Press "Enter" to skip to content

Cəlil məmmədquluzadə 140

C.Məmmədquluzadə bu gün bizim böyük müasirimizdir. Onun Azərbaycan xalqını özünüdərkə çağıran əsərləri müstəliq Azərbaycan ədəbiyyatşünaslığının işığında özünün yeni dərkini gözləyir.

Cəlil Məmmədquluzadə – 140

Qoca Şərqin güzgüsü – Mirzə Cəlil

Mirzə Cəlil vətən sevgisində doğulmuş bir qəhrəmandır. Bu sevgi onu o qədər ucalara qaldırmışdı ki, o zirvədən hər şeyi olduğu kimi görmüş, eybəcərlikləri ustalıqla qələmə almış, ifşa edə bilmişdir. Milli şüurun oyanışında, milli ruhun formalaşmasında Cəlil Məmmədquluzadə və onun «Molla Nəsrəddin»i əvəzsiz məktəb rolu oynamışdır. Mirzə Cəlil qaranlıqda işıq axtara-axtara bütün ömrü uzunu yol gedir və işığı yalnız xalqın maariflənməsində görürdü. Təsadüfi deyil ki, bədii ədəbiyyatımızda Azərbaycanın xəritəsi ilk dəfə Mirzə Cəlilin əsərlərində əks olunmuşdur.

On illər boyu Mirzə Cəlil yaradıcılığına həm elmi tədqiqat, həm bədii cəhətdən dönə-dönə müraciət olunmuşdur. Bu baxımdan hörmətli alimimiz Allahverdi Nehrəmlinin «Cəlil Məmmədquluzadə yaradıcılığı elə böyük məktəbdir ki, ona hər yeni nəslin öz qayıdışı, öz baxışı olacaqdır» fikri çox aktual səslənir.
Dəyərli alimlərimizdən Abbas Zamanov, Qulam Məmmədli, Mir Cəlal Paşayev, Turan Həsənzadə bir çox elmi məqalələrini Mirzə Cəlilə həsr etmişlər. Abbas Zamanov böyük ədib haqqında deyib: «Mirzə Cəlil əsərlərini ürəyinin qanı ilə yazırdı».
Mirzə Cəlili oxuya-oxuya, özü də bu məktəbin davamçısı olmuş Mir Cəlal Paşayev ədibin yaradıcılığına iyirmi böyük elmi məqalə həsr etmişdir. Yazıçı-alim məqalələrinin birində deyir: «Mirzə Cəlil ədəbiyyatımıza «xırda adamları», onların dərdini, ürək döyüntülərini gətirdi. Xalqın dərdini qələmə almaq – vətənə, xalqa sonsuz məhəbbətdən doğur».
Mirzə Cəlil irsinin araşdırılması sahəsində böyük xidməti olan akademik İsa Həbibbəyli öz elmi-publisistik yaradıcılığını əsasən Mirzə Cəlilə həsr etmiş, ədib haqda bir neçə kitab çap etdirmişdir.
Filologiya elmləri namizədi Allahverdi Məmmədlinin mətbuatda çap olunan məqalələrindən başqa, iki böyük əsəri «Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq» və «Yüz ilin ədəbi abidəsi» diqqəti daha çox cəlb edir. Tədqiqatçı Mirzə Cəlil yaradıcılığına yeni yanaşma tərzi ilə də diqqətəlayiqdir.
Cəlil Məmmədquluzadə yaradıcılığının Azərbaycançılıq ideyasının bədii ifadə üsulları A.Məmmədlinin tədqiqatında daha çox orijinal yöndə əks etdirilir. «C.Məmmədquluzadə milli olduğu qədər bəşəri idi. Şərqli olduğu qədər Qərbli idi. Yeni dünyanın yeniliyini duyan və bu yenilikdən aralı düşməyin millət üçün faciəsini dərindən dərk edən vətəndaş-sənətkar, ölçüyəgəlməz üslubi məqamları ilə bizi heyrətə salan ustad olmuşdur. Bir də ona görə ki, onun «yaradıcı dühası və əməli fəaliyyəti bir çox sahələri əhatə etmişdir: maarif, bədii ədəbiyyat, jurnalistika, ictimai-siyasi və fəlsəfi fikir, ədliyyə, tərcümə, kitab mədəniyyəti. Bu sahələrin hər birinin arxasında Azərbaycan xalqının narahatlığı dayanır».
Bu yazımla əlaqədar Mirzə Cəlilin 100 illik yubileyi münasibəti ilə çap olunan əsərləri gözdən keçirərkən böyük şairimiz Rəsul Rzanın «Azərbaycan» jurnalında dərc edilmiş silsilə şeirləri diqqətimi cəlb etdi:

Qoca Şərqin güzgüsü idi Mirzə Cəlil,
Kim baxmadı o həqiqət güzgüsünə?!
Həqiqəti açıq demək asan deyil,
O, bu yolda hər əzaba gərdi sinə.

Böyük yazıçı olmaq üçün təkcə xalq həyatı ilə yaşamaq, xalqın faciələrini görmək, duymaq və onun halına yanmaq kifayət etməzdi. Bunun üçün əsaslı bilik almaq, dünya ədəbiyyatı və ictimai fikir tarixini öyrənmək, qabaqcıl, mütərəqqi fikir və cərəyanların irtica əleyhinə necə mübarizə etdiyini, hansı çətinliklərə rast gəldiyini, hansı yollardan keçdiyini bilmək lazım idi. Bütün ictimai quruluşlarda cəmiyyətə işıq verən, xalq üçün yaşayıb yaradanlara həmişə təzyiq olmuşdur. Məlum sovet ideologiyasında Mirzə Cəlil həyat və yaradıcılığına münasibətdə çox ciddi, qaranlıq məsələlər olub. Bunlardan biri Mirzə Cəlilin dinə münasibətidir. Bəzən Mirzə Cəlili ateist adlandırıblar. Bu, tamamilə səhv fikirdir. Bunu sübut etmək üçün təkcə onun «Niyə məni döyürsünüz?» felyetonunu oxumaq yetərlidir.
Şura hökuməti Mirzə Cəlilin ümid etdiyi kimi olmadı, əksinə, 1925-1927-ci illərdən başlayaraq millətin ziyalıları təzyiq və təqiblərə məruz qaldılar. Bu sərt küləklər Mirzə Cəlil və onun yaratdığı «Molla Nəsrəddin» jurnalından da yan keçmədi. Böyük şəxsiyyət, həmişə xalqına, vətəninə xidmət amalı ilə yaşayan ədibimiz mənəvi repressiyalarla üzbəüz qaldı. Bu hadisələr Mirzə Cəlilin əsəblərinə təsir etməyə bilməzdi. 1930-cu illərdə Mirzə evin «soyuqluğu»nu bəhanə edib öz əlyazmalarını sobada yandırdı.
Cəlil Məmmədquluzadə yaradıcılığında elə bir əsərə rast gəlməzsən ki, orada böyük istedadla vətəndaşlıq vəhdət təşkil etməsin. Hörmətli akademik İ.Həbibbəylinin göstərdiyi kimi:
«Cəlil Məmmədquluzadə – Molla Nəsrəddin – Mirzə Cəlil ayrı-ayrı tələffüz qaydalarına tabe olan sözlərdir. Lakin onların hamısı bir mətləbi dolğun şəkildə ifa edir: Vətəndaş yazıçı».
Ulu öndər Heydər Əliyev böyük Mirzə Cəlil və onun «Molla Nəsrəddin»inə belə dəyər vermişdir: «Biz Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazıcı kimi, publisist kimi yox, eyni zamanda böyük ictimai xadim və böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamişdır. Bu, təkcə ədəbiyyatda, mədəniyyətdə deyil, siyasətdə də, ictimai həyatımızda da böyük xidmətdir».

