Press "Enter" to skip to content

Cəlil məmmədquluzadə

Qəhrəman yüzbaşı (birdәn dikәlib, ucadan hirs ilә Hәsәnәliyә). Necә od vurmuşuq? Niyә boş-boş danışırsan? Biz onların hәyә beş-on dığa-mığasını öldürmüşük, bәs Nәcәfqulu kimi igidi bir dә haradan tapacağıq? Şirzadı haradan tapacağıq? Misirxanı neçә ermәniyә dәyişmәk olar? Bu nә boş-boş tәskinlikdi özünüzә verirsiniz?

Qlobalinfo

Qarabağda, dağın әtәyindә, kәndin kәnarında, ağacların dibindә, çәmәndә, axşama bir az qalmış, atlı dәstәsi sәrkәrdәsi Qəhrəman yüzbaşı bir daşa söykәnib, qıçlarını uzadıb, fikirli oturubdur. Bir tәrәfdә bunun yasovulu Qaraş, qabağında yәhәr vә әlindә iynә-biz yәhәr tikir. Bir tәrәfdә yoldaşlardan Həsənəli çörәk-pendir hazırlayır vә düzür Qəhrəman yüzbaşı nın qabağına. Qeyri yoldaşlardan Әziz vә Qasıməli od yandırırlar. Bir neçәsi kәnarda oturub çörәk dürmәyi yeyir. Yenә bir neçә nәfәr, kimi tüfәngә patron qoyub boşaldır, hamısı qәmәli vә patrondaşlı; bircә Qəhrəman yüzbaşı patrondaşını çıxardıb qoyub qabağına. Kәnarda ağaca bir neçә tüfәng söykәnib. Bunlardan savayı yoldaşlarından biri arpa xәlbirlәyir, biri tüfәngini gәtirib söykәyir ağaca, biri tüfәngi götürüb aparır. Yavuqdan at kişnәmәsi dә eşidilir. Uzaqdan tәk bir güllә sәsi gәlir.

Qaraş. Hәsәnәli, tez ol, Qәhrәman yüzbaşı sәhәrdәn acdı.

Qəhrəman yüzbaşı. Balam, Qaraş, vallah heç iştahım yoxdu.

Həsənəli. Qәhrәman yüzbaşı. Bir mәnә bax gör nә deyirәm: sәn ağır-arxayın çörәyini ye, üstündәn dә çay dәmlәyim, kefincә iç, arxayın bu gözәl çәmәndә yat; mәn dә kişi kimi sәnә söz verirәm ki, sübh işıqlanan kimi ermәnilәri Qazançıdan çıxardım.

Qaraş (Hәsәnәliyә). Mәn ölüm, Hәsәnәli, yekә-yekә danışma! Hәyә sәn kişi idin, binәva Suleymanbәyә vaxtında patron yetirә idin, darda qalmayaydı; üç-dörd ermәniyә әsir düşmәyәydi. Mәn, nәyә deyirsәn, and içim (bizi vә iynәni çırpır yerә) ki, Sülaymanbәyin dә, yoldaşlarının da güdaza getmәyi sәn kimi bişüur yoldaşların bәrәkәtindәndir.

Həsənəli (Qaraşa acıqlı). Әdә, Qaraş, vallah sәn qudurubsan! Sәn heç özün dә bilmirsәn ki, nә danışırsan! Mәn Süleymanbәyә.

Qəhrəman yüzbaşı (danışığı kәsir vә hövsәlәsiz). Allah xatirinә bu bihudә danışıqları boşlayın. İidi daha iş-işdәi keçib; yәni heç Hәsәnәlinin dә burada günahı yoxdu. Nә qәdәr başıdaşlı Süleymanbәyә çığırdım ki, dәyirmana girmәyin. Mәn bilirdim ki, orada ermәni var. Yәni olmasaydı da, Süleymanbәygil oradan salamat qurtara bilmәyәcәkdilәr. Mәgәr yadınızdan çıxıb ki, haman dәyirmanda bildir ermәnilәr on iki adamımızı yandırdılar? Mәn bilirdim ki, ora xatalı yerdi.

Әziz (Qaraşa). A balam, Qaraş, doğru deyiblәr ki, uzaqdan döyüş hasan gәlәr. Hәlә bir de görüm Hәsәnәli başına nә daş sala idi? Deyirsәn Süleymanbәyә patron yetirә bilmәdi; amma sәn bilirsәnmi Hәsәnәli özü nә gündә idi? Hәsәnәli bu gün Xumarıdan Qazançıya kimi ermәnilәrin iki sәngәrini alıb, neçә ermәni öldürüb, atalarını yandırıb. Niyә, davanın hamısını Hәsәnәliyә tutdurmuyublar ki.

Qasıməli (Әzizә). Hәlә sәn onu deyirsәn, bu gün mәn.

Qəhrəman yüzbaşı (bir qәdәr dikәlib hövsәlәsiz). A kişi siz allah, siz peyğәmbәr, bu güftgunu [1] boşlayın. İndi hәr nә olub, keçib; qoyun bir saat qulağımız dincәlsin görәk.

Həsənəli (guya öz-özünә yavaşca). Yәni, allaha şükür, bir şey ki, olmuyub. Genә necә olmuş olsa, ermәnilәrin atalarına od vurmuşuq.

Qəhrəman yüzbaşı (birdәn dikәlib, ucadan hirs ilә Hәsәnәliyә). Necә od vurmuşuq? Niyә boş-boş danışırsan? Biz onların hәyә beş-on dığa-mığasını öldürmüşük, bәs Nәcәfqulu kimi igidi bir dә haradan tapacağıq? Şirzadı haradan tapacağıq? Misirxanı neçә ermәniyә dәyişmәk olar? Bu nә boş-boş tәskinlikdi özünüzә verirsiniz?

Hәmin söhbәtdә yoldaşlardan Novruz adlı, әlindә xәlbir, arpa xәlbirlәmәkdә idi; kәnarda bir qaraltı görüb, әlini qoyur alnına, diqqәtlә uzağa baxır vә bir qәdәr baxandan sonra deyir:

Novruz . Әziz, Әziz, bir gәl sәn dә diqqәtlә bax gör o qaraltıları seçәrsәn, ya yox; mәn onları adama oxşadıram.

Әziz (gedib Novruzun yanında durub, diqqәtlә haman tәrәfә baxır). Bax, birisi özünü verdi qayanın dalına.

Novruz . Sәn ölәsәn, Әziz, ermәnidilәr. Onlar yәqin bizi gördülәr. Bax, o birisi dә keçdi daşın dalına.

Hәsәnәli vә Qaraş da durub diqqәt ilә haman tәrәfә baxırlar.

Novruz . Sәn ölәsәn, Әziz, bunlar ermәnidilәr.

Bu sözlәri decәk Novruz cәld tüfәngini salır çiyninә cilovu ağacın budağından çәkib, qaçır atlansın. Әziz dә buna baxıb haman cür elәyir. Bunlardan savayı yoldaşlardan yenә iki nəfər cilovları götürüb qaçırlar. Qəhrəman yüzbaşı da vә qeyrilәri ayağa durub, haman tәrәfә diqqәt ilә baxırlar.

Qəhrəman yüzbaşı (әlini qoyub alnına). Әdә, cәld tәrpәşin! (Çığırır). Әziz! Atı döy, sәnin atın qıvraqdı.

Qaraş (ucadan). Çaparaq, çaparaq! (Alçaqdan). Qorxuram çata bilmәyәlәr. (Bir az sakit olub) Aha, qoçaq Novruz deyәsәn tutacaq. Aha, Әziz dә haqladı. Zalım oğlunun atının qabağından bir kәs qurtara bilmәz.

Qəhrəman yüzbaşı . Hey, he. Yox, biri deyәsәn qaçıb әldәn çıxdı. Amma Qazançıdan bir-iki ermәni görsәndi. Әdә, qorxuram uşaqları vuralar.

Çox uzaqdan tüfәng atılır.

Qəhrəman yüzbaşı . Yox, biri qaçdı. Odu, özünü soxdu Qazançının bağlarına.

Qaraş. Aha, deyәsәn birini tutdular.

Qasıməli. Tutublar. Yәqin ki, yaralanıbdı; yoxsa bu da qaça bilәrdi.

Qəhrəman yüzbaşı . Amma qorxuram öldürәlәr. Yaxşı olardı diri gәtirәydilәr; danışdırandan sonra öldürәydik. Әdә, İmran, tez atıl atın üstә, çaparaqla. Deginәn әgәr ermәnidirsә, diri gәtirsinlәr.

İmran tüfәngi götürüb yox olur, bir qәdәr baxırlar.

Qasıməli. Deyәsәn gәlirlәr.

Qaraş. Gәlirlәr. Hәr kәsdisә, tutub gәtirirlәr.

Qəhrəman yüzbaşı . Gәlirlәr (gәlib oturur qabaqkı yerindә).

Qasıməli. Gәtirsinlәr görәk kimdi.

Qaraş. Hamısı piyada gәlir.

Qəhrəman yüzbaşı . Qaraş, bunlar hәr kәsdisә, nabәlәd adama oxşuyurlar. Bunlar ya gәrәk Saybalıdan gәlәlәr, ya da Çeşmәbasardan. O yerlәrә dә ki, ermәni indi öz ayağı ilә gedib çıxmaz. (Bir qәdәr sakit baxırlar).

Qaraş (çölә baxa-baxa). Budu, Әziz çaparaq gәlir; görәk nә xәbәr gәtirir.

Әziz (sevincәk cәld atdan tullanıb, üzünü yüzbaşıya tutur). İkisi dә Qazançı ermәnilәri imiş. Amma birinin әcәli tamam deyilmiş. Zalım oğlu dovşan kimi qaçdı, özünü soxdu Qazançının bağlarına; amma yoldaşını tutduq. Budu, uşaqlar gәtirirlәr. Yüzbaşı, vallah, bunu da tuta bilmәyәcәkdik, çünki mәnzil çox uzaqdı. Bu çünki axsaqdı, qaça bilmәdi.

Qəhrəman yüzbaşı . Biz elә xәyal elәdik ki, güllә dәyib.

Әziz. Yox, güllә dәymәyib, anadan doğma axsaqdı. (Atını çәkib bağlayır budaqların birinә). Budu, gәldilәr.

Novruz vә İmran bir axsaq ermәnini qabaqlarına salıb, gәtirirlәr yüzbaşının qabağına. Qalan yoldaşlar atları yerbәyer elәyirlәr. Ermәni, yәni kamançaçı Baxşı, sağ әlindә örtük içindә kamança, yüzbaşıya ikiqat baş әyib, qorxa-qorxa sağına-soluna baxır.

Qəhrəman yüzbaşı (yoldaşlara). Amma balam, deyәsәn ovunuz bir ov deyilmiş. (Baxşıya) Adә, ermәni, sәn hansı kәtdisәn?

Baxşı (titrәyә-titrәyә). Ağa, mәn qazançılı Baxşıyam. (O tәrәfә-bu tәrәfә baxır).

Qəhrəman yüzbaşı . Yoldaşın kim idi? Haradan gәlirdiniz?

Baxşı. Ay ağa, yoldaşım qazançılı tar çalan Qriqor idi. Çeşmәbasardan gәlirdik; Zülfüqarbәyin oğlunun toyunda çalırdıq.

