Press "Enter" to skip to content

Cəlil məmmədquluzadə əsərləri 1 ci cild

Cəlil Məmmədquluzadə yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində əbədiyaşarlıq qazanmış görkəmli və böyük şəxsiyyətlərdən biridir. Əlbəttə o, bu zirvəyə əbədiyaşarlığın təminatçısı, novatorluğun ən bariz nümunəsi kimi meydana çıxan yaradıcılığında – istər ədəbi, istərsə də ictimai fəaliyyətində bir çox ilklərə imza atması ilə ucalmışdır. Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanın (“Molla Nəsrəddin”) əsasının qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması və s. yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır. Ədibin ədəbi-ictimai fəaliyyətinə nəzər yetirdikdə bir daha əmin olursan ki, bu çoxşaxəli fəaliyyətin arxasında vətən, millət sevgisi, xalqına, onun milli dilinə böyük məhəbbət və sədaqət dayanır.

CəLİl məMMƏdquluzadə (1869-1932) HƏyati, yaradiciliğI

Böyük demokrat, milli istiqlaliyyət uğrunda mübarizə aparmış, bütöv bir məktəb – mollanəsrəddinçilər məktəbini yaratmış Cəlil Məmmədquluzadə qüdrətli vətəndaş yazıçı, publisist, ictimai xadimdir. Onun genişmiqyaslı zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatının milli iftixarı, dünya ədəbi mədəniyyətinin böyük hadisəsidir.

Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Azərbaycanın qədim mərkəzlərindən sayılan Naxçıvan şəhərində anadan olmuşdur. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu Naxçıvan duz mədənində gözətçi işləmiş, Şahab məhəlləsində baqqal dükanı açmışdı. C.Məmmədquluzadə 1873-1978-ci illərdə təhsil aldığı mollaxana məktəbi ərəb, fars dillərini öyrənməsinə, Şərq tarixi və ədəbiyyatı haqqında ilkin məlumatlar əldə etməsinə müsbət təsir göstərmişdir. Naxçıvan şəhər üçsinifli məktəbindəki ibtidai təhsil, burada keçirilən dünyəvi fənlər, dərs deyən savadlı, təcrübəli müəllimlər, həyata keçirilən maraqlı tədbirlər Cəlilin ideya-mənəvi aləmində dərin izlər buraxmışdır.

Qori Müəllimlər Seminariyasında keçən təhsil illəri (1882-1887) daha təsirli və cəlbedici idi.Burada o,müxtəlif millətlərdən olan A.O.Çernyayevski, D.D.Semyonov, N.N.Novospasski, N.O.Lomouri, habelə azərbaycanlı müəllimlər Mirzə Əbdüssəlam Axundzadə, Səfərəli bəy Vəlibəyov kimi adlı-sanlı pedaqoqların ədəbi-maarifçi görüşlərindən faydalanmışdır. Gənc Cəlil seminariyada inşa və tərcümə dərslərində bacarıq göstərmiş, ədəbi gecələr üçün ssenarilər, sınaq dərsləri üçün icmallar yazmış, teatr tamaşalarında aktyor sifətilə səhnəyə çıxmışdır. Beləliklə, seminariya C.Məmmədquluzadə üçün əsl ideya-tərbiyə və dünyagörüş məktəbinə çevrilmişdir.

Cəlil Məmmədquluzadə 1887-1897-ci illər arasında pedaqoci fəaliyyətlə məşğul olmuşdur. O, 1887-ci ilin sentyabr-oktyabr aylarında İrəvan quberniyasının Uluxanlı kənd ibtidai məktəbində müəllimlik etmişdir. Baş Noraşen məktəbinin müdiri Əliməmməd Xəlilovun köməyi ilə 13 oktyabr 1887-ci il tarixdən bu təhsil ocağına dəyişilən cavan pedaqoq xalq arasında savadlı müəllim kimi hörmət qazanmışdır. Bədii yaradıcılığa Baş Noraşendə ikən başlayan C.Məmmədquluzadə 1889-cu ildə burada ilk qələm təcrübəsi olan «Çay dəstgahı» alleqorik dramını yazmışdır. Daha sonra Nehrəm kənd ikisinifli məktəbində pedaqoci fəaliyyətini davam etdirən C.Məmmədquluzadə bu mərhələdə (1890-1897) əsl xalq müəllimi kimi tanınmışdır. Nehrəm kənd məktəbində qızları təhsilə cəlb etməsi, diyarşünaslıq muzeyi yaratması, ipəkçilik peşəsinə dair xüsusi məşğələlər təşkil etməsi və s. onun nüfuzunu daha da artırmışdır. Bu dövrdə, eyni zamanda, yerli həvəskarlarla birlikdə Naxçıvanda teatr tamaşaları hazırlayıb göstərən, əslində teatr hərəkatına rəhbərlik edən C.Məmmədquluzadə milli oyanış və mədəni tərəqqi yollarında da yorulmadan çalışmışdır. Bədii yaradıcılıq işini davam etdirən cavan yazıçı həyatının Nehrəm dövründə «Kişmiş oyunu» pyesini (1892), «Danabaş kəndinin əhvalartarı» (1894), «Danabaş kəndinin məktəbi» (1896) povestlərini tamamlamış, müasirləri arasında yeni tipli bir yazıçı kimi də tanınmağa başlamışdır.

Moskvaya və Peterburqa səfər edən (1895) Cəlil Məmmədquluzadə imperiya daxilində gedən prosesləri izləmiş, xalqını daha geniş miqyasda maarifə cəlb etmək üçün yollar axtarmış, latın əlifbasına keçmək barədə danışıqlar aparmışdır.

Nehrəmdə müəllim ikən Həlimə Nağı qızı ilə ailə həyatı qurmuş (1896), bu nigahdan ilk övladı Münəvvər Məmmədquluzadə (1897-1965) dünyaya gəlmişdir. Bununla belə, Həlimə xanımın dünyasını dəyişməsi ilə ilk ailə həyatına son qoyulmuşdur.

İrəvanda və Naxçıvanın hüquq orqanlarında keçən qısamüddətli fəaliyyət dövrü (1897-1903) Cəlil Məmmədquluzadənin həyatı, cəmiyyət hadisələrini, müxtəlif taleli insanları öyrənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məşhur «Poçt qutusu» hekayəsi 1903-cü ildə cavan yazıçının dərin həyati müşahidələrinin məhsulu kimi meydana çıxmışdır.

Cəlil Məmmədquluzadə 1903-cü ilin dekabr ayından etibarən Qafqazın inzibati və mədəni mərkəzi sayılan Tiflis şəhərində yaşayıb işləmişdir. Tanınmış publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlının (1846-1931) Tiflisdə nəşr etdirdiyi «Şərqi-Rus» qəzetində əməkdaşlıq etməklə mətbuat dünyasına qədəm qoymuşdur. «Şərqi-Rus» redaksiyasında mühüm qəzetçilik məktəbi keçmiş, dövrün görkəmli ədəbi qüvvələri ilə tanış olmuş, bir çox hekayələri, məqalələri və tərcümələrini bu qəzetdə dərc etdirmişdir. «Şərqi-Rus» qəzeti bağlandıqdan sonra publisist Ömər Faiq Nemanzadə və tacir Məşədi Ələsgər Bağırovla birlikdə o, Məhəmməd ağa Şahtaxtlıya məxsus olan mətbəəni almış və çalışdırmışdır. «Poçt qutusu» hekayəsi 1905-ci ildə «Qeyrət» adlandırılan həmin mətbəədə kitab halında çapdan çıxmışdır.

Böyük ədibin redaktorluğu ilə birinci sayı 7 (20) aprel 1906-cı ildə Tiflis şəhərində nəşr olunan məşhur «Molla Nəsrəddin» curnalı Qafqaz xalqlarının, geniş mənada müsəlman Şərqinin, xüsusən Azərbaycanın milli oyanışı və dirçəlişində mühüm rol oynamışdır. «Molla Nəsrəddin» curnalı satirik ədəbiyyatın və mətbuatın inkişafına böyük təsir göstərmişdir.

C.Məmmədquluzadə 1907-ci ildə Qarabağın məşhur xanlarından olan Əhmədbəy Cavanşirin qızı, tanınmış ziyalı qadın Həmidə xanım Məmmədquluzadə (1873-1955) ilə ailə həyatı qurmuşdur. Bu nigahdan onun iki övladı – Midhət və Ənvər Məmmədquluzadələr dünyaya gəlmişdir.

XX əsrin əvvəllərindən etibarən C.Məmmədquluzadə bədii yaradıcılıqla ardıcıl məşğul olmuşdur. Qüdrətli yazıçının «Usta Zeynal» (1905), «Dəllək» (1906), «İranda hürriyyət» (1906), «Qurbanəli bəy» (1906), «Quzu» (1914), «Nigarançılıq» (1916), «Konsulun arvadı» (1918) və s. hekayələri onu kiçik janrın böyük ustadı kimi tanıtmışdır.

Ədibin teatr və dramaturgiya sahəsindəki fəaliyyəti də ona geniş şöhrət qazandırmışdır. Xüsusən, məşhur «Ölülər» tragikomediyasının yazılması (1909) və Bakıda uğurla tamaşaya qoyulması (1916) onun ədəbi şöhrətini artırmışdır. «Kamança» (1920) və «Anamın kitabı» (1920) pyesləri ilə o, Azərbaycan dramaturgiyasını zənginləşdirmişdir.

C.Məmmədquluzadə 1920-ci ilin sentyabr ayından 1921-ci ilin may ayınadək Cənubi Azərbaycanın Təbriz şəhərində yaşayıb fəaliyyət göstərmişdir. Burada çətin şəraitdə «Molla Nəsrəddin» curnalının səkkiz sayının nəşr edilməsi böyük əks-səda doğurmuşdur. «Ölülər» əsəri 1 may 1921-ci ildə Təbriz səhnəsində uğurla göstərilmişdir. Nəticədə Cənubi Azərbaycanda realist-satirik ədəbiyyat və mətbuat inkişaf etmiş, karikatura sənətinin meydanı genişlənmişdir.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasını C.Məmmədquluzadə hərarətlə qarşılamışdır. Buna səbəb özünü fəhlə-kəndli dövləti adlandıran yeni hökumətin məramı ilə yazıçının niyyətlərinin bir çoxunun üst-üstə düşməsi idi. Ona görə də ədib 1921-1927-ci illərdə gənc Sovet hökumətinin tədbirlərində yaxından iştirak etmiş, cəmiyyətin inkişafına öz köməyini əsirgəməmişdir. Onun redaktorluğu ilə nəşr olunan «Yeni yol» qəzeti respublikada latın əlifbasının tətbiq olunması yollarında əsl fədakarlıq göstərmişdir. C.Məmmədquluzadə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi üzvlüyünə namizədliyə qəbul edilmişdir (1926).

