Press "Enter" to skip to content

Cm-in 127.2.3-cü maddəsi hökm

Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir.

Cm-in 127.2.3-cü maddəsi hökm

17.02.06 B.Yusifovanın şikayəti üzrə AR Ali Məhkəməsinin CİİHDİÜMK 2005-ci il 7 mart tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASIKONSTİTUSİYA

MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının

2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

17 fevral 2006-cı il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi A.Kalbalıyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Yusifova Bəyim Aqil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim Ə.Sultanovun məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N E T D İ:

Sumqayıt şəhər məhkəməsinin 2004-cü il 26 avqust tarixli hökmü ilə B.Yusifova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 79.1-ci maddəsi tətbiq edilməklə hökmün icrası azyaşlı qızı səkkiz yaşına çatanadək təxirə salınmışdır.

Cinayət işinin materiallarından görünür ki, B.Yusifova 2004-cü il mayın 2-də Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11/15, mənzil 9-da ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək S.Allahverdiyevanı nalayiq sözlərlə söyüb təhqir etdiyi zaman ictimai qaydanın pozulmasının qarşısını alan X.Rüstəmovaya müqavimət göstərib silah qismində istifadə etdiyi əl çantası ilə axırıncının baş nahiyəsinə və stolüstü lampa ilə sol qol nahiyəsinə qəsdən vuraraq sonuncunun sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirməklə xuliqanlıq cinayəti törətdiyinə görə təqsirli bilinərək məhkum edilmişdir.

B.Yusifova məhkəmədə dindirilərkən göstərmişdir ki, 2000-ci il iyunun 27-də A.Məhərrəmovla ailə həyatı qurmuş və 2 uşaqları olmuşdur. Faktiki nikahda olduğu A.Məhərrəmovun anası S.Allahverdiyevanın mənzilinə xuliqanlıq niyyəti ilə getməmiş, məqsədi yalnız yaşamağa yeri olmadığını qayınanasının nəzərinə çatdıraraq, ondan sığınacaq istəmək olmuşdur. Bu səbəbdən özü ilə 2 yaşlı oğlunu və 4 aylıq qızını da qucağında aparmışdır. Lakin təkliflərini qəbul etməyən qayınanası onu təhqir edərək, qohumlarını və qonşularını çağırmışdır. Yaranmış mübahisə gedişində qayınanasının qohumu X.Rüstəmova onun ağız nahiyəsindən yumruqla vurmuşdur. Belə olan halda o, özünü müdafiə etmək məqsədilə əl çantasından və stolüstü lampadan istifadə etmişdir.

B.Yusifova barəsində çıxarılmış hökmü qanunsuz və əsassız hesab edərək yuxarı məhkəmə instansiyalarına şikayət vermişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – CİİHDİÜMK) 2004-cü il 9 noyabr tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü, Azərbaycan Respublikası Ali Məhkəməsinin CİİHDİÜMK-nın 2005-ci il 7 mart tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2005-ci il 25 may tarixli məktubu ilə B.Yusifovanın əlavə kassasiya şikayəti üzrə işin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir.

B.Yusifova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət edərək bildirmişdir ki, məhkəmə orqanları tərəfindən onun hərəkətlərinə düzgün hüquqi qiymət verilməmişdir, belə ki, mübahisə S.Allahverdiyevanın mənzilində ailə münaqişəsi zəminində baş verdiyindən onun hərəkəti xuliqanlıq kimi qiymətləndirilməməli və özünü müdafiə etmək üçün istifadə etdiyi əl çantası və stolüstü lampa silah qismində işlədilən alət hesab edilməməlidir. Ərizəçinin qənaətinə görə məhkəmələr onun əməlinə hüquqi qiymət verərkən CM-in tətbiq edilməli olmayan 221-ci maddəsini tətbiq etmişlər. Bununlaəlaqədar B.Yusifova şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin CİİHDİÜMK-nın 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olmayan hesab edilməsinə və pozulmuş hüquq və azadlıqlarının bərpasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu B.Yusifovanın Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarında təsbit edilmiş hüquq və azadlıqlarının pozulub-pozulmaması məsələsinin həlli üçün CM-in 221-ci maddəsinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir.

Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir.

CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir.

Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir:

ictimai qaydanın kobud surətdə pozulması;

cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi;

vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi.

Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir.

Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir.

Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir.

Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.

Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərini göstərməklə bu cinayətin xüsusi ilə qərəzli forması kimi müəyyənləşdirilmiş və iş üzrə tətbiq olunmuş CM-in 221.2.2 və 221.3-cü maddələri ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyi də zəruri hesab edir.

Belə ki, CM-in 221.2.2-ci maddəsinin mənasına görə digər şəxs qismində hakimiyyət nümayəndəsinin səlahiyyətinə malik olmayan, lakin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya öz təşəbbüsü ilə ictimai qaydanın pozulmasının qarşısının alınmasında iştirak edən hər hansı şəxs (zərərçəkən istisna olmaqla) ola bilər.

Bu halda nəzərə alınmalıdır ki, ictimai qaydanın pozulmasının digər şəxs tərəfindən öz təşəbbüsü ilə qarşısının alınması, təqsirkara qarşı zor tətbiq edilməsi daxil olmaqla, xuliqanlığa son qoyulmasına yönələn qanuni fəal hərəkətlərdə ifadə olunur.

Bundan başqa, CM-in 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir.

«Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir.

«Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanunu silahın anlayışını, növlərini, xidməti və mülki silahın dövriyyəsini müəyyənləşdirir.

Həmin Qanunun 2-ci maddəsinə görə silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermək üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir.

Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir.

Cinayət qanununun bu müddəasının tərkibi üçün istər əşyaların məhvetmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan maddənin mahiyyəti ilə bağlı onu göstərməyi vacib bilir ki, bu konstitusiya norması ilə hər kəsin Əsas Qanunda və digər normativ – hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir.

Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi).

Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra – CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır.

Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür.

Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri).

B.Yusifovanın məhkum edilməsinə dair hökmdə hadisənin S.Allahverdiyevanın yaşadığı mənzilin daxilində şəxsi münasibətlər zəminində baş verdiyi, mübahisə zamanı B.Yusifovanın hərəkətlərindən narazı qalan X.Rüstəmovanın ona yalnız öz etirazını bildirdiyi, sağlamlığa zərər vuran vasitə kimi əl çantasından və stolüstü lampadan istifadə edildiyi birmənalı şəkildə müəyyənləşdirilmişdir.

Lakin B.Yusifovanın törətdiyi əməlin hansı əlamətlərə əsasən məhz xuliqanlıq cinayət əməli kimi və X.Rüstəmovanın bu əmələ etirazının sözügedən cinayətin qarşısını alan hərəkət kimi qiymətləndirilməsi, həmçinin, sadalanan əşyaların hansı meyarlara görə silah qismində istifadə edilən əşyalar kimi qəbul edilməsi və təqsirləndirilən şəxsin bu əşyalardan özünü müdafiə etmək üçün istifadə etdiyi barədə dəlilin hansı səbəblərdən rədd edilməsi hökmdə əsaslandırılmamışdır.

Məhkəmə B.Yusifovanı xuliqanlıqda təqsirli bilərkən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin və həmin hərəkətlərin X.Rüstəmova tərəfindən qarşısının alınmasının nədən ibarət olduğunu açıqlamamış, təqsirkarın hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun əməlini CM-in 221.2.2 və 221.3-cü maddələri ilə tövsif etmişdir.

CPM-in 399-cu maddəsi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, cinayət qanunu normasının düzgün tətbiq edilməməsini birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olaraq müəyyənləşdirir. Prosessual qanunvericilik cinayət qanunu normasının düzgün tətbiq edilməməsi dedikdə tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsini; tətbiq edilməli olmayan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməsini; cinayət qanunu normasının düzgün şərh edilməməsini nəzərdə tutur (CPM-in 403-cü maddəsi). Buna baxmayaraq Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin kollegiyası qanunvericiliyin qeyd olunan tələblərini pozaraq birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərinə uyğun olmayan hökmünü dəyişdirilmədən saxlamışdır.

