Press "Enter" to skip to content

SON DƏQİQƏ

Tədbirin sonunda “Cəlil Məmmədquluzadə-145” adlı kitab sərgisinə baxış keçirilib.

Xankəndi

Azvision.az AzərTAc -a istinadən xəbər verir ki, rayon mərkəzi kitabxanasında keçirilən tədbirdə təhsil və mədəniyyət işçiləri, ziyalılar, yazıçılar, gənclər və şagirdlər iştirak edib.

Mərasimdə çıxış edənlər görkəmli maarifçi-demokrat Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı barədə geniş məlumat vermiş, onun ədəbiyyatımıza gətirdiyi yeniliklərdən danışmışlar. Mirzə Cəlil irsinin zənginliyi, onun azərbaycançılıq ideologiyasının gənc nəsillərə təsirindən söhbət açılıb.

Bildirilmişdir ki, Mirzə Cəlil yaradıcılığında Azərbaycan xalqının soykökünə məhəbbət, xalqımızın millət kimi özünü dərk etməsi məsələləri geniş yer tutur. Diqqətə çatdırılmışdır ki, C.Məmmədquluzadə bütün ömrünü nadanlıq və cəhalətə qarşı mübarizəyə həsr etmişdir. Azərbaycan ədəbiyyatına istiqlal düşüncəsi gətirən Mirzə Cəlil ədəbi mühitdə azərbaycançılıq ideologiyasının banisi kimi çıxış edərək daim Vətənin, dilin, xalqın tərəqqisi naminə çalışıb.

Tədbirin sonunda “Cəlil Məmmədquluzadə-145” adlı kitab sərgisinə baxış keçirilib.

