Press "Enter" to skip to content

Bulqr abidələri

Sadaladığımız binalar yalnız Azərbaycanın simasını deyil, həm də maddi-mənəvi dəyərlərini, adət və ənənələrini əks etdirən memarlıq nümunələridir. Bu memarlıq nümunələri getdikcə artmaqda və Azərbaycanımızın dünyada tanınmasına xidmət etməkdədir.

Mədəniyyət

Qədim Bakımız hər zaman tarixi və bir-birindən maraqlı, diqqətçəkən tikililəri ilə göz oxşayıb. Bu siyahıya zamanla yeni-yeni möhtəşəm və bənzərsiz abidələr də əlavə olunur. Hazırda Bakı nəinki respublikamızın, eləcə də dünyanın ən gözəl və müasir şəhərlərindən biridir.

“Bakı Ağ Şəhər”

Müstəqillik qazanandan sonra da Bakının ən görkəmli yerlərində gözəl memarlıq kompleksləri yaradılıb, şəhərin simasını müəyyən edən müasir binalar, göydələnlər tikilib. “Bakı Ağ Şəhər” layihəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilib. Layihə beynəlxalq arenada professionallar arasında ən genişmiqyaslı şəhərsalma layihəsi kimi təqdim olunub.

“Bakı Ağ Şəhər” “Cityscape Global” sərgisində “Ən yaxşı şəhərsalma layihəsi” nominasiyası üzrə mükafata layiq görülüb. Layihə, həmçinin “MIPIM Asia Awards 2011” müsabiqəsində də “Mərkəzi və qərbi Asiyanın ən yaxşı gələcək layihəsi” nominasiyasında mükafat alıb.

Ümumilikdə təkcə layihə deyil, eyni zamanda ayrı-ayrı binalar da Avropa və Asiyada keçirilən beynəlxalq sərgilərdə mükafatlara layiq görülüblər.

“Bakı Ağ Şəhər”in ofis binası layihə mərhələsində olarkən, beynəlxalq səviyyədə memarlar arasında geniş şöhrət qazanıb və bir neçə dəfə “Gələcəyin ən yaxşı layihəsi” nominasiyasına irəli sürülüb. İnşaat mərhələsində isə bu bina Kuala Lumpurda keçirilən nüfuzlu “Asia Pacific Property Awards 2013” sərgisində iki nominasiya üzrə — “Ən yaxşı memarlıq” və “Ən yaxşı ofis binası” üzrə mükafat qazanıb.

“Bakı Ağ Şəhər”in ofis binası təkcə bütün layihənin simvolu deyil, eyni zamanda şəhərin müasir memarlığına öz töhfələrini verə biləcək bir memarlıq nümunəsidir. Cəlbedici, müasir, gözəlliyinə və icra texnikasına görə seçilən binalar Bakının çoxəsrlik tarixi olan mövcud memarlığına harmonik şəkildə qarışır və paytaxtı daha da gözəlləşdirir.

Dövlət Bayrağı Meydanı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli, 2504 saylı Sərəncamına əsasən, Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılmışdır.

2007-ci il 30 dekabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə Meydanın təməli qoyulmuş və 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olmuşdur.

Dənizkənarı 60 hektar ərazidə yerləşən Dövlət Bayrağı Meydanı Kompleksində parklar, gəzinti, istirahət və kütləvi idman-əyləncə tədbirlərinin keçirilməsi üçün sahələr mövcuddur.

Bayraq dirəyinin hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu 70 metrdir və 2450 kvadratmetr sahəni əhatə edir.

Bu monumental kompleksin əhəmiyyətini artıran mühüm amil onun özündə dövlət rəmzlərini birləşdirən məkana çevrilməsidir. Hündürlüyü 5 metr olan pyedestal səkkizguşəli ulduzu simvolizə edir və ətrafında Azərbaycan Respublikasının xəritəsi, Azərbaycan Respublikasının dövlətçilik rəmzləri — himnin sözləri və gerb yerləşdirilmişdir.

Kompleksə Azərbaycanın qədim və müasir dövlətçilik tarixini əhatə edən, dəyərli eksponatların toplandığı Dövlət Bayrağı Muzeyi də daxildir.

Dövlət Bayrağı Meydanı Kompleksinin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını və mürəkkəb mühəndis-texniki qurğuların istismar fəaliyyətini nəzərə alaraq 2010-cu il noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin 355 saylı Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi yaradılmışdır.

Prezident İlham Əliyevin təşəbbüs və ideyası ilə yaradılmış, yüksək səviyyəli xarici qonaqların ziyarət etdiyi bu Meydan dövlət atributlarına olan ehtiramın nümunəsidir və xalqın dövlətə olan münasibətini nümayiş etdirir. Paytaxt Bakı şəhərinin əsas simvollarından biri olan Dövlət Bayrağı Meydanı Azərbaycan Respublikasının gücünü və qüdrətini təcəssüm etdirir və gələcək nəsillər üçün tarixi əhəmiyyətə malikdir.

Bakı Alov Qüllələri

Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvol Alov Qüllələridir (Flamer Towers).

