Press "Enter" to skip to content

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Çoxəsrlik Azərbaycan ədəbiyyatı qədim dövr və orta əsrlərdə romantik istiqamətdə inkişaf etmiş, dünya ədəbiyyatına görkəmli ədəbi simalar və ölməz şedevrlər bəxş etmişdir. XVIII əsrdən etibarən Azərbaycan ədəbiyyatında realist meyillər qüvvətlənməyə başlamış, XIX əsrdə daha da inkişaf etmişdir. Xüsusən, Mirzə Fətəli Axundzadənin çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycanda maarifçilik ideyadan hərəkat səviyyəsinə qaldırılmış, maarifçi realizm ədəbi cərəyanı formalaşdırılmışdır. XX əsrin əvvəllərində isə Azərbaycan ədəbiyyatında tamamilə fərqli bir mərhələ başlanmışdır. Tənqidi realizm və Mollanəsrəddinçilik adlanan bu yeni ədəbi tarixi mərhələnin qüdrətli yaradıcısı görkəmli Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadədir.

Cəlil Məmmədquluzadə

Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəmkəndlərində müəllimlik etmişdir (1887-1897).Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı “Çay dəstgahı” alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, “Kişmiş oyunu” komediyasını və “Danabaş kəndinin əhvalatları” (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1895-ci ildə yayında Moskvaya və Peterburqa getmiş, bu şəhərin mədəni həyatı ilə tanış olmuşdur. Naxçıvanda və İrəvandamüxtəlif hüquq idarələrində çalışmışdır. 1896-cı ildə ilk ailəsini qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. 1900-cü ildə dövrünün tanınmış hüquqşünaslarından olan Məhəmmədqulu bəy Kəngərli-nin bacısı Nazlı xanım Kəngərli ilə ailə həyatı qurur. Lakin sonradan Mirzə Cəlillə Nazlı xanımın münasibətləri korlanır. 1903-cü ildə Nazlı xanım vaxtından əvvəl ölü uşaq doğur və bununla da əsəb xəstəliyinə tutulur. Mirzə Cəlil Məhəmmədqulu bəylə birlikdə xəstəni Tiflisə aparır və həkimlərin tövsiyyəsi ilə əsəb xəstəlikləri üzrə Mixaylovski xəstəxanasına yerləşdirir. Buna baxmayaraq Nazlı xanımın xəstəliyi şiddətlənir, yeməkdən qəti imtina edir və tezliklə dünyasını dəyişir. Üçüncü dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş, oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.

Elmi fəaliyyəti

1903-cü ildən Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işləmişdir. C. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında “Şərqi-Rus” qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. “Poçt qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir. 1904-cü il noyabrında C. Məmmədquluzadənin “Şərqi-Rus” qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1905-ci ildə “Şərqi-Rus” bağlandığı zaman Məmmədquluzadə, jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə ilə şərikli bu qəzetin mətbəəsini alıb, ona ” Qeyrət” adı vermişdir. 1905-1907-ci illərdə C. Məmmədquluzadənin ilk kitabçaları, (“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “İranda hüriyyət” ) “Qeyrət” mətbəəsində nəşr olunmuşdur. Həmin ildə C. Məmmədquluzadə Tiflisdə uşaqlar üçün məktəb və pansion açmışdı. 1905-ci ildə “Kavkazski raboçi listok” qəzetində Cənubi Azərbaycandan gəlmiş fəhlələrin ağır həyatını təsvir edən “Binəsiblər” və “Xeyirdua” məqalələri ilə çıxış etmişdi. C. Məmmədquluzadə həmin ildə “Novruz” adlı gündəlik qəzet çıxarmağa icazə alsa da, azadlıq hərakatının təsiri ilə mübariz satira orqanı nəşr etməyi daha münasib bildi.

İlk nömrəsi 1906-cı il aprelin 7-də (köhnə stil ilə 20 aprel) çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat və ədəbiyyat məktəbi yaratdılar. “Molla Nəsrəddin” “Suri-İsrafil” (Azərbaycan), “Nəsimi-şimal” (İran), “Cəm” (Türkiyə), “Uklar” , “Yəşen” (Tatarıstan), “Tokmaq” (Türkmənistan), “Sinək” (Krım) və s. satirik jurnallar üçün örnək oldu. Ə. Lahuti, A. Turkay, M. Dehxuda, Ə. Gilani “Molla əmi”ni özlərinə müəllim və ustad seçmişdilər. Jurnalın Rusiyadan başqa Asiya, Avropa və Amerikanın bir sıra ölkəsində də abunəçiləri var idi. Başqa mollanəsrəddinçilər kimi, C.Məmmədquluzadə də irtica və qaraguruhçuların arakəsilməz təqib və təzyiqinə məruz qalırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar aparır, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırırdı.”Molla Nəsrəddin” jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynamışdır.

1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş və 1921-ci ildə orada Molla Nəsrəddinin 8 nömrəsini çap etmişdir. 1922-ci ildə “Molla Nəsrəddin”in nəşrinin burada davam etdirmişdir. “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olmuş, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” (indiki “Azərbaycan qadını”) və s. mətbuat orqanlarında fəaliyyət göstərmişdir. 20-ci illərin ikinci yarısından tibarən C. Məmmədquluzadənin həyatında ciddi sarsıntılar dövrü başlanmışdır. Onun baş redaktoru olduğu “Molla Nəsrəddin” jurnalına ciddi senzura nəzarəti qoyulmuş, jurnalın nəşri üçün ayrılan dövlət vəsaiti (dotasiya) azaldılmışdı. Hətta “Molla Nəsrəddin” jurnalının Mübariz Allahsızlar Cəmiyyətinin orqanı kimi fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmişdi. Bir çox dövlət səviyyəli toplantılara, ədəbi-mədəni tədbirlərə dəvət edilməməsi, dövri mətbuatda haqqında çap olunan yersiz tənqidi məqalələr də böyük demokrat ədib üçün gözlənilməz mənəvi-zərbələrə çevrilmişdir. Bütün bunlar yazıçının sağlamlığını ciddi surətdə sarsıtmışdı. Cəlil Məmmədquluzadə 40 illik yaradıcılığı boyu müxtəlif janrlarda (dram, hekayə, povest, şeir, publisistika, ədəbi tənqid, xatirə və s.) yazdığı əsərləri ilə realist Azərbaycan ədəbiyatının yeni, yüksək pilləyə qalxmasında müstəsna rol oynamışdı. C. Məmmədquluzadə ədəbi və estetik görüşlərində realizmin ardıcıl tərəfdarı, mübariz təbliğatçısı və nəzəriyyəçısi idi. M. F. Axundovənənələrinə əsaslanan C. Məmmədquluzadə sənətdə mücərrədliyə, formalizm təzahürlərinə, bitərəflik və ideyasızlıq meyllərinə qarşı kəskin mübarizə aparırdı. Ədəbiyyatı və mətbuatı bütün xalqın, hətta sadə, savadsız, avam adamların malı etmək onun əsas yaradıcılıq qayələrindən idi. O, “qələmlə təşəxxüs satan” məsləksiz yazıçıları – “şeir bülbülləri”ni hiddətlə tənqid edirdi. Hələ “Danabaş kəndinin əhvalatları” povesti və ilk hekayələri ilə C. Məmmədquluzadə tənqidi realizm yolunu tutmuşdu. Bu əsərlərdə o zamankı Azərbaycan kəndində hökm sürən feodal-patriarxal münasibətlər, çar məmurlarının və din xadimlərinin özbaşınalığı, şüurlarda və məişətdəki gerilik, mövhumat və xürafat, qadınların acınaclıq taleyi, tərəqqi və dirçəlişə çağıran böyük vətəndaş yanğısı ilə qələmə alınmışdı. C. Məmmədquluzadə öz qələm və məslək dostları ilə birgə Azərbaycan satirasını daha da inkişaf etdirərək, ona demokratik məzmun verdi. Onun ” Poçt qutusu” (1905), “Usta Zeynal”, “İranda hürriyyət” (1906), “Qurbanəli bəy” (1907) kimi hekayələri, məşhur “Ölülər” mühitinin rəzalətlərini nifrətlə damğalamış, işıqlı həyat haqqında arzuların tərcümanı olmuşdur. İlk dəfə 1916-cı ildə Bakıda tamaşaya qoyulan “Ölülər” komediyası “baltanı dibindən vuran” (Ü. Hacıbəyov), “İdeyası inqilabi” (N. Nərimanov) bir əsər kimi hərarətlə qarşılanmışdı. C. Məmmədquluzadənin yaradıcılığında milli şüur, mənsub olduğu xalqın müstəqilliyi və taleyi (“Anamın kitabı”,1919), ailə məktəb tərbiyəsi, ümumiyyətlə, marifçilik ideyaları (“Danabaş kəndinin məktəbi”, 1921) və s. problemlər də geniş yer almışdı. Erməni və Azərbaycan münaqişəsi mövzusunda yazılmış birpərdəli “Kamança” (1920) pyesində xalqımızın dərin humanizmini böyük sənətkarlıqla təcəssüm etdirmişdir. “Dəli yığıncağı” (nəşri 1936) komediyasında feodal-patriarxal münasibətləri, fantizm kəskin tənqid atəşinə tutulur. Bədii yaradıcılığda da olduğu kimi, publisistikasında da əsasən, satirik janrlardan istifadə etmişdir. O, çarizm, sosial ədalətsizlik, fantaizm, xurafat, cəhalət və nadanlıq, Qərb inperailzmi və Şərq istibdadı əleyhinə çevrilmiş yüzlərcə publisistik məqalə , fleyton və satirik miniatürün müəllifidir. Həmçinin, müxtəlif satirik təsvir üsulları ilə II Nikolay, Məmmədəli şah, Sultan Əbdülhəmid, Kayzer Vilhelm və b. “böyükləri ifşa edirdi. Digər dünya demokrat yazıçıları və M. F. Axundov məzlumlar ələ, “dəyənək” almağa, zalımlara qarşı qəti mübarizə aparmağa çağırırdı. “Cümhuriyyət” (1917) adlı əsərində xalq hakimiyəti, demokratik respublika tələbi irəli sürülürdü.

C. Məmmədquluzadənin publisit əsərlərində milli məsələdən, İran və Türkiyə inqilablarından, qadın azadlığı, maarif, ədəbiyyat, incəsənət, ana dili və s. ictimai-mədəni tərəqqi problemlərindən bəhs edilir, qabaqcıl fikirlər yürüdülürdü. Çoxcəhətli, dərin bilik sahibi olan ədib Datvin, Epikür, və Sokrat, Şekspir və Şiller, Kant və Spinoza, Holbax və Leybnits, Qlinka və Bethoven, Derjavin və Puşkin, Zərdüşt və Mani, müxtəlif siyasi, fəlsəfi, dini, sosioloji cərəyanlar haqqında yazmış, mürtəce ideyaları rədd etmiş, Bəşər dühasının mühüm nailiyyətlərini təbliğə çalışmışdır. 1922-1930-cu illərdə C. Məmmədquluzadə “Molla Nəsrəddin”i mübariz mətbua orqanlarından birinə çevirmək üçün səylə çalışmış, gənc yazıçı və rəssamların böyük bir nəslini satirik jurnalistika sahəsində işləməyə hazırlayırdı. Jurnalın bu illərdə çıxan nomrələrində C. Məmmədquluzadə satiraya yeni ictimai məzmun vermək məqsədi ilə ciddi yaradıcılıq axtarışları aparırdı. O, publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını janr və formaca da zənginləşdirmişdir. Xüsusilə də, kiçik hekayənin böyük ustadı hesab edilirdi. Hekayələri sosial mətləbləri son dərəcə yığcam formada, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri sırasında durur. C. Məmmədquluzadənin zəngin bədii irsi, “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, maarifçi-demokratik hərəkkatın inkişafına təsir göstərmişdir.

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Cəlil Məmmədquluzadə

Cəlil Məmmədquluzadə (tam adı: Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə; 10 fevral 1869[1], Naxçıvan, İrəvan quberniyası, Rusiya İmperiyası – 4 yanvar 1932, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi; “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri.[2][3][4][5]

Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.[6]

Həyatı
Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur.[3][4][5]Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir.[7][8][9]Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir.[3][4][5] Ədibiin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840-1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.[4][8][9][10]

Məşədi Məmmədqulu XIX əsrin ikinci yarısında Naxçıvan şəhərində yerli sahibkarlardan olan Canpoladovların duz anbarlarında çalışmış, burada duz, ot və saman satmış, həmçinin ailəsini dolandırmaq üçün Şahab məhəlləsində baqqal dükanı işlətmişdi. 1877-ci il müharibəsi zamanı Naxçıvan duz mədənlərinin məşhur icarədarları olan Canpoladov qardaşları Məşədi Məmmədquluya podrat duz buraxmışlar. Bununla da onun maddi vəziyyəti bir qədər yaxşılaşmışdı.[4][8][9][10]

Məşədi Məmmədqulu təxminən 1860-cı ildə öz həmyerlisi dirrikçi Məşədi Babanın qızı Sara Babayeva ilə evlənmiş, onların 4 oğlu və 1 qızı olmuşdu. M.Məmmədqulunun böyük oğlu Mirzə Yusif saatsaz idi, fars dilini mükəmməl bilirdi. O, cavan yaşlarında vəfat etmişdi. Kiçik oğlu Xəlil də çox erkən – 1904-cü ildə dünyasını dəyişmişdi. Məşədi Məmmədqulu yalnız iki oğlunu – Ələkbəri, Cəlili və qızı Səkinəni böyüdüb, onlara tərbiyə verə bilmişdi.[9][10]

Onun üçüncü oğlu Mirzə Ələkbər (1872-1922) 1906-1911-ci illərdə İran Azərbaycanındakı milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. O, Səttar xanın yaxın silahdaşlarından idi. Qızı Səkinə isə 1900-cü ildə Məmmədqulu bəy Kəngərliyə, sonra isə onun qohumu Əsgər ağa Kəngərliyə ərə getmiş, 1913-cü ildə vəfat etmişdi. Onun Teymur və Cəlal adlı iki oğlu, Pakizə adlı bir qızı qalmışdır. Onlar Mirzə Cəlilin himayəsində böyümüşdü. Ədibin valideynləri 1905-ci ilin əvvəllərində Naxçıvanda vəfat etmişlər.[9][10]

