Cəlil Məmmədquluzadə`nin həyat və yaradıcıllığı
Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır.
SON DƏQİQƏ
Cəlil Məmmədquluzadə dövrünün məşhurları haqqında nələr demişdir?
29-02-2020, 12:11
XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatının aparıcı simalarından biri olan böyük novator ədib və mühərrir Cəlil Məmmədquluzadə həm satirik “Molla Nəsrəddin” jurnalının, həm də eyniadlı ədəbi cərəyanın başçısı kimi ədəbi prosesə rəhbərlik edərək onu düzgün istiqamətləndirmiş, xalqın dirçəliş və tərəqqisi kimi ali bir məqsədə xidmət vəzifəsini əsas tələb kimi irəli sürmüşdür. XIX əsrdə Azərbaycanda bir tərəfdən poetikanın müxtəlif məsələləri Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani kimi dövrün müqtədir şairlərinin əsərlərində qaldırılır, digər tərəfdən Mirzə Fətəli Axundovun yaradıcılıq timsalında Azərbaycanda ilk professional ədəbi tənqidin yaranması prosesi başlayır. Dövrün müxtəlif ədəbi hadisələrinə münasibət bildirən külli miqdarda məqalə və felyetonları Cəlil Məmmədquluzadədən qərəzsiz ədəbi tənqidçi kimi danışmağa əsas verir. Ədib bu nəzəri məqalə və felyetonlarında ədəbiyyatın ictimai-siyasi əhəmiyyəti, sənətdə ideyalılıq, realizm, xəlqilik, müasirlik, məzmun, forma, dramaturgiya, teatr, ədəbi-bədii dil və s. məsələlər haqqında dolğun, indi də əhəmiyyətini itirməmiş bir çox qiymətli fikirlər söyləmişdir.
1904-cü ildə “Şərqi-Rus” qəzetinin 11-ci sayında dərc olunmuş “Getdi cahandan həzrəti-Sidqi” adlı məqaləni Mirzə Cəlil görkəmli maarifçi-pedaqoq, şair və nasir Məhəmmədtağı Sidqinin vəfatından doğan sonsuz kədərini ifadə etmək məqsədilə yazmışdır. Ədib ilk öncə Sidqinin xalq müəllimi kimi misilsiz xidmətlərindən, Naxçıvanda təsis etdiyi yeni üsullu məktəbin o zaman nəinki İrəvanda, hətta Qafqazın böyük şəhərlərinin çoxunda belə olmamasından bəhs edir. Mirzə Cəlil Sidqinin maarif sahəsindəki xidmətlərini belə dəyərləndirir: “Sidqinin vətənimizə etdiyi qulluğun qədrini bilməkdən ötrü lazımdır müqabilə etmək camaatımızın savad və maarif aləmində olan indiki əhvalı ilə on il bundan əqdəm olan halətini. Tərəqqi çox artıq görünür və əgər söyləsək ki, bu tərəqqinin onda doqquzuna bais məhz Sidqidir, – insafdan və həqiqətdən bilmərrə uzaq olmaz”. Böyük sənətkar Sidqinin həyat və fəaliyyətinin əsas istiqamətlərini belə müəyyənləşdirmişdir: “. nəşri-maarif və təməddün, dini-islama rəvac vermək, dövlətə itaət və insaniyyət aləminə məhəbbət”.