“Alov qüllələri” kompleksi Bakı şəhərindəki ən hündür binadır. Hündürlüyü 190 m-dir. Bura üç çoxmərtəbəli binadan ibarətdir. Alov Qüllələrinə yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kvadrat metrdir. Binanın tikilişi 2007-ci ilin oktyabr ayında başlayıb və 2013-cü ildə tamamlanıb. Birinci qüllənin uzunluğu 182 m, ikinci qüllənin uzunluğu 165 m, üçüncü qüllənin uzunluğu isə 161 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır.

Alov qüllələri 2013-cü ildə Avropanın daşınmaz əmlak bazarında ən iri innovasiya layihəsi olan MIPIM 2013 müsabiqəsinin “Ən yaxşı otel və turizm mərkəzi” nominasiyasının qalibi elan edilib.

Skyscrapercity.com (urbanistika haqqında nüfuzlu forum) saytının keçirdiyi sorğuya görə “Alov Qüllələri” işıqlandırılma üzrə birinci yeri tutur. Üstündə animasiyon mənzərə vermək üçün binalar bütövlüklə ekranlarla örtürülüb.

Beynəlxalq Muğam Mərkəzi

Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə yaradılan, Dənizkənarı Milli parkda yerləşən, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi paytaxtımızın gözəlliyini daha da artırır.

Mərkəz milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilən layihələr arasında YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilib.

2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları ilə birlikdə dəyirmi masa keçirilib və Bakıda Bəynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınıb. Elə həmin il, aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.

Muğam ustaları ilə mütəmadi görüşlərin, məsləhətləşmələrin nəticəsi olaraq Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edilib. 2005-ci il avqustun 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Mərkəzin təməlqoyma mərasimi keçirilib. 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Beynəlxalq Muğam Mərkəzinin açılışını edib.

Üçmərtəbəli bina formasına görə Azərbaycanın qədim musiqi alətləri olan tarı xatırladır. Mərkəzdə 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası da fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi Prezident İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamı əsasında yaradılıb. Mərkəz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir. Azərbaycan Prezidentinin 8 oktyabr 2012-ci il tarixli Fərmanı ilə Heydər Əliyev Mərkəzinin Əsasnaməsi təsdiq edilib. Əsasnaməyə əsasən Mərkəz aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

– Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsini və Heydər Əliyev irsini tədqiq və geniş təbliğ etmək, bu istiqamətdə tədbirlər həyata keçirmək;

– Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya, iqtisadiyyat və digər sahələrdə qorunması və inkişaf etdirilməsini təmin etmək üçün tədbirlər görmək və təkliflər hazırlamaq;

– Azərbaycan tarixi, mədəniyyəti, Azərbaycan dilinin və digər milli mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği;

– elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi və onların inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi;

– Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq konfrans, simpozium, muzey, sərgi, ekspozisiya və digər tədbirlər təşkil etmək;

– Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər qurumlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi.

Mərkəzin təməli 2007-ci il sentyabrın 10-da qoyulub, rəsmi açılışı 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə olub. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Kompleks müasirliyi və yeniliyi özündə təcəssüm etdirən unikal arxitektur quruluşa malikdir.

Milli Gimnastika Arenası

9000 nəfər üçün nəzərdə tutulan Milli Gimnastika Arenası Heydər Əliyev magistralında və Koroğlu metrostansiyası yaxınlığında yerləşir. Milli Gimnastika Arenası Bədii və idman gimnastikasi üzrə keçirilən yarışlar üçün nəzərdə tutulub.

Arenanın dizaynı çox funksiyallığını nümayiş etdirməyə və ev sahibliyi etməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq tamaşaçı yerlərinin sayı 5000-dən 9000-ə qədər artırıla bilər. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanıb.

Xüsusi texnologiya əsasında hazırlanan Arena genişlənə bilər və Ritmik Gimnastika kimi geniş həcmli yarışlara ev sahibliyi edə bilər. Arenada gimnastların beynəlxalq yarışlara hazırlıq prosesi aparılır.

Burada məşqlər üçün nəzərdə tutulan zallar, yeməkxanalar, gimnaziya və auditoriyalar, atletlər üçün xidmət göstərən kafe mövcuddur. Arenada istirahət otaqları, yeməkxana ilə yanaşı əsas yarışların keçirilməsi üçün nəzərdə tutulan 2 mərtəbə və hər qanadda sponsorlar üçün xidmət göstərən VIP kafeteriyalar var. Burada həmçinin müsahibə otaqları, media kontrolu, sponsor və media üçün otaqlar var.

Milli Olimpiya Stadionu

Bakı Olimpiya Stadionunun təməl qoyma mərasimi 6 iyun 2011-ci ildə, Azərbaycan futbolunun 100 illik yubileyinə təsadüf edib. Mərasimdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva, FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini, dünya futbol ictimaiyyətinin görkəmli simaları, futbol veteranları və bir sıra qonaqlar iştirak edib.

