Mişkinaz Cavid Hüseyn Cavid haqqında xatirələr
– Çıxmayan cana ümid çoxdu, – dedim.
Hüseyn Cavid kimdir?
Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, şair, yazıçı, dramaturq milli romantik şeirin və mənzum faciənin banisidir.
Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) 24 oktyabr 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olub. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində alıb. 1899-1903-cü illərdə Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. 1909-cu ildə isə İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, əvvəlcə Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.
Hüseyn Cavid dramaturigiyası
Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb.
Bununla yanaşı, qələmə aldığı “Ana faciəsi”, “Maral”, “Şeyda”, “Şeyx Sənan”, “Uçurum”, “Afət”, “Knyaz”, “Xəyyam” əsərləri ilə milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib.
Hüseyn Cavid şeirləri
Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir.
İdealla varlıq arasındakı ziddiyyət, ideal həqiqət axtarıcılığına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələr Cavid şeirinin başlıca məzmununu təyin edir. Şairin lirik “mən”i qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan filosof xarakterli aşiqdir:
Xəyal. Əvət, yaşadan yalnız əhli-halı odur,
Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.
Şair həm klassik lirika üslubunda qəzəllər, həm də xalq-aşıq şeiri ruhunda qoşma və gəraylılar yazıb. “Get”, “Könlümü” rədifli şeirlər, habelə “Hər yer səfalı, nəşəli” şeiri qəzəl formasında, “Xuraman-xuraman” şeiri isə qoşma formasındadır. “Rəqs”, “Uyuyur” və s. şeirlərdə müxəmməs və müsəddəslərin müəyyən əlamətləri müşahidə olunur. Bədii yaradıcılığın başlanğıc mərhələsinə xas olan həmin cəhət sənətkarın fərdi üslub axtarışları dövrü üçün səciyyəvi hal hesab oluna bilər.
Hüseyn Cavid poemaları
Şair ilk poemalarını hələ XX əsrin əvvəllərində yazıb. İlk poemaları əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarətdir. Bu poemaların əksəriyyətində süjet əlamətləri və obrazlar yox dərəcəsindədir. “Bir ahi-məzlumanə” (1907), “İştə bir divanədən bir xatirə” (1912), “Hübuti-Adəm” (1913), poemalarında epik təsvirlərdən qat-qat çox lirik-romantik düşüncələr öz əksini tapıb. Yalnız “Hübuti-Adəm” poemasında Adəm peyğəmbərlə Həvvanın münasibətlərindən alınmış bir məqamın təsviri şairə nəfsin fəlakətləri ətrafında poetik mülahizələr irəli sürməyə imkan verib.
Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poema “Azər” əsəridir. Poemanı şair hələ 1926-cı ildə Almaniyada müalicə olunarkən yazmağa başlayıb, nəhayət, 1928-ci ildə tamamlayıb.
Hüseyn Cavid nə zaman vəfat edib?
Hüseyn Cavid 1939-cu ildə Maqadana sürgün edilib, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib.
Mişkinaz Cavid
Hüseyn Cavid haqqında xatirələr
Xatirə ədəbiyyatı #8
Kitabda böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ailə üzvlərinin – həyat yoldaşının və qızının Cavid haqqındakı xatirələri toplanıb. Bu xatirələr şairin acı taleyinin ağır anlarını bir daha yaşamaqla yanaşı oxucuya, böyük sənətkarın irsinin əbədiliyinə inam hisslərini aşılayır.
Mişkinaz Cavid, Turan Cavid
Hüseyn Cavid haqqında xatirələr
«Xatirə Ədəbiyyatı» silsiləsindən 8-ci kitab
© Mişkinaz Cavid / Turan Cavid / Hüseyn Cavid haqqında xatirələr
© “XAN” nəşriyyatı / Bakı / 2020 / 120 səh.
Üz qabığının dizayneri / Teymur Fərzi
İblis nədir? Cümlə xəyanətlərə bais! Ya hər kəsə xain olan insan nədir? İblis!
Həyat və yaradıcılığın bütövləşməsi
Təkcə dövrünün yox, məhəlləsinin yox, regionunun yox bəşəriyyətin şair və ya yazıçısı meyarı ilə araşdırsaq, Azərbaycan ədəbiyyatında yetərincə bu cür şəxsiyyətlər görə bilərik. Bu meyara cavab verən ədiblərimizdən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, İsa Muğanna və s. kimi şair və yazıçılarımızı misal çəkə bilərik.
