Press "Enter" to skip to content

Azərbaycan (Cəlil Məmmədquluzadə)

O ki qaldı Bakı qurultaylarında olan səliqəyə, bu barədə yaxşısı budur ki, heç danışmayım; onsuz da, düşmənimiz çoxdur, xəbərdar olarlar və gəlib baxıb və qurultaylarımızda olan nəzmü nizamı görüb bizə göz vurarlar, çünki nədənsə, bizim bədxahların hamısı bədnəzərdir.

Cəlil məmmədquluzudə

Mədəniyyət

Kitab köşkü

« Mart 2023 »
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu” (HEKAYƏ)

20-10-2019 18:05

Q ış fəsli idi. Hava şiddətli soyuq idi. Biz iki nəfər seyid, İran əhli, Araz çayından Rusiya torpağına keçib axşam vaxtı özümüzü yetirdik “Zurnalı” kəndinə. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. Rus məmləkətinə səfər eləməyimizin səbəbi bu idi ki, buranın müsəlman əhalisindən həmişə mehribanlıq görüb əhli-əyalımıza az-çox ruzi əxz edib, vətənimizə geri qayıtmışıq. Allah razı olsun bu vilayətin müsəlmanlarından; ayda bir dəfə bunlara qonaq oluruq.
Kəndə yetişib xəbərdar olduq ki, buranın camaatı axşamlar kəndin mötəbər ağası və ağsaqqalı Bala Sultanın tövlə otağına cəm olub uzun qış gecələrini orada söhbət ilə yola verirlər. Biz üz qoyduq həmin Bala Sultanın tövlə otağına.
Tövlənin bir tərəfi mal ilə dolu və qaranlıq idi, amma digər tərəfi uca və işıq idi və burada çox cəmiyyət əyləşib söhbətə məşğul idilər. Danışanlar bizi görcək səslərini kəsdilər və cümləsi birdən ayağa durub, bizə kəmali-ehtiram ilə yuxarı soruşmağa başladılar. Biz də onlardan əhvalpürsan olduq. Xülaseyi-kəlam, kəndlilər biz ilə bir mehribanə rəftar elədilər ki, guya aylar ilə bizim müntəzirimiz idilər. Kəndlilərin bu növ rəftarı, bizi nəhayət mərtəbədə dilşad etdi.
Əvvələn, biz çox ac idik. Havanın belə soyuq vaxtında nə qədər yol gəlib, yorulub, bir belə isti yer və qonaqdust sahibxanə axtarırdıq ki, bir növ rahat olaq. Saniyən, əhli-beytdən ayrı düşüb və qış mövsümü qürbət vilayətə səfər etməkdən bizim ümdə məqsədimiz bir qədər çörək pulu əlimizə gətirib tezliklə vətənə üz döndərmək idi.
“Zurnalı” kəndindəki bu tövr mehribanlıq görüb biz yəqin etdik ki, xəyalımızda tutduğumuz məbləği, həmin gecə tövləyə cəm olan allah bəndələrindən cəm edib dəxi sair yerləri bu soyuqda gəzib dolanmağa möhtac olmarıq və piz əz vəqt evimizə qayıdıb övrət-uşağımızın könlünü şad edərik; necə ki, bizim könlümüz bu gecə burada şad oldu.
Başladıq kəndlilər ilə şirin söhbətə. Onlar bizdən İranda vaqe olan əhvalatı soruşmağa başladılar, biz onlardan bəzi əhvalat başladıq soruşmağa. Belə məlum oldu ki, keçən il bu vilayətin pambıq və arpa-buğda ziraəti səlamət imiş.
Bizim müqabilimizdə bir irəvanlı əyləşmişdi. Bu şəxs dəri almaq qəsdilə kəndə gəlmiş imiş. Bu minval ilə söhbət iki saat çəkdi və biz necə ki, lazım idi, isinib təam gözləyirdik; çünki biz məclisə varid olub əyləşən kimi sahibxana məzkur Bala Sultan nökərini göndərdi ki, xoruz öldürüb bizdən ötrü sədr düyüsündən plov bişirsinlər.
