Anamin Kitabi – Wikipedia
. Məmləkət qaynar qazana dönüb. Qazanı qarışdıran çömçələrin sayı da günbəgün artır. Bizlər buralarda serialları potensial türk vasitəsi hesab edərkən, oralarda “ulus” sözünü işlədənləri həbsxanaya salırlar. Oralarda Türk birliyi yox, xilafət haqqında düşünürlər. Yəqin yaxın zamanlarda saray dilləri ərəb-fars tərkibləri ilə dolacaq. Serialların da dili yenə dəyişəcək. (Bu yaxınlarda Oqtay Salamov öz yazısında Türkiyənin Kütləvi İnformasiya Vasitələrinə təklif eləmişdi ki, Hrant Dinkin cırıq ayaqqabılarını Topqapı sarayına qoysunlar ki, gəlib-gedən tamaşa eləsin. Bu yazıyla bağlı elektron poçtuma zırıltı bir məktub göndərmişdilər. Çox xətirlərinə dəymişdi. Deməli, özlərinə bir söz deyə bilmirlər, bizi günahkar tuturlar).
ANANIN KiTABI
– Ay hambal qardaş, bir mənə de görüm, axır adamlar niyə hərə bir yana gedir?
– Xanım, pəs, hara getsinlər?
– Necə hara getsinlər? Mən axır səndən söz soruşuram kim, niyə hamısı bir yerə getmir, niyə hərə bir tərəfə gedir? Bax, görürsən, o adamlar o tərəfə gedir, bu adamlar bu tərəfə gedir, mən bu işi başa düşmürəm. Yəqin ki, dəli olublar.
– Hərənin bir yanda işi var, hərənin evi bir tərəfdədi: biri evinə gedir, biri işinə gedir.
– Eh, mən səndən söz soruşuram, sən bilmirəm mənə nə cavab verirsən. Nə səbəbə, axır, hamı bir tərəfə getmir?
Yox, yox, bu pis işdi, vallah, pis işdi. Bir yaxşı fikir elə.
Əhvalat vaqe olur tarixi-miladinin 2009-cu ilinin başlanğıcında, Azərbaycan şəhərlərinin birində, müstəqillik əsrində.
Böyük bir otaq. Divan. Divanın qabağındakı mizin üstündə qəzetlər qalaqlanıb. İşıq yönəlir qəzetlərə tərəf. Bir əl qəzetləri götürür, səhifələyir, sonra yenidən qatlayıb qoyur yerinə. Mizin üstündə televizor pultu var. Əl pultu götürüb düyməni basır. İşıq mizin qarşısındakı televizora yönəlir. Ekranda danışan başlar görünür:
– Filankəs müəllim, siz xoş gəlmək bizim proqrama.
– Sağ olun, sizi də xoş görmək.
– Mən xoçu poblaqodarit sizin kanal, vaşeqo genialnoqo rukovoditelya.
İşıq yönəlir pulta. Əl yenə düyməni basır. Ekranda danışan başlar dəyişir:
– Filankəs müəllim, deyirlər siz verdiyiniz siyasi proqnozlar üçün, yəni Şimal qonşumuzun zəiflədiyini söyləmək üçün çox, lap çox, çox, çox uzaq ölkədən qalın zərflər göndərirlər sizə.
– Ah, əzizim, həmin zərfi kim görübsə, mən ona bağışla.
Əl pultun düyməsini basır. Ekranda bir qrup qara paltar adam deyişir:
– Fala baxmaq günahdı.
– Bizim ocaqda ilanlar heç kimə dəymir.
– Ay camaat, bunlar yalan danışır.
– Mən şər qüvvələri qovuram.
Pult yuxarı qalxır. Ekranda oxuyub-oynayanlar qarışır bir-birinə. Kadr arxasından aparıcının səsi gəlir:
– Biz bu qitənin musiqi yarışmalarında birinci onluğa düşmək üçün.
Əl əsəbi hərəkətlə pultun düyməsini basır:
– İqtisadiyyatımızın görünməmiş templərlə inkişafı.
Əl pultu qaldırır. Ekranda döyüşən TV-nin döyüşkən aparıcısı görünür:
– Səs verin, SMS göndərin. Toyumuzun kralını seçmək sizin əlinizdədir.
Pult qalxıb-enir, kanal dəyişir:
– Şahid müəllim, sizin fikrinizcə.
– Mən zatən düşüncələrimi hər zaman açıq söylədim. Yapacağımız böhrandan çıxma yollarını aramaq. Yalnız bu halda qlobal toy problemini həll etmək mümkün.
– Şahid müəllim, toydakı yeməklər.