Qəhrəman yüzbaşı . Çox әcәb, çox әcәb. Siz gedin müsәlmanların toyunda plov yeyin, axmaq müsәlmanların pullarını doldurun cibinizә, Qazançı ermәnilәri dә gecә xәlvәtcә tökülsünlәr müsәlman kәndlәrini yandırsınlar. A balam, bәsdi, hәya elәyin! Balam, bu iki cüt bir tәk qorxaq ermәnilәr, bilmirәm, vallah, bizdәn nә istәyirlәr? Dünәn Qazançı ermәnilәri bizim Sarvanlardan dörd nәfәr elә bir igid oğlanlar öldürüblәr ki, dörd yüz sәnin kim çolaq ermәni öldürsәk, genә әvәzi çıxmaz.

Baxşı (titrәyir). Ağa, din haqqı xәbәrim yoxdu. Allah (әllәrini göyә qalxızır) bais mәrdimazarın evini yıxsın! (ağlayır).

Qaraş. Hә, ağlarsan, ağlarsan! Bәs niyә ağlamırsan?! İndi ağlarsan. Bilirsәn ki, bu saat başını qoyun başı kimi kәsәcәyik. İndi, bax, qorxundan yoluq cücәyә oxşuyursan. Amma, vallah, fürsәt tapsan, sәn dә haman müsәlman qanına yeriklәyәn ermәnilәrin birisәn.

Baxşı (titrәyir). Nә deyim, a qardaş.

Qəhrəman yüzbaşı . Adә, ermәni, Vartan indi hardadı? Bilirsәn hansı Vartanı deyirәm? O ki, bizim Şirzadı apardı, öldürdü, o namәrdi deyirәm; bilirsәn hardadı? Yәni bilsәn dә, doğrusunu ki, demәyәcәksәn.

Baxşı (titrәyir). Vallah, bilmirәm.

Qəhrəman yüzbaşı . Eybi yoxdu. İndi o şişlәri qızardıb sәni dağlayanda deyәrsәn doğrusunu.

Zeynәb arvad mәrәkә ilә ağlaya-ağlaya özünü salır ortalığa vә Baxşının üstә hücum çәkib, onun üz-gözünü başlayır cırmaqlamağa.

Zeynəb. Budu Qazançı ermәnisi? Sәnsәn? Sәnsәn? Bu saat sәni mәn tikә-parça elәyәcәyәm? Öz әlimnәn sәni doğrayacağam, qiymә-qiymә elәyәcәyәm! Hanı mәnim oğlum?! Hanı mәnim pәhlivan Şiralı oğlum?! Niyә onu öldürdünüz? Bax, bax! (Cırmaqlayır vә sonra qaçıb Qaraşın belindәn qәmәni çәkib, qalxızır Baxşının üstә). Vurum? Vurum? Vurum?

(Bu halәtdә dayanıb durur).

Baxşı yanını yerә vurub, sağ әlindәki kamançanı gizlәdib, sol әlini tutub qәmәnin qabağına.

Qəhrəman yüzbaşı (Zeynәbә). A rәhmәtliyin qızı, sәn dә burada bizi mәәttәl elәmә! Arvadsan, get arvadlığına! (Cәld gәlib istәyir qәmәni Zeynәbdәn alsın, bu da vermir vә dartınıb çәkilir kәnara. Yüzbaşı öz qәmәsini çәkib, qalxızır Baxşının üstә vә üzünü tutur Zeynәbә). Qәmәni elә işlәtmәzlәr, bax belә işlәdәrlәr!

Zeynəb cәld gәlir durur yüzbaşı ilә Baxşının arasında. Qaraş yavuq gәlib, Zeynәbi itәlәyir. Әziz gәlib tәpiyi ilә arvadın dalından vurub yıxır yerә vә qeyri yoldaşlar arvadı çәkib salırlar kәnara. O da ağlaya-ağlaya uzaqlaşır. Bu arada Baxşı kamançanı uzadır Novruza tәrәf.

Baxşı. Novruz ğardaş, sәni and verirәm bizi yaradan allaha. Mәn ölәndәn sonra bu kamançanı bir kәsә vermә. Ara sakit olandan sonra, zәhmәt çәkib bizim Muğuş balanı tapasan, bu kamançanı verәsәn Muğuş balama. Ğurban sәnә, Novruz, Qazançıda kamançaçı Baxşı oğlu Muğuşa verәsәn.

Qaraş acıqlı gedib, cәld kamançanı dartır vә yuxarı qalxızıb, istәyir çırpsın yerә. Baxşı iki әllәrini yuxarı qalxızıb yalvarır.

Baxşı. Ğurban sәnә, ğardaş, bir azca dayan, mәn ölәndәn sonra kamançanı sındır ki, gözüm görmәsin.

Qəhrəman yüzbaşı . Buna bax, sәn allah, bu ermәninin damağına bax; bir tikә ağac qırığını istәmәyinә bax!

Әziz. Amma, Qәhrәman yüzbaşı, indi ki, söz düşdü, qoy deyim. Sәn ermәnini qınama. Bu zalım oğlu, bilirsәn, kamançanı necә çalır? Keçәn il Әbdülәligilin toyunda. (Baxşıya). Әdә, orda çalan sәn deyildin?

Baxşı. Hә, ğardaş, mәn idim.

Әziz. And olsun allaha, dad-bidad elәyirdi.

Qəhrəman yüzbaşı (Әzizә). Doğrudan?

Әziz. And olsun sәnin başına, necә ki, deyirәm, elәdi.

Qəhrəman yüzbaşı (Kamançanı götürür әlinә başlayır örtüyünü açmağa). Doğrudan, görәk bu necә şeydi. (Örtüyü çıxardır, atır yerә, başlayır kamançanın o tәrәfinә-bu tәrәfinә baxmağa. Yoldaşlardan da bir parası gәlib baxırlar). Hey, ermәni, bu nә bir şeydi ki, bu qәdәr istәyirsәn.

Baxşı әllәrini göyә qalxızıb, yalvaran halәtdә qalır.

Qəhrəman yüzbaşı (kamançanı uzadır Baxşıya). A balam, yazıqsan, barı bir dәfә dә çal.

Baxşı cәld durur ayağa, kamançanı alır, çәkilib oturur dizi üstә, cibindәn tikirtkә çıxarıb kәmanәni çәkir tikirtkәyә, qırılmış simlәrin birini tez düyünlәyir, simlәri yoxlayır, köklәyir, üzünü Qazançı kәndinә tәrәf tutub, ah çәkir vә ermәnicә deyir: “Ax sireli Muğuş bala”. Sonra bir-bir adamların üzünә baxıb, başlayır çox hәvәslә Rast havasını çalmağa. Rastdan Şikәsteyi-farsa keçәndә Qəhrəman yüzbaşı gözü ermәnidә vә qulağı kamançada, durduğu yerdә yavaşca oturur vә Baxşı çaldıqca qәmәni yavaş-yavaş, guya özündәn bixәbәr, soxur belindәki qınına vә qulaq asmaqda olur. Adamlar hamısı sükutdadır. Baxşı çalmağını tamam elәyib, qorxan vә müntәzir halәtdә baxır Yüzbaşının üzünә.

Qəhrəman yüzbaşı . A balam, ermәni, bir de görüm bizdәn nә istәyirsiniz? (Baxşı tәәccüblü baxır vә bir söz demir. Qәhrәman yüzbaşı acıqlı vә bir az ucadan). Sәnnәn söz soruşuram ey, niyә dinmirsәn? Kar deyilsәn ki! Bir de görüm, bizdәn niyә әl götürmürsünüz?

Baxşı (qorxa-qorxa). Ay ağa, allah haqqı, mәn heç nә elәmәmişәm.

Qəhrəman yüzbaşı (acıqlı vә ucadan). Hә, elәmәmisәn! Vallahı, dünyada nә qәdәr canım sağdı, hansı biriniz әlimә keçsәniz, tikә-tikә doğrayacağam! Sizin gәrәk toxumunuzu yer üzündәn kәsәm!

Baxşı. Ay ağa, axı mәn nә elәmişәm?

Qəhrəman yüzbaşı (acıqlı üzünü yoldaşlarına tutub, bir az alçaqdan. Allahu әkbәr!) Dәli şeytan deyir (qәmәsini qınından çәkir, qalxır ayağa vә üzünü yoldaşlarına tutub deyir). Yәni siz elә güman elәyirsiniz ki, mәn bu çolaq ermәnini öldürmәknәn hirsim soyuyacaq? Soyumayacaq! (Bir qәdәr ermәniyә tәrәf baxır, dinmir). Hәlә buna bax, sәn allah! Dünyada bir haramzadalıq qalmadı ki, öyrәnmәmiş olsunlar. Şeytana papaq tikirlәr. Bu çolaq da kәmәnçәni bağrına basıb, gör nә әmәllәrdәn çıxır. Haramzada elә çalır ki, keçәn günlәri gәtirir qoyur adamın qabağına. Allahü әkbәr! (Qaraşa). Qaraş, bir papiros yandır.

Qaraş papiros çıxardıb yandırır, verir yüzbaşıya. Bu heyndә Baxşı kamançanı köklәyir vә başlayır Segah-zabil havasını çalmağa. Bir qәdәr qulaq asandan sonra. Qəhrəman yüzbaşı durduğu yerdә yenә yavaşca oturur vә Baxşı çaldıqca yüzbaşı yavaş-yavaş, guya özündәn bixәbәr, qәmәni soxur belindәki qınına vә huş-guş ilә qulaq asmaqdadır. Adamlar hamısı sukutdadır.

Qəhrəman yüzbaşı (Qaraşa). Qaraş, sәn ölәsәn biçarә Heydәr gәlib durub gözümün qabağında. Ax, vay. (Yüzbaşı bu sözlәri deyәndә Baxşı çox alçaqdan çalır. Adamların çoxu da ah çәkir. Yenә Baxşı şövq ilә çalmaqdadır. Yüzbaşı gözü Baxşıda gahdan bir dillәnir), Bax, belә! . elәcә! . әcәb! . afәrin! . elәcә! . elәcә! . (vә axırda yüzbaşı birdәn durur ayağa, qәmәsini qınından çıxardır vә acıqlı, ucadan Baxşıya deyir). Adә, ermәni, tez kәmәnçәni yığışdır, itil get burdan! Yoxsa atanın goru haqqı, bu yoldaşlarımın başına and olsun, bu qәmәynәn bu saat sәni dә öldürәrәm, özümü dә öldürәrәm! (Çığırır). Çıx get!

Baxşı (qorxa-qorxa) Ay ağa, hara gedim?

Qəhrəman yüzbaşı (çığırır). Cәhәnnәmә get! Evinә!

Baxşı qorxa-qorxa baxır adamların üzünә kamançanı vә örtüyünü götürür, tez çıxır gedir. Hamı sakit, öz fikirli halәtindә qalır. Qәhrәman yüzbaşı haman durduğu yerindә durub, dinmәz-söylәmәz baxır Baxşı gedәn tәrәfә. Bir qәdәr dә baxandan sonra qәmәsini tullayır yerә vә guya öz-özünә deyir:

Qəhrəman yüzbaşı . Eh, namәrd dünya.

Yanvar, 1920.
Şuşa qalasında.

Cəlil məmmədquluzadə

İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun direktoru, akademik

Çoxəsrlik Azərbaycan ədəbiyyatı qədim dövr və orta əsrlərdə romantik istiqamətdə inkişaf etmiş, dünya ədəbiyyatına görkəmli ədəbi simalar və ölməz şedevrlər bəxş etmişdir. XVIII əsrdən etibarən Azərbaycan ədəbiyyatında realist meyillər qüvvətlənməyə başlamış, XIX əsrdə daha da inkişaf etmişdir. Xüsusən, Mirzə Fətəli Axundzadənin çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycanda maarifçilik ideyadan hərəkat səviyyəsinə qaldırılmış, maarifçi realizm ədəbi cərəyanı formalaşdırılmışdır. XX əsrin əvvəllərində isə Azərbaycan ədəbiyyatında tamamilə fərqli bir mərhələ başlanmışdır. Tənqidi realizm və Mollanəsrəddinçilik adlanan bu yeni ədəbi tarixi mərhələnin qüdrətli yaradıcısı görkəmli Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadədir.