Bununla belə, yeni cəmiyyətə bəslənilən ümid və inam dövrü uzun sürməmişdir. C.Məmmədquluzadə 1928-ci ildən sonrakı mərhələdə sovet cəmiyyətinin sərt ideoloci tələbləri ilə, təzyiqlərlə üz-üzə gəlmiş, mənəvi terrora məruz qalmışdır. Belə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 9 aprel 1929-cu il tarixli plenumunda «din əleyhinə oxunaqlı, kütləvi, ucuz curnal kimi yenidən təşkil etmək» adı altında «Molla Nəsrəddin» curnalını Mübariz Allahsızlar İttifaqının orqanına çevirmək haqqında qəbul edilmiş qərar Baş redaktoru dərindən sarsıtmışdır. Bunun ardınca dövri mətbuatda Mirzə Cəlilə qarşı böhtan kompaniyası təşkil edilmiş, o, «milli xırda burcua ədəbiyyatı nümayəndəsi», «cığırdaş», «Azərbaycan dilini korlayan yazıçı» kimi damğalanmışdır. «Molla Nəsrəddin» curnalının «şəkil, bədii, ictimai cəhətdən üzlü-astarlı dəyişdirilməsi» tələbi irəli sürülmüşdür. Azərbaycan SSR Baş Mətbuat İdarəsinin 1931-ci ildə rəsmi təşkilatlara göndərdiyi məlumatda Cəlil Məmmədquluzadə və redaksiyanın digər əməkdaşları «siyasi cəhətdən geri qalmış, bisavad və siyasətlə maraqlanmayan adamlar» adlandırılmışlar. Bütün bunların nəticəsində C.Məmmədquluzadə 1931-ci ildə «Molla Nəsrəddin» curnalının baş redaktorluğu vəzifəsindən imtina etmişdir. Ömrünün son dövründə soyuq qış günlərində onun əlyazmalarını sobaya ataraq yandırması keçirdiyi dərin sarsıntıların, mövcud quruluşa etirazın ifadəsi idi.

Belə çətin, mürəkkəb vəziyyətə baxmayaraq, C.Məmmədquluzadə sovet dövründə «Danabaş kəndinin məktəbi» pyesini, «Lənət», «Oyunbazlar» səhnəciklərini (1921), «Dəli yığıncağı» (1926), «Yığıncaq» (1929), «Ər» (1930) tragikomediyalarını yazıb tamamlamışdır.

C.Məmmədquluzadə «Şərq fakültəsi», «Taxıl həkimi», «Hamballar», «Şeir bülbülləri», «İki ər», «Zırrama», «Şəhər və kənd», «Qoşa balınc», «Bəlkə də qaytardılar» və s. hekayələrini də sovet dövründə qələmə almışdır. Yazıçının hekayələri 1927-ci ildə çap olunmuş «Bəlkə də qaytardılar» adlı kitabına toplanmışdır. Azərbaycan xatirə ədəbiyyatının şah əsəri olan «Xatiratım» memuarı (1926) da bu mərhələnin məhsuludur.

Cəlil Məmmədquluzadə 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. Ədibin adı respublikamızda əbədiləşdirilmişdir. Bakı, Naxçıvan və Cəlilabadda heykəlləri ucaldılmışdır. Əsərləri kütləvi tiracla nəşr olunmuşdur. Anadan olmasının 100 və 125 illik yubileyləri Azərbaycanda dövlət səviyyəsində təntənə ilə qeyd edilmişdir.

Son vaxtlar C.Məmmədquluzadənin nəslinin dünyanın müxtəlif ölkələrində yaşayan nümayəndələri ilə əlaqə yaradılmışdır. Bəlli olmuşdur ki, böyük ədibin nəvə-nəticələrindən Midhət Cavanşiri Polşada, İren Cavanşiri və vəfat etmiş Teymur Cavanşirinin ailəsi İranda, Nizhət Şəcəri və Məhin Səqqətçiya Fransada yaşayırlar.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixinə böyük demokrat ədib, vətəndaş milli yazıçı, kiçik hekayənin böyük ustadı kimi daxil olmuşdur. Vətəndaş ədibin fikrincə, «Vətən, vətən, vətən! Dil, dil, dil! Millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-noi bəşər üçün özgə nicat yolu yoxdur». Nəticə etibarilə C.Məmmədquluzadə Azərbaycanda milli istiqlal ədəbiyyatının bayraqdarı və sərkərdəsidir. Qüdrətli yazıçı ədəbiyyatda və ictimai həyatda Azərbaycanın milli oyanışı, dirçəlişi və müstəqilliyi uğrunda mübarizənin möhkəm bünövrəsini yaratmışdır.

Cəlil Məmmədquluzadənin bədii nəsri Azərbaycan ədəbiyyatında yeni ədəbi hadisə idi. Real həyat hadisələrini tipik bədii vasitələrlə təqdim edilməsi, adi, zəhmətkeş insanların qəribə taleyinin təsviri, milli oyanış və dirçəlişə çağırış, yığcamlıq, sadə, koloritli dil və üslub yazıçının bədii nəsrinin əsas xüsusiyyətlərini təşkil edir. Ustad yazıçının «Danabaş kəndinin əhvalatları» povesti (1894) Danabaş kəndinin timsalında bütövlükdə Azərbaycan kəndinin, əsərin əsas qəhrəmanı olan Məhəmmədhəsən əminin simasında isə Azərbaycan kəndlisinin ibrətamiz, düşündürücü əhvalatlarıdır. Məhəmmədhəsən əmi təkcə C.Məmmədquluzadənin yaradıcılığında yox, geniş mənada Azərbaycan ədəbiyyatında kiçik adamın böyük ədəbiyyata birinci təbii və əhatəli gəlişi idi. Zor gücünə kəndliləri özünə «bəy» deməyə məcbur etmiş kəndxuda Xudayar obrazı konkret tarixi şəraitdəki ictimai ədalətsizliyi və haqsızlığı ümumiləşdirilmiş şəkildə, realistcəsinə əks etdirir. Bütün çətinliklərə baxmayaraq, «qoy Xudayar bəy anqırsın tayını tapsın» kimi sərt münasibət ifadə etməyi bacaran Zeynəb Azərbaycan ədəbiyyatında cəsarətli qadın surəti kimi yadda qalır.

Əsərdəki «Bir yüngülvari müqəddimə» təkcə «Danabaş kəndinin əhvalatları» povestinin proloqu deyil, bütövlükdə C.Məmmədquluzadə yaradıcılığının ilk sənət manifestidir. Burada Mirzə Cəlilin realizmə sədaqəti, fərdi xarakterlər yaratmaq bacarığı, özünəməxsus mövzusu və ideyası, təbii danışığı xatırladan bədii təhkiyəsi bəyan olunur. Əsərin əsas hissəsini təşkil edən «Eşşəyin itməkliyi» yalnız ulağını deyil, sahiblik hissini, hüququnu, ixtiyarını itirmiş kiçik adamların böyük ədəbiyyatdakı dolğun əks-sədası idi. «Xitamə» epiloq funksiyasını yerinə yetirir. Povestin adındakı «Danabaş kəndi» geniş mənada ümumiləşmiş Azərbaycan kəndinin, hətta eyni proseslərin yaşandığı türk-müsəlman dünyası kəndinin bədii ifadəsidir.

Azərbaycan ədəbiyyatında kiçik hekayənin də böyük, qüdrətli yaradıcısı C.Məmmədquluzadədir. Dahi yazıçının məşhur «Poçt qutusu» hekayəsi milli ədəbiyyatda hekayə janrının ən kamil nümunəsidir. Bu yığcam əsər C.Məmmədquluzadənin yığcam bir hekayənin hüdudları daxilində az qala roman mövzusu ola biləcək ictimai mətləbləri ifadə etmək imkanlarının əyani göstəricisidir. Divanxananı yaxşı tanımağa məcbur edildiyi halda, poçt qutusunun, poçtxananın mahiyyətini bilməyən Novruzəlinin taleyinin təqdimi əsasında ədib kiçik adamın böyük müdafiəçisi olduğunu nəzərə çarpdırmışdır.

«Poçt qutusu» Azərbaycanda kiçik hekayə janrının ilk böyük proqramıdır. Azərbaycan ədəbiyyatında hekayə janrının formalaşma və inkişafına «Poçt qutusu» hekayəsi ciddi təsir göstərmişdir.

Avam, mömin, «bir mala və bir xurcundan savayı özgə bir mal-dövləti» olmayan, kasıb Usta Zeynal halal və pak insandır. «Usta Zeynal» hekayəsindən (1905) gətirilmiş aşağıdakı parça onun xarakterini müəyyən etməyə imkan verir:

«Qurban üzünü Usta Zeynala tutub soruşdu:

– Usta, küpəniz irəlidən çatdaq idi, ya təzəlikdə sınıb?

– Yox, bizim küpə sınıq deyil, yoxsa sən sındırmısan?

Usta Zeynal başladı aşağı yenməyə və küpəni əlinə götürüb üzünü tutdu Qurbana:

– Qurban, bu küpə bizim deyil, bizimki köhnədi və bir az bundan yekədi.

…Usta Zeynal haman küpəni Qurbanın əlindən alıb, mat-mat baxdı Qurbanın üzünə və dərin bir ah çəkib dedi:

– Qurban, Allah sənə lənət eləsin! Erməninin küpəsində su gətirib gəc qayırdın və dünya-aləmi murdar elədin.

… Usta Zeynal üzünü turşudub iki dəfə tüpürdü yerə, bir dəfə Qurbanın üzünə və həyətdən çıxıb getdi oturdu arxın kənarında və başladı əllərini yumağa və sonra gəlib Qurbana dedi ki, şeyləri yığışdırsın… Üz qoydu çıxıb getməyə».