İşıq yönəlir əlin üstünə. Bir müddət havada qalandan sonra ehmalca enir aşağı. Pultun düyməsi basılır. Ekran qaralır. İşıq düşür otağın bir tərəfindəki pəncərəyə. Əl yavaş-yavaş pərdəni çəkir, pəncərənin o tayında küçə, yolayrıcı və adamlar görünür. Döyükə-döyükə sağa-sola baxırlar.
Mənim dramaturqluğum bura qədər. Gücüm ancaq remarkalar yazmağa çatdı. Eybi yox, finalda bir sonluq da yazaram. Gör ha, Şərqdə ilk teatrı yaradan sələflərin övladı olan bizlər indi. İndi döyükə-döyükə qalmışıq. Baş bilənlərin də hərəsi bir söz deyir – çünki hərənin dəyirmanının suyu bir ayrı tərəfdən gəlir. Yaxşı, biz kimik? Dilimiz hansı dildi? Və məlum qərardan sonra TV-lərdən eşitdiklərimiz ədəbi dilin normalarına cavab verirmi? Söhbət tərcümədən, dublyajdan gedirsə, çox uzağa getməyək, elə 25 il əvvəlki nümunələrə nəzər salaq. Böyük əksəriyyəti yüksək peşəkarlıqla görülmüş işlər idi. Bu zəncirin halqalarını özümüz qırıq-qırıq elədik. Dağıtmaq çox asandı. Yenidən bir araya gətirmək isə.
Ötən əsrin 30-cu illərindən sonra bu gün danışdığımız ədəbi dil formalaşmağa başlayıb. Heç kəsin haqqını itirməyək – bu gün hərəsinə bir damğa vurduğumuz yazıçılar formalaşdırıblar bu dili. Özü də bizim ədəbi dilimiz xalqın danışıq dilindən köklü surətdə fərqlənmir. Deyək ki, neçə yüz il əvvəldən gələn bayatılar, aşıq şerləri eynən anlaşılır. Qurbaninin qoşmalarını bir də oxuyun, görün Yunus İmrədən fərqlənirmi? Və bizim bu gün danışdığımızdan fərqlənirmi? Amma üstündə dava düşən türk seriallarının dili hansı vəziyyətdədi – bərbad. 50-ci illərdə çəkilmiş türk filmlərinə baxmışam, hətta onların dili bizə daha yaxındı. Bu gün İstanbulda böyüyən gənclər həmin filmlərin dilini anlamır. Bir vaxtlar Türk Dil Qurumuna rəhbərlik edənlər bu uçurumu böyütmək üçün əməlli “zəhmət” çəkiblər. Həmin eksperimentləri indi doğma TV-lərin köməyi ilə biz aparırıq. Əvvəllər, heç olmasa, xalqın öz dilini qoruyub saxlayacağına əminlik vardı. Bu gün artıq buna da inanmaq olmur. Seriallar, cizgi filmləri kəndlərdə yaşayan uşaqların da dilini zibilləyib. Deməli, çox yaxın gələcəkdə Səməd Vurğunun saf dilini anlayanlar qalmayacaq. Çünki yazdıqları “enteresan” görünəcək. Rus dili yad dil idi, bizim dilimizə təcavüz imkanları aşağıydı, amma Anadoluda yaşayanların da çətinliklə anladığı serial dili daha qorxuludu. Çünki bizə doğma kimi sırınır.
. Məmləkət qaynar qazana dönüb. Qazanı qarışdıran çömçələrin sayı da günbəgün artır. Bizlər buralarda serialları potensial türk vasitəsi hesab edərkən, oralarda “ulus” sözünü işlədənləri həbsxanaya salırlar. Oralarda Türk birliyi yox, xilafət haqqında düşünürlər. Yəqin yaxın zamanlarda saray dilləri ərəb-fars tərkibləri ilə dolacaq. Serialların da dili yenə dəyişəcək. (Bu yaxınlarda Oqtay Salamov öz yazısında Türkiyənin Kütləvi İnformasiya Vasitələrinə təklif eləmişdi ki, Hrant Dinkin cırıq ayaqqabılarını Topqapı sarayına qoysunlar ki, gəlib-gedən tamaşa eləsin. Bu yazıyla bağlı elektron poçtuma zırıltı bir məktub göndərmişdilər. Çox xətirlərinə dəymişdi. Deməli, özlərinə bir söz deyə bilmirlər, bizi günahkar tuturlar).