Azərbaycan ədəbiyyatında böyük demokrat yazıçı və ictimai xadim kimi şöhrət qazanmış Cəlil Məmmədquluzadə (1869-1932) XIX əsrin ikinci yarısından sonra canlanmağa başlayan maarifçilik ənənələri və dövrün mühüm elm və maarif mərkəzlərindən olan məşhur Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası zəminində yetişib formalaşmışdır. Onun görkəmli bir yazıçı kimi formalaşmasında və mənəvi təkamülündə Naxçıvan məktəblərində keçdiyi çətin və şərəfli yol, eyni zamanda, əsas yaradıcılarından biri olduğu Naxçıvan teatrı da xüsusi rol oynamışdır. Beləliklə, Cəlil Məmmədquluzadə hələ cavan yaşlarından etibarən mənsub olduğu Azərbaycan və Şərq ədəbiyyatı, habelə Rusiya və Qərb mədəniyyətləri, dövrün maarifçi ideyaları və ictimai fikri ilə dərindən tanış olmuş yazıçı və vətəndaş kimi ədəbiyyatda öz yolunu müəyyənləşdirmişdir. Böyük demokrat ədibin uğrunda ardıcıl olaraq mübarizə apardığı tənqidi-realist ədəbiyyat, satira mətbuatı və milli istiqlal mübarizəsi onu Azərbaycan ədəbi-ictimai fikrinin ön cəbhəsinə gətirib çıxarmışdır. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının banisi, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və milli istiqlal hərəkatının əsas simalarından biri kimi tanınıb şöhrət qazanmışdır. O, Azərbaycanda yeni tipli realist-satirik ədəbiyyatın və demokratik mətbuatın əsasını qoymuşdur.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Cəlil Məmmədquluzadə Azərbaycanda tənqidi-realist satirik ədəbiyyatın görkəmli yaradıcısıdır. O, özündən əvvəl ədəbiyyatda mövcud olmuş maarifçi realist ənənələri tənqidi realizm səviyyəsinə qaldırmışdır. Ədəbiyyatda həyatın və cəmiyyətin daha dərin qatlarına, insanın mənəvi aləminin incəliklərinə nüfuz etmək və onu fərqli bədii vasitələrlə canlandırmaq baxımından Cəlil Məmmədquluzadə ilə müqayisə ediləcək başqa bir yazıçı göstərmək çətindir. O, hələ ilk qələm təcrübəsi olan “Çay dəsgahı” dramında (1889) alleqorik vasitələrlə olsa da cəmiyyət üçün aktual olan “Nə etməli” sualına cavab axtarmaqla mənsub olduğu xalqın milli oyanışına xidmət edəcək yazıçı olmaq yolunu seçdiyini bəyan etmişdir. Ədibin “Danabaş kəndinin əhvalatları” povesti (1894) Azərbaycanda cəmiyyət həyatının gerçəkliklərini obyektiv şəkildə meydana qoyan və milli-mənəvi oyanışın zəruriliyini bütün reallığı ilə diqqət mərkəzinə çəkən yeni tipli realist ədəbiyyatın böyük müqəddiməsidir. Bu, bütövlükdə Cəlil Məmmədquluzadə tərəfindən yaradılmış Azərbaycan kəndinin faciəvi həyatının, ürəkağrıdan hadisələri və insanların nağılvari hekayətləridir. Əsərin əsas qəhrəmanı Məhəmmədhəsən əminin timsalında “Danabaş kəndinin əhvalatları” povesti iztirablarla üz-üzə qalan, haqqı tapdanmış, lakin ləyaqətini qoruyub saxlamış kiçik adamların böyük əhvalatlarıdır. Əsərdə təsvir edilən sadə və zavallı insanların sayəsində Azərbaycan ədəbiyyatında “kiçik adam” ilk dəfə böyük ədəbiyyatın əsas obrazı kimi ədəbiyyata gətirilmişdir. Ümumiyyətlə, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında “kiçik adam”ın taleyini böyük ədəbiyyatın baş mövzusuna çevirmiş ilk Azərbaycan yazıçısıdır. Yazıçı “kiçik adam”ı geniş mənada xalq anlayışı səviyyəsində təqdim etmişdir. Cəlil Məmmədquluzadənin ürək yanğısı ilə ədəbiyyata gətirdiyi Məhəmmədhəsən əmi, Novruzəli, Usta Zeynal, Kərbəlayı Məmmədəli, Pirverdi, Sadıq kişi kimi obrazlar taleyi, güzəranı, düşüncəsi və ümidləri etibarilə Azərbaycan xalqının XIX əsrin sonları və XX əsrin əvvəllərindəki həyatını bütün reallıqları ilə əks etdirib ümumiləşdirir. Onlar heç də keçmiş sovet ədəbiyyatşünaslığının təqdim etdiyi kimi cahil və nadan insanlar deyildilər. Cəlil Məmmədquluzadənin “kiçik adam”ları özlərinin sədaqəti, mənəvi təmizliyi, halallığı, toxluğu, çalışqanlığı, əsil insani keyfiyyətləri ilə mənsub olduğu xalqın xarakterik xüsusiyyətlərini əks etdirir. Savadsız olmaları, poçt qutusunu tanımamaqları, “hürriyyət”dən baş çıxarmamaları özlərinin deyil, onları daim əsarətdə saxlamaq istəyən mövcud rejimin yaratdığı müstəmləkə zülmünün təzahürləridir. Cəlil Məmmədquluzadənin də niyyəti Məhəmmədhəsən əmini və ya Novruzəlini yox, onları geridə saxlayan siyasi rejimi tənqid etməkdən ibarət idi. Cəlil Məmmədquluzadə nəinki ölkədəki siyasi istibdadı və ruhani despotizmini kəskin tənqid etmiş, müstəmləkəçi rejimə onun əsaslarını sarsıdan öldürücü zərbələr vurmuşdur. Cəlil Məmmədquluzadənin “Rişədən başlamalı” çağırışı Azərbaycan ədəbiyyatında müstəmləkəçi siyasi sistemin tam aradan qaldırılması və onun bütün təzahürlərinin məhv edilməsi vəzifələrini irəli sürür: “Əsas mətləb rişədədir. Çünki qalan kiçik məsələlər həmin rişəyə bağlıdır: əlifba, çadra, papaq, əmmamə, əba neyləsin, yaşıl qurşaq, qüsl, …imamət, ziyarət… və müxtəsər, yenə minlərcə bu qəbil… mövhumat və axmaqlıqhat. Sən gərək məsələni rişədən başlayasan. Əgər rişə bərk və möhkəm olsa, ağac möhkəm duracaq və qanad-budağın darasan da, yenə axırda onlar dübarə pöhrələnib təzələnəcəklər”.

Deməli, Cəlil Məmmədquluzadənin realizmi maarifçi, islahedici, tərbiyələndirici yox, mövcud rejimin əsaslarının dağıdılması yolu ilə xalqın azadlığının təmin edilməsinə ünvanlanmış yeni tipli realist ədəbiyyat modelidir. Cəlil Məmmədquluzadənin nəsr əsərləri, xüsusən dərin məzmuna malik kiçik hekayələri Azərbaycan ədəbiyyatının bu janrda yazılmış ilk tənqidi-realist örnəkləridir. “Molla Nəsrəddin” jurnalının “Sizi deyib gəlmişəm” müraciəti yalnız millətin oyanışına deyil, həm də yeni ədəbiyyatın prinsiplərinin müəyyən edilməsinə çağırışın ifadəsi idi. Eyni zamanda, “Molla Nəsrəddin” jurnalının hələ 1906-cı ildə başladığı “həqiqi “Molla Nəsrəddin” şairi axtarışları” tənqidi-realist satirik ədəbiyyatın Mirzə Ələkbər Sabir və Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz, Bayraməli Abbaszadə və başqaları kimi böyük yaradıcılarının kəşfi ilə nəticələnmişdir. Beləliklə, Azərbaycanda ciddi ictimai mövzularda kəskin bədii söz deməklə xalqı ayıltmaq və cəmiyyəti dəyişmək vəzifələrini özündə əks etdirən yeni tipli ədəbiyyat yaranmışdır. Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində genişlənməkdə olan tənqidi realist ədəbiyyatın əsas yaradıcısıdır. Onun banisi olduğu tənqidi realizm bütövlükdə Azərbaycan ədəbiyyatında yeni hadisə olan realizmin fərqli bir mərhələsini müəyyən etmişdir. Ətrafına cəlb etdiyi eyni tipli yaradıcılıq prinsiplərini əsas kimi qəbul etmiş qələm dostlarının vahid ideya-sənətkarlıq mövqeyindən çıxış etmələri ilə tənqidi realizm Azərbaycanda ədəbi cərəyan kimi formalaşmışdır. XX əsrin əvvəllərində Azərbaycanda digər ədəbi cərəyanların: maarifçi realizm, romantizm və sentimentalizmin də yanaşı fəaliyyət göstərməsinə baxmayaraq, Cəlil Məmmədquluzadənin yaradıcısı olduğu tənqidi realizm dövrün ən aparıcı ədəbi cərəyanı funksiyasını həyata keçirmişdir. Təsadüfi deyildir ki, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı əsasən tənqidi realizm, yaxud “Molla Nəsrəddin” epoxası kimi səciyyələnir. Müasiri olmuş görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin Cəlil Məmmədquluzadəni “ədəbi dövrün başçısı” adlandırması böyük demokrat yazıçının milli ədəbi-ictimai fikrin inkişafındakı xüsusi rolunu və mövqeyini aydın surətdə əks etdirir. Cəlil Məmmədquluzadə “ədəbi dövrün başçısı” kimi təkcə tənqidi-realizm ədəbiyyatını və Mollanəsrəddinçilik hərəkatını deyil, bütövlükdə yaşayıb-yaratdığı tarixi mərhələnin bütün istiqamətlər üzrə ədəbi-ictimai fikrini istiqamətləndirmiş və idarə etmişdir.