Təhsil illəri
Cəlil Məmmədquluzadə 1873-1876-cı illərdə Molla Əli Hüseynzadənin, 1877-1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində oxumuşdur. O, bu barədə qeyd etmişdir:

” 7-8 yaşında molla yanına gedib çərəkə və Quran oxumağım da yadıma düşür. Naxçıvanda o vədə müdərrislikdə məşhur olan Hacı Bağır və Molla Əlinin də məktəblərində oxumuşam və Hacı Molla Bağırın falaqqasının çubuqlarının acısını, deyəsən, indi – bu saat yenə ayaqlarımda hiss edirəm. ”
Ədib ərəb və fars dillərini də həmin vaxtda öyrənmişdir. Daha sonra Cəlil 1879-cu ildən Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam etdirir. Həmin məktəbdə dərslər rus dilində tədris olunurdu və Azərbaycan dilinin tədrisinə cuzi yer verilirdi. O, burada 3 il təhsil almışdı. Mirzə Cəlilin dünyagörüşünün inkişafına burada keçirilən dünyəvi fənlərin, həmçinin məktəbin müdiri, maarifçi Konstantin Nikitinin (1832-1894), qabaqcıl görüşlərinə görə mərkəzdən uzaqlaşdırılaraq Naxçıvanda müəllimliyə göndərilmiş gürcü xalqçı-demokrat, coğrafiya müəllimi Georgi Uturqaurinin, ana dili və şəriət müəllimi, teatr həvəskarı Mirzə Sadıq Qulubəyovun (1823- ?), Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini beş il əvəzinə iki ilə bitirərək doğma şəhərə təyinat almış, A.O. Çernyayevskinin yetirməsi olan Əliməmməd Xəlilovun (1862-1896) da mühüm təsiri olmuşdur. [3][4][7][8][9][10]

Qori Müəllimlər Seminariyası
Çar hökuməti 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsi yaradılması haqqında fərman vermişdi. Seminariya pansionlu qapalı təhsil ocağı olub, kənd məktəbləri üçün müəllim hazırlayırdı. Seminariyanın Azərbaycan şöbəsinin müfəttişi A.O.Çernyayevski ilk illərdə Azərbaycan rayonlarını gəzərək, seminariyada oxumaq üçün tələbələr seçirdi. O, 1882-ci ildə Naxçıvana gəlmiş və Cəlil Məmmədquluzadəni də başqa şagirdlərlə birlikdə təhsil alması üçün siyahıya almışdı.[9]

Cəlilin bu məktəbdə oxumağa istiqamətləndirilməsində müəllimi Əliməmməd Xəlilovun xüsusi rolu olmuşdur. Əliməmməd Xəlilov C.Məmmədquluzadənin seminariyaya daxil olması barədə Məşədi Məmmədqulunun adından göndərilmiş kalleqrafik xətlə yazılmış 21 iyun 1882-ci il tarixli ərizəsini də öz xətti ilə köçürmüşdü. Həmin il qəbul imtahanlarını uğurla verən Cəlil seminariyanın aşağı hazırlıq sinfində dərslərə başlamışdır. Ədib aşağı və yuxarı hazırlıq siniflərində, habelə birinci əsas sinifdə yaxşı oxumuşdur. Professor Əziz Şərif bununla bağlı qeyd etmişdir:[8][11]

” Gələcək yazıçı hazırlıq siniflərini müsbət nəticələrlə başa vurmuş və seminariyanın birinci əsas sinfinə keçirilmişdir. ”
Lakin əsas siniflərdə təhsil alarkən onun qiymətləri birdən-birə aşağı düşmüşdür. Buna səbəb isə sərt rejimin olmağı, həmçinin seminaristləri ana dilində danışmaqdan, ətraf mühitlə əlaqə saxlamaqdan məhrum edən qaydaların mövcudluğu idi. Cəlil Məmmədquluzadə seminariyanı 1887-ci ildə bitirir və müəllimlik attestatı alır. Attestatda qeyd edilmişdir: (Gürcüstan SSR Dövlət Xalq Maarif Muzeyinin arxivi, Zaqafqaziya (Qori) müəllimlər seminariyasının işi, № 1565) [3][7][8][9][10][12][13]

” Bu attestat Zaqafqaziya müəllimlər seminariyası şurası tərəfindən, müəllim seminariyaları haqqındakı qaydaya əsasən, verilir seminariyanın yetişdirməsi (müsəlman şiə məzhəbinə mənsub) meşşan oğlu, 21 yaşında olan Cəlil Məmmədquliyeva bundan ötrü ki, o, əla əxlaqla birlikdə son imtahanlarda aşağıdakı bilik səviyyəsini göstərmişdir:”şəriət- çox kafi, Pedaqogika- kafi, Rus dili – kafi, Azərb.dili- kafi, hesab- kafi, həndəsə və yerölçmə-çox kafi, tarix ,coğrafiya ,təbiətşünaslıq – kafi, hüsnxət, rəsmxət və rəsm – çox kafi, müəllimlik təcrübə dərsləri – çox kafi”. Bunlardan başqa sənət, bağçılıq, idman, mahnı, meteoroloji nəzarəti də öyrənmişdir. Bunlara görə də ibtidai xalq məktəblərində müəllimlik adına layiq görülmüşdür. ”
Ədibin dünyagörüşünün, bədii zövqünün, yaradıcılıq vərdişlərinin formalaşmasında 5 il (1882-1887) oxuduğu Zaqafqaziya Müəllimlər Seminariyasındakı təhsil illəri mühüm mərhələ təşkil etmişdir. Cəlil burada Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, Avropa, rus elmi, mədəniyyəti və demokratik fikri, mütərəqqi pedaqoji təlimi ilə də yaxından tanış olmuşdur.[8][9]

Seminariyada başqa fənlərlə yanaşı, tərcümə dərslərinə xüsusi fikir verilirdi. Bu yolla həm dünya ədəbiyyatı ilə əsaslı tanışlıq başlanırdı, həm də tərcümə seminaristlərdə qələm vərdişləri yaradırdı. Ədib seminariyada tərcümə üçün Qoqolun və Krılovun əsərlərini seçmişdir. Burada o, müxtəlif millətlərdən olan A.O.Çernyayevski, D.D.Semyonov, N.N.Novospasski, N.O.Lomouri, habelə azərbaycanlı müəllimlər Mirzə Əbdülqasım Axundzadə, Səfərəlibəy Vəlibəyov kimi pedaqoqlardan dərs almışdır. [5][8]

Gənc Cəlil seminariyada təşkil olunmuş tədbirlərdə fəal iştirak etmiş, teatr tamaşalarında həvəskar aktyor kimi səhnəyə çıxmışdır. Bununla yanaşı, ədəbi gecələr üçün ssenarilər, sınaq dərslər üçün icmallar yazmışdır. Qori seminariyası Cəlil Məmmədquluzadənin mənəvi aləmində, dünyaya baxışında, təbiət və cəmiyyət hadisələri anlayışında əsaslı dönüş yaratmışdı.[5][7][10][12]

Buraxılış imtahanları qurtardıqdan sonra seminariya yoldaşı İsmayılbəy Şərifbəyovun dəvəti ilə Cəlil Şuşaya getmişdir. O, burada Xurşidbanu Natəvanla və yerli ziyalılarla tanış olmuşdur.[9][10]

Pedaqoji fəaliyyəti
Cəlil Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. O, 1887-1897-ci illər arasında İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd) və Nehrəm kəndlərində müəllimlik etmişdir.[5]

Mirzə Cəlil 1887-ci ilin avqustundan Uluxanlı kəndinə müəllim təyin olunmuşdu. Belə ki, Qafqaz tədris dairəsinin müdiri İrəvan və Yelizavetpolun xalq məktəbləri müdirinə göndərdiyi 7 avqust tarixli məktubunda Uluxanlı məktəbinin müəllimi Məmmədbəy Qazıyevin işdən azad edildiyini və onun əvəzinə Cəlil Məmmədqulizadənin təyin olunduğunu bildirmişdi. Gənc müəllim 1887-ci ilin sentyabrın 1-dən Uluxanlı qəsəbəsində 1-ci dərəcəli məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. Həmin vaxt Uluxanlıda əhalinin elmə, məktəbə həvəsi yox idi. Məktəbdə cəmisi 10-12 nəfər şagird oxuyurdu.

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında Mirzə Cəlilə dərs demiş, həmçinin Naxçıvan əyalətindəki Baş Noraşen ikisinifli zemstvo məktəbinin müdiri olan Əliməmməd Xəlilov xəstələndiyi üçün müalicəyə getmək zərurəti qarşısında qalaraq bir müddət pedaqoji fəaliyyətinə ara vermişdi. Həmin müddətdə müfəttiş U.Pasxalov müdiriyyətə belə bir məlumatla müraciət etmişdi:

” Cənab Xəlilovun getməsilə ilə məktəbin bağlanması lazım gəldiyi üçün bəlkə siz Xəlilov qayıdana qədər şagirdlərlə məşğul olmaqdan ötrü Uluxanlıdakı ikisinifli məktəbin müəllimi Məmmədquliyevin müvəqqəti olaraq, Baş Noraşen məktəbinə təyin olunmasını mümkün hesab edəsiniz? Belə ki, mən bu yaxınlarda Uluxanlı məktəbini təftiş edərkən məlum oldu ki, burada hər iki sinifdə cəmisi on iki şagird vardır və Uluxanlı məktəbinin nəzarətçisi özü müvəqqəti olaraq bu bir neçə şagirdlə məşğələ apara bilər. ”
Beləliklə, Pasxalovun bu müraciətinə müsbət cavab verilmiş və 13 oktyabr 1887-ci ildə Cəlil Məmmədquluzadə Əliməmməd Xəlilovu müvəqqəti əvəz etmək məqsədilə həmin məktəbə təyin edilmişdir. Ə.Xəlilov sağalıb qayıdarkən Uluxanlı məktəbinin nəzarətçisi İ.N.Novruzov Mirzə Cəlil kimi bir müəllimi itirmək istəməmiş, buna görə də İrəvan xalq məktəblərinin müfəttişliyinə göndərdiyi 4 dekabr tarixli raportunda ədibin Uluxanlıya qayıtmasını xahiş etmişdir. Həmin ayın 18-də müfəttişlik Cəlil Məmmədquluzadənin Uluxanlıda saxlanılmasına icazə vermişdir. Lakin Baş Noraşenin Naxçıvana yaxın olduğunu və dərs şəraitinin də nisbətən yaxşı olmasını nəzərə alan Cəlil Məmmədquluzadə 1888-ci il yanvarın 16-da İrəvandan Gəncəyə, müdir Orlovun adına belə bir teleqram göndərmişdi:

” Acizanə xahiş edirəm ki, məni Uluxanlıya qaytarmayıb Baş Noraşendə saxlayasınız. ”
Baş Noraşenin məktəb nəzarətçisi və müəllimi Xəlilov isə öz teleqramında yazmışdır:

” Xahiş edirəm ki, yeni təyin olunmuş Məmmədquliyevi mənim yanımda saxlayasınız, rədd etməyin, yalvarıram. ”
Bu teleqramdan sonra Orlov müfəttiş U.Pasxalova məlumat verir ki, Cəlil Məmmədquluzadə Baş Noraşen məktəbində saxlanılsın. Cəlil Məmmədquluzadə Baş Noraşendə 1887-ci ildən 1890-cı il yanvarın 15-nə qədər müəllimlik etmişdir. Ədib hələ Baş Noraşendə işləyərkən xalq məktəbləri müdirinə teleqram vuraraq xahiş etmişdi ki, yer boşalanda onu Naxçıvan şəhərinə daha yaxın məsafdə yerləşən, keçmiş seminariya dostu Mirzə Əbülqasın Sultanovun müəllimlik etdiyi Şahtaxtı məktəbinə müəllim təyin etsinlər. Lakin bir ildən artıq keçməsinə baxmayaraq, o, müsbət cavab almamışdı.