Təzə dayılarımız demişkən, “durum yaş”. Öz fikrimi deyim. Televiziya Şurasının qərarını alqışlayıram. Amma hansı çərçivədə? Tərcümə vasitəsilə heç bir düyün açılmayacaq. Peşəkarları TV-lərə qaytarıb öz istehsalımızı yaratmalıyıq. Televiziya Şurası indiyə kimi hansı TV aparıcısının, jurnalistin haqqını qoruyub? Yoxsa Şura ancaq qadağalar üçündürmü? Heç bir kanalın rəhbəri öz padşahlıq iddiasından əl çəkib ümumi qaydalara tabe olmaq istəyində deyilsə, Şuranın hansı səlahiyyətləri var? Hər müctəhid din kitablarını özü bildiyi anlamda təfsir elədiyi kimi hər məmur da böyük şəxslərin dediklərini istədiyi kimi yozur. Hələ ki dava gedir, iddiaların davası. Yüz il əvvəl anamızın kitabını oxumadıq, bu gün kitabı əvəz eləyən TV-lərdə anamızın dili yoxdu. Çox balacayıq ey. Hansı tərəfdən bir arx gəlirsə qoşuluruq ona.
Kəndim, balacasan, çox balacasan.
Sənin qayğıların yuxuluq deyil,
Mənim yuxularım yuxuya sığmaz.
Elə qorxular var, qorxulu deyil,
Elə qorxular var, qorxuya sığmaz.
Kəndim, balacasan, çox balacasan.
Siyasət çayları boy verməz sənə.
Özləri bələdçi, özləri azan,
Göydələn şəhərlər hay verməz sənə.
Bu oğul səsidi! Götür dəftəri:
Danışmaq da yükdü,
Susmaq da yükdü!
Böyük dünyamızın kiçik dərdləri
Böyük dərdlərindən daha böyükdü.
“Heç belə deyil, bağışlayasınız, zakon bu sluçayları tamamən predusmatret eləyibdir. Əgər raznoreçiye elə bir sluçayda oldu ki, onu mədaxil cərgəsində olan punktlar düz gətirmədi, o vədə smetni statyaları o qədər sokratit edirlər ki, il axırında hesab düz gəlir. Amma bizim smetanın poqreşnostları o barədədir ki, biz, naprimer, təyin eləmişik aclara ildə yüz manat paylayaq, amma biz yüz manat əvəzinə paylamışıq yüz doqquz manat on dörd şahı iki qəpik”.
Yüz il əvvəl yazılsa da bu gün hansı TV-yə aid edə bilərsiz bu sözləri? Amma həmin TV-nin rəhbərinin həmin bu əsərdən, nəinki bu əsərdən, heç müəllifindən də xəbəri yoxdu. Tanımır. Ancaq nə dəxli var – əlində ideoloji silah, haranı istəyir nişan alır.
“Möhtərəm əzayi-əncümən həzrətlərinə öz ixlasımı təqdim edib, mətləbin ən ibtidasından bir şəmmə izahat verməyi fərz və qərz bilib, iltimas ediyorum, əfəndim. Arkadaşlar, şimdi həpimiz tanrımızın buyruğu ilə iştə köyümüzdə torpağa borcunu ödəməkdən qaçacaq tək bir kişi olmaz; onu hay cift sürərkən tər olaraq əlimizdən dökmüşüz, yetər! Az əvvəl alçaqca buraxıb savuşduğumuz torpaqlar yetər! Hay və ya düşmənlə savaşarkən qan olaraq damarlarımızdan axıtmışız, yetər! Akıl irməz tanrı hikmətləri ilə əvət, yarın qəddar və murdar əlləri qafalarımızı ənsəmizdən kəsərək bizi vəhşət şeytanlarına qurban edəcək, zənn ediyorum, əfəndim. Yetər, az əvvəl alçaqca buraxıb savuşduğumuz torpaqlar, yetər!”
Bu TV-nin də ünvanı məlum. Heç ordakılar da Mirzə Cəlili tanımırlar. Heç ordakılar da “Anamın kitabı”nı oxumayıblar. Nə qoyub, nə axtarıram. Zəhrabəyimin bugünkü oğulları o kitabı oxuyub ki?
Məsələ bundadır ki, indi Zəhrabəyimin ingiliscə, fransızca və daha necə danışan oğulları da var. Gülbahar indi hansı kitabları yandırsın? Bu nə boyda tonqal olmalıdır ki, onun külünün içindən bir Simurq quşu kimi yenidən qalxaq. Çox, çox uzaq ölkədən bura göndərilmiş senzorlar arxayın olsunlar – biz qardaşlar birimiz rus lüğəti yazırıq, birimiz xüsuf-küsufla məşğuluq, birimizdə də həpsi əşardı. Öz hökumətlərinə ərzi-hal etsinlər ki, biz ümənayi-dövlət yanında ən səlamət və zərərsiz bəndələr cümləsindəyik. Bizi əfv buyursunlar. Amma yazımın əvvəlində demişdim, tamaşaya bir sonluq vermək lazımdı.