Tənqidi-realist ədəbiyyatın ədəbi cərəyan səviyyəsinə yüksəldilməsində məşhur “Molla Nəsrəddin” jurnalının rolu və xidmətləri xüsusi qeyd edilməlidir. Cəlil Məmmədquluzadənin redaktorluğu ilə 1906-1917-ci illərdə Tiflisdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilən “Molla Nəsrəddin” jurnalı tənqidi realizm cərəyanının əsas ədəbi cəbbəxanasıdır. Öz ətrafında mollanəsrəddinçi şairləri və yazıçıları birləşdirən “Molla Nəsrəddin” jurnalı nəinki ölkədə, Qafqazda, Türkiyədə, İranda, Orta Asiyada, Volqaboyunda. tənqidi realist və satirik ədəbiyyatın bayrağını ucaltmış, həm bu tipli ədəbiyyatın konsepsiyasını irəli sürmüş, həm də konkret ədəbi nümunələrini xalqa çatdırmışdır. Tənqidçi-realist yazıçı və şairlər üçün “Molla Nəsrəddin” jurnalı ədəbi məktəb funksiyasını həyata keçirmişdir. Azərbaycan ədəbiyyatında tənqidçi-realist yazıçı və şairlər ordusu “Molla Nəsrəddin” jurnalı ətrafında yetişib formalaşmışdır. Bu mənada tənqidi realizm ədəbi cərəyanı ilə “Molla Nəsrəddin” ədəbi məktəbi ifadələri eyni məna daşıyan sinonim sözlərdir. “Molla Nəsrəddin” ədəbi məktəbi geniş anlayış olub, özündə mollanəsrəddinçi şairləri və yazıçıları, satirik publisistikanın mahir yaradıcılarını, karikaturaçı rəssamları birləşdirmişdir. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində “Molla Nəsrəddin” jurnalı qədər geniş, universal yaradıcılıq istiqamətlərini və böyük yaradıcı qüvvələri öz ətrafında cəmləşdirən ikinci bir uzunömürlü mətbuat orqanı olmamışdır. “Molla Nəsrəddin” nəinki Azərbaycanın, geniş mənada türk-müsəlman dünyasının ilk satirik və karikaturalı jurnalı kimi bədii yaradıcılığın və təsviri sənətin inkişafına xidmət edən yeni nəsil sənətkarlar ordusu meydana çıxarmışdır. Cəlil Məmmədquluzadənin səyləri nəticəsində “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri vahid ədəbi cəbhədən çıxış etmiş, köhnəliyə, cəhalətə, fanatizmə, geriliyə qarşı bütün cəbhə boyu mübarizə aparmışlar. “Molla Nəsrəddin” jurnalı İran Məşrutə hərəkatına, Azərbaycan milli istiqlal mübarizəsinə bir ordudan çox xidmət göstərmişdir. “Molla Nəsrəddin” jurnalı Azərbaycan ədəbiyyatında ən böyük istiqlal kitabıdır. Bütövlükdə “Molla Nəsrəddin” jurnalı Azərbaycanın tənqidçi realist və satirik yazıçılarının çoxcildlik külliyyatıdır. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin rəhbəri olmaqla bərabər, həm də mollanəsrəddinçilik təliminin yaradıcısıdır. Cəlil Məmmədquluzadəyə görə Mollanəsrəddinçilik – azərbaycançılıq və milli istiqlal ideyalarının, tənqidi realist və satirik ədəbiyyatın əsas hərəkətverici qüvvəsi demək idi. Ən çətin məqamlarda belə “Molla Nəsrəddin” jurnalı azərbaycançılıq mövqeyindən dönməmiş, milli istiqlal uğrunda böyük qətiyyətlə mübarizəsini davam etdirmişdir. Hətta sovet hakimiyyəti illərində “Molla Nəsrəddin”in işinə Kreml səviyyəsində müdaxilələr olanda da Cəlil Məmmədquluzadə böyük cəsarət nümunəsi göstərərək 1927-ci ildə yazmışdı ki, “Molla Nəsrəddin” məcmuəsinin Moskvaya heç bir dəxli yoxdur. “Molla Nəsrəddin”i nə Moskva yaradıbdır, nə də Şura hökuməti yaradıbdır. Bu, bitərəf vərəqədir ki, iyirmi iki il bundan qabaq şahlar, sultanlar və krallar ilə söhbət etməyə adətkərdə olubdur.” “Molla Nəsrəddin” bütün fəaliyyəti boyu axıradək Azərbaycan idealına sədaqətlə xidmət etmiş, azərbaycançılıq ideyalarının genişləndirilməsinə və möhkəmləndirilməsinə çalışmışdır. Cəlil Məmmədquluzadənin əsərləri və “Molla Nəsrəddin” jurnalı Azərbaycançılıq idealının lokomotividir. “Molla Nəsrəddin” jurnalı – Azərbaycanın istiqlal qatarı, Cəlil Məmmədquluzadə – milli istiqlal ədəbiyyatı və mətbuatının inkişafı magistrallarında azərbaycançılıq lokomotivinin böyük sükançısıdır. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində ilk dəfə olaraq “Haradır Azərbaycan?” sualını ictimai fikrin gündəminə Cəlil Məmmədquluzadə gətirmiş və həmin sualı cavablandıraraq ölkəsinin, əslində həm də milli oyanışına və istiqlalına xidmət etdiyi tarixi-coğrafi ərazinin xəritəsini cızmışdır. O, bütün yaradıcılığı boyu Vətən, Millət və Ana dili idealı uğrunda dönmədən mübarizə aparmışdır. Böyük demokrat ədibin azərbaycançılıq görüşləri həmişə onun cümhuriyyətçilik baxışları ilə üst-üstə düşmüşdür. Cəlil Məmmədquluzadə Azərbaycanda respublika-cümhuriyyət tipli müstəqil dövlətin yaradılmasını həyatının və sənətinin ən böyük qayəsi hesab etmişdir. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” (1920) dramı ədəbiyyatda Azərbaycançılıq idealının manifestidir. “Anamın kitabı” əsərindəki Gülbaharın monoloqu bədii sözdə ifadə edilmiş azərbaycançılıq üvertürasıdır: “Qaldı bircə kitab: bu da Anamın kitabı. Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır Günün başına dolanırlar. Çünki bunlar hamısı qədim əzəldə Gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də qardaşlarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar. Çünki ay və ulduz Şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edərək, nə qədər canında nəfəs var, peşiman olacaq.”[1]

Fikrimizcə, “Anamın kitabı”ndakı çağırışlar, “Cümhuriyyət” məqaləsindəki respublika tipli dövlət quruluşunun yaradılmasını diqqət mərkəzinə çəkməsi Cəlil Məmmədquluzadənin Azərbaycan Xalq Cümhuriyyətinə münasibətini müəyyən etmək üçün əsas kimi qəbul edilməlidir. Xüsusən, “Anamın kitabı”nda çar Rusiyasının Azərbaycanda hakimiyyətdə olan siyasi partiyalara şübhəli münasibət bəsləməsini, bu partiyaların fəaliyyətini dayandırmağa çalışmasını təsvir etməsindəki vətəndaş narahatçılığı Cəlil Məmmədquluzadənin müstəqil dövlətə müsbət münasibətini təsəvvür etməyə imkan verir. Əsərdə ayrı-ayrı yad əqidələrə qulluq edən qardaşların oxuduqları kitablardan şübhələnərək onların evində axtarış aparan senzor Mirzə Cəfərin aşağıdakı sözlərində Azərbaycana bəslənilən müstəmləkəçi münasibətə yazıçının mövqeyi öz əksini tapmışdır: “Xub, sizdən gərək pünhan olmaya kimi, sizin bir para bədxahlarınız hökümət nəzərində sizi belə qələmə veriblər ki, siz üç qardaş söz bir və həmfikir olmuşsunuz ki, əvvəla, Rusiya islamlarını Türkiyə dövlətinə tərəf çəkib, ittihadi-müslümlər cəmiyyətində iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda əmələ gələn “Hübbi-Vətən” və “Ədəmi-mərkəziyyət” fiqəsinin amalı yolunda çalışmaqdasınız ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digər tərəfdən isə İran Azərbaycanını – ki, . bu vilayətləri bir-birinə ilhaq edib, müstəqil Azərbaycan hökuməti əmələ gətirəsiniz. Vəsilən bu fikirdən də uzaq deyilsiniz ki, müsavat və hürriyyət əsaslarını kəndli və əhli-kəsəbə içində müntəşir edirsiniz ki, min il yuxuda olan camaat hökumətin əsarət zəncirini qırıb, özləri üçün nicat yolu tapsınlar və həmin niyyətlərinizi əmələ gətirmək yolunda lazımi mətbuat cəm eləyib, qələm ilə çalışmaqdasınız.”[2]

Bu həyəcanlı fikirlər “Anamın kitabı”ndakı azərbaycançılıq ideallarına, müstəqil Azərbaycan dövlətçiliyinə Cəlil Məmmədquluzadənin münasibətini aydın şəkildə ifadə edir. Məlum olduğu kimi, Cəlil Məmmədquluzadə Qarabağ üçün əhəmiyyətli olan Hindarx kanalının çəkilməsi təşəbbüsü haqqında “Azərbaycan” qəzetinə müraciət etməklə Xalq Cümhuriyyətinin işində iştirak etmək istədiyini nəzərə çarpdırmışdır. Gənc Azərbaycan dövlətinin qurulduğu illərdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi şərait cümhuriyyətçilərin Cəlil Məmmədquluzadəyə lazımi diqqət yetirməyə mane olmuşdur.

Azərbaycan ədəbiyyatında bir çox janrlar Cəlil Məmmədquluzadə tərəfindən yaradılmışdır. Cəlil Məmmədquluzadə kiçik hekayənin böyük yaradıcısıdır. Onun ustad qələmindən çıxmış məşhur “Poçt qutusu” hekayəsi Azərbaycan hekayəçiliyinin proqramıdır. “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Nigarançılıq”, “Rus qızı”, “Saqqallı uşaq” hekayələri Azərbaycan ədəbiyyatında hekayə janrında yaradılmış klassik şedevrlərdir. Cəlil Məmmədquluzadənin novellavari hekayələri dünya ədəbiyyatının da orijinal örnəkləri sayılmağa layiqdir. Cəlil Məmmədquluzadənin kiçik hekayələrində zamanın böyük mətləbləri məharətlə ifadə olunmuşdur. “Poçt qutusu” hekayəsindəki Novruzəlinin poçtxananı yox, divanxananı tanıması haqqındakı dialoqda, Usta Zeynalın evini təmir etdiyi Muğdusi Akopa verdiyi “xozeyin, niyə sizin padşahınız yoxdur” sualında, “Nigarançılıq” hekayəsindəki “həqiqət, dünyada bu nigarançılıqdan da pis şey yoxdur” etirafında fərdlərin yox, cəmiyyətin problemləri ifadə olunmuşdur. “İranda hürriyyət” hekayəsindəki İrandan ailəsini dolandırmaq üçün çörək qazanmaq naminə Qafqaz şəhərlərinə gəlmiş həmşərinin dilindən verilmiş aşağıdakı parçada diqqət mərkəzinə çəkilmiş mətləblər hekayənin yazıldığı dövrdə Arazın hər iki tayındakı siyasi proseslərin real mənzərəsini güzgüdə olduğu qədər təbiiliyi ilə əks etdirir: “Axı kim eşidibdi ki, o taydan bura hürriyyət gəlsin. O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək. belə zadlar gələr. Yoxsa vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-verişi eliyəni də mən eşitməmişəm.”[3] Yaxud “Zırrama” hekayəsindəki Qurbanqulu bəyin timsalında nadanlığın, boşboğazlığın “qanmır ki, qanmır” tipinin təqdimatı ilə Cəlil Məmmədquluzadə yaşadığı dövrün ictimai-mənəvi mühitinin daxili çürüklüyünü dahiyanə şəkildə açıb göstərmişdir. Fikrimizcə, Cəlil Məmmədquluzadənin “zırrama” anlayışı Çingiz Aytmatovun “manqurt” ifadəsi kimi yazıçının bədii kəşfi sayıla bilər. Manqurtluqda keçmişi, soykökü unutdurulmuş adamın faciəsi, zırramalıqda isə cahillik və avaraçılıq girdabına salınmış zümrənin komediyası ifadə olunmuşdur. Özünü dərk edə bilməmək manqurtun məqsədli şəkildə salındığı vəziyyət, zırramalıq isə mühitin yetişdirdiyi nadanlıqdır. Cəlil Məmmədquluzadə onu “bizim gözəl vətənimizin meyvəsi” kimi təqdim etməklə zırramalıqdan xilas olmağın mühiti maarifləndirməkdən ibarət olduğunu göstərmişdir.