Cəlil Məmmədquluzadə 1890-cı il yanvarın 15-də valideynlərinin yaşadığı Naxçıvan şəhərinin cəmi 5 verstliyində olan ikisinifli Nehrəm məktəbinə təyinat almışdır. Gələcək yazıçı 10 iyul 1897-ci ilədək, təxminən 7 il burada çalışmışdır. Bu barədə Qafqaz tədris idarəsinin əmrində qeyd olunmuşdur:

” Baş Noraşen kəndindəki ikisinifli Zemski məktəbinin müəllimi Cəlil Məmmədquliyev Nehrəm kəndindəki ikisinifli Zemski məktəbinin nəzarətçisi vəzifəsinə və Eçmiədzin qəzasının Korxun birsinifli məktəbinin sabiq müəllimi Ələşrəf Qazıyev isə Baş Noraşen ikisinifli Zemski məktəbinin müəllimi vəzifəsinə təyin edilirlər. ”
Cəlil Məmmədquluzadə burada da təlim-tərbiyə işlərinin yüksəldilməsinə xüsusi fikir vermiş, məktəbə səkkiz nəfər azərbaycanlı qız cəlb edərək xüsusi sinif təşkil etmiş və bu sinifdə məşğələləri özü aparmışdır. Ədiblə bir müddət birgə işləmiş müəllim T.S.Smbatyan bu barədə yazmışdır:

” Mirzə Cəlil bütün qəlbini və qüvvəsini gənc nəslin təlim-tərbiyəsi işinə sərf edir, uşaqları mədəni adamlar etməyə çalışırdı. Uşaqları məktəbə cəlb etmək məqsədilə Mirzə Cəlil öz pulu ilə kasıblara kitab, dərs vəsaiti, ayaqqabı və s. alardı. ”
Lakin insanların təhsilə maraq göstərməməsi, mühitin yaratdığı çətinliklər, eyni zamanda ədibin kənddə qalmamaq, başqa xalqların həyatı və mədəniyyəti ilə də tanış olmaq arzusu onu 26 may 1895-ci ildə xalq məktəbləri müfəttişinə raport yazmağa vadar etmişdir. Raportda qeyd edilmişdir:

” Daşıdığım vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə əks təsir göstərən və məni işləmək imkanından məhrum edən yerli şəraitə qarşı mübarizədə gücsüz olduğumu görüb, işləmək üçün özümə başqa bir yer tapmaq məqsədilə həmin il may ayının 11-də xalq məktəbləri müfəttişinə yazdığım raportda xahiş etmişdim ki, qarşıdakı tətil zamanı mənə üç aylıq məzuniyyət götürməyə icazə versin. ”
Müdir həmin raportu xalq məktəbləri müfəttişinə göndərmiş və xeyli çətinlikdən sonra müfəttiş Cəlil Məmmədquluzadənin “Avropa Rusiyanın müxtəlif yerlərinə getmək üçün iyunun 10-dan avqustun 25-dək” məzuniyyətə izn vermişdi. Beləliklə, gənc müəllim 1895-ci ilin yayında Peterburq və Moskvada olmuş, “Novoye vremya” qəzetinin redaktoru Suvorinlə görüşərək ərəb əlifbasını latın əlifbası ilə dəyişdirmək məsələsini öz qəzetində qaldırmağı ondan xahiş etmişdi. Suvorin isə bu məsələnin vaxtının hələ çatmadığını bildirmişdir. Yazıçının “Eşşəyin itməkliyi” əsərini radlov əlifbası ilə yazması da onun köhnə əlifbanın dəyişdirilməsinə inamını və təşəbbüsünü göstərmişdir.

Cəlil Məmmədquluzadə 1896-cı ildə Nehrəm məktəbində tarix muzeyi yaratmış, bu muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair materialların toplanmasına nail olmuşdur. Bununla yanaşı, ipəkçilik peşəsini öyrətmək üçün xüsusi məşğələlər təşkil etmiş, kəndlilərin ağır iş şəraitini yüngülləşdirmək üçün Tiflisdən dəmir kotan gətirilməsinə nail olmuşdur. O, həmçinin yerli həvəskarlarla birlikdə Naxçıvanda teatr tamaşaları təşkil etmişdir. Bununla əslində mənsub olduğu xalqın maariflənməsi, milli oyanışı və mədəni tərəqqisi üçün çalışmışdır.

Yaradıcılığı
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı taixində görkəmli jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınmışdır. Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. Bir sıra kiçik hekayələrini, “Danabaş kəndinin əhvalatları” (1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1895-ci ildə yayında Moskvaya və Peterburqa getmiş, bu şəhərin mədəni həyatı ilə tanış olmuşdur. Naxçıvanda və İrəvanda müxtəlif hüquq idarələrində çalışmışdır.

Bədii nəsri
İlk nəsr əsərləri (1894-1904)
Cəlil Məmmədquluzadənin ilk yaradıcılıq dövrü 1905-ci il inqilabına qədər davam etmişdir. Bu dövrdə “Çay dəstgahı” adlı alleqorik mənzum dramını, “Danabaş kəndinin əhvalatları” povestini, “Danabaş kəndinin məktəbi”, “Kişmiş oyunu”, “Poçt qutusu” hekayələrini yazmış, rus dilindən bəzi tərcümələr etmişdir. Ədibin yaradıcılığının birinci dövrünə aid olan bu ilk əsərlərində inqilabdan əvvəlki Azərbaycan kəndinin, kəndlisinin həyat və məişətinin müxtəlif cəhətləri əks olunmuşdur.[9][13][14]

Mirzə Cəlilin ilk məlum nəsr əsəri 1894-cü ildə yazılmış “Danabaş kəndinin əhvalatları” povestidir. Povest ədibin Nemhrəmdə müəllimlik etdiyi illərdə qələmə alınmışdır. Müəllif “Danabaş kəndinin əhvalatları” adı altında silsilə, seriya əsərlər yazmağı nəzərdə tutmuşdur. Həmin seriyaya daxil olan “Eşşəyin itməkliyi” povestini tamamlamış, “Danabaş kəndinin məktəbi” hekayəsi isə yarımçıq qalmışdır. Ona görə də “Danabaş kəndinin əhvalatlari”dedikdə “Eşşəyin itməkliyi” povesti nəzərdə tutulur.[3][7][8][9][13][14][15][16]

Kəndli məişətini dərindən öyrənən, kənddəki zülmü, yoxsulluq və avamlığın bilavasitə şahidi olan Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” povestinin mövzusunu məhz bu həyatdan götürmüşdür. Əsərin ideyası ilə əlaqədar olaraq, ədib Danabaş kəndində cərəyan edən bir əhvalat seçmiş və povestin sujet xəttini həmin əhvalat üzərində qurmuşdur. Povestin sujetini real həyat materialı üzərində quran müəllif kəndlilərin həyatını, məişətini, qadınların kölə vəziyyətini, zəhmətkeşlər üzərində hökm sürən zülm və ədalətsizliyi əks etdirmişdir. Əsərdə satira atəşinə tutulan hədəflərdən biri də bəylər, çarizm üsul-idarəsi, rüşvətxor çar çinovnikləridir.[3][9][13][14]

Əsər o zaman çap olunmamışdır, ancaq əlyazması şəklində ədibin yaxın dostları arasında yayılıb oxunurdu. (C.Məmmədquluzadə “Əsəri”, II cild, Bakı, Azərnəşr, 1936, səh. 485).)[13]

” Yazmaq istəyirdim. Çox istəyirdim yazmaq. Amma bilmirdim niyə yazım və kimdən ötrü yazım. Çünki ümidvar deyildim ki, yazdıqlarımı çap etməyə və intişarə qoymağa hökumət icazə verəcək. ”
(C.Məmmədquluzadə “Seçilmiş əsərləri”, Bakı, Azərnəşr, 1951, I cild, səh.430)

1901-ci ildə İrəvandan Naxçıvana maarifpərvər M.T.Sidqiyə göndərdiyi 27 yanvar tarixli məktubunda Cəlil Məmmədquluzadə belə yazmışdır:[13]

” “Məhəmmədhəsən əminin eşşəyini” (“Danabaş kəndinin əhvalatları”) istəyirəm yazib göndərəm, senzor izn versin, İrəvanda çap elətdirəm. ”
(C.Məmmədquluzadənin arxivi, Azərbaycan SSR EA Respublika Əlyazmaları fondu, Q-3(137)

Mirzə Cəlil həmin dövrdə çap etdirə bilməsə də, gördüyü hadisələri müntəzəm qələmə almışdır. Ədib 1921-ci ildə Təbrizdən qayıtdıqdan sonra əsəri çap olunmaq üçün Bakıda Maarif Komissarlığına təqdim etmişdir. Ancaq povest Maarif Komissarlığında itdiyindən ədib öz sağlığında onu çap etdirə bilməmişdir. Beləliklə, povest ilk dəfə yazıçının ölümündən sonra 1936-cı ildə Azərnəşrdə ayrıca kitab şəklində çap olunmuş, sonra isə ədibin “Əsərləri” (1936), üçcildlik və altıcildlik “Əsərləri”nin I cildinə (1966, 1983) daxil edilmişdir.[3][7][13]

Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” seriyasından yazılmış “Danabaş kəndinin məktəbi” adlı yarımçıq bir hekayəsi də vardır. Hekayədə milli maarifçiliyə çağırış motivləri əks olunmuşdur. Ədib sonralar yenidən həmin məsələyə qayıtmış, eyni mövzu və eyni adda bir pyes yazmışdır.[4][13]

Mirzə Cəlilin ilk mətbu əsəri olan “Poçt qutusu” hekayəsi 1903-cü ilin noyabr ayında qələmə alınmışdır. Fikri istiqaməti etibarilə bu hekayə “Danabaş kəndinin əhvalatları” povestinin davamıdır. Mülkədar Vəlixan ilə avam kəndli Novruzəli arasındakı münasibət əsərin əsas məzmununu təşkil edir. “Poçt qutusu” hekayəsi gənc yazıçının ədəbi həyatında xüsusi əhəmiyyətə malik olmuş, onun gələcək yolunu müəyyənləşdirmişdir. [4][9][13][17] [14]

Ədib sonralar bu barədə qeyd etmişdir:[9]

” … Mən “Poçt qutusu”nu ondan ötrü oxucuların nəzərinə gətirirəm ki, mənim bu hekayəm ədəbi həyatımda bir əhəmiyyətli rol oynayıbdır. Bu da odur ki, bəlkə bu hekayəmin səbəbindən mən bu müsafirətimdə Tiflisə azarlını apardıqda dəxi İrəvana qayıdıb gəlmədim və Tiflisdə qalıb sonra da həmişəlik tiflisli oldum. ”
Əsər Tiflisdə Azərbaycan dilində çıxan “Şərqi-Rus” qəzetinin 1904-cü il 16 və 18 yanvar tarixli saylarında “Poçt qutusu” sərlövhəsi və “Cəlil Məmmədquluzadə” imzası ilə dərc edilmişdir. (“Şərqi-Rus” qəzeti, 16, 18 yanvar 1904-cü il, № 5, 6) Beləliklə də, ədibin “Şərqi-Rus” qəzetində çap olunan ilk hekayəsi “Poçt qutusu” olmuşdur. Müəllif onu ruscaya çevirərək, “Novoye obozreniye” qəzetində dərc etdirmişdir. 1905-ci ildə isə “Qeyrət” mətbəəsində ayrıca kitabça halında buraxılmışdır.[9][17]

“Poçt qutusu” Mirzə Cəlilin əsərlərinin nəşrlərinin hamısına daxil edilmiş, xarici dillərə tərcümə olunmuş və orta məktəblərdə tədris olunur. Hekayə əsasında “Azərbaycantelefilm” kinostudiyasında qısametrajlı film çəkilmişdir.[17]

1905-1920-ci illərdəki hekayələri
XX əsrin əvvəllərindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla da ardıcıl məşğul olmuşdur. Qüdrətli yazıçının “Usta Zeynal” (1905), “Dəllək” (1906), “İranda hürriyyət” (1906), “Fatma xala” (1906), “Qurbanəli bəy”, “Quzu” (1914), “Nigarançılıq” (1916), “Konsulun arvadı” (1918), “Pirverdinin xoruzu” (1906) və b. hekayələri onu kiçik janrın böyük ustadı kimi tanıtmışdır.[3][4][15]

İlk əsələrində əsasən kənd və kəndli həyatından, bəy-xan zülmündən yazan müəllif yeni dövrdə öz hekayələri üçün fəhlə həyatından da mövzu seçir. Fəhlə mövzusunun işlənməsi nöqteyi-nəzərindən Cəlil Məmmədquluzadə nəsrinin inkişafını göstərən əsərlər içərisində “Usta Zeynal” (1905) və və “İranda hürriyyət”(1906) hekayələri xüsusi yer tutur.[3][4][7][9][13]

“Usta Zeynal” hekayəsinin ideyası dini mövhumatın, puç müsəlman etiqadının insanları tənbəl etdiyini, onları iş və fəaliyyətdən uzaqlaşdırdığını ifşa etməkdən ibarətdir. “Usta Zeynal” 1906- cı ildən başlayaraq, bu günə qədər dəfələrlə nəşr olunmuşdur. Həmçinin Təbrizdə çıxan “Vətən yolunda” qəzetində çap olunmuşdur. (“Vətən yolunda” qəzeti, 13, 15,17,23,25,27 və 29 dekabr 1944-cü il, № 107,108,109,111,112,113 və 114). Eyni zamanda 1945-1946-cı ildə illərdə Təbriz dövlət teatrı kollektivi “Usta Zeynal” hekayəsini səhnələşdirmişdir.(Cəfər Xəndanın “Cənubi Azərbaycan ədəbiyyatında milli azadlıq ideyaları (1906- 1946-cı illər)” adlı doktorluq dissertasiyası).[9][13] [18] [19]

Cəlil Məmmədquluzadənin 1905-ci ildən sonrakı yaradıclığında, o cümlədən hekayələrində İranda və İran Azərbaycanında cərəyan edən ictimai-siyasi hadisələr mühüm yer tutmağa başlamışdır. Bu cəhətdən qələmə aldığı “İranda hürriyyət” hekayəsi çox xarakterikdir. “İranda hürriyyət” şah hökuməti tərəfindən 1906-cı ilin avqustunda verilmiş hürriyyətlə əlaqədar yazılmışdır. Əsər özünün bəzi xüsusiyyətlərilə, xüsusən zəhmətkeşlərin avamlığını tənqid cəhətdən “Usta Zeynal” hekayəsi ilə səsləşir. “İranda hürriyyət” hekayəsi yazıçının məqalələrində dəfələrlə təkrar etdiyi bu fikri təsdiq edir: edir:[3][9][12][13]

” Nə qədər ki, zəhmətkeş insan mövhumat azarından xilas olmamışdır, azadlığın nemətlərindən istifadə edə bilməz. ”
Ədib əsərdə şah hökumətinin verdiyi hürriyyətin mahiyyətini ifşa etmiş, xalq kütlələrini aldanmamağa, əsaslı demokrtatik islahat keçirilməsi uğrunda fəal və ardıcıl mübarizəyə çağırmışdır. Mirzə Cəlil hekayəni İranda hürriyyət elan edilməsindən təxminən üç ay sonra qurtarmışdır. Əsərin sonundakı: “23 noyabr 1906, Tiflis” qeydi də onun tamamlandığı tarixi göstərir.[9][12]

