərlə verilmiş “nankor”, “hiyləgər”, “qatı düşmən” sözlərini eynəksiz də seçirdi. Qəzeti kənara qoymaq anında gözünə “İstazn” sözü sataşdı və bundan sonra eynəyi çıxarıb yazını başdan-ayağa oxudu.
Bəlkə də artist əvvəllər belə bayağı, yolverilməz, populist sayıqlamalara təzə-təzə cükküldüyən tarixçi alimciyəzlərin məqalələrində və xəstə təxəyüllü roman yazanlarda rast gəlmişdi.
Babaşın məqaləsindən dərhal bilinirdi ki, onun fikirlərinin mənbəyi həmən uydurmalardır.
Babaş Ziyadova görə “İstazn” sözünün ilkin mənası “usta ozan” deməkdir və guya ermənilər bu yerin qədim sakinlərinin izini itirmək məqsədi ilə sözü öz dillərinə çeviriblər. Guya həmən “usta ozanlar” bizim eradan üç min il əvvəl İkiçayarasına aid (Dəclə və Fərat) Əylis dağlarında məskunlaşan Şumerə bənzər bir tayfa olub, “Şumer” dövlətini də bir başqası deyil, onlar yaratmışlar, sonra da bu hesaba qədim dünya mədəniyyəti “Şumer” adıyla intişar tapmışdır.
Babaxan Ziyadxanlıya görə Əylis sözünün mənası adamların gəlib-gəlib dayandıqları yer – “Əylənmək” deməkdir. Guya Əylisdə heç vaxt erməni yaşamayıb. Oradakı kilsələr, məzarlar “OdƏrlərə” məxsusdur. “OdƏr” sözünün də mənası “Gur od” deməkdir. Alov saçan bu torpaqlar nə səbəbdənsə “Alban” adlandırılan türklərə məzsusdur. Müəllif dəridən-qabıqdan çıxıb sübut eləyir ki, “namərd qonşular” tədricən bütün tarixi həqiqətləri təhrif edib, Azərbaycan ərazisindəki bütün toponimləri dəyişərək erməniləşdirmişlər. Məsələn, onlar “OdƏr Mən”i Girdiman, “Gur su”yu Gorus, “Qurbağ”ı Qarabağ, “Əlvənd”i Erevan eləməklə tarixi özlərinə sərf edən şəkilə salmışlar. Guya OdƏrlərin dilindəki “Qapıağzı” kəlməsi nankor qonşuların səyi nəticəsində “Qafqaz” olub. Vaxtı ilə yenilməz türk kişilərinin adını bildirən “Ərmən” sözü Qafqaza heç bir aidiyyatı olmayan bir xalqın – ermənilərin adına çıxılıb.
Babaşın palaz boyda məqaləsi şair Uluruh Türkmənməkanın yeni zamanın himninə çevrilən bu misraları ilə birtirdi:
Azərbaycan – mən qəhr olum, sən yaşa.
Sən dirisən, demək oğlun diridi.
Can istəsən kim verməsə birbaşa,
Demək, o şəxs şərəfsizin biridi.
Babaşın bu cəfəngiyatını oxuyanda artist xəyalən Əylisi küçə-küçə, ev-ev dolaşdı. İstazınadan (Astvasduna) Vuraqırda – Vardaketə qədər keçib getdi, məqaləni oxuyub bitirəndə isə, nədənsə ağlına gəldi ki, o bir daha Əylisi görməyəcək, Əylisin bağlarına, küçələrinə ömürlük həsrət qalacaq.
Gözünün qabağında Əylisdə anasının müsəlman qəbristanlığındakı tənha məzarı canlandı. Bir həftə idi ki, hər axşam anası Sadayın yuxusuna girirdi. Gəlib otururdu çarpayısının böyründə, istəyirdi onunla danışsın və hər dəfə də bir kəlmə kəsmədən qeyb olurdu. Niyə susurdu, nədən narazı idi? Saday bu susqunluğun səbəbini ondan soruşa bilmirdi. Lap düzü, bacarmırdı, dili batırdı. Yuxudan oyananda isə ağlına gələn bu olurdu ki, bəlkə anasının narazılığının, nigaran qalmağının və dinib danışmamağının səbəbi oğlunun Eçmiədzinə getmək fikri ilə bağlı idi. Yalnız buna görə ola bilərdi, axı bundan ayrı elə bir hərəkəti yox idi ki, anası onu dindirməsin.
Birdən ona elə gəldi ki, ümumiyyətlə işıqlı dünyada Əylis adlı bir yer yoxdu və heç zaman olmayıb. Nə Babaş olub, nə Camal, nə Lüsik. Nə o kilsə, nə də onun günbəzindən yayılıb dörd bir yana nur saçan həmən o sarımtıl-narıncı ilahi işıq olub. Lap axırda boğazını dolduran qəhəri udub, bəlkə Allah da uydurmadı – deyə düşündü. Bəlkə o, yoxdu və heç zaman olmayıb.
– Babaş Ziyadov nə vaxtdan Babaxan Ziyadxanlı olub? – Rəngi boğulmuş halda
Soruşdu? – onun bir babası Əylisdə əldəqayırma molla idi, o birisi çayxana qumarbazı.
Mopassanı gülmək tutdu, çaşqın halda üzünü yana çevirdi.
– Bax hələ, alçaq nə təhər çönüb, – Saday Sadıqlı davam elədi. – Nə abrı var, nə
həyası. Hakimiyyət hərisliyi adamı hansı şəkilə desən salar. Öz el-obasına böhtan demək üçün bu Götxan Amcıqxanlının ehtiyatında hansı söz desən tapılar, di gəl xaç atasının xətrinə dəyən bircə kəlmə tapıb deyə bilməz. Mopoş, axı bu Götxanı, Allah gildən yoğurmayıb, onu da o yaradıb, bizim Rəhbər. İndi, əzizim, mənə de görüm Babaş Ziyadova kim ixtiyar verib ki, rəsmi partiya qəzetində ağzına gələni yazsın və altına da Babaş Ziyadov yox, Babaxan Ziyadxanlı imzasını qoysun. Halbuki bu tulanın nəsil-nəcabətində nə bəy olub, nə xan.
– Nə deyə bilərəm, – uzun sükutdan sonra Mopoş dilə gəldi. – Yəqin, qərar belə
– Kim qərar verib?
– Yuxarı. Belə məsələlər harda həll olunur ki?
– Yoxsa yuxarıda müharibəyə başlamağa hazırlaşırlar? Əgər Babaş onların öz
adamıdırsa, niyə belə düşüncəsiz, məsuliyyətsiz “meydan qəhrəmanı”na demirlər ki, odun üstünə yağ tökməsin.
Direktor açıq-aşkar qərara gəldi ki, artistə öz ağlını nümayiş etdirməyin və məsələyə dövlət yanaşmasının nədən ibarət olduğunu bildirməyin münasib məqamı yetişib.