Tövlə qapısı açıldı və bizim yadımıza düşən, əlbəttə, plov oldu. Bir uca boylu oğlan, kəhildəyə-kəhildiyə, – guya ki, uzun yol qaçıb, – məclisə daxil oldu. Kəndililərin birinin yanında oturub başladı haman kəndlinin qulağına bir şey pıçıldamağa. Bir qədər keçəndən sonra, haman oğlan tövlədən kənara çıxdı.
Həmin oğlan çıxıb gedəndən sonra, kəndlilər başladılar bir-birilə pıçıldaşmağa. Bala Sultan kəndlilərin bu tövr hərəkətini xoşlamayıb söylədi:
-Çox eyibdir sizdən ötrü ki, bizim belə əziz qonaqlarımızın yanında pıçıldaşırsınız. Mən bu tövr biədəbliyi sizdən əsla gözətləmirəm. Hər nə sözünüz varsa, aşkara söyləyin ki, görək nə olubdur. Mən başa düşə bilmirəm, sizin necə bir xəlvət işiniz olar bilər ki, bizdən gizləyirsiniz.
Kəndlilərin biri cavab verdi:
-Xeyr, Sultan ağa, elə bir xəlvət işimiz yoxdur. Olsa da, elə bir iş deyil ki, sizə dəxli ola.
Kəndlinin bu sözləri Sultanın xoşuna gəlmədi və Sultan bir qədər ucadan dedi:
-Gedə, sənin ağlın qaçıb, nədir?! Necə mənə dəxli yoxdur?! Sizin nə bir elə işiniz ola bilər ki, mənə dəxli ola bilməsin?
Haman kəndli cavab verdi:
-Xeyr, sultan ağa, vallah, elə bir iş yoxdur.
Kəndlilər genə başladılar bir-birilə pıçıldaşmağa. Bala Sultan bu dəfə dəxi qeyzlənib uca səslə dedi:
-Adama sözü bir dəfə deyərlər! Axmaq uşağı axmaq! Bir mənə deyin görüm ki, axı nə barədə pıçıldaşırsınız və nə bir elə iş vaqe olub?
Qabaqca cavab verən kəndli söylədi:
-Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdur və heç bir sirrimiz yoxdur ki, səndən pünhan olsun: amma doğrusu budur ki, qorxuruq, ehtiyat edirik ki, izn vermiyəsən!
Bala Sultan hirs ilə dedi:
-Necə ehtiyat edirsiniz?! Necə qorxursunuz ki, izn verməyib?! Nəyə izn istəyirsiniz?
Kəndli dedi:
-Xeyr, Sultan ağa, başınızı ağrıtmayınız! Elə bir xəlvət işimiz yoxdur. Olsa da, daha nə lazım söyləmək?! Onsuz da biz yəqin bilirik ki, izn verməyəcəksiniz, daxi nə lazım söyləmək!
Bala Sultan ağa, o mərtəbədə hirsləndi ki, yerindən bir qədər dikəlib qeyz ilə, daha uca səslə haman kəndliyə dedi:
-Allah sizə lənət eləsin! Sizi görüm üzünüz qara olsun! Lənət olsun sizi doğub əkənlərə! Bu qədər sözü uzatmaq olmaz. Axı bir deyiniz görüm sözünüz nədir? Az məni dəli-divanə edin!
Kəndlilərin bir ayrısı üzünü Bala Sultana tutub dedi:
-Sultan ağa, bizim fikrimiz allahdan gizli deyil, səndən niyə gizlin olsun! Amma doğrusu budur ki, qorxuruq ki, getməyimizə izn verməyəsən.
Bala Sultan alçaq səslə soruşdu:
-Hara getmək istəyirsiniz?
Kəndlilərdən bir cavab gəlmədi. Sultan dübarə soruşdu. Kəndlilərdən bir cavab çıxmadı. Sultan çox uca və qeyzli səslə dübarə soruşdu:
-Hara getmək istəyirsiniz?
Kəndlilərin birindən bu tövr cavab gəldi:
-Sultan ağa, doğrudan-doğrusu biz hamımız qorxuruq; səndən qorxuruq ki, izn vermiyəsən. Amma mən sözün əslini deyəcəyəm. Mən biləm ki, məni öldürəcəksən, – genə sözümü deyəcəyəm. Sözün vazehi budur ki, bu saat və bu dəqiqə poçt yolu ilə bir dəvə karvanı İrəvana 18 yük kişmiş aparır. Amma necə yeməli kişmişdir. Bu xəbəri bu saat Kərbəlayı Heydərəli gətirib. Deyir ki, tayın biri bir az dəlinib, kişmişdən bir az yola tökülmüşdü. Kərbəlayı Heyrdərəli oğlunun canına and içir ki, belə kişmiş, Təbrizdən, indiyə kimi bu tərəflərə gəlməyib. Sultan ağa, allah-taala atan Hüseyn Sultanın ruhunu şad eləsin, aman günüdür, rəhmin gəlsin, biz yazığıq.