Mərasimdə çıxış edən FİFA prezidenti deyib: “Bura həqiqətən də çox gözəldir, görkəmli binadır, 68000-dən çox futbol azərkeşi bura gələrək oyunlardan həzz alacaq”. Sonra isə cənab prezident İlham Əliyev simvolik metal gilizi stadionun bünövrəsinə buraxıb.

Milli Olimpiya Stadionunun 650.000 kv.m-lik ərazinin 225.000 kv m-lik hissəsinin tikinti işləri 2015-ci ilin fevralında tamamlanıb. 6 mərtəbəli və 65.7 metr hündürlüyündə olan stadion Bakı şəhəri ərazisində Böyükşor Gölünün yanında salınıb və 6 mart 2015-ci ildə istifadəyə hazır vəziyyətə gətirilib. Stadionun əsas icarəçisi Azərbaycan Milli Futbol komandasıdır.

Stadion 2015-ci ilin iyununda baş tutan Bakı-2015 I Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilib, eyni tədbirin açılış, bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi edib. Əlavə olaraq, stadionda AVRO-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçiriləcək. Stadion daxilində və xaricində çox avtomobillik dayanacaq sahəsi, gəzinti və yüksək infrastrukturla təchiz edilib.

Stadionunun VVİP, VİP və CİP suitləri ümumi 127 otaq və 720 tamaşaçı tutumuna, xüsusi hazırlanan 25.200 kv.m. interyer və ümumi 3078 avtomobillik əraziyə malikdir. 1800 tamaşaçı tutumlu isinmə meydançası, MES binası, Məlumat Mərkəzi və 2 xarici bina, dizayn və mühəndislik xidmətləri və tikintiyə nəzarət və planlama xidmətləri TEKFEN tərəfindən uğurla həyata keçirilib.

Xalça muzeyi

Azərbaycan Xalça Muzeyi 1967-ci ildə yaradılmaqla, dünyada xalçaların toplanması, qorunması və öyrənilməsi sahəsində ilk ixtisaslaşmış muzey olub. Onun ilk ekspozisiyası 1972-ci ildə, qədimi Bakının ərazisində — İçərişəhərdə yerləşən Cümə məscidində açılıb.

Bu muzey xalçanı Azərbaycanın digər ənənəvi sənət növləri ilə qarşılıqlı əlaqədə nümayiş etdirən bir milli mədəniyyət xəzinəsidir. Onun kolleksiyasına 14 000-ə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir.

2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Xalça Muzeyinin müasir binasının tikintisinə başlanıb və 2014-cü ildə onun ilk ekspozisiyası açılıb.

Ekspozisiya üç mərtəbədə yerləşir:

1-ci mərtəbə: Azərbaycan xalçanın inkişafı və xalqın həyatında rolu;
2-ci mərtəbə: Azərbaycan xalçaçılıq mərkəzləri;
3-cü mərtəbə: Müasir dövrdə Azərbaycan xalçaçılığı.

SOCAR-ın yeni binası

Mayın 30-da 2018-ci il Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Nəhəng tikilinin təməli 2010-cu il oktyabrın 12-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Binanın layihələndirilməsi işlərinə 2007-ci ildə başlanılıb. Təxminən beş il ərzində aparılan tikinti işləri nəticəsində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib.

Binanın birinci mərtəbəsində ümummilli lider, Azərbaycanın yeni neft strategiyasının banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən fotoguşə yaradılıb, Ulu Öndərin barelyefi vurulub. Hündürlüyü 200 metr olan binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla ümumilikdə 5 hektar sahəni əhatə edir.

Paytaxtda müasir memarlıq üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən binanın 34-37-ci mərtəbələri rəhbərliyin ofisləri, 18-33-cü mərtəbələr baş ofisin idarə və şöbələri, 3-16-cı mərtəbələr isə şirkətin struktur bölmələrinin ofisləri kimi fəaliyyət göstərəcək. Binanın konstruksiyası dəmir-beton özək divarlı və polad quruluşlu kompozit sistemə əsaslanıb. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olan binanın layihəsi Kanadada xüsusi beynəlxalq laboratoriyada virtual şəraitdə sınaqdan keçirilib və saatda 190 kilometr külək sürətinə hesablanıb.

Yeni inzibati binada üç konfrans zalı var. Buradakı 233, 110 və 22 yerlik konfrans zallarında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Binada hər cür avadanlıqla təchiz olunan iki fitnes mərkəzi də qurulub. Yeni binanın 450 nəfərlik yeməkxanasında, həmçinin 130 nəfər üçün nəzərdə tutulan kafeteriyasında da hər cür şərait yaradılıb. Binanın podyum hissəsində əməkdaşların istifadəsi üçün zəngin ədəbiyyatla təmin edilən kitabxana da var.

Binanın yeraltı hissəsində 1045, ərazisində isə 240 avtomobil yerlik dayanacaqlar yaradılıb. Külək-tunel testinə uyğun olaraq, əsmə amplitudasının məhdudlaşdırılması məqsədilə bina damper sistemi ilə təchiz olunub. Fasadın təmizlənməsi və digər xidmətlər binanın üstündə yerləşən teleskopik səbətli kran vasitəsilə həyata keçiriləcək. Bundan əlavə, bina qoşa kabinəli liftlər və avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunub.