Hər bir xalqın ədəbiyyatı digər xalqlar üçün o zaman maraqlı və cəzbedici olur ki, həmin ədəbiyyat öz orijinallığı ilə təqdim edilsin. Dəblə yazılan bədii əsərlər sadəcə dövrü üçün populyar olar, qısa vaxtda parlar və sönərlər. Lakin milli düşüncənin alt qatındakı ideya ustalıqla və səmimiyyətlə qələmə alınarsa və ümumilikdə bəşəriyyətə xidmət edərsə, o zaman bütün maneələri asanlıqla dəf edər və zirvədə görünər. Buna Mopassan, Viktor Hüqo, Çingiz Aytmatov, Tolstoy, Nəsimi, Hüseyn Cavid, İsa Hüseynov kimi dahilərin yaradıcılığını misal çəkmək olar.
Hüseyn Cavid (1882–1941) XX əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarından biridir. Yaradıcılığında poeziya və dramaturgiyadan istifadə edən sənətkar Azərbaycan romantizminin banilərindəndir. Onun “İblis”, “Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi pyesləri dünya ədəbiyyatının incilərindəndir.
Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən H.Cavid əsas qayəsi, ideyası kimi humanizm, insanpərvərlik mövqeyindən çıxış edərək, müxtəlif mövzularda məhəbbət və fəlsəfi məzmunlu əsərlər yaradaraq sənət, fikir və amalını geniş oxucu kütlələrinə sevdirməyi bacaran bir sənətkardır.
Hüseyn Cavid dühası elə bir işıq idi ki, onun səmadan yerə enişi və batışı olmadı. O, sonməz bir fikir işığı kimi parladı, parlayır və parlayacaqdır. Dərin fəlsəfi fikirləri və bəşəriliyi ilə Nizami Gəncəvidən sonra Türk, o cümlədən Azərbaycan ədəbiyyatında parlayan böyük ideya sahibi oldu. Yaradıcılığı ilə min illər insanlığın qəlbində, düşüncəsində, yaşayışında daşlaşmış ehkamları bəzən incə, bəzən isə sərt şəkildə qaşıdı, dağıtdı.
Cavidin yaradıcılığı romantik ideyalar üstündə qurulub. Bütün tədqiqatçılar da bu fikrin təbliğçisi və tədqiqatçısı olmuşdur. Lakin diqqət edildikdə görərik ki, Cavid yaradıcılığında reallıq romantik şəkildə elə düzgün, elə səlis təqdim edilmişdir ki, Cəlilin sərt realizm silləsi kimi sifətimizə dəymir. İstər məişət qayğılarından bəhs edən “Ana” nı, “Uçurum” u, istər yerlə göyün vəhdətini ifadə edən “Şeyx Sənan” ı, istər insan, mələk, tanrı kimi fəlsəfi məsələlərini özündə əks etdirən “İblis” i, “Peyğəmbər” i, “İblisin intiqamı”nı, istərsə də tarixi keçmişi qızıl ədalət tabağında bizə sunduğu “Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi əsərlərində oxuduğumuz və rastlaşdığımız həqiqətlərdən utanmır, əksinə dərs alır və bəzən də qürurlanırıq. Bu Cavid həqiqətidir, bu Cavid fəlsəfəsidir, bu Cavid mənəviyyatıdır. Həqiqətin, gerçəkliyin sevgi və qürurla qucaqlaşmış, bütövləşmiş halı…
Cavid yaradıcılığı və şəxsiyyəti ilə bir bütöv, bir tamdır. Onun yaradıcılığının qayəsinin ana xəttini təşkil edən insanlıq, mərdlik, alilik, bəşərilik, humanistlik, dəyişməz əqidə, möhkəm xarakter eynilə şəxsiyyətində də özünü göstərir. Yazdıqları ilə yaşam tərzi bu qədər üst-üstə düşən sənətkar çox azdır. Cavid məhz bu cür bütöv şəxsiyyətə malik sənətkarlardandır.
Cavid Birinci Dünya Müharibəsini, Oktyabr inqilabını, Demokratik Cümhuriyyətin qurulmasını, yıxılmasını, Sovet hökumətinin qurulmasını, 1930-cu illər represiyalarını görüb yaşayan şəxsiyyətlərdəndir. Bu cür qarışıq və xaotik ictimai şəraitlərin şahidi olub, yaşayıb, amma bu hadisələrdən 100 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, tarixin verdiyi obyektiv və şərəfli qiymət almaq yalnız dahilərə məxsusdur. Çünki Cavid tarixə birmənalı şəxsiyyət kimi düşdü. Cavid nə yaradıcılığında, nə şəxsiyyətində, nə də ailəsində heç bir ləkəyə bulaşmamış, nə kiçik qığılcımlara, nə də böyük partlayışlara gözü qamaşmamış özünün müəyyənləşdirdiyi gerçəkliyi uzaqgörənliklə yaşayan bir dühadır.