SON DƏQİQƏ

“Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin parçaları olan kimi bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamil-həyat əziyyət edəcək: nə qədər canında nəfəs var peşiman olacaq”- Cəlil Məmmədquluzadənin məşhur “Anamın kitabı” əsərindən olan bu sözlərini bir xalq müdriki, el ağsaqqalının qızıl sözləri, vəsiyyəti kimi qəbul etmək olar. “Anamın kitabı” Cəlil Məmmədquluzadə yaradıcılığının sonu olmasa da, ideoloji konsepsiyası cəhətdən onun yetkin qənaəti hesab etmək olar. Təsadüfi deyil ki, Mirzə Cəlilin çox görkəmli tədqiqatçıları bu əsəri olduqca yüksək dəyərləndirirdilər. “Ağsaqqal nəsillərin davamçısı” (Mirzə Cəlil aşiqi və hamisi də demək yerinə düşər!) akаdemik İsa Həbibbəyli bu əsər haqqında yazırdı: “Anamın kitabı” – Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi Anasıdır. . C.Məmmmədquluzadənin “Anamın kitabı” əsəri . milli-mənəvi özünüdərk, Vətənçilik, milli birlik və müstəqillik dərsliyidir. “Anamın kitabı” – Azərbaycanın . tale kitabıdır, milli ədəbiyyatımızın ən mükəmməl Azərbaycannaməsidir”.
Böyük realist sənətkar Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri milli istiqlal, dövtətçilik, müstəqillik ideallarını özündə əks etdirən çox qiymətli bədii məxəzdir. Bu əsər, fikrimizcə, başdan-başa simvollar əsəridir. Bu pyes əsl Azərbaycannamədir, azərbaycançılıq ideyalarının mənbəyidir. Əsərdə görkəmli ədib böyük məharətlə Azərbaycan xalqının taleyi məsələsini bir ailənin timsalında ümumiləşdirmiş, dərin həssaslıqla ifadə etmişdir. Professor Mir Cəlalın dediyi kimi, pak, saf ürəkli mehriban ana Zəhrabəyim vətəni təmsil edir. “Anamın kitabı” əsərində təsvir olunan sadə xalq nümayəndələri isə, fikrimizcə, Azərbaycanın xalqının taleyi və mənafeyi ideyasını ifadə edirlər. Bu əsər öz ideyası etibarilə ədibin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində yazdığı “Azərbaycan” məqaləsi ilə yaxından səsləşir və onun davamı kimi görünür. Lakin məqalədə ədib Azərbaycan xalqını bütün el birliyi ilə həmrəy olub cümhuriyyət – azad, müstəqil Azərbaycan yaradılmasına səsləyirsə, artıq bu əsərdə yaranmış Cümhuriyyətin süqutu və çöküşü səbəblərini ürək yanğısı ilə təsvir edir.
Əsərdə ciddi milli-ictimai məzmun ifadə edən səhnələrdən biri məhz acların ağlaya-ağlaya Cəmiyyəti-xeyriyyənin iclasına daxil olmaları səhnəsidir. Aclar ağlaya-ağlaya cəmiyyəti-xeyriyyənin iclasına daxil olub kömək istəyərkən çobanlar – Qurban, Zaman, Qənbər (adların özündə belə rəmz var. Fikrimizcə Qurban Vətənin varlığı və azadlığı yolunda özünü mübarizəyə atıb fədakarlıq etmənin, özünü vətənə və millətə həsr etmənin, hər şeyilə vətənə aid olmanın, Zaman leksik-semantik mənasına uyğun olaraq fəlsəfi-tarixi vaxtın, zamanın, Qənbər isə məna etibarilə özündə vətənin, millətin, xalqın ruhunu, tarixini, yaddaşını hifz eləyib daşlaşdıran vətəndaşlığın simvoludur – R.Q.) “beşikdə yad millətlərin südünü əmmiş”, “vətənimizdən yadırğamış”, “millətimizin ruhundan xəbərsiz olan” “obrazovannı bir para millət başçılarımız”dan fərqli olaraq aclarla rəmzləşmiş müdafiəsiz və başsız millətə isti qayğıkeş münasibət və diqqət göstərirlər. Xalqın ən səciyyəvi əxlaqi-mənəvi keyfiyyətləri – qayğıkeşlik, məsuliyyət, sadəlik, sevgi, yanğı onlarda cəmlənib. Gününü dağda-daşda keçirən bu insanlar Vətənin sərhədlərinə əllərinin içi kimi bələddirlər. Onlar qarda-yağışda, istidə-soyuqda öz sürüsünün aclığı-toxluğu qayğısına qalır, ac və köməksiz xalq üçün əzaba və çətinliklərə qatlaşmaq, qabaqlarında yüz-yüz əlli qoyun, hamısına da bircə-bircə diqqət və qayğı ayırmaq, hər birinin qurddan-quşdan təhlükəsizliyini gözləmək, öz təbəələrinə əsl humanist, qayğıkeş münasibət göstərmək nümunəsini ifadə edirlər. Onlar bu vətənin pak və təmiz bulaq sularını, bu torpağın ruhunu canlarına, qanlarına hopdurublar. Sürüdən bir itki onları sarsıdır. Hər hansı bir qoyuna bir dərd gələndə hamısı səfərbər olub onun qayğısını çəkirlər. Hər hansı birini canavar aparanda, yainki yoxa çıxanda ondan dərhal xəbər tuturlar. Ancaq “obrazovannı” millət başçılarının xalqın günündən, güzəranından xəbərsizdirlər. Gözləri qarşısında sızım-sızım sızıldayan ac, zavallı insanlara acımırlar da. Ancaq çobanlar dərhal onlara əllərində olanları verib doyurmaqla dərdlərinə çarə olurlar. Bu cəhətdən bütün müsbət milli potensial və perspektivlər çobanlarda toplanıb.
