Press "Enter" to skip to content

Cəlil məmmədquluzadə yaradıcıllığı

Onu ədəbiyyat, incəsənət və mətbuata bağlayan digər mühüm amil vətənin, xüsusilə Naxçıvanın ziyalılar mühiti idi.

Cəlil məmmədquluzadə yaradıcıllığı

Doğrudur, vətənə qayıtdığı ilk zamanlarda (güman ki, Nəriman Nərimanovun diqqəti və qayğısı sayəsində) Mirzə Cəlilə məhsuldar işləməsi, “Molla Nəsrəddin” jurnalını nəşr etməsi üçün şərait yaradılmışdı, hökumətin qərarıyla jurnala külli miqdarda pul ayrılmışdı; 1922-ci il noyabrın 2-də “Molla Nəsrəddin” in ilk sovet nömrəsi işıq üzü gördü. Qərar verilmişdi ki, “Molla Nəsrəddin” təyyarəsini düzəltmək üçün pul yığılsın. M.C.Məmmədquluzadə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (o vaxtkı “sovet parlamentinin”) üzvlüyünə namizəd seçilmişdi. O, yeni əlifba komitəsinin üzvü idi.

Azərbaycanın hökumət nümayəndə heyətinin tərkibində (nümayəndə heyətinə Ağamaloğlu başçılıq edirdi) Krıma və Tatarıstana, Orta Asiya respublikalarına səfərə çıxmışdı. Məqsəd yeni latın əlifbasının təbliği idi.
İlk dövrlərdə M.C.Məmmədquluzadənin yaradıcılığı ictimaiyyətin diqqət mərkəzində idi. Kitabları nəşr olunurdu, o vaxtlardakı dəbə uyğun olaraq Bakıda geniş ictimai-ədəbi məhkəmə-disputlar keçirilirdi, “Ölülər”in personajları “mühakimə” olunurdu. Bu “mühakimədə” respublika Xalq Komissarları Sovetinin sədri N.Nərimanov da iştirak etmişdi.

Ancaq bütün bunlarla bərabər, yazıçının son illərini kölgələyən acı faktların üstündən keçmək də olmaz. Cürbəcür ədəbi cırtdanların ona qarşı kobud və əsassız hücumlarını yada salmamaq qeyri-mümkündür. Ömrünün son illərində onun taleyinin kədərli səhifələrini gizlətməməliyik.

Mirzə Cəlil M.F.Axundzadə haqqında essesini belə başlayır:
“Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya da heç yazmamaq lazımdır. Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır”.

Bu tövsiyələr Mirzə Cəlilin özünə də aiddir. Ancaq bu iki tövsiyəyə üçüncüsünü də əlavə etmək gərəkdir: “Mirzə Cəlil Məmmədquluzadə barəsində ya həqiqəti yazmaq lazımdır, ya da heç yazmamaq lazımdır”. Həqiqət isə ondan ibarətdir ki, ömrünün son illərində M.C.Məmmədquluzadə təqiblər, anlaşılmazlıqlar, ağır təzyiqlər şəraitində yaşayıb-yaradırdı. Onun kimi söz sərrafını yarımçıq yazıçılar dil pintiliyində təqsirləndirirdilər. Onun kimi təpədən-dırnağa vətənpərvər sənətkarı nöqsan cəhətləri şişirtməkdə suçlayırdılar. “Maarif və mədəniyyət” jurnalında N.Dubinski “qəribə bir faktı” qeyd edirdi: “Sovet Azərbaycanında liberal və azadxah “Molla Nəsrəddin” jurnalı çap olunur. Jurnalın nəşri üçün kifayət qədər pul buraxılır. Əslində isə bu jurnal yalnız redaktorunun orqanıdır. Zənn edirik ki, buna son qoyulacaqdır”.

M.C.Məmmədquluzadə qarşısında qəti tələb qoyulmuşdu: İran hökumətini və şəxsən müstəbid Rza şahı tənqidə yol verməməlidir. Qlavlitin (senzuranın) müdiri H.Terequlov Mirzə Cəlilə yazırdı ki, “Molla Nəsrəddin”də dərc olunan bütün materiallarda onun icazəsi olmalıdır.

1925-ci ildə M.C.Məmmədquluzadə M.S.Ordubadiyə məktub yazır: “Çoxdan bu fıkrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi “Molla Nəsrəddin” jurnalını çıxartmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək ki, elə bilirəm, ona bəlkə haqqım da ola və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq. Əgər “Molla Nəsrəddin”in nəşri hökumətə lazım olsa, heç sözüm yoxdur, özgə bir imza ilə məcmuənin nəşrinə heç müqavimət yoxdur. Hətta yaza bilsəm, sətir haqqının sahibi olaram. Amma bunu yenə deyirəm ki, bundan sonra mənim imzam məcmuədə görünsə, o vədə şikayətçi olsam, gərək heç kəs məndən inciməyə”.

1926-cı ildən jurnal Cəlil Məmmədquluzadənin redaktor imzası olmadan çıxır, jurnala “redaksiya heyəti” imza atır.

M.C.Məmmədquluzadənin pensiya, bir müxtəsər xərclik istədiyi illərdə Bakıda onun dostu və silahdaşı, istedadı “Molla Nəsrəddin” səhifələrində parlayan Sabirə heykəl ucaldıldı. Abidənin təntənəli rəsmi açılışına Mirzə Cəlili çağırmağı “unutmuşdular”. Yəqin ki, M.C.Məmmədquluzadə 1910-cu ildə vəfat etmiş Sabiri xatırlayaraq düşünürmüş ki, bəzən vaxtında ölmək də vacib imiş.

1923-cü ildə “Molla Nəsrəddin” gecəsi keçirilirdi. Həmidə xanım bu gecəni belə xatırlayır:
“Hamımız orada idik, lojada, ikinci yarusda oturmuşduq. Mirzə Cəlil həyəcanlı idi, nə isə düzəlmirdi, tənəffüslərdə musiqi çalınmırdı. Gecəni təşkil edənlər haradasa kefdə idilər və musiqi də onlar üçün çalırmış. İkinci hissədən sonra pərdələr qalxmadı, camaat təəccüb qalmışdı. Sən demə, artistlər oynamaqdan imtina ediblər, çünki gecənin təşkilatçıları onlara ikinci hissədən sonra pul vermək boyun olublarmış və vədlərinə xilaf çıxıblar. Əməlli-başlı biabırçılıq idi. Mirzə Cəlil hiddətlənmişdi, hamımıza dedi ki, elə bu saatca çıxaq gedək evə. Biz çıxıb getdik. Mirzə Cəlil yolda mənə dedi: “Bundan sonra heç vədə yubileyimin keçirilməsinə razılıq vermərəm”. Bu qəmli təsviri oxuyarkən Mayakovski sərgisinin RAPP-çılar tərəfindən baykot edilməsi yada düşür. Düşünürəm ki, M.C.Məmmədquluzadə və Mayakovskini yaxınlaşdıran bir çox cəhətlər var – talelərində də, ədəbi xarakterlərində də, hətta bəzi məişət cizgilərində də. Bu yaxınlıq boyük şeylərdə görünür – hər ikisi riyakarlığa, yalana nifrət edirdilər, hər ikisində güclü yumor hissi vardı, hər ikisi əsərlərində döyüşkən, dalaşqan, itidil, həyatda isə həssas, kövrək idilər. Hər ikisi inandıqları amalların nə şəkildə eybəcərləşdirildiyini görmüş və amansız xəyal qırıqlığına uğramışdılar. Bu yaxınlıq xırda şeylərdə, maraqlı məişət detallarında da görünür: Mirzə Cəlil də Mayakovski kimi ürəyinə yatmayan adama əl verməyə məcbur olandan sonra dərhal gedib əlini sabunla yuyarmış.

Həmidə xamm yazır ki, “natəmiz adamları o, qoxusundan tanıyırdı”.

1931-ci ildə “Molla Nəsrəddin”in nəşrinin 25 illiyi tamam oldu. Həmidə xanım soruşanda ki, neçin bu yubiley qeyd olunmur, Mirzə Cəlil belə cavab verir: “25 illiyi qeyd eləmək tezdir, Allah qoysa, 75 illiyini qeyd edərlər”. Bu, kinayə idi. O, 1923-cü ildə “Molla Nəsrəddin” gecəsindəki biabırçılığı unutmamışdı.

1931-ci il yanvarın 7-də “Molla Nəsrəddin” jurnalının son nömrəsi çıxdı. Cəlil Məmmədquluzadə bu gündən sonra cəmisi bircə il yaşadı. 1932-ci il yanvarın 4-də vəfat etdi.

Ömrünün son illərində xəstəliklər, maddi sıxıntılar, ailə çətinlikləri ona çox əziyyət verirdi. Mirzə Cəlilin qızlığı Mina intihar etmişdi.

Həmidə xanım görkəmli maarifçi Əhməd bəy Cavanşirin qızı idi. Onun atasının və elə özünün də böyük xidmətlərini layiqincə qiymətləndirmək əvəzinə, Sovet hökuməti bəy qızı kimi onu bir çox məhrumiyyətlərə düçar edirdi və bu da Mirzə Cəlili çox incidirdi.

Yazıçının səhhəti pis idi. “Molla Nəsrəddin” jurnalının katibi Azərbaycan Xalq Komissarlar şurasının sədrinə yazırdı ki, Cəlil Məmmədquluzadə ağır xəstədir, kurort müalicəsinə ehtiyacı var, amma bunun üçün maddi imkanı yoxdur. Hökumət M.C.Məmmədquluzadəyə 200 manat pul və Kislovodska putyovka verir. Həmidə xanım xatırlayır:
“1930-cu ildə dekabrın axırında Mirzə Cəlil Kislovodskdan evə qayıdarkən onu müalicə edən həkim yazıçıya bağlı bir zərf verir və Bakıdakı həkiminə yetirməsini xahiş edir. Sonralar Mirzə Cəlil etiraf edib ki, Bakıyacan dözməyib, zərfı açıb məktubu oxuyub. Orada yazılıbmış ki, xəstənin işi bitib, iki aydan çox yaşamaz. “1931-ci ilin dekabrında mənə dedi: “Amma həkim düz bilməyib. O, deyən vaxtdan on ay da çox yaşayıram”.

Səhhətinin xarablaşması, çeşidli mənəvi və məişət qayğılarıyla əlaqədar yorğunluq və bezginlik Mirzə Cəlilin bu dövr məktublarında aydın-açıq sezilir. Kislovodskdan Həmidə xanıma yazırdı: “Uzaq Kislovodskdan mehriban Həmidəyə salam göndərir və ona təşəkkür eləyirəm ki, mənə vaxtında iki oğul bəxş etmişdir. Onların hər ikisi bu ağır günlərimdə mənim ağıllı köməkçilərim oldular”.