«İranda hürriyyət» hekayəsində (1906) çörək pulu qazanmaq üçün İrandan gəlib İrəvanda çalışan Kərbəlayı Məmmədəlinin ikinci dəfə evlənməsi, ailəsi ilə əlaqəsinin kəsilməsi kimi adi əhvalatların fonunda ciddi ictimai-siyasi hadisələrin mənalandırılması böyük demokrat ədibə hürriyyət kimi mətləblərin mahiyyətinin aydınlaşdırılmasına imkan yaradır. Hekayədəki «Axı kim eşidibdi ki, o taydan bura hürriyyət gəlsin?! O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək… belə zadlar gələr. Yoxsa, vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-verişi eliyəni də mən eşitməmişəm» kimi tezis xarakterli, dərin məzmunlu fikirlər artıq milli oyanışın və azadlığın «gündəlikdə» olduğunu əyani şəkildə nümayiş etdirir. Cəlil Məmmədquluzadənin «İranda hürriyyət» hekayəsi bədii vasitələrlə ifadə olunmuş, hər dövr üçün müasir səslənən «hürriyyət payı»dır.

«Dəllək», «Qurbanəli bəy», «Pirverdinin xoruzu», «Saqqallı uşaq», «Quzu», «Nigarançılıq», «Konsulun arvadı» hekayələri Azərbaycan cəmiyyətinin XX əsrin əvvəllərindəki sosial-ictimai problemlərini realistcəsinə əks etdirən dəyərli bədii nümunələr kimi mühüm əhəmiyyətə malikdir.

«Bəlkə də qaytardılar», «Taxıl həkimi», «Şeir bülbülləri», «Proletar şairi», «Zırrama», «Oğru inək», «Şəhər və kənd», «Şərq fakültəsi» hekayələrində Sovet hakimiyyəti dövründə baş verən proseslər məharətlə əks etdirilmişdir. Xüsusən, iyirminci illərin ortalarından sonra yazılmış hekayələrində yazıçı sovet cəmiyyətindəki çaşqınlıq və vahiməni, ictimai ədalətsizlikləri özünəməxsus üstüörtülü bədii vasitələrlə ifadə etməyi bacarmışdır. Məsələn, «Oğru inək» hekayəsində pambıq oğrusu kimi tanınan Musa kişinin inəyini də oğurluğa alışdırmasının təsviri ümumiləşmiş şəkildə yeni cəmiyyətdəki yalan və əliəyriliyi mənalandırmağa imkan vermişdir. Yazıçı bu qənaətə gəlmişdir ki, təzə quruluşda «Oğurluq darülfünunundan nəinki tək bircə insanlar oğurluq diplomları alırlar, hələ bəlkə heyvanlar da insanlardan geri qalmırlar». Yaxud, «Hamballar» hekayəsində C.Məmmədquluzadə «Kommunist hökuməti var qüvvətini və həvəsini məmləkəti düzəltməyə» sərf etməkdə olduğu vaxt ölkədə süründürməçiliyin, özbaşınalığın, hərc- mərcliyin hökm sürməkdə olduğunu göstərməyi özünə borc bilmişdir. Nəhayət, zahirən yeni quruluşun müdafiəsi məqsədilə yazıldığı güman edilən «Bəlkə də qaytardılar» hekayəsində də yazıçı əslində sovet cəmiyyətinin sinfi fərqləri çox kəskin nəzərə almasından doğan ictimai eybəcərlikləri məharətlə sezdirmişdir.

Cəlil Məmmədquluzadənin dram əsərləri Azərbaycan dramaturgiyasının inkişafında yeni mərhələ təşkil edir. Milli dramaturgiyanın bünövrəsini qoymuş Mirzə Fətəli Axundovun (1812-1878) janr və mahiyyət etibarilə drama yaxın olan komediyalarından fərqli olaraq, Cəlil Məmmədquluzadənin komediyaları faciəvi xarakter daşıyan tragikomediyalardır. İlk dram əsəri olan, şeirlə yazılmış «Çay dəstgahı» (1889) alleqorik dramında cavan müəllif «Kimdir günahkar» kimi dərin ictimai məzmuna malik suallara cavab axtardığını nümayiş etdirir. Əsl günahkarı ayırd etməyə səy göstərən Baba Samovar, bir-birlərini müqəssir bilən Çaynik, İstəkan, Qaşıq, Masa kimi alleqorik surətlər əsərdə əsas konfliktin açılmasına kömək edirlər. Əsərdəki nökər Əli obrazı cavan yazıçının humanist düşüncələrini mənalandırmağa imkan yaradır.

«Çay dəstgahı» Azərbaycan ədəbiyyatında ilk mənzum və alleqorik dram əsəridir. Bu əsər milli uşaq dramaturgiyasının ilk nümunəsi kimi də mühüm əhəmiyyət kəsb edir.

Dramaturgiyamızın nadir və bənzərsiz nümunəsi olan «Ölülər» tragikomediyası (1909) Azərbaycanın və ümumən türk-müsəlman dünyasının cəhalət və mövhumat əsarətindən xilası davasında atılmış atom bombası qədər təsirli bir bədii əsərdir. Ədəbiyyatda cəhalət dünyasının qatı dumanlarının qəti parçalanması «Ölülər» tragikomediyası ilə başlanır. «Ölülər» bütövlükdə mənəvi əsarəti, fanatizmi və cəhaləti böyük cəsarətlə yıxıb dağıdan, vurub uçuran dahiyanə əsərdir. Əsərdəki Kefli İskəndər keçən əsrin əvvəllərində Azərbaycan cəmiyyətində nəzərə çarpan milli ziyalı təbəqəsinin ümumiləşmiş obrazıdır. Ali təhsil almış, oxumuş, ətrafında baş verən hadisələri dərindən dərk edən İskəndər həmvətənlərinin gözünü açmaq üçün var gücü ilə səy göstərir. Lakin mövhumat və cəhalət onların gözlərini qapatmışdır. Atası Hacı Həsən, anası Kərbəlayı Fatma xanım, şəhər sakinləri Məşədi Oruc, Məşədi Baxşəli, Hacı Kərım, Hacı Kazım, Mir Bağır ağa kimi «diri ölülər» İskəndərə dəli kimi baxırlar. Onlar İskəndərin adamları «ölü diriltmək» adı ilə yoldan çıxaran, aldadıb namusunu və şəxsiyyətlərini tapdalayan İsfahan lotusu Şeyx Nəsrullahın iç üzünü açan təsirli sözlərinə inanmaq istəmirlər. Möminlər mühitində haq sözü demək, cəsarətli danışmaq üçün İskəndər kefli görünmək yolunu seçməyə məcbur olmuşdur.

Şeyx Nəsrullah obrazı «Ölülər» əsərində bütövlükdə yalançı, fırıldaqçı din xadimlərinin əməllərini ümumiləşdirir. Təəssüf ki, onun «ölü diriltmək» oyunu əsasında qurduğu planın bir çox məqamları baş tutur. Lakin böyük çətinliklə olsa da, nəhayət, İskəndər qatı fanatizm cəbhəsini yararaq Şeyx Nəsrullahın əsl simasını açmağa müvəffəq olur. C.Məmmədquluzadə Şeyx Nəsrullah obrazı ilə islam dinindən çirkin məqsədləri üçün istifadə edib xalqa sağalmaz yaralar vuran fırıldaqçı din xadimlərini ifşa etmişdir. Yazıçının qayəsi islam dinini Şeyx Nəsrullah kimi İsfahan lotularından qorumaq, təmizləmək, millətin gözünü açmaqdır.

«Ölülər» əsərində C.Məmmədquluzadənin dahiyanə şəkildə düşündüyü, kəşf etdiyi qəbiristanlıq səhnəsi müsəlman cəmiyyətindəki fanatizm və cəhalətin ən acı təzahürlərini meydana çıxarır.

«Ölülər»in əsas qəhrəmanı olan Kefli İskəndərin monoloqu C.Məmmədquluzadənin bütün fikirləri və düşüncələrini ümumiləşmiş şəkildə mənalandırır. Bu, Azərbaycan ədəbiyyatında dərin məzmunlu, ən təsirli və ibrətamiz monoloqdur. İskəndərin məşhur monoloqu təkcə «tarix kitabına qanla yazılmış səhifə» olaraq qalmır. Bu monoloq tarixin bütün mərhələlərində hər dövrün özünəməxsus canlı ölülərini «diri-diri dəfn etmək» imkanlarına malik olan, silahdan da güclü səslənən kəsərli ittihamnamədir: «Baxın! Baxın! Yaxşı baxın! Diqqətlə baxın! Sizin tarix kitablarınızda bu, qanla yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi yada salıb deyəcək: tfu sizin üzünüzə!

Bağışlayın, kefli İskəndər bir az biədəblik eləyir. Amma indi də növbət mənimdir. Söz yox, siz bunlara deyəndə ki, səni verirəm bu şeyxə, bu biçarələr çığırıb bağırırdılar və sizin çirkli ayaqlarınızı öpə-öpə yalvarırdılar: «Ata, aman günüdür, məni anamdan ayırma!»… Çünki siz qızlarınızı bura çəkə-çəkə elə xəyal edirdiniz ki, bunları behiştə çəkirsiniz… Amma zəmani ki, ricət məsələsi ortalığa qoyuldu və Şeyx Nəsrullah ölülərin dirilmək ixtiyarını qoydu sizin qabağınıza, siz ölən qardaşlarınızın, bacılarınızın, övrət-uşaqlarınızın dirilməyinə razı olmadınız. Niyə razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüsünüz; ölən qardaşlarınızın arvadını almısınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gəlsinlər və sizin əməllərinizi görüb desinlər: «Tfu sizin üzünüzə!»…

Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bilirəm ki, mən heç bir şeyəm. Əgər mən bir şey olsaydım, bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. İndi görək siz kimsiniz? Mənim adım kefli İskəndərdir; bə sizin adınızı nə qoyaq? Mən dağları, daşları, quşları, fələkləri, ayları, ulduzları və dünya-aləmləri bura şahid çəkərəm və bu qızları onlara nişan verərəm, soruşaram ki, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: «Ölülər». Mən cəmi millətləri bura yığıb təvəqqe edərəm ki, Şeyx Nəsrullahın hərəmxanasına tamaşa eləsinlər; o vədə bütün yer üzünün tayfaları sizi bir səslə adlandırarlar: «Ölülər!» Və bizdən sonra gələnlər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər: «Ölülər»…»

«Ölülər» əsəri ilk dəfə 1916-cı ildə Bakıda tamaşaya qoyulmuşdur. Güclü müasirlik imkanlarına malik olan bu tragikomediya indi də teatrlarımızın repertuarında mühüm yer tutur.