Bala Sultan təəccüblü soruşdu:
-Yaxşı, mən nə eləyim? Necə rəhmin gəlsin sizə?
Kəndli bir az durub dedi:
-Vallah, Sultan ağa, qorxuram deməyə; amma deyəcəyəm. Əgər bizə mərhəmət eləsən və izn versən, bu saat atları minib, silahlanıb, karvanın qabağını kəsərik və kişmişdən beş-on tay gətirib, burada gecələr söhbət edə-edə yeməyə məşğul olarıq; məsələn on tay kişmiş gətirsək cəmimizə bütün qış kifayət edər. Aman günüdür, Sultan ağa, dəxi belə fürsət bir də ələ düşməz! Sultan ağa, şair bə nə yerdə deyib: “Fürsəti verməz fotə aqil, bəlkə olmaya nadan!” Aman günüdür. Sultan ağa, bizə rəhmin gəlsin!
Bala Sultan çox təəccüblü dedi:
-Olan, nə danışırsınız! Məgər dəlisiniz! Kişmiş taylarını çöldə tökməyiblər ki, siz gedib yığışdırıb gətirərsiniz! Ola bilməz ki, karvanın yanında gözətçi və çarvadar olmasın. Qoyarlarmı ki, xalqın gözünün qabağında özgənin malını gətirəsiniz?!
Kəndlilərin biri Sultana belə cavab verdi:
-Nə deyib qoymazlar, Sultan ağa?! Çarvadarın hünəri nədir qoymasın?! Və bir də ki, biz iki adam, üç adam, əli boş və piyada getməyəcəyik. Yəqin ki, karvanın yanında olacaq iki, ya üç nəfər silahsız və piyada çarvadar; amma biz olacağıq iyirmi-iyirmi beş nəfər atlı və silahlı. Bizim qabağımızda iki-üç çarıqlı dəvəçi nə danışa biləcək? Heç göz açmağa fürsət vermərik. Sultan ağa, bizi o qədər də yava və aciz hesab etmə.
-A gədə, allahı sevirsiniz bu fikirdən düşün! Olan, vallah, sizdən qan qoxusu gəlir. Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izn verim ki, gedib quldurluq edəsiniz! Qardaşlarım, vallah, bu işlərin faydası yoxdur, gəlin bu daşı ətəyinizdən tökün! Xatadır, cahılsız, gedərsiniz, bir söz deyərsiniz, bir söz onlar deyər, sözünüz çəp gələr, gözü qanlısınız, əlinizdən xata çıxar. Ondan sonra gəl polisəyə cavab ver!
Kəndlilərdən biri:
-Sultan ağa, haqq fərmayiş edirsiniz, belə işdə xata da ola bilər olsun, qan da tökülə bilər; çünki çarıqlı dəvəçi bizim kimi igidlərin qabağında ağzını açıb danışsa, lazımdır ki, onun ağzını məhz güllə ilə yummaq. Amma siz nahaq yerə bolusadan ehtiyat edirsiniz. Biz elə yerdə yatmarıq ki, altımıza su çıxsın. Əgər əlimizdən xata da çıxsa, biz elə eləmənik ki, bir yad adam bizim işimizdən xəbərdar olsun. Sultan ağa, gərək sənə yaxşı məlum ola ki, belə işlər bizim peşəmizdir. Daha biz xam deyilik. Bizim bu cür işlərə getməyimiz əvvəlinci dəfə deyil ki, bolusa bizim işimizdən xəbərdar olsun və axırda bizə əziyyət eləsin. Sənin başına and olsun, Sultan ağa, bir nəfəs də bizim işimizi duymaz.
Bir qədər fikir edəndən sonra Bala Sultan söylədi:
-Orasmı doğru deyirsiniz: mən bilirəm ki, xam deyilsiniz; amma vallah doğrusu, genə qorxuram. Yer qulaqlıdır, dünya-aləm şeytan ilə doludur. Uşaqlar, ehtiyatlı olun!