Başqa bir məktubunda yazırdı: “Mənə məktub yazın, amma siyasətdən yox. Həyatım onsuz da məhv olub”.
Həmidə xamm xatırlayır: “Mirzə Cəlil həmişə deyərdi ki, uşaqları yaxşı yedizdirmək lazımdır, yoxsa xəstələnər və ölərlər. Amma yaxşı yedizdirməyə maddi imkam çatmırdı, ona görə də həyəcanlanır, əzab keçirirdi, əsəbi olmuşdu. Gedib bir kömək istəməyə də razı deyildi. Ürəyində elə düşünürdü ki, onu lazımınca qiymətləndirmirlər. Biz odun ala bilmirdik. Bir dekabr axşamı qar qarışıq güclü xəzri əsirdi. Mirzə Cəlil oğlanlarının otağına girdi və oradan çıxarkən: – Çox soyuqdur, bu soyuqda başlarına bir şey girməz, gərək sobanı qalayaq, – dedi, – öz otağına gedib şkafı açdı, əlyazmalarını çıxartdı. Onları bir-bir gözdən keçirib yerə atırdı. Mən narahat oldum, yanaşdım, soruşdum ki, nə etmək istəyirsən. Dedi ki, sobanı qalamaq istəyirəm. Mən xahiş elədim ki, əlyazmalarını yandırmasın, hələ gərək ola bilərlər. Ondansa taxta bir şey axtaraq. Cavab verdi ki, yandırmalı nə mümkünsə hamısını yandırmışıq. Mən ürək ağrısı ilə onun əli ilə yazdığı səhifələrin qalaq-qalaq yığıb sobaya qoymasına və kibrit çəkməsinə baxırdım. Hiss edirdim ki, bu, çox böyük itkidir. Amma mane ola bilmirdim, o, çox əsəbi idi. Nəhayət, sobanın ağzını bağladı, yenidən oğlanlarının otağına getdi və qayıdıb: “Soba istidir” – dedi. O, məmnun idi və arxaym yıxılıb yatdı. Axırıncı dəfə sobanı qalayırdı”.

Cəlil Məmmədquluzadənin mənzilində bu sobanı mən də görmüşəm, onun qarşısında ehtiramla baş əymişəm. O vaxt Mirzə Cəlilin mənzili hələ muzey deyildi. Daha doğrusu, qərar qəbul olunmuşdu, amma muzeyin açılması üçün heç bir iş görülmürdü. O vaxt bu barədə mən Moskva mətbuatında da çıxış etmişdim. Cəlil Məmmədquluzadənin mənzil-muzeyi yalnız Heydər Əliyev ikinci dəfə Azərbaycanın rəhbərliyinə gələndən sonra açıldı.

0 zaman isə mən boş, qaranlıq, yarıuçuq mənzildə həmin soba qarşısında durub düşünürdüm. Düşünürdüm ki, Mirzə Cəlilin öz əlyazmaları ilə qaladığı bu soba yalnız onun oğlanlarını isitməyib. Bu sobanın istisini biz bu gün də hiss edirik, hamımız, bizim nəslin yazıçıları o sobanın hərarətilə yetişdik.

İstər Azərbaycan ədəbiyyatşünaslığıda, istərsə də o vaxtkı ümumittifaq və hətta dünya ədəbi fikrində “altmışıncılar” istilahı geniş yayılmış bir anlayışdır. Adətən, bu anlayış XX əsrin 60-cı illərində yetişmiş ədəbi nəslə aid edilir.

Bu termini Azərbaycan ədəbiyyatına şamil edərkən mən dəfələrlə demişəm və yazmışam ki, 60-cı illər ədəbiyyatı yalnız bu illərdə ədəbiyyata gəlmiş yazıçıları ehtiva etmir.

60-cı illərdə SSRİ-də müəyyən ictimai-siyasi proseslərin, nisbi ideoloji yumşalmanın nəticəsində ədəbiyyatda, o cümlədən Azərbaycan ədəbiyyatında yeni bir dövr başladı və bu dövrün yaranmasında yalnız bu illərdə ədəbiyyata gələn yazarlar deyil, əvvəlki nəsillərin də ən qabaqcıl nümayəndələri həlledici rol oynadılar. Təbii ki, bu yeni ədəbiyyat yalnız 60-cı illər çərçivəsində qalmadı, yetmişinci, səksəninci illərdə ədəbiyyata gələn istedadlı şairlər, nasirlər, tənqidçilər tərəfidən davam etdirildi. Amma 60-cı illərin ədəbi həyatına nəzər salanda daha əvvəl yaranmış ədəbi təmayüllərin yenidən dirçəlməsi də aydın nəzərə çarpır. Bu cəhətdən Mirzə Cəlil də 60-cı illərdə sanki yenidən doğuldu.

Daha doğrusu, onun həqiqi varlığını dərk etməyə şərait və imkan yarandı. Əgər əvvəlki dövrlərdə M.C.Məmmədquluzadəni sovet ideoloji klişeləri içində – maarifçi-demokrat, kapitalizmin, feodalizmin, daha nə bilim, hansı “izm”in düşməni kimi təqdim edirdilərsə, 60-cı illərdə o, daha geniş miqyasları olan ədəbi və ictimai xadim kimi, daha geniş üfüqlərdə yaradan yazıçı kimi dərk edildi. Mirzə Cəlil hər hansı quruluşun, siyasi sistemin sorunları dairəsində qalmış yazıçı kimi deyil, əbədi insan problemləri müstəvisində qələm çalan böyük insanşünas kimi qavranıldı. 60-cılar nəslinə heç bir yazıçı Mirzə Cəlil qədər təsir göstərməyib. 0, 60-cı illərin birinci nasiri idi desəm, sözlərimdə heç bir mübaliğə yoxdur. İsa Hüseynovdan üzü bəri bütün tanınmış yazıçılarımız Mirzə Cəlili yalnız müəllimləri kimi yox, həm də müasirləri kimi qəbul edirlər. Və inanıram ki, XXI əsrin də ən istedadlı və ən layiqli yazıçıları Mirzə Cəlil sobasının istisində qızınacaqlar.

Mənzilindəki o soba qarşısında keçirdiyim duyğulara oxşar bir hissi mən ikinci dəfə Nehrəm kəndində, Mirzə Cəlilin vaxtilə dərs dediyi məktəbin həyətində duydum. Həyətdə bir ağacın budağından zəng asılmşdı. Mənə dedilər ki, bu zəng elə böyük yazıçının zamanından qalıb və indinin özündə də şagirdləri siniflərə bu zəngi çalaraq çağırırlar. Düşündüm ki, bu zəng də yalnız o vaxtın və indinin məktəblilərini dərsə çağıran zəng deyil. Hamımızı təhsilə, savada, işığa çağıran bir zəngdir və onun səsi heç bir vaxt susmayacaq.

Həmidə xanımın xatirələri akademik memuarlar deyil, hadisələrin, faktların soyuq, biganə konspekti də deyil, ağrılı qəlbin şəhadətidir və mən bir neçə parça da gətirmək istəyirəm:
“Mirzə Cəlil fıkirli və dalğın idi. Görünür, işdə nə isə xoşagəlməz bir şey olmuşdu, amma demirdi. Gecə iniltiyə oyandım: gördüm Cəlil ağır-ağır inildəyir, elə bil onu boğurlar, güclə oyatdım. O dedi, yuxu görürdüm, görürdüm ki, məni mühakimə edirlər, ittiham edib hökm verirlər ki, zirzəmiyə atsınlar. Məni zirzəmiyə atırlar. Qapını kərpiclə hörürlər, sonra isə tavanın yanındakı yeganə pəncərəni də hörməyə başlayırlar. Mən qışqırırdım ki, barı pəncərəni hörməyin, məni tamam havadan məhrum eləməyin”. Yalnız bundan sonra o mənə jurnalla əlaqədar bəzi xoşagəlməz hadisələrdən danışmağa başladı”.

Necə yozulasıdır bu məşum yuxu? Ömrü boyu baxdığı yeganə pəncərəni – “qəm pəncərəsini” də qapadıb, hörüb yazıçını işıqsız zülmətə qərq etmək istəyən bir quruluşun alleqorik ifadəsiydimi bu yuxu? Ya bir neçə il sonra başlayacaq repressiyaların – Azərbaycan ziyalılarına divan tutulacaq 37-ci ilin öncədən görməsi idi? 32-ci ildə ölməsilə zirzəmilərə atılmaqdan qurtulan Mirzə Cəlilin ürəyinə dammış vahimə idimi? Bəlkə, doğrudan da, vaxtında ölmək (ölümün vaxtı varmı?) yeganə xilas yoludur.

Ömrünün son aylannda Mirzə Cəlil tez-tez ölüm haqqında düşünürdü. 1931-ci ilin son dekabr günlərində o, Həmidə xanıma deyir: “Mən qəfildən öləcəm və heç kəsə əziyyət verməyəcəm, Yanvarın 3-də arvadına deyir: “Bu gün yaman çox dəfn mərasimi gördüm. Nə yaman çox adam ölür”.

Həmidə xanım xatırlayır: “. Axşam uşaqlardan heç biri evdə yox idi. Mirzə Cəlil çarpayısında dincəlirdi. Mən də yemək otağında tikiş tikirdim. O durdu, əl-üzünü yudu, oğlunun otağına keçdi, oradan kamançanı götürdü, Öz yerinə qayıtdı və çalmağa başladı. Elə gözəl çalırdı ki, mən işimi bir kənara qoydum, ona qulaq asmağa başladım. Axırıncı akkordu çox təsirli götürdü, lap ürəyim ağrıdı, gözlərim yaşardı. Çalıb qurtarandan sonra ehmallıca kamançanı aparıb əvvəlki yerinə qoydu. Axırıncı dəfə onda kamança çaldı”.

Yanvarın 4-də Mirzə Cəlilin halı birdən-birə xarablaşır. İynə vururlar, masaj eləyirlər, həkim çağırırlar. Cəlil Məmmədquluzadəylə birlikdə “Molla Nəsrəddin” jurnalını yaradan, sonralar 37-ci il repressiyalarının qurbanı olmuş Ömər Faiq Nemanzadə özünü yetirir.

Mirzə Cəlil: – Həkim çağırmayın, – deyib, – Midhətə zəng vurun, qoy tez gəlsin. Oğlunun iş nömrəsini də özü verib. Oğlu gəlib çıxanda artıq şüurunu itiribmiş. Son sözləri: – Midhət gəldi? – olub.
“Birdən üzündən qan çəkildi, sinəsindən son nəfəsi çıxdı və o, əbədilik susdu. Yanvarın dördü, gündüz saat üç idi”.

Həmidə xanımın xatirələri bu sözlərlə bitir.