C.Məmmədquluzadənin «Kamança» pyesi (1920) mövzusu və ideyasına görə xüsusi aktuallığa malikdir. Şuşa şəhərində qələmə alınmış bu pyesdəki hadisələr əsərdə qeyd olunduğu kimi, «Qarabağda, dağın ətəyində, kəndin kənarında» cərəyan edir. Burada real hərb səhnələri təsvir edilməsə də döyüşdən əvvəlki, yaxud sonrakı vəziyyətlərin təqdimi vasitəsilə erməni-Azərbaycan münaqişəsinin gedişatından xəbər tutmaq mümkün olur. Bütün bunlara görə «Kamança» pyesi Azərbaycan ədəbiyyatında Qarabağ münaqişəsinə həsr olunmuş birinci bədii əsərdir. Pyes erməni-Azərbaycan münaqişəsinin baş verdiyi

dövrdə Qarabağda yaşayan ədibin real həyati müşahidələri əsasında yazılmışdır.

«Kamança» pyesində «atlı dəstəsi sərkərdəsi» Qəhrəman yüzbaşının və onun Vətən torpaqlarının müdafiəsi üçün hər cür fədakarlığa hazır olan silahdaşlarının vətənpərvərlik və insanpərvərlik kimi xüsusiyyətlərindən bəhs olunur. Həmvətənlərinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə baxmayaraq, hirsini və hisslərini böyük çətinliklə cilovlayaraq əsir düşmüş ermənini – kamançaçı Baxşını bağışlaya bilməsi Qəhrəman yüzbaşının və onun mənsub olduğu xalqın ən yüksək insani keyfiyyətlərindən biri kimi təqdim edilir. Kamançada ifa olunan yanıqlı havaların təsirilə intiqam hissinin soyuması, qəzəbin və nifrətin əfv duyğuları ilə əvəzlənməsi Qəhrəman yüzbaşının ən ali mənəvi xüsusiyyətlərindən xəbər verir. Əsərdə Kamançanı da bədii obraz səviyyəsinə qaldırması C.Məmmədquluzadənin dərin humanizmini və əsl sənətkarlıq məharətini nümayiş etdirir.

Bununla belə, C.Məmmədquluzadə «Kamança» pyesinin qəhrəmanlarının hər zaman Vətən yolunda döyüşə hazır olduqlarını, mərdlik və cəsarət göstərə biləcəklərini də nəzərə çarpdırmışdır. Bütövlükdə isə yazıçı millətlərarası münaqişələri «namərd dünya»nın işləri kimi qiymətləndirmişdir.

«Danabaş kəndinin məktəbi» pyesində (1921) maarifçilik məsələlərini ön mövqeyə çəkən yazıçı elmi, maarifi, məktəbi işıq, savadsızlığı və cəhaləti isə qaranlıq kimi mənalandırmışdır. Əsərdə C.Məmmədquluzadə milli maarifçiliyin bərqərar olmasının zəruriliyini əsaslandırmışdır. Pyesdəki müəllim Həsənov obrazı xalqdan uzaq düşən ziyalıların acınacaqlı vəziyyətini realistcəsinə ümumiləşdirir. Müəllif bu əsəri 1923-cü ildə teatra «Danabaş kəndinin müəllimi» adı ilə təqdim etmişdir.

Sovet hakimiyyəti illərində yazılmış «Lal», «Oyunbazlar» və «Lənət» səhnəciklərində mövhumatın və cəhalətin, geriliyin və köhnəliyin, biganəliyin tənqidi öz əksini tapmışdır. Həcmcə kiçik olan bu əsərlərdə maarifə, milli məktəbə, insani keyfiyyətlərə, fəal vətəndaşlıq mövqeyinə çağırış kimi böyük mətləblər canlandırılmışdır.

Cəlil Məmmədquluzadənin yaradıcılığında xüsusi yer tutan «Dəli yığıncağı» tragikomediyası (1926) xalqın onun dilini, milli psixologiyasını bilməyən, Həzrəti Əşrəf kimi mərkəzdən göndərilərək idarə olunan yadelli hakimlərin və Lalbyuz kimi yabançı həkimlərin buxovundan azad edilməsini gündəliyə çıxaran qiymətli əsərdir. «Pul» kəlməsindən başqa yerli xalqın dilində heç bir söz bilməyən Həzrəti Əşrəf xarici müdaxilənin və əsarətin acı təzahürlərini meydana qoyur. Əmristandan gəlmiş və xalqın dilini anlamayan həkim Lalbyuz obrazı da cəmiyyətdəki eybəcərlikləri mənalandırmağa imkan açır. Ağıllı və tədbirli olan Lalbyuzun ona yad olan xalqı başa düşə bildiyi halda, fırıldaqçı ruhanilərin və tacirlərin öz xalqının içərisindən çıxmış ağıllı adamları dəli vəziyyətinə salmaları yazıçının ürək ağrısını ifadə edən təsirli drammatik səhnələrə çevrilmişdir.

Ədib bu əsərində ədalətsiz, eybəcər ictimai mühitin ağıllı insanları dəliyə çevirdiyini, şərə, zülmə meydan açdığını göstərir. Əsərdəki Hacı Məhəmmədəli, Hacı Xudaverdi, Hacı Cəfər Kompani kimi tacirlər millətin dərdi-sərini düşünməkdən uzaq olub, yalnız varlanmaq xülyaları ilə yaşayırlar. Vaiz Fazil Məhəmməd və onun kimilər isə yaranmış vəziyyətdən istifadə edib, özlərinin eyş-işrətlə bağlı çirkin niyyətlərini həyata keçirirlər. Ona görədir ki, Pırpız Sona, Formasion Rüstəm, Həmzad Qurban kimi ağıllı adamlar dəli vəziyyətinə salınmışlar. Hətta arvadı Pırpız Sonanı qorumaq, yaxud xilas etmək üçün Molla Abbas da özünü süni şəkildə dəliliyə vurmağa məcbur edilmişdir. Burada təsvir edilən «dəlilik» əslində şərti anlayışdır, xəstəliyi, ruhi çatışmazlığı deyil, əksinə, ağıldan bəlanı mənalandırır. Dramaturqun təsvir etdiyi dəlixana bir tərəfdən cəmiyyətdə baş verən hərc- mərcliyi əks etdirirsə, digər tərəfdən isə ağıllı adamların «yığıncağı», müzakirə və mühakimə məclisi təsiri bağışlayır.

Hadisələr zaman və məkan etibarilə dəyişdirilsə, guya XlX əsr İran Azərbaycanını əhatə etsə də əslində «Dəli yığıncağı» tragikomediyasında keçən əsrin iyirminci illərində Şura Azərbaycanında baş vermiş proseslər əks etdirilmiş, bütövlükdə yeni qurulmuş cəmiyyət «dəli yığıncağı» adlandırılmışdır.

Son illərdə C.Məmmədquluzadənin külliyyatına əlavə olunan dörd pərdəli «Ər» pyesi (1930) sovet hakimiyyətinin ilk illərində Azərbaycanda gedən ictimai prosesləri, yeni quruluşun və mühitin doğurduğu vahimə və çaşqınlığı, mənəvi boşluq və ümidsizlik meyllərini əks etdirir. Əsərdə firqə namizədi, darülfünun tələbəsi Cahangirin simasında mövcud cəmiyyətə ümid bəsləyən, lakin mənəvi boşluq, xaos mühitində çaşbaş qalmış yenilikçi cavanların ümumiləşmiş obrazı yaradılmıışdır. Əsərdəki professor Mirzə Ərvahallahxan iyirminci illərdə ali məktəblərdə çalışan, cəmiyyət quruculuğundan çox elm öyrənməyə üstünlük verən yaşlı müəllimlərin həyatı və düşüncələrini özündə cəmləşdirir. Buradakı əsəb xəstəxanasında baş verən hadisələr cəmiyyət həyatındakı gərginlik və anlaşılmazlığın, mənəvi-ruhi boşluğun açılmasına xidmət edir. Mürşüd dayı obrazının timsalında sanki qarşıdan gələn 37-ci ilin vahiməli, səksəkəli ab-havası göz önünə gətirilmişdir. Azad bəy obrazı isə müstəqil, demokratik dövlət quruculuğuna çağırışın carçısı kimi təqdim olunur. Bütünlükdə C.Məmmədquluzadə «Ər» pyesində Azərbaycan cəmiyyətinin onu qurub möhkəmləndirməyə qadir olan, xalqın öz içərisindən çıxmış layiqli bir Ərə, başçıya möhtac olması ideyasını irəli sürür.

Ədib «Yığıncaq» pyesində də sovet hakimiyyətinin ilk illərində Azərbaycan cəmiyyətində gedən mürəkkəblik və çaşqınlığa, yalana və zorakı təbliğata özünün sərt tənqidi münasibətini ifadə etmişdir.

Cəlil Məmmədquluzadənin 1906-cı ildə «Molla Nəsrəddin» curnalının birinci sayında dərc olunmuş «Lisan bəlası» şeiri mollanəsrəddinçi satirik şeirin dəyərli nümunəsi və hətta proqramıdır. Bununla o, həqiqi «Molla Nəsrəddin» şeirinin əsas prinsiplərini bəyan etmişdir. Müxtəlif illərdə Cəlil Məmmədquluzadənin 30-dan çox şeiri çap olunmuşdur. Ədib dram əsərlərində də müəyyən bədii məqsədlərlə özünün yazdığı satirik və lirik şeirlərdən faydalanmışdır.

C.Məmmədquluzadə Azərbaycan satirik publisistikasının yaradıcısıdır. Ədibin «Molla Nəsrəddin» curnalı səhifələrində dərc olunmuş yüzlərlə felyetonları və publisistik məqalələri ilə milli satirik publisistika özünün ən kamil səviyyəsinə yüksəlmişdir. C.Məmmədquluzadənin «Sizi deyib gəlmişəm», «Necə qan ağlamasın», «Rus məxrəci», «Niyə məni döyürsünüz», «Millət», «Azadeyi-vicdan», «Avampəsəd nitqlər», «Qondarma bəylər», «Firqələr davası», «Rişə», «Yer yoxdur» və s. kimi məqalələrində ifadə olunan mətləblər və ideyalar zamanın sözü səviyyəsində səslənir.