– Sənin səfehliyin, vicdan haqqı, məni məhv edəcək. Görürsən ki, bu sehrbaz
cəbhəçilər “Qarabağ, Qarabağ” deyib bağıra-bağıra nə əməllər törədirlər? Qarabağ onların qozuna da deyil. Onların fikri iqtidarı yıxıb hakimiyyəti ələ keçirməkdi. Küçədə ermənini söyməyənə qulaq asan yoxdu. Belə vəziyyətdə dövlət neyləməlidi? Onlar da öz məqsədlərinə görə erməni kartından istifadə eləməyə məcburdular. Bu siyasətdi, ustad. Siyasətin isə min sifəti olur. – Mopasan gülümsədi, görünür bu dərəcədə dərin ağıla malik olması şəxsən özünün də xoşuna gəlmişdi.
– Bəli, bəli, böyük siyasətdi. Allah haqqı dahiyanədi. Deməli, qaraguruhun bəxti
bu dəfə də gətirdi, alçaqlıq üçün geniş üfüqlər açılıb. İndi istənilən iyrəncliyi eləyib günahı erməninin üstünə atmaq olar. – Artist direktorun yanına gəlib düz onun gözünün içinə baxdı. – İndi, Mopoş, kişi kimi danışaq: əgər sənin bu pyesin belə “dahi siyasətçi”yə həsr olunubsa, bəri başdan hesab elə ki, mən orda oynamayacağam. O yaşım deyil ki, səhnəyə tullanıb büsbütün bayağı və cəfəng bir şeyi təbliğ eləyim.
Pyesdəki baş qəhrəman obrazının uğur qazanacağına böyük ümid bəsləyən Mopassan Mirələmov bu rolun ifası üçün başqa bir aktyoru təsəvvürünə gətirə bilsəydi, elə bu saat müəllifin üstünə minnətə qaçar, rəhbərliyin icazəsini alar və elə indicə bu haqq-ədalət carçısıyla hesab çəkərdi. İş burasında idi ki, idi o özü də bu rolda bir başqasını yox, yalnız Sadayı görürdü.
– Qəribə şeylər danışırsan, – o dedi – Məgər belə işdə səni aldatmaq yaraşar
mənə? – O, stolun gözündən bir qovluq çıxarıb artistə uzatdı. – Budur pyes “Cənnətə cəhənnəm dedik”. Adındanca bilinir ki, söhbət burada nədən gedir. Axı bunları vaxtilə sən özün deyirdin, bizim ağlımız kəsmirdi ki, anlayaq. İndi cavan bir müəllif çıxıb bu pyesi yazıb. Keçmiş Rəhbərin, siyasi avantüristin obrazını yaradıb. – Direktor susub, bir az düşündü. – Sənin kimi nəhəng artist bu vaxta qədər “Xalq” almamısan. Niyə? Çünki həmişə həqiqəti demisən. Bu siyasi əjdahanın qarşısında heç zaman əyilməmisən. Allaha min şükür, indi hər şey tədricən yerini alır. Yeni Rəhbər də səni yaxşı tanıyır. Bilir ki, sən köhnə Rəhbərə tərif deməyən tək-tük ziyalılardan birisən. Deməli, ilk tamaşadan dərhal sonra çoxdan layiq olduğun adı alacaqsan. Bütün məsələlər danışılıb.
Görünür, Mopassan Mirələmov Saday Sadıqlını tilsimləmək istəyirdi. Məsələyə onun nöqteyi-nəzərindən baxan hər kəs düşünə bilərdi ki, direktor istəyinə nail olacaq. Çünki artist sakit, sanki qisməti ilə barışmış bir tərzdə susub Mopassana qulaq asırdı. Əslində isə Saday Sadıqlı sadəcə, yorulmuşdu. İndi onun nəzərində köhnə Rəhbərlə təzə Rəhbərin, Mopoşla Babaşın, Cambul Camalla Cingöz Şabanın, yalanla həqiqətin, səmimiyyətlə süniliyin arasında heç bir fərq yoxdu. Bütün ətraf gözündə saxtakarlıq və satqınlıqdan ibarət idi. Bunlar bir tərəfə, hansısa izah olunmayan xəcalət, təəssüf hissi yaxasından yapışıb artisdən qopmaq bilmirdi. Ona əzab verən bu acı təəssüf duyğusu nə idi? Bəlkə bu acı hisiyyat bu qədər danışandan, çənə vurandan sonra da Mopassanın qartımış, partiya teatrının həyat əlaməti olmayan devorasiyaları arasında dəyişməz qalmağına görə idi. Bəlkə zahirən yazıq, diribaş amma kilsənin günbəzində bərq vuran sarımtıl-narıncı işıqla, Əylisdə birgə keçirdikləri uşaqlıq illəri ilə heç bir bağlılığı olmayan Camalın bayaq durub gedəndən sonra artistin qəlbində yaranan nəhayəsiz boşluq səbənindən idi. Bəlkə bu ağır, təlaşlı duyğuların əsl baiskarı xəyalən Əbədi Şərin yeni sifətini görmüş, indi Babaxan Ziyadxanlı kimi səslənən yeni adını eşitmişdi? Fərq etmir səbəb nədir, ortada olan bu idi ki, 1989-cu ilin faciyəvi dekabr günü o Mopassan Mirələmovla uzun, ağır danışıqlardan sonra Saday Sadıqlı alçaq bir boşluğun dibinə düşmüşdü. Ən dəhşətlisi isə indi Saday Sadıqlının düşdüyü o boşluqda hətta Eçmiədzin kilsənin müqəddəs səcdəgahı da onun işlədiyi teatrın səhnəsi kimi mənasız və cansıxıcı idi.
O, qanı qaralmış, beyni donmuş halda teatrdan çıxdı.
Dokror Abdasəliyev təsdiqləyir, əgər qətlə yetrilən hər erməninin adına bir
şam yandırılsa, o şamların işığı ayın işığını kölgədə qoyar.
Sıx duman dünyanı udub.
Elə bil dünya deyilən yalnız dumandan ibarətdir. Belə bozluğun ardınca mütləq nəsə olmalıdır. Qatı dumana bürünən dünya heç şübhəsiz ki, üzünü göstərməlidi. Saday bunu bilir, huşu üstündə olmasa da yalnız həmin anı gözləyir. Həqiqətən də duman get-gedə çəkilirdi, di gəl artist indi harda olduğunu anlaya bilmirdi. Açıq-aşkar gördü ki, buz kimi soyuq daş səkinin üstündədir. Guya bura Əylisdi, Vuraqırd kilsəninə gedən daş yolun tən ortasında oturub. Amma oturduğu yerdən kilsə görünmürdü, kilsələrin arxasından dikilən qəlbi dağlar da görünmürdü. Artisti təlaş və qorxu sıxırdı və yenə də dərk eləmək istəyirdi ki, onun olduğu yer haradır. Əgər bu həqiqətən də Əylisdəki daş yoldursa, bəs onda dağlar hanı, kilsələr niyə qeybə çəkilib?
Bax bu an artist şirin bir ümidlə başa düşdü ki, o artıq dağlardan, kilsələrdən, Vuraqırdın küçələrindən çox, çox aralıdadır və elə indilərdə Eçmiədzinə çatacaq. Bu təravətli xoşbəxt duyğular balzam kimi ürəyinin üstünə tökülən anda onu əməliyyat otağından palataya aparırdılar, – bədəninin bütün hey-hərəkətini itirsə də, huşsuz halda, nələrin baş verdiyini anlamaq iqtidarında olmasa da Saday Sadıqlı hansı bir əzasınınsa duyumu ilə yerinin dəyişdirildiyini hiss edirdi.