Buradan aydın olur ki, Mirzə Cəlil hürriyyət xəbərini eşidən kimi hekayəni yazmağa başlamış və günün zəruri məsələsinə dərhal öz münasibətini bildirmişdir. Hekayənin sentyabrın əvvəllərində, yəni İranda məşrutə elan edilməsindən bir neçə gün sonra yazılmağa başlandığına dair ədibin müəyyən işarələri vardır. Mövzusu siyasi məqsəd üçün seçilmiş, sujeti real həyat materialı üzərində qurulmuş “İranda hürriyyət” ilk dəfə 1906-cı ilin dekabr ayında Tiflisdə “Qeyrət” mətbəəsində ayrıca kitabça halında çap olunmuşdur. Kitabda rəssam O.l.Şmerlinqin üç illüstrasiyası yer almışdır. Hekayənin nəşri haqqında “Molla Nəsrəddin” jurnalının 1906-cı il 22 dekabr tarixli 38-ci nömrəsində dərc edilmiş “Elan” da yazılmışdır:

” 1906-cı ili müştərilərinə Ümidvarın yazdığı: “Bəsdir bu qədər zülm” kitabçasını hədiyyə edəcəyimizi vəd eləmişdik. Məzkur kitabın çapına ruxsət verilmədiyindən onun yerinə “İranda hürriyyət” kitabçası gələcək nömrə ilə hədiyyə göndəriləcəkdir. ”
(“Molla Nəsrəddin” jurnalı, 22, 29 dekabr 1906-cı il, № 38,39). [9][12][13][20][21]

Jurnalın həmin il 29 dekabr tarixli 39-cu nömrəsində isə deyilirdi:[12][13]

” Həmin nömrə ilə 9 aylıq müştərilərə “İranda hürriyyət” kitabı göndərilir. ”
Cəlil Məmmədquluzadənin Cənubi Azərbaycan mövzusuna həsr olunmuş hekaəylərindən biri də “Xanın təsbehi”dir. Ədib İranda olduğu vaxt özünün bilavasitə şahidi olduğu hadisələri qələmə almışdır. Hekayınin mövzusu İran despotlarının həyatından götürülmüşdür. Əsərdə həmçinin xan və bəylərin rəiyyətə amansız münasibətini əks olunmuşdur.[9][13][14]

“Usta Zeynal”da olduğu kimi, “Rus qızı” hekayəsində də iki ailə münasibəti, iki əxlaq və iki tərbiyə sistemi göstərilmişdir. “Usta Zeynal”da dini mövhumat, “Rus qızı”nda isə cəhalət, nadanlıq əks olunmuşdur. Hekayə ilk dəfə 1925-ci ildə “Yeni yol” qəzetinin 2 dekabr tarixli 275 və 6 dekabr tarixli 278-ci nömrələrində çap olunmuşdur. Hekayənin inqilabdan əvvəl yazıldığı qeyd olunmuşdur.[13] [22]

Dramaturgiyası
Cəlil Məmmədquluzadə bədii yaradıcılığa 23 yaşından, kənddə müəllim ikən başlamışdır. Ədibin ilk qələm təcrübəsi “Çay dəstgahı” alleqorik dramı olmuşdur. Bundan sonra ədib müntəzəm surətdə ədəbiyyatla məşğul olmuş, qəzetlərdə işləmiş, müəllimlik etmişdir. Əsər 1889-1894-cü illər arasında yazılmışdır. “Çay dəstgahı”nda müəllif nökər Əlinin simasında kəndin ən aşağı təbəqələrinin cəmiyyətdə yazıq və acınacaqlı halını əks etdirir. Nökər Əlilərin məişətdəki gülünc hərəkətlərində müəllif onların özlərini yox, Hacı Rəhim xanları günahlandırır.[3][7][8][9][15][23]

Cəlil Məmmədquluzadənin ilk əsərləri alleqorik mənzum “Çay dəstgahı” dramı və birpərdəli “Kişmiş oyunu” pyesidir. Birpərdəli “Kişmiş oyunu”nu pyesi 1892-ci ildə yazılmışdır. Pyesdə müəllifin əsas tənqid hədəfi zəhmətkeşlərin malına zorla sahiblənməyə çalışan kobud, tamahkar kənd mülkədarı Vəlisoltan və quldurluğa adət etmiş dələduzlardır.[3][8][9]

XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən “Ölülər” komediyası 1909-cu ildə yazılmışdır. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapmışdır. “Ölülər”də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur. Avamlıq və nadanlığın nə kimi bəlalar yaratdığı göstərilir. Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olmuşdur. Cəlil Məmmədquluzadənin tərcümeyi-halı ilə əlaqədar olan materiallar, arxiv sənədləri və xatirələr göstərir ki, Şeyx Nəsrullah surətinin yaradılmasında müəllifin şahidi olduğu konkret tarixi faktların və həqiqətlərin böyük təsiri olmuşdur. Şeyx Nəsrullah bütün Yaxın və Azərbaycan üçün səciyyəvi olan canlı, tipik və mürəkkəb bir ruhani obrazıdır. Ədib Şeyx Nəsrullahın əksi olaraq yaratdığı Kefli İskəndər obrazı vasitəsilə xalqı oyatmağa çalışmışdır.

1916-cı ildə Bakıda səhnəyə qoylumuş “Ölülər” komediyası uzun müddət Azərbaycan və Şərq ölkələrinin teatrlarında oynamışdır. Əsər tez bir zamanda Dərbənd, Buxara, Səmərqənd, Orenburq, Kazan, Tiflis, Yerevan və bşaqa şəhərlərin səhnələrində uğurla göstərilmişdir. “Ölülər” haqqında Üzeyir Hacıbəyov demişdir:

” “Ölülər” “Molla Nəsrəddin” kimi baltanı dibindən vuran bir pyesdir”. ”
Əsərin ilk tamaşası haqqında o zamanlar xüsusi nəşriyyat sahibi olan mühərrir Oruc Orucov yazmışdı:

” Yuxarıdan aşağı zikr edilən sözlərə diqqətlə baxılacaq olursa, bu cümlələr eylə silsiləvari irad olunur ki, əsla bir sərxoş nə qədər müqtədir olsa da, o dərəcədə aqilanə, mahiranə nəsihətlərdə buluna bilməz. ”
(“Yeni İqbal” qəzeti, 1916, № 298).

“Ölülər” Təbrizdə 1921-ci ildə tamaşa qoyulmuşdur. Həmin dövrdə Kefli İsgəndər obrazını Böyükxan Naxçıvanski, Hacı Baxşalı obrazını Səməd Mövləvi, Məşədi Oruc obrazını naxçıvanlı Cabar Əmirov, Hacı Həsənağa obrazını Mehdi, Cəlal obrazını Mirzə Cəlilin oğlu Midhət, Nazlı obrazını Mirzə Cəlilin qızı Münəvvər, müəllim obrazını qafqazlı Mehdi, Şeyx Nəsrullah obrazını Əli Azəri ifa etmişdir.

“Anamın kitabı” komediyası Azərbaycanda Sovet hakimiyyətindən qabaq 1919-cu ildə yazılmışdır. Ədib əsərdə dil və mədəniyyət məsələsinə toxunmuş, müəyyən qrup ziyalıların canlı ana dilinə yabançı olmasını göstərmişdir. Dramaturq bir ananın övladları olan üç qardaşın simasında xalqdan uzaq belə ziyalıların tipik surətlərini yaratmışdır. Hələ 1906-cı ildə “Molla Nəsrəddin”in birinci nömrəsində ədib yazıçılara və oxuculara bu cür müraciət etmişdir:[4][8][9][14]

” Salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalay-yırğalaya sizə türk dilində lay-lay deyirdi… Hərdənbir ana dilində danışmaq ilə keçmişdəki gözəl günlərini yad etməyin nə eybi var?. ”
Əsərdə həmçinin Azərbaycan xalqının milli azadlığı, milli intibah və yüksəlişi məsələləri də öz əksini tapmışdır. Müəllif tipləri, hadisələri, komediyanın sujetini həyatdan götürmüşdü.[3]

XX əsr Azərbaycan nəsri və dramaturgiyasının inkişafında yeni bir mərhələ olan birpərdəli “Kamança” pyesi 1920-ci ildə Şuşada yazılmışdır. Pyesdəki hadisələr Qarabağda cərəyan edir və həmin dövrdə Qarabağda yaşayan ədibin real həyati müşahidələri əsasında qələmə alınmışdır. Janrına görə faciə olan əsərdə 1918-1920-Cİ illərdə Qarabağda baş vermiş erməni- Azərbaycan münaqişəsi dövrünün hadisələrindən bəhs olunur.[2][3][7][24][25]

Sovet hakimiyyəti illərində
Cəlil Məmmədquluzadənin yaradıcılığının və ictimai fəaliyyətinin mühüm bir mərhələsini də onun həyatının Sovet hakimiyyəti illərində keçən 1921-ci ildən 1932-ci ilə qədərki dövrü təşkil edir. Sovet dövründə də ədib bədii yaradıcılığını davam etdirmişdir.[4][8]

Sovet hakimiyyəti illərində qələmə alınmış “Lal”, “Oyunbazlar”, “Lənət” səhnəciklərində (1921) köhnəlik və gerilik, mövhumat və cəhalət tənqid olunmuşdu. Bu kiçik həcmli əsərlərdə elm, təhsil, məktəb kimi məsələlər ön plana çəkilmişdir.[4]

Bu dövrdə “Danabaş kəndinin məktəbi” pyesini yazmışdır. Ədibin irihəcmli dramlarından olan, 1921-ci ildə qələmə alınan “Danabaş kəndinin məktəbi” pyesi əvvəlcə hekayə şəklində olmuş, sonralar müəllif tərəfindən səhnələşdirilmişdir. Pyesdə təsvir olunan həyat təxminən “Ölülər”in əhatə etdiyi tarixi dövrə yaxındır. Ədib özü də əsərin başlanğıcında əhvalatın 1895-ci ildə vaqe olduğunu qeyd edir. Əsərdə elm, maarif, məktəb təbliğ olunmuş, cəhalət və savadsızlıq tənqid olunmuşdur. Cəlil Məmmədquluzadə 1928-ci ildə əsəri tamaşaya qoyulmaq üçün Dövlət Türk Akademik Dram Teatrına “Danabaş kəndinin müəllimi” adı ilə təqdim etmişdir.[4][9][14]

1926-ci ildə qələmə alınmış “Yığıncaq” pyesində sovet cəmiyyətinin ilk onilliyində Azərbaycan cəmiyyətində gedən mürəkkəb ictimai proseslər əks olunmuşdur.[4][7][8]

“Dəli yığıncağı” tragikomik pyesi 1927-ci ildə Bakıda yazılmışdır. Əsərdə Cənubi Azərbaycan zəhmətkeşləri üzərində ağalıq edən müstəmləkəçilərin soyğunçuluğu, özbaşınalığı, xarici düşmənlərin mənafeyini müdafiə edən mühafizəkar ruhanilərin geniş kütlələri mövhumatda saxlamaqları kəskin tənqid olunmuşdur. “Dəli yığıncağı” mövzu etibarilə “Ölülər”ə daha yaxın əsərdir. Əsərdə “Ölülər”də əks olunan feodal həyatı və tipləri əks olunmuşdur.[3][4][9][14][26]

Dörd pərdəli “Ər” pyesi 1930-cu ildə sovet hakimiyyəti illərində yazılmışdır. Əsərdə sovet hakimiyyətinin başlanğıc illərində Azərbaycanda gedən ictimai proseslər əks olunmuşdur.[4]

Qadın azadlığı məsələsi
Cəlil Məmmədquluzadənin hekayələrində qadın əsarətinə qarşı mübarizə mövzusu mühüm yer tutmuşdur. Ədib “Molla Nəsrəddin” jurnalı səhifələrində olduğu kimi, hekayələrində də həmişə qadınların ağır kölə vəziyyətinə qarşı çıxmış, onların azadlığı uğrunda ciddi mübarizə aparmışdır.[13] Mirzə Cəlilin 1905-1920-ci illərdə yazdığı hekayələrdə ən çox işlənən mövzulardan biri də məhz qadın azadlığı məsələsi ilə bağlı olmuşdur.[9][13]

Ədib həmin illərdə qadın əsarətinə qarşı “İranda hürriyyət”, “Xanın təsbehi”, “Konsulun arvadı”, “Qəssab”, “Molla Fəzləli”, “Pirverdinin xoruzu” və s. hekayələri yazmışdır. “Molla Fəzləli” (1915) hekayəsində ədib qadın səadətini alt-üst edən köhnə əxlaq normalarından, siğə məsələsindən bəhs etmişdir. “Xanın təsbehi”, “Konsulun arvadı” hekayələrində isə qadına olan xüsusi mülkiyyətçilik əlaqəsinin başqa bir cəhəti, qadın alverinin başqa bir forması öz əksini tapmışdır.[9][13]

Eyni zamanda ədib sovet dövründə qələmə aldığı “İki ər”, “Qiyamət”, “Eydi-rəməzan” hekayələrində də bu məsələyə toxunmuşdur. 1927-ci ildə yazılmış “İki ər” hekayəsi “Şərq qadını” jurnalının həmin il 10-11-ci nömrəsində dərc edilmişdir.[9][27]Həmçinin ədibin 1927-ci ildə Oktyabr inqilabının on illiyi münasibətilə yazdığı “Qiyamət”, “Eydi-rəməzan” hekayələrində qadının ictimai həyatdakı fəaliyyəti əks olunmuşdur.[9]

Mirzə Cəlil qadın azadlığı məsələsinə həm hekayələrində, həm də dramaturji və publisist fəaliyyətində geniş yer vermişdir. Ədib uzun illər arzusunda olduğu “Şərq qadını” jurnalının nəşrini sevinclə qarşılamış, “Molla Nəsrəddin”də dərc etdiyi “Şərq qadını” məqaləsində onu təbrik etmişdir. Mirzə Cəlilin həmin jurnalda “Hünərli qadınlar”, “İki ər”, “Bir balaca yanlışlıq” hekayələri, həmçinin “Köhnə dərdim”, “Mirzə Fətəli Axundov dinlər haqqında”, “Mirzə Fətəli Axundov və qadm məsələsi” məqalələri dərc olunmuşdur. [28]

Yazıçı 1924-cü ildə “Şərq qadını” jurnalının ildönümü münasibətilə yazdığı “Köhnə dərdim” adlı məqaləsində demişdi:[9][28]

” Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstünə vurulub. Şərq qadınının dərdini mən hamıdan artıq anlaya bilərəm. O mənim köhnə dərdimdi… Nədir onların dərdi? Şərq qadınını azad etmək! Nədən? Şəriətin kəməndindən, müsəlmanlığın zəncirindən, hərəmxanələrin zindanından, qara çarşafın zülmündən. ”
(Cəlil Məmmədquluzadə “Köhnə dərdim, “Şərq qadını” jurnalı, 1924, № 10, səh.25″).