Dövlət Neft Fondunun yeni inzibati binası

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 2007-ci il dekabrın 29-da — Dövlət Neft Fondunun yaradılmasının 15-ci ildönümü günündə bu qurumun yeni inzibati binasının açılışında iştirak edib. Qüllə ilə birlikdə 24 mərtəbəli binanın hündürlüyü 140 metrdir. Dövlət Neft Fondunun yeni binası “BREEAM Assessment” qiymətləndirmə dərəcələrinin tələbləri nəzərə alınmaqla tikilib.

Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb. Binanın interyeri Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən dizayn konsepsiyası əsasında qurulub. Hər mərtəbə həmin xalçaçılıq məktəblərindən birinin motivləri əsasında işlənmiş xüsusi dizayna malikdir. Təbriz xalçaçılıq məktəbinə aid Ərdəbil xalçasının burada yaradılan mozaikası dünyanın nadir incəsənət əsərlərindən sayıla bilər.

Binanın birinci mərtəbəsində Heydər Əliyev guşəsi yaradılıb. Burada Ulu Öndərin heykəli qoyulub. Binada ən müasir standartlara cavab verən 7 lift quraşdırılıb. Muzeydə Azərbaycanın neft tarixi və ümummilli lider Heydər Əliyevin neft strategiyası geniş əksini tapıb. Yeni binadakı akt salonu 200 nəfərlikdir. 150 nəfərlik yeməkxana da müasirliyi və orijinal dizaynı ilə diqqəti cəlb edir.

Konfrans salonunda 40 nəfərin iştirakı ilə müvafiq tədbirlər keçirmək mümkün olacaq. Bütün otaqlar və zallar ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunub. Burada səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılıb. Burada Azərbaycanda ilk dəfə olaraq Bina İdarəetmə Sistemi quraşdırılıb. İnsan müdaxiləsinin minimuma endirildiyi həmin sistemdə inzibati binanın texniki, təhlükəsizlik və informasiya texnologiyaları məsələləri mərkəzləşib.

Binanın havalandırılması da müasir BMS proqramı vasitəsilə həyata keçirilir. Ekoloji məsələlər də xüsusi diqqət mərkəzində saxlandığından bura yaşıl bina standartlarına cavab verir. Binada alternativ enerjidən istifadə məqsədilə ərazidə günəş panelləri quraşdırılıb. Binanın zirzəmi hissəsində ən müasir standartlara cavab verən yeraltı avtomobil dayanacağı da inşa olunub.

Bakı Su İdmanı Mərkəzi

Bakı Su İdmanı Mərkəzinin Azərbaycan üçün simvolik idman arenasıdır. Bu kompleks oyunlar zamanı su idmanı növlərinin üç növü — üzgüçülük, suya tullanma və sinxron üzgüçülük üzrə yarışlara ev sahibliyi edib. Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. 2013-cü il aprelin 19-da isə dövlətimizin başçısının iştirakı ilə bu möhtəşəm idman sarayının təməli qoyulub.

Altı hektar ərazisi olan bu nəhəng idman qurğusu yüksək keyfiyyətlə inşa edilib və artıq istifadəyə hazırdır. Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.

Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunub. Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın “Myrtha Pools” şirkəti tərəfindən yaradılıb.

Su İdmanı Sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə bilər. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri inşa olunub. Binanın dam örtüyünün bir hissəsində “SKY LıGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri, eyni zamanda günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Buradan əldə edilən elektrik enerjisi sarayın bəzi sahələrinin enerji təminatına yönəldiləcək.

Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes — akrobatika, ağır atletika zalları mövcuddur. Su İdmanı Sarayının ikinci zalında məşqlər üçün üzgüçülük hovuzu inşa olunub. Hovuzun uzunluğu 51, eni 20 metrdir.

Bakı Kristal Zalı

Bakı Kristal Zalı Bakıda “Avroviziya-2012” yarışmasının keçirilməsi üçün nəzərdə tutulan idman-əyləncə kompleksi idi.

Hazırda isə Kristal Zalda bir çox konsertlər həyata keçirilir.

Bakıda Dövlət Bayrağı Meydanında inşa edilən Bakı Kristal Zalı idman-konsert kompleksi beynəlxalq səviyyədə kütləvi-mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Kompleks 23 mindən çox adam tutur.

Əlavə 16 min tamaşaçının isə zalda keçirilən çıxışlara bayırdakı böyük monitorlarda birbaşa efirdə baxmaq imkanı var.

