Press "Enter" to skip to content

Hüseyn Cavidin həyat və yaradıcıllığı

1939-cu il iyulun 2-də görüşdülər. 1939-cu ilin iyulun 4-nə kimi yəni Cavidi vətəndən sürgün edənə kimi Mişkinaz xanım onunla bir neçə dəfə görüşmək imkanı əldə etmişdi. Mişkinaz xanım xatirələrində o görüşlərini bütün detallarıyla təsvir edir. Oxuyanda təsirlənməmək mümkün deyil. Cavid tutulanda tanıdığı kişilərin nakişi olduğunun da şahidi oldu.

Parisienne

“Xan” nəşriyyatı “Xatirə Ədəbiyyatı” layihəsi çərçivəsində bizim bir çox görkəmli ziyalılarımızın silsilə şəkildə xatirələrinin yayımına başlayıb.

Bu silsilənin bir çox kitabları çap olunub. Wish listim-də bu kitabların hamısını almaq var. Xüsusilə də Ceyhun Hacıbəyli haqqında olan kitabı.

“Cavid haqqında xatirələr” kitabı isə iki hissədən ibarətdir.
Kitabın birinci hissəsində Mişkinaz xanım Cavidlə olan xatirələrini oxuya bilərsiz.

Mişkinaz Hüseyn Cavidin bacısı ilə rəfiqə idi. Mişkinazla Cavidin evlənməsinə də o vasitəçi olmuşdu. Hər nə qədər ilk dəfə Hüseyn Mişkinazı görəndə bir o qədər bəyənməsə də ikinci dəfə artıq görəndə razılığını vermişdi. 1918-ci ildə ailə qururlar. Cavidi Bakıya müəllimlik üçün göndərəndə onlar burada kiçik bir evdə yaşamağa başlayırlar.

Cavid Əfəndinin 1921-ci il 23 avqustunda doğulmuş qızı Tumrus (Tomris) ongünlük körpəykən vəfat edir.

Abbas Mirzə Şərifzadəylə yaxından dost olublar.

Cavidi Azərbaycandan kənar qonşu ölkələrdə də sevilirdi. İbrahim Əbilov Cavidə deyirmiş ki, mən Türkiyədə olandan Mustafa Kamal “İblis”i tamaşaya qoydurar və deyərdi : “Ordakı Elxan mənəm”.

Oxuduqca onların arasındakı sevginin sərhədsiz olduğunun fərqinə vardım.

Cavidi götürməyə gecə saat 11-də gəlmişdilər. Gecə yarısından səhər 7-yə kimi evi ələk-vələk etmişdilər.

Mişkinaz xanımın ürəyində qalan nisgillərdən biri həmin gecə Cavidə özünün qəhvə bişirməməsi idi.

Həmin gecə Cavidin iki böyük çemodan əlyazmaları, kitablarını götürürlər. Bəzi əsərlər Cavidin evindəki yemək stolunun gözündə qalmışdı. İndi də Cavidin ev muzeyində o stol qalır.

Ailənin ən ağrılı günləri də məhz Cavid tutulandan sonra başlayır. 1937-ci il sentyabrın 28-də bapbalaca, bir göz otaqlı – Sovet küçəsi, ev 92-yə köçürülürlər.

1939-cu il iyulun 2-də görüşdülər. 1939-cu ilin iyulun 4-nə kimi yəni Cavidi vətəndən sürgün edənə kimi Mişkinaz xanım onunla bir neçə dəfə görüşmək imkanı əldə etmişdi. Mişkinaz xanım xatirələrində o görüşlərini bütün detallarıyla təsvir edir. Oxuyanda təsirlənməmək mümkün deyil. Cavid tutulanda tanıdığı kişilərin nakişi olduğunun da şahidi oldu.

1941-ci ildə müharibə başlayır, nəslin bir neçə nümayəndəsi – Mişkinaz xanımın qardaşı, noyabr ayında oğlu Ərtoğrol , Cavidin böyük qardaşının oğlu müharibəyə yollanırlar. 1941-ci ildə Cavidin yazdığı sonuncu məktubu 1942-ci ildə alırlar. Ondan sonra Caviddən heç bir məlumat olmur.

Ərtoğrol “xalq düşməni”nin oğlu olduğu üçün ona müharibədə ən ağır işləri tapşırırlar, vəziyyəti ağırlaşır, sətəlcəm olur, Tiflisdə hospitala gətirirlir, Mişkinaz xanım çətinliklə onun yanına gedib çıxa bilir.