Ədib müsəlman aləmində dəbdə olan siğəni əxlaqa, ailə məsuliyyətinə zidd hesab etmiş və bu cür fikirlərinə görə ruhanilər tərəfindən təqib olunmuş, ölümlə hədələnmişdir. Bu barədə Həmidə xanım öz xatirələrində belə yazırdı:

” Faiq əfəndi Mirzə Cəlilə bildirdi ki, evdən kənara çıxmasın, onu öldürmək istəyirlər. Şəhərin müsəlman hissəsi böyük həyəcan keçirirdi. Camaat mollaların başçılığı ilə məscidə toplanıb Mirzə Cəlilə lənət oxuyur, islama rəxnə yetirən o dinsiziin qətlinə fərman verirdi. Başqa yerlərdən avamlar Mirzə Cəlilə söyüş və hədələrlə dolu məktublar göndərmişdilər. ”
[29]

Buna baxmayaraq, Şərq qadınının azadlığı uğrunda ədibin apardığı mübarizəyə yüksək qiymət verən dövrün mütərəqqi ziyalıları da az deyildi. Y.Vəzirov “Millət” qəzetində çap etdirdiyi məqaləsində yazırdı:

” İslam aləmində həlli üsyana səbəb olan bir çox dini məsələləri “Molla Nəsrəddin” zəmanə nöqteyi- nəzərini etibara alaraq, qolaylıqla həll yoluna saldı. Əski qanun və adətlər dairəsini pozub geniş bir vadiyə çıxdı. Qadın məsələsi kimi zəruri, həyati və bununla belə qarışıq məsələni həll etdi. Zəmanə yazılmlş qanunlardan qüvvətlidir,-dedi. Zəmanə tələbatına tabe olunuz! ”
[30]

Ailəsi
1896-cı ildə ilk ailəsini qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. 1900-cü ildə dövrünün tanınmış hüquqşünaslarından olan Məhəmmədqulu bəy Kəngərli-nin bacısı Nazlı xanım Kəngərli ilə ailə həyatı qurur. Lakin sonradan Mirzə Cəlillə Nazlı xanımın münasibətləri korlanır. 1903-cü ildə Nazlı xanım vaxtından əvvəl ölü uşaq doğur və bununla da əsəb xəstəliyinə tutulur. Mirzə Cəlil Məhəmmədqulu bəylə birlikdə xəstəni Tiflisə aparır və həkimlərin tövsiyyəsi ilə əsəb xəstəlikləri üzrə Mixaylovski xəstəxanasına yerləşdirir. Buna baxmayaraq Nazlı xanımın xəstəliyi şiddətlənir, yeməkdən qəti imtina edir və tezliklə dünyasını dəyişir. Üçüncü dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş, oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.

Elmi fəaliyyəti
1903-cü ildən Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işləmişdir. C. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında “Şərqi-Rus” qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur.[31] “Poçt qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir. 1904-cü il noyabrında C. Məmmədquluzadənin “Şərqi-Rus” qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1905-ci ildə “Şərqi-Rus” bağlandığı zaman Məmmədquluzadə, jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə ilə şərikli bu qəzetin mətbəəsini alıb, ona ” Qeyrət” adı vermişdir. 1905-1907-ci illərdə C. Məmmədquluzadənin ilk kitabçaları, (“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “İranda hüriyyət” ) “Qeyrət” mətbəəsində nəşr olunmuşdur. Həmin ildə C. Məmmədquluzadə Tiflisdə uşaqlar üçün məktəb və pansion açmışdı. 1905-ci ildə “Kavkazski raboçi listok” qəzetində Cənubi Azərbaycandan gəlmiş fəhlələrin ağır həyatını təsvir edən “Binəsiblər” və “Xeyirdua” məqalələri ilə çıxış etmişdi. C. Məmmədquluzadə həmin ildə “Novruz” adlı gündəlik qəzet çıxarmağa icazə alsa da, azadlıq hərakatının təsiri ilə mübariz satira orqanı nəşr etməyi daha münasib bildi.

Cəlil Məmmədquluzadənin 100 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1966)
İlk nömrəsi 1906-cı il aprelin 7-də (köhnə stil ilə 20 aprel) çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat və ədəbiyyat məktəbi yaratdılar. “Molla Nəsrəddin” “Suri-İsrafil” (Azərbaycan), “Nəsimi-şimal” (İran), “Cəm” (Türkiyə), “Uklar” , “Yəşen” (Tatarıstan), “Tokmaq” (Türkmənistan), “Sinək” (Krım) və s. satirik jurnallar üçün örnək oldu. Ə. Lahuti, A. Turkay, M. Dehxuda, Ə. Gilani “Molla əmi”ni özlərinə müəllim və ustad seçmişdilər. Jurnalın Rusiyadan başqa Asiya, Avropa və Amerikanın bir sıra ölkəsində də abunəçiləri var idi. Başqa mollanəsrəddinçilər kimi, C.Məmmədquluzadə də irtica və qaraguruhçuların arakəsilməz təqib və təzyiqinə məruz qalırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar aparır, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırırdı.”Molla Nəsrəddin” jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynamışdır.

Cəlil Məmmədquluzadə ev muzeyi
1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş[32] və 1921-ci ildə orada Molla Nəsrəddinin 8 nömrəsini çap etmişdir. 1922-ci ildə “Molla Nəsrəddin”in nəşrinin burada davam etdirmişdir. “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olmuş, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” (indiki “Azərbaycan qadını”) və s. mətbuat orqanlarında fəaliyyət göstərmişdir. 20-ci illərin ikinci yarısından tibarən C. Məmmədquluzadənin həyatında ciddi sarsıntılar dövrü başlanmışdır. Onun baş redaktoru olduğu “Molla Nəsrəddin” jurnalına ciddi senzura nəzarəti qoyulmuş, jurnalın nəşri üçün ayrılan dövlət vəsaiti (dotasiya) azaldılmışdı. Hətta “Molla Nəsrəddin” jurnalının Mübariz Allahsızlar Cəmiyyətinin orqanı kimi fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmişdi. Bir çox dövlət səviyyəli toplantılara, ədəbi-mədəni tədbirlərə dəvət edilməməsi, dövri mətbuatda haqqında çap olunan yersiz tənqidi məqalələr də böyük demokrat ədib üçün gözlənilməz mənəvi-zərbələrə çevrilmişdir. Bütün bunlar yazıçının sağlamlığını ciddi surətdə sarsıtmışdı. Cəlil Məmmədquluzadə 40 illik yaradıcılığı boyu müxtəlif janrlarda (dram, hekayə, povest, şeir, publisistika, ədəbi tənqid, xatirə və s.) yazdığı əsərləri ilə realist Azərbaycan ədəbiyatının yeni, yüksək pilləyə qalxmasında müstəsna rol oynamışdı. C. Məmmədquluzadə ədəbi və estetik görüşlərində realizmin ardıcıl tərəfdarı, mübariz təbliğatçısı və nəzəriyyəçısi idi. M. F. Axundov ənənələrinə əsaslanan C. Məmmədquluzadə sənətdə mücərrədliyə, formalizm təzahürlərinə, bitərəflik və ideyasızlıq meyllərinə qarşı kəskin mübarizə aparırdı. Ədəbiyyatı və mətbuatı bütün xalqın, hətta sadə, savadsız, avam adamların malı etmək onun əsas yaradıcılıq qayələrindən idi. O, “qələmlə təşəxxüs satan” məsləksiz yazıçıları – “şeir bülbülləri”ni hiddətlə tənqid edirdi. Hələ “Danabaş kəndinin əhvalatları” povesti və ilk hekayələri ilə C. Məmmədquluzadə tənqidi realizm yolunu tutmuşdu. Bu əsərlərdə o zamankı Azərbaycan kəndində hökm sürən feodal-patriarxal münasibətlər, çar məmurlarının və din xadimlərinin özbaşınalığı, şüurlarda və məişətdəki gerilik, mövhumat və xürafat, qadınların acınaclıq taleyi, tərəqqi və dirçəlişə çağıran böyük vətəndaş yanğısı ilə qələmə alınmışdı. C. Məmmədquluzadə öz qələm və məslək dostları ilə birgə Azərbaycan satirasını daha da inkişaf etdirərək, ona demokratik məzmun verdi. Onun ” Poçt qutusu” (1905), “Usta Zeynal”, “İranda hürriyyət” (1906), “Qurbanəli bəy” (1907) kimi hekayələri, məşhur “Ölülər” mühitinin rəzalətlərini nifrətlə damğalamış, işıqlı həyat haqqında arzuların tərcümanı olmuşdur. İlk dəfə 1916-cı ildə Bakıda tamaşaya qoyulan “Ölülər” komediyası “baltanı dibindən vuran” (Ü. Hacıbəyov), “İdeyası inqilabi” (N. Nərimanov) bir əsər kimi hərarətlə qarşılanmışdı. C. Məmmədquluzadənin yaradıcılığında milli şüur, mənsub olduğu xalqın müstəqilliyi və taleyi (“Anamın kitabı”,1919), ailə məktəb tərbiyəsi, ümumiyyətlə, marifçilik ideyaları (“Danabaş kəndinin məktəbi”, 1921) və s. problemlər də geniş yer almışdı. Erməni və Azərbaycan münaqişəsi mövzusunda yazılmış birpərdəli “Kamança” (1920) pyesində xalqımızın dərin humanizmini böyük sənətkarlıqla təcəssüm etdirmişdir. “Dəli yığıncağı” (nəşri 1936) komediyasında feodal-patriarxal münasibətləri, fantizm kəskin tənqid atəşinə tutulur. Bədii yaradıcılığda da olduğu kimi, publisistikasında da əsasən, satirik janrlardan istifadə etmişdir. O, çarizm, sosial ədalətsizlik, fantaizm, xurafat, cəhalət və nadanlıq, Qərb inperailzmi və Şərq istibdadı əleyhinə çevrilmiş yüzlərcə publisistik məqalə, fleyton və satirik miniatürün müəllifidir. Həmçinin, müxtəlif satirik təsvir üsulları ilə II Nikolay, Məmmədəli şah, Sultan Əbdülhəmid, Kayzer Vilhelm və b. “böyükləri ifşa edirdi. Digər dünya demokrat yazıçıları və M. F. Axundov məzlumlar ələ, “dəyənək” almağa, zalımlara qarşı qəti mübarizə aparmağa çağırırdı. “Cümhuriyyət” (1917) adlı əsərində xalq hakimiyəti, demokratik respublika tələbi irəli sürülürdü.

Cəlil Məmmədquluzadənin büstü
C. Məmmədquluzadənin publisit əsərlərində milli məsələdən, İran və Türkiyə inqilablarından, qadın azadlığı, maarif, ədəbiyyat, incəsənət, ana dili və s. ictimai-mədəni tərəqqi problemlərindən bəhs edilir, qabaqcıl fikirlər yürüdülürdü. Çoxcəhətli, dərin bilik sahibi olan ədib Datvin, Epikür, və Sokrat, Şekspir və Şiller, Kant və Spinoza, Holbax və Leybnits, Qlinka və Bethoven, Derjavin və Puşkin, Zərdüşt və Mani, müxtəlif siyasi, fəlsəfi, dini, sosioloji cərəyanlar haqqında yazmış, mürtəce ideyaları rədd etmiş, Bəşər dühasının mühüm nailiyyətlərini təbliğə çalışmışdır. 1922-1930-cu illərdə C. Məmmədquluzadə “Molla Nəsrəddin”i mübariz mətbua orqanlarından birinə çevirmək üçün səylə çalışmış, gənc yazıçı və rəssamların böyük bir nəslini satirik jurnalistika sahəsində işləməyə hazırlayırdı. Jurnalın bu illərdə çıxan nomrələrində C. Məmmədquluzadə satiraya yeni ictimai məzmun vermək məqsədi ilə ciddi yaradıcılıq axtarışları aparırdı. O, publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını janr və formaca da zənginləşdirmişdir. Xüsusilə də, kiçik hekayənin böyük ustadı hesab edilirdi. Hekayələri sosial mətləbləri son dərəcə yığcam formada, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri sırasında durur. C. Məmmədquluzadənin zəngin bədii irsi, “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, maarifçi-demokratik hərəkkatın inkişafına təsir göstərmişdir.