Yalnız dördüncü gün, axşama yaxın xəstənin vəziyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşdı. Hələlik danışa bilmirdi, amma görünür, səsləri ayırd eləyir və hətta, söhbətin nədən getdiyini duyurdu. Üçüncü gün idi ki, Azadə xanım ərinin yanından aralanmırdı. Münəvvər xanım da günün çox hissəsini Saday Sadıqlının palatasında keçirirdi. Doktor Fərzani sanki Azadə xanımın timsalında çoxdan itirdiyi əziz adamını tapmışdı. Boş vaxtlarında palatanı tərk etmirdi. Yarı Azərbaycan, yarı rus dilində ordan-burdan söhbətləşirdilər. Cəmi dörd gün əvvəl doktor Fərzaninin xəstəni yerləşdirmək üçün ayırdığı palata mehriban ailənin yaşadığı evə bənzəyirdi.
Azadə xanım ərinin düşdüyü ağır vəziyyəti hələlik atasına bildirməməyə qərar vermişdi. Doktor Fərzani də xaiş etmişdi ki, nə qədər, xəstə komadan ayılmayıb atası ilə telefonda danışanda heç zadı bildirməsin, çünki xəbər professora pis təsir edə bilərdi. Amma bu məsələdə doktor Fərzani üzərinə düşən həkimlik borcunun da fərqində idi. “Bir qədər kraniostenoza oxşayır. Nərahat olmayın, keçib gedər.” Axı, bir çox halda kraniostenoz – beyin silkələnməsi, özünü travmatik koma şəkilində biruzə verir.
Nuvariş Qarabağlıdan başqa, doktor Fərzani bir kimsəni xəstənin yanına buraxmırdı. Münəvvər xanim heç Nuvarişi də buraxmaq istəmirdi, çünki onun hər dəfə xəstənin yanından göz yaşlarını axıda-axıda çıxması xoşuna gəlmirdi. Tibb bacısının fikirincə Nuvarişin xəstənin yatağının yanında faciyəvi görkəmlə dayanıb ağlaması ölü üstündə ağlamağa oxşayırdı. Xəstəxanaya gətirilməyinin dördüncü günü Saday Sadıqlının vəziyyətində dəyişiklik hiss olunmağa başladı. O, dilini tərpədib dodağını yalamağa çalışdı. Artist bütün gücünü toplayıb aramsız tərpənən sağ əlini qaldırmağa cəhd elədi və bu Azadə xanımı qorxuya saldı: sanki o, əlini qaldırıb, o dəqiqə də xaç çevirəcəkdi.
Münəvvər xanım xəstəyə ət şorbası içirdirdi. Doktor Fərzani səssiz addımlarla palatada gəzişir, arada bir dayanır, gözünü televizordan ayırmadan nə barədəsə düşünürdü. Televizorun səsini azaltmışdı, sıx saqqallı, iri sifətli bir kişi ekranda əl-qol ata-ata nəsə deyirdi. Yeri gəlmişkən, ekrandakı o idi, şair Xəlilullah Xəlilov. Lelin və partiyaya ithaf etdiyi şeirlərin hesabına otuz ildən artıq bir müddətdə orta məkdəb dərsliklərində yer almışdı. Ancaq onun şeirləri və adı o dərsi öyrənən uşaqların yaddaşında heç bircə il duruş gətirə bilmir, unudulurdu. İndi bu şair dönüb olmuşdu Uluruh Türkmənməkan, yüz minlərlə insan nəinki Lelin meydanında, ən ucqar kəndlərdə – toyda, ölü yerində şairin “Qarabağ – gözümdə çıraq” poemasını əzbər söyləyirdilər.
Təbii ki, doktor Fərzani Xəlilullah Xəlilovdan tam xəbərsiz idi. İndiki halda isə bir həkim olaraq bu adamın aşıb-daşan enerjini hardan aldığını dərk etmək istəyirdi. Nəhayət belə nəticə çıxardı ki, bu məsələni açmaq üçün məxsusi biliyə ehtiyac yoxdu. Çıxışının sonunda şairin qışqıra-qışqıra söylədiyi pafoslu iki misrası ona məhz belə düşünməyə əsas verirdi:
Yurdumun ağası xay ola bilməz!
Ona torpağımdan pay ola bilməz!
– Ay malades, – doktor Fərzani əlini yelləyib televizordan aralandı və yenidən palata boyu gəzişməyə başladı.
– Mən bilən bu saqqallı uşaq Əzrayıldan da qorxmur. Nə zamansa onun özünü də bir pay torpağa basdıracaqları xəyalına da gəlmir, uzaq başı uzunu iki metir, eni əlli-altmış santimetr torpağa. Deyəsən yox, – doktor gülümsündü. – Məncə, onun torpaq payı bir az çox olacaq çünki çənəsi çox iridi.
Doktor, beləcə xoş əhvalla xəstəyə yaxınlaşdı.
– Hələ ki, təyinat qüvvədə qalır, – o dedi, – adamları tanıyıb danışana qədər gözləyək. Nə yolla olur, olsun insultun qarşısını almalıyıq. Əgər insult olmasa Allahın köməyi ilə digər fəsadlardan salamat çıxacaq. Bu barədə danışmaq hələ tezdi. Bizi görmək istəsə özünə gələcək. Əgər istəməsə. – doktor köks ötürüb gülümsündü, – Allah qoysa istəyər.
Saday Sadıqlı həqiqətən uzaqlardaydı. Palatada onların hamısından – doktordan, arvadından, hətta başındakı zədədən, bədənindəki yaralardan çox uzaqda idi. Əylisdə. Bəli, sözsüz ki, Əylisdə idi. Amma bu, gerçək həyatda olan Əylis deyildi. Sadayın beş-altı yaşı olanda, yazda, bax o Əylisdə bir gözəl qara tülkü balası hardansa təzib gəlmişdi. Saday onu cəmi bircə dəfə həyət hasarının dibində görmüşdü. O qara tülkü balası hasarın üstündən ağaca tullanıb, onu budaq-budaq gəzmiş, yaşıl yarpaqların arasnda gizlənmək istəmişdi. Aradan bir neçə gün keçəndən sonra Cingöz Şabanın həmən o tülkünü bulağın yanında, Daş kilsənin divarı dibində necə güllələdiyini də görmüşdü Saday. O hadisə indiyəcən demək olar hər gecə Sadayın yuxusuna girir.
Budur, o tülkü hələ də sağdır. Hasardan ağaca, ağacdan hasara tullanır, Əylisin bu başından vurub o başından çıxır. Və bir Allah bilir ki, dörd-beş yaşında bir oğlan uşağı nə zamandan bəri o gözəl qara tülkü balasının dalınca addımbaaddım gedir. O heç vaxt belə gözəl heyvan görməmişdi. Heç vaxt Əylisdə heylə gözəl yaz da olmayıb. İşıq. Hər yan işiq. Dağlarda günəş işığı. Ağaclarda gilas işığı. Budaqlardan körpə yarpaqlar indi-indi dit verib çıxır. Yasəmən yenicə aşıb-daşır. Hansı il idi, Allah, o il, yazın hansı vaxtı idi? Axı gilasın yetişməyi ilə yasəmənlərin çiçəkləməyi başqa-başqa vaxtlarda olurdu.