Cəlil Məmmədquluzadənin publisistikasında da azərbaycançılıq mövzusu özünəməxsus yer tutur. Ədibin publisistikasının şah əsəri sayılmağa layiq olan məşhur «Azərbaycan» məqaləsi (1917) milli oyanış və siyasi intibah dövrünün həqiqi bədii manifestidir. «Azərbaycan» məqaləsi – Azərbaycan məmləkəti coğrafiyasının vətəndaş ədib Cəlil Məmmədquluzadənin mahir qələmi ilə çəkilmiş nadir publisistik xəritəsidir. «Azərbaycan» məqaləsindəki aşağıdakı sətrlər hər bir azərbaycanlı üçün həmişəlik ana dili, milli coğrafiya və tarix dərsliyi proqramıdır: «Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram. Özümdən soruşuram ki:

– Mənim anam kimdir?

Öz-özümə də cavab verirəm ki:

– Mənim anam rəhmətlik Zəhrabanu bacı idi.

– Dilim nə dilidir?

– Yəni Vətənim haradır?

– Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissələri də Gilandan tutmuş qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir».

Mirzə Cəlilin bədii əsərlərində olduğu kimi, publisistikasında da fanatizm və cəhalət əleyhinə mübarizə, milli oyanış və dirçəliş ideyalarının təsirli təqdimi xüsusi yer tutur. Əsl vətəndaşlıq cəsarəti, millilik, yığcamlıq və sadəlik C.Məmmədquluzadə publisistikasının cövhərini təşkil edir. «Molla Nəsrəddin» curnalının 1906-cı ildə çıxan dördüncü sayında çap olunmuş «Niyə məni döyürsünüz» adlı felyetonu onun publisistikasının əsas qayəsini mənalandırır.

C.Məmmədquluzadə 1911-ci ildə fikrini daha açıq ifadə edərək, məqsədinin millətini din pərdəsi altında xalqı fanatizm girdabına salan yalançı dinçilərin əsarətindən xilas etməkdən ibarət olduğunu bəyan etmişdir: – «Molla Nəsrəddinin məqsədi nə dinə sataşmaqdır, nə təzə bir məzhəb icad eləməkdir. Molla Nəsrəddinin qəsdi vəhşi adətlərin ortalıqdan götürülməyi yolunda çalışmaqdır».

Mirzə Cəlilin fikrincə, «qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir». O, publisistikasında da «barıt atəşi, maarif topu, mədəniyyət təkamülü, yaxud dinamit inqilabı» ilə doğma xalqının tərəqqisi və inkişafına təkan verməyə çalışmışdır. «Nədən başlamalı?» sualına C.Məmmədquluzadə əvvəlcə «rəndədən», az sonra isə «rişədən» cavabını vermişdir. «Əsl mətləb rişədədir. Çünki qalan məsələlər həmin rişəyə bağlıdır: əlifba, çadra, papaq, əmmamə, əba, yaşıl qurşaq, məharət, ticarət və müxtəsər, yenə minlərcə bu qəbil mövhumat və axmaqlıqlar» – qənaətində olan vətəndaş ədib «rişə» dedikdə geniş mənada keçmiş sovet recimini nəzərdə tutmuşdur. Bu mənada Cəlil Məmmədquluzadənin publisistikası dərin ictimai məzmuna, ümummilli mövqeyə və ciddi siyasi kəsərə malik idi.

Cəlil Məmmədquluzadə Azərbaycan ictimai fikrində həmişə «böyük demokrat» adlandırılmışdır. Ədibin «Təzə partilər», «Azadeyi-vicdan», «Xoşbəxtlik», «Firqələr davası» və s. məqalələrində Azərbaycan cəmiyyətində çoxpartiyalı sistem, insan haqları, konstitusiya hüquqları, demokratik seçki kimi məsələlər haqqında yetkin qənaətlər ifadə olunmuşdur. Bununla C.Məmmədquluzadə həm də cəmiyyətşünas ədib və ictimai xadim olduğunu bir daha təsdiq etmişdir. Tiflisdə Müsəlman Milli Komitəsinin yığıncağında oxumaq üçün yazılmış «Cümhuriyyət» (1917) məqaləsi Mirzə Cəlilin cəmiyyətşünaslıq görüşlərinin yekunu və zirvəsidir. «Cümhuriyyət» məqaləsi – Cəlil Məmmədquluzadə demokratizminin nizamnaməsidir. Böyük demokrat ədib bu proqram xarakterli əsərində «padşahlıq taxtından yıxılan Nikolayın idarəsi dağılandan sonra» ölkədə yaranmış mürəkkəb vəziyyətdə çaşqın qalmış, yol axtaran azərbaycanlılara – həmvətənlərinə respublika tipli müstəqil dövlət qurmaq uğrunda səy göstərməyi zəruri saymışdır: «Cümhuriyyət, yəni latınca «Respublika»» elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz idarəsində və ixtiyarındadır».

Anamın kİtabı tragİkomedİyası

Cəlil Məmmədquluzadənin «Anamın kitabı» tragikomediyası (1920) ədəbiyyatımızda milli istiqlala, azərbaycançılıq əqidəsinə və düşüncəsinə həsr olunmuş ən ciddi və təsirli dram əsəridir. «Anamın kitabı» – Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi Anasıdır. Əgər Azərbaycan ədəbiyyatında kiçik hekayə Mirzə Cəlilin «Poçt qutusu»ndan çıxmışdırsa, azərbaycançılıq və milli istiqlaliyyət ideyaları da bütöv bir konsepsiya kimi «Anamın kitabı»ndan doğulmuşdur. Milli müstəqillik və birlik, soykökə bağlılıq, milli ideologiya və istiqlal uğrunda mübarizə kimi aktual məsələlər «Anamın kitabı» əsərinin mövzusu və qayəsini təşkil edir.

«Anamın kitabı» – əsərdəki üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramıdır. Mirzə Əbdüləzimin övladları olan ruspərəst Rüstəm bəy, iranpərəst Mirzə Məhəmmədəli, osmanlıpərəst Səməd Vahid üçün Vətən və Ana kimi müqəddəs anlayışlar mənasını itirmişdir. Yazıçı təbii və təsirli vasitələrlə belə müqəddəs amalların itirildiyi şəraitdə insanın düçar olduğu daxili puçluğu, mənəvi aşınmanı, ictimai iflası canlı şəkildə təqdim edir. Əsərdə eyni ata-ananın fərqli məsləkə mənsub övladları olmağın məhvə məhkumluğu, milli birliyin, Vətən qardaşlığının zəruriliyi və üstünlüyü ön mövqeyə çəkilmişdir. Yazıçı «qardaşları» xarakterləri etibarilə olduğu kimi, geyimləri, danışıqları və davranışlarına görə də fərqləndirmişdir. Ədib əsərin əvvəlindəki iştirakçılar haqqında məlumatlarda Mirzə Əbdüləzimin ayrı-ayrı məsləkə qulluq edən övladlarının portretlərini yaratmışdır. «Rüstəm bəy – Rus intelligenti libasında, yəni jilet köynək, boğazında qalstuk Rus darülfünununda elm təhsil etmiş və rus tərbiyəsi tərəfdarı.

Mirzə Məhəmmədəli – İran ürəfası libasında, yəni uca İran börkü, uzun İran arxalığı, üstündən qurşaq, gen şalvar, ağ corab… Həmişə əlində təsbeh… İran tərbiyəsi tərəfdarı.

Səməd Vahid – İstanbulda ədəbiyyat dərsi almış. Başında qırmızı fəs, əynində pidcak, cilet, ağ yaxalıqlı köynək və qalstuk, gözlərində eynək. Osmanlı tərbiyəsi tərəfdarı».

İştirakçılar haqqında məlumat «Anamın kitabı»nın bədii müqəddiməsi funksiyasını yerinə yetirir. Əsər boyu canlandırılan hadisələr iştirakçılar haqqında məlumatdakı xarakteristikanı tam təsdiq edir. Yazıçı böyük ürək yanğısı ilə göstərir ki, ayrı-ayrı əqidələrə qulluq edən bu «qardaşları» nəinki mənsub olduqları millətin vəziyyəti, ehtiyacları düşündürmür, hətta onlar öz anaları və bacılarına qarşı da çox etinasızdırlar. Onların Cəmiyyəti-xeyriyyənin iclasında qaldırdıqları məsələlərin xalqa heç bir faydası yoxdur. Acların ehtiyacları və şikayətləri qardaşları qətiyyən narahat etmir. Onlar özgə əqidələrə yönəlmiş fəaliyyətlərinə hər şeydən çox üstünlük verirlər. Rüstəm bəy üçün Rus, yaxud Slavyan lüğəti hazırlamaqdan, Mirzə Məmmədəlidən ötrü xüsuf və küsuf, yəni ayın və günün tutulmasına dair dərslər verməkdən, Səməd Vahidə görə elmi- qafiyə ilə məşğul olmaqdan və Osmanlı şivəsində şeirlər yazmaqdan başqa hər şey puç və əfsanədir.

C.Məmmədquluzadə «məsləkayrı qardaşlar» mövzusuna rus çarizminin yerli millətlərin savadlı adamlarına şübhəli münasibəti motivini də əlavə etmişdir. Yaratdığı vahiməni, Rusiya hökumətinin Azərbaycan-Türkiyə münasibətlərini və müstəqil Azərbaycan dövləti yaradılması ideyasını daim nəzarətdə saxladığı nəzərə çarpdırılmışdır. Evinə gəlmiş Senzor Mirzə Cəfər bəyin aşağıdakı bəyanatı çarizmin şübhə və vahimələrinin bütün mahiyyətini aydınlaşdırır: «Xub, sizdən gərək pünhan olmaya ki, sizin bir para bədxahlarınız hökumət nəzərində sizi belə qələmə veriblər ki, siz üç qardaş söz bir və həmfikir olmusunuz ki, əvvəla, Rusiya islamlarını Türkyiə dövlətinə tərəf çəkib, ittihadi-müslimin cəmiyyətində iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda əmələ gələn Hübbi-vətən və Ədəmi-mərkəziyyət firqəsinin amalı yolunda çalışmaqdasınız ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digər tərəfdən İran Azərbaycanını ki, ibarət olsun Təbriz, Tehran, Gilan, Osmanlı və İran Kürdüstanı, Urmi və qeyriləri – bu vilayətləri bir-birinə ilhaq edib, müstəqil Azərbaycan hökuməti əmələ gətirəsiniz. Və salisən, bu fikirdən də uzaq deyilsiniz ki, müsavat və hürriyyət əsaslarını… müntəşir edirsiniz ki, min il yuxuda olan camaat hökumətin əsarət zəncirini qırıb, özləri üçün bir nicat yolu tapsınlar».