Yeganə MƏmmədova, C.Məmmədquluzadənin ev-muzeyinin böyük elmi işçisi

Cəlil məmmədquluzadə 140

Cəlil Məmmədquluzadə – 140

Cəlil Məmmədquluzadə və XX əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai fikri

XX əsrin əvvəlləri Azərbaycan xalqının gələcək həyatının böyük sınaq illəri idi. Xalqı mədəni inkişafa və milli istiqlala hansı yollarla aparmaq sualı bütün vətənpərvər xadimlərin qarşısında bir tarixi vəzifə olaraq dayanmaqda idi. Bu dövrdə Azərbaycan siyasi-ictimai fikri xarici istilalar və təbliğatlar nəticəsində öz milli mənliyini itirmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Xalqı milli kökə qaytarmaq, onu fanatizm bəlasından xilas etmək, nəhayət, müasir dünyanın sivil nailiyyətləri ilə zənginləşdirm ək bir milli ideal kimi qarşıda dururdu.

Məhz bu idealların nəticəsi olaraq XX əsrin əvvəllərində Azərbaycan siyasi-ictimai fikrində “Türkləşmək, islamlaşmaq, müasirləşmək” devizi ilə böyük bir mübarizə cəbhəsi fəaliyyət göstərəmyə başlamışdı. Bu milli mücadilədə iştirak edənlər aras ı nda bu gün anadan olmasının 140 illiyini qeyd etdiyimiz böyük realist yazıçı, böyük dramaturq, ən başlıcası XX əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai fikrini ideya-estetik cəhətdən yeni inkişaf yoluna çıxaran məşhur mollanəsrəddinçilər satirik publisistika məktəbinin banisi Cəlil Məmmədquluzadənin müstəsna rolu vardır.

Məlum olduğu kimi, Cəlil Məmmədquluzadə özünün ədəbi-estetik mübarizəsi ilə XIX əsr Azərbaycan maarifçiliyinin korifeyləri olan Mirzə fətəli Axundov və Həsən bəy Zərdabinin tarixi mübarizə idealları ilə sıx bağlı idi. Cəlil Məmmədquluzadə öz böyük sələflərinin ideallarını öz müasirlərindən tarixi-xronoloji cəhətdən daha əvvəl və daha uğurla davam etdirən söz sənətkarı və ictimai xadim idi. O hələ 1894-cü ildə Azərbaycan xalqının nə cür böyük ictimai bəlalara düçar olmasını özünün “Danabaş kəndinin əhvalatları” əsərində təsvir etmişdir. O, Rusiya imperiyasında hələ 1905-ci il demokratik inqilabıının baş verməsindən əvvəl – yəni 1904-cü ildə Azərbaycan insanının düçar olduğu ictimai ətalət bəlalarını ifşa edən “Poçt qutusu”, “Kişmiş oyunu” kimi məşhur hekayələrini yazıb çap etdirmiş, bir realist yaz ıçı kimi şöhrət tapmışdı. C.Məmmədquluzadə XX əsrin ilk illərində “Kafkazskiy raboçi listok”, “Tiflisskiy listok”, “Vozrojdeniye”, “Kaspi” kimi qəzetlərdə iştirak etmiş, 1904-cü ildə “Şərqi-Rus” qəzetində bir müddət redaktor əvəzi kimi fəaliyyət göstərmiş, bir publisist kimi hazırlıq məktəbi keçmişdi . Cəlil Məmmədquluzadə öz müasirləri içində zəmanəsinin nəbzini tuta bilmək cəhətdən də öncül idi. O, zamanın həssas vaxtında ictimai hadisələri ciddi üslublu epik nəsr və publisistika ilə deyil, tənqid və satira kimi kəsərli ədəbi silahlarla ifşa etməkdə də fərqlənirdi. Belə ki, o, 1905-ci il burjua-demokratik inqilabından sonra bir bədii söz sənətkarı kimi Azərbaycan milli ictimai fikri qarşısında duran ədəbi estetik vəzifələri dərk etmiş, epik nəsrin “təmkinli” üslubu ilə deyil, siyasi-ictimai mübarizələr dövrünün daha fəal, daha kəs ə rli və döyüşkən ədəbi mübarizə vasitəsi olan satirik publisistikaya müraciət etmək qərarına gəlmiş, 1906-cı ilin 7 aprelində bütün Yaxın və Orta Şərqdə məşhur olan satirik “Molla Nəsrəddin” jurnalının nəşrinə nail olmuş, “Molla Nəsrəddin” bədii mübariz ə məktəbinin əsasını qoymaqla XX əsrin əvvəlləri Azərbaycan ictimai fikrində ideya-məzmun və bədii-estetik cəhətdən yeni bir səhifə açmışdır.

C.Məmmədquluzadənin zamanın “sifarişi” ilə meydana gətirdiyi yeni ideya-məzmun və yeni ədəbi-estetik keyfiyyətlərə malik olan “Molla Nəsrəddin” jurnalının ictimai-bədii əks-sədası müasirlərinin dediyi kimi, cəmiyyətdə bir bomba təsiri yaratmışdı. O dövrün ən görkəmli fikir sahibl əri – Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, firidin bəy Köçərli və başqaları “Molla Nəsrəddin”in meydana çıxmasını bir tarixi hünər kimi qiymətləndirmişlər.

XX əsrin Cəlil Məmmədquluzadəyə həsr edilmiş müxtəlif elmi tədqiqatlarından və müxtəlif şəxslərin xatirə yazılarından məlum olur ki, “Molla Nəsrəddin” ədəbi məktəbinin publisist, nəsr və poetik forma nümunələrini Cəlil Məmmədquluzadə özü yaratmış, “Molla N əsrəddin” ədəbi məktəbinin bünövrəsini özü qoymuşdur. Bu cəhətlər nəzərə alınarsa, “Molla Nəsrəddin” jurnalı C.Məmmədquluzadənin XX əsrin əvvəlləri Azərbaycan ədəbi-estetik fikrində yaratdığı ən möhtəşəm bir abidə idi. Cəlil Məmmədquluzadə XX əsrin əvvəlləri Azərbaycan ədəbi-estetik fikrində yaratdığı ən möhtəşəm bir abidə idi. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”də dərc etdirdiyi publisistika, nəsr və poetik nümunələr ilə Azərbaycanda və ondan kənarda yaşayan onlarca yazıçı və şairi yeni yaradıcılıq yoluna salmışdı. Ömər faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Razi Şamçızadə kimi bu gün Azərbaycan ədəbiyyatı tarixində “mollanəsrəddinçilər” adı ilə məşhur olan söz sənətkarları yetişdirmişdi. Cəlil Məmmədquluzadənin məsləhət və sifarişləri ilə Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə kimi rəssamlar Azərbaycanda satirik qrafikanın parlaq nümunələrini yaratmışlar.