Qənbərin, Zamanın, Qurbanın və onlar kimi sadə xalq adamlarının danışığı, əməli, dərdə-oda əlacları el adətincə, el təbirincə, el qaydasıncadır. Onların qoyunların yarasına sürtdüyü ”nöyüt” “mədəni” dərmanlardan çox-çox təsirli və yararlıdır. (Fikrimizcə, neftlə qoyunların yarasına əlac eləmək milli sərvətimizi milli mаrаqlаr üçün istifаdə fikrini ifadə edir.) Hələ onların qoyunlara qoyduqları adlar – qumral qaragöz, qara kərə, qumral kərə, bənöyüt kərə, ağ qaraüz və s. “obrazovannıların” danışıq ədasına və “yad terminologiyasına” qarşı ən tutarlı milli təbirdir.
Bizə elə gəlir ki, Mirzə Cəlil sürü ilə xalqı, təbəəni, çoban ilə başçını, rəhbəri (və onlar arasındakı münasibətləri) göstərmək istəmişdir. Çobanların sürü ilə təmasında əsl dövlət və hakimiyyət mexanizmi, idarəçilik qaydaları özünü göstərir: “Qənbər: Xanımcan, bax, məsələn, Qurban gedir durur qoyunların bir tərəfində, Zaman da gedir durur bir tərəfində ki, qoyunlar dağılmasın. Alıram ağac əlimə (Qurbanın əlindən çomağı alır) və başlayıram qoyunları yoxlamağa: qara kərə, tayın görmək gərək, qumral kərə tayın görmək gərək, sarı kürə tayın görmək gərək. boz qumral kərə, hanı boz qumral kərə? Ədə Qurban, hanı boz qumral kərə? Ədə Zaman, yoxdu boz qumral kərə. Zaman, Qurban, Salman, boz qumral kərə yoxdu. (Bayatı havası ilə oxuyur.) Çal kərə, maral kərə, hardasan boz qumral kərə. ey vay, ey. ”. Buna milli-ictimai birliyin, həmrəyliyin ideya əsası demək olar. Bu birlikdən birinin yoxluğu “elə bir dərddir ki, elə bil külfətdən bir övlad yox olub”. Burda insanlara sosial statusuna görə hörmət, diqqət və qayğı göstərilmir, insanlıq meyarına, bir–birilə var olmaq meyarına görə hörmət, qayğı və diqqət vardır. Bunlardan biri yoxdursa, birimiz yoxdur deməkdir, məsələ insanın nəyə malik olduğunda, nəçi olmasında deyil, onun birliyin tərkibində yaşamasındadır. “Çünki söz bir qoyunun qiymətində deyil ki, üç ya beş manatdı. Amma deyəndə ki, boz qumral kərə yoxdu, elə bilirik boz qumral kərə bizim qardaşımız idi, yainki bir əziz yoldaşımız idi”. Bu baxımdan akademik İsa Həbibbəyli yazırdı: “C.Məmmədquluzadə xalq, milli birlik, vətən motivlərini “Anamın kitabı” əsərindəki Zəhrabəyim ana, Gülbahar və habelə, Qənbər, Qurban, Zaman obrazları vasitəsi ilə çatdırmağa çalışmışdır. Əsərdəki çoban surətləri milli mənəviyyatın, xalq adət-ənənlərinin, doğma torpağa bağlılığın həqiqi yaradıcısı kimi çıxış edirlər. Cəlil Məmmədquluzadənin Gülbahar obrazı Azərbaycan ədəbiyyatında Vətən, millət və istiqlal amalının dramatik üvertürasıdır”. Bizcə, bunları da əlavə etmək olar ki, müəllifin bu simvolik obrazlar ansamblında Zəhrabəyim ana Vətən, qız Gülbahar vətənin taleyi, qardaşlar Rüstəm bəy, Səməd Vahid, Mirzə Məhəmmədəli millət başçılarını (partiyaları), çobanlar – Zaman, Qurban, Qənbər isə xalqı və milləti simvolizə edirlər.
Təmiz ana dilinin də yalnız onların nitqlərində təzahür etməsi sadə xalqı milli inkişafın təmayülü kimi ideallaşdırır.
“Aslan bəy: . qoyunun yarasını siz dezinfeksiya (?) eləyirsinizmi?
Qənbər: Qanmadıq həkim ağa.
. Aslan bəy: . qoyun yaralananda onun temperaturasını (?) ölçürsünüzmü?
Qənbər: Qanmadıq həkim ağa” .
Buna görə də “obrazovannı” qardaşlara hamıdan bir köynək daha yaxın olan dos-doğma bacıları Gülbahar: “Qardaşlarım, sözün doğrusu budur ki, çobanların danışdığından savayı mən bir söz başa düşmədim ”- deməklə onların “dillərinə” də qiymət vermiş olur. “Ana dili qəlblərə dəvadır. Ana dili ana ruhudur, dərdlərə çarədir” fikrini Zəhrabəyim xəstələnib yerə yıxılanda Gülbahar onu doğma övladların yad dilləri ilə deyil, yad çobanların doğma, ruh oxşayan dillərilə dərdinə dəva etməklə ifadə edir. Aydın ifadəsini tapmışdır ki, xalqın ziyalısı ilə xalqın sadəsi bir küllün müxtəlif zərrələri olmalarına baxmayaraq bir-birilərini başa düşmürlər və aralarında ictimai uçurum, özgəlik vardır. Müəllif çobanların “çoban-çoluq dili” hesab edilən dillərini ana Zəhrabəyimin, onun timsalında vətənin dərdinə dərman görür. Onların danışdığı dildə ananın kefi, halı, ruhu köklənib, buna görə də bu dil onun kefini açmağa, dərdini dağıtmağa qadirdir:
“Gülbahar: . Qənbər, bir az danış anamın kefi açılsın.
Zəhrabəyim (Qənbərə): Qənbər, bir az danış , danış. Nə olar danış qulaq asaq”.