“YARAT” Müasir İncəsənət məkanı

Əsas məqsədi müasir Azərbaycan incəsənətinin professional səviyyədə dəstəklənməsi, Azərbaycanda və xaricdə respublika rəssamlarının təbliğinə yönəldilmiş sərgilər, festivallar, seminarlar, master-klaslar və müxtəlif təlim-tədris tədbirlərinin keçirilməsi olan müstəqil, qeyri-dövlət təşkilatıdır. 2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

Bakıdan 20 km şimal-şərqdə yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu xəbər portallarının tərtib etdiyi reytinq cədvəllərində yer alır. Belə ki, işgüzar dairələrdə məhşur olan “Business Insider” saytı dünyanın ən gözəl 14 hava limanının siyahısını açıqlayıb. Siyahıda Heydər Əliyev Beynəlxalq Aeroportu 6-cı yerdə qərarlaşıb. Nadir memarlıq əsəri olan Heydər Əliyev Beynəlxalq Hava aeroportu ölkəmizin hava qapısı kimi Azərbaycanın bu günki inkişafını göstərir. Bakıya əlavə yaraşıq verən Heydər Əliyev aeroportunun nüfuzlu “The Jakarta Post” qəzetinin keçirdiyi sorğu nəticəsində dünyanın ən gözəl aeroportları sırasında 1-ci yeri tutması da təsadüfi deyil. Xatırladaq ki, hava limanlarının ölkə və insanların həyatındakı rolundan bəhs edən yazıda hava limanın yalnız nəqliyyatla bağlı bir məkan deyil, həm də ölkənin iqtisadi göstəricisi olduğu vurğulanıb. Bildirilib ki, bir ölkənin əhalisinin gəliri nə qədər çox olarsa, insanlar o qədər çox səyahət edər, dünyanı gəzər. Dünyada 13 ən gözəl aeroportun adını açıqlayan “The Jakarta Post” siyahıda ilk olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunu göstərib. Qeyd edilib ki, Bakının hava limanı ildə 5 milyondan çox sərnişinə xidmət edə bilər.

Sadaladığımız binalar yalnız Azərbaycanın simasını deyil, həm də maddi-mənəvi dəyərlərini, adət və ənənələrini əks etdirən memarlıq nümunələridir. Bu memarlıq nümunələri getdikcə artmaqda və Azərbaycanımızın dünyada tanınmasına xidmət etməkdədir.

Bulqr abidələri

Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biri – 2 mln il yaşı olan Azığ düşərgəsi insanlarının yaşadığı ərazidir. Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyəti yaradıcılarının Tunc və Dəmir dövründə mövcud olan və bir-birini əvəz edən Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir.

Qarabağın dağlıq və düzən hissəsində aşkar edilmiş qədim daş abidələr-Xocalıdakı dolmenlər, Xankəndindəki kromlexlər, eləcə də qarabağın müxtəlif yerlərindən aşkar edilmiş antik dövrə aid daş qutu qəbirlər həmin dövrün ideologiyasını-mənəvi düşüncə əks etdirən maddi mədəniyyət nişanələridir.

Bütöv Azərbaycan ərazisində Manna, Midiya, Skit, Atropatena dövlətləri sırasında, e. ə IV-III əsrlərin qovşağında Azərbaycan Respublikasının ərazisində Qafqaz Albaniyası dövləti meydana çıxmışdır. B. e. I əsrində Albaniyanı Alban Arşakiləri soyu idarə etmişdir. Albaniyanın cənub sərhəddi bu dövrdə Araz çayı boyunca keçmişdir (Moisey Kalankatuklu. Albaniya tarixi (tərcümə Z. M. Bünyadovundur). Bakı. Elm 1993, 235 s,k. 1,f,4; Moisey Xorenskoqo. İstoriya Armenii. Perevod N. Gmina. Moskva, Nauka, 1983,, k. 2,8). Girdman, Sakasena, Uti, Arsak, Paytakaran, Sisakan Qarabağın tarixi torpaqları idi (Moisey Kalankatuklu. Albaniya tarixi (tərcümə Z. M. Bünyadovundur). Bakı. Elm 1993. 235 s, k. 4. f. 50; Azərbaycan tarixi, II c. Bakı. Elm, 1998, s. 15-21).

B. e. ə. VI-III əsrlərə aid Beyləqan, Ağcabədi, Bərdə, Yevlax, Tərtər və Qarabağın Dağlıq ərazisində türk xalqlarına məxsus olan çoxlu sayda skif kurqanları aşkar edilmişdir.

Antik mənbələrin Qarabağın qədim ərazisində-Uti, Arsak və Paytakaranda qədim şəhərlərin mövcudluğu barədə maraqlı məlumatlar verir. Bərdədə, Govurqalada (Ağdam), Qaraköpək təpədə (Füzuli), Ergi yaşayış yerində (Ağcabədi) və s. arxeoloji tədqiqatlar deyilənləri təsdiq edir.

Qarabağ bölgəsində arxeoloji abidələrdən başqa xeyli yerüstü xristian abidələri tədqiq edilmişdir. Belə abidələrə Qarabağın Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Ağdərə ərazisində, habelə Laçın və Kəlbəcərdə rast gəlinmişdir. Bu məbədlərdən ən məşhuru Çəncəsər (Qanzasar), Amaras, Yelisey, və Xotavəng məbədləridir. Onu da qeyd etmək lazımdır ki, albanlara məxsus xristian abidələri Azərbaycanın digər ərazilərində də (Qəbələ, Naxçıvan, Mingəçevir, Qazax, Tovuz, Şamaxı) mövcuddur.