Kəndlilərin cavanlarından on-on beşi sevincək durdular ayağa və “allah sənə ömür versin, Sultan ağa!” – deyə-deyə eşiyə çıxdılar.
Kəndlilərin bir neçəsi çıxdı eşiyə və bir neçəsi oturduğumuz tövlədə olan atlardan bir neçəsini yəhərləyib çəkdilər kənara. Bir qədər keçəndən sonra eşiyə çıxan kəndlilər və bunlardan başqa dəxi bir neçəsi gəldilər otağa; cümləsi əsbab və əsləhəli: kiminin belində qəmə, kiminin əlində tüfəng – hamısı qıvraq geyinmiş.
İyirmi-iyirmi beş nəfər igid hərəsi bir at eşiyə çəkib, çaparaq mindilər və qayıb oldular.
Biz hər ikimiz çox dilxor olduq. Əvvələn, bizə yəqin oldu ki, biz xam xəyal eləyirmiş idik; çünki dəxi gördük ki, bu tövr müsəlmanlardan heç bir ianə və ehsan gözləmək olmaz. İkinci budur ki, kəndlilərin quldurluğa getməklərindən biz başladıq iztiraba düşməyə: kim nə bilsin, bunların bu tövr rəftarından bizə nə qədər dərdi-sər və bədbəxtlik gələ bilər.
Bu qism xəyalata məşğul idim, Bala Sultan mənim təğyiri-əhvalatımı duyub üzünü tutdu mənə və dedi:
-Ağalar, vallahi, billahi zəmanə xarab olub! Böyüklərin, ağsaqqalların sözlərini çürük qəpiyə alan yoxdur. Ha deyirsən: “Balam, oturun yerinizdə, bu cür işlərdən qan qoxusu gəlir, belə işlərə iqdam edən – həmişə allah yanında günahkar və bəndənin yanında xəcalətli olur”, amma nə fayda, sən deyirsən, – sən eşidirsən.
Yoldaşım, Bala Sultanın cavabında dedi:
-Sultan ağa, cənabınız nəhaq yerə zəmanədən giley edirsiniz. Mən elə başa düşürəm ki, əgər sizdən izn olmasaydı, cahillər kişmiş dalınca getməzdilər.
Bizim ikimizdən və Bala Sultandan savayı tövlə otağında bir qoca kişi dəxi var idi. Yoldaşım axırıncı sözlərini deyib qurtarandan sonra, həmin qoca kişi bir öskürüb çubuğunu yerə boşaldıb və heç birimizin üzünə baxmayıb, başını bulaya-bulaya guya ki, öz-özünə dedi:
-Xeyr, ağalar, belə deyil! Bizim cahıllar, siz görən cahıllardan deyirlər. Allah bunlara lənət eləsin. Bunlar kimi qudurğan və bihəya millət tamam yer üzündə nişan verən yoxdu. Bunlar bildiklərini heç atalarına da verməzlər. Siz nahaq yerə elə xəyal eləyirsiniz ki, Sultan ağanın izni olmasaydı, onlar quldurluğa getməzdilər. Sultan ağa izn verməsəydi də gedəcəkdilər. Allah onlara lənət eləsin, onlar sözə baxan deyillər.
Bu heyndə uzaqdan bir güllə səsi gəldi. Biz hər ikimiz dik atıldıq və çox qorxduq. Bala Sultan da zahirən narahat olub, başını yuxarı qaldırıb başladı qulaq verməyə. Amma qoca kişi əhvalına təğyir verməyib, çubuğunu tütün ilə doldurub başladı yandırmağa. Mən elə güman elədim ki, onun qulağı eşitməz; amma mən səhv edirmişəm. Qoca kişi başını bulaya-bulaya və yerə baxa-baxa guya öz-özünə dedi:
-Allah görüm sizi yox eləsin, toxumunuz yer üzündən tükənsin! Bir tikə qurğuşun ilə görəsən hansı biçarənin balalarını ağlar qoydular?!
Bir qədər keçəndən sonra, iki tüfəng açıldı. Mən qorxudan başladım titrəməyə. Yoldaşım başını mənə tərəf əyib alçaq səslə qorxa-qorxa soruşdu:
-Seyid Hüseyn, başımıza nə çarə qılaq? Bu nə iş idi biz düşdük?
Mən mat-mat o yazığın üzünə baxıb bilmədim nə cavab verim.
Bir az da keçəndən sonra, uzaqda at tappıltısının səsi gəldi. Bir qədər də keçdi, genə uzaqdan güllə atıldı. Ondan sonra beş-altı kərə bir-birinin dalınca tüfəng səsi gəldi. Bir azdan sonra at tappıltısı şiddət edib gəldikcə yavıqlaşdı. Tövlənin qapısı açıldı və cahıllar kəhildəyə-kəhildəyə atları tövləyə çəkib, kişmiş taylarını sürüyüb saldılar tövlənin bucağına. Bala Sultan ayağa durub üzünü tutdu kəndlilərə:
-Afərin, afərin, balalarım! Allah birinizi min eləsin! Sizsiz mənim bir günüm olmasın!
Kəndlilərdən bir cavab çıxmadı. Bala Sultan cahılların birinə üzünü tutub dedi:
-Cəfərəli, niyə dinmirsən? Fikirli adama oxşayırsan?! Yoxsa əlinizdən bir xəta çıxıb?
Cəfərdən bir cavab gəlmədi. Bu heyndə genə at tappıltısı gəldi. Tövlənin qapısı açıldı və bir neçə cahıl başladılar tövləyə bir şey sürüməyə. Biz elə bildik ki, bu da kişmiş tayıdır; amma səhv edirdik. Cahıllar içəri sürüdükləri, qana bulanmış adam ölüsü idi.
Bala Sultan irəli yeriyib və ölünün paltarına və sifətinə diqqət ilə baxandan sonra, pərişanhal olub dedi:
-Allah sizin evinizi yıxsın! Bu fəqir dəvəçinin günahı nə idi ki, bunu öldürüb, əhli-əyalını gözü yolda qoydunuz?!
Heç kimdən bir səs çıxmadı. Bala Sultan ölünü görən kimi hər iki əlini dizlərinə vura-vura dedi:
-Vay, vay, vay! Allah sizə lənət eləsin! Durmayın, durmayın! Götürün beli, qazmanı, köməkləşin, tez tövlənin bucağında bir dərin quyu qazın, cəmdəyi (nəşi) salaq quyuya, üstünü peyin və axbun ilə örtək. Tez-tez! Daha durmayın! Durmaq vaxtı deyil! Vay, vay!
Cahıllar Bala Sultana bir cavab verməyib durduqları yerdən hərəkət eləməyib başları aşağı, baxırdılar kimi ölüyə, kimi yerə.
Bala Sultan genə təkid ilə dedi:
-Niyə durursunuz? Nə fikir eləyirsiniz? Dəxi indi fikir eləmək fayda verməz. İndi durmaq vaxtı deyil! Gedin tez quyu qazın!
Cahıllar bir cavab verməyib, durduqları yerdən hərəkət eləməlidilər. Bala Sultan onların üstə hirs ilə çığırdı:
-Məgər qulaqlarınız kardır? Adama neçə dəfə sözü deyərlər? Mən əvvəl sizə dedim ki, bəd əməlin dalınca getməyin; xatadır, adam başağrısı çəkər. Sözümə qulaq verməyib getdiniz və üç-dörd tay kişmişdən ötrü adam öldürdünüz. İndi bunların hamısı keçib, barı öz zibilinizi özünüz təmizləyin!
Cahılların biri, hər iki əlini qəməsinin dəstəsinin üstə qoyub, döşünü bir qədər dalı çəkib, gözlərini axıda-axıda üzünü Sultana tutub dedi:
-Sultan ağa, ölünü tövlənin bucağında gizlətmək çox asan işdir: götürərəm qazmanı, bir dəqiqənin içində bir dərin quyu qazaram, cəmdəyi xakriz edərəm. Burda bir çətin iş yoxdur. Amma bununla canımız qurtarmayacaq. Necə dərin quyuda ölünü gizlətsək, genə axırda gəlib çıxardacaqlar və bizim hamımızı katrojniyə göndərəcəklər.
Bu kəndli sözünü qurtaran kimi yoldaşları bir səslə bu sözü təsdiq eləyib dedilər:
-Doğru deyir, Kərbəlayı Məhəmməd doğru deyir. Bizim hamımızı Sibirə göndərəcəklər.