Cəlil Məmmədquluzadənin dram əsərləri ilə Azərbaycan dramaturgiyasının tarixində yeni mərhələ yaradılmışdır. Ədibin dram əsərləri ideya-məzmunca olduğu kimi, janr baxımından da novatorluq nümunəsidir. Dram əsərlərində yaşadığı dövrün acı reallıqlarını məharətlə əks etdirən böyük yazıçı-dramaturq səhnədə sözün həqiqi mənasında “göz yaşları içərisində gülüş”ün məşəqqətlərini diqqət mərkəzinə çəkmiş, ibrətamiz nəticələrə gəlmişdir. Cəlil Məmmədquluzadənin dram əsərləri əsasən obrazların komediyası, dövrün faciəsindən ibarətdir. Böyük Mirzə Fətəli Axundzadənin dahiyanə komediyaları janr baxımından drama, Cəlil Məmmədquluzadənin komediyaları isə faciəyə yaxındır. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının tragikomediya mərhələsini yaratmışdır. Onun pyesləri komediya ilə faciənin sintezini özündə əks etdirir. Faciə janrında yazılmış klassik əsərlərdən fərqli olaraq Cəlil Məmmədquluzadənin dram əsərlərində baş qəhrəmanın ölümü yox, ictimai mühitin və kütlənin faciəsi açılıb göstərilmişdir. Yazıçı böyük məharətlə “Ölülər” əsərindəki Kefli İskəndərin faciəsinin Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsindəki Fəxrəddinin faciəsindən daha dəhşətli olduğunu nəzərə çarpdırır. Cəlil Məmmədquluzadənin bütün yaradıcılığı üçün aktual olan “Anlamaq dərdi” fəlsəfəsi onun dram əsərlərində daha qabarıq şəkildə ifadə olunmuşdur. Bu baxımdan “Ölülər” əsəri diri ölülərin yası, Şeyx Nəsrullahın komediyası, kütlənin faciəsi, Kefli İsgəndərin mənəvi ölülük üzərində qələbəsi, mahiyyət etibarilə dirilik himnidir. Kefli İskəndərin monoloqu zamana və insana ən böyük ittihamnamədir. Bu, ayrılıqda bir əsərdə yox, geniş mənada cəhalət dünyasından tarix kitabına qanla yazılmış səhifə, bütün dövrlərin şeyx nəsrullahlarına, kütlə psixologiyasına qarşı səslənən ittihamnamədir.

Böyük ədibin dramaturgiyası dövrün ən aktual, ağrılı və zəruri problemlərinə həsr olunmuşdur. “Ölülər” – cəhalətə, ətalətə, mənəvi əsarətə, xurafata kəskin zərbə, milli-mənəvi oyanışa və ictimai-mədəni tərəqqiyə ən həyəcanlı çağırışdır. “Kamança” Azərbaycan ədəbiyyatında Qarabağ münaqişəsinə həsr olunmuş birinci bədii əsərdir, vətən torpaqlarının müdafiəsi üçün hər cür fədakarlığa hazır olan Qəhrəman yüzbaşı kimi vətənpərvər azərbaycanlının həm də ən yüksək insani hisslərə malik olduğunu təqdim edən dramatik bəyanatdır. “Kamança” əsəri Azərbaycan ədəbiyyatında miniatür pyesin mükəmməl nümunəsidir. Miniatür pyes janrı Cəlil Məmmədquluzadənin dramaturgiyaya gətirərək vətəndaşlıq hüququ qazandırdığı təsirli və mənalı kiçik səhnəciklərdən ibarətdir. “Çay dəsgahı” Azərbaycan ədəbiyyatında ilk miniatür alleqorik pyes, əyləncəli uşaq dramıdır. Böyük ədib dramaturgiyada bir pərdədən ibarət olub, konkret bir hadisəni və ya ideyanı əks etdirən kiçik pyeslər silsiləsinin yaradıcısıdır. “Oyunbazlar”, “Lənət”, “Lal” pyesləri səhnəyə çıxarılmaq üçün yox, oxunmaq üçün miniatür pyes şəklində yazılmış lezedramalardan ibarətdir. Cəlil Məmmədquluzadənin “Lal” pyesi Azərbaycan ədəbiyyatında pontomim miniatür pyesin bənzərsiz nümunəsidir.

Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tragikomediyası Azərbaycan ədəbiyyatında milli istiqlala, milli birlik və azərbaycançılıq ideallarına həsr olunmuş ən mükəmməl dram əsəridir. “Anamın kitabı” – milli-mənəvi özünüdərk, Vətənçilik, milli birlik və müstəqillik dərsliyidir. “Anamın kitabı” – əsərdəki üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramıdır. Cəlil Məmmədquluzadənin təqdimatında Gülbahar obrazı gələcək yeni Azərbaycanın simasıdır. “Anamın kitabı”ndakı Zəhrabəyim Ana obrazı – Vətənin, Gülbahar milli istiqlalın rəmzidir. “Anamın kitabı” – Azərbaycanın tale kitabıdır. “Anamın kitabı” – Azərbaycan ədəbiyyatının möhtəşəm azərbaycançılıq abidəsidir.

“Dəli yığıncağı” pyesində (1926) təqdim olunan “dəlilik” əslində şərti anlayış olub, mahiyyət etibarilə ruhi xəstəliyi deyil, ağıldan bəlanı və cəmiyyətdəki mənəvi-siyasi eybəcərliyi əks etdirir. Cəlil Məmmədquluzadə sətiraltı şəkildə yeni qurulmuş Şura Azərbaycanını “dəli yığıncağı” adlandırmışdır. Professor Əli Sultanlının “Ölülər”in məfkurəcə davamı” adlandırdığı “Dəli yığıncağı”nda İskəndərin funksiyasını zorla, süni şəkildə gərgin vəziyyətlərə salınaraq həbsxanaya qatılmış Pırpız Sona obrazı yerinə yetirir. Mövzu və ideya etibarilə “Dəli yığıncağı”nın davamı kimi meydana çıxmış “Ər” pyesi ilə Cəlil Məmmədquluzadə ölülər və dəlilər aləminin məşhur trilogiyasını yaratmışdır. Uzaqgörən yazıçı 1930-cu ildə yazdığı “Ər” pyesində “Anamın kitabı”ndakı milli istiqlalçılığı ifadə edən “Gülbahar işi”ni, “Dəli yığıncağı” pyesində qaldırdığı yad məmləkətlərdən gəlmiş, xalqın dilini bilmədiyi halda ona rəhbərlik edən siyasi qüvvələrdən xilas olmağın zəruriliyi tezisini daha da dərinləşdirərək, ölkənin məhz öz içərisindən çıxmış ərlər tərəfindən idarə edilməsi ideyasını açıq şəkildə diqqətə çatdırmışdır. Azərbaycanda Sergey Kirovun, Levon Mirzoyanların hakimiyyətdə olub, xalqa zülm etdikləri bir dövrdə Cəlil Məmmədquluzadənin milli lider ideyasını irəli sürməsi böyük vətəndaşlıq cəsarəti tələb edən məsələ idi. Cəlil Məmmədquluzadə xalqa “Dəli yığıncağı” pyesindəki Azərbaycan dilini bilməyən Lal Buyuz kimi həkimlərin, “Ər” pyesindəki özünü Türküstan şahzadəsi elan edən xarici professorun yox, “azad bir əsrdə azad millət arasında. azad iqrarın azad rəftara münasibətinin adi şəkli” əsasında seçilmiş Qeyrətmənd Cahangir kimi xalqın yüksək hazırlıqlı vətənpərvər oğullarının liderlik etməsinə çağırış etmişdir. Cəlil Məmmədquluzadənin “Ər” pyesində arzu etdiyi milli liderlik funksiyasını XX əsrin altmışıncı illərinin axırlarından Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət xadimi Heydər Əliyev həyata keçirmişdir.

Sovet hakimiyyəti illərində Cəlil Məmmədquluzadənin həyatı məşəqqətli keçmişdir. Xüsusən, 1926-cı ildən sonra mövcud siyasi rejim Cəlil Məmmədquluzadəyə etimad göstərmədiyini açıq şəkildə büruzə vermişdir. Bu dövrdən etibarən, Azərbaycan hökuməti böyük yazıçının yaradıcısı və Baş redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının fəaliyyətinə müxtəlif yollarla maneçilik törədilmişdir. İlk növbədə “Molla Nəsrəddin” jurnalına dövlət maliyyə yardımı, dotasiya ildən-ilə azaldılmış, jurnala abunə yazılışına lazımi şərait yaradılmamışdır. Jurnalın 25 illiyi ilə əlaqədar ölkədə çox sönük bir tədbir keçirilmişdir. Əksinə, “Molla Nəsrəddin” jurnalının üzərində senzura nəzarəti gücləndirilmişdir. Dövlət Senzura İdarəsinin 1931-ci ildə rəsmi dairələrə göndərdiyi arayışdakı məxfi məlumatlar “Molla Nəsrəddin” jurnalına və Baş redaktor Cəlil Məmmədquluzadəyə siyasi rejimin münasibətini təsəvvür etməyə əsas verir: “Jurnalın götürdüyü yol açıq-aşkar opportunist və partiyanın baş xətti ilə heç bir əlaqəsi olmayan bir yol kimi qiymətləndirilməlidir”.[4] Baş Mətbuat İdarəsinin rəsmi dairələrə təqdim etdiyi “Molla Nəsrəddin” jurnalının vəziyyəti və “yaradıcılıq yolu” haqqında məlumat vərəqəsi”ndə Cəlil Məmmədquluzadə və redaksiyada çalışan digər mollanəsrəddinçilər “geri qalmış, bisavad, siyasətlə maraqlanmayan adamlar” kimi damğalandırılmış, jurnalın tərtibatçısı məşhur karikatura ustası Əzim Əzimzadə “sinfi mübarizə və sosializm quruculuğu epoxasının obrazını verməyi bacarmayan istedadsız rəssam” adlandırılmışdır. Azərbaycan Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 1929-cu ildə çağırılmış aprel plenumunda “Molla Nəsrəddin” jurnalının ateizm kampaniyaları təşkil etməklə məşğul olan “Mübariz Allahsızlar Cəmiyyəti”nin orqanı kimi fəaliyyətini davam etdirməsi barədə qəbul etdiyi qərar da Cəlil Məmmədquluzadəni sarsıtmışdır. Vəziyyətdən çıxış yolu kimi Baş redaktorun yuxarı təşkilatlara etdiyi müraciətlərə məhəl qoyulmamışdır. Nəticədə “Molla Nəsrəddin” jurnalı 1931-ci ilin mart ayından fəaliyyətini dayandırmalı olmuşdur. Cəlil Məmmədquluzadə ömrünün son illərini həm də maddi sıxıntı içərisində yaşamışdır. Görkəmli yazıçının əsərlərinin əlyazmalarını sobada yandırması Cəlil Məmmədquluzadənin ona göstərilən təzyiqlərə və soyuq münasibətə etirazının ifadəsi idi. Bütün bunlar böyük vətəndaş yazıçının 4 yanvar 1932-ci ildə qəflətən vəfat etməsi ilə nəticələnmişdir. Cəlil Məmmədquluzadənin dəfn mərasimi də layiq olduğu səviyyədə təşkil olunmamışdır. Hətta görkəmli yazıçının vəfatı ilə əlaqədar rəsmi dövlət mətbuatında verilmiş qısa, şəkilsiz nekroloq yazısında onun haqqında tənqidi mülahizələr səsləndirilmişdir: “Sovet gerçəkliyi şəraitində Molla Nəsrəddin (Cəlil Məmmədquluzadə – İ.H.) gur sosializm quruculuğu templərindən geri qalmışdır. Onun jurnalı nəzərəçarpacaq səviyyədə öz əhəmiyyətini itirmişdir”.[5]

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı Cəlil Məmmədquluzadənin xatirəsini həmişə əziz tutmuşdur. Sonrakı dövrlərdə Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin əsərləri ən böyük tirajlarla dəfələrlə nəşr olunmuş və xalqımızın mütaliəsində geniş yer tutan qiymətli ədəbi örnəklərdir. Yazıçının əsərləri Azərbaycan dilindən başqa rus, ingilis, fransız, alman, ispan, türk, ərəb, fars, urdu, bolqar, macar, gürcü, litva, özbək, türkmən, tacik və sair dillərdə kitab halında çap olunaraq özünün dahi yaradıcısına dünya şöhrəti qazandırmışdır. Böyük ədibin həyatı və yaradıcılığına həsr edilmiş qiymətli tədqiqat əsərləri yazılıb nəşr olunmuş, dissertasiyalar müdafiə edilmişdir. Cəlil Məmmədquluzadənin müxtəlif vaxtlarda Azərbaycan dilində və xarici dillərdə çap olunmuş bədii əsərlərindən və yazıçının haqqında yazılmış elmi tədqiqat əsərlərindən mükəmməl bir kitabxana yaratmaq mümkündür. Cəlil Məmmədquluzadənin dram əsərləri son yüzillikdə Azərbaycan teatrlarında ən çox tamaşaya qoyulmuşdur. Cəlil Məmmədquluzadə teatrı azərbaycançılıq, özünüdərketmə, milli-mənəvi oyanış, ayıqlıq, vətəndaşlıq və müasirlik teatrı kimi hər zaman aktual və müasirdir.