CPM-in 416-cı maddəsi isə məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları müəyyən edir. Bu maddəyə müvafiq olaraq, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda (416.0.6), məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə (416.0.15) kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və CPM-in normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Lakin Ali Məhkəmənin CİİHDİÜMK 2005-ci il 07 mart tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin CİİHDİÜMK-nın qərarını dəyişdirilmədən saxlamaqla CPM-in 416 və 419.1-ci maddələrinin tələblərinə əməl etməmiş, bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatını pozmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 127-ci maddəsinin VIII hissəsində təsbit olunmuş məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması prinsipinə zidd olan, ərizəçinin hüquq və azadlıqlarının səmərəli təminatına ziyan vuran və məhkəmə aktlarının qanunvericiliyin tələblərinə uyğunluğuna təsir göstərən iş üzrə kassasiya məhkəməsi tərəfindən buraxılmış daha bir prosessual pozuntunu xüsusi qeyd etməyi zəruri hesab edir. CPM-in 28.4.5-ci maddəsi məhkəmələrin cinayət mühakimə icraatını həyata keçirərkən cinayət prosesi iştirakçılarının iştirak etmək hüququnu təmin etmək vəzifəsini müəyyənləşdirir. Təqsirləndirilən şəxsin, onun şikayəti ilə cinayət işinə kassasiya qaydasında baxılmasında iştirak etmək hüququ CPM-in 91.5.36-cı maddəsində öz əksini tapmışdır.

Kassasiya şikayətini ilkin öyrənən hakim şikayətin ona daxil olduğu vaxtdan 3 aydan gec olmayaraq məhkuma şikayətin mahiyyəti üzrə baxılmasının vaxtı və yeri haqqında məlumat verməlidir. Kassasiya şikayəti vermək hüququ olan şəxslər məhkəmənin iclasında iştirak etmək hüququna malikdirlər. Kassasiya instansiyası məhkəməsinin müvafiq kollegiyasının sədri kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasının müddəti barədə cinayət prosesinin müvafiq iştirakçılarına məlumat verir. Eyni zamanda şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir (CPM-in 418.2.7 və 419-cu maddələri). Sonuncu müddəadan da göründüyü kimi prosessual qanunvericilik məhz lazımi qaydada məlumatlandırılmış şəxsin olmamasının məhkəmə iclasının davam etdirilməsinə mane olmadığını müəyyən edir.

Cinayət işinin materiallarından isə görünür ki, məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinə verdiyi kassasiya şikayətində Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/26, mənzil 10-da yaşadığını qeyd etmişdir. Ali Məhkəmənin kollegiyasının iş üzrə qərarında da həmin ünvan şikayətçinin yaşadığı yer kimi öz əksini tapmışdır. Lakin işə əlavə edilmiş Ali Məhkəmənin hakiminin 2005-ci il 11 fevral tarixli məktubundan aydın olur ki, B.Yusifovaya kassasiya şikayətinə baxılması vaxtı və yeri barədə məlumat başqa ünvana göndərilmişdir.

Göstərilənlərdən aydın olur ki, məhkum kassasiya şikayətinin baxılması barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırılmamış, iclasda iştirak etmək hüququndan məhrum olunmuş, bununla da onun müdafiə hüququ pozulmuşdur. Ali Məhkəmənin kollegiyasının iş üzrə qərarında isə şikayətçiyə iclasın keçirilməsi haqqında məlumatın verilib-verilməməsi məsələsinə toxunulmamış və iclasın şikayətçinin iştirakı olmadan keçirilməsi əsaslandırılmamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən məsələlərlə əlaqədar İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın bəzi müddəaları da diqqətə layiqdir. Hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması həmin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində öz əksini tapmışdır. Sözügedən maddənin 3 (c) bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək hüququna malikdir.

Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Yavuz Avstriyaya qarşı iş üzrə 2004-cü il 27 may tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin məhkəmə araşdırılmasında şəxsən iştirak etmək hüququ, ədalətli məhkəmə araşdırılmasının əsas elementidir. Təqsirləndirilən şəxs bu hüququ həyata keçirməsindən imtina edə bilər, lakin belə olan halda onun məhkəmə iclasına gəlməmək və ya özünü müdafiə etməmək qərarı aşkar surətdə müəyyən olunmalıdır (§ 45). Lakin, işə baxılma barədə şəxsən məlumatlandırılmadığı halda təqsirləndirilən şəxsin öz iştirak etmək hüququndan imtina edib-etmədiyi məsələsinin qiymətləndirilməsində xüsusi səyin göstərilməsi tələb olunur (§ 49).