“Sabir barəsində xatiratım” məqaləsində “Əgər bizim şivəmizə yaraşan belə bir ləzzətli şairin dünyada olduğunu zənn etsə idik, birinci nömrəmizi onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq” kimi dəyərli elmi-tənqidi mülahizələrlə böyük satirik şairin əsərlərinin “Molla Nəsrəddin” jurnalının zinəti olduğunu qeyd edən ədib onun jurnalda nəşr olunan ilk şeiri, ilk gizli imzası haqqında məlumat vermişdir. Burada Cəlil Məmmədquluzadə Sabirin ilk şeirinin jurnalın səkkizinci nömrəsində nəşr olunan “Ol gün ki, sənə xaliq edər lütf bir övlad” misrası ilə başlayan satirası olduğunu qeyd etməklə yanaşı, “Nə işim var” satirasının Sabirin əsəri olduğunu da inkar etmişdir: “Və yeri düşübkən, lazım bilirəm Sabirlə maraqlananlara iqrar edəm ki, hər “Hophopnamə”yə daxil olan “Millət necə tarac olur-olsun, nə işim var” adlı mənzuməni ki, bu saat camaatımız onu Sabirə isnad verir, Sabirin olduğunu mən inkar edirəm”. Müəllif bu iddiasını sübut etmək üçün üç əsas səbəb göstərir: onlardan birincisi şeirin əl yazısının Sabirin xətti ilə yazılmaması, ikincisi isə burada Sabir şivəsi və ruhunun olmaması və üçüncüsü bir qədər zəif və Sabirə yaraşmayan bir əsər olmasıdır. Göründüyü kimi, Mirzə Cəlilin üçüncü sübutu ilə razılaşmaq bir qədər çətindir və o, burada çox böyük təvazökarlıq göstərmişdir: həm şeirin öz qələminə məxsus olduğunu göstərməməklə, həm də öz şeirinin zəifliyini sübut etməyə çalışmaqla. Özünü “əsla şair hesab etməyən” Mirzə Cəlil “Lisan bəlası” şeiri haqqında da buna bənzər fikirlər söyləmişdir. Mirzə Cəlil irəli sürdüyü iddianın düzgünlüyünə o qədər əmindir ki, onun əksinin sübut olunmağının qeyri-mümkünlüyünə oxucu da inanır: “Mənim haman nəzəriyyəmin əksini bircə şairin dəsti-xətti təsdiq edə bilər, əgər bir kəsdə varsa, zühura çıxmağı arzu olunur”. Bu sətirlər şeirin əlyazmasının başqa bir kəsdə yox, elə Cəlil Məmmədquluzadənin özündə olduğunu göstərir. Nə Mirzə Cəlilin sağlığında, nə də vəfatından sonra, hətta bu günə qədər belə bir əlyazmanı təqdim edəcək bir şəxs “zühura” çıxmamışdır. Şairin satiralarını “dəyərli mənzumələr” hesab edən ədib onun “Sabir” təxəllüsü ilə yazdığı əsərlərini, mərsiyələrini böyük təəssüf hissilə qarşılamış, birinciləri qızılgüllə, ikinciləri isə onun üzərində bitən tikanla müqayisə etmişdir: “Və bəlkə həmin dünya qanununun təsirindəndir ki, “Hop-hop” kimi ən qiymətli və nadir bir şairimizin gülkarlığının içinə dindarlıq sarmaşıqları da qarışaydı gərək”. “Oxucularımıza” adlı bildiriş xarakterli məqaləsini humanist və qədirbilən sənətkar Cəlil Məmmədquluzadə Azərbaycanın satirik şairi Mirzə Ələkbər Sabirin Şamaxıda xəstə yatdığı adi yövmiyyə xərcinə möhtac olduğu günlərdə yazmışdır. “Misilsiz şairimizin kəlamı o qədər mövzun və mənalı idi ki, oxuyan şəxs eləyə bilməzdi ki, təhsin və təqdir etməsin” kimi fikirlərlə Sabir şeirlərini məzmun və ifadə cəhətdən yüksək qiymətləndirərək hətta “dünyada ən seçilmiş və əsrlərcə yaddan çıxmayan qələm sahibləri” ilə müqayisə edən Mirzə Cəlil xalqı öz böyük şairi qarşısındakı borcunu yerinə yetirməyə çağırmışdır. “Heykəl açılışı” məqaləsində “Azərbaycan türklərinin sevgili şairi” Sabirin xatirəsinə ucaldılmış heykəlin açılışı mərasimindən və oradakı nitqlərdən bəhs edən böyük bir ədəbi dövrün başçısı Mirzə Cəlil bu açılış haqqında ona xəbər verilməməsini ciddi və kəskin etirazla qarşılamışdır, çünki “Sabirin təbinin atının iti qaçışına gözəl və geniş meydan hazırlayan” məhz Molla Nəsrəddin və ya Cəlil Məmmədquluzadə olmuşdur.
Mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın vəfatının beş illiyi münasibəti ilə yazılmış “Əliqulu Nəcəfov” adlı məqalədə Mirzə Cəlil onun vaxtsız ölümündən doğan hədsiz təəssüfünü bildirmişdir: “Təəssüflər edirəm ki, Əliqulu Nəcəfov kimi həqiqi və ləzzətli əhli-qələm və şairimiz bu dünyadan vaxtsız getdi və məcmuəni öz köməyindən məhrum qoydu”. Məqalədə dahi sənətkar həyatına planlı şəkildə qəsd edilən istedadlı və cəsarətli şairimizin öz xalqı qarşısındakı xidmətlərini sadalamaqla yanaşı, onun ədəbiyyat tarixində tutduğu mövqeyi müəyyənləşdirməyi də mollanəsrəddinçi şairlərin “ağsaqqal yoldaşı” kimi özünün mənəvi borcu hesab etmişdir. “Əliqulu Qəmküsar” məqaləsində “adı həmişə zindəbad alqışları ilə zikr olunacaq qiymətdar qələm yoldaşının” əsərlərinin mübarizə ruhunu və inqilabi dəyərini düzgün müəyyənləşdirən Mirzə Cəlil bu barədəki fikirlərini belə izah etmişdir: “Molla Nəsrəddin”də iştirak edən şairlər cərgəsində Cüvəllağı yoldaşımız fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı”. Böyük sənətkar Ə.Qəmküsarın “Molla Nəsrəddin” jurnalında dərc olunmuş məhərrəmlikdə baş yarmaq kimi bir mürtəce adətdən bəhs edən:
Vəhşiyyətinə aləmi heyran eləyib yar,
Yar, Əhrimənim, yar qoçağım, yar igidim, yar!
misraları ilə başlayan şeirini yüksək dəyərləndirir və bu əsərin şairin açıqfikirli olduğunu və mövhumatla, fanatizmlə mübarizədə amansızlığını göstərdiyini qeyd edir. Əsərləri oxucuların dillər əzbəri olan şairin 1912-ci ildə “Culfada öz şəxsi işlərini buraxıb Tiflisə” köçməyini Cəlil Məmmədquluzadə məcmuəyə və xalqına olan sonsuz məhəbbətinin nəticəsi hesab etmişdir.
“Molla Nəsrəddin” jurnalının 22 yanvar 1927-ci il tarixli 4-cü sayında böyük Azərbaycan ədibi Əbdürrəhim bəy Haqverdiyevin Tiflisdə 35 illik ədəbi fəaliy¬yətinin qeyd edilməsinə tənqidi münasibətini ifadə etmişdir: “Bizə qalsa bu yubiley hələ tezdir.Yaxşı olardı ki, bir yüz il də gözləyərdik. Biryolluq möhtərəm ədibin yüz otuz beş illik fəaliyyəti gəlib çataydı. Çünki yazdıqları əsərlər də hələ azdır. Ancaq on-on beş böyük əsər və pyeslərdir. Bir o qədər kiçik əsərlər, vodevillərdir, bir o qədər hekayədir və hədsiz böyük və kiçik məqalələrdir”. Cəmi iki cümlə vasitə¬silə dahi sənətkar Ə.Haqverdiyevin ədəbi fəaliyyətinin demək olar ki, bütün ədəbi növ və janr müxtəlifliyini ifadə edə bilmişdir. Mirzə Cəlilçün bütün bunlardan ən əhəmiyyətlisi isə böyük yazıçının “Molla Nəsrəddin” jurnalının ən fəal əməkdaşlarından biri və ya birincisi olmasıdır: “Bunlar hamısı keçəndən sonra Əbdürrrəhim bəy Haqverdiyev hər bir şeydən qabaq “Molla Nəsrəddin” məcmuəsinin ibtidasından ta bu vaxtadək məcmuənin ən yavuq əməkdaşlarından və məsləhətçi dərəcəsində yoldaşlarından hesab olunur”. Haqverdiyev yaradıcılığını yüksək dəyərlən¬dirən Cəlil Məmməd¬quluzadə onun yubileyini “Molla Nəsrəddin” jurnalının öz bayramı kimi alqışladığını qeyd etmişdir.