Dərin kədər içində Həmidə xanımın xatirələrini oxuyub qurtaranda birdən-birə Mirzə Cəlil Məmmədquluzadə gözlərim qarşısında bütün uca qamətilə bir daha yüksəldi, birdən-birə, elə bil, onun özünü gördüm, əyani, canlı şəkildə: kamança çalmasını da, sobanı əlyazmalarıyla qalamasını da, xoşu gəlməyən adama əl verəndən sonra gedib əllərini yumasını da. Heç bir vaxt kitablarının səhifələrindən o, bu qədər yaxın və kədərli şəkildə görünməmişdi mənə. Bu xatirələrdən onu tanıdığımız kimi heç öz xatirələrindən də tanıya büməzdik. Əlbəttə, M.C.Məmmədquluzadənin ölməz əsərləri olmasaydı, o, Həmidə xanımın xatirələrindən də bu qədər əzəmətli şəxsiyyət kimi gorünməzdi. Onlar bir-birini tamamlayırdılar: Mirzə Cəlilin öz əsərləri, məktubları, xatirələri, bütün həyatı – və bu yazı – onun ağıllı, mədəni, savadlı və nəcib rəfiqəsinin əliylə yazılmış qəlb yaddaşı.

Və mən bir daha dərk etdim ki, Mirzə Cəlili yalnız böyük yazıçı kimi, Servantes, Balzak, Qoqol, Dostoyevski, Tolstoy, Çexov, Marsel Prust kimi mənim üçün nəsr ustadı olan bir sənətkar kimi deyil, öz xalqına və başqa xalqlara örnək olacaq bir mütəfəkkir kimi deyil, həm də, sadəcə, yaxın, əziz, doğma bir adam kimi sevirəm.

Mən onun haqqında hörmət və ehtiramla, amma həm də məhrəm, ilıq bir nəvazişlə düşünürəm. Mən onun haqqında babam kimi, atam, qardaşım, oğlum, nəvəm kimi düşünürəm. “Qardaşım, oğlum, nəvəm” dediyim üçün məni qınamağa tələsməsinlər. Böyük yazıçılar bütün nəsillərin yaşıdıdırlar. M.C.Məmmədquluzadə babalarmızın, atalarımızın mənəvi yaşıdı idi. Bizim nəsil də ona öz yaşıdı kimi, bir çox problemlərimizə cavab vermiş və gələcəkdə də cavab verəcək müdrik qardaşı kimi baxır. Bizim nəsil də gedəcək, hammız öləcəyik, amma o qalacaq və oğlumun, nəvəmin yaşıdı olacaq.
Əbədi Mirzə Cəlil bütün zamanların övladıdır, hər yeni nəslin yol yoldaşıdır. Və bizdən sonra gələn nəsillər onu təzədən kəşf edəcək, öz yaşıdları, çağdaşları kimi tanıyacaq və övladlarına bəxş edib gedəcəklər.

Bütün bunlara görə mən Mirzə Cəlil Məmmədquluzadənin – keşməkeşli ömrünü anlamaq dərdi ilə yaşamış bu böyük dühamızın xoşbəxt taleyinə sevinirəm.

Cəlil məmmədquluzadə yaradıcıllığı

Cəlil Məmmədquluzadə yaradıcılığı Azərbaycanın mənəviyyatını, ədəbiy-yatını dünyaya nümayiş etdirən və xalqımızın nəyə qadir olduğunu göstərən böyük bir sərvətdir. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, pub-lisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə yaradılmış “Molla Nəsrəddin” jurnalının rolu misilsizdir.

Biz Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazıçı kimi, publisist kimi yox, eyni zamanda böyük ictimai xadim və böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır. Bu, təkcə ədəbiyyatda, mədəniyyətdə deyil, siyasətdə də, ictimai həyatımızda da böyük xidmətdir.

Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir.

“Ölülər” əsəri haqqında mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiy-yatında buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm nə qədər böyük filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılığını və özünəməxsus fikir istedadını əks etdirir.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

Qüdrətli qələm ustası Cəlil Məmmədquluzadənin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir. Ədibin uzun illər əvvəl yaratdığı “Ölülər”, milli vəhdət ideyasının carçısında çevrilmiş “Anamın kitabı”, eləcə də digər dramaturji, nəsr və publisit əsərləri Azərbaycanın çoxəsirlik söz xəzinəsinin qiymətli incilərini təşkil edir. Klassik Azərbaycan və dünya bədii fikri ənənələrindən, xalq yumorundan məharətlə bəhrələnən sənətkarın milli oyanışa səsləyən yaradıcılığı həm Qafqaz xalqlarının, həm də bir sıra Şərq ölkələrinin ədəbiyyatına böyük təsir göstərmişdir.

Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanı-şa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.

Cəlil Məmmədquluzadə həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

“Ölülər”in hər təbəssümündə acı bir fəryad qopar.

Hüseyn Cavid,
şair, yazıçı, dramaturq

Mirzə Cəlilin “Ölülər”i “Molla Nəsrəddin”i kimi baltanı dibindən vuran əsərdir.

Üzeyir bəy Hacıbəyli,
akademik, bəstəkar

Cəlil Məmmədquluzadə elə tarixi şəxsiyyətlərdəndir ki, onların mübarizələrdə keçən fəaliyyəti mənsub olduqları xalqın tərəqqisinə böyük təkan olur, onlar öz doğma yurdunu on illərlə irəli salır. O şəxsiyyətlərin sürəti nəsillər üçün vətənpərvərlik, qeyrət və fədakarlığın ilhamverici nümunəsinə çevrilir.

Cəlil Məmmədquluzadə həyat həqiqətlərini yaradıcılıqda ilkin obyektiv əsas hesab edirdi. Həqiqətpərəstlik onun öz sənəti üçün də yenilməz estetik norma idi. Doğrucu olmaq, yalandan qaçmaq, həqiqət nə qədər acı, onu yazmaq nə qədər xatalı olsa da, qorxub çəkinməmək, açıb meydana qoymaq, sözünə sədaqətli və səmimi olmaq ədibin əsaslandığı mətbuat estetikasının da baş prinsiplərindən idi.


Əziz Mirəhmədov,
akademik

Cəlil Məmmədquluzadə yaradıcılığı və fəaliyyəti Azərbaycan ədəbiyyatının tarixində unikal bir hadisədir və bu hadisə ədəbiyyatımızın və jurnalistikamızın inkişafında böyük bədii-estetik təkan gücünə malik olmuşdur. Həmin bədii-estetik təkan gücünü müəyyənləşdirən əsas cəhətlərdən biri tarixi estetik ilkinlikdir.

Mirzə Cəlilin yaradıcılığı Mirzə Cəlilin ömrü deməkdir və o, bütün ömrünü nadanlıq və cəhalətə qarşı mübarizəyə sərf etmişdir. Cəlil Məmmədquluzadəni başa düşməklə yanaşı onu duymaq, hiss etmək lazımdır. Onun mücadiləsini təfəkkür dərk edir, başa düşür, amma onun qələmindəki bədii-estetik akvareli isə yalnız hiss etməklə qiymətləndirmək mümkündür.

Elçin,
Xalq yazıçısı

Cəlil Məmmədquluzadənin ictimai və ədəbi fəaliyyəti zəngin və çoxcəhətlidir. O, ictimai inkişaf tariximizdə bir dramaturq, ədib, jurnalist, ictimai xadim kimi məşhurdur. Yeni ədəbiyyatın istiqamətini düşünərkən Cəlil Məmmədquluzadə bütün əzəməti ilə nəzərimizdə canlanır. Klassik qəzəl, saray ədəbiyyatına, məclis, mey-məzə ədəbiyyatına qarşı həyat və mübarizə ədəbiyya-tının, xalqdan, onun tərəqqi meyillərindən doğan, bu meyilləri ifadə edən həqiqi, tənqidi realizmin inkişaf etdirilməsində, həyat və məişətimizin əlvan lövhələrinin cəsarətlə ədəbiyyata gətirilməsində, xalq zəka və yumorunun inkişafında təbiilik, sadəlik və həqiqətpərəstliyin bədii bir meyar kimi qalib gəl-məsində, Sabir qələminin canlanmasında hər kəsdən əvvəl Cəlil Məmmədquluzadəyə minnətdarıq.
Cəlil Məmmədquluzadə təkcə yumoristik və satirik əsərlər yazan sənətkar-larımızın müəllimi deyil, həm də bədii sənətdə böyük mənalar ifadə etmək istə-yən hər bir Azərbaycan yazıçısının müəllimidir.

Cəlil Məmmədquluzadənin tarixi xidmətlərindən biri, onun inkişaf etdirdiyi realizm məktəbidir. Cəlil Məmmədquluzadə sənətdə həqiqətə xidmət edirdi. Onun üçün ən böyük meyar həm məfkurə, həm bədiilik meyarı hər şeydən əvvəl həqiqət idi. Hər hansı bir əsərdə həqiqətdən yayınan bir əlamət gördümü, onu saxta sayır, ona nifrət edirdi.

Mir Cəlal
yazıçı, Əməkdar elm xadimi

Bizim ədəbiyyatda ağlın dastanına zirvə ‒ Nizamidir; eşqin və qəmin faciəsinə meyar ‒ Füzulidir; qeyrətin ağrısına, namus yanğısına timsal – Sabir-dir; həm eşq, həm ağrı, həm də qeyrət üçün borcun, cavabdehliyin ölçüsünə əmsal ‒ Cəlil Məmmədquluzadədir.

Yaşar Qarayev,
akademik

Cəlil Məmmədquluzadə böyük bir vətəndaş kimi, bütün həyatı boyu doğ-ma vətəninin, xalqının taleyini düşünür, həyatının bütün mənasını bu xalqın azadlıq işinə sərf etməkdə görürdü. Cəlil Məmmədquluzadə ədəbiyyata öz dövrünün xalq müdrikliyini, xalq dühasını, xalq satirasını, xalq gülüşü və yumo-runu gətirən və onu inkişaf etdirən xalq yazıçısıdır.

Cəlil Məmmədquluzadənin və onun 1906-cı ildən başlayaraq ətrafına topladığı mollanəsrəddinçilərin kəşf edib mətbuat aləminə, döyüş meydanına çıxardığı Sabirlərin, Əli Nəzmilərin qələminin gücü ilə Azərbaycan satirik ədəbiyyatının şöhrəti ölkə sərhədini aşaraq, bütün Şərqdə rəğbət, məhəbbət qazanmış, Şərqin müxtəlif ölkələrində qoca Molla Nəsrəddinin neçə-neçə istedadlı davamçıları, məfkurə və sənət dostları yetişmişdir.