Əslində isə «qardaşlar» vətənçilik, azərbaycançılıq düşüncəsindən tamamilə uzaqdırlar. Buna görə də Zəhrabəyim ananın özgə məmləkətlərdə təhsil və tərbiyə almış övladlarını birliyə, qarşılıqlı anlaşmaya dəvət etmək səyləri heç bir fayda vermir. Vətəninə və ailəsinə bağlı olan Ana üçün bundan ağır faciə ola bilməz. Zəhrabəyim ana övladlarının özgə millətlərə xidmət etməsinə, ayrı düşməsinə, ortaq məxrəcə gələ bilməmələrinə dözə bilməyən əsl Azərbaycan qadınının kamil bədii obrazıdır. Övladlarının əməlləri və rəftarını qəbul etməyən ananın cismən ölümü onun mənəvi qələbəsidir.

Cəlil Məmmədquluzadə xalq, milli birlik, Vətən motivlərini «Anamın kitabı» əsərindəki Zəhrabəyim ananın, Gülbaharın və habelə Qənbər, Qurban, Zaman kimi çobanların vasitəsilə mənalandırır. Əsərdəki çobanlar xalq adət-ənənələrini, doğma torpağa bağlılığı bütün incəliyi ilə yaşayır və təqdim edirlər.

Əbdüləzim bəyin övladlarından yalnız Gülbahar ana Vətənə, doğma xalqa sadiqdir. Qardaşlarını doğru yola, milli-mənəvi birliyə qovuşdurmaq yolundakı səyləri, pak və səmimi münasibətləri, təbii həyəcanları onun həqiqi bir vətənpərvər azərbaycanlı qızı olduğunu qəti olaraq təsdiqləyir. Gülbahar obrazı Azərbaycan ədəbiyyatında Vətən və millət, milli birlik və istiqlal amalının dramatik üverturasıdır. Gülbaharın monoloqu ədəbiyyatımızda ən təsirli və ən mükəmməl milli birlik və vətənpərvərlik himnidir: «Qaldı bircə kitab: bu da anamın kitabı. Budur, atam öz əlilə yazdığı vəsiyyət… Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar. Çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parçalardır.

Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır onlar Zəhranın ətrafında gərək dolanalar. Çünki ay və ulduzlardır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə. Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edərək, nə qədər canında nəfəs var, peşiman olacaq».

«Anamın kitabı» əsərindəki Gülbaharın monoloqu Azərbaycan ədəbiyyatında «Ölülər»dəki İskəndərin monoloqundan sonra milli məzmunlu ən mükəmməl monoloq sayıla bilər. Gülbahar yeni və müstəqil Azərbaycanın ədəbiyyatımızdakı ilk carçısıdır.

Cəlil Məmmədquluzadənin «Anamın kitabı» əsəri böyük tərbiyəvi əhəmiyyətə malik olan milli-mənəvi özünüdərk, Vətənçilik, birlik və müstəqillik dərsliyidir. «Anamın kitabı» – Azərbaycanın təkcə XX əsrin əvvəllərindəki deyil, həm də XXI əsrin başlanğıcındakı tale kitabıdır. Əsər çox güclü və geniş müasirlik imkanlarına malikdir.

«Anamın kitabı» – milli ədəbiyyatımızın ən mükəmməl azərbaycannaməsidir. Cəlil Məmmədquluzadə bu əsərlə həm də azərbaycançılıq ideyasının əsas yaradıcılıarından olduğunu isbat etmişdir.

Cəlil məmmədquluzadə əsərləri 1 ci cild

Görkəmli Azərbaycan yazıçısı, Azərbaycan ədəbiyyatında “Molla
Nəsrəddin” ədəbi məktəbinin və tənqidi realizmin banisi, “Molla Nəsrəddin”
jurnalının naşiri və redaktoru Cəlil Məmmədquluzadənin (1869-1932)
əsərlərinin birinci cildinə ədibin nəsr, dram əsərləri, şeirləri və tərcümələri
daxil edilmişdir. Cilddə 3 dram əsəri, 16 satirik şeir və 2 tərcümə nümunəsi
ilk dəfə oxuculara təqdim olunur.

MÜNDƏRİCAT
Ustad Mirzə Cəlil Məmmədquluzadə
Nəsr əsərləri:
Danabaş kəndinin əhvalatları
Eşşəyin itməkliyi
Poçt qutusu
Kişmiş oyunu
Usta Zeynal
İranda hürriyyət
Dəllək
Pirverdinin xoruzu
Fatma xala
Qurbanəli bəy
Təzə xəbər
Quzu
Molla Fəzləli
Nigarançılıq
Konsulun arvadı
Danabaş kəndinin məktəbi
Xanın təsbehi
Təsbeh barəsində bir neçə söz
Qəssab
Zırrama
Rus qızı
Sirkə
Yan tütəyi
Şərq fakültəsi
Saqqallı uşaq
Buz
Hamballar
Taxıl həkimi
Bəlkə də qaytardılar
Şeir bülbülləri
Baqqal Məşədi Rəhim
Qəza müxbiri
Oğru inək
İki ər
Yuxu
Qiyamət
Ucuzluq
Proletar şairi
İki qardaş
Şəhər və kənd
İki alma
Sarı
Zəlzələ
Qoşa balınc
Atlar dayandı
Toy
Eydi-rəməzan
Dram əsərləri:
Çay dəsgahı
Kişmiş oyunu
Ölülər
Kamança
Anamın kitabı
Oyunbazlar
Danabaş kəndinin müəllimi
Lal
Lənət
Dəli yığıncağı
Yığıncaq
Ər
Satirik şeirlər:
Lisan bəlası
Xoş ol zaman ki, xalq yatıb bizəban idi
Qız və nənə
“Molla Nəsrəddin”in qıza cavabı
Axunda müraciət
Lay-lay
Dedilər
O kimdir?
Görəndə
Ey axund
Utanma
Nə bilim
Lazımdır utanmaq
Ey könül
Yoldan keçər ikən
Olacaqsan
Oyanmadım
Ey yazıq
Nədir
Nəzm
Ağarıbdır
Zaman ol zaman idi
Gərək
Nağıl
Ay gülüm, nanay
Biz
Qafqaz xəbərləri
Sən qanmasan
Yorğan
Mürəbbe
Tərcümələr:
L.N.Tolstoy. Zəhmət, ölüm və naxoşluq
Xanzadə. Arvad (hekayə)
Marağalı Zeynalabdın. “Səyahətnameyi-İbrahimbəy”
romanından parça. Ağalar
İzahlar

Format Size
PDF 1.4 MB Download

You may also like

QISACIQ AZӘRBAYCAN TÜRKCӘSİ HAQQINDA

Cəlil Məmmədquluzadə və milli dil məsələsi. – Elçin İBRAHİMOV yazır

Cəlil Məmmədquluzadə yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində əbədiyaşarlıq qazanmış görkəmli və böyük şəxsiyyətlərdən biridir. Əlbəttə o, bu zirvəyə əbədiyaşarlığın təminatçısı, novatorluğun ən bariz nümunəsi kimi meydana çıxan yaradıcılığında – istər ədəbi, istərsə də ictimai fəaliyyətində bir çox ilklərə imza atması ilə ucalmışdır. Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanın (“Molla Nəsrəddin”) əsasının qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması və s. yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır. Ədibin ədəbi-ictimai fəaliyyətinə nəzər yetirdikdə bir daha əmin olursan ki, bu çoxşaxəli fəaliyyətin arxasında vətən, millət sevgisi, xalqına, onun milli dilinə böyük məhəbbət və sədaqət dayanır.

Qeyd etmək lazımdır ki, ədib yaradıcılığının bütün sahələrində ana dili (milli dil – E.İ.) məsələsinə xüsusi diqqət ayırmışdır. Görkəmli alim Mir Cəlal Paşayev bu barədə belə yazır: “Cəlil Məmmədquluzadə cəsarətlə danışıq dilini, canlı dili, azərbaycanlıların şirin, əlvan, ahəngdar, məzəli, səlis, sərbəst danışığını yazıya, kitaba, hətta bədii əsərə gətirmişdir”.

Azərbaycanda XIX əsrin II yarısında ana dilimizin saflığı uğrunda və əlifba məsələsi ilə bağlı Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli və Ömər Faiq Nemanzadə tərəfindən aparılan mübarizəni XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və naşiri olduğu “Molla Nəsrəddin” jurnalı davam etdirmişdir.

Cəlil Məmmədquluzadə öz müsəlman-türk qardaş və bacılarını ana dilində danışmağa dəvət etmiş, qulağını bağlayanların qulağına həqiqəti söyləmiş, gözünü yumanların gözünü açmaq istəmişdir.

“Molla Nəsrəddin” jurnalına gülənləri şaqraq gülüşləri ilə ayıltmış, sözün həqiqi mənasında tərbiyə etmişdir. Cəlil Məmmədquluzadə müsəlman-türk dünyasına “Molla Nəsrəddin” jurnalı vasitəsilə “Sizi deyib gəlmişəm” deyirdi və bunun açıqlamasını da belə bəyan edirdi: “Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza. Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində layla deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz”. Hərdənbir ana dilini danışmaqda keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?!”.

Məhz müsəlman-türk dünyasının ağrı və acısını C.Məmmədquluzadə daha dərindən duyur və dərk edirdi. O, türk-müsəlman dünyasının nə ilə nəfəs aldığını da çoxlarından qat-qat artıq bilirdi və görürdü. Axı o, müsəlman-türk dünyasını yazdığı “Lisan bəlası” ilə ayıltmaq istəyirdi: “Ey dil, dəxi dinmə və sükut et, səni tarı, Lal ol və danışma! Sal başını aşağa və heç baxma yuxarı, Mal ol danışma!”. Axı o, müsəlman-türk xalqlarının problemlərinə biganə qalmırdı. Müsəlman-türk xalqlarının hər birini düşündürmək istəyirdi. Onların hər birinə bir ziyalı kimi canı yanırdı. O, “Ana dili” felyetonunda dediyindən artıq nə deməliydi?! “Ana dili” felyetonunda yazırdı: “Tatarlar ana dilində yazdığı qəzetləri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür”.