Qəribədir ki, başqalarının bir-birini başa düşməsi, dil tapması üçün lüğət hazırlayan Rüstəm bəy özü öz atadan-anadan bir dos-doğma qardaşları ilə dil tapa, bir-birini başa düşə bilmir.Yerə-göyə xüsuf-küsuf duası yazıb onları fəlakətdən xilas etmək istəyən Mirzə Məhəmmədəli öz qardaşları ilə bir olmağa, doğma ailəni dağılmaqdan xilas etməyə gücü yetəcək bir dua “yazmağı” bacarmır. Elmi-qafiyə dərsi ilə sözlərin bir-birinə poetik uyğunlaşmasını öyrədən Səməd Vahid özü qardaşları ilə bir ailə doğmalığı ilə uyğunlaşa, birliyə uya bilmir, bir ailənin qayda-qanunları, qan bağı çərçivəsində çuğlaşa, bir-birilərinə yaxınlaşa bilmir. Əsərdə Rüstəm bəyin özü də anası Zəhrabəyimə müraciətlə dediyi kimi: “. nə qədər ki mən bu kitablara etiqad eliyirəm, Məhəmmədəli də bu kitablara və Səməd Vahid də bu kitablara etiqad eliyirlər dəxi biz nə təhər . mehriban yola gedə bilərik?” Etiqad ayrılığından bir-birinə sözü xoş gəlməyən qardaşları vahid bir məxrəcə gətirmək üçün yeganə bir kitab (ideya, qanun) qalır: “ Qaldı bircə kitab! Bu da anamın kitabı!” Bu, Vətən kitabıdır, vətən naminə birləşmənin qanunu kitabıdır. Professor Mir Cəlalın da dediyi kimi, “60 yaşlı Zəhrabəyim və onun kitabı böyük ədibin əsərində Vətən kitabıdır. Bu elə bir kitabdır ki, bütün balaların, vətən övladının adı burada yazılmışdır”. Məhz bu kitab xilası, nicatın yolunu göstərən kitabdır. Yalnız bu kitaba etiqadla ittihada gəlmək mümkündür. Bu kitab o kitabdır ki, buyurur: “Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin parçaları olan kimi bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamil-həyat əziyyət edəcək: nə qədər canında nəfəs var peşiman olacaq”. Vətən öz taleyinin müqəddəratını “Anamın kitabı” əsasında həll etməyi tələb edir. “Budur kitab, budur elm!” Budur vətəndaşlığın düsturu, aksiomu, azərbaycançılığın qanunu, azərbaycanlılığın kəlmeyi-şəhadəti, Vətən adlı Allah yolunda namazın sözləri. Fiziki varlıqlarda molekul nüvə, elektron və protonlardan ibarət olub bir-birini cəzblə var olduqları kimi, Allaha bəndələr daim ehtiyac duyub ona can atdıqları kimi, qalaktika Günəş ətrafında planetlərin cəzbetmə qanunları əsasında hərəkət edib mövcud olduğu kimi “Anamın kitabı”nda da vətəndaşlar vətəndə dövlət qurub onun keşiyində ayıq-sayıq durmaqla var olmaq qanununu ifadə edir. Mirzə Cəlilin öz vətəndaşlarına öyrətmək istədiyi qanun budur.
Burdа diqqəti çəkən məsələlərdən biri də аnаnın kitаbı, аtаnın vəsiyyətnаməsi оlаn kitаbın özü və üslubudur. Fikrimizcə, ədib bu vəsiyyətnаmənin üslubunu müqəddəs “Qurаni-Kərim”in üslubunа uyğunlаşdırmışdır. Düşünürük ki, bunu məqsədli еdən ədib хаlq, kütlə аrаsındа “Qurаn”а оlаn hədsiz inаmı nəzərə аlаrаq öz “Аtаnın kitаbı”ndа dа (bu, əslində, аtаnın yаzdığı, аncаq аnаnın sахlаdığı kitаb оlduğu üçün bеlə аdlаndırılıb – R.Q.) bu üslubu, diktə fоrmаsını əsаs götürmüşdür. Diqqət еdilsə, аtаnın vəsiyyətnаməsində işlənən “Vay o kəsin halına ki … Mən etiqad edirəm ki…” kimi ifаdə fоrmаlаrı еynən tеz-tеz “Qurаni-Kərim”də və müsəlmançılığın şəhadətində işlənir və аpаrıcı mürаciət üslubunu təşkil еdir. Vəsiyyətnаmədəki yığcаmlıq, məzmunluluq, diqtə, təntənə, əzəmət və s. еlə “Qurаni-Kərim”də də аpаrıcılıq təşkil еdir. Vəsiyətnаmədəki “Mən etiqad edirəm ki…” bаşlıqlı mətn islаmın “Mən şəhаdət еdirəm ki. ” bаşlıqlı kəlmеyi-şəhаdətini хаtırlаdır və bu mənаdа Mirzə Cəlil bu yığcаm, üslubcа zəngin kiçik mətnlə Аzərbаycаnçılığın kəlmеyi-şəhаdətini yаzmışdır. Bundаn bаşqа, fikrimizcə, C.Məmmədquluzadə yeganə sənətkarlardandır ki, ayı və ulduzu atanın yadigar qoyduğu “Anamın kitabı”nda təsvir etməklə Azərbaycan Хаlq Cümhuriyyətinin bayrağına işarə etmiş, bu əsəri ilə sаnki ilk müstəqil Аzərbаycаn dövlətinin süqutuna “аğı” dеmiş, оnа оlаn rəğbətini bildirmiş, üç qаrdаşın bаrışmаz münаsibətlərinin timsalında оnun süqutu səbəblərini əks еtdirmişdir.
Bütün bu kimi xüsusiyyətlərinə görə Cəlil Məmmədquluzadə yaradıcılığı milli oyanış və istiqlal düşüncəsinə xidmət edən, düşünən və düşündürən bir ədəbiyyatdır. Mənsub olduğu xalqın milli oyanışı, maariflənməsi və istiqlal düşüncəsinin formalaşmasında misilsiz xidmətlər göstərdiyi üçündür ki, görkəmli söz ustadı, yazıçı, dramaturq, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamış və Sərəncamda da deyildiyi kimi: “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. . Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük yazıçı və dramatuq Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən institutun direktoru, akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncam imzaladığını xatırladıb. Bildirib ki, Sərəncama əsasən Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və AMEA ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planının hazırlanması tapşırılıb. Bugünkü tədbir də həmin tədbirlər planına əsasən keçirilir.