Sonrakı dövrlərdə ölkəmizdə Cəlil Məmmədquluzadənin parlaq adına və ölməz sənətinə böyük ehtiram bəslənilmişdir. Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki görkəmli heykəltəraş Mirəli Mirqasımov tərəfindən yaradılmış heykəli Azərbaycan monumental heykəltaraşlıq sənətinin qiymətli nümunəsidir. Respublikamızın paytaxtı Bakı şəhərində və Naxçıvanda yazıçının adını daşıyan küçələr və məktəblər dahi sənətkarın xatirəsinə dərin ehtiramı ifadə edir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı respublikamızın əsas sənət məktəblərindən biri kimi fəaliyyətini uğurla davam etdirir. Ədibin anadan olmasının 100, 125, 140 illik yubileylərinin dövlət səviyyəsində böyük sənət bayramı miqyasında qeyd edilməsi də qüdrətli sənətkara dövlət səviyyəsində bəslənilən böyük ehtiramın əyani ifadəsidir.

Azərbaycanda kitabxana və kitabşünaslıq işinin baş qərargahı olan Mirzə Fətəli Axundzadə adına Milli Kitabxana Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin, o cümlədən böyük demokrat ədib Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının, zəngin bədii irsinin tədqiqi və təbliği sahəsində geniş və ardıcıl iş aparır. Milli Kitabxana bu gün ölkəmizdə həm də əsas elm və mədəniyyət mərkəzi, müstəqil dövlətçilik ideologiyası məktəbi kimi qəbul olunur. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə görkəmli sənətkar Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə əlaqədar birgə keçirdiyi beynəlxalq elmi konfrans və təşkil etdiyi kitab sərgisi görkəmli yazıçının xatirəsinə yüksək ehtiramın ifadəsi olmaqla bərabər, həm də mirzəcəlilşünaslıq elmi istiqamətini zənginləşdirməyə xidmət edən mühüm elmi forumdur. Milli Kitabxananın hazırlayıb nəşr etdirdiyi Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı haqqında biblioqrafiya sözün həqiqi mənasında dahi yazıçının mükəmməl ömür və sənət salnaməsidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin yaradıcılığına yüksək qiymət vermişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1994-cü ildə Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illik yubileyi mərasimində söylədiyi aşağıdakı fikirlərdə böyük demokrat ədibin yaradıcılığındakı milli dirçəliş və istiqlalçılıq ideyaları müasir dövrün çağırışları kimi nəzərə çarpdırılmışdır: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə. Azərbaycan xalqının milli oyanışında əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlil Məmmədquluzadənin fəaliyyətinin rolu misilsizdir. Cəlil Məmmədquluzadənin yaradıcılığındakı Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir. Təsadüfi deyildir ki, onun yazılarındakı cümhuriyyət anlayışı bu gün bizim quracağımız demokratik, hüquqi dövlət prinsipləri ilə səsləşir”.[6]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi haqqındakı 17 yanvar 2019-cu il tarixli Sərəncamı müstəqil Azərbaycan dövlətində böyük demokrat ədibin ibrətamiz həyat yolu və zəngin bədii yaradıcılığına göstərilən böyük diqqət və qayğını əməli surətdə əks etdirir. Prezident Sərəncamında Cəlil Məmmədquluzadənin xidmətlərinə verilmiş yüksək qiymət onun böyük ideallarının həmişəyaşarlığını və müasirliyini parlaq şəkildə nəzərə çarpdırır. Müstəqil Azərbaycan Respublikası və xalqımız Cəlil Məmmədquluzadənin uğrunda dönmədən mübarizə apardığı müstəqil dövlətçilik ideallarını daha da inkişaf etdirib möhkəmləndirməklə ölməz sənətkarın adını və xatirəsini yaşatmağın nümunəsini göstərir.

[1] Cəlil Məmmədquluzadə. Əsərləri, 4 cilddə, I cild. Bakı, “Öndər”, 2004, səh.475

Cəlil Məmmədquluzadənin bədii dili leksikoloji və leksikoqrafik rakursdan

Cəlil Məmmədquluzadə məktəb illərindən həyatımıza daxil olan ədiblərdəndir. Yazıçılar haqqında işlədilən belə bir ifadəni oxuculara da şamil etmək olar ki, “biz hamımız Cəlil Məmmədquluzadənin “Poçt qutusu”ndan çıxmışıq”. O öz əsərlərində böyük mətləblərin bəzisini aşkar, bəzisini sətiraltı da olsa, çatdırmağa çalışmışdır. Bir epizodu xatırlayaq: Novruzəli poçt qutusunun qarşısında dayanıb məktubu atıb-atmamaq barədə düşünür. Bu zaman bir rus qadın gəlib məktubu atır və gedir, daha sonra bir erməni uşaq hoppana-hoppana gəlib məktubu atıb gedir.

Oxucu belə bir acı həqiqətlə üzləşir: bizim başıpapaqlımızın bacara bilmədiyini başqa millətin arvad-uşağı asanlıqla görür. Çox sevdiyim “Nigarançılıq” hekayəsi zahirən cansıxıcı, eyni söhbətlərin, eyni mətləblərin təkrarı kimi görünsə də, əslində, böyük bir bəlanın nümayişidir: “bu nigarançılıq yaman pis şeydir” qənaətindən uzağa gedə bilməyən bir toplumdan ümummilli, azadlıq, hüriyyət kimi ümumbəşəri məsələlər haqqında düşünməyi gözləmək əbəsdir. Deyilənlərə görə, Y.V.Çəmənzəminli Cəlil Məmmədquluzadəyə gileylənir ki, Mirzə, bu milləti avam, nadan hesab etmək yetər, novruzəlilərin Avropa mədəniyyətindən geri qalmayan mədəniyyətləri var. Amma tutduğu yol ilə, yanaşması ilə Mirzə Cəlil “öz eyiblərini görən xalq böyükdür” fikrini bir daha təsdiq etmiş oldu.

Ən çox oxunan yazıçılardan biri olan C.Məmmədquluzadənin əsərləri lüğət tərkibinin zənginliyi ilə də maraq doğurur və bu leksikonun oxucu rastına çıxması ehtimalı böyükdür. Yazıçının əsərlərində rast gəlinən və tədris, mütaliə zamanı qarşıya çıxa biləcək hər bir söz leksikologiyanın, leksikoqrafiyanın maraq dairəsindədir. Tərtib olunmalı yazıçı lüğətlərinin sırasında Cəlil Məmmədquluzadə dilinin lüğəti birincilərdən olmalıdır. Bu tipli müəllif lüğətləri leksikologiya və leksikoqrafiyanın nəzəri məsələlərinin həll olunması baxımından əhəmiyyət kəsb etməklə yanaşı, böyük izahlı lüğətlərin, məktəblilər üçün tərtib olunmuş lüğətlərin də tərkib hisəsi ola bilər. Bu səbəbdən C. Məmmədquluzadə dilinin izahlı lüğətində xüsusən məktəb proqramına daxil olmuş əsərlərinin mətni öz leksikoqrafik həllini tapmalıdır. Bu əsərlərin leksikasının bir qismi ümumişlək xarakter daşıyır və normativ lüğətlərin tərkib hissəsi olur, digər qismi qeyri-normativ leksikaya aid olduğu üçün sorğu lüğətlərin tələbləri baxımından seçilməli, araşdırılmalıdır. Sorğu prinsipinin mahiyyəti sözlərin leksik fonda daxil olmamasına baxmayaraq, oxucunun qarşılaşdığı halda, mənasının aydınlaşmasına, lazımi informasiyanın əldə olunmasında yardımçı olmaqdır. Məsələn, varvarizmlər qeyri-normativ leksikaya daxildir, amma tədris prosesində izaha ehtiyac olduqda cavablandırmaq lüzumundan lüğətə daxil edilməlidir.
Mirzə Cəlilin dil özəlliyi bəllidir. Oxucunun anladığı dildə yazmaq onun həyat məramlarından biri olmuşdur. Əli bəy Hüseynzadə ilə məşhur dialoqla başa çatan mübarizə yolu da konkret və aydın olmuşdur. İki millətsevər şəxsiyyətin maarifçilik yolunun kəsişməyən xətlər üzrə keçməsi, müxtəlif müstəvilərdə yön alması qüvvələrin birləşməsinə mane olsa da, hər halda millətin ziyanına olmamışdır. Bu mübarizədə Mollanəsrəddinçilər məktəbinin qalib gəldiyini Ə.Hüseynzadə özü etiraf etmişdi. 1926-cı ildə Bakıda keçirilən birinci Türkoloji qurultayda iştirak edən Ə. Hüseynzadə C.Məmmədquluzadə ilə görüşür və onun tutduğu yolun daha düzgün olduğunu bildirir.
C. Məmmədquluzadənin dili dialekt və canlı danışıq leksikası ilə zəngindir, özü də bu leksika yalnız tipin, surətlərin dilində deyil, müəllif dilində də geniş yer alır. Ədibin dilində yalnız leksik dialektizmlər yox, leksik-semantik, fonetik, morfoloji dialektizmlər də gen-bol işlənir.

Kəfə – əlin içi, ovuc. Xudayar bəy bu dəqiqə bu halətdə oturmuşdu dizüstə, sağ əlinin dirsəyi sol əlinin kəfəsində.
Əngənək – saxsı ləyən, paltar yumaq üçün təknə, xəmir yoğurmaq üçün böyük qab.
ərov (aroy) – paltar yuyulduqdan sonra qalan çirkli su. Həyətin bir səmtində var idi əngənək, yanında çoxluca yuyulmamış paltar qalanmışdı; ərov, yəni paltarın çirkli suyu axıb gəlib, qapımnın yanında göl durmuşdu.
Ayama – ləqəb. Bizlər ayama deyirik. Bilmirəm başa düşdünüz, ya yox,? Ayama, yəni ləqəb. … Ayama avam sözüdür, ləqəb ərəb sözüdür. Axırda axund bərkdən-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək.
Dəsti – tez, cəld, əlüstü. – Amma bu şəxs istəyən kimi Məhəmmədhəsən əmi dəsti getdi eşşəyi çıxardıb gətirsin.
Heyn – vaxt, vədə. Bu heyndə qapı açıldı, bir cavan oğlan qapını daraxlayıb təəccüb ilə gözlərini dirədi Xudayar bəyin gözünə.