Yeri gəlmişkən XIX əsrə qədər Dağlıq Qarabağda heç bir zaman erməni etnik kütləsi olmamışdır. Qarabağın avtoxton albanlarının olmasından istifadə edərək, oraya XIX əsrdən etibarən çoxlu erməni ailəsi köçürülmüşdür.

Bunu Dağlıq Qarabağda Ağdərənin (Mardakert) Marağa kəndində Qarabağa (İranın Marağa şəhərindən) ilk 200 ailənin (erməni ailəsinin) köçürülməsi şərəfinə 1978-ci ildə ermənilərin özlərinin qoyduqları abidə əyani şəkildə sübut edir.

Qarabağ ərazisində müxtəlif dinlərin mövcud olması insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərmişdir. Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da xristianlıq və müsəlmanlığın mövcud olması və biri digərini əvəz etməsi tikinti mədəniyyətində özünü göstərmişdir. Qarabağ ərazisində (Dağlıq Qarabağda Amaras, Ağdamda Govurqala, Kəlbəcərdə Xotəvəng, Laçında Ağoğlan) və Albaniyanın digər yerlərində (Qax rayonu Qum kəndi, Qəbələ rayonu böyük Əmidli kəndi, Mingəçevir) xeyli alban xristian avidəsi inşa edilmişdir.

Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri mövcud olmuşdur. Qarabağdakı Alban xaç daşları bir sıra mühüm lokal cizgiləri, bütün Alban yazılı daşlarının üzərində xristianlığa qədərki inamlar və kainat qüvvələrinin yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünə məxsus qrup təşkil edir. Alban xaçı xristianlığa qədərki inamların və kainatı dərk etmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Onun bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.

İslam dininin qəbul edilməsi Albaniyada (Azərbaycanda) yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Azərbaycanın Qarabağ bölgəsində müsəlmanlıq dövründə çoxlu sayda məscid və minarələr inşa edilmişdir. Bununla bərabər burada xristian kilsələri və digər dini məbədlər də saxlanılmışdır.

Həmin dövrdə Qarabağın mənəvi mədəniyyətində çiçəklənmə dövrü başlanmışdır. “Qarabaği”, “Bərdəi” təxəllüsü ilə tanınmış onlarla mütəfəkkir yetişmiş, onların adı, şəxsiyyəti və yaradıcılığı haqqında məlumatlar tarixə çevrilmişdir.

XI-XII əsrlərdə memarlığın əsas istiqamətlərini əks etdirən Şirvan-Abşeron, Naxçıvan-Marağa məktəblərinin geniş yayıldığı dövrdə Arran (Qarabağ) memarlıq məktəbi də orta əsr Azərbaycan memarlığının sonrakı inkişafını müəyyənləşdirmişdir. Memarlıq və şəhərsalma, dekarativ-tətbiqi sənət sahələri inkişaf etməyə başlamış, epiqrafik abidələr də çoxalmışdır. Qarabağ zonasında çoxu müsəlman dövrünə aid olan 2000–dən artıq müxtəlif tarixi və mədəni abidələr qeydə alınmışdır. Bunların arasında yaşayış evləri, ictimai binalar, həmçinin dini tikililər, ziyarət yerləri vardır.

Qarabağın şəhərləri – Ağdərə, Kəlbəcər, Xocavənd, Şuşa, Xankəndi, Tərtər, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Qubadlı, Zəngilan-müsəlman dövründə meydana gəlmişdilər. Bu şəhərlərin quruluşunda milli-mənəvi və ideolojı təfəkkür tərzi inşa mədəniyyətində öz bədii əksini tapmışdır. Yeni milli-ideolojı xüsusiyyətlər evlərin və inzibati binaların interyerində özünü göstərirlər. Bu bütün Azərbaycanda, həmçinin Qarabağda, orta əsrlərdə inşa olunmuş memarlıq şedevləri ilə təsdiq olunur.

Qarabağ ərazisində sayı-dən artıq müxtəlif növ mədəniyyət abidəsi qeydə alınmışdır ki, bunların da əksəriyyəti epiqrafik abidələr təşkil edir. Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər rayonları ərazisindən vaxtilə xeyli miqdarda tikinti, qəbir və s. epiqrafik abidələri qeydə alınmış və tədqiq edilmişdir.