Cəlil Məmmədquluzadənin yaratdığı “Molla Nəsrəddin” ədəbi məktəbi bütün Azərbaycan ədəbi-ictimai fikrinə, o cümlədən romantizmə təsir göstərməkdə idi. Müasir həyatın real, konkret hadisələrini tənqid etmək işində romantiklər mollanəsrəddinçilərin ədəbi təsirlərindən faydalanırdılar. Bu cəhətdən XX əsrin əvvəlləri Azərbaycan romantik şerinin Məhəmməd Hadi, Abbas Səhhət, Əliabbas Müznib kimi nümayəndələri “Molla Nəsrəddin” satirasının təsiri altında uğurlu əsərlər yazmışlar. Mollanəsrəddinçilər epiqon şeirə daha çox təsir göstərmiş, onların yaradıcılığını ictimai həyatın qüsur və nöqsanlarını tənqid edən şeirlər yazmağa istiqamətləndirmişlər. Təsadüfi deyil ki, bütün bu hadisələri görən Cəlil Məmmədquluzadə – qabaqlar belə şeylər yox idi. İndi hamı “Molla Nəsrəddin”ə baxıb onun kimi yazırlar – sözlərini deyirdi.

Molla Nəsrəddin ədəbi məktəbinin təsirilə XX əsrin əvvəllərində təkcə Bakıda deyil, İran Azərbaycanında, Orta Asiya və Volqaboyu ölkələrində bir sıra satirik mətbuat orqanları çıxmışdır.

C.Məmmədquluzadə “Molla Nəsrəddin” səhifələrindəki yazıları ilə XX əsrin əvvəlləri Azərbaycan həyatının demək olar ki, bütün aktual siyasi-ictimai problemlərini əhatə edirdi. O, bütün janrlı əsərlərində publisist idi. Siyasi-ictimai məzmun, günün ən aktual və konkret həyat hadisələrinə müraciət etmək Cəlil Məmmədquluzadə əsərlərinin başlıca xüsusiyyəti idi. Onun ədəbi-estetik konsepsiyası XX əsrin əvvəllərinin bütün ədəbi mühitinə təsir göstərirdi.

Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalındakı əsərlərilə XX əsrin əvvəlləri Azərbaycan həyatının demək olar ki, bütün aktual siyasi-ictimai problemlərini əhatə edirdi. O, jurnalın ilk saylarından birində yazırdı: “Nə bilim, bu nədir – torpaq məsələsi; bu nədir – əmələlər acdırlar. Kəndlilər torpaqsızdırlar. Kəndlər şkolsuzdurlar, viran olub vətənimiz, elimiz, itib gedib dinimiz, həm dilimiz, əzilib əngimiz, sınıb belimiz, bəs biz ağlamayaq, kim ağlasın?!” (Bax: “Molla Nəsrəddin” jur.1907, �41). Bu sözlər Cəlil Məmmədquluzadənin ictimai mübarizəsinin ayrı-ayrı tezisləri olsa da, lakin heç də hamısı və başlıcası deyildi. Onun bu dövrdə əsas mübarizə cəbhəsi Azərbaycan ədəbi-ictimai fikrinin başlıca şüarı olan “türkləşmək, islamlaşmaq və müasirləşmək ilə bağlı idi. Bu konsepsiyada “türkləşmək” xüsusilə mühüm yer tuturdu. Məlum olduğu kimi, Azərbaycan ədəbi-ictimai fikrində “türkləşmək” istəkləri hələ XIX əsrin ortalarında Mirzə F ətəli Axundovun, bugünkü müasir Azərbaycan-türk dilinin parlaq nümunələri olan komediyalarında öz əksini tapıb. Seyid Əzim Şirvaninin islam dini fanatiklərinə qarşı çevrilmiş satiralarında, nəhayət – Həsən bəy Zərdabinin Azərbaycan milli həyatını müasirləşdirmək mübarizəsinin aynası olan “Əkinçi” qəzeti səhifələrində – bu konsepsiyanın dərin izlərini görmək olar. Məlum olduğu kimi, XX əsrin əvvəllərində “Türkləşmək, islamlaşmaq və müasirləşmək” çağırışları bir konsepsiya şəklində Azərbaycan ədəbi-ictimai fikrinə böyük filosof və ədib Əli bəy Hüseynzadə gətirmişdi. Onun 1905-ci ilin 7 iyunundan Bakıda nəşrinə başladığı “Həyat” qəzetində (1905-1906) bu problem “Bütün dünya türklərinin birləşməsi” arzusu ilə meydana atılmışdı. Lakin Cəlil Məmmədquluzadənin ədəbi-ictimai fəaliyyətində bu problemin “türkləşmə” çağırışına özünəməxsus bir baxış vardır. O, bütün dünya türklərinin birləşməsi ideyasına strateji cəhətdən etiraz etməsə də, lakin konkret olaraq Azərbaycan türklərinin taleyi uğrunda mübarizəni zamanına görə daha vacib bilirdi. Təsadüfi deyil ki, o, “Molla Nəsrəddin” jurnalının ilk sayında məhz Azərbaycan xalqına: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım, ey mənim türk qardaşlarım, sizinlə türkün ana dilində danışacağam” sözləri ilə müraciət edirdi. Jurnalın elə həmin sayında dərc etdiyi “Bizim obrazovannılar” adlı felyetonunda onun – “mənim bir rəfiqim var, özü də müsəlmandır amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz” – sözləri ilə müraciət etməsi əslində milli mənliyini itirmiş azərbaycanlı müasirin ə doğma türkçülük yolunu başa salırdı. Bununla C.Məmmədquluzadə əslində “Azərbaycançılıq” mövqeyini ön plana çəkir, özünün gələcək ədəbi-ictimai mübarizə xəttini elan edirdi. C.Məmmədquluzadənin XX əsrin əvvəlləri Azərbaycan ictimai fikrindəki ən böyük xidmətlərindən biri – dövrün “İslamlaşmaq” çağırışları ilə bağlı idi. Məlum olduğu kimi, islam dininə münasibət məsələsi C.Məmmədquluzadədən əvvəl də Azərbaycan maarifçilərini düşündürmüşdü. XIX əsrin ortalarında böyük filosof və ictimai xadim M. F .Axundov islam dini ətrafında bəzi ziddiyyətli və tənqidə məruz qalan mülahizələr söyləsə də, lakin o da bütün aydınlığı ilə islam dininin əsl mahiyyətinə müsbət münasibət bəsləmiş, özünün “Cəlalüddövlə məktublarının mülhəqatı” adlı yazısında (bax: M .F .Axundov. Seçilmiş əsərləri, III cild, Bakı -1961, səh. 150 ) bildirirdi: “Biz də, müəllif də istəmirik ki, xalq ateist olsun, dinsiz-imansız olsun. Bəlkə müəllifin məqsədi dinin əsr və zəmanə müvafiq olaraq protestanizmə möhtac olduğunu göstərməkdir”.

Bu cəhətdən “Molla Nəsrəddin” fikir cəbhəsinin başçısı C.Məmmədquluzadə öz xələfi M. F .Axundov ideyaları ilə birləşirdi. C.Məmmədquluzadə bütün yaradıcılığı boyu din və cəmiyyət problemi ilə məşğul olsa da, əslində islam dininin əleyhinə deyil, bu dini hörmətdən salanlara qarşı mübarizə aparmışdır.