XX əsrin əvvəllərində Azərbaycanda və bütün türk dünyasında əlifba hərəkatı (əlifbanın islah edilməsi) geniş vüsət almışdı. Məhz bu məqsədlə qurulan “Yeni Əlifba Komitəsi”nin 1924-cü ildə yaratdığı heyətdə C.Məmmədquluzadə də vardı. Əlbəttə, böyük ədibin burada olması heç də təsadüfi deyildi. 1924-cü il sentyabr ayının 7-də bu heyət Bakıdan Krım-Türküstan (Krıma, türk ellərinə) ellərinə səfər edir. Bu səfər haqqında Xalid Səid Xocayev “Yeni əlifba yollarında əski xatirə və duyğularım” kitabında geniş yazmışdı. Bəli, C.Məmmədquluzadə bu heyətə təsadüfi düşməmişdi. O, ərəb əlifbasının qarışıqlığını (çətinliyini) görən və qəbul edən yazıçı-publisist, ədib və böyük bir mətbu orqanın redaktoru idi. Eyni zamanda bu səfərə qədər 25 illik redaktorluq təcrübəsi olmaqla dil, əlifba, yazı, mədəniyyət və s. məsələlərlə müntəzəm məşğul olmuş, millətin tərəqqisi üçün əlindən gələni əsirgəməmişdir. Əlbəttə, belə bir ədibin “Yeni Əlifba Komitəsi”nin yaratdığı heyətin tərkibində Krım-Türküstan ellərinə səfər etməsini “Komitə”nin müsəlman-türk dünyasının problemlərini bilən bir ədibə, publisistə, redaktora, ziyalıya olan ehtiyacı kimi dəyərləndirməliyik. Həqiqətən də, “Yeni Əlifba Komitəsi”nin Krım-Türküstan ellərində həll edəcəyi məsələləri (xüsusilə latın qrafikalı yeni əlifba məsələsini) C.Məmmədquluzadə qədər dərindən bilən və onun praktik həlli istiqamətində iş görə bilən, fəallıq göstərən şəxslər çox az idi. Təkcə Azərbaycanda deyil, digər türk ellərində də Cəlil Məmmədquluzadə kimi ədiblər barmaqla sayılacaq qədər idi.

Mirzə Cəlil xalqın maariflənməsi uğrunda illərlə apardığı mübarizə ilə elmə, təhsilə, mədəniyyətə və tərəqqiyə böyük dəyər verməsi ilə tanınmışdı. “Yeni Əlifba Komitəsi”nin də məhz C.Məmmədquluzadə kimi təhsilli, bilikli, dünyagörüşlü və uzaqgörən, xalqın dərdini anlayan, problemin kökünü dərk edən bir xalq ziyalısına ehtiyacı vardı. Cəlil Məmmədquluzadə kamilliyi elə bir zirvəyə yüksəldi ki, o, millətin taleyi ilə bağlı bütün problemlərin həllinə öncülük etməyə başladı.

Dil, əlifba məsələsinə gəldikdə isə C.Məmmədquluzadə kimi bu məsələni tutarlı və dəqiq izah edən yox idi. Cəlil Məmmədquluzadə bu problemin həlli yollarını bir çox ziyalılardan fərqli olaraq xalqın arı, duru dilində səsləndirirdi. Ona görə də əlifba islahatı tərəfdarlarının çoxundan fərqli olaraq Cəlil Məmmədquluzadənin mövqeyi, fikri kütləyə daha tez çatırdı. Onun anlaşıqlı və asan üslubu ilə kütləni daha tez ayıltmaq olurdu. Dil, əlifba məsələlərinə həsr etdiyi felyetonlarda işlətdiyi aydın və sadə üslub mətləbini açıq şəkildə ortaya qoyurdu.

“Yeni Əlifba Komitəsi”nin əsas məqsədi müsəlman-türk dünyasının vahid əlifba (ortaq əlifba – E.İ.) ətrafında birləşməsinə, vahid əlifbadan istifadə etməsinə nail olmaq idi. Komitə bu birliyi müsəlman-türk dünyasının inkişafı üçün mühüm amillərdən hesab edirdi. Vahid əqidə, məfkurə ətrafında birləşmək C.Məmmədquluzadənin də amalıydı. Ona görə də Komitənin mövqeyi ilə C.Məmmədquluzadənin mövqeyi üst-üstə düşürdü. Digər tərəfdən də C.Məmmədquluzadə bu ziyalı mövqeyini “Yeni Əlifba Komitəsi”nin yaranmasından çox-çox əvvəl ortaya qoymuşdu. C.Məmmədquluzadə hesab edirdi ki, yazmaq, oxumaq, təlim və tərbiyə işləri doğma ana dilində aparılmalıdır. Onların milli maraqları üzərində qurulmalıdır. Bir az dərindən yanaşsaq, görürük ki, “Yeni Əlifba Komitəsi”nin əsas məramı, məqsədi bir mənada C.Məmmədquluzadənin əqidəsindən ilham alırdı.

Cəlil Məmmədquluzadə “Təzə təlim kitabı” felyetonunda yazırdı: “Məlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar lazımdır. Bu səbəbdən millət, vətən adına bir qulluq eləmək niyyəti ilə yoldaşlarım “Mozolan”, “Hop-hop”, “Lağlağı” və “Hərdəmxəyal”la himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük”. (“Molla Nəsrəddin”, 9 iyun və 23 iyun 1906, №10 və 12).

Cəlil Məmmədquluzadənin təhsillə bağlı mövqeyi 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda türkoloqların təlim və təhsillə bağlı qəbul etdikləri qərarlardan qabağa gedir. Bakıda keçirilən Birinci Türkoloji Qurultayda əlifba, imla-orfoqrafiya problemi, tədris-metodika və ümumi terminologiya məsələləri də geniş müzakirə obyekti olmuşdur. Halbuki bu məsələlər qurultaya qədər nəsr və dramaturgiya sahəsində əvəzsiz əsərlərlə təmsil olunan Mirzə Cəlil yaradıcılığının ana xəttini təşkil edirdi.

Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”in üslubuna uyğun şəkildə ərəb, fars kəlmələrinin türk dillərində geniş işlənməsinin (və ya “meydan sulaması”nın) səbəblərini açıqlayır, həm də onun həllinin vacib olduğunu oxucu kütləsinə çatdırırdı. Məhz Cəlil Məmmədquluzadə belə bir maarifləndirici yolu tutaraq türkoloji düşüncənin formalaşmasında və inkişafında vətəndaş-ziyalı mövqeyini ortalığa qoyurdu. Təhsil, maarif sahəsində irəli getmək üçün əlifbanın böyük önəm daşıdığını əhəmiyyətli bir iş sayırdı. Mirzə Cəlil “Yeni Əlifba Komitəsi” və Türkoloji Qurultaydan xeyli əvvəl əlifba məsələsini XX əsrin əvvəllərində müzakirə obyektinə çevirmişdi. Əslində, Cəlil Məmmədquluzadə “Yeni Əlifba Komitəsi”nin üzvlərini, fəallarını əlifba məsələsində də hərəkətə gətirmiş, yardımçı rol oynamışdır. O, XX əsrin əvvəllərində bu məsələni dəfələrlə felyetonlarında müzakirə obyektinə çevirmişdir.

Cəlil Məmmədquluzadə 1913-cü ildə yazdığı “Əlifba” felyetonunda əlifba ilə bağlı oxucu kütləsini maarifləndirir, onları düşünüb-daşınmağa, papaqlarını qabaqlarına qoyub fikirləşməyə çağırırdı. Ən çətin və elmi məsələləri sadə dillə başa salmaq, anlatmaq Cəlil Məmmədquluzadənin yolu, üslubu idi. Bu mənada o, “Əlifba” felyetonunda yazırdı: “Lazımdır avam camaatı başa salmaq, yoxsa birdən-birə desən ki, “bu Balkan davası bizim əlifbamızın davasıdır”, əlbəttə, bu sözlər damnan düşmə sözə bənzəyəcək; dəxi heç kəsin qulağına girməyəcək. Sözü lazımdır ehmalca demək, “pişiyim-pişiyimnən” demək. O demişkən, “söz var ki, dağa çıxardar, söz var dağdan endirər”. Yoxsa avam camaat nə sənin məqaləni oxuyar, nə də oxusa, təsdiq eləyər; qalarsan meydanda tək-tənha. Bir də səndən də savayı qəzetçi var: kimdir əlifba sözünü danışan? Sözün var, – söz de! Davadan yazırsan, topdan-tüfəngdən danış; Balkan hara, əlifba hara? Bəlkə eşitmiş olarsınız, Albaniya tayfasını ki, osmanlılar arnavud deyirlər, – bunlar həmin millətdirlər ki, miqdarı ikicə milyon ola-ola yapışıb osmanlıların yaxasından və deyir ki, “gərək izn verəsən biz ərəb hürufatı (əlifbası) əvəzinə latın hürufatı qəbul edək, ya da ki, xəncəri əldən yerə qoymayacağıq”.

Cəlil Məmmədquluzadə bu cür uzaqdan başlamaqla əsas hədəfə doğru gəlməyi bir üslub kimi seçmişdir. Əlbəttə, onun əsas hədəfi türk xalqlarının ortaq bir əlifbadan istifadə etməsi məsələsi idi. O, bu əlifbanın çətinliklərini başa düşdüyü üçün onun yeni əlifba ilə əvəz edilməsini istəyirdi. Ancaq sözə bir az uzaqdan – arnavudların tələbindən misal çəkərək başlayırdı.