Məmməd Cəfər Cəfərov,

akademik

Cəlil Məmmədquluzadə atəşin bir vətənpərvər idi. O, vətəni özünə ana hesab edirdi. Bütün Azərbaycan xalqını azad və xoşbəxt görmək onun müqəd-dəs arzusu idi. Buna görə də o, həyatı boyu ən gərgin və dolaşıq dövrlərdə belə tərəqqipərvər yol tutmuş, zamanın qabaqcıl fikirlərini xalqa başa salmışdır. Çünki vətənpərvərliyin birinci şərti xalqı inkişaf və tərəqqi yoluna salmaq, irəli aparmaqdır.

Mirzə İbrahimov,
Xalq yazıçısı, akademik

Mən onun haqqında hörmətlə və ehtiramla amma həm də məhrəm ilıq bir nəvazişlə düşünürəm. Mən onun haqqıda babam kimi, atam kimi, qardaşım, oğlum, nəvəm kimi düşünürəm. Böyük yazıçılar bütün nəsillərin yaşıdıdırlar. Cəlil Məmmədquluzadə babalarımızın, atalarımızın mənəvi yaşıdı idi. Bizim nəsil də ona öz yaşıdı kimi, bizim mənəvi problemimizə cavab verən müdrik qardaşı kimi baxır. Mən bilirəm ki, bizim nəsil də gedəcək. amma o, qalacaq və oğlumun yaşıdı olacaqdır. Bütün zamanların övladıdır o, hər nəslin yol yaldaşıdır. Və bizdən sonra gələn nəsillər onu yenidən kəşf edəcək, öz yaşıdları, müasirləri kimi tanıyacaq və övladlarına bəxş edib gedəcəklər.

. Həqiqətə belə ikibaşlı münasibət, həqiqətin hər hansı bir parçasını deyib, başqa parçasını ört-basdır eləmək, yarımçıq həqiqət ‒ bütün bunlar Mirzə Cəlil vicdanının bütövlüyünə yabançı idi. Cəlil Məmmədquluzadə jurnalında oxucu-nun yalnız qəlbinə, hisslərinə deyil, fikrinə, şüuruna da müraciət edirdi.

Xalq yazıçısı

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı, qüdrətli dramaturq, vətəndaş publisist, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi kimi geniş şöhrət qazanmış görkəmli yazıçı və ictimai xadimdir. Cəlil Məmmədquluzadə həm də böyük demokrat kimi tanınır. Onun müstəqillik və demokratiya uğrunda mübarizəsi və demokratik görüşləri həmişə Azərbaycanda demokratik proseslərin gedişatına ciddi təkan vermişdir.

Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat ədib Cəlil Məmmədquluza-dənin mürəkkəb və keşməkeşli ömür yolu, uğrunda mübarizə apardığı ideallar həmişə ciddi elmin problemi olduğu qədər də bədii düşüncənin maraq dairəsində olmuşdur.
. Ədəbiyyatımız Mirzə Cəlildən söz açarkən, qüdrətli yazıçının fonunda sənətkar və zaman, milli azadlıq və istiqlaliyyət, özünüdərk və demokratik düşüncə kimi ölkə və xalq üçün zəruri olan mətləbləri ön mövqeyə çəkə bilmiş-dir. Daha doğrusu, Cəlil Məmmədquluzadə ‒ Molla Nəsrəddin mövzusu millə-timizin milli taleyinin bədii dərki və inkişafının əks-sədasına çevrilmişdir.

İsa Həbibbəyli
filologiya elmləri doktoru, professor

Cəlil Məmmədquluzadə adının mənası, onun böyük yaradıcılığının əsas qayəsidir. Bu söz böyük ədibin irsini dərk etmək üçün ən gözəl açardır. Bu söz “yazıçı” sözünün qarşısına “vətəndaş” sözünü əlavə edən amildir. Nəhayət bu söz yazıçılıq sözünün qayəsini, məqsədini bildirən, necə yazmağı deyil, nədən yazmağı və niyə yazmağı şərtləndirən bir örnəkdir, bir işıqdır.

Bəxtiyar Vahabzadə
şair, dramaturq, ədəbiyyatşünas

İlk rus inqilabı Azərbaycan ədəbiyyatında yeni bir sima meydana çıxarmışdır; bu yazıçı Azərbaycan ədəbiyyatının inkişafında yeni bir səhifə açmış, onda inqilabi demokratik istiqamətin əsasını qoymuşdur. Bu “Molla Nəsrəddin” təxəllüsü ilə bütün Şərqdə məşhur olan Cəlil Məmmədquluzadədir.

Səməd Vurğun,
Xalq şairi

Artıq dərəcədə məharətlə yazılmış, məzmunu eyni həyatımızdan götü­rülmüş “Ölülər” dramı müsəlmanların həyatında bö­yük rol oynayacaqdır. Paslan­mış beyinləri pasdan təmizləyib, öl­müş ruhlara can verəcəkdir.

Nəriman Nərimanov,
ictimai-siyasi xadim, yazıçı, publisist

Əgər Mirzə Cəlil bir jurnalist kimi “Molla Nəsrəddin” ilə parlamışdırsa, jur-nalistlik sənətinin baş məşqini “Şərqi-Rus” qəzetinin redaksiyasında keçirmişdir.

Mirzə Cəlil əsərlərini ürəyinin qanı ilə yazırdı.

Abbas Zamanov,
Azərbaycan EA-nın müxbir üzvü, Əməkdar elm xadimi

Mirzə Cəlil XX əsrin çox böyük ədəbi siması idi. O, Mirzə Fətəli Axundov məktəbini davam etdirən yazıçılarımız içində dan ulduzu kimi parlamış, nüfuzedici şəfəqlərlə yaxın və uzaq ölkələri işıqlandırmışdı.

C.Məmmədquluzadənin və “Molla Nəsrəddin” məcmuəsinin yerli istismar-çılara, çar məmurlarına, köhnəliyə qarşı, İran və Türkiyə hökmdarlarına qarşı, Şərq ətalətinə, dinə və mövhumata qarşı apardığı mübarizə Azərbaycan zəhmətkeşlərinin öz istiqlaliyyətləri uğrunda mübarizə etmək üçün ayağa qalxmalarına çox böyük fayda vermişdi.

Abdulla Şaiq
şair, Əməkdar incəsənət xadimi

Kim deyir ki, Mirzə Cəlil gülüb, yanılır, Azərbaycan torpağında hələ belə ağlayan olmayıb.

Süleyman Rəhimov,
Xalq yazıçısı

“Sizi deyib gəlmişəm” – bu müraciətdə sanki ədibin bütün varlığı ifadə olun-muşdur. Ona görə ki, bu sözlərdə ədibin xalq üçün yanan ürəyi çırpınırdı. Böyük satirik bütün ümidini, arzu və idealını xalqa bağlamışdı.

Məmməd Arif Dadaşzadə,
akademik

Dünya Şərq poeziyasının nəhənglərini çoxdan tanıyır. Bədii təfəkkürün nəsr forması Şərqin yazılı ədəbiyyatında xeyli gec meydana gəlmişdir. Cəlil Məmmədquluzadə türkdilli xalqların ədəbiyyatlarının yaratdığı nəsrdə çox mühüm bir simadır. O, müasir realist yazı üslubunun, müasir nəsr formalarının banilərindən biridir. Heyrətli yığcamlıq, sadəlik və qüvvət onun nəsrinin əsas xüsusiyyətlərindəndir. Bunu biz “Danabaş kəndinin əhvalatları” povestində, bir silsilə hekayələrində, xüsusən kamil formaya malik olan “Poçt qutusu”, “Kişmiş oyunu” kimi hekayələrində duyuruq. Bax, hekayəni bu cür yazarlar! Komediya, faciə və dram ünsürlərini üzvü şəkildə birləşdirən “Ölülər” pyesi nə qədər gözəl və cazibədardır. İndiki halda Azərbaycan xalqı görkəmli sənətkarı və maarifçisi Cəlil Məmmədquluzadənin vasitəsilə elə bil ki, dünya bədii ədəbiyyatında qazandığı nailiyyətləri yenidən bəşəriyyətə açıb göstərir.

Çingiz Aytmatov
Qırğız Xalq yazıçısı

Bəzən böyük ədib oturduğu yerdə və yainki küçədə getdiyi zaman heç bir səbəbi olmadan gülümsərdi. Bəziləri bu gülüşləri yersiz sayırdı, lakin bu yanlış fikir idi, çünki Mirzə Cəlil daima gülməli bir mövzu üzərində düşündüyü zaman bir oxucu kimi düşünər, əsərində göstərdiyi mənfi tiplərin üzərinə gülərdi. Diri ikən ikiüzlü ziyalılar, qarınqulu ruhanilər, həris, xəsis tacir və hacılara gülən Mirzə Cəlili ölürkən gördüm. O, ölümün də üzünə gülürdü.

Məmməd Səid Ordubadi,
Əməkdar İncəsənət xadimi

Cəlil çox səmimi və qayğıkeş, övlad məhəbbəti ilə yaşayan şəxsiyyətlərdən idi. 1908-ci ildə Midhətin, 1911-ci ildə Ənvərin dünyaya gəlişi ədibə əvvəllər keçirdiyi mənəvi əzabları tədricən unutdurmuş, onun həyat yoldaşı, ata-ana, dost itkisindən parçalanmış qəlbinə müəyyən sərinlik gətirmişdir. O. həmişə mənə deyərdi: “Etiraf edirəm ki, mənimlə yaşamaq çətindir. Uşaqları tərbiyə etməyə səbrim çatmır. Sən məni ailə adamı eləyibsən.”

Həmidə xanım Məmmədquluzadə,
Ədibin həyat yoldaşı

Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə hekayələrinin əsas məzumiyyətləridir. Hər şeydən görünür ki, müəllif öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və incə müşahidə qabiliyyətinə malikdir. Məmmədquluzadənin istedadlı rus yazıçısı Çexovun əsərlərini xatırladan hekayələri bizim mədəni ziyalılarımızın nəzərini cəlb etməyə tam layiqdir.

İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən demək olar ki, “Molla Nəsrəddin” nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir. azərbaycanlıların vaxtı keçmiş, köhnəlmiş görüşlərini, anlayış və adətlərini, gülüş yolu ilə aradan qaldırmaq, onların adətlərini islah etməyə və özlərini də oyadıb, nəcib və ciddi fəaliyyətə sövq etməyə çalışır.

Firudinbəy Köçərli
Ədəbiyyatşünas alim

Mirzə Cəlil zatən az danışan, böyük məclislərdən qaçan, yığıncaq xoşlama-yan, təklik sevən bir şəxs idi. Bununla bahəm, düşmənlə də görüşüb bir az söhbət etdikdən sonra ürəyini ələ alıb, özünə şərik etmək idisə də, jurnal düşmənliyindən çəkindirirdi. Canım kişinin yazdıqları doğrudur, ancaq adam hər doğrunu yazmamalıdır, ‒ deyirdilər; deməli onun haqlı olduğunu düşmənlə-ri də təsdiq edirdilər.