Böyük ədib 1927-ci ildə Əli Nəzminin kitabına yazdığı “Məşədi Sijimqulu “Kefsiz” adlı müqəddimədə böyük şairin Sabir satiralarından ancaq imzası ilə seçilən “zövq və səfalı, məzah və duzlu” şeirlərini, “kəlamının lətafətini”, ümumilikdə, dilini, üslubunu və yaradıcılığını qətiyyətlə həmişəyaşar, əbədi hesab edərək yüksək bədii dəyər vermişdir. Böyük sənətkar Mirzə Ələkbər Sabirin “Molla Nəsrəddin” jurnalında iştirakından sonra Əli Nəzminin xeyli müddət jurnala şeir göndərmədiyini, bunun əvəzində isə vəzn və qafiyəyə heç ehtiyacı olmayan zərif məzhəkələr göndərdiyini qeyd edərək nəsrlə yazılmış bu əsərləri də yüksək qiymətləndirmişdir: “. Sabir elə bir nərilti və gurultu ilə dalbadal yazmaqda davam elədi ki, hətta bəlkə özünə bərabər olan Məşədi Sijimqulunu da xeyli bir vaxt sükutda saxladı. bu müddətdə idarəmizə beş-on nəsrlə yazılmış şirin məqalə göndərdi. Bir surətdə ki, o vədələr Gəncə aləminin növ-növ guşələrini dadlı və duzlu dil ilə təsvir edən haman məqalələr öz vaxtında xeyli qiymətli idilər”. Onun şairlik istedadını Sabirə yaxın tutan Mirzə Cəlil bu barədəki fikirlərini belə ifadə etmişdir: “Biz bunu qəti deyə bilərik ki, “Molla Nəsrəddin” dünyasında, “Molla Nəsrəddin”ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan birinci Məşədi Sijimqulu Kefsiz olubdur. Sabir kimi hünərvər bir şairin qabağına çıxmaq asan olmaya gərək” fikrində haqlı olan böyük tənqidçinin “lakin bu da cümləyə məlumdur ki, Sabir heç kəsə yox, bəlkə Sijimqulu Sabirə oxşayıbdır” ədəbi qənaətinə səbəb isə Ə.Nəzminin şeir sahəsindəki istedadını biruzə verən əsərin məhz Sabirin Zəngəzurdakı acların qeydinə qalmayan müsəlman intelligentlərindən bəhs edən “Tömeyi-nahar” satirasının olmasıdır. Məlumdur ki, Əli Nəzminin “Molla Nəsrəd¬din” jurnalında dərc olunan ilk mənzum əsəri həmin satiraya cavab olaraq yazdığı “Çayda çapan qardaşım, ağlama, ağları gör” mətləli satirası olmuşdur. Mirzə Cəlil bu əsərin hansı səbəbdən Əli Nəzminin diqqətini cəlb etdiyini də aydınlaşdırmağa çalışmışdır: “Demək, M.Sijimqulu, öz dediyinə görə, “Molla Nəsrəddin”in bu vaxtadək bircə nömrəsini də başdan-ayağa oxumamış keçməyibdir, Sabirin bundan da qiymətli qeyri əşarına mütəəssir olmayıb, – nə qədər ki, “Tömeyi- nahar”ına olub, ona