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, B.Yusifovanın məhkum olunmasına dair Ali Məhkəmənin CİİHDİÜMK-nın 2005-ci il 07 mart tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə,127-ci maddəsinin II və VIII hissələrinə, CPM-in 416, 418.2.7 və 419-cu maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A A L D I:

1. Yusifova Bəyim Aqil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 127-ci maddəsinin II və VIII hissələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416, 418.2.7 və 419-cu maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski Raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məlumatında» dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən Fərhad Abdullayev

Cm-in 127.2.3-cü maddəsi hökm

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin

şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova (məruzəçi-hakim), Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Goranboy rayon məhkəməsinin hakimi Teyyub Muxtarovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Hafiz Nəsibovun, Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat rəhbəri Müzəffər Ağazadənin,

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Rauf Şəmsizadənin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Goranboy rayon məhkəməsinin 24 yanvar 2011-ci il tarixlimüraciəti ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Goranboy rayon məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsinindispozisiyasında əks olunmuş“tətbiq etməklə” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25, 57, 60 və 71-ci maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilir ki, Goranboy rayon məhkəməsinin icraatında olan S.İsmayılovun CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına əsasən S.İsmayılov 05 avqust 2010-cu il tarixdə Goranboy rayonu, Safıkürd kəndində yaşadığı küçədə həmkəndlisi Ə.Rəsulov ailəsi ilə birlikdə özünə məxsus avtomaşınla gedərkən avtomaşına yaxınlaşıb, orada oturan ailə üzvlərinin yanında ucadan onun ünvanına nalayiq sözlərlə söymüş, əllərini avtomaşının pəncərəsindən salona salıb Ə.Rəsulovu boğmağa başlamışdır. Ə.Rəsulov avtomaşının qapısını açıb yerə düşən zaman oraya gəlmiş qardaşı C.Rəsulov və anası K.Muradova onları araladıqdan sonra S.İsmayılov R.Rəsulovaya (Ə.Rəsulovun arvadına) yaxınlaşıb onu söymüş, Ə.Rəsulovun üstünə hücum edərək yerə yıxıb sonuncuya sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən zərər yetirməklə döymüşdür. S.İsmayılov həmçinin ictimai qaydanın pozulmasının qarşısını almaq və onları aralamaq istəyən K.Muradovaya real müqavimət göstərərək onu vurub sağlamlığa zərər vurmayan, dərəcəsı təyin edilməyən zərər yetirmişdir. Bundan sonra S.İsmayılov evə gedərək oradan özünə məxsus təklülə ov tüfəngini götürərək, onların hamısını öldürməklə hədələmiş, vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir.

Goranboy rayon məhkəməsinin mövqeyinə görə, CM-in 221.3-cü maddəsinin dispozisiyasında əks olunmuş “tətbiq etməklə” müddəasının müxtəlif məzmunda təfsir olunması (tətbiq etmə, tətbiq etməyə cəhd, silahın nümayiş etdirilməsi, silahın nümayiş etdirilməsi ilə hədələmə və s.) istintaq və məhkəmə təcrübəsində qanunun tətbiqi ilə bağlı qeyri-müəyyənlik yaradır.

Bu baxımdan müraciətdə CM-in 221.3-cü maddəsində nəzərdə tutulan “tətbiq etməklə” müddəasının hansı anlamda başa düşülməsi, onun silah və ya silah qismində istifadə edilən əşyalardan öz təyinatına uyğun olaraq istifadə edilməsini ehtiva edib-etməməsi, silahın nümayiş etdirilməsi (silahın təqsirləndirilən şəxsin əlində və ya üstündə olması, zərərçəkmiş şəxslərə istiqamətləndirməsi, həmin silahın atəşə yararlı olub-olmaması və s.) və ya silah qismində istifadə edilən əşyaların tətbiqinə cəhd edilməsi ilə törədilən əməlin bu maddə ilə cinayət tərkibini yaradıb-yaratmaması məsələlərinə aydınlıq gətirilməsi xahiş edilir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar ilk növbədə Konstitusiyada təsbit olunmuş şəxsin azadlıq hüququnun mahiyyətinin, onun məhdudlaşdırılmasının konstitusion əsaslarının və prinsiplərinin, habelə bu hüququn təminatlarının açıqlanmasını zəruri hesab edir.