***
Hesabsız hədə kağızlarına, həcvlərə, etina etməyərək öz tutduğu məqsəddən, məsləkdən bir qədər geri durmamaqla Mirzə Cəlil öz azacıq dostları ilə birlikdə axırda qalib gəlib, həmişəlik bir ad və Azərbaycan ədəbiyyatında xüsusi bir cığır “Molla Nəsrəddin” dövrü qoya bildi.

Əbdürrəhimbəy Haqverdiyev,
yazıçı, ictimai-siyasi xadim

“Ölülər” əsəri tək bir inqilaba qədər deyil, hətta bugünkü günə qədər yazılan dram əsərləri arasında görkəmli və xüsusi bir yer tutur. Çünki bu əsər tamamilə həyatdan götürülmüşdür. Minlərcə “ İsfahan lotularından” biri olan Şexs Nəsrullahı müəllif gözəl və müvəffəqiyyətli bir sürətdə təsvir etmişdir.
Bu mühitin bir tək müsbət və haman mühitə gülən fərdi İsgəndərdir. O, öz dövrünün qəhrəmanıdır.

Həbib Cəbiyev
ədəbiyyatşünas, publisist

Əgər Cəlil tək bir İsgəndər rolunu yaratmış olsaydı belə, yenə unudulmazdı, təkcə bir “Ölülər” onu dünya ədəbiyyatının böyük realistləri sırasına daxil edə bilərdi.

Mikayıl Rəfili
filologiya elmləri doktoru, professor

Cəlil Məmmədquluzadə bir çox nəzirəçi ədib və şairlərimizdə olan azardan salimdir. C. Məmmədquluzadə Azə.rbaycan ədəbiyyatının varlığını göstərən ədibdir. Ən böyük pyesi olan “Ölülər” əsrlər qədər yaşayacaq və yalnız Azərbaycan ədəbiyyatının deyil, bəlkə də “Tartuf”, “Don Juan” və “Canlı Meyit” ilə barabər dünya ədəbiyyatının bir parçası olub qalacaqdır.

Hənəfi Zeynallı
ədəbiyyatşünas alim

“Molla Nəsrəddin” realizminin, realist stilinin başlıca bir xüsusiyyəti sati-radır… Bu satira, bu yumor… çılğın ruhların qəhqəhələrindən ibarət deyildi… Cəlil Məmmədquluzadə əsərlərində mərkəzləşən bu ictimai satira Azərbaycan ədəbiyyatında misli görünməmiş bir hadisə olaraq meydana çıxmış, bütün Şərqdə öz əks-sədasını, rezonansını tapmışdı.

Əli Nazim,
ədəbiyyatşünas-alim


1916-cı ilin ən böyük teatr hadisəsi “Ölülər” idi. Bu tamaşa yalnız teatr aləmində deyil, bütün ideoloji mübarizə sahəsində son dərəcə böyük əhəmiyyət kəsb etmişdir.


Cəfər Cəfərov,
Azərbaycan EA-nın müxbir üzvü, Əməkdar incəsənət xadimi

Azərbaycan klassik söz sənəti aləmində zamanın, mühitin yetişdirdiyi elə yaradıcı şəxslər var ki, onlar bəlkə də bu gün dünənkindən daha çox gərəklilik statusu qazanmaqdadırlar. Cəlil Məmmədquluzadə kimi yaradıcı şəxsiyyətin söz sənəti bugünkü müstəqil Azərbaycan dünyasına daha böyük səmərə ver-məkdədir.
Cəlil Məmmədquluzadə Azərbaycan dramaturgiyasını, Azərbaycan nəsrini, Azərbaycan publisistikasını və deməli bütövlükdə Azərbaycan bədii-ictimai təfəkkürünü yeni yüksək zirvəyə qaldırmışdır. Elə bir zirvəyə ki, bugünkü təfəkkürümüz zaman etibarı ilə bizdən arxada görünən, lakin mənəvi cəhətdən çox-çox qabaqda gedən bu böyük yaradıcılıq məktəbinə söykənməkdədir.


Cahangir Məmmədli,
filologiya elmləri doktoru, professor

Bütün şüurlu həyatını xalq işinə, xalqın xoşbəxt həyatı uğrundakı mübari-zəyə və xalq azadlığının müdafiəsi işinə həsr etmiş olan Cəlil Məmmədquluza-dəni xalq heç bir vaxt unutmayacaqdır.


Cəfər Xəndan,
filologiya elmləri doktoru, professor

“Molla Nəsrəddin təxəllüsü ilə geniş dairədə tanınmış Cəlil Məmmədqulu-zadə böyük, məzmunlu ömür yolu keçmişdir. Onun adı Azərbaycan ədəbiyyatı və ictimai fikrinin tarixinə möhkəm surətdə daxil olmuşdur. Onu – dövrünün qabaqcıl şəxsiyyətini, görkəmli yazıçı, publisist və ictimai xadimini təkcə Azər-baycan xalqı deyil, Sovet İttifaqının, Yaxın və Orta Şərqin bir çox xalqları tanıyır və sevirlər.


Əziz Şərif,
Əməkdar elm xadimi

Türkiyə oxucuları Mirzə Cəlilin əsərlərini tərcüməsiz də başa düşürlər, çünki o, öz əsərlərini ana dilində, bizə yaxın olan dildə yazırdı. Lakin onun hekayələri təkcə dil etibarilə deyil, öz mövzusuna görə də bizə yaxındır, çünki bu əsərlərin süjetləri Azərbaycan kimi Türkiyə üçün də xarakterikdir.


Əziz Nesin,
türk yazıçısı

Ədib öz gizli imzaları haqqında heç bir yerdə bəhs açmamışdır. Hətta 1927-ci ildə “Molla Nəsrəddin”in ilk mürəttiblərindən İsmayıl Həqqiyə yazdığı məktuba aldığı cavabdan görünür ki, istifadə etdiyi imzaları o özü də unutmuş-muş. İsmayıl Həqqi isə ədibə yazdığı cavabda onun Lağlağı, Cırcırama, Dəli, Mozalan, Dəmdəməki və başqa imzalarla yazdığını iddia edir.


Qulam Məmmədli,
Əməkdar jurnalist, Əməkdar mədəniyyət işçisi

Dövrün ictimai-siyasi hadisələri ilə, doğma xalqının mənəviyyatı ilə yaxın-dan bağlı olan Cəlil Məmmədquluzadə kimi bir yazıçı üçün müasirlik bir amal, gözəl bir məram idi. Müasirlik onun estetik idealı idi. Böyük ədib ömrü boyu öz qələmini müasir mövzularda işlətmişdir. Mirzə Cəlil sənəti ölməzdir. O, bu gün də bizim nöqsanlarımıza gülür, bizi ətalətə, süstlüyə, məhdudluğa qarşı mübarizəyə səsləyir.


Cəlal Abdullayev,
filologiya elmləri doktoru, professor

Kiçik hekayə yazmaq mədəniyyətini əvvəlki kimi Mopassandan, Çexov-dan, Henridən, Bunidən öyrənirik. Məmmədquluzadəni isə bu müəlliflər sırası-na qatmırıq. Halbuki, onun hekayələri dünya ədəbiyyatında həm Mopassanın, həm də Çexovun hekayələri ilə bir sırada durur.


P. Skosıryev,
rus yazıçısı

Cəlil Məmmədquluzadə sözün əsl mənasında realist yazıçıdır. O, həyatın dibinə, kiçik adamların məişətinə, ilk baxışda sadə görünən hadisələrə nüfuz edir, realist ənənəsinə sadiq qalaraq, düzü düz, əyrini əyri göstərmişdir. Bütövlükdə, Mirzə Cəlilin nəsr əsərləri XX əsr Azərbaycan ədəbiyyatında orijinal yenilik yaratmışdır.

Əflatun Məmmədov,
ədəbiyyatşünas alim

Bizim üçün “Molla Nəsrəddin” ədəbi məktəbinin əhəmiyyəti nə qədər böyükdürsə, “Molla Nəsrəddin” rəssamlıq məktəbinin əhəmiyyəti də bir o qədər böyükdür.

Mürsəl Nəcəfov,
Əməkdar incəsənət xadimi

Xalqımız Mirzə Cəlili öz ədəbi xoşbəxtliyi kimi başa düşməlidir. Mirzə Cəlil taleyi, Mirzə Cəlil sevgisi nümunə olmalıdır. Mirzə Cəlil tariximizin çox namuslu, qeyrətli bir parçasıdır.

Cəlil Məmmədquluzadə öz “Ölülər” əsəri kimi ölməzdir. Onun əsərləri hərəkətdədir, yaşayır və yaşayacaqdır. Mənə elə gəlir ki, o, xalq tərəfindən sevilə-sevilə oxunmasına, hətta öz vətənindən uzaqlarda şöhrət tapmasına belə qiymət verərdi: “Niyə, bəd deyil!”


Süleyman Rüstəm,
Xalq şairi

Böyük demokrat Cəlil Məmmədquluzadə fərdi üsluba malik bir ədib, mükəmməl realist bir dramaturqdur. Azərbaycanda istedadlı məzhəkə aktyorlarının yetişməsində də Cəlil Məmmədquluzadə teatrının rolu böyükdür. Azər-baycan dramaturgiya tarixi onun teatr məktəbinə çox böyük minnətdardır.

Böyük ədibin kiçik müasirləri həm Naxçıvanda ictimai fikrin inkişafında, həm də onun satirik təfəkkürünün müəyyənləşməsində, yaradıcılıq qabiliyyəti-nin düzgün istiqamətə yönəldilməsində mühüm amil olmuşdur. Onlar zəmin yaratmış, Cəlil Məmmədquluzadə isə həmin zəmində əsl bir sənətkar, demokrat bir mühərrir kimi yüksələrək günəş kimi parlamış, öz müasirlərini kölgədə buraxmışdır.


Əli Sultanlı,
filologiya elmləri doktoru, professor

Bütün ömrü boyu dilimizin təmizliyi, saflığı, sadəliyi yolunda yorulmadan mübarizə aparan Cəlil Məmmədquluzadə, nəsr dilimizi həqiqi mənada sadələş-dirilmiş, xəlqiləşdirilmiş canlı danışıq dilinə yaxınlaşdırmışdır. Ədibin bədii nəs-rimizdəki böyük xidmətlərindən biri də danışıq dili ilə kitab dili arasındakı səddi aradan qaldırmasından ibarət olmuşdur. Mirzə Cəlil öz qələm yoldaşlarını, müasirlərini də sadə dildə yazmağa, canlı xalq dilinin gözəl, qiymətli, orijinal xüsusiyyətlərini ədəbi dilə, bədii əsərlərlə gətirməyə çağırmışdır.