Deyəsən, tülkünün üstündə oyun durğuzduğu o hasar daşdan deyildi sarımtıl-narıncı işıqdan hörülmüşdü və divardan süzülən işıq küçələrə, yollara yayılırdı. O işığa qərq olan Əylis səliqəylə yığışdırılmışdı, hər tərəfinə güllər əkilmişdi, küçələr şüşə kimi tər-təmiz idi. O işığa boyanan sular axıb qırağında bənövşə, süsən bitən arxı doldururdu. O qəşəng tülkü balası tullanır, sevinir, oynaqlayırdı, hasarın üstüylə üzü yuxarı- günəş şəfəqləri altında günbəzi qızıl kimi parıldayan Daş kilsəyə can atırdı, onunla birlikdə qoz ağacının açıq-yaşıl yarpaqları, alçalar, əriklər, hasar boyunca arxın üstündə bitib göyərən nə vardısa, hamısı sevinir və elə o sevinc içində onlar da durduqları yerdə oynaqlaşırdılar. Hərdən bala tülkü tünd yaşıl yarpaqların arasında gözdən itir, sonra yenə peyda olurdu. Bax o vaxt – tülkü balasının görünüb, qəfil gözdən itdiyi həmən anlarda xəstəxana çarpayısında yatan Saday Sadıqlı daha dəhşətli ağrılara tab gətirməli olurdu.
Bir sözlə, doktor Fərzani qənaətində yanılmırdı, xəstə həqiqətən də uzaqlardaydı. Doktor onu da düz deyirdi ki, indi hər şey onun özündən asılıdır – yaşamaq da , ölmək də, istəsə o uzaqlardan qayıdacaq, istəməsə yox, elə oralarda qalacaq.
Xəstə hələ ki, geri dönmək isləmirdi. Nağıllardakı kimi qəşəng tülkünü qarabaqara izləməkdəydi. Oğlanın yeganə arzusu onu tutmaq, bağrına basmaq, öpüşlərə qərq etmək, onun qəşəng başını, quyruğunu tumarlamaq idi. Hələ ki, o tülkü diriydi, sağlamdı. O nur saçan hasara dazıyırdı, kefi istəyəndə yaşıl yarpaqların arasında görünməz olurdu və bizim Saday Sadıqlının da nəfəsi gedib-gəlirdi hələlik.
İlin sonuncu günü xəstəxanaya gələn Münəvvər xanımın ilk görəcəyi iş xəstənin sarığını dəyişmək oldu. O, sevinc içində həkimə məlumat verdi ki, xəstənin çıxan iki barmağı, dirsəyi və biləyi tam normaya düşüb. Yeganə fiziki problem xəstənin gipsə salınmış sağ ayağındakı sınıqla bağlıydı. Xəstənin huşunun özünə qayıtması isə hələ müşahidə olunmurdu – bilinmirdi ki, o ətrafda gedən danışıqlara reaksiya verir, ya yox.
Azadə xanım əvvəldən planlaşdırmışdı ki, palatada yeni il süfrəsi açsın. O, yeni il axşamını birlikdə qeyd etmək üçün Mərdəkandan atasını gətirməyi də nəzərdə tutmuşdu. Çünki doktorun da, Münəvvər xanım da bayram keçirmək üçün özgə bir yerləri yox idi.
Ancaq doktor Abasəliyev, gündüzdən şəhərə getməyə söz verməyinə baxmayaraq axşamüstü fikirindən daşındı. Yeni il tədbirinə xeyli qalmış zəng çalıb dedi: “Belə vaxtda bağı nəzarətsiz qoymaqdan qorxuram. Bütün ölkəni quldur yığnağına döndəriblər. Mənim heç mərdəkanlılara da etibarım qalmayıb”.
Azadə xanım ömründə ilk dəfə yeni ili atasından ayrı qarşılayırdı. Xəstəxananın yaxınlığında yaşayan Münəvvər xanım təzə ili Azadə xanımla birgə qarşıladı, sonra isə çıxıb getdi evinə. Doktor Fərzani Münəvvər xanımı evinə yola saldı, bir necə dəqiqəliyə palataya nəzər salıb kabnetinə çəkildi və gözəldi ki, qızı Moskvadan nə zaman zəng çalacaq. Azadə xanım əri ilə palatada təkbətək qalanda istədi onu oyatsın, ona uzun illərdən bəri ürəyinin ən dərin guşəsində saxladığı sözləri desin, o sözlərlə ərini uşaq kimi sığallasın. Amma o gecə Saday Sadıqlı nə söz dedi, nə söz eşitdi. Artistin yalnız gözləri danışırdı. O bir çüt göz eləcə gah gülürdü, gah ağlayırdı. Əksər vaxtda isə uzaq, çox uzaq bir nöqtəyə dikilib qalırdı, elə bil bir cüt göz əlçatmaz-ünyetməz uzaqlarda Allahın özünü görür və ona baxmaqdan doymurdu.
Saday Sadıqlının xəstəxanaya düşməyinin onuncu günü idi, doktor Abasəliyev sübh tezdən gözlənilmədən palatanın qapısını açıb içəri girdi. Boğazlı yun köynəyin üstündən gödəkcə geymiş qocaman pisixiator qapının ağzında dayananda doktor Fərzani xəstələrin səhər müayinəsini yenicə birtirmişdi, palatanın lap uzaq küncündəki kranın qarşısında əlini yuyurdu. Münəvvər xanım doktor üçün səhər yeməyi hazırlayıb dəyirmi stolun üstünə qoymuşdu. Azadə xanım pəncərənin qabağında dayanıb həyətə baxır, ötən həftə baş çəkməyə imkan tapmadığı atası barədə düşünürdü. Xəstə isə əvvəlki qaydada yatırdı və yatdığı yerdə dörd-beş yaşlı uşaq kimi gülümsəyirdi. Fəqət gözlərindəki işıq qəmli, kədərli işıq idi.
Bayırda bərk külək əsməyinə baxmayaraq hava aydın və günəşli idi. Palataya daxil olan kənar adam çox güman, dərhal düşünərdi ki, pəncərədən içəri süzülən gün işığı burada hamıdan çox simasında bir parça təbəssüm donan xəstənin ürəyincədir.
Doktor Abasəliyev gödəkcəsini soyunmadan kürəkəninin üstünə atılıb onu öpdü. Sonra doktor Fərzaninin əlini möhkəm sıxdı, dinməzcə Münəvvər xanımın çal saçına toxundu. Yalnız bundan sonra gödəkcəsini soyunub stullardan birinin üstünə atdı, qızının alnından öpüb çarpayının yanında kresloya əyləşdi.