Bala Sultan təəccüb ilə soruşdu:
-Olan, yoxsa sizi görən olub?
Kərbəlayı Məhəmməd cavab verdi:
-Sənin başına and olsun, Sultan ağa, bizi bir əhəd də görməyib. Karvanın yanında məhz üç nəfər dəvəçi idi. İkisini karvanın yanında öldürdük. Bu yazıq da bizim dalımızca qaça-qaça gəldi kəndin yavığına ki, bəlkə kişmiş taylarını bizdən saldıra; bunu da öldürdük və bədənini gətirdik buraya ki, bizim kəndin kənarında nişanə qalmasın.
Bala Sultan genə dedi:
-Dəxi nədən qorxursunuz? Sizi görüb tanıyan olmayıb, bəs dəxi nədən qorxursunuz?
Kərbəlayı Məhəmməd:
-Sultan ağa, biz ömrümüzdə heç bir tövr kəmehtiyat iş tutmamışdıq. Yəqin elə sabah bizi qol-qola bağlayıb aparacaqlar navaxta!
Cahıllar səs-səsə verib dedilər:
-Elədir. elədir. doğrudur. Yəqin aparacaqlar!
Bala Sultan təəccüblü, uca səslə soruşdu:
-Qardaş, nə deyib aparacaqlar, axı? Kim gedib sizi şeytanlayacaq? Bizim içimizdə ki, bir yad adam yoxdur.
Kərbəlayı Məhəmməd başını bulaya-bulaya Sultana cavab verdi:
-Sultan ağa, məni bağışla, amma heç özün də bilmirsən nə danışırsan! Vallah, Sultan ağa, evimiz yıxılıb. Dəxi bu işlərin heç çarəsi yoxdur!
Bizə dəxi gün kimi aşkar oldu ki, kəndlilər məhz bizim ikimizdən ehtiyat edirlər ki, buradan çıxıb gedəndən sonra, bunların quldurluğu barəsində bir söz danışarıq, ya divana xəbər verərik. Yoldaşım cahılları bu barədə sakit eləmək qəsdilə bunlara üzünü tutub həqiranə söylədi:
-Ay qardaşlar, şükr edirəm pərvərdigar ki, burada bu saat hazır olan adamların cəmisi müsəlmandır, xarici millət yoxdur. Siz də müsəlmansınız, biz də müsəlmanıq və övladi-peyğəmbərik. Bizim əlimizdə bundan savayı dəxi bir çarə yoxdur, məgər ki, cəddimizə and içib, onun kitabi-məcidini öpüb, sizə səmimi qəlbdən söz verək ki, nə qədər ömrümüz var, – siz bu gün burada elədiyiniz işlərin barəsində bir yanda və bir kəsə ağzımızı açıb danışmayaq və əgər bu xüsusda vədə-xilaf olsaq, allaha-taala bizim hər ikimizin həftadi-həftinə iki min lənət eləyə və hər iki dünyada biz üzüqaralar cərgəsində olaq.
Yoldaşım sözünü qurtaran kimi, Bala Sultan başladı:
-Xeyr, xeyr ağalar! Nahaq yerə siz bədgüman olursunuz. Heç narahat olmuyun və heç özgə şeylər fikirə gətirməyin. Biz onu yaxşı bilirik ki, siz bizə xəyanət edən adamlardan deyilsiniz.
Bala Sultan sözünü qurtardı və cahıllar bir söz demədi. Bir qədər keçəndən sonra, kəndlilərin biri üzünü bizə səmt tutub dedi:
-Ağalar, biz sizi yaxşı tanıyırıq. Sizin əsl kökünüzə bələdik. Seyid olmayın, istəyirsiniz nə olursunuz olun, – insana etibar yoxdur. Üç il bundan irəli iki nəfər seyid padşahlıq yolunda bir ermənini öldürüb, cibindən iki manat yarımını çıxartmışdılar. Naxçıvanda bu iki yoldaşın sözü çəp gəlir və birisi gedib nəçəlnikə, erməni öldürməklərini xəbər verir. Biz sizin kimi seyidlərə etibar eləyib özümüzü badi-fənaya verə bilmərik, yazığıq. Bizi Sibirə aparandan sonra, siz ki, gəlib bizim uşaqlarımıza çörək qazanıb sahiblik eləməyəcəksiniz?
Haman kəndlinin sözünə qüvvət verib, cahıllar başladılar qaim səslə deməyə:
-Xeyr, xeyr! Heç vaxt etibar eləmək olmaz! Heç vaxt inanmanıq.
Bala Sultan genə bizə köməyə gəldi və kəndlilərə başladı deməyə:
-A balam, axmaq-axmaq danışmayın, bu kişilər siz dediyiniz adamlardan deyillər, niyə bu qədər boş-boş danışırsınız?
Cahıllar səs-səsə verib çığırışmağa başladılar:
-Vallah, Sultan ağa, heç ola bilməz! Dünyada heç kəsə etibar yoxdur, İranın naməlum seyidləri hara, biz hara! Sultan ağa, heç ola bilməz!
Biz başladıq yalvarmağa:
-Ay allah bəndələri! Biz xata elədik ki, gəlib bura çıxdıq. Allahı sevirsəniz bizə izn verin, qoyaq gedək işimizə! Cəddimiz peyğəmbərə and olsun, bir yanda bir söz ağzımızdan qaçırmanıq.
Kəndlilər daha ucadan başladılar çığırmağa:
-Ola bilməz. Ola bilməz. Yerinizdən tərpəşməyiniz, yoxsa güllələrik!
Daha sonra nə oldu, nə olmadı, – yadımda deyil. Orası məhz yadımdadır ki, cahıllardan bir neçəsi bir-birinin qulağına bir şey pıçıldaya-pıçıldaya yavaş-yavaş başladılar bizə səmt yavıqlaşmağa, yoldaşım başını pəncərənin içinə soxub, başilə pəncərənin şüşəni para-para edib özünü bir növ həyətə saldı. Onun dalınca mən özümü haman pəncərədən saldım həyətə və düşdüm yoldaşımın üstə. Kəndlilər çığırdılar:
-Qoymayın o namərdləri getsinlər!
Mən düşən kimi, başladım qaçmağa, amma yazıq yoldaşım yerindən hərəkət eləyib bir-iki qədəm qoyub, genə yıxıldı yerə; sonra durdu ayağa və axsaya-axsaya mənim əlimdən yapışdı və biz ənvai-müsibət ilə kəndin içindən, itlərdən özümüzü qoruya-qoruya, çıxdıq kəndin kənarına.
Axırı bir tövr özümüzü sürüyüb yarıcan saldıq erməni kəndinə və bir tövlədə yatıb sübh tezdən ac-acına yola düşüb, axşam vaxtı gəlib yetişdik “Nurcaman” kəndinə. Çox yavaş yeriyirdik; çünki yoldaşımın sağ ayağı bərk incimişdi və yazığa nəhayət əziyyət verirdi. O mərtəbədə qorxmuşduq ki, vətənə qayıtmaqdan savayı qeyri bir şey yadımıza düşmürdü. İki gündən sonra Arazı keçib İran torpağına yetişdik və əliboş, kor-peşiman çatdıq kəndimizə və qorxudan başımıza gələn macəranı heç kəsə izhar eləmədik.
Əhvalatdan bir il sonra, genə yolumuz Rusiya torpağına düşdü. Qəsdimiz İrəvana gəlmək idi. “Zurnalı” kəndinin yanından keçib gecə yatdıq “Ulağlı” kəndində. Bura ilə “Zurnalı”nın arası ağacyarımdır. “Zurnalı” kəndindən, Bala Sultandan və kəndin qeyri əhvalatından söhbət saldıq ki, bəlkə keçən il kişmiş karvanının qarət olmağından, dəvəçilərin ölməyindən bir xəbər bilək. Amma artıq təəccüb elədik ki, heç bir kəsin yadına bir belə əhvalat gəlmirdi. Sonra kəndlilərdən biri bizdən soruşdu:
-Ağalar, yoxsa “zurnalılar” siz ilə kişmiş oyunu oynayıblar.
Məhz burada biz başa düşdük ki, “zurnalılar” nə kişmiş qarət ediblər və nə dəvəçi öldürüblər: bunlar ancaq bizim ilə “kişmiş oyunu” oynayıblar. Və məhz indi başa düşdük ki, “zurnalılar” bizim başımıza “kişmiş oyununu” gətirməkdən məqsədləri ancaq bizi kənddən qaçırtmaq idi; çünki biz akoşkadan özümüzü yerə salıb qaçan zaman onlar bizi güllə ilə də vura bilərdilər, tutub öldürə də bilərdilər.
Dalidag.az