Hidayət Əfəndiyev,
ədəbiyyatşünas alim

Cəlil Məmmədquluzadə böyük ədəbi məktəb yaratmış mütəfəkkir şəxsiy-yətlərdən biridir. Müasir yazıçılarımız bu ölməz sənətkarın ədəbi irsinə həmişə dərin hörmət və ehtiramla yanaşmış, ondan bədii yaradıcılığının sirlərini öyrən-miş, onu özlərinə ustad və müəllim hesab etmişlər. Cəlil Məmmədquluzadə dramaturgiyası hər cür milli məhdudluqdan uzaq dərin bəşəri məzmunlu, bəşəri mündəricəli dramaturgiyadır. Onun pyesləri öz ictimai-bədii siqlətinə, sənətkar-lıq xüsusiyyətinə görə nəinki Azərbaycan, həmçinin dünya dramaturgiyasının ölməz nümunələri sırasına daxildir.


Xalid Əlimirzəyev,
professor

XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanın bədii-estetik və ictimai fikrində milli oyanış, özünüdərk, istiqlal düşüncələrinin cücərməsi proseslərinin renessans dövrü hesab olunur. Mirzə Cəlilin həmin dövrdə ədəbi-ictimai mühitə gəlişi ilə bu proses daha da sürətlənmiş və milli ideya getdikcə kütləviləşərək, minlərlə insanın fikir dünyasına hakim kəsilmişdir.


Sona Vəliyeva,
filologiya elmləri doktoru

Tiflis şəhərində nəşr olunan satirik “Molla Nəsrəddin” jurnalı müstəsna olaraq hər bir məsələdə məharət göstərdiyi kimi, biz zavallı qadınların məişətinə aid çəkdiyi şəkillər və yazdığı məqalələrdə də məsələyə ciddi bir nəzərlə baxaraq, bir alim kimi qələm yürüdür.


Şəfiqə xanım Qasprinskaya,
maarifpərvər qadın

Ən gözəl bədii əsərlər də daş-qaş kimidir, onların qiyməti özündədir, saflığındadır. Belə əsərlər zamanın təlatümlərindən, əsrlərin keşməkeşindən keçərək yaşayır, xalq bu əsərlərə öz qəlbində yer verir, onları qoruyub saxlayır, nəsildən-nəslə çatdırır. “Ölülər” də xalqlarımızın zəngin ədəbiyyat xəzinəsinin belə qiymətli incilərindəndir.


Səməd Qəni,
tacik yazıçısı

Cəlil Məmmədquluzadə indiki əsrin əvvəllərində dərin ictimai sarsıntılar dövründə Azərbaycan xalqının ümid və ideallarını ifadə etmiş və bununla birlikdə xalqların yeni taleyinin carçısı olmuşdur.


K. Markov,
rus yazıçısı

Realist uşaq nəsrinin əsasını qoyan Cəlil Məmmədquluzadənin hekayələ-rində uşaqların tərbiyəsi ilə bağlı cəmiyyəti düşündürən bir sıra problemlər öz əksini tapmışdır.


Zahid Xəlil,
filologiya elmləri doktoru, professor

Mirzə Cəlili Azərbaycan mədəniyyəti və ictimai fikri rus ədəbiyyatının köməyilə doğub. XIX-XX əsrlərdə bu xalqa onun qədər bələd olan, bu xalqın ağrı-acısına onun qədər yanan cəmi bir-iki dahi şəxsiyyətin adını çəkmək olar.


Səfər Alışarlı,
yazıçı

Mirzə Cəlil Azərbaycan ədəbiyyatının nadir simalarından biridir, təkcə böyük yazıçı, dramaturq və publisist deyil, həm də milli ədəbiyyatımızın vicda-nıdır. Əsərlərində yaratdığı situasiya və xarakterlərlə naqislikləri tənqid etmiş, ilk növdədə nadanlığa və mövhumata meydan oxumuş Cəlil Məmmədquluzadə milli tərəqqinin yolunu da göstərmişdir.


Qulu Məhərrəmli,
filologiya elmləri doktoru

Mark Tvenin Amerikada etdiyi kimi, Azərbaycan satirasının klassiki də öz vətənində hər cür riyakarlıq, əclaflıq və ikiüzlülük pərdəsini cırıb atmışdır.

Mən yeni ulduz kəşf etmiş bir astronom kimi sevinirəm. Mən Azərbayca-nın incəsənət səmasında yeni bir ulduz kəşf etmişəm.


Cozef Hort,
Amerika yazıçısı


Mirzə Cəlil Azərbaycan ədəbiyyatının, həm də bütövlükdə mənəviyyatımı-zın sütunlarından biridir.


Nəriman Əbdülrəhmanlı,
yazıçı

Mirzə Cəlilin Azərbaycan ədəbiyyatında rolu çox böyükdür, onun publisistikası da, dramaturgiyası da, nəsri də əvəzsizdir. Hər üç sahədə o dahidir, məsələn “Azərbaycan” və “Cumhuriyyət” məqalələrində publisist kimi, “Ölülər” tragikomediyasında dramaturq kimi, hekayə və povestlərində nasir kimi əvəzolunmazdır.


Səhər Əhməd,
yazıçı

“Molla Nəsrəddin” jurnalı hindlilər arasında da böyük şöhrət qazanmışdı. Onu həmişə səbirsizliklə gözləyir, həvəslə oxuyurdular, ondan ayrılmaq istə-mirdilər. Başa düşürdülər ki, onun satira atəşi təkcə Azərbaycan xanlarına, bəy-lərinə, ruhanilərinə qarşı deyil, həm də digər ölkələrdəki hakimlərə və ruhanilərə qarşı yönəlmişdir.

Krişan Candr,
Hindistan yazıçısı

Yaradıcılığı

Dünya mədəniyyəti gənc yazıçının təşəkkülünə, kamilləşməsinə kömək edən bir amil, fikir xəzinəsi olsa da, onun fikrincə hər bir milli mədəniyyətin öz qiyməti, öz gözəlliyi vardır. Müasirlərindən bəzilərinin milli nihilizmindən, yəni öz mədəniyyətinə dodaq büzüb xarici mədəniyyəti göylərə qaldırılmasından fərqli olaraq Mirzə Cəlil və məsləkdaşları üçün birinci növbədə doğma klassiklər, onların irsi, ənənələri əziz və qiymətli idi; dünya mədəniyyəti isə onlara doğma mədəniyyəti daha uğurla inkişaf etdirmək, dünya miqyasına çıxmaq üçün lazım idi. O aydın görürdü ki, vətənində “Pəhləvani-zəmanə”, “Bəxtsiz cavan”, “Nadir şah”, “Gəlinlər həmayili”, “Səyahətnameyi-İbrahim bəy” kimi əsərlər yazılmaqda, səhnəyə qoyulmaqda, nəşr olunmaqdadır. Əhali arasında savadlılar artdıqca yazıçıların qədir-qiyməti, onların qarşısında qoyulan tələblər də artır. Xüsusilə doğruçu, xalqa sədaqətli yazıçılara ehtiyac çox böyükdür.

Onu ədəbiyyat, incəsənət və mətbuata bağlayan digər mühüm amil vətənin, xüsusilə Naxçıvanın ziyalılar mühiti idi.

Ədəbiyyata və mətbuata gəlişi. İlk mətbu əsəri 1902-ci il martın 2-də Bakıdakı “Kaspi” qəzetində çıxmış məqaləsidir. Jurnalist Məmmədquluzadə məqaləsində öz məfkurəvi simasının bəzi mühüm tərəflərini, ən əvvəl, xalqa bağlılığını ifadə etmişdi. O, “zəhmətkeş insanların” alın təri axıtmaları, “öz qabarlı, kobud əlləri” ilə saldıqları meyvə bağlarını əldə saxlamaq üçün çəkdikləri əzab-əziyyəti göstərmişdi.

XX əsrin ilk illərində azadlıq, demokratiya, mədəni tərəqqi uğrunda mübarizələrin sürətlə yüksəlməsi dövrün yüzlərlə, minlərlə xadimləri, yazıçı və mütəfəkkirləri kimi, Məmmədquluzadə üçün də o vaxta qədərki bütün ideya hazırlığından qat-qat güclü, əhəmiyyətli oldu.

Zaman ədibi xalqına daha da yaxınlaşdırdı. Sadə, əməkçi insanın duyğu və düşüncələri, arzu və dərdləri, bugünü və sabahı, bir sözlə, taleyi ilə bağlı mövzular, problemlər artıq aydın bir şəkildə onun yaradıcılığının ana xəttinə çevrilirdi. Bu baxımdan ədibin ilk mətbu hekayəsi “Poçt qutusu”dur. Dünya ədəbiyyatında hekayə janrının ən gözəl nümunələrinin sayılan, bir neçə dildə nəşr edilib yayılan bu hekayə C.Məmmədquluzadəni sadə Azərbaycan kəndlisinin dostu və xeyirxahı kimi məşhurlaşdırır.

Hekayənin məzmunu da, quruluşu da cazibəlidir, təzədir. Süjeti ustalıqla inkişaf etdirilən bu əsər qeyri-adi bir sonluqla qurtardığından bir sıra alim və oxucuların “Poçt qutusu”n novella hesab etmələrində həqiqət yox deyil.

Baş surətlər olan Xan və onun rəiyyəti Novruzəli müəllifin satirik məramla qəsdən “İtqapan” adı verdiyi kənddəndirlər. Zahirən sakit, qayğısız görünən bu kəndin həyatı, adamların məişəti, bir-biriləri ilə rəftarı o zamankı kəndin tipik mənzərəsini canlandırır. Burada, bir el məsəlində deyildiyi kimi, “bəyin bəy yeri var, kəndlinin kəndli yeri”. Bu, insanların danışığında, bir-birinə müraciətində, rəftarlarında da hiss olunur. Xüsusilə Novruzəlinin kəlməbaşı xana “qadan alım”, “xan başına dönüm”, “sənsiz mənim bir günüm olmasın!…”, “qurban olum sənə” deməsi onun xarakterinin açılmasına çox kömək edir.

Novruzəli o qədər avamdır, dünyadan o qədər bixəbərdir ki, bəyin məktubunu poçt qutusuna salandan sonra bilmir çıxıb getsin, ya dayanıb qutunun keşiyini çəksin. Elə bu vaxt rus poçtalyonun gəlib poçt qutusundakı məktubları aparması ilə başlanan konflikt onun həbs olunması ilə nəticələnir: “Yazıq Novruzəli bir neçə dustaqlar ilə oturub … uşaq kimi ağlayır, gözünün yaşını ətəyi ilə silir”.