Doktor Fərzani heyrət eləyirdi, artıq yaşlaşmış tanışının belə qıvraq qalması və cavanlıq şövqünü saxlaması inanılmaz gəlirdi ona və bəlkə bundan daha çox ağır xəstənin çarpayısı yanında özünü bu qədər nikbin, həyatsevər aparmağı, başqa sözlə, professorun psixoloji möhkəmliyi təcübləndirirdi onu. Axır ki, professor Abasəliyev imkan vermədi, doktor bir kəlmə söz desin, qızının gözünün dərinliyindəki gizli təlaşın da fərqinə varmadı. Əylisin vətənpərvər oğlu titrəyən əlləri ilə dizinin üstündə tutduğu çantanı açdı, topa yazılı kağızın arasından bir vərəq çıxardı, vərəqi bayraqsayaq yelləyib köksü atlan-atlana danışmağa başladı.
– Cavan oğlan, sənə gözəl-göyçək Əylis gətirmişəm. Demə nağıl danışır. Hamısı burda yazılıb. Yüz faiz doğrudur. Axı sənə bir əylisli tacirin gündəliyi barədə danışmışdım. Mən o gündəliyi türklər Əylisi dağıdandan irəli Mirzə Vahabda görmüşdüm. Vətən müharibəsindən sonra dostum Erevandan həmən əlyazmanın rus dilinə tərcüməsini gətirdi. Mən də bilmirdim hara qoymuşam, çox axtardım. Budur, axır ki, köhnə kitabların arasından çıxdı. Rusca adı belədir: “Dnevnik Zakariya Akulusskoqo”. Məncə, sonuncu söz Akulis yox, Aqulis olmalıdır. Çünki əksər qədim kitablarda söz “k” ilə yox, “q” ilə yazılıb. Ola bilər, ruscaya tərcümədə “q” dönüb olub “k”. Əylisdə o, sən də bilirsən, hələ indiyəcən Zəkəriyyə Əylisli kimi xatırlanır. Mirzə Vahab da həmişə elə deyirdi. Rəhmətlik atam bu tacir barədə çox şey bilirdi. Doktor Abasəliyev gözünü xəstədən ayırıb Fərzaniyə baxdı. – Fərid, onun Əylisdə böyük hörməti vardı, hətta müsəlmanlar uşaqlarına onun adını qoyurdular! – Təzədən kürəkəninə sarı çevrildi – Cavan oğlan, heç başqa bir yerdə görmüsənmi müsəlman öz uşağına Zəkəriyyə adı qoysun? Əylisdə sən də zəkəriyyələrlə ilə qarşılaşmısan. Yadındadı, biz orda olanda biri gəlmişdi, özünə patefon aldı. Onun bircə valı vardı, Xan Şuşinskinin valıydı. Səhərdən axşamacan oxudurdu.
” Kim çəkər nazın,
kim çəkər nazın,
Doktor Fərzaninin getməyə hazırlaşdığını görən professor bir dəqiqə söhbətinə ara verdi. – Sən hara? Otur, qulaq as! – Cərrah keçib öz yerində əyləşəndə, davam elədi. – Gündəlikdə 1630-cu ildə anadan olduğunu yazıb. Fikir ver, əylisli erməni anadan olduğu ili, ayı, günü alman dəqiqliyi ilə ətraflı və dürüst qeyd edib. “.. bazar günü, müqəddəs Georgi günü, günortadan sonra”. – o, çantadan daha bir vərəq çıxartdı. – Bu da onun ticarətə başlamağı barədədi. 5 mart 1647-ci ildə, on yeddi yaşında ipək yükü ilə Əylisdən çıxıb. ” Bu gün mən Zakarı Əylisdən yola düşdüm. Müqəddəs ruhun köməyi ilə! Əgər harda maraqlı bir əhvalat görsəm, bu dəftərə yazacağam. Əgər kimsə mənim yazdıqlarımda yalan axtarmağa başlasa qoy Müqəddəs Ruh onun ağlına işıq salsın”. Fikir verirsən o, “ağıl versin demir”, “işıq salsın” deyir. Niyə? Keçib getdiyi səyahət yoluna bircə-bircə nəzər sal: Erevan, Kars, Ərzurum, Toqat, Bursa, İzmir, nəhayət Stanbul. Niyə o hər yerdə İstanbul əvəzinə Stanbol yazır? Onun birinci səyahəti on ay çəkib, dekabırın sonunda Əylisə dönüb. Daha sonralar haralarda olmayıb: Yunanstan, Venesiya, İspaniya, Portuqalya, Almanya, Polşa, Hollandiya.
Azadə xanım atasının qalıb soyumuş çayını təzələdi.
– Heç olmasa bircə stakan çay iç, – dedi – sənin erməni tacirin heç yerə qaçmır.
– İçmişəm. Axı bilirsən gündə bircə dəfə çay içirəm. – Doktor Abasəliyev hirslə qızına cavab verib, elə o hirsli səslə də davam elədi. – Bilirsənmi şahlar, xanlar, sultanlar Əylisin başına hansı müsübətləri açıblar: “1663, 10 iyul. Əylis. Bu gün şah Abbasın canişini Əylisə gəldi. O on altı yeniyetmə oğlanın və qızın adını bir kağıza yazdı, amma heç kimi özüylə aparmadı. Bu dəfə bizi Allah saxladı. Şah Abbasın vəliəhdi Şah Süleymanın isə Əylisə gətirdiyi bədbəxtlik nə yerə sığar, nə göyə. Səfiqulu Xanın əmrinə əsasən bu gün Erevandan Əylisə Qağayız bəy adında naməlum bir şəxs gəldi. Onun başında otuz atlı vardı. Şahın əmri ilə onlar Əylis əhalisindən 1000 tümən toplamalı idilər. Rüşvətxorluğun, zülmün, zorakılığın həddi bilinmirdi. Onlar yüzdən çox adama işgəncə verdilər, otuz beş nəfəri asdılar. Amma bütün bu zülümdən sonra bədbəxt əhalidən cəmi 350 tümən toplaya bildilər. Doktor Abasəliyev 340 il bundan irəli doğulan, bütün dünyanı dolaşan erməni tacirin rus dilinə tərcümə olunmuş gündəliyini nəinki oxumuşdu, hətta başdan-ayağa əzbərləmişdi. Yaşı səksəni adlamış bu kişinin qeyri-adi yaddaşı doktor Fərzanini heyrətə gətirirdi.