Təəssüf ki, sovet ədəbiyyatşünaslığı C.Məmmədquluzadənin bu problem ətrafında apardığı mübarizəyə həmişə tendensiyalı mövqedən yanaşmış, onun dini-fanatizmə qarşı çevrilmiş əsərlərini islam dininin özünə qarşı çıxması kimi izah etmişdir. Halbuki C.Məmmədquluzadə əvvəldə qeyd etdiyimiz kimi “İtib gedib dinimiz” sözləri ilə islam dininin bir təəssübkeşi kimi çıxış edirdi. Ədib digər bir felyetonunda islam dininə olan münasibətini daha açıq şəkildə bildirərək yazırdı: “Molla Nəsrəddinin məqsədi nə dinə sataşmaqdır, nə də təzə bir məzhəb icad etməkdir. Molla Nəsrəddinin qəsdi vəhşi adətlərin ortadan götürülməyi yolunda çalışmaqdır (“Molla Nəsrəddin”, 1911, �44 ) .

C.Məmmədquluzadə öz böyük sələfləri kimi müasirləşmək uğrunda inadla çarpışırdı. O, �müasirləşmək” adı altında milli tarixi kökdən uzaqlaşıb yad sivilizasiyaların və mədəniyyətlərin təsiri altına düşmək meyllərini həmişə pisləyirdi. Xalqı öz milli kökü üzərində ucalmağı, yad ideoloji təsirlərə uymamağı müasirləşmənin başlıca keyfiyyəti hesab edirdi. O, Azərbaycan xalqını müasir dünyanın səviyyəsində görmək istəyirdi. Məhz bu səbəbdən o, öz yaradıcılığında ictimai gerilik bəlasına xüsusi yer verirdi. O, felyetonlarından birində öz oxucularına müraciətlə yazırdı: “Gah vaxt olubdur ki, bəziləri bizdən soruşurlar ki, nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyətdən və müsavatdan çoxluca bəhs etmirik. Amma bizdən bunu soruşan ağalardan təvəqqe edirik, bizə cavab versinlər görək, ayə mümkündürmü vəbanı dayandırmaq üçün 43 qoyun kəsən bir millətə, bir cahil lotunu özünə haşa, Allah bilən camaata həmişə dumadan və siyasətdən bəhs etmək? Biz belə qanırıq ki, xəyal, fikir və əqidə düzəlməzsə, feil heç vaxt düzəlməz. O səbəbə ki, “ikinci birincilərə tabedir” (“Molla Nəsrəddin”, 1907, � 36 ) .

Onuncu illərdə C.Məmmədquluzadə “Türkləşmək, islamlaşmaq və müasirləşmək” uğrunda mübarizəsini nəsr və dram əsərlərində də aparırdı. Bundan əvvəlki əsərlərində olduğu kimi, bu dövrdə də o, ədəbi-ictimai fikri geriliyə qarşı mübarizəyə çağırırdı. Bu c əhətdən C.Məmmədquluzadə cəmiyyəti tərbiyələndirən bir müəllim kimi çıxış edir, öz məqsədini xalqa çatdırmaq üçün bəzən eyni mövzunu müxtəlif bədii janrlarda işləyirdi. Bu cəhətdən onun XIX əsrin sonlarında qaldırdığı ədəbi-ictimai problemlərlə 1906-cı ildən sonra “Molla Nəsrəddin” jurnalında qaldırdığı problemlər arasında sıx bir yaxınlıq özünü göstərməkdədir. Bu dövrdə o, milli-ictimai geriliyə həsr edilmiş “Usta Zeynal”, “Qurbanəli bəy” və digər hekayələrini yazır.

Milli-ictimai gerilik bəlası C.Məmmədquluzadəni daim düşündürmüş, bunun nəticəsi olaraq o, 1907-1916-cı illər arasında bu mövzuda “Ölülər” adlı pyesini yazmışdır. “Ölülər” pyesi əslində Azərbaycan ictimai mühitinin dini fanatizmlə bağlı, tarixi dərdləri ilə sıx bağlıdır . Adından da göründüyü kimi, C.Məmmədquluzadə bu əsərində islam aləminin dini fanatizm səbəbindən ölü vəziyyətinə düşdüyünü göstərmişdir. “Ölülər”i diriltmək fikri ilə meydana çıxan Şeyx Nəsrullah və onu ifşa edən Kefli İsgəndər obrazlar ı arasında olan dramatik çəkişmələr əslində fanatik düşüncə ilə ayıq düşüncə arasında davam edən mübarizədir.

C.Məmmədquluzadənin ədəbi-ictimai mübarizəsinin Azərbaycan xalqının milli oyanışında oynadığı rolu onun “Anamın kitabı” pyesində görmək olar. Bu əsərində Cəlil Məmmədquluzadə Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ərəfəsində baş verən hadisələrin tarixi mənzərəsini əks etdirir. Məlum olduğu kimi, 1917-ci ilin fevralında Rusiyada çarizmin devrilməsi imperiyaya daxil olan xalqların öz milli istiqlalları uğrunda çalışmaları Azərbaycanda da davam edirdi. Bu illərdə hakimiyyətə gəlmək uğrunda ölkədə bir sıra düşmən siyasi partiyalar mübarizə aparırdı. C.Məmmədquluzadə Azərbaycan xalqında milli-müstəqillik ideyalarını oyatmaq üçün “Anamın kitabı”ndan əvvəl, hələ “Molla Nəsrəddin” jurnalının 1917-ci il 27 noyabr tarixli 24-c ü sayında məşhur “Azərbaycan” adlı essesini nəşr edir. Bu publisist əsərində yazıçı Azərbaycan xalqını Rusiya imperiyasının dağılması hadisəsindən istifadə edib, öz milli müstəqilliyini qurmağa çağırır. Xalqında “Azərbaycançılıq” ideyasını oyatmaq üçün cəmiyyətə – “anam kimdir?”, “dilim nə dildir?”, “vətənim haradır?” – kimi konkret suallarla müraciət edir. Yazıçı oxucuya “Dilimin adı türk-Azərbaycan dilidir, vətənim də Azərbaycan vilayətidir” – sözləriylə cavab verir.

Cəlil Məmmədquluzadə bu publisist əsərini yazmaqla kifayətlənmir. Azərbaycanda xalq cümhuriyyətinin davam etdiyi dövrdə vətəni Azərbaycanın yenidən işğala düçar olacağından ehtiyat edir. Xalqı ana vətəni Azərbaycanın ətrafında birləşdirmək üçün özünün “Anamın kitabı” adlı əsərini yazır. Müxtəlif dövlətlərin siyasi mənafelərini təmsil edən üç qardaş ilə, xalqının, vətənin taleyini düşünən Gülbahar adlı bacının dramatik münaqişələri üzərində qurulan “Anamın kitabı” əsərində o, bir daha açıqlığı ilə “Azərbaycançılıq” ideyasını təbli ğ edir. Müəllif əsərin ideya ruporu olan Gülbaharın dili ilə “Axı adamlar nə üçün hərə bir yana gedir� niyə hamısı bir yerə getmir, niyə hamısı bir tərəfə getmir?” şəklində oxucuya suallar verir.

1920-ci ilin iyulunda, yəni Azərbaycanın bolşevik istilasından sonra C.Məmmədquluzadə Qarabağın Kəhrizli kəndindən İran Azərbaycanına – Təbriz şəhərinə köçür. Böyük çətinliklərdən sonra yerli ziyalıların köməyi ilə “Molla Nəsrəddin”in 8 nömrəsini çıxara bilir. O, “Molla Nəsrəddin”in Təbriz nömrələrində də özünün tarixi mübarizəsini davam etdirir. O, xalqı türkləşmək, islamlaşmaq və müasirləşmək idealları uğrunda mübarizəyə çağırır. Jurnalın Təbriz saylarındakı yazıların əksəriyyətini Cəlil Məmmədquluzadə özü yazır. Onun bu yazıları Təbrizin ədəbi və ictimai həyatında böyük əks-səda yaradır. O, “Tüstü” felyetonunda bu dövrdə İran Azərbaycanında hökm sürən ictimai geriliyi bu cür səciyyələndirirdi: “Hər yan tüstüdür, məclislərdə və evlərdə düxaniyyat və məşrubat tüstüsü, küçələrdə hamam tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə kəsafət tüstüsü! Xülasə, millət tüstü içində boğulmaqdadır və boğula-boğula nicata müntəzirdir” (mart, N-7 1921).