Ərtoğrol Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsini əla qiymətlərlə bitirmişdi, əsgər gedəndə konservatoriyanın ikinci kursundaydı. “Şeyx Sənan” operası üzərində işləyirdi.

Ərtoğrol anasıyla görüşdən iki ay sonra , 1943-cü il oktyabrın 14-də rəhmətə gedir. Mişkinaz xanımın anasının qohumu Əziz Şərif Ərtoğrolun Tiflindən Naxçıvana gətirilməsinə nail olur.

Mişkinaz xanım bir çoxları kimi həyat yoldaşına “xalq düşməni” deyib boşanmadı, o, ömrünün sonuna kimi Cavidin olaraq da qaldı.

Kitabın ikinci hissəsi Azər Turanın Cavidin qızı Turan Cavidlə 9 yavar 2004-cü ildə etdiyi söhbətlərin əsasında hazırlanıb.

Turan Cavid sözlərinin atasının kitabları içərisində Əbdülhəq Hamidin pyesləri, Tofiq Fikrətin “Rababi-şikəstə”si, Sabirin “Hop-hopnaməsi”, Xalid Ziyanın “Nəmidə”si, Əhməd Hikmətin “Xaristan”ı, Defonun “Robinzon Kruzo”su, Hamidin “Zeynəb”, Məqbər” əsərləri , Hüqonun “Səfillər”, Düşenin “Tamilla”sı varmış.

Cavid əfəndinin İstanbulla bağlı bildiyi yalnız bir xatirəsini belə imiş :

Cavid bir dəfə dərsə gedərkən evdən tələsik çıxır, köynəyinin düyməsini tərs bağlayır. Bunu görən Rza Tevfiq Cavidə “indi bildim ki, əsl şairsən” deyibmiş.

Cavid Əfəndi qızılgülü çox sevirdi, bunu ev muzeyində olanda da görəcəksiz. Əbəs yerə demirəm.
Cavid Turana “nənəsim” deyərmiş,

Cavid uzağı yaxşı görmürdü, 926-cı ildəMaarif Komissarlığı onu Almaniyaya gözləri üçün müalicəyə göndəribmiş, 3 ay orada qalır.

Cavid anası Ümmi Leyla xanımı çox istəyirmiş, hətta qızına da anasının adını vermək istəyibmiş, lakin üç gün düşünəndən sonra Turan adını qoyur.

Qohumların, yaxınların yeni dünyaya gələn uşaqlardan bir çoxuna Cavid ad veribmiş. Əhməd bəy Pepinovanın qızı Sevda Pepinova da onlardan biridi , hansı ki, elə o ilk Sevdadı.

Abbas Mirzə Şərifzadənin oğlanları isə Cavidin qəhrəmanlarının adlarını daşıyırlar : Ərtoğrul və Qaratay.

Turan xanım Cavid Müşfiqin “Yenə o bağ olaydı” şeirinin də əslində Müşfiqin həyat yoldaşı Dilbər xanıma yox, Ənvər Məmmədxanlının bacısı Arifəyə ünvanlandığını da qeyd edib və hətta o hadisələri ətraflı şəkildə şərh edir.

Cavidin “Xəyyam” əsərinin bu gün bizə məlum olması Turan Cavid sayəsindədir. Belə ki, İrəvanda Əli Şahsabahlı adlı bir aktyordan iki min manata o əsəri alıbmış.

Atası Turan Cavidi həkim görmək istəyirdi. Əslində məktəbi bitirəndən sonra birinci il tibb universitetinə sənədlərini versə də onu qəbul etmirlər, lakin ikinci il qəbul olur amma o, özü həkim olmaqdan imtina edir, teatrşünas olur, elmi dissertasiyanı müdafiə edə bilmir, atası “xalq düşməni” adı aldığı üçün, lakin bütün ömrünü özünün də dediyi kimi çox daha dəyərli işə, Cavidin irsinin bərpasına sərf edir.

Turan Cavidin oxuyub unuda bilmədiyi kitab Suat Dərvişin “Heç biri” romanıdır.

Ən ağrılı məqam isə o ailədən heç kimin yadigar qalmamasıdı. Hər kəsə məlumdur ki, evin son beşiyi Turan xanım da ailə qurmadı.

Hüseyn Cavidin həyat və yaradıcıllığı

Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (19 09), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur.

Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə “haq verilmir, alınır” ideyasına gəlib çıxmışdır.

Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri – “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.
Hüseyn Cavid ailəsi ilə birlikdə (1936)

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

Cənubi Azərbaycandakı azərbaycanlıların “şahənşahlıq” üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü (“Telli saz” dramı, 1930; “Kor Neyzən” poeması, 1930).

Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.

Текст книги “Hüseyn Cavid haqqında xatirələr”

İblis nədir? Cümlə xəyanətlərə bais! Ya hər kəsə xain olan insan nədir? İblis!

Həyat və yaradıcılığın bütövləşməsi

Təkcə dövrünün yox, məhəlləsinin yox, regionunun yox bəşəriyyətin şair və ya yazıçısı meyarı ilə araşdırsaq, Azərbaycan ədəbiyyatında yetərincə bu cür şəxsiyyətlər görə bilərik. Bu meyara cavab verən ədiblərimizdən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, İsa Muğanna və s. kimi şair və yazıçılarımızı misal çəkə bilərik.

Hər bir xalqın ədəbiyyatı digər xalqlar üçün o zaman maraqlı və cəzbedici olur ki, həmin ədəbiyyat öz orijinallığı ilə təqdim edilsin. Dəblə yazılan bədii əsərlər sadəcə dövrü üçün populyar olar, qısa vaxtda parlar və sönərlər. Lakin milli düşüncənin alt qatındakı ideya ustalıqla və səmimiyyətlə qələmə alınarsa və ümumilikdə bəşəriyyətə xidmət edərsə, o zaman bütün maneələri asanlıqla dəf edər və zirvədə görünər. Buna Mopassan, Viktor Hüqo, Çingiz Aytmatov, Tolstoy, Nəsimi, Hüseyn Cavid, İsa Hüseynov kimi dahilərin yaradıcılığını misal çəkmək olar.

Hüseyn Cavid (1882–1941) XX əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarından biridir. Yaradıcılığında poeziya və dramaturgiyadan istifadə edən sənətkar Azərbaycan romantizminin banilərindəndir. Onun “İblis”, “Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi pyesləri dünya ədəbiyyatının incilərindəndir.

Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən H.Cavid əsas qayəsi, ideyası kimi humanizm, insanpərvərlik mövqeyindən çıxış edərək, müxtəlif mövzularda məhəbbət və fəlsəfi məzmunlu əsərlər yaradaraq sənət, fikir və amalını geniş oxucu kütlələrinə sevdirməyi bacaran bir sənətkardır.

Hüseyn Cavid dühası elə bir işıq idi ki, onun səmadan yerə enişi və batışı olmadı. O, sonməz bir fikir işığı kimi parladı, parlayır və parlayacaqdır. Dərin fəlsəfi fikirləri və bəşəriliyi ilə Nizami Gəncəvidən sonra Türk, o cümlədən Azərbaycan ədəbiyyatında parlayan böyük ideya sahibi oldu. Yaradıcılığı ilə min illər insanlığın qəlbində, düşüncəsində, yaşayışında daşlaşmış ehkamları bəzən incə, bəzən isə sərt şəkildə qaşıdı, dağıtdı.

Cavidin yaradıcılığı romantik ideyalar üstündə qurulub. Bütün tədqiqatçılar da bu fikrin təbliğçisi və tədqiqatçısı olmuşdur. Lakin diqqət edildikdə görərik ki, Cavid yaradıcılığında reallıq romantik şəkildə elə düzgün, elə səlis təqdim edilmişdir ki, Cəlilin sərt realizm silləsi kimi sifətimizə dəymir. İstər məişət qayğılarından bəhs edən “Ana” nı, “Uçurum” u, istər yerlə göyün vəhdətini ifadə edən “Şeyx Sənan” ı, istər insan, mələk, tanrı kimi fəlsəfi məsələlərini özündə əks etdirən “İblis” i, “Peyğəmbər” i, “İblisin intiqamı”nı, istərsə də tarixi keçmişi qızıl ədalət tabağında bizə sunduğu “Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi əsərlərində oxuduğumuz və rastlaşdığımız həqiqətlərdən utanmır, əksinə dərs alır və bəzən də qürurlanırıq. Bu Cavid həqiqətidir, bu Cavid fəlsəfəsidir, bu Cavid mənəviyyatıdır. Həqiqətin, gerçəkliyin sevgi və qürurla qucaqlaşmış, bütövləşmiş halı…

Cavid yaradıcılığı və şəxsiyyəti ilə bir bütöv, bir tamdır. Onun yaradıcılığının qayəsinin ana xəttini təşkil edən insanlıq, mərdlik, alilik, bəşərilik, humanistlik, dəyişməz əqidə, möhkəm xarakter eynilə şəxsiyyətində də özünü göstərir. Yazdıqları ilə yaşam tərzi bu qədər üst-üstə düşən sənətkar çox azdır. Cavid məhz bu cür bütöv şəxsiyyətə malik sənətkarlardandır.