bir neçə aydan sonra cavab verməyi özünə borc bilibdir. Nədir burada şairi mütəəssir edən. Zəngəzurda əhaliyə aclıq üz verib, erməni camaatına erməni ziyalıları vaqon-vaqon taxıl daşıyır, amma müsəlman intelligentləri qumar və eyşə uyub, acları yaddan çıxarıblar”. Cəlil Məmmədquluzadə Sabirlə Əli Nəzminin satiralarının təkcə mövzu və məzmun cəhətdən yox, həm də üslub, dil, bədiilik cəhətdən də oxşarlığını xüsusilə qeyd etmiş və bu əsərlərin ancaq şairlərin xətti və imzası ilə ayırd edildiyini göstərmişdir: “Məşədi Sijimqulunun ikinci ədəbiyyatı məcmuəmizin üçüncü ilinin beşinci nömrəsinə gəlib çatdı ki, orada dərc olundu. Həqiqəti-hal budur ki, şairin xəttinə qabaqdan aşina olmasaydıq, güman edə bilərdik ki, bəlkə Sabir qazı Hacı Məcid əfəndinin qorxusundan qaçıb gəlib Dəli Məhəmmədli stasyonuna və həmin şeiri də oradan yazıb göndəribdir:
Ey axund, evin yıxılsın,
Adına baxıb utan bir!
Bu qədər ləcacət olmaz,
Bu qəbahətini qan bir!
Dediyin çərən-pərəndir,
Yorulub dəxi usan bir!
Dolaşıb sataşma bunca,
Ağaya, kübarə, molla!”
Mirzə Cəlil qərəzsiz ədəbi tənqidçi kimi bir ədəbi gerçəkliyi nəzərə çatdırmağı da lazım bilir, bu, Ə.Nəzminin nəsrlə yazılmış satirik əsərləri ilə bağlıdır: “. bunu unutmamaq ki, Sabirin şairlik qüvvəti-qələmi Məşədi Sijimquludan artıqsa da, ikincinin mənsur qələminin mislini biz Sabirdə tək bircə dəfə də görmədik”. Jurnal nəşrə başladığı ilk vaxtlarda “belə-belə duzlu rəvayətlərin və zərif məzhəkələrin” həm məcmuə üçün, həm xalqın mənəvi intibahı üçün çox dəyərli olduğunu qeyd etməyi də Mirzə Cəlil özünə borc bilir. Ədib təkcə məcmuənin ilk illərində deyil, sonrakı illərdə də Əli Nəzminin jurnalla yaxından əməkdaşlıq etdiyini, xüsusən, məcmuənin ən çətin illərində – Sabirin vəfatından sonra onun yoxluğunu hiss etdirməməyini də xüsusi nəzərə çatdırmışdır: “Xüsusən, Sabirin vəfatından sonra ikinci Sabirimiz birincisinin yerini boş qoymadı. Məşədi Sijimqulu Kefsizin zövq və səfalı, məzah və duzlu şeirinin heç bir vaxt dalı kəsilmədi. O özü cismən qocaldısa da, onun kəlamının lətafəti bir zərrə qədər də əskilmədi. Qətiyyən demək olar ki, bu dil, bu şivə, bu şeirlər azərbaycanlılar üçün həmişə zində olacaq, oxucuları həmişə – farsca söyləsək, – dilnəvaz edəcək”.