“Missionerlər” adlı felyetonunda isə yazıçı Amerika dövlətinin iqtisadi cəhətdən zəif olan ölkələri öz nüfuzu altına almaq üçün buraya missionerlər göndərməsinə təəssüflənir (1921, �6). C.Məmmədquluzadənin Təbriz dövrü yaradıcılığı ictimai həyatda qeyri-adi bir oyanış yaradır. Onun satirasının təsirlərindən təkcə ayrı-ayrı məmurlar deyil, adlı-sanlı xanlar və hakimlər lərzəyə düşürlər.

Azərbaycanda sovet hakimiyyətinin qurulması ölkədə mədəni-maarif tədbirlərinin aparılmasında C.Məmmədquluzadənin keçmiş ədəbi-ictimai şöhrəti onu yerli sovet orqanlarının yadına salır. Nəhayət, 1921-ci ilin sonlarında Cəlil Məmmədquluzadə Bakıya dəvət edilir. Bu dövrdə o, “Kamança”, “Lal”, “Danabaş kəndinin məktəbi”, “Dəli yığıncağı” kimi qısa həcmli pyeslərini yazır. 1922-ci ilin payızında “Molla Nəsrəddin”in nəşrinə icazə alır. Jurnalın ilk nömrəsi 1922-ci ilin noyabrında çıxır. C.Məmmədquluzadə 1922-ci ilin noyabrından 1924-cü ilə qədər “Yeni yol” qəzetinin redaktoru olur. Sovet hakimiyyətinin ilk illərində yeni quruluşun mədəni tədbirlərində böyük rol oynayır. C.Məmmədquluzadə bu dövrdə respublika mətbuatında özünün bir sıra hekayələrini çap etdirir. O, sovet hakimiyyəti illərində “Molla Nəsrəddin” jurnalını 1922-ci il 2 noyabrdan 1931-ci il yanvarın 7-nə kimi nəşr edir. Əlbəttə, C.Məmmədquluzadənin sovet hakimiyyəti illərindəki fəaliyyəti uğurlu olmur. Yazıçı sovet idarələrindəki qüsurları və ölkənin varidatını Rusiyanın talamasını tənqid etməsi üstündə siyasi dairələrin təzyiqlərinə məruz qalır.

Ədəbiyyatşünas Əli Nazim “Cəlil Məmmədquluzadə və yaradıcılığı” adlı məqaləsində ədibin sovet dövrü yaradıcılığından bəhs edərkən yazırdı ki, o bir dəfə yazdığı məsələlərdən artıq əl çəkə bilmir və həmin məsələlərdən eyni adət etdiyi üsulla danışır və gülür. Bu surətdə “Molla Nəsrəddin” gülüşü sovet dövründə öz kəskinliyini itirmiş və sovet satirasına çevrilə bilməmişdir” (Cəlil Məmmədquluzadə. Məqalələr və xatirələr məcmuəsi, Bakı, 1963).

Əlbəttə, belə bir münasibət Cəlil Məmmədquluzadəni mənəvi sarsıntılara salırdı. Xüsusilə 1930-cu ildən jurnalın “Mübariz, Allahsızlar İttifaqının Mərkəzi və Bakı Şurasının Orqanı”na çevrilməsi C.Məmmədquluzadənin həyatı üçün daha sarsıntılı olur . Məhz bu sarsıntıların nəticəsi olaraq böyük ədib, dramaturq və publisist Cəlil Məmmədquluzadə 1932-ci ilin 4 yanvarında beyninə qan sızması nəticəsində vəfat edir.

Bu gün Cəlil Məmmədquluzadənin ədəbi irsi Müstəqil Azərbaycan respublikasının böyük tarixi yaddaşı olaraq qalır. Onun müxtəlif janrlı ədəbi irsi xalqımızın tarixi bir abidəsi kimi qiymətləndirilməkdədir. Böyük sənətkarın XX əsrin ilk illərindən başlayaraq Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, F iridun bəy Köçərli, Seyid Hüseyn, sonrakı illərdə Əli Nazim, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, Mir Cəlal Paşayev, Əziz Şərif, Əziz Mirəhm ədov, Kamal Talıbzadə, Abbas Zamanov və onlardan sonrakı nəsil tərəfindən dəfələrlə tədqiq və təhlil edilmişdir. Lakin bütün bunlara baxmayaraq, Cəlil Məmmədquluzadənin ədəbi-ictimai irsi yeni tarixi şəraitdə yeni tədqiq və təhlilə möhtacdır.

C.Məmmədquluzadə bu gün bizim böyük müasirimizdir. Onun Azərbaycan xalqını özünüdərkə çağıran əsərləri müstəliq Azərbaycan ədəbiyyatşünaslığının işığında özünün yeni dərkini gözləyir.

İslam AĞAYEV

Ədəbiyyat qəzeti.-2009.-26 iyun.-S.1, 2.

Cəlil Məmmədquluzadə və milli dil məsələsi. – Elçin İBRAHİMOV yazır

Cəlil Məmmədquluzadə yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində əbədiyaşarlıq qazanmış görkəmli və böyük şəxsiyyətlərdən biridir. Əlbəttə o, bu zirvəyə əbədiyaşarlığın təminatçısı, novatorluğun ən bariz nümunəsi kimi meydana çıxan yaradıcılığında – istər ədəbi, istərsə də ictimai fəaliyyətində bir çox ilklərə imza atması ilə ucalmışdır. Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanın (“Molla Nəsrəddin”) əsasının qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması və s. yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır. Ədibin ədəbi-ictimai fəaliyyətinə nəzər yetirdikdə bir daha əmin olursan ki, bu çoxşaxəli fəaliyyətin arxasında vətən, millət sevgisi, xalqına, onun milli dilinə böyük məhəbbət və sədaqət dayanır.

Qeyd etmək lazımdır ki, ədib yaradıcılığının bütün sahələrində ana dili (milli dil – E.İ.) məsələsinə xüsusi diqqət ayırmışdır. Görkəmli alim Mir Cəlal Paşayev bu barədə belə yazır: “Cəlil Məmmədquluzadə cəsarətlə danışıq dilini, canlı dili, azərbaycanlıların şirin, əlvan, ahəngdar, məzəli, səlis, sərbəst danışığını yazıya, kitaba, hətta bədii əsərə gətirmişdir”.

Azərbaycanda XIX əsrin II yarısında ana dilimizin saflığı uğrunda və əlifba məsələsi ilə bağlı Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli və Ömər Faiq Nemanzadə tərəfindən aparılan mübarizəni XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və naşiri olduğu “Molla Nəsrəddin” jurnalı davam etdirmişdir.

Cəlil Məmmədquluzadə öz müsəlman-türk qardaş və bacılarını ana dilində danışmağa dəvət etmiş, qulağını bağlayanların qulağına həqiqəti söyləmiş, gözünü yumanların gözünü açmaq istəmişdir.