Cəlil Məmmədquluzadə yaradıcılığında semantik dialektizmə aid maraqlı nümunələr vardır. Semantik dialektizm ədəbi dildə olan hər hansı sözün fərqli mənada təzahür etməsidir. Bu baxımdan ayrı-ayrı sözlərin ədəbi dildəki məna tutumunu dialektdə olan variantla müqayisə edək. Ədəbi dildə rədd etmək, rədd olmaq sözlərinin məlum mənalarından fərqlənən işlənmə məqamları vadır, özü də bu mənanın tezliyi (işləklik dərəcəsi) kifayət qədərdir: Kəndlilər cəld ayağa durub salamı rədd elədilər. Oğlan bir söz deməyib qapını örtdü və rədd oldu. Kəşf etmək feilinin məlum mənasından bir qədər fərqli, həll etmək, tapmaq feili ilə sinonim kimi işlənməsinə rast gəlirik: İnşallah, kəşf edəcəyəm bu məsələni, kəşf edəcəyəm, lap asan vəchlə kəşf edəcəyəm. Çəp sözü də fərqli konteksdə, tərs mənasında işlənir: Çəp övrət imiş sənin övrətin. Dağıtmaq sözünün paylamaq mənasında işlənməsinə təsadüf olunur. Məna daralması və genişlənməsi yalnız dialektizmlərə deyil, ədəbi dil faktlarına da aiddir. “Qurbanəli bəy” hekayəsinda yemiş sözü üzüm qurusu, kişmiş, hər cür quru meyvə mənasında işlənmişdir (bu məna izahlı lüğətdə də qeydə alınmışdır).
Cəlil Məmmədquluzadə bədii dilində yuxarıda sadalanan sözlərdən başqa, xalq danışıq dilindən gələn sözlər də yer tutur: qovzamaq, qırpıtmaq, düymək, görsənmək və s.
Qovzamaq (bu söz izahlı lüğətdə danışıq leksikası kimi göstərilir). – qaldırmaq. Rüstəm bəy (başını stolun üstündən qovzamayıb) – Ana, məni danışdırma, lüğət yazıram; Karapet ağa qəfəsənin taxçasını qovzayıb çıxdı kənara…; At genə başını qovzadı göyə.
Qeyd edək ki, lüğətçilikdə və ümumiyyətlə, leksikologiyada danışıq leksikası ilə dialekt leksikası arasında sərhədlərin müəyyənləşdirilməsi, bir qayda olaraq, problem yaradır. Məhz bu səbəbdən bəzən işarə sistemində qeyri-dəqiqliyə yol verilir; lüğət məqalələrində dial. (dialekt leksika), dan (danışıq), loru (loru leksika) işarələri heç də həmişə uğurla seçilmir. Dialekt leksikası məhdud bölgədə işlənir, danışıq leksikası isə bütün dildə işlənsə də, üslubi cəhətdən məhdudlaşdırıcı işarəyə ehtiyac vardır. Burada əsas mənbə dialektoloji lüğətlər, eləcə də ümumi filoloji lüğətlərin müxtəlif nəşrləridir.
C.Məmmədquluzadə dilində yer tapan söz qruplarından biri də varvarizmlərdir. Əsərlərində bəzi varvarizmlər obrazı səciyyələndirmək üçün məqsədyönlü işlənir və bu səbəbdən də ümumi lüğətlərin obyekti ola bilməz. Bununla belə, bu sözlərin yazıçı lüğətinin sözlüyündə yer ala bilməsi mübahisə doğurmamalıdır. Məqsədyönlü işlənən varvarizmlərə aşağıdakı nümunələri göstərmək olar:

“Danabaş kəndinin əhvalatları”nda:
— Əxəvizadə, nə illət, cənabınızın ismi-şərifinə lağlağı ləqəbi izafə artırırlar?
Sən o səbəbə şəriətdən çıxırsan ki, şəriətin ümuruna mümaniət qatırsan. İstəmirsən ki, şəriəti-mənkuhəni əmələ gətirəsən.
“Ölülər”də:

Sizin dünyanız ibarətdir altı cür ləzzətdən: mət`um, mərrub, məlbus, mənkuh, mərkub, məşmum.
“Anamın kitabı”əsərində belə nümunələr daha çoxdur. Müxtəlif dillərdə təhsil alan qardaşların, onların dostlarının dilini fərdiləşdirmək üçün əsərdə kifayət qədər varvarizm işlənib və bu sözlər tipi səciyyələndirməyə xidmət edir.
Aslan bəy: Zakon bu sluçayları tamamən predusmatret eləyibdir. Əgər raznoreçiye elə bir sluçayda oldu ki, onu mədaxil cərgəsində olan punktlar düz gətirmədi, o vədə smetni statyaları o qədər sokratit edirlər ki, il axırında hesab düz gəlir.
Mirzə Baxşəli: Əzayi-giramdan üzr istəyirəm ki, zeyldə məruzeyi-mühəqqərim ağayani-büzürgüvarın dərdi-sərinə şayəd səbəb ola. Ağama ərz olsun ki, elmi-ilahi dərsləri, elmi-nücum dərslərui, heyət dərsləri və xülaətül-hesab dərsləri məktəb proqramlarında, necə ki, şayistə və əlzəmdir, arayişt olunmuyub ki, aya xüsuf və küsuf məsələləri bu saydığımız fünunun hansı birisinin dairəsində təşkil olunasıdır və fövqəlzikr fünun hansı müəllimimn öhdəsindsə və təhti-cavabdehliyindədir.

Hüseyn Şahid: Möhtərəm əzayi-əncümən həzrətlərinə öz ixlasımı təqdim edib mətləbin ən ibtidasından bir şəmmə izahat verməyi fərz və qərz bilib, iltimas ediyorum, əfəndim.

Qeyd edək ki, “Anamın kitabı” əsəri və əks olunan problemlər bu gün də aktualdır, həmin problemlər hələ də qalır, bu gün də ziyalı təbəqəsi bir neçə dili bir-birinə qatıb danışır.
Varvarizmlərdən bir qismi isə o dövrün ədəbi dil faktı hesab olunmalıdır, yəni belə sözlər zahirən varvarizm kimi görünsə də, dövrünün ədəbi dil normasından xəbər verir. Məsələn, yurist, advokat, intelligent, sandalya, student və s. Bəzi sözlərin variantları da işlənir, məsələn: müəllif dilində spiçka işləndiyi halda (…Kərbəlayı Cəfər əmi girən kimi bir spiçka çəkib, sol tərəfdə divara vurulmuş xırda lampanı yandırdı və qonağa yer göstərdi), tipin dilində ispiçkə şəklində rast gəlinir (- Zəhmət olmasa, bir ispiçkə çək). Naçalnik sözü isə nəçəlnik, nəçərnik kimi variantlarda da qeydə alınır.
Bu gün ədəbi dil baxımından varvarizm olan akoşka (rus dilində pəncərə mənası verən okoşko sözünün təhrifi) o dövr ədəbi dil üçün neytral söz olmuşdur. Qeyd edək ki, bu söz həm məhəbbət dastanlarında, həm “Koroğlu” eposunda işlənmişdir:

Ərzurumun kənarından keçəndə,
Aquşqadan gördü məni, Koroğlu!
Kənizin göndərdi, kəsdi yolumu,
Qaytarıb otağa saldı, Koroğlu!
(“Koroğlunun Ərzurum səfəri”)

Prof.Məhərrəm Məmmədlinin dediyinə görə, “ bu söz ”akuşka” şəklində Türk dilinin dərləmə lüğətində yer alır, Qars, İqdır və Sarıqamış bölgələrində də “pəncərə” mənasında işləndiyi göstərilir.
Varvarizmlər rus dilinə aid olduğu kimi, digər dillərə, o cümlədən osmanlı türkcəsinə də məxsusdur: iştə irkaklar, haydı arkadaşlar, bən və s.
Ümumiyyətlə, C.Məmmədquluzadə dilində müasir oxucu üçün anlaşılmaz olan, lüğətə müraciət etmək zərurəti qarşısında qoyan alınma sözlər çoxdur və onlardan bəzilərinin izahı orta məktəb dərsliklərində də verilir: sövt (səs), zaiqə (dadbilmə duyğusu), ittilaat (xəbərlər, məlumatlar), mündər (köhnəlmiş, dağılmış), mütəvəcceh (olmaq) (qulluq etmək, qayğı göstərmək), nagüvara (iyrənc) və s. Alınma sözlər içərisində Avropa mənşəli terminlər də vardır: tupaz, dendrit, kvars, tormalin və s.
C.Məmmədquluzadə bədii dilinin leksikası öz dövrü haqqında ensiklopedik məlumat verir. Onun əsərlərində o dövrdə mövcud olan peşə-sənət, məşğuliyyət adlarına rast gəlirik. Bunlardan bəziləri vəzifə adları olub, Rusiyaya ilhaq dövrünə aid tarixizm kimi səciyyələnə bilər: qlava (bələdiyyə idarəsi başçısı), pristav (yerli polis rəisi), qaradavoy (aşağı rütbəli polis nəfəri), yasavul (polis nəfəri;), prixod mollası (məhəllə mollası), strajnik (mühafizəçilərin ümumi adı), əfsər (офицер sözünün təhrifi) və s…
İş, peşə, məşğuliyyət bildirən sözlərin sırasında oxucu diqqətini cəlb edə biləcək və leksikoqrafik cəhətdən maraq kəsb edən sözlərdən daha bir neçəsini nəzərdən keçirək:
Qoltuqçu – bu sözün mənası mətnin özündən aydın olur: Mənim sənətim qoltuqçuluqdur, yəni dörd-beş top çit qoltuğuma vurub, dolanıram öz kəndimizi, ya qeyri kəndləri, çit-mit satıb, bir tövr güzəranımı keçirirəm.
Çarvadar – yük heyvanı ilə muzdla yük daşıyan adam. Qərəz, tutmadı işi, əliboş kəndə qayıdıb üç-dörd eşşək alıb, başladı çarvadarlığa.
Bəzzaz – parça, arşınmalı satan tacir. … ikisi də naxçıvanlı idi: biri bəzzaz Məşədi Heydər idi, biri də ayaq üstə alış-veriş eləyən Məşədi Qulamhüseyn idi.
Sərkar – dərslikdə başçı, böyük kimi izah olunur. Amma söz mala, heyvana baxanların başçısı kimi də işlənir. Qənbər – Rüstəm bəyin sərkarı, 45 yaşında.
Dəftərdar – məktəbdar sözünün qəlibi ilə düzəlmiş və kargüzar mənasına uyğun gəlir. Teymur bəy – Cəmiyyəti-xeyriyyənin dəftərdarı, 25 yaşında.
Dilmanc – tərcüməçi, Mirzə Həsən – Rüstəm bəyin dilmancı, 30 yaşında.
Odabaşı – karvansaralarda otaqlara baxan, onların açarlarını özündə saxlayan adam. Odabaşı əlini ölçə-ölçə qayım səslə başladı: – A kişi sən allah zarafat eləmə.
Çavuş – 1. Fərmanları, qərarları, hökmləri uca səslə camaata elan edən şəxs. 2. Aşağı rütbəli məmur. 3. Zəvvarları müşayiət edən, onların yola düşməsini və gəlməsini uca səslə camaata xəbər verən şəxs. Dialektlərdə həmçinin “başçı” mənasında işlənir. Əvvəl, yəni iki il bundan əqdəm Xudayar bəy qlava yanında çavuş idi.
Qəzetçi – qəzetçi bir şəxsdi ağlı kamalı cəhətə yaxşı əhvalatlar, yaxşı xəbərlər yığıb, çap eləyir, dağıdır o yana, bu yana.
Katta – kətxuda (əhali tərəfindən seçilən və kəndin inzibati işlərini idarə edən şəxs). Xudayar bəy özgə katdalar kimi katda olmayıb.
Bəzi leksik vahidlər o dövrün maddi mədəniyyəti, məişəti haqqında təsəvvür yaradır. Məsələn o dövrdə yaşayış məkanının təsvirini bu əsərlərdən öyrənmək olar: Bu otağın otuz yeddi taxça və tağı var və heç birisi boş deyil. Tağlara düzülübdür çox bərni və hədsiz çini qab. Taxçalara bir neçə samovar, sandıqça, qəlyan, dörd-beş kəllə rus qəndi və xırdavat şeylərdən.
Evi döşəmək üçün istifadə olunan əşyaların adı çəkilir: xalı, xalça, keçə, kilim, palaz və s. Əsərlərdə döşənəcəklərin ümumi adı – fərş də keçir. Məişət əşyalarından: sənək, lüleyin,bərni, samovar, padnos və s.ilə tanış oluruq. Məişətlə bağlı maraqlı sözlərdən biri dəqqülbabdır. Dəqqülbab etmək – qapını döymək, taqqıldatmaqdır. Qəndi vurdu qoltğuna bir öskürüb dəqqulbab elədi. Çöl qapısının, darvazanın üstündə qapını döymək üçün adətən dəmirdən əşya asılırdı. Bəzən bir yox, iki ədəd olurdu, müxtəlif hündürlükdə asılırdı, səsi də fərqli çıxırdı. Qapını döyənin kim olmasından asılı olaraq, açmağa da nökər və ya qaravaş gedirdi.
Bu əsərlər bizə o dövrün geyim mədəniyyəti haqqında xəbər verir. Məsələn:
Çuxa – beli büzməli, uzun kişi üst geyimi. Kərbəlayı çuxasının ətəyini qalxızıb ağzının və burnunun suyunu sildi
Fəs – kəsik konus şəklində olan baş geyimi. Mərakeşdə olan Fəs şəhərinin adının apelyativləşməsi (ümumiləşməsi) nəticəsində yaranmış sözdür.Səməd Vahid – onun üçüncü oğlu, türk dili müəllimi (fəs qoyur), 30 yaşında
Bunlardan başqa arxalıq, geymə, börk, çarıq, başmaq və s. geyim adları bildirən sözlərə təsadüf olunur. Bu sözlər içərisində variantlılığı ilə seçilənlər də vardır: çarşav, çarşov, çadirşəb.