Kateqoriya: Karusel / Poeziya-nəsr

Tarix: 20-10-2019 18:05

Azərbaycan (Cəlil Məmmədquluzadə)

Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur. Qur’an ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Qur’an, “Bəqərə” surəsi: 156) . Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki: – Mənim anam kimdir? Öz-özümə də cavab verirəm ki: – Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi. – Dilim nə dildi? – Azərbaycan dili! – Yəni Vətənim haradır? – Azərbaycan vilayətidir. Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir. – Haradır Azərbaycan? – Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun.

Bilirsiniz bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma düşdü ki, keçən həftə Tiflisdə müsəlmanların Milli Komitəsində bir məsələyə baxılırdı ki, aya, bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun? Biri dedi rusca, biri dedi osmanlıca, biri dedi ermənicə. Axırda belə qərar qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izn verilsin ki, rusca danışsınlar. O ki qaldı rus darülfünunu oxuyub başa çıxan bəzi üzvlər – bunlara da izn verildi ki, rusca danışsınlar. Və həqiqətdə, mən ki gedib sümük sındırıb illər ilə kafirlər içində əlimi murdar prafessorlara verə-verə elm oxumuşam, insafdırmı ki, bugünkü gündə də oxuduğum elmi gizlədim və rusca danışmayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar rusca danışılan mətləbləri başa düşmürdülər, cəhənnəmə düşmürdülər, gora düşmürdülər!

O ki qaldı Bakı qurultaylarında olan səliqəyə, bu barədə yaxşısı budur ki, heç danışmayım; onsuz da, düşmənimiz çoxdur, xəbərdar olarlar və gəlib baxıb və qurultaylarımızda olan nəzmü nizamı görüb bizə göz vurarlar, çünki nədənsə, bizim bədxahların hamısı bədnəzərdir.

Ax, gözəl Azərbaycan Vətənim! Harada qalmısan? Gəl, gəl, bir gəl gör bizi zornan rusca danışdıran türk qardaşlar bizdən nə istəyirlər. Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, coruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı qulibiyaban vətəndaşlarım, ey vəhşi ərdəbilli, qəlxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır, dünyavü və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək haradır bizim Vətənimiz.

Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar. Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım.

Cəlil Məmmədquluzadə

İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı “Çay dəstgahı” alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, “Kişmiş oyunu” komediyasını və “Danabaş kəndinin əhvalatları” (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.
1903-cü ildən Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işləmişdir. C.Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində “Şərqi-Rus” qəzeti və onun redaktoru M.A.Şahtaxtlının mühüm rolu olmuşdur. “Poçt qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”, L.N.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.
İlk nömrəsi 1906-cı il aprelin 7-də (20-də) çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar aparır, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırırdı.
Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki heykəli1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada “Molla Nəsrəddin”in 8 nömrəsini çap etmişdır.
C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.

Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.

Comments are closed, but trackbacks and pingbacks are open.