“Molla Nəsrəddin” jurnalına gülənləri şaqraq gülüşləri ilə ayıltmış, sözün həqiqi mənasında tərbiyə etmişdir. Cəlil Məmmədquluzadə müsəlman-türk dünyasına “Molla Nəsrəddin” jurnalı vasitəsilə “Sizi deyib gəlmişəm” deyirdi və bunun açıqlamasını da belə bəyan edirdi: “Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza. Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində layla deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz”. Hərdənbir ana dilini danışmaqda keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?!”.

Məhz müsəlman-türk dünyasının ağrı və acısını C.Məmmədquluzadə daha dərindən duyur və dərk edirdi. O, türk-müsəlman dünyasının nə ilə nəfəs aldığını da çoxlarından qat-qat artıq bilirdi və görürdü. Axı o, müsəlman-türk dünyasını yazdığı “Lisan bəlası” ilə ayıltmaq istəyirdi: “Ey dil, dəxi dinmə və sükut et, səni tarı, Lal ol və danışma! Sal başını aşağa və heç baxma yuxarı, Mal ol danışma!”. Axı o, müsəlman-türk xalqlarının problemlərinə biganə qalmırdı. Müsəlman-türk xalqlarının hər birini düşündürmək istəyirdi. Onların hər birinə bir ziyalı kimi canı yanırdı. O, “Ana dili” felyetonunda dediyindən artıq nə deməliydi?! “Ana dili” felyetonunda yazırdı: “Tatarlar ana dilində yazdığı qəzetləri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür”.

XX əsrin əvvəllərində Azərbaycanda və bütün türk dünyasında əlifba hərəkatı (əlifbanın islah edilməsi) geniş vüsət almışdı. Məhz bu məqsədlə qurulan “Yeni Əlifba Komitəsi”nin 1924-cü ildə yaratdığı heyətdə C.Məmmədquluzadə də vardı. Əlbəttə, böyük ədibin burada olması heç də təsadüfi deyildi. 1924-cü il sentyabr ayının 7-də bu heyət Bakıdan Krım-Türküstan (Krıma, türk ellərinə) ellərinə səfər edir. Bu səfər haqqında Xalid Səid Xocayev “Yeni əlifba yollarında əski xatirə və duyğularım” kitabında geniş yazmışdı. Bəli, C.Məmmədquluzadə bu heyətə təsadüfi düşməmişdi. O, ərəb əlifbasının qarışıqlığını (çətinliyini) görən və qəbul edən yazıçı-publisist, ədib və böyük bir mətbu orqanın redaktoru idi. Eyni zamanda bu səfərə qədər 25 illik redaktorluq təcrübəsi olmaqla dil, əlifba, yazı, mədəniyyət və s. məsələlərlə müntəzəm məşğul olmuş, millətin tərəqqisi üçün əlindən gələni əsirgəməmişdir. Əlbəttə, belə bir ədibin “Yeni Əlifba Komitəsi”nin yaratdığı heyətin tərkibində Krım-Türküstan ellərinə səfər etməsini “Komitə”nin müsəlman-türk dünyasının problemlərini bilən bir ədibə, publisistə, redaktora, ziyalıya olan ehtiyacı kimi dəyərləndirməliyik. Həqiqətən də, “Yeni Əlifba Komitəsi”nin Krım-Türküstan ellərində həll edəcəyi məsələləri (xüsusilə latın qrafikalı yeni əlifba məsələsini) C.Məmmədquluzadə qədər dərindən bilən və onun praktik həlli istiqamətində iş görə bilən, fəallıq göstərən şəxslər çox az idi. Təkcə Azərbaycanda deyil, digər türk ellərində də Cəlil Məmmədquluzadə kimi ədiblər barmaqla sayılacaq qədər idi.

Mirzə Cəlil xalqın maariflənməsi uğrunda illərlə apardığı mübarizə ilə elmə, təhsilə, mədəniyyətə və tərəqqiyə böyük dəyər verməsi ilə tanınmışdı. “Yeni Əlifba Komitəsi”nin də məhz C.Məmmədquluzadə kimi təhsilli, bilikli, dünyagörüşlü və uzaqgörən, xalqın dərdini anlayan, problemin kökünü dərk edən bir xalq ziyalısına ehtiyacı vardı. Cəlil Məmmədquluzadə kamilliyi elə bir zirvəyə yüksəldi ki, o, millətin taleyi ilə bağlı bütün problemlərin həllinə öncülük etməyə başladı.

Dil, əlifba məsələsinə gəldikdə isə C.Məmmədquluzadə kimi bu məsələni tutarlı və dəqiq izah edən yox idi. Cəlil Məmmədquluzadə bu problemin həlli yollarını bir çox ziyalılardan fərqli olaraq xalqın arı, duru dilində səsləndirirdi. Ona görə də əlifba islahatı tərəfdarlarının çoxundan fərqli olaraq Cəlil Məmmədquluzadənin mövqeyi, fikri kütləyə daha tez çatırdı. Onun anlaşıqlı və asan üslubu ilə kütləni daha tez ayıltmaq olurdu. Dil, əlifba məsələlərinə həsr etdiyi felyetonlarda işlətdiyi aydın və sadə üslub mətləbini açıq şəkildə ortaya qoyurdu.

“Yeni Əlifba Komitəsi”nin əsas məqsədi müsəlman-türk dünyasının vahid əlifba (ortaq əlifba – E.İ.) ətrafında birləşməsinə, vahid əlifbadan istifadə etməsinə nail olmaq idi. Komitə bu birliyi müsəlman-türk dünyasının inkişafı üçün mühüm amillərdən hesab edirdi. Vahid əqidə, məfkurə ətrafında birləşmək C.Məmmədquluzadənin də amalıydı. Ona görə də Komitənin mövqeyi ilə C.Məmmədquluzadənin mövqeyi üst-üstə düşürdü. Digər tərəfdən də C.Məmmədquluzadə bu ziyalı mövqeyini “Yeni Əlifba Komitəsi”nin yaranmasından çox-çox əvvəl ortaya qoymuşdu. C.Məmmədquluzadə hesab edirdi ki, yazmaq, oxumaq, təlim və tərbiyə işləri doğma ana dilində aparılmalıdır. Onların milli maraqları üzərində qurulmalıdır. Bir az dərindən yanaşsaq, görürük ki, “Yeni Əlifba Komitəsi”nin əsas məramı, məqsədi bir mənada C.Məmmədquluzadənin əqidəsindən ilham alırdı.

Cəlil Məmmədquluzadə “Təzə təlim kitabı” felyetonunda yazırdı: “Məlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar lazımdır. Bu səbəbdən millət, vətən adına bir qulluq eləmək niyyəti ilə yoldaşlarım “Mozolan”, “Hop-hop”, “Lağlağı” və “Hərdəmxəyal”la himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük”. (“Molla Nəsrəddin”, 9 iyun və 23 iyun 1906, №10 və 12).

Cəlil Məmmədquluzadənin təhsillə bağlı mövqeyi 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda türkoloqların təlim və təhsillə bağlı qəbul etdikləri qərarlardan qabağa gedir. Bakıda keçirilən Birinci Türkoloji Qurultayda əlifba, imla-orfoqrafiya problemi, tədris-metodika və ümumi terminologiya məsələləri də geniş müzakirə obyekti olmuşdur. Halbuki bu məsələlər qurultaya qədər nəsr və dramaturgiya sahəsində əvəzsiz əsərlərlə təmsil olunan Mirzə Cəlil yaradıcılığının ana xəttini təşkil edirdi.

Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”in üslubuna uyğun şəkildə ərəb, fars kəlmələrinin türk dillərində geniş işlənməsinin (və ya “meydan sulaması”nın) səbəblərini açıqlayır, həm də onun həllinin vacib olduğunu oxucu kütləsinə çatdırırdı. Məhz Cəlil Məmmədquluzadə belə bir maarifləndirici yolu tutaraq türkoloji düşüncənin formalaşmasında və inkişafında vətəndaş-ziyalı mövqeyini ortalığa qoyurdu. Təhsil, maarif sahəsində irəli getmək üçün əlifbanın böyük önəm daşıdığını əhəmiyyətli bir iş sayırdı. Mirzə Cəlil “Yeni Əlifba Komitəsi” və Türkoloji Qurultaydan xeyli əvvəl əlifba məsələsini XX əsrin əvvəllərində müzakirə obyektinə çevirmişdi. Əslində, Cəlil Məmmədquluzadə “Yeni Əlifba Komitəsi”nin üzvlərini, fəallarını əlifba məsələsində də hərəkətə gətirmiş, yardımçı rol oynamışdır. O, XX əsrin əvvəllərində bu məsələni dəfələrlə felyetonlarında müzakirə obyektinə çevirmişdir.

Cəlil Məmmədquluzadə 1913-cü ildə yazdığı “Əlifba” felyetonunda əlifba ilə bağlı oxucu kütləsini maarifləndirir, onları düşünüb-daşınmağa, papaqlarını qabaqlarına qoyub fikirləşməyə çağırırdı. Ən çətin və elmi məsələləri sadə dillə başa salmaq, anlatmaq Cəlil Məmmədquluzadənin yolu, üslubu idi. Bu mənada o, “Əlifba” felyetonunda yazırdı: “Lazımdır avam camaatı başa salmaq, yoxsa birdən-birə desən ki, “bu Balkan davası bizim əlifbamızın davasıdır”, əlbəttə, bu sözlər damnan düşmə sözə bənzəyəcək; dəxi heç kəsin qulağına girməyəcək. Sözü lazımdır ehmalca demək, “pişiyim-pişiyimnən” demək. O demişkən, “söz var ki, dağa çıxardar, söz var dağdan endirər”. Yoxsa avam camaat nə sənin məqaləni oxuyar, nə də oxusa, təsdiq eləyər; qalarsan meydanda tək-tənha. Bir də səndən də savayı qəzetçi var: kimdir əlifba sözünü danışan? Sözün var, – söz de! Davadan yazırsan, topdan-tüfəngdən danış; Balkan hara, əlifba hara? Bəlkə eşitmiş olarsınız, Albaniya tayfasını ki, osmanlılar arnavud deyirlər, – bunlar həmin millətdirlər ki, miqdarı ikicə milyon ola-ola yapışıb osmanlıların yaxasından və deyir ki, “gərək izn verəsən biz ərəb hürufatı (əlifbası) əvəzinə latın hürufatı qəbul edək, ya da ki, xəncəri əldən yerə qoymayacağıq”.

Cəlil Məmmədquluzadə bu cür uzaqdan başlamaqla əsas hədəfə doğru gəlməyi bir üslub kimi seçmişdir. Əlbəttə, onun əsas hədəfi türk xalqlarının ortaq bir əlifbadan istifadə etməsi məsələsi idi. O, bu əlifbanın çətinliklərini başa düşdüyü üçün onun yeni əlifba ilə əvəz edilməsini istəyirdi. Ancaq sözə bir az uzaqdan – arnavudların tələbindən misal çəkərək başlayırdı.

Cəlil Məmmədquluzadə “Əlifba” felyetonunun növbəti sətirlərində yazırdı: “Budur mənim sözüm, əzizim ta niyə atılıb-düşürsən: ya gərək tarixə belin bağlı ola, ya da ki, yeri-göyü yox yerdən xəlq eləyən bir Allaha ki, arnaud kimi bir bic milləti yaradıb, ötürüb bu dilsiz-ağızsız Osmanlının üstünə; deyir ki, mənə azadlıq ver, məni idarə eləməyə sənin ləyaqətin yoxdur, sənin şalvarın gendir, nə bilim zehnin dardır, özün kobudsan, mənə dil lazım, mətbuat lazımdır, yoxsa bu ərəb heroqlifləri bizi bir yana çıxartmaz, bu hürufata biz layiq deyilik; buna layiqdir müqəddəs ərəblər, farslar, naxçıvanlılar, kitaylılar, yəcuclar. Pəh, pəh, pəh! Sözə bax sən, Allah! Dilin lal olsun söz danışan! Axırda da nə bilim həştad neçə il bundan qabaq Osmanlının bir Rəşid paşası gedib arnaudların qanlarını sel kimi axıtdı, anlarını ağlatdı, amma arnaudlar əl çəkmədilər və axırı o yerə yetirdilər ki, indiki Rəşid paşa Londonda yalvarıb-yaxarır ki, hər kəs nə istəyir götürsün, barı İstanbula dəyməsinlər. Əgər sən müsəlmansan, gərək etiqadın ona ola ki, Allah-Taala qadirdir və sükutda durmaqdan savayı özgə bir təklifimiz yoxdur”. (“Molla Nəsrəddin”, 13 yanvar 1913, №1).

Əlifba ilə bağlı əsl həqiqəti daha necə deyəsən? Hər halda mümkün olanı C.Məmmədquluzadə deyirdi və onun dedikləri, yazdıqları türkoloji düşüncənin formalaşmasında və inkişafında qaynaq, mənbə rolunu oynayırdı. Bu da əsas verir deyək ki, C.Məmmədquluzadə türkoloji düşüncənin formalaşmasına və inkişafına əvəzsiz xidmət göstərmişdir. Onun xidməti avam kütləyə maariflənməyi, təhsil almağı, doğma ana dilində yazı savadına yiyələnməyi başa salmaqdan ibarət idi. Milli mənliyi, kimliyi, hansı dinə xidmət etməsi, hansı vətənin, məmləkətin övladı olmasını anlatmaq idi. O bunu bacarırdı və hətta avam kütləni də düşünməyə məcbur edirdi.

Cəlil Məmmədquluzadə 1914-cü ildə “Dili tutulub” felyetonunda yazırdı: “Budur ki, rus məktəbində oxuyub qurtaran cavanlarımız axırda oxuyub-yazmaq bilmirlər; çünki hər bir insanın xəlq olub sonra ölməyi də bu qanun üzrə əmələ gəlir: görürsən ki, bir şəxs yaşayır, yaşayır axırda əcəli tamam olur. Mərəz də bir bəhanədir. Həmin mərəz məsələsini oxşatmaq olar cənab Zəkəriyya kimi ayı beş manatlıq bir müəllimə ki, Allah tərəfindən təyin olunubdur əcəli tamam olan şəxs ana dili öyrətsin. Əcəli müəllim ayda beş manatdıq dərsini deyəndən sonra görür ki, naxoşun dili tutulub. Həmin bu fəqərə əcəlin tamam olmağının əlamətidir ki, ərəbcə buna deyirlər ki, “fatihə”. Necə ki, insan ölüb torpaq olur, bu torpaqdan ot, meyvə və çörək bitir və insanlar yeyir və insanlardan yenə dübarə övlad törəyir və yenə ölür və yenə dirilir və belə-belə yenə min-min illər keçir və yenə əflak dolanır, habelə Göyçayda, Tiflisdə, Bakıda oxunan dilimiz. Əcəl ki, tamam oldu, millətin dili yox olur; yəni tutulur. Nə eybi var, müsəlman olmasın, rus olsun, firəng olsun, axırda yenə hamı öləcək və bunların yerinə təzə millətlər dünyaya gələcəklər. “. (“Molla Nəsrəddin”, 12 may 1914, №17).