Cavid Birinci Dünya Müharibəsini, Oktyabr inqilabını, Demokratik Cümhuriyyətin qurulmasını, yıxılmasını, Sovet hökumətinin qurulmasını, 1930-cu illər represiyalarını görüb yaşayan şəxsiyyətlərdəndir. Bu cür qarışıq və xaotik ictimai şəraitlərin şahidi olub, yaşayıb, amma bu hadisələrdən 100 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, tarixin verdiyi obyektiv və şərəfli qiymət almaq yalnız dahilərə məxsusdur. Çünki Cavid tarixə birmənalı şəxsiyyət kimi düşdü. Cavid nə yaradıcılığında, nə şəxsiyyətində, nə də ailəsində heç bir ləkəyə bulaşmamış, nə kiçik qığılcımlara, nə də böyük partlayışlara gözü qamaşmamış özünün müəyyənləşdirdiyi gerçəkliyi uzaqgörənliklə yaşayan bir dühadır.

Cavid şəxsiyyətinin yaşam tərzini obrazları ilə müqayisə etsək, Şeyx Sənan kimi daima haqqa doğru gedən, inandığı və bulduğu həqiqətdən bir anda olsun yayınmayan, Arif kimi İblislə, şərlə mübarizəyə qalxan, “Peyğəmbər” kimi tökülən qanların qarşısını almaq istəyən, Elxan kimi ədalət məhkəməsi qurub dünyanı ədalətsizlikdən xilas etmək arzusunda olan, Siyavuş və Azər kimi Odla suyun qovuşduğu torpaqdan doğulub odla saflaşan, Xəyyam kimi şərlənməsinə, ləkələnməsinə baxmayaraq öz paklığı və idraki ilə mübarizə aparan olduğunu görmüş olarıq. Cavid sanki yaradıcılığında da öz taleyini yazmışdır.

Bu qədər böyük bir şəxsiyyətin nə qədər sadə və səmimi olduğunu öyrənmək üçün həyat yoldaşı Mişkinaz xanım və qızı Turan xanımın xatirələrinə göz gəzdirmək lazımdır. Dünyaya xoşbəxtlik arzu edən və cəmiyyətin firavan həyat tərzi sürməsini arzulayan şairin faciəli və qürurverici bir həyat tərzini, Cavidin yanında olanların bir gündən sonra yoxa çıxmasını, ailəsinin şanlı, şöhrətli tituldan vətən xaini damğasına qədər əzablı bir yol keçməsini, Cavidli və Cavidsiz günlərini yaşayan cavidlər ailəsinin keşməkeşli həyat tərzini oxuculara bir daha çatdırmaq üçün Mişkinaz xanımın 1973– cü ildə qələmə aldığı “Cavid haqqında xatirimdə qalanlar” və Cavid sevdalı, Turan aşiqi Azər Turanın böyük Hüseyn Cavidin qızı Turan xanımla 9 yanvar 2004-cü ildə etdiyi xatirə söhbətini yenidən nəşr etdirməyi düşündük.

Cavid haqqında xatirələr nəinki gəncliyimiz, hər kəs üçün daima sanballı, gərəkli bir konsepsiyadır. İstər Mişkinaz xanımın, istərsə də, Turan xanımın xatirələrini oxuduqda bu ailənin böyüklüyünü bir daha görmüş oluruq. Çünki nə qədər ikiüzlü insanlar görmələrinə baxmayaraq, Cavid soyunun nümayəndələri heç bir ad çəkmir, konkret olaraq kimlərsə günahlandırılmır.

“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən VIII kitabı olaraq çap ediləcək bu xatirələrin kitabsevərlərin, Cavid sevərlərin ürəyincə olacağına da əminik.

Comments are closed, but trackbacks and pingbacks are open.