Cavid şəxsiyyətinin yaşam tərzini obrazları ilə müqayisə etsək, Şeyx Sənan kimi daima haqqa doğru gedən, inandığı və bulduğu həqiqətdən bir anda olsun yayınmayan, Arif kimi İblislə, şərlə mübarizəyə qalxan, “Peyğəmbər” kimi tökülən qanların qarşısını almaq istəyən, Elxan kimi ədalət məhkəməsi qurub dünyanı ədalətsizlikdən xilas etmək arzusunda olan, Siyavuş və Azər kimi Odla suyun qovuşduğu torpaqdan doğulub odla saflaşan, Xəyyam kimi şərlənməsinə, ləkələnməsinə baxmayaraq öz paklığı və idraki ilə mübarizə aparan olduğunu görmüş olarıq. Cavid sanki yaradıcılığında da öz taleyini yazmışdır.
Bu qədər böyük bir şəxsiyyətin nə qədər sadə və səmimi olduğunu öyrənmək üçün həyat yoldaşı Mişkinaz xanım və qızı Turan xanımın xatirələrinə göz gəzdirmək lazımdır. Dünyaya xoşbəxtlik arzu edən və cəmiyyətin firavan həyat tərzi sürməsini arzulayan şairin faciəli və qürurverici bir həyat tərzini, Cavidin yanında olanların bir gündən sonra yoxa çıxmasını, ailəsinin şanlı, şöhrətli tituldan vətən xaini damğasına qədər əzablı bir yol keçməsini, Cavidli və Cavidsiz günlərini yaşayan cavidlər ailəsinin keşməkeşli həyat tərzini oxuculara bir daha çatdırmaq üçün Mişkinaz xanımın 1973- cü ildə qələmə aldığı “Cavid haqqında xatirimdə qalanlar” və Cavid sevdalı, Turan aşiqi Azər Turanın böyük Hüseyn Cavidin qızı Turan xanımla 9 yanvar 2004-cü ildə etdiyi xatirə söhbətini yenidən nəşr etdirməyi düşündük.
Cavid haqqında xatirələr nəinki gəncliyimiz, hər kəs üçün daima sanballı, gərəkli bir konsepsiyadır. İstər Mişkinaz xanımın, istərsə də, Turan xanımın xatirələrini oxuduqda bu ailənin böyüklüyünü bir daha görmüş oluruq. Çünki nə qədər ikiüzlü insanlar görmələrinə baxmayaraq, Cavid soyunun nümayəndələri heç bir ad çəkmir, konkret olaraq kimlərsə günahlandırılmır.
“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən VIII kitabı olaraq çap ediləcək bu xatirələrin kitabsevərlərin, Cavid sevərlərin ürəyincə olacağına da əminik.
ŞƏMİL SADİQ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz Cavid
Cavid haqqinda xatirimdə qalanlar
Mişkinaz xanımın xatirələri
Mən Cavidin bacısı qızı[1 – Cavidin bacısı Ümmi Səlimə, onun qızları Rübabə və Səltənət nəzərdə tutulur.] ilə yaxın rəfiqə idim. Həm də qonşu idik. Cavidin bacısı həmişə öz ürəyində deyirmiş ki, kaş Hüseyn gələydi, Mişkinazı ona alaydım.
O zaman Cavid Bakıda müəllimlik edirmiş. Cavid elə bu vaxt kitablarından bir neçəsini çapa veribmiş. Fikrində tutubmuş ki, kitablar çapdan çıxar, ev-eşik düzəldib sonra da evlənərəm. Sən saydığın qoy dursun, gör fələk nə sayır. Cavid bu fikirdəykən Bakını od-alov içində görür. Mətbəəni yandırırlar…
1918-ci ilin martında olurmuş Təbriz mehmanxanasında. İndiki Sabir bağından bir az aşağı tərəfdə beş-on başıboş erməninin sərəncamı ilə günahsız insanları vəhşicəsinə qırır- mışlar. Bu vaxt mehmanxananı mühasirəyə alırlar. 70 nəfərdən ibarət olan sakinlərini əsir edirlər. Əsirləri indiki opera və balet teatrına[2 – O zaman Mayılov teatrı] aparırlar.
Cavid özü belə nəql edirdi:
– Ermənilər içəri girəndə mən dəftərlərimi, paltomu və bir düzüm bublikim vardı, onu da götürdüm. Oradakılardan biri:
– Sağ qalmağa ümidin varmı? – dedi.
– Çıxmayan cana ümid çoxdu, – dedim.
Yolun hər ayrıcında bizi aparanlar çəkilirdilər kənara və əsirləri atəşə tuturdular.
Bizi aparanlardan biri hər dəfə məni də özü ilə bərabər çəkirdi kənara. Birisi isə qabağa itələyirdi. Elə bu vaxt məni qabağa itələyən adama güllə dəydi. O biri isə deyirdi: “Gərək bu işi başlayanlar öləydilər”.