– “Bu gün Əylisə Xosrov ağa gəlib caamata elan elədi ki, onu Qohman hakimi təyin eləyiblər. O, Meqrindən, Sorutdan, Lehramdan çox adam gətirmişdi.- Sonuncuya qabaqlar Nehrəm deyilirdi. – Əylis mələyi Ovanesin başına oyun açdılar. Eşşəyin üstünə qoyub zurna çala-çala bütün kəndi dolandırdılar. Axırda 100 tümənini alıb boşladılar. – Doktor Abasəliyev bir neçə dəqiqə çantadakı kağızları qurdaladı. – Fikir ver, cavan oğlan, təsəvvür edirsən, 1669-cu ildə iyulun 22-də Əylisə qar yağıb! 1677-ci il, iyunun 3-dən avqustun sonuna qədər bir damcı da yağış düşməyib. 1680-ci ildə elə leysan töküb ki, yatağından çıxan çay evləri yuyub aparıb. Ardınca elə quraqlıq başlayıb Əylisdən Təbrizəcən əhali hətta içməli su da tapmayıb. 1667-ci ildə Əylisdə 200-dən çox uşaq qızılcadan tələf olub. 1679-cu ildə Erevanda elə zəlzələ qopub ki, hətta Əylisdə evlərin və kilsələrin divarları çat verib. Zakari Aqulis Əylisin bütün kilsələrini qeyd edir. Vəng kilsəsi – Müqəddəs Foma kilsəsi. Sən onu tanıyırsan.Vuraqırd – Vardakert sözünün təhrif olunmuş şəklidir. Bizim gördüyümüz Vuraqırd kilsəsi Müqəddəs Xristofor kilsəsidi. Bizim Daş kilsə dediyimiz Müqəddəs Osip kilsəsidi, gərək ki, Zakari Aqulisin yaşadığı dövrdə tikilib. Bəlkə də bərpa olunub və 1665-ci il noyabrın 5-də yenidən istifadəyə verilib. Gündəlikdə belə yazılıb. – Doktor Abasəliyev bir müddət yenə kağızları eşələdi. – “1668-ci il. 4 yanvar. Bu gün Əylisdə zəlzələ oldu. Bu gün Əylinin qərb səmasında kometa göründü. O, bizə günahlarımıza görə cəzanın olduğunu xatırladır.
1668-ci il.21 dekabr. Müqəddəs Foma kilsəsinin rəhbəri Arximandrat Petros kilsəni dörd tərəfdən hündür hasara saldırdı. Günbəzin və zəng qülləsinin tikintisində çay daşalarından və bişmiş kərpicdən istifadə edildi. Ustalar Kürdüstandan gəlmişdilər. – O zaman türk vilayətlərinə daxil olan Van, Bitlis, Diyarbəkr Kürdüstan adlanırdı. – İç divarlar daşla üzləndi. Kilsəyə su çəkildi. Allah bütün ustalara güc-qüvvət verdi.”
Doktor Abasəliyev daha xəstə tərəfə gözünün ucuyla da baxmır, biri-birinin ardınca çantadan dartıb çıxardığı vərəqləri elə boğuq səslə oxuyurdu ki, sanki özü-özünə mütaliə edirdi.
Münəvvər xanım anladı ki, bu iş uzun çəkəcək, müdaxilə elədi:
– Doktor, axı hər yerdə onların erməni yox, alban olduqları yazılır.
Doktor Abasəliyev sanki bircə anı da olsun boş yerə vaxt itirmək istəmirdi. Amma bununla belə başını qaldırıb tibb bacısına baxdı, gözünü kağızdan ayırmadan qışqırdı:
– Sənin dediklərin tam məntiqsizdi! Əgər kimsə özünü erməni adlandırırsa, mən necə deyə bilərəm ki, yox, sən erməni deyilsən? Sən hansısa albansan, ləzgi, talışsan, yaxud bütün bunların cəminin qarışığısan? Düzdü, bəziləri Əylis ermənilərini “zok” adlandırırlar. Onların dili də Erevan ermənilərinin dilindən bir qədər seçilir. Yazılarında da fərqlər tapmaq olar. Axı bizim Ordubadın müsəlman kəndlərinin də hərəsi öz ləhcəsində danışır. Şəkilini bakılı ilə qarışıq salmaq olmur – gör nə qədər dil, xarakter, adət fərqləri var. Ermənilərdə də eyni haldır. Bilmirəm bu albanlar kim imiş, harda yaşayıblar. Amma Əylisdəkilərin erməni olduğu dəqiqdir. Ermənini növlərə bölməyə nə ehtiyac var. Bəli, – doktor bu dəfə də Fərid Fəzaniyə müraciətlə dedi. – VIII-XIII əsrlərdə necə ərəb yürüşləri olub, eləcə də türk, tatar-monqol, oğuz, səlcuq yürüşləri olub. Sonralar üç yüz il bu torpaqlar İranın və Türkiyənin qanlı döyüş meydanına çevrilmişdir. O gəlir qırır, bu gəlir qırır. Əgər işgəncə verilərək öldürülən hər erməninin üstündə bir şam yandırsaydılar, o şamların işığı Ayın nurunu kölgədə qoyardı. Ermənilər hər əzaba qatlaşıblar, amma heç zaman öz etiqadlarından dönməyə razı olmayıblar. Bu xalq işgəncələrdən yorulub, zülümdən cana gəlib, amma yenə kilsə tikməkdən, kitab yazmaqdan, Allahını sevməkdən usanmayıb.
– Bəs elədirsə əlavə torpaq bu xalqın nəyinə lazımdı? Nə qədər istəyirlər göy üzü ilə danışsınlar. – Fərid Fərzani yüngülcə gülüb, cavab verdi.
Doktor topa kağızların arasından bir vərəq də çıxardı.
– “1651-ci il. 7 oktyabr. Təbriz. Qardaşım Simonla Təbrizə getmişdik. Təbriz
hakimi Əliqulu xan istədi Simon müsəlmanlığı qəbul eləsin. Bizi bu böyük bədbəxtçilikdən Allah saxladı.” Bizim qəhr edilən aqulislilər Allaha belə bağlıydılar, Fərid. Əgər müsəlmanlığı qəbul etsəydi, həmən o Əliqulu xan Simonu qızıla tutardı. – O, fasiləsiz olaraq gülümsəyən xəstəyə nəzər saldı, özü də ürəkdən güldü və bayaqkı həvəslə sözünün dalını gətirdi:
– Onların bir əjdaha şairi var – Eqeşe Çarens – 37-də repressiyanın qurbanı olub. Deyib-gülən, tut arağının ölüsü olan bu şair bir dəfə zarafat elədi: “vaxtında əzamızın axmaq yerindən bir tikə kəsməyə qoymadıq, ona görə də müsəlmanlar bütün millətimizin başını kəsməyə qərar verdilər.”
Xəstənin növbəti dərman qəbuluna hələ yarım saat qalırdı. Ancaq Azadə xanım başa düşdü ki, atası gündəliyin oxunuşunu davam etdirmək fikrindədir, çarpayının yanına gəldi, işarə etdi ki, xəstəni rahat buraxmaq lazımdı.
Ata bu dəfə də qızının təlaşını nəzərə almadı. Çantadan daha bir vərəq çıxarıb əyiş-üyüşünü sağallayıb düzəltdi:
– Burada isə belə yazılıb, cavan oğlan. Bax, Zakari Aqulis 10 noyabr 1676-cı
ildə yazıb: “Mən, Zakari bu gün Müqəddəs Ovanes kilsəsinin həyətinə qollu-budaqlı, iri bir çinar basdırdım.” Mənə elə gəlir, Daş kilsənin həyətində çinar ağacı olmayıb. Bəlkə var imiş, unutmuşam, düzünü sən bilərsən.
Bax elə bu an Saday Sadıqlının gözləri qeyri-adi dərəcədə geniş açıldı, qurumuş dodaqları tərpəndi:
– Çeş – me – se – din! Eç – ma- eçmaz – za!
Xəstəxana çarpayısında döşəli qaldığı günlərdən bəri onun dilindən ayrılan ilk
səslər idi ki, hansısa bir sözə oxşayırdı.