G.Baxşəliyeva qeyd edib ki, Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rolu olub. Mirzə Cəlil Azərbaycan ədəbiyyatı və ictimai fikir tariximizdə böyük iz qoyub, ana dilimizin qorunmasında və inkişafında, Azərbaycan xalqının oyanışında böyük xidmətlər göstərib, həmçinin yalançı din təbliğatçılarına, xurafata və cəhalətə qarşı mübarizə aparıb. “XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycan ədəbiyyatı, ictimai və ədəbi fikir tarixində çox böyük dirçəliş dövrü başlandı. Bu proseslərin başında duranlardan və fəal iştirak edənlərdən biri də Mirzə Cəlil olub. Cəlil Məmmədquluzadənin fəaliyyətinin əsasında onun publisistikası dayanır. O, həyatı boyu bu ideallar uğrunda yazıçı qələmi ilə xalqımızın inkişafı üçün mübarizə aparıb. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur. Bu jurnalın ətrafında bir sıra demokrat, vətənpərvər və maarifçi yazıçılarımız cəmləşmişdi. “Poçt qutusu”, “Danabaş kəndinin əhvalatları”, “Ölülər” və digər əsərlərində ürək yanğısı ilə Vətənində mövcud olan geriliyi, savadsızlığı satirik qələmi ilə aradan qaldırmaq böyük vətənpərvər yazıçının fəaliyyətinin əsasını təşkil edirdi. Azərbaycanda sovet hakimiyyəti qurulanda Mirzə Cəlil Təbrizə mühacirət edib və iki il bu şəhərdə yaşayıb, fəaliyyətini orada da davam etdirib. Məhz “Molla Nəsrəddin” jurnalının səkkiz nömrəsi Təbrizdə nəşr olunub. 1922-ci ildə Azərbaycana qayıdan C.Məmmədquluzadə ömrünün sonunadək fəaliyətini Bakıda davam etdirib”, – deyə Gövhər Baxşəliyeva qeyd edib.