70 nəfərdən qaldıq 10 nəfər, hamısını yolda qırdılar…
Heç kəsin yadına yemək düşmürdü. Gətirdiyim bublikləri Seyid Hüseynə verib:
– Elə et ki, bir neçə günə çatsın, – dedim.
Bir həftədən sonra bizi azad etdilər.
Çıxdım. Ev yox, pul yox. Nə edim? Saatımı verdim bir nəfərə, dedim ki:
– Əgər pulunu qaytarsam, verərsən, qaytara bilməsəm, saat sənin olsun.
O pul ilə birtəhər gəlib çıxdım Naxçıvana.
…Bacısı illər uzunu ürəyində gizli saxladığı arzusunu Cavidə bildirir. Nə qədər tərifləyir, nə qədər yalvarırsa razı sala bilmir ki, bilmir. Cavid şərt kəsir:
– Gərək özüm görəm, görməsəm “hə” deyə bilmərəm.
Hüseyn Cavid haqqında xatirələr ( Aylin Məcidova )
“Mənim tanrım gözəllikdir, sevgidir”.
Düşünürəm ki, hətta ədəbiyyatla maraqlanmayanlar belə onu bu misra ilə tanıyırlar.Mənim isə onunla, onun yaradıcılığı ilə tanışlığım orta məktəb kitablarından başlayır.Lakin etiraf etməliyəm ki, böyük şairin yaradıcılığı barədə məlumatım nə qədər geniş olsa da şəxsi həyatı, ailəsi, yaşam tərzi, hətta hansı şəraitdə ölümü barədə bildiklərim televiziya verlişlərindən eşitdiklərimdən kənara çıxmamışdı, ta ki, bu kitabı oxuyana qədər…
Adı ndan da göründüyü kimi kitab “Xatirə ədəbiyyatına”aid bir nümunədir. Kitabda Cavidin həyat yoldaşı Müşkinaz xanım və qızı Turanın Cavid haqqında fikirləri, xatirələri yer alıb.
“Bir insanı ailəsindən yaxşı heç kəs tanıya və tanıda bilməz” fikiri əsas götürərək deyə bilərəm ki, kitabdan Cavid haqqında hər bir oxucunun marağını doğuracaq məlumatları öyrenmək olar. Burada demək olar ki, şairin en sevdiyi xörəkdən tutmuş, en sevdiyi kitaba qədər hər şey açıqlığı ilə qeyd olunub.Cavidin gözəl ailə başcısı, sevimli və qayğıkeş ata, fədakar yazıçı, millətini sevən bir şəxsiyyət olması vurğulanıb.
Müşkinaz xanımın xatirələrini oxuduqca o qadına həqiqi mənada rəğbət bəslədim.Onun dözümünə, bir-birinin ardınca ağır xəbərlər alsa da əyilmədən həyatına davam etməsinə, iradəsinə, sadiqliyinə və ən əsası orta məktəbi belə tam oxumamasına baxmayaraq mütaliə qabiliyyətinin genişliyinə heyran oldum.
Bir şeyi də etiraf edim ki, mən indiyədək Cavidin Turan xanımdan başqa övladının olduğu barədə xəbərsiz idim. Və artıq öyrəndim ki, şairin Ərtoğrul adlı istedadlı bir oğlu varmış.Hansı ki, Ərtoğrul atasın əsərlərindən sevdiyi hissələri qeyd edər, həmin hissələrə uygun musiqilər bəstələrmiş. Lakin Ərtoğrulun arzuları da atasının arzuları kimi yarımçıq qalır…
Və kitabda daha bir maraq doğuran tərəf Müşkinaz xanımın adlarını çəkmədən keçdiyi, Turan xanımın isə qısaca toxunduğu Cavidin ” dırnaqarası dostları” haqqında yazılanlardır.
Müşkinaz xanım deyir : Həyatının ən çətin anında ” Nə qələmim susacaq, nə də gülüm solacaq” deyib getmişdi Cavid.
Doğrudan da, bəlkə də qələmi yerə qoysaydı o cür bir aqibət yaşamayacaqdı, amma bu gün Azərbaycan da bu cür mədəni bir irsə sahib olmayacaqdı. Vaxtında deyəri bilminməyən “İblis, Şeyx Sənan” və s. əsərlər sonradan səhnələrin bəzəyinə çevrilməyəcəkdi. Cavid əsərləri ilə bir tarix yazdı, hansı ki, bu əsərlər hər zaman öz müəllifini yaşadacaq! …
Cavidi şəxsiyyətinə və yaradıcılığına dərin hörmətlə hər kəsə xoş mütaliələr!
Comments are closed, but trackbacks and pingbacks are open.