Böyük bir otaq. Divan. Divanın qarşısında miz. Projektorun şüası pultu fırladan əlin üstündən ehmalca yönəlir divanda oturan adamın üzünə. Divanda oturan qadındı. Yan otaqlardan səslər gəlir. Qadın üzünü sağa çevirir: “Ergenekon operasyonunda son durumla bağlı flaş-haber”. Qadın üzünü sola çevirir: “Qazprom udovletvoril prosbu. ” Ekran sönüb. Qadın əlindəki pultu mizin üstünə qoyur və qarşısındakı kitabı açıb oxuyur.
Anamin Kitabi – Wikipedia
Əsər ilk dəfə 15 yanvar 1923-cü ildə Bakıda, Dadaş Bünyadzadə adına Dram Teatrında tamaşaya (rej. A.Şərifzadə, Səməd Vahid – K.Ziya, Məmmədəli – İ.Talıblı, Gülbahar – Y.Olenskaya) qoyulmuşdur. [1] [2]
Mündəricat
- 1 Əsərin təhlili
- 2 İstinadlar
- 3 Mənbə
- 4 Həmçinin bax
- 5 Xarici keçidlər
Əsərin təhlili
İyirminci yüzilliyin əvvəllərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət vətənpərvər yazıçını dərindən düşündürürdü. “Xalqın və ölkənin qarşılaşdığı problemləri necə həll etmək olar? Çıxış yolu nədədir?” qəbildən suallara Cəlil Məmmədquluzadə həm publisistik, həm də bədii əsərlərində cavab verməyə çalışır, müasirlərinin diqqətini taleyüklü məsələlərə cəlb edirdi. “Anamın kitabı”nda (1920) məhz belə bir ziddiyyətli dövrün problemləri təsvir edilmişdir.İdeyaca zəngin olan “Anamın kitabı” tragikomediyası bədii həlli verilən problemlərin çoxluğu ilə də fərqlənir : xalqa yadlaşmış ziyalıların məslək ayrılığı, soykökündən uzaqlaşmağın acınacaqlı nəticələri, milli müstəqillik və milli birliyin vacib olması və s. Qardaşların yaşadıqları evdə baş verənlər, cəmiyyəti-xeyriyyənin iclasındakı danışıqlar, eləcə də digər təsvirlər əsərdə qaldırılmış problemləri hərtərəfli əks etdirir. Təhsil aldıqları ölkələrin düşüncə,davranış tərzini, dilini mənimsəyən qardaşlar nəinki vətənləri, həm də doğma adamları və bir-biri üçün yad adama çevrilmişlər.
Qardaşların düşüncəsinə hakim kəsilən yad əqidə onlar üçün milli birlik və vətənpərvərlik anlayışının üstündən qələm çəkmişdir.Yüz illər boyu yaşadılan, bütün dövr və zamanlarda qorunub saxlanan bir çox milli-mənəvi dəyərlərə etinasız münasibət əsərdə kəskin tənqid edilmişdir. Məsələn, milli-mənəvi dəyərlərdən üz çevirməyin ailə münasibətlərində doğurduğu acı nəticələr əsərdə daha qabarıq əks etdirilmişdir. Milli-mənəvi dəyərlərə laqeydliyin yaratdığı fəsadları tragikomediyanın bütün epizodlarında ardıcıl müşahidə etmək mümkündür. “Məsləkayrı qardaş”ların – Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahidin obrazlarının yaradılmasına isə yazıçı xüsusi diqqət yetirmişdir. Bu, əsərin ideyasının bütün incəliklərinə qədər aydın başa düşülməsi niyyətindən irəli gəlmişdir. Qardaşlar vətənsevər ataları Əbdüləzim bəyin arzusuna uyğun olaraq, ali təhsil almışlar. Böyük qardaş Rüstəm bəy Rusiyada, ortancıl qardaş Mirzə Məhəmmədəli İranda, kiçik qardaş Səməd Vahid isə Türkiyədə oxumuşdur. Lakin qardaşlar vətənlərinə fayda verə bilən elm-bilik sahibi, kamil mütəxəssis kimi qayıtmamışlar. Onların hər biri doğma yurdlarına təhsil aldıqları ölkənin mənafeyinə uyğun əqidə ilə dönmüşlər. Bu, qardaşlar üçün ortaq cəhətdir.Yad ölkələrin dili və əqidəsinə üstünlük vermələri və həmin istiqamətdə fəaliyyət göstərmələri bir ailənin övladlarını ayrı salmışdır. Senzor Mirzə Cəfərin müstəqil Azərbaycan hökuməti ideyası ilə bağlı çar hakimiyyətinin narahatlığını ifadə edən sözləri ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyət, həlli vacib olan məsələlər barədə aydın təsəvvür yaradır. Belə bir dövrdə qardaşların çürük əqidə ilə yaşaması, mənasız “fəaliyyəti” acı təəssüf hissi oyadır. [3]
İstinadlar
- ↑ 123Cəlil, 2004. səh. 653
- ↑ 12“Anamın kitabı” ( (az.) ) . calilbook.musigi-dunya.az. 2014-12-17 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-12-17 .