Füzuli bölgəsində Şeyx Yaqubun (XII əsr) türbəsi, Qoç Əhmədli Cümə məscidi, Hacı Ələsgər məscidi, Aşağı Veysəlli kəndindəki Mir Əli (XIV əsr) və Əhmədallar kəndindəki türbələr (XIV əsr), Şeyx İbrahim türbəsi (XVII əsr), Əhməd Sultan türbəsi, Cəlal türbəsi (h. t. 1307), Horadiz kəndindəki Cümə məscidi, Dağlıq Qarabağ ərazisində Əsgəran qalası, Cəbrayıl rayonunda “Qız qalası”, Cəbrayılın Şıxlar kəndində türbə (1308) və d. türbələr, Ağdam bölgəsində Xaçın-Dərbənd kəndi yaxınlığında 12 künclü türbə, Ağdam Cümə məscidi (1870), türbələr, Ağdamın Abdal-Gülablı kəndində hamam binası (XX əsrin əvvəlləri), Ağdamın Şahbulaq məscidi, Bərdə şəhərindəki Tərtər çayı üzərində 12 tağlı körpü (XIV əsr), “Bərdə”, “Axsadan baba” türbələri (XIV əsr), Kərbalayi Səfxan Qarabaği tərəfindən Bərdə şəhərində tikilmiş qoşa minarəli “İmamzadə” məscid kompleksi (1868), “Bəhmən Mirzə” türbəsi, Şuşa şəhərində səkkiz bucaqlı türbə, Pənah xan qalası, Natəvanın evi, Mamayı məscidi, Məşədi Şükür Mirsiyab oğlunun məscidli karvansarayı, Culfalar məscidi, Hacı Yusifli məscidi, Saatlı məscidi, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi (XIX əsr), Xan evi, gimnaziya binası, Laçın ərazisində Qarasaqqal türbəsi, Soltan baba türbəsi, Şeyx Əhməd türbəsi, Sarı aşığın türbəsi (XV əsr), Cicimli kəndindəki türbələr, Quşçu kəndində “Uşaq qalası”, “Böyük bulaq” abidəsi (XV əsr), Həmzə Sultan sarayı (1761) da tariximiz üçün qiymətli maddi mədəniyyət nümunələridir.

XVIII əsrin II yarısında Qarabağda Bayat, Şahbulaq (Tərnəküt), Pənahabad (Şuşa) qalaları salınmış və həmin qalalarda bazar, karvansaray, məscid, hamam, və s. inşa edilmişdir. Ağdamda imarətlər. Pənah xana və nəslinə aid kümbəzlər tikilmişdir.

Qarabağ xanlığı dövründə bir çox qalalar (Bayat, Şahbulaq, Pənahabad (Şuşa) tikilmiş, şəhər və qəsəbə tipli yaşayış məntəqələri yaranmışdır. Qarabağ xanlığının mərkəzi Şuşada yaşayış evlərinin, ictimai tikililərin interyerlərində divar naxışlarının gözəl və tipik nümunələri yaradılmışdır.

Bu abidələrin çoxu Azərbaycanda memorial tikililərin əsas növünü təşkil edir. Hal-hazırda işğal altında olduğuna görə həmin abidələrin taleyi məlim deyil.

Orta əsrlərdən məşhur olan Qarabağ xalçaları öz şöhrətini günümüzədək saxlamışdır. Qarabağ xalçaları qrupuna aid olan xalçalar adları və naxışları ilə seçilir. Qarabağ xalçaları Bərdə, Ağcabədi xalçaları olub birinci qrupa, Şuşa xalçaları adı altında ikinci qrupa, Cəbrayıl xalçaları adı altında üçüncü qrupa ayrılır.

Qarabağ xalçaçılıq sənətində qədim ənənə intensiv olaraq davam etdirilmişdir. Qarabağın xalça sənəti XVII əsrin ikinci yarısından etibarən Şuşa şəhərində mərkəzləşmiş, daha geniş miqyasda inkişaf etməyə başlamışdır.

Bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda, o cümlədən Qarabağda son orta əsrlərdə də mədəniyyət, elm və ədəbiyyat yüksək inkişaf dövrü keçirmişdir. Sonrakı dövrlərdə də Qarabağ mədəni mərkəz rolunu itirməmişdir.

Beləliklə, tədqiqatlar Qarabağın maddi mədəniyyət irsinin Azərbaycanın maddi və mənəvi mədəniyyətinin tərkib hissəsinin olduğunu aydın şəkildə göstərir və bu barədə əks fikirləri əsassız olduğunu sübüt etməyə əsas verir. Qarabağ abidələrinin bu günkü taleyinə gəldikdə XX əsrin sonlarında Ermənistanın törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə Azərbaycanın Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altına qoydu.

Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmadı. Muzey eksponatlarının və kitabxanaların köçürülməsinə imkan verilmədi. Davam edən vandalizm Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv etdi. XX əsrin ən böyük faciəsini-Xocalı faciəsini törətdilər erməni və rus hərbi birləşmələri Xocalı əhalisini soyqrıma məruz qoydular. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbrstanlığını texnika vastəsilə darmadağın etdilər. Mənfurlar Xocalıda və Şuşada bu vandalizmi ifrat dərəcəyə çatdırdılar. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən sildilər. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər. Şuşa muzeylərini dağıtdılar.

Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrildi. İslam abidələri dağıdılıb yer üzərindən silindi. Alban xristian abidələri isə təmamilə saxtalaşdırıldı. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silindi. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdıldı. Yelisey məbədində məbədində saxlanılmış Alban hökmdarı III Vaçaqanın qəbri və sövməsindəki yazı təmamilə məhv edildi.