Cəlil Məmmədquluzadə “Əlifba” felyetonunun növbəti sətirlərində yazırdı: “Budur mənim sözüm, əzizim ta niyə atılıb-düşürsən: ya gərək tarixə belin bağlı ola, ya da ki, yeri-göyü yox yerdən xəlq eləyən bir Allaha ki, arnaud kimi bir bic milləti yaradıb, ötürüb bu dilsiz-ağızsız Osmanlının üstünə; deyir ki, mənə azadlıq ver, məni idarə eləməyə sənin ləyaqətin yoxdur, sənin şalvarın gendir, nə bilim zehnin dardır, özün kobudsan, mənə dil lazım, mətbuat lazımdır, yoxsa bu ərəb heroqlifləri bizi bir yana çıxartmaz, bu hürufata biz layiq deyilik; buna layiqdir müqəddəs ərəblər, farslar, naxçıvanlılar, kitaylılar, yəcuclar. Pəh, pəh, pəh! Sözə bax sən, Allah! Dilin lal olsun söz danışan! Axırda da nə bilim həştad neçə il bundan qabaq Osmanlının bir Rəşid paşası gedib arnaudların qanlarını sel kimi axıtdı, anlarını ağlatdı, amma arnaudlar əl çəkmədilər və axırı o yerə yetirdilər ki, indiki Rəşid paşa Londonda yalvarıb-yaxarır ki, hər kəs nə istəyir götürsün, barı İstanbula dəyməsinlər. Əgər sən müsəlmansan, gərək etiqadın ona ola ki, Allah-Taala qadirdir və sükutda durmaqdan savayı özgə bir təklifimiz yoxdur”. (“Molla Nəsrəddin”, 13 yanvar 1913, №1).

Əlifba ilə bağlı əsl həqiqəti daha necə deyəsən? Hər halda mümkün olanı C.Məmmədquluzadə deyirdi və onun dedikləri, yazdıqları türkoloji düşüncənin formalaşmasında və inkişafında qaynaq, mənbə rolunu oynayırdı. Bu da əsas verir deyək ki, C.Məmmədquluzadə türkoloji düşüncənin formalaşmasına və inkişafına əvəzsiz xidmət göstərmişdir. Onun xidməti avam kütləyə maariflənməyi, təhsil almağı, doğma ana dilində yazı savadına yiyələnməyi başa salmaqdan ibarət idi. Milli mənliyi, kimliyi, hansı dinə xidmət etməsi, hansı vətənin, məmləkətin övladı olmasını anlatmaq idi. O bunu bacarırdı və hətta avam kütləni də düşünməyə məcbur edirdi.

Cəlil Məmmədquluzadə 1914-cü ildə “Dili tutulub” felyetonunda yazırdı: “Budur ki, rus məktəbində oxuyub qurtaran cavanlarımız axırda oxuyub-yazmaq bilmirlər; çünki hər bir insanın xəlq olub sonra ölməyi də bu qanun üzrə əmələ gəlir: görürsən ki, bir şəxs yaşayır, yaşayır axırda əcəli tamam olur. Mərəz də bir bəhanədir. Həmin mərəz məsələsini oxşatmaq olar cənab Zəkəriyya kimi ayı beş manatlıq bir müəllimə ki, Allah tərəfindən təyin olunubdur əcəli tamam olan şəxs ana dili öyrətsin. Əcəli müəllim ayda beş manatdıq dərsini deyəndən sonra görür ki, naxoşun dili tutulub. Həmin bu fəqərə əcəlin tamam olmağının əlamətidir ki, ərəbcə buna deyirlər ki, “fatihə”. Necə ki, insan ölüb torpaq olur, bu torpaqdan ot, meyvə və çörək bitir və insanlar yeyir və insanlardan yenə dübarə övlad törəyir və yenə ölür və yenə dirilir və belə-belə yenə min-min illər keçir və yenə əflak dolanır, habelə Göyçayda, Tiflisdə, Bakıda oxunan dilimiz. Əcəl ki, tamam oldu, millətin dili yox olur; yəni tutulur. Nə eybi var, müsəlman olmasın, rus olsun, firəng olsun, axırda yenə hamı öləcək və bunların yerinə təzə millətlər dünyaya gələcəklər. “. (“Molla Nəsrəddin”, 12 may 1914, №17).

Cəlil Məmmədquluzadə dəfələrlə əlifba məsələsini təhlil, müzakirə obyektinə çevirmişdir. “Yeni Əlifba Komitəsi”nin Krım-Türküstan ellərinə səfərindən beş ay qabaq “Təzə əlifba” adlı felyetonunda bir daha öz mövqeyini ortaya qoyurdu. Bu məqalə də bir daha təsdiq edir ki, Cəlil Məmmədquluzadə “Yeni Əlifba Komitəsi” əməli fəaliyyətə başlayana qədər öz məqalələri ilə faydalı işlər görmüşdür. Açıq şəkildə qeyd etmişdir ki, yeni əlifbanı “hazırlayan, bişirən və ortalığa çıxaran” vardır. Əlbəttə, yeni əlifbanı “bişirən” və ortaya qoyanlardan biri də Cəlil Məmmədquluzadə idi. “Təzə əlifba” felyetonunda yazırdı:

“Adam bir çanax dadlı aşı qabağına qoyub yeyəndə gərək bilə ki, bu aş harada bişib və kim bişirib. İnsafdan uzaqdı ki, qaşığı götürüb başını aşağı salasan və maçhamaç ilə yeyəsən və xalqı da şişirdəsən. Amma heç soruşmayasan ki, görəsən, bu aşı bişirən kimdi”.

Cəlil Məmmədquluzadə “Adam bir çanax dadlı aşı qabağına qoyub yeyəndə gərək bilə ki, bu aş harada bişib və kim bişirib” deyəndə “Təzə əlifba”nı da bişirib ortalığa qoyanın kimlər olduğunu, daha doğrusu, yeni əlifba uğrunda min bir əziyyətə qatlanıb, onu ərsəyə gətirənləri yada salırdı. O cümlədən o yada düşənlər içərisində onun da zəhməti əvəzsiz idi.

Cəlil Məmmədquluzadə yeni əlifba tərəfdarlarının bir vaxtlar “vətən xaini” damğası ilə damğalandığını, indi isə müştərilərinin artdığını da qeyd edirdi:

“Söhbət bu təzə latın əlifbası üstündədir. Bir vaxt var idi ki, yeni hürufatçıları az qalırdılar adam içindən qovub çıxardalar. “Budu, gəldi səfahətin kanı”. Bir vaxt var idi ki, yeni hürufatçıların adını vətən xaini qoymuşdular. Amma indi gəl, gör. Bu yeni əlifbanın üstünə indi o qədər müştəri tökülüb ki, heç bilmirsən bişirən kimdi, düşürən kimdi. Hərə əlinə bir qaşıb alıb, hücum çəkiblər bir nimçə dadlı yeni əlifba aşının üstünə”.

Cəlil Məmmədquluzadə yeni əlifbanın müştərilərinin sayı artandan sonra onu “bişirib ortaya gətirənlərə” macal verilmədiyini də istehza ilə qeyd edirdi. Həmin macal verilməyənlərdən biri də Mirzə Cəlilin özü idi. Buna işarə edirdi: “Hətta dünən küçə ilə keçərkən gördüm təzə qonaqların bir neçəsi qollarını çırmayıb, düşüblər nimçənin üstünə. Aşı bişirənlərin biri aşağıdan yuxarı elə hey haray təpirdi ki, ay nainsaflar, axır bir mənə də macal verin. Qolları çırmaqlı cavanlar heç qulaq asmırlar. Axır atalar deyiblər ki, bir nimçə ləzzətli aşı ki, qoydular qabağına, insafdan uzaqdı ki, onu yeyəndə soruşamayasan ki, bu aşı bişirən kimdi, düşürən kimdi? Bu adəti gözləməyin heç eybi yoxdur”. (“Molla Nəsrəddin”, 13 aprel 1924, №6).

Cəlil Məmmədquluzadə ərəb əlifbasını mətbuat və milli ədəbiyyatın inkişafı yolunda ən böyük maneələrdən biri hesab edirdi. Ədib ərəb əlifbasının latın əlifbası ilə əvəz olunmasının zəruriliyi haqqında Mirzə Fətəli Axundovun fikirlərini davam etdirmişdir. Ərəb əlifbası ilə yazmağın və oxumağın çox müşkül bir iş olduğunu nəzərə çatdırmışdır. Ərəb əlifbası ilə savad almağın çətinliyi haqqında C.Məmmədquluzadə belə deyirdi: “Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ki, biz yazırıq, onu oxumaq çətin bir məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım “danışmışıq” kəlməsinin on beş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq, vay bizim halımıza, vay mürəttiblərin gününə, heyif oxucularımızın gözlərinin işığına”.

Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin latın hürufatına keçməsini alqışlayırdı: “Min şükürlər olsun ki, türklər üçün maarif bə mədəniyyət yolu göstərildi, dünyada qeyri millətlərtək tərəqqi etməyə geniş bir meydan açıldı. Şükürlər olsun ki, islam aləminin qol-qanadını indiyədək səriyən iplərdən azad olduq ki, o iplərin adı ərəb hürufatı olsun”.

Böyük Azərbaycan ədibi “Molla Nəsrəddin”in yaradıcısı Cəlil Məmmədquluzadə yazırdı ki: “. bizim dilçilərimiz ədəbi, fənni akademik dili axtarınca “Molla Nəsrəddin” açıq və sadə türk dili (milli dil – E.İ.) ilə vurdu nəinki tək bircə Kürü və Arazı keçdi, bəlkə, Xəzər və Qara dəryaları da vurub Türkiyəyə və Türküstana və Gilana keçdi və uça-uça Qafqaz dağlarını aşıb, Qafqaza və Krıma və sair türk ölkələrinə keçdi və bu sözə də sübutumuz budur ki, birinci nömrəmiz türk dünyasına dağılan kimi tək bircə həftənin içində hər bir yerdən yazdığımız suallara haman aydın “Molla Nəsrəddin” dilində hədsiz cavablar idarəmizə gəlməyə başladı”.

7 aprel 1906-cı ildə ilk nömrəsi çıxan “Molla Nəsrəddin” jurnalının naşiri bu gün bütün türk dünyası üçün aktual olan problem barəsində yazırdı: “Həm tək bircə Qafqaz türkləri üçün ümumi bir dil məsələsinin həlli hələ səhldir, pəs Osmanlı türkləri, pəs Krım və Qazan tatarları, pəs Türküstan və Özbəkistan, pəs İran azərbaycanlıları? Pəs biz bunu etiraf edirik ki, əvvəl-axır türk kütlələri üçün ədəbi dilə və ümumi imlaya çox böyük ehtiyac vardır. Və etiqadımız da bundadır ki, bir belə dil gec-tez vücuda gələcəkdir”.

Böyük ədib Mirzə Cəlilin 1906-cı ildəki fikri belədir ki, gec-tez türklər üçün bir vahid ədəbi (ortaq ünsiyyət dili) dil vücuda gələcək.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.