C.Məmmədquluzadə bədii dilində çəki, ölçü vahidərindən put, girvənkə, ağac, pul vahidlərindən şahı, abbası və s. işlənir.

Sadə xalq dilində yazılan əsərlərin lüğət tərkibində, heç şübhəsiz, vulqarizmlərin işlənməsi təbiidir. Mənfi tiplərin daxili aləmini ifadə edən vuıqarizmlərin təkrar sözlərdən (xalq arasında buna “ikimərtəbəli” deyilir) ibarət olması diqqət cəlb edir: köpək oğlu köpək; supa oğlu supa; məlun qızı məlun; cəhənnəm ol, axmaq oğlu və s.
Cəlil Məmmədquluzadə bədii dilində sinonim sistemi öz zənginliyi ilə təzahür edir. Sinonimlərin işlənmə özəlliyi ondan ibrətdir ki, onlar yaxın cümlələrdə, hətta yanaşı işlənir: …”almasdan bərk şey dünyada yoxdur” demək özü səhv və qələtdir; Övrət indiyə kimi bir söz deməyib, sakit və samit qulaq asırdı; Məhəmmədhəsən əminin olar əlli dörd, əlli beş yaşı. Artıq olmaz. Hərçənd ki saqqalı ağarıbdı, özü ki and içir ki, əgər məni kasıblıq sıxmasaydı, heç kəs deməzdi ki, mənim sinnim qırxdan artıq ola.
Ümumi filoloji lüğətlərdə frazeologizmlər vokabula sırasında verilmir, frazeoloji vahidlər lüğət məqaləsi içərisində illüstrasiya məqsədinə xidmət edir. Ancaq yazıçı dilinin lüğəti spesifik lüğət olduğundan, frazemlərin leksik vahidlər kimi müstəqil lüğət məqaləsində yerləşdirilməsi məqsədəuyğundur. Mirzə Cəilil dilində frazeoloji birləşmələr kifayət qədər çox işlənir və əksəriyyəti müasir dildə işlək olanlardır: it yiyəsini tanımır, xoruz səsi eşitməmiş, ağzına it başı almaq, ölüsünü qoyardım, canı ağzından çıxan kimi, özgəsinə dil vermək, aldın payını, çağır dayını… Az işlənən və ya lüğətlər tərəfindən qeydə alınmayan frazemlər də vardır, məsələn: pərdiləri saymaq — fikir və düşüncə içərisində olmaq, gözünə yuxu getməmək, düşünüb-daşınmaq. Zeynəb haman biz gördüyümüz evdə ki indi heç bir şey qalmayıbdı, – köhnə palaz üstdə oturub, dizlərini qucaqlayıb. Gözlərini dikmişdi səqfə; guya ki pərdiləri sayır; …gözünü evin səqfinə dirəyib deyəsən. pərdi saayırdı. Amma söz yox, pərdi saymırdı, “qulhuvəllah”deyirdi. Qeyd edək ki, frazeoloji birləşmələrin, idiomların tərkibində işlənən naməlum sözlər də lüğət üçün maraq təşkil edir. Özü müstəqil söz kimi az işlənsə də və ya işlənməsə də, frazeoloji birləşmənin tərkib hissəsində olması onun lüğətlərin maraq dairəsinə daxil olmasına əsas verir. Məsələn, Pəs deyəsən ki, çim altında qurbağa baxır frazemində çim sözünün izaha ehtiyacı var. Çim- otlağın üst qatı.

Bu gün leksik normanın pozulması kimi qəbul edilə bilən dil faktları da maraq doğurur: Bir təfavütmüz ordadır ki, mən gözlük qoyuram, gözlərim çox zəifdi; amma yoldaşımın gözləri çox salamatdı. (gözlük qoymaq – gözlük, eynək taxmaq).
Cəlil Məmmədquluzadə bədii dilində söz yaradıcılığı məhsulu olan bəzi az işlək sözlərə aid kifayət qədər material var. Morfoloji və sintaktik yolla, daha çox qeyri-məhsuldar şəkilçi vasitəsilə yaranmış sözlərdən maraq doğuranlar: pürqiymət, pürbaha, bəddavalıq, bədyol (bədyolu yola gətirək), kəmetinalıq və s.

Biz daha çox leksik vahidlərə, leksik kateqoriyalara nəzər yetirdik. Amma bəzi morfoloji hadisələr var ki, onlar son nəticədə leksik vahidin dəyişməsinə, yaranmasına gətirib çıxarır. Maraqlı morfoloji hadisələrdən biri də feili sifət formasının işlənməsi ilə bağlıdır; -acaq feili sifət şəkilçisinin -dıq+mənsubiyyət şəkilçisi ilə sinonimliyinə rast gəlirik: mənim qanacağıma görə – mənim anladığıma görə kimi anlaşılır. Məsdər formasının -lıq şəkilçisi qəbul etməsi müasir dil baxımından norma pozulması saylır və hər dəfə “Danabaş kəndinin əhvalatları”ndan “Eşşəyin itməkliyi” başlığı nümunə göstərilir. Ancaq C.Məmmədquluzadə yaradıcılığında belə nümunələr çoxdur: evlənməklik, göndərməkliyə, getməkliyinə, incitməklik və s. Müasir norma baxımından pozuntu sayılan daha bir hadisə -çı şəkilçisinin artıq işlənməsidir. Bəzi sözlərdə çı+lıq şəkilçisi birlikdə çıxış edir: razıçılıq, qaragünçülük, nigarançılıq və s. Bu sözlər ədəbi dil üçün məqbul hesab olunmasa da, danışıq leksikasına nümunə kimi, eləcə də Mirzə Cəlil leksikonuna daxil olan söz kmi dan. üslubi işarəsi ilə qeydə alınmalıdır.
C.Məmmədquluzadə hər dövrdə aktual olan yazıçılarımızdandır. Onun irsini illərin, əsrlərin bu tayında qalan oxuculara çatdırmaq lüğətçilərin də öhdəsinə düşür. Onun əsərləri yazıçı lüğəti, izahlı lüğətlə yanaşı, ikidilli tərcümə lüğətlərinin obyekti olur. İzahlı lüğətlərdən fərqli olaraq, tarixən ən qədim lüğət növlərindən olan ikidilli lüğətlərdə illüstrasiya, bir qayda olaraq, problem yaradır. İkidilli lüğət anlayışı müasir leksikoqrafiyada müxtəlif dillərin müqayisəsini verən mürəkkəb linqvistik bir əsər mənası versə də, onun əsas funksiyası tərcümə işinə xidmət kimi dəyişməz qalır. Bu səbəbdən tərcümə prosesində meydana çıxan problemlərin, sualların həllini adətən bu lüğətlərdən gözləyirlər. Bu zaman nəzərə almaq lazımdır ki, tərcümə sənəti yaradıcı işdir, lüğətlər bu işdə yalnız yardımçı vasitədir, bu vasitədən istifadə etmək bacarığı tərcüməçinin istedadından, imkanlarından, yanaşma tərzindən asılıdır. Bu zaman qarşıya çıxan problemlərdən biri də yaxın tərcümə ilə bağlıdır. İkinci dildə qarşılığı olmayan sözün leksikoqrafik həlli zamanı izah üsulundan, bəzən də yaxın tərcümədən istifadə olunur. Bu halda sözü orijinalda olduğu kimi saxlamaq və ya ona yaxın sözdən istifadə etmək tərcüməçinin ixtiyarındadır. Məsələn: C. Məmmədquluzadənin məşhur “Qurbanəli bəy” hekayəsində bir cümlənin tərcüməsinə və orada olan realinin leksikoqrafik həllinə nəzər salaq: Qonaqlar yığışmışdılar zal otağına. Ortaya düzülmüşdü stollar və stolların üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, kanfetlər, lumu-partaxallar, quru yemişlər. – Все собрались в зале. На столах были разложены печенье, пирожные, сдобные сухари, конфеты, лимоны, апельсины, сушеные фрукты и прочие явствa. Göründüyü kimi, şirin çörək sözü печенье, paxlava sözü isə пирожное kimi tərcümə edilmişdir. M.T. Tağıyevin redaktəsi ilə “Azərbaycanca-rusca lüğət” də isə paxlava olduğu kimi saxlanılmış, izahında пирожное sözündən istifadə edilmişdir.

Bu kimi tərcümə problemləri leksikoqrafiyada lüğət məqalələrinin strukturunda dəyişiklik etmək zərurətini meydana çıxarır. Belə ki, realilərin izah üsulu ilə verilməsi ilə yanaşı, tərcüməçilərə kömək məqsədilə yaxın tərcümələr də lüğət məqaləsində yer tapmalıdır.

Bütövlükdə Cəlil Məmmədquluzadənin bədii və publisistik əsərlərinin dili həm ayrıca lüğət şəklində tərtib olunmalı, həm də müxtəlif məqsədli izahlı lüğətlərdə təmsil olunmalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.