Xanın xahişi ilə buraxılan Novruzəli olub keçən əhvalatı məzlum-məzlum nağıl eləyib “Başına dönüm, xan, … bir kətdi adamam, mən nə bilirəm kağız nədi, qutu nədi, poçt nədi?” – deyəndə və hadisəni “İşdi, belə oldu. Bunlar hamısı Allahdandı. Gərək belə olaymış” kimi mömin müsəlman şüuru ilə bağlayanda, kiçik bir parçada nə qədər mətləbə toxunulur.

Novruzəli avamdır, itaətkardır, səmimidir, Allaha inanandır və i.a.

Mirzə Cəlilin çox oxunan, çox sevilən əsərləri arasında “Qurbanəli bəy”, “İranda hüriyyət” (1907), “Quzu” (1914), “Zırrama” (1923), “Xanın təsbehi”, “Konsulun arvadı”, “Buz”, “Yan tütəyi”, “Şərq fakültəsi” (1924), “Bəlkə də qaytardılar” (1926), “Proletar şairi” (1928) və s. hekayələri də var. Həmin əsərlərin hərəsi müəllifin o illərdəki dünyagörüşününü mühüm bir cəhətini əks etdirmişdir.

Ustalıqla yazılmış bu hekayələrin ideya məzmunu müxtəsərcə belə qeyd oluna bilər: “İranda hüriyyət”, adından da göründüyü kimi, 1905-ci ildə başlanmış İran inqilabının Qafqazdakı cənublu fəhlələr arasında oyatdığı fikirlərə, “Usta Zeynal” şəriət əsiri olan müsəlmanların “paklıq” və “murdarlıq” barədə təsəvvürlərinin məişətdəki gülünc nəticələrinə, “Qurbanəli bəy” tüfeyli çar məmurlarının, harın, lovğa, həm də yaltaq mülkədar və bəylərin həyat tərzinə, əxlaq normalarına satirik gülüş oyadır.

Nasir Məmmədquluzadəni mətbuatda ilk dəfə qiymətləndirib ona xüsusi məqalə həsr edən böyük Azərbaycan alimi, pedaqoq və müəllim Firidun bəy Köçərli 1906-cı ildə “Usta Zeynal” hekayəsi barədə yazmışdı ki, bu gözəl əsərində müəllif dini mövhumatın müsəlmanlara necə böyük ziyan verdiyini maraqlı süjet vasitəsilə göstərir; o, Usta Zeynalların tənbəl, “fəaliyyətsiz, cəsarətsiz və axmaqcasına sadəlövh” olduqlarını dərin təəssüf və can yanğısı ilə qələmə alır.

Hekayələrində Mirzə Cəlil özünəməxsus səmimi, təbii təsvir yolu ilə babası və övladı, qardaşı və bacısı sayıb halına qaldığı sadə insanlara demək istəyirdi ki, bu gedişlə, bu xasiyyətlə yaşamaqdan əl çəkməsəniz, sizi ağır günlər gözləyir. Dünayaya ayıq, iti gözlə baxmaq, ağıllı, fəal olmaq vaxtıdır.

Ədibin hekayələrində gülüşlə, komizmlə bərabər, göz yaşı, müsibət də vardı; bunlar üzvi surətdə birləşirdi.

Dramaturgiyası.

Cəlil Məmmədquluzadə, eyni zamanda, realist səhnə əsərləri ilə milli ədəbiyyatın inkişafına misilsiz xidmət göstərmiş dramaturq idi. Onun teatra şövqü cavanlıqdan başlamışdı. Seminariyada dünya dramaturgiyası ilə tanışlıqdan əlavə, tələbə dostları ilə Qori və Tiflisdə bir neçə səhnə əsərinə tamaşa eləmişdilər. Səksəninci illərdə isə Naxçıvan və İrəvanda Axundzadə komediyalarında oynayan həvəskar artistlərdən biri o olmuşdur. Cavanlıqda yazdığı “Çay dəstgahı”nın alleqorik dram şəklində olması da, sözsüz ki, onun bu sahədəki gələcək inkişafının rüşeymlərindən idi.

Həmin inkişaf uzun illər ləngimişdi. Səbəbi ümumiyyətlə milli teatrın bina, aktyor qüvvələri, rejissor, səhnə ləvazimatı, geyim və s. cəhətdən təmin olunmaması, senzuranın törətdiyi maneələr idi. Amma bütün bunlar Mirzə Cəlili 1909-cu ildə, yəni “Molla Nəsrəddin” jurnalının artıq şöhrətləndiyi bir vaxtda “Ölülər” əsərini yazmaq fikrindən döndərə bilmədi.

1909-cu ilin iyun ayında tamamlanan “Ölülər” M.F.Axundzadə və N.V.Qoqol ənənələri əsasında yetişib kamala çatmış realist bir sənətkar dühasının yaratdığı möcüzəyə bərabər əsər idi.

Ötən əsrin axırı, yeni əsrin əvvəlindəki Azərbaycan həyatı üçün tipik və səciyyəvi lövhələr, təsirli, ibrətamiz hadisələr, canlı bədii surətlər, bütün bunların ifadə etdiyi humanist fikir və hisslər – “Ölülər” kimi qeyri-adi, ciddi, düşündürücü adı olan pyesin mündəricəsi belə idi.

Çox mənalı və əhəmiyyətlidir ki, alimlərdən çoxunun, adətən, “komediya” hesab etdikləri bu əsəri müəllif özü əlyazmasında “faciə” adlandırmışdır. Əsərini yazandan yeddi il sonra Bakıda tamaşaya qoydura bildikdə o, “Ölülər”ə facianə rejissor-artist şərhi verilməsinə xüsusi çalışmışdı. Nə üçün? Ona görə ki, doğurdan da, “Ölülər” ədibin hərarətli oğul məhəbbəti ilə sevdiyi hacı həsənlərin, kərbalayı fatmaların qayğıları, sıxıntı və məhrumiyyətləri haqqında, vətənin gözəl, ağıllı, qabaqcıl, qeyrətli övladlarının – isgəndərlərin, nazlıların işıqlı mənəvi aləmi haqqında, dərdləri, xəyalları, arzu və diləkləri haqqında faciədir; təravətini bu gün də saxlayan, öz işini görən bir faciə.

Bütün yaradıcılığında olduğu kimi, “Ölülər”də də Mirzə Cəlili “müsəlman qardaşları”ın bir çox sosial, mədəni sahələrdəki geriliyi, mənəvi ehtiyacları, bəzən hətta aşkar gözə çarpan şikəstliyi, eybəcərliyi, habelə onların bu vəziyyətdən qurtarmaları, ağ günə çıxmaları tərəqqi və xoşbəxtliyi maraqlandırıb məşğul edirdi. Ədib acı həqiqətlərdən şirin xəyallar naminə danışırdı. Belə olmasaydı, heç onun narahatlıq və təşvişinin də mənası olmazdı. Nə dini xürafat, savadsızlıq, qəflət yuxusunda “ölülük” dərəcəsinə çatmış Hacı Həsən, Məşədi Oruc, Kərbalayı Fatma, Hacı Kərim barədə acı atmacaların xeyri olardı, nə də səhərdən axşama kimi evdə oturub anasından “bozbaş bişirmək dərsi” alan, günün işığından, bağçanın ətrindən, çəmənin ürəkaçan mənzərəsindən binəsib qalmış “gözəl Nazlı” barədə qəmli şikayətlərin… Nə xalqdan çox uzaq olan “mənsəb sahibləri” heydər ağalar, mirbağır ağalar barədə tikanlı sözlərin, nə müqəddəslik pərdəsi altında camaatın “başını piyləyən” rəzil, əxlaqsız Şeyx Nəsrullah, Şeyx Əhməd barədə qəzəbli ittihamların, nəhayət, nə də sevimli, “biçarə” həmvətənlərinin dərdindən şəraba qurşanıb “ölülər” dünyasına matəm marşı oxuyan İsgəndər barədə yanıqlı səhnələrin…

Publisistikası.

Nasir, dramaturq Məmmədquluzadə, eyni zamanda, dövrünün istedadlı, fəal, məşhur publisisti idi. Ilk məqaləsini 1902-ci ildə “Kaspi” qəzetində nəşr etdirən ədib bu sahədə otuz il çalışmışdır. Onun bədii yaradıcılığı kimi, publisist irsi də janr və forma cəhətdən orijinal, rəngarəngdir. Məmmədquluzadə dühası burada müxtəlif, bir-birindən uğurlu, bir-birindən təsirli və ibrətamiz məzmun çalarları, üslub xüsusiyyətləri almışdır. O, dərin məzmunlu, məzəli, zarafatyana, düşündürücü, qəmli felyetonları, süjetli oçerkləri, kəsərli, işgüzar məktubları, kiçik miniatürləri, sual-cavab şəklində yazıları ilə dövrünün Azərbaycan milli publisistika məktəbinin ən görkəmli siması olmuşdur. O, yeni dövrün Azərbaycan Molla Nəsrəddini idi.

Publisist Məmmədquluzadənin yazılmamış, amma iş zamanı yaranmış mükəmməl proqramı vardı ki, oraya, məsələn, bu cür vəzifələr, mövzular, işlər daxildi: ədəbiyyat və mətbuat aləmində “yazı yazmağın ən birinci qanunu” hər bir kəsin “asan və tezliklə” başa düşə biləcəyi əsərlər yaratmaqdır. Vəzifə: xalqı vətən yolunda “əlahiddə səy və qeyrət göstərməyə” ruhlandırmaqdır. Vəzifə: “müsəlman qardaş”ın novruzəlilik və usta zeynallığına, yəni gerilik, avamlıq və mövhumatçılığına son qoymaq, onun mənəvi qüvvələrini inkişaf etdirməkdir; Molla Nəsrədddin kimi “haqq və həqiqəti dost tutmaq”, “böyükləri özündən incitmək”dən qorxmamaqdır; təkcə köhnəliyi dağıtmaqla yox, eyni zamanda, yeniliyi qurmaqla məşğul olmaq, xalqa “nicat yolu”nu göstərməkdir.