Böyük sənətkar ədəbi-tənqidi məqalələrilə yanaşı həm də müxtəlif mətbuat orqanları və mətbu əsərlər haqqında yazılmış dəyərli əsərlərilə, hətta teatr tənqidi ilə bağlı əsərlərilə diqqəti cəlb edir. “Müsəlman ürəfa və danişməndlərinə” xitabnamə “İrşad” qəzetinin iki ay tətil olmasından doğan boyük təəssüf hissinin nəticəsi olaraq yaranmış bir əsərdir. “İrşad” qəzetinə Mirzə Cəlilin müsbət münasibəti, sözün əsl mənasında təqdirəlayiqdir: “Budur, tamam iki aydır ki, “İrşad” qəzeti tətil olunmuş, haman o “İrşad” ki, bizim bu qədər geri qalmış, bu qədər cəhlü-cəhalətə düçar olunmuş millətimiz üçün bir mənbeyi-nicat və fəlah, bir mövqeyi-ümmid və xilas idi! Haman o “İrşad” ki, bizi tərəqqi və təali, mədəniyyət və insaniyyət caddəsinə daima dəvət etməklə bizim səadət və xoşbəxtliyimizə rəhbər idi! . Jurnalın 1908-ci ilinin 20 aprel tarixli 16-cı sayında nəşr olunmuş “Milli bayram” adlı məqalə də 1883-cü ildən çap olunan “Tərcüman” qəzetinin iyirmi beş illik bayramını təbrik etmək məqsədilə qələmə alınmışdır. Mirzə Cəlil İsmayıl bəy Qasprinskinin böyüklüyü, öz xalqı qarşısındakı xidmətlərindən ətraflı bəhs edərək, onun fəaliyyətini çox yüksək dəyərləndirir: “Bir müsəlman qəzetinin faydalı və səmərəli bir yolda 25 il davam etməyi nəinki Rusiyada, bəlkə bütün dünyada əvvəlinci dəfə görülən bəxtiyarlıqlardandır. Mətbuat aləmində 25 il qələm çalan böyük yoldaşımız İsmayıl bəy Qasprinski həqiqətən bəxtiyardır. Çünki 25 il çalışıb min zəhmət və müsibətlə əkdiyi toxumun meyvəsini fərəh və şadlıqla görür. Buna görə İsmayıl bəyə nə qədər hörmət göstərilsə, millət o mərtəbə mədəni dərəcəsini, öz qədirşünaslığını, öz diriliyini göstərmiş olur”. Rusiyada bu bayramın geniş şəkildə qeyd olunacağı haqqında məlumat verən böyük sənətkar Qafqaz müsəlmanlarını da belə bir gündə fəal olmağa çağırmışdır.
Beləliklə, yuxarıda qeyd etdiklərimizdən belə bir nəticə çıxarmaq olar ki, böyük sənətkar, dramaturq, publisist, “Molla Nəsrəddin” jurnalının baş redaktoru Cəlil Məmmədquluzadənin çoxşaxəli, zəngin yaradıcılığının bir sahəsi də ədəbiyyat və mətbuat tənqidi olmuşdur. Ədib bu məqalələrində ədəbiyyatın qarşısında tenden¬siyalılıq, ictimai məzmun, dil sadəliyi, bədiilik, ifadəlilik, orijinallıq, xalq kütlələrinin mənafeyini müdafiə etmək kimi mühüm tələblər qoymuşdur. Cəlil Məmmədquluzadə bütün bu prinsipial məsələləri ədəbi-tənqidi məqalə və felye¬tonlarında nəzəri, elmi cəhətdən əsaslandırmışdır.
Aygün ORUCOVA
AMEA-nın Naxçıvan Bölməsi
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Cəlil Məmmədquluzadə`nin həyat və yaradıcıllığı
Yazıçı-dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir (1887-1897). İlk bədii əsəri sayılan “Çay dəstgahı”(1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-1936 cı ildə nəşr olunmuşdur) hekayəsini də bu dövrdə yazmışdır.
Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində “Şərqi – Rus” qəzetinin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olmuşdur. 1903-cü ildə yaratdığı “Poçt qutusu” əsəri 1904-cü ildə elə “Şərqi-Rus” qəzetində çap olunmuşdur. 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi işıq üzü görür və müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunur.
“Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu və “Molla Nəsrəddin” adı ilə məşhur oldu. Elə həmin vaxtda onun Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar aparır, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırırdı.
Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi. Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərmişdir.
Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir. Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verilmişdir.
C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır.
4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmiş ədibin qəbri “Fəxri Xiyaban”dadır. Cəlil Məmmədquluzadənin nəvə-nəticələri bu gün dünyanın müxtəlif ölkələrində (Fransa, Polşa və İranda) yaşayır.
C.mmmdquluzad haqqında
Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir.
Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır.
Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.
Yazıçı – dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir(1887-1897). İlk məlum bədii əsəri sayılan «Çay dəstgahı»(1889) alleqorik pyesini, «Danabaş kəndinin əhvalatları» (1894-1936 cı ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1896-cı ildə ilk ailə həyatını qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir.
1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa getmiş, bu şəhərlərin mədəni həyatı ilə tanış olmuşdur. 1904-cü ildən Tiflisdə nəşr edilən «Şərq – Rus» qəzetinin redaksiyasında işləmişdir. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində «Şərqi – Rus» qəzetinin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olmuşdur. 12 noyabr 1903-cü ildə “Poçt qutusu” əsərini yazmışdır. 1904-cü ildə bu əsər “Şərqi-Rus” qəzetində çap olunmuşdur., «Kişmiş oyunu», L.Tolstoydan tərcümə etdiyi «Zəhmət, ölüm və naxoşluq» hekayələri əvvəlcə bu qəzetdə dərc edilmişdir.
1904-cü ilin noyabrından Cəlil Məmmədquluzadə «Şərqi – Rus» qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1905-ci ilin əvvəllərində «Şərqi – Rus» bağlananda Cəlil Məmmədquluzadə, jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona «Qeyrət» adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açmışdır.
7 aprel 1906-cı ildə, Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunmuşdur.
«Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» adı ilə məşhur oldu. Ö.F. Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar kimi yazıçılar və jurnalın ilk saylarının rəsmlərini çəkmiş rəssam O.Şmerlinq, J.Rotter, Ə.Əzimzadə və b. ilə Cəlil Məmmədquluzadə arasında möhkəm ideya-yaradıcılıq əlaqələri yarandı. Jurnalda təbliğ olunan dərin demokratiya və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə «Molla Nəsrəddin məktəbi» adlı qüdrətli mətbuat məktəbi yaratmışdılar. Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi.
Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun «Molla Nəsrəddin» jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərmişdir.
15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş və oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.
Cəlil Məmmədquluzadənin yaradıcılığı sənətkarlıq cəhətdən novator və demokratik mahiyyətindədir. O, publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir. Cəlil Məmmədquluzadə, xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.
Cəlil Məmmədquluzadə «Yeni yol» qəzetinin redaktoru, Umumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olmuş, «Maarif və mədəniyyət», «Yeni kənd», «Şərq qadını» və s. mətbuat orqanlarında fəaliyyət göstərmişdir.
Onun «Poçt qutusu», «Usta Zeynal», «İranda hürriyyət», «Qurbanəli bəy» kimi hekayələri, məşhur «Ölülər» komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur («Anamın kitabı», 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi («Danabaş kəndinin məktəbi», 1921) problemlərinə geniş yer verilmişdir. «Dəli yığıncağı» (1936-cı ildə nəşr olunmuş, 1977-ci ildə tamaşaya qoyulmuşdur) pyesində feodal-patriarxal münasibətlər, din və fanatizm kəskin tənqid atəşinə tutulmuşdur. Cəlil Məmmədquluzadənin realizmi böyük bədii ümumiləşdirmə və tipikləşdirmə qüvvəsinə malikdir. 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmişdir. Qəbri “Fəxri Xiyaban”dadır.
Comments are closed, but trackbacks and pingbacks are open.