“Eçmiədzin”in nə demək olduğunu isə yalnız Azadə xanım başa düşə bilərdi və başa düşdü. özünü ələ ala bilmədi. bərkdən içini çəkdi. dərdli-dərdli hönkürüb ağadı.
– Papa! Papa. – göz yaşları içində danışmağa başladı. – O, hələ danışa bilmir,
papa, O, heç nəyi tanımır. Sən isə ara vermədən danışırsan, danışırsan.
Doktor Abasəliyevin rəngi qəfil ağardı. Sanki sarsıntı keçirmiş adam nə baş
verdiyini, hara düşdüyünü anlamaq istəyir, gah xəstəyə, gah Fərzaniyə, gah Münəvvər xanıma, lap sonda isə onun düşünülməz hərəkəti nəticəsində göz yaşlarına qərq olan yeganə qızına baxırdı.
– Axı o nəsə dedi – o, üzürxaqlıq və qüssə ilə Fərzaniyə söylədi.
– Hə, nəsə pıçıldadı. Əslində xeyli müddət əvvəl danışmalı idi. Nədənsə yubanır.
– Görünür, amneziyanın ağır formasıdır. Niyə əvvəlcədən mənə bildirməmisiniz?
– İmkan verirdin ki, ağzımızı açaq. – Doktor Fərzani az qala sərt tərzdə cavab
verdi. – Uzaqda idin, Əylisə getmişdin, üç yüz qırx il əvvələ, heç kimi gözün görmürdü. – Doktor Fərzani güldü, sonra isə ciddi halda maraqlandı: – Doktor, həmin adamlar həqiqətənmi Əylisdə olublar?
– Əlbəttə olublar! O zaman orada yaşayanların hamısı Allahın nəzərində eyni
insanlar idilər. Onlar su çəkir, bağ salır, daş hörürdülər. İstər sənətkar olsun, istər tacir – ermənilər yüzlərlə yad şəhərləri, kəndləri dolaşıb, yalnız ona görə qəpik-qəpk pul toplayırdılar ki, özlərinin balaca Aqulisini həqiqi cənnət guşəsinə döndərsinlər. On doqquzuncu ildə türklər gəlib Əylisdə xaraba qoyduqları erməni evlərinin dağıntıları altından müsəlman əhali hələ də qızıl axtarır. Hətta əkin üçün yer şumlayanda elə bilirlər ki, bax indicə ayaqlarının altından qızıl çervonlar çıxacaq. Axı onlar həmin ermənilərin köməyi ilə yerin dibindən su çıxarmışdılar, dağların arasıyla fayton yolları çəkmişdilər. Dəhnə qurmuşdular. Çay daşlarından keçələklər salmışdılar, bütün küçələrə çaylaq daşı döşəmişdilər. Həmin o qızılın sayəsində on iki möhtəşəm kilsə yaradılmışdı, bəlkə də hərəsinə tonla qızıl xərclənmişdi.
Xəstə sonsuz bir heyrət içində indi qərar tutduğu uzaq diyardan doktor Abasəliyevə baxdı. Bu adam tanış gəlirdi və Saday Sadıqlı bütün gücünü toplayıb onu xatırlamağa çalışdı.
Qadınlar səbirsizliklə kilsə, keşiş, Əylis söhbətinin nə zaman sona yetəcəyini gözləyirdilər.
Münəvvər xanım xəstənin vəziyyəti barədə bilgi verdi:
– Yaraları sürətlə sağalır, doktor, – Abasəliyevə müraciətlə bildirdi. – Bir əlindəsınıqlar vardı, barmaqları bir neçə yerdən sınmış, çıxmışdı, amma dörd-beş günə hamısı bitişdi. Dizindəki sınıq qorxulu deyil. Ayaq barmaqlarını rahat tərpədir. Orqanizm cavandır, Allah eləsin, tez şəfa tapsın. Ola bilər ki, beyin silkələnməsi vəziyyəti qəlizləşdirsin. Bunu siz hamıdan yaxşı bilirsiniz. Amma on gün az müddət deyil, doktor. Xəstə bu vaxta qədər heç olmasa gərək danışaydı. Bəlkə nə qədər gec deyil onu Moskvaya göndərmək lazımdı? Fərid Qasanoviç də, Azadə xanım da bu fikirdədir.
– Bu amneziyanın konfabuleza formasıdır. Biz psixiatorlar bunu həm də Korsanov sindromu adlandırırıq. Anqioqrafiya olunub? – Abasəliyev doktor Fərzanidən soruşdu.
– Dünən kranioqrafiya olunub. Bizdə anqioqrafiya aparatı yoxdu. – Doktor Fərzani bir qədər susub əlavə elədi: – Münəvvər xanım haqlıdı, ən yaxşısı budur ki, Moskvaya aparılsın.
– Bəs kranioqrafiya nə göstərir?
– Yaxşı heç nə – doktor Fərzani cavab verdi, bir qədər düşünüb əlavə elədi. –
Onun beynində balaca şiş müşahidə edilir. Ola bilər çoxdanın şişidi, indi demək çətindi. İndiki halda xəstəni tərpətmək çox təhlükəlidi, bir az gözləmək lazımdır. Düşünürəm ki, Moskvasız bu işin öhdəsindən gələ bilmərik. – Azadə xanıma baxıb günahkarcasına başını aşağı əydi.
Bir neçə dəqiqə heç kəsin cınqırı çıxmadı. Sükutu doktor Abasəliyev pozub daha bir bəd xəbər verdi:
– Eşitmisən, Aza, Nuvariş neyləyib?
– Yox, neyləyib ki?
– Deyirlər özünü eyvandan atıb.
– Kim deyir? – Azadə həyəcanlı, titrək səslə pıçıldadı.
– Mərdəkanda çörək dükanında arvadlar danışırdılar. Mən özüm də üç-dörd gün əvvəl onun ölümü haqqında radiodan eşitmişəm. Amma bilmirdim ki, özünə qəsd eləyib.
– Ona görə bura gəlmirmiş, – doktor Fərzani dilləndi.
– Allah rəhmət eləsin, – Münəvvər xanım bütün bədənini əsdirə-əsdirə
ümumi kədərə şərik oldu.
Səhər tezdən palataya uşa-uça girən doktor Abasəliyev günortaya yaxın xəstəxanadan çıxanda tamam başqa halda Mərdəkandakı evinə yollandı.
Saday isə hələ də özünün uzaq dünyasında idi. İndi göyçək tülkü balasını qovaraq təpənin üstünə qalxmışdı, kəndin aşağı və yuxarı məhlələrini görürdü, qüruba əyilməkdə olan günəşin şəfəqləri ilə işıqlanan havadan qoz yarpaqlarının su qoxusu qarışmış acımtıl ətri bürümüşdü. Qocaman qoz ağacının yaşıl budaqları onun durduğu yüksəkliyə tərəf əyilmişdi. Uzaqlardan Daş kilsənin divarlarını döyəcləyən suyun səsi eşidilirdi.