Konstitusiya insan və vətəndaş hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqların gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin I hissəsi və 71-ci maddəsinin I və VI hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin I hissəsi, 26-cı maddəsinin I hissəsi və 71-ci maddəsinin II hissəsi).

Konstitusiyanın 28-ci maddəsinin I və II hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

Göründüyü kimi, Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması müəyyən edilmişdir. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi, tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici orqan tərəfindən azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunundan irəli gəlir.

Hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin I hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar.

Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar.

Konstitusiyaya əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsinin VII hissəsi).

Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.

Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunanlara əsaslanaraq hesab edir ki, Goranboy rayon məhkəməsinin müraciətində qaldırılan məsələlərin düzgün həll edilməsi və qeyri-müəyyənliyin aradan qaldırılması üçün xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır.

CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir.

Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir.

Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir.

Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edir.

Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür.

İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir.

Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur.

Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun.

Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir.

Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.

Xuliqanlıq əməlinin bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsi, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilməsi CM-in 221.2-ci maddəsi ilə tövsif olunur.

CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı silah və silah qismində istifadə edilən əşyaların anlayışına və onların tətbiqi məsələsinə aydınlıq gətirilməsini də zəruri hesab edir.

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il tarixli Qanunu (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun sursatının dövriyyəsi, habelə onun müstəsna hallarda tətbiqi ilə yaranan hüquq münasibətlərini tənzimləyir.

Göstərilən Qanunun 2-ci maddəsinə görə silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir.

CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər.

Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir.

“Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir.

CM-in 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur.

“Xidməti və mülki silah haqqında” Qanunun 16-cı maddəsinin məzmununa görə silahın tətbiqi dedikdə, silahdan atəş açma başa düşülür.

Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.

Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz.

Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və ya tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu Goranboy rayon məhkəməsinin müraciətində qaldırılan məsələlərlə əlaqədar belə nəticəyə gəlir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir.

Eyni zamanda, silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin CM-in 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir.

2. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədrlik edən:

Fərhad ABDULLAYEV.

20 may 2011-ci il Bakı şəhəri

Jurnalistin son sözündən: ‘Peşmanam. Ona görə ki. ‘

Jurnalistin günahkar bilindiyi maddələr onun peşə fəaliyyəti ilə bağlı deyil. Məhkəmə onu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) ilə təqsirli bilib.

Ancaq, həm jurnalistin özü, həm də onun vəkili Elçin Sadıqov məhkəmədə rəsmi ittihamın tamamilə əsassız olduğunu bildiriblər.

Jurnalistin vəkili ittihamın qurama olduğunu bildirib. Bu ittihamın onun Cəlilabad rayon icra hakimiyyətinin başçısı barədə tənqidi yazılar yazdığına görə, irəli sürüldüyün qeyd edib.

Əfqan Sadıqov məhkəmədəki son sözündə peşman olduğunu deyib. Ancaq onun peşmançılığı əməlindən olmayıb:

“Peşmanam. Ona görə ki, kaş daha əvvəllərdən mübarizəyə başlayaydım. Günahkar məmurları daha çox tənqid edəydim”

O daha sonra AzadlıqRadiosu-na, Meydan TV-yə, “Azərbaycan saatı ” proqramına təşəkkürünü bildirib.

Məhkəmə heyəti isə ittihamın təsdiqləndiyi qənaətinə gələrək, jurnalistin 2 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm verib.

Məhkəmədən sonra vəkil E.Sadıqov bildirib ki, hökm qanunsuzdur, məhkəmə prosesi zamanı ittihamlar təsdiqini tapmayıb.

“Əfqan Sadıqovun həbsi onun peşə fəaliyyəti, icra qurumlarını tənqid etməsi ilə bağlıdır. Hökmdən apellyasiya şikayəti verəcəyik”, vəkil bildirib.

Xatırlatma

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov noyabrın 22-də saxlanılmışdı.

Ona qarşı CM-in 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

İttiham ötən ilin avqustunda rayon icra hakimiyyətinin binasında bir qadınla baş vermiş insidentlə bağlı idi. İttihamda jurnalistin xanıma xəsarət yetirdiyi iddia olunurdu.

Məhkəmə prosesi zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.

Jurnalistin açıqlamalarına, hələlik, Cəlilabad rayon İcra Hakimiyyətindən hər hansı münasibət bildirilməyib.

Comments are closed, but trackbacks and pingbacks are open.