Cəlil Məmmədquluzadənin Bakıdakı Ev Muzeyi
Xatirəsi
C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.[33]

17 yanvar 2019-cu ildə Azərbaycan prezidenti Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.[34]

Cəlil Məmmədquluzadənin 25 il redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının üz qabığı (1906)
Şəcərəsi
Baba
Hüseynqulu (1808-?)
Məşədi Məmmədqulu (1836-1905)
Cəlil Məmmədquluzadə (1869-1932)[35]
Dini görüşləri
Cəlil Məmmədquluzadənin dini görüşləri, ümumiyyətlə, mübahisə doğurur. Bəzi mənbələrə görə o ateist, bəzi mənbələrə görə isə sadəcə müsəlman demokratizminin tərəfdarı olmuşdur. Amma bu dəqiqdir ki, o öz əsərlərində dövrünün ekstremist düşüncələrinə, cahilliyə, savadsızlığa və dini xurafatlara qarşı kəskin tənqidi fikirlər səsləndirmişdir.[36][37]

Əsərləri
Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. I cild. Nəsr, dram əsərləri, satirik şeirlər, tərcümələr
Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. II cild. Felyeton və məqalələr
Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. III cild. Felyeton və məqalələr
Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. IV cild. Memuarlar, məqalələr, məktublar
Haqqında çəkilən film
Cəlil Məmmədquluzadə (film, 1966)
Əsərləri üzrə çəkilən filmlər
Poçt qutusu (film, 1967)
Quzu (film, 1967)
Qəm pəncərəsi (film, 1986)
Pirverdinin xoruzu (film, 1987)
Qurbanəli bəy (film, 1989)
O dünyadan salam (film, 1991)
Lal (film, 1992)
Anamın kitabı (film, 1994)
Nigarançılıq (film, 1998)
Lal (film, 2003)
Oyun (film, 2003)
Sirkə (film, 2003)
Kefsiz (film, 2003 )
Həmçinin bax
Molla Nəsrəddin (jurnal)
Ölülər (opera)
Şərqi-Rus (qəzet)
Kaspi (qəzet, 1881)
Füyuzat (jurnal)
Nehrəm məktəbi
Cəlil Məmmədquluzadənin ev-muzeyi (Naxçıvan)
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı

Son Yazılar

  • Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart)
  • 14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü
  • 12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü
  • 12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü
  • Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb

C.məmmədquluzadə haqqında

İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun direktoru, akademik

Çoxəsrlik Azərbaycan ədəbiyyatı qədim dövr və orta əsrlərdə romantik istiqamətdə inkişaf etmiş, dünya ədəbiyyatına görkəmli ədəbi simalar və ölməz şedevrlər bəxş etmişdir. XVIII əsrdən etibarən Azərbaycan ədəbiyyatında realist meyillər qüvvətlənməyə başlamış, XIX əsrdə daha da inkişaf etmişdir. Xüsusən, Mirzə Fətəli Axundzadənin çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycanda maarifçilik ideyadan hərəkat səviyyəsinə qaldırılmış, maarifçi realizm ədəbi cərəyanı formalaşdırılmışdır. XX əsrin əvvəllərində isə Azərbaycan ədəbiyyatında tamamilə fərqli bir mərhələ başlanmışdır. Tənqidi realizm və Mollanəsrəddinçilik adlanan bu yeni ədəbi tarixi mərhələnin qüdrətli yaradıcısı görkəmli Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadədir.

Azərbaycan ədəbiyyatında böyük demokrat yazıçı və ictimai xadim kimi şöhrət qazanmış Cəlil Məmmədquluzadə (1869-1932) XIX əsrin ikinci yarısından sonra canlanmağa başlayan maarifçilik ənənələri və dövrün mühüm elm və maarif mərkəzlərindən olan məşhur Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası zəminində yetişib formalaşmışdır. Onun görkəmli bir yazıçı kimi formalaşmasında və mənəvi təkamülündə Naxçıvan məktəblərində keçdiyi çətin və şərəfli yol, eyni zamanda, əsas yaradıcılarından biri olduğu Naxçıvan teatrı da xüsusi rol oynamışdır. Beləliklə, Cəlil Məmmədquluzadə hələ cavan yaşlarından etibarən mənsub olduğu Azərbaycan və Şərq ədəbiyyatı, habelə Rusiya və Qərb mədəniyyətləri, dövrün maarifçi ideyaları və ictimai fikri ilə dərindən tanış olmuş yazıçı və vətəndaş kimi ədəbiyyatda öz yolunu müəyyənləşdirmişdir. Böyük demokrat ədibin uğrunda ardıcıl olaraq mübarizə apardığı tənqidi-realist ədəbiyyat, satira mətbuatı və milli istiqlal mübarizəsi onu Azərbaycan ədəbi-ictimai fikrinin ön cəbhəsinə gətirib çıxarmışdır. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının banisi, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və milli istiqlal hərəkatının əsas simalarından biri kimi tanınıb şöhrət qazanmışdır. O, Azərbaycanda yeni tipli realist-satirik ədəbiyyatın və demokratik mətbuatın əsasını qoymuşdur.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Cəlil Məmmədquluzadə Azərbaycanda tənqidi-realist satirik ədəbiyyatın görkəmli yaradıcısıdır. O, özündən əvvəl ədəbiyyatda mövcud olmuş maarifçi realist ənənələri tənqidi realizm səviyyəsinə qaldırmışdır. Ədəbiyyatda həyatın və cəmiyyətin daha dərin qatlarına, insanın mənəvi aləminin incəliklərinə nüfuz etmək və onu fərqli bədii vasitələrlə canlandırmaq baxımından Cəlil Məmmədquluzadə ilə müqayisə ediləcək başqa bir yazıçı göstərmək çətindir. O, hələ ilk qələm təcrübəsi olan “Çay dəsgahı” dramında (1889) alleqorik vasitələrlə olsa da cəmiyyət üçün aktual olan “Nə etməli” sualına cavab axtarmaqla mənsub olduğu xalqın milli oyanışına xidmət edəcək yazıçı olmaq yolunu seçdiyini bəyan etmişdir. Ədibin “Danabaş kəndinin əhvalatları” povesti (1894) Azərbaycanda cəmiyyət həyatının gerçəkliklərini obyektiv şəkildə meydana qoyan və milli-mənəvi oyanışın zəruriliyini bütün reallığı ilə diqqət mərkəzinə çəkən yeni tipli realist ədəbiyyatın böyük müqəddiməsidir. Bu, bütövlükdə Cəlil Məmmədquluzadə tərəfindən yaradılmış Azərbaycan kəndinin faciəvi həyatının, ürəkağrıdan hadisələri və insanların nağılvari hekayətləridir. Əsərin əsas qəhrəmanı Məhəmmədhəsən əminin timsalında “Danabaş kəndinin əhvalatları” povesti iztirablarla üz-üzə qalan, haqqı tapdanmış, lakin ləyaqətini qoruyub saxlamış kiçik adamların böyük əhvalatlarıdır. Əsərdə təsvir edilən sadə və zavallı insanların sayəsində Azərbaycan ədəbiyyatında “kiçik adam” ilk dəfə böyük ədəbiyyatın əsas obrazı kimi ədəbiyyata gətirilmişdir. Ümumiyyətlə, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında “kiçik adam”ın taleyini böyük ədəbiyyatın baş mövzusuna çevirmiş ilk Azərbaycan yazıçısıdır. Yazıçı “kiçik adam”ı geniş mənada xalq anlayışı səviyyəsində təqdim etmişdir. Cəlil Məmmədquluzadənin ürək yanğısı ilə ədəbiyyata gətirdiyi Məhəmmədhəsən əmi, Novruzəli, Usta Zeynal, Kərbəlayı Məmmədəli, Pirverdi, Sadıq kişi kimi obrazlar taleyi, güzəranı, düşüncəsi və ümidləri etibarilə Azərbaycan xalqının XIX əsrin sonları və XX əsrin əvvəllərindəki həyatını bütün reallıqları ilə əks etdirib ümumiləşdirir. Onlar heç də keçmiş sovet ədəbiyyatşünaslığının təqdim etdiyi kimi cahil və nadan insanlar deyildilər. Cəlil Məmmədquluzadənin “kiçik adam”ları özlərinin sədaqəti, mənəvi təmizliyi, halallığı, toxluğu, çalışqanlığı, əsil insani keyfiyyətləri ilə mənsub olduğu xalqın xarakterik xüsusiyyətlərini əks etdirir. Savadsız olmaları, poçt qutusunu tanımamaqları, “hürriyyət”dən baş çıxarmamaları özlərinin deyil, onları daim əsarətdə saxlamaq istəyən mövcud rejimin yaratdığı müstəmləkə zülmünün təzahürləridir. Cəlil Məmmədquluzadənin də niyyəti Məhəmmədhəsən əmini və ya Novruzəlini yox, onları geridə saxlayan siyasi rejimi tənqid etməkdən ibarət idi. Cəlil Məmmədquluzadə nəinki ölkədəki siyasi istibdadı və ruhani despotizmini kəskin tənqid etmiş, müstəmləkəçi rejimə onun əsaslarını sarsıdan öldürücü zərbələr vurmuşdur. Cəlil Məmmədquluzadənin “Rişədən başlamalı” çağırışı Azərbaycan ədəbiyyatında müstəmləkəçi siyasi sistemin tam aradan qaldırılması və onun bütün təzahürlərinin məhv edilməsi vəzifələrini irəli sürür: “Əsas mətləb rişədədir. Çünki qalan kiçik məsələlər həmin rişəyə bağlıdır: əlifba, çadra, papaq, əmmamə, əba neyləsin, yaşıl qurşaq, qüsl, …imamət, ziyarət… və müxtəsər, yenə minlərcə bu qəbil… mövhumat və axmaqlıqhat. Sən gərək məsələni rişədən başlayasan. Əgər rişə bərk və möhkəm olsa, ağac möhkəm duracaq və qanad-budağın darasan da, yenə axırda onlar dübarə pöhrələnib təzələnəcəklər”.

Deməli, Cəlil Məmmədquluzadənin realizmi maarifçi, islahedici, tərbiyələndirici yox, mövcud rejimin əsaslarının dağıdılması yolu ilə xalqın azadlığının təmin edilməsinə ünvanlanmış yeni tipli realist ədəbiyyat modelidir. Cəlil Məmmədquluzadənin nəsr əsərləri, xüsusən dərin məzmuna malik kiçik hekayələri Azərbaycan ədəbiyyatının bu janrda yazılmış ilk tənqidi-realist örnəkləridir. “Molla Nəsrəddin” jurnalının “Sizi deyib gəlmişəm” müraciəti yalnız millətin oyanışına deyil, həm də yeni ədəbiyyatın prinsiplərinin müəyyən edilməsinə çağırışın ifadəsi idi. Eyni zamanda, “Molla Nəsrəddin” jurnalının hələ 1906-cı ildə başladığı “həqiqi “Molla Nəsrəddin” şairi axtarışları” tənqidi-realist satirik ədəbiyyatın Mirzə Ələkbər Sabir və Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz, Bayraməli Abbaszadə və başqaları kimi böyük yaradıcılarının kəşfi ilə nəticələnmişdir. Beləliklə, Azərbaycanda ciddi ictimai mövzularda kəskin bədii söz deməklə xalqı ayıltmaq və cəmiyyəti dəyişmək vəzifələrini özündə əks etdirən yeni tipli ədəbiyyat yaranmışdır. Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində genişlənməkdə olan tənqidi realist ədəbiyyatın əsas yaradıcısıdır. Onun banisi olduğu tənqidi realizm bütövlükdə Azərbaycan ədəbiyyatında yeni hadisə olan realizmin fərqli bir mərhələsini müəyyən etmişdir. Ətrafına cəlb etdiyi eyni tipli yaradıcılıq prinsiplərini əsas kimi qəbul etmiş qələm dostlarının vahid ideya-sənətkarlıq mövqeyindən çıxış etmələri ilə tənqidi realizm Azərbaycanda ədəbi cərəyan kimi formalaşmışdır. XX əsrin əvvəllərində Azərbaycanda digər ədəbi cərəyanların: maarifçi realizm, romantizm və sentimentalizmin də yanaşı fəaliyyət göstərməsinə baxmayaraq, Cəlil Məmmədquluzadənin yaradıcısı olduğu tənqidi realizm dövrün ən aparıcı ədəbi cərəyanı funksiyasını həyata keçirmişdir. Təsadüfi deyildir ki, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı əsasən tənqidi realizm, yaxud “Molla Nəsrəddin” epoxası kimi səciyyələnir. Müasiri olmuş görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin Cəlil Məmmədquluzadəni “ədəbi dövrün başçısı” adlandırması böyük demokrat yazıçının milli ədəbi-ictimai fikrin inkişafındakı xüsusi rolunu və mövqeyini aydın surətdə əks etdirir. Cəlil Məmmədquluzadə “ədəbi dövrün başçısı” kimi təkcə tənqidi-realizm ədəbiyyatını və Mollanəsrəddinçilik hərəkatını deyil, bütövlükdə yaşayıb-yaratdığı tarixi mərhələnin bütün istiqamətlər üzrə ədəbi-ictimai fikrini istiqamətləndirmiş və idarə etmişdir.