- ↑İsa Həbibbəyli.Ümumtəhsil məktəblərinin 11 ci sinfi üçün ədəbiyyat fənni üzrə dərslik (PDF) . Bakı. 2018. səh. 24-25.
SON DƏQİQƏ
“Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin parçaları olan kimi bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamil-həyat əziyyət edəcək: nə qədər canında nəfəs var peşiman olacaq”- Cəlil Məmmədquluzadənin məşhur “Anamın kitabı” əsərindən olan bu sözlərini bir xalq müdriki, el ağsaqqalının qızıl sözləri, vəsiyyəti kimi qəbul etmək olar. “Anamın kitabı” Cəlil Məmmədquluzadə yaradıcılığının sonu olmasa da, ideoloji konsepsiyası cəhətdən onun yetkin qənaəti hesab etmək olar. Təsadüfi deyil ki, Mirzə Cəlilin çox görkəmli tədqiqatçıları bu əsəri olduqca yüksək dəyərləndirirdilər. “Ağsaqqal nəsillərin davamçısı” (Mirzə Cəlil aşiqi və hamisi də demək yerinə düşər!) akаdemik İsa Həbibbəyli bu əsər haqqında yazırdı: “Anamın kitabı” – Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi Anasıdır. . C.Məmmmədquluzadənin “Anamın kitabı” əsəri . milli-mənəvi özünüdərk, Vətənçilik, milli birlik və müstəqillik dərsliyidir. “Anamın kitabı” – Azərbaycanın . tale kitabıdır, milli ədəbiyyatımızın ən mükəmməl Azərbaycannaməsidir”.
Böyük realist sənətkar Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri milli istiqlal, dövtətçilik, müstəqillik ideallarını özündə əks etdirən çox qiymətli bədii məxəzdir. Bu əsər, fikrimizcə, başdan-başa simvollar əsəridir. Bu pyes əsl Azərbaycannamədir, azərbaycançılıq ideyalarının mənbəyidir. Əsərdə görkəmli ədib böyük məharətlə Azərbaycan xalqının taleyi məsələsini bir ailənin timsalında ümumiləşdirmiş, dərin həssaslıqla ifadə etmişdir. Professor Mir Cəlalın dediyi kimi, pak, saf ürəkli mehriban ana Zəhrabəyim vətəni təmsil edir. “Anamın kitabı” əsərində təsvir olunan sadə xalq nümayəndələri isə, fikrimizcə, Azərbaycanın xalqının taleyi və mənafeyi ideyasını ifadə edirlər. Bu əsər öz ideyası etibarilə ədibin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində yazdığı “Azərbaycan” məqaləsi ilə yaxından səsləşir və onun davamı kimi görünür. Lakin məqalədə ədib Azərbaycan xalqını bütün el birliyi ilə həmrəy olub cümhuriyyət – azad, müstəqil Azərbaycan yaradılmasına səsləyirsə, artıq bu əsərdə yaranmış Cümhuriyyətin süqutu və çöküşü səbəblərini ürək yanğısı ilə təsvir edir.