Cəlil Məmmədquluzadə dəfələrlə əlifba məsələsini təhlil, müzakirə obyektinə çevirmişdir. “Yeni Əlifba Komitəsi”nin Krım-Türküstan ellərinə səfərindən beş ay qabaq “Təzə əlifba” adlı felyetonunda bir daha öz mövqeyini ortaya qoyurdu. Bu məqalə də bir daha təsdiq edir ki, Cəlil Məmmədquluzadə “Yeni Əlifba Komitəsi” əməli fəaliyyətə başlayana qədər öz məqalələri ilə faydalı işlər görmüşdür. Açıq şəkildə qeyd etmişdir ki, yeni əlifbanı “hazırlayan, bişirən və ortalığa çıxaran” vardır. Əlbəttə, yeni əlifbanı “bişirən” və ortaya qoyanlardan biri də Cəlil Məmmədquluzadə idi. “Təzə əlifba” felyetonunda yazırdı:

“Adam bir çanax dadlı aşı qabağına qoyub yeyəndə gərək bilə ki, bu aş harada bişib və kim bişirib. İnsafdan uzaqdı ki, qaşığı götürüb başını aşağı salasan və maçhamaç ilə yeyəsən və xalqı da şişirdəsən. Amma heç soruşmayasan ki, görəsən, bu aşı bişirən kimdi”.

Cəlil Məmmədquluzadə “Adam bir çanax dadlı aşı qabağına qoyub yeyəndə gərək bilə ki, bu aş harada bişib və kim bişirib” deyəndə “Təzə əlifba”nı da bişirib ortalığa qoyanın kimlər olduğunu, daha doğrusu, yeni əlifba uğrunda min bir əziyyətə qatlanıb, onu ərsəyə gətirənləri yada salırdı. O cümlədən o yada düşənlər içərisində onun da zəhməti əvəzsiz idi.

Cəlil Məmmədquluzadə yeni əlifba tərəfdarlarının bir vaxtlar “vətən xaini” damğası ilə damğalandığını, indi isə müştərilərinin artdığını da qeyd edirdi:

“Söhbət bu təzə latın əlifbası üstündədir. Bir vaxt var idi ki, yeni hürufatçıları az qalırdılar adam içindən qovub çıxardalar. “Budu, gəldi səfahətin kanı”. Bir vaxt var idi ki, yeni hürufatçıların adını vətən xaini qoymuşdular. Amma indi gəl, gör. Bu yeni əlifbanın üstünə indi o qədər müştəri tökülüb ki, heç bilmirsən bişirən kimdi, düşürən kimdi. Hərə əlinə bir qaşıb alıb, hücum çəkiblər bir nimçə dadlı yeni əlifba aşının üstünə”.

Cəlil Məmmədquluzadə yeni əlifbanın müştərilərinin sayı artandan sonra onu “bişirib ortaya gətirənlərə” macal verilmədiyini də istehza ilə qeyd edirdi. Həmin macal verilməyənlərdən biri də Mirzə Cəlilin özü idi. Buna işarə edirdi: “Hətta dünən küçə ilə keçərkən gördüm təzə qonaqların bir neçəsi qollarını çırmayıb, düşüblər nimçənin üstünə. Aşı bişirənlərin biri aşağıdan yuxarı elə hey haray təpirdi ki, ay nainsaflar, axır bir mənə də macal verin. Qolları çırmaqlı cavanlar heç qulaq asmırlar. Axır atalar deyiblər ki, bir nimçə ləzzətli aşı ki, qoydular qabağına, insafdan uzaqdı ki, onu yeyəndə soruşamayasan ki, bu aşı bişirən kimdi, düşürən kimdi? Bu adəti gözləməyin heç eybi yoxdur”. (“Molla Nəsrəddin”, 13 aprel 1924, №6).

Cəlil Məmmədquluzadə ərəb əlifbasını mətbuat və milli ədəbiyyatın inkişafı yolunda ən böyük maneələrdən biri hesab edirdi. Ədib ərəb əlifbasının latın əlifbası ilə əvəz olunmasının zəruriliyi haqqında Mirzə Fətəli Axundovun fikirlərini davam etdirmişdir. Ərəb əlifbası ilə yazmağın və oxumağın çox müşkül bir iş olduğunu nəzərə çatdırmışdır. Ərəb əlifbası ilə savad almağın çətinliyi haqqında C.Məmmədquluzadə belə deyirdi: “Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ki, biz yazırıq, onu oxumaq çətin bir məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım “danışmışıq” kəlməsinin on beş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq, vay bizim halımıza, vay mürəttiblərin gününə, heyif oxucularımızın gözlərinin işığına”.

Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin latın hürufatına keçməsini alqışlayırdı: “Min şükürlər olsun ki, türklər üçün maarif bə mədəniyyət yolu göstərildi, dünyada qeyri millətlərtək tərəqqi etməyə geniş bir meydan açıldı. Şükürlər olsun ki, islam aləminin qol-qanadını indiyədək səriyən iplərdən azad olduq ki, o iplərin adı ərəb hürufatı olsun”.

Böyük Azərbaycan ədibi “Molla Nəsrəddin”in yaradıcısı Cəlil Məmmədquluzadə yazırdı ki: “. bizim dilçilərimiz ədəbi, fənni akademik dili axtarınca “Molla Nəsrəddin” açıq və sadə türk dili (milli dil – E.İ.) ilə vurdu nəinki tək bircə Kürü və Arazı keçdi, bəlkə, Xəzər və Qara dəryaları da vurub Türkiyəyə və Türküstana və Gilana keçdi və uça-uça Qafqaz dağlarını aşıb, Qafqaza və Krıma və sair türk ölkələrinə keçdi və bu sözə də sübutumuz budur ki, birinci nömrəmiz türk dünyasına dağılan kimi tək bircə həftənin içində hər bir yerdən yazdığımız suallara haman aydın “Molla Nəsrəddin” dilində hədsiz cavablar idarəmizə gəlməyə başladı”.

7 aprel 1906-cı ildə ilk nömrəsi çıxan “Molla Nəsrəddin” jurnalının naşiri bu gün bütün türk dünyası üçün aktual olan problem barəsində yazırdı: “Həm tək bircə Qafqaz türkləri üçün ümumi bir dil məsələsinin həlli hələ səhldir, pəs Osmanlı türkləri, pəs Krım və Qazan tatarları, pəs Türküstan və Özbəkistan, pəs İran azərbaycanlıları? Pəs biz bunu etiraf edirik ki, əvvəl-axır türk kütlələri üçün ədəbi dilə və ümumi imlaya çox böyük ehtiyac vardır. Və etiqadımız da bundadır ki, bir belə dil gec-tez vücuda gələcəkdir”.

Böyük ədib Mirzə Cəlilin 1906-cı ildəki fikri belədir ki, gec-tez türklər üçün bir vahid ədəbi (ortaq ünsiyyət dili) dil vücuda gələcək.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.