Tənqidi-realist ədəbiyyatın ədəbi cərəyan səviyyəsinə yüksəldilməsində məşhur “Molla Nəsrəddin” jurnalının rolu və xidmətləri xüsusi qeyd edilməlidir. Cəlil Məmmədquluzadənin redaktorluğu ilə 1906-1917-ci illərdə Tiflisdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilən “Molla Nəsrəddin” jurnalı tənqidi realizm cərəyanının əsas ədəbi cəbbəxanasıdır. Öz ətrafında mollanəsrəddinçi şairləri və yazıçıları birləşdirən “Molla Nəsrəddin” jurnalı nəinki ölkədə, Qafqazda, Türkiyədə, İranda, Orta Asiyada, Volqaboyunda. tənqidi realist və satirik ədəbiyyatın bayrağını ucaltmış, həm bu tipli ədəbiyyatın konsepsiyasını irəli sürmüş, həm də konkret ədəbi nümunələrini xalqa çatdırmışdır. Tənqidçi-realist yazıçı və şairlər üçün “Molla Nəsrəddin” jurnalı ədəbi məktəb funksiyasını həyata keçirmişdir. Azərbaycan ədəbiyyatında tənqidçi-realist yazıçı və şairlər ordusu “Molla Nəsrəddin” jurnalı ətrafında yetişib formalaşmışdır. Bu mənada tənqidi realizm ədəbi cərəyanı ilə “Molla Nəsrəddin” ədəbi məktəbi ifadələri eyni məna daşıyan sinonim sözlərdir. “Molla Nəsrəddin” ədəbi məktəbi geniş anlayış olub, özündə mollanəsrəddinçi şairləri və yazıçıları, satirik publisistikanın mahir yaradıcılarını, karikaturaçı rəssamları birləşdirmişdir. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində “Molla Nəsrəddin” jurnalı qədər geniş, universal yaradıcılıq istiqamətlərini və böyük yaradıcı qüvvələri öz ətrafında cəmləşdirən ikinci bir uzunömürlü mətbuat orqanı olmamışdır. “Molla Nəsrəddin” nəinki Azərbaycanın, geniş mənada türk-müsəlman dünyasının ilk satirik və karikaturalı jurnalı kimi bədii yaradıcılığın və təsviri sənətin inkişafına xidmət edən yeni nəsil sənətkarlar ordusu meydana çıxarmışdır. Cəlil Məmmədquluzadənin səyləri nəticəsində “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri vahid ədəbi cəbhədən çıxış etmiş, köhnəliyə, cəhalətə, fanatizmə, geriliyə qarşı bütün cəbhə boyu mübarizə aparmışlar. “Molla Nəsrəddin” jurnalı İran Məşrutə hərəkatına, Azərbaycan milli istiqlal mübarizəsinə bir ordudan çox xidmət göstərmişdir. “Molla Nəsrəddin” jurnalı Azərbaycan ədəbiyyatında ən böyük istiqlal kitabıdır. Bütövlükdə “Molla Nəsrəddin” jurnalı Azərbaycanın tənqidçi realist və satirik yazıçılarının çoxcildlik külliyyatıdır. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin rəhbəri olmaqla bərabər, həm də mollanəsrəddinçilik təliminin yaradıcısıdır. Cəlil Məmmədquluzadəyə görə Mollanəsrəddinçilik – azərbaycançılıq və milli istiqlal ideyalarının, tənqidi realist və satirik ədəbiyyatın əsas hərəkətverici qüvvəsi demək idi. Ən çətin məqamlarda belə “Molla Nəsrəddin” jurnalı azərbaycançılıq mövqeyindən dönməmiş, milli istiqlal uğrunda böyük qətiyyətlə mübarizəsini davam etdirmişdir. Hətta sovet hakimiyyəti illərində “Molla Nəsrəddin”in işinə Kreml səviyyəsində müdaxilələr olanda da Cəlil Məmmədquluzadə böyük cəsarət nümunəsi göstərərək 1927-ci ildə yazmışdı ki, “Molla Nəsrəddin” məcmuəsinin Moskvaya heç bir dəxli yoxdur. “Molla Nəsrəddin”i nə Moskva yaradıbdır, nə də Şura hökuməti yaradıbdır. Bu, bitərəf vərəqədir ki, iyirmi iki il bundan qabaq şahlar, sultanlar və krallar ilə söhbət etməyə adətkərdə olubdur.” “Molla Nəsrəddin” bütün fəaliyyəti boyu axıradək Azərbaycan idealına sədaqətlə xidmət etmiş, azərbaycançılıq ideyalarının genişləndirilməsinə və möhkəmləndirilməsinə çalışmışdır. Cəlil Məmmədquluzadənin əsərləri və “Molla Nəsrəddin” jurnalı Azərbaycançılıq idealının lokomotividir. “Molla Nəsrəddin” jurnalı – Azərbaycanın istiqlal qatarı, Cəlil Məmmədquluzadə – milli istiqlal ədəbiyyatı və mətbuatının inkişafı magistrallarında azərbaycançılıq lokomotivinin böyük sükançısıdır. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində ilk dəfə olaraq “Haradır Azərbaycan?” sualını ictimai fikrin gündəminə Cəlil Məmmədquluzadə gətirmiş və həmin sualı cavablandıraraq ölkəsinin, əslində həm də milli oyanışına və istiqlalına xidmət etdiyi tarixi-coğrafi ərazinin xəritəsini cızmışdır. O, bütün yaradıcılığı boyu Vətən, Millət və Ana dili idealı uğrunda dönmədən mübarizə aparmışdır. Böyük demokrat ədibin azərbaycançılıq görüşləri həmişə onun cümhuriyyətçilik baxışları ilə üst-üstə düşmüşdür. Cəlil Məmmədquluzadə Azərbaycanda respublika-cümhuriyyət tipli müstəqil dövlətin yaradılmasını həyatının və sənətinin ən böyük qayəsi hesab etmişdir. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” (1920) dramı ədəbiyyatda Azərbaycançılıq idealının manifestidir. “Anamın kitabı” əsərindəki Gülbaharın monoloqu bədii sözdə ifadə edilmiş azərbaycançılıq üvertürasıdır: “Qaldı bircə kitab: bu da Anamın kitabı. Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır Günün başına dolanırlar. Çünki bunlar hamısı qədim əzəldə Gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də qardaşlarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar. Çünki ay və ulduz Şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edərək, nə qədər canında nəfəs var, peşiman olacaq.”[1]

Fikrimizcə, “Anamın kitabı”ndakı çağırışlar, “Cümhuriyyət” məqaləsindəki respublika tipli dövlət quruluşunun yaradılmasını diqqət mərkəzinə çəkməsi Cəlil Məmmədquluzadənin Azərbaycan Xalq Cümhuriyyətinə münasibətini müəyyən etmək üçün əsas kimi qəbul edilməlidir. Xüsusən, “Anamın kitabı”nda çar Rusiyasının Azərbaycanda hakimiyyətdə olan siyasi partiyalara şübhəli münasibət bəsləməsini, bu partiyaların fəaliyyətini dayandırmağa çalışmasını təsvir etməsindəki vətəndaş narahatçılığı Cəlil Məmmədquluzadənin müstəqil dövlətə müsbət münasibətini təsəvvür etməyə imkan verir. Əsərdə ayrı-ayrı yad əqidələrə qulluq edən qardaşların oxuduqları kitablardan şübhələnərək onların evində axtarış aparan senzor Mirzə Cəfərin aşağıdakı sözlərində Azərbaycana bəslənilən müstəmləkəçi münasibətə yazıçının mövqeyi öz əksini tapmışdır: “Xub, sizdən gərək pünhan olmaya kimi, sizin bir para bədxahlarınız hökümət nəzərində sizi belə qələmə veriblər ki, siz üç qardaş söz bir və həmfikir olmuşsunuz ki, əvvəla, Rusiya islamlarını Türkiyə dövlətinə tərəf çəkib, ittihadi-müslümlər cəmiyyətində iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda əmələ gələn “Hübbi-Vətən” və “Ədəmi-mərkəziyyət” fiqəsinin amalı yolunda çalışmaqdasınız ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digər tərəfdən isə İran Azərbaycanını – ki, . bu vilayətləri bir-birinə ilhaq edib, müstəqil Azərbaycan hökuməti əmələ gətirəsiniz. Vəsilən bu fikirdən də uzaq deyilsiniz ki, müsavat və hürriyyət əsaslarını kəndli və əhli-kəsəbə içində müntəşir edirsiniz ki, min il yuxuda olan camaat hökumətin əsarət zəncirini qırıb, özləri üçün nicat yolu tapsınlar və həmin niyyətlərinizi əmələ gətirmək yolunda lazımi mətbuat cəm eləyib, qələm ilə çalışmaqdasınız.”[2]

Bu həyəcanlı fikirlər “Anamın kitabı”ndakı azərbaycançılıq ideallarına, müstəqil Azərbaycan dövlətçiliyinə Cəlil Məmmədquluzadənin münasibətini aydın şəkildə ifadə edir. Məlum olduğu kimi, Cəlil Məmmədquluzadə Qarabağ üçün əhəmiyyətli olan Hindarx kanalının çəkilməsi təşəbbüsü haqqında “Azərbaycan” qəzetinə müraciət etməklə Xalq Cümhuriyyətinin işində iştirak etmək istədiyini nəzərə çarpdırmışdır. Gənc Azərbaycan dövlətinin qurulduğu illərdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi şərait cümhuriyyətçilərin Cəlil Məmmədquluzadəyə lazımi diqqət yetirməyə mane olmuşdur.

Azərbaycan ədəbiyyatında bir çox janrlar Cəlil Məmmədquluzadə tərəfindən yaradılmışdır. Cəlil Məmmədquluzadə kiçik hekayənin böyük yaradıcısıdır. Onun ustad qələmindən çıxmış məşhur “Poçt qutusu” hekayəsi Azərbaycan hekayəçiliyinin proqramıdır. “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Nigarançılıq”, “Rus qızı”, “Saqqallı uşaq” hekayələri Azərbaycan ədəbiyyatında hekayə janrında yaradılmış klassik şedevrlərdir. Cəlil Məmmədquluzadənin novellavari hekayələri dünya ədəbiyyatının da orijinal örnəkləri sayılmağa layiqdir. Cəlil Məmmədquluzadənin kiçik hekayələrində zamanın böyük mətləbləri məharətlə ifadə olunmuşdur. “Poçt qutusu” hekayəsindəki Novruzəlinin poçtxananı yox, divanxananı tanıması haqqındakı dialoqda, Usta Zeynalın evini təmir etdiyi Muğdusi Akopa verdiyi “xozeyin, niyə sizin padşahınız yoxdur” sualında, “Nigarançılıq” hekayəsindəki “həqiqət, dünyada bu nigarançılıqdan da pis şey yoxdur” etirafında fərdlərin yox, cəmiyyətin problemləri ifadə olunmuşdur. “İranda hürriyyət” hekayəsindəki İrandan ailəsini dolandırmaq üçün çörək qazanmaq naminə Qafqaz şəhərlərinə gəlmiş həmşərinin dilindən verilmiş aşağıdakı parçada diqqət mərkəzinə çəkilmiş mətləblər hekayənin yazıldığı dövrdə Arazın hər iki tayındakı siyasi proseslərin real mənzərəsini güzgüdə olduğu qədər təbiiliyi ilə əks etdirir: “Axı kim eşidibdi ki, o taydan bura hürriyyət gəlsin. O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək. belə zadlar gələr. Yoxsa vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-verişi eliyəni də mən eşitməmişəm.”[3] Yaxud “Zırrama” hekayəsindəki Qurbanqulu bəyin timsalında nadanlığın, boşboğazlığın “qanmır ki, qanmır” tipinin təqdimatı ilə Cəlil Məmmədquluzadə yaşadığı dövrün ictimai-mənəvi mühitinin daxili çürüklüyünü dahiyanə şəkildə açıb göstərmişdir. Fikrimizcə, Cəlil Məmmədquluzadənin “zırrama” anlayışı Çingiz Aytmatovun “manqurt” ifadəsi kimi yazıçının bədii kəşfi sayıla bilər. Manqurtluqda keçmişi, soykökü unutdurulmuş adamın faciəsi, zırramalıqda isə cahillik və avaraçılıq girdabına salınmış zümrənin komediyası ifadə olunmuşdur. Özünü dərk edə bilməmək manqurtun məqsədli şəkildə salındığı vəziyyət, zırramalıq isə mühitin yetişdirdiyi nadanlıqdır. Cəlil Məmmədquluzadə onu “bizim gözəl vətənimizin meyvəsi” kimi təqdim etməklə zırramalıqdan xilas olmağın mühiti maarifləndirməkdən ibarət olduğunu göstərmişdir.

Cəlil Məmmədquluzadənin dram əsərləri ilə Azərbaycan dramaturgiyasının tarixində yeni mərhələ yaradılmışdır. Ədibin dram əsərləri ideya-məzmunca olduğu kimi, janr baxımından da novatorluq nümunəsidir. Dram əsərlərində yaşadığı dövrün acı reallıqlarını məharətlə əks etdirən böyük yazıçı-dramaturq səhnədə sözün həqiqi mənasında “göz yaşları içərisində gülüş”ün məşəqqətlərini diqqət mərkəzinə çəkmiş, ibrətamiz nəticələrə gəlmişdir. Cəlil Məmmədquluzadənin dram əsərləri əsasən obrazların komediyası, dövrün faciəsindən ibarətdir. Böyük Mirzə Fətəli Axundzadənin dahiyanə komediyaları janr baxımından drama, Cəlil Məmmədquluzadənin komediyaları isə faciəyə yaxındır. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının tragikomediya mərhələsini yaratmışdır. Onun pyesləri komediya ilə faciənin sintezini özündə əks etdirir. Faciə janrında yazılmış klassik əsərlərdən fərqli olaraq Cəlil Məmmədquluzadənin dram əsərlərində baş qəhrəmanın ölümü yox, ictimai mühitin və kütlənin faciəsi açılıb göstərilmişdir. Yazıçı böyük məharətlə “Ölülər” əsərindəki Kefli İskəndərin faciəsinin Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsindəki Fəxrəddinin faciəsindən daha dəhşətli olduğunu nəzərə çarpdırır. Cəlil Məmmədquluzadənin bütün yaradıcılığı üçün aktual olan “Anlamaq dərdi” fəlsəfəsi onun dram əsərlərində daha qabarıq şəkildə ifadə olunmuşdur. Bu baxımdan “Ölülər” əsəri diri ölülərin yası, Şeyx Nəsrullahın komediyası, kütlənin faciəsi, Kefli İsgəndərin mənəvi ölülük üzərində qələbəsi, mahiyyət etibarilə dirilik himnidir. Kefli İskəndərin monoloqu zamana və insana ən böyük ittihamnamədir. Bu, ayrılıqda bir əsərdə yox, geniş mənada cəhalət dünyasından tarix kitabına qanla yazılmış səhifə, bütün dövrlərin şeyx nəsrullahlarına, kütlə psixologiyasına qarşı səslənən ittihamnamədir.