G.Baxşəliyeva bildirib ki, Şərqşünaslıq İnstitutunun tədqiqat dairəsinə uyğun olaraq bu elm müəssisəsində bilavasitə görkəmli ədibin yaradıcılığı tədqiq edilməyib. Ancaq institutda iranlı dissertantlar tərəfindən “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının İran ədəbiyyatına təsiri” və “Məşrutə dövrü İran satirik mətbuatının inkişafında Cəlil Məmmədquluzadə və M.Ə.Sabirin rolu ” mövzularında dissertasiya işləri uğurla müdafiə edilib.

Seminarda institutun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı “Cəlil Məmmədquluzadənin cəhalətə və xurafata qarşı mübarizəsi və aktuallığı” mövzusunda məruzə ilə çıxış edib.

Ümumən soydaşlarını, o cümlədən bütün Şərq qadınlarını oxumağa, maariflənməyə çağıran Mirzə Cəlilin: “Ey Şərq qadınları, oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız onda azadlığın qədrini bilərsiniz, onda xoşbəxtlik yolunu taparsınız. Oxumasanız qaranlıqda qalacaqsınız” fikrinə istinad edən məruzəçi maarifçiliyin onun əsas amalı olduğunu xatırladıb. “Molla Nəsrəddin” jurnalının nəşr olunduğu dövrün siyasi və ictimai mühitində ən çox mübarizə apardığı məsələnin, dini özünə qalxan edərək insanların vicdani duyğularını istismar edənlərin olduğu diqqətə çatdırıb. Mirzə Cəlil irsinin müasir dövrdə də aktuallıq kəsb etdiyi vurğulanıb.

Sonra məruzə ətrafında çıxışlar olub, suallar cavablandırılıb.

Comments are closed, but trackbacks and pingbacks are open.