  • Ədibin publisist əsərləri “Kaspi”, “Kafkaz”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Vozrojdeniye” və s. mətbuat orqanlarında, ən çox isə “Molla Nəsrəddin” jurnalında nəşr olunmuşdur.
  • Məmmədquluzadə publisistikası həm həyati, həm də elmi-nəzəri bünövrə üzərində yaranıb inkişaf etmişdir. O, XIX əsrin və öz zəmanəsinin məşhur publisist və nəzəriyyəçilərinin mətbuat məsələlərinə dair qiymətli əsərləri ilə tanış idi və yeri düşdükcə onları hörmətlə yad edirdi.
  • Milli mətbuatda publisistikanın müasir problemlərinin əməli həllinə, xüsusilə “Molla Nəsrəddin”də böyük yer verirdi. Onun “Azərbaycan”, “Millət”, “Mikroblar”, “Mustafa bəy Əlibəyov”, “Füyuzat”, “Necə qan ağlamasın daş bu gün”, “Filosoflar”, “Əhməd bəy Ağayev cənablarına”, “Rəhbər”, “İrşad”, “Tərcümanın fitvası”, “Tarix”, “Haman söz”, “Qəzetlərdən”, “İrani-nov”, “Hacı İbrahimov” və s. məqalələri bu jurnalda nəşr olunmuşdur.
  • Bu əsərlərdə irəli sürülən və böyük ustalıqla şərh olunub əsaslandırılan çoxlu problemlərin burada ancaq bir qismini göstərmək mümkündür. Ədibin fikrincə, hər bir qələm sahibinin “öz müqəddəs vəzifəsi var: birinci növbədə, millətin xoşbəxtliyi yolunda xidmət etmək”. Vətənin və xalqın halına qalıb qayğısını çəkmək, oxucuya tərəqqi və demokratiya uğrunda mübarizə ideyaları aşılamaq hər bir vicdanlı qələm sahibinin borcudur. Daxili siyasətində məzlum millətlərin düşməni olan, onların arasına ayrı-seçkilik, ögey-doğmalıq salan imperiya əleyhinə başlanmış mübarizədə qeyrətlə, fədakarlıqla iştirak etmək lazımdır. Hər bir millət öz həyatını özü istədiyi kimi, ədalətli əsaslarla qurmalıdır.
  • Söz yox ki, buna nail olmaq çox çətin, mürəkkəb məsələ idi və bunu Məmmədquluzadə yaxşı bilirdi. O yazırdı ki, “müsəlman qardaşlar”ın böyük bir hissəsi istiqlaliyyət və konstitusiyaya nail olmağın yollarını bilmədiyindən, hətta dost-düşmənin tanımadığından ən əvvəl onların siyasi görüşlərinin inkişafı barədə fikirləşmək lazımdır. Bizim qulağımızı lap uşaqlıqdan, beşikdə olanda “şeytan”, “xortdan”, “cin”, “qulyabanı” kimi mövhumi sözlərlə doldurublar. Çoxumuzun cəmiyyət qanunları barədə təsəvvürümüz ya yoxdur, ya da tamam zəifdir. Çoxumuz həyatda rastlaşdığımız yaramazlıqları “Allah işi”, ya da “Allahın bizə qəzəbi” kimi başa düşürük ki, bu, başımızın altına yastıq qoyur.
  • Cəmiyyətin ümumi mənzərəsini, ümumi dərdlərini göstərməklə bərabər, Məmmədquluzadə və qələm dostları konkret müqəssirlər, xatakarlar, “qarnıyoğunlar” barədə də kəsərli yazılar və karikaturalar çap etdirirdilər. Jurnalda deyilirdi ki, “Balaxanıda Talışxanov fəhlənin hər birinə üç yumruq və 17 qəpik muzd verir”; “Bakıda mağaza satıcılarının məvacibi az, zəhməti həddən artıq və rahatlığı əbədən yoxdur”; “İrəvanda Baxşəli xanın otuz iki para kəndi var; Naxçıvanda elə mülkədar var ki, ildə otuz min, qırx min manat mədaxili gəlir”; əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə, … on hissəsini də qlava və pristava rüşvət və divan xərci”; “genə bahar fəslinə bərəkət! O səbəbə ki, baharda ot bitir və acların dəxi Bakı milyonçularına ehtiyacı olmur…”
  • Beləliklə, dövrün bu cür acı həqiqətləri Məmmədquluzadənin həm “Molla Nəsrəddin” jurnalında, həm də şəxsi yaradıcılığında “aclıq”, “ölülər”, “matəm”, “faciə” kimi mövzuları dönə-dönə işləməsinə səbəb olur, bu isə onun ancaq ilk baxışda şən və ürəkaçan görünən gülüşünə çox vaxt bir qüssə, kədər gətirirdi. Satirasının bu cəhətini ədib özü yaxşı izah etmişdir: “Nə bilim, bu nədir – torpaq məsələsi; bu nədir – əmələlər acdırlar, kəndlilər torpaqsızdırlar, kəndlər şkolsuzdurlar; viran olub vətənimiz, elimiz … əzilib əngimiz, sınıb belimiz; bəs biz ağlamayaq, kimlər ağlasın?!” (“Molla Nəsrəddin”, 1907, №41).
  • Publisist Məmmədquluzadənin bəzi əsərləri vətənin və xalqın dərdlərinə göz yuman eqoist ziyalılara həsr olunmuşdur: “Batdağ”, “Xənnas”, “Məryəm xanım”, “Fərrux bəy Vəzirov” və s.
  • Bu silsiləyə daxil olan “qəhrəmanlar” məsləksiz “intelligent” Mustafa bəy Əlibəyov, Avropanın məşhur Derpt universitetini qurtarıb elmi dərəcə ilə vətənə qayıdan həkim Əbdülxalıq Axundov, kef əhli olan mühəndis Fərrux bəy Vəzirov, dini-siyasi məcaraları ilə tanınan tatar xadimi Hacı Əbdürrəşid İbrahimov və b. idi. Məmmədquluzadə bu kimi ağaların pulu və ya qələmi ilə çıxan mətbuatın səciyyəvi xüsusiyyətini “böyüklər”ə tərifnamələr oxumaqda, yaltaqlıq, yalançılıq, ikiüzlülük etməkdə görürdü; belələrinə “məsləkini qara pula satanlar” deyirdi.
  • Oxucuya bir ağsaqqal, bir müəllim kimi müraciətlərində ədib üçün ana dili məsələsi ən ciddi məsələlərdən idi. Bunun səbəbi o idi ki, ölkədəki mürəkkəb şəraitdə dilə müxtəlif, hətta bir-birinə zidd münasibət yaranmışdı. Özgə dillərdən alınma sözlərin sürətlə artması mütərəqqi, vətənpərvər ziyalıları bərk narahat etməyə başlamışdı.
  • Belə bir şəraitdə meydana çıxan “Molla Nəsrəddin”in xidməti o oldu ki, ilk nömrəsindən ana dilinin heç bir güzəştə getməyən, ardıcıl bayraqdarı oldu. Məmmədquluzadə jurnalın oxucularının çoxunun savadsız, avam olduğunu nəzərə alıb sadə, aydın dildə yazmağın vacibliyini möhkəm dərk etmişdi. Sonralar o öz xatiratında yazırdı ki, məqsədimiz “dərdi-dilimizi hal-hazırda camaat başa düşən dildə ona yetirmək idi”. Jurnalın dil siyasəti onun qonşu və qardaş Şərq xalqları, habelə Rusiya müsəlmanları arasında yayılmasına da imkan yaratdı. Ədib yazır ki, “… məcmuəmiz türk ölkələrinə çox asanlıqla dağılıb öz sözünü onlara çox asan vəchlə yetirə bildi. Bunun səbəbi məhz məcmuənin asan dilidir. Onunçün də bu yolda biz bərk durmuşuq”.
  • “Meymunlar” (1906) felyetonunda ədib həm məktəblərdə ana dilinin öyrədilməsinə yol verməyən hökuməti, həm də ana dilinə xor baxan yerli dövlətliləri başa salıb ayıltmaq üçün təkidlə belə suallar verirdi: “Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Tutaq ki, bizi hökumət qoymur. Bəs ana dilimizi istəməyi,ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?… Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimizlə danışmağı ar bilməyə vadar edir? Məgər bunu da hökumət edir?”
  • Ömər Faiqlə birlikdə “Molla Nəsrəddin”də dil məsələsinə necə ciddi yanaşdıqlarını və jurnalın bu sahədə mövqeyini nece düzgün müəyyənləşdirdiklərini ədib “Xatiratım” əsərində belə izah etmişdir: “Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmaqdıq. Birinci nömrəmizin baş məqaləmizdə yazmışıq ki, “Açıq ana dilində, açıq türk dilində yazmaq eyibdir, çünki yazanın savadının azlığına dəlalət edir” Arif oxucular, söz yox ki, xatiratdakı bu qeydlərin kinayə ilə yazıldığına və “utanmaz” mollanəsrəddinçilərin dil məsələsi kimi böyük məsələni düzgün həll etdiklərinə inanmışdılar.
  • Məmmədquluzadə həm mənşəyi, həm həyatı, həm bədii yaradıcılığı, həm də publisistikasının əsas problemləri ilə daim Arazın o tayında yaşayan cənublu qardaş və bacıları ilə bağlı olmuşdur. Onun üçün bu bir neçə cəhətdən əhəmiyyətli idi.
  • İrana həsr etdiyi bədii və publisist əsərlərdə ədib bir tərəfdən qan qardaşlarına ağıllı məsləhətlər verir, o biri tərəfdən məharətlə Rusiya müsəlmanlarının “öz” dərd və ehtiyaclarına işarələr edirdi. “Təbrizdə dul övrətlərin, yetim və fəqirlərin” acından “torpaq yeməsi”, “Tehranda hüriyyət mücahidlərinin qanunlarının küçələrdə su yerinə axması” münasibətilə o, “İranlılara”, “İran fəhlələrinin pulu hara gedir?”, “Məhəmmədəli şah və bütpərəstlər” kimi kəskin ruhlu felyeton və məqalələr yazmışdır. Bu əsərlərdən üçüncüsündəki “Heyf olsun sənə, ey mənim gözəl vətənim!” sözləri isə böyük yazıçının vətən məhəbbəti ilə birlikdə vətən dərdi də çəkdiyini göstərir.

Nəsr əsərləri:

  1. Zırrama (hekayə)
  2. Oğru inək (hekayə)
  3. Şərq fakültəsi (hekayə)
  4. Şəhər və kənd (hekayə)
  5. Proletar şairi (hekayə)
  6. Konsulun arvadı (hekayə)
  7. Nağaraçılıq (hekayə)
  8. Quzu (hekayə)
  9. Saqqallı uşaq (hekayə)
  10. Usta Zeynal (hekayə)
  11. Poçt qutusu (hekayə)
  12. Kişmiş oyunu (pyes)
  13. Danabaş kəndinin əhvalatları (povest)

Dramaturgiyası:

Publisistikası:

  1. Fəqirlər davası
  2. Sizi deyib gəlmişəm
  3. Necə qan ağlamayım?!
  4. Niyə məni döyürsünüz?!
  5. Millət
  6. Qondarma bəylər
  7. Cümhuriyyət
  8. Xoşbəxtlik
  9. Azadeyi-vicdan
  10. Təzə paltar
  11. Azərbaycan
  12. Yer yoxdur

Comments are closed, but trackbacks and pingbacks are open.