Əsərdə ciddi milli-ictimai məzmun ifadə edən səhnələrdən biri məhz acların ağlaya-ağlaya Cəmiyyəti-xeyriyyənin iclasına daxil olmaları səhnəsidir. Aclar ağlaya-ağlaya cəmiyyəti-xeyriyyənin iclasına daxil olub kömək istəyərkən çobanlar – Qurban, Zaman, Qənbər (adların özündə belə rəmz var. Fikrimizcə Qurban Vətənin varlığı və azadlığı yolunda özünü mübarizəyə atıb fədakarlıq etmənin, özünü vətənə və millətə həsr etmənin, hər şeyilə vətənə aid olmanın, Zaman leksik-semantik mənasına uyğun olaraq fəlsəfi-tarixi vaxtın, zamanın, Qənbər isə məna etibarilə özündə vətənin, millətin, xalqın ruhunu, tarixini, yaddaşını hifz eləyib daşlaşdıran vətəndaşlığın simvoludur – R.Q.) “beşikdə yad millətlərin südünü əmmiş”, “vətənimizdən yadırğamış”, “millətimizin ruhundan xəbərsiz olan” “obrazovannı bir para millət başçılarımız”dan fərqli olaraq aclarla rəmzləşmiş müdafiəsiz və başsız millətə isti qayğıkeş münasibət və diqqət göstərirlər. Xalqın ən səciyyəvi əxlaqi-mənəvi keyfiyyətləri – qayğıkeşlik, məsuliyyət, sadəlik, sevgi, yanğı onlarda cəmlənib. Gününü dağda-daşda keçirən bu insanlar Vətənin sərhədlərinə əllərinin içi kimi bələddirlər. Onlar qarda-yağışda, istidə-soyuqda öz sürüsünün aclığı-toxluğu qayğısına qalır, ac və köməksiz xalq üçün əzaba və çətinliklərə qatlaşmaq, qabaqlarında yüz-yüz əlli qoyun, hamısına da bircə-bircə diqqət və qayğı ayırmaq, hər birinin qurddan-quşdan təhlükəsizliyini gözləmək, öz təbəələrinə əsl humanist, qayğıkeş münasibət göstərmək nümunəsini ifadə edirlər. Onlar bu vətənin pak və təmiz bulaq sularını, bu torpağın ruhunu canlarına, qanlarına hopdurublar. Sürüdən bir itki onları sarsıdır. Hər hansı bir qoyuna bir dərd gələndə hamısı səfərbər olub onun qayğısını çəkirlər. Hər hansı birini canavar aparanda, yainki yoxa çıxanda ondan dərhal xəbər tuturlar. Ancaq “obrazovannı” millət başçılarının xalqın günündən, güzəranından xəbərsizdirlər. Gözləri qarşısında sızım-sızım sızıldayan ac, zavallı insanlara acımırlar da. Ancaq çobanlar dərhal onlara əllərində olanları verib doyurmaqla dərdlərinə çarə olurlar. Bu cəhətdən bütün müsbət milli potensial və perspektivlər çobanlarda toplanıb.
Qənbərin, Zamanın, Qurbanın və onlar kimi sadə xalq adamlarının danışığı, əməli, dərdə-oda əlacları el adətincə, el təbirincə, el qaydasıncadır. Onların qoyunların yarasına sürtdüyü ”nöyüt” “mədəni” dərmanlardan çox-çox təsirli və yararlıdır. (Fikrimizcə, neftlə qoyunların yarasına əlac eləmək milli sərvətimizi milli mаrаqlаr üçün istifаdə fikrini ifadə edir.) Hələ onların qoyunlara qoyduqları adlar – qumral qaragöz, qara kərə, qumral kərə, bənöyüt kərə, ağ qaraüz və s. “obrazovannıların” danışıq ədasına və “yad terminologiyasına” qarşı ən tutarlı milli təbirdir.
Bizə elə gəlir ki, Mirzə Cəlil sürü ilə xalqı, təbəəni, çoban ilə başçını, rəhbəri (və onlar arasındakı münasibətləri) göstərmək istəmişdir. Çobanların sürü ilə təmasında əsl dövlət və hakimiyyət mexanizmi, idarəçilik qaydaları özünü göstərir: “Qənbər: Xanımcan, bax, məsələn, Qurban gedir durur qoyunların bir tərəfində, Zaman da gedir durur bir tərəfində ki, qoyunlar dağılmasın. Alıram ağac əlimə (Qurbanın əlindən çomağı alır) və başlayıram qoyunları yoxlamağa: qara kərə, tayın görmək gərək, qumral kərə tayın görmək gərək, sarı kürə tayın görmək gərək. boz qumral kərə, hanı boz qumral kərə? Ədə Qurban, hanı boz qumral kərə? Ədə Zaman, yoxdu boz qumral kərə. Zaman, Qurban, Salman, boz qumral kərə yoxdu. (Bayatı havası ilə oxuyur.) Çal kərə, maral kərə, hardasan boz qumral kərə. ey vay, ey. ”. Buna milli-ictimai birliyin, həmrəyliyin ideya əsası demək olar. Bu birlikdən birinin yoxluğu “elə bir dərddir ki, elə bil külfətdən bir övlad yox olub”. Burda insanlara sosial statusuna görə hörmət, diqqət və qayğı göstərilmir, insanlıq meyarına, bir–birilə var olmaq meyarına görə hörmət, qayğı və diqqət vardır. Bunlardan biri yoxdursa, birimiz yoxdur deməkdir, məsələ insanın nəyə malik olduğunda, nəçi olmasında deyil, onun birliyin tərkibində yaşamasındadır. “Çünki söz bir qoyunun qiymətində deyil ki, üç ya beş manatdı. Amma deyəndə ki, boz qumral kərə yoxdu, elə bilirik boz qumral kərə bizim qardaşımız idi, yainki bir əziz yoldaşımız idi”. Bu baxımdan akademik İsa Həbibbəyli yazırdı: “C.Məmmədquluzadə xalq, milli birlik, vətən motivlərini “Anamın kitabı” əsərindəki Zəhrabəyim ana, Gülbahar və habelə, Qənbər, Qurban, Zaman obrazları vasitəsi ilə çatdırmağa çalışmışdır. Əsərdəki çoban surətləri milli mənəviyyatın, xalq adət-ənənlərinin, doğma torpağa bağlılığın həqiqi yaradıcısı kimi çıxış edirlər. Cəlil Məmmədquluzadənin Gülbahar obrazı Azərbaycan ədəbiyyatında Vətən, millət və istiqlal amalının dramatik üvertürasıdır”. Bizcə, bunları da əlavə etmək olar ki, müəllifin bu simvolik obrazlar ansamblında Zəhrabəyim ana Vətən, qız Gülbahar vətənin taleyi, qardaşlar Rüstəm bəy, Səməd Vahid, Mirzə Məhəmmədəli millət başçılarını (partiyaları), çobanlar – Zaman, Qurban, Qənbər isə xalqı və milləti simvolizə edirlər.