Qara, göyçək tülkü balası hələ də yaşıl badaqlar arasında tullanıb düşür, oğlan onu gözdən itirməkdən qorxurdu və həm də ürəyi su istəyirdi. Beyni susuzluqdan yanırdı. Daşdan hörülmüş arxın içiylə şırıldayıb axan və axırda daş hovuza tökülən sərin suyun həsrəti onu bir maqnit gücüylə özünə sarı çəkirdi. Amma tülkü balasını itirmək qorxusu onu suyun üstünə qaçmağa qoymurdu.
Sonra o, tülkü balasının ağacdan daş hasarın üstünə necə atıldığını və öz yoluyla çıxıb getdiyini gördü. Oğlan sevindi, indi o, şırıltıyla axan suyun yanına gedə bilərdi.
Ovcunu suyun axarı qarşısına tutdu. Amma əli bircə gilə də yaş olmadı. Heç sərinlik də yox idi, əksinə isti hava əlini qarsırdı. Oğlan beyninin yanğısını soyutmaq üçün başını arxın içinə tərəf əydi. Yenə də bir nəticə hasil olmadı, hətta gurultuyla axan su da onun beyninin yanğısını söndürə bilmədi. Yalnız bu anda oğlan dəhşətə gəldi, burada başı suya qarışanda qara tülkü balası əbədi olaraq gözdən itib yox olmuşdu. Bu an haradansa qəfil atəş açıldı. Güllələr vıyıltıyla artistin qulağının dibindən uçub getdi. Heç olmasa atəşin hayandan açıldığını müəyyən eləmək üçün bütün gücünü toplayıb başını qaldırdı və nurdan hörülmüş o hasarın yerində indi Əylisdə olan adi hasarlardan biri, üstü gillə palçıqlanmış daş hörgü dayanırdı.
Və o hasarın dibiylə qapqara, yumşaq tüklü gözəl tülkü balasının al qırmızı qanı axıb gedirdi.
Və eləcə axıb gedən qan o qədər qalxırdı ki, hasarı aşırdı. Axan qandan qorxunc bir uğultu qopurdu və bu uğultu Əylis kilsələrinin dərin çatlarında pətək salan, bala qoyan, bal qoyan sonra da qoyduqlarının yerini tapmaq üçün zillət çəkən sürü-sürü çaşqın arı qanadlarından qopan uğultuya oxşayır və həmin uğultu bir an öncə açılan atəş səsinə qarışıb qapqara bulud kimi göyün üzünə yayılırdı.
Saday hər şeyin bitib göz qapaqlarının əbədi yumulduğu, uca-uca göylərin altındakı Əylis dağlarının ən hündür dikində qərar tutduğu vaxt, qəfil Vuraqırd kilsəsini apaydın gördü. – Yenə də “Göyərçin bazarı” idi ora. O, son macalda anladı ki, daha getməyə heç bir yeri yoxdur.
1990-cı il yanvar ayının 12-si, cümə günü yaxınlaşırdı.
Uluruh Türkmənməkan. Bütün gün azadlıq, müstəqillik, Qarabağ haqqında kiflənmiş şüarları bağıra-bağıra xəstə təxəyyüllü, havalanmış kütləni, ərindən yarımayan arvadları küçə-küçə gəzdirib dolandıran Uluruh Türkmənməkan axşamtərəfi mitinqini Paratetdə yerləşən erməni kilsəsinin qarşısına salmışdı. Xəlilullahın qulbeçələri bir saatdan çox idi məbədə od vurmağa çalışırdılar. Heç bir vəchlə kilsəni alışdırmaq mümkün olmurdu. Elə buna görə də dən gəzən dolaşa kimi şairin yan-yörəsini bürüyən vətənpərvər və fəal qadınlar daha da cinlənirdilər.
Azadə xanım Münəvvər xanımla birgə Saday Sadıqlının meyitini yudurtmaq üçün xəstəxana maşınında məscidə gətirdilər.
Xəstəni insultdan xilas etməyə gücü çatmayan, yorğun, peşimançılıqdan üzülən doktor Fərzani kabinetində çöküb qalmışdı. İlk dəfəydi ki, içində yadlıq və gedərginlik hiss eləyirdi. O, öz fikrində Bakı ilə son dəfə vidalaşdı və məxsusi bir həyəcan, ümid, narahatlıq içində qızının Moskvadan zəng çalacağını gözləyirdi.
Parapetin yaxınlığındakı kilsədən burum-burum qalxan qara tüstülər isə getdikcə hey sıxlaşır və 1990-cı il yanvarın on üçünün qan iyi gələn gecəsinin zülmət qaranlığına qarışırdı.
Doktor Abasəliyev Mərdəkanda idi və hələ baş verənlərdən xəbər tutmamışdı.
Əylis kilsələrinin damında gecələyən göyərçinlər sakitcə yatmışdılar və göy üzünə bənzər dərin, mavi yuxular görürdülər.
Daglarin Qedrini Hardan Bilesen – Скачать mp3 бесплатно
Для вашего поискового запроса Daglarin Qedrini Hardan Bilesen мы нашли 50 песен, соответствующие вашему запросу. Теперь мы рекомендуем загрузить первый результат DAGLARIN Qedrini Hardan Bilesen который загружен Fariz Mehdiyev размером 3.22 MB, длительностью 2 мин и 27 сек и битрейтом 192 Kbps.
Обратите внимание:
Перед загрузкой вы можете послушать любую песню, наведите курсор и нажмите «Слушать» или «Скачать» для загрузки mp3-файла высокого качества. Первые результаты поиска – с YouTube, которые будут сначала преобразованы, после чего файлы можно загрузить, но результаты поиска из других источников могут быть сразу же загружены в MP3 без какого-либо преобразования.
Слушают сейчас
Daglarin Qedrini Hardan Bilesen
Марьям Ташаева И Ильяс Эбиев Маржа Я1 2016
Gigachad Phonk Theme
Сибелиус Концерт Для Скрипки
Фархат Ораев Попурри
Sevgin Batsin Miro Yukle
И Скоро Нас Будет Трое
Ամանոր Ջան 2020
Chatterbox King Unique Remix Gu Edit
Будто Ангелы Только Бескрылые
Ketsang Meni O Ldirib Ket
Жаутандаган Жанарын Кундей Кулсин Поэзия
Наталья Сенчукова Блюз Америка
Клип Красная Шапочка
P Nk What S Up Lyrics
Хижрон Севги Азоблар Хиёнат
Dim Zach X George
Скачивают
Ваша Дочка Да Моя Meme Гача Лайф
Мэйби Бэйби Instasamka Diss Xwinner Prod
Бекназар Камчыбеков Cover Эрлан Эдилбек Куйдум Куйдум
Картошка Feat Tayus Jidyashkin Speed Up
Нурила Кереметим Жаны Хит 2023 Mood Video
Pale Blue The New Year
Пошлая Молли Супермаркет Speed Up
Советские Песни Часть 1 Хиты 1965 1968 Песни Ссср
Goro Дорогу Молодым Официальная Премьера Трека
Родственнички Все Серии 5 8 Мелодрама Сериал Выходного Дня
Николай Басков Стебёт Филиппа Киркорова На Протяжении 11 Минут
Гимн Сияния Минус Идеальный Мир
Massari Real Love Feat Elyanna Lyric Video
Comments are closed, but trackbacks and pingbacks are open.