Böyük ədibin dramaturgiyası dövrün ən aktual, ağrılı və zəruri problemlərinə həsr olunmuşdur. “Ölülər” – cəhalətə, ətalətə, mənəvi əsarətə, xurafata kəskin zərbə, milli-mənəvi oyanışa və ictimai-mədəni tərəqqiyə ən həyəcanlı çağırışdır. “Kamança” Azərbaycan ədəbiyyatında Qarabağ münaqişəsinə həsr olunmuş birinci bədii əsərdir, vətən torpaqlarının müdafiəsi üçün hər cür fədakarlığa hazır olan Qəhrəman yüzbaşı kimi vətənpərvər azərbaycanlının həm də ən yüksək insani hisslərə malik olduğunu təqdim edən dramatik bəyanatdır. “Kamança” əsəri Azərbaycan ədəbiyyatında miniatür pyesin mükəmməl nümunəsidir. Miniatür pyes janrı Cəlil Məmmədquluzadənin dramaturgiyaya gətirərək vətəndaşlıq hüququ qazandırdığı təsirli və mənalı kiçik səhnəciklərdən ibarətdir. “Çay dəsgahı” Azərbaycan ədəbiyyatında ilk miniatür alleqorik pyes, əyləncəli uşaq dramıdır. Böyük ədib dramaturgiyada bir pərdədən ibarət olub, konkret bir hadisəni və ya ideyanı əks etdirən kiçik pyeslər silsiləsinin yaradıcısıdır. “Oyunbazlar”, “Lənət”, “Lal” pyesləri səhnəyə çıxarılmaq üçün yox, oxunmaq üçün miniatür pyes şəklində yazılmış lezedramalardan ibarətdir. Cəlil Məmmədquluzadənin “Lal” pyesi Azərbaycan ədəbiyyatında pontomim miniatür pyesin bənzərsiz nümunəsidir.

Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tragikomediyası Azərbaycan ədəbiyyatında milli istiqlala, milli birlik və azərbaycançılıq ideallarına həsr olunmuş ən mükəmməl dram əsəridir. “Anamın kitabı” – milli-mənəvi özünüdərk, Vətənçilik, milli birlik və müstəqillik dərsliyidir. “Anamın kitabı” – əsərdəki üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramıdır. Cəlil Məmmədquluzadənin təqdimatında Gülbahar obrazı gələcək yeni Azərbaycanın simasıdır. “Anamın kitabı”ndakı Zəhrabəyim Ana obrazı – Vətənin, Gülbahar milli istiqlalın rəmzidir. “Anamın kitabı” – Azərbaycanın tale kitabıdır. “Anamın kitabı” – Azərbaycan ədəbiyyatının möhtəşəm azərbaycançılıq abidəsidir.

“Dəli yığıncağı” pyesində (1926) təqdim olunan “dəlilik” əslində şərti anlayış olub, mahiyyət etibarilə ruhi xəstəliyi deyil, ağıldan bəlanı və cəmiyyətdəki mənəvi-siyasi eybəcərliyi əks etdirir. Cəlil Məmmədquluzadə sətiraltı şəkildə yeni qurulmuş Şura Azərbaycanını “dəli yığıncağı” adlandırmışdır. Professor Əli Sultanlının “Ölülər”in məfkurəcə davamı” adlandırdığı “Dəli yığıncağı”nda İskəndərin funksiyasını zorla, süni şəkildə gərgin vəziyyətlərə salınaraq həbsxanaya qatılmış Pırpız Sona obrazı yerinə yetirir. Mövzu və ideya etibarilə “Dəli yığıncağı”nın davamı kimi meydana çıxmış “Ər” pyesi ilə Cəlil Məmmədquluzadə ölülər və dəlilər aləminin məşhur trilogiyasını yaratmışdır. Uzaqgörən yazıçı 1930-cu ildə yazdığı “Ər” pyesində “Anamın kitabı”ndakı milli istiqlalçılığı ifadə edən “Gülbahar işi”ni, “Dəli yığıncağı” pyesində qaldırdığı yad məmləkətlərdən gəlmiş, xalqın dilini bilmədiyi halda ona rəhbərlik edən siyasi qüvvələrdən xilas olmağın zəruriliyi tezisini daha da dərinləşdirərək, ölkənin məhz öz içərisindən çıxmış ərlər tərəfindən idarə edilməsi ideyasını açıq şəkildə diqqətə çatdırmışdır. Azərbaycanda Sergey Kirovun, Levon Mirzoyanların hakimiyyətdə olub, xalqa zülm etdikləri bir dövrdə Cəlil Məmmədquluzadənin milli lider ideyasını irəli sürməsi böyük vətəndaşlıq cəsarəti tələb edən məsələ idi. Cəlil Məmmədquluzadə xalqa “Dəli yığıncağı” pyesindəki Azərbaycan dilini bilməyən Lal Buyuz kimi həkimlərin, “Ər” pyesindəki özünü Türküstan şahzadəsi elan edən xarici professorun yox, “azad bir əsrdə azad millət arasında. azad iqrarın azad rəftara münasibətinin adi şəkli” əsasında seçilmiş Qeyrətmənd Cahangir kimi xalqın yüksək hazırlıqlı vətənpərvər oğullarının liderlik etməsinə çağırış etmişdir. Cəlil Məmmədquluzadənin “Ər” pyesində arzu etdiyi milli liderlik funksiyasını XX əsrin altmışıncı illərinin axırlarından Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət xadimi Heydər Əliyev həyata keçirmişdir.

Sovet hakimiyyəti illərində Cəlil Məmmədquluzadənin həyatı məşəqqətli keçmişdir. Xüsusən, 1926-cı ildən sonra mövcud siyasi rejim Cəlil Məmmədquluzadəyə etimad göstərmədiyini açıq şəkildə büruzə vermişdir. Bu dövrdən etibarən, Azərbaycan hökuməti böyük yazıçının yaradıcısı və Baş redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının fəaliyyətinə müxtəlif yollarla maneçilik törədilmişdir. İlk növbədə “Molla Nəsrəddin” jurnalına dövlət maliyyə yardımı, dotasiya ildən-ilə azaldılmış, jurnala abunə yazılışına lazımi şərait yaradılmamışdır. Jurnalın 25 illiyi ilə əlaqədar ölkədə çox sönük bir tədbir keçirilmişdir. Əksinə, “Molla Nəsrəddin” jurnalının üzərində senzura nəzarəti gücləndirilmişdir. Dövlət Senzura İdarəsinin 1931-ci ildə rəsmi dairələrə göndərdiyi arayışdakı məxfi məlumatlar “Molla Nəsrəddin” jurnalına və Baş redaktor Cəlil Məmmədquluzadəyə siyasi rejimin münasibətini təsəvvür etməyə əsas verir: “Jurnalın götürdüyü yol açıq-aşkar opportunist və partiyanın baş xətti ilə heç bir əlaqəsi olmayan bir yol kimi qiymətləndirilməlidir”.[4] Baş Mətbuat İdarəsinin rəsmi dairələrə təqdim etdiyi “Molla Nəsrəddin” jurnalının vəziyyəti və “yaradıcılıq yolu” haqqında məlumat vərəqəsi”ndə Cəlil Məmmədquluzadə və redaksiyada çalışan digər mollanəsrəddinçilər “geri qalmış, bisavad, siyasətlə maraqlanmayan adamlar” kimi damğalandırılmış, jurnalın tərtibatçısı məşhur karikatura ustası Əzim Əzimzadə “sinfi mübarizə və sosializm quruculuğu epoxasının obrazını verməyi bacarmayan istedadsız rəssam” adlandırılmışdır. Azərbaycan Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 1929-cu ildə çağırılmış aprel plenumunda “Molla Nəsrəddin” jurnalının ateizm kampaniyaları təşkil etməklə məşğul olan “Mübariz Allahsızlar Cəmiyyəti”nin orqanı kimi fəaliyyətini davam etdirməsi barədə qəbul etdiyi qərar da Cəlil Məmmədquluzadəni sarsıtmışdır. Vəziyyətdən çıxış yolu kimi Baş redaktorun yuxarı təşkilatlara etdiyi müraciətlərə məhəl qoyulmamışdır. Nəticədə “Molla Nəsrəddin” jurnalı 1931-ci ilin mart ayından fəaliyyətini dayandırmalı olmuşdur. Cəlil Məmmədquluzadə ömrünün son illərini həm də maddi sıxıntı içərisində yaşamışdır. Görkəmli yazıçının əsərlərinin əlyazmalarını sobada yandırması Cəlil Məmmədquluzadənin ona göstərilən təzyiqlərə və soyuq münasibətə etirazının ifadəsi idi. Bütün bunlar böyük vətəndaş yazıçının 4 yanvar 1932-ci ildə qəflətən vəfat etməsi ilə nəticələnmişdir. Cəlil Məmmədquluzadənin dəfn mərasimi də layiq olduğu səviyyədə təşkil olunmamışdır. Hətta görkəmli yazıçının vəfatı ilə əlaqədar rəsmi dövlət mətbuatında verilmiş qısa, şəkilsiz nekroloq yazısında onun haqqında tənqidi mülahizələr səsləndirilmişdir: “Sovet gerçəkliyi şəraitində Molla Nəsrəddin (Cəlil Məmmədquluzadə – İ.H.) gur sosializm quruculuğu templərindən geri qalmışdır. Onun jurnalı nəzərəçarpacaq səviyyədə öz əhəmiyyətini itirmişdir”.[5]

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı Cəlil Məmmədquluzadənin xatirəsini həmişə əziz tutmuşdur. Sonrakı dövrlərdə Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin əsərləri ən böyük tirajlarla dəfələrlə nəşr olunmuş və xalqımızın mütaliəsində geniş yer tutan qiymətli ədəbi örnəklərdir. Yazıçının əsərləri Azərbaycan dilindən başqa rus, ingilis, fransız, alman, ispan, türk, ərəb, fars, urdu, bolqar, macar, gürcü, litva, özbək, türkmən, tacik və sair dillərdə kitab halında çap olunaraq özünün dahi yaradıcısına dünya şöhrəti qazandırmışdır. Böyük ədibin həyatı və yaradıcılığına həsr edilmiş qiymətli tədqiqat əsərləri yazılıb nəşr olunmuş, dissertasiyalar müdafiə edilmişdir. Cəlil Məmmədquluzadənin müxtəlif vaxtlarda Azərbaycan dilində və xarici dillərdə çap olunmuş bədii əsərlərindən və yazıçının haqqında yazılmış elmi tədqiqat əsərlərindən mükəmməl bir kitabxana yaratmaq mümkündür. Cəlil Məmmədquluzadənin dram əsərləri son yüzillikdə Azərbaycan teatrlarında ən çox tamaşaya qoyulmuşdur. Cəlil Məmmədquluzadə teatrı azərbaycançılıq, özünüdərketmə, milli-mənəvi oyanış, ayıqlıq, vətəndaşlıq və müasirlik teatrı kimi hər zaman aktual və müasirdir.

Sonrakı dövrlərdə ölkəmizdə Cəlil Məmmədquluzadənin parlaq adına və ölməz sənətinə böyük ehtiram bəslənilmişdir. Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki görkəmli heykəltəraş Mirəli Mirqasımov tərəfindən yaradılmış heykəli Azərbaycan monumental heykəltaraşlıq sənətinin qiymətli nümunəsidir. Respublikamızın paytaxtı Bakı şəhərində və Naxçıvanda yazıçının adını daşıyan küçələr və məktəblər dahi sənətkarın xatirəsinə dərin ehtiramı ifadə edir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı respublikamızın əsas sənət məktəblərindən biri kimi fəaliyyətini uğurla davam etdirir. Ədibin anadan olmasının 100, 125, 140 illik yubileylərinin dövlət səviyyəsində böyük sənət bayramı miqyasında qeyd edilməsi də qüdrətli sənətkara dövlət səviyyəsində bəslənilən böyük ehtiramın əyani ifadəsidir.

Azərbaycanda kitabxana və kitabşünaslıq işinin baş qərargahı olan Mirzə Fətəli Axundzadə adına Milli Kitabxana Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin, o cümlədən böyük demokrat ədib Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının, zəngin bədii irsinin tədqiqi və təbliği sahəsində geniş və ardıcıl iş aparır. Milli Kitabxana bu gün ölkəmizdə həm də əsas elm və mədəniyyət mərkəzi, müstəqil dövlətçilik ideologiyası məktəbi kimi qəbul olunur. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə görkəmli sənətkar Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə əlaqədar birgə keçirdiyi beynəlxalq elmi konfrans və təşkil etdiyi kitab sərgisi görkəmli yazıçının xatirəsinə yüksək ehtiramın ifadəsi olmaqla bərabər, həm də mirzəcəlilşünaslıq elmi istiqamətini zənginləşdirməyə xidmət edən mühüm elmi forumdur. Milli Kitabxananın hazırlayıb nəşr etdirdiyi Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı haqqında biblioqrafiya sözün həqiqi mənasında dahi yazıçının mükəmməl ömür və sənət salnaməsidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin yaradıcılığına yüksək qiymət vermişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1994-cü ildə Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illik yubileyi mərasimində söylədiyi aşağıdakı fikirlərdə böyük demokrat ədibin yaradıcılığındakı milli dirçəliş və istiqlalçılıq ideyaları müasir dövrün çağırışları kimi nəzərə çarpdırılmışdır: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə. Azərbaycan xalqının milli oyanışında əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlil Məmmədquluzadənin fəaliyyətinin rolu misilsizdir. Cəlil Məmmədquluzadənin yaradıcılığındakı Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir. Təsadüfi deyildir ki, onun yazılarındakı cümhuriyyət anlayışı bu gün bizim quracağımız demokratik, hüquqi dövlət prinsipləri ilə səsləşir”.[6]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi haqqındakı 17 yanvar 2019-cu il tarixli Sərəncamı müstəqil Azərbaycan dövlətində böyük demokrat ədibin ibrətamiz həyat yolu və zəngin bədii yaradıcılığına göstərilən böyük diqqət və qayğını əməli surətdə əks etdirir. Prezident Sərəncamında Cəlil Məmmədquluzadənin xidmətlərinə verilmiş yüksək qiymət onun böyük ideallarının həmişəyaşarlığını və müasirliyini parlaq şəkildə nəzərə çarpdırır. Müstəqil Azərbaycan Respublikası və xalqımız Cəlil Məmmədquluzadənin uğrunda dönmədən mübarizə apardığı müstəqil dövlətçilik ideallarını daha da inkişaf etdirib möhkəmləndirməklə ölməz sənətkarın adını və xatirəsini yaşatmağın nümunəsini göstərir.

[1] Cəlil Məmmədquluzadə. Əsərləri, 4 cilddə, I cild. Bakı, “Öndər”, 2004, səh.475

Comments are closed, but trackbacks and pingbacks are open.