Xankəndi

“Biz öz dini və milli ənənələrimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq. Müstəqil, azad Azərbaycan dövləti bu böyük işin öhdəsindən layiqincə gələ bilib. Bu gündən başlayaraq məsciddə bütün lazımi mərasimlər keçiriləcək”.

AzVision.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə etdiyi çıxışı zamanı bu sözləri deyib.

“Azərbaycan dövləti öz keçmişinə sadiqdir. Azərbaycanda bütün dini abidələr bərpa edilir, təmir olunur. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 1800-ə yaxındır. Bu, onu göstərir ki, hətta sovet dövründə insanların qəlbində olan imanı öldürə bilməyiblər. Azərbaycan xalqı öz müqəddəs dininə olan hörmətini, məhəbbətini ürəyində saxlayıb və yaşadıb».
Prezident Əliyev məscidlərin tikintisi və bərpasının dövlət siyasəti olduğunu vurğulayıb: «Bundan sonra da biz bu yolla gedəcəyik. Bütün dini abidələrimizi bərpa edəcəyik və edirik. Qeyd etmək istəyirəm ki, son 10 il ərzində Azərbaycanda 200-dən çox məscid tikilib, 80-dən çox məscid təmir edilib.
Hazırda xalqımız üçün böyük əhəmiyyət daşıyan İmamzadə dini-tarixi memarlıq abidəsi bərpa edilir. Bakının Binəqədi rayonunda Azərbaycanın ən böyük məscidi inşa olunur. Bütün müsəlman ölkələri ilə biz çox mehriban münasibətlər qurmaq əzmindəyik. Əslində bunu etmişik. İslam həmrəyliyinin gücləndirilməsi üçün əməli addımlar atırıq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Azərbaycan bu təşkilatın fəaliyyəti üçün lazımi töhfələr verir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə aparılan işləri çox yüksək qiymətləndirir. Biz çalışmalıyıq ki, bundan sonra da islam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı əlaqələri genişləndirək. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Bakıda nazirlər səviyyəsində mötəbər tədbir keçirilib. Belə tədbirlərin sayı getdikcə artmaqdadır. Eyni zamanda, Azərbaycanda müxtəlif humanitar forumlar keçirilir. Dünya dinlərinin liderlərinin zirvə görüşü keçirilib. Bu ayın sonunda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi nəzərdə tutulur. Yəni, Azərbaycan dövləti artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilib. Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və yaşayacaq. Azərbaycanda nə dini, nə milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmayıb və əminəm ki, olmayacaq».

Azərbaycan prezidenti dünyada gedən bəzi proseslərdən narahat olduğunu qeyd edib: «İslam dininə qarşı ədalətsiz münasibət sərgilənir. Bəzi ölkələrdə islamofobiya meyilləri güclənir. İslam mərhəmət dinidir. Çalışmalıyıq ki, əməli addımlarla dünyada islam dini haqqında dolğun və ədalətli məlumatları çatdıraq. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə kompleks tədbirlər görür. Keçən ilin sentyabr ayında dünyanın ən böyük muzeyi olan Parisdəki Luvr muzeyində islam mədəniyyəti bölməsinin açılışı olub. Azərbaycan bu bölmənin yaradılması üçün öz dəstəyini verib. Bu, əslində bizim bütün islam mədəniyyətinə olan töhfəmizdir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsinin sərgisi keçirilib. Bu da Azərbaycan sərgisi idi. Yəni, biz çalışırıq və birgə səylərlə çalışmalıyıq ki, islam mədəniyyəti, dəyərləri haqqında dünyaya dolğun məlumat çatdıraq. Bəzi hallarda qəsdən müsəlmanlar haqqında çox yanlış təsəvvür yaradılır. Bəzi hallarda kütləvi informasiya vasitələri bu məsələnin dərinləşməsində öz rolunu oynayır».

Prezident çıxışında Dağlıq Qarabağ probleminə də toxunub: «Hazırda işğal altında olan Şuşa məscidi, Ağdam məscidi, işğal altında olan digər məscidlər yarıdağılmış vəziyyətdədir. Ancaq gün gələcək biz o məscidləri də bərpa edəcəyik. Şuşa məscidini də, Ağdam məscidini də, işğal altında olan digər məscidləri də bərpa edəcəyik. İşğalçıları Azərbaycan torpaqlarından qovacağıq. Azərbaycan bayrağı Şuşada, Xankəndidə, işğal olunmuş bütün torpaqlarda dalğalanacaqdır. Mən əminəm ki, o gün gələcək. O günü yaxınlaşdırmaq üçün bütün Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir nöqtəyə vurmalıdır. Ölkəmizi gücləndirməliyik, ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Biz tarixi ədaləti bərpa edirik. Bu gün Azərbaycan azaddır, müstəqildir. Müstəqil Azərbaycan öz tarixi keçmişini qorumağa da və gələcəyə inamla baxmağa da qadirdir».

Comments are closed, but trackbacks and pingbacks are open.