Təmiz ana dilinin də yalnız onların nitqlərində təzahür etməsi sadə xalqı milli inkişafın təmayülü kimi ideallaşdırır.
“Aslan bəy: . qoyunun yarasını siz dezinfeksiya (?) eləyirsinizmi?
Qənbər: Qanmadıq həkim ağa.
. Aslan bəy: . qoyun yaralananda onun temperaturasını (?) ölçürsünüzmü?
Qənbər: Qanmadıq həkim ağa” .
Buna görə də “obrazovannı” qardaşlara hamıdan bir köynək daha yaxın olan dos-doğma bacıları Gülbahar: “Qardaşlarım, sözün doğrusu budur ki, çobanların danışdığından savayı mən bir söz başa düşmədim ”- deməklə onların “dillərinə” də qiymət vermiş olur. “Ana dili qəlblərə dəvadır. Ana dili ana ruhudur, dərdlərə çarədir” fikrini Zəhrabəyim xəstələnib yerə yıxılanda Gülbahar onu doğma övladların yad dilləri ilə deyil, yad çobanların doğma, ruh oxşayan dillərilə dərdinə dəva etməklə ifadə edir. Aydın ifadəsini tapmışdır ki, xalqın ziyalısı ilə xalqın sadəsi bir küllün müxtəlif zərrələri olmalarına baxmayaraq bir-birilərini başa düşmürlər və aralarında ictimai uçurum, özgəlik vardır. Müəllif çobanların “çoban-çoluq dili” hesab edilən dillərini ana Zəhrabəyimin, onun timsalında vətənin dərdinə dərman görür. Onların danışdığı dildə ananın kefi, halı, ruhu köklənib, buna görə də bu dil onun kefini açmağa, dərdini dağıtmağa qadirdir:
“Gülbahar: . Qənbər, bir az danış anamın kefi açılsın.
Zəhrabəyim (Qənbərə): Qənbər, bir az danış , danış. Nə olar danış qulaq asaq”.
Qəribədir ki, başqalarının bir-birini başa düşməsi, dil tapması üçün lüğət hazırlayan Rüstəm bəy özü öz atadan-anadan bir dos-doğma qardaşları ilə dil tapa, bir-birini başa düşə bilmir.Yerə-göyə xüsuf-küsuf duası yazıb onları fəlakətdən xilas etmək istəyən Mirzə Məhəmmədəli öz qardaşları ilə bir olmağa, doğma ailəni dağılmaqdan xilas etməyə gücü yetəcək bir dua “yazmağı” bacarmır. Elmi-qafiyə dərsi ilə sözlərin bir-birinə poetik uyğunlaşmasını öyrədən Səməd Vahid özü qardaşları ilə bir ailə doğmalığı ilə uyğunlaşa, birliyə uya bilmir, bir ailənin qayda-qanunları, qan bağı çərçivəsində çuğlaşa, bir-birilərinə yaxınlaşa bilmir. Əsərdə Rüstəm bəyin özü də anası Zəhrabəyimə müraciətlə dediyi kimi: “. nə qədər ki mən bu kitablara etiqad eliyirəm, Məhəmmədəli də bu kitablara və Səməd Vahid də bu kitablara etiqad eliyirlər dəxi biz nə təhər . mehriban yola gedə bilərik?” Etiqad ayrılığından bir-birinə sözü xoş gəlməyən qardaşları vahid bir məxrəcə gətirmək üçün yeganə bir kitab (ideya, qanun) qalır: “ Qaldı bircə kitab! Bu da anamın kitabı!” Bu, Vətən kitabıdır, vətən naminə birləşmənin qanunu kitabıdır. Professor Mir Cəlalın da dediyi kimi, “60 yaşlı Zəhrabəyim və onun kitabı böyük ədibin əsərində Vətən kitabıdır. Bu elə bir kitabdır ki, bütün balaların, vətən övladının adı burada yazılmışdır”. Məhz bu kitab xilası, nicatın yolunu göstərən kitabdır. Yalnız bu kitaba etiqadla ittihada gəlmək mümkündür. Bu kitab o kitabdır ki, buyurur: “Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin parçaları olan kimi bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamil-həyat əziyyət edəcək: nə qədər canında nəfəs var peşiman olacaq”. Vətən öz taleyinin müqəddəratını “Anamın kitabı” əsasında həll etməyi tələb edir. “Budur kitab, budur elm!” Budur vətəndaşlığın düsturu, aksiomu, azərbaycançılığın qanunu, azərbaycanlılığın kəlmeyi-şəhadəti, Vətən adlı Allah yolunda namazın sözləri. Fiziki varlıqlarda molekul nüvə, elektron və protonlardan ibarət olub bir-birini cəzblə var olduqları kimi, Allaha bəndələr daim ehtiyac duyub ona can atdıqları kimi, qalaktika Günəş ətrafında planetlərin cəzbetmə qanunları əsasında hərəkət edib mövcud olduğu kimi “Anamın kitabı”nda da vətəndaşlar vətəndə dövlət qurub onun keşiyində ayıq-sayıq durmaqla var olmaq qanununu ifadə edir. Mirzə Cəlilin öz vətəndaşlarına öyrətmək istədiyi qanun budur.
Burdа diqqəti çəkən məsələlərdən biri də аnаnın kitаbı, аtаnın vəsiyyətnаməsi оlаn kitаbın özü və üslubudur. Fikrimizcə, ədib bu vəsiyyətnаmənin üslubunu müqəddəs “Qurаni-Kərim”in üslubunа uyğunlаşdırmışdır. Düşünürük ki, bunu məqsədli еdən ədib хаlq, kütlə аrаsındа “Qurаn”а оlаn hədsiz inаmı nəzərə аlаrаq öz “Аtаnın kitаbı”ndа dа (bu, əslində, аtаnın yаzdığı, аncаq аnаnın sахlаdığı kitаb оlduğu üçün bеlə аdlаndırılıb – R.Q.) bu üslubu, diktə fоrmаsını əsаs götürmüşdür. Diqqət еdilsə, аtаnın vəsiyyətnаməsində işlənən “Vay o kəsin halına ki … Mən etiqad edirəm ki…” kimi ifаdə fоrmаlаrı еynən tеz-tеz “Qurаni-Kərim”də və müsəlmançılığın şəhadətində işlənir və аpаrıcı mürаciət üslubunu təşkil еdir. Vəsiyyətnаmədəki yığcаmlıq, məzmunluluq, diqtə, təntənə, əzəmət və s. еlə “Qurаni-Kərim”də də аpаrıcılıq təşkil еdir. Vəsiyətnаmədəki “Mən etiqad edirəm ki…” bаşlıqlı mətn islаmın “Mən şəhаdət еdirəm ki. ” bаşlıqlı kəlmеyi-şəhаdətini хаtırlаdır və bu mənаdа Mirzə Cəlil bu yığcаm, üslubcа zəngin kiçik mətnlə Аzərbаycаnçılığın kəlmеyi-şəhаdətini yаzmışdır. Bundаn bаşqа, fikrimizcə, C.Məmmədquluzadə yeganə sənətkarlardandır ki, ayı və ulduzu atanın yadigar qoyduğu “Anamın kitabı”nda təsvir etməklə Azərbaycan Хаlq Cümhuriyyətinin bayrağına işarə etmiş, bu əsəri ilə sаnki ilk müstəqil Аzərbаycаn dövlətinin süqutuna “аğı” dеmiş, оnа оlаn rəğbətini bildirmiş, üç qаrdаşın bаrışmаz münаsibətlərinin timsalında оnun süqutu səbəblərini əks еtdirmişdir.
Bütün bu kimi xüsusiyyətlərinə görə Cəlil Məmmədquluzadə yaradıcılığı milli oyanış və istiqlal düşüncəsinə xidmət edən, düşünən və düşündürən bir ədəbiyyatdır. Mənsub olduğu xalqın milli oyanışı, maariflənməsi və istiqlal düşüncəsinin formalaşmasında misilsiz xidmətlər göstərdiyi üçündür ki, görkəmli söz ustadı, yazıçı, dramaturq, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamış və Sərəncamda da deyildiyi kimi: “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. . Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Comments are closed, but trackbacks and pingbacks are open.